Zahid ORUC
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili
Bakı, Azərbaycan

BÖYÜK QƏLƏBƏ. Müstəqil Azərbaycan öz milli dövlət quruculuğu tarixinin miqyas və dərinliyi baxımından görünməmiş, ilk dəfə baş verən zəfər mərhələsini yaşayır.

Prezident İlham Əliyevin Ali Baş Komandanlıq fəaliyyəti XXI əsrin 44 gün davam edən ən müasir, hərbi-texnoloji müharibəsində çətin və şərəfli sınaqdan qalibiyyətlə çıxdı, yaşadığımız yüzilliyin hərb tarixinə yazıldı. Vətən müharibəsi Prezident İlham Əliyevin siyasi lider şəxsiyyətinin yeni nadir keyfiyyətini – hərbi sərkərdəlik fenomenini aşkara çıxardı. Hər günündə Zəfər tarixi yazılan 44 günlük müharibədə xalqımızın torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı onilliklərlə bəslədiyi arzusu gerçəkliyə çevrildi. Ölkəmiz və dünya Prezidentin fəaliyyətində parlaq şəkildə üzə çıxan yeni şəxsi keyfiyyətə – müzəffər Ali Baş Komandan/hərbi sərkərdəlik fenomeninə şahidlik etdi.

Dünya və Azərbaycan xalqının hərb tarixində parlaq səhifəyə çevrilən Qarabağın azadlığı uğrunda “Dəmir Yumruq” əməliyyatından zaman ötdükcə, qısa vaxtda, minimum itki ilə tariximizin, bir millətin tarixi nailiyyətinin nə qədər əzəmətli olduğunu görürük. Beləliklə, 2020-ci ilin sonlarında ay yarım ərzində Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə gerçəklikdə, epoxal prizmadan çox qısa bir zaman hesab edilən son 17 ildə İlham Əliyevin rəhbərliyi altında gecə və gündüz fədakarlıqla aparılan dövlətçiliyə və xalqa xidmət missiyasının möhtəşəm yekunu oldu. 10 noyabr tarixi – Prezidentin Azərbaycanda siyasi, iqtisadi və hərbi gücün fasiləsiz konsentrasiyasını təmin etməklə onu inkişafın avanqardına, milli güc ünvanına çevirmək üçün apardığı siyasətin real sübutu oldu. Müasir dövlətçilik tariximizin hərbi-siyasi təqviminə hər bir xalqa nəsib olmayan rəşadətli qələbənin “Vətən müharibəsi, Qələbə/Zəfər günləri” adlanan səhifələri əbədi həkk edildi.

Müstəqilliyimizin bərpası ilə eyni vaxtda başlayan və 30 il davam edən ərazi bütövlüyünün pozulması və işğalçılıq tarixini Böyük Qələbə və Zəfərlə yazılan yeni tarixi mərhələ əvəzlədi. Halbuki, qələbəmizdən cəmi bir neçə ay əvvəl Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişdilər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədini bəyan edir. Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısının Şuşada “andiçmə” mərasiminin keçirilməsi, oyuncaq qurumun “parlamentinin” Şuşaya köçürülməsi, işğal olunmuş ərazilərə Ermənistandan yeni yol çəkilməsi, qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, danışıqları davam etdirmək üçün Azərbaycanın qarşısında gülünc “7 şərt” qoyulması, Ermənistanın dövlət başçısının irəli sürdüyü “Qarabağ Ermənistandır və nöqtə”, Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər üçün yeni müharibə” iddiaları işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini ortaya qoymuşdur. Bu məsuliyyətsiz davranış və bəyanatlara beynəlxalq təşkilatlar, eləcə də işğalçını sülhə sövq etməli olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistan Respublikasının daha çox əl-qol açmasına gətirib çıxarmışdır. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi kobudcasına pozaraq, cəbhə xəttindən çox uzaqlarda, dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutmağa başlamışdılar. Münaqişə tarixində gərginliyi ən yüksək həddə çatdıran erməni rəhbərliyi bu tarixi faktları unutsa da, xalqımız yaxşı xatırlayır.

Azərbaycanın qlobal miqyas almış, XXI əsrin ən uzunmüddətli, dondurulmuş hesab edilən Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsi Vətən müharibəsində qələbənin təməllərinin hələ 2003-cü ildən müəyyən edilən Böyük Strategiyanın hədəfi olmasını deməyə tam əsas verir. Bu günlər xalqımızın yaşadığı Azərbaycan möcüzəsinin, qələbə modelinin təməlində xalqın etimadından güc alan lider şəxsiyyətin 17 il əvvəl bu günlərə və qarşıdakı perspektivlərə hədəflənmiş strateji təfəkkürü dayanır. Prezident İlham Əliyev demişdi: “Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik. Biz ordumuzu gücləndirirdik”.

44 günlük Vətən müharibəsində əldə edilən Böyük Zəfərin – daha vacibi hələ qarşıda əldə ediləcək neçə qələbələrin zəmin olan həlledici amillərin də, qələbənin beynəlxalq əhəmiyyəti də olduqca çoxşaxəlidir və onların sadəcə sadalanması xeyli zaman tələb edir. Həmin amillərdən biri – Vətən müharibəsində qələbəmizin beynəlxalq geosiyasi əhəmiyyəti hələ dərindən dərk edilməlidir. Prezident Azərbaycanın haqq işini döyüş meydanında müdafiə edərək, BMT qətnamələrini, beynəlxalq ədaləti bərpa etdi. Qarabağ zəfəri dünyada davam edən həll edilməmiş münaqişələrdən çıxış yolu, örnək-presedent oldu. İlham Əliyevin xarici siyasəti, diplomatiyası yaşadığımız strateji qeyri-sabitlik əsrində yeni ədalətli dünya nizamını qurmağa doğru atılan ilk addım kimi tarixə düşdü. Bu yeni dünya nizamında işğalçı siyasətə, ikili standartlara yer olmamalıdır. Əks təqdirdə, haqq və ədalət, siyasi lider və xalqın iradəsi, ən müasir hərbi texnoloji inqilabla silahlanan Ordu öz sözünü deməli olur. Azərbaycanın qələbə modelinin xarici siyasi əhəmiyyəti bunu sübuta yetirdi.

İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ zəfəri, qlobal səviyyədə yeni beynəlxalq münasibətlər sisteminin başlanğıcını şərtləndirib. II Dünya müharibəsindən sonra baş verən qlobal-epoxal xarakterli proseslərin gedişatını dəyişən tendensiyalara yol açıb. Vətən müharibəsinin geosiyasi sədası regional çərçivələri aşıb. Dünya artıq nəinki XXI əsrin, o cümlədən yeni minilliyin müharibə və geosiyasət mərhələsi ilə üz-üzədir.

Böyük zəfərlə başlayan yeni mərhələdə biz xalqımızı yeni qələbələrə hazırlamalıyıq. Qarabağ idealımız idi. Bu, milləti birləşdirdi. Biz indi qarşımıza yeni iddialar, yeni hədəflər qoymalıyıq. Düşmən elə bilməməlidir ki, biz idealımıza çatandan sonra əlimizi əlimizin üstünə qoyacağıq. O üzdən gələcək hədəflərin seçimində hər birimiz iştirak eləməliyik. Bu qələbəni möhkəmləndirməliyik və Qarabağı yenidən qurandan sonra hamımız daha böyük Azərbaycan uğrunda səfərbər olmalıyıq. Millətimiz bu qələbədən böyüyüb, Ali Baş Komandan, əslində, bizim ərazi bütövlüyümüzü təmin edərək bütün sərhədlərimizdə suverenliyimizi bərqərar edib, yeni cümhuriyyət, yeni millət qurub. Bu həm də bizim yeni keyfiyyətdə müstəqillik qazanmağımız deməkdir.

Bu qələbə ilə müzəffər Ordumuz BMT qətnamələrini də yerinə yetirdi. Laçının azad olunması ilə keçən əsrin 90-cı illərində yaranmış hərbi-siyasi vəziyyət ortadan qalxdı və Müzəffər Ordumuz BMT qətnamələrinin hamısını yerinə yetirərək, dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ən böyük qurumu 27 illik qınaqdan və nüfuz itkisindən xilas etdi. Artıq həmin sənədlər yalnız tarix üçün əhəmiyyət daşıyır.

Siyasi təqvimdə 1 dekabr günü eyni zamanda Ali Baş Komandan İlham Əliyevin fədakar millətimiz və şanlı Silahlı Qüvvələrimizlə birgə təkcə hərbi deyil, eləcə də diplomatik-siyasi gücü, imzasının hökmü ilə torpaqlarımızı təcavüzkarlardan təmizləməyə qadir olduğunu beynəlxalq ictimaiyyətə göstərdi. 10 noyabr sazişinin işləməsi, dövlətimizin hesabına regionda formalaşan yeni geosiyasi, eləcə də təhlükəsizlik atmosferi Qafqazda yeni arxitektura qurmağa imkan verəcək. İndi sürətli bir şəkildə Qarabağda erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, Rusiya sülhyaradıcı qüvvələrinin nəzarəti altında olan ərazilərin ölkəmizin suveren haqları altına qaytarılması, qardaş Türkiyənin iştirakı ilə regionun gələcəyinə dair yeni strateji planların icrası mərhələsinə başlamaq gərəkdir. Onu da qeyd edək ki, “Laçın dəhlizi’’nin təklükəsiz çalışması bizim dövlət strukturlarının zəmanəti altında olduğu üçün Qarabağda qanunsuz separatçı strukturun hər hansı qalıqlarını qoruyub-saxlamaq mümkün olmayacaq.

Digər tərəfdən, Naxçıvanla kommunikasiyaya dair birgə bəyanatda nəzərdə tutulan öhdəliyin gecikmədən yerinə yetirilməsinə başlanılması Qarabağla cəmi bir yolla əlaqə dəhlizinin təhlükəsiz çalışmasında ən mühüm faktorlardan biri olacaqdır. Yəni dəhlizlər coğrafi olmasa da, siyasi və ictimai işləklik baxımından bir-birindən ayrılmaz şəkildə bağlıdır. Ali Baş Komandan İlham Əliyevin Naxçıvanı bir dəhlizlə Azərbaycanla birləşdirmək iradəsi təkcə 10 il əvvəl deyil, eləcə də bir əsr əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti dövründə itirilmiş mövqelərin bərpası deməkdir. Bu, dövlətçilikdə varislik ənənələrinə Prezidentimizin verdiyi ən böyük dəyərdir. Demokratik Cümhuriyyəti quran insanların da ruhu bununla sevinmiş oldu.

Qarşıdakı yaxın dövrdə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, bütün tarixi iddialarından geri durduğunu bəyan edərsə, eləcə də əsrlərlə yürüdülən mifik ictimai-siyasi, həmçinin ideoloji kursun ağır mirasından imtina edərsə, o halda bölgədə daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər.

44 günlük Vətən müharibəsində Türkiyə və Azərbaycan qardaşlığı əsr lər boyu olduğu kimi çox uğurla tarixi sınaqdan çıxdı və bu, təkcə iki dövlətin elitasının, hökumətlərinin deyil, eləcə də sayı yüz milyonları keçən türklər-azərbaycanlıların, həmçinin dünya ictimaiyyətinin mövqeyini formalaşdıran mətbuatın, televiziyanın, virtual medianın fədakarlıqla çalışan informasiya cəbhəsi döyüşçülərinin igidliyi hesabına oldu. Biz 44 gündə Türkiyə və Azərbaycanın informasiya məkanının birləşdiyini, vahidliyini gördük. Onlar Vətən müharibəsinin hər gününü bizimlə bərabər yaşadılar, kədərimiz və sevincimizlə bir oldular. Türkiyənin aparıcı televiziya kanalları Ali Baş Komandanla geniş müsahibələr apardılar, onu dünyanın gündəminə çevirdilər, haqq səsimizi yaydılar, eyni zamanda döyüş bölgələrindən, səngərdən 44 gün ərzində daim reportajlar verdilər, faktiki olaraq savaşdılar, peşəkarlıq, operativlik və fədakarlıq nümunələri yaratdılar.

Demək olar ki, bütün teleradiokanalları, çoxmilyonlu tiraja, eləcə də fərqli auditoriyalara malik olan qəzetlər, virtual media resurslarının mütləq əksəriyyəti Azərbaycanı birinci planda daim ən müxtəlif formatlı müzakirələrin baş mövzusuna çevirdilər, bütün arsenalları ilə Qarabağ və Azərbaycan üçün döyüşdülər, təkcə xəbər yayıcıları kimi qalmadılar, eləcə də bütün dövlət-hökumət adamlarını aktiv diskussiyalara, analitik proqramlara cəlb etdilər, universitet rektorlarından elm adamlarına, peşəkar hərbi-siyasi ekspertlərdən sadə ictimaiyyət nümayəndələrinə qədər hamısını savaş üçün səfərbər etdilər. Bunlar qürur doğuran, unudulmaz səhifələrdir və biz özümüzə borc bilirik ki, bütün Türkiyə mediasına göstərdikləri cəfakeşliyə görə öz hörmət və ehtiramımızı bildirək, onlara təşəkkür edək və xüsusi vurğulayaq ki, onlar Azərbaycan dövlətindən gələcəkdə müxtəlif təltiflərə, orden və medallara layiq görülmələri ilə bərabər, xalqımızın tükənməz sevgisini qazanıblar və bu, məhz 44 günlük müharibədəki salnamədir.

Qələbə ruhunu azad olunan ərazilərimizə Böyük Qayıdışa, Böyük Quruculuq işlərinə və beləliklə, Böyük Azərbaycanın yaradılmasına yönəltməyi bacarmalıyıq. Bu istiqamətdə görüləcək iş Vətən müharibəsində canından keçən şəhidlərimizin, müharibədə iştirak edən qazilərimizin, yaralı və əlil döyüşçülərin, onların ailələrinin dövlətin diqqəti və ümumxalq qayğısı ilə əhatə edlməsidir. Ali Baş Komandan bizə qələbəni qazandıranlarla bağlı fikrini aydın bildirib: “Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına qazanmışıq”.

İki əsrlik tariximizdə qazanılan ən böyük qələbəmizin, minillik gələcəyimiz üçün hər zaman iftixarla və qürur hissi ilə qeyd olunacaq qalibiyyətin gerçək qəhrəmanlarının əməyini qiymətləndirmək üçün dövlət mükafatları, xüsusi adlar təsis edildi. Ali Baş Komandanımız hamıdan birinci, əslində isə aktiv döyüş əməliyyatlarına bərabər tutulacaq addım ataraq ön cəbhəyə – azad olunan torpaqlarımıza səfəri zamanı bəyan etdi ki, müzəffər Ordumuzun qəhrəmanlığına dəyər verilməsi, onların təltif olunması həm də düşmənin orden və medallarının onların sinələrindən qoparılması deməkdir. Prezident düşmənə “Çıxarın atın o medalları!” – deyə çağırış da etdi. Təltiflər sistemi ən mühüm dövlətçilik hadisəsi oldu.

Bildiyimiz kimi, Fransanın ən məşhur dövlət mükafatı olan “Fəxri Legion” ordenini Napoleon Bonapart 1802-ci ildə özü təsis edib. Bununla bağlı yazıb: “Fransızların yalnız bir hissi var – şərəf hissi, buna görə də bu hissi mümkün qədər gücləndirmək, onlara özlərinin fərqli olduğunu göstərmək lazımdır”.

Hazırkı postmüharibə dövründə, Vətən müharibəsində qalib gələn Müzəffər Ordumuzun iştirakçılarının əsas sosial müdafiə və imtiyazlar sisteminin hazırlanmasına başlanılıb və bu işin təkmilləşdirilməsi davam edir. Qarabağ müharibəsində iştirak edən əsgər və zabitlərin bütün yaxınlarına qayğı və həssaslıq göstərilməsi son dərəcə vacib məsələdir. “Qarabağ müharibəsi veteranı və əlili” statusuna da yeni hərbi reallıqlar çərçivəsində baxmalı, II Qarabağ müharibəsində bu statusu əldə edən bütün qazilərimizi yüksək ad və hüquqda təsbit etməliyik. “Şəhid ailəsi”, yaxud “Əsgər ailəsi” ifadələrinə diqqət yetirilməsinə, onlara sosial güzəştlərin tətbiqinə yenidən nəzər salınaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində ayrıca Şəhid Ailələri və Qazilər Fondunun yaradılması məqsədəuyğun olar. Qarabağ savaşı ilə bağlı tarixi parkların, Hərbi Panteon və s. məkanların yaradılması ilə yanaşı, təltif edilənlərin adlarının xüsusi şərəf lövhəsinə yazılması da vacib hesab edilə bilər.

Qələbəmizin sosial-iqtisadi, mənəvi-maddi baxımdan xidməti olan hər bir insana faydası olmalıdır. Onlar haqlı olaraq özlərinə diqqət və qayğı tələb edirlər.

Qələbəmizi qorumaq Vətəni canı ilə müdafiə etməkdir, igid və qəhrəman şəhidlərimizlə, əsgər və zabitlərimizlə bir sırada olmaqdır, onlarla vahid səngəri bölüşməkdir. Daha çox qəhrəmanlar yetişdirmək istəyiriksə, belə etməliyik.

BÖYÜK QAYIDIŞ və BÖYÜK QURUCULUQ. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Biz yüz minlərlə insanı Qarabağda təhsilə cəlb edərək orada təhsil müəssisələrimizi, universitetlərimizi qurmalıyıq. Məcburi köçkünlərimizlə yanaşı, 1,5 -2 milyon vətəndaşımızın Böyük Qayıdışla azad olunan torpaqlarımızda yaşamasına imkan yaratmalıyıq. Qarabağda yaşayan insanlara dövlət dəstəyi olmalıdır.

Vətən müharibəsində qələbəmiz Prezident İlham Əliyevin 2019-cu ildən həyata keçirdiyi yeni hakimiyyət quruculuğu siyasətinin doğru olduğunu sübut etdi. Əks halda qələbə qazanmaq çətin olardı. İndi düzgün idarəetmənin ən böyük ünvanı Qarabağ və xilas edilmiş torpaqlarımız olmalıdır. Qarabağın hər yerində təmiz, peşəkar, vətənpərvər, eləcə də güclü siyasi təfəkkürə və dərin intellektə malik şəxslərin hakimiyyət orqanlarında təmsil olunması, şəffaf və dürüst idarəçiliyin nümunəyə çevrilməsi keçmişdə işğala səbəb olan tarixi səhvlərin bir daha təkrarlanmamasının zəmanətidir. Biz şəhid qanları üzərində Vətənin yenidən qurulduğunu heç vaxt unutmamalıyıq.

Göründüyü kimi, azad olunan torpaqlara bütün dövlət strukturları ilə birgə qayıdırıq. Bəli, torpaq, xalq və hakimiyyət həmişə bir yerdə olmağı tələb edir. Artıq ilk quruculuq işlərinə – Yeni Yolun inşasına başlanılıb. Biz inanırıq ki, Qarabağa gedən yolların iki dəfə daha uzunömürlü, iki dəfə daha abad və halal olması üçün hər kəs canı-dildən çalışacaq. Bizi Qələbəyə aparan yolları elə qurmalıyıq ki, “Laçın dəhlizi” ifadəsi yox olsun, içimizdə yeni sərhəd, təmas xətti yaratmaq və bir neçə gün əvvəl olduğu kimi yenidən döyüş meydanı yaratmaq istəyənlərin planı iflasa uğrasın və Qarabağın bütün arteriyaları yenidən Azərbaycanla birləşsin!

Biz yüz minlərlə soydaşımızı Qarabağın təhsil həyatına cəlb edərək o müqəddəs məkanda ən güclü məktəblərimizi – universitetlərimizi qurmalı, qabaqcıl alim və ziyallarımızı ora toplamalıyıq ki, Qarabağ elmi cəhətdən güclü regiona çevrilsin, heç bir ordunun keçə bilməyəcəyi qoruyucu sipərimiz olsun!

Biz elə etməlyik ki, bütün millətlər orada yaşaya bilsin. Aqarunovun canını fəda etdiyi torpaqlarda yəhudilər də, Solntsevin həyatını qurban verdiyi məqsədlər naminə ruslar da, mənən yanımızda olan gürcülər, ukraynalılar, belaruslar da etnik-milli-dini bir harmoniyada xalqımızla birgə o məkanda qurub-yaratsınlar. Azərbaycanda evə-eşiyə ehtiyacı olanların hamısına şərait yaratmalıyıq ki, qoy gedib Qarabağda özlərinə isti ocaq qursunlar. Biz təkcə köçkünlərimizi deyil, bəlkə, 1.5, – 2 milyon vətəndaşımızı “Böyük Qayıdış” proqramı ilə azad ərazilərimzə aparmalıyıq!

Ordumuz “Ohanyan xətti”ni dagıdıb qalib gəldi, lakin bizim keçilməz sədlərimiz elə olmalıdır ki, 270 yaşlı Şuşa Qarabağın inzibati-siyasi-idarəetmə mərkəzinə çevrilsin. Xatırlatmaq istərdim ki, düz 170 il ərzində məhz belə olub. Şuşa Qarabağ rayonunun inzibati mərkəzi olmalıdır! XX əsrin 90-cı illərində birləşəndən sonra Almaniyanın etdiyini kiçik miqyasda təkrarlamalıyıq…

Vətən müharibəsində verdiyimiz 2881 nəfər şəhidimizi, veteran və yaralıları da nəzərə alaraq, Qarabağda qurulan gənc ailələrə və doğulan hər körpəyə görə dövlət yardımları sayəsində bütün xilas edilmş ərazilərdə məskunlaşma ən yüksək səviyyəyə çatmalı, milyardlarla manat xərc çəkilib salınan yeni şəhər, qəsəbə və kəndlərimizdə daim həyat qaynamalıdır.

Biz orada qədim tariximizi təkcə muzeylərə yığmaqla yox, eləcə də onu böyüyən milyonlarla gəncin beyninə, ruhuna yerləşdirməyin yollarını tapmalıyıq. Qarabağ özü boyda kitab evinə çevrilməlidir!

Beynəlxalq maliyyə-iqtisadi qurumları üçün də oraya yol açıqdır. Xatırlayırsınızsa, 2000-ci illərdə Avropa Birliyinin rəsmiləri Ulu öndər Heydər Əliyevlə görüşərkən Qarabağda dağılmış infrastrukturun bərpası üçün 1 milyard avro yardım etməyə hazır olduqlarını söyləmişdilər. Qoy indi vədlərini tutsunlar və həqiqətən sülhə-çiçəklənməyə investisiya qoysunlar. Qarabağda iqtisadi göstərici bütün bölgələrdən yuxarı olmalıdır.

Bilirsiniz ki, hərbi əməliyyatlar başlayan günlərdə erməni tərəfi apardıqları savaşın adını “cəhənnəmə xoş gəlmisiz” qoymuşdular. Diqqət edirsinizsə, “Qafqazın mirvarisi” sayılan məkana hansı adı vermişdilər. Ali Baş Komandanımız isə “Biz Qarabağı cənnətə çevirəcəyik!” dedi, Azərbaycan xalqının quruculuq ideallarını dünyaya nümayiş etdirdi.

Qələbəmizə hücumlar da sistemli, planlı və amansız xarakter daşıyır. Sadə dillə desək, hərbi meydanda bizi məğlub edə bilməyənlər, ölkəmizi, o da olmasa düşüncələrimizi 26 sentyabra qaytarmağa cəhd edərək, siyasi, ictimai, diplomatik və informasiya məkanında uğurumuzu əlimizdən almağa cəhd edir, tarixi zəfərimizi gözdən salmağa, onu təhrif etməyə, yaxud müxtəlif sosial-iqtisadi problemlərin fonunda adiləşdirməyə çalışırlar.

BÖYÜK QURUCULUQ. “İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Biz onların hamısını bərpa edəcəyik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.

Hərbi meydanda döyüş bitsə də, informasiya müharibəsi tam gücü ilə davam edir. Müharibə təkcə döyüş meydanında getmədi, diplomatik sahədə də, beynəlxalq KİV-lərdə də, hətta sosial şəbəkələrdə də davam etdi. Azərbaycan diplomatiyası mübarizədən alnıaçıq çıxdı. Dünyanın ən nüfuzlu KİV-lərində demək olar ki, hər gün Azərbaycanla bağlı məlumatlar yayılmağa başladı. Prezident İlham Əliyev müxtəlif xarici mətbu orqanlara 30-a yaxın müsahibə verdi və Azərbaycanın haqlı mövqeyini ən yüksək səviyyədə qorudu.

Çünki hazırda ölkələrin təhlükəsizliyi təkcə silahlı qüvvələrdən deyil, eləcə də informasiya vasitələrinin peşəkarlığından, xarici və daxili təhlükələrə qarşı operativ cavab vermək bacarığından, milli informasiya məkanını qorumaq və beynəlxalq rəqabətlə ayaqlaşmaq potensialından birbaşa asılıdır. Ordular arasındakı ittifaq nə qədər vacibdirsə, informasiya müharibəsini aparmağa qadir olan media güclərinin də bir araya gətirilməsi bir o qədər əhəmiyyətlidir.

Bu baxımdan “Azərbaycan və Türkiyə respublikaları arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu və onun əhəmiyyəti böyükdür. Azərbaycan Parlamentində təsdiqlənən razılaşma aktı tarixi əhəmiyyət kəsb edir. “Azərbaycan və Türkiyə respublikaları arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu 2020-ci il dekabrın 10-da iki dövlət rəhbərləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı şəhərində keçirilən böyük Hərbi Zəfər paradından sonra rəsmi nümayəndə heyətləri arasında keçirilən görüş zamanı imzalanıb. Sənəd iki ölkənin media sahəsində əlaqələrini inkişaf etdirmək və onu yeni hədəflərə çatdırmaq ideyasına xidmət edir. Bu məqsədlə yaradılan Birgə Media Platforması Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini gücləndirməklə strateji media ortaqlığının qurulmasını nəzərdə tutur. Qısa deyilsə, media əlaqələri üçün sağlam infrastrukturun yaradılması, məlumat, bilik, təcrübə və mənbələr mübadiləsi, iki ölkənin media sahəsində çalışan rəsmi qurumlarının birgə araşdırmalar həyata keçirməsi əsas fəaliyyət istiqamətləri kimi nəzərdə tutulub. Təlim və mübadilə proqramlarının təşkil olunması, eləcə də fikir liderləri arasında rabitə körpüsünün qurulması da əməkdaşlığın müddəaları sırasındadır.

Razılaşmanın müddəaları sırasında dezinformasiyalara qarşı birgə mübarizənin mövcudluğu da Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşı aparanların eyni olması ilə bağlıdır. Yalnız birgə dirənişlə onlara qalib gəlmək mümkündür.

Qələbələr – onlara görə yaşanan qürur və sevinc, bayram təqvimləri ilə yanaşı, həm də milli yaddaşa yazılması, gələcək nəsillərə ötürülməsi, əbədiləşdirilməsi üçün lazımdır. Bu istiqamətdə görüləcək işlər Böyük Qayıdış və Böyük Quruculuq qədər vacibdir. Əks təqdirdə qələbələrin mahiyyəti dərk edilməmiş qalır.

Dövlətçiliyimizin yeni – Zəfər mərhələsinə keçid aldığına dəlalət edən, Vətən müharibəsinin əbədiləşdirilməsinə xidmət edən Hərbi Qənimətlər parkının açılması bu baxımdan təqdirəlayiq hadisədir. Hərbi Qənimətlər parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstündə yaşamaq haqqının olmadığı sübuta yetirilən “erməniçiliyin”, beyinlərində mif dünyasını quran və orada yaşayan erməni ideologiyasının portretidir. Ora ziyarətə gələn milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı “8 noyabr” prospektidir. Tam 30 il müddətində Qarabağ və ətraf ərazilər özü boyda qənimətlər parkı olub, lakin sonda düşmən o əraziləri özü üçün məzarlığa çevirdi.

Müstəqil Azərbaycan dövləti son 100 illik tarixində, o cümlədən keçmiş sovet ölkələri içərisində ilk dəfə qalibiyyət və qənimət meydanına sahib olan bir neçə ölkədən biridir. Hərbi qənimətlər parkı olan London, Vyana, Paris isə 100-200 il əvvəlki tarixin irsini daşıyır.

Faşizm üzərində qələbədə olduğu kimi XXI əsrdə erməni əsgəri texnikasi ilə birgə təslim oldu. Ümid edək ki, ermənilərin içində də alman xalqı kimi faşizmdən qurtulmağı, keçmişi düzgün qiymətləndirməyi bacaran, artıq demoqrafik meydanda onların bir xalq kimi sonluğunu gətirən “erməniçilikdən” xilas olmaq barədə düşünənlər olacaq.

Zəfər salnaməsinin başladığı gündən bizi yarım ilə yaxın vaxt ayırır. Bir tərəfdən, Azərbaycan xalqının hərb tarixində qazanılan tarixi nailiyyətlərinin nə qədər əzəmətli olduğunu görürük. Digər tərəfdən, qələbəmizdən qısqanclıq, qisasçılıq da, qalib ölkəmizə hücumlar da sistemli və planlı xarakter daşıyır. Qeyd edildiyi kimi, hərb meydanında bizi məğlub edə bilməyənlər, ölkəmizi, xüsusilə ictimai şüuru 26 sentyabr 2020-ci il vaxtına qaytarmağa cəhd edir, siyasi, ictimai, diplomatik və informasiya məkanında uğurlarımızı, tarixi uğurlarımızı təhrif etməyə çalışırlar. Məhz bu baxımdan qələbəmizin milli yaddaşa köçürülməsi yönündə taleyüklü məsələlər həllini gözləyir. Bu, torpaqlarımızın azad olunması qədər vacib olan vəzifədir. Çünki tarixi dünənini düzgün öyrənmək mifologiyalardan və ilğımlardan azad olaraq, daha gerçək milli hədəflər və gələcək uğrunda mübarizə aparmaq deməkdir. Sözügedən sahə tədqiqatçı və ziyalıların, alimlərin, sənət adamlarının, bütün vətənsevərlərin fədakar birliyini gözləyir.

---------------