“Sosial tədqiqatlar” jurnalının növbəti sayı çapdan çıxıb
Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən təsis və nəşr edilən “Sosial tədqiqatlar” jurnalının növbəti sayı çapdan çıxmışdır. Jurnalın bu sayında yerli və xarici müəlliflərin 21 məqaləsi, 5 bölmədə oxucuların diqqətinə təqdim edilir. 21 məqalədən 14-ü Azərbaycan dilində, 1-i türk, 4-ü ingilis, 2-si isə rus dilindədir.
“Sosium və yeni qlobal çağırışlar: süni intellekt texnologiyaları və kibertəhlükəsizliyin sosial aspektləri” adlı 1-ci bölmədə müasir dövrün aktual mövzularına həsr olunmuş 3 məqalə əksini tapmışdır. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun “Azərbaycanda kibertəhlükəsizliklə bağli ilk ictimai rəy sorğusu: bəzi nəticələr” adlı məqaləsində Azərbaycanda kibertəhlükəsizlik və onun sosial aspektləri ictimai rəy sorğusunun nəticələri əsasında-empirik tədqiqat prizmasından araşdırılır. Qeyd edilir ki, İKT texnologiyalarının inkişafı və elektron dövlət quruculuğu sahəsində, eləcə də internet istifadəçilərinin sayı və sürətlə artması baxımından regionun lider dövlətlərindən olan Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik məsələləri dövlətimizin strateji prioritetləri sırasındadır. Ölkə rəhbərliyinin bu sahədə müvafiq qanunverici əsasların hazırlanmasına, infrastrukturun yaradılması və inkişafına həssas diqqəti göz önündədir. Son bir neçə ildə, xüsusilə də qlobal pandemiya şəraitinin meydana gəlməsi ilə onlayn fəaliyyətin miqyasının daha da genişlənməsi, kibertəhlülkəsizliyin “kiberpandemiya” səviyyəsində yüksələn templəri sözügedən məsələni strateji prioritetə çevirib. Sosioloji tədqiqat gedişində ümumi əhali qrupları, kibercinayətdən zərərçəkənlər, özəl sektor, internet provayderlərinin iştirakı ilə ictimai rəy öyrənilib. Eləcə də, fokus qruplarla dərinləşdirilmiş müsahibələrin kəmiyyət və keyfiyyət əsaslı nəticələri təhlil edilib. Hazırkı dövrdə dünyada kibercinayətkarlığın getdikcə artan səviyyəsi ilə cəmiyyətin kibercinayətkarlıq haqqında məlumatlılıq səviyyəsinin nisbətin hələlik adekvat olmadığı təhlil edilib. Sosiumun kibercinayətin qurbanı olmaq riski ilə üzləşməməsi üçün cəmiyyətdə kibertəhlükəsizlik haqqında məlumatlılığın artırılması, bu yöndə təlim, maarifləndirmə, təhsil və akademik tədqiqat proqramlarının reallaşdırılmasının zəruriliyi qeyd edilib. Həmçinin cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının aidiyyəti qurumlar və bu sahənin mütəxəssisləri qarşısında mühüm çağırış kimi durması vurğulanıb.
Dövrümüzün aktual mövzularından biri də Süni İntellekt (Sİ) texnologiyalarının insan həyatına təsiri ilə bağlıdır. Bu bölmədə verilən 2 məqalədə Sİ texnolgiyaları müxtəlif aspektlərdən tədqiqata cəlb edilmişdir. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarovanın “Süni intellekt texnologiyalarının inkişafı və tətbiqinin sosial nəticələri” adlı məqaləsində süni intellekt texnologiyalarının, onun ən son formalarından biri olan generativ süni intellektin və yeni nəsil çatbotların tətbiqinin sosial effektləri və nəticələrindən bəhs edilir. Müəllif süni intellekti 4-cü sənaye inqilabının, qlobal texnoloji inqilabın və bəşəriyyətə qarşı yeni çağırışın mühərriki kimi xarakterizə edir. Qeyd edilir ki, süni intellektin nəticələri qlobal əmək bölgüsünün, texnoloji zəncirlərin köklü şəkildə yenidən qurulmasına və nəticədə dünya iqtisadi və siyasi gücünün yenidən formalaşmasına təsir göstərəcək. Dünyanın bütün regionlarında yeni nəsil İT texnologiyalarından və onların imkanlarından müxtəlif məqsədlər üçün istifadə edilməsi çox ciddi sosial nəticələrə, siyasi və beynəlxalq sabitliyin pozulmasına, yeni miqrasiya dalğalarının yaranmasına, ekstremist ideologiyaların yayılmasına, beynəlxalq terrorizmin və mütəşəkkil cinayətkarlığın artmasına səbəb ola bilər. Məqalədə həmçinin süni intellektin sosial nəticələri ilə bağlı araşdırmalara nəzər salınır. Siyasi, iqtisadi, media və jurnalistika, təhsil, səhiyyə və sosial elmlərdə süni intellektdən istifadənin nəticələri təhlil edilir. O da vurğulanır ki, sosial şəbəkələr əvvəlcə demokratiyanı gücləndirən yenilik kimi təqdim edilsə də, sonradan dezinformasiya və xaos yarada bilən siyasi texnologiyalara çevrilib. Yekun hissədə müəllif proseslərin ictimai-siyasi nəticələri, onlardan informasiya qarşıdurmasında istifadə, seçki texnologiyaları, ictimai rəyin manipulyasiyası, təhdidlər və rejimdəyişdirici siyasi məqsədlərlə mümkün istifadəsinin qarşısının alınmasının yolları və mexanizmləri ilə bağlı qənaətlərini təqdim edir.
ABŞ-ın Lindenvud Universitetinin məzunu, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin doktorantı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin eksperti Lalə Əkbərovanın Sİ texonolgiyalarına həsr etdiyi məqaləsi “Yeni nəsil generativ süni intellekt texnologiyaları (ChatGPT) və insan hüquqları: tənzimlənməsi ilə bağl ilk cəhdlər” adlanır. Məqalədə yeni nəsil generativ süni intellekt (Sİ) texnologiyaları və insan hüquqları mövzusu, bu sahədə tənzimlənmə ilə bağlı mövcud ilkin təcrübələr tədqiq edilir. Qeyd edilir ki, texnologiyaların sürətli inkişafı həm qlobal, beynəlxalq, həm də milli-hüquqi çərçivələrdə hüquqi tənzimlənmələri olduqca aktual məsələyə çevirib. Müəllif yeni nəsil Sİ-nin ən son nümunələrinin insan hüquqları sahəsində müsbət təsirlərinə və perspektivlərinə nəzər salır. Daha sonra Sİ tətbiqlərinin insan hüquqları üçün yaratdığı mümkün təhlükələr baş verən real presedentlərlə izah edilir. Müəllifə görə, insan hüquqları sahəsində Sİ-nin tətbiq əhatəsi nə qədər genişlənirsə, onun yaratdığı problemlərin dairəsi də o qədər çoxalır. Məqalədə Sİ-nin hüquqi tənzimlənməsi ilə bağlı səylərin əsasən ABŞ və Avropada (xüsusilə Böyük Britaniyada) gündəmdə olduğu qeyd edilir. Məqalədə Avropa Birliyinin qanunvericilərinin Sİ ilə bağlı qəbul etdiyi, dünyada ilk sayılacaq mühüm tənzimlənmə – Avropa Birliyinin Süni İntellekt Aktı (AB Sİ Aktı) təhlil edilir. Avropa Birliyinin Süni İntellekt Aktında Sİ-nin tətbiqlərini 3 risk kateqoriyasına ayırması vurğulanır. Tədqiqatda həmçinin ABŞ Konqresinin Sİ və insan haqları yönündə fəaliyyəti də araşdırılır. Senatın İnsan Hüquqları Alt Komitəsinin Sİ-nin insan hüquqlarına təsirlərini araşdırmaq üçün keçirdiyi ikitərəfli dinləmələr, onun nəticəsində alınan qərarlar və təkliflərə münasibət bildirilir. “Nəticə” hissəsində müəllif yeni nəsil Sİ və insan hüquqları yönündə müzakirə və qərarların hələlik yalnız Qərb ölkələrində aparıldığını vurğulayır.
“Sosial və fəlsəfi elmlərin aktual problemləri” adlı 2-ci bölmədə elmin bu istiqamətləri üzrə 8 məqalə əksini tapmışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kommunikativ sistemlərin sosiologiyası kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədovun və Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosioloji Mərkəzinin aparıcı elmi işçisi, Rusiya EA Fəlsəfə Cəmiyyətinin “Mədəniyyətlərin dialoqu: fəlsəfə və dünyagörüş problemləri” tədqiqat qrupunun rəhbəri, fəlsəfə doktoru Ariz Gözəlovun həmmüəllifi olduqları “Postmodern cəmiyyətdə mətnin dekonstruksiyası (sosial-fəlsəfi təhlil)” adlı məqaləsində müəlliflər mətnin “ölümünün” onun dekonstruksiyası, fraqmentlərə parçalanması (fraqmentasiyası), sadələşdirilməsi prosesi kimi başa düşülməsinə, mətnin artıq mesaj əvəzinə siqnala çevrilməsinə əsaslanaraq, onun rolunun və sistemli təşkilinin – mürəkkəbləşərək hipermətnə keçməsi nəticəsində simvolik “ölümünə” gətirib çıxaran ən müasir transformasiyalarını nəzərdən keçirirlər. Burada həmçinin informasiya, xəbər mətninin narrativlərə və intertekstual münasibətlərin iştirakçısına çevrilməsinin səbəbləri təhlil edilir. “Mətnin ölümü” haqqında danışarkən müəlliflər müasir mətn fəaliyyətinin funksionallığını müəyyən edən çox ümumi konsepsiyanın (kommunikativ niyyət) transformasiyasını nəzərdə tuturlar. Əlaqə vahidi kimi müvafiq informasiyanın aparıcı xüsusiyyətləri onun tətikləyici (təşviq) potensialı və şəbəkə kontenti/məzmunu (likvidlik) kimi çıxış etmək qabiliyyətidir. Ənənəvi mənada mətni səciyyələndirən əlamətlər – uyğunluq, bütövlük, yəni “sistemin” keyfiyyətlərini nümayiş etdirmək bacarığı tədricən sosial praktikada öz əhəmiyyətini itirir.
Türk Akademiyasının və Üsküdar Universitetin Sosiologiya departeminin humanitar və sosisla elmlər fakültəsinin əməkdaşı sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı və Yıldız Texniki Universitetinin Siyasi elmlər və büynəlxalq əlaqələr departamentinin iqtisad və idarəetmə elmləri fakültəsinin əməkdaşı Gökhan Açkəlin “Türk dövlətləri universitetlərində informasiya cəmiyyətinin problemləri: mövcud şərtlər” adlı məqaləsində informasiya cəmiyyəti ilə ali təhsil arasındakı əlaqəyə əsaslanan empirik məlumatlardan istifadə edilməklə, türk dövlətləri universitetlərinin hazırkı vəziyyəti və üzləşdiyi problemlər araşdırılır. Müəlliflər bu qənaətdədirlər ki, türk dövlətlərindəki ali təhsili bütövlükdə araşdırdıqda, akademik standartların informasiya cəmiyyəti üçün təhsilə uyğun yenilənmədiyini, akademik araşdırmaların biliklərin yaradılması fəlsəfəsinə uyğun aparılmadığını, professor-müəllim heyətinin universitet tələbələrinə istiqamət verə bilmədiklərini görürük. Magistr proqramları informasiya təhlükəsizliyi sahəsində bacarıqları birləşdirə bilmir. Statistikaya da bu vəziyyət mənfi təsir göstərir. Dünyanın ən etibarlı universitet reytinqlərindən biri kimi tanınan Times Higher Education-nin (THE) 2020-ci il üzrə hesabatına görə, türk dövlətlərindən heç bir universitet dünyanın ən yaxşı 100 universiteti arasında yer almayıb. XXI əsrdə müasir cəmiyyətlər hətta artıq postinformasiya cəmiyyətinə də keçid alır. Belə bir dövrdə türk dövlətləri zamandan geri qalmamalı, sabit inkişaf tempini qorumalıdır. Bunun üçün onlar biliyə əsaslanan yeni iqtisadi və sosial nizama uyğunlaşmalı, sürətli texnoloji dəyişiklik prosesində iştirak etməli və davamlı öyrənməni həyat tərzinə çevirən ideallara əsaslanan yeni insan modelinin yetişdirilməsinə çalışmalıdırlar.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın “Heydər Hüseynovun Azərbaycan fəlsəfəsinə dair monoqrafiyasinda zamanin “izləri”: mətnlər və təfsirlər” məqaləsində qeyd edilir ki, görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun məşhur fundamental “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” (1949) adlı monoqrafiyası elm tariximizə taleyüklü epoxal əsər kimi daxil olmuşdur. Keçmiş sovet məkanında milli fəlsəfəyə həsr olunmuş bu ilk kitabın qəribə, faciəvi taleyinin kökündə onun ərsəyə gəldiyi totalitar cəmiyyətdə milli ideyanın ideoloji örtüklər altında belə qəbuledilməzliyi dururdu. Bununla belə, həmin epoxanın özəlliyinin başa düşülməməsi və nəzərə alınmaması çağdaş dövrümüzdə də əsərə münasibətdə bəzən xeyli subyektiv, birtərəfli tənqidi münasibətə səbəb olur. Zaman fərqinin doğurduğu özgələşməni aradan qaldırmaq məqsədilə məqalədə Heydər Hüseynovun fundamental tədqiqatı ilk dəfə olaraq intertekstuallıq və hermenevtikanın qarşılıqlı əlaqəsinin yeni baxış bucağından nəzərdən keçirilir. Müəllifin fikrincə, mətnlərə həkk olmuş “izlər”in arxasında bu izləri qoyanların, yəni bir tərəfdən dövrün ruhunun, digər tərəfdən yaradıcının əsas ideya və intensiyalarının, gizli düşüncələrinin üzə çıxarılması keçmiş irsin dərkində hermenevtikanın vacibliyini və labüdlüyünü şərtləndirir.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Əliyevanın “Cəmiyyət-ailə-təhsil-KİV” sisteminin uşaq/yeniyetmə cinayətkarlığına təsiri və rolu” məqaləsində müasir dövrdə Azərbaycanda uşaq/yeniyetmə cinayətkarlığının vəziyyəti, səbəbləri və onların hüquqazidd davranışlarının sosioloji, sosial-psixoloji və hüquqi aspektləri təhlil edilir. Cəmiyyətin transformasiyası şəraitində, sosial və təbii bərabərsizlik, qloballaşma prosesində yaranan yeni norma və dəyərlər, müasir mədəniyyət, fərqli submədəniyyətlər bəzi yetkinlik yaşına çatmayan uşaqlar arasında asosial və hüquqazidd davranışın yaranmasına gətirib çıxarır. Məqalədə həmçinin yetkinlik yaşına çatmayan nəzarətdənkənar uşaqların problemləri, onların sosiallaşması, cinayətkar qruplara meyilliliyi və bunun səbəbləri, həmin uşaqlara qarşı kobud və sərt davranışlar, törədilən cinayətlər və s. kimi məsələlərin müqayisəli-sistemli təhlili aparılır.
Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Rəna Məmmədovanın “Azərbaycanda və xaricdə uşaqlarla sosial işin xüsusiyyətləri” məqaləsində əsas məqsəd Azərbaycanda və bəzi xarici ölkələrdə uşaqlarla sosial iş sahəsində vəziyyətlə elmi ictimaiyyəti tanış etmək olmuşdur. Məqalədə müəllif tərəfindən ailənin xüsusi növü kimi çıxış edən foster ailə haqqında konkret informasiya təhlil edilir. Uşaq və yeniyetmələrlə sosial işin forma və metodları haqqında məzmunlu məlumat təqdim olunur. Uşaq və yeniyetmələrin müdafiəsi sahəsində xarici təcrübəyə dair ən son məlumatlar təqdim edilir. Xüsusilə Niderland, ABŞ, Almaniya və s. kimi ölkələrdə çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanlarla iş təcrübəsi öyrənilir.
Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Eliza İsmayılova “Azərbaycanda yaşli əhali qrupunun sosial xidmət almaq ehtiyaclarına baxış” məqaləsində qeyd edilir ki, əhalinin həssas təbəqəsinə daxil olan yaşlıların əmək qabiliyyətinin azalması və sosial münasibətlərin zəifləməsi səbəbindən bir çox icbari məsələlər meydana çıxır ki, bunların da həll olunması üçün sosial xidmət subyektlərinin fəaliyyətinin genişləndirilməsinə, yeni yanaşmalara ehtiyac vardır. Ahılların sosial müdafiəsinin təşkil olunması onların ömrünün uzanması, sosial müdafiə ehtiyaclarının artırılması və digər “sosial sərmayə”lərinin təhlilinə, eləcə də təminatların ödənilməsinə xüsusi qayğını, diqqəti və xidməti zəruri edir. Müasir sosial xidmət sahəsində “sosial sərmayə” cəmiyyətdə yaşlıların sosial münasibətlər sisteminə daxil olan bütün mənbələrinin – ailə quruluşu, qohumluq əlaqələri, qonşuluq və dostluq münasibətləri, sosial şəbəkələr, yaşlıların üzərinə düşən öhdəliklər və gözləntilərinin olması anlamına gəlir. Bununla yanaşı, ahıl şəxslərin dərnək və könüllülük proqramlarında iştirakçılıq səviyyəsi, ictimai-siyasi qərar qəbuletmə mexanizmində yeri və rolu haqqında məlumat bazasının olması ahılların aktiv həyat tərzi ilə yanaşı onların sosial rifahının yaxşılaşması istiqamətində görülən iş və xidmətlərin göstəricisi kimi də dəyərləndirilə bilər. Əhalinin sosial-demoqrafik strukturunda “demoqrafik yaşlanma” prosesinin sürətlənməsi və vəziyyətə hazırlıqlı olmayan cəmiyyətlərdə bu anlayışın gerçəkləşdirdiyi bir çox məsələlər mövcuddur. Bu məsələlərlə bağlı bir çox tədqiqatların dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına da ehtiyac vardır.
Bu bölmədə yer almış digər bir məqalə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Sübhan Padarovun “Modern “xoşbəxtlik diskursu” və onun totalitar prezumpsiyaları” adlanır. Məqalədə müəllifin bu mövzuda müəyyən qənaətləri öz əksini tapır. Qeyd olunur ki, son iki onillikdə neoliberal cəmiyyətlərin sərt “xoşbəxtlik dönüşü”nə şahidlik edirik. Xoşbəxtlik sosial sferanın bütün qatlarında – əyləncə sənayesi, təhsil sistemləri, səhiyyə institutları, korporasiyalar, ictimai və özəl təşkilatlar, pop-ədəbiyyat, media, siyasət və s. mövcud olan, hər yerə nüfuz edən reallığa çevrilib. Bu anlayış artıq Qərb mənşəli, təhsilli, demokratik, zəngin və sənayeləşmiş xarakterə deyil, kultural keçmişi, iqtisadi statusu, sosial stratası, cinsi və təhsil səviyyəsindən asılı olmayaraq, bütün insani varlıqlara şamil edilən psixoloji haldır. Daha mühümü, xoşbəxtlik neoliberal cəmiyyətlərdə nəyin yaxşı, arzuolunan və doğru olduğunun normasını müəyyən edən bir diskursa transformasiya edilib.
Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının müəllimi Südabə Haşımovanın “Müasir şəraitdə peşə sosiallaşmasının xüsusiyyətləri və problemləri” adlı məqaləsində vurğulanır ki, hal-hazırda şəxsiyyətin formalaşması prosesinin və onun sosial mühitlə qarşılıqlı təsirinin öyrənilməsi məsələlərində alimlərin fərdin peşə sosiallaşmasına marağı kifayət qədər artmışdır ki, bu da cəmiyyətdəki və mədəniyyətdəki dəyişikliklərlə şərtlənir. Şəxsiyyətin sosiallaşması, formalaşması və inkişafı bir-biri ilə əlaqəli: ümumi sosiallaşma, peşə-rol sosiallaşması, peşəkarlaşma proseslərindən ibarətdir. “Peşə sosiallaşması” prosesi vasitəsilə insan müəyyən peşə dəyərlərinə qoşulur, peşə şüurunu və mədəniyyətini formalaşdırır, peşə fəaliyyətinə hazırlaşır. Peşə sosiallaşması insanın bütün həyatı boyu davam edir. Peşə sosiallaşmasının sosial aspekti sosial-peşə normalarının mənimsənilməsindən və şəxsiyyətin peşə fəaliyyətinin subyekti kimi formalaşmasından ibarətdir.
“İctimai rəy. Sosioloji sorğular” adlı 3-cü bölmədə bilavasitə ictimai rəy sorğularının nəticələrinə – dataya əsaslanan 2 məqalə verilmişdir. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Vüsalə Rüstəmovanın “Azərbaycanda elektromobil və hibrid nəqliyyat vasitələrinin təşviqində vəziyyət və istifadəçi məmnunluğu” məqaləsində qeyd olunur ki, bu gün dünya ölkələrinin, beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifələrdən biri sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosferə atılan karbon (CO2) emissiyasının azaldılmasıdır. Bu istiqamətdə çağırışlar, hədəflər yenilənir, müxtəlif fəaliyyət planları qəbul edilir. Nəticədə dizel və benzinlə işləyən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı ildən-ilə artır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2021-ci ildə elektrik mühərrikli avtomobil satışları 6,6 milyon ədəd olmaqla rekord həddə çatıb. İstehsal olunan bütün növ elektrik mühərrikli avtomobillərin (hibrid və elektromobil) ümumi sayı isə 16,5 milyona çatıb. Son illər Azərbaycanda da elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsinin təşviqinə dair dövlət tərəfindən bəzi addımlar atılmağa başlanılıb. Azərbaycan hökuməti “yaşıl enerji”yə keçidi təmin etmək üçün bir sıra strateji sənədlərdə, milli prioritetlərdə və dövlət proqramlarında bu istiqamətdə müəyyən hədəflər müəyyənləşdirib. Məqalədə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri istifadəçilərinin məmnunluğu”na dair aparılan sosioloji sorğunun təhlili yer alıb. Tədqiqatda hökumət tərəfindən elektrik mühərrikli nəqliyyat vasitələrinə keçidi təşviq edən faktorlarla bağlı ictimai rəy təhlil edilib.
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müəllimi Natəvan Nəcəfovanın bu bölmədə yer almış “Uşaq evlərinin məzunları ilə bağlı aparılan sosial siyasətin empirik tədqiqi” adlı məqaləsində vurğulanır ki, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial problemlərinin uğurlu həlli cəmiyyətdə həmrəylik və sosial təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətlidir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu kateqoriyadan olan şəxslərlə bağlı tədbirlər dövlətin sosial siyasətinin əsas hədəflərindən sayılır. Məqalədə valideyn himayəsindən məhrum olmuş uşaqların sosial problemləri təhlil edilir. Uşaq evlərinin məzunlarının bu müəssisələri tərk etdikdən sonra üzləşdikləri problemlər araşdırılır. Bu uşaqlar haqqında cəmiyyətdə formalaşmış ümumi rəy sosioloji tədqiqatla öyrənilir. Əldə olunan məlumatlar valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı bir çox kompleks məsələləri təhlil etməyə imkan verir. Belə bir qənaətə gəlinir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsinin dövlət və yerli idarəetmə orqanları, uşaq müəssisələri ilə yanaşı ölkəmizdə bu sahədə fəaliyyət göstərən bir sıra təşkilatlar, ictimai birliklər tərəfindən də diqqətdə saxlanılması mühüm əhəmiyyət kəsb edir.
4-cü bölmədə aktual ictimai-siyasi məsələlərə dair məqalələr yer alır. Pakistanın Gənc Diplomatiya Forumunun təsisçisi və prezidenti, beynəlxalq münasibətlər üzrə ekspert Malik Musavar Həmidin “Qarabağin gələcəyi: sülh, qayıdış, bərpa və dirçəliş” adlı məqaləsində münaqişənin tarixinə nəzər salınır, BMT Təhlükəsizlik Şurasının torpaqların işğalı və azad edilməsi ilə bağlı 4 qətnaməyə nəzər salınır, Azərbaycanın münaqişənin sülh yolu ilə həlli və Cənubi Qafqazda sülhün qorunması üçün yürütdüyü siyasətə və təşəbbüslərə toxunulur, nəhayət, 44 günlük Vətən müraribəsinin nəticələrinin regionda əməkdaşlıq və sülh prosesinə təsirləri baxımından təhlil edilir.
ADA Universitetində beynəlxalq münasibətlər üzrə magistrantı İnci Rüstəmovanın “Çinin xarici siyasəti: Sincan bölgəsindəki uyğur etnik azlıqları insan haqlarının müdafiəsi yönündə necə mübarizə aparir?” adlı məqaləsində əsas insan hüquqlarının müdafiəsi ilə bağlı uyğurların mübarizəsinin tədqiqi məsələsi müzakirə edilir, həmçinin insan haqları ilə bağlı müxtəlif ölkələr və dünya təşkilatlarının verdiyi faktlar və bəyanatlar üzrə müxtəlif tədqiqatlar və məqalələr araşdırılır. Daha sonra Sincan-Uyğur Muxtar Bölgəsində baş verən insan hüquqlarının pozulmasının miqyasını göstərən bəzi faktlara uyğun gələn arqumentlər və sübutlar təhlil edilir, tədqiqat tövsiyələri təqdim edilir. Sonda isə qeyd olunan faktlara əks arqumentlər göstərilir. Ümumilikdə, bu ərazidə uyğur və digər etnik azlıq qruplarına qarşı insan hüquqlarının pozulması kimi problemin həlli sadə məsələ olmadığı üçün müxtəlif xalqların, türk, müsəlman və ya hər iki qrupun koalisiyasının köməyi ilə genişlənən səylərinin daha çox töhfə verəcəyi qeyd edilir.
Azərbaycan Dövlət İdarəçilik Akadeiyasının doktrantı Saliha Gizem Öndərin “kartoqrafiyanın şiddəti”nin “şiddətin xəritəsi”nə çevrildiyi coğrafiyaları təhlil etməyə çalışan “Şiddətin xəritəsi: Türkistan coğrafiyasinda siyasi torpaqlar” məqaləsində Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etdikdən sonra Qırğızıstan-Özbəkistan-Tacikistan dövlətlərindəki anklav-eksklav torpaqlarının vəziyyətindən bəhs edilir.
Bakı Dövlət Universitetinin dissertantı Günel Qarayevanın “Utopik dünyagörüşü Skandinaviya ölkələrində sosial siyasətin mənbəyi kimi” məqaləsində Skandinaviya ölkələrində sosial siyasət, skandinavizm ideologiyasının özünəməxsus cəhətləri təhlil edilir, şəxsiyyət böhranı sosial dövlət modelinin ən ciddi problemlərindən biri kimi nəzərdən keçirilir, həmçinin Skandinaviya ölkələrinin miqrasiya siyasəti və miqrasiyanın hüquqi tənzimlənməsində yaranan çətinliklərə diqqət yetirilir, islam dininə Avropa və Skandinaviya ərazisində münasibət araşdırılır.
Xəzər Universitetinin magistrantı Əvəz Rəhimovun “İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətinin xarici siyasət kursu və diaspor-Ermənistan münasibətləri” məqaləsində qeyd olunur ki, 44 günlük Vətən müharibəsi təkcə Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılması ilə nəticələnmədi, həm də Ermənistan xarici siyasətini önəmli dərəcədə dəyişdi. Digər tərəfdən erməni diasporunun əsl potensialı ortaya çıxdı. Müharibədən sonra diaspor və Ermənistan hakimiyyəti xarici siyasət istiqamətlərini müəyyənləşdirməklə bağlı ciddi problemlər yaşayır. Rusiya ilə münasibətlərdə ortaya çıxan ziddiyyətlər bu ölkədəki diaspor nümayəndələri ilə münasibətlərə də əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Əvəzində isə Fransa və ABŞ-dakı yenilikçi diaspor üzvləri Ermənistan hakimiyyəti üzərində təsirlərini daha da möhkəmləndirməkdədir. Digər tərəfdən Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma cəhdləri radikal və ənənəvi diaspor təşkilatları tərəfindən müsbət qarşılanmamışdır. Beləliklə, Paşinyan administrasiyasının ayrı-ayrı yenilikçi diaspor qrupları ilə əlaqələri genişlənsə də, ənənəvi və köklü diaspor təşkilatları ilə münasibətlər düşmənçilik həddinə çatmışdır. Xüsusən 2022-ci il mitinqləri hökumətə qarşı daşnaklar başda olmaqla radikal diaspor və müxalifətin geniş işbirliyini ortaya qoydu. Lakin istənilən halda bu münasibətlər Ermənistan hakimiyyətinin sülh prosesində qətiyyətsiz iştirakına rəvac verdi. Gələcəkdə xüsusilə Ermənistan xarici siyasətinin hansı istiqamətə doğru yönələcəyinə diaspor-daxili qüvvələr balansının da təsiri olacaqdır.
“Sosial-iqtisadi tədqiqatlar” adlı 5-ci bölmədə 3 məqalə yer alır. Azərbaycan Dövlət İqtisad Universitetinin elmlər doktoru üzrə doktorantı, iqtisad üzrə fəlsəfə doktoru Şamil Əzizovun “Bir kəmər, bir yol” təşəbbüsünün müasir vəziyyəti və gözlənilən təsirləri” məqaləsində qarşıya qoyulmuş əsas məqsəd “Bir kəmər, bir yol” təşəbbüsünün (KYT) müasir vəziyyətinin, onun çərçivəsində həyata keçirilən layihələrin araşdırılması və bu təşəbbüsün gerçəkləşdirilməsi nəticəsində əmələ gələ biləcək təsirlərin qiymətləndirilməsi olmuşdur. Tədqiqatın başlıca nəticələri a) KYT çərçivəsində indiyədək reallaşdırılmış infrastruktur layihələrinin maliyyələşdirilməsi mənbələrinin identifikasiyası; b) onların effektivliyini şərtləndirən amillərin müəyyənləşdirilməsi; c) bu prosesdə səlahiyyətli dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının rolunun aydınlaşdırılmasından ibarətdir. Məqalədə Azərbaycanın bu təşəbbüsdə nəzərdə tutulan investisiyalarda rasionallığa nail olunmasına xüsusi önəm verilir.
Azərbaycan Texnologiya Universitetinin doktorantı Ramil Həsənov “Alüminium sənayesinin formalaşmasi: dünya və Azərbaycan timsalinda” məqaləsində alüminium sənayesinin dünya və Azərbaycan üzrə təşəkkül tarixi, texnoloji proses və modern iqtisadi layihələr olmaqla bir sıra önəmli məsələlər ətraflı araşdırılır.
Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Həbib Mahmudovun “Sosial marketinq konsepsiyası” məqaləsində sosial marketinq anlayışının yaranması və bu sahədəki nəzəriyyələrə nəzər salınır.
Qeyd edək ki, beynəlxalq redaksiya heyətinə malik, ictimai və humanitar elmlərin geniş spektrini əhatə edən, rüblük dövri nəşri olan “Sosial tədqiqatlar” jurnalının yeni sayının PDF versiyasını jurnalın internet səhifəsindən də (https://socialresearchjournal.az/) oxumaq mümkündür.
Onu da əlavə edək ki, “Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789 print və ISSN 2959-5223 online) ilə bağlı sertifikat verilmişdir.
“Sosial tədqiqatlar” jurnalının Redaksiya Heyəti