İlkin ƏHMƏDZADƏ

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı

(Bakı, Azərbaycan)

 

E-mail: dipomatd325@gmail.com

ORCID: 0009-0000-3186-6497

UOT-327

 

Xülasə. XXI əsrin əvvəllərində dünya nizamına ciddi təsir göstərən amillər sırasında ABŞ-da 2001-ci il sentyabrın 11-də baş verən terror hadisələri mühüm əhəmiyyətə malikdir. Süni şəkildə və ya qəsdən törədilməsindən, habelə geosiyasi nəticələrindən asılı olmayaraq 11 sentyabr terroru ilə bağlı diskussiyalar səngimir, tədqiqatların aparılması davamlı xarakter daşıyır. Təsadüfi deyildir ki, 11 sentyabr terroruna qarşı sistemli, məqsədyönlü və kollektiv şəkildə həyata keçirilən mübarizə epoxanın başlanğıcı kimi qeyd edilir. ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə adı altında apardığı işğalçılıq mübarizəsi onun dünya hegemonluğuna nail olmasına hədəflənmişdir. Məqalədə milli, türk və rusiyalı müəlliflərin tədqiqatlarına, habelə kütləvi informasiya vasitələrinin materiallarına əsasən 2001-ci ildən sonra yaranmış beynəlxalq vəziyyət təhlil edilir, ABŞ-ın hegemonluq siyasətinin şəciyyəsi verilir və BMT-nin antiterror koalisiyasının yaradılması sahəsində apardığı mübarizə elmi-praktiki baxımdan təhlil edilir.

Açar sözlər: ABŞ, BMT, 11 sentyabr 2001-ci il, Yaxın Şərq, islam faktoru, hegemonluq, beynəlxalq terrorizm, antiterror, enerji maraqları, dünya nizamı, siyasi fikir, geosiyasi rəqabət

 

 

GİRİŞ

 

Dünya birliyinin beynəlxalq terrorizmlə mübarizəyə məqsədyönlü, kompleks və qismən kollektiv şəkildə başlaması başa vurduğumuz yüzilliyin sonlarında yaranmış beynəlxalq vəziyyətlə bağlı idi. Məlum olduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həm erməni terrorçuluğunun praktikasına əsasən, həm də güclənməkdə olan terrorizm təhlükəsinin fəsadlarını irəlicədən proqnozlaşdıraraq hələ 1999-cu il iyunun 18-də “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunu imzalamaqla beynəlxalq münasibətləri hədələyən bu təhlükə ilə bağlı Bakıdan dünya birliyinə çağırış etmişdi. Hələ keçən əsrin sonlarında baş vermiş məlum hadisələrdən, dünya sosializm sisteminin dağılmasından və SSRİ-nin süqutundan sonra qlobal gücə çevrilən Amerika Birləşmiş Ştatları təkqütblü dünya nizamının formalaşması, hegemonluğunun dünyaya qəbul etdirilməsi üçün tədricən onilliklər boyu hazırladığı layihələri reallaşdırmaq üçün məqam axtarırdı. Belə imkan 2001-ci il 11 sentyabr hadisələrindən sonra yarandı. Qlobal hegemonluğun dünyaya qəbul etdirilməsinin kifayət qədər çətinliyi elə bir strateji konsepsiyanın hazırlanmasını tələb edirdi ki, onun reallaşdırılması dövlətlərin ABŞ-ın ətrafında birləşməsini mümkün etsin ki, Vaşinqtonda baş vermiş 11 sentyabr terror hadisələri müəyyən müddət üçün buna imkan verdi.

Mövcud politoloji fikirə görə, ABŞ-da 11 sentyabr terror aktları “soyuq müharibə”yə və onun doğurduğu qloballaşmaya reaksiya olaraq onun rəmzi olan strukturlara qarşı qloballaşmanın öncülü olan bir ölkədə həyata keçirilməsini təsadüfi hesab etmək olmaz. 11 sentyabr hücumlarının ABŞ-ın simvolu olan Dünya Ticarət Mərkəzinə və hərbi gücünün simvolu olan Pentaqona qarşı yönəldilməsi kifayət qədər incə ştrixlərə malikdir. Bununla belə, 11 sentyabrı dünya nizamı tarixinin dönüş nöqtəsi hesab etmək üçün kifayət qədər tutarlı faktorlar, eyni zamanda sual doğuran bir xeyli məqamlar mövcuddur. Bu hücumlar nə adi terror aktı, nə də hər hansı dəhşət şousu idi, baxmayaraq ki, 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyası ölkələrı terrorizmdən müdafiə olunmaq və onu önləmək üçün birləşmiş, bəşəriyyətin fundamental hüquq və azadlıqlarını məhdudlaşdırmağı hədəfləyən yanlış təcrübəyə getmişdilər [6, s.26-27].

 

Əsas mətn:

  1. Beynəlxalq terrorizmlə mübarizə adı altında ABŞ-ın xarici siyasət xəttinin prioritetləri

 

ABŞ-ın terrora qarşı mübarizəyə başlamasını keçən əsrin 80-ci illərinin əvvəllərinə təsadüf etdiyini qeyd edən müəlliflər 11 sentyabr hadisələrini müxtəlif mövqelərdən qiymətləndirirdilər. Məlum olduğu kimi, ABŞ Prezidenti R.Reyqan nəinki İraqı və İranı, habelə Şimali Koreyanı da “şər üçbucağı”na aid etmiş və bu ölkələrin adlarını terroru dəstəkləyən ölkələrin siyahısına salmışdı. ABŞ-ın Liviyanı terrorizmi himayə etməkdə təqsirləndirməsi Liviyanın qeyri-kapitalist yolu seçməsi və Liviya müxalifətinə qarşı apardığı mübarizə ilə sıx bağlı idi. Belə ki, 1980-ci ilin aprelində Liviya Prezidenti M.Qəddafi liviyalı siyasi mühacirlərin vətənə qayıtmalarını tələb etdi və qısa müddətə Qərbi Avropada və Yaxın Şərqdə 20 liviyalı dissident öldürüldü. 1981-ci ilin mayında R.Reyqan Vaşinqtondakı Liviya səfirliyinin bağlanmasını tələb etdikdən sonra M.Qəddafi ABŞ prezidentinin öldürülməsinə hazırlaşmağa dair əmr verdi. Liviyanın ərazi suları amerikanlar üçün bağlandı. ABŞ-ın Aralıq dənizindəki 6-cı donanması 1981-ci ilin avqustunda Liviyaya qarşı hərbi əməliyyata başladı, cavabında Liviya radikalları Qərbi Avropada bir neçə terror aktı törətdilər. ABŞ və İngiltərə aviasiyasının Tripoliyə havadan endirdiyi zərbələr də gözlənilən nəticəni vermədi, baxmayaraq ki, 1986-cı ilin aprelində M.Qəddafinin komanda məntəqələri bombardman edildiyi zaman iki oğlu yaralandı, qızı isə həlak oldu [5, s.78]. Bununla belə, Liviyanı götürdüyü strateji xətdən və SSRİ ilə əməkdaşlıqdan nəinki çəkindirmək mümkün olmadı, əksinə, Liviya-SSRİ münasibətləri daha da istiləşərək strateji partnyorluğa çevrildi.

ABŞ əslində terrorizmə qarşı mübarizəni özünəməxsus qaydada, daha dəqiq desək, dövlət terrorizmi yolu ilə aparırdı. Buna ən bariz nümunə kimi 1985-ci ilin iyununda Fələstindəki qırğınlara etiraz olaraq Romadan Afinaya uçan təyyarənin qaçırılmasına Ağ ev tərəfindən cavab tədbirlərini göstərmək olar. Bu hadisədən sonra ABŞ-ın müdafiə naziri K.Vaynberqer bəyan etmişdi ki, bu, müharibə idi və bu hərəkətdən sonra həqiqi müharibə başladı. Məhz R.Reyqanın prezidentliyi dövründə ABŞ-da terrorizm daim istifadə olunan terminə və cəza üsuluna çevrildi və “demokratiyaya qarşı fəaliyyət” anlayışı kimi istifadə olunmağa başladı. NATO-nun 1990-cı ildə keçirilən London sammitində beynəlxalq terrorizm “soyuq müharibə”dən sonra istifadə edilən ən mühüm təhlükələrdən biri mənasını qazandı. Bununla belə, 1990-cı illərin ortalarına qədər ABŞ ictimaiyyəti üçün terror dövlətin xaricdə yerləşən diplomatik və ya hərbi obyektləri üçün təhlükə kimi görülürdü.

Beynəlxalq terrorizmlə mübarizəyə daha ciddi şəkildə əhəmiyyət verilməsi ona gətirib çıxardı ki, ABŞ bu mübarizəni daha səmərəli etmək üçün belə mübarizəni aparan dövlətləri maliyyələşdirməyə başlamaqla onları bu mübarizəyə qoşulmağa nail oldu. Bu məqsədlə 1976-1977-ci illərdə baş verən terror hadisələri ilə əlaqədar həmin ildə ABŞ-ın etdiyi bütün yardımların 68 faizi Argentinanın, Braziliyanın və Çilinin payına düşmüşdü. 1979-cu ildə Latın Amerikası ölkələrinə hərbi yardım üçün 32,1 milyon dollar, 1980-ci ildə 38,7 milyon dollar vəsait ayrılmışdı [15, s.416-417]. Nikaraqua xalqının qələbəsindən sonra ABŞ Mərkəzi Amerika ölkələrinə yardımı artırmağa çağırmışdı ki, sosial irəliləyişlərə müqavimət göstərməyə, o cümlədən Nikaraquada bu cür irəliləyişlərə müqavimət göstərməyə qabil olanların mövqeyi möhkəmləndirilsin. ABŞ Dövlət katibinin Amerika qitəsi işləri üzrə köməkçisi açıq şəkildə etiraf etmişdi ki, bu hökumətlərin təhlükəsizliyini təmin etmək məqsədilə göstərilən yardımlar bizim saysız-hesabsız və müxtəlif mənafelərimizin möhkəmləndirilməsi üçün ən mühüm vasitədir [16, s.124-126]. ABŞ əslində bununla gələcək üçün planlaşdırdığı hegemonluğun yollarını təmizləyirdi.

Azərbaycanlı müəlliflərdən E.Qələndərova yazırdı ki, terrorizm müasir dövrün ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalar əldə edən, daha hədələyici miqyaslar alan təzahürlərdən biridir. Terror aktları insan tələfatı ilə nəticələnir, böyük insan kütlələrinə güclü psixoloji təzyiq göstərir, yenidən bərpası bəzən mümkün olmayan maddi və mənəvi dəyərləri məhv edir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığın və nifrətin yaranmasına səbəb olur. Son əsr boyunca terrorizm bir hadisə kimi təzahürünü əhəmiyyətli dərəcədə dəyişmişdir [4, s.103]. Qeyd edilənlər bütün incəliyi ilə 2001-ci il 11 sentyabr terror hadisələrində özünü nümayiş etdirmişdi

Məlum olduğu kimi, XX əsrin 90-cı illərində terror hadisələrinin əsasən Yaxın Şərq regionunda, xüsusilə İraqda, Suriyada, Fələstində, Yəməndə və s. ölkələrində baş verməsini bu dövrə aid statistika da əyani olaraq göstərir. Bu dünya imperializminin neomüstəmləkəçilik siyasətinə qarşı mübarizənin geniş yayılmış forması hesab edilir. Belə ki, İraqda, Yəməndə, Suriyada, Somalidə, Tanzaniyada, Keniyada və s. ölkələrdə baş verən terror aktlarında adı çəkilən çoxsaylı terrorçuların içərisində Usamə bin Ladenin də adına rast gəlinirdi. ABŞ-dakı Dünya Ticarət Mərkəzinə və Pentaqona edilən hücumlarla bağlı cəmi iki gün sonra U.bin Ladenin adının çəkilməsi elmi-siyasi fikirdə bu günə qədər müzakirə edilən çoxsaylı suallar doğurdu. Bu şəxsin və onun rəhbərlik etdiyi Əl-Qaida təşkilatının başlıca hədəfləri qərbyönümlü hesab etdikləri hökumətləri aradan qaldırmaq və müqəddəs yerləri kafirlərin əlindən xilas etmək idi [21].

Yeni minilliyin əvvəllərindən etibarən ABŞ-ın hegemonluq ambisiyalarının xüsusilə güclənməsi onun həm daxili, həm də xarici siyasətində açıq şəkildə müşahidə olunurdu. Bu baxımdan önəmil fakt ondan ibarət idi ki, ABŞ-da 2000-ci il prezident seçkilərində qalib gələn C.Buşun əhatəsi əsasən mühüm şirkətlərin menecerləri, ya da kəşfiyyat orqanlarında böyük vəzifələr tutan şəxslər idilər. Bu C.Buşa imkan verirdi ki, ata C.Buşun edə bilmədiyini etmək üçün fəaliyyətə başlasın. Bunun üçün ABŞ-ı bütün dünyaya təcavüzün qurbanı kimi təqdim etmək və ekiz qüllələri qurban vermək lazım gəlirdi. Təsadüfi deyildi ki, 11 sentyabr hadisəsindən sonra bu günədək baş verənlər və güdülən məqsədlərlə bağlı müzakirələr dünya kütləvi infarmasiya vasitələrində, qərb, rus, türiyəli müəlliflərin tədqiqatlarında davam etməkdədir. Bu müzakirələrin araşdırılması Amerikanın hadisələrdən sonra bəyan etdiyi antiterror strategiyasını və onun uzağagedən nəticələrini anlamaq üçün vacibdir.

Beynəlxalq terror təşkilatlarının başçıları, o cümlədən, “Əl-Qaidə” terror təşkilatının rəhbəri Usamə bin Laden 11 sentyabr hadisələrindən xeyli əvvəl, 1998-ci ildə ABŞ-ın islam dünyasına qarşı yeritdiyi siyasətə cavab olaraq Qərbə müharibə elan edəndə heç kim bunu ciddi qəbul etməmişdi. Bununla belə, ABŞ kapitalizminin simvolları sayılan binalara edilən qəfil hücumların yaratdığı dəhşətli vəziyyəti BMT tərəfindən anti-terror Bəyannaməsinin meydana gəlməsinə səbəb oldu. Əvvəllər Qərb üçün potensial olaraq xarakterizə edilən terror təhlükəsi 2001-ci ilin 11 sentyabrından sonra reallığa çevrildi. 11 sentyabr hadisələrindən sonra dünyada baş verənlərin, antiterror kampaniyalarının politoloji təhlili ABŞ-ın böyük perspektivlərə malik məkrli niyyətlərinin olduğuna şübhələr yaratdı. Türkiyə, Rusiya, ərəb və Qərb politoloji fikrinin nümayəndələri baş verənlərə münasibətdə fərqli mövqelər səsləndirməyə başladılar ki, bu mövqelər həm obyektiv, həm də qərəzli xarakter daşıyırdı.

 

  1. Müasir politoloji fikirdə ABŞ-da 11 sentyabr 2001-ci il terror hadisələrinin mahiyyəti və məqsədlərinin təhlili

 

Türk müəlliflərindən C.Özdiker, S.Çayçı, B.Dədəoğlu və başqaları 11 sentyabr terror aktının ABŞ-ın özü tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini qeyd edirdilər. Bu müəlliflərə görə, ABŞ Konqresinin 11 sentyabr komissiyasının hesabatı bütövlükdə araşdırıldıqda ABŞ rəhbərliyinin bu hücumların qarşısını asanlıqla ala biləcəyini açıq şəkildə görmək mümkündür. 11 sentyabr hadisələrinin əhəmiyyətini və uzağagedən nəticələrinin böyüklüyünü nəzərə alsaq, Əfqanıstan dağlarında yerləşməklə mübarizə aparan kiçik islam döyüşçüləri qrupunun belə bir əməliyyat keçirməsi ehtimalı elə də inandırıcı görünmür. Digər tərəfdən, 11 sentyabr hücumlarının Əfqanıstan dağlarında İslam inqilabçısı rolunu oynayan ABŞ-ın keçmiş MKİ əməkdaşları tərəfindən həyata keçirilməsi də mümkün deyildir. Lakin hadisələrdən dərhal sonra hədəf kimi ABŞ-da baş vermiş terror hadisələrinin səbəbkarı ola biləcək dövlətlərin deyil, Usamə bin Ladenin göstərilməsi terror hadisəsinin sui-qəsd olduğunun və ciddi şəkildə planlaşdırılaraq həyata keçirildiyinin göstəricisidir [14, s.96-98]. Təsadüfi deyildir ki, çox tezliklə digər müəlliflərin də analoji nəticələrə gəldiyini görürük. Baş vermiş terror hadisələrindən sonra ABŞ-ın antiterror koalisiyası yaradaraq terrorizmə qarşı sistemli mübarizəyə başladığını və ya BMT-nin rəhbərliyi altında Antiterror Sisteminin yaradıldığını görmürük, əksinə terrorizmə qarşı mübarizə adı altında özünün qlobal hegemonluğunu yaratmağa çalışdığını müşahidə edirik ki, bunun hansı perspektivlərə gətirəcəyi naməlumdur, məlum olan dünya siyasətində hegemonluğa nail olmaqdır.

Hər hansı terror aktı ilk növbədə onun yaratdığı təhlükələrin nəticələrinin müzakirəsindən başlanır. B.Dədəoğlu və E.Çitlioğlu kimi müəlliflərə görə, ABŞ liderləri Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yetişdirilmiş Əl-Qaidə terrorçularının 11 sentyabr hücumundan sonra S.Hantinqtonun “sivilizasiyaların toqquşması” adı altında irəli sürdüyü yeni strategiyasını həyata keçirməyə başlamışdır. Onlar bunu “terrorçuluqla müharibə” adlandırırdılar. Bu müharibənin əsasını qoyan 11 sentyabr hücumlarının ABŞ xəfiyyə orqanlarının xəbəri olmadan həyata keçirilə bilməsi mümkün deyildir. Müəlliflərə görə, əslində Əl-Qaidə ilə bağlı bütün məlumatlar ABŞ kəşfiyyatının əlində idi. Lakin Amerika dərin dövlətinin aparıcı “şahinləri”nin məxfi maraqları ucbatından bu əlaqələr şəbəkəsinin üstü, yəqin ki, heç vaxt açılmayacaqdır. ABŞ-ın simvolları olan binalara hücumları din adına hərəkət etdiyini düşünən bir fanatik deyil, dövlət aparatında Prezident C.Buşu istiqamətləndirməyi bacaran bir qrup dünya nizamına təsir etmək məqsədi ilə həyata keçirmişdir [7, s.29;9, s.5-6].

Toplanmış materialların təhlili göstərir ki, Usamə bin Ladenin terror təşkilatı yaratmaq və inkişaf etdirmək üçün iqtisadi imkanları yetərli olmuşdu. Lakin mənbələrə görə, bu təşkilatın yaranmasında həqiqətən diqqət çəkən başlıca məqam ABŞ-ın onun yaradılmasında olan roludur. ABŞ 1993-cü ildən sonra bir çox qanlı aksiyaların təşkilatçısı kimi göstərdiyi U. bin Ladenin həbsinə uzun müddət order verməmişdi. Onun üçün ilk həbs orderi 1998-ci ildə Liviya məhkəməsi tərəfindən onun iki alman məxfi agentinin qətlində iştirakı sübut edildikdən sonra verilmişdi. Türk tədqiqatçısı E.Soltan qeyd edirdi ki, U. bin Ladendən daha çox ABŞ-ın daxilindəki bir qrup digər qruplarla yüksək səviyyədə əməkdaşlıq edərək 11 sentyabr terror aktlarını həm planlaşdırmış, həm də həyata keçirmişdilər [10, s.30].

Müasir Qərb mətbuatında, habelə tədqiqatlarda beynəlxalq terrorizm fenomeni bir çox hallarda birtərəfli yanaşmaya məruz qalır, ABŞ təcavüzün qurbanı kimi təqdim edilməklə onun bundan sonrakı fəaliyyətlərinə haqq qazandırılır. Qeyd etdiyimiz kimi, 11 sentyabr hücumlarının məntiqi izahı ABŞ-ın gələcəyə istiqamətlənmiş məkrli planları ilə bağlı idi, bu hadisəyə dünyada tək hegemon qalmağa imkan verən bir fürsət kimi baxılırdı. Hücumların necə baş verməsi, ABŞ-ın müdafiə sisteminin imkanları və dəymiş zərərin dərəcəsi birlikdə qiymətləndirildikdə məlum olur ki, Ağ ev rəhbərliyi bu hücumları müxtəlif məqsədlər üçün təbliğat məqsədilə planlaşdıraraq həyata keçirmişdir. Terrordan xeyli sonra yayılan informasiyalarda həmin gün göydələnlərdə yəhudi mənşəli heç kəsin olmadığı bildirilirdi. ABŞ ictimai fikirdə yaranmış nifrəti Şərqə istiqamətləndirmək üçün informasiya vasitələrində apardığı təbliğatla terrorçuluğa qarşı mübarizədə lazımi dəstəyi qazandı. Terror aktından sonra bütün dünyanın gözü CNN televiziyasında canlı yayımlanan xəbərlərdə idi, ABŞ təbliğat maşını tam gücü ilə işləyirdi. V.Laqur, G.Timoti kimi Qərb müəllifləri islam ölkələrini hədəfə alsalar da, prezident C.Buş bunu müsəlman dünyasına qarşı dini müharibə kimi qələmə vermək fikrini sözdə pisləyirdi. Halbuki, həmin dövrdə enerji qaynaqlarının bol olduğu Orta və Yaxın Şərq coğrafiyasına diqqət yetirərkən görürük ki, burada Rusiya və Çinin nüfuzu daha böyükdür, onların bölgə ölkələri ilə münasibətlərinin yaxınlığı buradakı tarazlıqların əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərirdi. Bunun qarşısını almaq üçün ABŞ-ın, bütövlükdə Qərbin səyləri yetərli olmamışdı. Belə ki, Rusiya və Çinin Yaxın Şərq siyasəti ümumilikdə Qərbin inkişaf etmiş imperialist dövlətlərinin siyasətindən əsaslı şəkildə fərqlənirdi və ərəb ölkələri ilə tərəfdaşlıq və qarşılıqlı faydalı iqtisadi əməkdaşlı üzərində qurulmuşdu [12, s.109-114; 13, s.217-219]. Hazırda BRİKS-in yaradılması və genişləndirilməkdə olduğu dövrdə onunla əməkdaşlıq etməyə çalışan ölkələrin sayı bunun göstəricisidir.

Tədqiqatçılara görə, terrorçuluqda fəaliyyət formaları zamanla dəyişir, bununla birlikdə təşkilati strukturların və üzvlərin ünsiyyətinin də dəyişdiyini müşahidə edirik. Halbuki, çox dağınıq bir quruluşa sahib kimi görünən Əl-Qaidə kimi bəzi təşkilatların diqqətəlayiq bir sistemə sahib olduğunu da görürük. Əl-Qaidə tək bir struktur deyil, bir çox alt qrupları olan və digər təşkilatlar tərəfindən dəstəklənən bir təşkilati quruluşa malikdir. Əl-Qaidə və buna bənzər təşkilatların kimin hansı səviyyələrdə olduğunu və ya bu cür təşkilatların bəzi insanları yönləndirdiyi kimi maskalanan müəyyən subyektlərin olub-olmadığını bilmək mümkünsüzdür. Eynilə, bombardmançıların “Əl-Qaidə” tərəfindən göndərildiyinin düşünülməsi və “partla” əmrinin haradan verilməsi də ciddi suallar döğurur.

ABŞ-da 11 sentyabr hadisələrinə müasir KİV-in, politoloqların, diplomatların, araşdırmaçıların fərqli münasibətinin olması onun nə dərəcədə mürəkkəb və ziddiyyətli fenomen olduğunun göstəricisidir. U. bin Ladenin şəxsiyyətinə yanaşma da kifayət qədər müxtəlifdir. Tədqiqatçılara görə, Usamə bin Laden ABŞ-ın ailə sirridir. Belə ki, tədqiqatçılara görə, Buş ailəsi ilə bin Laden ailəsi arasında çoxşaxəli ticarət əlaqələri ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlıqdan qat-qat sıxdır. Usamə bin Ladenin qardaşları Qərb universitetlərini bitirdikdən sonra bu ölkələrlə sıx əlaqələr qurarkən bin Laden ərəb (xüsusən də vəhhabi) təhsili alıb və buna uyğun həyat tərzi keçirib. Bununla belə, Buş ailəsi ilə mühüm iş ortaqlığı olan ailəsi ilə əlaqələrini heç vaxt kəsməmiş, əksinə daha da genişləndirmişdi. Deməli, Usamə bin Laden və ətrafındakıların bir çoxu “Əl-Qaidə”nin komandirləri və döyüşçüləri qismində ABŞ-ın düşmənləri deyil, onun agentləridir [11, s. 122-124]. Belədə, Prezident C.Buşun öz ticarət ortağı və agentini terrorizmdə ittiham etməsi və fiziki cəhətdən məhv etməsinini, Ağ evin sərəncamında olan KİV-ə tətbiq edilən senzuranı necə başa düşmək olar?!

Vaşinqtonda törədilən terror hadisələrindən sonra baş verənlərin təhlili bu terror hadisəsinin həmin dövlətin kəşfiyyat xidmətinin işi olması nəticəsinə gəlməyə imkan verir. Belə ki, 11 sentyabr hücumlarının arxasında duran əsas siyasi məqsədin Yaxın Şərqdə ABŞ yönümlü ərəb rejimlərini devirmək olduğunu deməyə kifayət qədər tutarlı əsaslar var. Əl-Qaidəyə qarşı mübarizə adı altında ABŞ-ın Əfqanıstana və İraqa girməsini “xüsusi məşq” kimi qiymətləndirmək olar. Yaranmış şəraitdə Əl-Qaidənin mübarizəni davam etdirməsinin ən mühüm səbəbi Qərbə qarşı əzilmiş Şərq coğrafiyasının müqavimətini üzərinə götürməsidir. Bundan əlavə, bölgənin coğrafi quruluşu, siyasi nüfuzunun zəifliyi, bu sahədə kəşfiyyat məlumatlarının əldə edilməsinin çətinliyi kimi faktorlar təşkilatın uzun illər süquta uğradıla bilməməsinin mühüm səbəblərindəndir. ABŞ-ın Yaxın Şərq siyasətinə stimul verən də məhz bu idi.

Nəzərə almaq lazımdır ki, “Əl-Qaidə”nin siyasi bazasını təşkil edən mücahidlər təkcə mədrəsə təlimi keçmiş 2500 nəfərin öz ətrafında yaratdığı 250 min nəfərlik bir silahlı qüvvədən ibarət deyildir, baxmayaraq ki,onlara silahlı təlimlər Pakistan ordusu tərəfindən ABŞ ilə əməkdaşlıq çərçivəsində verilmişdi. Taliban üzvlərinə özlərindən başqa heç kimi müsəlman hesab etməyən vəhhabi zehniyyəti aşılanmışdı. Bu anlayışda Qurandakı ayələrin məcazi mənalarına görə təfsir və tətbiqi prinsipi üstünlük təşkil edir. Əfqanıstanda SSRİ-yə qarşı müharibə zamanı özlərini “vəhhabi” adlandıran Səudiyyə Ərəbistanı qrupları qeyri-müsəlman humanitar yardım təşkilatlarının işinə mane olurdular. Digər mücahid qrupları da islamı dözümsüz şərh edən “vəhhabi” qrupları bəyənmirdilər [8, s.31]. Məhz belə bir şəraitdə Usamə bin Laden ABŞ-ın təkidi ilə 1996-cı ildə Sudanı tərk edərək onu qəbul edən Taliban hərəkatının yerləşdirildiyi Əfqanıstana köçmüşdü. Bu vəziyyət Talibanın bölgədə yeganə gücə çevrilməsinə şərait yaratdı. Mücahidlərdən ibarət kiçik bir ərəb icması islama zidd olmaqda ittiham etdikləri öz ərəb hökumətlərini sərt cihadçılıq siyasəti ilə devirmək və müsəlman ölkələrini müsəlman ölkələrinin hökmranlığından azad etmək məqsədi ilə Əfqanıstanda məskunlaşdılar ki, tədricən onların sosial bazası genişlənməyə başladı.

Artıq sübut olunmuşdur ki, “Əl-Qaidə” terror təşkilatının yaranması və fəaliyyətə başlaması birbaşa xarici dəstəklə bağlı olmuşdur. Onun Yaxın Şərqdə oynadığı ən mühüm rollardan biri bir çox dini qrupların radikallaşması və bu cür qrupların fəaliyyət göstərmədiyi ölkələrdə bu anlayışın çiçəklənməsini təmin etmək olub. Fakt kimi qeyd edək ki, 1995-ci ildə Fransada baş vermiş 8 bomba partlayışından sonra bu hadisə ilə bağlı ələ keçirilən hücumçuların hamısının ABŞ-ın Əfqanıstan və Pakistanda qurduğu partizan düşərgələrində təlim keçdikləri ortaya çıxmışdı. Əl-Qaidənin təkbaşına bir və ya bir neçə dövləti hədəf alması mümkün deyildi. Bununla belə, hədəf demək olar ki, tamamilə ABŞ-ın nəzərdə tutduğu istiqamətlər idi ki, bunlara ABŞ-ın şiddətli cavabları gecikmirdi. ABŞ-ın bu cür reaksiyası isə qəzəbli insanların təşkilat sıralarına qoşulmasına səbəb olurdu. ABŞ əməliyyatları CNN televiziyası tərəfindən müqəddəs azadlıq müharibəsi kimi təsvir edilərkən Əl-Cəzirə televiziyasındakı görüntülərdə ABŞ insan hüquq və azadlıqlarını hədəf alan bir şər kimi xarakterizə edilirdi. CNN televiziyası Əl-Qaidəni terrorun qəddar siması ilə təqdim edərkən, Əl-Cəzirə təşkilatın bəyanatlarını dərc edir və onları haqlı olaraq göstərirdi. Lakin dünya media və agentlik sənayesinin yarıdan çoxu Qərb mərkəzli olduğundan insanların hadisələrə baxışı buna uyğun formalaşırdı [9, s.14-16].

ABŞ politoloji fikri və kütləvi informasiya vasitələrinin 11 sentyabr terror hücumlarından dini fanatizmi qızışdırmaq məqsədilə istifadə etdiyinin bariz göstəricisi kimi “islam fundamentalizmi” anlayışının ortaya atılması və tirajlanmasında görürük. Qərbin sahib olduğu informasiya məkanında islam dininin qaydalarına zidd, hətta az məlumatlı olanlar üçün belə başa düşülməsi çətin olan anlayışlar və fikirlərin səsləndirilməsi terrorla islamın əlaqələndirilməsinə xidmət edirdi. Məqsəd Amerika hakimiyyətinin ictimaiyyətə təqdim etdiyi və müsəlmanların fanatik-terrorçu olması imicini formalaşdırmaq idi. Qərb ideoloji təbliğat mərkəzləri xristianlığın tarixində yer alan dini müharibələri, inkivizasiyanı, soydaşlarına tutulan qanlı divanları, “cadugər ovlarını”, “İsa cəmiyyətinin” terror əməllərini görməyərək islam dinini hədəfə götürmüşdülər, halbuki dinimizin tarixində qeyd etdiklərimizin heç biri olmamışdı. “İslam” sözünün mənası “sülh, rifah, təhlükəsizlik” deməkdir. Geniş bir coğrafiyada çox yüksək sivilizasiya və mədəniyyət hökm sürdüyü üçün bu söz əsrlər boyu öz mənasına uyğun yaşamışdır. Heç bir din terroru dəstəkləmir və ya icazə vermir. Çünki bütün dinlər istibdad və zorakılığın təşkilatlanmasına qarşıdır. Zorakılıq zərurət olmadıqca, dini cəhətdən dözümlülük reaksiya formasıdır. İslam tarixində başqa cür düşünənlərə qarşı inkvizisiya oduna atılma nümunəsi yoxdur. İslam sivilizasiyasının yaratdığı geniş tolerantlıq mühitini qəbul edə bilməyən Qərb dövlətləri dünyada zorakılığın və terrorun yayılmasına görə məsuliyyət daşıyırlar. Qeyd edək ki, dini ayrı-seçkilik zəminində nə antiterror koalisiyasını yaratmaq, nə də bu təhlükəyə qarşı mübarizəyə sistemli xarakter vermək mümkün deyildir.

Məlum olduğu kimi, qloballaşma prosesləri dünya tarazlığını pozmaqda, dövlətlərin sərhədlərini mənasızlaşdırmaqda və qarşılıqlı asılılıq münasibətlərini üzə çıxarmaqdadır. Qərbin davamlı şəkildə modernizm ixracı Qərblə Şərq arasında düşmənçiliyi gücləndirdi, beynəlxalq terrorizm isə sosial təhlükəsizliyə ən ciddi təhlükəyə çevrildi. “Soyuq müharibə”nin sona çatması ilə Yaxın Şərq sürətlə qloballaşan dünyada fanatik bir cəmiyyətə çevrilməyə başladı. Qərb politoloji fikri məhz bundan çıxış edərək fanatik müsəlmanların təhlükəli terrorçulara çevrildiyini tirajlamağa başladı. Terrorla mübarizə adı altında ABŞ-ın apardığı “qanunsuz müharibə”yə ən son texnoloji alətlər və silahlarla qarşı çıxmağa çalışan bəzi ölkələr və icmalar da özlərinə məxsus “qanunsuz müharibə” üsulunu işləyib hazırladılar ki, bu, hibrid müharibə idi. Nəticədə İslam kütləvi informasiya vasitələri qlobal terror müharibəsini bir-biri ilə iç-içə olan, mürəkkəb əlaqələr şəbəkəsi ilə dolu və hər iki dinin həqiqətə uyğun olmayan yozumlarından qidalanan qarşıdurma kimi şərh etməyə başladılar ki, belə vəziyyət terrorçuluğa qarşı kollektiv şəkildə aparıla biləcək mübarizəni mümkünsüz edirdi. Yaranmış şəraitdə ABŞ-da 11 sentyabr hadisələri beynəlxalq terrorizmlə mübarizə pərdəsi altında Qərbin uzağagedən niyyətlərinin işinə yaradı. Terrorizmə qarşı mübarizə ABŞ-a iki baxımdan sərfəli idi: birincisi və vacibi antiterror koalisiyasında birləşənlər ABŞ-ın hegemon rolunu qəbul edirdilər, ikincisi isə ABŞ terrorla mübarizə adı altında Yaxın və Orta Şərqi geosiyasi baxımdan öz nüfuz dairəsinə daxil edə və regionun enerji resurslarına sahiblənə bilərdi. SSRİ-nin dağılmasından sonrakı dövrlərdə nə Rusiya, nə də Çin bunun qarşısını almaq gücündə idi. ABŞ-ın niyyətlərindən asılı olmayaraq antiterror koalisiyasının yaradılmasının müsbət cəhəti beynəlxalq təhlükəsizliyə ciddi təhdidə çevrilmiş terrorçuluğa qarşı sistemli mübarizənin əsasının qoyulması idi. Bununla belə, antiterror sistemini gündəmə gətirməyi qeyri-obyektiv hesab edirik.

Müasir tədqiqatçılar ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizəsinin başlamasını Sudanda həyata keçirilənlərlə əlaqələndirirlər. Belə ki, ABŞ 1998-ci il avqustun 20-də Sudandakı Al-Şifa dərman fabrikini bombalayaraq dağıtmışdı. Kəşfiyyat məlumatlarına görə, bu fabrik Əl-Qaidə terrorçularını kimyəvi partladıcı maddələr hazırlamaq üçün materialla təchiz edirdi. Ölkənin əsas dərman istehsalının 90 faizini həyata keçirən Al-Şifa fabriki dağıdılandan sonra tətbiq edilən sanksiyalar nəticəsində dərman istehsalını dayandırmışdı. Bu səbəbdən də öklədə on minlərlə insan dərman çatışmazlığının qurbanı olmuşdu. Usamə bin Ladenin kimyəvi silah istehsal etdiyi iddiası ilə vurulan Əl-Şifa əczaçılıq fabrikinin xarabalıqlarını araşdıran beynəlxalq müşahidəçilər kəşfiyyat məlumatlarının tamamilə səhv olduğunu və bu fabrikdə yalnız aspirin kimi dərmanların istehsal oluna biləcəyini müəyyən etmişdilər [17]. Sudan ictimaiyyətinin qəzəbi nəinki ölkənin, fikrimizcə, ümumilikdə Yaxın Şərq ölkələrinin radikallaşmasında və ABŞ-a qarşı terrorçuluq əməllərinin genişlənməsində mühüm rol oynadı.

ABŞ-ın nəinki Yaxın Şərqdə, bütövlükdə dünya ölkələrində sonralar da apardığı antiterror mübarizəsi arzu etdiyi nəticələri vermədi. Bu o demək idi ki, 11 sentyabr hücumlarını təşkil edənlər və bundan istifadə etməyə çalışanlar gözləntilərində yanıldılar. Belə ki, ABŞ-a qarşı Əl-Qaidənin çətiri altında birləşərək sivilizasiyalararası toqquşmaya səbəb olacaq bir hərəkəti potensial olaraq hədəfləsələr də, gözlədikləri dəstək elə də gərgin olmayan hərəkətlərdən uzağa getmədi. Ən əsası isə islam ölkələri Əl-Qaidə ilə birlikdə xristianlığa qarşı konflikt strategiyasına keçmədilər, heç ABŞ da dünyadan gözlədiyi dəstəyi ala bilmədi. Sentyabrın 11-dən sonra dövlətlər arasında və dünya mediasında bu terror aktlarının kim tərəfindən törədildiyi deyil, dünyanın bundan sonra hansı formada olacağı müzakirə edilməyə başlandı. Təsadüfi deyildi ki, adi vətəndaşlar belə “ABŞ terroru bəhanə edərək öz xarici siyasət məqsədlərinə nail olmağa qərar verdi” fikrini səsləndirir, Əfqanıstan, İraq, Suriya və Liviyanın təsadüfi olaraq hədəf seçilmədiyini qeyd edirdilər [20].

 

  1. ABŞ-ın BMT-nin bayrağı altında antiterror siyasətinin hədəfləri

 

Məlum olduğu kimi, BMT-nin dinc birgəyaşayış normalarının ali prinsiplərindən olan hər bir üzv dövlətin başqa dövlətdə terror hərəkətlərini təşkil etməkdən, qızışdırmaqdan, belə hərəkətlərə kömək etməkdən və ya onlarda iştirak etməkdən, yaxud öz ərazisi hüdudlarında belə hərəkətlərin törədilməsinə yönəldilmiş təşkilatçılıq fəaliyyətinə rəvac verməkdən çəkinməyə borclu olması prinsipi çağırış kimi səsləndi və Təhlükəsizlik Şurasının 12 sentyabr 1368 saylı qətnaməsində yer aldı. 11 sentyabr hücumlarından dərhal sonra məhz Prezident C.Buşun çağırışı ilə BMT Təhlükəsizlik Şurası ABŞ-ı dəstəkləyən və terrorizmi pisləyən bir sıra sənədlər qəbul etdi. Bu baxımdan həmin qətnamənin 3-cü bəndi mühüm əhəmiyyət kəsb edirdi. Burada dünya birliyinin bütün dövlətləri bu terror hücumlarının icraçılarını, təşkilatçılarını və sponsorlarını ədalət mühakiməsinə təslim etmək üçün təcili surətdə birgə səylər göstərməyə çağırılır və vurğulanırdı ki, bu hərəkətlərin icraçılarına, təşkilatçılarına və sponsorlarına kömək edənlər, onları dəstəkləyənlər, yaxud gizlədənlər buna görə birlik qarşısında məsuliyyət daşıyacaqlar [2]. BMT-nin elan etdiyi məqsədlərin aliliyinə, humanizminə və insan haqlarının qorunması sahəsində irəli sürdüyü amallara baxmayaraq elmi-politoloji təhlil göstərirdi ki, dövlətlərin məqsəd və mənafelərinin nəinki fərqliliyi, habelə bir-birinə qarşı daban-dabana zidd olması nəinki antiterror sisteminin yaradılmasına imkan verməyəcək, hətta bu təhlükəyə qarşı sistemli və məqsədyönlü mübarizəni mümkünsüz edəcəkdir.

BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi 1368 saylı qətnamə sonrakı proseslərə yol açdı. Belə ki, ABŞ bu qətnamənin qəbuluna nail olmaqla beynəlxalq terrorizmə qarşı kollektiv mübarizənin başlanmasına nail olurdu, baxmayaraq ki, ABŞ-ın başçılığı altında yaradılmaqda olan koalisiyaya 30-a yaxın dövlət qoşulmuşdu. Məxfiliyi saxlamaq məqsədilə C.Buş bu dövlətlərdən yalnız 15-nin adını çəkmişdi. Həmin siyahıda Azərbaycan Respublikası da yer almışdı. Təsadüfi deyildi ki, BMT TŞ-nin 28 sentyabr 2001-ci il tarixli 1373 saylı qətnaməsinə əsasən, beynəlxalq cinayətkarlığın bütün növlərinə, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizəni məqsədyönlü, əlaqəli və sistemli şəkildə aparmaq üçün Təhlükəsizlik Şurasının Komitəsi təsis edilirdi. Qətnamənin 4-cü bəndinə əsasən, Təhlükəsizlik Şurası beynəlxalq terrorizmlə transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni narkotiklər, çirkli pulların yuyulması, qanunsuz silah dövriyyəsi, nüvə, kimyəvi, bioloji və digər potensial ölümsaçan materialların qanunsuz daşınmaları arasında sıx əlaqə olduğunu qeyd edərək göstərirdi ki, beynəlxalq təhlükəsizlik üçün ciddi hədə  və meydanoxuma olan terror aktına ümumdünya reaksiyasını gücləndirmək məqsədilə milli, subregional, regional və beynəlxalq səviyyələrdə səylərin əlaqələndirilməsini gücləndirmək vacibdir [2].

Müasir tədqiqatçılar beynəlxalq terrorizmə qarşı sistemli və kollektiv şəkildə aparılan mübarizənin başlanğıcını məhz 1373 saylı qətnamənin qəbulu ilə bağlayırdılar. Qətnamənin 6-cı bəndinə görə, onun həyata keçirilməsinə nəzarəti təmin etmək üçün Şuranın bütün üzvlərindən ibarət olan (daimi və müvəqqəti üzvlər nəzərdə tutulurmüəl.) Təhlükəsizlik Şurası Komitəsini təsis etməyi qərara alır və bütün dövlətləri özlərinin bu qətnaməni yerinə yetirmək üçün gördükləri tədbirlər barədə həmin komitəyə 1373 saylı qətnamənin qəbulu tarixindən 90 gündən gec olmayaraq məruzə, sonralar isə komitənin təklif edəcəyi cədvələ uyğun olaraq məruzələr təqdim etmək təklif olunurdu [2]. Əslində, ayrı-ayri dövlətlərin mövqeyi və Qərbin təzyiqləri ucbatından qətnamənin həyata keçirilməsinə sabotaj halları özünü açıq şəkildə göstərirdi.

BMT TŞ-nin Antiterror Komitəsi (Azərbaycan və rus dilindəki qaynaqlarda “əks-terror” və “antiterror” anlayışları eyni mənalarda işlədilirmüəl.) 1373 saylı qətnaməyə əsasən yaradılmışdı. Qətnamədə və sonrakı sənədlərdə Komitənin fəaliyyət mexanizmi və iş prinsipləri müəyyən olunurdu. Komitə 15 üzvdən ibarətdir, 2022-ci ilə qədər ona Rusiyanın nümayəndəsi rəhbərlik etmişdi, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiya Komitəyə sədrlikdən imtina etmişdi. 2004-cü ildə isə komitənin işini daha səmərəli etmək üçün onun İcraçı direktorluğu yaradılmışdı. Komitənin fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə 2011-ci il noyabrın 18-də onun Əks-terror Mərkəzi yaradıldı, Mərkəz BMT-nin qlobal antiterror strategiyasını reallaşdıran başlıca orqan idi [18], 2012-ci ildən hal-hazıradək 80 layihə həyata keçirmişdi, hazırda da 40 layihəni reallaşdırmaqdadır [19].

Beynəlxalq terrorizm, etnosiyasi münaqişələr, lokal müharibələr kimi hadisələr Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən təhlükələr kimi tanınırdı. Bununla belə, 11 sentyabr hadisələrindən sonra müşahidə etdiyimiz kimi, kollektiv təhlükəsizlik sistemi ideyası Təhlükəsizlik Şurası tərəfindən deyil, ABŞ tərəfindən həyata keçirilməyə başlamışdı. ABŞ 11 sentyabr hücumlarını cavablandırmaq üçün qanuni müdafiə hüququna malik olduğunu bəyan edərək, Əfqanıstanda və İraqda işğalçılıq siyasətini həyata keçirmişdi. Terrorizmin getdikcə qlobal problemə çevrildiyi bu dövrdə BMT-nin irəli sürdüyü kollektiv təhlükəsizlik sistemi qeyd etdiyimiz məlum səbəblərə görə işləmirdi. BMT üzvlərinin mübarizəsi real siyasət üzərində qurulmuşdu, dövlətlərin geosiyasi və geoiqtisadi maraqları bir-birinə zərər vurmağı hədəfləyirdi. Beynəlxalq münasibətlərdə hüququn gücü yox, gücün hüququ üstünlük qazanmağa başlamışdı. Türk müəlliflərindən S.Çayçıya görə, ABŞ-a qarşı terror təhdidləri edən qrup çox az sayda insandan ibarət ola bilərdu, ancaq çox geniş bir coğrafiyada bu hücumlara ilk reaksiyanın simpatiya şəklində olduğu məlumdur. Terror aktlarının ABŞ-da can və mal itkisinə səbəb olmasına sevinmək və ABŞ-ın buna layiq olduğunu iddia etmək, həqiqətən, bu hücumlardan və nəticələrindən daha pisdir [7].

Məlum olduğu kimi, Vaşinqtonun məkrli niyyətlərinə baxmayaraq 11 sentyab hadisələri ABŞ-ın beynəlxalq nüfuzuna ağır zərbə vurdu. Ağ ev sərt və operativ strateji xətt yeritməklə itirdiklərini bərpa etməyi hədəflədi. ABŞ-ın qisas almaq istəyi insan hüquqları və azadlıqları, müxtəlif dinlərə və irqlərə qarşı dözümlülük kimi prinsipləri “terrorla mübarizə” naminə qurban verilə biləcək dəyərlərə çevirdi. Əslində, həmin dövrdə 11 sentyabr hadisəsinin səbəblərini araşdırmaq və ya ABŞ-ın bu məsələdə zəif tərəflərini müzakirə mövzusuna çevirmək vətənə xəyanətlə eyniləşdirilmişdi. Baş verənlərə belə stereotiplərlə yanaşma elə də tezliklə dəyişmədi. Bu, ilk növbədə beynəlxalq informasiya kanallarını öz ciddi nəzarəti altında saxlayan ABŞ-ın həyata keçirdiyi senzura siyasəti ilə bağlı idi. Məhz buna görə elmi araşdırmada müxtəlif tədqiqatların materialları və nəticələrinə münasibətdə tənqidi yanaşmadan istifadə olunmuş, baş verənlər səbəb-nəticə əlaqəli araşdırılmışdır.

Məlum olduğu kimi, ikiqütblü dünya nizamının mövcud olduğu “soyuq müharibə” dövründə BMT Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq beynəlxalq aləmdə təkbaşına hərəkət etmək siyasətində o qədər də maraqlı olmayan ABŞ “soyuq müharibə”nin sona çatması ilə BMT-yə verdiyi əhəmiyyəti və diqqəti arxa plana keçirdi.NATO-nun hərbi və siyasi doktrinaları yeniləndi, Avropa İttifaqı və NATO-nun Şərqə doğru genişlənməsi, coğrafiyasının böyüməsi, postsovet məkanını hədəfləməsi, Rusiya və Çinlə qarşıdurmanın kritik həddə yüksəlməsi ABŞ-ın hegemon olmadığı yeni dünya qaydasının yaranmaqda olduğunu göstərirdi. Təsadüfi deyildi ki, hazırda dünyanın çoxqütblülüyə doğru getməsi artıq hamılıqla etiraf olunmaqda və qəbul edilməkdədir, baxmayaraq ki, Vaşinqton israrla təkqütblülüyü davam etdirməyə çalışır.

Hazırda məlum həqiqətdir ki, ABŞ zaman keçdikcə antiterror fəaliyyətindən uzaqlaşmaqda və bu təhlükəyə qarşı həyata keçirdiyi siyasəti işğalçılıq siyasətinə çevirməkdədir. Belə ki, ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi antiterror siyasətinin İraqda işğalçılıq siyasətinə çevirməsi dünya ölkələrində ilk olaraq demokratiyaya olan ümidlərin itirilməsinə gətirib çıxardı. Əfqanıstanda anti-terror əməliyyatlarının 20 ili ərzində 1 milyon nəfərdən çox əfqan qətlə yetirildi, İraqın işğalı və Səddam Hüseynin edam olunması, “ərəb baharı” hadisələri nəticəsində Yaxın Şərqin müsəlman ölkələrinin viran qoyulması antiterror strategiyası adı altında ABŞ-ın işğalçılıq siyasətini qanuniləşdirməsi və dünya hegemonluğu niyyətlərini ortaya qoydu. Prof. A.Abbasbəyli təsadüfi olmayaraq qeyd edirdi ki, terrorçuluq və buna bənzər hadisələr çox vaxt məqsədə çatmaqda vasitə olmaqdan başqa bir şey deyildir [1, s. 195-196].

Rusiyalı tədqiqatçılardan V.V.Ustinova, habelə bir sıra Qərb və türk müəlliflərinə görə, BMT-nin Əfqanıstanla bağlı sanksiyasının mahiyyətinə əhəmiyyət verməyən ABŞ-ın Əfqanıstana müdaxiləsinin arxasında duran başlıca məqsədlərdən biri Xəzərdəki karbohidrogen ehtiyatlarına çıxış, İran və Rusiya ilə danışıqlara getmədən bölgədəki enerji resurslarını Qərbə nəql etmək, digəri isə Əfqanıstan vasitəsilə regionda möhkəmlənmək, Çinin Yaxın Şərqə çıxışına və Rusiya ilə yaxınlaşmasına imkan verməməkdir [22, s.361]. ABŞ heç kimin öz ölkəsini onun terror hücumlarına qarşı müdafiə etmək hüququna malik olmadığını bəyan etsə də, özündə “terrorçu olmaq haqqı” görürdü, sadə dildə desək, ABŞ terrora qarşı dövlət terrorizmi yeritmək hüququna malik olduğunu bəyan etdi. Lakin araşdırmalarda 11 sentyabr hücumlarının Üsamə bin Laden tərəfindən törədildiyinə dair inandırıcı sübutların olmaması fonunda ABŞ-ın Əfqanıstanı bombalamasının pərdəarxası məqamları zaman keçdikcə üzə çıxmaqda idi.

 

NƏTİCƏ

 

XXI əsrin əvvəllərindən etibarən ABŞ-ın beynəlxalq aləmdə həyata keçirdiyi zorakılıq və hegemonluq siyasətinin həm ölkə daxilində – ABŞ-da yaşayanlar, həm də ölkə xaricində həyata keçirilən antiterror siyasəti üçün ciddi mənfi təsirləri oldu. Müasir dövrdə dünyada elə bir psixoloji tendensiya formalaşmışdır ki, terrorizmdən sığortalanmaq mümkün deyildir, bu isə insan hüquqları anlayışını təhlükəsizliklə bağlı narahatlıqlar qarşısında əhəmiyyətsiz edirdi. Belə ki, sentyabrın 11-dən sonra bəyanatlar verən ABŞ prezidenti C.Buş terrorla bağlı zorakılıq və antidemokratik fəaliyyətlərə qarşı duran qeyri-hökumət təşkilatlarını, bəzi ölkələri, hətta Cenevrə konvensiyalarını qınamağa başlamışdı. Məhz bunun nəticəsində bütövlükdə dövlətlərarası münasibətlərdə qarşılıqlı inamsızlıq yaranmağa, qütbləşmə dərinləşməyə başlamışdı.

ABŞ-da törədilən terror hadisələri nəinki dünya nizamına, habelə onun Avropadan olan Vaşinqtondan fərqli demokratiya və insan haqları ənənələrinə malik müttəfiqlərinə də mənfi mənada ciddi təsir etdi. Belə ki, Avropa ölkələri də terrora birbaşa zorakılıqla cavab verəcəklərini vurğulamaqla yanaşı, buna uyğun hüquqi tənzimləmələr edəcəklərini də praktiki olaraq həyata keçirməyə başladılar. Digər tərəfdən, xüsusilə Avropa İttifaqında sərhədlərin şəffaflaşdırılması və Şengen məkanının yaradılmasından sonra terrorçular daha rahat yerdəyişmə etmək imkanı qazandılar. Bu ölkələrin demokratik quruluşu, insanların səyahət və məskunlaşma ilə bağlı sərbəstliyi də bu prosesdə mühüm rol oynayırdı. Məhz buna görə, Avropa Parlamenti sərhədlərin açılmasının mənfi nəticələrini anlayaraq sərhəd təhlükəsizliyini artıran və terrora qarşı yeni tədbirləri özündə ehtiva edən antiterror siyasəti yeritməyə başladı, lakin antiterror koalisiyası formalaşdırmaq imkanlarına malik deyildi. Bununla belə, əgər ABŞ 2001-ci il 11 sentyabr terrorundan sonra antiterror hərəkatının və koalisiyasının mərkəzinə çevrilmişdisə, xüsusilə “ərəb baharı” strategiyasının uğursuzluğundan sonra BMT antiterror koalisiyasının mərkəzinə çevrilməyə və bu təhlükəyə qarşı davamlı və sistemli şəkildə mübarizəyə başladı. Tədqiqat prosesində toplanmış faktiki materialların və sənədlərin təhlili bizə belə nəticəyə gəlməyə imkan verir ki, nəinki antiterror siyasətinin məqsədyönlü, kompleks və kollektiv şəkildə aparılmasına, habelə belə bir sistemin yaradılması ideyasını həyata keçirməyə yalnız Birləşmiş Millətlər Təşkilatı qadirdir.

Təsadüfi deyildir ki, BMT-nin Baş katibi A.Quterreş 2017-ci ilin fevralında BMT-də terrorizmə qarşı yeni idarənin yaradılması təklifi ilə çıxış etmişdi. Onun fikrinə görə, yeni bölmənin rəhbəri terrorçuluğa qarşı mübarizə sahəsində BMT-nin bütün üzvləri adından çıxış etməli idi. A.Quterreş hesab edirdi ki, Əks-terrorizm idarəsinə rəhbərliyini BMT Baş katibinin müavinlərindən birinə həvalə etmək olar. Bu o demək idi ki, İdarənin fəaliyyəti BMT Təhlükəsizlik Şurasının mövcud qurumlarının funksiyaları ilə toqquşmayacaqdır. Baş katib irəli sürdüyü təkliflə əlaqədar “biz bütün BMT sistemi çərçivəsində terrorizmlə mücadiləni prioritet olaraq görməli, habelə missiyamızın zorakı ekstremizmlə mübarizənin qlobal əks-terrorist strategiyaya müvafiq olduğunu göstərməliyik” fikrini səsləndirmişdi. Ümumiyyətlə, qeyd etməyə dəyər ki, 1963-2017-ci illər ərzində beynəlxalq birlik tərəfindən terrorçu hücumlarına qarşı 19 beynəlxalq saziş işlənərək həyata keçirilməyə başlanmışdır. BMT və Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində bu siyasət daha da intensiv xarakter almışdı. 2006-cı ilin sentyabrın 8-də BMT Baş Məclisi terrorizmə qarşı qlobal strategiyanı təsdiq etməklə yanaşı, eyni vaxtda “Terrorizmə qarşı tədbirlərin həyata keçirilməsi üzrə hədəf qrupu”nun siyahısını da elan etmişdi. Bu qrupa BMT-nin 38 strukturu və əlaqəli təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Əks-terrorizm mərkəzi daxildir [3]. Yeni dünya qaydasının formalaşması yolunda əngələ çevrilən beynəlxalq cinayətkarlıığın bütün növləri, dünya düzənində hegemonluq, beynəlxalq terrorizm, hibrid müharibələr kimi təhdidlər yalnız dünya birliyinin birgə səyləri ilə aradan qaldırıla bilər.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

Azərbaycan dilində:

  1. Abbasbəyli A.N. Dünya siyasəti (XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri). B.: Nurlar, 2011, 584 s.
  2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2001-ci il 12 sentyabr tarixli 1368 nömrəli və 2001-ci il 28 sentyabr tarixli 1373 nömrəli qətnamələrinin yerinə yetirilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami. – https://frameworks.e-qanun.az/2/f_2503.html
  3. BMT terrorizmə müharibə elan edir. – https://musavat.com/news/bmt-terrorizme-muharibe-elan-edir-icmal_418400.html
  4. Qələndərova E.Ş. Terror anlayışı və onun müasir növləri. // “Qanun” jurnalı, 2017, № 1, 9 s.
  5. Mustafayeva S.M., Qurbanova Ş.M., Cavadova Z.Ş. ABŞ-ın xarici siyasəti (1945-2010-cu illər).. Bakı, 2011, 301 s.

Türk dilində:

  1. Akgün B. 11 Eylül Sonrasında Dünya, ABD ve Türkiye. Tablet Kitabevi, Konya, 2006, s. 26-27
  2. Çaycı, Sadi, “Terörle Mücadele ve Birleşmiş Milletler”, ASAM, 2 Aralık 2004. – http://www. avsam.org/tr/analizler.asp?ID=10
  3. Çitlioğlu E. Terörizmin Yeni Konsepti, Stratejik Analiz, Eylül 2007, s.28-33
  4. Dedeoğlu B. Terörizm ve Terörizmle Mücadelenin Paradoksal Olguları, Avrasya Dosyası. // ASAM, Cilt:12, Sayı:3, Ankara, 2006, s. 5-21
  5. Elnur, Soltan. 11 Eylül Sonrası AB’nin Teröre Yaklaşımı ve Ortak Dış Politika ve Güvenlik Politikasının Başarısızlığı. // Stratejik Analiz Dergisi, Sayı:20, Aralık 2001, s. 28-37
  6. Erol S. Mehmet: Terör Örgütleri, Ed. Haydar Çakmak, Uluslararası İlişkiler: Giriş, Kavram ve Teoriler, Ankara, Platin, 2007, s.113–124
  7. George Bruce-Vatson, Timothy. 1992 Sonrası Terörizmle Uluslararası Mücadele, çev.Başak Özger, Silinen Yüzler Karşısında Terör, der. Cemal Güzel, Ayraç Yayınevi, Ankara, 2002, s.189-208
  8. Laqueur V. Terörizmin Yorumlanması, çev. İbrahim Yıldız, Silinen Yüzler Karşısında Terör, der. Cemal Güzel, Ayraç Yayınevi, Ankara, 2002, s. 95-141
  9. Özdiker C. “Türkiye’de Medya ve Terör”, Türkiye’de Terörizm Dünü, Bugünü, Gelişimi ve Alınması Gereken Tedbirler, Ankara 10-11 Mayıs 2000, Türk Tarih Kurumu Basımevi, Ankara, 2003, s. 89-122
  10. Zafer, Hamide. 27 Ocak 1977 Tarihli Terörizmin Önlenmesine Dair Avrupa Sözleşmesinin ve 4 Aralık 1979 Tarihli Dublin Sözleşmesinin Değerlendirilmesi, Yiğit Okur’a Armağan, Galatasaray Üniversitesi, 1998, s. 411-425

 

İngilis dilində:

  1. Targ, Harry R. Societal Structure and Revolutionary Terrorism: A Preliminary Investigation, The Politics of Terrorism, edited by Michael Stohl, Marcel Dekker Inc., New York, 1979, s.119-143

 

Rus dilində:

  1. Армия Судана: прошлоее и настояшее. – https://russiancouncil.ru/analytics-and-comments/analytics/armiya-sudana-proshloe-i-nastoyashchee/27.09.2018
  2. Контртеррористический комитет (КТК) Совета Безопасности ООН. – https://ru.ruwiki.ru/wiki/%D0%9A%D0%BE%D0%BD%D1%82%D1%80%D1%82%D0%B5%D1%80%D1%80%D0%BE%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B9_%D0%BA%
  3. Контртеррористический комитет Совета Безопасности Организации Объединенных Наций. – https://translated.turbopages.org/proxy_u/en-ru.ru.f8588928-67023f6a-1f19dd1b-74722d776562/https/en.wikipedia.org/wiki/United_Nations_Security_Council_Counter-Terrorism_Committee
  4. США — Ирак: хронология конфликта. – https://zonakz.net/2002/11/14/ssha-irak-xronologiya-konflikta/
  5. Террористический акт 11 сентября в США указывает на существование всеобщей опасности на миропорядка. // Независимая газета, 2001, 16 сентябя
  6. Устинов В.В. Россия: 10 лет борьбы с международным терроризмом. М.: ЗАО «Олма Медиа Групп», 2008, 544 с. 361

 

Ilkin Ahmedzade

Launching Global Fight Against International Terrorism: Political Analysis

 Abstract

 

Among the factors that had a significant impact on the world order at the beginning of the 21st century, the terrorist attacks in the United States on September 11, 2001, hold particular importance. Whether they were artificially or intentionally orchestrated, and regardless of their geopolitical consequences, discussions about the September 11 attacks continue, with ongoing research in this area. It is no coincidence that September 11 is marked as the beginning of an era of systematic, purposeful, and collective efforts against international terrorism.

The U.S. war of aggression, disguised as a campaign to combat international terrorism, aims at achieving global hegemony. This article analyzes the international situation post-2001, drawing on research from national, Turkish, and Russian authors, as well as materials from the mass media. It describes the hegemonic policies of the United States and examines the efforts of the United Nations in forming an anti-terrorist coalition from both a scientific and practical perspective.

 

Keywords: USA, UN, September 11, 2001, Middle East, Islamic factor, hegemony, international terrorism, anti-terrorism, energy interests, world order, political opinion, geopolitical competition

 

Илькин Ахмедзаде

Начало глобальной борьбы с международным терроризмом: политический анализ

 

Резюме

 

Одним из факторов, оказавших серьезное влияние на мировой порядок в начале XXI века, стали террористические акты, совершенные в США 11 сентября 2001 года. Независимо от того, был ли этот акт искусственно спровоцирован или стал результатом намеренных действий, а также вне зависимости от геополитических последствий, дискуссии и исследования о терактах 11 сентября продолжаются до сих пор. Террористический акт в США стал началом новой эпохи — эпохи системной, целенаправленной и коллективной борьбы с международным терроризмом.

Агрессивная война США, прикрытая борьбой с международным терроризмом, направлена на достижение глобальной гегемонии. В статье, опираясь на исследования отечественных, турецких и российских авторов, а также материалы средств массовой информации, анализируется международная ситуация пост 2001 года, рассматривается гегемонистская политика США, а также исследуется деятельность ООН по созданию антитеррористической коалиции с научной и практической точек зрения.

Ключевые слова: США, ООН, 11 сентября, Ближний Восток, исламский фактор, гегемония, международный терроризм, борьба с терроризмом, энергетические интересы, мировой порядок, политические взгляды, геополитическая конкуренция

---------------