Tahirə ALLAHYAROVA

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor

(Bakı, Azərbaycan)

 

E-mail: t.allahyarova@stm.az

ORCID: 0000-0001-6491-0757

 

Xülasə. Məqalədə Azərbaycanda keçirilən qlobal COP29 tədbiri fonunda ilk dəfə iqlim dəyişikliyi və iqlim miqrasiyası, iqlim miqrantları və iqlim dəyişikliyinin insan hüquqları məsələləri araşdırılır. İqlim dəyişikliyinin təsirindən yaranan insan axınının necə adlandırılacağı ilə bağlı terminoloji müzakirələrin, elmi və hüquqi təriflərin son vəziyyəti nəzərdən keçirilir.

Məqalədə qeyd olunur ki, qlobal istiləşmə və iqlim böhranı mövcud bərabərsizlikləri daha da gücləndirir, inkişaf üçün əsas hüquqlara təhlükə yaradır, həyat, mənzil, su və kanalizasiya, qida, sağlamlıq, inkişaf hüquqları da daxil olmaqla hüquqların həyata keçirilməsinə birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. Qeyd olunur ki, iqlimlə bağlı miqrasiya kiçik ada dövlətləri üçün təhlükə yaradır və Azərbaycan COP29-da kiçik ada dövlətləri məsələsini diqqət mərkəzində saxlayıb.

Müəllif 2024-cü ildə iqlim dəyişikliyi ilə bağlı AİHM-də məhkəmə presedentinin yaranmasına, onun insan hüquqları sferasına köçürülməsinə və insan hüquqlarının yeni nəslinin yaradılmasına təkan verilməsinə toxunub. Qeyd olunur ki, alimlər bu yaxınlarda iqlim dəyişikliyinin ciddi nəticələrini, yaxın onilliklərdə milyonlarla insanı evlərini tərk etməyə məcbur edə biləcək təhlükələri proqnozlaşdırıblar. Bununla belə, ixtisaslaşmış beynəlxalq institut və təşkilatlarda, bir sıra dövlətlərdə yaxınlaşan böhranla mübarizə aparmaq üçün siyasi iradə və hüquqi baza çatışmır.

Yer kürəsinin inteqrasiya olunmuş idarəçiliyi üçün daha geniş gündəliyin bir hissəsi olaraq iqlim dəyişikliyinə qlobal uyğunlaşmanı həll etmək üçün sistemli idarəetmə və tənzimləyici siyasət islahatlarına ehtiyac var.

Açar sözlər: COP29, Azərbaycan, iqlim dəyişikliyi, iqlim qaçqınları, iqlim miqrantları, insan hüquqları, terminoloji diskussiyalar, hüquqi presedentlər, qlobal tendensiyalar, perspektivlər, AİHM

 

 

Giriş

 

İqlim dəyişikliyi insan hüquqları ilə çox sıx bağlıdır, çünki bu, təkcə ətraf mühitə deyil, həm də rifah və inkişafa, son nəticədə insanların yaşamına təsir göstərir. İqlim dəyişikliyinin insan hüquqlarına təsiri nisbətən son dövrə təsadüf etsə də, beynəlxalq səviyyədə elmi və ictimai rəydə qəbul edilib.

İqlim böhranının bu gün bəşəriyyət üçün təhlükəli həddə çatması hər bir insanın fundamental hüququnu – yaşamaq hüququnu pozur. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı siyasətçilərə həm indiki, həm də gələcək nəsillərin gələcəyinin onların fəaliyyətindən birbaşa asılı olduğunu dərk etməyə çağırır. Çünki heç bir ölkə iqlimdə fövqəladə halların nəticələrindən kənarda durmağa qadir deyil. Artıq bu gün təbii fəlakətlər, quraqlıq və daşqınlar nəticəsində insanlar evlərini, dolanışıq mənbələrini itirir, getdikcə daha çox insan qaçqın olmağa məcbur qalır. Bərabərsizlik isə getdikcə daha da dərinləşir.

BMT-nin məlumatına görə, “iqlim dəyişikliyi İkinci Dünya müharibəsindən sonra insan hüquqlarına ən ciddi təhdidlərdən biridir”. Ali Komissarın bəyanatında deyilir ki, “sərhədlər iqlim dəyişikliyini dayandırmayacaq və aqressiv millətçilik və ya qısamüddətli maliyyə maraqlarının diktə etdiyi heç bir tədbir bizi nəinki onun nəticələrindən qoruyacaq, əksinə, iqlim fəlakətini sürətləndirəcək. İqlim ədaləti və insan hüquqları uğrunda mübarizə sadəcə siyasi müzakirə mövzusu deyil. Bu, artıq yaxşı və pis arasında seçim deməkdir” [31].

İqlim dəyişikliyi bütün sahələrdə: mənzil, su və təmiz mühitdə yaşama, qida, sağlamlıq, inkişaf, şəxsi təhlükəsizlik və adekvat həyat səviyyəsi daxil olmaqla, insan hüquqlarının həyata keçirilməsinə birbaşa və ya dolayısı yolla təsirini göstərir. Bundan əlavə, iqlim dəyişikliyinin nəticələri sosial bərabərsizlikləri gücləndirir, cəmiyyətdə həssas təbəqələrə, qruplara və xalqlara qeyri-mütənasib şəkildə təsir göstərir. İqlim dəyişikliyinin qarşısının alınması, ağır nəticələrinin yumşaldılması və ona uyğunlaşmaq üçün effektiv cavab tədbirləri həmrəylik, əməkdaşlıq, şəffaflıq, məlumat əldə etmək, iştirak, bərabərlik, ədalət, hesabatlılıq və “çirkləndirən ödəyir” (polluter-pays) kimi beynəlxalq insan hüquqlarına, ətraf mühit standartlarına və prinsiplərinə əsaslanmalıdır.

Dövlətlər təkcə iqlim təsirlərindən deyil, emissiyaları azaltmaq və ya iqlim dəyişikliyinə uyğunlaşmaq üçün görülən tədbirlərdən yaranan insan hüquqları pozuntularını da qorumaq məsuliyyətinə malikdirlər.

İqlim dəyişikliyinin insan hüquqlarına təsiri son vaxtlar olsa da, beynəlxalq səviyyədə tanınır. 2005-ci ildə İnuitlər İnsan Hüquqları üzrə Amerikalararası Komissiyaya petisiya təqdim edərək, iqlim dəyişikliyinin Arktikanın yerli xalqlarının hüquqlarına dağıdıcı təsir göstərdiyini iddia etdilər. Bu, insan hüquqları və iqlim dəyişikliyi ilə bağlı bir sıra beynəlxalq əlamətlərdən birincisi idi. 2008 və 2014-cü illərdə BMT-nin İnsan Hüquqları Şurası iqlim dəyişikliyinin səbəb olduğu ekoloji dəyişikliklərin insanların öz hüquqlarından istifadə etməsinə təsir göstərəcəyini qəbul etdi [16].

Prezident İlham Əliyev “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına” müraciətində deyib: “İqlim dəyişmələri bütün ölkələrin davamlı inkişafına və təhlükəsizliyinə təhdid törədən qlobal problemlərdən biridir. Ancaq iqlim dəyişmələri yalnız dövlətlərin sosial-iqtisadi rifahına deyil, sadə insanların gündəlik həyatlarına və yaşam tərzlərinə də birbaşa və ya dolayı yolla təsir göstərir, əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaradır. İqlim dəyişmələri və onların fəsadları insanları yaşamaq, sağlamlıq, qida, təmiz su, mənzil və digər hüquqların layiqincə həyata keçirilməsindən məhrum edir, habelə bərabərsizliyi dərinləşdirərək həssas əhali qruplarının hüquqlarının təminatını olduqca mürəkkəbləşdirir. İnanıram ki, Forum iqlim dəyişmələri kontekstində insan hüquqlarının müdafiəsi sahəsində yeni təşəbbüslərin və yanaşmaların irəli sürülməsinə, bu hüquqların təminatına ciddi maneə yaradan hallarla mübarizə istiqamətində ümumi səylərin birləşdirilməsinə töhfə verəcək, ombudsmanlar və milli insan hüquqları təsisatları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılmasına geniş imkanlar açacaqdır” [2].

 

  1. İqlim dəyişikliyinin insan hüquqlarına təsiri ilə bağlı ilk hüquqi proseslər, bəzi məhkəmə keysləri

 

İqlim əsaslı miqrasiya ən çox kiçik ada dövlətləri üçün təhlükələr yaradır. COP 29-da Azərbaycan kiçik ada dövlətləri mövzusunu xüsusi diqqət mərkəzinə gətirdi. Azərbaycan dövləti COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitini keçirdi. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduğunu vurğulayaraq deyib: “Siz – kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək” [1].

Kiçik adalara daha çox təsir etsə də, iqlim dəyişikliyinin fəlakətli nəticələri istiqamətində qlobal tendensiya daha böyük, planetar miqyaslı böhrana çevrilə bilər. Bəzi hesablamalara görə, “qarşıdakı cəmi iki onillikdə 200 milyondan çox insan iqlim dəyişikliyinə görə evlərini tərk edə bilər” [22].

Dəniz səviyyəsinin qalxması və iqlim dəyişikliyinin nisbətindən asılı olaraq sözügedən bu rəqəmlər dəfələrlə çox da ola bilər. Bütövlükdə isə ümumən qəbul edilmiş qlobal tendensiya və ssenarilərlə bağlı yekdil rəy mövcuddur: “XXI əsrdə qlobal istiləşmə milyonlarla insanı – əsasən də Asiya və Afrikada – evlərini tərk edib başqa yerlərə köçməyə məcbur edəcək” [27].

“2006-cı ilin avqustunda Maldiv adaları hökuməti dövlətlərin, ətraf mühit və humanitar təşkilatların və Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələrinin o vaxta qədər iqlim siyasəti müzakirələrindən kənarda qalan bir məsələ – “iqlim qaçqınlarının qorunması və məskunlaşdırılması” – ilə bağlı görüş təşkil etdi [26]. Dəniz səviyyəsindən cəmi bir neçə metr hündürlükdə yerləşən Maldiv adaları kimi kiçik bir ada dövləti üçün bu sual ölkənin milli təhlükəsizliyinin, hətta milli taleyinin gələcəyini təşkil edir. Bu qisim ada dövlətləri, şübhəsiz ki, qlobal iqlim dəyişikliyindən ilk və ən çox əziyyət çəkənlərdir. Belə ki, bir çox kiçik adalar qarşıdakı bir əsr ərzində yoxa çıxa və ya yaşayış üçün yararsız hala düşə bilər.

İqlim dəyişikliyi artıq bütün dünyada müxtəlif icmalara təsir edir. Banqladeşdə dəniz səviyyəsinin qalxmasından tutmuş Braziliyadakı quraqlığa qədər ekspertlər iqlim dəyişikliyini dövrümüzün ən böyük insan hüquqları problemi adlandırıblar. Bu, nəinki mövcud bərabərsizlikləri gücləndirir, fundamental inkişaf hüququnu təhdid edir, həm də ən yoxsul və ən marginal əhaliyə qeyri-mütənasib şəkildə təsir edir. Aşağıdakı qrafik xüsusi iqlim təsirlərinin bəzi nəticələrini göstərir [23].

İctimaiyyətə geniş məlum olmasa da, nisbətən yeni sahələr olması ilə yanaşı, bir sıra ölkələrdə iqlim sahəsində insan hüquqları ilə bağlı şikayət presedentləri və kommunikasiyalar – keyslər mövcuddur. Onların bəzilərinə qısa nəzər salaq.

İqlim dəyişikliyi və insan hüquqlarına dair Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin pozulduğu iddia edilən bir sıra yüksək səviyyəli məhkəmə işləri Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılıb və hazırda da baxılmaqdadır. Qeyd edilməlidir ki, yalnız regional-qitə miqyasında deyil, həmçinin bir sıra milli məhkəmələrdə də belə işlərlə bağlı proseslər başlanılıb, qərarlar qəbul edilib. Əksər hallarda, qismən də olsa, Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanaraq, konvensiya hüquqlarını, AİHM-in məhkəmə təcrübəsini, AİHM sisteminin ciddi tələblərini və iqlimlə bağlı qərar qəbul etmənin xüsusiyyətlərini nəzərə alaraq, Avropa İnsan Hüquqları Məhkəməsindən iqlim dəyişikliyi ilə bağlı məhkəmə çəkişmələri üçün forum kimi istifadə ilə bağlı perspektivlər və problemlər müəyyən edilib.

Avropa İnsan Hüquqları Konvensiyasında sağlam ətraf mühitlə bağlı xüsusi hüquq olmasa da, AİHM artıq 300-ə yaxın iş üzrə ətraf mühitlə bağlı qərarlar çıxarıb və bu, Avropa Şurasının bir çox üzvünün siyasət və təcrübələrində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb [20].

“Təhlükəli sənaye fəaliyyətləri. Öneryıldız Türkiyəyə qarşı” 30 noyabr 2004-cü il (Böyük Palata). Ərizəçinin yaşayış yeri dörd rayon şurasının birgə istifadə etdiyi zibilin ətrafındakı torpaqda icazəsiz tikilmişdir. 1993-cü ilin aprelində ucqarda metan partlayışı baş verdi və tullantı yığından püskürən alov qığılcımları doqquz yaxın qohumunu itirmiş ərizəçiyə məxsus olan ev də daxil olmaqla, ondan aşağıda yerləşən ondan çox evi bürüdü. Ərizəçi xüsusi olaraq şikayət etdi. Ekspert rəyi səlahiyyətlilərin diqqətini bu işə cəlb etsə də, partlayışın qarşısını almaq üçün heç bir tədbir görülməyib. Lakin belə bir partlayışın baş verməsi ehtimalı az deyildi, çünki profilaktik hərəkət etmək lazım idi [15].

Habelə, İtaliyadan digər müraciət – zəhərli tullantıların atılması ilə bağlı “ Di Kaprio və digərləri İtaliyaya qarşı” (no. 39742/14) işi olub (2019). (“Dumping of toxic waste. Pending applications. Di Caprio and Others v. Italy”; Rusiyadan “Budaeva və digərləri Rusiyaya qarşı”, 12 mart 2008-ci il dağ rayonunda yerləşən Tyrnauz şəhərində sürüşmə ilə bağlı müraciət olub [15].

Türkiyədən ətraf mühit və iqlimlə bağlı müraciət – “Şəxsi və ailə həyatına hörmət hüququ” (Konvensiyanın 8-ci maddəsi): “Arxeoloji ərazini təhdid edən bənd tikintisi Ahunbay və digərləri Türkiyəyə qarşı” 29 yanvar 2019-cu il. Bu işdə beş ərizəçi arxeoloji ərazinin tikintisinin planlaşdırıldığı barədə şikayət edib. 12.000 ildən çox əvvələ aid arxeoloji və mədəni maraq doğuran Hasankeyf arxeoloji sahəsinə təhdidlərlə bağlı məhkəmə işləri [15].

 

 

  1. “İqlim karantinləri” (Climate lockdown) yeni mif, konspirasiya, yoxsa yaxın gələcəyin mümkün mənzərəsi

 

Son dövrlərdə iqlim karantini, qapanmalar, təcrid və s. ilə bağlı müzakirələr intensiv şəkil alıb. COVID-19 pandemiyasından sonra karantin ifadəsi gündəlik leksikonda adiləşib.

İqlimlə bağlı hesab edilir ki, ümumi rifah naminə əhəmiyyətli, lakin qismən məhdudiyyətlərin tətbiq edilməsi qısa, yaxud uzunmüddətli qapanmalara səbəb ola bilər.

2020-ci ilin noyabrında Qırmızı Xaç Cəmiyyəti bəyan edib ki, iqlim dəyişikliyi COVID-19-dan daha böyük təhlükədir və “eyni reaksiya” ilə qarşılanmalıdır. Yaxud da Bill Qeyts yaxın vaxtlarda iqlim dəyişikliyinin pandemiyadan daha ciddi olacağını iddia edərək onun qarşısını almaq üçün dramatik tədbirlərin hazırlanmasını təklif edib. Paradoksal olsa da, COVID-19 dövründə qapanmalar səbəbindən havaya atılan karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalması da burada xatırladılır.

İqlim karantinləri necə tətbiq edilə bilər? Hesab edilir ki, pandemiya günlərində milyonlarla insan evdən işləyib. Xüsusi karbon vergiləri tətbiq olunarsa, bu, daimi normaya çevrilə bilər. Bu cür vergilər şirkətlərə də tətbiq edilə bilər. Hər bir mənfi iqlim hadisəsinin səbəbi kimi insan amili ortaya çıxdıqca günahkara qarşı getdikcə məhdudlaşdırıcı vasitələrdən istifadə edilə bilər. ABŞ-ın Kaliforniya ştatı on üç ildən sonra benzinlə işləyən avtomobillərin satışını qadağan edəcək. İngiltərə yaxın səkkiz ilə bunu etməyi planlaşdırır. Daxiliyanma mühərriklərinin qadağan edilməsi ilə planetin xilas ediləcəyi barədə mübahisələr isə davam edir [10].

İqlim və insan hüquqları üçün mümkün “iqlim karantinləri” daha bir təhdid ola bilərmi, əmək qanunvericiliyinə dəyişikliklər mümkündürmü? Bu və digər suallar gündəmi zəbt etməkdə davam edir. Artıq qlobal istiləşmə, anormal temperaturlar “iqlim karantinlərinə” gətirib çıxarır. Belə ki, Hindistan, daha sonra Pakistan ölümcül istilər səbəbindən məktəbləri qismən bağlamağa məcbur olub. Digər ölkələr də nəqliyyatdan istifadəyə qadağalar tətbiq edib, nəticədə əhalinin hərəkəti məhdudlaşdırılıb. Ətraf mühitin mühafizəsi ilə məşğul olan “Novethic” nəşri 27 may 2024-cü ildə dərc edilən “Həddindən artıq temperaturun arxasında gizlənən “iqlim karantini – “kabusdur” adlı məqaləsində “iqlim karantini” ifadəsindən istifadə etməyi təklif edib [12]: “47,8 °C: Bu temperatur bazar ertəsi, mayın 20-də Hindistanın paytaxtı Dehlidə qeydə alınıb. Ertəsi gün səlahiyyətlilər dərhal tədbirlər görüb, məktəblərin yay tətili üçün erkən bağlandığını elan edib. Ölkənin şimalında və mərkəzində yerləşən bir neçə ştat, o cümlədən Pəncab və Racastan da məktəblərin bağlanmasına göstəriş verib. Bir neçə gün sonra Pakistan da oxşar qərar qəbul edib. Pakistanda məktəblilərin yarısı və ya 26 milyon uşaq mövsümi normalardan “altı-səkkiz dərəcə yuxarı” isti hava dalğası ərəfəsində bir həftə məktəbə getməyəcək. Cənub və Cənub-Şərqi Asiyada həddindən artıq istilər səbəbindən bir neçə ölkə məhdudlaşdırıcı tədbirlər görməyə qərar verib. Filippinin paytaxtı Manilada həddindən artıq istilər səbəbindən dərslər dayandırılıb. Banqladeşdə də bəzi məktəblər bir neçə gün bağlanıb. Taylandda da eyni səbəblərə görə səlahiyyətlilər əhaliyə evdə qalmağı tövsiyə edib” [12].

Sözügedən “Novethic” nəşrinə görə, bu tədbirlərin uzunmüddətli nəticələri ilə bağlı hələlik araşdırma aparılmasa da, bu, yeni konsepsiyadır və yeni reallığı əks etdirir. Həmçinin qeyd edilir ki, terminoloji olaraq, insan hüquqları leksikasında iqlim miqrantlarının – daşqınlar və ya əks etdirən mühitin deqradasiyası səbəbindən ənənəvi yaşayış yerlərini tərk etməyə məcbur olan xalqların hüquqları nəzərə alınmır.

Xatırladaq ki, iqlimlə əlaqədar vətəndaşların hərəkətinə məhdudiyyətlər son vaxtlar digər qitələrdə də tətbiq edilib. Məsələn, Kolumbiyada tarixi quraqlıq səbəbindən aprelin 19-u “qeyri-iş günü” elan edilib. Eyni şəkildə, İran hökuməti həddindən artıq istilərin təsirini məhdudlaşdırmaq üçün bu ilin avqust ayında iki gün istirahət tətbiq edib. Fransa hökuməti Əmək Məcəlləsini iqlim dəyişikliyinə uyğunlaşdırmağı planlaşdırır. Qanun kritik istilik şəraitində iş prosesini dərhal dayandırmaq məqsədilə hər bir müəssisə üçün konkret tədbirlər planının və xüsusi prosedurların yaradılmasına imkan verməlidir. Hazırkı Əmək Məcəlləsində bu nəzərdə tutulmayıb.

“İqlim karantinləri”ni sui-qəsd, konspirasiya nəzəriyyələri hesab edən baxışlar da kifayət qədərdir. Bəziləri hətta qapanmaların məqsədinin “qlobal elitaların” əhalini idarə etmək olduğunu, iqlim dəyişikliyi siyasətinin onların azadlıqlarına qarşı yönəldiyini iddia edir [19].

 

  1. İqlim qaçqınları, iqlim miqrantları: genişlənməkdə olan yeni reallıq

 

Dünya iqlim dəyişikliyinə görə kütləvi miqrasiyaya hazırdırmı? 2050-ci ilə qədər iqlim qaçqınlarının sayı 1,2 milyard ola bilər. 2100-cü ilə qədər isə 3 milyarda qədər insanın iqlim dəyişikliyinin təsirləri səbəbindən yerindən-yurdundan didərgin düşəcəyi gözlənilir. Bu, hamımızı maraqlandıran bir mövzudur.

Mütəxəssislərin fikrinə görə, iqlim dəyişikliyi və BMT-nin qaçqın qanunvericiliyi getdikcə artan iqlim miqrasiyası böhranı fonunda qaçqınların mühafizəsi üçün zəif hazırlıqlı görünür. Belə ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) “iqlim əsaslı” sayılmayan milyonlarla qaçqınla məşğul olur. Yeni qlobal tendensiyanı nəzərə alacaq əsaslı qanunverici islahatlar olmadan bu qurumun 20 dəfə daha çox olan qaçqın axınını qoruya və dəstəkləyə biləcəyi şübhəlidir. Çünki BMT-nin hazırkı mandatı yalnız irqi, dini, siyasi əqidəsi və ya etnik mənsubiyyətinə görə bəyan edilmiş təqiblərə görə ölkələrindən qaçqın düşən fərdi siyasi qaçqınları əhatə edir [21].

“İqlim qaçqınları”, habelə “iqlim və ya ətraf mühit miqrantları” termini 1985-ci ildən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) eksperti Essam El-Hinnavi tərəfindən tətbiq edilib. El-Hinnavi iqlim qaçqınlarına “nəzərəçarpacaq dərəcədə ekoloji pozuntuya görə ənənəvi yaşayış yerlərini müvəqqəti və ya daimi olaraq tərk etməyə məcbur olmuş insanlar” kimi tərif verdikdən sonra bu termin geniş istifadə olunur. “Daxili Köçkünlüklərin Monitorinqi Mərkəzi”nin (Internal Displacement Monitoring Centre) açıqladığı son statistik məlumatlara görə, “2008-ci ildən bəri dünyada 376 milyondan çox insan daşqınlar, qasırğalar, zəlzələlər və ya quraqlıqlar səbəbindən məcburi köçkün vəziyyətinə düşüb. Təkcə 2022-ci ildə iqlim qaçqınlarının sayı rekord həddə – 32,6 milyon nəfərə çatıb. 2020-ci ildən başlayaraq, təbii fəlakətlər səbəbindən köçkünlərin ümumi sayında əvvəlki on illə müqayisədə hər il orta hesabla 41% artım müşahidə olunur. Artan tendensiya həyəcanverici dərəcədə aşkardır. İqlim dəyişikliyinin aparıcı katalizator kimi genişlənməsi ilə “iqlim qaçqınlarının” sayı artmağa davam edəcək [29].

Bununla yanaşı, tərifin məzmunu ilə bağlı hələ də müzakirələr gedir, onun bəzi məqamları tam əks etdirmədiyi qeyd edilir. Məsələn, 2020-ci ilin noyabr ayında Honduras, Qvatemala və El Salvadoru ikikateqoriyalı qasırğa vurduqda insanlar leysan yağışları və torpaq sürüşmələri nəticəsində evlərini, dolanışıq vasitələrini və təmiz suya çıxış imkanlarını itirdiyi üçün Meksika sərhədindən keçərək ABŞ-a doğru axın etdilər. Bu vəziyyətdə səbəb və nəticə əlaqələri aydın görünür. Öz ölkələrində ekstremal hava şəraitinin yaratdığı əlverişsiz vəziyyətin insanları necə qaçqın düşməyə məcbur etdiyi aşkar görünür. Lakin bəzi tədqiqatçılar hesab edir ki, bu tərif daha çoxsaylı insanlara şamil edilməlidir. Belə ki, “aid olduqları cəmiyyətlərdə ətraf mühitin qısa və ya uzunmüddətli dəyişməsi ilə birbaşa və ya dolayısı ilə əlaqəli ola biləcək iqlim təsirinə məruz qalan hər kəs” iqlim qaçqını sayıla bilər [30].

Qeyd etmək lazım gəlir ki, düzgün istiqamətdə atılan addımlara baxmayaraq, problemə qarşı milli və beynəlxalq siyasi və qanunverici reaksiyalar məhdud olaraq qalır ki, bu da qurbanların etirafı və müdafiəsinə lazımi hüquqi təminatlar vermir. “İqlim qaçqını”nın bu gün üçün dəqiq tərifi yoxdur. Onlar BMT-nin 1951-ci il tarixli “Qaçqınlar haqqında” Konvensiyası ilə əhatə olunmur. Sonuncu yalnız irqi, dini, milli və müəyyən sosial qrupa mənsubiyyəti və ya siyasi əqidəsinə görə təqib olunmaqdan əsaslı qorxusu olan və öz ölkələrində müdafiə axtara bilməyən və ya istəməyən insanları əhatə edir. Bu o deməkdir ki, iqlim hazırda sığınacaq və ya qaçqın statusu axtarmaq üçün səbəb kimi göstərilə bilməz. Baxmayaraq ki, 2018-ci il tarixli “Miqrasiya üzrə Qlobal Saziş”in (2018 Global Compact for Migration) ikinci məqsədi iqlimi miqrasiya üçün potensial səbəb kimi qəbul edilir. Avropa Biirliyi “iqlim qaçqınları”nı rəsmən tanımasa da, artan narahatlığını ifadə edib və iqlimlə bağlı təzyiqlərə həssas olan ölkələrdə dayanıqlılığı dəstəkləmək və gücləndirmək üçün tədbirlər görüb [17].

Daha sonra bu mövzuda aparılan digər müzakirələrdə belə bir məqama diqqət cəlb edildi ki, iqlim dəyişikliyi təkcə insanlara və infrastruktura sadəcə qəfil, gözlənilməz zərər verməklə təhlükə yaratmır. Məsələn, Avropa Parlamentinin Tədqiqat Xidməti (European Parliamentary Research Service) hazırladığı brifinqdə bir sıra məsələləri, o cümlədən “iqlim qaçqını”nın müəyyənləşdirilməsi, iqlim dəyişikliyinin insanların yerdəyişməsinin genişlənməsinə təkan verməsi, “iqlim qaçqınları” üçün hüquqi-qanunverici müdafiə boşluqlarının aradan qaldırılması üçün beynəlxalq hüquqi çərçivənin formalaşdırılması, perspektivdə insan hüquqları əsaslı iqlim məhkəmələrinin formatı və s. təhlil edib. Bu həm də cəmiyyətlərin yaşam tərzlərinə, iqtisadiyyatlara tədrici təsir edən, sonda sabitliyi poza biləcək uzunmüddətli təhlükədir. Məsələn, hazırda gedən qəfil deyil, tədrici proseslər nəticəsində dəniz səviyyəsinin qalxması misalında 2100-cü ilə qədər 410 milyona yaxın insan dəniz səviyyəsindən 2 metrdən az və dəniz səviyyəsinin qalxması riski altında olan ərazilərdə yaşayacaq. Bu o deməkdir ki, iqlim təhdidləri bir-biri ilə sıx bağlıdır və bəşəriyyət tədricən domino effektinə səbəb ola biləcək vəziyyətin getdikcə daha da pisləşməsinin fərqində olmalıdır. “Məsələn, bir ölkədə temperaturun yüksəlməsi suyun mövcudluğuna təsir edə, suyun keyfiyyətini azalda bilər. Bu da xəstəliyin yayılmasına, həmçinin gəlirləri və ərzaq ehtiyatlarını azaldacaq məhsul çatışmazlığına səbəb olan quraqlıq ehtimalını artıra bilər. Bütün bunlar potensial olaraq sosial vəziyyətin pisləşməsinə və siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər”.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Federation of Red Cross and Red Crescent Societies (IFRC) məlumatına görə, “2050-ci ilə qədər ətraf mühitdə dəyişikliklərin təsirinə məruz qalan insanların sayının iki dəfə artacağı proqnozlaşdırıldığı halda, ekoloji fəlakətlər səbəbindən milyonlarla insanın hər il dünya miqyasında köçkünlük problemi artıq bu gün düzgün həll edilməlidir” [8].

2016-cı il sentyabrın 19-da BMT Baş Assambleyası Qaçqınlar və Miqrantlar üzrə Nyu-York Bəyannaməsini (New York Declaration for Refugees and Migrants) qəbul etdi. Bu bəyannamədə “qaçqınlar” və “digər miqrantlar” haqqında iki qlobal müqavilənin hazırlanması tələb edildi [24].

Daha sonra, 2018-ci il dekabrın 10-da Mərakeşdə təsdiq edilmiş “Təhlükəsiz, nizamlı və daimi miqrasiya üzrə Qlobal Saziş” (Global Compact for Safe, Orderly and Regular Migration (GCM) 2-ci məqsəd çərçivəsində iqlim dəyişikliyi səbəbindən köçkünlərin təcili vəziyyətini etiraf edir. Elə həmin il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin 24-cü Konfransı (COP24) iqlim dəyişikliyi nəticəsində insanların məcburi köçkünlüyünə toxundu. Qeyd edildi ki, iqlim miqrasiyası beynəlxalq danışıqlarda təkrarlanan mövzu olsa da, indiyədək təsirlənənlərə heç bir rəsmi status və ya hüquqi müdafiə verilməyib [11].

2019-cu ildə COP25 İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (2019 COP25; Intergovernmental Panel on Climate Change (IPCC) iqlim dəyişikliyi və torpaqla bağlı xüsusi hesabatına əsaslanmaqla, iqlim dəyişikliyinin insan həyatının keyfiyyətinə xələl gətirən nəticələri kimi səhralaşma və artan qlobal ərzaq qıtlığı riskinə toxunulub. Buna əsaslanaraq, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirdi ki, artıq həssas əhali qruplarının həyat şəraitini pisləşdirən iqlim dəyişikliyi ilə bağlı nəticələr insan hərəkətliliyinin-miqrant axınlarının sürətlənməsinə təkan verməkdədir [28].

  1. Avropa İnsan Hüquqları Məhkəməsinin “İsveçrənin iqlim fəaliyyətsizliyi” (Climate İnaction)

ilə bağlı tarixi presedent qərarı və iqlim əsaslı insan hüquqlarının təminatına beynəlxalq reaksiya

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İsveçrənin iqlim siyasəti ilə bağlı ictimai birliyin 8 il sürən şikayətini təmin edib, özünün tarixində ilk dəfə iqlimi insan haqlarına daxil edib. 2024-cü il aprelin 9-da AİHM-də verilən ilk və tarixi qərarla Ümumdünya İnsan Hüquqları tarixində yeni era başlayıb. AİHM tarixində ilk dəfə olaraq iqlim dəyişikliyi ilə mübarizədə dövlətin fəaliyyətsizliyi ilə bağlı iş üzrə qərar çıxarıb. 16 hakim lehinə və 1 hakim əleyhinə olmaqla AİHM İsveçrənin iqlim siyasəti sahəsində fəaliyyətsizliyi və insan hüquqlarını pozması ilə bağlı hökm verib.

Strasburqdakı məhkəmə bildirib ki, AİHM Konvensiyasının 8-ci maddəsi “iqlim dəyişikliyinin həyat, sağlamlıq, rifah və həyat keyfiyyətinə ciddi mənfi təsirlərindən” dövlət tərəfindən effektiv müdafiə hüququnu əks etdirir. “Pensiyaçı qadınlar iqlim uğrunda” İctimai Birliyi öz ölkələrində ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına məruz qalıb. AİHM İsveçrənin adekvat “iqlim sahəsində fəaliyyətsizliyi”ni (“climate inaction”) əsas gətirməklə şikayətçilərin yaşamaq hüququnun Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 2-ci maddəsi, şəxsi və ailə həyatına hörmətlə bağlı ümumi hüququ (AİHK-in 8-ci maddəsi, eyni zamanda əqli və fiziki toxunulmazlığı qoruyan) ilə pozulmasını təsdiqləyib. Qərarda o da qeyd edilib ki, rəsmi “Sürix təqaüdçülərin lazımi prosedur hüquqlarını pozub, İsveçrə hüquq sistemi iddiaçılara ədalət mühakiməsinə kifayət qədər çıxışını təmin etməyib. İsveçrənin iqlim dəyişikliyinə reaksiya sahəsində adekvat hüquqi bazanı həyata keçirməsi prosesində bir sıra “kritik boşluqlar” mövcuddur”.

Paradoksal olan ilk məqam həm də bu faktdır ki, AİHM eyni gündə iqlim və insan haqları ilə bağlı 3 qərar elan edib. Pensiyaçı qadınlardan fərqli olaraq, 2 digər işi rədd edib.

“Pensiyaçı qadınlar iqlim uğrunda” İctimai Birliyinin 8 il sürən davası nə ilə bağlı olub?

İsveçrəli “Pensiyaçı qadınlar iqlim uğrunda” İctimai Birliyinin (Klima Seniorinnen) orta yaşı 73 olan 2500 isveçrəli qadın üzvü var. Birlik öz ölkəsinə qarşı yaşamaq hüquqlarını pozan iqlim siyasəti yürütməkdə ittiham edən iddianı hələ 2008-ci ildən qaldırıb. Qadınlar yaşları ilə əlaqədar istiyə dözmədiklərinə, habelə iqlim dəyişikliyi ilə bağlı hər il isti günlərin sayı artdığı üçün evdən çıxa bilməyərək xəstəliklərdən əziyyət çəkdiklərinə görə dövlətin məsuliyyət daşıdığını sübut etməyə çalışıblar.

Yerli məhkəmələr iddianın populist xarakter daşıdığını, hüquqlarının məhkəmə işi başlayacaq dərəcədə pozulmadığını əsas gətirərək rədd edib. Uduzan pensiyaçı qadınlar 2020-ci ildə işi AİHM-ə daşıyıb. (“Pensiyaçı qadınlar iqlim uğrunda” İctimai Birliyi İsveçrəyə qarşı” (“Klima Seniorinnen vs Switzerland”). “İqlim pensiyaçıları” öz iddialarını əsaslandırmaq üçün cinslərinə və yaşlarına görə (əksəriyyəti 70 yaşdan yuxarı) getdikcə artan qlobal iqlim dəyişikliyi səbəbindən baş verən, həddən artıq isti hava şəraitində xüsusilə çətin anlar yaşadıqlarına görə məsuliyyətin istixana qazlarını, tullantıları kəskin azaltmaq öhdəliyini yerinə yetirməyən İsveçrə hakimiyyətinin üzərinə düşdüyünü sübut etmək üçün anormal yay istilərində onların yaş qruplarında ölüm nisbətinin artdığını “sübut edən elmi məlumatlar” təqdim ediblər.

 

 

  1. İnsan hüquqları sahəsində tam bir xaos yaradacaq presedent qərara Avropa ölkələrinin reaksiyaları:

İsveçrə və Böyük Britaniyada AİHM-dən və Avropa Şurasından çıxmağa çağırışlar başlayıb

 

Strasburqda qəbul edilən qərara reaksiyalar gözlənilməz və görünməmiş miqyas alıb. Burada: 1. konkret dövlətlərin, 2.beynəlxalq insan haqları təşkilatlarının, 3.qlobal ekoloji qurumların, 4.iqlimə dair transmilli təsisatların, nəhayət, 5. müstəqil hüquqşünasların, akademik ekspertlərin rəyləri maraq doğurur.

Strasburq məhkəməsində qəbul edilən tarixi presedent hökmə suveren dövlətlərin reaksiyası daha önəmlidir desək, yanılmarıq.

İsveçrə. İlk reaksiya təbii olaraq, İsveçrədən – ölkənin ən böyük siyasi qüvvəsindən – İsveçrə Xalq Partiyasından gəlib. Partiya AİHM-in ölkəni “iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat tədbirlər görməməkdə” ittiham edən qərarını “qalmaqal” adlandırıb. Avropa məhkəmələrində reallıqdan inkar mövqeyinin açıq şəkildə üstünlük təşkil etməsi, Strasburq hakimlərinin İsveçrənin karbon (CO2) emissiyalarının azaldılması yönündə nümunəvi təcrübəsini görməzdən gəldiyini” bəyan edib. Partiya AİHM-in qərarını “suveren ölkənin daxili işlərinə xarici hakimlərin müdaxiləsi” adlandırıb və İsveçrəni Avropa Şurasından çıxmağa çağırıb.

AİHM-in İsveçrəyə təyin edilmiş cəzanın və 80.000 avro təzminatın 3 ay ərzində ödənilməsi ilə bağlı qərarı xüsusilə hiddətlə qarşılanıb. Belə ki, yerli hüquqşünaslar bu qərarın araşdırılmasının hələ uzun müddət çəkəcəyini bildirib.

Böyük Britaniyanın münasibəti daha sərt olub. Belə ki, ölkədə sön dövrdə “Britaniyanın milli təhlükəsizliyi, yoxsa insan haqları?” sualı cəmiyyətdə ən qızğın müzakirə edilən mövzudur. “İqlim işi” (climate case) bu müzakirələrə böyük təkan verib. AİHM-in qərarından dərhal sonra İngiltərə parlamenti kemiş Baş nazir Rişi Sunakın iştirakı ilə “Avropa İnsan Haqları Konvensiyası: qalmalı, yoxsa getməli” mövzusu ətrafında debatlara başlayıb. Parlamentdə Mühafizəkarlar Partiyası Britaniyanın AİHM-dən çıxmasını birmənalı tələb edib. Böyük Britaniyanın kemiş daxili işlər naziri Suella Braverman Rişi Sunakın iqlim/yaşıl siyasətlə bağlı mövqeyini bu cür ifadə edib: “Biz planeti xilas etmək üçün Britaniya xalqını müflis edəsi deyilik!”

Beynəlxalq insan haqları təşkilatlarının, qlobal ekoloji qurumların və iqlimə dair transmilli təsisatların münasibəti, məntiqi olaraq müsbət olub. Onlar bu presedent qərardan sonra ölkələrin iqlim siyasətinə daha məsuliyyətli yanaşacaqlarına, 2030-cu ilə qədər real addımlar atılacağına əmin olduqlarını bildiriblər. Sağlam iqlim hüququnun ilk dəfə insan haqları sırasına daxil edilməsini nəinki alqışlayıblar, hətta 40-dan çox yerli insan hüquqları institutunu özündə birləşdirən “Milli İnsan Hüquqları Təşkilatlarının Avropa Şəbəkəsi” (European Network of National Human Rights Institutions; ENHRİ) öz açıqlamasında bildirib ki, məhkəmə gedişində iqlim işi ilə bağlı rəy-komentariya verib. Komentariyada “1.Şəxsi və ailə həyatına hörmət hüququnun pozulması (Konvensiyanın 8-ci maddəsi); 2.Məhkəməyə müraciət etmək hüququnun pozulması (Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi); 3. Fərdlərin və birliklərin mövqelərinin aydınlaşdırılması” yönündə AİHM-ə kömək edilib.

 

  1. İqlim demokratiyası: yuristokratıya, yoxsa AİHM-in qərarına sahə ekspertlərinin mənfi münasibətləri

 

Hüquqşünasların böyük əksəriyyəti “qərarın həddən artıq siyasiləşdirildiyini, iqlimin-insan hüquqlarına dəxli olmadığını” hüquqi arqumentlərlə izah edib. Mediada AİHM-in qərarı “cəfəngiyyat, demokratiyaya böyük zərbə” kimi qiymətləndirilib.

Məşhur “Time” nəşri “AİHM hakimlərinin diktəsi” adlı açıq məktub dərc edib, qurumu qərarları siyasiləşdirməkdə, avtoritarlıqda ittiham edib.

Hüquq sahəsində dünyaca məşhur, qərargahı Londonda, filiallarıı isə bir sıra ölkələrdə yerləşən beyin mərkəzi “Legatum Institute Think Tank”-in parlament məsələləri və qanunvericilik üzrə direktoru Fred de Fossard aprelin 10-da “İqlim dəyişikliyi insan hüquqları qanununa aid məsələ deyil” adlı yazısında “iqlim işi qərarını” təfərrüatlı şəkildə hüquqi ekspertiza aspektində arqumentlərlə təhlil edib. O qeyd edib: “Strasburq məhkəməsinin qərarı demokratiyaya birbaşa hücumdir. Biz uzun illərdir ki, Britaniyanın AİHM-ə üzvlüyünün milli təhlükəsizliyimizi təhdid etdiyini müzakirə edirik. Bu son qərar o deməkdir ki, o, indidən belə həm də bizim rifahımızı və demokratiyamızı təhdid edəcək. Məhkəmə indiyə qədərki hüquq müstəvisini – siyasət və iqtisadiyyat müstəvilərinə qədər genişləndirmək iddiasını ortaya qoyub”.

Hüquq ekspertləri AİHM-in qalmaqallı qərarını təhlil edərkən habelə bir neçə ciddi leqal pozuntuya da yol verildiyini bildiriblər:

1.İqlim dəyişikliyi məsələləri demokratik yolla seçilmiş milli hökumətlərə həvalə edilməlidir, məhkəmə bu məsələyə müdaxilə edib;

  1. Məhkəmənin qlobal problem sayılan iqlim dəyişikliyi ilə bağlı məsələni milli hökumətlərin – konkret olaraq İsveçrənin öhdəsinə buraxmasını təklif etməsi əslində geriyə addım hesab edilə bilər. Çünki AİHM əslində bu işə qlobal kontekst, beynəlxalq müqavilələr və elmi sübutlar işığında baxmalıdır. Reallıqda hüquqi kolliziya vəziyyəti yaradılıb.

 

  1. AİHM-in “İsveçrənin iqlim fəaliyyətsizliyi” (climate inaction) ilə bağlı tarixi qərarının dünya üçün nəticələri

 

Qərarın müsbət nəticələrilə bağlı onu demək olar ki, məhkəmənin iqlim dəyişikliyi ilə bağlı ilk dəfə qərar qəbul etməsi ekoloji problemlər və fundamental insan hüquqlarının kritik kəsişməsini ortaya qoyur. Qərarla qlobal iqlim böhranı məsələsinə dair məhkəmənin ilk dəfə hüquqi presedent yaratması tarixi olsa da, hələlik sensasiya xarakterli olub qlobal diqqət cəlb etməkdədir.

AİHM-in qərarı unikal olmaqla yanaşı, qlobal qanunvericilik sahəsində onun necə həyata keçiriləcəyi davam edən prosesdir, yaxın illərdə bütün dünya bu prosesi izləyəcək. AİHM-in prezidenti Siofra O’Liari qeyd edib ki, İsveçrə Paris İqlim Sazişinin tələb etdiyi kimi iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər milli tədbirlər görməyib, İsveçrənin iqlim dəyişikliyinə reaksiya sahəsində adekvat hüquqi bazanı həyata keçirməsi prosesində bir sıra “kritik boşluqlar” mövcuddur. Bu fikir əslində bütün ölkələri diqqəti özlərinin iqlim siyasətinə yönəltmək məqsədini güdür.

Qlobal ekoloji və iqlim təşkilatları şəbəkəsinin rəyinə görə, bu qərar bütün Avropa ölkələrinə şamil olunmaqla, onları təcili olaraq öz iqlim siyasətinin hədəflərinə yenidən baxmağa təkan verəcək. Bu, insan haqlarının yeni nəsli aspektində gələcəyə ünvanlanıb. Məhkəmə qərarının ölkələri faydalı qazıntı sənayesini daha tez azaltmağa məcbur edə biləcəyi ehtimal edilir.

Söhbət sadəcə bir qrup yaşlı qadının İsveçrəni passiv iqlim siyasəti yürütməkdə ittiham etməsindən getmir. 9 aprel tarixində qərar çıxarılan hər 3 iqlim işi üzrə iddialarda, həmçinin 3-cü tərəflərin: hökumətlər, hüquqşünaslar, iqlimşünaslar, QHT-lər və s.-qeyri-adi çoxlu sayda dəstəkçi iddiaları da daxil olub.

Qərara necə münasibət göstərilməsindən asılı olmayaraq, bu məhkəmə çəkişməsi artıq milli və qlobal miqyasda diqqəti iqlim dəyişikliyinin mənfi nəticələrinin ümumilikdə insan hüquqlarına yaratdığı real risklərə yönəldə bilər. AİHM Konvensiyasının 8-ci maddəsində əvvəllər də ekoloji hüquqla bağlı komponent mövcud olub. Lakin regional reallıqlar (milli dövlətlər) onu məhdudlaşdırırdı. Hazırkı qərar lokal hüquq və iqlim mövzusuna qlobal ölçünü əlavə edir. O, iqlimin qorunmasının qlobal bir hadisə olduğunu təsdiqləyib.

İlkin rəylərə əsaslansaq mənfi nəticələr müsbətlərdən daha çoxdur. Qərara xüsusilə suveren dövlətlərin verdiyi reaksiyalara əsasən onun məhkəmənin özü üçün ağır nəticələrə səbəb olacağını deməyə əsas verir. İlk növbədə Avropa İttifaqının 32 ölkəsindəki qanunverici orqanlar və s. təşkilatların fəaliyyətində olduqca ciddi, “seysmik, zəlzələ effektli” nəticələr ortaya çıxa bilər. Qərarla bağlı beynəlxalq miqyasda tanınmış hüquqşünasların rəylərinin əksəriyyəti neqativ məzmunludur. Belə ki, “AİHM-in öz səlahiyyətlərini aşaraq milli suveren qanunvericilik məkanına müdaxilə etməsi “onun özünün sonunu gətirə bilər” kimi qənaətlər üstünlük təşkil edir.

Artıq İsveçrə və Britaniyada hakimiyyətdə olan siyasi qüvvələrin Avropa Şurasından, AİHM-dən çıxmaqla bağlı sərt bəyanatları, mediada müzakirələrin bu vəziyyəti gərginləşdirməsi Qərb siyasi sistemini cənginə alan populizm dalğasını daha da kəskinləşdirməkdədir. AİHM-in 58-ci maddəsində deyilir ki, dövlətlər 6 ay əvvəl xəbərdarlıq etməklə Konvensiyanı “denonsasiya edə”, yəni tərk edə bilərlər. Qalmaq və ya getmək qərarı bir tərəfdən demokratiya (yaxud milli suverenlik), digər tərəfdən beynəlxalq hüquq müqaviləsində iştirak arasında seçim deyil, dövlətin suveren hüququdur. Hazırda “getmək, yoxsa qalmaq, AİHM bizim üçün nə edib, onu nə ilə əvəzləyə bilərik?” və s. bu kimi suallar Avropa siyasi gündəmini zəbt etməkdədir.

Tarixdə ilk dəfə iqlim dəyişikliyi ilə bağlı məhkəmə çəkişmələrini insan hüquqları sahəsinə gətirib, yeni nəsil insan haqlarının yaranmasına təkan verilir. Bir ölkənin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətinin göstəricisi olaraq vətəndaşların insan hüquqlarının pozulması kimi mürəkkəb meyar ortaya qoyulub. İsveçrənin iqlim böhranı ilə lazımi dərəcədə mübarizə aparmaması “burada insan hüquqlarının pozulmasına səbəb olub” kimi nəticəyə gəlməklə məhkəmənin düzgün, yoxsa yanlış perspektivlər açması ilə bağlı müzakirələr tam gücü ilə davam edir. İndi bütün Avropa ölkələrində məhkəmələrin bu presedentə əməl etməli olacağı birmənalı deyil. Məhkəmənin İsveçrə hakimiyyətini 3 ay müddətində “Pensiyaçı qadınlar iqlim uğrunda” İctimai Birliyinə 80 min avro təzminat ödəməyi məcburi hesab etməsi də mübahisəlidir. Çünki İctimai Bilrik dəymiş ziyana görə heç bir təzminat iddiası irəli sürməyib.

İsveçrə hökumətinin iddianın populist xarakter daşıdığına görə onu qəbuledilməz hesab etməsinə baxmayaraq, Strasburqda verilən qərar bütün dünyada gələcək məhkəmə proseslərinə təsir göstərə bilər. Hətta bu istiqamətdə ekoaktivistlərin və s. sosial hərəkatların öz dövlətlərinə və başqa ölkələrə qarşı qaldırdığı iddiaları tam bir axın-sel şəklini ala, məhkəmələr bu axın qarşısında aciz qala bilər. Sözügedən məhkəmə işinin 8 il çəkməsi buna misal göstərilir.

Daha dəqiq deyilsə, bu o deməkdir ki, ətraf mühitin mühafizəsi ilə məşğul olan QHT-lər gələcəkdə öz üzvlərinin maraqlarını qorumaq üçün oxşar işlərlə bağlı kütləvi şəkildə müraciət edə biləcəklər ki, bu da insan haqları sahəsində fərdi işlərə baxılmasını son dərəcə çətinləşdirə bilər.

Məhkəmənin qərarı hüquq elmi sahəsində, nisbətən bu yeni hüquqi arealda açıq qalan suallara aydınlıq gətirmək üçün (iqlim və insan hüquqları problemləri arasında səbəb-nəticə əlaqələrinin xarakterini aydınlaşdırmaq, həmçinin “məqbul risk” dərəcəsini, iqlim məsələləri üzrə ərazi yurisdiksiyası məsələsinin həlli, təzminat məbləğini və s. müəyyən etməklə) gələcək tədqiqatlara, məhkəmə çəkişmələrinə təsir göstərə bilər.

Burada isə Strasburq məhkəməsi proqnoz/ssenari olaraq 2 variantdan birini seçərək gələcək ənənəni müəyyən edə bilər: 1.ya milli məhkəmə proseslərinə və hüquq-mühafizə orqanlarına təsir edə biləcək qərarları təxirə sala bilər; 2.ya da iqlimi insanın fundamental yaşam hüququ ilə eyniləşdirə bilər.

AİHM-in verdiyi qərarın reallaşması yenə də konkret suveren ölkənin – İsveçrənin ixtiyarındadır. Mütəxəssislərin fikrincə, İsveçrə “iqlim fəaliyyətsizliiyi” (climate inaction) ilə bağlı cəzalandırılsa da, bu yanaşma beynəlxalq qurumların bu ölkənin iqlim siyasəti ilə bağlı hesabat və reytinqlərində dəyərləndirmələrinə ziddir. Məhkəmənin “məsuliyyəti əsasən istixana qazlarının tullantılarını kəskin azaltmaq üzrə öhdəliklərini yerinə yetirə bilməyən İsveçrə hakimiyyətinin üzərinə” qoyması mübahisəlidir.

Strasburqda verilən qərarın birbaşa demokratiyaya hücum olması ilə bağlı nüfuzlu hüquqşünas ekspertlərin rəyi də düşündürücü olmaqla yanaşı, bədbin proqnozları daha da möhkəmləndirir. Hüquq ekspertləri hesab edir ki, AİHM İsveçrədə referendumda keçməyən iddianı təsdiqləməklə İsveçrə xalqının iradəsini rədd edib və burada demokratiyanın əlifbası pozulub. Xalqların seçdiyi hökumətlərin, siyasilərin verə biləcəyi qərarları hüquqşünasların verməsi absurddur.

Qeyd edildiyi kimi, məhkəmə 16 lehinə, 1 əleyhinə səs verərək qanuna “canlı alət” kimi yanaşmanı ifrat həddə çatdırıb. 1950-ci illərdə yaradılan “insan hüquqları” anlayışının sonsuz miqyasadək genişləndirilməsi kimi “məhkəmə fəallığı” məqsəd sayıla bilməz. Sitat: “1950-ci ildə heç kimin ağlına belə gələ bilməzdi ki, isti iqlimdə yaşamaq insan hüquqlarının pozulmasıdır. Lakin Strasburqdakı hakimlər bunun belə olduğuna qərar veriblər. Belə davam edərsə, yalnız ekofəalların əl-qolu açıla bilər, bu qərar tutulan hər bir vergini, tikilən hər fabriki və ya hər yeni avtomobili insan hüquqları qanununun predmetinə çevirə bilər. AİHM aprelin 9-da indiyəqədərki, bəlkə də, ən böyük səhvini edib. AİHM əgər bundan sonra mövcud olacaqsa, ancaq cinayət və təqiblərlə məşğul olmalıdır”.

 

  1. “İqlim və insan hüquqları” ilə bağlı tarixi qərar və Azərbaycan üçün mümkün perspektivlər

 

İşğal illərində qanunsuz talançılıq fəaliyyəti ilə məşğul olan, çayları zəhərləyən, dağ-mədən fəaliyyətini vandalizm səviyyəsində həyata keçirən Ermənistanın real ziyanın təzminatını ödəmək əvəzinə saxta “etnik təmizləmə” narrativlərini təbliğ etməsinə qarşı ermənilərin ekosid siyasəti ilə bağlı tədbirlər iqlim dəyişikliyi mövzusunda yenidən nəzərdən keçirilməlidir. Sözügedən məsələlərlə bağlı faktların cəmiyyətə və beynəlxalq birliyə çatdırılması davamlı şəkil almalıdır. Xüsusilə də, COP29-a ev sahibliyi etdiyimiz cari ildə qlobal tədbirin siyasiləşdirilməsi yönündə qarayaxma kampaniyası aparanlar daha da fəallaşıb. Ermənilərin son presedent qərarla bağlı addımlar atacağı istisna edilə bilməz. Dağ-mədən sənayesinin aparıcı sahə olduğu Ermənistanda bu sahənin regionun ekoloji durumuna mənfi təsiri, Metsamor AES-in ətraf mühitə vurduğu öldürücü ziyanla bağlı beynəlxalq hesabatlar, onu iqlim dəyişmələrini sürətləndirməsi ilə bağlı mesajlar verilməsi gündəmə daxil edilməlidir. Bu istiqamətdə önləyici təhlil və təbliğat faydalı olar.

Ölkəmizdə iqlim hüququ və ekoloji hüquqla bağlı kadrlar korpusunun yetişdirilməsi də mühüm məsələlərdəndir. Habelə, hazırda sahibkar və şirkətlərə verilən ekoloji tələblərlə bağlı maarifləndirmə işlərinin aparılması, idxal və ixrac sahəsində ekoloji ekspertiza sahəsində keyfiyyətli fəaliyyətin həyata keçirilməsi yönündə aidiyyətli qurumların koordinasiyalı fəaliyyətini COP29-dan sonra da davam etdirilməsi aktualdır.

Hazırda Avropa/Qərb mediasında ən çox səslənən, iqlim və insan hüquqları ilə bağlı son presedent qərarın “demokratiyaya, suveren dövlətlərin daxili işlərinə müdaxilə və səlahiyyətlərin aşması, xalqın iradəsi ilə seçilən hakimiyyətin verdiyi qərarların AİHM tərəfindən iqnor edilməsi” kimi müddəalar diqqəti cəlb edir. Avropanın aparıcı ölkələrinin AİHM-i tərk etməsi, “insan haqları, yoxsa milli təhlükəsizlik, iqlim siyasəti xalqın rifahına qarşı olmamalıdır” kimi qənaətləri düşündürücü olub, bu qurumun qərarlarının heç də həmişə mütləq ədalət və hüquqa deyil, siyasi amillərə əsaslanmasının göstəricisi kimi izah edilməlidir. Nüfuzlu beynəlxalq hüquqşünasların “Strasburqda hüquqi deyil, artıq siyasi qərarların qəbul edilməsi” ilə bağlı qənaətləri burada əsas arqument kimi çıxış edir.

AİHM-i “etalon, ideal” qurum hesab edən, ümumilikdə, insan haqlarını mücərrəd ritorikaya çevirən bəzi dairələrin bu qərarla bağlı ziddiyyətli fikirləri onların əksinə işləyir. AİHM-də verilən qərəzli qərarlarla üzləşən ölkələrdən biri kimi bu proseslərin izlənilməsi və təhlili gündəmdədir.

Digər əsas qənaətlərdən biri də budur ki, qlobal ekoloji problemlər, iqlim dəyişmələri və insan hüquqları ilə bağlı baş verən proseslər, presedent qərarlar Azərbaycanda xüsusilə diqqət mərkəzində olmalıdır. Məlumdur ki, 2024-cü il aprelin 12-də Haaqada Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Torpaqlarımızın 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında ilk arbitraj prosesi başladılıb. Azərbaycanın təbiətinin, onun ekoloji mühitinin, təbii resurslarının 30 ildən çox talana məruz qalması, torpaqlarımıza 1 milyondan çox minanın basdırılması başladılan proses və sözügedən məsələlər aspektində araşdırılmasına, yeni presedent qərarın yaratdığı imkanların ekoloji və beynəlxalq hüquq sahəsində mütəxəssislərimiz tərəfindən öyrənilməsi və tətbiqinə ehtiyac var.

Azərbaycanın Qarabağ bölgəsindən etnik təmizləməyə məruz qalmış bir milyona yaxın qaçqın və köçkün tam otuz ildən çox yaşadığı ekosistemdən zorla didərgin salınıb, on illərlə çadır şəhərciklərində yaşamağa məcbur olub. Onlar dünya və ölkəmizin, təbiətin ən gözəl məkanlarından quvulub, ən ağır təbii iqlim şərtlərində, dözülməz isti, yaxud soyuq iqlim şəraitində yaşamağa məcbur olublar. Ermənistanın törətdiyi bu cinayətlərin cavabının sorulması, iqlim dəyişikliyi və insan haqları aspektində gündəmdə saxlanılmalıdır.

 

  1. İqlim əsaslı insan axınları: “ekoloji qaçqınlar, iqlim qaçqınları, yoxsa iqlim miqrantları” – elmi və hüquqi terminoloji müzakirələrin durumu

 

“İqlim qaçqını” anlayışının müəyyənləşdirilməsində problemlər qalmaqdadır. Yuxarıda qeyd edildiyi kimi: “İqlim qaçqınları” (environmental refugee) fenomeni 1985-ci ildən, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) eksperti Essam El-Hinnavi “ekoloji qaçqınlar”a tərifi verdikdən sonra ictimai müzakirələrdə yer alıb. El Hunnavinin “Ətraf mühitdə mövcudluqlarını təhlükə altına alan və/və ya həyat keyfiyyətinə ciddi təsir göstərən nəzərəçarpacaq (təbii və/və ya insanlar tərəfindən törədilən) pozuntular səbəbindən ənənəvi yaşayış yerlərini müvəqqəti və ya daimi olaraq tərk etməyə məcbur olan insanlar” tərifi “iqlim qaçqınları” termini üçün də istifadə olunur. Lakin “ekoloji” və “iqlim” arasında praktiki fərqin olub-olmaması qeyri-müəyyən olaraq qalır.

İqlim dəyişikliyi səbəbindən yerdəyişməyə məruz qalanların müdafiəsinin təmin edilməsi sahəsində əsas problemlərdən biri “iqlim qaçqını” termininin müəyyənləşdirilməsi ilə bağlı çətinliklərdə, həmçinin Qaçqınlar Konvensiyası ətrafında mövcud diskursda və “ekoloji qaçqınlar”ın müəyyənləşdirilməsinə dair əvvəlki cəhdlərdədir. 2020-ci ildə Avropa İqtisadi və Sosial Komitəsinin (European Economic and Social Committee – EESC) dinləmələri zamanı Norveç Biznes Məktəbinin və Oslo Universitetinin professoru və tədqiqatçısı İzabel Borges qeyd etmişdir: “Ekoloji cəhətdən köçkün insan dedikdə nəyin nəzərdə tutlduğuna dair dəqiq tərifin olmaması mövcud və potensial iqlim qaçqın axınlarının sayını dəqiq ölçməyin mümkünsüzlüyünə gətirib çıxarıb [9].

Akademik tədqiqatçılar Doçerti və digərlərinin (2009) fikrincə, “iqlim qaçqını” anlayışı “məcburi miqrasiya, müvəqqəti və ya daimi yerdəyişmə, transsərhəd yerdəyişmə, iqlim dəyişikliyinə uyğun pozuntular, qəfil və ya tədrici pozuntular, ümumilikdə, ətraf mühitin qorunmamasında insan amilinin müəyyən edilməsi üçün məqbul standartların müəyyən edilməsi” kimi məqamları əhatə etməlidir [4].

İqlimlə bağlı səbəblərə görə məcburi köçkün olmuş insanları təsvir etmək üçün istifadə edilən bəzi terminlər, adətən, “ekoloji qaçqın, ətraf mühitlə bağlı qaçqın” (environmentally/climate displaced person) termini müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən təqdim olunan mövqe sənədlərində, həmçinin mediada və akademik ədəbiyyatda istifadə edilir. Termin, xüsusilə ətraf mühit dəyişikliyinin müxtəlif növləri və ekoloji səbəbli mobillik arasında fərqləndirmədən əvvəl, mövzuya dair müzakirələrin erkən mərhələləri ilə əlaqələndirilir. Bu anlamda termin “məlumatlılığı artırmaq və yerdəyişmənin məcburi xarakterinə diqqət yetirmək üçün” istifadə edilir.

Qeyd edək ki, iqlim dəyişikliyi səbəbindən qaçqın olan insanları təsvir etmək üçün “qaçqın” termininin və statusunun istifadəsi də tənqidlərə məruz qalıb. Belə ki, bu terminin ilk növbədə 1951-ci il Qaçqınlar Konvensiyası və beynəlxalq qaçqın hüququ kontekstində xüsusi hüquqi məna daşıması əsas gətirilir. BMT-nin müvafiq qurumları və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) hesab edir ki, “qaçqın” termininin istifadəsi bu kontekstdə yersiz ola bilər. 1951-ci il Qaçqınlar Konvensiyasında nəzərdə tutulmuş “qaçqınlar” anlayışının əlavə şəxslər kateqoriyasını da əhatə etməklə genişləndirilməsi məqsədəuyğun və ya mümkün hesab edilmir.

“Ətraf mühit miqrantı” termini BMqT tərəfindən də geniş istifadə olunur. Buna baxmayaraq, “miqrant” termini həmişə uyğun hesab olunmaya bilər, çünki bu, köçmək qərarında müəyyən dərəcədə iradə olduğunu göstərir. Populyarlıq qazanan ən son terminlərdən biri “ekoloji/iqlim səbəbindən köçkün şəxslər”dir (climate-displaced persons). Bu termin təsviri xarakter daşıyır – hərəkətlilik spektrinin ən azı bir hissəsinə (yerdəyişdirmə) istinad edir və mütləq idarəetmə ilə bağlı məsuliyyəti nəzərdə tutmur. “Köçkün” anlayışının beynəlxalq səviyyədə qəbul edilmiş hüquqi tərifi olmasa da, “məcburi köçkünlər” anlayışı ölkə daxilində köçkünlüklər baş verdikdə aktualdır.

BMT-nin Miqrasiya Agentliyinin (IOM) Miqrasiya, Ətraf Mühit və İqlim Dəyişikliyi (Migration, Environment and Climate Change (MECC) Division at the UN Migration Agency (IOM) bölməsinin rəhbəri Dina İonesko miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasında əlaqədən çıxış edərək, “İqlim qaçqını, yoxsa miqrant” sualına cavab verib. Onun fikrinə görə, iqlim miqrantları uzun illər miqrasiya və iqlim müzakirələrində görünməz olub. Buna görə də, BMqT-dəki fəaliyyəti 10 ildən çox müddətdə iqlim və ətraf mühit faktorlarını işıqlandırmaq və iqlim dəyişikliyinin birbaşa və dolayı yolla insanların hərəkətliliyinə təsir etdiyini göstərən sübutlar toplusunun, datanın yaradılmasına yönəlib. Sözügedən kontekstdə mövcud qaçqın statusu ilə paralel iqlimə aid hüquqi statusun bu günə qədər yaradılmaması paradoksal görünə bilər. İqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının insanların mobilliyinə necə təsir etdiyinə dair mövcud dəlillərin getdikcə artmasına baxmayaraq, iqlim qaçqınları statusunun müəyyən edilməsinə dair müzakirələrin hazırkı durumu dar və birtərəfli müzakirələrə səbəb olur. İqlim dəyişikliyi və insan hərəkətliliyinin mürəkkəb qarşılıqlı asılılığı fonunda poblemin həlli üçün yalnız qismən həllər təmin edilib.

Media “iqlim qaçqınları” ilə bağlı yeniliklər əldə etməyə çalışır, 10, yaxud 20 ildən sonra nə qədər iqlim qaçqınının olacağına dair proqnozlar tələb edir. Digər tərəfdən isə bunun əksinə olaraq, bəzi simvolik kiçik ada dövlətləri digərləri ilə yanaşı, iqlim qaçqınlarına çevrilmək istəmədiklərini bildirir. Onlar öz evlərində qala bilmək və ya hər şeyi arxada qoymadan ləyaqətlə və müntəzəm kanallarla hərəkət etmək istəyirlər. Məsələn, iqlim dəyişikliyinin mənfi təsirlərinin çobanların miqrasiyasına təsir etdiyi, Monqolustanın Sergelen adlı məkanında yaşayanlara görə, “Otlaqlar olmayanda hərəkətlilik artır. Yazda bir çox miqrant cənubdan şimala köçür. İqlim dəyişikliyinə qalib gəlməyin başqa yolu yoxdur. Bütün insanlar öz heyvanları ilə sağ qalmaq və mal-qaralarını qoruya biləcəkləri yerə gəlmək istəyirlər” və s.

“İqlim qaçqınlarindan deyil, iqlim miqrantlarindan danışmaq” daha məqbul hal ola bilər. “İqlim qaçqınları” obrazı müharibələrdən və münaqişələrdən qaçanların indiki görüntülərini əks etdirdiyi üçün hamıda metaforik şəkildə rezonans doğurur. İqlim dəyişikliyi təhlükəsi ilə biz milyonlarla insanın gələcəkdə qaçqın vəziyyətinə düşəcəyini təsəvvür edirik.

Bununla belə, iqlim dəyişikliyi kontekstində miqrasiya məsələsini “iqlim qaçqınları” statusuna endirmək iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası kontekstində insan hərəkətliliyini müəyyən edən bir sıra əsas aspektləri tanıya bilmir. Sözügedən aspektlərdən bəziləri aşağıdakı kimidir:

l “İqlim miqrasiyası əsasən ölkədaxilidir: miqrasiya daxili olduqda, köçən insanlar öz dövlətlərinin məsuliyyəti altındadırlar, sərhədləri keçmirlər və üçüncü ölkədən və ya beynəlxalq səviyyədə müdafiə axtarmırlar.

l Miqrasiya həmişə məcburi deyil, xüsusilə də tədrici başlayan proseslər üçün miqrasiya məhdud olsa belə, hələ də seçim məsələsidir, ona görə də ölkələr qaçqınların müdafiəsi deyil, ilk növbədə miqrasiya idarəçiliyi və sazişlər üzərində düşünməlidirlər.

l Ətraf mühit/iqlim səbəblərini, xüsusən humanitar, siyasi, sosial, münaqişə və ya iqtisadi səbəblərdən təcrid etmək çətindir. Bu, bəzən qeyri-mümkün bir iş ola, uzun və qeyri-real hüquqi prosedurlara səbəb ola bilər.

l İqlim dəyişikliyi ilə bağlı səbəblər üçün xüsusi qaçqın statusunun yaradılması, təəssüf ki, həll yolu kimi axtarılanın əks təsirlərinə səbəb ola bilər: bu, müdafiəyə ehtiyacı olan insanların kateqoriyalarının, xüsusən də iqlim və ətraf mühit amilləri ilə əlaqəni sübut edə bilməyəcək, təhlükə səbəbindən köçən ən yoxsul miqrantların hüquqi çərçivədən xaric edilməsinə səbəb ola bilər.

l 1951-ci il Qaçqınlar Konvensiyasına yenidən baxılması, iqlim amilinin buraya əlavə edilməsi qaçqın statusunu zəiflədə bilər ki, bu da təqiblər və davam edən münaqişələr səbəbindən bu qədər insanın müdafiəyə ehtiyacı olduğu dünyamızın vəziyyətini nəzərə alsaq, faciəvi ola bilər.

l Yeni konvensiya yaratmaq olduqca uzun bir siyasi proses olduğu üçün ölkələrin buna marağı olmaya bilər. Miqrasiya üzrə 2011-ci il Beynəlxalq Dialoqunda və bu yaxınlarda qəbul edilmiş Təhlükəsiz, Nizamlı və Daimi Miqrasiya üzrə Qlobal Sazişdə vurğulandığı kimi, miqrasiya idarəçiliyi və siyasətindən çoxlu cavablar tapıla bilər. Tematik və regional məsləhətləşmələrdən sonra fəlakətlər nəticəsində sərhədləri aşmış insanların müdafiəsindəki boşluqları araşdırmaq üçün başladılan Nansen Təşəbbüsü də yeni statusun yaradılmasını tövsiyə etməkdənsə, bu insanlar üçün miqrasiya siyasətinin “alətlər-həllər dəstini” təklif edən bir sənədl hazırlayıb [13].

Bütün qeyd edilənlərə rəğmən, iqlim dəyişikliyi və köçkünlüyün, yerdəyişməyə dair baxşların mifllər və faktlar kimi fərqləndirilməsi də geniş yayılıb. BMT-nin araşdırmasına görə, iqlim böhranı və yerdəyişmə ilə bağlı beş mif artıq məhv edilib. Belə ki, iqlim böhranı və insanların yerdəyişməsi getdikcə daha çox bir-birinə sıx bağlı olur. Gerçəklik bundan ibarətdir ki, 2022-ci ildə qeydə alınan yeni köçkünlərin yarısından çoxu nəinki iqlimlə bağlı fəlakətlər səbəbindən qeydə alınıb, həm də qaçqınların və məcburi köçkünlərin təxminən 60 faizi hazırda iqlim dəyişikliyinə ən həssas olan ölkələrdə yaşayır [5].

“İqlim qaçqınları” mediada iqlimlə bağlı hadisələrə görə evlərini tərk etmək məcburiyyətində qalan insanları təsvir etmək üçün tez-tez istifadə olunan ifadə olsa da, beynəlxalq hüquqda rəsmi olaraq tanınan termin deyil. Yuxarıda qeyd edildiyi kimi, iqlimlə bağlı yerdəyişmələrin əksəriyyəti ölkələr daxilində baş verir, halbuki 1951-ci il tarixli Qaçqınlar Konvensiyası yalnız təhlükəsizlik tapmaq üçün beynəlxalq sərhədi keçən müharibə, zorakılıq, münaqişə və ya təqiblərdən qaçan şəxsləri müdafiə edir. Yalnız iqlim dəyişikliyi və ya fəlakətlər kontekstində yerdəyişmə 1951-ci il Konvensiyası ilə əhatə olunmasa da, iqlim dəyişikliyi nəticəsində fərdin təqib və ya zorakılıqla üzləşmə riski artdıqda bu tətbiq edilə bilər. Məsələn, 2021-ci ildə Kamerunun şimalında, iqlim dəyişikliyi ilə əlaqədar azalan su ehtiyatları ilə bağlı çobanlar və balıqçılar arasında baş verən zorakılıqdan sonra yüzlərlə insan öldürüldü və on minlərlə insan qonşu Çada qaçdı [7].

Bəzi baxışlara görə isə dünyada iqlim dəyişikliyi ilə bağlı köçkünlüyün qarşısını almaq üçün nəsə etmək artıq çox gecdir. Bununla yanaşı, əks mövqedə olanlar isə hesab edir ki, qlobal istiləşmə davam edir, orta temperatur indi 1800-cü illərin sonunda olduğundan təxminən 1,1°C daha istidir. Lakin qlobal istiləşməni minimuma endirmək və ya emissiyaları azaltmaq, həssas əhalinin dayanıqlılığını artıran və insanların köçürülmə və ya başqa şəkildə mənfi təsirə məruz qalması riskini azaldan uyğunlaşmaya sərmayə qoymaq üçün hərəkətə keçmək hələ də gec deyil. İnsanlara ekstremal hava şəraitinə daha yaxşı hazırlaşmaqda və dəyişən iqlimə uyğunlaşmaqda kömək etmək mümkündür. Biz, həmçinin yoxsulluq, bərabərsizlik və zorakılıq kimi iqlim dəyişikliyi ilə güclənən köçkünlüyün bəzi digər əsas səbəbləri ilə də mübarizə apara bilərik. Qaçqınlar və məcburi köçkünlər, məsələn, ağac əkmə layihələri, təbliğat kampaniyaları, fəlakətlərə hazırlıq səyləri və kol yanğınları ilə mübarizə vasitəsilə davamlılıq yaratmaq və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün fəaliyyət göstərənlər arasındadır. 2023-cü ildə Dubayda keçirilən COP28 – BMT-nin İqlim Dəyişikliyi Konfransında Tərəflər bu cür tədbirləri həyata keçirən qaçqınların rəhbərlik etdiyi təşkilatlara daha çox dəstək verməyə və onların iştirakı olmadan müvafiq qərarların qəbul edilməməsinə dair müzakirələrin intensivləşməsinə çağırıb.

Ekstremal hava, artan temperatur və zədələnmiş ekosistemlər milyonlarla iqlim qaçqınının həyatını təhdid edir. İqlim miqrasiyası problemini həll etmək və iqlim dəyişikliyinin “dünyanın unudulmuş qurbanlarına” kömək etmək üçün kollektiv səylər tələb edilir.

İqlim miqrasiyası insanların həyatını məhv edir, daşqınlar, əlverişsiz hava, quraqlıq, səhralaşma, dəniz səviyyəsinin qalxması, habelə əksi – dəniz suyunun çəkilməsi, təmiz içməli suyun olmaması səbəbindən illərlə yaşadığı yaşayış məkanlarından məhrum olmaq, sağ qalmaq üçün ekosistemini tərk etməyə məcbur qalmaq – qlobal istiləşmənin bu gün getdikcə kəskinləşən real mənzərəsidir.

İqlim miqrantları – iqlim böhranının cəbhə xəttində yaşayan milyonlarla iqlim qaçqınları özlərinin günahkar olmadıqları fəlakətlərlə üz-üzə qalır. Tədqiqatçılar, iqlim fəalları isə həyəcan təbili çalır: qarşısı alınmazsa, iqlim dəyişikliyi təhlükəsi qlobal miqyasda artacaq, iqlim miqrantlarının sayı eksponent xətt üzrə yüksələcək.

“Beynəlxalq Köçkünlərin Monitorinqi Mərkəzi”nin (International Displacement Monitoring Centre) məlumatına görə, 2008-2016-cı illər arasında daşqınlar, tufanlar, meşə yanğınları və quraqlıqlar kimi hava şəraiti ilə əlaqədar hadisələr nəticəsində hər il orta hesabla 21,5 milyon insan məcburi köçkün olub. 2022-ci ildə bu rəqəm 32,6 milyona çatıb. Beynəlxalq beyin mərkəzi olan “İqtisadiyyat və Sülh İnstitutu” (The Institute for Economics and Peace (IEP) illik “Ekoloji Təhdidlər Reyestri (ETR)” (Ecological Threat Register (ETR) hazırlayır. Beyin mərkəzi bu rəqəmin daha da artacağını, iqlim dəyişikliyi və təbii fəlakətlər səbəbindən 2050-ci ilə qədər 1,2 milyard insanın öz hazırkı yaşayış yerlərini tərk edəcəyini proqnozlaşdırır. İqlim dəyişikliyi coğrafi sərhəd tanımır və onun insanların həyatına təsirini yumşaltmaq üçün dərhal qlobal kollektiv fəaliyyətə ehtiyac var” [25].

Onu da qeyd edək kki, “İqtisadiyyat və Sülh İnstitutu” özünün hazırladığı “Qlobal Sülh İndeksi” və “Qlobal Terrorizm İndeksi” (Global Peace Index and Global Terrorism Index) kimi hesabatları ilə məşhur olan aparıcı beynəlxalq araşdırma mərkəzidir. İnstitutun 2020-ci ildən başlayaraq hazırladığı “Ekoloji Təhdidlər Reyestri” ölkələrin hazırda üzləşdiyi ekoloji təhlükələri monitorinq edir, 2050-ci ilə qədər proqnozlar verir. Hesabatda ekstremal ekoloji şokların öhdəsindən gəlmək ehtimalı ən az olan ölkələri müəyyən etmək üçün davamlılıq göstəricilərini ətraf mühit məlumatları ilə müqayisəli təhlil edilir.

Beyin mərkəzi COP29 ərəfəsində ekoloji dayanıqlılığa məqsədyönlü investisiyaların ekoloji deqradasiyadan – ifrat yoxsulluqdan, resurs rəqabətindən, məcburi miqrasiyadan münaqişəyə qədər olan nəticələrin qarşısının alınmasına necə kömək edə biləcəyini araşdıraraq təqdim edib.

Azərbaycanda 2024-cü ildə 36 nəfər iqlim dəyişməsi səbəbindən ölkədaxili köçkün düşüb [3].

Beynəlxalq Qırmızı Xaç Federasiyasının (IFRC) məlumatına görə, oktyabrın 12-də Hacıqabul rayonunda 36 nəfər daşqınlar səbəbindən evlərini tərk edib. Hacıqabulda təbii fəlakət, Muşov dağından başlayan güclü daşqınlar və intensiv yağıntılar səbəbindən şəhər mərkəzinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rayon mərkəzi ilə yanaşı, “Qubalı Baloğlan”, “Pirsaat”, “Udulu”, “Nəvahi”, “Qızılburun” kəndlərində də 300-dən çox təsərrüfat su altında qalıb, güclü leysan nəticəsində Şirvan-Hacıqabul dəmir yolu sel sularına məruz qalıb.

 

 

NƏTİCƏ:

Qlobal miqyaslı qərar qəbulunda ləngimələr fonunda perspektivlərə nəzər

 

Məqalədə COP29 tədbirinə ev sahibliyi edən Azərbaycanda ilk dəfə “iqlim dəyişikliyi və iqlim miqrasiyası, iqlim köçkünləri, insan hüquqları” əsaslı iqlim dəyişikliyi məsələləri tədqiq edilib. Qeyd edilir ki, son dövrdə alimlər iqlim dəyişikliyinin ciddi təsirlərini, milyonlarla insanı yaxın onilliklərdə evlərini tərk etməyə məcbur edə biləcək təhdidləri proqnozlaşdırır. Lakin aidiyyəti beynəlxalq qurumlar və təşkilatlar, bir sıra dövlətlər yaxınlaşan böhranla mübarizə aparmaq üçün kifayət qədər siyasi iradəyə və hüquqi əsaslara malik deyil.

Yer kürəsinin hərtərəfli idarəçiliyinə yönəlmiş daha geniş proqramın bir hissəsi kimi iqlim dəyişikliyinə qlobal uyğunlaşma yönündə idarəçilik və tənzimləmə siyasətində sistemli islahatlara ehtiyac var. Yuxarıda qeyd edildiyi kimi, mümkün islahat variantlarından bəziləri – qaçqınların statusu ilə bağlı 1951-ci il Cenevrə Konvensiyasına əsasən qaçqınların tərifinin genişləndirilməsi və ya BMT Təhlükəsizlik Şurasına öhdəliklərin verilməsi – daha az perspektivlidir və hətta əks-məhsuldar ola bilər. Daha yaxşı həll yolu iqlim qaçqınlarının ehtiyacları üçün xüsusi olaraq hazırlanmış yeni hüquqi alətin – İqlim Qaçqınlarının BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında tanınması, mühafizəsi və köçürülməsinə dair Protokolun, ayrıca maliyyələşdirmə mexanizmi ilə dəstəklənməsi məqsədəuyğundur. İqlim dəyişikliyinin təsirlərinin geniş proqnozlaşdırılması hazırlıq və planlaşdırma tələb edir və buna imkan verir. Ona görə də bu protokolun fövqəladə hallara cavab tədbirləri və fəlakətlərə yardım baxımından deyil, planlaşdırılmış və təşkil edilmiş könüllü köçürmə proqramlarında tərtib edilməsi çox vacibdir. Ekstremal hava hadisələrinin baş verməsini, adaların və sahilyanı bölgələrin su altında qalmasını gözləməyə ehtiyac yoxdur. Təsirə məruz qalan insanlar üçün prosesi məqbul və dözümlü etmək üçün praktiki və ya iqtisadi səbəblərə görə artan sahil müdafiəsi vasitəsilə uzun müddət ərzində qoruya bilməyəcəyimiz bütün ərazilər uzunmüddətli köçürmə və reinteqrasiya proqramlarına erkən daxil edilməlidir. Bununla belə, bu, effektiv və müvafiq idarəetmə mexanizmlərinin yaradılması baxımından erkən hərəkətə keçməyi tələb edir. İqlim qaçqınları protokolunun planlaşdırılması və müvafiq institusional parametrlər nizamlı və mütəşəkkil cavablar üçün çox gec ola biləcək tarixə – 2050-ci ilə qədər gözləyə bilməz. Prosesə indi başlanılmalıdır.

Mütəxəssislər xüsusilə ətraf mühitə təsirlərin insan hüquqları pozuntusunu təşkil etməsinin artan etirafını nəzərə alaraq, insan hüquqları üzrə mövcud vəzifələrin iqlim dəyişikliyinə də şamil edilməli olduğunu iddia edirlər. BMT-nin insan hüquqları və ətraf mühit üzrə qurumunun yanaşmasına görə, insan hüquqları və iqlim dəyişikliyinə əlaqəli yanaşılması bir-birini tamamlayır. Bu baxımdan, BMT-nin Tərəflər Konfransı – COP formatı qlobal iqlim platforması kimi olduqca tarixi irəliləyişlərə nail ola bilər. Bəzi nəticələrə nəzər salaq:

2015 – COP21: Paris Sazişinin preambulasında iqlim dəyişikliyinin bəşəriyyətin ümumi narahatlığı olduğu qəbul edilib. Buraya miqrantlara istinad da daxildir. Tərəflərdən iqlim dəyişikliyi ilə bağlı tədbirlər görərkən digərləri ilə yanaşı, miqrantlara qarşı öz öhdəliklərinə hörmət etmək, təşviq etmək və nəzərə almaq xahiş edilir. Saziş, həmçinin Varşava Beynəlxalq Mexanizminin (WIM) İcraiyyə Komitəsini yerdəyişmə ilə bağlı işçi qrupu hazırlamağa çağırıb. Tərəflərin Konfransı öz qərarlarında iqlim dəyişikliyinin yerdəyişmənin hərəkətverici qüvvəsi olduğunu qəbul edib (50-ci bənd).

2017 – COP23: Almaniyanın Bonn şəhərində keçirilən COP23 platformasını – İqlim və Fəlakət Riskinin Maliyyələşdirilməsi və Sığorta Həlləri üçün Sığorta Qlobal Tərəfdaşlığı – həssas əhaliyə onların bərpasına kömək etməklə iqlim fəlakətlərinin humanitar təsirini azaltmağa çalışıb.

2018 – COP24: Polşada (Katovitse) keçirilən COP24 öz qərarında tərəfləri “miqrasiya, yerdəyişmə də daxil olmaqla, insan hərəkətliliyi ilə bağlı genişləndirilmiş əməkdaşlıq və asanlaşdırma yolu ilə strateji iş insan mobilliyi üzərində işi davam etdirməyə” təşviq edib. Həmçinin, insan hərəkətliliyinin (miqrasiya, yerdəyişmə və planlaşdırılanlar daxil olmaqla) anlaşılmasını artırmaq məqsədilə Konvensiya və Paris Sazişinə əsasən müvafiq orqanlar və institusional tədbirlər, proqramlar və platformalar üzrə koordinasiya, ardıcıllıq və əməkdaşlığı gücləndirməyi tövsiyə edib.

2021 – COP26: Şotlandiyada (Qlazqo) keçirilən COP müdafiə, xəbərdarlıq sistemləri və davamlı infrastruktur, kənd təsərrüfatı ilə profilaktik çərçivə yaratmağa, iqlim fəlakətləri nəticəsində evlərin, dolanışıq vasitələrinin və insanların itkisinə cavab vermək və bu yolla qarşısının alınmasına çalışılıb.

2022 – COP27: Misirin Şarm əl-Şeyx şəhərində keçirilən COP iqlim dəyişikliyi ilə əlaqəli fəlakətlərə ən həssas olan və məcburi köçkünlüyün “itki” forması kimi uğurla tanındığı ölkələr üçün yeni “İtki və Zərər Fondu”nun yaradılması ilə bağlı tarixi razılaşma əldə edib. Tədbirdə həmçinin İqlim Mobilliyi Pavilyonunun – İqlim Mobilliyi üzrə Qlobal Mərkəzin siyasət həlləri ilə bağlı müzakirələrə həsr olunmuş forumun açılışı olub.

2024 – COP29 Azərbaycan. “COP29-da İqlim Miqrasiyası”: İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (Intergovernmental Panel on Climate Change (IPCC) 2023-cü il üçün Altıncı Qiymətləndirmə Hesabatına uyğun olaraq, “adaptivlik qabiliyyətinin artırılması məcburi miqrasiya və hərəkətsizliklə bağlı risklərin minimuma endirilməsi, beynəlxalq, regional, milli və yerli səviyyələrdə siyasət və proqram xarakterli fəaliyyət vasitəsilə iqlim dəyişikliyi kontekstində insan hərəkətliliyinə dair Paris Sazişinin, Təhlükəsiz, Nizamlı və Daimi Miqrasiya üzrə Qlobal Sazişin, Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsinin və Davamlı İnkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsinə uyğun olaraq:

COP29-Azərbaycan ərəfəsində BMqT UNFCCC Tərəflərini aşağıdakıları həyata keçirməyə çağırır:

m Uyğunlaşma üzrə Qlobal Məqsəd və Milli Uyğunlaşma Planları”(NAP) vasitəsilə fərdlər, icmalar və hökumətlər tərəfindən insanların mobilliyi ilə bağlı təhlükəsiz, səlahiyyətli və məlumatlı qərarlar qəbul etmək üçün planlaşdırılma və maliyyələşdirilməsini sürətləndirmək;

m İqlimə davamlı inkişafı gücləndirən və insanlara öz mənşə ərazilərində ləyaqət və təhlükəsizlik şəraitində qalmaq seçimini təklif edən risklərin azaldılması, erkən xəbərdarlıq və erkən fəaliyyət tədbirlərinə üstünlük vermək;

m İnsanların davamlılığını gücləndirmək və hökumətlərin miqrasiya vasitəsilə öz inkişaf və iqlim prioritetlərini həyata keçirmələri üçün müntəzəm miqrasiya yollarını asanlaşdırmaq;

m İnnovativ və miqyaslana bilən iqlim fəaliyyət həllərini sürətləndirmək və ən həssas icmalara iqlim maliyyəsinin çıxışını təmin etmək.

m İtki və zərər landşaftında insan hərəkətliliyinə dair öhdəlikləri yerinə yetirmək.

m İqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələr və insanlarla həmrəyliyi gücləndirin. Bütün cəmiyyətin inklüziv səfərbərliyini gücləndirmək.

m İqlim dəyişikliyi və insan hərəkətliliyi ilə bağlı qərar qəbuletmə proseslərinin bir hissəsi kimi ictimai aktorları və özəl tərəfdaşları, akademik dairələri, vətəndaş cəmiyyətlərini, qadınları, gəncləri, yerli xalqları, miqrantları, diasporları, köçkünləri və təsirə məruz qalmış icmaları bir araya gətirin. Miqrasiya idarəçiliyinə və iqlim fəaliyyətinə insan hüquqlarının, uşağa həssas və genderə cavab verən yanaşmaların mərkəziliyini təşviq etmək.

Beləliklə, dövlətlər təkcə iqlim təsirlərindən deyil, emissiyaları azaltmaq və ya iqlim dəyişikliyinə uyğunlaşmaq üçün görülən tədbirlərdən də yaranan insan hüquqları pozuntularını qorumaq məsuliyyətinə malikdir. Bu o deməkdir ki, emissiyaları azaltmaq üçün görüləcək hər hansı tədbir (məsələn, kömür hasilatının dayandırılması və ya su elektrik stansiyalarının tikintisi) insan hüquqlarını pozmamalı və müxtəlif beynəlxalq rejimlər arasında uyğunluq olmalıdır.

Status-kvo davam etsə də, kömür hasilatı, nəqli, ixracı, yandırılması və s. hallar insan hüquqlarının kobud şəkildə pozulmasını artırmaqda davam edəcək. Bu, təkcə hasilatı və ya nəqliyyat sahələrinin yaxınlığında yaşayan insanların həyatında deyil, qalıq yanacağın dağıdıcı təsirlərinə həssas olanlar tərəfindən də hiss olunacaq.

Dünya liderlərinin orta qlobal temperaturu 2˚C-dən aşağı saxlamağa dair iqlim sazişini imzalaması nikbinliyə əsaslar versə də, görülməli olduqca çoxlu işlər var. İnsan hüquqları və iqlim dəyişikliyi üzrə beynəlxalq təşkilatlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv olan dövlətlərə yeni sazişlərə insan hüquqları üzrə öhdəlikləri daxil etməyə çağırışlar edib. Bu reallaşarsa, iqlim dəyişikliyinə ictimai həssaslıq güclənə, müxtəlif beynəlxalq rejimlər arasında uyğunluq yarana, hasilat sənayesinin hələlik davam etdiyi şəraitdə insan hüquqlarının qorunması təmin edilə bilər.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

Azərbaycan dilində:

  1. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib. /13 noyabr 2024/ – https://president.az/az/articles/view/67299
  2. “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına. /02 oktyabr 2024/ – https://president.az/az/articles/view/66978

 

İngilis dilində:

  1. Azerbaijan. Displacement Data. – https://www.internal-displacement.org/countries/azerbaijan/
  2. Bonnie Docherty & Tyler Giannini, Symposium: Confronting a Rising Tide: A Proposal for a Climate Refugee Treaty, 33 Harvard EVITL L. Rev. 349, 372, 385 (2009).
  3. Climate change and displacement: the myths and the facts. – https://www.unhcr.org/news/stories/climate-change-and-displacement-myths-and-facts
  4. Climate Change and Human Mobility. – https://www.migrationdataportal.org/climate-mobility-spotlight
  5. Climate change fuels clashes in Cameroon that force thousands to flee. – https://www.unhcr.org/news/stories/climate-change-fuels-clashes-cameroon-force-thousands-flee
  6. Climate crisis. – https://www.ifrc.org/happening-now/advocacy-hub/climate-crisis
  7. Climate refugees account for more than a half of all migrants but enjoy little protection. – https://www.eesc.europa.eu/en/news-media/news/climate-refugees-account-more-half-all-migrants-enjoy-little-protection
  8. Coming soon: Climate lockdowns? /02.02.22/ – https://thehill.com/opinion/finance/592011-coming-soon-climate-lockdowns/
  9. COP24 Addresses Climate Change Migration Ahead Of UN Migration Pact Meeting In Marrakech. – https://unfccc.int/news/cop24-addresses-climate-change-migration-ahead-of-un-migration-pact-meeting-in-marrakech
  10. Derrière les températures extrêmes, le spectre du “confinement climatique” /Publié le 27 mai 2024/ – https://www.novethic.fr/environnement/climat/temperatures-extremes-le-confinement-climatique-est-une-solution-durgence
  11. Dina Ionesco. Let’s Talk About Climate Migrants, Not Climate Refugees. – https://www.un.org/sustainabledevelopment/blog/2019/06/lets-talk-about-climate-migrants-not-climate-refugees/
  12. Displacement, disasters and climate change. – https://www.internal-displacement.org/focus-areas/Displacement-disasters-and-climate-change/
  13. Environment and the European Convention on Human Rights /April 2024/. Right to life (Article 2 of the Convention). Dangerous industrial activities: Öneryıldız v. Turkey. /30 November 2004 (Grand Chamber). – https://www.echr.coe.int/documents/d/echr/FSEnvironmentENG
  14. Framing Climat -Change as a Human Rights İssue. – https://www.dejusticia.org/en/column/framing-climate-change-as-a-human-rights-issue/
  15. Global Compact for Migration (GCM). – https://www.iom.int/global-compact-migration
  16. Global Report on Internal Displacement. – https://www.internal-displacement.org/global-report/grid2021/
  17. How “Climate lockdowns” conspiracy theories target authorities undertaking climate action. /July 19, 2023/ – https://edmo.eu/publications/how-climate-lockdowns-conspiracy-theories-target-authorities-undertaking-climate-action/
  18. Human Rights and Climate Change: What Role for the European Convention on Human Rights? – https://www.coe.int/en/web/portal/-/human-rights-and-climate-change-what-role-for-the-european-convention-on-human-rights-
  19. Keane D. The Environmental Causes and Consequences of Migration: A Search for the Meaning of ‘Environmental Refugees. // Georgetown International Environmental Law Review 16, no. 2 .2004 p.214–15
  20. Myers N. “Environmental Refugees: A Growing Phenomenon of the 21st Century” // Philosophical Transactions: Biological Sciences 357, no. 1420 (2002): 609 and 611
  21. Myers N. and Kent J. Environmental Exodus: An Emergent Crisis in the Global Arena. Washington, DC: Climate Institute, 1995.
  22. New York Declaration for Refugees and Migrants. – https://www.unhcr.org/what-we-do/protect-human-rights/asylum-and-migration/new-york-declaration-refugees-and-migrants
  23. Over one billion people at threat of being displaced by 2050 due to environmental change, conflict and civil unrest. – https://www.economicsandpeace.org/wp-content/uploads/2020/09/Ecological-Threat-Register-Press-Release-27.08-FINAL.pdf
  24. Report on the First Meeting on Protocol on Environmental Refugees: Recognition of Environmental Refugees in the 1951 Convention and 1967 Protocol Relating to the Status of Refugees (Male, Maldives, 14–15 August 2006. Republic of the Maldives Ministry of Environment, Energy and Water.
  25. Suhrke A. (1994). Environmental Degradation and Population Flows. // Journal of International Affairs 47, no. 2, pp.473-496
  26. Summary report on the SBSTA–IPCC special event: Unpacking the new scientific knowledge and key findings in the IPCC Special Report on Climate Change and Land. – https://unfccc.int/sites/default/files/resource/SRCCL%20Summary%20Report_Apr2020.pdf
  27. The concept of ‘climate refugee’ Towards a possible definition. – https://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2021/698753/EPRS_BRI(2021)698753_EN.pdf
  28. There could be 1.2 billion climate refugees by 2050. Here’s what you need to know. /October 23, 2024/ – https://www.zurich.com/media/magazine/2022/there-could-be-1-2-billion-climate-refugees-by-2050-here-s-what-you-need-to-know
  29. Understanding Human Rights and Climate Change. – https://www.ohchr.org/ sites/default/files/Documents/Issues/ClimateChange/COP21.pdf

 

 

 

Tahira Allahyarova

COP29 AZERBAIJAN: CLIMATE CHANGE, CLIMATE MIGRATION AND HUMAN RIGHTS – GLOBAL TRENDS, REALITY AND PROSPECTS

 Abstract

 

This article, set against the backdrop of the global COP29 event in Azerbaijan, explores, for the first time, the interconnected issues of climate change, climate migration, climate refugees, and the human rights challenges these phenomena present.

The article discusses the state of terminological debates and the latest scientific and legal definitions concerning human flows caused by the impacts of climate change, such as environmental refugees, climate refugees, or climate migrants.

It is argued states that global warming and the climate crisis are exacerbating existing inequalities and threatening fundamental human rights, including the right to life, housing, water and sanitation, food, health, development, personal security, and an adequate standard of living. The article also highlights that climate-induced migration poses a significant threat to small island states, with Azerbaijan bringing the issue of small island states to the forefront of attention at COP29.

The author discusses upon the emergence of a judicial precedent in the European Court of Human Rights (ECHR) in 2024 concerning climate change, marking its transition into the realm of human rights and providing momentum for the development of a new generation of human rights. It is noted that scientists have recently predicted severe consequences from climate change, with threats that could force millions of people to leave their homes in the coming decades. However, many international institutions and organizations, as well as some states lack the political will and legal framework to address the approaching crisis. As part of a broader program aimed at integrated Earth governance, the article calls for systemic reforms in governance and regulatory policy to support global adaptation to climate change.

 

Key words: COP29, Azerbaijan, climate change, climate refugees, climate migrants, human rights, terminological debates, legal precedents, global trends, prospects, ECHR

 

  

 

Тахира Аллахярова

COP29 В АЗЕРБАЙДЖАНЕ: ИЗМЕНЕНИЕ КЛИМАТА, КЛИМАТИЧЕСКАЯ МИГРАЦИЯ И ПРАВА ЧЕЛОВЕКА — МИРОВЫЕ

ТЕНДЕНЦИИ, РЕАЛЬНОСТЬ И ПЕРСПЕКТИВЫ

 

Резюме

 

В статье, на фоне глобального события COP29 в Азербайджане, впервые рассматриваются вопросы изменения климата и климатической миграции, климатических беженцев и правозащитных аспектов изменения климата.

Статья анализирует текущие терминологические дискуссии и новейшие научно-правовые подходы к определению вынужденных климатических переселенцев: «экологические беженцы», «климатические беженцы» или «климатические мигранты».

Кроме того, подчеркивается разрушительное влияние глобального потепления и климатического кризиса на существующее неравенство — угроза фундаментальным правам человека, включая право на развитие. Эти процессы оказывают прямое или косвенное негативное воздействие на реализацию других прав, таких как право на жизнь, жилье, воду и санитарное благополучие, питание, здоровье, личную безопасность и достойный уровень жизни. Особое внимание уделяется угрозе, которую миграция, обусловленная климатом, представляет для малых островных государств. Азербайджан выдвинул проблему этих государств в центр внимания на COP29.

Автор также затрагивает вопрос судебного прецедента, который может быть создан в Европейском суде по правам человека (ЕСПЧ) по вопросу изменения климата в 2024 году, перенеся этот вопрос в правозащитную сферу и давая начало созданию нового поколения прав человека.

Отмечается, что в последнее время ученые прогнозируют серьезные последствия изменения климата, которые могут вынудить миллионы людей покинуть свои дома в ближайшие десятилетия. Однако профильным международным организациям и ряду государств не хватает политической воли и правовой базы для эффективной борьбы с приближающимся кризисом.

В рамках более широкой программы комплексного управления земными системами необходимы реформы в сфере управления и нормативной политики, направленные на глобальную адаптацию к изменению климата.

Ключевые слова: COP29, Азербайджан, изменение климата, климатические беженцы, климатические мигранты, права человека, терминологические дискуссии, правовые прецеденты, глобальные тенденции, перспективы, ЕСПЧ

---------------