22 oktyabr 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzi (STM) və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 – yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusunda dəyirmi masa  keçirilib.

Tədbiri giriş nitqləri ilə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.

STM rəhbəri Zahid Oruc “COP29: Qlobal iqlim böhranının həlli yönündə  Azərbaycanda  sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri” mövzusunda etdiyi çıxışında qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında insan amili, başqa sözlə, sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. İqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə, ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri”  mövzusunda çıxış edərək, insan və təbiət münasibətlərinin elmi və praktiki problemlərini  tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub. Qeyd edib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib. Beləliklə, ciddi ekoloji disbalansın yaranması ekoloji problemlərin daha da  kəskinləşməsi fonunda ötən əsrdən etibarən sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqəti cəlb edib. Natiq daha sonra sosial ekologiya elmi çərçivəsində bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən, nəzəri cəhətdən ümumiləşdirən, sosiologiyanın metodlarını tətbiq etməklə daha dərin tədqiqatlar aparmağa imkan verən ekoloji sosiologiya elminin də yarandığını vurğulayıb.

Dəyirmi masada COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, millət vəkili Pərvanə Vəliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və başqaları məruzə ilə çıxış ediblər.

Millət vəkili Pərvanə Vəliyeva COP29, vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı çıxışında bir sıra vacib məqamlara toxunub. O, vətəndaş cəmiyyəti və icma təşkilatların COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğulayıb.  Ölkəmizin və BMT-nin vətəndaş cəmiyyətinin COP29 Təşkilat Komitəsində təmsil olunaraq maraqlarını ön plana çıxarmaq, iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və həll olunmasını təmin etmək yönündə qətiyyətli olduğunu bildirib. Vətəndaş cəmiyyəti olaraq  bütün maraqlı tərəflərin COP29  konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova  “İqlim geosiyasəti” – Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası” mövzusunda etdiyi çıxışında bəlli xarici mənbələrdən qaynaqlanan  dezinformasiya hücumlarına toxunub.  Prosesin arxasında başlıca qüvvə kimi revanşist erməni diasporu və havadar ölkələrin durmasını diqqətə çatdırıb.

Mövzu ətrafında çıxışlarda iqlim böhranının həllində elmi-tədqiqat əsaslı çıxış yollarının müəyyən edilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələri, yeni sosial-iqtisadi “yaşıl paradiqmanın” siyasi, hüquqi və praktiki əsasları, burada tədqiqat və əməkdaşlığın önəmli rolu, tədqiqatların  effektiv iqlim fəaliyyətinin alternativi olmayan təməli olması, iqlim dəyişikliyinin azaldılması yönündə milli strategiyalar və proqramların hazırlanması və müzakirəsi üçün STM-də növbəti tədbirlərin təşkili və s. məsələlərə toxunulub.

Tədbir iştirakçıları iqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, elmi ictimaiyyətin  sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunmasının, dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliyini bildiriblər.

---------------