Aqil ƏHMƏDOV

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin

aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

(Bakı, Azərbaycan)

 

E-mail: agilahma@gmail.com

ORCİD: 0000-0002-9212-5147

 

Xülasə. Dövlətlərin daxili və xarici siyasətində, milli təhlükəsizliyinin qorunmasında miqrasiya kimi həssas və qlobal proseslər mühüm rol oynayır. Bu baxımdan, məqalə müasir beynəlxalq münasibətlər tarixində zəif öyrənilən, əhalinin “mütərəddid”, yaxud “rəqqas formalı” miqrasiyasının nəzəri aspektlərinə və praktik əhəmiyyətinə həsr olunmuşdur. Bu məqsədlə yerli və xarici mütəxəssislərin əsərlərinə müraciət olunaraq, faktoloji materiallar əsasında qeyd olunan miqrasiya növünün ümumi mənzərəsi təhlil edilmişdir. Elmi tədqiqat işində miqrantların yaxın məntəqələr arasında müntəzəm hərəkətliliyi və şəhər aqlomerasiyasında, eləcə də qəsəbə və kəndlərdə proseslərin davam etdiyi göstərilmişdir. Mövcud sahədə regional və beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq olunmasının əhəmiyyəti, sosial-iqtisadi faydaları geniş şərh olunmuşdur. Xüsusilə inkişaf etmiş bəzi Qərbi Avropa dövlətlərinin adları çəkilərək, onların “rəqqas formalı” miqrasiya sahəsində əldə etdikləri uğurlara diqqət yetirilmişdir. Tədqiq olunan miqrasiya forması ilə yanaşı, digər 12 miqrasiya növünün adları qeyd olunaraq araşdırmada elmi-nəzəri əhəmiyyəti əsaslandırılmışdır. Həmçinin, Azərbaycan Respublikasının miqrasiya siyasəti sahəsində qazandığı mütərəqqi təcrübəyə də toxunulmuşdur.

 Açar sözlər: miqrasiya, tarix, regional, beynəlxalq, miqrant, dövlətlər, sosial, siyasət

 

 

Giriş

 

Mühacirət, digər adı ilə miqrasiyalar XXI əsr insanının həyatında mühüm rol oynayan hərəkətlilik kimi populyarlığını artırmağa davam edir. Bu baxımdan, beynəlxalq və regional olmaqla, qloballaşan dünyada miqrasiyanın nəzəri aspektləri və praktik (sosial-iqtisadi) əhəmiyyəti aktual olaraq qalır. Bir sıra forma və növləri tədqiqatçılar tərəfindən araşdırılan bu prosesdə məcazi mənada işlənən “mütərəddid”, digər adı ilə “rəqqas formalı” miqrasiya insanların müntəzəm qarşılaşdığı və sıxlıqla müşahidə olunan hərəkətlilik kimi diqqət çəkir.

Ərəb dilində “tərəddüd edən” mənasında işlədilən “mütərəddid” miqrasiya və bu prosesdə iştirak edən miqrantların müntəzəm hərəkətliliyi sanki yekdil qərar verəməkdə çətinlik çəkən şəxs kimi gedib yenidən geri qayıdana bənzədilir. İngilis dilində “pendulum migration”, rus dilində isə “маятниковая миграция” adlanır və eyni kontekstdə istifadə olunur. Burada söhbət yaxın məntəqələr arasında, hər gün miqrantların evdən çıxıb işə getməsi və geri qayıtması, nəticə etibarilə bunun intensiv xarakter almasından gedir. Yəni daimi gediş və qayıdış “tərəddüd edənlə” yanaşı, həmçinin “rəqs edən” insana da bənzədilmişdir.

Miqrasiyanın mövcud növü müasir beynəlxalq münasibətlər tarixində, eləcə də regional və dövlətdaxili sosial-iqtisadi, siyasi proseslərdə zəif tədqiq olunan istiqamətlərdən biri olub, müasir insanın həyatında az əhəmiyyət daşımır. Qeyd edilən miqrasiya növünə yaxın olan digər formalar – “qərarsız”, “get-gəl”, “kəfkirli” miqrasiyalar da eyni mahiyyət kəsb edir, gündəlik gediş-gəlişlərlə müşahidə olunur. Göründüyü kimi, göstərilən terminlər “mütərddid”, yəni “rəqqas formalı” miqrasiyanın qeyd olunan sinonimlərini əhatə edir. Burada “kəfkirli” saat kəfkirinə bənzədilir və davamlı hərəkətdədir, gündəlik işə gediş və geri dönüşü simvolizə edir. Ümumilikdə “mütərəddid” miqrasiya növü sərhədlər arasında da baş verməkdədir. Hər gün işə gediş və qayıdış uzunmüddətli olsa da, bəzi hallarda həftəlik də baş verə bilər.

Hər gün yenilənən, innovativ xarakter daşıyan qlobal prosesdə qeyd olunan miqrasiya növü bununla məhdudlaşmır. Həmçinin, miqrasiya proseslərində regional və beynəlxalq hərəkətlilik müşahidə edilir. Bu hərəkətlilik və sıxlığı tədqiq etmək, ölçmək üçün digər miqrasiya formalarını da nəzərdən keçirmək tədqiqat işinin elmi-nəzəri, eləcə də praktik əhəmiyyətinin dəyərləndirilməsində faydalı ola bilər.

Bu məqsədlə miqrasiya növlərinin aşağıdakı kimi sistemləşdirilməsi geniş yayılmışdır:

  • daxili;
  • xarici;
  • biristiqamətli (geri dönməyi nəzərdə tutmayan);
  • daimi yaşayış yerinə emiqrasiya;
  • müvəqqəti (qayıdışı nəzərdə tutan);
  • uzunmüddətli (6 aydan çox müddətdə davam edən);
  • mövsümi;
  • köçərilik və ziyarət məqsədli;
  • epizodik;
  • tranzit (sərhədyanı);
  • məcburi (obyektdən asılı olmayan səbəblərdən baş verən miqrasiya);
  • əks istiqamətli, dönüş məqsədli miqrasiya (özünün və ya dövlətin təşəbbüsü ilə dönüşü nəzərdə tutan miqrasiya növü) [2, s. 14-15].

Dünyanın dörd bir tərəfində müşahidə edilən miqrasiya müasir dövrdə miqyasını genişləndirmiş, nəzəri və praktik aspektlərinin öyrənilməsi onun növlərinin meydana çıxmasını şərtləndirmişdir. Yuxarıda sadalanan miqrasiya növləri tədqiqat obyektinə çevrilən hazırkı mövzu kimi, praktikada geniş yayılmış və əmək miqrasiyasına qoşulmuş miqrantların bütün hallarda proseslərdə uzun və qısamüddətli yaxından iştirakı, daimi gediş və qayıdışı nəzərdə tutan “mütərəddid”, “rəqqas formalı” miqrasiyanın baş verdiyini təsdiq edir. Haqqında tədqiqat apardığımız miqrasiyanın dövlətlərin daxili siyasətində daha çox rast gəlindiyini göstərməklə, sosial-iqtisadi və milli təhlükəsizlik kimi məsələlər də mövcud şəraitdə elmi diskussiyaya yol açır. Miqrasiyaların çeşidliliyi onların xarakterini üzə çıxarır və nisbətən böyük şəhərlərdə və ya qəsəbələrdə fərqli təzahür etdiyini əks etdirir.

Mövzu ilə bağlı tarixi, sosioloji, siyasi, iqtisadi, hüquqi araşdırmalara XX əsrin ortalarından daha çox müraciət olunmağa başlanılmış, əsasən sovet dövründə məsələyə elmi-nəzəri yanaşma tələb edən tədqiqatlar  yerinə yetirilmişdir. Tədqiqatın tarixşünaslığına nəzər salaraq, mövzuya yaxın araşdırma aparan alimlərin gəldikləri qənaətlər və elmi nəticələr “mütərəddid”, “rəqqas formalı” miqrasiya proseslərinin göstərilən nəzəri aspektlərinin və praktik əhəmiyyətinin aydınlaşması baxımından mühüm rola malikdir.

“Mütərəddid” əhali miqrasiyasının öyrənilməsinə həsr olunmuş ilk əsərlər sovet dövründə 1960-cı illərin ikinci yarısı, 1970-ci illərin əvvəllərində ortaya çıxmışdır. Beləliklə, “mütərəddid” miqrasiyanın iqtisadi və demoqrafik aspektləri A.G.Vişnevski, M.V.Kurman, V.N.Lixoded, İ.M.Taborisskayanın əsərlərində öz əksini tapmışdır. Nəqliyyat və məskunlaşmanın qarşılıqlı təsirindəki rolu G.A.Goltz və İ.G.Hasdan tərəfindən göstərilmişdir. “Mütərəddid”, yaxud “rəqqas formalı” miqrasiyanın coğrafi aspektləri, keçmiş SSRİ-nin şəhər məskunlaşma sisteminin formalaşması prosesləri B.S.Xorev və A.X.Markso tərəfindən araşdırılmışdır [25, s.57]. Göründüyü kimi, yaxın tarixdə mövzu ilə bağlı yerinə yetirilən tədqiqatlar yaşadığımız müasir dövrdə də aktuallığını qorumuş, mövcud sahəyə maraq azalmamışdır. Burada azərbaycanlı alimlərdən M.Sərdarov, F.Abdullayev, E.Nəsibov, A.Aslanova, türk tədqiqatçılardan S.Çağlayan, E.Dağaşan, K.Kolbaşı, eləcə də ingilisdilli gənc tədqiqatçılardan H.Haas, Y.Voloshyna və digərlərinin əsərlərində “mütərəddid”, “rəqqas formalı” miqrasiya ilə bağlı qeydlərə rast gəlinir.

Aparılan tədqiqatlarda coğrafi, iqtisadi, demoqrafik, şəhər məskunlaşması və nəqliyyat aspektləri əsas alınmışdır. Sovet məkanında, ardınca postsovet və Müstəqil Dövlətlər Birliyi dövründə, həmçinin regional və beynəlxlaq səviyyədə “mütərəddid” miqrasiya istiqamətində aparılan tədqiqatlar mövcud miqrasiya növü ilə bağlı yeni məlumatların və tədqiqatların yaranmasına müsbət təsir göstərir. Tarixi, sosial-iqtisadi və demoqrafik aspektlərin öyrənilməsi bizə imkan verir ki, “mütərəddid” miqrasiya daha yaxşı anlaşılsın, mövcud kontekstdə müxtəlif sahələri tədqiq edən alimlərin fikirlərinin elmi diskussiya üçün faydalı olması müəyyən edilsin.

 

  1. “Mütərəddid” miqrasiyanın məntəqələrarası hərəkətliliyi

 

1.1 Problemlər və təhlil

 

“Mütərəddid” miqrasiyanın məntəqə- lərarası hərəkətliliyinin və ya gediş-gəlişlər zamanı əhali sıxlığının ölçülməsi müntəzəm baş verən prosesdə yarana biləcək problemlərin, həmçinin mövzu ilə bağlı digər məsələlərin təhlilinin vacib olduğunu göstərir. Burada nəzəri aspektlər və praktik əhəmiyyətin şəhər, qəsəbə, kənd, yaxud sərhədlərarası hərəkətlilikdə fərqli şəkildə təzahür etdiyi məlum olur. Belə olduğu təqdirdə, miqrasiya proseslərində demoqrafik faktor, yəni əhalinin say tərkibinin nəzərə alınması tədqiqata işıq tutur.

Miqrasiya demoqrafik inkişafın ən vacib amilidir. Müasir dünyada kəmiyyət və keyfiyyət parametrlərində, habelə miqrasiya axınlarının istiqamətindəki vektorlarda dəyişikliklər, onların yeni növlərinin meydana çıxması (elmi kadrların, korporativ menecerlərin miqrasiyası) müşahidə olunur [22, s.206]. Demoqrafiya və miqrasiya bir-birilə vəhdət təşkil edir. Əhalinin sıxlığı ilə müşahidə olunan gediş və gəlişlər daxili miqrasiya proseslərində “mütərəddid”, yəni “rəqqas formalı” miqrasiyanın müsbət inkişaf tendensiyası kimi tədqiqatçıların diqqətindən yayınmır. Burada həm kəmiyyət, həm də keyfiyyət mövcuddur. Keyfiyyət kəmiyyətdən hər zaman öndə gəlməklə miqrasiya növlərinin meydana çıxmasına kömək edir. Əhalinin say tərkibinin öyrənilməsi paralel olraq iş yerləri arasında intensiv hal alan hərəkətin sürətini müəyyənləşdirir.

“Mütərəddid” əmək miqrasiyası əhalinin bir bölgədən digərinə gündəlik gediş-gəlişini təmsil etməklə, hazırda meqapolislərin, ona bitişik ərazi ilə birlikdə böyük şəhərlərin iqtisadiyyatında mühüm rol oynayır ki, bu da mövcud tədqiqatın aktuallığını göstərir [28, s.99]. Dünyanın bütün şəhərlərində, xüsusilə böyük paytaxtlarda “mütərəddid” miqrasiya yaşanır. Şəhərlərə bitişik ərazi və qəsəbələrdə də nisbətən zəif proseslər davam edir və bu hal hər gün gediş və gəlişlərlə, izdihamla müşahidə olunur.

Tədqiqat işində təklif olunan yanaşmanın əsası, bütövlükdə əmək ehtiyatlarının hərəkətliliyi və xüsusilə “rəqqas formalı” miqrasiyanın üç əsas amil ilə müəyyən edildiyi fərziyyəsidir: işçilərin gəlir səviyyəsi (əmək haqqı); yaşayış dəyəri; yaşayış və iş yerləri arasında səyahət xərcləri [29, s.151]. Hər üç amil “mütərəddid”, yəni “rəqqas formalı” miqrasiyanın sürətlənməsində mühüm rol oynayan detallardır. Burada hərəkətliliyin gündəlik və qısa məsafələr arasında baş verməsi prosesin məsuliyyətini və infrastruktur əhəmiyyətini artırır. Əməkçi miqrantların gəlir səviyyəsinin ölçülməsi, həyatına verilən dəyər və səyahət xərclərinin hesablanması kimi sosial-iqtisadi faktorlar əslində dövlətlərin iqtisadi siyasətində yer alan əsas məqamlardan biri kimi ölkələrə görə dəyişir və hər dəfə yeni tədqiqatların aparılmasını zəruri edir.

Məlum olduğu kimi, miqrasiya müxtəlif elmlər tərəfindən qəbul olunur. Onun yalnız iqtisadi səbəblərlə deyil, həm də insanlara xas olan tələbat, maraq və səylərlə də sıx bağlı olduğu aşkar olunur [8, s.6]. Müxtəlif səbəblər insanların miqrasiya proseslərinə qatılaraq, həyat şəraitinin yaxşılaşmasına xidmət etməklə, sosial təminatının yüksəlməsinə əlverişli şərait yaradır. Mövcud miqrasiyanın elmi-nəzəri əsaslarının işlənib hazırlanması bu baxımdan diqqət çəkir. İnsanların gündəlik rastlaşdıqları əmək miqrasiyası Azərbaycan tarixşünaslığında az müraciət olunan “mütərəddid”, yaxud “rəqqas formalı” miqrasiyanın öyrənilməsini zəruri edir. Hər gün yüz minlərlə insanın yaxından iştirak etdiyi həmin miqrasiya növü miqrant hüquqlarının müdafiəsi və dövlətlərin sosial-iqtisadi siyasətinin miqrasiya proseslərinə müsbət təsirini və inkişaf dinamikasının tədqiqini aktuallaşdırır.

 

1.2 Prosesdə şəhər və qəsəbələrin iştirakı, infrastruktur vasitələr

 

Prosesdə əsasən böyük şəhərlər, qəsəbələr və ya kəndlərin iştirakı nəqliyyat vasitələrinin hərəkəti ilə birbaşa bağlıdır. Bu, onu göstərir ki, “rəqqas formalı” miqrasiya həyat tərzi kimi miqrantların sosial-iqtisadi təminatının qarantına çevrilmişdir. Şəhər və qəsəbələr arasında hərəkətliliyin ölçülməsində “məntəqələrarası məsafələr”lə yanaşı digər məsələlər – böyük sənaye şəhərlərinin, qəsəbə və kəndlərin yaxınlığı, infrastrukturun əlverişli olub-olmaması, iqlim şəraiti, hətta miqrantların aldıqları məvacib ümumi prosesə müsbət, yaxud mənfi təsir göstərən amillərdir.

Miqrasiya, sözün geniş mənasında, həm ölkə daxilində, həm də xaricində insanların hər hansı bir hərəkəti ilə əlaqələndirilir. Bu konsepsiyanın daha dar mənasında “mütərəddid”, “rəqqas formalı” miqrasiya böyük şəhərlərin şəhər zonalarına yaxşı məlumdur. Bu tip miqrasiya insanların bir yaşayış məntəqəsindən digərinə, bir qayda olaraq, iş və ya təhsil almaq və geri qayıtmaq üçün müntəzəm hərəkətdir. Bu məcburi proses şəhər və qəsəbə arasındakı fərqin hər zamankından daha çox hiss olunduğu vaxt, urbanizasiya dövründə inkişaf edir. Son illərdə nəqliyyat infrastrukturunun inkişafı və avtomobilizasiya “rəqqas formalı” miqrasiyanın sürətlə genişlənməsinə kömək edir [23, s.186]. Ölkənin daxilində olduğu kimi xaricində də müşahidə edilən sosial-iqtisadi proseslərdə “rəqqas formalı” miqrasiyanın daha çox meqapolislərdə hiss olunması iş yerlərinin həmin məkanlarda daha geniş yayılması ilə izah olunur. Burada böyük qəsəbələr də miqrantları özünə cəlb edir. Müntəzəm hərəkətlilik özü ilə yanaşı problemlər də gətirə bilər. Bunların başında dayanan başlıca amil nəqliyyat vasitələrindən istifadə ilə bağlıdır. İctimai və özəl nəqliyyat sisteminin mövcud miqrasiya proseslərində yaxından iştirakı problemin tədqiq olunmasında az əhəmiyyət daşımır. Məcburi və ya insanların qazanc üçün məcbur olduqları gediş və gəlişlər böyük şəhərlərdə iqtisadi inkişafın göstəricisi kimi mövzuya marağı bir qədər də artırmış olur.

Daxili miqrasiya prosesi dedikdə, insanların eyni ölkənin hüdudları daxilində bir ərazidən digər əraziyə köçməsi başa düşülür. Bu miqrasiyanın kənd (kənd-şəhər), şəhər (şəhər-kənd), şəhərlərarası (şəhər-şəhər) və kəndlərarası (kənd-kənd) istiqamətləri fərqləndirilir [6, s.9]. Bu baxımdan, ölkə sərhədləri daxilində müşahidə olunan “rəqqas formalı” miqrasiyanın geniş sosial imkanları var. Kənd və şəhər, yaxud kənd və qəsəbə arasında baş verən “mütərəddid” miqrasiya populyarlıq və demoqrafik baxımdan fərqli yanaşmalar tələb edir. Bu, xarici, beynəlxalq miqrasiya amilinə nisbətlə daha geniş yayılmış və daha əlçatan proses kimi insanların həyatında vacib yer tutur. Xarici miqrasiyada insanlar ölkə sərhədlərini aşaraq hər gün yeni problemlərlə qarşılaşa bilər, tərəddüd edən insana bənzər bu miqrasiya növü maddi baxımdan yüksək gəlirlərin əldə olunmasına müsbət təsir göstərmək iqtidarındadır.

Hər bir şəhər şəhərətrafı yaşayış məntəqələri ilə əhatə olunmuşdur, onların arasında daimi qarşılıqlı rabitə mövcuddur. Bu qarşılıqlı əlaqənin vacib amillərindən biri insanların yaşayış məntəqələri arasında hərəkət etməsidir. Bu hərəkətlər həm mərkəzdənqaçma, həm də mərkəzəqaçma aspektlərinə malikdir [16, s.22]. Miqrantın yaşayış yeri ilə iş yeri arasında məsafənin ölçülməsi şəhər aqlomerasiyasında vacib rol oynayır. Adətən, mərkəzə üz tutmağa meyilli olan iş axtaranlar hər iki hal ilə qarşılaşmış olurlar. Burada nəqliyyat vasitələrinin əlçatan olması, ictimai və özəl nəqliyyatın fəaliyyəti də müntəzəm miqrasiya proseslərinə təsir edən mühüm amillərdən biridir.

Hal-hazırda şəhərlərin böyüməsi prosesi və onsuz da geniş olan meqapolislərin inkişafı müşahidə olunur. Bu səbəbdən, şəhər aqlomerasiyasının formalaşması və inkişafına təsir göstərən amillərdən biri “rəqqas formalı” miqrasiyanın populyarlaşması ilə bağlıdır [20, s.25]. Bəzən insanlar fərqində olmadan “rəqqas formalı” miqrasiya proseslərinə qoşulur, haqqında məlumatlarlı olmasa da, qazanclarından məmnun qaldıqları halda hərəkətliliyi artırmış olurlar, beləliklə də, “qərarsız qalan” insana bənzər gediş-gəlişlər sürətlənmiş olur. Proses şəhərlərin hər gün böyüməsi, dolub-boşalması, şəhər aqlomerasiyasının inkişafı və tədricən formalaşması ilə nəticələnir.

Yaşayış məntəqələri arasında qarşılıqlı əlaqələrin yüksək intensivliyi, xarici sərhədləri və daxili quruluşu, buna görə də sosial məkanın birliyi ilə xarakterizə olunan məskunlaşma forması kimi şəhər aqlomerasiyalarının tədqiqi, bir qayda olaraq, yaşayış məntəqələrinin aqlomerasiyaya daxil olma meyarlarının müəyyənləşdirilməsi probleminə təsir göstərir [21, s. 205].

“Rəqqas formalı”, yaxud “mütərəddid” miqrasiya proseslərində həssas məqamlardan biri yaşayış məntəqələri arasında mövcud olan məsafələrin ölçülməsi və intensivliyi ilə bağlıdır. Bu səbəbdən şəhər məskunlaşmasında şəhər aqlomerasiyasının formalaşma imkanlarının nəzərdən keçirilməsi tədqiqat işində diqqət yetirilən vacib detallardan biridir. Bütün hallarda insan və nəqliyyat axınları, hərəkətliliyin sıxlaşması məsələyə müsbət və mənfi çalarlar qatmış olur.

 

  1. Təcrübələr və nəzəriyyələr

 

2.1 Regional və beynəlxalq təcrübənin öyrənilməsi

 

Ümumilikdə mövcud sahədə regional və beynəlxalq təcrübələrin öyrənilməsi miqrasiya idarəçiliyinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşməsi baxımından zəruridir. Həmin sahədə əsasən iqtisadi və demokratik tərəqqi yolu keçmiş dövlətlərin miqrasiya siyasəti, daxildə proseslərin nizamlanmasında əldə olunan müsbət nəticələr pozitiv nümunə təşkil edə bilər. Konkret olaraq Almaniya, İsveçrə, Norveç və digər Qərbi Avropa dövlətlərinin innovativ miqrasiya idarəçiliyi sahəsində qazandığı mütərəqqi təcrübə miqrasiyanın “mütərəddid”, “rəqqas” formasının tənzimlənməsində inkişaf etmiş miqrasiya qanunvericiliklərinə diqqət yetirilməsini vacib edir.

Miqrasiya proseslərinin tənzimlənməsində beynəlxalq təcrübənin öyrənilməsi və ondan istifadə olunması ölkə daxilində miqrasiya qaydalarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini, iki və çoxtərəfli əsaslarda beynəlxalq müqavilələrin bağlanmasını, digər ölkələrlə qarşılıqlı şəkildə miqrasiya siyasətinin uzlaşdırılmasını şərtləndirir [5, s.185]. Miqrasiya beynəlxalq hərəkətlilik və bundan irəli gələn qlobal proses olduğu üçün beynəlxalq nəzəri aspektlərinin öyrənilməsi, həmçinin mübadiləsi illər ötdükcə daha da aktuallaşır. Burada beynəlxalq təcrübə əsasən inkişaf etmiş dövlətlərin gündəlik, sosial-siyasi həyatında və ya qanunvericilik əsasında öyrənilməsinin nə qədər vacib olduğunu göstərir. Qarşılıqlı təcrübə proqramlarının işlənib hazırlanması, müqavilələrin bağlanması miqrasiya sahəsində əməkdaşlıq üçün yeni üfüqlər açmış olur. Bu baxımdan, “mütərəddid” miqrasiya sahəsində əməkdaşlıq əlqələrinin yaradılması mövzunun həyatın bütün sahələrdə diqqət mərkəzində olduğunu deməyə əsas verir. Təhlükəsiz və innovativ miqrasiya idarəçiliyinə nail olmaq üçün diplomatik münasibətlərdə miqrasiyanın istənilən sahəsi ilə bağlı uzlaşma əldə etmək olar. Bu, “mütərəddid”, “rəqqas formalı” miqrasiya proseslərinin idarə olunmasında da mümkündür.

Beynəlxalq miqrasiyanın əsasında iqtisadi, milli-mədəni və sosial amillər durur. İqtisadi amillər dedikdə, daha yüksək əməkhaqqı, həyat şəraiti, yaşayış səviyyəsi və s. nəzərdə tutulur [1, s.21]. “Rəqqas formalı” miqrasiya növündə sosial-iqtisadi amillər daxili proseslərdə olduğu kimi beynəlxalq aləmdə də diqqət çəkən mühüm məqamlardan biridir. Xarici təcrübənin öyrənilməsi və idarəçiliyi sahəsində həyata keçirilən əməkdaşlıq əlaqələri, imzalanan sənədlər dialoq və müzakirələr zamanı yeni yolların yaranması, eləcə də dövlətlərarası münasibətlərin tənzimlənməsi kimi vacib məqamlar da üzə çıxır.

Beynəlxalq statistikada mövsümi miqrantlara “qısamüddətli immiqrantlar və emiqrantlar”, “miqrant-mövsümi isçi” və s. terminləri uyğundur. Mütərəddid (kəfkirli) miqrasiya (məkik, sərhədyanı) bir ölkədən digərinə və əksinə gündəlik, nadir hallarda həftəlik gedib-gəlməni əks etdirir [4, s. 178]. Miqrasiya ilə bağlı beynəlxalq statistik göstəricilər, immiqrant və emiqrantların proseslərdə iştirakı mövsümi və daimi olmaqla müxtəlif mərhələlər şəklində izah oluna bilər. Həmçinin, az təsadüf olunan həftəlik əmək miqrasiyaları sosial sferanın genişlənməsində az əhəmiyyət daşımır. Burada mütərəddid miqrasiyanın eynisi olan “kəfkirli” miqrasiya tədqiqatlarda az rast gəlinən məqamlardandır.

Qloballaşma şəraitində miqrasiyanın miqyasında əhəmiyyətli artım olmuşdur və nəticədə miqrasiya proseslərinin yeni formaları yaranmışdır. İqtisadi amillərin miqrasiya axınlarını əvvəlcədən müəyyən etməsinə baxmayaraq, qloballaşma şəraitində miqrasiyanın sosial amillərinin əhəmiyyəti artır. Qlobal miqrasiyalar müasir dünya dövlətlərinin sosial-iqtisadi və demoqrafik inkişafında mühüm amilə çevrilmişdir [9, s.140]. XXI əsrdə hələ də davam etməkdə olan qlobal dəyişikliklərin miqrasiyalara təsiri qaçılmazdır. Bir sıra səbəblərdən genişlənən və getdikcə intensivləşən əmək miqrasiyasının və onun tərkib hissəsi olan “rəqqas formalı” miqrasiyanın gətirdiyi sosial-iqtisadi üstünlüklər onu deməyə əsas verir ki, həmin proses gündəlik olduğu üçün daha çox müzakirələrə səbəb yaradır. Beynəlxalq və regional təşkilatların qloballaşma və miqrasiya potensialının yüksəlməsi ilə bağlı məsələlərə birmənalı yanaşmaması isə mövcud sahədə fikir ayrılıqlarının yaranmasına səbəb yaratmaqla, paralel olaraq sosial üstünlüyünün əsas alındığını bəyan edir.

Yeni minilliyin başlanğıcında beynəlxalq inkişaf agentlikləri və hökumətlər inkişafı təşviq etmək üçün kasıb ölkələrdə miqrasiya və pul köçürmələri potensialını kəşf etdilər [15, s.8]. Miqrasiya və pul köçürmələri beynəlxalq, həmçinin regional səviyyədə aparılan tədqiqatlarda ön sıralarda gəlir. Pul köçürmələrinə təşviq, onlayn qaydaların tətbiq olunması əmək miqrasiyasının genişlənməsinə müsbət təsir göstərir. Burada miqrasiyanın “rəqqas” formasının iştirakı məsələsi də az əhəmiyyət daşımır. Həm daxildə bölgələr arasında, həm də xaricdə ölkələr arasında baş tutan valyuta mübadiləsi bu baxımdan miqrasiyaların bütün növlərində populyarlıq qazanmışdır.

Beynəlxalq əmək miqrasiyasının artması ilə sosial müavinətlərin köçürülməsinin mümkünlüyü məsələsi bütün dünyada getdikcə daha çox əhəmiyyət kəsb edir və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında performans göstəricilərindən biri olaraq tanınır [13, s.525]. Əmək miqrasiyası və əməkçi miqrantlar məsələsinə beynəlxalq təşkilatların hesabatlarında geniş yer verilir. Burada BMT ilk sırada gəlir və ona bağlı olaraq fəaliyyət göstərən beynəlxalq, regional miqrasiya qurumları müntəzəm miqrasiya prosesi, gediş-gəlişli gündəlik işlərdə çalışan insanların sosial müavinətlərinin köçürülməsi kimi problemləri də gündəmə gətirməyə davam edirlər.

 

2.2 Prosesdə miqrasiya-miqrant münasibətləri

 

Miqrasiya-miqrant münasibətləri tədqiqatın yerinə yetirilməsində əsas aspektlərdən biri kimi “mütərəddid” miqrasiya proseslərinin nəzəri təhlilinin əhəmiyyətinə diqqət çəkir. Bu baxımdan, qeyd olunan “miqrasiya və miqrant münasibətləri” mürəkkəb və başa düşülməsi çətin, açıq bir reallıqdır. Bununla birlikdə, müasir dövrdə baş verən qloballaşma fenomeni bu qarşılıqlı münasibətlərə də təsir edir və onları daha da inkişaf etdirir. Sözügedən mürəkkəb quruluş miqrasiya tədqiqatları üçün ən böyük maneədir. Bu məqam həm də dəqiq analiz əldə etmək üçün, təhlil edilməsi lazım olan miqrasiya ilə miqrantlar arasında fərq qoyaraq tədqiqatları özəlləşdirməkdir [11, s. 68]. Miqrasiya və bu proseslərdə iştirak edən miqrantların istər xarici ölkələrdə, istərsə də daxildə bölgələrarası “rəqqas formalı” miqrasiyada iştirakı müsbət dəyərləndirilir. Lakin burada problemlərin yaranması və onların həlli yollarının tapılması kimi məsələlər, tarixi və sosioloji aspektdən yanaşılan mövzunun müasir dünyada daha aktual səsləndiyini əks etdirir. Mövcud miqrasiya proseslərində iştirak edən miqrantların hüquqlarının qorunması ümumi qaydalara daxil olmaqla insan üzərində məsuliyyət yaratmış olur. Miqrasiya yarandığı gündən mürəkkəb quruluş kimi tanınmış və xüsusilə onun “rəqqas” formasının öyrənilməsinin əhəmiyyətini artırmışdır.

Miqrasiya sosial varlığın bir çox aspektlərinə birbaşa təsir etdiyi kimi, bu da öz mürəkkəb dinamikasını inkişaf etdirən bir prosesdir. Beləliklə, miqrasiya tədqiqatları mahiyyət etibarilə fənlərarası xarakter daşıyır. Sosiologiya, ədəbiyyat, siyasi elm, tarix, iqtisadiyyat, coğrafiya, demoqrafiya, psixologiya və hüquq kimi elmlər miqrasiya ilə əlaqəli sahələrdir [12, s.738]. Geniş mənada miqrasiya demək olar ki, əksər elm sahələrini əhatə etməklə miqrasiya-miqrant münasibətlərinin müzakirəsinə yol açır. Lakin tarixi keçmişdə, yaxud yaxın tarixdə baş verən miqrasiya prosesləri və onun “rəqqas” formasının öyrənilməsi konkret sahəyə aid olmaqla məsələyə individual yanaşma tələb etmək iqtidarındadır. İnsan sosial və tarixi məlumatları mənimsəmiş varlıq olaraq, davamlı yer dəyişir, yüksək təmin olunmuş həyat uğrunda mübarizə aparır. Miqyasından asılı olmayaraq insanlar müntəzəm miqrasiya etməyə meyillidirlər. Bu, ölkənin daxilində olduğu kimi, xaricində də müşahidə olunur və miqrasiya-miqrant münasibətlərinin öyrənilməsində rol oynayır.

Məlumdur ki, əhali içərisində baş verən demoqrafik proseslərin və miqrasiyanın kortəbii şəkil alması böyük problemlərlə (aclıq, “demoqrafik partlayış” və s.) müşayiət olunur. Bunların idarə edilə bilməsi demoqrafik proseslərin tənzimlənməsi, müvafiq əhali siyasətinin hazırlanmasının əhəmiyyətini daha da artırmışdır [3, s.3-4]. Əhalinin sıxlığı ilə müşühidə olunan və demoqrafik baxımdan tənzimlənməsində fasilələr yaranan, yaxud idarə olunması məhdudlaşan miqrasiya proseslərində həyata keçirilən siyasət düzgün qurulmalıdır. Qeyd olunan məsələ miqrasiya-miqrant münasibətlərilə birbaşa bağlı olub analitik təhlil tələb edən mühüm amildir. Belə olduğu halda, neqativ halların tez bir zamanda aradan qaldırılmasına, aclıq və demoqrafik aşınma kimi ciddi problemlərin tənzimlənməsinə nail olmaq mümkündür.

Qərarsız (gəl-get) miqrasiya insanların gündəlik və ya həftəlik olaraq hərəkət etdikləri və yaşayış məntəqələrinə (müxtəlif yaşayış məntəqələri arasında) getdikləri və qayıtdıqları proseslərə aiddir. Şəhər və kənd əhalisinin əksəriyyətini əhatə edən bu miqrasiya forması da son yarım əsrdə olduqca sıxlaşmışdır. BMT-nin statistik qaydalarına görə, yeni gəldikləri yerdə 6 aydan çox yaşayan insanlar miqrant olaraq qəbul edilirlər. Tədqiqatçıların əksəriyyətinin qənaətinə görə, turistlərin, tətilə çıxanların, ziyarət edənlərin və digər məqsədli səfərlərin miqrasiyaya daxil edilməsi mübahisəlidir. Çünki bu vəziyyətdə söhbət daimi yaşayış yerinin dəyişdirilməsindən getmir. “Gəl-get” miqrasiyası həm də ölkə iqtisadiyyatının ən müxtəlif peşələri, ixtisasları və əmək ehtiyatları hesabına tələbatın ödənilməsi arasında tarazlığın təmin edilməsində mühüm rol oynayır [10, s.25]. Adları çəkilən sahələr miqrasiya-miqrant əlaqələrinin qurulması və inkişafı baxımından fayda verə biləcək nəzəri aspektlərin müəyyən olunmasına əhəmiyyətli təsir göstərir. Bu səbəbdən əmək miqrasiyasında “rəqqas” növünün geniş imkanları və prosesin gündəlik, müntəzəm və hərəkətli şəkildə baş verməsi, şəhər və kəndlərdə sıxlaşma probleminin həllinə diqqət çəkir. Burada müxtəlif kateqoriyadan olan insanların iştirakı tədqiqatın maraq dairəsini bir qədər də artırmış olur. Onların arasında yuxarıda qeyd olunan kəsimlərin miqrant hesab olunması kimi məsələlər isə fərqli tədqiqatın mövzusu kimi qarşımıza çıxır. Son illər “qərarsız”, digər adıyla “rəqqas formalı” miqrasiya növünün araşdırılması zamanı yaşayış məntəqələri arasında sıxlığın artmasına gətirib çıxaran bəzi məqamlar tədqiqatçıların diqqətindən yayınmamışdır. Bu isə öz növbəsində miqrasiya-miqrant münasibətlərinin tənzimlənməsində mürəkəb vəziyyətin hər an yarana biləcəyindən xəbər verir. Əhali sayının yüksəlməsi, nəticədə demoqrafik inkişafın genişlənməsi, sözügedən miqrasiya proseslərində təmsil olunanların azalmasına yox, əksinə çoxalmasına şərait yaratmışdır. İqtisadi inkişafın gətirdiyi müsbət məqamlardan biri kimi “rəqqas formalı” miqrasiya proseslərində insanların iştirak səviyyəsi də xeyli artmışdır.

Qeyd etmək lazımdır ki, miqrasiya prosesinin, xüsusilə daxili miqrasiyanın tədqiq edilməsinə dair ümumi qəbul edilmiş vahid metodoloji üsul yoxdur. Burada müxtəlif metodlardan – beynəlxalq təcrübədə metodologiyanın hazırlanmasında insanların hərəkətliliyi, ev təsərrüfatları, kommunal xidmətlərə dair göstəricilər (işıq, qaz, su abonentləri və s.), nəqliyyat vasitələrində istifadə olunan kart, talon və s. dən istifadə olunur [7, s.209]. Demək olar ki, ictimai elmlər sahəsində tədqiqat üsulları vahid metodologiyaya əsaslanmır. Bizim tədqiq etdiyimiz mövzu daha çox tarix və sosiologiya yönümlü olduğu üçün burada yaxın tarixdə baş verən miqrasiya prosesləri, dövlətlərin miqrasiya siyasəti, miqrasiyaların sosial-iqtisadi, nəzəri aspektlərinin ölçülməsi kimi məsələlər ön plana çıxır.

Sadalanan məqamlar miqrasiya-miqrant münasibətlərinə də təsirsiz ötüşmür. Elmi-nəzəri metod həyata keçirilən   tədqiqatın əsas qayəsi olub, müasir dövrdə miqrasiyanın “rəqqas” formasının araşdırılmasının əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Belə olduğu təqdirdə, miqrasiya-miqrant münasibətlərinin müsbət inkişaf dinamikası müəyyənləşmiş olur. Dövlət müstəqilliyinin bərpasından ötən 30 ildən çox vaxt ərzində Azərbaycanda formalaşan miqrasiya qanunvericiliyi mövcud sahədə həyata keçirilən siyasətin düzgün qurulduğunu əks etdirir və problemə elmi-analitik yanaşmanın zəruri olduğunu təsdiq edir. Hərəkətlilik, infrastruktur şəraitin üstünlüyü, xərclər və s. sosial məsələlər “rəqqas” miqrasiya növünün regionda geniş əks-səda tapdığını göstərir və qeyd olunan münasibətləri tənzimləyir.

Daxili miqrasiya hərəkətləri müasir Azərbaycan Respublikasının siyasi və sosial həyatına təsir edən ən mühüm amillərdən biridir. [14, s. 467]. Azərbaycan dövlətinin miqrasiya sahəsində əldə etdiyi müsbət nümunələr daxili miqrasiya proseslərinin yüksələn xətlə inkişafı ilə bağlıdır. Təkmilləşməkdə olan və mütərəqqi təcrübəyə əsaslanan miqrasiya qanunvericiliyi emiqrasiya və immiqrasiyaların, eləcə də paytaxt Bakıda “rəqqas formalı” miqrasiyanın sosial və ictimai-siyasi həyata pozitiv təsir göstərdiyini əks etdirir.

Miqrasiya Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra yeni tərəqqi fazasına keçid almış, mövcud sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişlənmişdir. Nəticədə miqrasiya-miqrant münasibətləri pozitiv inkişaf yolu tutmuş və milli təcrübə xarici ölkələrin diqqətini çəkmişdir.

Yaşayış yerindən kənarda, gündəlik yaşayış yerinə qayıtmaqla məşğul olmağı əhatə edən “mütərəddid” gündəlik əmək miqrasiyası, şəhərdə işləyən şəhərətrafı sakinlər, rayon mərkəzlərində əmək fəaliyyəti ilə məşğul olan kənd sakinləri və s. üçün ən xarakterikdir [17, s. 153]. Bu faktor miqrasiya-miqrant münasibətlərinin öyrənilməsində nəzəri əhəmiyyət kəsb edir. Şəhərətrafı, qəsəbə və kəndlərdən hər gün eyni qısa məsafələrdə işə gələn və geri qayıdan miqrantların hərəkəti, bəzi hallarda sıxlığın bəlli saatlarda tıxaclara səbəb yaradacaq qədər yüksəlməsi, artıq həyatın bir parçası, həyat tərzi kimi qiymətləndirilə bilər. Bu xarakterik hərəkətlilik insanların sosiallaşmasına müsbət təsir göstərir və mövcud münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır.

Xarici mənbələrdə cazibə modeli “mütərəddid” miqrasiyasının qiymətləndirilməsi metodlarından biri hesab olunur, burada parametrlər iki yaşayış məntəqəsi arasındakı məsafə, onlarda yaşayan əhalinin sayı və bu yaşayış məntəqələrinin iqtisadiyyatındakı əmək haqqının miqdarıdır [19, s. 632-633]. Burada cazibə modeli dedikdə, insanların bəlli miqdarda, diqqət çəkəcək maaşla təminatının cazib görünməsi, eləcə də qısa məsafədə gediş-gəlişlərin adi hal alması ilə izah oluna bilər. Həmin metod miqrasiya-miqrant münasibətlərinə pozitiv təsir göstərmək, insanlara seçim etmək imkanı verməklə, davamlı diqqət çəkir və təmin olunmuş həyat uğrunda mübarizədə “mütərəddid” və ya “rəqqas formalı” miqrasiya növünün sosial faydalı olduğunu göstərir.

Vətəndaşların əmək fəaliyyəti ilə əlaqəli yaşayış məntəqələri arasında müntəzəm hərəkəti (“mütərəddid” əmək miqrasiyası) yerli və regional əmək bazarlarında əmək ehtiyatlarının yenidən bölüşdürülməsinə səbəb olur. Əmək miqrasiyası mürəkkəb bir sosial-iqtisadi prosesdir, öyrənilməsi fənlərarası yanaşma tələb edir [18, s.86]. Əmək ehtiyatlarının bölünməsi məsələsi miqrantlar arasında rəqabər mühiti formalaşdırmışdır. Buna isə “mütərəddid” miqrasiya formasında tez-tez rast gəlinir. Belə olduğu təqdirdə, əmək miqrasiyası həm mürəkkəb, həm də anlaşılması mümkün olan proses kimi sosial əhəmiyyətini hər gün bir qədər də artırmış olur. Şərh olunan istiqamətlər, heç şübhəsiz, miqrasiya-miqrant münasibətlərində öz əksini tapır.

Tələb və təklif nəzəriyyəsi, əsasən əmək haqqı fərqliliyinin təsiri ilə vasitəçilik nəzəriyyəsi miqrasiyanın öyrənilməsində klassik bir ənənədir. Klassik yanaşma artan iqtisadiyyatda “mütərəddid” əmək miqrasiyasının, ümumiyyətlə, daxili miqrasiya kimi, işçi qüvvəsinə tələb və təklifdəki coğrafi fərqlərdən qaynaqlandığını göstərir [24, s.41]. Burada coğrafi fərqlər müxtəlif cür təzahür edir. Əslində problemə klassik məntiqlə yanaşma əmək haqqı fərqliliyindən irəli gələn vasitəçilik nəzəriyyəsinin öyrənilməsini zəruri edir. Həmçinin, artan iqtisadi tələblər və sosial dəyişikliklər “rəqqas formalı” miqrasiyanın gündəlik miqrant həyatında başlıca rol oynadığını göstərir. Bu isə təhlili gərəkən miqrasiya-miqrant münasibətlərinin tənzimlənməsi yollarını üzə çıxarır.

“Mütərəddid” əmək miqrantları işçilərin olduqca həssas bir kateqoriyasıdır, çünki hərəkətlərinin xüsusiyyətləri ilə əlaqədar onlara xüsusi zəmanət və əmək hüquqlarının qorunmasını təmin edə biləcək xüsusi normativ hüquqi aktlar yoxdur [26, s. 53]. Gündəlik qazanc əldə etmək üçün hər gün eyni yolla məsafə qət edərək geri qayıtmaq miqrantları həssas davranmağa sövq edir. Həmin məqam tədqiq olunan miqrasiya-miqrant münasibətlərində daha tez nəzərə çarpır. Bu, diqqətin cəmləşməsi baxımından insanın nə istədiyini bilməsi, eləcə də bu yolda yarana biləcək sosial problemlərin həlli yollarının tapılması kimi anlaşıla bilər. “Rəqqas formalı” miqrasiya ilə bağlı hüquqi baxımdan konkret qanunların olmaması prosesdə iştirak edən miqrantların sosial müdafiəsinin təmin olunmaması kimi mənfi tendensiyaları da bərabərində gətirmiş olur. Həmçinin, belə həssas kateqoriyaya daxil olan insanların psixoloji dəstəklərinin məhdud olması da onların həssaslığını bir qədər qabarıq göstərir. Nəticədə hər iki tərəf – miqrasiya və miqrant münasibətləri zəifləmiş olur.

 

Nəticə

 

Miqrasiya proseslərinin intensiv hal aldığı XXI əsr mövcud sahədə reallıqların gətirdiyi bəzi məsələlərin təhlilini vacib etmişdir. Regional, beynəlxalq və dövlətlərin sərhədləri daxilində baş verən miqrasiya və onun nəticələri müsbət, həmçinin mənfi tendensiyalarla müşahidə olunur. Tədqiq olunan mövzu isə miqrasiyanın sadəcə bir probleminin araşdırılmasına, əhalinin “mütərəddid”, yəni “rəqqas formalı” miqrasiyada iştirakı və faktoloji materiallar əsasında analitik təhlilinin aparılmasına həsr olunmuşdur.

Bir qədər  də dəqiq ifadə etsək, tədqiqat işi “rəqqas formalı” əmək miqrasiyasından bəhs edir. Bununla yanaşı, əhalinin bir hissəsinin – “mütərəddid” əmək miqrantlarının iş və yaşayış yerləri arasında, bir-birindən xeyli məsafədə və müxtəlif təsərrüfat subyektlərində (bölgələr, şəhərlər, qəsəbələr, obyektlər və s.) gündəlik servis hərəkəti kimi başa düşülür [27, s. 63]. Məsafələrin uzun və qısa olması bu prosesdə iştirak edən miqrantların hərəkətliliyinin müəyyən olunmasında böyük rola malikdir. Bu, özünü qazanılan əmək haqlarında da göstərməklə əhalinin “mütərəddid” miqrasiyada yaxından iştirakına maneə yaratmır. Əksinə dünyanın hər yerində, hər gün yüzminlərlə insan məntəqələrarası məsafələrlə işə gedir və geri qayıdır, aktiv miqrasiya proseslərinə təkan verirlər. Miqrantların hərəkətində böyük şəhərlərin, bölgə, qəsəbə və kəndlərin coğrafi göstəriciləri, nəqliyyat vasitələrinin rahat və problemsiz irəliləməsi və s. məsələlər sonda mövzu ilə bağlı nəticəyə gəlməyə əsas verir.

Bu baxımdan, tədqiqatçılar “rəqqas” formasına bənzər miqrasiyanı bütövlükdə “ərazi-əhali hərəkəti fenomeni” kimi şərh edirlər. Bu, sabit xarakter daşıyır və miqrantların yaşayış yerinin dəyişilməsi ilə əlaqəli deyil [30, s.58]. Elm və texnologiyaların sürətlə genişləndiyi XXI əsrdə təməlində tarixi proseslər dayanan sosial-iqtisadi faktorlar miqrasiyanın “mütərəddid”, “rəqqas” formasının intensiv hal aldığını göstərir. Mövcud miqrasiyanın təhlilində ilk anlaşılan məsələ ərazi, əhali və hərəkət məhfumlarıdır. Həmin prosesi canlı tutan hər gün baş verən hərəkətlilik və dinamik xarakter daşımasıdır. Bu səbəbdən təbii şəraitdə baş verən reallıq sabit şəkildə öz varlığını davam etdirir. Gediş-gəlişlər sırasında əhalinin sıxlığı isə aydan-aya dəyişir, gəlirlərin azalması və ya yüksəlməsi ilə nəticələnir.

Həyatın bütün sahələrində çatışmazlıqlar olduğu kimi belə həssas mövzuda da miqrantlar gündəlik problemlərlə qarşılaşmalı olurlar. Lakin “mütərəddid” miqrasiya ilə bağlı qanunların olmaması, əksinə ümumilikdə miqrasiya qanunvericiliyinin inkişaf etdirilməsi Azərbaycan daxil olmaqla sosial-iqtisadi, hüquqi-demokratik tərəqqi yolu tutmuş dövlətlərin miqrasiya siyasətinin təkmilləşməsinə maneə yaratmır. Həmin miqrasiya formasının inkişafında əməkçi miqrantlar kütləvi hərəkət etdiyi üçün nizamlanmasında da maraqlı olub, prosesin axarının sabit qalmasına cəhd etməli və milli təhlükəsizliyə fərd olaraq öz dəstəklərini ifadə etməlidirlər. Əslində milli təhlükəsizliyin qorunması hər birimizin vətəndaş olaraq konstitusion öhdəliklərimizdən biridir.

Məqalədə təhlil edilən müsbət məqamları, tədqiqat işinin elmi yeniliyini və nəticəsini aşağıdakı kimi konkret müddəalarla göstərmək olar:

q XXI əsrdə sərhədləri aşan miqrasiya və onun inkişaf dinamikasında əhəmiyyət daşıyan nəzəri aspektlər əhalinin “mütərəddid” miqrasıyada iştirak edərək həyat uğrunda mübarizəsinin davam etdiyini əks etdirir;

q Miqrasiya proseslərinin inkişafı, müsbət və mənfi çalarları ilə bağlı aparılan araşdırmalar müasir dövrdə hərəkətliliyin yüksəlməsindən xəbər verir;

q Bu səbəbdən miqrasiyanın bütün forma və növləri problemin araşdırılmasının aktual olduğunu təsdiq edir;

q “Mütərəddid”, yaxud “rəqqas formalı” miqrasiyanın insan həyatında oynadığı rol, nəzəri aspektlərinin təhlili və praktik əhəmiyyətinin üzə çıxarılması mövzunun gələcək prioritetlərinin müəyyən olunmasında mühüm yer tutur;

q Regional, beynəlxalq və dövlətlərin sərhədləri daxilində hər gün baş verən “rəqqas formalı” miqrasiya müsbət inkişafa səbəb yaratmaqla yanaşı, özü ilə bərabər bəzi problemlər də gətirir;

q Belə olduğu təqdirdə coğrafi, hərəkətlilik, sıxlıq, nəqliyyat və infrastruktur kimi məsələlərin nizamlanması mövcud miqrasiya prosesinin sürətlənməsinə gətirib çıxarar;

q Müasir beynəlxalq münasibətlər tarixində miqrasiyanın əhəmiyyətli parçası kimi qarşımıza çıxan “mütərəddid”, “rəqqas formalı” miqrasiya tədqiqatçıların üzərində az çalışdığı mövzulardan biri kimi populyarlığını davam etdirir;

q Prosesdə şəhər, qəsəbə və kəndlərin iştirakı, nəqliyyat vasitələrinin dəyərləndirilməsi – hərəkətliliyin və məntəqələrarası məsafələrin öçülməsinin tədqiqatda bir metod olduğunu əks etdirir;

q Digər adları ilə “qərarsız”, “get-gəl”, “kəfkirli” olub eyni mahiyyət daşıyan mövcud miqrasiya tədqiqatçıların diqqətini çəkir və gələcəkdə yeni əsərlərin yazılacağını göstərir;

q Yerli və xarici tədqiqatçıların əsərlərində mövzu ilə bağlı və ya mövzuya yaxın məsələlər tədqiqat obyektinə çevrilən miqrasiya növünün müasir çağırışlar etdiyini bəyan edir;

q Mövzu ilə bağlı Azərbaycan Respublikasının miqrasiya siyasətində müşahidə olunan mütərəqqi idarəçilik sistemi bu baxımdan tədqiqata işıq tutan məqamlardan biridir;

q Bununla yanaşı, qonşu ölkələrin mövcud sahədə, xüsusilə miqrasiya idarəçiliyində innovativ nəticələr qazanan Qərbi Avropanın öndə gələn dövlətlərinin müsbət nəticələri tədqiqatın nəzəri aspektlərinin təhlilində vacib əhəmiyyət daşıyır.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

Azərbaycan dilində:

  1. Abdullayev F.N. XXI əsrin geosiyasətində yeni paradiqma: Miqrasiya (mahiyyəti, çağırışlar, təhdidlər). Bakı: Elm, 2016, 416 s.
  2. Aslanova A.F. Azərbaycanda miqrasiya proseslərinin iqtisadi-demoqrafik aspektləri / iqt. üzrə fəls. dok. diss. Bakı, 2017, 148 s.
  3. Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında (sovet siyahıyaalmaları əsasında). Bakı: BDU, 2003, 302 s.
  4. İzahlı statistika terminləri lüğəti / redaktor-əlaqələndirici A.H.Mansurov. Bakı: Səda, 2010, 720 s.
  5. Quliyeva S.Z. Azərbaycanda miqrasiyanın səbəb və istiqamətləri (XIX-XX əsrlər) // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. № 2, 2010, s. 181-187.
  6. Qəribova E., Rüstəmova R. Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri. Analitik hesabat // “Azərbaycan barometri”, № 2(6), Fevral 2020, 72 s.
  7. Qəribova E. Azərbaycanda urbanizasiya və daxili miqrasiya prosesinin kəsişməsinin sosial və demoqrafik mənzərəsi // “Sosial tədqiqatlar” elmi-analitik jurnal, № 1, 2021, s. 209-220.
  8. “Sovetlər dönəmində miqrasiya problemi təhlükəli, yasaq məsələ sayılıb”. Hüquqi İslahatlara Yardım Mərkəzinin rəhbəri Fətəli Abdullayev: “Bəşər tarixi “Böyük insan köçü” kimi tanınan hadisələrlə zəngindir” // “525-ci qəzet”, 15 aprel 2009, s. 6.
  9. Yaqubova N. Miqrasiya prosesləri qloballaşma şəraitində // “Sivilizasiya” jurnalı, № 1, 2014, s. 135-145.

 

Türk dilində:

  1. Abdulayev F.N. Modern dönemde uluslararası göç ve göç politikası. İstanbul: Karmen Matbaacılık, 2015, 246 s.
  2. Çağlayan S. Göç kuramları, göç ve göçmen ilişkisi // Muğla Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi (İLKE). Güz 2006, Sayı 17, s. 67-91.
  3. Dağaşan E., Aydın S. Geçmişten günümüze göç / editör O.Köse. Samsun: İlkadım, 2017, 1456 s.
  4. Kolbaşı K.M. Ulusötesi hayatlar: Hollandada yaşayan türk vatandaşlarının sosyal güvenligi // Türkiyat Araştırmaları Enstitüsü Dergisi. TAED-72, 2021, s. 523-539.
  5. Yusifsoy A., Özsüer E. Azerbaycan’da İç Göçe Maruz Kalmış İnsanların Geri Dönüş Motivasyonunun Değerlendirilmesi // VAKANÜVİS – Uluslararası Tarih Araştırmaları Dergisi. Yıl 7, Sayı 1, Bahar 2022, s. 467-510.

 

İngilis dilində:

  1. Haas H. The Migration and Development Pendulum: A Critical View on Research and Policy // International Migration Vol. 50 (3) 2012, p. 8-25.
  2. Voloshyna Y. Theoretical and methodical bases of pendulum migrations and analysis of the sources of intra-regional flows of population movements (for example, transcarpathion region, Ukraine) // International Journal – VALLIS AUREA. Volume 1, № 2. Croatia, December 2015, p. 21-31.

 

Rus dilində:

  1. Акишина М.Л., Фанненштиль А.А. Формирование балансов трудовых ресурсов сельской местности в условиях роста маятниковой трудовой миграции // Вестник Алтайского государственного аграрного университета № 11 (109), 2013, с. 152-156.
  2. Бугаев М.А. Маятниковые миграции на рынке труда Санкт-Петербурга и Ленинградской области // Вестник Санкт-Петербургского Университета. Сер. 5, Вып. 4., 2015, с. 86-116.
  3. Бедрина Е.Б., Козлова О.А., Ишуков А.А. Методические вопросы оценки маятниковой миграции населения // Ars Administrandi (Искусство управления). 2018. Том 10, № 4, с. 631-648.
  4. Дорофеева Л.А., Касьянова Е.А. Маятниковая миграция населения в Красноярской городской агломерации (на примере населенных пунктов Емельяновского района) // Известия Иркутского государственного университета. Серия «Науки о Земле». 2017. Т. 20, с. 25-42.
  5. Дьячкова П.А., Мосиенко Н.Л. Анализ маятниковых миграций в городской агломерации: социо-логические опросы и большие данные // “Мир экономики и управления”, Т. 21, № 4, 2021, c. 205-228.
  6. Забродская Н.Г., Хацкевич Г.А., Петриковец Т.А. Маятниковая миграция и развитие белорусских агломераций // Бизнес. Инновации. Экономика. № 5, 2021, с. 205-214.
  7. Комарова А.Д. Маятниковые миграции населения и стратегия устойчивого развития периферийных пригородных районов г. Хабаровска // “Инновации и инвестиции” № 1, 2022, с. 186-195.
  8. Мальцева Е.С. Региональный рынок труда и проблема маятниковой трудовой миграции // Вестник Череповецкого государственного университета № 3, Т. 1, 2012, с. 41-44.
  9. Михалев Н.А. Маятниковая миграция в городах РСФСР по данным Всесоюзной переписи населения 1970 г.: размеры, потоки, структура // Вестник Томского государственного университета. История, № 80, 2022, с. 56-65.
  10. Соколова А.А. Масштабы маятниковой трудовой миграции в регионах России // “Проблемы развития территории”. Т. 27, № 4, 2023, с. 52-70.
  11. Шитова Ю.Ю. Маятниковая трудовая миграция в Московской области: методический и прикладной анализ // Экономический журнал ВШЭ, № 1, 2006, с. 63-79.
  12. Шитова Ю.Ю. Влияние рынка жилья на маятниковую трудовую миграцию в Московской агломерации // ЭНСР № 4 (47) 2009, с. 99-107.
  13. Шитова Ю.Ю., Шитова Ю.А. Анализ долгосрочной динамики факторов, определяющих маятниковую трудовую миграцию в Подмосковье // “Труд и занятость”, № 4 (157), 2016, с. 151-162.
  14. Шкарет А.А. Социологический подход к изучению состояния маятниковой миграции на территории города Белгорода и соседних районов // Научный результат. Технологии бизнеса и сервиса. Т.6, № 3, 2020, c. 57-68.

 

 

Agil Ahmadov

THEORETİCAL ASPECTS OF PENDULUM MİGRATİON

 Abstract

 

Migration, as a sensitive and global phenomenon, plays a critical role in shaping the domestic and foreign policies of states and safeguarding their national security. This article explores the theoretical dimensions and practical significance of “pendulum migration,” a relatively understudied topic in the history of modern international relations. Drawing on the works of domestic and international scholars, the study provides an analysis of this specific migration pattern using empirical data.

The research highlights the regular mobility of migrants between neighboring settlements, urban agglomerations, towns, and villages. It also examines regional and international experiences, emphasizing their relevance and socio-economic benefits. Special attention is given to the achievements of several highly developed Western European countries in managing pendulum migration.

Additionally, the article identifies 12 other forms of migration, discussing their theoretical and scientific importance. The progressive experience of the Republic of Azerbaijan in migration policy is also briefly addressed, showcasing its contributions to this field.

Keywords: migration, history, regional, international, migration, state, social, policy

 

 

Агиль Ахмедов

ТЕОРЕТИЧЕСКИЕ АСПЕКТЫ МАЯТНИКОВОЙ МИГРАЦИИ НАСЕЛЕНИЯ

 

Резюме

 

Миграция является важным процессом как во внутренней, так и во внешней политике государств и играет значительную роль в обеспечении национальной безопасности. Статья отражает теоретические аспекты и практическое значение малоизученной в контексте современных международных отношений формы миграции населения — маятниковой миграции.

Для достижения поставленной цели, опираясь на работы отечественных и зарубежных специалистов, а также фактологические материалы, был проведен анализ общей картины данного типа миграции. В научно-исследовательской работе показана регулярная мобильность мигрантов между близлежащими населенными пунктами, а также динамика миграционных процессов в городских агломерациях и сельских поселениях.

Изучение регионального и международного опыта в данной области, а также значение его применения и социально-экономические выгоды были широко обсуждены. В частности, были приведены примеры из опыта наиболее развитых западноевропейских стран, которым уделено внимание в контексте маятниковой миграции. Наряду с рассматриваемым типом миграции, в статье также упоминаются еще 12 видов миграций, научно-теоретическая значимость которых обоснована в исследовании. В кратком изложении также представлен прогрессивный опыт, приобретенный Азербайджанской Республикой в области миграционной политики.

Ключевые слова: миграция, история, региональная миграция, международная миграция, мигрант, государственная политика, социальная политика

---------------