Rafiq RZAYEV,

AR ETN İqtisadiyyat İnstitutunun İnnovativ iqtisadiyyat

və rəqəmsal transformasiya şöbəsinin böyük elmi işçisi

(Bakı, Azərbaycan)

 

E-mail: rafiqrzayev74@mail.ru

ORCID: 0009-0001-1483-6963

 

Xülasə. Məqalədə innovasiyalar üçün əlverişli investisiya mühitinin, innovasiya-investisiya mühitinin yaradılması yolları araşdırılır. Əlverişli investisiya mühitini yaradan maddi və qeyri-maddi amillər, habelə innovasiya-investisiya mühitinin effektiv formalaşdırılması təhlil edilir. Bu mühitin uğurlu olması, onun sərmayə cəlbediciliyinin artması üçün hansı məsələlərə xüsusi olaraq önəm verilməsi oxucuların diqqətinə çatdırılır. Vurğulanır ki, innovasiya-investisiya mühitinin effektiv qurulması iqtisadi inkişafı sürətləndirir, yeni iş yerlərinin yaranmasına və ölkənin rəqabət qabiliyyətinin artmasına kömək edir. Məqalədə, həmçinin, Azərbaycanda innovasiya-investisiya mühiti və onun qiymətləndirilməsi təhlil edilir. Bu qiymətləndirmənin iqtisadi göstəricilər, texnoloji potensial, hüquqi çərçivə, maliyyə imkanları, işgüzar mühit və digər meyarlar əsasında həyata keçirildiyi bildirilir. Bundan əlavə, innovasiya-investisiya mühitinin qiymətləndirilməsi üçün istifadə edilən bir sıra beynəlxalq indekslər nəzərdən keçirilir və Azərbaycanın bu indekslər üzrə bəzi göstəriciləri təqdim olunur. Məqalənin sonunda bu sahədə mövcud olan müsbət hallarla yanaşı, problemlərdən də söz açılır və onların aradan qaldırılması üçün bəzi təkliflər irəli sürülür.

Açar sözlər: innovasiya-investisiya mühiti, sərmayə cəlbediciliyi, investorlar, qiymətləndirmə, vergi siyasəti, innovativ layihələr, amillər, beynəlxalq indekslər

 

GİRİŞ

 

İnvestisiyalar iqtisadiyyatın müxtəlif sahələrinə, infrastruktura, sosial proqramlara, ətraf mühitin mühafizəsinə həm ölkə daxilində, həm də xaricdə uzunmüddətli kapital qoyuluşudur. Müasir bazar iqtisadiyyatında investisiyaların əhəmiyyətli hissəsi maliyyə investisiyalarıdır ki, onlar həm makro, həm də mikro səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bütövlükdə onlar ölkənin və ya ayrı-ayrı təsərrüfat subyektinin gələcəyini müəyyən edir, iqtisadi inkişafın hərəkətverici qüvvəsi rolunu oynayırlar. İnvestisiya fəaliyyəti artıqda iqtisadiyyatın sürətli inkişafı təmin olunur, müəssisələr müasirləşir, yeni istehsal sahələri təşəkkül tapır.

Bir sözlə, investisiya qoyuluşunu ölkə iqtisadiyyatının hərtərəfli inkişafının vacib şərtlərindən hesab etmək olar. Belə olan halda, təbii ki, hər bir dövlətin milli iqtisadiyyatının yüksək inkişaf dinamikası və təhlükəsizliyi üçün ilkin şərtlərdən biri iqtisadiyyatın müxtəlif sahələrinə qoyulan investisiyaların artırılmasıdır. İnvestisiya fəallığının sabit, sürətli artımı milli iqtisadiyyatın yüksəlişini mahiyyətcə təmin etməyə, müəssisələri modernləşdirməyə və mövcud istehsal sahələrini təkmilləşdirməyə, habelə əmtəə və xidmətlərin inkişafına imkan verir. İqtisadi siyasətin başlıca istiqamətlərindən biri olaraq investisiya üzrə aparılan uğurlu siyasət əldə edilən nailiyyətlərin əsasını təşkil edir. Makroiqtisadi stabilliyin, iqtisadi tərəqqinin və təhlükəsizliyin, həmçinin milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunmasında, ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsində və digər bir sıra problemlərin həll edilməsində ölkədəki investisiya qoyuluşu sahəsindəki vəziyyət və bu sərmayələrin innovasiya yönümlü olması əhəmiyyətli amillərdir [9]. Bu baxımdan innovasiyalar üçün əlverişli investisiya mühitinin, innovasiya-investisiya mühitinin yaradılması önəmlidir. Belə ki, texnoloji yeniliklərin inkişaf etdirilməsində və investisiya resurslarının səmərəli istifadəsində mühüm olan bu mühiti ölkədə və ya regionda innovasiyaların dəstəklənməsi, yeni texnologiyaların tətbiqi və iş dünyasına sərmayələrin cəlb edilməsi üçün iqtisadi sistemin vacib göstəricisi hesab etmək olar.

 

  1. Əlverişli investisiya mühitini yaradan amillər

İqtisadiyyatın real sektorunda innovasiyalar üçün əlverişli investisiya mühitinin yaradılması zərurəti modernləşmə proseslərinin həyata keçirilməsində prioritet məsələdir. Ümumiyyətlə, mikrosəviyyədə maddi və qeyri-maddi amillərə əsaslanan əlverişli investisiya mühiti çox vacibdir. Bu amillərə ümumi nəzər yetirək:

 

Maddi amillər

  • Ölkənin və ya regionun coğrafi mövqeyi, xammal və satış bazarlarının əlçatanlığı hər bir investor üçün vacibdir: investisiya üçün ölkəni, yaxud regionu müəyyən etməzdən əvvəl məhz bu amil xüsusi olaraq araşdırılıb öyrənilir.
  • Nəqliyyat əlçatanlığı – bölgədə yüksək keyfiyyətli yolların, dəmir yolu əlaqələrinin və hava xidmətlərinin olması.
  • Regionun infrastrukturunun yaxşılaşdırılmasının planlaşdırılması.
  • İnvestisiya üçün hazır obyektlərin, yaxud enerji və su təchizatı ilə təmin olunmuş müvafiq təyinatlı torpaqların olması
  • İxtisaslı əmək resurslarının mövcudluğu: kapital qoyuluşu etməzdən əvvəl investor ixtisaslı əmək resurslarının mövcud olub-olmadığını bilməlidir.
  • Preferensiyaların mövcudluğu: vergi güzəştləri, dövlət zəmanətləri, bələdiyyə obyektlərinin icarəyə verilməsi imkanı və s.

Qeyri-maddi amillər

  • Ölkənin və ya regionun işgüzar nüfuzu: artıq həyata keçirilmiş uğurlu investisiya layihələrinin olması.
  • İnvestisiyanın cəlb edilməsi üzrə mövcud siyasətin şəffaflığı: ölkənin və ya regionun beynəlxalq bazarda tutduğu mövqe.
  • Əlçatan informasiya dəstəyinin, yəni informasiya baxımından dəstəklənmək üçün müəyyən resursların mövcudluğu.
  • Potensial investorlara fərdi yanaşma: biznes assosiasiyaları ilə dialoq üçün müvafiq dövlət orqanlarının mövcudluğu.
  • Mərkəzi hakimiyyət orqanları ilə yerli idarəetmə arasında əlaqələr: “mərkəz”lə region arasında müsbət münasibətlər.
  • Ərazi üzrə regional inkişaf strategiyası: hər şeyin nəzərə alındığı məqsədyönlü investisiya proqramları və s.

 

  1. İnnovasiya-investisiya mühitinin effektiv formalaşdırılması

 

Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır [7]. Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s.) iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir [2]. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaq, iqtisadiyyatda yeniliklərin yaradılmasını və tətbiqini stimullaşdırmaq üçün əlverişli olan şərait və imkanları əhatə edən innovasiya-investisiya mühiti özündə bir sıra komponentləri birləşdirir. Bu tərkibə innovasiyaların sürətli inkişafı üçün əhəmiyyətli olan müasir texnoloji infrastruktur, maliyyə mənbələri, hüquqi qoruma mexanizmləri, yüksək təhsilli, bacarıqlı işçi qüvvəsi, dövlət dəstəyi və təşviqləri, əməkdaşlıq imkanları və s. daxildir. Bu komponentlərdən asılı olaraq, ölkənin və ya regionun innovasiya-investisiya mühiti formalaşır. Mühitin əlverişli olması investorların cəlb edilməsində, həmçinin innovativ məhsul və xidmətlərin bazara çıxarılmasında əhəmiyyətli rol oynayır [4]. Ümumiyyətlə isə innovasiya-investisiya mühitinin uğurlu olması üçün, əsasən, aşağıda haqqında bəhs edəcəyimiz amillər vacib şərt kimi qəbul olunur:

v Qanunvericilik və tənzimləmə bazasının, dəstəkləyici infrastrukturun mövcudluğu.

Dövlətin dəstəkləyici siyasət və qanunvericiliyi bu mühitin uğurlu inkişafı üçün əhəmiyyətlidir. Hüquqi çərçivə innovativ şirkətlərin qorunmasını təmin etməli və investisiya üçün əlverişli şərait yaratmalıdır. Elm və texnologiya parkları, startap inkubatorları, akseleratorlar kimi strukturların inkişafı innovasiya üçün vacib hesab olunur. Bu cür qurumlar yeni ideyaları dəstəkləyir, gənc müəssisələrə maliyyə və texniki məsləhətlər təqdim edir.

v Maliyyələşmə, maliyyə resurslarına çıxış.

İnnovasiya mühitində investisiya fondları, vençur kapitalı, dövlət qrantları və ya digər maliyyə alətlərinə çıxışın geniş olması startapların və texnologiyaların inkişafına təkan verir. Startaplar və innovativ şirkətlər üçün geniş maliyyələşmə imkanları, o cümlədən, qeyd etdiyimiz kimi, vençur kapitalı, biznes mələkləri və dövlət dəstəyi ilə maliyyələşmə bu iqtisadi sistemin yüksəlişini stimullaşdırır.

v Rəqabətli və şəffaf tənzimləmə mühiti.

Dövlətin innovasiya və investisiyalarla bağlı qanunvericiliyi sadə, şəffaf və rəqabətədavamlı olmalıdır. Bu, investorların hüquqlarını qorumaqla yanaşı, yeni ideyaların inkişafını asanlaşdırır. Həmçinin rəqabətqabiliyyətli bazara çıxış innovativ şirkətlərin genişlənməsinə və beynəlxalq səviyyədə inkişaf etməsinə şərait yaradır.

v İnsan kapitalı, kadr potensialı və təhsil.

Yüksək təhsilli, bacarıqlı işçi qüvvəsi innovasiyaların yaranmasında əsas rol oynayır. Universitetlər və elmi-tədqiqat institutları bu prosesdə mühüm amildir, çünki onlar yeni biliklərin mənbəyi kimi çıxış edirlər. Ümumiyyətlə, innovasiya-investisiya mühiti təcrübəli və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün əlverişli olmalıdır. Bu, universitetlərin, tədqiqat mərkəzlərinin və iş dünyasının qarşılıqlı əməkdaşlığı ilə mümkündür. Ali təhsil müəssisələri, tədqiqat mərkəzləri və laboratoriyalar texnoloji yeniliklərin inkişafına dəstək verməli və ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etməlidir.

v Beynəlxalq əlaqələr və əməkdaşlıq.

İnnovasiya-investisiya mühitində beynəlxalq əməkdaşlığın geniş şəkildə aparılması əhəmiyyətlidir. Xarici investisiyalar, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması,texnologiya transferi, təcrübə və bilik mübadiləsi mühitin qlobal səviyyədə inkişafını sürətləndirə bilər.

v Texnoparklar və inkubatorlar.

Bu strukturlar innovativ ideyaların praktiki tətbiqini asanlaşdırır. Startapların və yeni texnologiyaların sınaqdan keçirilməsi, təkmilləşdirilməsi üçün texniki və maliyyə dəstəyi təmin edir.

Beləliklə, yuxarıda sadalanan amillər nəzərə alınmaqla, innovasiya-investisiya mühitinin effektiv qurulması iqtisadi inkişafı sürətləndirir, yeni iş yerlərinin yaranmasına və ölkənin rəqabət qabiliyyətinin artmasına kömək edir.

 

  1. İnnovasiya-investisiya mühitində sərmayə cəlbediciliyinin artırılması

 

İnnovasiya-investisiya mühitində fəallığın təmin olunması üçün sərmayə     cəlbediciliyinin artırılması vacib hesab edilir. İnvestorlar üçün, adətən, iqtisadi mühitin, hüquqi çərçivənin, vergi siyasətinin, siyasi sabitliyin, potensial gəlirlilik göstəricilərinin və bir sıra digər amillərin qiymətləndirilməsi ilə şərtlənən sərmayə cəlbediciliyi aşağıdakı faktorlardan asılı ola bilər [6]:

v İqtisadi sabitlik – investorlar sabit iqtisadiyyata malik ölkələrdə sərmayə qoymağa üstünlük verirlər. Güclü iqtisadi inkişaf və aşağı inflyasiya investisiya üçün əlverişli mühit yaradır.

v Siyasi sabitlik – siyasi mühitin sabitliyi ölkədə gözlənilməz qanun dəyişikliklərinin və ya vergi tələblərinin olmamasını təmin edir.

v Vergi və tənzimləmə mühiti – aşağı vergi dərəcələri və rahat tənzimləmə siyasəti investorların cəlb edilməsində əhəmiyyətli rol oynayır.

v İnfrastruktur – keyfiyyətli nəqliyyat, enerji və telekommunikasiya infrastrukturu da investorların diqqətini çəkir.

v Əmək bazarı və insan kapitalı – yüksək təhsil səviyyəsi və ixtisaslı işçi qüvvəsi olan ölkələr və sahələr daha çox investor cəlb edə bilir.

v Resurslar və bazar potensialı – təbii resursların mövcudluğu və ya böyük istehlak bazarı investisiya cəlbediciliyini artıran faktorlardır.

Ölkənin və ya regionun ümumi investisiya cəlbediciliyini müəyyən edən bu faktorlar siyahısına maliyyə nəticələrinin səviyyəsini, məhsulların rəqabət qabiliyyətini, investisiyaların risklilik dərəcəsini və innovasiyaların gücləndirilməsi potensialını da əlavə etmək olar.

İnnovasiya-investisiya mühitində sərmayə cəlbediciliyinin artımı həm də innovativ layihələrə olan investisiya cəlbediciliyinin vəziyyətindən asılıdır. İnnovativ layihələrin investisiya cəlbediciliyi isə layihələrin texnoloji, maliyyə və sosial cəhətdən dəyər yaratma potensialına, həmçinin, bazar tələbatına cavab verib-vermədiyinə bağlıdır. İnnovativ layihələr, adətən, texnologiya və ya proses baxımından yeni və fərqli bir yanaşma təklif edir. Bu layihələr bazarda rəqiblərdən üstün olmağa, xərcləri azaltmağa, yaxud məhsul və xidmətlərin keyfiyyətini artırmağa imkan verir. Texnoloji üstünlük investorların diqqətini cəlb edən əsas amillərdən biridir [8]. Bununla yanaşı, layihənin bazar tələbinə uyğunluğu da çox vacibdir. Yəni layihənin bazarda həqiqi ehtiyacları qarşılayıb-qarşılamadığı və gələcəkdə böyük bir bazar payına sahib olma potensialı olub-olmadığı yoxlanılmalıdır. İnvestorlar layihənin uzunmüddətli perspektivini və böyümə potensialını qiymətləndirirlər. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, investisiya qoyuluşunun geridönüş müddəti, mənfəət nisbəti və maliyyə dayanıqlığı innovativ layihələrin cəlbediciliyini müəyyən edən əsas göstəricilərdir. Potensial investorlar layihənin gəlir gətirəcəyinə və risklərinin idarə oluna biləcəyinə əmin olmaq istəyirlər. Bu baxımdan layihəni həyata keçirən komandanın təcrübəsi və bacarıqları da böyük əhəmiyyət daşıyır. Güclü və peşəkar komanda layihənin uğur qazanma ehtimalını artırır və investorların inamını yüksəldir. Lakin etiraf etmək lazımdır ki, istənilən halda innovativ layihələrdə risklər daha yüksək olur, çünki bu cür layihələr, adətən, yeni və sınanmamış sahələrdə həyata keçirilir. Buna görə də investorlar layihənin risk idarəetmə strategiyalarını, bazar, texnoloji və hüquqi risklərin necə idarə olunacağını ciddi şəkildə araşdırırlar. Onu da qeyd edək ki, bir çox ölkələrdə dövlət tərəfindən innovativ layihələrə verilən dəstək, qanunvericilik təşviqləri və xüsusi proqramlar layihənin investisiya cəlbediciliyini artırır [5]. Vergi güzəştləri, subsidiyalar və digər dövlət yardımları investorlar üçün əlavə motivasiya olur. Beləliklə, üzərində dayandığımız bu faktorlar nəzərə alındıqda investorlar layihələrin potensialını daha asan qiymətləndirə və qərar verə bilərlər.

 

  1. Azərbaycanda innovasiya-investisiya mühiti və onun qiymətləndirilməsi

 

İnnovasiya-investisiya mühitinin qiymətləndirilməsi bir ölkənin və ya sektorun investorlar üçün nə dərəcədə əlverişli olduğunu müəyyən etmək üçün aparılan bir prosesdir. Bu qiymətləndirmə investisiya qərarlarının verilməsində əsaslı rol oynayır və müxtəlif iqtisadi, siyasi və sosial amillərə əsaslanır. İqtisadiyyatın və biznes sektorunun inkişafını təmin edən vacib bir proses olan innovasiya-investisiya mühitinin qiymətləndirilməsi yuxarıda haqqında danışdığımız bir sıra müxtəlif amillər – iqtisadi göstəricilər, texnoloji potensial, hüquqi çərçivə, maliyyə imkanları, işgüzar mühit və digər meyarlar əsasında həyata keçirilir. Bu qiymətləndirmə nəticəsində investorlar hansı ölkəyə, regiona və ya sektora sərmayə qoymaq barədə daha dəqiq qərarlar qəbul edə bilirlər.

Azərbaycanda innovasiya-investisiya mühiti və onun qiymətləndirilməsi son illərdə iqtisadi islahatlar və rəqəmsal texnologiyaların inkişafı kontekstində diqqət mərkəzindədir. Hökumət innovasiyaların inkişafına və investisiyaların cəlbinə xüsusi diqqət ayırır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi kimi qurumlar bu sahədə fəaliyyət göstərir. “Startap” layihələrinin dəstəklənməsi, vergi güzəştləri, texnoloji parkların yaradılması və maliyyə resurslarının təmin edilməsi ilə əlaqədar dövlət təşəbbüsləri də bu siyasətin bir hissəsidir. Ölkəmizdə, həmçinin, innovasiya fəaliyyətini dəstəkləyən müxtəlif texnoparklar da mövcuddur. Yüksək Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı innovasiya əsaslı layihələrin həyata keçirilməsinə dəstək göstərən əsas texnoparklardır. Bu mərkəzlər şirkətlərə lazımi infrastruktur, laboratoriyalar və digər resurslar təqdim edir. Azərbaycanda innovasiyaların inkişafında əsas rol oynayan insan kapitalının formalaşmasına da xüsusi diqqət yetirilir. Ölkəmizdə innovasiya yönümlü təhsil proqramları, universitetlərdə texnologiya üzrə ixtisaslar və təlim mərkəzləri inkişaf edir. Xüsusilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Ali Neft Məktəbi (BANM) kimi ali təhsil ocaqları innovasiya və texnologiya sahəsində tədris və tədqiqat işləri aparır. Rəqəmsallaşma da respublikamızda iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal transformasiya proqramlarını həyata keçirir. “Azərkosmos”, “Bakcell” və bu kimi şirkətlər informasiya texnologiyaları və telekommunikasiya sahəsində əhəmiyyətli layihələr reallaşdırırlar. Rəqəmsal həllərin yayılması və yüksək sürətli internet infrastrukturunun inkişafı da innovasiya mühitinə töhfə verir. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və xarici investorlar üçün yaradılan şərait də innovasiya-investisiya mühitinə müsbət təsir göstərir. Asiya İnkişaf Bankı və Dünya Bankı kimi qurumlar Azərbaycanda bir sıra layihələri dəstəkləyir. Xarici investorlar üçün hüquqi və vergi güzəştləri investisiya qoyuluşları üçün əlverişli şərait təmin edir.

Qeyd edək ki, dünyada, o cümlədən Azərbaycanda innovasiya-investisiya mühitinin qiymətləndirilməsi üçün bir sıra beynəlxalq indekslərdən istifadə etmək mümkündür. Bu indekslər ölkənin innovasiya potensialını, investisiya cəlbediciliyini və ümumi biznes mühitini qiymətləndirməkdə faydalıdır. Aşağıdakı indekslər Azərbaycanda bu sahənin qiymətləndirilməsi üçün uyğun ola bilər:

Global Innovation Index (GII) – Qlobal İnnovasiya İndeksi. Bu indeks ölkələrin innovasiya imkanlarını və nəticələrini qiymətləndirir. Təhsil, tədqiqat, infrastruktur, biznes mühiti və innovasiya nəticələri kimi müxtəlif meyarlar əsasında hesablanır.

World Bank Doing Business Index (DBI) – Dünya Bankının Biznesin Aparılması İndeksi. Bu indeks ölkədəki biznes mühitinin nə dərəcədə əlverişli olduğunu qiymətləndirir. Məsələn, şirkətlərin qeydiyyatı, kreditlərə çıxış, vergi sistemləri və investorların qorunması kimi amillər bu indeksdə əks olunur.

Global Competitiveness Index (GCI) – Qlobal Rəqabətlilik İndeksi. Dünya İqtisadi Forumunun təqdim etdiyi bu indeks ölkələrin iqtisadi inkişaf potensialını və rəqabətqabiliyyətliyini qiymətləndirir. İnnovasiya qabiliyyəti və texnoloji inkişaf burada əsas rola malikdir.

Economic Freedom Index (EFI) – İqtisadi Azadlıq İndeksi. Bu indeks ölkədə iqtisadi azadlıq səviyyəsini, mülkiyyət hüquqlarının qorunmasını, tənzimləmə yükünü və investisiya azadlığını qiymətləndirir.

Human Development Index (HDI) – İnsan İnkişafı İndeksi. Bu indeks ölkədəki sosial və iqtisadi inkişaf səviyyəsini qiymətləndirir. Təhsil və sağlamlıq sahələrində innovasiyaların həyata keçirilməsi baxımından faydalı ola bilər.

Bu indekslərdən istifadə etməklə, Azərbaycanda innovasiya-investisiya mühitinin ümumi vəziyyətini dəyərləndirmək və inkişaf etdirilməsi üçün potensial sahələri müəyyənləşdirmək olar.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Qlobal İnnovasiya İndeksi (Qİİ) 2024-də 95-ci yerdə qərarlaşsa da, bir sıra göstəricilər üzrə mövqeyini yüksəldib. “Biznes mühiti” alt indikatorunda ölkəmizin 2 pillə irəliləməsi (15-ci yer) Azərbaycanda innovasiyalar və biznesin inkişafı üçün əlverişli mühitin olduğunun göstəricisidir. Ölkəmiz bir çox region dövlətlərini qabaqlayaraq “biznes siyasətinin sabitliyi” alt-indikatorunda da 3 pillə (19-cu yer) irəliləyib. “Biznesin inkişafı” indikatoruna görə Azərbaycan 67-ci pillədə yer alır. Universitet-sənaye əməkdaşlığında elmi-tədqiqat və inkişaf (30-cu yer), klaster inkişafı (29-cu yer) göstəriciləri üzrə ölkəmiz Cənubi Qafqazda liderdir. Bu göstəricilər elmi və özəl sektor arasında güclü qarşılıqlı əlaqəni əks etdirir ki, bu da tədqiqat və innovasiyaların stimullaşdırılması üçün vacibdir. Hökumət sənaye klasterlərinin yaradılmasını və Azərbaycanın 2030-cu ilədək olan gündəliyinin əsas elementi olan elmi-tədqiqat və inkişaf əməkdaşlığını təşviq edir. Hesabatdan göründüyü kimi ölkəmizdə həyata keçirilən islahatlar biznes və investisiya mühitinə müsbət təsir göstərib. Biznes mühiti getdikcə yaxşılaşır və güclü innovasiya bazası yaradılır. Bu fonda startaplar və yüksək texnologiyalı sektorlar üçün maliyyələşdirmə mexanizmlərinin tətbiqi, kommersiyalaşdırma və texnologiya transferinin artırılması, tədqiqatları iqtisadi nəticələrə çevirən mexanizmlərin gücləndirilməsi, rəqəmsal infrastruktur, yüksək texnologiyalı sənaye və innovasiyaların dəstəklənməsinin davam etdirilməsi aktuallaşır. Azərbaycan, həmçinin, “Bilik və texnoloji nəticələr” indikatoru üzrə patent alt indikatorunda da (50-ci yer) irəliləyib. Qİİ ekspertlərinin fikrincə, innovasiya fəaliyyətinin bu mühüm göstəricisi üzrə 13 pillə irəliləyiş əldə olunub ki, bu nəticə Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir [1].

Beynəlxalq səviyyəli başqa bir fakta da nəzər yetirək. Belə ki, Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatına əsasən, Azərbaycan startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında mühüm irəliləyiş əldə edib. Hesabata görə irəliləyiş biznesin inkişafına dəstək və innovasiyaların təşviqinə yönəlmiş çoxsaylı institutlar və proqramların yaradılmasında (məsələn, irimiqyaslı tədbirlər, texnoparklar və biznes inkubatorların inkişafı) öz əksini tapıb. Sənəddə bildirilir ki, Azərbaycan rəqəmsal inkişafın təşviqində və qlobal rəqabət qabiliyyətinin artırılmasında birbaşa xarici investisiyaların rolunu həlledici hesab edir. Azərbaycan hökuməti 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası vasitəsilə xarici investisiyaların cəlb edilməsinə, islahatların həyata keçirilməsinə və özəl sektorun stimullaşdırılmasına xüsusi diqqət yetirir [3].

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Beləliklə, yuxarıda təhlil edilən məsələlər, nəzərdən keçirilən amillər və göstəricilər Azərbaycanda innovasiya-investisiya mühitinin ümumi mənzərəsini əks etdirir. Bu sahədə istiqamət müsbət olsa da, düşünürük ki, hökumət və işgüzar sektor arasındakı əməkdaşlıq, təlim proqramlarının inkişafı və startapların dəstəklənməsi mühitin daha da inkişaf etdirilməsinə töhfə verə bilər. Belə ki, müsbət hallarla yanaşı, ölkəmizdə innovasiya-investisiya mühitində bir sıra problemlər də mövcuddur və onlar da ölkənin texnoloji inkişafını, xarici investisiya cəlbetmə potensialını məhdudlaşdırır. Bu problemlər arasında bürokratik maneələr, innovativ təşəbbüslər üçün maliyyə resurslarının məhdudluğu, ixtisaslı kadr çatışmazlığı, beynəlxalq əlaqələrin zəif inkişafı, patent və müəllif hüquqlarının qorunması ilə bağlı məsələlər yer alır. Həmçinin Azərbaycanda innovasiya mədəniyyəti də hələ yetərincə inkişaf etməyib. Çox sayda müəssisə və fərdlər innovasiyaya, texnoloji yeniliklərə açıq deyillər. Bu da ölkədə innovativ düşüncə və tətbiqetmənin yayılmasını ləngidir. İnnovasiya fəaliyyətinə yetərincə maraq göstərilmədiyi üçün yeni texnologiyaların tətbiqi prosesində çətinliklər yaşanır. Bu problemlər innovasiya-investisiya mühitinin inkişafına əngəl törədən əsas amillərdir və onların aradan qaldırılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən ciddi addımların atılması zəruridir.

m Startaplar və texnologiya şirkətləri üçün əlverişli hüquqi mühit yaratmaq, xüsusilə vergi güzəştləri, patent və intellektual mülkiyyət hüquqları ilə bağlı qanunvericiliyi sadələşdirmək investorların inamını artırar;

m Bir çox məsələlərdə böyük önəm daşıyan maliyyə dəstəyi və onun mexanizmlərinin genişləndirilməsi yenə də aktualdır. Bu, qrant proqramları, aşağı faizli kreditlər və startap inkubatorları kimi təşviqlərlə həyata keçirilə bilər;

m Azərbaycanda innovasiya və texnologiya üzrə fəaliyyət göstərən, habelə gənc təşəbbüskarların ideyalarını reallaşdırmaları üçün dəstək verə bilən inkubatorlar, akseleratorlar və texnoparkların inkişafı və genişləndirilməsi vacibdir;

m Xarici innovasiya və investisiya fondları ilə əlaqələri möhkəmləndirərək nəticədə Azərbaycan startaplarının beynəlxalq arenada tanıdılması və onların qlobal investisiya şəbəkələrinə çıxışının təmin edilməsi investorlar üçün cazibədar mühit yarada bilər;

m Əsasən texnologiya sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetlərdə təhsil proqramlarının yenilənməsi və praktiki təlimlərə yönəlik kursların, həmçinin, texnoloji biliklərin inkişafına istiqamətlənmiş konfrans və seminarların artırılması ümumi işə töhfə verə bilər;

m Azərbaycanda yerli risk kapitalı fondlarının yaradılması innovasiya və startapların maliyyələşdirilməsi üçün çox önəmlidir. Belə ki, bu fondlar investorlar üçün layihələrin ilkin mərhələsində daha təhlükəsiz və cazibədar şərait yaradar;

m Startap və innovasiya sektorundakı bəzi inzibati maneələrin azaldılması, o cümlədən bizneslərin qeydiyyat proseslərinin sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi bu sahənin daha sürətli böyüməsinə kömək edə bilər;

m Müvafiq sahələr üzrə müəssisələrin tədqiqat və inkişaf fəaliyyətlərini təşviq etmək üçün əlavə vergi güzəştləri və dövlət dəstəyi proqramlarının təqdim olunması texnoloji inkişafı sürətləndirər.

Azərbaycanda innovasiya-investisiya mühitini inkişaf etdirmək üçün yuxarıda sadalanan addımları atmaq mümkündür. Bu addımlar həm yerli startapların və innovativ layihələrin inkişafına təkan verə, həm də xarici investorları cəlb edə bilər.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Azərbaycan dilində:

  1. Azərbaycan “Qlobal İnnovasiya İndeksi”ndə biznes mühiti üzrə 15-ci yerə qalxıb. – https://report.az/biznes-xeberleri/qlobal-innovasiya-indeksi-2024-derc-olunub28092024/
  2. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər. – https://president.az/az/articles/view/50474
  3. Azərbaycan startap və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında irəliləyiş əldə edib. – https://azertag.az/xeber/azerbaycan_startap_ve_innovasiyalar_uchun_elverisli_muhitin_yaradilmasinda_irelileyis_elde_edib-3053010
  4. Əzizova G.A. Dövlətin investisiya-innovasiya siyasəti. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2012, 212 s.
  5. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. – https://e-qanun.az/framework/50048
  6. Musayev A. İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırılması. Bakı: 2014.

 

İngilis dilində:

  1. Eunika Mercier-Laurent. Innovation ecosystems. ISTE Ltd and John Wiley. 2011.
  2. Martin Andersson, Börje Johansson, Charlie Karlsson, Hans Lööf. Innovation and Growth: From R&D Strategies of Innovating Firms to Economy-Wide Technological Change. Oxford University Press, 2012.
  3. Paul J.J.Welfens. Innovations in Macroeconomics. 3rd ed. Springer-Verlag Berlin, 2011.

 

 

 Rafig Rzayev

ESTABLİSHMENT OF FAVORABLE ENVİRONMENT FOR INNOVATİON AND INVESTMENT

 Abstract

 

The article explores the creation of a favorable environment for innovation and investment. It examines both tangible and intangible factors that contribute to an attractive investment climate, as well as the effective development of such an environment. The article emphasizes key issues critical to the success of this environment and enhancing its investment appeal. It highlights the importance of a well-established innovation and investment environment in accelerating economic growth, generating new jobs, and improving national competitiveness.

Additionally, the article analyzes the innovation and investment environment in Azerbaijan, providing an assessment based on various economic indicators, technological capabilities, the legislative framework, financial resources, business climate, and other relevant criteria. The article also considers several international indices used to evaluate innovation and investment environments, presenting Azerbaijan’s performance on these indices. Finally, while acknowledging the positive developments in this area, the article identifies challenges and proposes recommendations for addressing them.

Keywords: innovation and investment environment, investment attractiveness, investors, assessment, tax policy, innovation projects, factors, international indices

 

 

Рафиг Рзаев

СОЗДАНИЕ БЛАГОПРИЯТНОЙ ИНВЕСТИЦИОННОЙ СРЕДЫ ДЛЯ ИННОВАЦИЙ

 РЕЗЮМЕ

 

В статье рассматриваются пути создания благоприятной инновационно-инвестиционной среды. Анализируются как материальные, так и нематериальные факторы, способствующие формированию эффективной инновационно-инвестиционной среды. Особое внимание уделяется вопросам, которые играют ключевую роль для успешности данной среды и повышения её инвестиционной привлекательности. Подчеркивается, что эффективное создание подобной среды ускоряет экономическое развитие, способствует созданию новых рабочих мест и повышению конкурентоспособности страны.

Кроме того, в статье анализируется инновационно-инвестиционная среда в Азербайджане, а также проводится ее оценка на основе экономических показателей, технологического потенциала, законодательной базы, финансовых возможностей, бизнес-среды и других критериев. Рассматриваются международные индексы, используемые для оценки инновационно-инвестиционной среды, и приводятся показатели Азербайджана по этим индексам. Помимо положительных аспектов в этой области, выделяются проблемы и предложены меры для их решения.

Ключевые слова: инновационно-инвестиционная среда, инвестиционная привлекательность, инвесторы, оценка, налоговая политика, инновационные проекты, факторы, международные индексы

---------------