Sabir MƏMMƏDLİ,
BDU, Beynəlxalq jurnalistika və informasiya siyasəti
kafedrası, siyasi elmlər doktoru, professor
(Bakı, Azərbaycan)
E-mail: sabir.rm@mail. ru
ORCID ID: 0000-0001-9176-2569
UOT 070
UOT 32
UOT 323.1
Xülasə. Məqalədə geniş faktoqrafik materiallar əasında Bolqarıstan türklərinin milli ideallar uğrunda mübarizəsi əks olunur. 1944-cü ildə ölkədə “Dimitrov konstitusiyası”na uyğun olaraq bir müddət bəzi demokratik prinsiplər hökm sürmüşdür. Türk ziyalıları mövcud şəraiti milli məktəblərin açılması, ana dilinin inkişafı, doğma dildə radioyayımın təşkili üçün istifadə etmişlər. “Vatan”, “İşık”, “Dostluk” nəşrləri meydana gəlmişdir. Müəllif qeyd edir ki, 1958-ci ildən başlayaraq Bolqarıstan hökuməti türk əhalisinə qarşı məhdudiyyətlər tətbiq etməyə başlamış, milli təsisatları bağlamış və türkləri “bolqarlaşdırmağa” çalışmışdır. Məqalədə “Rodop mücadilesi”, “Tuna dergisi”, “Halk davası” və digər mətbuat orqanları timsalında Bolqarıstan türklərinin mətbuatının milli dəyərlər uğrunda mübarizəsi əks olunmuşdur.
Xüsusi olaraq vurğulanır ki, 1980-ci illərin sonlarında sosialist sistemi iflasa uğradıqdan sonra Bolqarıstan türklərinin milli dirçəlişi özünü göstərməyə başlamışdır. Milli hərəkat formalaşmış, çox sayda müstəqil, demokratik mətbuat orqanları meydana gəlmişdir. Bolqarıstan türklərinin “Hak və özgürlük” hərəkatı ölkə parlamentində təmsil olunur, onun nümayəndələri koalisyon hökumətdə fəaliyyət göstərir və milli maraqlara xidmət edirlər.
Açar söslər: Bolqarıstan türkləri, mətbuat, milli mübarizə, qəzet, ana dili
Giriş
Türklər hazırkı Bolqarıstan ərazilərində XIV əsrdən yerləşməyə başlamışlar. Balkanların Osmanlı imperiyasının tərkibinə daxil edilməsindən sonra şəhər və bölgə mərkəzlərində türklərin sayı getdikcə artmışdır. Beş əsrdən artıq bir dövr, yəni 1396-1908-ci illər ərzində Bolqarıstan Osmanlı imperiyasının tərkibində olmuşdur. Rus-türk müharibələri və Bolqarıstanın öz müstəqilliyini elan etməsi nəticəsində türk əhalisinin xeyli hissəsi Türkiyəyə köç etmişdir. Miqrasiya prosesi mövcud siyasi, iqtisadi və sosial durumla bağlı olmuş və bir neçə dalğa şəklində baş vermişdir. 2001-ci ildə keçirilmiş siyahıyaalmanın nəticələrinə görə, Bolqarıstanda 746.664 türk millətindən olan vətəndaş yaşayır [8].
Bolqarıstan türkləri olduqca zəngin bir mədəniyyət mirasına sahibdirlər. Müxtəlif dövrlərdə nəşr olunan qəzet və dərgilər bu mədəniyyət mirasının əhəmiyyətli bir hissəsini təşkil edir. Bolqarıstan türklərinin ilk mətbu orqanının nəşri Osmanlı imperiyası dövrünə, 1865-ci ilə təsadüf edir. Həmin dövrdən başlayaraq bu günümüzə qədər türk ziyalıları saysız-hesabsız qəzet və jurnal nəşr etdirib böyük bir tarixi salnamə yaratmışlar. Tarixin bütün keçməkeşli yollarına, qarşılaşdıqları çətinliklərə və məhrumiyyətlərə baxmayaraq Bolqarıstan türkləri, tədqiqatçıların hesablamalarına görə, yalnız 1880-1960-cı illər ərzində 186 qəzet və 36 jurnal nəşr etdirmişlər [2].
Türk ziyalıları həmişə hesab etmişlər ki, qəzet cəmiyyət üçün maarifləndirici və təşkilatlandırıcı bir vasitə olmaqla yanaşı həm də işıq daşıyan, əhalini ürəkləndirən sönməz bir məşhəldir. Onu da nəzərə almaq lazımdır ki, qəzet və jurnallar yalnız ölkənin paytaxtı Sofiyada deyil, həm də müxtəlif şəhərlərdə və bölgələrdə nəşr olunmuşdur. Yalnız Kırcalı bölgəsində türk ziyalıları 1880-1970-ci illər ərzində 16 qəzet və 3 jurnal nəşr etdirməyə müvəffəq olmuşlar [2].
Əsas hissə
- 1947-ci konstitusiyası əsasında türk mətbuatının dirçəlişi
1944-cü ildə sovet qoşunlarının Bolqarıstana daxil olması ilə əlaqədar olaraq ölkədə sovet hakimiyyəti qurulmuşdur. “Dimitrov konstitusiyası”na uyğun olaraq etnik azlıqların hüquqları müdafiə olunur, onlara ana dilində təhsil almaq, milli mədəniyyətlərini inkişaf etdirmək hüququ elan olunmuşdu. Bolqarıstanda ilkin vaxtlar bir neçə yüz türk məktəbi, gimnaziyaları fəaliyyət göstərirdi. Ölkədə türk dilində radioyayım da təşkil olunmuşdur.
Köklü dəyişikliklər türk mətbuatında da müşahidə olunurdu. Yeni rejimin mahiyyətinə uyğun olaraq türk dilində nəşr olunan xeyli sayda qəzet və jurnallar meydana gəldi. 1945-1985-ci illər arası onların sayı 39-a çatmışdır. Bu nəşrlərin hamısı latın qrafikası əsasında çap olunurdu. Nəzərə almaq lazımdır ki, ölkədə yayımlanan bütün nəşrlər dövlətin nəzarəti altında idi və kommunist ideologiyasına xidmət edirdi [9].
Kommunist dönəmində türk dilində fəaliyyətə başlayan ilk nəşr Vətən Cəbhəsi komitəsinin orqanı olan “Vаtаn” qəzeti idi. Bu qəzetin yalnız bir nömrəsi işıq üzü görmüşdü, onun əvəzinə 1945-ci ildən “İşık” qəzeti yayımlanmağa başlamışdır. 1947-ci ildə başqa bir türk qəzeti – “Dostluk” öz nəşrinə başlamışdır. Bu nəşr əslində Qızıl Ordu tərəfindən çıxarılan “Drujba” qəzetinin türk dilinə tərcüməsi idi. “Dostluk” qəzetinin redaktoru A.Kərim adlı azərbaycanlı idi [5].
Qeyd olunan “İşık” qəzeti Bolqarıstan Kommunist Partiyasının mətbu orqanı kimi fəaliyyətini uzun müddət davam etdirmişdir. Sonrakı illər ərzində bu qəzet iki dildə (türk və bolqar) çap olunmuş, hətta iki adda çıxmışdır: “Yeni işık” – “Nova svetlina”. Qəzetin türkcə olan nəşri 1985-ci ilə qədər öz fəaliyyətini davam etdirmişdir.
Uzunömürlü qəzetlər sırasında 1948-ci ildən öz fəaliyyətinə başlamış “Halk gencliği” nəşri də olmuşdur. “Halk gencliği” Dimitrovçu Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin mətbu orqanı idi, həftədə bir dəfə yayımlanırdı, 1970-ci ildə “Yeni işık” qəzeti ilə birləşdirmək bəhanəsini ilə hakimiyyət orqanları onu bağlamışlar.
Türk əhalisi arasında marksizm ideologiyasını yaymaq və yaşatmaq məqsədilə Kommunist Partiyası ilk növbədə yeni nəslin nümayəndələrini öz təsiri altına salmağa çalışırdı. Bunun üçün “Eylülcü çocuk” qəzetini nəşr etdirməyə başlamışdılar. Bu qəzet 1946-1960-cı illərdə yayımlanmışdır. Eyni məqsədə xidmət edən bir jurnal – “Piyoner” də nəşr olunurdu. Amma onun ömrü çox qısa olmuşdur. Jurnal 1959-cu ildə işıq üzü görsə də, cəmi bir ildən sonra bağlanmışdır. “Eylülcü çocuk” qəzetinin və “Piyoner” jurnalının nəşrinin dayandırılması əslində Bolqarıstanda bütün türk məktəblərinin bağlanması ilə birbaşa əlaqədar idi. Hələ bundan bir müddət əvvəl tədrisi türk dilində aparan bütün liseylər və institutlar bağlanmışdır.
1960-cı ildə hakimiyyət dairələri söz vermişdilər ki, “Eylülcü çocuk” bağlandıqdan sonra onun funksiyası “Halk gencliği”nə veriləcəkdir. “Halk gencliği” qəzetinə “Filiz” başlıqlı səhifə əlavə olunmuşdur. 1968-ci ildə “Filiz” ayrıca qəzet kimi fəaliyyətini davam etdirmişdir. Ayda iki nömrəsi çapdan çıxırdı. Həmin ilin sonunda “Filiz”in də nəşri dayandırılmışdır.
1954-cü ildə ölkənin paytaxtı Sofyada türk dilində “Yeni Hayat” adlı bir jurnal işıq üzü görmüşdür. Jurnal sosial, siyasi, ədəbi və incəsənət xarakterli bir nəşr idi. Bir neçə ildən sonra bu jurnalda xüsusi olaraq ədəbiyyat bölməsi fəaliyyətə başlamış, amma qısa müddətdən sonra bu hissə jurnal səhifələrindən çıxarılmışdır. Sonralar “Yeni hayat”ın “Şafak” başlıqlı ədəbiyyat və incəsənət əlavəsi buraxılmışdır. Burada kommunist ideologiyasına uyğun ədəbiyyat və sənət əsərləri çap olunmuşdur.
“Yeni Hayat” jurnalının ayrıca uşaqlar üçün səhifəsi də var idi – “Çocuklara ait sayfa”. 1976-cı ildən bu səhifəyə “Arıcılık” adı verilmiş, amma sonralar yalnız bolqar dilində çap olunurdu.
- Bolqarıstan türkləri kommunistlərin etnosid siyasətinə qarşı mübarizədə
1958-ci ildə Bolqarıstan Kommunist Partiyası türk əhalisinə qarşı yönəlmiş bir sıra xüsusi qərarlar qəbul etmişdir. Bu qərarların mahiyyətində türklərin təhsil almalarına, milli mədəniyyətlərinin inkişafına, sosial həyat quruculuğuna məhdudiyyətlərin tətbiqi məsələləri öz əksini tapmışdır [4]. Ölkədə bütün türk məktəbləri bağlanmış və bununla yanaşı, Bolqarıstan hökuməti yazıçılar və qəzet, jurnal redaktorları qarşısında xüsusi tələb qoymuşdur ki, mətbuatda və yaradıcılıq prosesində saysız-hesabsız türk sözləri bolqar və rus sözləri ilə əvəz edilsin. Bunun üçün hətta əvəzlənəcək sözlərin siyahısı hazırlanmışdır. Həmin qaydaları pozan yazıçı və redaktorlar çəzalandırılır və bütün materiallara qarşı sərt senzura tətbiq edilirdi [7].
Bolqarıstan kommunistləri faktiki olaraq türk əhalisini “bolqarlaşdırmaq” məqsədini güdürdü. Bu siyasi xətt getdikcə sərtləşmiş və 1971-ci il konstitusiyasının qeyri-demokratik maddələri ilə qanuniləşdirilmişdir. Bolqarıstanda yaşayan bütün etnik azlıqların hüquqları tamamilə tapdalanmışdır. Bu azmış kimi 1984-cü ildə bolqar hökuməti məcburi şəkildə türk vətəndaşlarının adlarının dəyişdirilməsi və onların məcburi qaydada bolqar ad və soyad almaları haqqında qərar qəbul etmişdir [11]. Bu qeyri-insani fəaliyyət türk əhalisi arasında böyük narazılıq doğurmuşdur. Yüz minlərlə Bolqarıstan türkü ölkədən köç etməyə məcbur olmuş və bunun nəticəsində 300 000 – 400 000 türk vətəndaşı sərhəd qapılarına axışmış və Türkiyədə sığınacaq tapmışdır.
Hökumət türk dilindən ictimai yerlərdə istifadə edilməsinə qadağa qoymuş, bu qaydanı pozanlara qarşı böyük məbləğdə cərimə tətbiq etmişdir. Ölkə üzrə milli türk adət-ənənələri tamamilə yasaqlanmış, dini ibadət qadağan edilmişdir.
Bolqarıstanın kommunist hakimiyyəti hər fürsətdən istifadə edərək türk əhalisinin assimilyasiya olmasına çalışır, milli kimliyini unutdurmaq üçün bütün vasitələrdən istifadə edirdi. Bu məqsədlə xüsusi tələblər əsasında mətbuatda və bütövlükdə çap məhsullarında türk sözləri bolqar ifadələri ilə əvəz olunur, türk əhalisinə ana dilindən istifadə edilməsinə maneələr yaradılırdı. “Yeni hayat – Nov jivot” jurnalında dərc olunan materialların 70 faizi bolqar dilində, 30 faizi türkcə verilirdi. Bolqarlaşdırma siyasətinin nəticəsi olaraq bu jurnal 1985-ci ildən tamamilə bolqar dilində çap olunurdu, üstəlik hər nömrəsində bolqar olmanın nə qədər böyük şərəf olduğu təbliğ olunurdu.
Bolqarıstanda kommunistlərin hakimiyyətdə olduğu dövrdə (1944-1990) türk əhalisinə qarşı assimilyasiya siyasəti bütün ölkə üzrə durmadan həyata keçirilirdi. Bölgə mərkəzlərində nəşr olunan qəzet və jurnallar hökumətin bu əməllərini yerlərdə davam etdirirdi.
Qeyd etmək lazımdır ki, kommunistlərin hakimiyyətə gəldikləri ilk dövrlərdə bəzi rayon mərkəzlərində bolqar dilində çıxan qəzetlərin bir neçə səhifəsi türkcə çap olunurdu. Zaman keçdikcə bunların bəziləri ayrıca olaraq türk dilində nəşr olunan qəzetlərə çevrimişdi. Bunlardan Şumnuda “Kolarovgrat savaşı” (1951-1956), Rusçukda “Tuna gerçegi” (1955-1959), Varnada “Stalin bayrağı” (1956-1959), Hasköydə “Rodop mücadilesi” kimi qəzetləri qeyd etmək olar. Bu qəzetlərin türk dilində nəşr olunması haqqında qərarı Bolqarıstan KP Siyasi Bürosu tərəfindən 1954-cü ildə verilmişdir. Qeyd olunan qəzetlər sonrakı illərdə hakim partiyanın siyasi şərtlərinə uyğun olaraq müxtəlif adlarla nəşr olunmuşdur.
Bununla belə, həmin yerli qəzetlər də uzunömürlü olmamışdı. Türk məktəblərinin bağlanması ilə yanaşı, əksər qəzetlərin də nəşrinə son verilmişdir. 1960-cı ildə Bolqarıstan hökumətinin türk vətəndaşlarının adlarının dəyişdirilməsi haqqında qərarı türk əhalisinin durumunu çətinləşdirmiş və bu vəziyyət yerli əhalinin sərt təpkisinə, etirazına səbəb olmuşdur. Onlar Türkiyə səfirliyinə ərizə ilə müraciət etmiş, kütləvi şəkildə Bolqarıstandan köçmək istədiklərini bildirmişdilər. İlkin vaxtlar Kommunist Partiyasının rəhbərliyi türk əhalisinin ciddi etirazı qarşısında geri çəkilməyə məcbur olmuş və qəbul etdiyi qərarı ləğv etmişdir. Mətbuata qarşı az da olsa mülayim münasibət bəslənmişdir. Qəzet və jurnallarda bolqar kəlmələrindən və sözlərindən istifadə etmək təzyiqi aradan qaldırılmışdır. Hökumət hətta türk dilində təhsilin bərpa edilməsi vədini də verməli olmuşdur.
Əvvəllər nəşri dayandırılmış bəzi qəzetlər 1964-1965-ci illərdə yenidən yayımlanmağa başlamışdır: Əskicumədə “Kommunizm bayrağı” (1964), Silistrədə “Ziya” (1965), Razqradda “Dostluq”, Varnada “Halk davası” (1965), Kolarovqradda “Kolarovqrat savaşı” (1966) və s. Kırcalıda çap olunmağa başlayan “Yeni həyat” qəzeti 1974-cü ilədək varlığını qoruyub saxlamışdır.
Amma kommunist rəhbərliyinin türk əhalisinə qarşı göstərdiyi bu mülayimləşmə siyasəti çox qısa vaxt ərzində özünü göstərmişdir. 1970-ci illərin əvvəllərindən başlayaraq Bolqarıstanda türk vətəndaşlarını öz adlarını dəyişdirməyə yenidən məcbur etməyə başladılar [14]. Türk əhalisinin etirazına cavab olaraq hökumət qüvvələri amansız davrandılar və nəticədə qanlı hadisələr baş verdi. Belene ölüm düşərgəsi, həbsxanalar türk əsilli insanlarla aşıb-daşırdı. Yarı türkcə – yarı bolqarca nəşr olunan “Yeni ışık” (Nova svetlina”) qəzetindən və “Yeni hayat” (“Nov jivot” jurnalından başqa bütün türk mətbuat orqanlarının fəaliyyəti dayandılımışdır. 1985-ci ildən sonra qeyd olunan bu nəşrlərin türkcə çıxan səhifələri də ləğv edilmişdir, onlar artıq yalnız bolqar dilində çap olunurdu.
- Sosialist sisteminin iflası və Bolqarıstan türklərinin milli dirçəlişi
1980-ci illərin sonlarında Şərqi Avropa ölkələrində müşahidə olunan ictimai-siyasi dəyişikliklər Bolqarıstan türklərinin həyatına birbaşa təsir etməyə başlamışdır. Sovet İttifaqında başlamış “yenidənqurma” siyasəti nəticəsində kommunist rejimlərinin dayaqları sarsılmış və bu ölkələr öz mahiyyətini azad dünyaya açmağa məcbur olmuşlar. Türkiyə hökuməti Bolqarıstanda türklərin üzləşdiyi faciəvi məhrumiyyətlərlə əlaqədar BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və Avropa Parlamentində ardıcıl olaraq məsələlər qaldırmış və onların müzakirəsinə nail olmuşdur. Nəticədə NATO və ABŞ Bolqarıstanda türklərin dözülməz vəziyyətinə dair siyasi bəyanat qəbul etməli olmuşdular və yaranmış vəziyyəti qeyri-insani şərait kimi dəyərləndirib, kütləvi şəkildə insan hüquqlarının pozulmasının qarşısının alınmasına səsləmişdir.
1989-cu ildə Bolqarıstanda kommunist rejimi devrilmiş və qısa müddət ərzində xüsusi qərarla türklərin əvvəlki ad və soyadlarının qəbul edilməsinə icazə verilmişdir. Bir il ərzində 600.000 Bolqarıstan türkü bu məsələ ilə əlaqədar hökumət idarələrinə müraciət etmişdir [12]. Türkiyəyə mühacirət etmiş türklərin 150.000-dən çox hissəsi geriyə dönmüşdür. 1991-ci il konstitusiyasına uyğun olaraq türklərə və başqa milli azlıqlara geniş hüquqlar verilmiş və öz milli mədəniyyətlərini inkişaf etdirmək üçün zəmanət verilmişdir.
Bolqarıstanın Sovet İttifaqının təsir dairəsindən çıxmasından sonra ölkədə köklü demokratikləşmə prosesi müşahidə olunurdu və bunun önündə, sözsüz ki, media və jurnalistika gedirdi. Bolqarıstan türklərinin yaratdığı “Hüquq və azadlıqlar uğrunda hərəkat”ın [6] mətbuat orqanı kimi “Hak ve özgürlük” qəzeti nəşr olunmağa başlamışdır. Qəzetin nümunə olaraq çap olunan nüsxəsi 1990-cı ilin dekabr ayında işıq üzü görmüşdür. Qəzetdə “Demokratiya və milli vəzifələr” başlıqlı Əhməd Doğanın məqaləsi dərc olunmuşdur.
Sistemli olaraq “Hak ve özgürlük” qəzeti 1991-ci ilin fevral ayından nəşr olunmağa başlamışdır. Qəzet 16 səhifədə türk dilində çıxırdı. Bu nəşr “Prava i svobidi” başlığı ilə bolqar dilində də yayımlanırdı. “Hak və özgürlük” sonralar 8 səhifə həcmində öz nəşrini davam etdirdi, amma maliyyə çətinliklərli ilə əlaqədar ilk dəfə 1994-cü ildə, sonra isə 1996-cı ildə bir müddət öz nəşrini dayandırmalı olmuşdur. Sonralar nəşrini bərpa etsə də, qəzet 1998-ci ildə öz yayımını tamamən dayandırmışdır [5].
“Hak ve özgürlük” qəzeti Bolqarıstan türklərini maraqlandıran bütün ciddi iqtisadi, siyasi, sosial problemləri işıqlandırır, oxucuları daxili və xarici xəbərlərlə tanış edir, etnik azlıqların hüquqlarını müdafiə edirdi. Qəzet türk əhalisinin din, dil, təhsil, adət-ənənə, ibadət, bütövlükdə mədəni və ictimai problemlərini müzakirəyə çıxarır və onların həllinin vacibliyini vurğulayırdı. Eyni zamanda qəzet oxucularını Türkiyədə və bütün türk dünyasında baş verən hadisələrlə tanış edir, onlarda həmrəylik hissi formalaşdırmağa çalışırdı.
Demokratik hərəkat dalğasında Bolqarıstan türklərinin ana dilində təhsil almaq hüququnun gerçəkləşdirilməsi məsələsi ictimai gündəmə gətirilmişdi. Aparıcı türk siyasətçiləri bolqar məktəblərində oxuyan türk uşaqlarının ayrıca bir fənn kimi ana dili dərsinin tədris proqramına salınmasına çalışırdılar. Məlum olduğu kimi 1959/60-cı tədris ilindən başlayaraq Bolqarıstanda türk dilində olan bütün məktəblər bağlanmış və bundan sonra heç bir türk məktəbi açılmamışdır.
“Hüquq və azadlıqlar uğrunda hərəkat”ın təmsilçiləri ilk növbədə türk dilinin tədrisi məsələsini ölkə parlamentinin gündəminə daşıya bildilər və nəticə olaraq bəzi məktəblərdə sərbəst seçmə fənn kimi türk dilinin tədris olunması hüququna nail oldular. Bu partiyanın təşkilatçılığı və rəhbərliyi ilə hər bir sinif üçün türk dili dərsliyi hazırlanmışdır.
Atılan addımları daha da inkişaf etdirmək üçün yeni demokratik şəraitə uyğun olaraq bir uşaq və yeniyetmə qəzetinin yaradılmasına böyük ehtiyac duyulurdu. “Hak ve özgürlük” qəzetinin beşinci sayından başlayaraq ona əlavə kimi “Filiz” səhifəsi çap olunmağa başladı, sonralar isə eyni adda müstəqil uşaq qəzeti kimi öz yayımını davam etdirmişdir. “Filiz” qəzeti müstəqil olaraq öz fəaliyyətinə 1992-ci ildən başlamışdır. Maliyyə çətinliyi ucbatından qəzetin nəşrinə bəzən ara verilmişdir, amma 1996-cı ilin dekabr ayından “Filiz” ayda iki dəfə çıxmaqla öz nəşrini indiyədək davam etdirir. Hazırda bu qəzet “Filiz Vəkfi”nin nəşri kimi yayımlanmakdadır.
Ölkənin siyasi həyatında baş verən dəyişikliklərlə ayaqlaşmağa çalışan qəzetlərdən biri də “Işık-Svetlina” oldu. Qəzet 1991-ci ilin əvvəllərindən çıxmağa başlamışdır. Nəşr türk əhalisinin hüquqlarını müdafiə edir, ciddi siyasi məsələləri gündəmə daşıyırdı. Nəzərə almaq lazımdır ki, eyni adda əvvəllər də belə bir qəzet nəşr olunurdu. Oxucuların böyük hissəsi yeni “Işık-Svetlina”nı əvvəlkinin davamçısı hesab edirdi, halbuki, bunların arasında heç bir bağlantı yox idi və tamamilə fərqli nəşrər idi. Amma oxucular bu yeni nəşrə heç cür alışa bilmədilər. Onların etimadını qazanmaq məqsədilə “Işık-Svetlina” adını dəyişməli oldu, amma heç bir müsbət nəticə əldə edilmədi və nəticədə bağlandı. Bu nəşrlə müqayisədə “Hak ve özgürlük” qəzeti daha oxunaqlı və nüfuzlu mətbu orqan hesab olunurdu.
“İşık-Svetlina” qəzeti bağlandıqdan sonra 1992-ci ilin aprel ayından “Güven-Doveriye” qəzeti çıxmağa başladı. Bu qəzet bir müddət “İşık-Svetlina” nəşrinin türkcə-bolqarca çap olunan yazılarına bənzər tərtibat formasından istifadə etdi. “Güvən-Doveriye” parallel olaraq həm də uşaqlar üçün “Cırcır-Şturets” əlavəsini nəşr etdirdi. Həmin əlavə də iki dildə yayımlanırdı. 1996-cı ildə qəzetin nəşri dayanmışdır.
Bolqarıstanda 1994-cü ildə uşaqlar üçün “Balon” adlı jurnal nəşr olunmağa başlamışdır. Aylıq jurnal olmasına baxmayaraq bu nəşr bəzən öz dövriliyini qorumaqda çətinlik çəkirdi. İlkin sayları 32 səhifədə çap olunurdu, sonralar jurnalın həcmi hətta 48 səhifəyə çatmışdı. On ildən artıq bir müddətdə nəşr olunan bu jurnalın naşiri Kazım Memiş olmuşdur. Sonralar jurnal öz yayımını dayandırmışdır. Bundan sonra Kazım Memiş gənclər üçün “Gönül” adlı bir jurnal da nəşr etməyə başlamışdır, amma təəssüflər olsun ki, bu nəşrin ömrü uzun olmamışdır.
1995-ci ilin iyun ayından başlayaraq Bolqarıstanın paytaxtı Sofyada 48 səhifəlik maarifləndirici jurnal olan “Ümit” işıq üzü gördü. Jurnal başlığında “aylıq mədəni və təhsil jurnalı” ifadəsi ilə çap olunurdu. “Ümit” jurnalının birinci sayında vurğulanırdı ki, bu nəşr Balkan Təhsil və Mədəniyyət Vəkfi tərəfindən yayımlanır. Həm vəkfin, həm də jurnalın əsas məqsədi “yeddidən yetmişə qədər olan insanlarımız arasında təhsil vəzifəsini yürütmək, mədəni dəyərləri yaymaq olacaqdır… Amacımız son 50 ilin mənəvi həyatımıza gətirdiyi təxribatı aradan qaldırmaq, insanlara öz kimliyini, mənliyini tapmaqda yardımçı olmaq, totalitarizmin, materializmin yaratdığı boşluğu doldurmaq, unudulmuş, aşınmaya məruz qalmış inanclarımızı canlandırmaq və təzələyib düşüncələrdə yerləşdirməkdir. “Ümit” jurnalı tamamilə tərəfsiz, bütün partiyalardan eyni məsafədə olmaqla yanaşı, bütün ideoloji istiqamətlərdən kənar aylıq bir mədəniyyət dərgisi olacakdır. Dedi-qodudan, dağıdıcılıq fikirlərindən, bölücülükdən uzaq olacağıq. Əksinə birləşdirici, toparlayıcı olmağa çalışacağıq… Belə məqsədlərlə və gözəl niyyətlərlə yola çıxan jurnalımız oxucular tərəfindən sevinclə qarşılanmağına inanırıq” [5]. Araşdırmaçıların qeyd etdiyi kimi, “Ümit” öz yolunu tapmış bir jurnal idi.
Türkiyədə yerləşən “Zaman” qəzeti bir çox ölkələrdə olduğu kimi Bolqarıstanda da yayımlanırdı. Qəzet 1992-ci ilin dekabr ayından Sofyada çıxmağa başlamışdır. Bu qəzet türk dilində nəşr olunan başqa mətbu orqanları çıxmadığı vaxtlarda və həmçinin ucuz olduğu üçün geniş oxucu auditoriyası əldə edə bilmişdir. “Zaman-Bolqarıstan” qəzeti yerli əhaliyə türk dünyasında baş verən hadisələr haqqında ardıcıl olaraq məlumat verir və bütövlükdə milli təəssübkeşlik problemlərinə dair materiallarla çıxış edirdi. Qəzet həftədə bir dəfə – cümə axşamı çıxırdı.
“Müslümanlar” qəzeti Bolqarıstan Respublikası Başmüftiliyinin mətbu orqanı olaraq 1990-cı ildən türk və bolqar dilində nəşr olunurdu. 1995-ci ildə ölkədə ikinci Başmüftilik İdarəsinin yaranması ilə əlaqədar cəmiyyətdə ictimai dartışma müşahidə olunmuşdur. Keçmiş Bolqarıstan Sosialist Partiyasının hakimiyyətə gəlməsi ilə əlaqədar Nedin Gencev özünü Ali Dini Şuranın rəhbəri və Başmüfti elan etmişdi. Maraqlıdır ki, “Müslümanlar” qəzeti eyni adla iki Başmüftilik tərəfindən iki fərqli nəşr kimi yayımlanırdı. Əvvəlki Başmüftilik qəzeti “qara” “Müslümanlar”, yeni Başmüftilik isə “yaşıl” “Müslümanlar” adlandırırdı. Hər iki nəşr heç bir maliyyə sıxıntısı olmadan çap olunurdu.
2000-ci ildə tanınmış Bolqarıstan türk ziyalısı, şairi, publisisti və tədqiqatçısı Səbri Alagöz “Kaynak” adlı gözəl bir jurnal təsis etmişdir. Jurnalın əsas qayəsi türk tarixini, mədəniyyətini, ədəbiyyatını və incəsənitini təbliğ etmək idi. Sabri Alagöz jurnalın vəzifələrini bu cür dilə gətirmişdir: “Bolqarıstan türkləri böyük tarixi dəyərlərə sahibdirlər, onların keçmişini, bugününü və sabahını dərk etmək üçün, bundan zövq almaq niyyətilə… oxucularımıza “Kaynak” adı verdiyimiz jurnalın birinci sayını təqdim edirik. Jurnalımızın yeganə məqsədi xalqımızın içinə getmək, ana dilimizi, mədəniyyətimizi Sizə təqdim etməkdir. Çünki varlığımızın özünü yaşadan öz mədəniyyətimizdir. Öz mədəniyyətindən qopan nə millətinə, nə də dövlətinə yararlı ola bilər. O, yox olub getməyə, tarixdən silinməyə məhkumdur”. “Kaynak” jurnalı iki aydan-bir işıq üzü görürdü və tədqiqatçılar üçün həqiqətən bir qaynaq rolu oynayırdı. Amma maddi sıxıntılar ucbatından “Kaynak” jurnalının dövriyyəsi heç də stabil olmamışdır.
XXI əsrin əvvəllərində türklərin sıx yaşadığı bölgə mərkəzlərində də dərgilər nəşr olunurdu. Bunlardan biri Razqrat şəhərində Dəliorman ədəbiyyat dərnəyinin dəstəyi ilə çap olunan “Hoşgörü” jurnalı idi. Dərgi 32 səhifə həcmində, üç ayda-bir çıxırdı və oxucuları mühüm xəbərlər, jurnalist araşdırmaları və ətraflı təhlillərlə təmin edirdi.
Şumnu şəhərində də bir jurnal nəşr olunurdu. Bu “Mozaik” jurnalı idi. Üz qabığında qeyd olunurdu ki, Şumnu Mədəniyyət Evi tərəfindən yayımlanır, uşaq və gənclər üçün nəzərdə tutulub, mədəniyyət, sənət və təhsil problemlərini əhatə edir. “Mozaik” jurnalının redaktoru və məsul katibi Nurten Rəmzi olmuşdur. Jurnal 32 səhifədə çıxır və hər səhifəsində rəngli rəsmlər, fotolar və reklam materialları yerləşdirilirdi.
Türk əhalisinin ən sıx yaşadığı bölgələrdən biri olan Kırcalıda 2006-cı ildən “Bulgarıstan Türklerinin Sesi Kırcaalı Haber” adında qəzet nəşr olunmağa başlamışdır. Eyni zamanda buradan “Kırcaalı haber” adlı elektron qəzet də (www.kircaalihaber.com) internet vasitəsilə hazırda yayımlanmaqda və operativ şəkildə oxuculara yetişməkdədir [3].
Qeyd etmək lazımdır ki, ölkədə İnternet üzərindən həm də “Ses”, “Yeni hayat”, “Ardinonun səsi” qəzetləri yayımlanmaqdadır. “Bolqaristan Havadis” (www.bulgaristanhavadis.com) xəbər portalı da uğurla fəaliyyət göstərir.
Nəzərə almaq lazımdır ki, Bolqarıstanın müxtəlif bölgələrindən internet şəbəkəsindən istifadə etməklə xeyli sayda informasiya saytları, xəbər portalları məlumat və müxtəlif materiallar yaymaqdadırlar (bnr.bg/tr; haberbg.blogspot.bg; dombira.eu; ajansbg.blogspot.com; bizimgazete.bg; bnt.bg; haber.bg; umitdergisi.com; grandmufti.bg/tr; mestanlihaber.com; thaber.bg; arda-tuna.com; bghaber.org; pomak.eu; pomaknews.com; 24kircaali.blogspot.bg). Belə saytların və elektron qəzetlərin sayı sürətlə dəyişməkdədir. Onlar haqqında ilkin məlumatı Türkiyənin Bursa şəhərində yerləşən Balkan türkləri köçkün və qaçqın dərnəkləri federasiyasının saytından əldə etmək olar (www.balgoc.org.tr ).
Bolqarıstanda 1990-cı ildən sonra başlanmış demokratiyaya keçid dövründə türk dilində xeyli sayda qəzet və jurnallar nəşr olunmuşdur. Ancaq bunlardan yalnız “Filiz”, “Zaman-Bolqaristan” kimi qəzetlər, “Ümit” və “Müslümanlar” kimi jurnallar istisna olmaqla yerdə qalan nəşrlər çox tez-tez maliyyə çətinlikləri ilə üzləşmiş və dövriliyini pozmalı olmuşlar. Bununla belə, aydın şəkildə görünür ki, hakimiyyət orqanlarının türk mətbuat vasitələri üzərində olan əvvəlki basqısı aradan qaldırılmışdır.
Ümumiyyətlə, 1990-cı ildən sonra Bolqarıstan hakim dairələrinin yerli türk əhalisinə qarşı olan münasibətlərinin kökündən dəyişməsi ölkədə gedən demokratikləşmə prosesinin nəticəsində mümkün olmuşdur. Bu vəziyyət eyni zamanda Bolqarıstan-Türkiyə münasibətlərinin yeni mərhələyə daxil olmasına, ölkənin NATO və Avropa təşkilatlarına inteqrasiyasına şərait yaratmışdır. 2007-ci ildə Bolqarıstan həm də Avropa İttifaqına üzv olmuş və bunun nəticəsində türk əhalisinin hüquqlarına hörmət edəcəyinə beynəlxalq zəmanəti vermişdir [10].
Ölkənin Avropa İttifaqına üzv olması Bolqarıstan türkləri üçün “qızıl əsrin” başlanqıcı mənasına gəlmişdir. Türklər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır, siyasi partiya və hərəkatların sırasında birləşirlər. Hazırda Bolqarıstan türklərinin aparıcı siyasi təşkilatı, sözsüz ki, 1990-ci ildə elan olunmuş “Hüquq və azadlıqlar uğrunda hərəkat”dır. Bu təşkilata keçmiş dissident, böyük intellektual Əhməd Doğan rəhbərlik edir.
“Hüquq və azadlıqlar uğrunda hərəkat” qısa müddət ərzində həqiqətən türk əhalisinin siyasi dayağına çevrilə bilmişdir. Hərəkat mərkəzçi liberal ideologiyasına sahibdir və ilk günlərdən başlayaraq Bolqarıstanın Avropa İttifaqına inteqrasiya olması uğrunda geniş fəaliyyət göstərmişdir [1].
Təşkilat ölkədə keçirilən bütün parlament seçkilərində fəal iştirak edir və ardıcıl olaraq partiya qrupu ilə parlamentdə təmsil olunur. “Hüquq və azadlıqlar uğrunda hərəkat”ın nümayəndələri Bolqarıstanda koalisiya şəklində formalaşmış hökumətlərin tərkibinə daxil olmuş, bir neçə nazir vəzifəsi tutmuşlar [13]. Bolqarıstanın Avropa İttifaqına üzv olmasından sonra bu təşkilatın nümayəndələri artıq Avropa Parlamentində də fəaliyyət göstərirlər.
“Hüquq və azadlıqlar uğrunda hərəkat”ın rəhbərliyi ilə türk əhalisinin nümayəndələri Bolqarıstanda yerli özünüidarə orqanlarında da geniş şəkildə təmsil olunurlar. 2001-2005-ci illər ərzində 27 şəhərin meri və 654 kənd bələdiyyəsinin sədri vəzifəsinə bu təşkilatın üzvləri seçilə bilmişdilər [1].
Qeyd olunduğu kimi “Hüquq və azadlıqlar uğrunda hərəkat”ın mətbu orqanı olan “Hak ve özgürlük” qəzeti öz fəaliyyətini 1998-ci ildə maliyyə çətinliyi ucbatından dayandırmış və uzun müddət ərzində bu siyasi təşkilatın ayrıca nəşri olmamışdır. Bu boşluğu doldurmaq məqsədilə 2011-ci ildə təşkilat nümayəndələri “Toplum” adlı qəzet nəşr etməyə başlamışdı. Qəzetin əsas vəzifəsi siyasi təşkilatın məqsəd və məramlarını əhaliyə çatdırmaqdir.
24 səhifəlik bu qəzetin yarısı türkcə, yarısı isə bolqar dilində çap olunur. Nəşrin redaktoru Salina Elindir. Partiya yetkililəri xüsusi olaraq vurğulamışlar ki, qəzet siyasi təşkilatın bütün tədbirlərini işıqlandıracaq və müxtəlif məsələlərə dair mövqeyini geniş şəkildə əhaliyə çatdıracaqdır [2].
Nəticə
Bolqarıstanda türk dilində yayımlanan mətbuat orqanları bu toplumun, türk millətinin hayqıran səsi, görən gözü, eşidən qulağı, danışan dili olmuşdur. Müxtəlif dönəmlərdə, ən çətin vaxtlarda mətbuat orqanları Bolqarıstan türklərinin hüquqlarını müdafiə etmiş, onları maarifləndirmiş, təşkilatlandırmış, mütərəqqi ideyalar ətrafında birləşdirib vahid amal uğrunda mübarizəyə səsləmişdir. Elə vaxtlar olmuşdur ki, türk mətbuatı susdurulmuşdur, amma o, yenə də daxilən güc toplayıb imkan yarandığı an yenidən səhnəyə çıxıb öz mütərəqqi missiyasını həyata keçirməyə çalışmışdır. Hazırda Bolqarıstan Avropa İttifaqının üzvü olaraq demokratik yol seçib inkişaf etməkdədir, türk mətbuatının qarşısında geniş imkanlar açılıb. Amma, bununla belə, hələ həllini gözləyən bir çox məsələlər var ki, araşdırmaçılar onları aşağıdakı kimi qruplaşdırırlar:
m 1959-1960-cı illərdə türk məktəblərinin bağlanması nəticəsində, hətta sonralar türk uşaqlarına sərbəst seçmə fənn kimi ana dili dərslərinin tədris edilməsinə icazə verilsə də, türkcə oxuyub-yazanların sayının getdikcə azalmasına səbəb olmuş, bu isə türk dilində nəşr olunan və yayımlanan media vasitələrinə marağı azaltmışdır. Türk ziyalıları ümumiyyətlə ona çalışırlar ki, dövlət məktəblərində türk şagirdlərinə ana dili mütləq ayrıca fənn kimi tədris edilsin. Ana dilində tədris görməyən insanlar türk dilində çıxan mətbuat orqanalarına abunəçi olmur, daimi oxucular siyahısına düşmürlər;
m bu problem öz növbəsində başqa bir məsələni də gündəmə daşıyır – daima türk dilində yazıb-yaradan ziyalıların sayı getdikcə azalır. Bu ziyalılar əsasən yaşlı nəslin nümayəndələridir. Onların da sayı gündən-günə azalır, toplumdan qopub, əriyib getməkdədir;
m böyuk həvəslə qəzet və jurnal nəşr etməyə başlayan ziyalılar ciddi maliyyə problemləri ilə qarşılaşırlar;
m çapdan çıxmış mətbuat orqanlarının yayımı və oxuculara çatdırılması ayrıca böyük bir problemdir, çünki bu məsələnin həlli böyük maliyyə vəsaiti tələb edir;
m öz növbəsində onu da vurğulamaq lazımdır ki, maliyyə problemləri içində yaşayan türk əhalisi sistemli şəkildə qəzet və jurnalları əldə edə və onlara abunə ola bilmir;
m yayımlanan qəzet və jurnalların tirajı aşağıdır. Bir çox mətbuat orqanları ümumiyyətlə öz tirajları haqqında bilgi vermir. Üstəlik ayrı-ayrı bölgələrdə nəşr olunan media vasitələri haqqında geniş türk ictimaiyyətinin xəbəri olmur. Ona görə də mətbuat orqanları öz oxucularını tapa bilmir, nəticədə qəzet və jurnalların tirajı artmır, onların yalnız bir neçə nömrəsi çap olunur, sonra isə səhnədən çıxır.
1992-ci ildə Bolqarıstan hökuməti həm də türk dilində radioyayımın təşkili haqqında qərar qəbul etmişdir. İlkin vaxtlarda efir vaxtı yalnız 30 dəqiqəlik yayımla məhdudlaşırdı. Ölkədə demokratikləşmə prosesinin güclənməsi nəticəsində 1998-ci ildə parlament səviyyəsində türk dilində televiziya yayımının müddətsiz olması haqqında qərar qəbul edilmişdir.
Bununla belə, indiyədək elektron media vasitələrinin də problemləri tam həll olunmayıb. Türk dilində yayımlanan radio və televiziya proqramlarının çoxunda ilk növbədə Türkiyə yenilikləri verilir. Bu o deməkdir ki, həmin redaksiyaların özlərinin efir məhsulu azlıq təşkil edir və onların müxbir məntəqələrinin sayı yetərli deyil [4].
Amma bütün bu çətinliklərə baxmayaraq Bolqarıstandakı türk ziyalıları bütün varlıqları ilə türk millətinə xidmət edirlər; hazırda ali təhsil müəssisələrində oxuyan gənclərin sayı artmaqdadır, onlar türk media əməkdaşlarının sıralarını genişləndirəcək, xalqın mədəni, sosial, iqtisadi inkişafına çalışacaq və türk toplumun hüquqlarını daima müdafiə edəcəklər.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Türk dilində:
- Hak ve Özgürlükler Hareketi – https://tr.wikipedia.org/wiki/Hak_ve_Özgürlükler_Hareketi
- Hak ve Özgürlükler Hareketi Toplum adlı gazete çıkarıyor. – https://www.kircaalihaber.com/?pid=3&id_news=6480
- Kırcaali Haber Gazetesi – Bulgaristan Türklerinin Sesi. – http://www.kircaalihaber.com/
- Mehmet Ç. Yüzyıl Bulgaristan Türkleri: Antoloji. Istanbul, Yaylacık Matbaası, 1988, s.68-69.
- Yenisoy H. Bulgaristan’da Türkçe Basın (1865-2010). – http://www.kircaalihaber.com/?pid=8&id_aktualno=296%20class=
İngilis dilində:
- Doğan A. “Speech Delivered at Thirthy Sixth National Assembly” in The Spirit and Image of European Dimensions: Selected Speeches of Ahmet Doğan, 1991-2008. Sofia, 2008.
- Eminov A. The Nation-State and Minority Languages: Turkish in Bulgaria. Wayne, Nebraska, Wayne State College, 2003
- Kutlay M. Europeanization of Minority Rights in Bulgaria: Turks of Bulgaria as a Case Study. – http://etd.lib.metu.edu.tr/upload/12616121/index.pdf
- Petkova L. The Etnich Turk in Bulgaria: Social Integration and Impact on Bulgarian-Turkish relations, 1947-2000 // Journal Global Review of Ethnopolitics. Volume 1, no. 4, 2002, p.42-59.
- Turan Omer. Turks in Balkans. The Turks. Ankara, Yeni Turkiye publications, 2002
Rus dilində:
- Свистунова И.А. Турция и Болгария: проблемы и перспективы современных взаимоотношений // Международная политика. 2016, с.87-102.
Bolqar dilində:
- Кънев К. Законодателство и политика към етническите и религиозните алцинства в България. // Кръстева А. (съст.) Общности и идентичности в България. София, 1998, c.67-117.
- Народно Събрание на Република България – http://www.parliament.bg
- Стоянов В. Турското население в България между полюсите на етническата политика // The Turkish Population in Bulgaria between the Poles of Ethnic Policy. Sofia, 1998
Sabir Mammadli
BULGARIAN TURKS’ PRESS AS CRUCIAL INSTRUMENT IN NATIONAL STRUGGLE (1944-2010)
Abstract
This article, based on extensive factographic materials, examines the struggle of Bulgarian Turks for their national ideals from 1944 to 2010. In 1944, certain democratic principles were introduced in Bulgaria under the Dimitrov Constitution, enabling Turkic intellectuals to establish national schools, develop their native language, and organize broadcasts in Turkish. Publications such as Vatan, Ishık, and Dostluk emerged during this period. However, since 1958, the Bulgarian government began imposing restrictions on the Turkish population, obstructing national education, and implementing policies aimed at bulgarizing the Turks.
The article highlights the role of Turkic press outlets, including Rodop Mucadilesi, Tuna Dergisi, and Halk Davası, which advocated for national values and resisted these policies. Particular attention is given to the late 1980s, a period marked by the collapse of the socialist system and the national revival of Bulgarian Turks. This era saw the formation of a national movement, the emergence of numerous independent democratic press outlets, and the establishment of the Movement for Rights and Freedoms (MRF), which continues to represent the Turkish population in Bulgaria’s parliament and coalition government.
Keywords: Bulgarian Turks, press, national struggle, newspaper, native language
Сабир Меммедли
ПРЕССА БОЛГАРСКИХ ТУРКОВ КАК СРЕДСТВО НАЦИОНАЛЬНОЙ БОРЬБЫ (1944-2010)
Резюме
В статье на основе обширного фактографического материала отражается борьба турок Болгарии за национальные идеалы. В 1944 году в стране в соответствии с «конституцией Димитрова» некоторое время применялись демократические принципы, позволявшие турецкой интеллигенции открывать национальные школы, развивать родной язык, организовывать радиовещания на турецком языке. В этот период появились такие печатные издания, как «Vatan», «İşık», «Dostluk». Однако с 1958 года правительство Болгарии начало вводить ограничения в отношении турецкого населения, препятствовать национальному образованию и стремиться к «болгаризации» турок (Возродительный процесс).
На основе деятельности таких изданий, как «Rodop mücadelesi», «Tuna dergisi», «Halk davası» и других, в статье исследуется борьба турецкой прессы за национальные ценности. Особо подчеркивается, что в конце 1980-х годов, в период краха социалистической системы, начался процесс национального возрождения турок Болгарии. Сформировалось национальное движение, появились многочисленные независимые демократические органы печати. Движение турок Болгарии «За права и свободы» было представлено в парламенте страны, а его представители вошли в состав коалиционного правительства, активно служа национальным интересам.
Ключевые слова: турки Болгарии, пресса, национальная борьба, газета, родной язык