İlyas HÜSEYNOV
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi
Bakı, Azərbaycan

E-mail: ilyasdiplomat@gmail.com
ORCID: 0000-0002-1061-7990

 

 Xülasə. Məqalədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi probleminə nəzər salınır. Qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. “Landmine Monitor Report” nəşrinin məlumatına görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv. km-dən 830 kv. km-dək ola bilər. Ermənistan silahlı qüvvələri 30 illik işğal müddətində  olduqca geniş arealda minaların basdırılması və istehkamların qurulması işini aparmışdır. Onların əsas məqsədi torpaqlarda uzunmüddətli işğal planlarını reallaşdırmaq və Azərbaycanın Qarabağı hərbi yolla azad edəcəyi təqdirdə itkilərini maksimum dərəcədə çoxaltmağa nail olmaq olmuşdur.

İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq iki ilə yaxın vaxt keçsə də, azad edilmiş ərazilərdə ən başlıca problemlərdən biri olan minalanmış sahələrin təmizlənməsi   aradan qaldırılmayıb. Demək olar ki, hər keçən gün işğaldan azad olunmuş torpaqlarda ölən və yaralananlar olur. Bununla bağlı statistika artmaqda davam edir. Reallıqda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi kifayət qədər zaman alacaq.

 Təəssüf doğuran məsələ bundan ibarətdir ki, Azərbaycan bu sahədə lazım olan beynəlxalq dəstəyi hiss etmir. Halbuki, müvafiq dəstək veriləcəyi halda, işğaldan azad edilən 10 min kv. km ərazidə minatəmizləmə ilə bağlı mürəkkəb  proses  2-3 dəfə daha erkən başa çatdırıla bilər.

Açar sözlər: ərazilərin minalanması, mina xəritələri, “HALO Trust” təşkilatı, Ermənistanın riyakarlığı, humanitar problem, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Giriş

2020-ci il sentyabrın 27-dən başlayaraq 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən işğalında olan torpaqlarımız azad olundu. Hal-hazırda bu istiqamətdə əsas maneə ərazilərin minalanmasıdır. Ərazilərin minalanması “Böyük Qayıdış” proqramı çərçivəsində öz dədə-baba torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin evlərinə qayıtmasını ləngitməklə yanaşı, ərazilərin yenidən qurulmasına və bərpasına da ciddi əngəl törədir. Bununla yanaşı, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir [9]. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görülsə də, bəzən məsuliyyətsizlik, bəzən də öz doğma evini görmək və uzun illərin həsrətinə son qoymaq arzusu vətəndaşlarımızı düşmənin ərazidə basdırdığı minaların qurbanına çevirir.

  1. Kəlbəcərdə jurnalistlərin mina qurbanına çevrilməsi

Öz peşəsini şərəflə yerinə yetirən şəxslərin düşmən minalarının qurbanlarına çevrilməsi çox üzücüdür. 4 iyun 2021-ci il tarixində Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş vermiş mina partlayışı nəticəsində Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovın, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması bütün ictimaiyyəti dərindən sarsıtmış və ərazinin hər qarışında basdırılmış minaların ölüm saçdığını bütün dünyaya nümayiş etdirmişdir [26]. Hadisə ilə bağlı olaraq ölkənin Baş prokuroru Kamran Əliyev BMT və Avropa Şurası daxil olmaqla beynəlxalq qurumlara, o cümlədən “Amnesty International” və “Human Rights Watch” insan haqları təşkilatlarına müraciət edərək Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisində minalardan istifadə edərək humanitar normaları və prinsipləri pozmaqda günahlandırmışdır.

  1. Kəlbəcər və Laçın rayonlarının ərazilərində minaların basdırılması ilə bağlı erməni polkovnikin etirafı

Bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 6-da müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 hektar ərazidə 17 yük avtomobili ilə gətilrmiş həm tank, həm də piyada ələyhinə minaların zəncirvari şəkildə basdırdıqlarını etiraf etməsinə dair videogörüntülər yayılmışdır. Bununla bağlı Baş Prokurorluqda araşdırma aparılmaqla “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili həcmində tank və piyada ələyhinə minaların basdırmalarına şübhələr müəyyən edilmişdir. Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir. Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın tank və piyada ələyhinə minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqətə uyğunluğunu təsdiq edir. Yuxarıda göstərilənlərlə əlaqədar Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, qeyd edilən əməllərə görə Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, beynəlxalq axtarışa verilmişdir [4]. Sözügedən bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsi və bu sahədə mümkün olan bütün tədbirlərin həyata keçirilməsi tələb edilmişdir.

  1. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyəti

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Bu sahəyə ayrılan vəsaitin artırılması ilə yanaşı, müvafiq qurumların istitusional formada transformasiyası baş verir və müxtəlif qurumlar da ərazilərin tezliklə minalardan azad olunması işinə cəlb olunur. Görülmüş işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumatın çatdırılması təmin edilir və baş verən proseslərə böyük diqqət artırılır.

Çünki minaların ərazilərdən tam təmizlənməməsi həyat üçün böyük təhlükədir. Qeyd edək ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, onların tətbiqini və saxlanılmasını qadağan edir. Bununla yanaşı, Brüssel Bəyannaməsi, “Avropada adi silahların məhdudlaşdırılması haqqında” Cinah Sazişi, eləcə də BMT Baş Assambleyasının 51-45 saylı qətnaməsi piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırır və qadağan edir. Eyni zamanda adıçəkilən sənədlərə qoşulan bütün dövlətlər, piyada əleyhinə minaların tətbiqinin məhdudlaşdırılması ilə bağlı çağırışlar edirlər [24].

Ərazilərin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev tərəfindən 15 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında fərman imzalanmışdır. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxs kimi fəaliyyət göstərir [6].

Prezident İlham Əliyevin imzaladığı fərmandan 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Agentliyin saytı hələ də fəaliyyət göstərmir [5]. Bu dövrdə fəaliyyətinə böyük ümidlər bəslənən və işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün dövlət tərəfindən bütün lazımi dəstək göstərilən Agentliyin veb saytının işləməməsi təəssüf doğurur. İctimaiyyəti maraqlandıran əsas məlumatlar Agentliyin yalnız sosial şəbəkə hesabları (“Facebook” və “Twitter”) üzərindən paylaşılır (Bax: ANAMA-nın Facebook hesabı – https://www.facebook.com/anama.gov.az və Twitter hesabı – https://twitter.com/ANAMA_gov_az). Bununla yanaşı, qeyd edilməlidir ki, ANAMA-nın Daxili İşlər Nazirliyi ilə birlikdə maarifləndirici videoroliklərinin çəkilməsi təqdir olunur və yaxşı effekt yaradır [33]. ANAMA tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat paylaşılsa da, bu, yetərsiz hesab olunur. Çünki hazırda Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqamətlərindən biri də ərazilərin minalanmış xəritələrinin və sxemlərinin əldə olunmasıdır. Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində Rusiya istehsalı olan “İsgəndər-M” raketlərinin qalıqlarının tapılması da ANAMA əməkdaşlarının sayıqlığı sayəsində mümkün olmuşdu [3]. 2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış minatəmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilmişdir. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İskəndər” raket sisteminə aid olduğu müəyyən edilmişdir. ANAMA əməkdaşı həmçinin vurğulamışdır ki, hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 identifikasiya nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək olar.

  1. Ermənistanın riyakar siyasətinin ifşa olunması və Ağdamın mina xəritələrinin alınması

Müharibənin başa çatmasından  2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, yüzlərlə hərbi qulluqçumuz və mülki vətəndaşlarımız minaya düşmüşdür [8]. Torpaqlarımızda erməni işğalına son qoyulduqdan sonra Ermənistanın Azərbaycana qarşı əsas təxribatlarından biri də mina xəritələrinin verilməməsi idi. Bunun iki məqsədə xidmət etdiyini qeyd etmək olar:

  • İşğaldan azad edilmiş ərazilərin daha gec bərpa edilməsi;
  • Əhalinin öz doğma yurdlarına daha gec qayıtması.

Rəsmi Bakının bütün beynəlxalq auditoriyalarda minalanmış ərazilərin xəritələrinin verilməsi haqqında çağırışları sonda öz nəticəsini verdi. Prezident İlham Əliyevin diplomatik manevrləri nəticəsində mina xəritələrini verməyə məcbur olan Ermənistanın bütün planları iflasa uğradı [18].

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın yerləşmə yerini özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilməsini Azərbaycan diplomatiyasının uğuru hesab etmək olar. Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla Gürcüstan hökumətinin dəstəyini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə ABŞ-nin Dövlət katibi Antoni Blinken başda olmaqla Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusilə qeyd olunmalıdır [1]. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas etməyə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə hesablanmışdır [17]. Ağdamın mina xəritələrinin alınması ilə bağlı açıqlanan bu rəsmi xəbər Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın beynəlxalq siyasətdəki uğurunun təzahürüdür. Hətta bunu müharibədən sonra əldə olunan ilk diplomatik qələbə də adlandıra bilərik [25]. ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələdə fəal iştirak etməsi də İlham Əliyevin növbəti zəfəridir.  Azərbaycan Prezidenti İlham Əliyevin siyasi manevrləri, düşünülmüş strategiyası nəticəsində Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etməyə məcbur oldu.

  1. Zəngilan və Füzulinin mina xəritələrinin alınması

Humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir. Məhz bu səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutmuşdur. Hətta 44 günlük müharibə zamanı və müharibədən sonra birtərəfli qaydada humanitar addımlar atılmışdır.

Qərbin regionda fəallaşmasından sonra Rusiya da minalanmış ərazilərin xəritələrinin erməni diversantları ilə dəyişdirilməsi ilə bağlı sövdələşmədə yer almağa çalışmışdır. Ermənistan işğal dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri 2021-ci il iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim etmişdir. Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradov vasitəçilik etmişdir. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər ermənini Ermənistana təhvil vermişdir [12].

  1. Xəritələrin qeyri-dəqiqliyi və ermənilərin növbəti saxtakarlığı

2021-ci ilin dekabrın sonunda Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad edilmiş digər ərazilərinin də mina sahələrinin formulyarlarını Azərbaycan tərəfinə təqdim etmişdir. Qeyd edək ki, mina sahələrinin formulyarlarında, adətən, ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur.

Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina səhələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilmiş formulyarların işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlıq mövcuddur. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə başlanılmış, formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülmüş və müvafiq ərazidə uyğunluğu yoxlanılmışdır. Lakin ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun sözlərinə görə, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır [20].

  1. Ermənistanın qeyri-konstruktiv mövqeyi və düşmənçilik ritorikasının davam etdirilməsi

Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyi 25% təşkil etmişdir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması bu məsələdə vasitəçilik edən Rusiyanın, Gürcüstanın, eləcə də ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının və hazırda ATƏT-ə sədrlik edən İsveçin aldadılması anlamına gəlir. Bundan əlavə, mina xəritələrinin təqdim olunması Ermənistanın sülhpərvər, humanist addımı deyil, müharibədə məğlub olan bu dövlətin Azərbaycana zərbə vurmaq, ziyan törətmək üçün assimetrik metodlarından biri, siyasi şantaj və növbəti siyasi alver gedişi idi. Məlumdur ki, 2020-ci il noyabrın 10-da 3 dövlətin rəhbərinin imzaladığı bəyanatdan (Ermənistanın kapitulyasiya aktı) sonra erməni tərəfi Azərbaycana minalarla bağlı məlumatları təqdim etmək istəmir, gah belə xəritələrin yoxluğunu dilə gətirir, gah da terrorçuların azad edilməsi müqabilində mümkünlüyünü qeyd edirdi.

Ermənilər ərazilərimizdə saysız-hesabsız minalar basdırmaqla həm bizim üçün təhlükə mənbəyi yaratmış, həm də öz vətəndaşlarının sosial rifahına xərclənməli olduqları pulları düşmənçilik əməllərinin reallaşmasına ayırmışlar [10].

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bu məsələlərə bir daha aydınlıq gətirmiş, xəritələrdə ciddi problemlər olduğunu qeyd etmişdir: “İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, – onsuz da onlar hər yerə mina basdırıblar, – minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik” [14]. Azərbaycan Prezidenti ermənilərin növbəti oyununu beynəlxalq auditoriya üçün dəqiqliklə ifşa edərək göstərdi ki, Ermənistan sadəcə hansı ərazilərdə minaların olduğu barədə xəritələr verib, o da böyük ehtimalla natamamdır, əslində isə Azərbaycana minaların dəqiq harada basdırıldığını göstərən xəritələr verməlidir. Daha doğrusu, minalanmış ərazilərin yox, minaların özlərinin xəritəsi verilməlidir.

Onu da qeyd edək ki, Ermənistan baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir.  Bu, onu deməyə əsas verir ki, rəsmi İrəvan tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.

Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquqi öhdəliyi idi.

Qeyd edək ki, üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. 2022-ci ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarət alıb.

Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki genişmiqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir. Ermənistan baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır [16]. Rəsmi İrəvan beynəlxalq öhdəliklərə əməl etməyən ölkələrdəndir. Bunu yaxın keçmiş də sübut edir. Məhz bu dövlət 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməkdən boyun qaçırmışdır. 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli bəyanatın müddəaları da hələ ki rəsmi İrəvanın ucbatından həyata keçmir. Buraya erməni hərbçilərin regiondan çıxarılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası daxildir. Həmin sənədə əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir.

  1. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi nə qədər çəkə bilər?

BMT-nin məlumatına görə, dünyada 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla desək, 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır. Həmçinin minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir.

BMT-nin təşəbbüsü ilə hazırlanan “minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar”ın ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır.

Mütəxəssislərin sözlərinə görə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə və 65-100 milyard dollara başa gələ bilər. Bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollara başa gəlir. Postsovet məkanında baş verən münaqişələrdə döyüş əməliyyatları zamanı hərbi sursatların təxminən 40 faizi partlamamış qalıb. Köhnəlmiş hərbi sursatların utilizasiyası, yəni zərərsizləşdirilməsi işi çox bahalı olduğuna görə Rusiya belə sursatları qonşularına sataraq yaxşı qazanc əldə edir, həm də köhnəlmiş sursatlardan öz yaxasını qurtarır.

Qeyd edək ki, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada minalardan təmizlənmə prosesi 20 il çəkib. Mozambikdə analoji iş 23 ilə görülüb. Ekspertlər bildirirlər ki, minalardan təmizləməyə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur [2].

Lakin nəzərə almaq lazımdır ki, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əslində 30 ilə yaxın davam edib və Ermənistan həmin dövr ərzində işğal olunmuş ərazilərdə minaların basdırılması və istehkamların qurulması işini aparıb [11]. Müharibə başa çatandan bir neçə gün sonra ANAMA rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər.

Lakin bu o demək deyil ki, sakinlər evlərinə qayıtmaq üçün 10-15 il gözləməlidir. Qeyd edək ki, ilkin mərhələdə yaşayış yerləri minalardan təmizlənəcək, təhlükəsizlik təmin edildikdən sonra insanlar öz yurd-yuvalarına qayıda biləcək. Lakin otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir. Bu isə  illərlə vaxt aparacaq [21].

  1. Bütün işlər dövlət büdcəsi hesabına aparılır

ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, bu günə qədər türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var: “Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Bizim hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir. Beynəlxalq dəstəyə gəldikdə, təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Görülən bütün işləri öz hesabımıza görürük. Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik ki, bizə prosesi sürətləndirməyə kömək etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır. Aİ Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edəndə, əlbəttə ki, biz ən yüksək səviyyədə səsimizi ucaltdıq. Bu, bir daha ikili standartların təzahürü idi. Nə üçün onlara 2.6 milyard verilir? Həmin vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. O ölkəyə ki, onun 10 min kvadratkilometrlik ərazisi tamamilə dağıdılıb. Müsbət haldır ki, daha sonra Avropa İttifaqı bu məsələyə baxdı və mənim Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel ilə sonuncu söhbətimdə o mənə dedi ki, minatəmizləmə işlərinə 5 milyon avro ayrılacaq. Lakin bu rəqəmin böyük təsiri olmayacaqdır. Bizim ciddi dəstəyə ehtiyacımız var. Bundan əlavə, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin dəstəyinə ehtiyac duyuruq. Onların hələ ki, heç biri Azərbaycana nəzər salmayıb. Biz bilirik ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə, heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq” [13].

  1. “HALO Trust” təşkilatının Qarabağda birtərəfli fəaliyyəti

Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyada minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar mövcuddur. “HALO Trust” da onlardan biridir. “HALO Trust” mülki insanlar üçün təhlükə yarada biləcək minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan Britaniyanın xeyriyyə və ABŞ-nin qeyri-kommersiya təşkilatıdır. HALO (Hazardous Area Life-Support Organization) abbreviaturası “təhlükəli ərazilərdə həyat dəstəyi təşkilatı” mənasını verir. 7000-dən çox istehkamçısı olan “HALO Trust” Qarabağ, Kamboca, Mozambik, Somali, Şri Lanka, Eritreya, Abxaziya, Çeçenistan, Kosovo, Anqola və Əfqanıstanda minatəmizləmə işləri həyata keçirib.

3 il əvvəl mətbuatda ABŞ tərəfindən maliyyələşən “HALO Trust” adlı şirkətin Ermənistanın işğalı altındakı ərazilərimizdə mina təmizləmək adı ilə apardığı qeyri-şəffaf fəaliyyəti barədə məlumatlar dərc olunurdu. Hesab edilir ki, bu, Ermənistana və separatçı rejimə faktiki olaraq dəstək verməkdir. Məsələnin ən təhlükəli tərəfi odur ki, bu şirkət öz fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir. Özünün yaydığı açıq hesabatlarda isə ölkəmizin ərazi bütövlüyünə qarşı təhrifedici ifadələr, separatçı rejimin legitimləşməsinə yönəlik cəhdlərin yer aldığı iddia olunur. Belə ki, bu cür hesabatda Dağlıq Qarabağ bölgəsi ayrıca subyekt və bəzi yerlərdə “ölkə”, işğal olunmuş ətraf rayonlar isə “Dağlıq Qarabağ tərəfindən nəzarət olunan, lakin onun sovet sərhədlərindən kənarda yerləşən əraziləri” kimi təqdim olunur. Azərbaycanın razılığı olmadan onun ərazilərində minatəmizləmə fəaliyyəti aparmaq üçün “HALO Trust”ın bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsi ciddi narahatlıq yaradan haldır. Bu cür fəaliyyyət ölkəmizin ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir. Nəhayət, bütün bunlar Birləşmiş Ştatların Qarabağ məsələsində qərəzsiz vasitəçiliyi ilə bir araya sığmayan əməllərdir.

Paralel olaraq digər bir fakt da üzə çıxır. Bəlli olur ki, formal olaraq postsovet məkanındakı separatçı qurumları, o cümlədən Azərbaycan sərhədləri daxilində yaradılmış qondarma “dqr”i və orada keçirilən “seçkiləri” tanımayan ABŞ-nin Rusiya, Gürcüstan və Ermənistandakı səfirlikləri həmin qanunsuz qurumların “hökumətləri” tərəfindən verilən “sənədləri” maneəsiz şəkildə leqallaşdırır. Bu barədə 7 il Amerikanın Rusiyadakı səfirliyində çalışmış (2010-2017) gürcü diplomat Georgi Kbiltetslaşvili deyib: “İmmiqrasiya vizaları şöbəsində işlədiyim 7 il ərzində mən konsul zabitlərinin maneəsiz şəkildə Abxaziya və Cənubi Osetiyanın separatçı hökumətləri tərəfindən verilmiş sənədlərin maneəsiz şəkildə və leqal sənədlər kimi tanınmasına dair olduqca çoxlu sayda faktın şahidi oldum. Belə çıxır ki, ABŞ-nin Dövlət Departamenti Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı bölgənin separatçı hakimiyyətlərini tanıyır” [23].

Təşkilatın rəsmi məlumatına görə, “HALO” 2000-ci ildən Dağlıq Qarabağdakı 500-ə yaxın mina sahəsini təmizləmiş, bununla da ərazini təhlükəsiz hala gətirməklə 130.000-dən çox insanın həyatını dəyişmişdir. “Bütün minalar bitənə qədər insanlara, xüsusən də uşaqlara necə təhlükəsiz olmağı öyrətmək üçün məktəblərə və icmalara baş çəkirik. Ancaq təkcə problem minalardan ibarət deyil. 2016-cı ildə qısamüddətli döyüşlər başlayanda evlər və bağçalar daha çox partlayıcı maddəyə büründü – yerli əhalinin həyatını təhlükə altına aldı. Dərhal reaksiya verdik, Xilasetmə Xidməti ilə birlikdə təhlükəli əşyaları götürdük. Mina sahələrini təmizləmək və ictimaiyyət nümayəndələrini təcili xəbərdarlıq etməklə yanaşı, Qarabağı təhlükəsiz vəziyyətə gətirmək üçün çalışmağa davam edirik” [34].

İşğal dövründə təşkilatın çəkdiyi videoda kənd təsərrüfatı və arıçılıqla məşğul olan Oksen Baqdasaryan deyirdi ki, o, burada qalan yeganə kənd sakinidir: “Burada iyirmi uşağı olan on dörd ailə yaşayırdı, lakin onlar minaların olmadığı digər kəndlərə köçüblər” [32].

İyirmi ildən çoxdur ki, Dağlıq Qarabağda işləyən beynəlxalq “HALO Trust” təşkilatının mütəxəssisləri daha çox separatçıların sifarişlərini yerinə yetiriblər [31].

Vətən müharibəsi dövründə erməni separatçılarının “HALO Trust” təşkilatını Türkiyə və Azərbaycana yardım etməkdə ittiham etməsi böyük rezonans doğurmuşdu. Separatçıların rəhbərinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Boris Avaqyan bildirmişdi ki, müharibə zamanı sözügedən təşkilat Türkiyə kəşfiyyatına Qarabağın minalanmış ərazilərinin xəritəsini təhvil verib və bu da irəliləyən Azərbaycan qoşunlarının işini asanlaşdırıb. Bu məlumat həmin dövrdə çox böyük səs-küy yaratmışdı [29]. Nəticədə, “HALO Trust” yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün Qarabağdakı çalışmaları barədə açıqlama verməyə məcbur oldu: “HALO Trust” siyasi olmayan, bitərəf təşkilat olduğu üçün yalnız münaqişə bölgələrində işləyə bilər. Bu iddia mütləq yalandır” [30].

“Əl Cəzirə” kanalının müxbiri Rori Çallandsın Vətən müharibəsi dövründə “HALO Trust” təşkilatının nümayəndələrindən aldığı müsahibədən görünür ki, yerli sakinlər də “işə” cəlb edilib [35]. Qarabağın dağlıq hissəsində “HALO Trust” proqramının rəhbəri Aş Boddinin bildirdiyinə görə,  əvvəllər hər il 100-dən çox adam işlə təmin edilmiş, 2017-ci ildə isə işçilərin sayı 210 nəfərə çatmışdır. Digər maraqlı məqam ondan ibarətdir ki, Qarabağda “HALO Trust”ın minatəmizləmə fəaliyyətinə cəlb etdiyi yerli sakinlər arasında qadın istehkamçılar da çoxluq təşkil etmişdir [28].

Ermənilərin iddiasına görə, müharibə zamanı ərazilərin minalanmış xəritəsini Türkiyəyə və Azərbaycana təqdim edən “HALO Trust” təşkilatı nə qədər təəccüblü olsa da, bu gün də Azərbaycan ərazilərində minatəmizləmə fəaliyyəti ilə məşğuldur. Verilən məlumatlara görə, təşkilatın istehkamçıları Əsgəran və Xankəndi şəhərinin yaxınlığında silah və sursatı zərərsizləşdirirlər. Eyni zamanda, “HALO Trust” qeyri-hökumət təşkilatı ilə birlikdə bütün ərazidə kəşfiyyat işləri aparılır. “Humanitar minalardan təmizləmə mərkəzi” fondu aşkarlanan sursatların Əsgəran bölgəsinin Xnatsax, Aygestan icmalarının ərazilərində, Xocavənd və Ağdərə şəhərlərinin yaşayış məntəqələrində zərərsizləşdirilməsi prosesini həyata keçirir [27].

Xüsusilə qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi müvəqqəti nəzarət zonasında “HALO Trust” “mütəxəssislərinin” minaların təmizlənməsi prosesində iştirak etməsi ərazilərimizə qanunsuz müdaxilə kimi qiymətləndirilir. Bunu ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-nin Ermənistana dolayı dəstəyi kimi də nəzərdən keçirmək olar. ABŞ-nin “HALO Trust” şirkəti 2000-ci ildən indiyə qədər əsasən xaricdə yaşayan ermənilərin dəvəti ilə işğal olunmuş ərazilərdə yerüstü minaların və partlamamış sursatların təmizlənməsi ilə məşğul olur və demək olar ki, yeganə təşkilatdır ki, həmin ərazilərdə bu məsələləri yerinə yetirir. Qeyd edək ki, bu proseslərdə ABŞ vətəndaşları iştirak etmir və ya ancaq təlimatçı funksiyasını yerinə yetirirlər. Layihənin kordinatorları yerli sakinləri işə cəlb etməklə həm də məşğulluq problemini həll edirlər. Minalardan təmizləmə işlərinin əsas sərmayəçisi ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyidir (USAID). Bu məsələdə rəsmi Bakının daha sərt və kəskin reaksiyası arzuolunandır. Bunu diplomatik-siyasi kanallarla yerinə yetirmək və ya rəsmi açıqlamalarla həyata keçirmək olar. İstənilən halda separatçılar üçün təhlükəsizlik mühitinin formalaşdırılmasına və onlara nəfəslik verilməsinə imkan vermək olmaz və bununla da Böyük Britaniya və ABŞ ilə münasibətlərə kölgə salınması ilə bağlı ehtimallar yox dərəcəsindədir. Vətən müharibəsi zamanı Böyük Britaniyanın Azərbaycana verdiyi dəstək də burada həlledici rol oynaya bilər.

Nəticə

Bu gün ərazilərin minalardan təmizlənməsi və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi ən ümdə vəzifədir. Laçını və Kəlbəcəri tərk edərkən bu ərazilərə 17 maşın mina basdırılması ilə bağlı erməni zabitin etirafı beynəlxalq instansiyalara müraciət etmək üçün Azərbaycana tutarlı arqumentasiya verir. Önəmli məsələ bundan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları münbit torpaqlarla zəngindir. Ermənistanın işğal dövründə Azərbaycan ərazisində basdırdığı minaların əksəriyyəti kənd təsərrüfatına yararlı torpaqlardadır və bu, Azərbaycanın dayanıqlı inkişafını ləngidən amildir. Eyni zamanda ərazilərin minalanması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma torpaqlarına qayıdışını ləngidir. Digər tərəfdən, minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın növbəti hərbi cinayətidir. Ermənistan 30 ilə yaxın müddət ərzində Qarabağı işğal altında saxlasa da, hazırkı durumda doğma torpaqlarımızın altını zəbt edib, minalanmış ərazilərin xəritələrini və sxemlərini verməkdən imtina edir. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan çıxarsa da, qarşı tərəf öz mənfur əməllərini bu yolla davam etdirir. Beynəlxalq qurum və təsisatların, müvafiq profil üzrə ixtisaslaşmış beynəlxalq QHT-lərin laqeyd münasibəti, bu sahəyə maliyyə ayırmaması və bütün işlərin dövlət büdcəsi hesabına aparılması ikili standartlar siyasətinin, selektiv yanaşmanın və qərəzli münasibətin növbəti nümunəsidir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı // “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi”, 12.06.2021. URL: https://www.mfa.gov.az/az/news/no21721-azerbaycan-respublikasi-xarici-isler-nazirliyinin-metbuat-xidmeti-idaresinin-melumati
  2. Abbas G. Qarabağa qayıdışı ləngidən səbəb – MİNA // “Yeni Azərbaycan”, 13.11.2021 URL: https://www.yeniazerbaycan.com/Siyaset_e62524_az.html
  3. ANAMA: “Ermənistan Şuşaya “İsgəndər” atıb”. Armen Sarkisyan: “Azərbaycan bütün hərbi əsirləri qaytarsaydı…” // “BBC”, 31.03.2021. URL: https://www.bbc.com/azeri/azerbaijan-56587134
  4. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı // “Azərbaycan Respublikasının Baş Prokurorluğu”, 18.06.2021. URL: https://genprosecutor.gov.az/az/post/3799
  5. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmi saytı // URL: http://anama.gov.az/
  6. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // “President.az”, 15.01.2021. URL: https://president.az/articles/50204
  7. Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər // “AzərTAc”, 26.04.2021 URL: https://azertag.az/xeber/Diaspor_gencleri_Ermenistandan_mina_xeritelerinin_tehvil_verilmesini_teleb_edibler-1766203
  8. Ermənistana təzyiq göstərməyin vaxtı çatıb // “Konkret.az”, 11.02.2021 URL: https://konkret.az/artiq-itkilerin-qarsisini-almaq-ucun-ermenistana-tezyiq-gostermeyin-vaxti-catib-politoloqdan-mina-aciqlamasi/
  9. Ermənistan mina sahələrinin xəritələrini Azərbaycana verməlidir // “REAL TV”, 10.02.2021 URL: https://www.youtube.com/watch?v=O9hUJesr43Q
  10. Ərazilərin minalardan təmizlənməsi ölkənin inkişafını sürətləndirəcək // “Sia.az”, 18.04.2022 URL: https://sia.az/az/news/politics/947459.html
  11. Əsədov T. Azərbaycanın Ermənistan planları – Bu proses mütləq həyata keçirilməlidir // “Milli.az”, 22.04.2021 URL: https://news.milli.az/politics/942195.html
  12. Füzuli və Zəngilanın da mina xəritələri Azərbaycana verildi // “Azvision.az” 03.07.2021 URL: https://azvision.az/news/265747/–fuzuli-ve-zengilanin-da-mina-xeriteleri-azerbaycana-verildi–.html
  13. İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib // “President.az”, 29.04.2022 URL: https://president.az/az/articles/view/55909
  14. İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi // “President.az”, 02.10.2022 URL: https://president.az/az/articles/view/53296
  15. İsmayılov S. Paşinyanın mina xəritəsi açıqlaması – Nikolun 40 gün sürməyən yalanı // “Report.az”, 13.05.2022 https://report.az/analitika/pasinyanin-mina-xeritesi-aciqlmasi-nikolun-40-gun-surmeyen-yalani/
  16. Leyla Abdullayeva: N.Paşinyanın əsassız iddiaları Ermənistanın sülh istəyini ciddi sual altına alır // “AzərTAc”, 12.05.2022 URL: https://azertag.az/xeber/Leyla_Abdullayeva_NPasinyanin_esassiz_iddialari_Ermenistanin_sulh_isteyini_ciddi_sual_altina_alir-2130644
  17. Mənsimov E. Prezident İlham Əliyevin qətiyyəti Ermənistanı mina xəritəsini verməyə məcbur etdi // “Trend.az”, 13.06.2021. URL: https://az.trend.az/azerbaijan/politics/3439155.html
  18. Mina xəritələrinin alınması qayıdış planlarını sürətləndirəcək // “ARB Xəbər”, 05.07.2021 URL: https://www.youtube.com/watch?v=GvQanqp5hkg
  19. Mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana ciddi iqtisadi sanksiyalar tətbiq edilməlidir // “ARB24 – Gündəm proqramı” 04.10.2021 URL: https://www.youtube.com/watch?v=3jG6EBtRvMA
  20. Mina xəritəsi qeyri-dəqiqdir və bütün əraziləri əhatə etmir // “Azvision.az” 08.12.2021 URL: https://azvision.az/news/279092/-mina-xeritesi-qeyri-deqiqdir-ve-butun-erazileri-ehate-etmir–resmi–.html
  21. Mina nədir, necə təmizlənir, Qarabağın minalardan təmizlənməsi nə qədər çəkə bilər? // “BBC News Azərbaycanca”, Yeniləndi 11.01.2022 URL: https://www.bbc.com/azeri/azerbaijan-57361973
  22. Nuri A. Düşmən mina xəritələrini niyə vermir? – Ermənistanın müharibə cinayətləri davam edir // “Azxəbər.com”, 06.04.2021 URL: https://azxeber.com/az/ermenistanin-muharib/sosial/
  23. “Onlar casus yuvası kimi fəaliyyət aparır” // “Musavat.com”, 01.02.2018. URL: https://musavat.com/news/onlar-casus-yuvasi-kimi-fealiyyet-aparir_502208.html
  24. Pənahqızı A. Hər qarış torpaq təhlükəlidir // “Şərq” qəzeti, 26.02.2021 URL: https://sherg.az/cemiyyet/154091
  25. Tağıyev T. İlham Əliyevin daha bir qələbəsi: Ağdam minalardan azaddır! // “Azvision.az”, 12.06.2021. URL: https://azvision.az/news/264000/-ilham-eliyevin-daha-bir-qelebesi-agdam-minalardan-azaddir!-.html

 

Rus dilində:

  1. В Азербайджане на мине подорвались два журналиста и чиновник // “BBC.com”, 04.06.2021. URL: https://www.bbc.com/russian/news-57358484
  2. В городах Степанакерт и Аскеран планируется обезвреживание боеприпасов // “1lurer.am”, 17.05.2021. URL:https://www.1lurer.am/ru/2021/05/17/%D0%92………
  3. В разминировании территории Арцаха активно участвуют женщины, – глава «The HALO Trust» // “Artsakh Press”, 22.08.2017. URL: https://artsakhpress.am/rus/news/71343/arcakhum-akanazertsman-ashkhatanqnerin-aktiv-masnakcum-en-naev-kanayq-halo-trusti-xekavar.html
  4. HALO Trust обвинили в передаче Турции карт минных полей в Карабахе, организация отрицает // “Sputnik Armenia”, 12.03.2021. URL: https://ru.armeniasputnik.am/karabah/20210312/26772476/HALO-Trust-obvinili-v-peredache-Turtsii-kart-minnykh-poley-v-Karabakhe-organizatsiya-otritsaet.html
  5. HALO Trust отвергает обвинения в шпионаже в пользу турецких спецслужб в Нагорном Карабахе // “Aysor.am”, 12.03.2021. URL: https://www.aysor.am/ru/news/2021/03/12/HALO-Trust/1811088
  6. Шелудкова Ирина. Разминирование в Нагорном Карабахе // “Euronews.com”, 23.11.2021. URL: https://ru.euronews.com/2020/11/23/demining-process-in-nagorno-karabakh-can-take-years

İngilis dilində:

  1. HALO in Nagorno Karabakh: Oksen’s hope for the future // “Youtube – Halo Turst”, 23.11.2018. URL: https://www.youtube.com/watch?v=RYlMvCrV1Bo
  2. Mine Action Agency of the Republic of Azerbaijan (ANAMA) // 02.02.2021 URL: https://twitter.com/ANAMA_gov_az/status/1356602324731502595
  3. Nagorno Karabakh // “Halotrust.org”, URL: https://www.halotrust.org/where-we-work/europe-and-caucasus/nagorno-karabakh/
  4. Nagorno-Karabakh shelling leaves enduring dangers // “Al Jazzera”, 21.10.2020. URL: https://www.youtube.com/watch?v=_ToplpEsKaM&t=19s

Ilyas Huseynov

THE ISSUE OF DEMINING OF THE TERRITORIES FREED FROM OCCUPATION: ARMENIA’S WAR CRIMES AND INADEQUATEAPPROACH OF INTERNATIONAL ORGANIZATIONS 

 Abstract

The article explores the problem of demining the liberated territories. It is noted that the level of contamination by mines and unexploded ordnance in the liberated territories is excessive. According to the Landmine Monitor report, the total area of mined territories in Karabakh could range from 350 to 830 square kilometers. During the 30 years of occupation, the Armenian armed forces have been mining and building fortifications over a very large area. Their main goal was the implementation of long-term plans for the occupation of lands and the maximization of losses in the event of the military liberation of Karabakh by Azerbaijan.

Despite the fact that almost two years have passed since the end of the Second Karabakh War, one of the main problems in the liberated regions-demining has not been eliminated.

   Almost every day people are killed and injured in the liberated lands. The statistics in this regard continue to grow. In fact, clearing mines and UXO will take time for former IDPs to return to their homes.

Unfortunately, Azerbaijan does not feel the necessary international support in this area.

Considering that, with appropriate support the complex process of demining the 10,000 square kilometers liberated from occupation could be completed 2-3 times earlier.

Key words: landmines, demining, minefields, mine maps, Halo Trust, hypocrisy of Armenia, humanitarian problem, Azerbaijan Mine Action Agency, ınternatıonal organizations

 

 

Ильяс Гусейнов

ПРОБЛЕМА РАЗМИНИРОВАНИЯ ОСВОБОЖДЕННЫХ ТЕРРИТОРИЙ КАРАБАХА: ВОЕННЫЕ ПРЕСТУПЛЕНИЯ АРМЯН И НЕАДЕКВАТНОЕ ОТНОШЕНИЕ МEЖДУНАРОДНЫХ ИНСТИТУТОВ

 Резюме

В статье рассматривается проблема разминирования освобожденных территорий. Отмечается, что уровень загрязнения минами и неразорвавшимися боеприпасами на освобожденных территориях является чрезмерным. Согласно отчету Landmine Monitor, общая площадь заминированных территорий в Карабахе может составлять от 350 до 830 квадратных километров. За 30 лет оккупации армянские вооруженные силы вели минирование и строительство укреплений на очень большой территории. Главной целью была реализация долгосрочных планов по оккупации земель и максимизация потерь в случае военного освобождения Карабаха Азербайджаном.

Несмотря на то, что с момента окончания Второй карабахской войны прошло почти два года, одна из главных проблем в освобожденных районах-pасчистка минных полей,  не устранена.

 Почти каждый день на освобожденных землях гибнут и получают ранения люди. Статистика в этом отношении продолжает расти. На самом деле обезвреживание мин и неразорвавшихся боеприпасов потребует времени, чтобы бывшие ВПЛ вернулись в свои дома.

К сожалению, Азербайджан не чувствует необходимой международной поддержки в этой сфере. Если учесть, что при соответствующей поддержке сложный процесс разминирования освобожденных от оккупации 10 тысяч квадратных километров могло быть завершено в 2-3 раза раньше.

Ключевые слова: минные поля, карты мин, Halo Trust, военные преступления армян, гуманитарная проблема, Азербайджанское агентство по разминированию , международные организации

---------------