Şəhla CƏLİLZADƏ,
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi (Bakı, Azərbaycan)
E-mail: shahla.celilzade@stm.az
ORCID ID: 0000-0002-7497-6706
Xülasə. Qloballaşma fərdlərin, o cümlədən toplumların mədəni və ictimai-siyasi düşüncələrinə hakim ideoloji təsirlər göstərərək kimliklərinin daha qlobal bir kimlik içərisində əriməsinə hesablansa da, bununla yanaşı, hazırda fərdlərin, toplumların, dövlətlərin və təşkilatların kimlik, aidiyyatlılıq duyğusu beynəlxalq münasibətlərdə heç vaxt olmadığı qədər həssas bir rol oynamaqdadır.
Bu məqalədə milli kimliyi yaradan və cəmiyyətin, xüsusilə Azərbaycan cəmiyyətinin siyasi düşüncələr toplusunun formalaşmasına təsir edən təbii və kənar faktorlar araşdırılmış, 1991-ci ildə ikiqütblü dünya düzəninin ləğv olunmasından sonra hazırda Rusiya və Çin liderliyində Şərq bloku ilə ABŞ və Aİ liderliyində Qərb bloku arasında yenidən qütbləşmə meyilləri təhlil olunmuş, Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra bu qütblər arasında siyasət şəkilləndirməsi izah olunmuş, azərbaycanlıların siyasi düşüncəsində Aİ və Çinə münasibəti formalaşdıran amillər ictimai rəy sorğusu əsasında öyrənilməyə çalışılmışdır.
Açar sözlər: milli kimlik, siyasi düşüncə, qütbləşmə, Aİ, Çin, Azərbaycan
Giriş
1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan məhz 2023-cü ilin 20 sentyabrında, 1 günlük antiterror tədbirləri nəticəsində 30 ildən artıq davam edən işğala və separatizmə birdəfəlik son qoyaraq beynəlxalq hüquqla tanınan əraziləri üzərində ali hakimiyyəti tam olaraq təsis etməyə nail oldu. 20 sentybarda Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd edildiyi tarixi gündən dünyanın siyasi xəritəsinə baxarkən 200-ə yaxın suveren dövlət görmək olar ki, onların hər birinin özünəməxsus yaranma və milli kimliyinin formalaşma tarixçəsi vardır. Azərbaycan xalqının, yəni əsasən türk-müsəlman toplumunun milli kimliyinin, siyasi düşüncəsinin formalaşması və yaratdığı dövlətçilik tarixi qədim olsa da, müasir beynəlxalq münasibətlər sisteminin bir parçası halına 1918-ci ildə gələn Azərbaycan Respublikası bir neçə tarixi-siyasi formasiyadan (1918-1920-ci illərdə I respublika, 1920-1991-ci illərdə II respublika) keçərək bugünkü halını almışdır. Azərbaycanın geostrateji baxımdan həssas bir nöqtədə yerləşməsi, təbii keçid rolu və zənginlikləri, tarixi-siyasi proseslərin yaratdığı irsə sahiblik – bütün bunlar ölkənin xarici təsirlərlə üz-üzə qalması ilə yanaşı müasir siyasətinin şəkillənməsində rol oynayır. Azərbaycanın xarici siyasət şəkilləndirməsində son 30 ildə ərazi bütövlüyünə hörmət prinsipi ön planda olub. Tarixən Şərq aləminin bir hissəsi olan, SSRİ tərkibində “Şərq” blokunda yer alan Azərbaycan 1991-ci ildən sonra hərbi-siyasi və milli təhlükəsizlik sənədlərində Qərblə, Avro-Atlantik strukturlarla əməkdaşlığı ön plana çıxarsa da, ötən qərinə ərzində enerji təhlükəsizliyi siyasəti çərçivəsində Aİ-nin 10 ölkəsi ilə strateji əməkdaşlıq səviyyəsində münasibətlər təsis olunsa da, özünü Şərqlə Qərb arasında mühüm bağlayıcı ölkə kimi təqdim etmişdir. Bununla yanaşı, keçirilən ictimai rəy sorğularına görə, azərbaycanlılar özünü əsasən Türk dünyasının bir parçası olaraq görməkdə və hazırda gedərək yenidən qütbləşən dünyada “Qərb” blokunun təmsilçisi Aİ ilə müqayisədə “Şərq” blokunun təmsilçisi Çinə daha çox güvən və etibar duymaqdadırlar. Bunu təşviq edən bir sıra amillər vardır ki, bu məqalədə bu amillər araşdırılmışdır.
- Milli kimlik və siyasi düşüncənin formalaşması
Kimlik araşdırmaları ən qədim filosoflardan Sokratın “Özünü tanı!” çağırışından başlayaraq [8], psixoanaliz elminin banisi Ziqmund Freydin ilk dəfə elmə gətirdiyi “etnik-mədəni kimlik” araşdırmalarınadək fəlsəfənin əsas mövzularından biri olmuş [15], Erik Eriksonun “psixososial kimlik” anlayışını inkişaf etdirməsi ilə birlikdə 1960-cı illərdə psixologiyadan sosial elmlərin digər sahələrinə, o cümlədən sosiologiyaya nüfuz etmiş, 1990-cı illərdə isə beynəlxalq münasibətlər nəzəriyyələrinin əsas araşdırma mövzularından birinə çevrilmişdir [19].
“Milli kimlik” anlayışı toplumun fərqli etno-mədəni dəyərlərinin üzərində yer alan birləşdirici, ümumi siyasi dəyər yaradan düşüncələr toplusu olaraq ifadə edilə bilər. Bu gün BMT-yə üzv dövlətlərin 10%-dən azı etnik-homogen millət-dövlətdir. Milli kimlik müxtəlif etnik-dini-irqi kateqoriyalı insanlardan ibarət toplumun içərisindən birgə keçdiyi tarixi-siyasi proseslərin, həmçinin onların üzərində, yəni toplumsal siyasi düşüncənin formalaşdırılması üçün aparılan ideoloji-təbliğat işinin nəticəsi olaraq dəyərləndirilə bilər. Beləliklə, milli kimlik inşa olunan – konstuktivist nəzəri yanaşmanın nəticəsidir [34; 36]. Aleksandr Vendtin banisi olduğu sosial konstruktivizm nəzəriyyəsinə görə, ictimai şüur, o cümlədən toplumun kollektiv siyasi şüurunun dövlət siyasəti əsasında formalaşdığı iddia olunur [38]. Beləliklə, toplumun siyasi davranışları dövlətin (müəyyən bir dövr üçün) aynası olub [12], o cümlədən sosial-psixoloji yanaşmalar kənar faktorlar ilə birbaşa əlaqəlidir [10].
Kimliyin yaradılan və dəyişdirilə bilən xüsusiyyəti nəzərə alınaraq qeyd etmək olar ki, toplumların daha böyük təhlükəsizlik çətiri altında birləşdirilməsində təbliğat və ideoloji paradigmalar mühüm rol oynayır. Məsələn, Rusiyada 1917-ci ildə ləğv olunan Çarlıq rejiminin yerində hakimiyyəti ələ alan bolşeviklər Sovet üsul-idarəsi ilə rus identikliyinin, o cümlədən “rus avrasiyaçılığının” yeni bir formatını yaratmağa nail olmuşdular [7]. Bunun üçün onlar Qərb imperializminə qarşı Şərqin əzilən xalqlarının təmsilçisi və “qırmızı bayraqdarı” siyasi imicini seçmişdilər. Yaxud, vahid Avropa düşüncəsi tamamilə ideoloji inşa olunmuş bir düşüncədir [30]. Əvvəllər birləşdirici funskiyanın daşıyıcısı olaraq Katolik kilsəsi Avropanı vahid ideya ilə təmin edirdi. Daha sonra dini parçalanma, XIX əsrdə isə bütün Avropanı bürüyən etnik milliyətçilik, nasional sosializm və faşizm ideyaları ilə davam edən bölünmə ərəfəsində ikən “birləşdirici və xilasedici” pan-Avropa ideyası doğdu. Günümüzdə dünyanın mühüm siyasi-iqtisadi və mədəni güc mərkəzlərindən birinə çevrilən Avropa İttifaqı indiki formasını Soyuq Savaşın başa çatması və Almaniyanın birləşməsi sonrası 1992-ci ilin Maastrix sazişi ilə qazansa da [16], 1951-ci ilin “Kömür və Polad Birliyi” və 1957-ci ilin “Avropa Atom Enerjisi Birliyi”nin təməlləri üzərində qurulduğu qeyd oluna bilər. Beləliklə, Aİ çərçivəsində Avropa üçün vahid dəyərlər, hüquq normaları, iqtisadi-siyasi əməkdaşlıq modeli yaradıldı. Bənzər şəkildə Türk Dünyası ideyası Avropa və Asiyanın türk toplumlarını birləşdirən vahid ideoloji-siyasi bir istiqamət olaraq göstərilə bilər. Bu geosiyasi termin xüsusilə SSRİ-nin dağılması sonrası müstəqil türk dövlətləri üçün Türkiyənin “rol model” olaraq qəbul edilməsi və münasibətlərin türk amili üzərindən dərinləşdirilməsini əsas alsa da, türkçülük və turançılıq ideyaları tarixi daha qədimdir.
Azərbaycanda milli intibah XIX əsrin ikinci yarısına təsadüf edir. Məhz bu dövrdə həm Azərbaycan daxilində milli fikir və siyasi düşüncəyə dair müzakirələr canlanmış, tarixi əhəmiyyətli əsərlər meydana gəlmiş, həm də ölkə xaricində Azərbaycan adı səsləndirilməyə başlamışdı. İntibah dövrü Azərbaycanda milli kimlik və özünüdərk ilk dəfə Mirzə Fətəli Axundovla başlamışdır. Alman jurnalı “Magazin für die Literatur des Auslandes”də (1852) “Qafqazın Molyeri” adlandırılan Axundov xalqımızın milli kimliyini Şərq despotizmindən qurtuluşda görür və bizi Qərblə identikləşdirməyə cəhd edirdi [5]. O, Azərbaycanın bilinən ilk sekulyar dövlətçilik tərəfdarı idi. XX əsrdə isə Azərbaycan-türk ictimai-siyasi fikrinin ən görkəmli nümayəndələrindən, türkçülük və pantürkizm ideyalarının təmsilçilərindən olan Əli bəy Hüseynzadə tərəfindən “Turan” şeiri ilə gələcəkdə Azərbaycan dövlətçiliyinin təməl prinsipləri olacaq “Müasirləşmək”, “İslamlaşmaq” prinsipi ilə yanaşı “Türkləşmək” prinsipi önə sürülmüşdür.[2; 3] Azərbaycanda tarixən türk-müsəlmanlar çoxluq təşkil etdiyi üçün burada təbii türkçülük, Turançılıq meyilləri qabarıq olub. Türkçülüyün ədəbi və fəlsəfi carçıları 1910-1920-ci illərdə dominant olmuşlarsa da, milli kimliyin türk olaraq adlandırıldığı 1918-1935-ci illər istisna olmaqla maarifçilik və milli intibah dövrünün başlanmasından Sovet dövrünün sonunadək, o cümlədən müstəqilliyin ilk illəri istisna olmaqla, indiyədək milli kimliyin adlandırılmasında “azərbaycançılıq” üstün mövqeyini qorumuşdur. SSRİ-nin təsis olunması Azərbaycan coğrafiyasını Turan/pantürkizm ideologiyasından uzaqlaşdırdı. Məhz Azərbaycanı Türkiyə təsirindən uzaqlaşdırmaq məqsədilə sovet dövründə “Azərbaycançılığa” üstünlük verilmişdir. Lakin bu ideologiyanı sadəcə Çar Rusiyası, yaxud sovet maraqları ilə əlaqələndirmək yanlış olardı. AXC-nin banisi M.Ə.Rəsulzadə Azərbaycan milləti uğrunda mübarizə aparanları türk irqinə mənsub hesab etsə də, milli kimliyi digər türk qövmlərindən ayırd edərək “azərbaycanlı” adlandırmış və pantürkistlərin yeni yaranacaq dövləti “Qafqaz Türk Respublikası” adlandırma çağırışına baxmayaraq “Azərbaycan Xalq Cumhuriyyəti” adlandırmağa üstünlük vermişdi.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Osmanlının dağılmağa başladığı dövrdə vüsət qazanan pantürkizm, turançılıq ideologiyasının qayəsi, o cümlədən 15 sentyabr 1918-ci ildə AXC-nin paytaxtı Bakını yadelli işğalçılardan azad edən Qafqaz İslam Ordusunun əsas amalı Turan dövləti yaratmaq idi. Belə ki, Osmanlı komandanları Türk dünyasını əhatə edən xalqların müstəqillik savaşlarına dəstək verərək, daha sonra onların vahid çətir altında birləşdirilməsinə nail olmaq istəyirdi [13; 14]. Lakin Osmanlı dövlətinin süqutu, Türkiyə Cümhuriyyətinin isə fərqli siyasi-ideoloji kursa köklənməsi, bu prosesin inkişafını qarşıdakı 100 il üçün durdurdu. 1991-ci ildə SSRİ süqut etdiyi zaman Türk dünyası ideyası təkrar dirçəlməyə başladı. Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özal XXI əsri “Türk əsri” bəyan etmiş, Baş nazir Süleyman Dəmirəl “Adriatikdən Çin səddinə qədər Türk dünyası” ifadəsini gündəmə gətirmiş [9], Azərbaycan Respublikasının Ümummilli lideri, 1993-2003-cü illərdə Prezident olan Heydər Əliyev Türkiyə və Azərbaycana xitabən “Bir millət, iki dövlət” şüarını səsləndirmiş, Prezident İlham Əliyev isə bu siyasəti bir az da irəli apararaq 7 müstəqil türk dövlətinin vahid təşkilati çətir altında daha sıx birləşdirilməsi üçün mühüm işlər görmüşdür. Təsadüfi deyil ki, azərbaycanlıların böyük əksəriyyəti özünü Türk dünyasının bir parçası olaraq görür və hiss edir. Bu, keçirilən ictimai rəy sorğularının nəticələrinə də yansıyır. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin 14-17 may 2023-cü il tarixlərində 384 respondentlə keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 83,6%-i özünü türk dövlətlərinə daha yaxın hiss etdiyini bildirmişdi. Sorğu nəticələri göstərir ki, respondentlərin cəmi 2,1%-i özünü Qərb ölkələrinə daha yaxın hiss edir. Bununla yanaşı, 12% respondent islam ölkələri, 8,6% “postsovet ölkələri” cavabını vermişdir [6].
Bu həm Azərbaycanda toplumun yaşadığı tarixi-siyasi proseslərin ardıcıllığında formalaşan təbii bağlılıq olmaqla yanaşı, həm də aparılan dövlət siyasətinin, ictimai-siyasi təbliğatın nəticəsi olaraq qiymətləndirilə bilər. Bununla yanaşı, Türk dünyasının mədəni birlik şəklində formalaşsa da, hərbi-siyasi və iqtisadi blok olaraq hələ ki tam formalaşmadığını nəzərə alaraq Azərbaycanın təhlükəsizlik çətiri axtarışları xarici siyasətin istiqamətlənməsini Şərq-Qərb dilemması qarşısında qoyur.
- Şərq və Qərb blokları arasında yenidən qütbləşmə
Şərq-Qərb qarşıdurmasının ideoloji köklərini axtararkən orta əsrlərdə ərəblər və türklərlə üz-üzə gələn avropalıların xüsusilə “Xaçlı” səfərləri dövrü, o cümlədən Qərb imperializmi və bunun nəticəsi olan kolonializm dövrü xatırlana bilər [11]. Xüsusilə 1917-ci ilin bolşevik inqilabının siyasi terminologiyada və debatlarda Şərq-Qərb ayırımını dərinləşdirmiş olduğunu görürük. 1947-1991-ci illərdə ABŞ-SSRİ arasında “soyuq müharibə” Şərq və Qərb blokları arasında “dəmir pərdə”nin çökməsinə səbəb olmuşdu. Bu dövr pik həddə çatan silah yarışı (o cümlədən nüvə silahı yarışı) ilə xatırlanır. 1991-ci ilədək “Şərq” blokunu SSRİ-nin rəhbərliyi altında “Varşava Müqaviləsi Təşkilatı”, “Qərb” blokunu isə NATO təhlükəsizlik çətiri ilə təmin edirdi [29]. II Dünya müharibəsindən sonra Fukuyamanın adlandırdığı “tarixin sonu”na doğru (yəni SSRİ-nin dağılmasınadək) Şərq və Qərb blokları arasında qütbləşən dünyada bu gün gərginliyin gedərək artdığını müşahidə edirik. 2020-ci illərədək dünyada yaşanan xaotik nizamsızlıq dövründə Çin Şərqin yüksələn gücü olaraq siyasi, iqtisadi və hərbi bloklaşmanın öncülü olmaq potensialı qazanmışdır [21].
Bu gün dövlətlərin beynəlxalq hüquq normaları, yəni BMT nizamnaməsi ilə bütün dövlətlər tərəfindən tanınan coğrafi sərhədlərinin önəmi artmaqdadır. Dövlətlər bu ərazi sərhədlərində hakimiyyətlərini legitimləşdirdikləri dərəcədə suverendirlər. Lakin reallıqda beynəlxalq hüquq bu sərhədlərin qorunmasında yetərsiz qaldığı üçün təşkilatlanmalar, qütbləşmələr və ittifaqlar vacib alət kimi əhəmiyyətini yenidən artırmağa başlamışdır. Məsələn, uzun on illiklər boyu öz “tərəfsizliyini” elan edən Finlandiya və İsveçin müvafiq olaraq 2023 və 2024-cü illərdə NATO-ya qoşulması [20] məhz “özünü müdafiə instinktlərinin” nəticəsi, o cümlədən dünyada qütbləşmə meyillərinin gedərək artması kimi dəyərləndirilə bilər.
Bu gün Qərbin iqtisadi və hərbi-siyasi təhlükəsizlik çətirini formalaşdıran Aİ və NATO ekspertləri, bir çox azad tədqiqatçılar Qərb blokuna qarşı Rusiya və Çindən bəhs etməklə qalmayıb, müharibə ssenariləri üzərində fokuslanmaqdadırlar [21; 27; 31]. Artıq ABŞ-ın hərbi strateji sənədləri və doktrinaları Çini çəkindirmək və onun artan gücünü zəiflətmək barədə qeydləri açıq mətnlə bəyan edir.
Çinin hərbi gücünün artması onun hərbi büdcəsi və hərbi-sənaye yeniliklərində ilklərə imza atması ilə qiymətləndirilə bilər. “Soyuq müharibə”nin başa çatdığı 1991-ci ildən bəri Çinin hərbi büdcəsi davamlı olaraq artaraq 2023-cü ildə 224 milyard dollar olub. Bununla yanaşı, qeyd olunmalıdır ki, Çinin hərbi xərcləri 2023-cü il büdcəsində qeyd olunandan daha çox, yəni 296,4 milyard dollar olub. Qrafik 1-də dünyada ən çox hərbi xərcləri olan dövlətləri əks etdirir. Bu qrafikdən göründüyü kimi, ABŞ hələ də siyahıda birinciliyini qorumaqdadır.
ABŞ-dan Rusiya və Çin istiqamətində artan təhdidlər, Qərb blokunun Şərqə doğru yayılması, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda yenidən qütbləşmə göstəriciləri Çinin Rusiya ilə birgə hərbi-siyasi, iqtisadi təhlükəsizlik çətirini genişləndirmək marağını artırır. Bu məqsədlə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) alternativ qlobal idarəçilik modeli olaraq rolu gündən-günə artmaqda, özünü Qərbin qarşısında tapan dövlətlərin burada gedərək daha sıx birləşmə tendensiyası müşahidə olunmaqdadır [32].
Yarandıqdan sonrakı 15 ildə BRICS-ə heç bir yeni üzv qatılmasa da, 2024-cü ildə üzvlərin sayı birdən-birə ikiyə qatlanmışdır [4]. Belə ki, 2009-cu ildə 5 üzvlə yaradılan BRİCS-ə 2024-cü ilin yanvarında İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri qatılmış, Səudiyyə Ərəbistanın da üzvlüyü gündəmə gəlmiş, lakin hələ ki təsdiqlənməmişdir. Argentina da 2023-cü ildə üzvlük niyyətini bəyan etmiş, lakin daha sonra fərqli xarici siyasi kurs seçildiyi üçün (Çindən asılılığın azaldılması məqsədilə) geri çəkilmişdir. Hətta Pakistan da üzvlük üçün müraciət etmişdir. Lakin Hindistanın bu məsələdə mövqeyi birmənalı olmayacaqdır. Çin və Hindistan arasında tarixi rəqabət (1962-ci ildə sərhəd müharibəsi olmuş, Tibet məsələsi indiyədək gündəmdə saxlanır) bu birliyin gələcəyinə uzun müddət kölgə salsa da, görünən odur ki, Hindistan da qlobal manevr imkanlarını qorumaq üçün ABŞ-la nə qədər isti münasibətlər saxlasa da, BRİCS-də üzvlüyü rədd etmir. Belə ki, 2014-cü ildə Hindistan ABŞ-ı “əsas müdafiə tərəfdaşı” olaraq bəyan etmişdir. Bununla belə, BRİCS-in yeni dünya nizamında yeni bir rol almasına Hindistan da dəstək verir. Təbii olaraq, burada aparıcı qüvvə Çindir. Türkiyə və Azərbaycanın da 2024-cü ilin avqustunda üzvlük üçün niyyət bəyanı etməsi BRİCS-in artan gücü və imkanları ilə əlaqədardır. BRİCS hazırda dünya əhalisinin 46%-ni, dünya ÜDM-nin 37,3%-ni, qlobal ixracatın 25%-ni əhatə edir [17; 28]. Yeni üzvlərin qatılması bu təşkilatın coğrafi arealını genişləndirməklə, burada ticarətin və maliyyə nizamlamasının, xüsusilə enerji–neft-qaz sektorunda, həmçinin digər sahələrdə daha da güclənməsi, yeni təhlükəsizlik çətirinin formalaşması və Çinin təsir sferasının genişlənməsi deməkdir. Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda artan qlobal qütbləşmədə dünya dövlətləri öz tərəflərini seçməlidirlər və bir sıra dövlətlər Qərbin artan təsirini neytrallaşdırmaq üçün BRİCS-ə üzvlüyü seçirlər. Çin təşkilatın genişlənməsində maraqlıdır. Qərblə əməkdaşlıq imkanları olmayan (məsələn, sanksiya altında olan Rusiya və İran kimi) dövlətlər də, o cümlədən Qərblə manevr imkanlarını artırmaq istəyən (Hindistan kimi) dövlətlər də BRİCS-i özləri üçün faydalı platforma hesab edirlər. Çünki burada Qərbin təsis etdiyi ticari-maliyyə strukturlarına alternativlər təqdim olunur. Hətta BRİCS-in dolların maliyyə gücünü sonlandıracağı araşdırılır [22; 26]. Yeni təhlükəsizlik çətirləri dövlətlərin imkanlarını, o cümlədən sanksiyalardan yayınmaq imkanlarını artırır.
- Azərbaycanın postmüharibə dövrü reallıqları
Azərbaycan ötən onillərdə həm Qərb, həm Şərq bloklarının maraqlarının kəsişdiyi, lakin toqquşmadığı əməkdaşlıq platforması yaratmağı bacarıb. Azərbaycanın hər iki blok üçün etibarlı tərəfdaş olduğunu hələ 44 günlük Vətən müharibəsindən əvvəl həyata keçirilən enerji, nəqliyyat-infrastruktur layihələri, həmçinin qlobal inisativlərin Bakıda baş tutması, məsələn, 2019-cu ilin noyabr ayında NATO-Rusiya rəsmilərinin Bakıdakı ikitərəfli görüşü sübut edir. Bu görüş regionun gələcək taleyinin məhz Azərbaycanda həll edildiyini nümayiş etdirir.
Maraqlıdır ki, Azərbaycan Respublikasının 2007-ci ildə qəbul edilən Milli Təhlükəsizlik Konsepsiyasında açıq şəkildə qeyd olunub ki, Azərbaycan özünü Avro-Atlantik, yəni Qərb təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olaraq görür. Lakin müstəqilliyin əldə olunmasından ötən illər ərzində Azərbaycanın Qərbə inteqrasiyası baş tutmadı. Buna bir sıra milli-daxili siyasi, o cümlədən xarici, regional amillər səbəb olmuşdusa, eyni zamanda burada Qərbin Azərbayana münasibətdə qərəzli mövqeyinin də rolu vurğulana bilər. Ermənistan isə indiyədək Qərbə əks olan qütbdə – KTMT-də mövcuddur. Ermənistan Baş naziri Paşinyanın de-fakto olaraq Ermənistanın KTMT-də üzvlüyünü 12 iyul 2023-cü il tarixində dondurduğunu elan etməsinə baxmayaraq, ölkə rəsmi olaraq təşkilatı tərk etməyib. Rusiya-Avropa arasındakı gərginlikdə Qərbyönümlü siyasət ilə özləri üçün fayda əldə etməyə, Qərbin bir sıra iqtisadi-siyasi, o cümlədən hərbi mexanizmlərindən (Avropa Sülh Mexanizmi) faydalanmağa çalışan Ermənistan [23] faktiki olaraq Rusiya ilə iqtisadi münasibətlərini nəinki qorumaqda davam edir, hətta ötən dövrdə bir neçə dəfə artırmışdır. Belə ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2020-ci ildə cəmi 2,3 milyard dollar idisə, 2023-cü ildə bu rəqəm 7,3 milyard dollar olmuş, 2024-cü ilin sonunda isə 14-16 milyard dollar olacağı gözlənilir [40] ki, bu da ümumilikdə Ermənistanın Rusiyaya Qərb sanksiyalarından yayınmaqda dəstək göstərməsi kimi dəyərləndirilir. Lakin 2023-cü ilin noyabrında Avropa Parlamentində qəbul olunan “Rusiya əleyhinə sanksiyaların effektivliyi haqqında” qətnamədə [24] Azərbaycanın adı çəkilir, Azərbaycandan Avropaya ötürülən qazın Rusiyaya aid olması barədə qeyd yer alır. Halbuki, Rusiyanın sanksiyalardan yayınmasında real olaraq iştirak edən Ermənistanın adı bu qətnamədə çəkilmir. Bu isə, təbii olaraq, Azərbaycanda həm dövlət, həm də cəmiyyət səviyyəsində Avropa istitutlarının ölkəmizlə əlaqədar məsələlərə qərəzli yanaşması, ermənipərəst baxışı və ikitirəlilik olaraq qiymətləndirilir.
Avropa institutları və bir sıra dövlətlərinin Ermənistana xüsusilə II Qarabağ müharibəsindən sonra artan dəstəyi isə Azərbaycanın Qərb təsisatları ilə münasibətlərini yenidən dəyərləndirməsinə gətirib çıxarmışdır. Belə ki, bütün azərbaycanlılar üçün müqəddəs 44 günlük Vətən müharibəsindən, yəni 27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərini əhatə edən II Qarabağ müharibəsindən sonra Qərbin ciddi şəkildə Azərbaycana qarşı təşkilatlandığı, Azərbaycan əleyhinə siyasi və sanksiya çağırışları edildiyi, bütün bunların Avropa qanunverici orqanı olan Avropa Parlamenti çərçivəsində dəstəkləndiyi xatırlana bilər. Erməni iddiaları əsasında ATƏT-də (erməni hərbi əsirlərə dair 20 may 2021-ci il [37]), Avropa Parlamentində (Dağlıq Qarabağda mədəni irsin məhv olunmasına dair 10 mart 2022-ci il [25], Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı təhdidlərinə dair 5 oktyabr 2023-cü il) və Avropa Şurasında (Ermənistan-Azərbaycan münasibətlərinə Avropa dövlətlərinin baxışına dair 18 oktyabr 2023-cü il [38]) qəbul edilən bəyanatlar, qətnamələr, edilən açıqlamaların hər birində Azərbaycan əleyhinə bir sıra məqamlar, qərəzli baxışlar və çağırışlar yer almaqdadır. Bu baxımdan Avropa Parlamentinin 5 oktyabr tarixli qətnaməsi xüsusi sərtliyi, Azərbaycana qarşı sanksiya çağırışını ifadə etməsi, Aİ ilə Azərbaycan arasında enerji-iqtisadi əlaqələrə yenidən baxılması tələbini irəli sürməsi ilə seçilir. Həmçinin, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin 1 yanvar 2024-cü ildən etibarən bir illik dondurulması, 2024-cü ilin may ayında Azərbaycanlı rəsmilərə qarşı (Maqnitski Aktı əsasında) sanksiya çağırışı edən Avropa Parlamenti nümayəndələrinin birgə bəyanatı, 2024-cü ilin sentyabrında konqresmen Adam Şiff tərəfindən ABŞ Konqresinə Azərbaycana sanksiya tətbiq olunmasına dair qanun layihəsinin təqdim olunması xatırlana bilər. Qeyd etmək lazımdır ki, bu sanksiya çağırışı ilk olaraq Erməni Amerikan Komitəsi tərəfindən ABŞ qanunverici sisteminin müzakirəsinə çıxarılmış, məhz qlobal erməni şəbəkəsinin dəstəyi ilə Avropa qanunverici sisteminin müzakirə platformasına daxil olmuşdur [18].
Bununla yanaşı, Azərbaycanın reinteqrasiya siyasətinə mühüm mənəvi zərbələrdən biri Avropa cəbhəsindən gəlməkdədir. Bir sıra Avropa dövlətləri və təşkilatları, xüsusilə Fransa Azərbaycanın sivil reinteqrasiya proqramını diskreditasiya edən, reinteqrasiya siyasətinə təsir edən bəyanatlar verir, Ermənistanın silahlandırılması ilə revanşist qüvvələrin mövqeyinin gücləndirilməsinə dəstək verirlər. Bu, Cənubi Qafqazda münaqişə ocağının sönməsinə qoymayan, gələcəkdə yenidən alovlandırılmasına hesablanan addım kimi Azərbaycan tərəfindən olduqca mənfi qarşılanmaqdadır.
Bütün bunlar siyasət aləmindən ictimai şüura nüfuz edərək Azərbaycan cəmiyyətində Qərbə və onun təmsilçisi olan Aİ-yə qarşı güvənsizlik və neqativ hislərin yaranmasına, “ermənipərəst Avropa” alqısının formalaşmasına səbəb olur. Halbuki, Azərbaycan ayrılıqda 10 Avropa ölkəsi ilə strateji əməkdaşlıq sazişinə malikdir və onların enerji təhlükəsizliyini təmin edir [1]. Lakin Avropanın bu siyasəti fonunda azərbaycanlıların şüurunda mövcud ümumavropa dəyərlərinin qiymətləndirilməsi aşağı düşür, ikili standartların mövcudluğu ilə bağlı ictimai düşüncə meydana çıxır. Bu, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən ictimai rəy sorğusunun nəticələrində də öz əksini tapmaqdadır.
Bütün bunlarla yanaşı, qeyd olunmalıdır ki, II Qarabağ müharibəsindəki qələbə və 2023-cü ildə suverenliyinin tam olaraq bərpa olunması Azərbaycanın qlobal məkanda mövqeyinin güclənməsini təmin etmişdir. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri ilə qlobal ticarət imkanlarına qapı açır. Həm ölkə ekspertləri, həm də xarici ekspertlər qeyd edirlər ki, məhz Qarabağdakı qələbə imkan verir ki, regional kommunikasiyalar açılsın və region qlobal keçid imkanları ilə çoxtərəfli əməkdaşlıq platformasına çevrilsin [35]. COP29 kimi qlobal iqlim sammitinin Azərbaycanda keçirilməsinə bütün dünya dövlətlərinin, o cümlədən Ermənistanın razılıq verməsi Azərbaycana olan qlobal etimadın göstəricisi olaraq qiymətləndirilir. Həmçinin Azərbaycanın 15 iyun 2021-ci il tarixindəTürkiyə ilə strateji əməkdaşlıq haqqında Şuşa bəyannaməsini, 2022-ci ilin 22 fevralında Rusiya ilə müttəfiqlik və qarşılıqlı fəaliyyəti haqqında Moskva bəyannaməsini, 2022-ci ilin 18 iyulunda Aİ ilə enerji strateji tərəfdaşlığı haqqında bəyannaməni, 2022-ci ilin martında İranla yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Bakıda imzalanmış anlaşma memorandumunu, 2024-cü ilin 3 iyulunda Çin ilə strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannaməni xatırlatmaq olar. Bu bəyannamənin mətnində Azərbaycanın BRİCS-ə daxil olmaq arzusu ifadə olunur, 20 avqust 2024-cü il tarixində isə bu təşkilata üzvlük üçün rəsmi müraciət ünvanlanıb. Azərbaycan Avropa ilə gələcək enerji əməkdaşlığına davam etməklə yanaşı, siyasi olaraq qonşuları, həmçinin Çin ilə strateji münasibətlərin inkişafı istiqamətində irəliləməkdədir. Bu, gələcəkdə Azərbaycan milli təhlükəsizlik konsepsiyasına da yansıyacaq dərəcədə önəmli bir dəyişiklik olaraq dəyərləndirilə bilər.
- Azərbaycan ictimai rəyində Avropa İttifaqı və Çinə münasibət
Azərbaycan ictimai rəyində Avropa İttifaqı və Çinə münasibəti öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzinin maddi-texniki dəstəyi ilə vətəndaşlar arasında rəy sorğusu keçirilib. Sorğuda Azərbaycan vətəndaşlarının əsas ictimai-siyasi məlumat mənbələrinin hansılar olduğu, onların Azərbaycanın xarici siyasətinin inkişaf istiqamətlərinə münasibətləri öyrənilib, həmçinin Avropa İttifaqı və Çinə münasibətləri müxtəlif iqtisadi-siyasi-mədəni faktorlar üzrə dəyərləndirilib. Tədqiqatın əhatə etdiyi məsələlər bir neçə əsas vektor üzrə qruplaşdırılaraq nəzərdən keçirilib:
– Azərbaycan vətəndaşlarının ictimai-siyasi məlumat mənbələri;
– Azərbaycanın xarici siyasətinin inkişaf istiqamətlərinə ictimai münasibət;
– Avropa İttifaqı və Çinə ictimai güvən və etibar səviyyəsinin müqayisəsi;
– Avropa İttifaqı və Çinin iqtisadi imkanlarının ictimai rəy əsaslı müqayisəsi.
4.1. Tədqiqatın metodologiyası
Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Seçmə çərçivəsi respondentlərin gender balansı, yaş bölgüsü və təhsil səviyyəsi rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib. Sorğularda yaşı 18 və yuxarı olan 412 respondent iştirak edib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2024-cü ilin 22–27 iyul tarixləri arasında icra edilib. Məlumatların toplanılması üçün telefon sorğusu üsulundan istifadə olunub.
Sosioloji sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları olmaqla, ümumilikdə 12 iqtisadi-rayonu əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Daha detallı təhlil məqsədilə qeyd etmək olar ki, sorğu 9 respublika tabeli şəhər, 51 rayon olmaqla, ümumilikdə 60 rayon və şəhəri əhatə edib.
Sorğu anketinə 8 sosial-demoqrafik olmaqla, ümumilikdə 19 sual daxil edilib. Sorğunun hər bir respondentlə orta davametmə müddəti 5 dəqiqə 48 saniyə təşkil edib.
Respondentlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edib.
Sorğu prosesinin gedişatında sahə işinə nəzarət olunub. Sorğunun nəticələri “SPSS” (Statistical Package for the Social Sciences) proqramı vasitəsilə təhlil edilib.
4.3. Azərbaycan vətəndaşlarının ictimai-siyasi məlumat mənbələri
Azərbaycan vətəndaşlarının ictimai-siyasi mövzulara nə dərəcədə marağının olduğunu öyrənmək, həmçinin onların əsasən hansı təbliğat alətlərinin təsiri altında olduğunu müəyyən etmək üçün respondentlərə ictimai-siyasi xəbərləri əsasən hansı mənbələrdən izlədikləri soruşulub. Sorğu nəticələrinə əsasən respondentlərin cəmi 8,3%-i ictimai-siyasi xəbərləri izləmədiyini qeyd edib. Ölkədə vətəndaşların ictimai-siyasi məlumatları əsasən sosial şəbəkələr və televiziyadan əldə etdiyi məlum olub. Belə ki, respondentlərin 58,3%-i ictimai-siyasi məlumatları əsasən sosial şəbəkələrdən, 54,1%-i isə televiziyadan izlədiyini qeyd edib. İctimai-siyasi xəbərləri internet xəbər saytlarından izləyənlər ümumi respondentlərin 11,9%-ni, radiodan izləyənlər 1,5%-ni, dövlət qurumlarının rəsmi saytlarından izləyənlər 0,5%-ni təşkil edib. 1% respondent məlumatları ətrafdakı insanlardan aldığını, 3,9%-i “digər” cavab variantını qeyd edib.
Azərbaycanda əsas hansı xarici qüvvənin təbliğat imkanlarının güclü olduğunu müəyyən etmək üçün respondentlərə hansı ölkələrə aid mənbələrdən ictimai-siyasi məlumatları izlədiyi soruşulub. Sorğu nəticələrinə görə, böyük çoxluq, yəni 84,9% respondent ictimai-siyasi məlumatları yerli mənbələrdən əldə etdiyini bildirib. Bununla yanaşı, respondentlərin mühüm bir hissəsi, yəni 40,7%-i Türkiyəyə aid mənbələri izlədiyini qeyd edib. Rusiyanın informasiya mənbələrini izləyənlər 19%, Avropanın informasiya mənbələrini izləyənlər 11,6%, ABŞ-ın informasiya resurslarından məlumat əldə edənlər 6,6% təşkil edib. 3,7% respondent “digər” cavab variantını seçib, 0,3% isə cavab verməyə çətinlik çəkdiyini qeyd edib. Beləliklə, Azərbaycanda yerli və Türkiyə informasiya mənbələrinin daha populyar olduğu aydın olur.
4.4. Azərbaycanın xarici siyasətinin inkişaf istiqamətlərinə ictimai münasibət
Azərbaycanın hazırkı xarici siyasətinin əsas inkişaf istiqamətləri, yəni hansı dövlətlərlə (o cümlədən beynəlxalq təşkilatlarla) əməkdaşlığa yönəldiyi ilə bağlı ictimai rəyi öyrənmək üçün respondentlərə ünvanlanan suala, onların yarısı, yəni 51,3%-i Türkiyə (Türk Dövlətləri Təşkilatı), 20,1%-i Rusiya (MDB və Avrasiya İqtisadi Birliyi), 15,9%-i Avropa (Avropa İttifaqı), 7,9%-i Çin (Şanxay Əməkdaşlıq Təşkilatı), 3,2%-i ABŞ (NATO) cavabını verib. 25,4% respondent Azərbaycanın bütün tərəflərlə balanslı siyasət apardığını, 4,5%-i isə tərəfsiz xarici siyasət xəttinin (Qoşulmama Hərəkatı) üstün olduğunu qeyd edib. 4,2% respondent “digər”, 7,1%-i isə “cavab verməyə çətinlik çəkirəm” cavab variantlarını seçib.
4.5. Avropa İttifaqı və Çinə ictimai güvən və etibar səviyyəsinin müqayisəsi
Azərbaycanlılar üçün Avropa İttifaqı və Çinin nə ifadə etdiyini müəyyən etmək üçün vətəndaşlara bir neçə sual ünvanlanıb.
Respondentlərin 52,7%-i Çini dost, 38%-i qeyri-dost adlandırıb, 9,3%-i bu suala cavab verməyə çətinlik çəkib. Avropa İttifaqını dost hesab edənlər isə daha az, 36,1%-dir. Respondentlərin 53,9%-i Aİ-nin Azərbaycana münasibətdə qeyri-dost davranışlarının olduğunu bildirib, 10%-i isə bu suala cavab verməyə çətinlik çəkib.
İctimai rəydə Aİ və Çin kimi iki əhəmiyyətli gücdən hansının ölkəmiz üçün daha vacib olduğunu müəyyən etmək üçün respondentlərə ünvanlanan suala onların 65,1%-i Çini ölkəmiz üçün vacib, 27,8%-i vacib olmayan hesab etdiyini bildirib, 7,1%-i bu suala cavab verməyə çətinlik çəkib. Aİ-yə münasibətdə isə respondentlərin 65,4%-i onu ölkəmiz üçün vacib, 28%-i vacib olmayan hesab edib, 6,6% respondent bu suala cavab verməyə çətinlik çəkib. Demək olar ki, həm Aİ, həm də Çin Azərbaycan ictimai rəyində eyni dərəcədə əsasən vacib aktor kimi dəyərləndirilir.
Ölkəmizə münasibətdə bu iki gücdən hansının daha ədalətli mövqe sərgilədiyinə dair ictimai münasibəti öyrənmək üçün ünvanlanan suala əsasən, respondentlərin 55,1%-i Çini ölkəmizə münasibətdə ədalətli, 22,9%-i qərəzli hesab edib, 22% respondent bu suala cavab verməyə çətinlik çəkdiyini bildirib. Aİ-nin ölkəmizə münasibətdə qərəzli olduğunu düşünənlər isə daha çoxdur. Belə ki, respondentlərin cəmi 31%-i Aİ-nin ölkəmizə münasibətdə ədalətli olduğunu düşünür. 56,1%-i isə Aİ-nin ölkəmizə münasibətdə qərəzli olduğunu qeyd edib, 12,9% respondent bu suala cavab verməyə çətinlik çəkib.
Respondentlərin 48,5%-i Çini güvənilən ölkə hesab edərkən, Aİ-ni güvənilən hesab edənlər daha az, 34,9%-dir. Halbuki, Çini güvənilməz hesab edən 38% respondent olduğu halda, Aİ-ni güvənilməz hesab edənlər 55,9% təşkil edib.
Beləliklə, biz Azərbaycan ictimai rəyində həm Aİ, həm də Çinin ölkəmiz üçün vacib olduğunu, lakin bununla yanaşı, Çin ilə müqayisədə Aİ-yə güvənin aşağı olduğunu, Aİ-nin ölkəmizə münasibətdə qərəzli mövqeyinin olduğu barədə ictimai rəyin mövcud olduğu qeyd olunub və bu münasibət daha çox respondent tərəfindən “qeyri-dost” davranış olaraq alqılanıb.
4.6.Avropa İttifaqı və Çinin iqtisadi imkanlarının ictimai rəy əsaslı müqayisəsi
Azərbaycanın Aİ ilə dərin strateji iqtisadi və enerji münasibətləri, Çin ilə isə artan iqtisadi və strateji-kommunikasiya əlaqələri mövcuddur Bu. qlobal güclərin hər ikisi ilə münasibətlərin inkişafı Azərbaycanın iqtisadi siyasəti baxımından mühüm əhəmiyyət daşıyır. Aİ və Çinin iqtisadi imkanlarının ölkəmiz açısından dəyərləndirilməsi və müqayisəli təhlilin aparılması üçün respondentlərə bir neçə sual ünvanlanıb.
Respondentlərin 65,9%-i Çini qlobal iqtisadi imkanları olan, 19,8%-i isə məhdud iqtisadi imkanları olan güc kimi qeyd edib, 14,4%-i bu suala cavab verməyə çətinlik çəkdiyini bildirib. Avropa İttifaqının iqtisadi imkanlarını dəyərləndirərkən isə respondentlərin 53,2%-i “qlobal imkanları olan”, 31,2%-i “məhdud imkanları olan” güc kimi xarakterizə edib, 15,6% respondent bu suala cavab verməyə çətinlik çəkib.
Beləliklə, biz Azərbaycan ictimai rəyində Çinin qlobal iqtisadi imkanlarının daha çox olduğu ilə bağlı düşüncənin olduğunu müşahidə edirik.
Respondentlərin 74,4%-i Çini “yenilikçi”, 19,8%-i “təkrarçı” olaraq xarakterizə edib, 5,9%-i bu suala cavab verməyə çətinlik çəkib. Halbuki, Aİ-ni yenilikçi hesab edənlər Çin ilə müqayisədə daha az, yəni 53,2%, təkrarçı hesab edənlər isə Çin ilə müqayisədə daha çox, yəni 32% olub. 14,9% respondent bu suala cavab verməyə çətinlik çəkib.
Respondentlərin 70%-i Çini yüksək inkişaf etmiş texnologiya, 25,1%-i keyfiyyətsiz texnologiya sahibi olduğunu düşündüyünü qeyd edib, 4,9% respondent bu suala cavab verməyə çətinlik çəkib. Lakin respondentlərin cavablarının təhlili göstərir ki, azərbaycanlılar arasında Aİ-nin texnoloji üstünlüyü ilə bağlı vahid mövqe mövcuddur. Belə ki, respondentlərin 79,5%-i, yəni Çin ilə müqayisədə daha çox hissəsi, Aİ-nin yüksək inkişaf etmiş texnologiyaya sahib olduğunu düşünür, 12,7%-i isə Aİ-ni keyfiyyətsiz texnologiya ilə assosiasiya edib. 7,8% bu suala cavab verməyə çətinlik çəkib.
Bununla yanaşı, qeyd etmək olar ki, Çin azərbaycanlıların ictimai düşüncəsində ənənəvi olaraq “ucuz məhsul”, Avropa isə “bahalı məhsul” ilə xarakterizə olunur ki, bu, keçirilən ictimai rəy sorğusunun nəticələrinə də yansıyıb. Belə ki, respondentlərin 80,7%-i Çini “ucuz məhsul”, 12,4%-i “bahalı məhsul” ilə assosiasiya edib, 6,8% respondent bu suala cavab verməyə çətinlik çəkib. Lakin Aİ-yə münasibətdə bunun tam tərsi müşahidə olunur. Belə ki, respondentlərin 87,6%-i Aİ-ni “bahalı məhsul”, 5,6%-i “ucuz məhsul” ilə assosiasiya edib, 6,8% respoondent isə bu suala cavab verməyə çətinlik çəkib.
NƏTİCƏ
Milli kimlik və cəmiyyətin siyasi düşüncəsinin formalaşması beynəlxalq münasibətlərdə nəzəri tədqiqatların əsas predmetlərindən biri kimi öz əhəmiyyətini və dinamizmini qorumaqdadır. Milli kimlik və siyasi düşüncə cəmiyyətlərin içərisindən keçdiyi tarixi-siyasi proseslər, sahib olduğu milli-mənəvi dəyərlər, o cümlədən qloballaşma və kənar təsirlər, xüsusilə müxtəlif müstəvilərdə aparılan, müasir informasiya-kommunikasiya texnologiya alətlərinin tətbiqi ilə daha da geniş və sürətli şəkildə yayılan ideoloji-təbliğat işləri fonunda şəkillənməkdədir.
Bu tədqiqat işində Azərbaycan cəmiyyətində siyasi düşüncənin formalaşma prosesinin keçdiyi tarixi-siyasi yola qısa nəzər yetirilərək, xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində baş verən milli, territorial, mənəvi bütövləşmə və bunun simvoluna çevrilən 20 sentyabr – Dövlət Suverenliyi Gününün siyasi əhəmiyyəti əsas bazis kimi təqdim edilmişdir. Bu tarixi bütövləşməyə əks-mövqe sərgilədiyi üçün Azərbaycanın Avro-Atlantik strukturlarla münasibətlərində 2020-ci ildən bəri yaşanan gərginliyin azərbaycanlıların siyasi düşüncəsinə təsiri, ictimai rəyə hansı formada yansıması tədqiqat çərçivəsində araşdırılmışdır. Xüsusilə son illərdə yenidən qütbləşmə meyillərinin artması fonunda Azərbaycanın xarici siyasət şəkilləndirməsi təhlil edilmişdir. Bu məqsədlə həm qlobal müstəvidə baş verən siyasi proseslər izlənilmiş, həm də bu fonda Azərbaycan vətəndaşları arasında keçirilən ictimai rəy sorğusunun nəticələri müqayisəli təhlil olunmuşdur.
Keçirilən ictimai rəy sorğusunun nəticələrindən də göründüyü kimi, Qərb institutları, xüsusilə Avropa Şurası, Avropa Parlamenti, AŞPA, ATƏT və s. bu kimi qurumların 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı sərgilədiyi mövqe, anti-Azərbaycan qətnamə, bəyanat və açıqlamalar Azərbaycan cəmiyyətində kollektiv Qərbi simvolizə edən ümumi obraz olaraq Aİ-yə qarşı güvənsizlik duyğusunun artması, Aİ-nin ölkəmizə qarşı qərəzli olmasına dair ictimai rəyin formalaşması ilə nəticələnmişdir. Bu isə Azərbaycanın 2020-ci ildən sonrakı dövrdə Çinlə yeni strateji münasibətlər qurmasına, xüsusilə iqtisadi olaraq Çinlə əməkdaşlığın faydalı olması barədə ictimai rəy də nəzərə alınaraq, 2020-ci illərdə yenidən qütbləşmə meyilləri sərgiləyən dünyada ölkənin Şərq blokuna yaxınlaşmasında özünü büruzə verməkdədir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycanın Vətən müharibəsindən sonrakı siyasəti onun beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Şərq və Qərb arasında strateji keçid, bağlayıcı ölkə olaraq əhəmiyyətini artıracağı gözləntiləri doğurmaqdadır. Həmçinin 2007-ci ildə Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında yer alan Avro-Atlantik strukturlarla bağlı qeydin gələcəkdə redaktə olunacağı ehtimal edilə bilər. Artıq Azərbaycan milli sənədlərində özünü Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olaraq deyil, Şərq və Qərb blokları arasında, yəni ŞƏT və Aİ arasında etibarlı bir körpü olaraq təqdim edə bilər. ŞƏT-ə üzvlük Azərbaycanın tamamilə Çin yönümlü siyasi reorioentasiyası sayıla biləcəyinə görə gözlənilmir. Lakin Şərq blokunun gedərək daha çox iqtisadi imkanlar təklif edən BRİCS adlı təşkilatına üzvlük həm Azərbaycan, həm də qardaş ölkə olan Türkiyə üçün yaxın gələcəkdə mümkün görünür. Beləcə Şərq blokunun iqtisadi əməkdaşlıq platformasına üzv olmaqla Azərbaycan və Türkiyə Avropa və Asiya arasında artan qlobal ticarətdə körpü olmağı, balanslı siyasət imkanlarını daha da artırmağı hədəfləyir. Bu, Türkiyənin Qərb blokundan (NATO-dan) ayrılacağı, yaxud Azərbaycanın Qərblə enerji əməkdaşlığını sonlandıracağı anlamına gəlmir. Bu əməkdaşlıq tərəflər üçün qazan-qazan (win-win) durumu yarada, siyasi-iqtisadi imkanlarını daha da inkişaf etdirə, ölkə prestijini və xarici siyasət effektivliyini artıra bilər. Türkiyə və Azərbaycan qardaşlığı və əməkdaşlığının bütün sahələrdə olduğu kimi bu məsələdə də ortaq çalışmalarla davam edəcəyi gözlənilir. Həmçinin xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas kəsişmə nöqtəsidir. Bu baxımdan olduqca strateji bir mövqeyə sahib olan Azərbaycanın Şərq və Qərb arasında strateji keçid ölkə olaraq əhəmiyyətini artıracağı gözləntilər arasındadır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, cəmiyyətin siyasi düşüncəsini və bu düşüncə əsasında ictimai rəyi formalaşdırmaq üçün ideoloji təbliğat alətlərindən istifadə olunması mühüm nəticələr verməkdədir. Məsələn, Avropanın vahid bir orqanizm halına gəlməsində ideoloji təbliğat nə qədər önəmli rol oynamışdırsa, eləcə də azərbaycanlıların milli-siyasi düşüncəsinin fərqli şəkilləndirilməsində təbliğat alətlərinin eyni dərəcədə rol oynadığı söylənə bilər. Son olaraq, dövlətlərin siyasi oriyentasiyası onları formalaşdıran toplumun mədəni-siyasi və ideoloji istiqamətləndirilməsini şərtləndirir. Burada həm də sistem təsirləri mühüm rol oynayır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. /06 sentyabr 2024/ – https://president.az/az/articles/view/66804
- Əhmədli, R. (2007). Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi: türkçülük, müasirlik, islamçılıq. Bakı: Elm
- Əhmodov, B. (2016). Türkləşmək, müasirləşmək, islamlaşmaq üçlü düsturu kimindir?. – https://turan.info.az/edebiyyat/edebiyyatshunasliq/670-trklmk-masirlmk-islamlamaq-l-dsturu-kimindir-iii-mqal.html
- Cəlilzadə, Ş. (2024). Bakı Peterburqda mövqeyini qətiləşdirdi – niyə BRİCS?. – https://musavat.com/news/baki-peterburqda-movqeyini-qetilesdirdi-niye-brics-niye-indi_1085625.html
- Ömərov, V. (2012). M.F. Axundzadənin əsərlərində azərbaycançılıq ideyaları. // “Səs” qəzeti, s. 13. – https://www.anl.az/down/meqale/ses/2012/mart/238090.htm
- STM, “Azərbaycan cəmiyyəti hansı ölkələrə yaxınlıq hiss edir? – İctimai rəy sorğusu”, https://stm.az/az/news/1176/azerbaycan-cemiyyeti-hansi-olkelere-yaxinliq-hiss-edir-ictimai-rey-sorgusu
Türk dilində:
- Cafersoy, N. (2002). “Rus jeopolitik düşüncesinde misyon arayışları”, // Avrasya Dosyası, S. 8(4), ss. 51-101.
- Doğan, A. və Batar, H. (2019). “Siyasal kimlik, hayat tarzı ve siyasal tercih: Malatya seçmeni üzerine bir araştırma”, // Selçuk Üniversitesi Sosyal Bilimler Meslek Yüksekokulu Dergisi, S. 22(2), s. 932
- Doğanay, H. (2011). “Türk Dünyasının Siyasi Sınırları, // Doğu Coğrafya Dergisi, S. 1(1), s. 25
- Dursun, D. vd. (2018). Siyaset Bilimi, TC Anadolu Üniversitesi Yayını, Eskişehir, s. 93
- Ersöz, E. və Uslu, D. (2005). “Doğu-Batı karşılaşmasında çatışmaz, karmaşa ve muhtemel bir uzlaşma”, // Tiyatro Eleştirmenliği Ve Dramaturji Bölümü Dergisi, S. 7, s. 67-86.
- Eyidiker, U. (2019). “Siyasal davranış: siyasal katılıma giden yol”, // Journal of Social, Humanities and Administrative Sciences, S. 5(18), ss. 704-719.
- Landau, J. (1999). Pantürkizm, (tər. Mesut Akın), İstanbul, Gündüz Basım Yayım.
- Parlar, S. (2005). Osmanlı`dan günümüze gizli devlet, İstanbul, Mephisto Basım.
- Tamer, M. (2014). “Kimliklerin seyrine bir keşif”, Folklor Edebiyat, S.20(77), s. 83
- Tekiner, U. (2020). “The European (Union) Identity: an overview”, E-International Relations, https://www.e-ir.info/2020/04/15/the-european-union-identity-an-overview/
İngilis dilində:
- Afota, A. vd. (2024). “Expansion of BRICS: what are the potential consequences for the global economy?”, https://www.banque-france.fr/en/publications-and-statistics/publications/expansion-brics-what-are-potential-consequences-global-economy
- ANCA Policy Memo: Azerbaijan Sanctions Review Act of 2024 (H.R.8141) https://anca.org/sanctionsbrief/
- Berenskoetter, F. (2010), “Identity in international relations”, The International Studies Encyclopedia, C 6, Wiley-Blackwell, London s. 3595
- Congressional Research Service (2024). “NATO enlargement to Sweden and Finland”, report https://crsreports.congress.gov/product/pdf/IN/IN11949
- Cordesman, A. (2023). “China`s emergence as a superpower”, CSIS report, https://www.csis.org/analysis/chinas-emergence-superpower
- Dyer, P. (2024). “Can BRICS Really Drop the Dollar?” https://mecouncil.org/blog_posts/can-brics-really-drop-the-dollar/
- EU Council, (2024). “European Peace Facility: Council adopts the first ever assistance measure in support of the Armenian Armed Forces”, https://www.consilium.europa.eu/en/press/press-releases/2024/07/22/european-peace-facility-council-adopts-the-first-ever-assistance-measure-in-support-of-the-armenian-armed-forces/
- European Parliament resolution of 9 November 2023 on the effectiveness of the EU sanctions on Russia, https://www.europarl.europa.eu/doceo/document/TA-9-2023-0397_EN.html
- European Parliament resolution of 10 March 2022 on the destruction of cultural heritage in Nagorno-Karabakh (2022/2582(RSP)) https://www.europarl.europa.eu/doceo/document/TA-9-2022-0080_EN.html
- Greene, R. (2023). “The Difficult Realities of the BRICS’ Dedollarization Efforts”, https://carnegieendowment.org/research/2023/12/the-difficult-realities-of-the-brics-dedollarization-effortsand-the-renminbis-role?lang=en
- Heath, T. vd. (2022). “The Return of Great Power War: scenarios of systemic conflict between the United States and China”, research report of RAND Corporation. https://www.rand.org/content/dam/rand/pubs/research_reports/RRA800/RRA830-1/RAND_RRA830-1.pdf
- Jütten, M. (2024). “Expansion of BRICS: A quest for greater global influence?”, Briefing of European Parliament, https://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2024/760368/EPRS_BRI(2024)760368_EN.pdf
- McMahon, R. (2003). Cold War: A very short introduction, Oxford, Oxford University Press.
- Pagden, A. (2002). “Europe: Conceptualizing a Continent”, Cambridge University Press, UK.
- Pettyjohn, S. (2022). “War with China: five scenarios”, Global Politics and Strategy, S. 64(1).
- Sonboli, N. (2024). “BRICS as an alternative rule maker in global governance”, https://valdaiclub.com/a/highlights/brics-as-an-alternative-rule-maker-in-global-world/
- Statista, “Dünyada ən yüksək hərbi xərcləri olan dövlətlər”, https://www.statista.com/statistics/262742/countries-with-the-highest-military-spending/#:~:text=The%20United%20States%20led%20the,dollars%20dedicated%20to%20the%20military
- Ting, H. (2008). “Social Construction of Nation – A theoretical Exploration”, Nationalism and Ethnoc Politics, S. 14, ss. 453-482
- Wall, de T. (2021). “In the South Caucasus, can new trade routes help overcome a geography of conflict?”, https://carnegie-production-assets.s3.amazonaws.com/static/files/de_Waal_South_Caucasus_Connectivity.pdf
- Zehfuss, M. (2001). “Constructivism and identity: a dangerous liaison”, European Journal of International Relations, S. 7(3), ss. 315-348
- 1314th Plenary Meeting of the Permanent Council https://www.osce.org/permanent-council/488347
- 1478th meeting of the Committee of Ministers on 18 October 2023 EU statement on Armenia/Azerbaijan https://www.eeas.europa.eu/delegations/council-europe/1478th-meeting-committee-ministers-18-october-2023-eu-statement-armeniaazerbaijan_en?s=51
Rus dilində:
- Морозов В.Е. (2006). Понятие государственной идентичности в современном теоретическом дискурсе. -https://www.perspektivy.info/print.php?ID=36014
- Рабочий визит Алексея Оверчука в Республику Армения. /13 сентября 2024/ – http://government.ru/news/52691/
Shahla Jalilzadeh
Azerbaijani Public Opinion on European Union and China
Abstract
Globalization is often seen as a force that blends the identities of individuals and societies into a more global identity by exerting dominant ideological influences on their cultural and socio-political perspectives. However, in the present day, the sense of identity held by individuals, social groups, states, and organizations plays a more crucial role in international relations than ever before.
This article examines the natural and external factors that shape national identity and influence the formation of political thought within society, particularly in Azerbaijan. It explores the re-polarization tendencies between the Eastern bloc, led by Russia and China, and the Western bloc, led by the US and the EU, following the collapse of the bipolar world order in 1991. The article also analyzes Azerbaijan’s policy positioning between these blocs after the 2020 Patriotic War (Second Karabakh War). Furthermore, it investigates the factors influencing Azerbaijanis’ attitudes towards the EU and China, based on a public opinion poll, and how these factors shape their political thinking.
Keywords: national identity, political thought, political polarization, EU, China, Azerbaijan
Шахла Джалилзаде
Общественное мнение о ЕC и Китае в Азербайджане
Резюме
Глобализация направлена на формирование более широкой идентичности, оказывая значительное влияние на культурные, социальные и политические взгляды людей и обществ. Тем не менее, в современном мире чувство национальной и социальной идентичности — как на уровне отдельных личностей, так и на уровне государств и организаций — играет более значимую роль в международных отношениях, чем когда-либо прежде.
В статье анализируются внутренние и внешние факторы, определяющие национальную идентичность и влияющие на формирование политических взглядов общества, в частности в Азербайджане. Рассматриваются изменения, произошедшие после завершения биполярного миропорядка в 1991 году, процесс реполяризации между Восточным блоком (во главе с Россией и Китаем) и Западным блоком (во главе с США и ЕС). Также исследуется формирование внешнеполитического курса Азербайджана в условиях конкуренции этих сил после Отечественной войны 2020 года.
Ключевые слова: национальная идентичность, политическая мысль, поляризация, ЕС, Китай, Азербайджан