01-08 avqust 2024-cü il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində 25-ci Ümumdünya Fəlsəfə Konqresi (The 25th World Congress of Philosophy (WCP)) keçirilib. Konqresdə dünyanın 120  ölkəsindən 5000 nəfər alim və tədqiqatçı iştirak edib. 1900-cü ildən başlayaraq 5 ildən bir təşkil edilən Ümumdünya Fəlsəfə Konqresi (ÜFK) sonuncu dəfə 2018-ci ildə Pekində keçirilib. Builki Konqres pandemiya səbəbindən 6 illik fasilədən sonra baş tutub.

Konqresin təşkilatçıları “Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyası, İtaliya Fəlsəfə Cəmiyyəti, dünyanın ən qədim və Avropanın ən böyük universitetlərindən biri olan Roma La Sapienza Universiteti olub. ÜFK-nin rəsmi açılış mərasimi eramızın 212-ci ilində inşa edilən tarixi abidə – Terme di Karakallada (Terme di Caracalla) baş tutub. Roma şəhərinin meri, Sapienza Universitetinin rektoru, Dünya Fəlsəfə Konqresinin və İtaliya bölməsinin prezidentləri açılış nitqləri ilə çıxış edib. Natiqlər müasir qlobal çağırışların həllində, insan amilinin dərk edilməsində sosial elmlərin, fəlsəfənin əhəmiyyətini, bu sahədə çalışanların daha fəal və məsuliyyətli olmasını vurğulayıb.

Konqresə təqdim edilən məqalələrin təkcə proqramı 554 səhifədir.¹ Əsas şüarı “Sərhədləri aşan fəlsəfə” (“Philosophy Across Boundaries”) olan Konqres tədqiqatçılar üçün həm qlobal, həm də lokal coğrafiyalarda ən müxtəlif: ictimai, siyasi, sosial, mədəni-mənəvi, tarixi, hüquqi, süni intellekt, ekoloji etika və s. mövzularda müzakirələr və fikir mübadiləsi aparmaq üçün platforma olub. Bununla da dövlətlər, elm sahələri, mədəniyyətlər, insan və təbiət, indi və gələcək, real və virtual aləmlər və s. arasında sərhədlərin aşılması, ortaq nöqtələrin aşkarlanması və gələcək ssenarilərin tapılmasına cəhdlər əsas məqsədlərdən olub.

2 simpozium və 89 sessiyada məruzələrin edildiyi, interaktiv seminarlar və əməkdaşlıq dialoqlarının, dəyirmi masaların keçirildiyi Konqresdə əsas müzakirə mövzularından biri qlobal iqlim böhranı, ətraf mühitlə bağlı vəziyyət, ekoloji mədəniyyət və s. olub.

Azərbaycanı bu mötəbər elmi tədbirdə Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova təmsil edib. T.Allahyarova iqlim və ekologiya ilə bağlı sessiyada ayrıca məruzəçi, habelə 2 dəyirmi masada təşkilatçı və çıxışçı olub. Konqresin “14. Ətraf Mühit Fəlsəfəsi və Davamlı İnkişaf” (14. Environmental Philosophy and Sustainability) adlı sessiyasında T.Allahyarovanın “Qlobal iqlim böhranının sosial və fəlsəfi əsasları” (Philosophical and social aspects of the global climate crisis) mövzusunda məruzəsi təqdim edilib. Məruzədə qeyd edilir ki, qloballaşma prosesləri nəticəsində dünya iqtisadi, geosiyasi,texnoloji parametrlər üzrə vahid məkana çevrilsə də, bəşəriyyətin siyasi, ideoloji, ekoloji müstəvilərdə proseslərə baxışının, dünyagörüş sistemlərinin parçalanmış vəziyyətdə qalması paradoksal vəziyyət yaradıb. Problemlərin kökü onların həllinə yanaşmada – qlobal tam təşkil edən dünyanın düşüncə və dünyagörüş sistemində əsrlər boyu formalaşan pərakəndəlik, parçalanma olmasındadır. Ötən tarixi dövrlərin təcrübəsi insanların, xalqların, dövlətlərin, cəmiyyət və təbiətin qarşıdurma məntiqi və şəraitində yaşamasını şərtləndirib ki, bu da bəşər tarixində görünməmiş böhranlara səbəb olub. Bu baxımdan, son onilliklərdə iqlim və ekoloji problemlərin həllinə yanaşmada ortaya çıxan çoxsaylı – istər ekoloji, fəlsəfi ideya və nəzəriyyələr, istərsə də bəşəriyyətin dünyagörüşündə əsasən Şərq düşüncə irsinə xas olan dünyanın vəhdəti fəlsəfəsinin real həyat fəlsəfəsinə, qəbul edilən siyasi qərarların əsas prinsipinə çevrilməsi yönündə Konqresin üzərinə böyük məsuliyyət düşür. Çıxışdan sonra iştirakçıların verdiyi sualllar cavablandırılıb.

Kanadanın Qlobal Tədqiqatlar Mərkəzinin və Viktoriya Universitetinin Fəlsəfə və Ətraf Mühit Tədqiqatları Mərkəzinin professoru Tomas Heyd ekoloji fəlsəfə, fəlsəfə tarixi və tarixə qədərki təbiət estetikası sahəsində çalışdığını bildirərək, təbii resurslarla zəngin ölkə kimi Azərbaycanda, məsələn, bp, yaxud Exon Mobile və s. beynəlxalq şirkətlərin fəaliyyətində  məruzədə vurğulanan prinsiplərin reallaşdırılması mexanizminin necə olması ilə bağlı sualı maraq doğurub. Tomas Heydə verilən cavabda bu və s. şirkətlərin fəaliyyətində geniş ekoloji siyasətin, yaşıl layihələrin həyata keçirilməsi, ümumilikdə Azərbaycanın iqlim, dekarbonizasiya və yaşıl iqtisadiyyatın inkişafı yönündə ölkədaxili və qlobal təşəbbüslərilə bağlı qısa məlumat verilib.

Cənubi Afrika, Yohannesburqdakı Şimal Qərb Universitetindən (North West University NWU) fəlsəfə doktoru, xanım Yolandi M. Koetser iqlim və ekoloji böhranın həlli yönündə nə kimi təhsil proqamlarının olması ilə bağlı sualı da, müvafiq olaraq, ölkəmizdə mövcud olan ekoloji təhsil sistemi, iqlim mövzusunda maarifləndirmə və görülən işlərlə bağlı cavablandırılıb.

Sonda “Ətraf mühit fəlsəfəsi və davamlı inkişaf” sessiyasının iştirakçıları STM təmsilçisinin təşəbbüsü ilə ölkəmizdə keçirlən qlobal tədbir – COP29-la bağlı dəyirmi masaya dəvət edilib.

STM-in təşəbbüsü ilə Konqres çərçivəsində “COP29 konfransının Azərbaycanda ekoloji fəlsəfənin və davamlı inkişafın daha da təkmilləşdirilməsinə gözlənilən müsbət təsiri” (“Expected positive impact of COP29 conference on further improvement of environmental philosophy and sustainable development in Azerbaijan”) mövzusunda dəyirmi masa keçirilib. Konqresin rəsmi proqramında yerləşdirilən, La Sapienza Universitetinin “YurisPrudensiya”-Hüquq fakültəsinin korpusunda, A2T auditoriyasında keçirilən dəyirmi masada iqlim və ətraf mühit profilli tədqiqatçılar: Noriko Haşimoto (Yaponiya), Nikola Zengiaro (İtaliya), İrene Bugallo (Argentina), Karen Joisten (Almaniya), Joisten Renner Kim (Kanada), Angela Miçelis (Italiya), Trung Do (Vyetnam), Hans Jonas Jelson Oliviera (Braziliya), habelə Azərbaycan daxil olmaqla, türkdilli dövlətləri təmsil edən tədqiqatçılar iştirak edib.

Dəyirmi masada Azərbaycanda keçiriləcək qlobal COP29 tədbirinə hazırlıq, onun əhəmiyyəti, Azərbaycanın qlobal iqlim dəyişikliyi siyasətinə töhfə olacaq təşəbbüsləri, xüsusilə də ölkəmizdə bu konfransla bağlı cəmiyyətdə, özəlliklə gənclər arasında ekoloji mühitin qorunmasına yönəlik səylərin sosial hərəkat miqyasını alması, təbiətə münasibət və davamlı inkişafın daha da yaxşılaşmasına təkan verməsi əsas mövzu olub. Dəyirmi masa gedişində verilən suallardan – bir çox tədqiqatçıların COP qlobal iqlim platforması haqqında, xüsusilə də COP29-la bağlı təsəvvürlərinin kifayət qədər geniş olmadığı məlum olub. İştirakçı qonaqların COP qlobal iqlim sammitləri ilə bağlı prosesləri yaxından izləmələri üçün, noyabr ayında keçiriləcək tərəflər konfransında iştirak etməyi arzu edənlərin nə qədər olması ilə bağlı Azərbaycan nümayəndəsi tərəfindən verilən sual onların COP29-la bağlı təqdimata marağını, daha çox məlumat almaq üçün fəallaşdığını göstərib.

ÜFK-nin 124 illik tarixində ilk dəfə türk dövlətlərinin, əsasən də Özbəkistan və Azərbaycanın alim və tədqiqatçılarının təşəbbüsü ilə “Türk xalqlarının fəlsəfi irsi” (Workshop on Philosophical Heritage of the Turkic peoples – Invited Session) mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dekolonizasiya aspektində müxtəlif (qeyri-Qərb) xalqların düşüncə və mədəni irsinə münasibət, dünyaya türk elmi-fəlsəfi baxışı ilə bağlı dərin elmi əhəmiyyətli müzakirələr baş tutub.

Dəyirmi masada Özbəkistan, Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan alim-tədqiqatçılar: N.Şermuhəmmədova, T.Allahyarova, A.Rettova, A.Əsədov, R.Nazariyev, A.Zagikizi, J.Bokoşov, N.Nishanova, O.Muhammadiyeva, C.Kodirov, U.Karabayev, A.Əsədova, G. Ruzmatova, T.İbaydullaev, E.Nuriddinov, B.Bilegenova, M.Raximov, M.Sabirova və başqaları məruzələrlə çıxış edib. Məruzələrdə türk dünyası ictimai-siyasi fikir tarixinin, düşüncə irsinin dünya fonunda inkişafı, yenidən dəyərləndirilməsi, tanıdılması, ümumtürk elmi-fəlsəfi, humanitar, sosioloji terminologiyasının formalaşdırılması, tədqiqi və tədrisinin metodoloji məsələlərinə toxunulub. “Qərb fəlsəfəsi” anlayışı kimi “Türkdillli ölkələrin türk fəlsəfəsi” anlayışının definisiyası, dünyaya təqdimi ilə bağlı mövcud reallıq və perspektivlər müzakirə edilib. Tədbirdə həmçinin türkdilli məkanda bəşər mədəniyyətinə əvəzsiz töhfə verən mədəni-mənəvi irsin lokal miqyasdan qlobal miqyasa çıxarılması, dünya xalqlarının düşüncə irsinə münasibətdə formalaşan “Avropamərkəzçilik” yanaşmasının ənənəyə çevrilməsinin nəticələri, milli sosial-fəlsəfi məktəblərin dünyaya tanıdılması, bu irsin inkişafı və yayılmasında mövcud olan boşluqlar, qeyri-Qərb coğrafiyada fəlsəfi fikrə birtərəfli yanaşmalarla bağlı maraqlı müzakirələr baş tutub.

Professor T.Allahyarova “Türk xalqlarının fəlsəfi fikir tarixinin öyrənilməsinə metodoloji yanaşmalar: Türk sivilizasiyasının fəlsəfi irsinin özünəməxsusluğu məsələləri, problemlər və bəzi təkliflər” mövzusunda təqdimatla çıxış edib. Türkdilli ölkələrin ortaq elmi, mədəni və mənəvi əsaslarının qorunması və inkişafı ilk növbədə əməkdaşlıq fəlsəfəsinin müəyyənləşdirilməsini gündəmə gətirir.

Türk xalqlarının elmi, sosial-fəlsəfi irsinin qorunması və inkişaf etdirilməsinə metodoloji yanaşmalar, bu irsin tədqiqi və tədrisi məsələləri, müasir türk dünyası ziyalılarının görkəmli nümayəndələrinin tanıdılması və s. bağlı təkliflər bildirilib.

Almaniyanın Bayroyt Universitetinin (University of Bayreuth) professoru Alena Rettovanın dəyirmi masanın mövzusu aspektində “Dekolonizasiya və xalqların irsi” ilə bağlı təqdimatı böyük maraq doğurub. Alena Rettova 15 il Londonun Şərq və Afrika Tədqiqatları Universitetində (SOAS University of London (School of Oriental and African Studies),² 2020-ci ildən Bayroyt Universitetinin fəlsəfə, almanşünaslıq və afrikaşünaslıq üzrə professor vəzifəsində çalışıb, habelə Praqadakı Çarlz Universitetində fəlsəfə doktoru elmi dərəcələrini alıb.³ A.Rettova sosial elmlərə “Afrika qitəsinin ictimai-siyasi fikir və mənəvi irsinə, Qərb dünyasının kolonializm-müstəmləkəçilik dövründə tətbiq edilən birtərəfli yanaşmalar, bu xalqların “düşüncəsinin geri qalması və onların modernləşdirilərək inkişaf etdirilməsi”, elmi akademik deyil, “ekzotik” bir irs kimi təqdimatı, avropamərkəzçilik və kolonializm arasında sıx bağların olmasını, hazırda bu yanaşmanın dekolonizasiya istiqamətində dəyişdirilməsinin vacbliyini ifadə edən “Afrofon yanaşma”, tənqid və təhlillər sahəsində geniş tədqiqatlar aparır.

Məruzəçi vurğuladı ki, onun çalışdığı London Universiteti hazırda qədim yunan filosoflarını “kabinet filosofları” hesab edərək tədris proqramından çıxarıb və əvəzinə Afrika və Şərq xalqlarının ideya-fəlsəfi, mənəvi irsinin tədqiqini daxil edib. Afrika və başqa coğrafiyalardakı irsin kifayət ədər öyrənilməməsinin birtərəfli yanaşma olduğu etiraf edilib.

Dəyirmi masadan sonra “Dekolonizasiya və dünya xalqlarının sosial-fəlsəfi irsinə avropamərkəzçi yanaşmanın nəticələri” mövzusunda prof. A.Rettova ilə aparılan ayrıca müzakirədə Azərbaycanın BMT səviyyəsində dekolonizasiya probleminin həllinə verdiyi töhfələr, “Bakı Təşəbbüs Qrupu”nun təsis edilməsi və onun tarixi fəaliyyəti ilə bağlı məlumat verib. Habelə, bu istiqamətdə STM və Bayroyt Universiteti arasında əməkdaşlıq məsələlərinə də toxunulub.

İnkişafının “qızıl dövr” sayılan orta əsrlərdə Şərq-islam bölgəsində elmi, ictimai-siyasi fikir tarixinin, habelə, onun ən zəngin tərkib hissələrindən olan Azərbaycanda sosial-fəlsəfi ideyaların avropamərkəzçilik prizmasında fəlsəfə deyil, sadəcə “din fəlsəfəsi” adlandırılması, bu irsin nəhəng sosial-elmi, mənəvi, etik əhəmiyyətinin qəbul edilməməsi xatırladıldı. Şərq-Türk-İslam bölgəsi irsinin Qərb yanaşmasında sadəcə “lokal”, Qərbin öz irsinin isə “qlobal, universal” statuslu dəyərləndirmələrinə kolonializmin bilavasitə təsiri, hazırda bu sahədə də “dekolonizasiya” proseslərinə ehtiyac olduğu vurğulandı.

Prof. A.Rettovanın Afrika qitəsində Şərq fəlsəfi fikir tarixi aspektində islam fəlsəfəsini, sufizm təlimlərini, sosial fəlsəfəni tədqiq etməsi nəzərə alınaraq, mümkün birgə layihələrlə bağlı təkliflərin müzakirə edilməsi qərara alındı. Çalışdığı Universitetlə STM arasında qonaq elmi işçi mübadiləsi imkanlarının nəzərdən keçiriləcəyi bildirildi.

Ümumilikdə konqres qarşılıqlı elmi əməkdaşlıq və elmi mübadilə istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Belə ki, konqresdə keçirilən rəsmi sessiyalarla yanaşı, iştirakçıları əməkdaşlıq və qarşılıqlı elmi fikir mübadiləsinə təşviq edən toplantılarda xaricdəki sosial tədqiqatlar sahəsində çalışan həmkarlarla faydalı əlaqələr yaratmaq, akademik məşğulluq yönündə mübadilə proqramları ilə bağlı müzakirələr aparıldı. Müasir mürəkkəb dövrdə sosial elmlərin cəmiyyətdə davamlı aktuallığı, bu sahədə dialoq ehtiyacının zəruriliyi vurğulandı, məsləhətləşmələrin davam etdirilməsi qərara alındı.

Növbəti konqresin keçirilməsi yönündə səsvermə prosesində nominant ölkələr (BƏƏ, Yaponiya və s.) arasında Yaponiya səs çoxluğu ilə 2028-ci ildə ÜFK-yə ev sahibliyi edəcək ölkə adını qazandı. Seçimlərdə iştirak edən Yaponiya Fəlsəfə Assosiasiyasının prezidenti, Tokio Universitetinin humanitar və sosial elmlər fakültəsinin dekanı, professor Noburu Notomi iştirakçıları növbəti – 26-cı Tokio ÜFK-yə dəvət etdi. O, müasir dünyanın getdikcə artan problemlərinin həllində sosial elmlərin mühüm rolunu vurğuladı. Bu istiqamətdə dekanı olduğu fakültənin fəaliyyətinə toxundu

Yekun olaraq qeyd edə bilərik ki, konqresdə MDB məkanından ən çox təmsil olunan Orta Asiya ölkələrinin alim və tədqiqatçıları idi. Azərbaycanda ictimai- humanitar elm sahəsinə gerçək maraqlarını ifadə edən, Orta Asiyadan olan türk dövlətləri alimlərinin beynəlxalq tədbirlərdə iştirak üçün şəbəkələşmə yönündə faydalı əməkdaşlıq qurduqları məlum oldu və bu təqdirəlayiq idi. Azərbaycan bu ölkələrlə müqayisədə daha az iştirakçı sayına malik idi. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan konqresə 4 alim qatılmışdı. Bununla yanaşı, onlar da konqresin müxtəlif sessiyalarında Azərbaycanı layiqli şəkildə təmsil etdilər.

---------------