Tahirə ALLAHYAROVA
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, professor
E-mail: tahirallahyarova@gmail.com
Xülasə. 2021-ci il dövlətçilik tariximizdə ilk dəfə əlamətdar tarixi günlər adlanan möhtəşəm hadisələr – Vətən müharibəsində Zəfər tarixinin 1-ci və müstəqilliyin bərpasının 30-cu ildönümləri işarəsi altında keçəcək. Bu möhtəşəm təqvimlər dünyada “tarix və yaddaş siyasəti” adlanan hadisələr baxımından olduqca böyük əhəmiyyətə malikdir. Çoxsaylı dünya ölkələri qeyd ediləcək belə hadisələrin milli yaddaşa yazılmasının dövlət siyasətinə, tarixi ənənəsinə, konkret konsepsiyasına, gerçək məqsədlərə və onun reallaşmasının mexanizmlərinə səlahiyyətli olan institutlara malikdir.
Bununla müqayisədə ölkəmizdə tarix və yaddaş siyasəti nəinki ziyalılarımızın tədqiqatlarında, kollektiv yaddaşla bağlı istisna sayılacaq araşdırmalar nəzərə alınmazsa, hətta elmi leksikonumuzda belə hələlik diqqət cəlb etməyib, təhlil edilməyib. Dünya ölkələrindəki kimi “tarix siyasəti və yaddaş siyasəti” adlanan fəaliyyətin həyata keçirilməsinə səlahiyyətli olan rəsmi institusionallaşmış strukturlar Azərbaycanda hələlik formalaşmayıb.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə Qarabağda Qələbə, Qayıdış və Zəfər tarixi adlı mərhələyə qədəm qoyulması tarixə və yaddaşa münasibət məsələlərini təsəvvürəgəlməz dərəcədə aktuallaşdırıb. Belə ki, tarixən müharibələr xalqın kimliyinə göstərdiyi fundamental təsir gücü ilə yaddaş siyasətinin alternativi olmayan əsasını təşkil edir. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbə zəfər tarixinin qələmə alınmasını, onun daxili və xarici siyasətə, ən başlıcası, ictimai şüura və rəyə təsiri məsələsini gündəmə gətirir.
Məqalədə dünyada mövcud olan tarix və yaddaş siyasəti sahəsində təcrübə və bu sahədəki fəaliyyətlər – ABŞ, Fransa, Almaniya, Rusiya, Polşa, Ukrayna, İsrail, Avropa Birliyi və s. nümunəsində araşdırılır, Azərbaycanla müqayisəsi və görüləcək işlərin səciyyələndirilməsinə çalışılır.
Açar sözlər: tarix, yaddaş, dövlət, yaddaş siyasəti, dünya təcrübəsi, İlham Əliyev, Azərbaycan, keçmişə münasibət, tarix siyasəti, yaddaş müharibələri, yaddaş siyasəti institutları
- Tarix və yaddaş siyasəti: problemlə bağlı müzakirələri dünyada aktual edən amillər
Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Bu gün bizim yaşadığımız günlər hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir” [3].
“Azərbaycan gənci öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Mən görürəm ki, müstəqillik dövründə doğulmuş və ya formalaşmış yeni nəsil yetişir. Yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi onlardan asılı olacaq. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, kimlik siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər” [8].
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin yuxarıda epiqraf olaraq gətirilən “..ölkəmizin yeni şanlı tarixini yazmaq” çağırışı Zəfər tarixini yaddaşlara yazmaq kimi aidiyyətli sahənin ziyalı və alimlərinə, qələm əhli və mediaya, ümumilikdə isə hər bir vətəndaşa ünvanlanıb.
Qalibiyyətli müharibə hər bir xalq üçün öz zəngin tarixi və mədəniyyətinə bir daha dərindən nəzər salmaq, toplumun tarix duyumunu formalaşdırmaq və zənginləşdirmək üçün böyük fürsətdir.
Hazırda Zəfər tarixini yazan ölkəmizdə milli qürurla birlikdə formalaşan qalib xalqa məxsus milli qürur yaşantısı və milli kimlik, dəyər oriyentasiyalarının üfüqlərinin düzgün müəyyən edilməsi, qələbə dərslərinin indiki və gələcək nəsillərin yaddaşına həkk edilməsi yönündə həyati vacib prioritetlərin düzgün qurulması xüsusi əhəmiyyət kəsb edir.
Bununla yanaşı, yuxarıda qeyd edilən, soni illər dünyada vüsətlə artan yeni trendlərin – tarix siyasəti və yaddaş siyasəti adlanan tədqiqat istiqamətlərinin, ənənə və mexanizmlərin formalaşmaması qarşıda duran məqsədlərə adekvat deyil. Bu baxımdan, ölkəmizdə yaddaş və tarix, yaddaş siyasəti ilə bağlı nəzəri və təcrübə əsaslarının müzakirəsi, mütərəqqi nümunələrin tətbiqi qarşıda duran əsas məsələlərdəndir.
“Yaddaş nədir, necə fəaliyyət göstərir?” sualı bu və ya digər şəkildə ən müxtəlif sahələrdən olan alimləri maraqlandırıb. Qədim Roma yazıçısı Böyük Pliniyə görə: “Yaddaş insanı şəxsiyyət edən bir nemətdir.” Fridrix Nitşe isə əksinə unutma qabiliyyətini istedad hesab edirdi. Yaddaşla bağlı elmi baxışlar bu cür əks mövqelərdə olmaqla yanaşı, çeşidli təlim və nəzəriyyələrin ortaya çıxmasını şərtləndirib.
Sovet İttifaqının dağılması ilə nəhəng bir geosiyasi məkanda tarixi-sosial yaddaş parçalandı. Yeni tarixi “hekayə quruculuğunun-narrativlərin” formalaşdırılmasına zərurət və sosial sifarişin yaranması bu sahədə axtarışlara təkan verdi. Müstəqilliyə yeni qovuşan hər bir dövlət qadir olduğu qədər keçmişini yazmaq, mövcud yaddaş siyasətinin transformasiyası və yeni strategiyaların yaradılması tələbi ilə üz-üzə qaldı. Hər bir ölkə milli, siyasi, ideoloji, geosiyasi kimliyi ilə yanaşı, həm də “tarixi kimliyini – oriyentasiyasını” müəyyən etmək seçimi ilə üzləşdi. Nəzərə alınmalıdır ki, sovet cəmiyyətinin siyasi və tarixi çöküşü həm də qloballaşma və texnoloji-kommunikasiya inqilabının doğurduğu transfomasiyalarla üst-üstə düşdü. Bu da keçmişin təqdimi və təbliğində yeni qlobal hədəfli informasiya müharibəsi, manipulyasiya, vizuallaşdırma və inter aktivləşmə vasitələrinin meydana gəlməsini şərtləndirdi.
“Tarix və yaddaş” münasibətlərinin yeni, daha dərindən araşdırılması göstərdi ki, ənənəvi olaraq onların tamamilə başqa sahələr olması yaxud da onların bir-birinə qarşı qoyulması ilə bağlı olan mövqelərə də yenidən baxılmalıdır. Məhz “tarix-yaddaş-siyasət” üçbucağında formalaşan “keçmişin öyrənilməsi” yollarının müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlərdə müxtəlif tarixi idrak modellərinin ortaya çıxmasını şərtləndirən səbəbləri, proseslərin mahiyyətini müəyyən etməsi əksəriyyət tərəfindən ümumi qənaətə çevrildi.
Məlum olduğu kimi, keçmişin mənalandırılması, keçmiş təcrübəyə dair şərhlər olduqca geniş aspektlərdə və çoxsaylı anlayışlar kontekstində təsvir edilə bilər. Həmin anlayışlara misal kimi tarixi təcrübə (keçmiş haqqında bilik və təsəvvürlər), tarixi yaddaş, tarixi şüur, tarixi idrak və s.-ni xatırlamaq olar. Keçmişin dərk edilməsinin artıq formalaşmış ənənələri, başqa sözlə, tarixi təcrübələr və ya tarixi idrak modelləri mövcuddur. Zaman gedişində tarixin bir-birini əvəzləyən müxtəlif inkişaf mərhələlərində baş verən proses və hadisələrin elmi dərk edilməsinin üsulları da, imkanları da yeniləşir, dəyişir və zənginləşir. Keçmiş tarixə dair təsəvvürlər çoxçalarlı olub, tarixi idrak və biliklərlə eyniyyət təşkil etmir.
Sosioloji nöqteyi-nəzərdən keçmiş haqqında təsəvvürlər ixtisaslaşdırılmış elmi biliklərdən daha geniş olub, ümumiyyətlə, arxaik təsəvvürlərdən tutmuş dinlər, fəlsəfələr, ideologiyalar, sənət və s. kimi epoxal sosial yaddaşı da əhatə edir. Bu nöqteyi-nəzərdən tarixi yaddaş və təcrübə keçmiş haqqında biliklər üçün əsas rolunu oynayır.
XX əsr dünya, Avropa və Fransa tarixçilərinin görkəmli nümayəndlərindən biri, tarixi tədqiqatların metodologiyasına inqilabi yeniliklər gətirmiş, məşhur “Annallar məktəbi”ni (“Salnamələr məktəbi”) yaratmış dünya şöhrətli tarixçi Fernan Brodelin (1902-1985) tarixə gətirdiyi yeni yanaşmasında əsas anlayışlarından biri – “tarixi yaddaş” vacibliyinin gündəmə gəlməsi metodoloji baxımdan yenilik oldu. Əlbəttə, tarixçilər həmişə yaddaş fenomeni ilə rastlaşmışlar. Lakin əvvəllər əsasən tarixi xronikanın müəlliflərini, hadisələri nə dərəcədə yaxşı xatırlaması maraqlandırırdı. Tarixçi yaddaşda baş verə biləcək səhvlərə, unutqanlıqlara lazımi düzəlişlər edirdi. Bu prosesdə isə tarixi yaddaş arxa plana keçir, “tarixi faktla” işləməyə üstünlük verirdi. İndi isə hadisə haqqında yaddaş daha az tarixçi üçün hadisənin özü qədər, bəzən isə hadisədən daha çox maraq kəsb edirdi. Yaddaşa cildlərlə əsər həsr edən Pyer Nora F.Brodelin davamçılarından idi.
Tarixə münasibət və yaddaş siyasəti son onilliklərin ən aktual problemləri sırasındadır. Dünyada gedən qloballaşma prosesləri, beynəlxalq münasibətlər sisteminin radikal transformasiyası şəraitində tarixi yaddaş – milli varlığın təhlükəsizliyi üçün, müxtəlif ölkələrin bölgədəki qlobal liderlik uğrunda toqquşan maraqlarından irəli gələn təhdidlərin dəf edilməsinə qarşı sipər rolunda çıxış edir.
XX əsrdə yaddaşın tədqiqat obyekti olaraq tarixin yazılmasına cəhd edilməsi nəticəsində tədricən başqa bir tarixi idrak modeli yarandı. Onun formalaşmasının zirvəsi 70-80-ci illərdə Qərb ictimai-humanitar elmində bu sahədə baş verən intellektual inqilab oldu.
Beləliklə, yaddaşla bağlı tədqiqatların yaşı nisbətən çox olsa da, onun təcrübədə cəmiyyətə tətbiqi əsasən XX əsrin 80-ci illərindən başlayaraq əksər dünya ölkələrində dövlətçilik tarixinin yenidən araşdırılmasının, indiki və gələcək nəsillərə ötürülməsini təmin edən “yaddaş siyasəti” strategiyalarının hazırlanması geniş yayıldı. Qloballaşma və milli dövlət münasibətlərində ziddiyyətlər, ikiqütblü dünyanın çökməsi, dünyanı bürüyən qanlı münaqişələr və s. proseslərin milli kimlik, tarix və yaddaş problemini daha da ön sıraya çıxardı.
XXI əsrin əvvəllərində – son otuz ildə, Pyer Noranın da qeyd etdiyi kimi, dünya ictimai elmi bir “yaddaş dövrü”ndə mövcuddur və yaşayır. P.Nora 2010-cu ildə “Tarix, tarixçilər və hakimiyyət” mövzusunda beynəlxalq dəyirmi masada çıxış edərkən qeyd edib: “1970-ci illərdən 1990-cı illərədək tarixi şüurda və idrakda heyrətamiz bir genişlənmənin və hətta bir inqilabın şahidi olduq …Yaddaş tarixə, keçmişə yeni yanaşmalara yeni təkan verdi və tədqiqatların bütün sahələrinə nüfuz etdi” [30].
İkiqütblü dünyanın çökməsi və sosialist düşərgəsinin dağılması tarix və yaddaş məsələlərinin yenidən nəzərdən keçirilməsinə diqqətin artmasına daha bir təkan verdi. Qitə və region ölkələrində yeni müstəqil dövlətlərin yaranması ilə bu proseslər geniş vüsət aldı.
Qeyd edildiyi kimi, yaddaş fenomeninə olan bu maraq ilk növbədə müasir dünyada bununla bağlı baş verən əhəmiyyətli dəyişikliklərlə şərtlənib.
Hansı qlobal və lokal dəyişikliklər tarix-yaddaş siyasətinin gündəmə gəlməsinə səbəb olub?
İlk növbədə, müasir informasiya cəmiyyətində zamanın görünməmiş sürətlənməsi və cəmiyyətin insan varlığı və yaddaşında oynadığı alternativi olmayan rolu qeyd edilməldir.
Bu dəyişikliklərin mərhələləri ümumi olaraq aşağıdakı kimi göstərilə bilər:
- Orta əsrlərdə tarix yaddaşa tabe idi. Yaddaşlarda yaşayır, ondan asılı idi.
- XIX əsrdə tarix müstəqil elm sahəsinə və fənnə, müvafiq olaraq da, milli dövlətə xidmət edən bir quruma çevrildi. Bu qisimdə tarixi hekayə-narrativ yeganə tarixi “həqiqətin” daşıyıcısı hesab olundu. Məntiqi baxımdan deyilsə, bu halda artıq yaddaş tarixdən asılı olurdu. Tarixin bu modelində keçmiş haqda “xalis” bilik və“qeyri-xalis/qeyri-düzgün” yaddaş uyğun gəlmir.
- XX əsrin sonları – XXI əsrin əvvəllərində tarix və yaddaş bir-birindən qarşılıqlı asılılığa və sıx bağlılığa malik olan qoşa fenomenə, vahid sistemin tərkib hissələrinə çevrilir.
Sözügedən mərhələdə Avropada, daha sonra MDB ölkələrində dövlətlərin “yaddaş siyasəti” adlanan çoxşaxəli fəaliyyətinin əsasları qoyuldu. “Müharibələr tarixi”nin müzakirəsini onun əksi olan “tarix müharibələri, yaddaş müharibələri” mövzusunda müzakirələr əvəzləyir. Qlobal miqyaslı radikal transformasiya proseslərinin müşayiət etdiyi bu tendensiyanın inkişafı ilk dəfə tarix siyasətini beynəlxalq münasibətlərin predmetinə çevirir. Avropa Birliyində – Almaniya və Fransa arasında, Asiyada – Yaponiya, Çin və Koreya, Hindistan və Pakistan arasında, MDB məkanında – Rusiya, Baltikyanı ölkələr, Ukrayna və Polşa arasında, Orta Asiya respublikalarında tarix siyasəti ilə bağlı getdikcə daha qızğın şəkil alan müzakirələr bu qəbildən idi. Cənubi Qafqazda Ermənistanın tarixi saxtalaşdırmaq yönündə səyləri görünməmiş həddə çatır.
Sözügedən dövrdən başlayaraq, tarixi keçmişin milli şərhlərinin bir-birindən fərqli, bir çox hallarda əks məzmunlu olması, az qala dövlətlərarası qarşıdurma və münaqişələrə yol açan səviyyəyə çatmasının səbəbləri araşdırılmağa başlandı.
Bu məsələ tədqiqatçılar tərəfindən keçmiş, indi və gələcək arasındakı münasibətlərin mahiyyətinə yenidən baxılmasını gündəmə gətirir. Baş verənləri 1980-ci illərin tədqiqatlarında qırmızı xətt kimi keçən “tarixi idrakın və biliyin böhranı” adlanan problemin tərkib hissəsi hesab edənlər də oldu. XX əsrin sonlarında tarixi narrativlərin transformasiyasını izah etməyə çalışan baxışlar formalaşdı” [26, s.25-26].
Beləliklə, tarix və yaddaş aktual, eyni zamanda da mübahisəli problemlərdən birinə çevrildi. Bu mövzuya maraq böyük ölçüdə hər bir cəmiyyətin hərtərəfli inkişafı üçün milli və mədəni irsin təcrübələrini, toplanmış dəyərləri, davranış qaydalarını, qorumaq və gələcək nəsillərə ötürmək məsələləri barədə düşünməyin lazım olması ilə də bağlı idi. Ümumi formalaşan qənaəti isə belə ifadə etmək olardı: kollektiv, tarixi yaddaş da psixoloji yaddaş kimi itməyə meyilli, amneziyaya məruz qalan fenomendir. Yaddaşla aparılan siyasət fasiləli olarsa, nəticəsi Çingiz Aytmatovun bədii obrazını yaratdığı “manqurtlaşma” (tarixi, mədəni köklərin və mənəvi oriyentirlərin itməsi – T.A.) olan hadisə baş verir.
- Yaddaş və tarix anlayışlarının mahiyyəti və məzmunu
“İnsanların xatirələrində keçmişin şanlı hadisələrini, müharibə və zəfərlərini, uğursuzluq və məğlubiyyətlərini, qəhrəmanların obrazlarını işıqlandıran milli tarixi yaddaş yoxdursa, millət də yoxdur” [29, s.63].
Psixologiya elmində daha qədimdən öyrənilən yaddaş əsasən fərdi mahiyyətli fenomen hesab edilib. Sonralar fransız sosioloqu Mauris Halbvaksın (1877-1945) elmə gətirdiyi “kollektiv yaddaş” ideyası 1925-ci ildə nəşr olunan “Yaddaşın sosial çərçivəsi” adlı təd qiqatında geniş əksini tapması ilə sosial-humanitar elmlər sahəsində diqqət mərkəzinə gəldi. “Yaddaşın sosial çərçivəsi” monoqrafiyasında M.Halbvaks göstərdi ki, insanların yaddaşının gerçəkləri xatırlaması daha çox onların üzvü olduğu cəmiyyətlərin qurduğu “sosial çərçivələrlə” – ictimai şüur, kimlik, nitq, məkan və zaman haqqında təsəvvürlər və s. ilə sıx bağlıdır. “Kollektiv yaddaş”, “ənənələr” və s. “indidə yaşayan keçmişin varlığı”nın xüsusi formalarıdır. Sosial qrupların və kollektivlərin (ailə, məktəb, din, sosial təbəqələr və s.) dərinliklərində formalaşan və yaşayan bu formaların dinamikası cəmiyyət və yaddaş problemləri ilə sıx bağlıdır.
Qeyd edildiyi kimi,“yaddaş və tarix siyasəti” hələ 60-cı illərdən ortaya çıxan “yaddaş bumu” (memory boom) adlanan, milli və tarixi, kollektiv yaddaşla bağlı trendə çevrilən tədqiqatların məntiqi davamı hesab edilir. Yaddaşa dair tədqiqatların əsası fransalı alimlər Pyer Nora, M.Halbvaks və amerikalı Ceyms Verç tərəfindən qoyulub.
“Tarixi yaddaş” nəzəriyyəsi xarici tarixçilər, filosoflar, sosioloqlar və kulturoloqlar tərəfindən geniş tədqiq olunub. XX əsrin ikinci yarısından elmi dövriyyəyə gələn bu terminlə ictimaiyyətşünaslıqda bir çox elmi istiqamət, nəzəri və metodoloji yanaşmalar formalaşdı. Tarixi yaddaş ideyası E.Durkheym, M.Halbvaks, P.Nora, P.Hutton, C.Verç, C.Rusen, P.Rikyör, L.Repina və başqaları kimi bir çox görkəmli alimlərin araşdırmalarının əsas mövzusunu təşkil edib.
Azərbaycanda kollektiv yaddaş mövzusu siyasi psixoloq R.Qaragözov tərəfindən geniş araşdırılıb [7, s. 22-25; 10, s.145-155; 11, s. 3-97; 12 ].
Kollektiv yaddaş sosial, etnik, milli, dini insan birlikləri tərəfindən keçmiş haqqında ortaq təsəvvürlərin qəbul edilməsi, qorunması, yaradılması və ötürülməsini təmin edir. Anlayış özünə yaxın digər anlayışlarla – sosial yaddaş, tarixi yaddaş, mədəni yaddaş – bənzər mənaya və sıx bağlılığa malikdir. Kollektiv yaddaşın elmi tədqiqinin banisi də adı çəkilən fransız sosioloqu, filosofu M.Halbvaks olub. ABŞ-dan olan tədqiqatçı Ceyms Verç öz əsərlərində kollektiv yaddaşı başlıca olaraq tarixi məzmunlu müxtəlif hekayə-mətn-narrativlərlə şərtləndirilmiş yaddaş adlandırıb. O, tarixi məzmunlu mətnlərə kollektiv yaddaşı qoruyub-saxlamağı, xatırlamanı təmin edən mədəni üsul və vasitələri – salnamələri, tarixi şəxsiyyətlər və qəhrəmanlar haqqında xronikaları, məktəblərdə tarix dərsliklərini və s. aid edib.
Kollektiv yaddaş müasir qloballaşma dövründə insanların və xalqların, millətlərin məruz qaldığı güclü “kimlik-identiklik” böhranının təsirinə müqavimət göstərə bilən, tarixi və milli mənəvi dəyərləri qorumağa qadir olan fundamental amildir. Kollektiv yaddaş psixoloji anlamda yaddaş kimi unudulmağa – amneziyaya məruz qala bilir. Nəticəsi isə Çingiz Aytmatovun möhtəşəm bədii obrazını yaratdığı “manqurtlaşma”dır.
Kollektiv yaddaş fenomeninin vacibliyi ümumən qəbul edilsə də, bu gün üçün vahid və bitkin nəzəriyyəsi hələlik formalaşmayıb. Bu həm də onunla bağlıdır ki, tarixi yaddaş multidissiplinar sahədir və ən azı 10 ictimai-humanitar elmin tədqiqat predmetini təşkil edir.
Bəzi tədqiqatçılar hesab edir ki, tarix bir yaddaş formasıdır. Tarixşünaslığın mərkəzi, bəlkə də, yeganə vəzifəsi yaddaşın qorunması və hər gələn yeni nəslə ötürülməsidir. ABŞ-ın Virciniya Universitetinin tarix professoru, “ideyalar tarixi və tarixi nəzəriyyə” sahəsində mütəxəssis Allan Megil tarix və yaddaşın qoşa fenomenlər olması ilə bağlı fərziyyənin qədim nümunələrinin olmasını vurğulayaraq yazır: “Herodot “Tarix” əsərinin ilk sətirlərində qeyd edib ki, o, bu əsəri məhz “insanlar arasındakı hadisələrin zamanla unudulmaması, məhv olmaması, ellin və barbarların törətdikləri böyük və möhtəşəm əməllərin naməlum qalmaması üçün qələmə alıb” [22, s.133].
Tarix və yaddaş mövzusunu zaman-zaman aktual edən digər həlledici məsələ müharibələr, tarix və kollektiv yaddaş münasibətləridir.
Müharibə faciəsini, məğlubiyyəti, yaxud da tam əksinə qalibiyyəti yaşayan cəmiyyətlərdə “yaddaş ehtiyacı” formalaşır. Sanki cəmiyyətin yaddaşında “müharibəyə qədərki və postmüharibə” kimi fərqlənən bir sərhəd xətti yaranır. Tarixçilərdən, ziyalılardan, ümumilikdə qələm əhlindən yaşanan hadisələrlə bağlı postmüharibə yaddaşının formalaşdırılması, onun kəsilməzliyinin təmin edilməsi kimi gözləntilər yüksək səviyyəyə çatır. Bu anlamda tarix daimi yada salma, “isti olan” xatirələrin davam etdirilməsi, unudulmasına imkan verməyən silsilə səyləri ifadə edir.
Elmi baxımdan yanaşdıqda bir çox hallarda toplumlar “yaddaş azlığından deyil, onun artıqlığından”, daha dəqiq deyilsə, subyektiv təsəvvürlərə dayanan “təhrif edilmiş, yanlış yaddaşın” birtərəfli təbliğindən də əziyyət çəkir. Başqa sözlə deyilsə, tarixən çoxdan baş verən münaqişələrin “yaddaşı” məqsədyönlü və aqressiv şəkildə təbliğ edilir və yeni qarşıdurmalara rəvac verir. Bu vəziyyətdə, məsələn, “yaddaş” həm bu cür qarşıdurmaları təhrik edir, həm də münasibətlərdə ortaya çıxan problemləri həll etməyə ciddi maneə yaradır. Beləliklə də, deyə bilərik ki, yuxarıda qeyd edildiyi kimi, yaddaş və tarixin ümumiliyi ilə bağlı fikirlərdə onların hər ikisinin müharibə yaddaşı ilə bağlı olmasına münasibətdə Herodot dan başlayan ənənədə müəyyən bir yekdillik mövcuddur.
Tarixi yaddaş və onun qavranılması cəmiyyətdə milli birliyin, vətəndaş həmrəyliyinin, vətəndaşların dövlətçiliyə sadiqliyinin formalaşmasında, nəsillərin əlaqəsinin təmin olunmasında mühüm rol oynayır. Ölkələrarası və beynəlxalq səviyyədə tarixi mətn və hekayələrin uyğunlaşdırılması və bir-birinə yaxınlaşması, müasir problemlər mövzusunda cəmiyyətlər arasında konstruktiv dialoqun, digər dövlətlərin və xalqların qavrayışının mövcud mənfi stereotiplərinin aradan qaldırılmasının zəmanəti kimi görünür. Beləliklə, tarixi yaddaş həm sosial, həm də siyasi dəyər statusuna malik olmaqla, ictimai davranışı təyin edən bir determinanta çevrilir.
Yəhudi əsilli fransız tarixçisi Pyer Nora “Fransa kimdir?” sualına: “Fransa yaddaş və yenidən düşünmək deməkdir” cavabını verməklə, 7 cildlik əsər həsr edib. O, tarixi yaddaşda “yaddaş məkanı, yaddaş yerlərinin” misilsiz əhəmiyyətə malik olmasını vurğulayıb.
“Yaddaş yeri ” (fr. Lieu de mémoire) dedikdə, Pyere Nora zaman keçdikcə xalqın iradəsi ilə onun milli yaddaşının, irsinin simvolik bir elementinə çevrilən mənəvi və maddi sərvətlərin vəhdətdə ifadəsini nəzərdə tuturdu. Bu baxımdan yaddaş yerləri ilə yanaşı, “yaddaşın ünvanları” ifadəsini də tətbiq etmək məqbul sayıla bilər. P.Noraya görə, milli yaddaşın təcəssüm olunduğu yerlər abidələr (mədəniyyət və təbiət), bayramlar, rəmzlər, emblemlər, insanların və ya hadisələrin şərəfinə qeyd edilən əlamətdar günlər, təntənəli mərasimlər, vida (cənazə) nitqləri, şan-şöhrət ithaflarıdır. Onların əsas rolu simvolik olub cəmiyyətin özü və tarixi haqqında fikir formalaşdırmağa xidmət edir.
P.Nora bu yaddaş araşdırmalarının ən xarakterik xüsusiyyətlərini “yaddaşın dünya zəfəri” adlandıraraq yazır: “Tarixin rəsmi versiyalarının yenidən nəzərdən keçirilməsi tənqidi və tarixi prosesin repressiya edilmiş komponentlərinin üzə çıxması; köklərə (əcdadlara) pərəstiş və şəcərə tədqiqatlarının inkişafı; anım tədbirlərinin, tarixi muzeylərin sayında sürətli artımın baş verməsi; arxiv materiallarının toplanmasına qarşı yüksək həssaslıqdır. “Yaddaşın dünya zəfəri”, ingilisdilli dünyada “irs”, Fransada “patrimoine” adlandırılan “miras”a bağlılığın yenilənmiş bir təzahürüdür.
Daha bir fransız alimi M. Ferro “Fərqli ölkələrdə uşaqlara hekayələr necə nəql edilir” kitabında tarixi yaddaşla bağlı siyasətin 3 səviyyəsini qeyd edir:
- “İnstitusional” – rəsmi, sanksiyalaşdırılmış tarix; 2. “Kontr” – əks-mövqeli tarix (narazı/məğlub və ya təzyiq göstərən sosial qrupların “gizli” tarixi; 3. Fərdi və kollektiv yaddaş.
Dövlətlərin milli quruculuğunda, ictimai rəydə yeni dəyərlərin formalaşdırılması siyasətində tarix və yaddaş məhz bu baxımdan əsas rol oynamağa başlayıb.
Sözügedən proseslər çoxsaylı təzahürlərlə yanaşı, ziddiyyətli milli-tarixi hekayə quruculuğuna – narrativlərin ortaya çıxmasına səbəb olub. Onlardan bəziləri mövcud siyasətə, yaxud da digər dövlətlərin və xalqların siyasi stereotiplərinə ciddi təsirini göstərməyə başladı. Bəzən tarixi yaddaşla bağlı fikir ayrılıqları “yaddaş və tarix müharibələrinə” çevrildi.
Xatırladaq ki, XX əsrin sonlarına doğru Şərqi Avropada praktik olaraq bütün silahlı qarşıdurmaların səbəbi kimi bir-birini istisna edən tarixi narrativlər ictimai rəyin qütbləşməsində və münaqişələrin artmasında mühüm rol oynayıb. II Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd edilməsi yenidən həmin dövrün qiymətləndirilməsi ilə bağlı tarixi yaddaş müharibələrinin şiddətlənməsinin şahidi olduq.
Tarixi yaddaş, qeyd edildiyi kimi, ümumilikdə dəyər, o cümlədən sosial və siyasi dəyərdir. Münaqişələrlə bağlı tədqiqatlardan məlum olduğu kimi, qarşı duran tərəflər arasında dəyər ziddiyyətlərinin həll edilməsi maraqlar ziddiyyətlərinin həllindən daha çətindir. Uyğun olmayan maraqlarla hər zaman olmasa da, əksər hallarda məqbul bir həll yolu tapmaq mümkündür.
Dəyərlər isə barışmaz müstəvidir. Müəyyən mənada insan kimliyinin və davranışın təməlində durduğu üçün dəyərləri bir araya gətirmək son dərəcə çətindir. Ancaq burada vurğulamağa dəyər ki, tarixi yaddaş özlüyündə bir dəyər olsa da, yuxarıda qeyd etdiyimiz kimi, tarixi yaddaş formalaşdırma siyasəti dövlətin marağındadır. Beləliklə, dəyərlər toqquşması mənafelər toqquşmasının fövqündə durur.
Bu, bir tərəfdən vəziyyəti çətinləşdirsə də, digər tərəfdən həll yolu tapmaq üçün imkanlar yaradır. Burada real tarixi faktların, baş vermiş tarixi hadisələrin saxtalaşdırılması ilə mübarizə aparılması önəmlidir. Bəzən müəyyən obyektiv, yaxud da subyektiv səbəblərdən yaddaşın gündəmə gətirilməsindən imtina edilir ki, bu da “yaddaş qıtlığı, çatışmazlığı” vəziyyətini formalaşdırır.
Beləliklə, yaddaş institutu yoxdursa, tarix də yoxdur. Tarixin yaddaş siyasəti olmadan mümkünsüzlüyü ən azı iki vəziyyətdə özünü göstərir:
Birincisi, Pol Rikyörün (Paul Ricoeur) vurğuladığı tarixi araşdırma və tarixin yazılmasının zaman təcrübəsi ilə sıx bağlılığıdır. Zamanın təcrübəsi olmadan əvvəllər olan, indi baş verən və sonra baş verəcəklər arasındakı fərqin ən elementar səviyyədə heç bir tarixi təsviri mövcud ola bilməz. Həmçinin, məlumdur ki, insanın zaman təcrübəsi yaddaşsız mövcud ola bilməz. Müəyyən mənada yaddaş insanın keçmişdə cəmlənmiş zaman təcrübəsi qazanmasının bir yoludur.
Yaddaş tarixin yazılmasını mümkün edən əsas konseptual və ilkin şərti formalaşdırır. Yaddaş olmadan zaman təcrübəsi qeyri-mümkündür və zaman təcrübəsi olmadan hadisələri keçmişdə düzgün “yerləşdirmək” mümkünsüzdür.
İkincisi, tarixlə yaddaş arasındakı əlaqəyə məzmun/kontent səviyyəsində baxmaq olar. Tarix bir çox hadisələrlə yanaşı, tarixi faktlarla da məşğul olur. Tarixi araşdırmalarda bir tərəfdən obyektiv həqiqətləri tapmaq və bu araşdırmalarda “tarixçilərin özləri tərəfindən yaradılan” subyektiv həqiqətləri sezmək yaddaş amili olmadan mümkün deyil.
Digər mühüm aspekt tarixin elmi- akademik tədqiqi və sosial-pedaqoji şərhləri məsələsidir. Onun mahiyyəti tarixi təhsil və tədris vasitəsi ilə gənc nəslin, ictimai rəyin mənəvi-ideoloji, əxlaqi həyat mövqeyini, vətəndaşlıq kimliyini, vətənpərvərliyini formalaşdırmaq, yəni gənclərin dəyər oriyentasiyalarını, “kollektiv tarixi yaddaş” adlanan fenomeni formalaşdırmağa təsir etmək səyləri kimi müəyyən edilə bilər. Sosial pedaqoji istiqamət elmi-akademik tərəfin sadəcə proyeksiyası olmayıb, özünəməxsus xüsusiyyətləri olan sahədir.
Tarix və yaddaşın, dolayısilə milli kimlik və cəmiyyətdə sosial sistemin bir-birini qarşılıqlı şərtləndirməsi dərin tədqiq edilmişdir. M.Halbvaks adı çəkilən “Yaddaşın sosial çərçivələri” adlı kitabında yaddaşın həm də sosial bir fenomen olduğunu və buna görə də sosioloji tədqiqatın obyekti olmasının zəruriliyini əsaslandırmışdır. M.Halbvaksın əsas ideyası bundan ibarət idi ki, insanların yaddaşı ilə xalqın identikliyi – kimliyi birmənalı şəkildə qarşılıqlı bağlıdır. Tarixi mətnlər xüsusilə onları istehsal edən sosial qrupların şüurundan asılıdır. Halbvaksın yaddaş modelinə görə, “yaddaş – kollektiv olsun, ya da fərdi – kimlik amili ilə müəyyən olunur” [28].
Qeyd edilməlidir ki, yaddaş araşdırmalarında (memory studies) müxtəlif yanaşmalar mövcud olmaqla yanaşı, bir-birini inkar etməməli, əksinə, dövlətin tarix siyasəti, yaddaş siyasəti və ya memorial siyasəti adlanan çərçivələrdə bir-birini üzvi şəkildə tamamlamalıdır. Bu aspektlər tarixi keçmişin izah və təhlili sahəsində, “vətəndaş kimliyi”ni formalaşdıran “dəyərlər platforması” qismində dövlət siyasətinin həyata keçirilməsinin vasitələridir. Tarixin dərkinə yeni sistemli yanaşma və metodologiyanın banisi Fernan Brodel bununla bağlı qeyd edirdi: “Tarix mənim üçün bütövlükdə dünən, bu gün, sabah və perspektivlərdə olacaq mümkün tarixlərin məcmusudur. Onların yalnız birini seçib, digərlərindən imtina etmək – məncə, bu, çox böyük bir səhv olardı. Bu, əslində səhvlərin “tarixiləşdirilməsi” demək olardı”.
Həmçinin, yaddaşın tarixin ayrılmaz şərti (conditio sine qua non) olmasını qəbul etmək yaddaşın artıq tarixin əsası olduğunu təsdiqləmək anlamına gəlmir. Yaddaş ümumiyyətlə tarixin mənbəyidir, tarix yaddaşdan qaynaqlanan və müəyyən mənada yaddaşda həkk edilən “məkanı” heç vaxt tərk etməyən mənada başa düşülür. Bu mövqeyi Jak Le Goff “Tarix və yaddaş” əsərində ifadə edib [13].
Son nəticədə məntiqi baxımdan dövlətin, eləcə də tarix elminin inkişafı üçün ortaq məxrəcə, konsensus nöqtələrinə ehtiyac mövcud olur. Bu, baş verən tarixi hadisələrin dövlətçilik tarixinin dəyərləndirilməsi, mənəvi müstəviyə proyeksiyası baxımından zəruri məqamdır. Eynilə də bu, qətiyyən o demək deyil ki, həmin məqamlar sərt-mütləq inzibati resursların köməyi ilə aşılanmalıdır. Tamamilə əksinə, tarix olduğu kimi əks etdirilməli, millətin inkişaf etdiyi, dövlətin inkişaf etdiyi, ümumiyyətlə, bəşəriyyətin inkişaf etdiyi başlıca mütərəqqi – magistral yola yönəldilməsi üçün “tarixin dərsləri”nin alınması zəruridir.
Əksinə, bu mövqelərin inkar edilməsi arzuolunmaz nəticələrə səbəb olur. Məlum olur ki, məsələ heç də “elmi deyil”, olduqca “praktiki” məqsədlərə xidmət edir.
- Tarix siyasətinin ilk dəfə siyasi və elmi dövriyyədə tətbiqi, yaddaş siyasəti ilə konseptual hüdudları, bənzər və fərqli məqamları
Tarix siyasətinin məqsədi siyasi elitanın hər bir millətin baş verən tarixi keçmişlə bağlı dövlətin təqdim etdiyi versiya, izah, təqdimat əsasında birliyinin, milli konsolidasiyasının təmin ediməsidir.
Xalqın nəinki siyasi-tarixi, həmçinin milli, sosial-mədəni, genetik kodunda toplanan tarixi keçmişin qorunmasına yönəlik bu siyasət heç bir vəchlə xalqı ayırmağa deyil, onu birləşdirməyə xidmət edir və etməlidir.
Nəinki hər bir ölkənin, hətta hər bir insanın belə özünün özəl tarix siyasəti var. Dövlətlər kimi insanların da tarixə öz münasibətləri formalaşır. Bununla yanaşı, tarix haqqında hər bir kəsin, tarixçi, yaxud siyasətçilərin sonsuz müxtəlif təsəvvürlərinə baxmayaraq, insan və cəmiyyətə tarixi öz dövlətinin gördüyü kimi qəbul etməsi xasdır və təbiidir.
Dövlət öz tarixi abidələrindən, yüksək vəzifəli şəxslərin bəyanatlarından, kino, ədəbiyyat, sənət, xatirə və bayram mərasimlərindən istifadə edərək vətəndaşlara ölkə tarixinin sadələşdirilmiş, düzgün “qısa kursunu” təklif edir. Bundan əlavə, tarix xalqın özünü tanıması, kimliyini müəyyən etməsi üçün başlıca vasitədir.
Dövlət hər bir vətəndaşına milli birliyə xidmət edən ortaq mənsubluq – kimlik, bütövlük hissini – ortaq tarixi keçmiş, ortaq indiki zaman və ortaq gələcək aşılamaq üçün yasanmış tarixə əsaslanan kollektiv təsəvvürü necə formalaşdıra və inkişaf etdirə bilər?
Elmi-akademik nöqteyi-nəzərdən fikir müxtəlifliyinin olması zəruri və təbii olduğu halda, sosial, mənəvi-ideoloji və pedaqoji müstəvilərdə fikir ayrılıqları auditoriyanın tarixi dərk etməsinə, yaddaşda həkk edilməsinə ziddiyyətli və mənfi təsir göstərə, kollektiv yaddaş fraqmentasiyaya uğraya (parçalana) bilər.
Tarixsiz xalq yoxdur. Elə isə tarix siyasəti anlayış olaraq nə zaman yaranıb? “Tarix siyasəti” anlayış kimi XX əsrin 80-ci illərində Almaniya Federativ Respublikasında (AFR) əvvəlcə siyasi, sonra isə elmi dövriyyəyə daxil edilib. Almaniyada “tarix siyasəti” (geschichtspolitik) anlayışı 1980-ci illərin əvvəllərində yaranıb. Həmin dövrdə Xristian Demokrat Partiyasından yeni seçilmiş, ixtisasca tarixdən elmi dərəcəsi olan kansler Helmut Kohl siyasi uğurlarını möhkəmləndirmək üçün tarixi məsələlərin təbliğinin vacibliyi fikrini bildirib və bu imkandan istifadə etmək qərarına gəlib. O, peşəkar tarixçi Mixael Stürmeri özünə siyasi məsləhətçi təyin edərək Almaniyada “mənəvi-siyasi dönüşün” zəruriliyini bəyan edib.
Bu “çevrilişin” vacib elementi alman vətənpərvərliyinin yalnız Üçüncü Reyxin cinayətlərində günahını etiraf etməyə əsaslanmaq kimi uğursuz istiqamətdən fərqli olan daha müsbət xüsusiyyətini qabartmaq, təbliğ və təsdiq etmək idi. Bu məqsədlə nasistlik cinayətlərinə görə məsuliyyət mövzusuna yanaşmanı, AFR-də 1960-1970-ci illərdə sosial demokratların hakimiyyətdə olduğu və siyasi cəhətdən yalnız onlarla əlaqəli olan aspektdə ictimai fikrə çatdırılması kimi yanaşmaya doğru yönəldilməsi nəzərdə tutulurdu.
Bununla Almaniyada başladılan elmi müzakirələr tarixçilər Ernst Noltenin, Stürmerin özünün və bir sıra həmkarlarının çıxışları 1985-1987-ci illərdə məşhur “Tarixçilərin mübahisəsi” (Historikerstreit) adlanan hadisəyə təkan verdi. Mübahisənin məzmununu nasizmin yaranması səbəbləri və onun II Dünya müharibəsində fəaliyyətinə görə məsuliyyət dərəcəsi təşkil edirdi.
Tarix siyasətinin təcrübədə tətbiqi səylərində diqqət çəkən məqamlardan biri də Federal Prezident Rixard von Vaytzekerin 8 may 1985-ci il tarixində Bundestaqda müharibənin bitməsi və nasional ideologiyanın 40-cı ildönümü şərəfinə söylədiyi yaddaqalan“Milli sosialist zülmünün aradan qaldırılması” adlı çıxışı oldu. Almaniya tarixində ilk dəfə yüksək dövlət postunu tutan bir şəxs 8 May tarixini “kapitulyasiya” və ya “təslimçi-çöküş” günü deyil, “qurtuluş günü” adlandırdı.
Bu müzakirə əsnasında Helmut Kol alman tarixçilərinin baxışları arasında kəskin ziddiyyətlərlə də üzləşdi. “Geschichtspolitik” – tarix siyasəti Almaniyada hələ yaranmamış böyük müqavimətə rast gəldi. Alman tarixçilərinin böyük əksəriyyətinin mənfi reaksiyası əsasən tarix siyasətinin kim tərəfindən, hansı məqsədlə, tarixin hansı hissəsinin, hansı vaxtda necə təbliğinin, Holokostla bağlı siyasətin necə olacağı və s. kimi suallarla bağlı idi. Bununla yanaşı, “Geschichtspolitik” konsepsiyası alman söz ehtiyatına “tarixin şərh edilməsi, siyasi, yəni partiya, motivlər üçün seçilmiş və ictimaiyyəti belə bir təfsirin düzgünlüyünə inandırmaq cəhdləri” ifadəsi olaraq möhkəm bir şəkildə daxil oldu.
Tarix siyasətinin mənası dövlətçilik mənafeyi üçün cəmiyyətin resurslarından istifadə edərək tarixi hadisələrin dominant şərhlərini müəyyən etməyə yönəlik siyasəti üsul və metodlar məcmusu kimi qəbul edildi.
Son onilliklərdə Qərb ölkələrinin ictimai-siyasi müzakirələrində tarix siyasəti (Geschichtspolitik), keçmiş siyasəti (Vergangenheitspolitik), kimlik (identiklik) siyasəti (Identitätspolitik) və yaddaş siyasəti (Erinnerungspolitik) anlayışları üstünlük təşkil edib. Bu da yaddaş mədəniyyəti (Erinnerungskultur), tarix mədəniyyəti (Geschichtskultur) və tarixi şüur (Geschichtsbewusstein) kimi anlayışları vahid mahiyyətli fenomenlər kimi, hər şeydən əvvəl, tarix və (kollektiv, milli, sosial) yaddaş arasındakı əlaqəni müəyyənləşdirməyə, yaddaşın sosial, siyasi, ünsiyyət, mədəni və s. funksiyalarını ümumi anlamda istifadə etməyə imkan verir [15, s.233].
Tarix siyasətini və yaddaş siyasətinin müəyyən aspektlərini milli və ya etnik zehniyyətə söykənən daha geniş kontekstdə izah etməyə çalışacağıq. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, tarix siyasətinin özü priori mübahisəli bir vasitədir. Müxtəlif tarixi faktların təfsirindən istifadə edərək, aktual siyasi problemləri həll edir, bunlardan başlıcası siyasi hakimiyyətin legitimləşdirilməsi, müəyyən edilmiş tarixi-siyasi parametrlərlə kimliyin formalaşmasıdır. Bu vəzifəyə uyğun olmayan tarixi şərhlər, onu təbliğ və ifadə edən insanlar dövlətin müxtəlif sanksiyalarına məruz qala bilər.
Çünki hər bir xalqın dövlət yaradan millətə – siyasi millətə çevrilməsi, tarixi subyekt kimi formalaşması üçün zəruri olan elementlərdən biri xalqın kollektiv yaddaşına pərçimlənən tarixi hadisə və onu birləşdirən təməl hekayə fenomeni, “tarixin hadisə tərəfi və tarixin hekayə (narrativ) tərəfi”nin mövcudluğudur.
Tarix siyasəti ilk növbədə dövlətin mövcud iqtidarının fəaliyyətini qanuniləşdirmək üçün istifadə edildiyi kimi, yaddaş siyasəti bu fəaliyyətə dəstək olmaq üçün yaradılan təsisatların “kollektiv kimlik-identiklik” yaratmaq yönündə işini qurur. “Tarix siyasəti” bəzən “keçmişin idarə edilməsi” kimi də adlandırılır. Bir çox tədqiqatçılar bu siyasətin yalnız ötən əsrin sonlarında yarandığını bildirir. Bununla yanaşı, keçmişin idarə olunmasının insan cəmiyyətinin inkişafı üçün vacib şərt olmasını göstərən amillərdən biri budur ki, insanlar hələ sivilizasiyanın qədim dövrlərindən keçmişi izah edən bir çox mifin köməyi ilə kollektiv və fərdi şüura təsir göstərmək ənənəsini yaratdılar. Təbii ki, o zamana nisbətdə elmi-rasional müəyyən edilən tarix siyasətindən danışmaq məqbul olmasa da, bu ənənə-əsrdən əsrə keçərək, tarixi keçmişin varlıq formasına, müstəqil elm sahəsinə çevrildi.
Hazırda bu sahənin əsas xüsusiyyəti keçmişin idarə edilməsinin nəinki siyasətin, hətta geosiyasətin ən vacib elementinə çevrilməsidir. Əvvəllər tarixi yaddaş əsasən din, mədəniyyət, psixologiya, sosial fəlsəfə ilə sıx əlaqəli idisə, bu gün demək olar ki, hətta müstəsna olaraq, dünya liderlərinin də yüksək tribunalardan səsləndirdiyi siyasətlə səsləşir.
Tədqiqatçılar tarixin ümumi siyasi şərhini ifadə edən mövzuları – siyasi tarix, tarix siyasəti, yaddaş siyasəti, tarixin siyasiləşdirilməsi, siyasətçilər tərəfindən tarixin “özəlləşdirilməsi”, “yaddaş müharibələri”, “tarix cəbhəsi” və s. terminlərlə fəalmüzakirə edirlər.
Bütün bu anlayışlar bu və ya digər növ kimlik axtarışları ilə əlaqəlidir. Təd -qiqatlar gedişində bu sahənin strateji istiqaməti “tarix siyasəti” kimi müəyyən edilib. Maraqlı olan məqam bəzi ölkələrdə eyni məzmunlu siyasətin “yaddaş siyasəti” kimi adlandırılmasıdır.
Beynəlxalq praktikada “tarix siyasəti” baş vermiş real tarixin aktual, milli-siyasi, sosial-psixoloji motivləri ilə şərtlənmiş şərhləri, cəmiyyətə, yetişən nəslə onu aşılamaq cəhdləri kimi başa düşülür.
“Tarix siyasəti” mövcud zamanda hakimiyyətdə olan siyasi elitanın dövlətçilik tarixinin şərhinə sıx müdaxiləsini nəzərdə tutur. Ölkələr siyasi, inzibati və maliyyə mənbələrindən istifadə etməklə, siyasi elitanın tarixi şüur və kollektiv yaddaş sahəsində cəmiyyətin ideoloji indokrtinasiyasını – mənəvi dəyərlərə proyeksiyasını həyata keçirirlər .
Tarix siyasəti nəsillərin və sosial mühitin təkamül yolu ilə dəyişikliklərə uğrayan, ritual (ayin və mərasimlərlə) və tarixi hekayələrlə (narrativlərlə) reallaşan sosial əhəmiyyətli tarixi obrazların və şəxsiyyət obrazlarının formalaşmasına yönəlib. Demokratik cəmiyyətlərdə tarix siyasəti heç bir halda siyasi sferanın özü ilə məhdudlaşmır; siyasətçilər və publisistlərlə yanaşı, tarixi dərketmə prosesinə gətirdikləri fərqli maraq və strategiyalara sahib müxtəlif digər peşə qruplarının aktorları da buraya cəlb olunurlar.
Dövlətlər öz tarixinə həmişə əhəmiyyət verib. Tarixin əbədiləşdirilməsi yönündə fəaliyyət, yaxud da onun saxtalaşdırılmasına qarşı mübarizə aparan xüsusi mərkəzlərin, komissiyaların ideyası bu gün ortaya çıxmayıb. Keçmişin qiymətləndirilməsi ölkənin və xalqın özü haqqında ilk baxışdan göründüyündən daha çox şey deyə bilər.
Reallıq bundan ibarətdir ki, siyasi elitanın tarixlə bağlı siyasəti varsa, deməli, xalqın kimliyinin, onun təsəvvürlərinin formalaşdırılmasında da rolu var, yaxud da əksinə.
Bu halda tarix siyasəti ölkənin inkişafının tarixi keçmişi ilə əlaqədar rəsmi mövqenin – dövlət və vətəndaş arasında yazılmamış bir ictimai müqavilənin əsasını təşkil edir. Eyni zamanda, tarix siyasəti cəmiyyəti tənzimləmək üçün, demək olar ki, əsas vasitə halına gəlir.
Tarix siyasəti dövlət və yaxın dövlət qurumları tərəfindən keçmişə dair tarixi qiymətləndirmələrin və şərhlərin şüurlu, məqsədyönlü hazırlanması və təqdim ediməsinə yönəlmiş fəaliyyəti nəzərdə tutur. Tarix siyasəti müəyyən, yaxud müxtəlif siyasi qüvvələrin tarixi hadisələrin müəyyən şərhlərini dominant/üstün olduğunu təsdiqləməyə yönəlmiş təcrübələr toplusudur.
İstər tarix, istərsə də yaddaş siyasəti milli mənsubluğu, etnik kimliyi, dövlət identikliyini,vətəndaş kimliyini və s. əks etdirən çoxçalarlı fəaliyyəti nəzərdə tutur.
“Tarix siyasəti” “tarixin siyasiləşdirilməsi” adlanan hadisələrdən əhəmiyyətli dərəcədə fərqlənir. XXI əsrin informasiya cəmiyyətində, virtual məkanında tarix siyasəti köhnə, sovet-kommunist metodlarına qayıtmaq kimi anlamda deyil və ola da bilməz. Müasir cəmiyyətdə tarixə hamı üçün total/mütləq olan yeganə baxış aşılanması hipotetik olaraq məqbul deyil. Bununla yanaşı, tarixə və yaddaş siyasətinə xarici təzyiq, manipulyasiya, müdaxilə cəhdlərinə qarşı müfaviq müqavimətin formalaşması, səmərəli yolların tətbiqi, yetişən gənc nəslə tarixi yaddaşı aşılamaq zərurəti mövcud və labüddür.
Tarix və yaddaşın fərqi, birinin siyasi-hüquqi, digərinin isə əsasən mənəvi sanksiyalarla bağlılığından qaynaqlanır. İnstitusional müstəvidə yeni təşkilatların ortaya çıxması, müxtəlif ölkələrdə milli tarix/yaddaş institutlarının təsis edilməsi,onların funksiyaları və prinsipləri baxımından bənzər fəaliyyət göstərməsi buna misaldır.
Tarix siyasətinin fərqini göstərən daha bir cəhət qanunvericilik səviyyəsində özünü göstərir. Parlamentlər tarixi hadisələrin bu və ya digər şərhini yeganə doğru variant kimi təsdiqləyən “yaddaş qanunları” adlanan qanunlar qəbul edirlər.
Tarix siyasətinin daha bir fərqi onun ideoloji təminatı məsələsidir. İdeoloji təminat aşağıdakı müddəalar üzərində qurulur.
- Daxili və xarici rəqib və düşmənlərlə mübarizə. Yəni “tarix o qədər ciddi sahədir ki, onu yalnız tarixçilərə etibar etmək olmaz” deyimi, əslində, bu sahənin nə qədər böyük əhəmiyyət və məs uliyyətə malik olmasına işarə edir.
2.Xarici ideoloji təzyiq və manipulyasiyalara qarşı fəaliyyət; müxtəlif cəhdlərin qarşısının alınması;
- Böyüyən nəslin vətənpərvərlik tərbiyəsində tarix amilinin rolunun artırılması.
Tarix siyasətinin və yaddaş siyasətinin müəyyən aspektlərini milli və ya etnik zehniyyətə söykənən daha geniş kontekstdə izah etmək mümkündür. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, tarix siyasətini apriori (əzəli) olaraq tamamilə inkar edən mövqelər də məqbul sayıla bilməz.
Belə ki, müxtəlif tarixi faktların təhlil/təfsirinin birtərəfli ifadəsi, yaxud da müxtəlif baxışların ifrat qütbləşməsi şəraitində tarixi həqiqətin ictimai şüur tərəfindən dərk edilməsi çətinləşir. İfrat relyativizm deyilən vəziyyət formalaşır. Bu baxımdan, tarix siyasəti keçmişdə baş verən tarixi proseslərin sırf subyektivist izahları arasından düzgün olan obyektiv mənzərəni formalaşdırmağa xidmət edir, yaxud etməlidir.
Əks-təqdirdə, başqa dövlətlərə ərazi iddialarının “tarixi” əsaslandırılması, siyasi problemlərin kompensasiya edilməsi üçün tarixdən sui-istifadə edilməsi, bu siyasəti yürüdən rejimlərin gücünün legitimləşdirilməsinə, subyektivliyə söykənən parametrlərlə ictimai şüurun formalaşdırılmasına xidmət edir. Sovet dövründə SSRİ-nin tarix siyasətində bununla bağlı çoxsaylı nümunələr mövcud olub.
Bu mənada tarix siyasəti “siyasətə xidmət edən tarix”dən daha geniş bir fenomendir. Bu siyasət hər cür xatirələrin və təcrübələrin ötürülməsini, unudulmuş faktları və rədd edilmiş alternativlərin izlərini axtarmağı əhatə etməklə yalnız normativ və ya doqmatik bir dünyagörüşün formalaşması və möhkəmləndirilməsindən daha geniş mənaya malikdir.
Tarix siyasəti həm də tarixi “şərhlər konflikti”, onun siyasi qarşıdurmaya necə çevrildiyi, bunu kimin və hansı məqsədlə etdiyi və bunun nəyə gətirib çıxardığı barədə suallara cavab tapmağa çalışan elmi araşdırmaların mövzusudur.
Tarixə dövlətçilik və siyasi məqsədlər üçün istinad vacibdir və mümkündür, bununla yanaşı, heç bir halda tarix siyasəti yalnız tarixin “rəsmi-subyektiv” təfsirinə çevrilməməlidir.
Tarix siyasəti tarixi yaddaşla sıx bağlılıq təşkil edir. Elmi ədəbiyyatda tarixi yaddaşın müxtəlif təriflər verilib. Bir çox hallarda o, keçmiş təcrübənin təşkili, qorunması və çoxaldılması prosesi, keçmiş hadisələrin yaddaşda qorumağın mental xüsusiyyətləri və yolları, ictimai şüurun xüsusi bir forması, biliklərin məcmusu və cəmiyyətin ortaq keçmiş haqqında təsəvvürləri, cəmiyyətin kollektiv yaddaşının modeli, keçmişin simvolik xatırlanması və s. kimi ifadə edilir.
Tarixi yaddaş keçmişin hadisə və prosesləri ilə əlaqəli bir sıra bilik, fikir, dəyərləndirmə, inanc və düşüncə toplusunu özündə cəmləşdirən xüsusi, daim inkişafda olan bir sosial-mədəni fenomendir.
Tarixi yaddaşın öyrənilməsinin zəruriliyi tarixi yaddaşın cəmiyyət həyatının mənalandırması, sosial qrupların davranışının bütövlükdə cəmiyyətin tənzimləyicisi olması, mədəni və milli kimliyin formalaşdırması ilə izah edilir. Tarixi yaddaş konsepsiyasının nəzəri təhlili, strukturu və məzmununun müəyyənləşdirilməsi, cəmiyyətdə formalaşma mexanizmlərinin öyrənilməsi və izahı dünyada ictimai elmlərin qarşısında duran tədqiqat vəzifələri siyahısında ön sıralarda durur.
“Tarix siyasəti” anlayışında xronoloji tarixin yerinə “sosial yaddaş” tipologiyası da gəlir. Müvafiq olaraq da özü ilə yeni metodoloji prinsiplər gətirir [16, s.20-21].
Yaddaş siyasətinin öyrənilməsi, artıq qeyd olunduğu kimi, humanitar elmlərdə yeni bir paradiqmaya – “yaddaş araşdırmaları” (memory studies) fənlərarası tədqiqatlar sahəsinə çevrildi. Sosial yaddaşın tipoloji anlamı, keçmişin obrazının kollektiv, ortaq bir fenomen kimi görmək nöqteyi-nəzərindən irəli gəlir. Onun parametrləri cəmiyyətdəki ictimai-siyasi münasibətlərlə müəyyən olunur. Buraya müxtəlif hakimiyyət-cəmiyyət münasibətlərində bütün səviyyələr – regional elitalar və mərkəz, cəmiyyətin sosial və siyasi məkanının bütün aktorları arasındakı münasibətlər aiddir.
Dövlət quruculuğunun, mövcud inkişaf proseslərinin, ictimai rəy və gənc nəslin identikliyinin formalaşdırılmasının legitimliyi üçün keçmişin obrazlarından mühüm resurs kimi istifadə edilməsi müasir dünyada tarix siyasətinin siyasi münasibətlərin ayrıca növü olaraq mövcudluğunu deməyə əsas verir.
Bəzi müəlliflərə görə, “yaddaş siyasəti” və “tarix siyasətİ” terminlərinin bir-birindən ayrılması zəruridir. Məsələn, A.Dyukovun fikrincə, əgər cəmiyyət Vətən qəhrəmanlarının məzarına gül qoymağa gəldiyi zaman bu həm fərdi (bunu ürəklərin çağırışı ilə etdikləri üçün), həm də kollektiv olaraq (birgə çiçək qoymaq, yad etməklə) bir yaddaş siyasətidir.
Tarix və yaddaş siyasətində tarixin təhrif edilməsi,siyasi manipulyasiya başlayırsa, milli kimliyin unutdurulmasına, əvəz edilməsinə çalışılırsa, qurbanların və qəhrəmanların yeri dəyişdirilir, yeni panteonlarının yaradılmasına cəhdlər edilirsə, bu halda paralel olaraq həm də tarixin unutdurulmasına çalışılır [19].
Yaddaş siyasəti o zaman ön plana çıxır ki, müasir ictimai və siyasi vəziyyətin keçmişə münasibətinin deyil, onun ayrı-ayrı elementlərinə baxışların yenilənməsini diktə edir. Tarixi hadisələrin mövcud şərhi və aktuallaşdırma strategiyaları köhnəlmiş olur.
Beləliklə, yaddaşın yaratdığı emosional və rasional dəyərlərin milli siyasətin prioritetləri ilə səsləşməsi onun dövlətin informasiya və maliyyə resursları ilə dəstəklənməsi, təbliği və gələcək nəsillərə ötürülməsi üçün mühüm şərtlərdəndir.
“Tarix siyasəti” mövcud zamanda hakimiyyətdə olan siyasi elitanın dövlətçilik tarixinin şərhinə həssas münasibətini nəzərdə tutur. Siyasi və ziyalı elita dövlətin inzibati, maliyyə, mədəni və s. resurslarından istifadə etməklə, tarixi keçmişin şüur və kollektiv yaddaş sahəsində cəmiyyətin ideoloji indokrtinasiyasını – mənəvi dəyərlərə proyeksiyasını həyata keçirirlər .
Dövlətin “yaddaş siyasəti” siyasi hakimiyyətin bütün mümkün resurslarından istifadə etməklə tarixi hadisələrin təhlilinin real tarixi hadisələrə əsaslanan, milli maraqlara cavab verən, indiki və gələcək nəsillərə çeşidli formalarda çatdırılması və təbliği ilə bağlı fəaliyyət və mexanizmlərin, vasitə və metodların məcmusudur. Yaddaş siyasəti – dövlətin və cəmiyyətin real tarixi, necə və nəyi yadda saxlamağa müstəqil qərar vermək imkanı, xalqın sovet dövründə olduğu kimi, diktə edilən ideoloji məqsədlərə tabe edilən tarixi deyil, onun keçmişlə bağlı nəyi, nə üçün və necə yadda saxlamağa müstəqil qərar vermək imkanı, öz azad seçimi ilə müəyyən etdiyi “yaddaş suverenliyi”dir. Bunun əksi suveren deyil, özgə qüvvələrin yazdığı saxtalaşdırılmış tarix və yaddaş, “narrativ (hekayə quruculuğu) müstəmləkəçiliyi”dir.
Yaddaş siyasəti həm keçmişdəki hadisələrin ictimai normalardan istifadə edərək siyasi-ideoloji seleksiyası və tənzimlənməsi, həm də onların kollektiv yaddaş üçün şərhini ifadə edən düşünülmüş məqsədyönlü prosesdir. Bu siyasət belə bir inamdan irəli gəlir ki, keçmişin formal (məsələn, məktəb) və ya qeyri-formal (məsələn, ailə) kanalları vasitəsilə şərhi və təsviri kollektiv səfərbərlik potensialına malikdir. Bu səfərbərlik xalqın “dahi şəxsiyyətlər panteonu”, böyük tarixi, ideal-mənəvi standartları – asudə vaxt faktorundan siyasi təsir üçün lazım olan məqsədlərə yönəldilə bilir. Yaddaş siyasəti keçmiş hadisələri seçim etmək, süjetləri, yaxud unutdurmaq kimiselektiv yanaşmalarla da müşayiət edilir.
Beləliklə, kollektiv yaddaş cəmiyyətin siyasi və mədəni qüvvələri tərəfindən formalaşdırılır. Dövlət siyasəti və sosial normalarla birlikdə götürülən kütləvi informasiya vasitələri, əyləncə sənayesi, hətta siyasi korrektlik normaları – bütün bunlar hadisələrin cəmiyyət tərəfindən xatırlanmasına və qəbul edilməsinə təsir göstərir.
Buna baxmayaraq, “yaddaş siyasəti” ilə “tarix siyasəti” arasındakı həssas fərqin olduğu da qeyd edilir. Tarix siyasəti “tarixin siyasi, yaxud partiya motivləri, onların düzgün hesab etdiyi şərhin düzgünlüyünə inandırmaq cəhdlərini əks etdirir” [23].
Onu da vurğulamaq lazımdır ki, bu və ya digər ölkədə yaddaş siyasətinin əsas aparıcısı tarixin bu və ya digər şərhini təsdiqləməyə yönəlmiş daxili qüvvələrin maraqları, istəkləri və səyləridir. Bununla yanaşı, keçmişlə bağlı yaddaş siyasətinə təsir göstərə bilən xarici oyunçuların rolu kəskin şəkildə arta bilər. Getdikcə daha çox yaddaş siyasəti dövlətlərarası qarşılıqlı əlaqələrin mövzusuna çevrilir; bu problemlər ətrafında fövqəlmilli qurumlar (ilk növbədə Avropa Birliyi) öz mövqelərini formalaşdırmağa başlayır.
Yaddaş siyasəti keçmişin elementlərinin müasir siyasi sistem və ya fərd üçün prioritet olan obrazları müxtəlif institusionallaşmış üsul, metod, mexanizm, texnologiyalar və təcrübələrin köməyi ilə yad etməyə, xatırlamağa yönəlib. Yaddaş siyasətinin əsas vəzifəsi keçmişin irsinə millətin, dünya birliyinin və s.-nin münasibətini, xalqın,elitanın dövlətçilik maraqlarına xidmət edən yöndə nəsillərin yaddaşının formalaşmasına, nəsillərarası kollektiv yaddaş bağlarının kəsilməzliyinə imkan verən, məqbul sayılan kontekstə görə formalaşdırmaqdır [16, s.15-212].
Universal-ümumdünya kollektiv yaddaşdan fərqli olaraq, milli yaddaş dövlətin tarix və yaddaş siyasəti ilə müəyyən edilir.
Dövlətin yaddaş siyasəti, yaddaş siyasətinin çoxşaxəli formalarından biridir, burada subyekt həm dövlətin özü, həm də milli yaddaş siyasətinin formalaşmasında iştirak edən qurumları və ya strukturlarıdır.
Sirr deyil ki, fövqəladə sürətlə artan informasiya axını, informasiya hücumu, transmilli media fenomeni, sosial şəbəkələr, qloballaşma prosesi, milli yaddaşın hökmranlığı strategiyasının həyata keçirilməsinin təsirini yumşaq təsir mexanizmləri ilə ötürülən kollektiv yaddaş lehinə qismən neytrallaşdırır, məsələn, mədəni qloballaşma və humanitar diplomatiya bu sıradadır [18].
Milli yaddaş siyasətinin formalaşdırılmasına yönəlmiş strategiya və proqramların yaradılması milli kimliklə sıx əlaqəlidir, buna görə dövlətin yaddaş siyasətinə simvolik bir mənbə kimi də baxmaq olar. Bundan əlavə, vahid milli yaddaş siyasətinin olması ölkənin dünya siyasətində uğurlu mövqe tutması, milli kimliyin, tarixi dəyərlərin və ənənələrin qorunması, cəmiyyətin konsolidasiyası və s. üçün çox vacib şərtdir.
Hazırkı dövrdə cəmiyyətin ictimai-siyasi inkişaf proseslərinə tarixin şərh və izahları müxtəlif təbliğ olunan versiyalarının rəqabəti, toqquşması və qarşılıqlı təsiri şəraitində mövcuddur.
Bir sıra ölkələrdə “tarix siyasəti” kimi həyata keçirilən, reallıqda öz xalqını təhrif edilmiş hekayələrlə yanlış yönəldən, tarix duyumundan və perspektivlərdən məhrum edən fəaliyyət gerçəklikdə “tarixi unutdurmaq və ya ona biganəliyin” formalaşdırılması kimi əks nəticə verir. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən, torpaqlarımızı 30 ildən artıq işğal altında saxlayan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi tarix siyasəti buna əyani misal hesab edilə bilər. Bu baxımdan tarix siyasətinin real faktlara əsaslanmadan, birtərəfli aparılması əslində “tarixi unutdurmağın 4 üsulu” kimi səciyyələndirilir. Dəqiq deyilsə, dövlətçiliyin tarixinin yaddaşlara aşılanması üçün müxtəlif üsul və mexanizmlərin sintezdə deyil, fraqmentar aparılması tarixi yaddaşa deyil, onun unutdurulmasına səbəb ola bilir.
Tarix ənənə kimi tarixin funksiyası müəyyən sosial qrupların ənənələrini təbliğ etmək və gücləndirməkdən ibarətdir
Qeyd edildiyi kimi, dövlət siyasətində tarixin mərkəzi yerlərə gəlməsi tendensiyası dünyada 2000-ci illərin əvvəllərindən intensivləşib. Bu, bir sıra amillərlə – yeni kimliklər axtarışı, sovet keçmişinin qiymətləndirilməsində yekdil rəyin olmaması ilə şərtlənmişdi. Bir tərəfdən, SSRİ təcrübəsinin ideallaşdırılması, digər tərəfdən inkar edilməsi, həmçinin yeni ortaya çıxan postsovet reallığından məyusluq da mövcud idi.
- Dünya ölkələrinin tarix və yaddaş siyasəti
“Millət ruhdur, ruhi bir prinsipdir. Gerçəklikdə vahid olan iki şey bu ruhu, mənəvi prinsipi yaradır. Onun biri keçmiş, digəri bu gündür. Bunlardan biri zəngin bir xatirə mirasına sahib olmaq, digəri həqiqi razılıq, birlikdə yaşamaq istəyi, miras qalmış, bölünməmiş irsdən istifadə etməyə davam etmək iradəsidir”.
Ernest Renan
fransız tarixçisi, filosofu (Sarbonna mühazirəsindən, 1882)
ABŞ
2020-ci ildə Amerika gözlənilmədən üç dərin problemlə qarşılaşdı – koronavirus, iqtisadi tənəzzül və kütləvi irqi iğtişaşlar. “Black Lives Matters (BLM)” – “Qara(dərililərin)ların həyatı da əhəmiyyətlidir” hərəkatı – son bir neçə ilin irqi əsaslı iğtişaşları göstərdi ki, bu ölkədə tarix siyasəti bütün sahələrə nüfuz edib. Qaradərililərin hərəkatının aksiyalara heykəlləri uçurtmaqla başlaması da simvolik mənaya malik idi. “Black Lives Matter” hərəkatı qarşısına polis zorakılığı ilə mübarizə vəzifəsini qoyduğu halda, hazırda onun siyasi avanqardı, yaxud kiçik aktivist qrupları abidələrin sökülməsindən təmizlənmələrə qədər aksiyaları da əhatə edən daha geniş ideoloji “özünütəmizləmə” prosesinə çevrilib. BLM tərəfdarlarının fikrinə görə, “yeni düşüncə” paradiqmasını qəbul etməyən şəxslər hər yerdən – universitetlərdən və mediadan getməli, özləri könüllü tərk etməlidir.
Hazırda ABŞ-da baş verən irqi ayrı- seçkilik qarşıdurmasının pik vəziyyətə çatması, monumental-heykəl mübahisələri “Amerikada yeni bir millətin yaradılması hansı formada ola bilər, tarixin təməllərini məhv etmədən onu necə yenidən yazmaq, yaddaşlarda saxlamaq olar?” sualını gündəmə gətirdi. ABŞ-da əsrlərlə həyata keçirilən “Amerika müstəsnalığı” şüarı və tarix siyasətinin konseptual əsası kimi əsasən ağdərililərin üzərində qurulması üzə çıxdı.
1994-1995-ci illərdə ABŞ-ın Smithsonian İnstitutu tərəfindən Yaponiyaya atom bombasının atılmasının 50-ci ildönümünü qeyd etmək üçün təklif olunan sərgi ilə bağlı ziddiyyət ortaya çıxdı. 1995-ci ilin mayında açılması planlaşdırılan sərgi bir qrup veteran, siyasi və mədəni şərhçi və siyasətçinin müharibəni şərhi və onun bitməsinə yanaşmasına etiraz etdikləri üçün ləğv edildi. Problem yaradan suallar bundan ibarət idi: Bu sərgidə kimin yaddaşı qiymətləndirilməlidir? Yaxud yaddaş tarixçilərin və muzey işçilərinin təsəvvürlərinə cavab verən təqdimata münasibətdə güzəştə gedilməlidirmi?
Amerikada bütövlükdə “düzgün yaddaş” tələbi Vyetnam müharibəsinin bir nəticəsi kimi 1980-ci illərin əvvəllərində Vyetnam Veteranlarının Milli Memorialı ilə bağlı ortaya çıxan qarşıdurmalara səbəb olmuşdu. Arxitektor Meya Linin bu memorial üçün təklif etdiyi layihə bir çox veteran təşkilatlarının gözlənti-duyğularına cavab vermədiyi üçün onlar tərəfindən “qara, silinməz utanc ləkəsi” adlandırıldı.
Hər bir vətəndaşa ortaq bir bütövlük hissini aşılamaq üçün milli tarix haqqında kollektiv bir anlayışı bundan sonra necə inkişaf etdirməli?
Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru (IERES) Marlene Laruelle hesab edir ki, amerikalıların bir qütbdən başqa qütbə yuvarlanması, bütün günahlarda “ağ irqçiliyi ittiham etməsi” hazırkı “yeni millət yaratmaq” səylərinin altına “saatlı bomba” qoymaq demək olardı. Bu, heç zaman konsensusa gətirib çıxara bilməz. Bu yanaşma yeni millətin təməlində daşı-daş üstdə qoymayacaq.
Amerikada tarixi şəxsiyyətlərin, abidələrin, atributların və s. təhqir edilməsi ilə əlaqədar “Kritik infrastrukturun qorunması ilə bağlı” qanunvericilikdə kifayət qədər sərt cəza tədbirləri nəzərdə tutulub. “Yaddaş məkanları” adlanan infrastruktur “strateji əhəmiyyətli dövlət obyektlərinə” aid edilir.
ABŞ-ın tarix siyasəti tarixçilər Çarlz Bird və onun həyat yoldaşı Meri Birdin tədqiqatları ilə yeni mərhələyə qədəm qoyub. Onların tarixə tamamilə yeni yanaşması Amerikanın özəl missiyalı bir dövlət olması imicini, nikbinlik və milli birlik ideyasını aşılamağa hesablanmışdı. “Amerika tarixi”, “Amerika vətəndaşı olmaq”, “Amerika sivilizasiyasının yüksəlişi”, “Amerika ruhu” və s. əsərləri “Böyük depressiya” və sonrakı illərdə bir neçə nəsil amerikalının yaddaş siyasətinin, milli ruhun formalaşmasında taleyüklü rol oynayıb. ABŞ tarixinə həsr edilən tarix dərslikləri bestsellerə çevrilib, 5 milyon nüsxə satılıb. Dərsliklərin ana xətti gənc nəsildə inam və rüh yüksəkliyi yaratmaq idi (Məsələn, “Yazılı tarix bir inam aktı kimi” (“Written history as an act of faith”)).
“Keçmişlə müharibə”, yaxud ABŞ-da və ya digər dünya ölkələrində heykəllərin devrilməsi yeni bir trend deyil. Hələ Qədim Misirdə və Roma imperiyasında heykəllər müntəzəm olaraq məhv edilib, dağıdılmağa və ya vandalizm cəhdlərinə məruz qalıb. ABŞ-da Konfederasiya qəhrəmanlarını tərənnüm edən əsasən Corciya, Virciniya və Şimali Karolinada təxminən 1000 abidə var. Bundan əlavə, 80 rayon və şəhər, 100-ə yaxın orta məktəb və onlarla hərbi baza onların adını daşıyır. Vətəndaş müharibəsi və vətəndaş hüquqları hərəkatının rəmzləri uğrunda döyüşlər çoxdan başlamışdı. Son illərdə milli yaddaşla bağlı mövcud mübahisələr başlamamışdan əvvəl də Konfederasiya bayraqlarının ictimai binalardan götürülməsinin zəruriliyi getdikcə gündəmə gəlməyə başladı.
Bununla birlikdə, qaradərili Corc Floydun ölümü və çoxsaylı etirazların başlanmasından sonra abidələrin sökülməsinin gündəmdəki məsələlərdən yalnız biri olduğu mübahisələrdə yeni bir dönüş meydana çıxdı. Bir sözlə, cəmiyyətin qaradərili kəsimi ölkə tarixində və mədəniyyətində “ağlar”ın rolunun tamamilə yenidən düşünülməsini tələb edir. Mübahisənin irqi müstəviyə çevrilməsi, “qara” sözünün böyük hərflə yazılması təkliflərinin eşidilməsinə və “ağlar”ın Trampın prezident seçilməsi də daxil olmaqla bütün sosial problemlərin günahkarı kimi ittihamına səbəb oldu.
Ən paradoksal məqam, artıq qeyd edildiyi kimi, ağ irqçilik ittihamlarının əsasən etnik azlıqların özləri tərəfindən deyil, mütərəqqi “ağ” elitalar tərəfindən irəli sürülməsidir. İdeoloji saflıq uğrunda başlayan yeni hərəkatın tərəfdarları Amerikanın azad müzakirə və tolerantlıq ənənələrini əvəzləməyə çalışan yeni əxlaqi prinsiplər və siyasi öhdəliklər sisteminin artıq başlanğıcdan yanlış olmasını düşünən intellektuallar tərəfindən ciddi qınanır. Onlar hesab edirlər ki, “BLM” hərəkatının avanqardları tərəfindən formalaşdırılmasına can atılan bu yeni ideoloji dözümsüzlük forması, əslində, hamının ideoloji yekdilliyi, həmfikirliyi ilə sovet reallığının ən pis formada təzahürünə çevrilə bilər. Bir çox təhlilçilər hesab edir ki, Amerikada tarixin “qaraların iştrakı ilə yenidən yazılması” tələblərini irəli sürən bu hərəkatın əsas məqsədi liberal demokratiyaya son qoymaq, Qərb sivilizasiyasına meydan oxumaqdır.
Tarix siyasətinin gündəmə gəlməsinə işarə edən digər məqam da yeni heykəllərin ucaldılması ilə əlaqəlidir. Məsələn, Rusiyanın mərkəzində, Lubyankada A.Nevski və F.Dzerjinskiyə heykəllərin qoyulması ilə bağlı ictimai rəy sorğusunun keçirilməsi, yaxud əyalətlərdə Stalinə heykəl qoymaq cəhdləri və s. buna misal ola bilər.
Maraqlı məqamlardan biri də yeni seçilmiş ABŞ Prezidenti C.Baydenin Ağ Evin “Şərq” zalında ölkə tarixçiləri ilə qapalı görüş keçirməsidir. Görüşdə Amerikada baş verən, son dərəcə böyük və sürətli tarixi dəyişikliklərin tarixdə analoqunun olub-olmaması, necə nəticələnməsi və s. müzakirə predmeti olub. XXI əsrin elmdə dönüş yaradan Ruzvelt dövründən tamamilə fərqli reallıq olması, Çinin ciddi uğurlarının ABŞ-a təhdidləri, daha sürətli addımlarla bağlı məsləhətlər aparılıb. Görüş iştirakçısı, ABŞ prezidentlik institutunu araşdıran tarixçi Maykl Beşlos qeyd edib ki, Baydenin “ölkəni qısa müddətdə vacib yollarla dəyişdirmək” iddiaları, ötən əsrdəki prezidentlər – FDR (F. Ruzvelt) və LBJ-un (L.Jonson) fövqəladə iddiaları ilə tam müqayisə edilə bilər. Görünən budur ki, C.Bayden öz iqtidarının nəhəg vəzifələrə köklənərək tamamilə yeni Amerika yaratmaq missiyası kimi təqdim etmək üçün tarixçilərə, tarix siyasətinə yeni tezislər gətirmək fikrindədir. Artıq mediada onun Ruzvelt dövrü ilə müqayisə edilən, lakin Amerikanın daha möhtəşəm tarixini yazmağa iddialı prezident kimi təqdim edilməsinə rast gəlmək mümkündür.
Fransa
Fransa Almaniyadakı “tarix siyasətindən” fərqli olan “yaddaş siyasəti” ifadəsini tətbiq edir. Fransada keçmişi aşmaq və onunla üzləşmək anlayışları alman dilinin semantik məna və fəlsəfəsi anlamında məlum deyil. Bu nəzəriyyəni fransız alimlər yaradıb. Fransız leksikonunda “yaddaş siyasətini” V Respublika prezidentləri (1958-ci ildən) Almaniya kanslerlərindən daha çox tarixini öz siyasətlərinin strateji aləti kimi müqayisəolunmaz dərəcədə geniş miqyasda istifadə edib.
“Tarix siyasəti” anlayışı bu formada ölkə leksikonuna nüfuz etməyib. Bundan fərqli olaraq, keçmişə olan münasibət “yaddaş problemi” və “yaddaşla iş” (travail de mémoire) problemi ilə sıx bağlıdır. 1978-ci ildə tarixçi Pyer Noranın “kollektiv yaddaş” məqaləsinin ortaya çıxması burada müəyyən bir hadisə oldu.
“Yaddaş siyasəti”nin ideoloji təməlləri kimi milli birliyin rəmzlərindən olan “Müqavimət hərəkatı”, milli azadlıq mübarizəsi kimi qavranılır. İctimai müzakirələrdə əvvəlcə yalnız “yaddaş siyasəti” (politique de la mémoire = Erinnerungspolitik) konsepsiyasından və daha az – “keçmişin idarə olunması” (gestion du passé = Verwaltung der Vergangenheit) konsepsiyasından istifadə olunurdu. Beləliklə, bir tərəfdə yaddaşla bağlı siyasət – Fransa, digər tərəfdə tarixlə bağlı siyasət – Almaniya təcrübəsi var.
Fransanın “yaddaş siyasəti”nin Almaniyanın “tarix siyasəti”ndən həm mənbə, həm də məqsəd baxımından fərqli xüsusiyyətləri var. Müasir fransız tarixi və tarixşünaslığı “yaddaşın borcu, vəzifəsi” formulundan “keçmişin siyasi istifadəsi” (politique du passé, bəzən politiques du passé istifadə edir) formulunu üstün tutur.
De Qolldan Mitterana qədər tarix həm “terapevtik, həm də pedaqoji” funksiyaları yerinə yetirirdi. Yalnız keçmişin millət üçün faydalı görünən tərəfləri müzakirə edilirdi. De Qoll Fransanın bir neçə il ərzində nəhəng müstəmləkə imperiyasını itirdiyi bir dövrdə xalqın, millətin hər şeydən ucada olduğunu vurğuladı. Ondan sonra Jorj Pompidou, əksinə, “Fransaya hörmət olaraq, fransızları ayıran yaraları unutmağa” çağırdı. Mitterran fransızların mübahisə etdiyi inqilabçı diktatura və s. şiddət mövzularından yan keçərək, Fransanı inqilabın “sadiq və şücaətli varisi” kimi təqdim etdi. Mitterana görə, “inqilab yalnız insan haqlarını təcəssüm etdirirdi”.
Fransa konstitusiya sistemi birinci şəxsə tarixin adından danışmaq və tarixi qorumaq imtiyazını verir. Millət adından tarixin müxtəlif şərhləri ilə bağlı hakim-arbitr kimi çıxış edir. Fransada dörd “memorial-yaddaş qanunu” var. ¹ Qeyd edilməlidir ki, “yaddaş qanunları” lap əvvəldən Fransa ictimaiyyətinin etirazına səbəb oldu. Bir tərəfdən, çox sayda qurban və azlıq qruplarının bu “hüquqlardan” istifadə etmələrini və ya “yaddaş borcunu” yerinə yetirmələrini tələb edərək yalnız öz dar maraqlarını güdəcəyi qorxusu, digər tərəfdən, qanunverici orqanların fransız milli tarixi və tarixi kimliyi ilə əlaqəli məsələlərdən kənaraçıxma təhlükəsi var idi. Məsələn, erməni soyqırımının tanınmasında məhz belə oldu. Buna əsasən tarixçilər qanunvericiliyə yalnız tarixi araşdırmaların nəticəsində müdaxlə edilməsinə qarşı çıxış etdilər. Fransanın müstəmləkə metropolu kimi müsbət roluna dair qanun “rəsmi tarixin tədrisinə” qarşı ölkədə misilsiz etirazlara səbəb oldu. Etirazlarda tarix müəllimləri və tarixçilərindən əlavə, bütün “demokratik dövlətə layiq olmayan yaddaş qanunlarına” qarşı çıxan bir çox məşhur insanlar da iştirak edirdilər.
Yeri gəlmişkən, Fransanın 4 “memorial-yaddaş qanunu”nun yalnız 1-cinin maddələrinin inkar edilməsi cinayət məsuliyyəti yaradır:
1) Holokost cinayətlərini inkar etməyin cinayət məsuliyyəti haqqında “Gayso qanunu” (1990);
2) Türkiyədəki ermənilərin 1915-ci ildə məhv edilməsini soyqırım kimi tanıyan 2001-ci il qanunu;
3) Kölə ticarətini “insanlığa qarşı cinayət” elan edən “Tobir qanunu” (2001);
4) Keçmiş müstəmləkələrdə “Fransız varlığı” haqqında 2005-ci il qanunu.
Qəribəsi odur ki, hazırda Fransada “keçmişin tənzimlənməsi ilə bağlı yeni qanunların qəbuluna moratorium qoyulub. Ancaq qitənin digər ölkələrində və AB-nin mərkəzi orqanlarında keçmişin subyektiv şərhlərini “əbədiləşdirən” yaddaş qanunları ilə bağlı səylər hələ də özünü göstərməkdədir.
Fransa prezidentləri tarixə həssas olduqlarını ictimaiyyətlə təmaslarda xüsusilə təsdiqləyirlər. Məsələn, vəzifəsinə başladığı gün (21 may 1981-ci il) F.Mitterran “millətin böyük insanları” ilə sıx əlaqəsini nümayiş etdirmək üçün Panteonu ziyarət etdi. Tarixlə əlaqəni Fransa prezidentinin 1984-cü ildə AFR kansleri Helmut Kol ilə görüşməsində iki ölkənin həlak olmuş 800 min döyüşçüsünün məzarı üzərindən bir-birinin əl sıxmaları da göstərdi. Keçmiş “qarı düşmənlərin” barışıq əlaməti olaraq əl sıxmaları siyasi təşəbbüs nəticəsində ərsəyə gələn hər iki ölkənin ortaq tarix dərsliklərinə – yeni “Alman-Fransız tarixi” dərsliyinə daxil edildi.
İtaliya
XIX əsrdə “İtaliyanın Birlik və Müstəqillik hərəkatı – “Risorgimento”nun Haribaldi və Madzini kimi şəxsiyyətləri ilə yanaşı Kamillo Kavur (1810-1861), İtaliyanın əbədi varlıq strategiyasına çevrilən bu frazaya görə müstəsna ehtiramla yadda qaldı: “Biz İtaliyanı yaratdıq. İndi isə italyanları yaratmalıyıq”. (“Abbiamo fatto l’Italia, ora dobbiamo fare gli italiani!”)
K.di Kavur, C.Haribaldi və C.Madzini birlikdə 1870-ci ildə Birləşmiş İtaliyanı yaratdı və Papa dövlətini bugünkü Vatikanın hüdudlarına sıxışdırdı. O, silahdaşlarından fərqli olaraq, işğalçıların İtaliyadan müstəqil şəkildə qovulmasına və yarımadanı eyni bayraq altında yenidən birləşdirməklə yanaşı, onun sarsılmaz edilməsinə yetərli qədər gücləri olmadığını başa düşürdü. Şimali İtaliya Avstriya imperiyası ilə təkbaşına rəqabət apara bilməzdi. Ancaq ölkəni birləşdirmək üçün təkcə vətənpərvərliyin yetərli olmadığına,yaddaşla birləşməsinə qərar verdi.
XIX əsrdə xəritədəki “çəkməşəkilli” Apennin yarımadasında müxtəlif ərazilərdən və tarixə malik onlarla dövlətdən vahid İtaliya dövlətini yaratmaq kimi missiya başladı. O zamanların vahid İtaliyanın ilk hakim elitası dərk etdi ki, “italyanları yalnız ortaq tarixi keçmişə dair gerçək biliklər birləşdirə bilər. İtalyanların vahid milli özünüşüura malik bir xalq kimi yaradılması üçün gənc nəslə yalnız dərin tarixi biliklər aşılamaqla mümkündür. Xüsusilə ona görə ki, əsrlər boyu parçalanmış vəziyyətdə yaşayan, düşüncələri yalız yerli ərazilər və problemlər çərçivəsində mövcudluğa alışmış insanların vahid dövlətlə bağlı təsəvvürləri yox idi. Bu baxımdan, “italyanları yaratmaq” kimi yeganə milli layihənin missiyası – “yalnız ümumi tarixi yaddaşı formalaşdırmaqla italyanları sıx birləşdirmək” şüarı idi.
Yeni yaradılmış İtaliyanın siyasi elitası ortaq yaddaş və milli birliyə malik Böyük İtaliya – “La Grande Italia” xalqını yaratmağın yolunun gənclərə əsrlər boyu mövcud olan dövlətçilik tarixinə dair bilikləri möhkəm aşılamaqla mümkün olduğu qənaətinə gəldi. Bununla da “Religion of Fatherland” – “Ana Vətən dini” yeni yaddaş siyasətinin əsas xəttini təşkil etməli idi.
Həmin vaxtdan tarixin milli və mənəvi dəyərlərini aşılamaqla tədris, təlim prosesinə başlanıldı. “Risorgimento” vətənpərvərlik ritorikası, Avstriya ilə “müstəqillik uğrunda” müharibələrin romantizmi, Birinci Dünya müharibəsinin səngərləri, faşizm, kommunizm və s.- indi bütün bunlar arxada qalıb. Son iki yüz ilə yaxın müddətdə italyanlar milli layihəyə, regional, siyasi və dini kimliklərlə bağlı çağırışlara necə cavab veriblər? – bu da geniş müzakirə edilir. İtalyanların milli birlik şüuruna malik vahid xalq kimi formalaşması vəsiyyətinə əməl olunduğunu da, ənənənin pozulduğunu da deyənlər var. Elə italyanlar da var ki, iki əsr əvvəl “Təsisçi ataları” tərəfindən vəsiyyət edilmiş “milli layihənin” yalnız yarısının – 50 faizinin həyata keçirilməsinə nail olunduğunu düşünürlər.
İtalyan tarixinin dərsləri bu gün Avropada gedən parçalanma (Breksit və s.) prosesləri gedişində dərin təhlil edilir. Hesab edilir ki, Avropanı “vahid yaddaşa malik bir ölkə kimi” qura bilməməyin başlıca səbəblərindən biri avropalılarda inteqrasiya başlayandan “ortaq indi nin olduğu halda, “ortaq keçmiş, ortaq tale və ortaq gələcək hissi” yaratmağın zəruriliyinin diqqətdən kənarda qalması olub. “Vahid Avropa formalaşdırmaq üçün paralel olaraq avropalıları da formalaşdırmaq unudulub. Vacib olan gündəlikdə məsələnin həmişə aktual olaraq qalmasıdır.
Avropa Birliyi
Avropa Birliyi də onillərdir davam edən müharibələrə və parçalanmalara tarix siyasəti ilə cavab verməyi qərara alıb.
Avropa Parlamenti “Avropanın gələcəyi üçün tarixi yaddaşın qorunmasının vacibliyi haqqında” qətnamə qəbul edib. Qətnamədən sitat: “Hazırkı Rusiya rəhbərliyinin nəinki tarixi faktların təhrif etməsi və sovet totalitar rejiminin törətdiyi cinayətlərin ört-basdır edilməsi ilə bağlı narahatlıq ifadə edilib, həmçinin, Moskvanın bu siyasəti demokratik Avropaya qarşı yönəldilmiş informasiya müharibəsinin ən mühüm komponenti kimi səciyyələndirilib” [20].
Yaddaş siyasətinin problemləri həm ayrı-ayrı ölkələrdə, həm də beynəlxalq səviyyədə qarşıdurmaların dinamikasında bir amil kimi çıxış edə bilər. Yaddaş siyasətinin köməyi ilə ziddiyyətlər alovlana bilər, eyni zamanda münaqişədən sonrakı həll vasitəsinə çevrilə bilər. Başqa sözlə deyilsə, müharibədən sonrakı Qərbi Avropa ölkələrindəki yaddaş siyasəti, İkinci Dünya müharibəsinin faciəli təcrübəsinin, nasist rejiminin cinayətlərinin işlənməsinə və bu birləşdirici tarixi povest əsasında formalaşmasına mühüm töhfə verdi. Holokost Avropa yaddaş siyasətinin əsas elementinə çevrildi və onun Avropa və ümumiyyətlə, Qərbdəki yaddaş siyasətindəki əsas rolu Beynəlxalq Holokost Anım İttifaqı, Dünya Holokost Forumu və s. strukturlarda təcəssümünü tapdı. Holokost tədricən 1970-1980-ci illərdə Qərbi Avropa ölkələrində yaddaş siyasətinin əsas elementinə çevrildi. 2000-ci illərin əvvəllərində isə ortaq Avropa anma təcrübələrində möhkəmləndi.
Avropa Birliyinin Daxili Siyasət üzrə Baş Direksiyasının “Avropa tarixi yaddaşı: siyasət, çağırışlar və perspektivlər” adlı sənədinin “Təklif və tövsiyələr” bölməsində 7 konkret təklif əksini tapıb:
1) Tarixi yaddaşın fövqəladə zəruri konsepsiya kimi qəbul edilməsi;
2) Trans-Avropa tarixi yaddaşının çətinliklərinin aradan qaldırılması;
3) AB-nin tarixi uğurlarına dair məlumatlılığı artırmaq və təsdiqləməklə yaddaşın formalaşdırılması;
4) Mövcud AB yaddaş siyasətindəki çatışmazlıqların həll edilməsi;
5) Avropa “yaddaş mədəniyyəti”nin inkişaf etdirilməsi;
6) Yaddaş mədəniyyətinin formalaşmasında təhsilin mərkəzi rolunun təsdiqlənməsi;
7) Milli səviyyələrdə siyasəti dəstəkləmək üçün Avropa meyarlarından maksimum istifadə edilməsi” [31].
2007-ci ildə AB-nin 50 illiyi işığında fəal müzakirələrə təkan verildi. Avropa Parlamentinin keçmiş prezidenti, alman-mühafizəkar Hans Gert Pöttering bununla bağlı qeyd etdi: “Bir çox milli muzeylərimiz var – Londonda, Berlində və milli tarixin nümayiş olunduğu digər yerlərdə. Ancaq bunların heç biri bizə bütöv avropalıları birləşdirəcək bir tarixi göstərmir” .
Müzakirələr nəticəsində analoji muzey üçün biri Brüsseldə, digəri Axendə olmaqla iki layihə hazırlandı. Brüsseldə yunanlardan, romalılardan və keltlərdən qaynaqlanan vahid ayrılmaz bir Avropa tarixi konsepsiyası yaradıldı. Konsepsiya qədimliyə əlavə olaraq, xristianlığın dövrlərini, Maarifçilik dövrünü və Avropaya inteqrasiya proseslərini əhatə edir. Axen şəhərindəki layihə təşəbbüsü Avropa tarixinin əsas məqamları ətrafında təşkil edilmişdir. Yaradıcılarının sözlərinə görə, bu tarix 800-cü ildə başlayır və burada “Avropanın qurucu atası” Böyük Karldır (Charle Magne).
2007-ci ildə Avropa Birliyinin 50 illiyində avropalıları birləşdirəcək tarix muzeyi yaratmaq qərara alınıb. 2014-cü ildə muzey Brüsseldə açılıb. 52 milyon avroya başa gələn muzey “Avropa Tarix Evi” adlanır. Muzeyin sərgisi üzv dövlətlərin 24 dilində fəaliyyət göstərir. AB-nin yaddaş siyasəti fərqli səviyyələrdə siyasi aktorların – siyasətçilər, “Avropa bürokratları”, “Avropa millət vəkilləri”, tədqiqatçılar, ictimai rəy liderləri, kütləvi informasiya vasitələri, ayrı-ayrı ixtisaslaşmış təşkilatlar (məsələn, Polşadakı Milli Yaddaş İnstitutu və ya işğal muzeyləri kimi), vətəndaş qrupları “qurbanlar”ının öz töhfələrini verdiyi vahid fəaliyyət kimi mövcuddur.
Rusiya
Son zamanlarda “Levada” Mərkəzinin anketlərinə görə, “Rusiyada qürur hissi oyadan” fenomenlər arasında tarixi birinci yerə qoyan respondentlərin sayında ciddi artım müşahidə edilmişdir. 2016-cı ildə tarix ilk dəfə “Rusiyanın təbii sərvətləri”ndən önə keçib və qürur simvolları siyahısında birinci yeri tutub [24].
Son ildə Rusiyada müxalifət təmsilçisi A.Navalnı ilə bağlı proseslər, onun məhkəməsi gedir. Əsas ittiham “Müharibə veteranının təhqir edilməsi ilə Rusiya tarixi yaddaşına qəsd, Böyük Vətən müharibəsində onun rolunu kiçiltmək” kimi müəyyən edilib. Navalnının məhkəməyə verilməsinə əsas verən qanun 2009-cu ildə S.Şoyqunun təklifi ilə Dumada qəbul edilib. ²
Navalnı məhkəməsindən sonra tarixə həssas münasibətlə bağlı tədbirlər daha da sərtləşdirildi. Məhkəmədə hakimin sualı buna misal ola bilər: “Siz və tərəfdarlarınız məqsədyönlü şəkildə xalqımızın tarixi yaddaşının yox olması, tarixin saxtalaşdırılması ilə məşğulsunuz. Rusiyaya nifrət edirsiniz. Sovet İttifaqının II Dünya müharibəsində qələbəsini gözdən salırsınız”. 24 fevral 2021-ci il tarixində Dövlət Duması veteranları təhqir etməyə görə həbs cəzası ilə bağlı dəyişikliklər edib. Nasizmin bərpasına və veteranların təhqir olunmasına görə cəza ilə bağlı qanun layihəsinə dəyişikliklər parlamentin aşağı palatasının vitse-spikeri İ.Yarovaya tərəfindən irəli sürülüb.
Təklif olunan dəyişikliklər sosial şəbəkələrdə nasizmin reabilitasiyasına, Nürnberg tribunalının təsbit etdiyi faktları inkar etdiyinə və internetdə II Dünya müharibəsi dövründə SSRİ haqqında bilərəkdən yalan məlumat yaymağa görə cəzanı sərtləşdirib, hüquqi şəxslər üçün üç milyon rubla qədər cərimə və ya beş ilədək həbs əlavə edilib.
Onu da yada salmaq lazım gəlir ki, “II Dünya müharibəsi” amilindən başqa, Rusiyada dövlətin inkişaf etməkdə olan demokratik dövlət quruculuğu üçün məqbul olan “yeni” tarix siyasəti qurmaq üçün etdiyi digər cəhdlər – “4 Noyabr – Milli Birlik Günü” və hazırda yalnız “Rus yürüşləri” adı ilə yadda qalan hökumətyönlü mitinqlər nəticəsiz olub, effekt verməyib.
Rusiya Hərbi doktrinasının yeni redaksiyasına görə, “11.Rusiyada tarixi və mənəvi ənənələrə qarşı aparılan istənilən fəaliyyət, Vətənin müdafiəsi sahəsindəki tarixi, mənəvi və vətənpərvərlik ənənələrini sarsıtmaq məqsədilə əhaliyə, ilk növbədə ölkənin gənc vətəndaşlarına informasiya axınları ilə təsir göstərmək səyləri hərbi təhlükə kimi qiymətləndirilir”.
Rusiyada tarix siyasəti ilə bağlı onlarla institut, fond, təşkilatlar təsis edilib. Maraqlı olan ölkənin ali rəsmi şəxslərinin tarixə sayğı ilə bağlı bu təşkilatlarda çox fəal iştirak etməsidir. S.Şoyqu hər il dünya miqyasında Rusiyanın təbliği ilə bağlı keçirilən, milyonların iştirak etdiyi “Coğrafi imla” aksiyasının təşkilatçısıdır.
Digər maraqlı məqam Rusiyada Tarix Cəmiyyətinin sədrinin Sergey Narışkin olmasıdır. Bu faktlar Rusiyada tarix siyasətinə verilən önəmi ifadə edir. S.Narışkin 9 layihəyə – sənədli film, elmi populyar kitab, müsabiqələr, sərgi və s. şəxsən rəhbərlik edir. Onun rəhbərlik etdiyi “Vətən Tarixi Fondu” ölkə üzrə bütün layihələri qəbul edir, reallaşdırır. “Rus imperiya dövründən üzü bəri həlak olmuş döyüşçülərin rəqəmsal elektron kitabxana-kartotekası”nın yaradılması miqyaslı tarix siyasətidir. Söhbət 10-15 milyon rus döyüşçüsünün sayından gedir. “Heç kim unudulmur” demək bir, bu cür kitabxana yaratmaq başqa məsələdir.
Rəsmi tarix siyasəti sahəsində yaradılan analitik mərkəzlərə misal kimi Rusiya EA-nın Elmi Məlumat və Strateji Araşdırmalar institutlarını, “Tarixi Yaddaş” Fondunu, Tarixi Ekspertiza Mərkəzini və s. göstərmək olar. Bütün ictimai-humanitar, hərbi profilli ali məktəblərdə tarixi yaddaş siyasəti dərindən tədris edilir. Rusiya XİN-in “Strategiya XXI” sənədində rus kollektiv kimliyinin formalaşmasının əsası kimi tarixi yaddaş siyasətinin problemlərinə xüsusi diqqət yetirilib. “1990-2000-ci illər ərzində həyata keçirilən yaddaş siyasəti səmərəli olmayıb. Rusiya hakimiyyət orqanlarının tarixi yaddaş problemlərinə yanaşmasında vahid bir strategiya və ardıcıllıq olmayıb. Yaddaş siyasəti çərçivəsində hansı vəzifələrin həll edilməli olduğunun başa düşülməməsi böyük ölçüdə ölkənin gələcəyi ilə bağlı əsas sualların həll olunmaması və təbliğ edilən şəxsiyyət modelinin uyğunsuzluğu ilə əlaqədardır. Bu illər ərzində dəyişmiş sosial şərtlərə uyğun yeniləri yaradılmamışdır. Təsirli yaddaş siyasəti mexanizmləri, ölkədə həyata keçirilə biləcək bir media infrastrukturu yoxdur. Son 20 ildə yaddaş siyasəti, milli həmrəyliyi səfərbər etmək və başqalarını həll etmək üçün istifadə olunan keçmiş simvolların, hadisələrin, rəqəmlərin son dərəcə cüzi bir repertuarı ilə xarakterizə olunur”.
Bütün dünyada miqyaslı tarix siyasəti aparan Rusiya təcrübəsi son illərdə Baltikyanı, Şərqi Avropa və çoxsaylı ölkələrin əks-kəşfiyyatının başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilib.
Qələbənin 75 illiyi, II Dünya müharibəsi Rusiyada dövlət rəsmilərinin həssas diqqəti altındadır. Müharibədə Rusiyanın rolunun ümumi baxış və mövqeyə uyğun verilməsində dövlət israrlıdır və bu yöndə tarix siyasəti qlobal miqyasda aparılır. Son dövrlərdə Rusiyanın bu istiqamətdə Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin dövlət tərəfindən dəstəklənən “Zəfərə ehtiramı” tendensiyası, eləcə də sovet hökumətinin XX əsrin bəzi dövrlərindəki fəaliyyətinin qismən təsdiqlənməsi haqqında tədbirlər diqqəti cəlb edir. Burada əsas vurğu Qərbi Avropa dövlətlərinin analoji narrativ siyasətində təqdim edilən “biz- onlar” dixotomiyasında fərqli olduğu hesab edilən “rus xalqının özəlliyi, tarixi missiyası və s. kimi” məqamlar vurğulanır.
Bu istiqamətdə görülən işlərə misal kimi, Rusiyanın mənafeyinə ziyan vuran “Tarixin saxtalaşdırılması cəhdlərinə qarşı komissiya” yaradılması, onun dövlət mediasında “aqressiv təbliğat kampaniyasını, həmçinin, II Dünya müharibəsinin 70 illiyi ərəfəsində başqa dərsliklərlə müqayisədə ideoloji cəhətdən təsdiqlənmiş və dövlət strukturları tərəfindən dəstəklənən XX əsrin tarixinə dair dərsliyin nəhəng tirajla çap olunması və s. qeyd edilə bilər.
Dövlət bir sıra hallarda yaddaş siyasətində təşəbbüskarlığını itirib, bu da xüsusilə əsas hadisə olan “Milli Birlik Günü” bayramının tarixində özünü göstərib. 12 iyun 1994-cü ildən Rusiyanın Dövlət Suverenliyi Bəyannaməsinin qəbulu günü kimi qeyd edilib. 2002-ciildən isə 12 iyun Rusiya Günü adlandırılıb. Bununla yanaşı, onun qeyd edilməsi uğurlu alınmayıb. Bu məqam tarix siyasətinin nə qədər həssas və ictimai şüurla səsləşən sosial-psixoloji fenomen olduğuna dəlalət edir. Belə ki, 2018-ci ildə keçirilmiş sorğuya görə, Rusiya əhalisinin yarısı dövlətin adı ilə səsləşən 12 iyun milli bayramının necə adlanmasını xatırlaya bilməyib. Respondentlərin 34 %-i isə onu “Müstəqillik Günü” adlandırıb. Beləliklə, demək olar ki,əhalinin 100%-ə yaxını 12 iyunun Rusiya Günü olması haqda məlumatsız olub. Bu məsələ rusiyalı alimlər arasında çox ciddi müzakirələrə səbəb olub. Dolayısilə, tarix siyasətinə ehtiyacın olması da buna bənzər hallarla bir daha sübut edilib. Xalqın zehniyyətində dövlətçiliyin qaynaqlarının (imperiyamı, postimperiyamı, yaxud milli suverenlik mərhələsimi?!) nə üçün 12 iyunda başlanmasına cavab tapılması alınmayıb.
Bundan fərqli olaraq, faşizm üzərində qələbə bütün rusiyalıları birləşdirən vahid ideologema kimi çıxış edir. Rus ictimai elmində tarix siyasəti konsepsiyasını fəal inkişaf etdirən tarixçi alim Aleksey Millerdir.
A.Millerə görə, “Dövlətin inzibati və maliyyə resurslarından istifadə edərək, hakimiyyətdə olan siyasi qüvvələr cəmiyyətdə tarixi şüur və kollektiv yaddaş sahəsində ideoloji indoktrinasiya prosesini həyata keçirirlər. Tarix siyasəti fenomenini anlamaq üçün nəinki nəyin təbliğ edildiyi məsələsi vacibdir, daha vacib olan bu təbliğat işinin necə və hansı metodlardan istifadə etməklə aparılmasıdır” [23].
Polşa
Polşada dövlət tarix siyasəti tətbiqi baxımından dünyada ən qabaqcıl təcrübə sayıla bilər. Polşada yaddaş və tarix siyasəti, demək olar ki, eyni mənalı olub, təcrübədən nəzəriyyəyə doğru təkamül etmişdir.
2004-cü ildə bir qrup Polşa tarixçisi ölkənin tarix siyasətinin öz versiyasını hazırlamalı və həyata keçirməli olduğunu elan etdi. Onlar bu termini (Polityka historyczna) alman dilində olan “Geschichtspolitik”dən götürdüklərini inkar etmirdilər [27, s.44-64].
1998-ci ildə parlamentin qərarı ilə analoqu olmayan “Polşa Milli Yaddaş İnstitutu” yaradılıb. Burada 1200 nəfər əməkdaş çalışır. Əmək haqları ölkədəki digər tarixçilərin maaşları ilə müqayisədə bir neçə dəfə çoxdur. İnstitutun tədqiqat büdcəsi ölkədə XX əsr Polşa tarixinin öyrənilməsi yönündə fəaliyyət göstərən bütün digər mərkəzlərin büdcələrinin cəmindən çoxdur. Yaddaş İnstitutunda tədqiqat fəaliyyəti ilə istintaq orqanlarının bəzi funksiyalarının birləşməsi onlara böyük səlahiyyətlər verir və tarixi yaddaşın formalaşması ilə bağlı həm də ən ciddi məsuliyyəti müəyyən edir. Məsələnin digər tərəfi bu qurumların həm ölkədə lüstrasiya haqqında qanunların tətbiqində, yaxud da antidövlətçi qüvvələri, siyasi rəqibləri nüfuzdan salan məlumatların gündəmə gətirilməsi ilə əlaqədar güclü ictimai-siyasi rəyi formalaşdırmaq silahı kimi çıxış edir. “Yeni tarix siyasəti” adlandırılan yaddaş siyasətinin əsas şüarı “ifrat tənqidi vətənpərvərliyin” rədd edilməsi və “gələcəyin vətənpərvərliyi” milli ideologiyasına qayıdılmasını şərtləndirməkdir. Polşa tarixinin, prezidentinin, siyasi sisteminin, Polşa xalqının mediada ictimai şəkildə təhqir edilməsi, rişxəndlə ələ salınması 4 il həbslə cəzalanır.
Polşada tarix siyasəti yaddaş siyasətindən fərqli olaraq, sağ mühafizəkar mənada açıq bir doktrina xarakteri daşıyır. Hakim siyasi partiyanın tarixi keçmişə siyasi baxışı kimi həm ölkə daxilində keçmişə dair öz təsəvvürləri olan müxtəlif sosial və etnik qruplar arasında, həm də ölkə xaricində artan konfliktogen potensialla xarakterizə olunur. Tarix siyasəti üçün heç bir müzakirə aparılmır və buna görə kimin “günahkar”, kimin “günahsız” olduğu aydındır, əsas məsələ bu fikri geniş kütlələrə çatdırmaq və onu siyasətdə başlıca tezis etməkdir [23].
Kaçinski qardaşlarının Qərbi Avropanın Yalta müqavilələrinə görə Polşaya “borclu olması” ilə bağlı açıqlamaları, “milyonlarla polyak”ın qətlinə görə müasir Almaniyaya iddialarını”, hakim dairələrin Holokost dövründə yəhudi əhalisinin məhv edilməsində könüllü iştirakı və ya Rusiyaya qarşı Katın ətrafındakı vəziyyətlə bağlı mübahisələrə əsəbi reaksiyası – məhz 2000-ci illərdəki Polşa tarix siyasətinin nümunəsində nəzərdən keçirilə bilər.
Ukrayna
2006-cı ildə vacib statusa malik Ukrayna Milli Yaddaş İnstitutu (UMYİ) yaradılıb. Bundan başqa, vaxtilə xanım Yuşşenkonun rəhbərlik etdiyi “Ukrayna-300” Fondu tarix siyasəti ilə məşğul idi. UMYİ-nin əməkdaşları Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) arxivlərinə üstün icazəyə malikdir. İnstitutun direktor müavini V.Vyatroviç eyni zamanda həm də UTX direktorunun məsləhətçisidir. Vaxtilə Prezident Yuşşenko tarix siyasətini milli quruculuğun ideoloji əsası kimi müəyyən etmişdi.
Ukrayna tarixi narrativlərinə gəldikdə burada iki əsas tarixi hekayə bir-biri ilə rəqabət aparır. Elmi olaraq hər iki yanaşma bir şəkildə Ukrayna tarixinin şərhlərinə əsaslanır, əsasən Mixail Hruşevski və onun tərəfdarlarının əsərlərində təqdim olunur. Eyni zamanda, müasir şərhlər tarixi materialı postsovet Ukrayna həqiqətlərinə uyğunlaşdırır. Məsələn, Kiyev Rusunun tarixinin “Ukraynalaşdırılması” çoxsaylı nümunələrdən biridir. Ukraynanın Rusiya imperiyası və Sovet İttifaqının tərkibində olduğu dövrlərdə belə özəl, özünəməxsus kimliyə malik olması vurğulanır.
Bu xəttin əleyhdarları, xüsusilə ölkənin XX əsrə qədərki tarixi ilə əlaqədar olaraq milli narrativlərin bir çox elementini əks etdirməkdədir. Burada sovet dövrü o qədər də mənfi qiymətləndirilmir, Qolodomor əhəmiyyətli bir yer tutsa da, Ukrayna xalqının soyqırımı kimi təqdim edilmir. Radikal millətçilik mənfi qəbul edilir. Keçmiş prezident Leonid Kuçmanın “Ukrayna Rusiya deyil” adlı, çarpıcı başlıqlı kitabı burada nümunə sayıla bilər. Ukraynanın yaddaş mədəniyyətlərindəki fərqlərin, şübhəsiz ki, 2014-cü il müharibəsindən sonra da davam edən regional səbəbi – ölçüsü var.
“Maydan” hərəkatından sonra Ukraynada Avropa tarix siyasətindən bəhrələnmə baş verdi. “Ukrayna – Avropadır” yaddaş siyasətinin leytmotivi bu şüarı Avromaydandan, Krımdakı və Donbasdakı hadisələrdən sonra Ukraynanın yeni rəhbərliyi simvolik məkanı yenidən formatlaşdırmağı və ölkədə gedən “yaddaş müharibəsini” intensiv mərhələyə keçirməyi faydalı hesab etdi. 2015-ci ilin aprelində Ali Rada ardıcıl 4 qanun – “Kommunist və nasional sosialist (Nasist) totalitar rejimlərin məhkum edilməsi haqqında”, “II Dünya müharibəsində nasizm üzərində zəfərin əbədiləşdirilməsi haqqında”, “XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda vuruşan döyüşçülərin hüquqi statusu və xatirəsinin əbədiləşdirilməsi haqqında” və “Kommunist totalitar rejimin repressiv orqanlarının arxivlərinə giriş haqqında “ qanunlar qəbul etdi. Bu sənədlər Ukrayna ictimai məkanının rəsmi “dekommunizasiyasına” start verdi. Yeni hökumətin bəzi tərəfdarları bu aktların qəbul edilməsini təhlükəsizlik vəzifələri kimi izah etdilər, çünki sovet keçmişinə münasibət dəqiq bir milli təhlükəsizlik problemi kimi qəbul edildi. Aydındır ki, bu təfsir Moskva və Kiyevdə qəbul edilən xəttə şübhə ilə yanaşan ukraynalılarla ideoloji qarşıdurma çərçivəsində ortaya çıxdı.
Burada Ukrayna Milli Yaddaş İnstitutunun bu qanunların hazırlanmasında əsas rolunu da vurğulamaq lazımdır. Sosialist keçmişi olan digər ölkələrin komissiya və təsisatlarının nümunəsində yaradılan institut son illərdə bir çox əks-səda doğuran qərar və bəyannamələrin mənbəyinə çevrildi. “II Dünya müharibəsində nasizm üzərində zəfərin əbədiləşdirilməsi haqqında” qanunun yeniliyi ondan ibarət idi ki, burunla da 8 may “Yaddaş və Barış Günü”, eyni zamanda 9 may “İkinci Dünya müharibəsində nasizm üzərində Zəfər Günü” təsis edildi. Ukrayna rəhbərliyi Zəfər Gününə fərqli bir məna verdi.
2017-ci ildə Milli Yaddaş İnstitutu dövlət bayramları və tarixi günlər haqqında qanunun yeni versiyasını təklif etdi. Əhəmiyyətli bir dəyişiklik, həftə sonunun 9 may tarixindən 8 may tarixinə köçürülməsi oldu. Bu qərar İkinci Dünya müharibəsinin başa çatmasını Avropa ənənəsindəki münasibətlə eyniləşdirildi.
Ukrayna yaddaş siyasətinin postavromaydan versiyası rəsmi Kiyevin təhsil, dil və informasiya siyasəti sahəsindəki digər hərəkətləri ilə birlikdə Ukraynanın gələcəyi, Avropa Birliyi, Rusiya və digər ölkələrlə əlaqələri üçün uzunmüddətli nəticələrə səbəb oldu və olacaqdır.
Latviya
Latviyanın Konstitusiyanı Müdafiə Bürosu (KMF-əks-kəşfiyyat qurumu) Rusiya Tarix Cəmiyyətinin 2019-cu ildəki fəaliyyətinə dair hesabatında qeyd edilir: “Kreml Baltikyanı ölkələrdə əlverişli tarixi yaddaşı formalaşdırmaq üçün birbaşa və dolayı yolla bir sıra yalançı akademik qurumlar və müxtəlif nəşr və videmateriallar üçün maliyyə ayırır. Məsələn, Tarixi Yaddaş Fondu əsasən Baltikyanı ölkələr yönündə ixtisaslaşmışdır. Fondun ən görkəmli şəxsləri Latviyada persona non qrata kimi şəxslərdir”.
Latviyada 1998-ci ildə “Prezident yanında Tarixçilər Komissiyası” yaradılıb. Bu strukturun əsas vəzifəsi rəsmi şəxsləri tarix siyasətinin tezisləri ilə təmin etməkdir. Latviya müstəqilliyini elan etdiyi andan bu günə qədər apardığı dövlət tarixi siyasətini qonşu Baltikyanı ölkələr kimi hələ yenidənqurma illərindən bəri, SSRİ-də ümumiyyətlə qəbul edilmiş tarixin interpretasiyasını sürətlə dəyişdirməyə başlayıb. Müstəqillik qazandıqdan sonra keçmişin qiymətləndirmələri yalnız siyasi mübarizənin ayrılmaz bir hissəsi oldu, həm də daxili və xarici siyasi kursun əsaslandırılması üçün əsas rolunu oynadı. Hazırda da rəsmi tarix elmi, məktəb sistemi, kinematoqrafiya, muzeylər, elmi və populyar ədəbiyyatın nəşri – hamısı mövcud dövlət tarixi siyasətini təsdiqləmək və populyarlaşdırmaq üçün çalışır.
Estoniya
Estoniyada 1993-cü ildə parlament nəzdində Tarixi Araşdırmalar Komissiyası, Prezident yanında İnsanlıq əleyhinə tarixi cinayətləri araşdırma komissiyası, 2008-ci ildə onun əsasında Milli Yaddaş İnstitutu yaradılıb.
Belarus
2010-cu illərdən bəri Belarus MEA-nın bölməsi tarixi yaddaşın Belarus cəmiyyətinin konsolidasiyası amillərindən biri kimi qəbul edən fundamental tədqiqatlar aparır.
Qazaxıstan
Qazaxıstan Prezidenti Tokayev Rusiya Dövlət Dumasının deputatı, hakim partiyanın üzvü V.Nikonov Qazaxıstanın ona verilən rus torpaqlarının hesabına qurulması ilə bağlı iddialarla çıxışından sonra tarix siyasəti ilə bağlı proqram xarakterli məqalə ilə çıxış edib, Qazaxıstan tarixinin öyrənilməsi ilə bağlı sərəncam verib.
Dünya ölkələrində tarix və yaddaş siyasəti ilə bağlı qurumların hamısını sadalamaq qeyri-mümkündür. Yekun olaraq, onu demək olar ki, “yaddaş nazirlikləri” də adlanan bu qurumlar ümumilikdə milli maraq və təhlükəsizliyə cavab verən, xarici təsirləri neytrallaşdırmağa yönələn fəaliyyət həyata keçirirlər.
“Bu gün təəssüflə qeyd edilməlidir ki, ötən illər ərzində tarix siyasəti bir çox dövlətlərin anlamında “tarixin siyasiləşməsi” kimi başa düşülür. Nəinki barışmaq və şiddətli polemikalara səbəb olur, həm də qarşıdurma alətinə çevrilir. Bir çox siyasətçilər tamamilə siyasi məqsədlər güdərək aşkar millətçilik mövqeyindən yanaşaraq tarixə və keçmişə baxışlarını başqalarına da zorla qəbul etdirmək üçün əllərindən gələni edirlər. Bu, Avropa Birliyi, Polşa, Ukrayna və Rusiya siyasətçilərinin tarixi qanunauyğunluqları və yubileyləri necə şərh etdiklərinə aiddir” [25].
Tarixin siyasiləşdirilməsinə misal kimi ilk növbədə Ermənistanın adının çəkilməsi daha düzgün olardı. Rusiyalı politoloq S.V.Lezov mif üzərində qurulan tarix siyasətinə misal kimi erməni mifində üç komponenti müəyyənləşdirir: 1.Qədim irsə sahib olmaq əsasında üzərinə düşən sivilizator funksiyasına inam; 2.Xristianlığın Şərqdə forpostu ilə eyniləşdirmə; 3.Özünə bəşəriyyət naminə “Şərq barbarlarının üzündən” əbədi əzab çəkən bir qurban obrazı kimi baxmaq [21].
- Dövlətçilik tarixində müharibə fenomeni – tarix və yaddaş siyasətində onun yeri və rolu
2020-ci ildə müstəqil Azərbaycan dövlətçiliyinin tarixinə II Qarabağ – Vətən müharibəsi, Böyük Qələbə və 8 Noyabr Zəfər Günü qızıl hərflərlə həkk edildi.
Müharibə başa çatsa da, XXI əsr müharibəsində qalib dövlət statusunu təmin edərək, işğala məruz qalan ölkələr üçün cəlbedici-inam/ümid simvoluna çevrilən Azərbaycanın regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişən beynəlxalq nüfuzu müzakirələrin mövzusudur.
44 günlük müharibə müddətində Azərbaycan cəmiyyəti öz tarixində görünməmiş milli birlik, həmrəylik, “10 milyonluq xalqın bir ürək kimi döyünməsi” mərhələsindən keçdi. Ali Baş Komandan ətrafında sıx birlik, nəsillər, siyasi qüvvələr, sosial təbəqələrarası münasibətlərdəki heyrətamiz dəstək və yardımlaşma, “Azərbaycanlı olmağın” ən ülvi, mənəvi meyarlarının bir vulkan kimi püskürməsi baş verdi. Xalq-ordu birliyi, paylaşma və xeyirxahlıq hər kəsin can atdığı cəlbedici qüvvəyə çevrildi.
Azərbaycan xalqı Vətən müharibəsində, bəlkə də, son yüzilliklərdə ilk dəfə cəmiyyətdə hələlik dərk edilməyən, eyni zamanda, Qələbə və Zəfər qədər də fövqəladə dəyər kəsb edən, milli “passionar enerji” fenomenini yaşadı. L.Qumilyovun etnogenez nəzəriyyəsi kontekstində elmə gətirdiyi bu fenomen tarixən dövlətlərin taleyində həlledici rol oynayıb, dünya siyasi xəritəsinin dəyişməsinə təkan verən proseslərə yol açıb. Tarixdən o da məlumdur ki, passionar milli enerji lider tərəfindən düzgün məcraya yönəldildikdə mümkünsüz görünən qalibiyyətlər baş verir. Yaxud da əksinə, passionar enerji qurucu-yaradıcı məqsədlərə yönəldilməzsə, əhatəsində xaos yarada, dağıdıcılığa meyillənə bilir. 44 günlük müharibədə “Birlikdə güclüyük!” çağırışı ilə xalqımızın Qarabağı azad etməklə bağlı gözlədiyi məqamda milli enerjinin “dəmir yumruq” kimi birləşməsi, qələbəyə yönəldilməsi baş verdi.
Bu baxımdan, Zəfər tarixinin yeni qələbələrin zəmini olmağa yönəldilməsi, qalib vətəndaş yaşantısının ənənəyə çevrilməsi böyük dərəcədə həm də yaddaş və tarix siyasətindən çox asılıdır.
Öz növbəsində bu vəzifə də ictimai-siyasi, ideoloji təbliğat sahəsində müvafiq dövlət siyasətinin, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini diktə edir.
Bütövlükdə cəmiyyətin sosial-psixoloji, elm-təhsil, mədəniyyət və informasiya məkanında müharibə obrazını təqdim etməsi tarix və yaddaş siyasətində əvəzsiz rola malikdir. Bu obraz müharibəyə dair fəlsəfi konsepsiyaların müharibə obrazlarını cəmyyətə bu və ya digər formada təqdim edən sadələşdirilmiş və stereotip narrativəri ilə bağlıdır. Həmin narrativlər bir-birinə əks məzmunda ola bilir. Bunlardan biri xalqın rəşadət və qəhrəmanlıqlarında əksini tapan müharibənin qalibiyyət-qəhrəmanlıq obrazıdır. Bu obraz ənənəvi olaraq fəxarət, cəsarət və şərəf anlayışları üzərində dayanmaqla, məğlubedilməz, sarsılmaz milli birlik nümunəsinə çevrilir. Bu narrativ çərçivəsində xalqın öz dövlətini, vətəninin azadlığını və müstəqilliyini qorumağa qurban verməyə hər an hazır olması diqqət mərkəzindədir.
Müharibənin digər obrazı faciəli, məğlubiyyətlə bitən müharibə obrazıdır. Burada müharibə dəhşəti, çoxsaylı qurban, insanların qətli, hərbi cinayətlər, sonsuz kədər və faciə timsalında faciə yaddaşı kimi mövcuddur. Qeyd edilməlidir ki, faciə yaddaşı olduqca fundamental mahiyyətə malikdir. Faciələr paradoksal olaraq, xalqın yaddaşını formalaşdıran mühüm hadisələrdəndir.
Azərbaycan xalqının taleyində 30 il əvvəl məğlubiyyətlə başa çatan müharibəyə son qoyaraq, qalibiyyətə nail olmaq, zəfər yazmaq nəsib olmuşdur. Faciə tarixindən fərqli olaraq, qələbə tarixinin yazılması, yaşadılması tarix siyasətinin mühüm vəzifələrindəndir.
Dünyada olduğu kimi, Azərbaycanda da polietnik və çoxkonfessiyalı ölkə kimi vətəndaş kimliyinin təməli olan kollektiv tarixi yaddaşın formalaşması aktual məsələdir. Qələbənin, tarixə qovuşan Zəfər tarixinin yazılması, milli keçmişin variantlarının qurulmasında həlledici rol siyasi elitalara məxsusdur Tarixə qovuşan Zəfər obrazımızın milli birlik təməllərinə çevrilməsinin, yaddaşlara həkk edilməsinin yazılı, vizual və şifahi müxanizmlərinin nəzəri və tətbiqi metodlarının araşdırılması, müəyyən edilməsi öz növbəsini gözləyir.
Beləliklə, hazırkı məqamda Azərbaycanın tarix siyasəti və yaddaş siyasətinin ən aktual olan bir çağında yaşayırıq. Ölkəmizdə əsrlərin simvolu – Qarabağ, Zəfər/Qələbə simvolunun xalqımızda yaşatdığı qürur hissi tariximiz üçün, onun yeni qızıl səhifələri yazıldığı üçün misilsiz fəxarət hissini yaşadır. Heç bir başqa uğur və qələbə ilə müqayisəedilməz dərəcəyə çatır.
- Müstəqil Azərbaycanda tarix və yaddaş siyasətinin vəziyyəti
Müxtəlif ölkələrdə olduğu kimi Azərbaycan tarixində də tarixi hadisələrin siyasi konyunktura prizmasından, sinif və partiya yanaşması ilə şərhinin mənfi nümunələri kifayət qədər olmuşdur və məlumdur. Bu vəziyyət klassik hesab edilən, tarix və siyasətin qarşılıqlı nisbətini əks etdirən məlum deyimlə ugurlu ifadə edilib: “Tarix keçmiş siyasətidir (keçmişə münasibət siyasətidir – red.), onsuz indiki siyasəti başa düşmək mümkün deyil”.
Xüsusilə də, Azərbaycan cəmiyyəti üçün çoxsaylı dünya dövlətlərində “tarix siyasəti” konsepsiyasının siyasi müzakirəyə çıxarılması və onun reallaşdırılmasında təhsil sahəsində siyasi texnologiyalardan istifadə edilməsi nisbətən yeni bir fenomendir. Bütün bu proseslərin dərk edilməsi, tarix təhsilinin inkişafı strategiyasının hazırlanması üçün vacib olan ümumi tarix siyasətinin məqsəd və vəzifələri ilə uyğunluq dərəcəsini müəyyənləşdirmək lazımdır.
Hazırkı vəziyyətdə nəsillərarası varislik və münasibətlər, “atalar və oğullar” problemi adlanan kontekstdə kollektiv tarixi yaddaşın formalaşdırılması məsələləri vətəndaş və milli kimliyin, böyük əhatədə dövlət identikliyinin davamlılığının əsasını təşkil etdiyi üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, yaşlı nəsil Azərbaycan vətəndaşları üçün ortaq sovet keçmişi ilə bağlı olan ümumi kollektiv yaddaşı mövcuddur. Bu suveren Azərbaycan dövlətçiliyi şəraitində formalaşan gənc nəslin yaddaşı ilə kökündən fərqlidir. Gənclər üçün yaşlı nəslin ortaq sovet keçmişi artıq keçmiş tarixi yaddaş sahəsində qalıb.
Ümumilikdə Azərbaycan tarixinin ümumi akademik tarixi tədqiqatlar və tarixi biliyin dəyərləri, məqsədləri, vəzifələri və məzmununun dizaynı ilə bağlı fərqli metodoloji mövqeləri mövcuddur. Fərqli fikirlərin olması fundamental əhəmiyyət əsb etməklə yanaşı, tarixin dərslərinin yaddaşlara köçürülməsini “bloklayan” maneə səviyyəsində olmamalı, tarixi biliyin yaddaşlarda dövlətçilik dəyərləri baxımından maksimum düzgün proyeksiyasına imkan yaratmalıdır. Əks-təqdirdə, qloballaşma və informasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə, bu proyeksiya üzərində gecə-gündüz çalışan “maraqlı” tərəflər öz işini görəcəkdir və görməkdədir.
Azərbaycanda “tarixin fəlsəfəsi” adlanan elmi istiqamətin də hələlik tədqiq və tədris edilməməsi tarixin dərki ilə bağlı problemin mövcudluğunu aktuallaşdırır. Yaddaşla bağlı siyasətə dair tarixçi alimlər tərəfindən vurğulanan məqamlar da sözügedən sahədə müfaviq addımların atılmasının vacibliyinə dəlalət edir: “Tarixin fəlsəfəsi adlı xüsusi sahə var ki, bu, bizdə yox dərəcədədir. Universitetlərdə tədris olunan tarixçi təhsili müasir standarta cavab vermir. Bütün ali məktəblərdə, demək olar ki, tarix ixtisası var. Bunların da hamısı yanlış yoldadır. Bir fakültədə tarixin fəlsəfəsi keçilmir. Azərbaycanda tarixçi kadrlar doğru metodlarla hazırlanmır. Tarixi yaddaş problemi var. Tarixi yaddaşın olmaması da problemdir, mövcud tarixi yaddaşın spesifik xüsusiyyəti də problemdir. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktində tarixi yaddaş çox böyük rol oynayır (Bu fikir Vətən müharibəsindən əvəlki dövrdə səsləndirilib – T.A). ATƏT-in Minsk qrupunun üzvləri təklif edirlər ki, gəlin problemi həll etmək üçün tarixi bir tərəfə qoyaq, tarixi yaddaş bizə mane olur. Azərbaycanın bir çox siyasətçiləri də bunlarla razılaşır, deyirlər, düz deyirsiniz, tarix bizə mane olur. Onu kənara qoyub digər göstəricilərdən çıxış edərək problemi həll etməyə çalışaq. Amma zənnimcə, bu, yanlış məsələdir. Biz tarixi yaddaşı bir kənara qoyaraq problemi həll edə bilmərik. Çünki tarixi yaddaşı unutmaq manqurtluğa gətirib çıxarır. Tarixin çox kəskin dəyişmələr dövründə tarixi yaddaşa xüsusilə ehtiyac artır. Dövlət Tələbə Qəbulu Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi – T.A.) tərəfindən Azərbaycan tarixinin buraxılış imtahanları sırasına daxil etməməsi yalnız təəssüf yaradır” [9].
- Prezident İlham Əliyev XXI əsrdə tarix və yaddaş siyasətimizin simvolu və qarantı kimi
“Mən dəfələrlə demişəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər gərək dolğun məlumat versinlər. Bizə saxta tarix lazım deyil. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” [4].
“Cümhuriyyət tərəfindən İrəvanın Ermənistana verilməsini heç cür əsaslandırmaq olmaz!” [1].
Müstəqillik tarixini yazan Ümummilli lider Heydər Əliyevin, Zəfər tarixini yazan dövlət başçımız – İlham Əliyevin həm də peşəkar/akademik tarixçi olmaları, rəsmi dövlət səviyyəsində tarix və yaddaş problemini daim ön sıraya çəkmələri, Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaları tarixi əhəmiyyətə malik hadisələr olub, sözügedən sahələrdə, dövlət səviyyəsində boşluğun yaranmasının qarşısını alıb.
Müstəqil dövlətçiliyin bütün sahələrində olduğu kimi Azərbaycanda tarix və yaddaş siyasəti sahəsində də fəaliyyətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Heydər Əliyev tərəfindən 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü elan edilməsi, onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etməsi, faciədə həlak olanlar üçün “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi bu istiqamətdə atılan ilk addımlar idi.
Xocalı faciəsini “bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktı, bütün insanlığa qarşı tarixi bir cinayət” adlandıran Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 24 fevral 1994-cü il tarixli iclasında soyqırıma siyasi-hüquqi qiymət verilmiş, hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi qeyd olunması ilə bağlı sərəncam verilmişdir.
Tarix siyasətinə daha bir konkret misal Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların Soyqırım Günü elan edilməsi, tariximiz və şəxsiyyətlərimizə yönəlik misilsiz diqqəti və s. dolayısı ilə dövlətin yaddaş siyasətinin nümunələri hesab edilə bilər.
Prezident İlham Əliyevin ölkəyə siyasi rəhbərliyi dövrü, demək olar ki, saxtalaşdırılmış tarixlə savaş işarəsi altında keçmiş, Qarabağla, keçmişimizlə bağlı gerçəklərin bütün qlobal platformalarda – Valday, Münhen, Aşqabad və s. çıxışları misilsiz yaddaş hadisəsinə çevrilib. Bölgələrə səfərləri zamanı tarix diyarşünaslıq muzeylərində Prezidentin xəritələrdəki yanlışlıqlarla bağlı olduqca təfərrüatlı tövsiyələri tarix siyasətinin ali diqqət mərkəzində olmasını sübut edir.
Dövlət başçısı İlham Əliyevin çıxışları ölkəmizdə ziyalı alim və tarixçilərimizin “yaddaş-tarix siyasəti” aspektində geniş müzakirələrinin mövzusu olmalıdır. Məşhur deyimə görə, “Tarixin dərsi ondan ibarətdir ki, onun dərsləri olmur”.Prezidentin “tarix dərsləri” hər bir vətəndaşa ünvanlanan, tarixə həssaslıq və sayğının, tarix duyumunun formalaşdırılmasında əvəzi olmayan bir siyasətdir.
Prezidentin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında icra başçısına iradları isə tariximizə necə münasibət bəsləməyin örnək nümunəsidir: “Bunu pozun və “Qarakilsə” yazın.. Uşaqlar bu xəritədən nə başa düşəcəklər? Bu, neçənci əsrin xəritəsidir? Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz? Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki Bərdə, Qəbələ, Naxçıvan – bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb? Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük” [2].
Bununla yanaşı, ölkənin tarixçi və ziyalılarının yaddaş siyasəti ilə bağlı dünyadakı həmkarlarının ideyalarına biganəliyi, təşəbbüskar olmaması üzündən, hər hansı konsepsiya, strategiya hazırlaması, sistemli, kompleks və ardıcıl yaddaş siyasətini həyata keçirən təsisatların yaradılması baş tutmayıb. Yaddaş-anım siyasəti kampaniyaçılıq formatında reallaşıb. Halbuki qeyd edildiyi kimi, dövlətin yaddaş siyasəti dedikdə milli yaddaşla bağlı davamlı siyasətin mövcudluğu nzərdə tutulur.
Prezidentin son illərdəki ölkədə yetişən nəslin yaddaş tərbiyəsi ilə bağlı fəal və aydın mövqeyi də, geniş “yaddaş infrastrukturu da – mərkəzlər, gənclər evləri, mədəniyyət və bilik evləri, muzeylər, kitabxanalar, kitab mağazaları və s. mövcuddur.
Dövlətçilik tarixindəki müasir siyasi proses və tarixi biliyin məzmunu arasındakı əlaqənin mahiyyəti siyasi elitanın, ölkənin tarixi keçmişini olduğu kimi real həqiqətlər üzərində duran müsbət bir imicinin formalaşmasında maraqlı olması ilə müəyyən edilir. Bunu son iki onillikdə dövlət başçımızın mütəmadi çıxışları sübut edir. Siyasi proses, tarixi keçmiş və tarix siyasətinin məzmunu arasındakı sıx əlaqə həm də bununla izah edilir. Bu xüsusilə də dövlət başçısının xalqa, cəmiyyətə ilk dəfə açıqladığı “İrəvanın Ermənistana verilməsi” faktı ilə bağlıdır: “Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan – qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Qoy desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb…Ona görə siz gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək, bəlkə, nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir” [6].
Xatırladaq ki, dövlət başçımızın İrəvanın verilməsi ilə bağlı tarixi həqiqəti bəyan edərkən tarixçilərimizin bununla bağlı şərhlərində tutduğu ziddiyyətli mövqelər heç cür izah edilə bilməz. Bu məsələ tarix siyasətinin dünyada olduğu kimi tənzimlənməsinə dəlalət edir.
Belə bir durumda bütün dünyada tətbiq edilən “tarix-yaddaş siyasətinin” nə üçün gündəm olmaması heç cür əsaslandırıla bilməz. Dövlət başçımız Vətən müharibəsində Qələbənin canlı simvolu və milli-tarixi yaddaşımızın qarantı kimi çıxış edir.
NƏTİCƏ
“Keçmişi idarə edən gələcəyi, indini idarə edən keçmişi idarə edir” [14].
Corc Oruell
Qarabağın azad edilməsi, Zəfər tarixi ilə yanaşı, Böyük Qayıdış strategiyası da yaddaş və tarix siyasətini aktuallaşdırıb. Qarabağda yaşayan erməni əhalinin bölgədə reinteqrasiya və birgəyaşayış mərhələsinə keçidi də gündəmdə dururkən, münaqişənin yaddaş aspekti, sosial-psixoloji komponenti istiqamətində tədbirlər növbəsini gözləyir: “Adətən, münaqişənin siyasi və hüquqi aspektlərinin təhlili ilə məşğul olan ekspertlər ən yaxşı halda səthi yaddaş – psixoloji məqamın mövcudluğunu qeyd edərək buraya, bir qayda olaraq, münaqişə tərəflərinin bir-birinə münasibətdə göstərdikləri neqativ stereotipləri, hissləri, düşmənçilik yönəlişlərini və inkaredici fikirləri aid edirlər. Bununla yanaşı hesab edirik ki, xüsusilə təmas və danışıqların “canlanacağı” bir vaxtda münaqişənin psixoloji-yaddaş “tərkibinin” təhlili çox vacibdir. Ola bilsin ki, problemin psixoloji çərçivədə nəzərdən keçirilməsi münaqişəyə baxışımızı daha geniş və həcmli edər, bu günə kimi gözə çarpmayan yeni yanaşmaların və yolların açılmasına imkan verə bilər” [7, s.22-25].
Postmüharibə və Böyük Qayıdış dövrü tarixi yaddaşla işin aparılmasının intensiv zamanı hesab edilir. Dövlət başçımızın xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələrdə azərbaycanlılar – Qarabağda yaşayan ermənilərlə bağlı səslənən sualların çoxunda birgəyaşayış mövzusu vurğulanıb: “Prezident kimi bunu deyirəm, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, Rusiyada, Ukraynada, Avropada. Onların arasında heç bir ixtilaf yoxdur. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin. Zənnimcə, orada yaşayan erməni millətindən olan adamlar da öz azərbaycanlı qonşuları və keçmiş dostları ilə ünsiyyət saxlayanda bunu başa düşəcəklər, tezliklə ortaq dil tapacaqlar” [5].
Elmi-akademik, sosial-pedaqoji və yaddaş siyasəti aspektində ortaq konsensus nöqtələri tapılmadıqda dövlətçilik tarixinin öyrədilməsində metodoloji bütövlük itir, bu sahədə çalışan insanlar tarixin fraqmentar təqdimatı və s. konseptual xarakterli çətinliklərlə üzləşirlər.
Əgər tarix haqqında tarixçilər bir-birinə zidd olan 10, hətta 100 “həqiqətə” malik olurlarsa, burada artıq tarix siyasətindən danışmaq mümkün deyil. Tarixçilər keçmişin baş verən proseslər əsasında bütöv mənzərəsini təqdim edə bilmirlərsə, belə hal tarixi keçmişə dair “şərhlər konfliktini”, böhranı göstərir.
XX əsrin əvvəllərində İrəvanın Ermənistana verilməsi ilə bağlı dövlət başçısının tarixi həqiqətə söykənən fikirlərinə münasibətdə bəzi mövqelər məhz son dövrlərdə “şərhlər konfliktinin” mövcudluğunu göstərdi.
Xalqımız əsrlərin sınağından çıxan bir acı həqiqəti taleyində dəfələrlə yaşayıb: ictimai şüurda tarix unudulanda təkrar olunur. Təkcə ötən yüzillikdə xalqımız neçə ağır milli faciələrlə üzləşib.
Vətən müharibəsində qələbəmiz, milli birliyin gücü bəlli antidövlətçi qüvvələri narahat edir. Məğlub düşmənin revanşizm psixozu, məlum mərkəzlərin isə Qələbənin müqəddəsliyinə kölgə salmaq, hər vəchlə dövlətçilik tarixinin nəhəng Zəfərini kiçiltmək səyləri gizli deyil. Qarabağda 30 illik işğala son qoyulmasından yaranan ümummilli qürur və sosial ahəngi zəiflətmək, səngitmək cəhdləri göz önündədir. Bu səylərin qarşısını almaq, Qələbə tarixinin daha əzmlə təbliği, onun əhəmiyyətinin çeşidli forma, üsul və mexanizmlərlə yaddaş siyasəti ilə kollektiv zəkaya köçürülməsi, bu proseslərin ümumxalq işi kimi ziyalı vətəndaş iştirakçılığı ilə reallaşması atılacaq ilk addımlardandır.
Beləliklə, bu gün, qloballaşma şəraitində istər qlobal liderlik, istərsə də milli dövlətin yaşaması uğrunda mübarizə tarix siyasəti sahəsində infrastruktur və kadrlar, ekspert cəmiyyəti olmadan təsəvvürəgəlməzdir. Bu cür qurumlar, strukturlar elm sahəsində mühüm mədəni və tarixi proqramların maliyyələşdirilməsinə dair verilən tövsiyələri ən yüksək qanunverici və icraedici orqanların, əsas idarəçilik institutlarının səyləri ilə əlaqələndirməli, dövlət qurumlarının fəaliyyətinə informasiya-analitik dəstək göstərməlidir.
P.Noranın ifadə etdiyi, milli yaddaşın bütün “məkanlarında” – mədəniyyət, təbiət və görkəmli şəxsiyyətlərin abidələri, bayramlar, simvollar, dövlət atributları, əlamətdar və tarixi günlər, tarixi şəxsiyyətlərin və ya hadisələrin şərəfinə qeyd edilən təqvim tədbirləri, anım günləri, burada səslənən rəsmi və görkəmli şəxslər haqqında qürur nitqləri, folklor, epik hekayələr, ən vacib vasitə kimi dərsliklər və s.-də tarix və yaddaş siyasətimizi israrla həyata keçirməliyik.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
- Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib. /28 may 2020/ – https://president.az/articles/38814
- Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. /03 iyun 2020/ – https://president.az/articles/38974
- Prezident İlham Əliyev xalqa müraciət edib. /20 noyabr 2020/ – https://president.az/articles/47221
- Prezident İlham Əliyevin Şuşa rayonunda xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar videoformatda çıxışı. /27 yanvar 2021/ – https://president.az/articles/50399
- Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. / 26 fevral 2021/ – https://president.az/articles/50738
- Gənclər tarixi olduğu kimi bilməlidirlər. /03.06.2020/ – http://www.azerbaijan-news.az/view-190532/gencler-tarixi-oldugu-kimi-bilmelidirler
- Qaragözov R. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı alqoritmdən istifadə edilməlidir?// “Analitik baxış”, 2010, №2, s.22-25
- Manqurtlaşma siyasəti idxal ediləcəksə, gənclərimiz ölkəmizin maraqlarını qoruya bilməyəcəklər – Prezident// https://azertag.az/xeber/Genclerin_vetenperverlik_ruhunda_terbiye_edilmesi_xususi_ehemiyyet_dasiyir-1547451
- Şükürov K. Tarixi yaddaşsızlıq manqurtluqdur. /24 yanvar 2015/ – https://teleqraf.com/news/ brifinq/ 40661.html
İngilis dilində:
- Garagozov R. Collective Memory in Ethnopolitical Conflicts: The Case of Nagomo- Karabakh. // Central Asia and the Caucasus, 5(4), 2006, p. 145-155.
- Garagozov R. Collective memory: Patterns and Manifestations. Part 2. // Journal of Russian and East European Psychology, vol.46, Jfe.2, p.3-97.
- Garagozov R. The Khojaly Tragedy as a Collective Trauma and Factor of Collective Memory”, Vol. 3, No. 5, 2010, Baku. – //http://ada.edu.az/biweekly/issues/vol3no5/20100303094519955.html
- Jacques, Le Goff. History and Memory. Translated by Rendall Steven and Claman Elizabeth. (European Perspectives.) New York: Columbia University Press. 1992
- Orwell, George. Nineteen Eighty-Four. 2020, Canada, Toronto, 263 p.// http://www.samizdat. qc.ca/arts/lit/ PDFs /1984_GO.pdf
- Wilds, Karl. Identity Creation and the Culture of Contrition: Reconfiguring National Identity in the Berlin Republic. // University of Sheffield June. 2000
Rus dilində:
- Аникин Д. А. Политика памяти в глобальном мире: предпосылки социально-философского исследования // Ученые записки Казанского университета. Сер.: Гуманитарные науки. 2011, № 1, cc. 15–212
- Аникин Д.А. Топосы социальной памяти в обществе риска / М.: Издательство Саратовского государственного университета, 2011, -156 с.
- Беляев Е., Линченко А. Государственная политика памяти и ценности массового исторического сознания в современной России: проблемы и противоречия // Studia Humanitatis, 2016. URL: http://st-hum.ru/sites/st-hum.ru/ files/pdf/ belyaev_ linchenko.pdf
- Дюков, А. Ни одно общество в мире не может обойтись без своей политики памяти// http://www.liberty.ru/Themes/Aleksandr-Dyukov-Niodno-obschestvo-v-mire-ne-mozhet-obojtis-bezsvoej-politiki-pamyati
- Европарламент принял резолюцию против пересмотра истории. // Взгляд, 2019 19 сентября/ – https://vz.ru/news/2019/9/19/998657.html
- Лезов С.В. В Нагорном Карабахе и вокруг него. // Российская газета, 1992 28 марта.
- Мегилл A. История и память: за и против. // Журнал “Философия и общество”, №2, 2005, с.133
- Миллер А. Россия: власть и история. / 25 ноября 2009, c.13/ – https://polit.ru/article/2009/11/25/miller/
- Общественное мнение-2016. Ежегодник.-М., Левада-центр, 2017, c.29// http://www.levada.ru/2016/06/30/ natsionalnaya-gordost/
- Oлимпиада жертв исторической несправедливости. // «Россия в глобальной политике», №2, 2020 Март/Апрель
- Репина, Л. П. Вызов постмодернизма и перспективы новой культурной и интеллектуальной истории // Одиссей. Человек в истории. 1996. М.: Наука, 1997
- Траба Роберт. Польские споры об истории в XXI веке // “Pro et Contra”, май-август 2009, c.44-64.
- Хальбвакс М. Социальные рамки памяти / Пер. с фр. и вступительная статья С.Н. Зенкина – М.: Новое издательство, 2007, -348 с.
- Хантингтон С. Кто мы? Вызовы американской национальной идентичности. М.: «Издательство АСТ»: 2004
- Чеканцева З.А. “Политика памяти” и моделирование истории. – https://lppm3.ru/files/journal/XXIV/MathMontXXIV-Chekantseva.pdf
İnternet resursları:
- https://www.europarl.europa.eu/regdata/etudes/note/join/2013/513977/ıpolcult_nt(2013)513977(sum01)_en.pdf
Tahira Allahyarova
History policy and memory policy in international practice: conceptual approach to the issue in Azerbaijan
Abstract
For the first time in the history of our statehood, this year 2021 will be marked by such significant historical dates as: the -1st anniversary of the Great Victory in the Karabakh, Patriotic War and the 30th anniversary of the restoration of independence. These magnificent calendar dates are of great importance in the context of contemporary studies of “historical politics and the politics of memory” in the world. In many countries of the world, academic organizations and institutions have already been created, the basis of which is the study of this issue, the preparation and definition of conceptual foundations and goals, as well as mechanisms for implementing the priority directions of the policy of national memory.
In comparison with this, in our country the topic of historical politics and the politics of memory has not yet only considered by researchers, as well as has not even appeared as a term in the scientific vocabulary of social science in Azerbaijan. There are also no official institutionalized structures that carry out activities in this direction.
The article examines the concepts of historical and national politics of memory existing in the world, practical experience and activities in this area (on the example of the USA, France, Germany, Russia, Poland, Ukraine, Israel, in the European Union, etc.) and their comparison, as well as an attempt is made to characterize the work in this area to be carried out in Azerbaijan.
Key words: history, memory, the state, the politics of memory, world experience, Ilham Aliyev, Azerbaijan, attitude to the past, the politics of history, memory wars, institutions politics of memory
Тахира Аллахьярова
Историческая политика и политика памяти: мировой опыт и концептуальный подход к проблеме в Азербайджане
Резюме
Впервые в истории нашей государственности нынешний 2021 год будет отмечен такими знаменательными историческими датами, как: -1-я годовщина Великой Победы в Карабахской-Отечественной войне и 30-летие восстановления независимости. Эти великолепные даты календаря имеют большое значение в контексте современных исследований «историческая политика и политика памяти» в мире. Во многих странах мира уже были созданы академические организации и институты, основа деятельности которых составляет исследование данной проблематики, подготовка и определение концептуальных основ и цели, так же, механизмы реализации приоритетных направлений политики национальной памяти.
В сравнении с этим, в нашей стране тема историческая политика и политика памяти еще не привлекли не только исследователей, не появился даже как термин в научной лексике нашей гуманитарии. Нет так же официальных институционализированных структур, осуществляюших деятельность в этом направлении.
В статье рассматриваются существующие в мире концепции исторической и национальной политики памяти, практический опыт и деятельность в этой области(на примере – США, Франции, Германии, России, Польши, Украины, Израиля, в Евросоюзе и др.)и их сравнение, а также делается попытка охарактеризовать работу в этой области, которую предстоит осуществлять в Азербайджане.
Ключевые слова: история, память, государство, политика памяти, мировой опыт, Ильхам Алиев, Азербайджан, отношение к прошлому, историческая политика, войны памяти, институты памяти