20 noyabr 2024-cü il tarixində COP29 konfransının 10-cu günündə Bakı Olimpiya Stadionunda yerləşən Qətər pavilyonunda Qətər Milli İnsan Haqları Komitəsi və Qətər Dövlətinin Ətraf Mühit və İqlim Dəyişlikliyi Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ombudsman Aparatı, Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin dəstəyi ilə tədbir keçirilib.
Tədbirdə Qətər Dövlətinin ətraf mühit və iqlim dəyişlikliyi naziri Dr. Abdullah bin Abdulaziz bin Turki Al Subaie, Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Atiyya, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov, media nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Atiyya iqlim dəyişikliyi məsələsinə diqqət çəkərək, Qədər Dövlətinin bu sahədə həyata keçirdiyi layihələr barədə məlumat verib və milli insan haqları institutlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıb .
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 konfransının əhəmiyyətinə toxunaraq, bütün dünyanın üzləşdiyi iqlim dəyişikliyi məsələsinin məhz Bakıda müzakirə edildiyini və mühüm qərarlar qəbul edildiyini qeyd edib. Ombudsman Səbinə Əliyeva Azərbaycanın üzləşdiyi 30 illik işğal dönəmində flora və faunaya vurulan ziyan barədə məlumat verib, Qarabağda ermənilər tərəfindən törədilən ekosid cinayətlərinin bütün bəşəriyyətə qarşı törədildiyini qeyd edib və Azərbaycanın bütün dünyada iqlim dəyişikliyi ilə bağlı qlobal təşəbbüslərlə çıxış etdiyini bildirib.
Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc qeyd edib ki, “Azərbaycanda keçirilən qlobal iqlim sammiti çərçivəsində ölkəmizə təşrif buyuran yüksək dövlət nümayəndə heyətləri, dünya miqyaslı layihələrə müəlliflik edən kompaniyalar və qurumların 10 gün ərzində Bakıda, Olimpiya meydanında bir-birindən rəngarəng, maraqlı tədbirləri planetar miqyaslı ideyaların, baxışların, konseptlərin bankını yaratdı. İqlim layihəsi ətrafında Bakı razılaşmalarının nəticəsindən asılı olmayaraq, hazırda əldə olunan ən böyük nailiyyət fərqli qitə, mədəniyyət və dinlərin vahid bir Evdə – Azərbaycanda bir araya gəlməsidir. Bizim ölkəmiz qlobal tədbiri parçalanmaya, qütbləşməyə və savaşlara deyil, məhz barışa və sülhə çağırış platformasına çevirdi.
Qətərin Milli İnsan Hüquqları təşkilatı dünyanın bir çox ölkələrində ekoloji hüquqların qorunması işinə misilsiz töhfələr verir və prosesi qlobal hərəkata çevirməyə çalışır. Azərbaycan iqlim siyasətinə sağlam və bəşəri dəyərlərdən çıxış edərək kömək göstərən dövlətlərin, təşkilatların apardığı siyasəti alqışlayır. İqlim diplomatiyası və ambisiyası pərdəsi arxasında dünya siyasi ekologiyasını nüvə savaşı həddinə gətirən, CO2 emissiyasını dünyaya ən çox yayan, istiləşməyə və çirklənməyə dair öhdəliklərini yerinə yetirməyən, əksinə Paris Sazişinin ziddinə gedərək, sıfır emissiyalı texnologiyaların 3-cü ölkələrə satılmasına hər vəchlə məhdudiyyətlər qoyan dövlətlər siyasi hüquqları necə istismar edirsə, ekologiya hərəkatlarını da o cür qlobal hökmranlıq və sömürgəçilik alətinə çevirirlər. Norveç Neft Fonduna 1,8 trilyon dollar aktiv toplanıb. Ölkənin baş naziri əslində BMT-ni boykot edərək, Azərbaycana gəlmirsə, ilk növbədə, Yerin canından sıxıb çıxardıqları trilyon dollarlıq sərvətlərin bəşəriyyətə məxsusluğunu unutmamalıdır.
XX əsr neft-qaz resursları uğrunda savaş əsri kimi xarakterizə olunur. Təəssüflər olsun ki, XXI yüzil də alternativ enerji mənbələri, resurslarının əldə olunması naminə əsl yaşıl imperializmə çevrilir. Biz COP hərəkatının təməlində siyasi-ideoloji fərqləri və digər ayırıcı, bölücü əlamətləri bir kənara qoyaraq, bəşəriyyət naminə birləşməyin tələb olunduğunu hamıya xatırlada bildik. Ən böyük nəticələrdən biri də bu oldu.
Azərbaycan lideri İlham Əliyevin qlobal təşəbbüsləri Qarabağ qələbəsini ədalətin təntənəsinə çevirib onu iqlim siyasətində də davam etdirmək idi. Biz Cənubi Qafqazın təhlükəsizliyini onun zəngin təbiətini və havasını qorumağın tərkib hissəsi kimi görürük. Rusiya-Ukrayna, Yaxın Şərq və digər aktiv 57 münaqişəni durdurmadan iqlim dəyişikliklərinin qarşısını almaq mümkün deyil.
Dünyanı gözəllik xilas edəcək deyənlər indi insanlararası, millətlərarası münasibətlərin ekologiyasından planetar iqlimin sağlamlaşdırılmasına keçməyi son şans hesab edirlər. İnanırıq ki, Bakı iqlim olimpiadası məşəli öz əlində daim qoruyub saxlayacaq”.
Sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov iqlim dəyişikliyi üzrə beynəlxalq əməkdaşlığın zəruriliyinə diqqət çəkərək, ölkələr arasında qarşılıqlı əməkdaşlığın vacib olduğunu və bu baxımdan Azərbaycan və Qətər milli isan haqları qurumları arasında həm yerli səviyyədə, həm də beynəlxalq platformalarda əməkdaşlığın prioritetlərini qeyd edib.
Daha sonra panel çıxışları dinlənib, iqlim dəyişikliyi və insan haqları mövzusunda məruzələr edilib. Çıxış edənlər Azərbaycanın COP29 konfransına ev sahibliyini uğurlu adlandırıb və Bakıda mühüm qərarların qəbul edildiyini bildiriblər.
STM İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova panel müzakirədə geniş təqdimatla çıxış edib. O, məruzəsində iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya problemləri haqqında ətraflı məlumat verib, mövzu ilə bağlı müzakirə iştirakçılarının suallarını cavablandırıb.