Pərvanə İBRAHİMOVA

Bakı Dövlət Universiteti, Beynəlxalq jurnalistika və

informasiya siyasəti kafedrası,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

(Bakı, Azərbaycan)

 

E-mail: pervanei@mail.ru

ORCID: 0000-0002-3611-0362

UOT 070

UOT 32

UOT 32:316.77

UOT 327

 

Xülasə: Türk dövlətlərinin regional və qlobal miqyasda bir güc kimi meydana çıxmasının simvoluna çevrilmiş İkinci Qarabağ zəfəri türk dünyasında yeni dövrün başlanğıcının əsasını qoymuşdur. Qələbədən sonra türk dövlətləri siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmış, Türk Dövlətləri Təşkilatı çərçivəsində və mövcud əməkdaşlıq platformaları vasitəsilə keçirilən diplomatik görüşlər intensiv xarakter almaqla yanaşı, media və kommunikasiya sahəsində yeni yanaşmaları şərtləndirmişdir. Məqalədə İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan və Türkiyənin təşəbbüsü ilə təsis edilən Ortaq Media Platformasının yaranma məqsədi, fəaliyyət istiqamətləri, türk dünyasının media sektoruna verəcəyi yeniliklər təhlil edilmişdir. Tədqiqatda habelə türkdilli dövlətlərin media subyektləri arasında məzmun paylaşma və həmin ölkələrin mədəniyyətlərini, tarixlərini və mövcud inkişaflarını qarşılıqlı şəkildə tanıtmaq məqsədi daşıyan ortaq yayım layihələrindən, sosial media və rəqəmsal platformaların türk xalqları arasında birbaşa ünsiyyəti və qarşılıqlı əlaqəni asanlaşdırmaqla media əməkdaşlığının yeni miqyasda davam etdirilməsinə verəcəyi töhfələrdən bəhs edilmişdir. Məqalədə birgə fəaliyyətin formaları və xarakterik xüsusiyyətləri təhlilə cəlb edilmiş, türk dövlətlərinin media və kommunikasiya sahəsində həyata keçirdikləri birgə layihələr ətraflı şəkildə araşdırılmışdır.

Açar sözlər: türk dövlətləri, Türkiyə-Azərbaycan Ortaq Media Platforması, media, vahid informasiya məkanı

 

 

GİRİŞ

İkinci Qarabağ müharibəsi türk dövlətləri arasında media əməkdaşlığının vacibliyini və zəruriliyini bir daha ortaya qoymuşdur. Müharibə dövründə və ondan sonra media qurumları arasında informasiya və xəbər mübadiləsi sürətlənmiş, birgə yayım layihələri və məzmun istehsalı ilə bağlı yeni təşəbbüslər həyata keçirilmişdir. Bu proses həm də türk dövlətlərinin media sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni mexanizmlərin hazırlanmasına zəmin yaratmış, vahid yayım standartlarının yaradılması, media sahəsində kadrların hazırlanması üçün əməkdaşlıq və qarşılıqlı səfərlər, texnoloji infrastrukturların gücləndirilməsi və rəqəmsal media sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ön plana çıxmışdır.

İkinci Qarabağ müharibəsindən sonra türk dövlətləri arasında media əməkdaşlığının genişlənməsi regional və beynəlxalq səviyyədə daha səmərəli kommunikasiya strategiyasının hazırlanmasına imkan vermişdir. Bu əməkdaşlıq sayəsində türk dünyasının ortaq səsi beynəlxalq platformalarda daha güclü rezonans doğurmuş, regional məsələlərlə bağlı ortaq münasibət və strategiyalar daha təsirli şəkildə təqdim edilmişdir. Bu amillər türk dövlətlərinin mədəni və strateji inteqrasiyasını daha da gücləndirmiş, media və kommunikasiya sahəsində qurulan əməkdaşlığın əhəmiyyətini və təsirini artırmışdır.

 

  1. Türk dövlətlərinin vahid informasiya məkanı: Türkiyə-Azərbaycan Ortaq Media Platforması

 

Türk dövlətləri vahid informasiya sferasının yaradılması istiqamətində Azərbaycan və Türkiyə hər zaman xüsusi təşəbbüs göstərmişdir. Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) yaradılması, Türkdilli Ölkələrin və Toplumların Media Forumlarının keçirilməsi bu ölkələrin informasiya resurslarının vahid şəbəkədə birləşməsi və xəbərlərinin mərkəzi platformada yayımlanması, ölkələr arasında daha sıx və dərin əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Bu sahənin inkişafı istiqamətində sistemli işlərin aparılması media sahəsində əlaqələrin genişlənməsinə mühüm töhfə verməklə yanaşı, dövrün tələblərinə uyğun olaraq yeni platformaların yarama zərurətini ortaya çıxarmışdır. 2020-ci ilin sentyabrın 7-də təsis edilən və həmin ilin dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında media əməkdaşlığını strateji səviyyəyə qaldıraraq birgə xəbər yayımını, proqram dəyişikliklərini və informasiya axınını asanlaşdıran struktur yaratmışdır. Platforma hər iki ölkənin media qurumlarının qarşılıqlı məzmun paylaşmasına və birgə layihələr hazırlamasına şərait yaratmaqla ortaq informasiya məkanının əsaslarını qoymuşdur. Bu əməkdaşlıq iki ölkə arasında əlaqələri gücləndirməklə yanaşı, digər türk dövlətləri arasında oxşar işbirliklərinin inkişafına təkan vermiş, türk mediasının qlobal informasiya məkanına inteqrasiyasını təşviq etməklə yanaşı, medianın üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək, müasir texnoloji inkişafın gətirdiyi yeniliklərə uyğunlaşmaq istiqamətində mühüm addımların atılmasına zəmin yaratmışdır. Ortaq Media Platforması ümumi mədəni dəyərlərin və tarixi irsin qorunması və təbliğində, regional və beynəlxalq məsələlərdə vahid mövqeyin gücləndirilməsində mühüm rol oynamışdır. Türkiyə və Azərbaycanın media sektorundakı inteqrasiyası hər iki ölkəyə beynəlxalq arenada öz səslərini effektiv şəkildə eşitdirməyə imkan vermiş, yumşaq güc imkanlarını artırmış, bununla belə, xalqlar arasında bilik və mədəniyyət mübadiləsini təşviq etməklə, qarşılıqlı anlaşma və həmrəyliyi dərinləşdirmişdir.

Türkiyə-Azərbaycan Ortaq Media Paltformasının yaradılması istiqamətində ilk addım 2020-ci il sentyabrın 7-də atılmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iki ölkə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək məqsədi ilə Türkiyəyə səfəri baş tutmuşdur. Birgə toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldiklərini açıqlamışdır [3].

Müxtəlif media subyektləri və media ekspertləri Türkiyə-Azərbaycan Ortaq Media Platforması haqqında razılığın əldə olunmasını media qurumları arasında əlaqələrin möhkəmlənməsinə, hər iki ölkənin üzləşdiyi qərəzli təbliğat və informasiyaya qarşı effektiv, çevik və operativ reaksiya verilməsinə, ictimaiyyətin düzgün və vaxtında məlumatlandırılmasına töhfə verəcək mühüm hadisə olaraq dəyərləndirmişdir. Bununla bərabər, Ortaq Media Platformasının strateji əhəmiyyətinə diqqət çəkilərək medianın cəmiyyəti istiqamətləndirmək və maarifləndirmək imkanları, hər iki ölkənin üzləşdiyi manipulyasiya xarakterli təbliğat və dezinformasiya kampaniyalarına qarşı faktların müdafiəsi və mənfi təsəvvürlərin neytrallaşdırılmasının vacibliyi, informasiya çirkliliyi ilə mübarizə ümumi yanaşma olaraq nəzərdən keçirilmişdir. Bu razılaşmanın əldə olunması informasiya müharibələrinə qarşı çıxmaq və iki ölkənin milli maraqlarını qorumaq üçün atılan strateji addım hesab olunmuşdur. Belə ki, Türkiyə-Azərbaycan Ortaq Media Platforması təkcə iki ölkə arasında əlaqələri gücləndirmək deyil, həm də regional və beynəlxalq səviyyədə baş verən hadisələrə koordinasiyalı reaksiya mexanizmi yaratmaq məqsədi daşımışdır [16].

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərdə strateji istiqamət olan media sektorunda əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyan Türkiyə-Azərbaycan Ortaq Media Platforması 2021-ci il fevralın 1-də Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinin dördüncü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir. Prezident İlham Əliyev 2021-ci il fevralın 18-də anlaşma memorandumunun təsdiq edilməsi barədə Qanunu imzalamış, Prezident Rəcəb Tayyib Ərdoğan isə 2021-ci il martın 20-də müvafiq qərarı təsdiqləmişdir. Anlaşma memorandumu rəsmi media qurumları arasında ortaq fəaliyyətin həyata keçirilməsini, beynəlxalq platformalarda rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılmasını və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasını, televiziya və kino sahələrində əməkdaşlığı, müxtəlif media və sənaye nümayəndələri arasında əməkdaşlığın qurulmasını, peşə hazırlığı və mübadilə proqramlarının təşkilini və eyni zamanda iki ölkənin fikir liderləri arasında səmərəli ünsiyyət körpüsü yaradılmasını hədəfləmişdir [7]. Memorandumun təsdiqindən sonra müəyyən edilmiş məqsədlərə çatmaq və hərtərəfli plan hazırlamaq üçün Türkiyə ilə Azərbaycan arasında Birgə İşçi Komissiyasının yaradılması nəzərdə tutulmuşdur [20].

Türkiyə-Azərbaycan Ortaq Media Platforması ilə bağlı materialların təhlili, mütəxəssis rəylərinin ümumiləşdirilməsinə görə, yeni resurs qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım və hər iki ölkənin strateji tərəfdaşlığının təzahürü kimi qiymətləndirilmişdir. Milli Məclisin deputatı Hikmət Babaoğlunun da qeyd etdyi kimi bu platforma hər iki dövlətin, əslində isə vahid millətin maraqlarını nəzərə alan uzunmüddətli planlaşdırma nəticəsində ortaya çıxmışdır. Babaoğluna görə, bu strateji birləşmə, informasiya və mədəniyyətin qlobal səviyyədə səmərəli yayılmasını təmin etməklə iki qardaş ölkənin öz maraqlarını beynəlxalq arenada daha güclü şəkildə təmsil etmələrinə şərait yaratmışdır. Xüsusən də Azərbaycan mediasının ənənəvi olaraq rus, türk mediasının isə ingilis və fransız media mühitində güclü nüfuza malik olduğu nəzərə alınarsa, bu birləşmə hər iki ölkənin informasiya maraqlarını geniş platformada təmsil etmək imkanlarını artırmışdır [21]. Milli Məclisin deputatı Arzu Nağıyev iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və cari problemlərin həlli yollarının tapılmasında platformanın mərkəzi rol oynayadığını ifadə etmiş və onu əməkdaşlığı daha da gücləndirən, qarşılıqlı anlaşma və ümumi maraqları möhkəmləndirən mühüm vasitə olaraq dəyərləndirmişdir [3]. Milli Məclisin deputatı Zahid Oruc sənədin iki ölkənin media sahəsində əlaqələrini inkişaf etdirməyə xidmət etdiyini bildirmiş, onu dezinformasiyaya qarşı birgə mübarizə üçün yaxşı platforma hesab etmişdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Azərbaycan və Türkiyə arasında istisadi, siyasi və hərbi sahədə əməkdaşlıq inkişaf etdirilib. İndiki saziş də bu istiqamətdə yeni addımdır. Bu sənəd milli informasiya məkanını qorumaqla yanaşı, beynəlxalq standartların öyrənilməsinə xidmət edəcək” [15]. Əməkdar jurnalist Faiq Hüsiyev isə platformanın gələcəkdə Mərkəzi Asiya ölkələri və rusdilli regionlarla əməkdaşlığı genişləndirmək potensialına malik olduğunu qeyd etmişdir. O, bu genişlənmənin türk dövlətlərinin qlobal informasiya sahəsində daha güclü birlik yaratmasına imkan verəcəyini vurğulamışdır [17].

Türkiyə ilə Azərbaycan arasında yaradılmış Ortaq Media Platforması türk dövlətləri arasında media əməkdaşlığının dərinləşə və genişləndirilə biləcəyinə dair model təşkil etmişdir. Bu nümunə digər türk dövlətlərini media və kommunikasiya sahəsində əməkdaşlığa ruhlandırmış, regional inteqrasiyanı gücləndirəcək daha çox təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratmışdır. Bu kontekstdə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də 2021-ci il aprelin 9-da Bakıda baş tutmuşdur. Həmin tarixdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədilə işçi qrupunun 8-ci iclası keçirilmişdir. İclasda Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Macarıstandan yüksək səviyyəli rəsmilər iştirak etmişdir. İclasın gündəliyinə yerli və beynəlxalq məlumatlılığın artırılması, 2021-2022-ci illər üçün Fəaliyyət Planının icrası, tarixi və mədəni layihələr, film çəkilişləri, media mütəxəssisləri üçün təlim kursları və mübadilə proqramları kimi müxtəlif mövzular daxil edilmişdir [13]. İclasdan bir gün sonra Türk Şurası informasiya və media üzrə məsul rəsmilərinin üçüncü toplantısı baş tutmuşdur. Toplantıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qeyd etdiyi kimi, 44 günlük Zəfər savaşında Türk Şurası Azərbaycana öz dəstəyini açıq şəkildə göstərmişdir. Toplantıda media əməkdaşlığının əsaslarının qoyulmasının və dezinformasiya ilə mübarizənin vacibliyi vurğulanmış, eyni zamanda sosial mediada saxta xəbərlərin yayılmasının çağımızın mühüm problemlərindən biri olduğu və Türk Şurası çərçivəsində bu məsələdə birgə fəaliyyət göstərməyin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Toplantıda müzakirə olunan digər mühüm məsələlərdən biri də media sahəsində əməkdaşlığın zəruri hüquqi bazasının müəyyənləşdirilməsi və qəbul edilən müvafiq sənədlərin praktikada genişləndirilməsi ilə bağlı olmuşdur. Toplantıda dezinformasiyaya qarşı mübarizədə türk dövlətlərinin ortaq media platforması vasitəsilə vahid səy göstərməli olduğu vurğulanmış, bunun türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinə əsaslanaraq qlobal çağırış və təhdidlərə qarşı durmaq imkanlarını artıracağı qeyd edilmişdir. Bu toplantı türk dövlətləri arasında birgə fəaliyyət planlarının həyata keçirilməsi, bilik və təcrübə mübadiləsinin asanlaşdırılması ilə yanaşı, mədəni-tarixi layihələrin həyata keçirilməsi, ümumi dəyərlərin qorunması və inkişafı baxımından da mühüm əhəmiyyət kəsb etmişdir [10].

Türk dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri də 2021-ci il sentyabrın 15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda baş tutan “Türkdilli ölkələrdə media. Yeni reallıqlar şəraitində əməkdaşlığın inkişafı” adlı dəyirmi masa olmuşdur. Beynəlxalq Türk Akademiyasının XVII Avrasiya Media Forumunun təşkilat komitəsi ilə birlikdə həyata keçirilən görüşdə informasiya və kommunikasiya sahəsində daha səmərəli əməkdaşlıq və koordinasiyanı təmin etmək üçün türk dövlətləri arasında ortaq media platformasının yaradılması təklifi irəli sürülmüş və Türkiyə-Azərbaycan Ortaq Media Platforması buna ən yaxşı nümunə olaraq göstərilmişdir. Görüşdə media və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı dəstəyin və inteqrasiyanın təşviq edilməsinin vacibliyi qeyd olunmuş, bu prosesin türk dövlətlərinə ortaq mədəni və tarixi dəyərlərinə əsaslanaraq daha güclü regional və beynəlxalq əlaqələr qurmağa imkan verəcəyi vurğulanmışdır. Görüşdə, həmçinin media sahəsində ortaq xəbər strategiyalarının hazırlanması, təlim və mübadilə proqramlarının təşkili kimi addımların atılması media əməkdaşlığının konkret yolları kimi qiymətləndirilmişdir. Görüşdə, eyni zamanda informasiya təhlükəsizliyi və yeni media trendləri kimi mühüm məsələlər ətrafında müzakirələr aparılmış, mədəni və tarixi irsin qorunmasına və beynəlxalq arenada səmərəli təmsil olunmasına imkan verəcək addımlar üzə çıxarılmışdır. Görüş, ümumiyyətlə, media sektoru üçün mövcud çağırışlar və imkanlar haqqında dərin dialoq təmin etməklə, türk dövlətləri arasında daha güclü media əməkdaşlığı və inteqrasiyası istiqamətində mühüm addım hesab olunmuşdur [12].

Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası 2021-ci il  oktyabrın 22-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən mediaforumu çərçivəsində gerçəkləşmişdir. “Bir millət, iki dövlət” yanaşması konteksində təşkil olunan bu görüş iki ölkənin media və kommunikasiya sektorlarında əməkdaşlığın artırılması istiqamətində mühüm addım hesab olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun rəhbərlik etdiyi iclasda ənənəvi və rəqəmsal media, strateji kommunikasiya və ictimai diplomatiya, dezinformasiya ilə mübarizə kimi məsələlərdə əməkdaşlıq və koordinasiyanın gücləndirilməsinin vacibliyi müzakirə edilmişdir. İclasda Ortaq Media Platformasının strukturu və fəaliyyəti ilə bağlı “xalq diplomatiyası”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşmə” komitələrinin yaradıldığı açıqlanmış, eyni zamanda Qarabağın işğaldan azad edilməsi prosesində media və kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanaraq xalq diplomatiyası vasitəsilə dezinformasiyaya qarşı mübarizədə səmərəli strategiyaların işlənib hazırlandığı bildirilmişdir [14]. Mediaforum çərçivəsində türkdilli dövlətlərin media qurumlarının rəhbər və təmsilçiləri, sosial media ekspertləri bir araya gələrək media əməkdaşlığının gücləndirilməsi, sosial media platformalarının tənzimlənməsi və media qurumları arasında texniki harmoniyanın təmin edilməsi kimi mühüm məsələləri müzakirə etmişlər. Nur-Sultanda olduğu kimi, burada da Türkiyə ilə Azərbaycan arasında yaradılmış ortaq media platformasının uğurları əsasında Türk Dövlətləri Media Platformasının yaradılması və hərtərəfli əməkdaşlığa keçid ideyası dəstəklənmişdir. Forum iştirakçılarına görə, Türkiyə və Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı qurduğu ortaq media platforması dezinformasiya kampaniyalarına qarşı effektiv mübarizə nümayiş etdirərək dünya ictimaiyyətinin həqiqəti görməsinə şərait yaratmışdır. Bu platforma informasiya müharibəsində mühüm qələbə qazanaraq Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək uğrunda apardığı mübarizəyə mühüm dəstək vermişdir [9].

2022-ci il mayın 14-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısı da türk dünyasının media və kommunikasiya sahələrində əməkdaşlığın gücləndirilməsi və mövcud problemlərin ortaq həlli yollarının tapılması istiqamətində mühüm addım olmuşdur. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Türkiyə Media Platformasının fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin bütün təkliflərə açıq olduğunu, TDT-yə daxil digər qardaş və dost ölkələrlə də informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir [11]. Toplantıda diqqət mərkəzində olan məsələlərdən biri də sosial mediada dezinformasiyaya qarşı mübarizə olmuş və türk dünyasının saxta informasiyalara qarşı birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanmışdır. Bu kontekstdə Qarabağ müharibəsi zamanı sosial mediada nümayiş olunan həmrəyliyin və informasiya cəbhəsindəki mübarizənin qələbəyə töhfəsinə diqqət çəkilmişdir. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirmişdir ki, sosial mediada dezinformasiya ilə mübarizə toplantının əsas mövzularındandır. Bu çağırışla birgə mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir. Bundan əlavə, toplantıda televiziya və kino sahəsində birgə layihələrin hazırlanması, Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası kimi məsələlər də gündəmə gətirilmişdir. Media və informasiya texnologiyaları sahəsində əməkdaşlığın təkcə regional deyil, həm də qlobal səviyyədə vacibliyini qeyd edən görüş iştirakçıları “Türk Dünyasına Baxış 2040” sənədinin qəbulunu bu aspektdən yüksək dəyərləndirmişdir [11].

 

  1. Türk dövlətlərinin media və kommunikasiya siyasətinin genişləndirilməsi istiqamətində növbəti mərhələ: qarşılıqlı səfərlər, birgə layihələr

 

Türk dövlətlərinin media və kommunikasiya sahəsində əməkdaşlığı müəyyən təşkilatların fəaliyyət çərçivələri ilə yanaşı, həm də ayrı-ayrılıqda, ikitərəfli və çoxtərəfli görüşlər şəklində davam etdirilmişdir. 2022-ci il iyunun 17-də Bakıda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikası İnformasiya Komitəsinin sədri Kanat İskakov arasında iki ölkə arasında media sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi ilə görüş keçirilmişdir. MEDİA-nın icraçı direktoru ölkələr arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərə söykənən əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirmişdir. Kanat İskakov isə Qazaxıstanda media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat vermiş, Azərbaycanın “Media haqqında” qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. Görüşdə, həmçinin iki ölkənin informasiya sahəsində əməkdaşlığının dərinləşdirilməsi, media qurumları arasında daha səmərəli əməkdaşlıq platformasının yaradılması kimi məsələlər müzakirə edilmişdir [4]. Azərbaycan və Qazaxıstan rəsmiləri arasında keçirilən görüş iki ölkənin media və informasiya sahəsində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində konkret addımlar atmaq üçün mühüm imkanlar yaratmaqla yanaşı, həm də türk dünyasının digər ölkələri ilə oxşar əməkdaşlığın inkişafında nümunə olmuşdur.

Türk dövlətlərinin media və kommunikasiya siyasətinin genişləndirilməsi istiqamətində növbəti mərhələ 2023-cü il aprelin 24-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Türk Dövlətləri Təşkilatına üzv ölkələrin jurnalistləri və media mütəxəssisləri üçün birgə təşkil etdiyi təlim proqramı vasitəsilə reallaşmışdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə media ekspertlərinin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin çoxtərəfli əlaqələri gücləndirmək məqsədi daşıyan proqramın açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd etmişdir ki, “Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə verməkdədir və hazırkı layihə media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, müxtəlif ortaq platformalar vasitəsilə ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaqdır” [6]. Jurnalistika və media ekspertizası sahəsində aktual problemləri, müasir qlobal media trendlərini, media-kommunikasiya strategiyalarını, onlayn mediada saxta xəbərləri, dezinformasiya və nifrət nitqi kimi kritik məsələləri əhatə edən proqram Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media mütəxəssislərinin peşəkar inkişafını təmin etməklə yanaşı, həm də bu ölkələrin media sektorlarını bir-birinə yaxınlaşdıran körpü rolunu oynamışdır.

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin “Albayrak” Media Qrupunun ortaq layihəsi olan “Türk Dünyası” (Turkic.World) media platformasının fəaliyyəti əməkdaşlığın növbəti uğurlu mərhələsi olmuşdur. Platformanın yeni ofisinin açılışı mərasimində qurum mərkəzinin Bakıda yerləşməsi, Qazaxıstan və Qırğızıstanın dövlət xəbər agentliklərinin layihəyə cəlb olunması türk dünyasının birliyinə və ortaq dəyərlərinə sadiqliyin göstəricisi olaraq dəyərləndirilmişdir. Mədəni, sosial və iqtisadi əməkdaşlığı inkişaf etdirmək, dünya miqyasında ümumi tarixi və mədəni irsi təbliğ etmək və cari problemlər barədə məlumatlılığı artırmaq məqsədilə yaradılan bu platformanın Bakıda yeni ofisinin açılması bu məqsədlərə çatmaqda mühüm mərhələ kimi qiymətləndirilmişdir [18]. İstanbulda “Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin “Dəmirörən” İnformasiya Agentliyinin (DHA) birgə təşəbbüsü olan “www.dhapress.com” media platformasının istifadəyə verilməsi iki qardaş ölkənin informasiya və kommunikasiya sahəsində daha da yaxınlaşmasının rəmzi olmaqla Azərbaycan və Türkiyə arasında media əməkdaşlığına yeni rəng qatmışdır. Ölkələr arasında onsuz da möhkəm olan əlaqələr bu platformanın yaradılması ilə daha da möhkəmlənmiş, media və kommunikasiya sahəsində yeni birgə layihələrə yol açmışdır. Yeni platforma Azərbaycan və Türkiyə daxilində, eləcə də türk dünyasında və beynəlxalq ictimaiyyətdə doğru və etibarlı xəbərlərin yayılmasında, məlumat axınının təmin edilməsində mühüm mənbə olma potensialına sahib ola biləcək bir platforma olaraq dəyərləndirilmişdir. “www.dhapress.com” iki qardaş ölkənin media əməkdaşlığını daha da gücləndirəcək və iki ölkənin ortaq dəyərlərinin, mədəniyyətinin və tarixinin dünya miqyasında təbliğinə töhfə verəcək bir təşəbbüs kimi ön plana çıxmışdır [5]. 2023-cü il oktyabrın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 5-ci toplantısı keçirilmişdir. Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altinbek Maksutovun moderatorluğu ilə keçirilən toplantıda türk dövlətləri arasında media və informasiya sahəsində ortaq maraqların qorunması və dəstəklənməsi üçün strateji yanaşmanın vacibliyi qeyd olunmuşdur. Toplantıda dezinformasiyaya qarşı mübarizədə türk dünyasının birgə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanmış, həmçinin media sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlərin imzalanması, təcrübə mübadiləsi və media mütəxəssisləri arasında həmrəyliyin artırılması kimi məsələlər müzakirə edilmişdir. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov türkdilli ölkələrə dair məlumatların beynəlxalq auditoriyaya operativ və düzgün formada çatdırılması üçün türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac olduğunu qeyd etmiş, türk dövlətlərinin yerləşdiyi coğrafiyanın həqiqətlərinin işıqlandırılması və obyektiv informasiya təminatının həyata keçirilməsi üçün peşəkarlığın və sayıqlığın artırılmasının vacibliyini diqqətə çatdırmış, toplantını türk dünyasında media və informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi xarakterizə etmişdir [8]. Toplantı çərçivəsində ənənəvi mövzularla yanaşı, süni intellekt və hibrid müharibələrin üstünlükləri və mənfi cəhətləri kimi aktual məsələlər müzakirə olunmuşdur. Belə ki, “ChatGPT süni intellekt tətbiqi timsalında süni intellektin üstünlükləri və çatışmazlıqları” adlı sessiyada süni intellektin media sektoruna təsiri və potensial faydaları, “Hibrid müharibələr təhlükəsizlik kimi” adlı sessiyada isə mövcud təhlükələr və media sektorunun həmin təhlükələrə qarşı edə biləcəyi tədbirlər müzakirə edilmişdir. Toplantı ümumilikdə, TDT-yə üzv ölkələrin media və informasiya sahəsində əməkdaşlığı gücləndirmək, birgə layihələr həyata keçirmək və regional kommunikasiyanı artırmaq əzminin göstəricisi olaraq xarakterizə edilmişdir. Media sektorunda informasiya və texnologiya paylaşımını təşviq etmək, mövcud təhdidlərə qarşı ortaq strategiyalar hazırlamaq və beynəlxalq miqyasda daha effektiv ünsiyyət qurmaq üçün atılan addımlar türk dünyasının birliyini və həmrəyliyini daha da gücləndirmişdir [19]. Bu kontekstdə 2023-cü il noyabrın 6-da Anadolu Agentliyi (AA) tərəfindən İstanbulda təşkil edilən “Türkiyə Xəbər Agentlikləri Media Zirvəsi: mediada birlik və gələcəyə baxış” proqramı türk dövlətlərinin media agentlikləri arasında yeni birliyin qurulmasında mühüm dönüş nöqtəsi olmuş və Türk Xəbər Agentlikləri Birliyi yaradılmışdır. Təşkilatın ilk ümumi iclasında AzərTAC-ın Qlobal kommunikasiyalar və informasiya şöbəsinin rəhbəri Elşən Şahbalayev birliyin baş katibi, Anadolu Agentliyinin idarə heyətinin sədri və baş direktoru Sərdar Karagöz isə birliyin ilk dövr üçün prezidenti seçilmişdir. Karagöz bu yeni vəzifədə birliyi güclü və funksional hala gətirməyi hədəflədiyini bildirərək, onun təkcə yaradılmasının deyil, həm də səmərəli fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır. İclasın əsas gündəliyi dezinformasiya ilə mübarizə, məzmun və qarşılıqlı təcrübə mübadiləsi kimi məsələlərdə əməkdaşlıq yollarını araşdırmaq olmuş və Karagöz Anadolu Agentliyinin dünya səviyyəsində istehsal etdiyi geniş məzmun portfelinin digər xəbər agentlikləri ilə paylaşılmasının və əməkdaşlıq vasitəsilə keyfiyyətinin artırılmasının vacibliyini qeyd etmişdir. Bundan əlavə, iclasda birlik daxilində ən yaxşı xəbərlərə mükafatların verilməsi, internet saytının yaradılması və loqo dizaynı kimi korporativ imicin formalaşdırılması səyləri müzakirə edilmişdir. İclasdan sonra isə Anadolu Agentliyi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC), eyni zamanda Qırğızıstan Milli Xəbər Agentliyi (Kabar) arasında əməkdaşlıq protokolları imzalanmışdır [1].

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2024-cü il martın 11-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin və əməkdaşlığın inkişafında yeni səhifə açmışdır. Səfər zamanı prezidentlər arasında mühüm razılaşmalar əldə olunmuş, iki ölkə arasında bir sıra yeni əməkdaşlıq sazişləri imzalanmışdır. İmzalanan sənədlərdə kiçik və orta sahibkarlığın inkişafı, enerji sektorunda strateji əməkdaşlıq, investisiya holdinqləri arasında strateji tərəfdaşlıq, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq sazişləri kimi müxtəlif məsələlər öz əksini tapmışdır. Həmin sənədlər arasında xüsusilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezident yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktoru Askar Umarov arasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”nun imzalanması media sahəsində əməkdaşlığın artırılması və medianın inkişafına töhfə vermək məqsədilə diqqət çəkmişdir. Bu saziş informasiya mübadiləsini asanlaşdırmaq, media sektorunda təlim və təcrübə mübadiləsini təşviq etmək və iki ölkənin media qurumları arasında daha sıx əməkdaşlıq qurmaq məqsədi daşımışdır. Bu sazişlər iki ölkə arasındaki əlaqələrin təkcə iqtisadi və strateji ölçülərlə məhdudlaşmadığını, həm də mədəniyyət, təhsil, media kimi müxtəlif sahələrdə dərinləşdiyinin bir göstəricisi olmuşdur [2].

 

NƏTİCƏ

İkinci Qarabağ müharibəsi və ondan sonrakı proseslər türk dövlətlərinin media sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni mexanizmlərin hazırlanmasına yol açmışdır. Türkiyə-Azərbaycan Ortaq Media Platforması iki ölkə arasında media əməkdaşlığını strateji səviyyəyə çıxararaq, birgə xəbər yayımını və məlumat axınını asanlaşdıran bir struktur yaratmışdır. Bu platforma hər iki ölkənin media qurumlarının qarşılıqlı məzmun paylaşmasına və birgə layihələr hazırlamasına imkan verməklə ortaq informasiya məkanının əsasını qoymuş,informasiya-kommunikasiya texnologiyalarının inkişafı və sosial medianın təsirini nəzərə alaraq, ortaq dəyərlərin, tarix və mədəniyyətin beynəlxalq səviyyədə daha səmərəli şəkildə təbliğinə imkan yaratmışdır. Ortaq Media Platforması iki ölkə arasında əlaqələri gücləndirməklə yanaşı, digər türk dövlətləri arasında da oxşar əməkdaşlığın inkişafına təkan vermiş, türk dünyasının ortaq səsinin beynəlxalq platformalarda daha güclü əks-səda doğurmasına, regional məsələlərlə bağlı birgə yanaşma və strategiyaların daha effektiv şəkildə təqdim olunmasına şərait yaratmışdır. Azərbaycan və Türkiyənin öncüllük etdiyi, digər türk dövlətlərinin iştirakı ilə inkişaf etdirilən bu əməkdaşlıq media və kommunikasiya sahəsində ortaq dəyər və məqsədlər ətrafında birləşərək, türk dünyasının qlobal arenada daha güclü birlik və həmrəylik nümayiş etdirməsinə imkan vermişdir.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

  1. APA. (2023). “İstanbulda Türk Xəbər Agentlikləri Birliyi yaradılıb. URL: https://apa.az/media/istanbulda-turk-xeber-agentlikleri-birliyi-yaradilib-794220
  2. APA. (2024). “Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub”. URL: https://apa.az/resmi-xeber/azerbaycan-qazaxistan-senedlerinin-imzalanmasi-merasimi-olub-yenilenib-foto-828333
  3. Aslan, A. (2020). “Azərbaycan-Türkiyə media platformunun perspektivləri–Ortaq dil, yeni üzvlər, koordinasiya mərkəzi…”. URL: https://modern.az/news/255049/
  4. AZƏRTAC. (2022). “MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib”. URL: https://azertag.az/xeber/media_da_qazaxistan_respublikasinin_informasiya_komitesinin_sedri_ile_gorus_kechirilib-2182676
  5. AZƏRTAC. (2023). “İstanbulda “Trend” BİA və DHA-nın birgə layihəsinin təqdimatı olub”. URL: https://azertag.az/xeber/istanbulda_trend_bia_ve_dha_nin_birge_layihesinin_teqdimati_olub-2786437
  6. AZƏRTAC. (2023). “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media mütəxəssisləri üçün silsilə təlimlərə start verilib”. URL: https://azertag.az/xeber/turk_dovletleri_teskilatina_uzv_dovletlerin_media_mutexessisleri_uchun_silsile_telimlere_start_verilib-2584697
  7. E-qanun.az. (2021). “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”. URL: https://e-qanun.az/framework/46888. 2021
  8. Quluzadə, N. (2023). “TDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilib”. URL: https://report.az/media-xeber/tdt-olkeleri-media-sahesinde-emekdasliq-uzre-bir-sira-senedler-imzalayib/
  9. Liftiyeva, N. (2021). “Türkdilli dövlətlərin vahid media platforması nə vəd edir?”. URL: https://www.musavat.com/news/turkdilli-dovletlerin-vahid-media-platformasi-ne-ved-edir_840064.html
  10. Medeniyyet. az. (2021). “Bakıda Türk Şurası ölkələrinin informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib”. URL: https://medeniyyet.az/page/news/56811/Bakida-Turk-Surasi-olkelerinin-informasiya-ve-media-uzre-mesul-resmilerinin-toplantisi-kecirilib.html?lang=az
  11. Məlikova, G. (2022). “İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul şəxslərin 4-cü toplantısı keçirilib”. URL: https://azertag.az/xeber/istanbulda_turk_dovletleri_teskilatinin_media_ve_informasiya_uzre_mesul_sexslerin_4_cu_toplantisi_kechirilib_video-2134742
  12. Modern. az. (2021). “Türk dünyasında vahid informasiya məkanının yaradılması perspektivləri”. URL: https://modern.az/aktual/307538/turk-dunyasinda-vahid-informasiya-mekaninin-yaradilmasi-perspektivleri/
  13. Modern.az. (2021). “Türk dövlətlərin informasiya və media nazirləri Bakıda toplaşdılar”. URL: https://modern.az/az/news/285268/turk-dovletlerin-informasiya-ve-media-nazirleri-bakida-toplasdilar-foto
  14. Modern.az. (2021). “Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası”. URL: https://modern.az/news/313072/
  15. Oruc, Z. (2021). “Bu sənəd beynəlxalq standartların öyrənilməsinə xidmət edəcək”. URL: https://publika.az/news/nida_xeber/344937.html
  16. Orucova, N. (2020). “Türkiyə-Azərbaycan Media Platforması: Geniş fikir, təcrübə mübadiləsi”. URL: https://ikisahil.az/post/167133-turkiye-azerbaycan-media-platformasi-genish-fikir-tecrube-mubadilesi
  17. Rəhimov, A. (2021). “Media platforması sayəsində ortaq türk dili ərsəyə gələ bilər”. URL: https://bizim.media/az/cemiyyet/9189/
  18. “Respublika” qəzeti. (2023). “Bakıda “Türk Dünyası” media platforması ofisinin açılışı olub”. URL: https://respublika-news.az/news/bakida-turk-dunyasi-media-platformasi-ofisinin-acilisi-olub
  19. TRT Azerbaycan. (2024). “TDT ölkələri media sahəsində əməkdaşlıqlarını artıracaqlar”. – https://www.trt.net.tr/azerbaycan/aktual/2023/10/17/tdt-olk-l-ri-media-sah-sind-m-kdasliqlarini-artiracaqlar-2052069
  20. Trend.az. (2021). “Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb”. URL: https://az.trend.az/azerbaijan/politics/3373730.html
  21. Yeniazaerbaycan.com. (2020). “Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır”. URL: https://www.yeniazerbaycan.com/Siyaset_e55099_az.html

 

 

Parvana Ibrahimova

FACTORS UNDERPINNING CREATION OF TURKISH-AZERBAIJANI JOINT MEDIA PLATFORM

 Abstract

 

The victory in the Patriotic War (Second Karabakh War), symbolizing the emergence of Turkic-speaking states as both regional and global powers, marked the beginning of a new era in the Turkic world. Following this victory, Turkic-speaking countries have taken significant steps to expand political, economic, and cultural cooperation. Diplomatic meetings, held within the framework of the Organization of Turkic States and existing cooperation platforms, have intensified, prompting new approaches in media and communication.

This article analyzes the objectives behind the creation of the Turkish-Azerbaijani Joint Media Platform, initially established by Azerbaijan and Türkiye prior to the Second Karabakh War. It examines the platform’s activities and its anticipated contributions to the media landscape of the Turkic world. The study discusses joint broadcasting projects aimed at sharing content among the media sectors of Turkic-speaking countries and fostering mutual promotion of their cultures, histories, and contemporary developments. Furthermore, the role of social media and digital platforms in enhancing media cooperation is explored, emphasizing how they facilitate direct communication and interaction among Turkic-speaking peoples.

The article also delves into the forms and characteristics of collaborative media efforts, providing a detailed examination of joint projects implemented by Turkic-speaking countries in the field of media and communication.

Keywords: Turkic-speaking countries, Türkiye-Azerbaijan Joint Media Platform, media, unified information space

 

 

Парвана Ибрагимова

ФАКТОРЫ, ОБУСЛАВЛИВАЮЩИЕ НЕОБХОДИМОСТЬ СОЗДАНИЯ СОВМЕСТНОЙ ТУРЕЦКО-АЗЕРБАЙДЖАНСКОЙ МЕДИАПЛАТФОРМЫ

 Резюме

 

Победа в 44-дневной Отечественной войне (Вторая Карабахская война), ставшая символом усиления роли тюркоязычных государств как региональной и мировой силы, ознаменовала начало новой эпохи в тюркском мире. Вслед за этой победой тюркоязычные страны предприняли значительные шаги по расширению политического, экономического и культурного сотрудничества. Интенсификация дипломатических встреч в рамках Организации тюркских государств (ОТГ) и существующих платформ сотрудничества привела к разработке новых подходов в области средств массовой информации и коммуникации.

В статье анализируется цель создания совместной медиаплатформы, инициированной Азербайджаном и Турцией перед Второй Карабахской войной, её направления деятельности и инновации, которые она может внести в медиа-сектор тюркского мира. Особое внимание уделяется совместным вещательным проектам, ориентированным на обмен контентом между медиаструктурами тюркоязычных стран, а также на продвижение их культуры, истории и актуальных событий. Также рассматривается роль социальных сетей и цифровых платформ, способствующих укреплению сотрудничества между СМИ, упрощению прямого общения и укреплению взаимодействия между народами тюркоязычных стран.

В исследовании проанализированы формы и характерные особенности совместной деятельности в сфере медиа, а также детально изучены реализуемые проекты тюркоязычных стран в области коммуникации и средств массовой информации.

 Ключевые слова: тюркоязычные страны, совместная турецко-азербайджанская медиаплатформа, СМИ, единое информационное пространство

---------------