Zahid ORUC
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri
E-mail: zahidoruc@gmail.com
(Bakı, Azərbaycan)
Xülasə. Məqalədə ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da Azərbaycanda iqlim tədqiqatları kontekstində “iqlim təhlükəsizliyi” məsələsi təhlil edilir. Qeyd edilir ki, COP29 konfransında bu məsələ iqlim diplomatiyasının mərkəzində dayanır.
İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər bir ölkə və dünya üçün real təhlükə yaradır. Bu çətinlikləri aradan qaldırmaq üçün o, yeni inkişaf strategiyasını “yaşıl keçid” kimi müəyyənləşdirir.
Məqalədə qeyd olunur ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik, iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edən ölkələrdən biridir. COP29-da Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı öz təşəbbüslərini dünya ictimaiyyətinə təqdim edib.
COP29-dan sonrakı tədqiqatlar üçün qarşıda duran mühüm vəzifələrdən biri iqlim dəyişikliyinin çoxşaxəli aspektlərini araşdırmaq və elmi leksikonumuza bir çox yeni terminləri daxil etməkdir. “İqlim təhlükəsizliyi” strateji əhəmiyyət kəsb edən anlayışlardan biridir və bununla da yenidir.
Açar sözlər: COP29, Azərbaycan, yaşıl keçid, iqlim təhlükəsizliyi, strategiya, iqlim riskləri, iqlim diplomatiyası, Milli Müəyyən Edilmiş Töhfələr, qlobal enerji təhlükəsizliyi
Giriş
“COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. İnkişaf etmiş və etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və nəticədə dünya tarixi Bakı nailiyyətinin şahidi oldu”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti [1]
Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi “Yeni Dövr” idealının hədəflədiyi milli inkişaf strategiyası Azərbaycanı yeni zəfərlərə doğru aparır. Müstəqil dövlətçiliyinin 2024-cü ilində yeni tarixi mərhələyə qədəm qoyan ölkəmiz dünyanın ən nəhəng tədbirlərindən biri hesab edilən qlobal iqlim konfransına – COP29-a ev sahibliyi kimi diplomatik zəfər qazandı. Dünya birliyini yalnız konfrans günlərində deyil, bütün il boyu “Yaşıl dünya naminə həmrəylik”, iqlim dəyişmələri ilə mübarizədə səfərbərliyə çağırdı.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 iqlim diplomatiyasının tarixinə qızıl hərflərlə yazılacaq uğurlarla başa çatdı. Paytaxtımız Bakının adı ilə qəbul edilən iqlim qərarları dünya tarixinə düşdü, “Bakı dönüşü, sıçrayışı” (“Baku Breakthrough”) adını aldı. “Bu uğurların gerçək mahiyyətini biz də, bütün dünya da cəmi bir il sonra və daha sonra keçiriləcək COP konfranslarının nəticələri ilə müqayisə edəndə dönə-dönə yenidən dərk edəcəyik. COP 29-da həyata keçirilən qlobal fəaliyyətin nəticələri hazırda bütün dünyada müzakirə edilir. COP29 BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları, Azərbaycanın çoxsaylı tərəfdaşlarını, strateji müttəfiqləri və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. 10-dan çox beynəlxalq əhəmiyyətli qərar qəbul edildi: Bakı Maliyyə Məqsədi, Bakı Adaptasiya Yol Xəritəsi, İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü, İqlim davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası təsis edildi. Bununla yanaşı, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı, enerji üzrə öhdəliklər, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bakı Bəyannaməsi, Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yollarına dair Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi və s. mühüm qərarlar, qlobal təşəbbüs və çağırışların perspektivlər üçün əhəmiyyəti isə hələ onillərlə təhlil və tədqiq ediləcək.
COP-29 Azərbaycan konfransının lokal, regional və qlobal iqlim təhlükəsizliyinin təmin edilməsi, “yaşıl tranzit” strategiyasının gerçəkləşdirilməsi yönündə tarixi əhəmiyyətinə dair elmi tədqiqatlara, ətraflı araşdırmaların aparılmasına, layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu məqalədə sözügedən məsələlərdən, elmi, siyasi, hüquqi və ictimai leksikonumuza yeni daxil olan çoxsaylı iqlim terminologiyaları sırasında prioritet hesab edilən “iqlim təhlükəsizliyi”, onun təmin edilməsi yönündə COP29 Azərbaycan tədbirinin əhəmiyyəti mövzusundan ilk dəfə bəhs edilir.
- COP29 – Azərbaycanın son onilliklərdə başladığı yaşıl keçid strategiyasına doğru tarixi addım
1995-ci ildən başlayaraq hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) və Paris Sazişini imzalayan Tərəflərin Konfansının (COP) keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizəni davamlı etmək, irəliləyişləri qiymətləndirməkdir. Ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən antropogen mənbəli və təhlükəli hesab edilən bütün müdaxilələrin qarşısını almaqdır.
İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər bir ölkə və dünya üçün ekzistensial təhlükədir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün yeni inkişaf strategiyası yaşıl keçid kimi müəyyən edilir. Hazırda mövcud
istehsal və istehlak nümunələri qeyri-davamlıdır və davamlı inkişafa doğru hərəkət etmək üçün hərtərəfli yeni fəaliyyət tələb olunur. İnteqral, sistemli yanaşma sosial-iqtisadi inkişaf və ekoloji məqsədlərə nail olmaq üçün bu sahələrdə siyasətin bir-birini tamamlamasını şərtləndirən yaşıl iqtisadiyyata keçidi zərurətə çevirir. Yaşıl artıma keçid mərhələli şəkildə mümkündür. Bu da öz növbəsində yaşıl keçid mərhələsini nəzərdə tutur. “Yaşıl keçid – yaxın 20-30 ildə iqlimi neytrallaşdırmaq, yaşıl texnologiya vasitəsilə iqtisadiyyatı artırmaq, davamlı inkişaf edən sənaye və nəqliyyat yaratmaq və atmosferin çirklənməsini azaltmaqla, iqlim və ətraf mühitdəki problemləri fürsətlərə çevirməyə yönəlik keçid mərhələsidir. Bu, iqlim dəyişikliyinin, ekoloji təsirlərin azaldılması və daha davamlı gələcəyin təşviqi məqsədilə resurs tutumlu və ətraf mühiti çirkləndirən istehsal təcrübələrindən daha davamlı və ekoloji cəhətdən təmiz alternativlərə keçidi əhatə edən keçid mərhələsini nəzərdə tutur” [15].
Azərbaycan dövləti yaşıl keçidi yalnız BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəf ölkəsi olduğu üçün dəstəkləmir. Reallıqda son onillərdə yaşıl enerji və iqtisadi artıma keçid məqsədlərinə nail olmağa töhfə verən islahatların hazırlanması və həyata keçirilməsi ölkəmizin strateji siyasi kursudur. Ölkəmizdə COP29-dan əvvəl də yaşıl siyasətin həyata keçirilməsi üçün lazım olan aidiyyəti mexanizmlərin hazırlanmasına, mərkəzi və yerli idarəetmə strukturlarında zəruri proseslərin yaradılmasına başlanılıb.
Yaşıl keçidlər sosial-iqtisadi sistemlərin planetar ekoloji sərhədlər daxilində mühafizəsini təmin etməklə yanaşı, yeni dayanıqlı iqtisadi model vasitəsilə rifahın və firavanlığın artmasına da imkan verir.
Söhbət təkcə alternativ enerjiyə keçiddən, neftə və qaza, daş kömür və tükənən digər yanacaq növlərinə tələbatı azaltmaqdan, karbon emissiyalarını sıfıra endirməkdən getmir, ilk növbədə, ölkəmizdə sənaye üsulu ilə çıxarmağa başladığımız 278 illik neftin inhisarından çıxmaqdan, iki dünya müharibəsi, o cümlədən birinci və ikinci Qarabağ savaşlarının taleyində müstəsna rol oynayan bir resursdan tamamilə fərqli digərinə – yaşıl enerjiyə keçiddən gedir.
Əslində Azərbaycanda yaşıl tranzit Prezident İlham Əliyevin rəhbərliy ilə çoxdan başlayıb və dövlət başçısının xüsusilə də 2010-cu ildən sonrakı çıxışlarına, o cümlədən qərarlarına baxdıqda, “Bərpa olunan enerji mənbələrindən enerjinin istehsalının təşviqi üçün dəstək mexanizmləri”nin əsas dövlət kursunun mühüm bir sahəsinin məhz bərpa olunan enerjiyə yönəldiyini görərik [5; 6].
22 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb və Agentliyin Əsasnaməsi təsdiq edilib [2]. Dövlətimizin Qarabağ savaşından sonra qlobal ekoloji tədbirin keçirilməsinə nail olması böyük siyasi uğur olmaqla yanaşı, həm də yaşıl tranzitlə bağlı ölkəmizin siyasətidir. Yeni mərhələdə qeyri-neftsiz eraya keçid, son iki yüz ildə bütün lokal və qlobal savaşların əsas səbəblərindən biri, həmçinin hərbi mühərrikləri hərəkətə gətirən vasitə əvəzinə smart və 4-5-ci nəsil texnologiyalar, süni intellekt məhsulları və yaşıl enerji təkcə yeraltı sərvətləri qorumağa deyil, həm də dünyanın son 300 illik taleyini dəyişdirə bilər. Artıq günəş, külək və s. təkcə təbiət-kainat hadisəsi deyil, həm də tükənməz enerji mənbəyi, transformasiyası və ekoloji inqilabın əsas nüvəsi statusundadır.
Başa çatmaqda olan 2024-cü il COP29, COP16 biomüxtəliflik və COP16 səhralaşma tədbirləri ilə tarixə qovuşacaq. Bununla yanaşı, iqlim dəyişikliyi üzrə COP miqyas, məqsədlər və çoxşaxəli vəzifələr baxımından müstəsna tədbir sayılır.
Qeyd edildiyi kimi, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə önəm verən ölkələrdən biri kimi bütün saziş və konvensiyalara qoşulub. Enerji resursları ilə zəngin olmasına rəğmən Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Dövlət enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. COP29-un prezidenti Muxtar Babayev VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən toplantıda bildirib: “Azərbaycan hazırda dünyanın prioritet kimi qəbul etdiyi “yaşıl keçid”in əsas iştirakçılarından biridir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib. Bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir. Eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb. Böyük enerji şirkətləri ilə icra etdiyimiz “yaşıl layihə”lər ölkəmizin “təmiz enerji” ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb” [7].
COP29-da Azərbaycan qlobal birliyə “yaşıl” enerjiyə keçidlə bağlı təşəbbüslərinı təqdim etdi. Məlum oldu ki, COP-29 fosil yanacaqlara qlobal asılılığın azaldılması və bərpa olunan enerjinin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət yetirməklə enerji keçid gündəliyinin irəlilədilməsinə diqqət yetirəcək. Əsas məqsədlərə kömürün mərhələli şəkildə dayandırılması və yaşıl hidrogen bazarlarının inkişafı üçün xüsusi vaxt qrafiklərinin yaradılması daxildir ki, bunların hər ikisi Paris Sazişinin hədəflərinə çatmaq üçün vacibdir. COP29 həmçinin, xüsusilə qalıq yanacaqlardan çox asılı olan iqtisadiyyatlar üçün enerji təhlükəsizliyi problemlərini həll edəcək və təsirə məruz qalmış icmalar üçün ədalətli keçidi təmin edən siyasətləri dəstəkləyəcək. Bu təşəbbüsləri irəli sürməklə, COP29 uzunmüddətli iqlim məqsədlərinə uyğun gələn davamlı, dayanıqlı enerji sistemləri yaratmağa çalışır.
“Yaşıl keçid həm də “ədalətli keçid” (“just transition”) deməkdir. “Ədalətli keçid” anlayışı ekoloji və sosial böhranlar arasında əlaqənin dərk edilməsini nəzərdə tutur. Dekarbonizasiya və yaşıl enerji mənbələrinə keçidin insanların rifahının yaxşılaşması ilə ziddiyyət təşkil etməməsi üçün iqtisadiyyatların dekarbonizasiya proseslərində işçilərin və həssas təbəqələrin maraqları nəzərə alınır. Yerli maraqlı tərəflərlə (dövlətlər, dövlət və özəl şirkətlər, maliyyə institutları, QHT-lər və vətəndaş cəmiyyəti) tərəfdaşlıqda inklüziv, ədalətli və davamlı enerji keçidini təşviq etmək üçün bütün maliyyə alətləri işə salınır: ədalətli planlaşdıma və idarəetmə üçün inklüziv yanaşmanın qəbul edilməsi, proaktiv və qoruyucu (protektiv) dövlət siyasətinin həyata keçirilməsi, ev təsərrüfatlarına və yerli hakimiyyət orqanlarına dəstək verərkən layiqli iş yerlərinin yaradılması” [4].
İqlim dəyişmələri ilə mübarizəyə fəal qoşulan Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elek-trik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 2023-cü il ərzində respublikada elektrik enerjisinin istehsalı 29,3 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı SES-lərdə 1757,2 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 359 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7%-ni təşkil edib. 2020-ci ildən Masdar, ACWA Power, bp, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb. 3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalanıb. Ölkəmizin işğaldan azad edilmiş torpaqları “yaşıl enerji” zonası elan edilib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasında hidrogen istehsalı və istifadəsi ilə bağlı araşdırmaların aparılması və təkliflərin hazırlanması məqsədilə Energetika Nazirliyinin həmsədirliyi ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb [3].
COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi [12] arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib. “Yaşıl artım portalı”nın yaşıl texnologiya üzrə təchizat zəncirləri və texnoloji həllərin sistemləşdirilməsi vasitəsilə yaşıl keçidin iqtisadi faydalarını maksimum dərəcədə artırmağı hədəflədiyi qeyd olunub. “Yaşıl artım portalı” ölkələrə və investorlara “yaşıl” keçid strategiyalarını təkmilləşdirməyə kömək məqsədilə reallaşdırılır. Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılan interaktiv alət “yaşıl” dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir: “Yaşıl artım portalı” karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq “yaşıl” artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək [11].
Habelə,“Bakı Adaptasiya Yol Xəritəsi”nin yaradılması da bu istiqamətdə önəmli qərarlardandır. Bütün bunlar qlobal istixana qazı emissiyalarında payı cəmi 0,1 faiz təşkil edən Azərbaycanın dünyaya nümunəvi ölkə kimi kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfələr verə biləcəyini təsdiq edir.
- İqlim təhlükəsizliyi nədir?
COP20 sonrası tədqiqat sahəsində görüləcək mümüm işlərdən biri də iqlim mövzusunun çoxşaxəli istiqamətlərinin araşdırılması, elm və təhsil sahəsində öyrənilməsi, bir çox yen terminlərin elmi leksikonumuza gətirilməsidir. “İqlim təhlükəsizliyi” bu sırada yeni olmaqla yanaşı, strateji əhəmiyyətə malik anlayışlardandır. Azərbaycanda bu sahədə tədqiqatlar hələlik yox dərəcəsindədir.
“İqlim təhlükəsizliyi” iqlim dəyişikliyi şəraitində əhalinin və dövlətlərin təhlükəsizliyini, o cümlədən ətraf mühitin qorunmasını təmin edən konsepsiyadır. “İqlim təhlükəsizliyi” konsepsiyası – iqlim dəyişikliyi insanların və xalqların təhlükəsizliyi üçün ciddi nəticələrə malik olmasını diqqət mərkəzinə gətirir. Məsələn, dəniz səviyyəsinin qalxması sahilyanı daşqınlara və insanların kütləvi şəkildə yerdəyişməsinə, münaqişələrə və ictimai-siyasi qeyri-sabitliyə, sosial partlayışlara səbəb ola bilər. Qasırğalar, daşqınlar və quraqlıq kimi ekstremal hava hadisələri də infrastrukturun dağılmasına, kənd təsərrüfatı məhsuldarlığının azalmasına və ictimai təhlükəsizliyə təhdidlərə səbəb ola bilər” [9].
Mövzuya həs edilmiş tədqiqatlar göstərir ki, iqlim dəyişikliyinin insan təhlükəsizliyinə təsir edəcəyi vəziyyətlər çoxsaylıdır. İqlim təhlükəsizliyi iqlim böhranının sülh və təhlükəsizliyə birbaşa və dolayı təsirlərini nəzərdə tutur, iqlim dəyişikliyi təhdidlərin çoxsayı səbəb və gücləndiricisi-multiplikatoru kimi çıxış edir. İqlim dəyişikliyinin nəticələri insan təhlükəsizliyinin bütün sahələrinə – iqtisadiyyata, ərzaq təhlükəsizliyinə, sağlamlığa, ətraf mühitə, şəxsi, icma və siyasi rifaha təsir edir. İqlim əsaslı qaçqın və miqrantlar da daxil olmaqla, həssas vəziyyətli icmalara qeyri-mütənasib təsir göstərməklə sülhün və davamlı inkişaf səylərinə maneə yaratmaqla münaqişələrin alovlanmasına səbəb ola bilər. Qlobal istiləşmə prosesləri, ətraf mühitin dəyişməsi və hava şəraitinin dəyişməsi artıq milli inkişaf ehtiyaclarını ödəyə bilməyən ölkələrə əlavə təzyiqlər yaradır. Sosial-iqtisadi münasibətlərdəki kövrəkliyi, marjinallaşma və təcrid hissini dərinləşdirir və bununla da siyasi narazılıqları artırır. Münaqişələrdən təsirlənən dövlətlərdə bu dinamika gərginliyi gücləndirir, xüsusən də milli və yerli siyasətlər mövcud gərginliyin səbəblərini aradan qaldıra bilmədikdə və təbii ehtiyatların tükəndiyi, ən həssas və təcrid olunmuş qruplarla yerli vasitəçilik və mübahisələrin həlli mexanizmlərini həyata keçirmədikdə ənənəvi yaşayış tərzi və vasitələri tədricən məhv edilir.
Gözlənilməz yağıntılar və ekstremal hava hadisələri qida və su uğrunda rəqabətə səbəb ola bilər. Kənd təsərrüfatı istehsalının azalması əhalinin böyük təbəqələrinin gəlirlərinin itirilməsinə səbəb ola bilər. Quraqlıqlar, daşqınlar, tufanlar və dəniz səviyyəsinin qalxması artıq hər il 20 milyondan çox insanı evlərini tərk etməyə və ölkədaxili digər bölgələrə köçməyə məcbur edir.
İqlim təhlükəsizliyi xüsusən də zəif və münaqişələrdən təsirlənən ölkələrdə aktualdır. İqlim dəyişikliyi təbii sərvətlər üzərində rəqabətin artması, sosial böhranlar, ekoloji miqrantlar və s. kimi kaskad təsirlərlə qida, su və yaşayış vasitələrinin çatışmazlığını gücləndirə bilər. Bir ölkədə və ya regionda gərginliyin, münaqişənin və qeyri-sabitliyin artmasına səbəb ola bilər.
Münaqişənin artıq mövcud olduğu şəraitdə iqlim dəyişikliyinin təsirləri onu daha da gücləndirə və ya uzada bilər ki, bu da sülhə nail olmağı və onu davam etdirməyi çətinləşdirir. Münaqişə öz növbəsində ya enerji, su və kənd təsərrüfatı ehtiyatlarının aktiv şəkildə məhv edilməsi, ya da yumşaldılma və uyğunlaşma müdaxilələrini gecikdirmək və yaxud bloklamaq yolu ilə iqlim fəaliyyətinə maneə törədə bilər. İqlim dəyişikliyi resurs qıtlığını artırdığına və mövcud çoxsaylı sosial, iqtisadi və ekoloji problemləri daha da kəskinləşdirdiyinə görə təhlükə multiplikatoru (dəfələrlə gücləndirici) adlandırılır [18].
İqlim təhlükəsizliyi ilə bağlı proqnozlar daha böyük təhdidlərdən xəbər verir. Təhlillər göstərir ki, 2030-cu ilə qədər iqlim dəyişikliyi səbəbindən daha 130 milyon insan yoxsulluğa düçar ola bilər. Bu da təkcə ərzaq və su təhlükəsizliyi daxil olmaqla, mövcud təhdidləri deyil, həm də sosial-iqtisadi durumu və siyasi sabitliyi poza bilər. Müxtəlif ölkələrdə mövcud olan fərqli durum və kövrək parametrlələ əlaqəli şəkildə bu təsirlər təhlükəsizlik problemlərini kəskinləşdirə bilər. Bundan əlavə, iqlimlə bağlı təhlükəsizlik riskləri çox vaxt cəmiyyətin həssas təbəqələrinə – uşaqlara, qadınlara, əlilllərə, yaşlı təbəqəyə və s. qeyri-mütənasib səviyyədə ağır təsir göstərir.
Buna görə də, iqlim dəyişikliyinə cavab tədbirləri sırasında münaqişələrin qarşısının alınması və sülhyaratma fəaliyyətləri paralel şəkildə həyata keçirilməlidir. İqlim dəyişmələrinin tənzimlənməsinə sərmayə qoymaq münaqişədən əziyyət çəkən bölgələrdə çox vacibdir və doğru tətbiq edildikdə əməkdaşlığı gücləndirmək, etimadı bərpa etmək yönündə mühüm fürsət ola bilər [19].
Yenidənqurma səylərində bərpa olunan mənbələrin və təmiz texnologiyaların seçilməsi də davamlılığı gücləndirir və sonrakı mərhələdə yenidən təchiz etmək üçün baha başa gələn səylərin qarşısını alır.
Ümumiləşdirməyə çalışsaq:
- İqlim dəyişikliyi torpaq və su uğrunda rəqabətin artmasına səbəb olur.
- İqlim dəyişikliyi ərzaq təhlükəsizliyinə və təminatına təhdidlər yaradır.
- İqlim dəyişikliyi qida istehsalına təsir edir və aclığı artırır.
- İqlim dəyişikliyi yoxsulluğu və bərabərsizliyi dərinləşdirir.
- İqlim dəyişikliyi ailələr, qadınlar və qızlar üçün təhlükəsizlik risklərini artırır [20].
İqlim təhlükəsizliyinə risklər (iqlim riskləri) də geniş mövzudur. Onlardan bəzilərini qeyd edə bilərik:
Məhdud resurslar üzərində rəqabət. İqlim dəyişikliyi təbii ehtiyatlara əlçatanlığı çətinləşdirir, əhali öz dolanışıq vasitələrinin və yaşam strategiyalarının asılı olduğu resursların paylanmasında böhran yaşayır. Bu isə öz növbəsində məhdud resurslar üzərində daha böyük rəqabət, sosial gərginlik və mübahisələrin artması ilə nəticələnir.
Son illərdə zəlzələ, qasırğa və s. təbii fəlakətlər, qlobal miqyasda münaqişələr, pandemiya, kəskinləşən ekstremal hava şəraiti səbəbindən ərzaq təhlükəsizliyi rekord səviyyəyə çatıb. 2022-ci ildə 58 ölkədə 260 milyona yaxın insan kəskin qida çatışmazlığı, 35 milyon insan isə tam aclıqla üzləşib.
Münaqişə təsirinə məruz qalan ölkələrdə təsir güclənir, çünki insanlar artıq daha çox çətinliyə dözmək üçün məhdud imkanlarla humanitar yardıma ehtiyac duyurlar. Afrika Buynuzu boyunca 2022-ci ildə 20,9 milyon insan yaxın tarixdəki ən uzun və ən şiddətli quraqlıq səbəbindən yüksək dərəcədə qida çatışmazlığı ilə üzləşdi. Təkcə Keniya və Somalidə, demək olar ki, 3 milyon insan fövqəladə səviyyədə ərzaq təhlükəsizliyi ilə üzləşib [16].
Kütləvi köçkünlük, qaçqınlıq. Proqozlara görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi dünyanın 6 regionunda 216 milyon insanı öz ölkələrindən köçməyə məcbur edə bilər. Su qıtlığı, aşağı məhsuldarlıq və dəniz səviyyəsinin yüksəlməsi növbəti yarım əsr üçün iqlim dəyişikliyinin trayektoriyasını formalaşdıracaq, məcburi yerdəyişməni sürətləndirəcək, eyni zamanda mövcud gərginliyi gücləndirəcək və ya yenilərini yaradacaq.
Məhrumiyyət və qütbləşmə. Qlobal miqyasda hər 7 nəfərdən 6-sı özünü məhrumiyyətdə hiss edir. Bunu qismən iqlim dəyişikliyinin təsiri ilə izah etmək olar. İqlim dəyişikliyi bərabərsizlikləri pisləşdirə, həssas icmalara qeyri-mütənasib şəkildə təsir göstərə və sosial şikayətləri gücləndirə bilər. Yaşayış vasitələrinin pozulması, resurslarla bağlı mübahisələr və yerdəyişmə mövcud gərginliyi gücləndirə və qeyri-sabitliyə səbəb ola bilər [8].
Üstəlik, məhrumiyyət siyasi qütbləşmə və ekstremizmlə əlaqələndirilir. Qlobal Sülh İndeksinə (2022) görə, son 14 ildən 11-də siyasi qeyri-sabitlik, zorakı ekstremizm, gərgin qonşuluq münasibətləri sərhədlər daxilində və sərhəddənkənar köçkünlükləri ağırlaşdırıb [13].
Tədqiqatlara görə, ən ciddi iqlim riskləri və münaqişələr iqlim dəyişikliyinə həssas və daha az adaptasiya qabiliyyətinə malik olan yoxsul ölkələrdə gözlənilir, varlı ölkələr də belə təhlükələrdən sığortalanmayıb. İqlim dəyişikliyi varlılar və yoxsullar arasında bərabərsizliyi artırdıqca, genişmiqyaslı miqrasiya üçün təzyiq regional və qlobal miqyasda daha da arta bilər. Dünyanın ən çox zərər çəkmiş regionlarında münaqişələr qaçqın axınları, etnik qarşıdurma, ekoloji resursların qanunsuz istismarı və ya silah ixracı vasitəsilə qonşu dövlətlərə yayıla bilər.
Bu cür genişlənən təsirlər bütün regionlarda sabitliyi poza, qlobal və regional idarəetmə strukturlarını həddən artıq genişləndirərək böhranın coğrafi miqyasını görünməmiş həddə çatdıra bilər. 2005-ci ildə Katrina qasırğasının dağıdıcı təsiri və 2003-cü ildə Avropada kəskin istiləşmə dalğası göstərdi ki, təkcə yoxsul ölkələr iqlim dəyişikliyinə həssas deyil, həm də dünyanın ən zəngin dövlətləri də kəskin hava hadisələrindən ciddi şəkildə təsirlənə bilər. İnkişaf etmiş ölkələr mümkün iqtisadi təsirləri və miqrasiya təzyiqlərini görməməzlikdən gələ bilməzlər, xüsusilə təsirlərə məruz qalan regionlarda iqlimlə bağlı münaqişələrə cəlb oluna bilərlər. Bundan əlavə, iqlim dəyişikliyi böyük güclər arasında resurs rəqabətini artıra (məsələn, Arktikada), əlavə risk və münaqişə potensialı (məsələn, nüvə enerjisi, bioenerji, geo-mühəndisliyin genişləndirilməsi) ilə bağlı geosiyasi strategiyalara təkan verə bilər. Mümkün münaqişələrin qarşısını almaq və ya onları idarə etmək məqsədilə iqlim dəyişikliyi risklərinə qarşı təhlükəsizlik icması yaratmaq üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında institutları və əməkdaşlığı gücləndirməyə yönəlmiş qabaqlayıcı iqlim siyasəti tətbiq oluna bilər.
Yeni əməkdaşlıq yanaşmalarının və institusional çərçivələrin inkişafı iqlim təhlükəsizliyini artırmaq üçün həm iqlim, həm də təhlükəsizlik siyasətinin həllərini birləşdirən regional və qlobal idarəetmə strukturları üçün problemdir. Adaptiv idarəetmə zəlzələ risklərinin qarşısını almaq, təbii və sosial sistemlərin iqlim dəyişikliyinin yaratdığı mürəkkəb mühitə uyğunlaşmasına imkan vermək üçün iqlim dəyişikliyindən tutmuş insan etibarsızlığına, sosial qeyri-sabitliyə və şiddətli qarşıdurmaya qədər səbəb zəncirləri boyunca bir çox qərar nöqtələrinə təsir etməyə çalışır. Yerli səviyyədən qlobal səviyyəyə qədər idarəçiliyə agent əsaslı yanaşmalar dəyişən şərtlərə cavab verən, natamam bilik, məkan və zaman çərçivəsində yenilənmiş məlumat əsasında xüsusi qərar qaydalarına uyğun hərəkət edən real dünya agentlərini təmsil etmək üçün istifadə edilə bilər. Onlar həmçinin yerli və qlobal agentlər arasında çoxsəviyyəli qərar qəbuletmə prosesini və ictimai strukturların formalaşmasına və parçalanmasına səbəb olan fərdi və kollektiv fəaliyyət arasında keçidi idarə etmək üçün uyğundur. Qlobal və regional idarəetmə strukturlarını simulyasiya edən belə bir çərçivə münaqişədən əməkdaşlığa keçid üçün tələb olunan şərtləri təhlil etmək üçün adekvatdır. Bu töhfə iqlimin insan təhlükəsizliyinə, ictimai sabitliyə və yüksək riskli qaynar iqlim nöqtələrində şiddətli münaqişəyə təsirlərinin inteqrasiya olunmuş qiymətləndirilməsi üçün çərçivə təmin edir. İqlim dəyişikliyi ilə üzləşən cəmiyyətləri gücləndirməyə kömək edən elm əsaslı inteqrasiya olunmuş strategiyaların və həllərin hazırlanması hazırda diqqət mərkəzindədir.
Həmin tədqiqatların birində iqlim dəyişikliyi, ətraf mühitdə yaranan gərginlik, insan ehtiyacları və sosial nəticələr arasında səbəb-nəticə əlaqələri göstərilir. İqlim sistemindəki dəyişikliklər, məsələn, temperaturun və yağıntının kəskin dəyişməsi ətraf mühit sistemlərinə və təbii ehtiyatlara birbaşa təsir göstərir.
- İqlim təhlükəsizliyi yaşıl enerjiyə “ədalətli keçidin” reallaşdırılmasını diktə edir
İqlim dəyişmələri ilə mübarizə prosesləri də müəyyən təkamül proseslərindən keçib, məzmun, məqsəd və mahiyyətcə dəyişib. Tədqiqatçılar geosiyasi gərginliklər fonunda yaşıl enerjiyə keçidin mürəkkəbliklərini geniş araşdırmaqdadırlar. “İqlim və enerji təhlükəsizliyi əl-ələ yürüməlidir” adlı tədqiqatda qeyd edilir ki, bir neçə il əvvəl, bol enerji ehtiyatları dövründə dünyanın diqqəti xalis sıfır karbon emissiyasına nail olmaq üçün qalıq yanacaq istifadəsinin məhdudlaşdırılmasına yönəlmişdi. Bu gün prioritetlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra enerji qıtlığı, tədarük təhlükələri və qiymət artımları fonunda dəyişib. Əlverişli və etibarlı enerji təmin etmək üçün mübarizə iqlim fəaliyyətinə təhlükə yarada bilər. Dövlətlər və onların liderləri təcili enerji ehtiyacları ilə uzunmüddətli yaşıl hədəflər arasındakı boşluğu, həssas əlaqələri necə idarə edirlər?
Beynəlxalq Valyuta Fondunun “Maliyyə və inkişaf” adlı nəşrində Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol qeyd edir ki, dünyanın enerji təhlükəsizliyi və iqlim tədbirləri arasında seçim etmək kimi düşüncələr yanlışdır. Mövcud böhrandan qalıq yanacaqlardan asılılığı dərinləşdirmək üçün bəhanə kimi istifadə etməməklə paralel olaraq, neft və qazdan asılılığı azaltmaq üçün təmiz enerjiyə, o cümlədən enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri, elektrikləşdirmə və bir sıra təmiz yanacaq növlərinə daha çox sərmayə qoyulması siyasətini dəstəkləmək daha məqbuldur. Enerji məsələləri üzrə digər tədqiqatçı hesab edir ki, enerji keçidi son dərəcə diqqətli digər prioritetlərlə mübarizə aparan inkişaf etməkdə olan ölkələrdə iqtisadi böhranlara səbəb olacaqsa, yaşıl keçid, iqlim dəyişmələri ilə mübarizə ictimai dəstəyi itirə bilər. Tədqiqat çox vaxt təhlildən üstün olur” [10].
Nəticə:
Azərbaycanın yaşıl keçid strategiyası həm də elm, tədqiqat və maarifləndirmə sahələrində iqlim mövzusu ilə bağlı yeni
mərhələnin başlanğıcı deməkdir
Təhlildən göründüyü kimi, iqlim dəyişikliyi bir çox ölkələr tərəfindən milli təhlükəsizlik problemi olmaqla yanaşı, həm də müxtəlif növ münaqişələrin və təhlükəsizlik risklərinin səbəblərini gücləndirən amil kimi tanınır. BMT-nin iqlim dəyişikliyi ilə bağlı hesabatında göstərilir ki, iqlim təhlükəsizliyinin həll edilməsi yönündə tədbirlər münaqişələrin qarşısının alınması və sülhyaratma fəaliyyətləri ilə ahəng təşkil etməlidir. İqlim fəaliyyətinə investisiyalar münaqişəli və münaqişə sonrası şəraitdə vacibdir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) Altıncı Qiymətləndirmə Hesabatında qeyd edilir ki, iqlim həlləri iqlim dəyişikliyinə həssas olan münaqişələrə meyilli regionlarda taleyüklü əhəmiyyətə malikdir [17].
Azərbaycan otuz ildən çox işğal altında qalan, təbiəti viran qoyulan torpaqları azad etməklə, nəinki regionun, bütövlükdə dünyanın iqlim və ekoloji təhlüksizliyinə misilsiz töhfə verib. Bu baxımdan, Ermənistanın torpaqlarımızı 3 onillik boyu talan edən, viran qoyan ekofaşizm siyasətinin araşdırılması və təbliği, ekoloji cinayətlərlə bağlı gerçəklərin çatdırılması iqlim kontekstində qarşıda duran ən mühüm vəzifədir. Ermənistanın hərbi/müharibə cinayətlərini törədən ölkə imicinə daha biri – ekoloji cinayətkar ölkə imicinin tanıdılması yönündə fəaliyyət başlayıb.
Daha bir vacib sahə – Ermənistanın təbiətimizə və xalqımıza qarşı apardığı mina terrorudur. Mina təhlükəsi təkcə azad torpaqlara qayıdışı çətinləşdirmir, həm də yararlı və münbit torpaqların zəngin fauna və florasını məhv edir. Mina problemi Ermənistanın xalqımızın fundamental insan haqlarına vurduğu zərbələrin davamıdır. 30 illik işğal dövründə Qarabağda törədilən gerçək “ekofaşizm” siyasətinin dünyaya tanıdılması, dəymiş ziyanın ödənilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsi ən prioritet məsələlərdəndir. Beynəlxalq ekoloji hüquq və cinayətlərlə bağlı təşkilatlarla münasibətlərin qurulması, trendlərin izlənilməsi, ekoloji profilli sosial şəbəkə hesablarının yaradılması, fəallığı da gündəmdə durur.
Ermənilərin “kütləvi, məcburi köç”, dırnaqarası “etnik təmizləmə”, “humanitar fəlakət” şüarı ətrafında dezinformasiya hücumu qurmaq cəhdlərinin ifşası məhz iqlim və ekoloji cinayətlərlə dəf edilə bilər.
1846-cı ildən bəri ölkəmizdə çıxarılan neftin ümumi miqdarı 1971-ci ildə 1 milyard ton, 2017-ci ildə böyük təntənə ilə dövlət səviyyəsində qeyd olunan 2 milyard ton olub. Lakin ilin bütün fəsillərində göydə Günəşi və küləyi görən azərbaycanlılar bu tükənməz sərvətdən gərəyincə istifadə edə bilməyiblər. Biz 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük gününə gedən yolun da məhz ekologiya ilə başladığını yaxşı xatırlayırıq. Çünki Qarabağ müharibəsi, 1988-ci ildə Topxana meşəsi ilə başlayan nifaq ocağı 2022-ci ilin 12 dekabr soyuq qış günlərində Xankəndi yoluna xüsusi təyinatla çıxan dinc ekoaksiyaçıların sülh ocağı ilə yekun mərhələsinə çatdı. Bu, təkcə rəmzi və simvolik hadisə deyil, ana təbiətin də ilahi ədaləti idi. Bərpa olunan bütövlük həm də müqəddəs torpaqlarımızın, onun üzərindəki canlı aləmin, atmosferin də azadlğı idi. Ərazilərimizin işğaldan azad olunması Bərdədən Ağdama, Goranboydan Kəlbəcərə, Tərtərdən Xankəndi və Şuşayadək təkcə yolların açılması, çayların və su hövzələrinin qovuşması deyil, eləcə də hava axınlarının, yağışın, küləyin və günəşin bütün ərazi boyunca tam dövr etməsinə səbəb olub.
Ona görə də ölkə rəhbərinin “Yeni Dövrü” ilk növbədə “Yaşıl Azərbaycana” keçid deməkdir. Əgər Ulu öndər Heydər Əliyev 1994-cü ildə “Əsrin neft müqaviləsi”ni imzaladısa, İlham Əliyev yeni yüz ilin “Yaşıl enerji kontraktları”nı həyata keçirir. Əgər biz “Yaşıl enerji”ni qazana bilsək, dənizdə hasilatın azalmasından həyəcan keçirməyəcəyik, Xəzəri dünya ilə birləşdirən kəmərləri alternativ enerji ilə təchiz edə biləcəyik. İndi yalnız neft-qaz müqavilələri ölkəmizin iqtisadi-siyasi təhlükəsizliyinin qarantıdırsa, “Yaşıl enerji” dəhlizini qura bilsək, 2030-cu ilədək “yaşıl artım”a nail olsaq, o zaman Zəngəzur dəhlizi ilə yaşıl enerji ixrac kəmərlərinin çəkilməsi mümkün olacaq. Tam real bir perspektivdə Orta Dəhliz strategiyası öz həllini tapacaq.
Yaşıl eraya keçidin işğaldan azad olunan ərazilərdə həyata keçirilməsi xüsusilə tarixi hadisədir. Azad edilən bölgələrdə günəş enerjisi layihələri üçün Zəngilan, Cəbrayıl, Qubadlı və Füzulinin beynəlxalq şirkətlər tərəfindən qiymətləndirilməsi aparılıb və böyük potensial təsdiqlənib. Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. “2024-Yaşıl Dünya İli” çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.
Müqayisə üçün Böyük Britaniyanın enerji faizlərinə diqqət yetirək: 2024-cü ildə bu rəqəm 39,5% təşkil edib ki, onun da 29,0%-ni külək, 4,5%-ni günəş enerjisi təşkil edir.
Almaniyada isə son iki ildə müəyyən azalma templərinə baxmayaraq, alternativ enerji mənbələrinin ümumi enerji balansında payı 42.3% təşkil edib.
2023-cü il aprelin 25-də Bolqarıstana səfəri zamanı bir daha Qərblə enerji əməkdaşlığına xüsusi yer ayıran Prezident demişdir: “Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıb”.
COP-29 konfransının Azərbaycanda keçirilməsini bütün dünya ölkələrinin dəstəkləməsinə işğal dövründə yerlə-yeksan edilən təbiət, qanunsuz talan edilən resurslar, təbiət abidələrinə qarşı görünməmiş vandalizm aktları, ekosid cinayətlərinin dünya tərəfindən etirafı kimi də yanaşa bilərik.
BMT Baş Assambleyası 2022-ci ildə tarixi qətnamə qəbul edərək “Təmiz və sağlam ətraf mühit təminatını Universal İnsan Hüququ” elan edib. Beləliklə, 161 ölkənin dəstəyi ilə ekoloji insan hüquqları yeni nəsil insan hüquqları ailəsinə daxil edilib. Bu əlamətdar hadisə nümayiş etdirir ki, üzv dövlətlər üçqat ekoloji böhran: 1.iqlim dəyişikliyi, 2.biomüxtəlifliyin yox olması və 3.ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaq üçün ortaq qanuni əsasa malikdirlər. Vətəndaşların sağlamlığına və həyat keyfiyyətinə təsir edən ətraf mühitin vəziyyəti dövlətin prioritetləri sırasındadır. Biz təbii ehtiyatlardan rasional istifadə etməli, ətraf mühiti qorumalı, ətraf mühitin mühafizəsi üçün yeni mexanizmlər tətbiq etməli, təmiz texnologiyaları inkişaf etdirməliyik. Cəmiyyətdə ekoloji mədəniyyətin səviyyəsinin yüksəldilməsinə, ətraf mühitə atılan tullantıların azaldılmasına, biomüxtəlifliyin qorunmasına nail olmalıyıq.
Təhsilin bütün pillələrində – uşaq bağçalarından universitetlərə qədər ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsi üçün çalışmalıyıq. Sənaye müəssisələrimizə ekoloji nəzarətin gücləndirilməsi, zərərli tullantıların azaldılması, meşə sahələrinin genişləndirilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, mühafizəsi və təmizlənməsinə yönəlmiş yeni “Su Məcəlləsi”nin qəbulu gündəlikdədir. Qısa ifadə edilsə, Azərbaycan ekologiyasının qorunması üçün ən vacib məsələlərdən biri məhz ekoloji şüurun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir! /24.11.2024/ https://azertag.az/xeber/azerbaycan_prezidenti_cop29_iqlim_diplomatiyasinda_donus_noqtesidir-3300664
- Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. /22 sentyabr 2020-ci il/ – https://e-qanun.az/framework/46009
- Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə. /06.03.2024/ – https://minenergy.gov.az/az/alternativ-ve-berpa-olunan-enerji/azerbaycanda-berpa-olunan-enerji-menbelerinden-istifade
- Azərbaycanın “yaşıl” enerjiyə keçidlə bağlı təşəbbüsləri. – https://cop29.az/az/sustainability/energy-transition-initiatives
- “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu. /31 may 2021-ci il/ – https://e-qanun.az/framework/47842
- “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu. /05 dekabr 2023-cü il/ https://president.az/az/articles/view/62391?fbclid=IwAR3eiO9c1Q7dZttPEivT-vJ-3dTqgPc5HxC-VGfsnk5vo-3dUpn2AXV-DQw
- Muxtar Babayev: “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq prioritetlər sırasındadır”. /1 may 2024-cü il/ – https://report.az/cop29/muxtar-babayev-temiz-etraf-muhit-ve-yasil-artim-olkesi-olmaq-prioritetler-sirasindadir/
İngilis dilində:
- 2022 Special Report on Human Security. – https://hdr.undp.org/content/2022-special-report-human-security
- Climate Security Human Mobılıty, Peace, Securıty And Clımate Change. – https://environmentalmigration.iom.int/sites/g/files/tmzbdl1411/files/documents/2024-05/iom-infosheet_climate-security_11052024.pdf
- Climate Security and Energy Security Must Go Hand-in-Hand. – https://www.imf.org/en/Blogs/Articles/2022/12/01/climate-security-and-energy-security-must-go-hand-in-hand
- Growth Lab. – https://growthlab.app/greenplexity
- Harvard’s Growth Lab. -https://growthlab.hks.harvard.edu/
- Institute for Economics & Peace. Global Peace Index 2022. – https://www.economicsandpeace.org/wp-content/uploads/2022/06/GPI-2022-web.pdf
- Scheffran, Jürgen., Link, Peter., Schilling, Janpeter. Theories and models of the climate-security link 2009/01/01. Theories and models of the climate-security link. – https://www.researchgate.net/publication/ 228417148_Theories_and_models_of_the_climate-security_link
- Shaping the Green Transitions for a Sustainable and Fair Europe. EU Science Hub. – https://joint-research-centre.ec.europa.eu/jrc-science-and-knowledge-activities/green-transitions_en#:~:text=Green%20transitions% 20foster%20welfare%20 and,remain% 20within%20ecological%20planetary%20boundaries
- Strengthening of the coordination of emergency humanitarian assistance of the United Nations – Report of the Secretary-General. 2023. – https://reliefweb.int/report/world/strengthening-coordination-emergency-humanitarian-assistance-united-nations-report-secretary-general-a7873-e202361-enarruzh#:~:text=Strengthening%20of%20the%20coordination%20of%20emergency%20humanitarian%20assistance%20of%20the%20United%20Nations%20%2D%20Report%20of%20the%20Secretary%2DGeneral%20(A/78/73%2DE/2023/61)%20%5BEN/AR/RU/ZH%5D
- The Intergovernmental Panel on Climate Change (IPCC).Climate Change 2022: Impacts, Adaptation and Vulnerability. – https://www.ipcc.ch/report/ar6/wg2/
- What is climate security and why is it important?ExplainersSeptember /1, 2023 Summary/ – https://climatepromise.undp.org/news-and-stories/what-climate-security-and-why-it-important
- When poverty meets climate change: A critical challenge that demands cross-cutting solutions. – https://blogs.worldbank.org/en/climatechange/when-poverty-meets-climate-change-critical-challenge-demands-cross-cutting-solutions
Rus dilində:
- Пять способов воздействия изменения климата на безопасность человека. – https://www.un.org/ru/climatechange/science/climate-issues/human-security
Zahid Oruj,
Chairman of the Board, Social Research Center
COP29 AZERBAİJAN: HİSTORİC TURNİNG POİNT İN GREEN TRANSİTİON
STRATEGY TO ENSURE REGİONAL AND GLOBAL CLİMATE SECURİTY
Abstract
The article examines the topic “COP29 Azerbaijan: Historic Turning Point in the Green Transition Strategy to Ensure Regional and Global Climate Security”. The author analyzes the issue of climate security for the first time in the context of climate research in Azerbaijan at the 29th session of the Conference of the Parties to the UN Framework Convention on Climate Change (COP29). He highlights that this issue has become a central focus of climate diplomacy at COP conferences.
Climate change and environmental degradation present a real threat to both individual countries and the global community. To address these challenges, he defines a new development strategy – the green transition.
The article emphasizes that Azerbaijan is one of the countries with significant potential for renewable energy sources and actively involved in the fight against climate change. At COP29, Azerbaijan presented its initiatives to the global community regarding the transition to green energy. One of the key research tasks following COP20 is to explore the multifaceted aspects of climate issues, examine them within the fields of science and education, and introduce new terms into the scientific lexicon. Climate security is one such strategic concept, newly introduced and of great importance.
Key words: COP29, Azerbaijan, green transition, climate security, strategy, climate risks, climate diplomacy, Nationally Determined Contributions (NDCs), global energy security.
Захид Oрудж,
Председатель правления Центра социальных исследований
COP29 В АЗЕРБАЙДЖАНЕ: ИСТОРИЧЕСКИЙ ПОВОРОТ В СТРАТЕГИИ ЗЕЛЕНОГО ПЕРЕХОДА ДЛЯ ОБЕСПЕЧЕНИЯ РЕГИОНАЛЬНОЙ И
ГЛОБАЛЬНОЙ КЛИМАТИЧЕСКОЙ БЕЗОПАСНОСТИ
Резюме
В статье рассматривается тема «COP29 в Азербайджане: исторический поворот в стратегии зеленого перехода для обеспечения региональной и глобальной климатической безопасности». Автор впервые анализирует понятие «климатической безопасности» в контексте климатических исследований в Азербайджане на 29-й сессии Конференции Сторон Рамочной конвенции ООН об изменении климата (COP29). Автор отмечает, что данная тема находится в центре внимания климатической дипломатии на конференциях COP. Изменение климата и деградация окружающей среды представляют собой реальную угрозу для всех стран и для всего мира. Для преодоления этих вызовов автор предлагает новую стратегию развития – зеленый переход. В статье подчеркивается, что Азербайджан является одной из стран с высоким потенциалом в области возобновляемых источников энергии и активно участвует в борьбе с изменением климата. На COP29 Азербайджан представил мировому сообществу свои инициативы по переходу на «зеленую» энергетику.
Одной из важнейших задач, которую предстоит решить в области климатических исследований после COP29, является изучение многогранных аспектов климатической проблемы, а также ее освоение в сфере науки и образования. Это требует внесения новых терминов в научный лексикон. Концепция «климатической безопасности» представляет собой стратегически важное и новое понятие.
Ключевые слова: COP29, Азербайджан, «зеленый» переход, климатическая безопасность, стратегия, климатические риски, климатическая дипломатия, Национально определяемые вклады (NDC), глобальная энергетическая безопасность