Fidan ƏLİYEVA

Bakı Dövlət Universitetinin doktorantı, Azərbaycan Dövlət

İqtisad Universitetinin müəllimi

(Bakı, Azərbaycan)

 

E-mail: aliyevaa.fidan94@gmail.com

ORCİD:https://orcid.org/my-orcid?orcid=0009-0006-0196-9157

RESEARCHGATE:

https://www.researchgate.net/profile/Fidan-Aliyeva-12

WEBOFSCIENCE:

https://www.webofscience.com/wos/author/record/JOK-8508-2023

 

Xülasə. Sosial media fərdlər və qruplararası münasibətlərə əsaslanan, özündə sosial təcrübələri ehtiva edən ünsiyyət sferasıdır. Texnoloji vasitələrin getdikcə artması ilə bu sahəyə daxil olmaq xeyli asanlaşmış oldu. Qarşılıqlı təsir, açıqlıq, iştirak və icma qurmaq kimi xüsusiyyətlərə malik olan sosial media effektivlik səviyyəsinə görə çox mühim bir sahədir. Bu həqiqətin işığında tədqiqatın əsas məqsədi sosial media platformasının istifadə sahələlərini ortaya çıxarmaq və geniş diapazonda gündən-günə böyüyən sosial media fenomenini hərtərəfli izah etməkdir. Məqalə həmçinin müəyyən mənada bu mövzunu öyrənməkdə maraqlı olan tədqiqatçılara nəzəri təlimat vermək məqsədi daşıyır.

Açar sözlər: sosial media, rəqəmsal media, veb 2.0, sosial şəbəkələr, informasiya texnologiyaları, ictimai sfera

 

Giriş

Texnologiya sahəsində inkişaf və xüsusən də internetdən aktiv istifadə olunması nəticəsində XXI əsrin informasiya cəmiyyətində qarşılıqlı əlaqə virtual formaya çevrilmişdir. Bu məsələni yaradan və populyarlaşdıran amil, heç şübhəsiz, sosial media oldu. XX əsrin sonlarında sosial media sadə törəmələri ilə bazara çıxsa da, XXI əsrin əvvəllərində daha dəqiq xüsusiyyətlər qazanaraq gələcəkdə gündəlik həyatımızın bir hissəsinə çevrilən bir platforma oldu. Yeni virtual media bir çox sahələrə xidmət etdiyindən qurumlar, fərdlər və cəmiyyətlər arasında ənənəvi həyat təcrübəsi dəyişir. Xüsusilə, sosial medianın əsas elementi olan ünsiyyət prosesi dəyişikliklərə məruz qalaraq, fərqli bir müstəviyə keçid edir.

Müxtəlif variant və formalarda ortaya çıxan sosial media gün keçdikcə yeni keyfiyyətlər əldə edir və əhatə dairəsini genişləndirir. Sosial media bir çox insanlar üçün tanış və dominant sahə olmasına baxmayaraq, bu anlayışın daha dərin mahiyyəti ilə bağlı “korluq” mövcuddur. Bu araşdırmada sosial media anlayışı hərtərəfli qiymətləndirilərkən, qarşılıqlı əlaqə yaratmağa imkan verən xidmət və proqramlar toplusu kimi xarakterizə olunur və onun ideolojı təhlükəsinə diqqət yetirilir.

 

  1. Klassik ünsiyyətdən yeni ünsiyyətə keçid 

 

Teleqrafla başlayan rabitə prosesi film, telefon, radio və televiziyanın həyatımıza daxil olunması ilə bir tərəfdən bu proses həm dəyişdi, digər tərəfdən sərhədlər yox oldu. 3G texnologiyasının, smartfonların və planşetlərin ortaya çıxması ilə ünsiyyət prosesi sürətləndi və ənənəvi medianın ünsiyyət, təhsil, əyləncə kimi əsas funksiyalarına əlavə olunan yeni media növü – sosial media həyatımıza daxil oldu.

Yeni media forması olan sosial media veb (www) texnologiyalarının inkişafı ilə sıx bağlıdır [4,s.7]. 1990-cı ildə “World Wide Web” (Ümumdünya Şəbəkəsinin) ortaya çıxması ilə internet bütün dünyanı əhatə edən xüsusiyyət qazanmışdır. Veb 1.0 olaraq da adlandırılan bu proqram Cenevrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) işləyən Berners-Li tərəfindən kəşf edilmişdir. Berners-Li internetə qoşulmuş istənilən kompüterdən məlumat əldə etməyə imkan verən hipermətn ötürmə protokolu (http), hipermətn işarələmə dili (html) və vahid resurs yükləyicisi (Uniform Resource Loader URL) kimi proqramları müəyyən edərək tətbiq etmişdir [13, s.46-47].

Veb 1.0 istifadəçilərin yalnız statik səhifələrdəki mətnləri oxuya bildiyi, istifadəçilər arasında az qarşılıqlı əlaqəyə imkan verən, lakin internet saytı və istifadəçi arasında qarşılıqlı əlaqəyə açıq olmayan, informasiya axınının sənədlərlə təmin olunduğu şəbəkədir [29, s.896]. Veb-sayt idarəçisinin əsas vəzifəsi məzmunun və istifadəçilərin yenilənməsidir. Əvvəlki texnologiyalarla müqayisədə mühim addım olan veb 1.0 internetin dünya miqyasında yayılmasında və kompüterləşmədə təsirli olmuş [12, s.64-65] və bu vəziyyət 2005-ci ilə qədər davam etmişdir [29, s.896].

2004-cü ildə Tim O’Reyli və “Media Live International” şirkətinin qatıldığı konfransda veb texnologiyalarının ikinci versiyası olan veb 2.0 texnologiyası ilk dəfə konsepsiya şəklində qeyd olundu [36, s1]. O’Reyli bildirdi ki, veb 2.0 kompüter sənayesində internetə keçiddir və yeni bir mühit olan internetdə mövcud qaydaları qavramaq cəhdidir. Daha çox insanın tətbiqlərdən istifadə etməsi daha böyük imkanlar verən şəbəkə effektindən, yəni kollektiv intellektdən faydalanmaq ən mühim qayda hesab olunur [35]. Veb 1.0-ın yuxarı versiyası olan veb 2.0 texnologiyası insanı mərkəzləşdirir, sosiallaşmağa, əməkdaşlığa imkan verir, daha çox qarşılıqlı əlaqəyə əsaslanır, eyni anda həm istehsalçı, həm də istifadəçi kimi birgə məzmun istehsalına şərait yaradır. Məhz bu xüsusiyyətlərinə görə veb 2.0 sosial şəbəkə də adlanır [27, s.197].

Yeni texnologiyalar vasitəsilə insanların qarşılıqlı əlaqədə olması və bir araya gəlməsi kimi fəaliyyətlər sosial media və veb 2.0 anlayışlarının birgə mövcudluğuna əsaslanır [25, s.6]. Sosial media və veb 2.0 konsepsiyalarını geniş şəkildə araşdıran A.Kaplan və M.Henlayn görə, sosial media veb 2.0 ideolojı və texnolojı əsasları olan, istifadəçilərə məzmun yaratmağa, məlumat göndərməyə və qəbul etməyə imkan verən internet əsaslı proqramlardır.

Texnolojı tərəqqi nəticəsində ortaya çıxan sosial media elektron ünsiyyət formalarını, sosial şəbəkə platformalarını və veb saytları asanlaşdıran interaktiv media texnologiyası hesab olunur. Bu yolla fərdlər elektron cihazlardan istifadə edərək məlumatlar, ideyalar, şəxsi mesajlar və digər məzmun formalarını paylaşaraq virtual icmalar yaradırlar [22, s.243]. Yəni sosial media istifadəçilərə məlumat yaratmaq və onu ictimaiyyətlə paylaşmağa imkan verən rəqəmsal texnologiyadır.

Sosial media istifadəçilər tərəfindən məzmunun yaradılmasına, mübadiləsinə və yaradılan məzmunun dünyanın hər yerindən digər istifadəçilərə yayılmasına – bir sözlə, sosial şəbəkələrdə iştirak etməyə imkan verir [11, s.213].

Klassik mediadan fərqli olaraq sosial media özünü ifadə etmək və təqdim etmək, habelə biznesin təşviq edilməsi kimi innovativ xüsusiyyətlərə malikdir [7, s.4]. XXI əsrdə kommersiya, əyləncə və təhsil fəaliyyətlərinin əsas komponenti kimi qəbul edilən sosial medianın yaranması və inkişafı ənənəvi mediadan istifadənin get-gedə azalması ilə əlaqələndirilir [37].

“Ənənəvi media” internet və rəqəmsal medianın (rəqəmsal media rəqəmsal elektronika cihazlarından istifadə etməklə internet üzərindən mətn, audio, video və qrafiklərin ötürüldüyü bütün rabitə vasitələrinə aiddir) [33,s.71] yaranmasından əvvəl kütləvi kommunikasiya formalarına, o cümlədən qəzetlər, jurnallar, kitablar və s. kimi çap mediası və televiziya, radio kimi yayım vasitələrinə [38] istinad edir.

Sosial medianı ənənəvi kommunikasiya vasitələrindən fərqləndirən əsas məqam onun qarşılıqlı əlaqələr ətrafında qurulmasıdır. Bu virtual mühitə daxil olan insanlar birtərəfli ünsiyyətdən daha çox başqaları ilə də qarşılıqlı əlaqə qurmaq istəyirlər. Ənənəvi ünsiyyət mühitində fərdlər qəbuledici mövqedən çıxış edərək kommunikasiya prosesinə məhdud miqyasda müdaxilə edə bilirlər. Bundan fərqli olaraq, internet üzərindən qarşılıqlı əlaqədə istifadəçinin ünsiyyət prosesində üstünlüyü ortaya çıxır [3, s.132]. Birtərəfli ünsiyyətə əsaslanan ənənəvi mediadan fərqli olaraq sosial mediada ünsiyyət prosesi ikitərəflidir [38]. Yəni əgər birincidə məlumat göndərəndən alıcıya ötürülür və heç bir əks əlaqəyə əsaslanmırsa, ikincidə alıcı göndərənə rəy bilidirə bilir.

1995-ci ildən internetdən istifadə genişləndikdən sonra dünyada istifadə olunan media növlərinin əksəriyyəti yeni mediada birləşməyə başladı. Bu cür inklüzivliyin əsas üstünlüyü ondan ibarətdir ki, yeni media vasitələrinin yayılması və nəşri bir tərəfdən demokratik şəkildə həyata keçirilir, digər tərəfdən isə informasiya axtarışında təhlükəsizlik, nəşrlərin məzmununa sürətli və interaktiv şəkildə çıxış təmin edilir. Buna baxmayaraq, sosial medianın populyarlaşması ənənəvi medianı təhlükə altına qoydu [32, s.14].

Beləliklə, rəqəmsal texnologiyaların təsiri ilə ənənəvi media orqanları öz vəzifələrini yerinə yetirmək üçün yeni texnologiyalardan istifadə etməyə başladılar. Eyni zamanda, onların auditoriyası əllərində olan resurslardan istifadə edərək bu yeni media mühitində iştirak etdi və dəyişikliklərə uyğunlaşmış oldu. Yəni bloq yazan və öz rəylərini tvit etməklə ortaya çıxan auditoriya ənənəvi media orqanlarını texnolojı və mədəni inqilaba məcbur etdi [18, s.151].

 

  1. Sosial media anlayışı

Elmi ədəbiyyatda sosial medianın dəqiq tərifi olmasa da, bir çox tədqiqatçı tərəfindən fərqli təriflərə rast gəlinir. Ən sadə şəkildə sosial media paylaşma və şəxsi şərhlər kimi fəaliyyətlərə əsaslanaraq istifadəçilərin bir-biri ilə onlayn formada qarşılıqlı əlaqəsinə, məlumat, düşüncə, maraq və biliklərini paylaşmalarına imkan verən sosial şəbəkə saytları kimi izah edilə bilər [4, s.60]. Sosial medianın bu xüsusiyyəti şəxsiyyətlərarası münasibətlərdə real ölçüləri virtuala gətirən prosesə də uyğun gəlir. Sosial nəzəriyyənin mühim simalarından biri olan Jan Bodriyar hələ sosial medianın istifadəsinin geniş vüsət almadığı vaxtlarda reallığını itirmiş sosial həyatın virtuala çevrilməsi ilə bağlı prosesə işarə etmişdi [9, s.10]. Bodriyarın sosial mediaya uyğun gələn tərifində sosial həyatdakı təcrübələrin virtual platformaya köçürülməsi prosesinin ön plana çıxdığı açıqlanır. Bundan başqa, obyekin özündən çox, subyektə əsaslanan təriflər də mövcuddur. A.Kaplan və M.Henlaynın sosial media anlayışında sosial medianın daha çox istifadəçi yönümlü olduğu bildilir. Yəni sosial media istifadəçilərin yaratdıqları məzmun ilə formalaşan və bu məzmunların yayıldığı mühit kimi müəyyən edilir [21, s.60]. L.Safkoya görə, interaktiv media vasitəsilə məlumat və ideyaların paylaşması üçün həyata keçirilən fəaliyyətlər veb əsaslı tətbiqlər kimi müəyyən olunan sosial medianı ifadə edir [25, s.6-7]. Yenə L.Safko və D.Breykə görə, bu ünsiyyət prosesində açar söz əməkdaşlıq (collaboration) olub, sosial media ekosistemində Myspace, Facebook kimi sosial şəbəkələr, foto, audio və video paylaşımları, mikrobloqlar, məzmunundan asılı olmayaraq hədəf auditoriyası ilə əlaqə qurmaq üçün istifadə edilən vikipediya, slayd paylaşımları kimi veb əsaslı tətbiqlərlə həyata keçirilən nəşrlər, radio kimi əyləncə və təhsilə yönəlmiş yayım proqramları, istifadəçilərin özlərini simulyasiya mühitinin bir parçası kimi hiss etdikləri virtual dünyalar, oyunlar, bloqlar, forumlar kimi məzmun yaratma saytları, Yahoo, Survey monkey kimi demək olar ki, bütün kateqoriyaları bir araya gətirən proqramları (productivity applications), RSS və Google kimi axtarış sistemləri ilə aparılan internet araşdırmaları, mobil mühitlər və İ chat, Skype fərdlərarası ünsiyyət mühitləri də daxil olmaqla on beş əsas kateqoriyanı qeyd etmək mümkündür [25, s.21]. Media və kommunikasiya üzrə aparıcı nəzəriyyəçilərdən biri olan K.Fuchs bildirir ki, sosial media anlayışı bloqları, mikrobloqları və sosial şəbəkələri bir dam altında toplamaq üçün yaradılıb [19, s.35]. Beləliklə, bu təriflərdən belə nəticəyə gəlmək olar ki, sosial media bu sahədəki insanlar tərəfindən idarə olunan və özündə bir çox faktı ehtiva edə bilən bir vasitədir.

A.Meyfild bildirir ki, yeni növ onlayn şəbəkələr qrupu olan sosial media bir sıra xüsusiyyətlərə malikdir. Birincisi, maraqlı olan hər kəsin töhfələrini və rəylərini həvəsləndirən iştirakdır. İkincisi, məlumat paylaşmağa və şərh verməyə imkan verən açıqlıqdır. Üçüncüsü, ənənəvi mediada axın tək bir mərkəzdən izləyicilərə doğru olmasından fərqli olaraq, sosial mediada axın qarşılıqlı formadadır. Dördüncü xüsusiyyət, fərdlərin tez bir vaxtda bir araya gəlməsinə və səmərəli ünsiyyət qurmasına imkan verən icma qurmaqdır. Bu icmalar fotoşəkil, siyasi mövzu, televiziya proqramı və s. ortaq maraqlarını bölüşə bilərlər. Sonuncu xüsusiyyət olan əlaqə digət saytlara, resurslara və insanlara çıxışı təmin edir [27, s.5].

Hazırkı dövrdə xüsusilə 12-17 yaşlar arasındakı nəslin 93%-nin onlayn media ilə təmasda olması və hətta onların 63%-nin hər gün onlayn olması [19] faktı sosial medianın hədəf auditoriyasına çatma gücünün nə qədər böyük olduğunu göstərir. Bu baxımdan demək olar ki, sosial media sadəcə fərdi və ya təşkilati ünsiyyətlə məhdudlaşmır, bu həm də sosial dəyişikliklər üçün bir kanal kimi müəyyən olunur. Buna ən bariz nümunə 2010-cu ildə baş vermiş “Ərəb baharı”dır. Ərəb coğrafiyasında internetin və sosial medianın sürətlə yayılması xalqın üzləşdiyi sosial problemləri çatdırmaqla bu coğrafiyada dəyişiklik və transformasiya hərəkatlarının sürətlənməsinə səbəb oldu. Sosial medianın bu qədər inanılmaz sürəti və əhatə dairəsinin çox geniş olması ədəbiyyata “Tvitter inqilabı” kimi anlayışı daxil etmişdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, sosial media böhran vəziyyəti üçün “ideal” vasitə kimi çıxış edir. Çünki sosial mediada əsas amil olan “sürət” yaxşı və ya pis xəbərlərin yayılmasında vasitəçilik edir. Amerikalı media nəzəriyyəçisi N.Postmanın yanaşması ilə tefeqrafla başlayan ünsiyyət prosesi sosial mediada saniyəlik səviyyəyə çatır və hətta sosial media “uşaqlığın yox olmasına” töhfə verən televiziya dövrünü belə geridə qoyur.

Sosial media istər birbaşa, istərsə də dolayı yolla olsun dəyişiklik prosesinin amili kimi çıxış edir. Sosial media sayəsində anlayışlar, istehsal və istehlak nümunələri, fərdi, sosial-iqtisadi həyatda transformasiyaların sürəti dəyişir. Sosial media istifadəçisinin demoqrafik xüsusiyyətlərindən əlaqə məlumatlarına qədər bütün məlumatlarını könüllü şəkildə paylaşması ilə sadəcə marketinq anlayışı deyil, eləcə də təhlükəsizlik və azadlıq anlayışları da yeni məzmun kəsb edir.

Yeni kommunikasiya texnologiyalarının təsirinə diqqət yetirərkən Marşal Makluhanın “yeni media hər şeyi dəyişdirir” tezisindən ilhamlanmamaq mümkün deyil. Bu dəyişiklik prosesini idarə edə bilənlər də sosial-iqtisadi həyatın iştirakçısına çevrilir. İnsan virtual bir mühitdə yaşadığı zaman təbiəti dəyişir, xüsusi kimliyi ümumi bütövlüyə qarışaraq kütləyə çevrilir [28, s.92]. Makluhanın bu yanaşması sosial media vasitəsilə daha dolğun ifadə olunur.

Virtual media və rəqəmsal media kimi tanınan sosial medianın əsas elementi olan ünsiyyət prosesi fərdilikdən daha çox sosial ünsiyyətə əsaslanır və bu da sosial medianın müxtəlif fikirlərin bir araya gəlməsi üçün uyğun mühit yaratmasına səbəb olur. Microsoft şirkətinin fərdi kompüterləri populyarlaşdırmaq strategiyası elə məhz çox sayda insanın bu mühitlə əlaqə saxlamasına və qarşılıqlı əlaqədə olmasına imkan verir [2]. Beləliklə, yeni rəqəmsal media fərdlərin şüurunu dəyişdirməklə vahid mərkəzli mədəniyyətin əsas müəyyənedicisi kimi “kommunikasiya kapitalizminin” qurulmasına vasitəçilik etdi [6]. Feysbukda 50 milyondan çox qeydiyyatdan keçmiş biznesin olması və müəssisələrin 88%-dən çoxunun Tvitterdən marketinq məqsədləri üçün istifadə etməsi göstərir ki, sosial media təkcə fərdi miqyasda deyil, həmçinin biznes fəaliyyəti üçün də zəruridir [24, s.14].

 

  1. Sosial media dəyişiklik prosesinin amili kimi

 

Yaranmış yeni vəziyyət belə bir sualı da doğurur: bütün bunlar yeni münasibətlərin formalaşmasına töhfə verir, yoxsa fərdləri cəmiyyət və real dünya ilə münasibətlərini pozaraq təcrid edir?

Sosial şəbəkələrdə öz profilləri ilə mövcud olan fərdlər ümumi maraqları və müdafiə etdikləri dəyərlər kontekstində ünsiyyət quraraq dost dairəsini genişləndirirlər. Fərdlərin ifadə formalarının zəngin olduğu belə bir mühitdə real həyatda sahib olmadığımız imkanlar təqdim olunduğundan sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdir.

Sosial media istifadəçilərin şəbəkə texnologiyalarından istifadə edərək qarşılıqlı əlaqə yaratmağa imkan verən xidmət və proqramlar toplusu kimi xarakterizə olunur. Sosial media elə bir platformadır ki, insanlar burada fikir və təcrübələrini paylaşır. Bir sıra media nəzəriyyəçilərinin yanaşmasına diqqət yetirdikdə media bir güc kimi və ya gücə sahib olanların əlində silah kimi dəyərləndirilir, onun ideolojı təhlükəsi dərk olunur. Məsələn, Makluhanın və Bodriyarın texnolojı determinizm yanaşması, Makluhanın “alət mesajdır”, “qlobal kənd” kimi ifadələri, Bodriyarın medianı elektron virusları yayan vasitə kimi qiymətləndirməsi, Althusserin də medianı dövlətin ideoloji vasitələrindən biri kimi müəyyənləşdirməsi medianın gücünü təsdiq edir.

Sosial media ilə cəmiyyətlərarası ünsiyyət prosesinin sürətlənməsi insanların internetdə qruplar yaratmasına və birlikdə hərəkət etməsinə imkan verib. Bununla da fərdilikdən inteqrasiyaya keçid olunması ilə bağlı sosial elmlərdə yeni bir təsəvvür formalaşmışdır. Digər tərəfdən, sosial şəbəkələrin verdiyi imkanlarla fərd reallıqdan kənara çıxaraq öz məkanını yaratdığı virtual aləmdə var olmağa çalışır.

Müasirliyin fərdiliyi ön plana çıxarması ilə sosial rollarda müəyyən dəyişikliklər özünü göstərdi. Berrtrand Russel bildirir ki, həddindən artıq fərdiyyətçiliyin yüksəlməsi cəmiyyətdə şiddətli qarşıdurmaya səbəb olur və insanları şüursuz şəkildə maraqlarına uyğun özünə cəlb edir [3, s.41].

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə sosial münasibətlərdə transformasiya icmaların xarakterini dəyişdirərək sosial şəbəkələrdə virtual icmaların yaranmasına səbəb oldu. “Postmodern qəbilə” kimi virtual icmalar [1, s.192] sosial şəbəkələrin verdiyi imkanlarla internetin yaratdığı geniş bir ərazidə formalaşır. Virtual icmaların formalaşması real icmaların bir araya gəlməsi ilə müqayisədə çox asandır [15, s.28].

İnformasiya əsrində dominant olan funksiyaların və proseslərin şəbəkələr ətrafında baş verməsilə Manuel Kastelsin vurğuladığı “şəbəkə cəmiyyəti” termini formalaşmışdır. Bu şəbəkə cəmiyyəti həm sosial təşkilatın formalarını, həm də istehsal, təcrübə, güc və mədəniyyət proseslərinin fəaliyyətini və nəticələrini ciddi şəkildə dəyişdirir [12]. Bir sözlə, şəbəkə cəmiyyəti sosiumun bütün səviyyələrini əhatə edir.

Sosial media ictimai hərəkatların formalaşmasında və davam etməsində yönləndirici amil kimi çıxış edə bilir [31]. Digər tərəfdən, sosial medianı yeni ictimai sferadan daha çox, mövcud ictimai sferanı zəiflədən amil kimi qiymətləndirən yanaşma da mövcuddur.

Bodriyar yeni virtual dövr üçün xarakterik olan insan modelini üç əsas məqamda tənqid edib: epistemoloji, ontolojı və etik [8, s.67]. Xüsusilə, etika nöqteyi-nəzərindən istifadəçi, şəbəkə virtual aləmin üzvü kimi öz ehtiyacları ilə dəyərlərini ayırd edə bilməyən passiv varlıq kimi tənqid olunur. Bu nöqteyi-nəzərdən, formalaşan sosial media tənqidi sosial media şəbəkələrini sosial əlaqələri pozan və sosiallaşmağa mənfi təsir göstərən amil kimi qiymətləndirir. Bəzi tədqiqatçılar bildirirlər ki, sosial medianın bu inkişafı fonunda hazırkı yaşadığımız dövr postmodern deyil, daha çox posthumanitar dövr kimi xarakterizə olunur. Posthumanitar dövrdə əsas müəyyənedici amil kimi çıxış edən insan klassik anlayışlardan kənarda davranış modelini mənimsəyir və texnolojı istifadə yolu ilə özünü təqdim edir.

Sosial media vasitəsilə sosiallaşmağa çalışan insanlar get-gedə antisosial varlığa çevrilir. Xüsusilə, bu virtual mühitdə sosiallaşma zərurəti davamlı olaraq paylaşma və şərh mexanizmlərinə əsaslandığından istifadəçilərdə bu davranışlar zaman keçdikdə vərdiş halını alır. Bununla yanaşı, ortaya çıxan digər təhlükəli hal insanların sosial media aludəçiliyidir. Psixoloqlar tərəfindən Fomo (Fear of Missing Out) adlandırılan sosial media aludəçiliyi insanın gələcəyini təhdid edən xəstəlik hesab olunur. İnsanlar davamlı olaraq şərh yazmaq, yerini bildirmək, foto və məlumat paylaşmaq, başqalarından razılıq almaq və bəyənilmək istəyirlər.

Sosial medianın insan-cəmiyyət münasibətlərini dəyişdirməsi ilə bağlı tənqidləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Hannah Arendtin “Vita Activa” konsepsiyasının mahiyyəti zəifləyir. Bu konsepsiyada insan fəaliyyətinin üç əsas növü – əmək, iş və hərəkət müəyyən edilir və bu fəaliyyətlərin hər birinin cəmiyyətə təsiri araşdırılır. Arendtin fikrincə, bu fəaliyyətlər insanın dünyada varlığını və ictimai sfera ilə qarşılıqlı əlaqəsini müəyyən edir. Sosial medianın “Vita Activa”-nın mahiyyətini zəiflətməsi iddiası rəqəmsal medianın fərdlərin ictimai sferadakakı qarşılıqlı əlaqələrinə və siyasi hərəkətlərinə necə təsir etməsinə dair tənqidi yanaşmadır. Texnologiya vasitəsilə insana yanaşmasını ifadə edən Arendt bildirir: “Bir dünya qurmaq üçün deyil, öz həyati prosesinin tələb etdiyi işi asanlaşdırmaq üçün alət və avadanlıqlardan istifadə edən “animal laborans” [16. s.114]. Bu gün sosial medianın gətirdiyi yeni ictimai quruluşun əlamətlərini o zamandan bəri dilə gətirən Arendt bu günun şərtlərinə görə, xüsusilə ictimai və xüsusi sferaya diqqət yetirərək xəbərdarlıqlar edib. Sosial media tənqidçiləri də məhz bu əsasda yanaşma ortaya qoyublar.

 

Nəticə

Rabitə texnologiyaları ilə bağlı ədəbiyyata nəzər saldıqda, tədqiqatların məzmununun dəyişmə sürəti diqqəti çəkən ilk məqamdır. 1960-cı illlərdən etibarən kommunikasiya texnologiyalarının sosioloji təsirlərinə daha çox yer verilib. Mediada baş verən dəyişikliklər bir tərəfdən ədəbiyyat mövzusu olan texnoloji yeniliklərdə davamlılığı təmin edərkən, digər tərəfdən də tədqiqat mövzuları baxımından çox geniş miqyas almasına imkan yaratdı. Marşal Makluhanın diqqət mərkəzində olan televiziya, bir neçə onilliklər ərzində yenilik və sosial dəyişiklik missiyasını geridə qoyaraq, rabitə texnologiyalarında innovasiyalar sosial media və şəbəkə platformaları kimi müxtəlif kontekstlərdə ortaya çıxdı.

Veb 1.0 texnologiyasının yuxarı versiyası olan Veb 2.0-ın həyatımıza daxil olması ilə ikitərəfli məlumat mübadiləsinin mümkün olduğu bir media sistemi yaranmışdır. Bu yeni texnologiya insanı mərkəzləşdirir, sosiallaşmağa, əməkdaşlığa imkan verir, həmçinin az nəzarət daha çox qarşılıqlı əlaqəyə əsaslanır, eyni anda həm istehsalçı, həm də istifadəçi kimi birgə məzmun istehsalına şərait yaradır. Rəqəmsal texnologiyalar vasitəsilə insanların qarşılıqlı əlaqədə olması və bir araya gəlməsi sosial media və veb 2.0 anlayışlarının birgə mövcudluğuna əsaslanır.

İctimai həyata birbaşa qarışan və ona təsir edən bu platforma bir çox araşdırmaların mövzusu olub. Sosial şəbəkələrdən başlayaraq, bloqlar, podkastlar, forumlar, video, foto paylaşma saytları, mikrobloqlar və vikipediya kimi istifadə sahələrinə malik olan sosial media insanların sosial həyatının bir hissəsinə çevrilib. Bütün bu istifadə sahələri ilə kommunikasiya daha sürətli və asan olur. Digər tərəfdən, tənqidi yanaşmada sosial media ictimai sferanı zəiflədən, yəni sosial əlaqələri pozan və sosiallaşmağa mənfi təsir göstərdiyi amil kimi vurğulanır. Bəzi tədqiqatçılar bildirirlər ki, bu inkişaflar fonunda hazırkı yaşadığımız dövr postmodern deyil, daha çox posthumanitar dövr kimi xarakterizə olunur. Posthumanitar dövrdə əsas müəyyənedici amil kimi çıxış edən insan klassik anlayışlardan kənarda davranış modelini mənimsəyir və texnolojı istifadə yolu ilə özünü təqdim edir.

Nəticədə sosial media yarandığı vaxtdan bu günə qədər sosial həyata həm böyük töhfələr verən, həm də mənfi cəhətləri olan bir platformadır. Üstünlükləri və mənfi cəhətləri ilə sosial həyatımıza daxil olan və onun ayrılmaz hissəsi olan sosila media durmadan inkişaf edir. Tətbiqlərin yenilənməsi inkişaf vəziyyətinin qorunmasında əsas amil kimi çıxış edir. Sosial media sahəsi gündən-günə özünü yeniləyəcək və mövcud sosial ehtiyaclara, meyillərə uyğunlaşaraq mütləq şəkildə həyatımızda yer alacaqdır. Belə bir qarşısıalınmaz mənsubiyyətin içərisində sosial medianın elə xüsusiyyətləri ön planda tutulub istifadə olununmalıdır ki, onlar bizim imkanlarımızı daha da təkmilləşdirsin, həm fərdi, həm də sosial baxımdan daha çox töhfə versin.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Türk dilində:

  1. Gülbin Özdamar Akarçay, (2015). Sanal ve gerçek bir toplum. Toplum ve Bilim dergisi, sayı 135. s.92.
  2. Güzel, C. (2020). Sosyal medyanın neliği, gelişimi ve kullanım alanları üzerine kuramsal bir inceleme. // Sosyolojik Düşün, 5 (2), 93-112. DOI: 10.37991/sosdus.834698
  3. Nilüfer Timisi (2003). Yeni İletişim Teknolileri ve Demokrasi. Ankara: Dost
  4. Özdemir, Sami Sonat, ÖZDEMİR, Meltem, POLAT, Eray ve AKSOY, Ramazan (2014). “Sosyal Medya Kavramı ve Sosyal Ağ Sitelerinde Yer Alan Online Reklam Uygulamalarının İncelenmesi”. // Ejovoc Electronic Journal of Vocational Colleges, 4(4): 58-64.
  5. Selim Tuncer, “Sosyal Medyanın Gelişimi”, Sosyal Medya, Ed.: F. Zeynep Özata, Anadolu Üniversitesi Yay., Ankara, 2013, s. 7.
  6. Yengin, D. (2014). Yeni medya ve dokunmatik toplum. 2. Baskı. İstanbul: Derin Yayınları

 

İngilis dilində:

  1. Asp, T. E. (2018). “Propagation of traditional media publications”. Oslo, Norway: Dalarna University Press.
  2. Baudrıllard, J. In the Shadow of the Silent Majorities: Or, the End of the Social and Other Essays (Semiotext(e) / Foreign Agents) Paperback – 6 Jan. 1983
  3. Baudrillard, J. (1994). Simulacra and Simulation. Translated by Sheila Faria Glaser., USA: The University of Michigan Press.
  4. Boyd, D.M. (2008). American Teen Sociality in Networked Publics.
  5. Boyd, D.; Ellison, N. (2007). “Social Network Sites: Definition, History, and Scholarship”. Journal of Computer-Mediated Communication. 13 (1): 210–30.
  6. Castells, M. (2013a Castells, M., 2010. The Information Age: Economy, Society and Culture Volume 1: The Rise of the Network Society. 2nd ed. Oxford: Wiley Blackwell.
  7. Castells, M. The Internet Galaxy. 2001. USA, by Oxford University Press Inch, New York p.310
  8. Castells, M. The Rise of Network Society. 1996. Great Britain by T.J. International Limited, Podstow, Cornwall. p.580
  9. Poster- Clay Shirky, Here Comes Everybody: The Power of Organizing Without Organizations
  10. Hannah Arendt . (2013). The Human Condition. Library of Congress Cataloging-in-Publication Data Arendt, Hannah.İntroduction by Margaret Canovan. — 2nd ed. p. cm. Originally published: Chicago : University of Chicago Press, 1958.
  11. Hermida, A. (2014). “Tell Everyone: Why We Share and Why It Matters”. DoubleDay: Canada
  12. Fuchs, Christian (2014). Social Media. A Critical Introduction. London: Sage
  13. http//isites.harvard.edu/fs/docs/icb.topic786630.files/Teens%20Social%20Media&20and%20Health%-20%NYPH%20Dept%20Pew%20Internet.pdf
  14. Kaplan, Andreas M. and HAENLEIN, Michael (2010). “Users Of The World, Unite! The Challenges and Opportunities Of Social Media”. Business Horizons, 53(1): 59-68.
  15. Kietzmann, J.; Hermkens, K. (2011). “Social media? Get serious! Understanding the functional building blocks of social media”. Business Horizons. 54 (3): 241–251.
  16. Kirscherbaum, A. (2004). Generic Sources of Disaster Communities: A Social Network Approach, International Journal of Sociology and Social Policy, Vol. 24, No. 10/11
  17. Lister, M. (2021). 40 Essential social media marketing statistics for 2018. 15 Ocak 2022 tarihinde https://www.wordstream.com/blog/ws/2017/01/05/social-media marketing-statistics adresinden erişildi
  18. Lon Safko, David K.Brake, The Social Media Bible, USA, new jersey: John Wiley&Sons, Inc., 2009, ss.6-7
  19. Marwan Walid Al-Quran. 2022, Technium: Romanian Journal of Applied Sciences and Technology 16.p
  20. Mayfield, A. (2008). What is Social Media? Ebook: icrossing
  21. N. Postman. The Disappearance of Childhood, Knopf Doubleday Publishing Group, 1994. 192 p.
  22. Nupur Choudhury, “World Wide Web and Its Journey from Web 1.0 to Web 4.0”, International Journal of Computer Science and Information Technologies, Vol. 5 (6), 2014, p. 8096-80100.
  23. Obar, J.; Wildman, S. (2015). “Social media definition and the governance challenge: An introduction to the special issue”. Telecommunications Policy. 39 (9): 745–750
  24. Olga Bailey, Bart Cammaerts and Nico Carpentier. Understanding Alternative Media. Published by Open University Press. December, 2007. 192 pp.
  25. Rajendran, Ll & Thesinghraja, P. (2014). “The Impact of New Media on Traditional Media”. Middle East Journal of Scientific Research 22 (4): 609-616
  26. Rayburn, D. (2012). “Streaming and Digital Media: Understanding Business andTechnology”. Taylor & Francis.
  27. Russell, B: “A History of Western Philosophy”, page xi. Simon & Schuster, Inc., 1972
  28. Tim O’Reilly, “Web 2.0 Compact Definition: Trying Again”,
  29. Tim O’Reilly, “What is Web 2.0 Design Patterns and Business Models for The Next Generation of Software”, 2005, s. 1,
  30. Turner, J. (2022). “The 7 Main Ways Technology Impacts Your Daily Life”. Available at: https://tech.co/vpn/main-ways-technology-impacts-daily-life
  31. Valencia, J. (2022). “What Is Traditional Media? A Comprehensive Introduction”. Available at: https://letter.ly/what-is-traditional-media/

 

 Fidan Aliyeva

EMERGING TRENDS IN TRANSFORMING MEDIA LANDSCAPE

 Abstract

 Social media is a communication sphere that facilitates interactions between individuals and groups, encompassing a wide range of social experiences. With the advancement of technological tools, entry into this space has become increasingly accessible. Social media’s characteristics, such as interactivity, openness, participation, and community building, make it a crucial area in terms of effectiveness. In light of these developments, the primary objective of this research is to explore the various uses of social media platforms and to provide a comprehensive analysis of the growing social media phenomenon. The article also aims to offer theoretical guidance for researchers interested in studying this field.

 Key words: social media, digital media, Web 2.0, social networks, information technology, public sphere

 

Фидан АЛИЕВА

НОВЫЕ ТЕНДЕНЦИИ В МЕНЯЮЩЕЙСЯ МЕДИАСРЕДЕ

 Резюме

 Социальные сети — это сфера общения, включающая в себя социальный опыт, основанный на отношениях между отдельными людьми и группами. С ростом количества технологических инструментов войти в эту область стало гораздо проще. Благодаря таким характеристикам, как взаимодействие, открытость, участие и создание сообщества, социальные сети являются важной областью эффективности. В свете этого факта основная цель исследования — выявить области использования платформы социальных сетей и всесторонне объяснить феномен социальных сетей, который растет с каждым днем в широком диапазоне. Статья также призвана предоставить некоторые теоретические рекомендации исследователям, заинтересованным в изучении этой темы.

 Ключевые слова: социальные сети, цифровые медиа, Web 2.0, социальные сети, информационные технологии, публичная сфера

---------------