Məftunə İSMAYILOVA
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının doktorantı
(Bakı, Azərbaycan)
Email: maftuna_i@mail.ru
UOT 316
Xülasə. Müxtəlif ölkələrdə məişət zorakılığı hallarının fərqli xüsusiyyətlərinin təzahürü cəmiyyətdə hələ də patriarxal münasibətlərin üstünlük təşkil etdiyini göstərir. Kişilərin öz üstünlüklərinə özlərini inandırmaq üçün nümayiş etdirdikləri fiziki və psixoloji şiddət əslində cəmiyyətin mənəvi kasadlığı və iqtisadi zəifliyi ilə bağlıdır.
Dünya təcrübəsində məişət zorakılığına qarşı müdafiə tədbirlərinin araşdırılması bu istiqamətdə ölkəmizdə aparılan işin keyfiyyətinin yüksəlməsinə köməklik göstərə bilər.
Açar sözlər: məişət zorakılığı, gender bərabərsizliyi, qurban, yardım modeli, iqtisadi gerilik
GİRİŞ
Şərq və Qərb ölkələrində sosial münasibətlərdəki fərqlilik gender bərabərsizliyi və şiddətin təzahüründə də özünü büruzə verir. Mədəni müxtəlifliklə yanaşı iqtisadi inkişaf səviyyəsi də ailədaxili münaqişələrin başlıca səbəbinə çevrilə bilir. Məlum olmuşdur ki, məişət zorakılığına məruz qalan qadınların 37%-i aşağıgəlirli ölkələrdə yaşayır. Okeaniyada – 51%, Maleneziya və Mikroneziyada – 41%, Polineziyada – 39%, Cənubi Asiyada – 35%, Sub-Sahara Afrikasında – 33%, Şimali Afrikada – 30%, Qərbi Asiyada – 29%, Şimali Amerikada – 25%, Avstraliya və Yeni Zelandiyada – 23%, Latın Amerikası və Karib hövzəsində – 25%, Şimali Avropada -23%, Cənub-Şərqi Asiyada – 21%, Qərbi Avropada – 21%, Şərqi Asiyada – 20%, Şərqi Avropada – 20%, Mərkəzi Asiyada – 18%, Cənubi Avropada – 16% qadın öz intim partnyoru tərəfindən məişət zorakılığına məruz qalır [10].
Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistik araşdırmaların yer aldığı cədvələ əsasən, Mərkəzi Sub-Afrika Saxarasında – 65,64%, Qərbi Afrika Sub-Saxarasında – 41,75%, Cənubi Asiya ölkələrində – 41,73%, Latın Amerikası və And bölgəsində – 40,63%, Şərqi Sub-Afrika Saxarasında – 38,83%, Şimali Afrika/Yaxın Şərq regionunda – 35,38%, Okeaniya bölgəsində – 35,27% göstərici ilə qadınlar məişət zorakılığna məruz qalırlar.
Yüksəkgəlirli regionlar kimi Asiya Sakit Okean və Şimali Amerika əraziləri qeyd edilib. Lakin məişət zorakılığı Asiya Sakit Okean regionunda – 28,45%, Şimali Amerikada isə 21,32% qeydə alınıb. Şərqi Asiyada – 16,30%, Qərbi Avropada – 19,30% ilə məişət zorakılığı halları göstərilib ki, bu da ən aşağı faizdir.
- İnkişaf etmiş ölkələrdə məişət zorakılığı
Dünyanın inkişaf etmiş ölkələrindən olan ABŞ-da qadın qətllərinin 50%-dən çoxu keçmiş və ya indiki intim partnyorları tərəfindən törədilir. Burada məişət zorakılığı kontekstində boğulma böyük diqqət çəkmişdir. Məişət zorakılığının ən ölümcül formalarından biri, lakin xarici travmanın olmaması, eləcə də ərazidə sosial məlumatlılığın və tibbi təlimin zəifliyi səbəbindən boğulma çox vaxt gizli problem olaraq qalır. Son illərdə ABŞ-ın bir çox ştatları boğulma əleyhinə xüsusi qanunlar qəbul ediblər [11].
Böyük Britaniyada öldürülən qadınların 37%-i həyat yoldaşı tərəfindən qətlə yetirilir, qadınlar tərəfindən həyat yoldaşının öldürülməsi 6% təşkil edir. Kanada, Avstraliya, Cənubi Afrika, İsrail və ABŞ-da qətlə yetirilən qadınların 40-70%-i intim partnyoru tərəfindən öldürülüb [22, s. 103–104].
Rəqəmlər məişət zorakılığında iqtisadi amilin təsirli rola malik olduğunu göstərsə də, bu vəziyyətin tez bir zamanda aradan qaldırılacağı bir qədər şübhəlidir.
Cənubi Asiya ölkələrində – 41,73% təşkil edən məişət zorakılığı gəlinin yandırılması və ya cehiz öldürülməsi kimi xarakterizə edilir. Yeni evlənmiş qadının əri və ya ərinin ailəsi tərəfindən verilən cehizdən narazı olduqları üçün evdə öldürülməsi fiziki zorakılıq forması kimi təzahür edir və çox zaman nikahdan sonra cehiz tələb edilməsinin nəticəsi kimi meydana çıxır. Cehizlə bağlı zorakılıq ən çox Cənubi Asiyada, xüsusən də Hindistanda yayılıb. 2011-ci ildə Hindistanın Milli Cinayət Qeydiyyatı Bürosu cehizlə bağlı 8618 nəfərin öldüyünü bildirsə də, qeyri-rəsmi mənbələr bu rəqəmin ən azı üç dəfə yüksək olduğunu göstərir [20, s.41-43].
Yaxın Şərqdə və dünyanın digər yerlərində planlaşdırılmış məişət və ya namus qətlləri qurbanın ailəni və ya cəmiyyəti şərəfsizləşdirdiyinə əminlik əsasında törədilir, qadının nikahdan əvvəl bakirə olacağı ilə bağlı güclü sosial gözləntilərin olduğu yerlərdə toy gecəsi qan olmaması səbəbindən gəlin ifrat zorakılığa, o cümlədən öldürülməyə məruz qala bilər [19, s.41 – 43].
Namus cinayətləri təkcə müsəlman dünyası ilə məhdudlaşmır, onlar Braziliya, Hindistan, Pakistan və Albaniya kimi ölkələrdə baş verir, lakin bu cür hallar Yaxın Şərq və Cənubi Asiyada, bəzən Cənubi Amerika və Mərkəzi Asiyada, eləcə də Avropadakı miqrantlar arasında müşahidə verir [12].
Afrika, Asiya və Sakit okean adalarında sehrbazlıq/cadugərlik etməkdə günahlandırılan qadınların öldürülməsinin əhəmiyyətli bir hadisə olduğu bildirilir. Məsələn, Papua Yeni Qvineyada sehrlə, cadugərliklə məşğul olmaqda ittiham olunan təxminən 500 qadına işgəncə verilməsi və öldürülməsi halları məlumdur [9].
Afrikada qadınların sünnəti deyilən adət geniş yayılmışdır ki, bu da qadının istəyindən asılı olmayaraq həyata keçirilir və artıq min illərdir ki, ənənəvi olaraq davam etdirilir. Qadın sünnəti də cinsi zorakılığın bir növüdur. Qadın sünnəti ÜST tərəfindən “qadın xarici cinsiyyət orqanının qismən və ya tam çıxarılması və ya tibbi olmayan səbəblərdən qadın cinsiyyət orqanlarının digər zədələnməsini nəzərdə tutan bütün prosedurlar” kimi müəyyən edilmişdir. Bu prosedur 125 milyondan çox qadın üzərində həyata keçirilib, Afrika və Yaxın Şərqin 29 ölkəsində günümüzdə də həyata keçirilməkdədir [19]. Məlumdur ki, Avropa ölkələrində məskunlaşan miqrantlar arasında qadın sünnəti ənənəsinin davam etdirildiyi məlumdur.
Qadın sünnəti cərrahi yolla həyata keçirilir və Qərb ölkələrində qeyri-qanuni elan edilmişdir, lakin Afrika və İslam ölkələrində, eləcə də miqrantlar arasında tətbiq olunmaqdadır. Eyni təcrübə Şimali Qafqazda, Dağıstanda da dinlə əlaqəli bir ayin kimi qorunub saxlanılmışdır, məqsəd qadına nəzarət və onun seksuallığının məhdudlaşdırılması ilə bağlıdır. Dağıstan Respublikasında qadın sünnətinin hələ də müəyyən xalqlar arasında qorunub saxlanılması, bir sıra ziddiyyətli səbəblərlə – qadınların cinsi əlaqəsini məhdudlaşdırmaq, atalıq məsələsində əminlik, eləcə də nizamlı cəmiyyətə ehtiyacla əlaqələndirilir. Belə hesab edilir ki, qadının qeyri-məhdud cinsəlliyi xaosa səbəb ola və ictimai nizamı poza bilər [15].
Qadınlara qarşı məişət zorakılığı müxtəlif səbəb və bəhanələr altında tətbiq edilir. Məsələn, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, Moldova və Ukraynada aparılan tədqiqatlar nəticəsində 15 yaşından yuxarı qadınların 70%-nin intim partnyoru və ya partnyoru olmayan şəxs tərəfindən hansısa formada cinsi qısnama, təcavüz və zorakılığa məruz qaldığı müəyyən edilmişdir.
2018-ci il hesabatına əsasən, Avropa ölkələri arasında qadın qətlinin 38%-i ailə üzvləri, 29%-i isə intim partnyorlar tərəfindən törədilib. Ümumi adam öldürmə nisbətlərinin aşağı olduğu ölkələrdə belə, femisid (qadın öldürmə) əməllərinin əhəmiyyətli bir hissəsi kişi intim partnyorlar tərəfindən törədilir. Bəzi ölkələrdə qadın öldürmə nisbətləri xüsusilə yüksəkdir. Məsələn, Avropa və Şimali Amerika ölkələri arasında Rusiya Federasiyasında qadınların qəsdən öldürülmə nisbəti əhalinin hər 100000 nəfərinə 7,3 təşkil edir ki, bu da regionda ən yüksək göstəricidir [21].
İtaliyada 2014-cü ildə aparılan araşdırmaya görə, 6778000 qadın həm fiziki, həm də cinsi zorakılığın hər hansı formada qurbanı olmuşdur. Onlar arasında indiki intim partnyoru və ya həyat yoldaşı tərəfindən 5,5%-i (855 000) qadın və keçmiş partnyoru və ya həyat yoldaşı tərəfindən 18,8%-i (2 milyon 44) qadın cinsi zorakılığa məruz qalmışlar. Qadınlardan 26,5%-i hazırkı intim partnyoru və ya həyat yoldaşı, 46,1 %-i keçmiş intim partnyoru və ya həyat yoldaşı tərəfindən psixoloji və iqtisadi zorakılığa məruz qalmışdır [17].
Rusiyalı tədqiqatçıların araşdırmalarına əsasən, son on illikdə Rusiya məişət zorakılığının artması, qadın və uşaqların ailə konfliktləri zəminində zorakılığa məruz qalması üzrə lider yerdədir. Rusiyada məişət zorakılığı qurbanlarının sayı Fransa və Böyük Britaniya ilə müqayisədə 40-50 dəfə, ABŞ ilə müqayisədə 16 dəfə, Pakistanla müqayisədə 7 dəfə çox olmuşdur [13].
Belorusda məişət zorakılığına məruz qaldığına görə şikayət edən qadını valideyn hüquqlarından məhrum olunmaq təhlükəsi gözləyir. Bu halda isə ailə “qeyri-müvəffəq ailə” elan edilir, uşaqlar isə xüsusi müəssisələrə göndərilir [7].
Qeyd edilməlidir ki, miqrant və qaçqın qadınlar həm məskunlaşma zamanı, həm də ondan sonra cinsi zorakılığa, məişət zorakılığına, məcburi əməyə xüsusilə həssasdırlar. Məsələn, Suriya, İraq və Əfqanıstan da daxil olmaqla, münaqişə ərazilərindən gələnlər, miqrant və qaçqın qadın və qızlar arasında aparılan sorğu onların demək olar ki, 65%-nin hər hansı bir zorakılığa məruz qaldığını göstərib [18].
Digər orta və aşağı gəlirli ölkələrdə olduğu kimi Vyetnamda da məişət zorakılığının iqtisadi forması geniş yayılmışdır. Burada qadınlar və uşaqlar, adətən, iqtisadi cəhətdən kişilərdən çox asılıdırlar. Məişət zorakılığına məruz qalan vyetnamlı qadınların əksəriyyətinin təhsil səviyyəsi aşağıdır. Bir çox Vyetnam ailələrində uşaqlar bəzən anaya təzyiq göstərmək üçün istifadə olunur və bununla da kişilər fiziki və psixoloji zorakılıq etmək imkanı əldə edirlər. Bu hal uşaqların fiziki və cinsi istismarını da əhatə edə bilir [16б, s.166-167].
- Məişət zorakılığının qarşısının alınması ilə bağlı fəaliyyət modelləri
Dünya Bankının 2021-ci il üçün məlumatına görə, aşağıdakı ölkələrdə məişət zorakılığına xüsusi diqqət yetirən qanunvericilik yoxdur: Əfqanıstan, Haiti, Qvineya, Konqo Demokratik Respublikası, İordan çayının qərb sahili və Qəzza zolağı, İraq, İran, Yəmən, Kamerun, Qətər, Kot-d’İvuar, Lesoto, Liviya, Mavritaniya, Mali, Myanma, Niger, Oman, Konqo Respublikası, Rusiya Federasiyası, Suriya, Somali, Sudan, Tanzaniya, Özbəkistan, Ekvatorial Qvineya, Eritreya, Estoniya, Cənubi Sudan [6].
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, məişət zorakılığı qurbanlarının müdafiəsi və onlara yardım bütün dünya ölkələrində aktual problem olaraq qalır. Bu istiqamətdə fəaliyyət planı olan ölkələrin təcrübəsinin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, məişət zorakılığı ilə mübarizədə ilk addım atan ölkələrdən biri Avstriya olmuşdur. Avstriya hökuməti məişət zorakılığının qarşısının alınması ilə bağlı hüquqi əsaslar yaratmış, qurbanlara psixoloji yardım mərkəzləri və sığınacaqların qurulması, həmçinin zorakılıq törədən şəxslərlə profilaktik iş aparılması, onların cəzalandırılması və s. istiqamətində geniş iş qurmuşdur. Məişət zorakılığı ilə mübarizədə Avstriya mühafizə orderi haqda sərəncam vermiş ilk ölkələrdəndir [4, s. 109].
Avstriyada məişət zorakılığına qarşı ilk qanun 1996-cı ildə qəbul edilmişdir. 2009-cu ildə isə məişət zorakılığından müdafiə istiqamətində ikinci qanun təsdiq edilmişdir. Bu qanun gender baxımından neytraldır, çünki məişət zorakılığından müdafiə qadınlarla yanaşı kişilərə də şamil edilir. Avstriyada məişət zorakılığı ilə bağlı müəssisələr – təhlükəsizlik orqanları, məhkəmələr, səhiyyə sistemi, sosial xidmətlər və s. qarşılıqlı fəaliyyət göstərir. Bununla belə, böhran mərkəzləri əlaqələndirici subyektlər olaraq fəaliyyət göstərirlər, çünki məhz onlar davamlı olaraq qurbanlarla təmasda olurlar. Həmin mərkəzlər ailədaxili münaqişə həll edildikdən sonra zorakılıq qurbanları ilə əlaqə saxlayırlar, vəziyyəti nəzarətdə saxlamağa çalışırlar, qurbanlara psixoloji, maliyyə və yaşayış yeri ilə bağlı yardım edirlər. Böhran mərkəzləri yalnız qurbanlarla deyil, məişət zorakılığı törətmiş şəxslərlə də korreksiyaedici iş aparırlar. Eyni zamanda böhran mərkəzləri hüquq-mühafizə orqanlarının işçiləri, hakimlər, səhiyyə sistemi işçiləri ilə kadrlar hazırlanması məqsədilə iş aparırlar [2, s.42-43].
Bu mühafizə əmrləri evə və ətraf əraziyə, iş yerinə və uşaqların oxuduğu məktəbə (və ya uşaq bağçasına) şamil edilir. Bu təminatların ilkin müddəti, adətən, 14 gündür, lakin müstəsna hallarda bir ilədək və ya nikahın pozulması tarixinə qədər uzadıla bilər. Buna əməl olunmasına nəzarət polisə həvalə edilir, əmr pozulduqda inzibati cərimə tətbiq edilir. Təxirəsalınmaz mühafizə qərarının təkrar pozulması halında, cinayətkar həbs oluna bilər. Polis təlimatlar haqqında göstərilən məlumatı verildikdən sonra 24 saat ərzində yardım mərkəzlərinə göndərməlidir. Qurbanların milliyyətindən, əmlak gəlirindən və dini mənsubiyyətindən asılı olmayaraq sığınacaqlarda yerləşmək imkanları vardır. Sığınacaqlarda qalma müddəti 4 aydan 12 aya qədər dəyişir. Burada qadınlara psixoloji, tibbi və hüquqi məsləhətlər verilir, onlara sığınacaqların maliyyə vəsaiti hesabına iş və ya mənzil tapmaqda köməklik göstərilir [14, s.575-577].
Məişət zorakılığına qarşı məsuliyyət Avstriya Daxili İşlər Nazirliyi, Qadınlarla İş Nazirliyi, bələdiyyə səviyyəsində xidmət orqanları, dövlət sosial sığınacaqları və qeyri-hökumət təşkilatları arasında bölüşdürülmüşdür [4, s.108-109].
Dünyada ilk dəfə olaraq, ABŞ-da məişət zorakılığı dövlət səviyyəli problem olaraq elan edilmişdir. 1962-ci ildə Q.Kemp və onun həmkarları Amerika Səhiyyə Assosiasiyasının jurnalımda “Döyülən uşaq sindromu” adlı məqalə ilə çıxış etmişdilər. ABŞ hökuməti sosial həssas əhali təbəqəsinin müdafiəsində fəal rol oynayır. ABŞ hökuməti məişət zorakılığının araşdırılmasına və onun aradan qaldırılması məqsədilə yeni metodların tapılmasına böyük məbləğdə vəsait ayırır. 1994-2000-ci illərdə ABŞ hökuməti intim partnyorlar arasında mövcud zorakılığın araşdırılmasına 435,75 milyon dollar, 2000-ci ildə ailənin yaşlı üzvlərinə qarşı zorakılığın araşdırılmasına 1,5 milyard dollar pul ayırmışdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi konkret proqramlar həyata keçirirlər. Son onilliklərdə ABŞ-da zorakılığın bütün formalarında zəifləmə müşahidə edilir. 1994-cü ildən etibarən məişət zorakılığının səviyyəsi aşağı enməkdə davam edir [8, s.99-105].
Fransada qohumlar tərəfindən şəxsə qarşı törədilən cinayətlərə görə cəza təyin edən cinayət hüququ mənbələri, yəni Fransa Respublikasının Cinayət Məcəlləsi vardır. 1992-ci ildə qəbul edilmiş bu Məcəllənin 221.2 maddəsi “qəsdən adam öldürmə” ilə bağlı olub məişət zorakılığı zamanı müvafiq hadisə ilə bağlı tətbiq edilir. 2010-cu ildə Fransada Qadınlara Qarşı Zorakılıqla Mübarizə Milli Günü təsis edilib və bu gün BMT-nin Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə eyni gündə, noyabrın 25-də qeyd olunur. Fransa qanunlarına görə, birgəyaşayışın istənilən forması – nikah, mülki müqavilə və ya birgəyaşayış zamanı törədilən şiddət məişət zorakılığına aid edilir. Məişət zorakılığının növünə gəlincə, bu, fiziki, şifahi (ailədaxili təhqir), iqtisadi, psixoloji (psixoloji təzyiq) və cinsi zorakılıq kimi növləri əhatə edir. Ailədə məişət zorakılığının sübutu arayışlar, şəxsi ifadələr, SMS, fotoşəkillər, sosial şəbəkələrdə yazışmalar və s. ola bilər. Bu neqativ hal barədə yaxın qohumlar, qonşular, dostlar, təsadüfi şahidlər və tibb işçiləri məlumat verə bilər. Məhkəmə məişət zorakılığının baş verdiyini müəyyən etdikdə, hakim qurbana yaxınlaşmanı qadağan etmək üçün mühafizə qərarı (2010-cu ildən qüvvədədir) ilə geolokasiya qolbağından istifadəni tətbiq edir. Məhkəmə həmçinin təcavüzkarı sərəncamın qüvvədə olduğu müddət ərzində evi tərk etməyi və aylıq maddi yardım, uşaqları varsa, onların saxlanılması üçün əlavə məbləğ ödəməyi də təyin edə bilər. Sərəncam, adətən, 6 aya qədər müddətə verilir və uzadıla da bilər. Mühafizə qərarı ilə müəyyən edilmiş tədbirlərə əməl edilməməsi cinayət sayılır, 2 il həbs və 15.000 avro cərimə ilə cəzalandırılır [14, s.576-577].
Məişət zorakılığına qarşı özünəxas mübarizə modelinə malik olan Böyük Britaniya 2012-ci ildə İstanbul Konvensiyasına qoşulmuşdur. Böyük Britaniyada 2017-ci ildə qadınlara və qızlara qarşı ailədaxili zorakılıqla mübarizə məqsədilə “Qadınlara qarşı zorakılığın qarşısının alınması və məişət zorakılığı ilə mübarizə” Aktı qəbul edilmişdir. Böyük Britaniyada bu sahədə əldə edilmiş nailiyyətlərə aşağıdakılar aiddir:
– birincisi, məişət zorakılığının təbiəti, əhatə dairəsi və nəticələri ilə bağlı dövlət idarələri, polis və ədliyyə sistemi tərəfindən sistemli şəkildə tədqiqatlar aparılır və bunun sayəsində məişət zorakılığı cinayət kimi tanınır;
– ikincisi, müxtəlif dövlət və qeyri-dövlət strukturlarının iştirakı ilə idarələrarası əlaqəli fəaliyyət yanaşması istifadə edilir. Departamentlərarası yanaşma əməkdaşlığa əsaslanır, bu zaman Böyük Britaniya Daxili İşlər Nazirliyi, polis, Kral Prokurorluğu, məhkəmələr, aprobasiya orqanları, həbsxana xidməti, sosial xidmətlər, sağlamlıq, uşaqlara qəyyumluq, qadınlara yardım kimi müxtəlif ictimai qeyri-kommersiya təşkilatları əlaqəli fəaliyyət göstərir.
2010-cu ildə, qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağıran Böyük Britaniya Hökumətinin Strategiya sənədi qəbul edildikdən sonra, qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması üçün tədbirlər planı hər il yenilənir. 2012-ci ildə qəbul edilmiş “Azadlıqların Müdafiəsi haqqında” Qanunda təqib (hədələmə) haqqında qanunvericiliyə əlavələr edilib. Təqib və hədələməyə görə maksimum altı aya qədər həbs cəzası, bezdirici təcavüz və zorakılıq qorxusu, ciddi narahatlıq və ya stress doğuran təqibə görə beş ilədək müddətə azadlıqdan məhrum etmə, qeyri-məhdud cərimə və ya cəzalandırma nəzərdə tutulmuşdur. Antisosial Davranış haqda Akt isə İngiltərə, Uels və Şotlandiyada məcburi nikahı kriminallaşdırır, bu cinayətə görə, sadələşdirilmiş mühakimə qaydasında (Sülh Məhkəməsində) 12 aya qədər müddətə azadlıqdan məhrum etmə və məbləği məhkəmə tərəfindən müəyyən edilən cərimə kimi maksimum cəza nəzərdə tutulur. Crovn Məhkəməsində isə bu işlə bağlı ittiham aktına əsasən maksimum cəza yeddi il həbsdir. Britaniyada təkcə polisi deyil, həm də sosial xidmətlər, həkimlər və qadın xeyriyyə təşkilatlarını əhatə edən qurbanlara dəstək üçün idarələrarası proqramlar və pilot layihələrin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir [3, s.340-342].
Almaniyada qadınlar, uşaqlar və kişilər fərqli hüquqlara malikdirlər. Burada hər bir kəs bərabər müdafiə hüququna malikdir. Zorakılıq qurbanları müxtəlif müdafiə üsullarından istifadə edə bilərlər. Əgər partnyor zorakılıq tətbiq edirsə, vəziyyətlə bağlı tədbir görülür. 110 nömrəsi ilə polisə zəng edərək kömək istəmək olar və polis həmin an gəlib qurbanı müdafiə edə bilər. Polis zorakılıq göstərən şəxsi yaşayış yerindən uzaqlaşdıraraq, 14 gün buraya gəlməsini qadağan edir, həmçinin bu qadağanı reallaşdırmaq məqsədilə onu həbs edə bilər. Zorakılıqdan əziyyət çəkən qadınlar sığınacağa müraciət edə və həkim təsdiq etdikdən sonra burada müəyyən müddətdə qala bilərlər. Məsləhət mərkəzlərində, Qadın evlərində, zorakılıq qurbanlarına yardım mərkəzlərində zərərçəkmiş qadına dəstək göstərilir, onunla konsultasiya təşkil edilir. İxtisaslaşmış məsləhət mərkəzlərində gələcək fəaliyyətlə bağlı informasiya verilir. İstəyə uyğun olaraq anonim konsultasiya da keçirilir. Zərərçəkən qadınlar dəstək üçün dostlarına və qohumlarına da müraciət edə bilərlər. Qadın şikayət ərizəsi yazmaq istədikdə hüquqşünasa-məsləhətçiyə müraciət edə bilər. Almaniyada məişət zorakılığının qurbanı olmuş hər bir şəxs müdafiə orderi ala bilər. Bu zaman zərərçəkənə pulsuz xidmət göstərilir. Məhkəmə işləri pullu olduğundan imkansız şəxslərə dövlət yardım göstərir. Müdafiə orderi verilmiş hər bir şəxsə aşağıdakı xidmətlər təmin edilir:
-zorakılıq göstərmiş şəxsin evə yaxınlaşmasına qadağa qoyulur;
– zorakılıq göstərmiş şəxsin qurbanın davamlı olduğu yerlərə getməsi qadağan edilir;
– zorakılıq göstərmiş şəxsin qurbanla ünsiyytətinə və ya onunla görüşməsinə qadağa tətbiq edilir.
Məhkəmə müəyyən müddətdə təhlükəsizliyin təmin edilməsi haqda qərar verir və bu haqda polisi xəbərdar edir. Məsləhət prosesində etibarlı şəxs də iştirak edə bilər. Zərəçəkmiş qadınlar məhkəmə prosesinin bütün mərhələlərində ixtisaslaşmış sosial-psixoloqların yardımından istifadə edə bilərlər.
Məhkəmə zərərçəkənin təcavüzə məruz qaldığını təsdiq etdikdən sonra ona aşağıdakı xidmətlər göstərilir:
– müalicə tədbirləri və tibbi xidmət;
– pensiya təminatı;
– sosial təminat xidmətləri;
– müalicə-reabilitasiya xidmətləri [5].
Avropa İttifaqı ölkələrində məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyi məsələləri fərqli formada dəyərləndirilir. İspaniya da digər Avropa ölkələri ilə bərabər Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında” İstanbul Konvensiyasına qoşulub.
Gender əsaslı və məişət zorakılığına qarşı İspaniya qanunları Avropa İttifaqında ən qabaqcıl qanunlar hesab olunur. İspaniya hökuməti dünyada qadınlara qarşı zorakılığı milli problem kimi tanıyan ilk dövlətlərdən biri olub. Müvafiq qanun 2004-cü ildə qəbul edilib. İspaniyada 2005-ci ildə Gender Əsaslı Zorakılığa Qarşı Hökumət Nümayəndəliyi, 2008-ci ildə isə Bərabərlik Nazirliyi yaradılıb. Burada 016 qaynar xətti fəaliyyət göstərir. İlin 365 günü təkcə ispan dilində deyil, digər dillərdə də gender zorakılığı ilə bağlı hüquqi məsləhət və psixoloji yardım almaq olar. Ölkənin bütün əyalətlərində böhran mərkəzləri şəbəkəsi fəaliyyət göstərir və burada təkcə qurbanlar deyil, onların qohumları və yaxın dostları da psixoloji yardım üçün müraciət edə bilərlər. 2007-ci ildə istifadəyə verilmiş VioGen sistemi İspaniya hüquq-mühafizə orqanlarının fəxridir. Bu, qadınlara qarşı zorakılıqla bağlı bütün halların geniş məlumat bazasıdır: qurbanların ifadələri, polis hesabatları, şahidlərin ifadələri, məhkəmə qərarları, tibbi sənədlər, təcavüzkarın əvvəllər məhkumluğu, silahların olması barədə məlumatlar burada toplanır. VioGen İspaniyanın istənilən yerində Milli Qvardiya, polis, həbsxana xidmətləri, böhran mərkəzləri, məhkəmələr və sosial işçilər üçün əlçatandır. Sistem polis əməkdaşlarına vəziyyəti tez qiymətləndirməyə və qərar qəbul etməyə kömək edir. Bundan əlavə, xüsusi alqoritmlər sayəsində VioGen təhlükə səviyyəsini qiymətləndirir, yəni təcavüzkarın residiv ehtimalını müəyyən edir və bununla da polisə qadını və onun uşaqlarını vaxtında müdafiə etməyə kömək edir. Alimlərlə əməkdaşlıq vasitəsilə sistem daim təkmilləşdirilir və yenilənir. Təcavüzkarlar ən çox cərimələrə məhkum edilir və qurbanlara, onların evlərinə və iş yerlərinə yaxınlaşmaq rəsmi olaraq qadağan edilir. Cəzanın icrasına elektron qolbaqlar vasitəsilə nəzarət edilir. Zənglər və mesajlar kimi hər hansı ünsiyyət cəhdləri qadağandır [1].
NƏTİCƏ
Adət-ənənələrdən asılı olaraq məişət zorakılığı müxtəlif ölkələrdə fərqli şəkildə təzahür edir. Statistik göstəricilər onu deməyə əsas verir ki, məişət zorakılığı dünyanın bütün regionlarında mövcuddur. Ölkənin iqtisadi inkişafı məişət zorakılığının tamamilə aradan qaldırılmasına kömək etmir. İnkişaf etmiş ölkələrdə məişət zorakılığının göstəricisi aşağı olsa da tamamilə aradan qaldırılmamışdır. Məişət zorakılığının statistikası və törədilmə səbəbləri ölkələrin sosial, mədəni və iqtisadi durumundan asılı olaraq dəyişir. Hələ də məişət zorakılığı nəticəsində öldürülən qadınların sayı kişilər tərəfindən törədilmiş ümumi qətllərin böyük qismini təşkil edir.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin böyük bir qismi məişət zorakılığına son qoymaq məqsədilə qəbul edilən rezalyusiya və bəyanatlara qoşulmuş, ölkə daxilində bu prosesin qarşısının alınması məqsədilə qanunlar qəbul etmişdir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Rus dilində:
- Базанова Е. Специализированное правосудие: как Испания объявила войну насилию в отношении женщин. – https://vot-tak.tv/novosti/14-09-2021-ispania-nasilie-nad-zhenschinami
- Большакова А.М. Противодействие Домашнему Насилию: Опыт Австрийской Республики. // Теология. Философия. Право. 2022, № 1 (17), c.42-53
- Голованова Н.А. Противодействие домашнему насилию: новый опыт Великобритании. // Всероссийский криминологический журнал. 2020. Т. 14, № 2, c. 338–350
- Заброда Д. Г., Заброда С. Н. Австрийский опыт предупреждения домашнего насилия: характеристика и предложения по использованию в России // Общество и право. 2016, № 3(57), c. 107–112.
- Защита женщин от насилия: меры, предусмотренные в Германии. – https://www.mimi-gegen-gewalt.de/wp-content/uploads/2019/03/RatgeberGender_RUS-1.pdf s.26-31
- Как решают проблему домашнего насилия в мире? – https://nasiliu.net/pronasilie/kak-reshayut-problemu-domashnego-nasiliya-v-mire/
- Комитет по ликвидации дискриминации в отношении женщин, «Заключительные замечания по восьмому периодическому докладу Беларуси», 18 ноября 2016 г., CEDAW/C/BLR/CO/8, п. 22(e), – https://undocs.org/Home/Mobile?FinalSymbol=CEDAW%2FC%2FBLR%2FCO%2F8&Language=E&DeviceType=Desktop&LangRequested=False
- Лысова А.В., Щитов Н.Г. Системы реагирования на домашнее насилие // Социологический журнал. 2003. № 3, c.99-105
- Манджу Р. Гендерно мотивированные убийства женщин и девочек. https://www.ohchr.org/sites/default/files/Documents/Issues/Women/WRGS/OnePagers/Gender_motivated_killings_ru.pdf
- Повсеместная опасность: каждая третья женщина в мире подвергается насилию. – https://www.who.int/ru/news/item/09-03-2021-devastatingly-pervasive-1-in-3-women-globally-experience-violence
- Пособие для судей судов по уголовным делам на тему: «Домашнее насилие». c.2
- Почему так трудно остановить «убийства чести»? https://rus.azattyq.org/a/ubiistva-chesti/25406761.html
- Саттеруэйт М. Патология насилия. – http://demoscope.ru/weekly/2006/0243/gazeta029.php
- Симагина Н.А. Домашнее насилие в странах Европы и способы борьбы с ним. // Человек: преступление и наказание. 2022. Т. 30(1–4), № 4, с.575-583
- Сиражудинова С. В. Женское обрезание в Республике Дагестан: социокультурные детерминанты и концептуальный анализ // Женщина в российском обществе. 2016. № 2 (79), с. 48-56
- Тхи Бик Нгок, Барышева Г.А., Динь Тхи Хоанг Ань, Динь Тхи Фыонг Ань Гендерное насилие: социокультурный анализ экономических последствий (на примере Вьетнама).// Векторы благополучия: экономика и социум. 2019. № 1 (32), c. 167-168 (c.166-176)
- Фемицид и насилие в отношении женщин в Италии: как политика и статистика справляются с этим Доклад Национального института по статистике.Италии. – https://unece.org/fileadmin/DAM/stats/documents/ece/ces/ge.30/2017/nov_worksession/WP4_Muratore_RUS.pdf
İngilis dilində:
- Atina (2017), ‘Violence Against Women and Girls in Refugee and Migrant Population in Serbia, Belgrade, pp. 14–15.
- McLanahan, S. (1997). Parent absence or poverty: Which matters more? In G. Duncan & J. Brooks-Gunn (Eds.), Consequences of growing up poor (pp. 35-48). Russell Sage Foundation.
- Pope, Nicole (2012), “Born unequal · Old Traditions, modern context”, in Pope, Nicole (ed.), Honor killings in the twenty-first century, New York: Palgrave Macmillan, pp. 41–43, 140,
- UNDP, UN Women, UNFPA, UNICEF (2018), Turning Policies into Action: Eliminating Violence against Women and Girls in Central Asia, Bishkek, 4–5 November 2018. Conference Report.
- Windle, Michael (1997). “Concepts and Issues in COA Research” . Alcohol Health and Research World
Maftuna İSMAYİLOVA
Models of Assistance to Victims of Domestic Violence
Abstract
The varying characteristics of domestic violence cases across different countries highlight the persistence of patriarchal attitudes in society. The physical and psychological violence that men use to assert their perceived superiority is closely linked to the moral and economic vulnerabilities of society.
Examining global protection measures against domestic violence can provide valuable insights for improving the effectiveness of similar efforts in our own country.
Key words: domestic violence, gender inequality, victim, aid model, economic underdevelopment
Мафтуна ИСМАИЛОВА
Модели помощи жертвам домашнего насилия
Резюме
Анализ особенностей проявлений домашнего насилия в разных странах показывает, что в обществе по-прежнему сильны патриархальные установки. Физическое и психологическое насилие, совершаемое мужчинами в стремлении утвердить свое превосходство, в действительности связано с моральной и экономической нестабильностью общества.
Изучение международного опыта в сфере защиты от домашнего насилия может стать основой для повышения эффективности мер, реализуемых в Азербайджане в этом направлении.
Ключевые слова: домашнее насилие, гендерное неравенство, жертва, модель помощи, экономическая отсталость