Rəna MİRZƏZADƏ

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor

(Bakı, Azərbaycan)

 

E-mail: mirrena54@yahoo.com

ORCID: 0000-0002-6250-1826

 

 

Xülasə. Məqalədə qlobal dünyada su diplomatiyası, bu kontekstdə “su müharibəsi” və “su münaqişəsi”nin tipləri, növləri, ictimai-elmi fikir tarixində problemə münasibət, su çatışmazlığı, su ilə bağlı qanunlar təhlil edilmişdir. Araşdırmada müasir Azərbaycanda su ilə əlaqədar qanunvericilik respublikada problemə münasibət və bu aspektdən irəli gələn məsələlərə geosiyasi hüquqi-nəzər yetirilmişdir. Məqalədə müvafiq elmi ədəbiyyatdan, eləcə də rəsmi sənədlərdən istifadə olunmuşdur. Yekunda məsələyə dair tövsiyə də verilmişdir.

 Açar sözlər: su diplomatiyası, su müharibəsi, akvabiotəhlükəsizlik, biomüxtəliflik

 

 

Giriş

 

XXI əsr – IV sənaye inqilabı dövründə innovativ inkişafla yanaşı, yeniliklərə qarşı gərginliklərin də çoxalması, biotexnologiyalar, süni intellekt, hətta bütün canlı genefondun dəyişilməsi, biomüxtəliflik, xüsusilə də insan dəyərinin dəyişikliyi Yer üzndə canlı həyatın bütün parametrlərinin – suyun, torpağın, hətta havanın da qorunması problemlərini diplomatiyada müzakirə predmeti etmişdir. XXI əsrdə yeni biotəhlükəsizlik diplomatik münasibətlərdə – bioakvageosiyasi və biososioiqtisadi zəmində yeni eranın yeni mənzərəsidir.

Diplomatiyanın əsas vəzifəsi və məzmunu dövlətlərin öz xarici siyasətinin məqsədlərinə diplomatik metod və vasitələrlə nail olunmasıdır. “Diplomatiy” termini “xarici siyasət” anlayışının sinonimi kimi də işlənə bilər.

XXI əsr süni intellekt dövrü, canlı və qeyri-canlı həyatın “ağıllı” modifikasiyası, eyni zamanda su diplomatiyası və hidrologiya, həm də siyasi-hüquqi zəmində beynəlxalq akvabiotəhlükəsizlik əlaqələrində də aktualdır. Müxtəlif elmlərin qovşağı istiqamətində, akvatəhlükəsizlik və biomüxtəliflik dəyərləri insanla bahəm flora və faunanın – canlı həyatın da geosiyasi-hüquqi tədqiqi, bu sahələrin elmi-nəzəri öyrənilməsini zəruriləşdirir. Dünyanın yeni düzənində istər silahlı, istər “soyuq” yeni müharibələr bəşəriyyətin maddi və mənəvi nailiyyətlərinin əksər strukturunu dağıdaraq suyun, torpağın, havanın da biotəhlükəsizliyini meydana çıxarmışdır.

 

  1. Su diplomatiyası və biomüxtəliflik

 

Diplomatiyanın tərkib hissəsi kimi “su diplomatiyası” məzmununun konseptual aparatı və onun su sektoruna aid olmasının aydınlaşdırılması ilə aşkar edilə bilər. Əgər “diplomatiyaya dövlətin xarici siyasətinin formalaşması vasitəsidir” tərifi verilirsə, müasir “su diplomatiyası” anlayışı da dövlətin xarici siyasətinin həyata keçirilməsi kimi müəyyən edilir.

Su təsərrüfatı fəaliyyətinin spesifikliyi də dövlət qurumlarına kömək edən su diplomatiyası institutunun yaranmasına səbəb olmuşdur. “Su diplomatiyası” dövlət orqanlarının və müvafiq səlahiyyətli şəxslərin digər dövlətlərlə münasibətlərdə su məsələsi üzrə dövlət və onun vətəndaşlarının maraqlarını təmsil etmək, qorumaq üzrə peşəkar fəaliyyətidir [19].

Biomüxtəliflik termini “bioloji” və “müxtəliflik” anlayışlarının qısa formasıdır. Biomüxtəliflik Yer planetindəki həyatın növ çoxçeşidliliyinin hamısı (bitki, heyvan və s.) onların mühitinə aiddir. Bioloji resurslar üzrə ən vacib element sudur. Bioloji müxtəliflik daha çox həyat atributudur (su aləminin, quş növlərinin, dənli bitkilərin genetik dəyişkənliyi, meşə növləri və s.). Biomüxtəlifliyin siyasi-hüquqi tənzimlənməsi 1992-ci il Beynəlxalq Konvensiyası ilə həyata keçirilir. Burada əsas prinsiplər: 1) bioloji müxtəlifliyin qorunması; 2) bütün bəşəriyyətin ümumi vəzifəsi; 3) davamlı inkişafın tərkib hissəsi olan müvafiq konvensiyadır. Konvensiyanın əsas vəzifəsi bioloji müxtəlifliyin yalnız beynəlxalq əməkdaşlıq yolu ilə xilasının mümkünlüyüdür. Konvensiyada əsas məqsəd: 1) bioloji müxtəlifliyin qorunması; 2) ondan sabit istifadə olunması; 3) əldə olunmuş gəlirdən birlikdə faydalanmaqdır [8].

 

  1. Su və mənəviyyat

 

Bəşər mədəniyyəti və sivilizasiyalarında ölkələrin sanki “sözeşitməz təbiətin” qorunmasını təsbit edən çoxsaylı hüquqi və siyasi-mədəni qanunları mövcuddur. Bütün dinlərdə (islam, xristianlıq, iudaizm, buddizm və s.) Allahın yaratdığı canlı flora və fauna dünyasını qorumaq, təbiət və heyvanlarla birgə həyat tərzi sürmək insanlara təlqin olunur. Dini kitablarda – “Quran”da, “İncil”də, “Tövrat”da, eləcə də peyğəmbərlərin hədis və rəvayətlərində canlı həyatın biomüxtyəlifliyi, biotəhlükəsizliyi, eləcə də akvatəhlükəsizliyi ilə bağlı çoxlu kəlam və deyimlər var. Səmavi dinlərdə bəzən biomüxtəlifliyin ayrı-ayrı komponentlərinə sitayiş də vardır. Məsələn, hinduizm dinində inək müqəddəsdir, onun qida məhsulu kimi istifadəsi haram sayılırsa, atəşpərəstlərdə akvakultural, yəni bitkidən alınan çörək, su və oda sitayiş var və bütün bunlar müqəddəs hesab olunur, hətta bəzən and yeri də olur (su haqqı, od haqqı, çörək haqqı və s.). Su nəinki dövlətlərin, hətta canlı fauna və flora, eləcə də əsas insanlığın ən ümdə tələbatıdır. Su birləşdirən bir faktordur. Su saflıq rəmzi olduğu kimi, haradasa inam, iman, müqəddəslik daşıyıcısıdır. Adətdir, evdən çıxan, döyüşə yollanan, ağır iş üçün gedənin arxası ilə “Yoluna su səpilsin” deyə su atırlar. Bu inanc da olsa, suyun gərəkliliyinin və sanki hər hansı çətinliyin həllinə kömək edə biləcəyinə inamın rəmzidir. Novruz bayramının dörd çərşənbəsindən biri su çərşənbəsidir.

 

  1. Su geosiyasi diplomatiyası

 

Elmdə yeni istiqamət kimi su geosiyasi diplomatiyasının, biotəhlükəsizliyin, akvamüxtəlifliyin hüquqi akt və qanunlarla tənzimlənməsi də qanuniləşdirilir. Müasir hüquqi-siyasi və ictimai-akvabiotəhlükəsizlik diplomatiyalarının paradiqmaları, o cümlədən su məsələsi də yeni tədqiqat obyekti kimi öyrənilir. Biotəhlükəsizlik torpaq, su, fauna və floraya ziyan vurmadan və vurula biləcək ziyanı aradan qaldırmaqla bağlı olan vəzifələri ehtiva edən prosesdir. Biotəhlükəsizlik məsələlərindən biri də transsərhəd suların akvatəhlükəsizliyi, hidrodiplomatik problemləridir. XXI əsr “Ağıllı su” terminini də meydana çıxarıb. Hətta “intellektual su” anlayışı da yaranmışdır. Biomüxtəliflik, biotəhlükəsizlik müstəvisində insan üçün həyat (su, torpaq, heyvan və bitki həyatı) ilə əlaqəli ən uyğun təhlükəsizlik prinsiplərini təyin edən və araşdıran elmi təhlillərdir.

Biotəhlükəsizlikdə canlı aləmə kultural münasibət, su çatışmazlığı, gen mühəndisliyi, biomüxtəliflik, orqanların transplantasiyası, klonlaşdırma, heyvanların riskli və qeyri-etik eksperimentlərə cəlb edilməsi və s. problemlər hüquqi, siyasi, hətta dini prizmadan yanaşılaraq öyrənilir.

 

  1. Problemə ictimai-mədəni və nəzəri fikir kontekstində tarixi ekskurs

 

Yunan filosofu Aristotelin fəlsəfəsində materiyanı təbiətdə dörd ünsür (od, hava, su və torpaq) təşkil edir. “Həyat hərəkət deməkdir, su da axmayanda iylənər” [10] yazaraq insanlığa qarşı bərabərsizliyi, canlılara olan insan hərəkətini təbii bilir [10], hətta Platon da belə düşünürdü. Azərbaycan klassiklərindən Nizaminin şeirləri, Füzulinin “Meyvələrin söhbəti” əsəri bir növ canlı aləmə münasibətdir. Böyük Nizami demişkən: “Sözün də su kimi lətafəti var; Hər sözü az demək daha xoş olar”. Yaxud: “Bir inci saflığı varsa da suda; Artıq içiləndə dərd verir o da” [16, s.49]. Filosof və aqronom Foma Akvinski də təbiətə vəhşi münasibətə və insan-təbiət bağlılığında insanın istismarçı hakimliyinə yönəlik doktrina hazırlamışdı. Bu doktrina isə sonradan Avropada dominant nəzəriyyəyə çevrildi. Sonrakı dövrlərdə də canlıların yaşam məsələsində sudan istifadəyə laqeyd münasibət müşahidə edilirdi. Müəyyən mənada bitki və heyvanların həyatı üçün suyu gərəkli bilsələr də, vacib tələbat kimi hətta içməli suyun istifadəsinə qarşı deyildilər.

Belə bir sual yaranır: Təbiətdə suyun qorunması, mühafizəsi hansı hüquqla, qanunla qorunur? Bəs təbiətin öz hüquqları necə rəsmiləşdirilməlidir? Amerikalı filosoflar – R.Emerson və H.Torro təbiəti insan etikasının və mənəvi inkişafının əsas tərkib hissəsi kimi göstərirlər [7]. Meşə ehtiyatları üzrə alim Gifford Pinçot yazır: “Bütün təbii obyektlər və hadisələrə, o cümlədən təmiz suya, oduncağa, yemlərə, canlı təbiətə, növlərin müxtəlifliyinə və hətta gözəl landşafta təbii ehtiyatlar kimi baxmaq olar və təbiətin düzgün idarə olunması dedikdə, bu ehtiyatların insanın rifahı naminə səmərəli, uzunmüddətli istifadəsi nəzərdə tutulmalıdır” [20].

H.Torronun “Valden və ya meşədəki həyat” əsəri su sahilində öz əlləri ilə tikdiyi daxmada iki illik tənha yaşamağın real təcrübəsi, su ilə qidalanmaqla təbiət, cəmiyyət və şəhərin səs-küyündən uzaq sadə həyat haqqındadır.

H.Torroya görə: “Göl yerin gözüdür, insan öz təbiətinin dərinliyinin ölçüsünə baxır. Sahildəki ağaclar onun kiprikləri, ətrafdakı meşəlik, təpələr və qayalıqlar onun yuxarı qalxan qaşlarıdır” [21].

R.Emerson hər bir fərdi kainat haqqında öz şəxsi anlayışını inkişaf etdirməyə təşviq etmək istəyirdi. Yəni insanlar Tanrını dərk etməli və təbiətlə birləşməlidirlər. O, təbiətlə insanlar arasında əlaqə tapan daha yaxşı bir həyat tərzi olan suyu əsas götürərək, təsvir etmək istəyir və ümumbəşəri birlik konsepsiyasını irəli sürməyə çalışırdı. R.Emerson su – insan, su – təbiət və Tanrı arasında birbaşa əlaqə görürdü. Emerson üçün təbiət Tanrı deyil, Tanrının ruhunun bədənidir [9].

Amerikan filosof R.Emersonun “Təbiət” essesində təbiətə qeyri-ənənəvi qiymət verən bir ideya olan transsendentalizmin əsası qoyulub. İqlim dəyişiklikləri və qeyri-müəyyənliklə üzləşən dünyada R.Emersonun yazıları sakitləşdirici ola bilər. Belə ki, R.Emerson yazırdı: “Təbiətin hüzurunda insan əsl kədərinə baxmayaraq vəhşi bir həzz alır. Təbiət deyir ki, o, mənim məxluqumdur və bütün kədərlərini aradan qaldırsa, mənimlə sevinəcək” [9].

R.Emerson transsendentalizm fəlsəfəsində Tanrının təbiətdə mövcud olduğuna və təbiəti təhlil etməklə reallığı dərk edə biləcəyinə inanır.

 

 

  1. “Su diplomatiyası”nı aktuallaşdıran səbəblər

 

Canlı həyatın yaşadığı Yer planetində su vacib yaşam elementidir. Su sülh, barış quruculuğunda güclü bir vasitədir. Buna görə də hidrodiplomatiya ortaq su ehtiyatlarının effektiv, davamlı və ədalətli idarə olunmasını təmin etmək, milli suverenliklə bağlı maraqları tarazlaşdırmaq və eyni zamanda ümumi resursları paylaşan ölkələrlə regional əməkdaşlığı gücləndirmək üçün vasitədir. Hidrodiplomatiya vasitələrinin geniş spektri belədir: 1) Su ilə bağlı birgə platformaların yaradılması və ya dialoq; 2) Su haqqında məlumat mübadiləsinə imkan verən; 3) Ortaq suyun birgə idarə edilməsinə dair razılaşmaya gətirib çıxaran birgə işçi qruplarının təşkili; 4) Su resurslarına dair qarşılıqlı əməkdaşlıq [14].

Hidrodiplomatiyada “mavi sülh” nədir: “Suyun potensial münaqişə mənbəyindən əməkdaşlıq və sülh üçün potensial alətə çevrilməsi Mavi SülhTəşəbbüsü mandatının əsasını təşkil edir. Suyun davamlı regional sosio-iqtisadi inkişafın, sabitliyin və sülhün təminatçısı kimi yerləşdirilməsi, cari və gələcək böhranlara qarşı regional dayanıqlılığın təmini, bütün əhalinin yaşayış vasitələrini, insanların rifahını dəstəkləmək üçün məqbul keyfiyyətdə kifayət qədər suya davamlı çıxışı təmin etmək imkanının olduğu Orta Asiyanı su ehtiyatları ilə təmin etməkdir. Həmçinin sosioiqtisadi inkişafda suyun çirklənməsi və su ilə bağlı xəstəliklərdən, su fəlakətlərindən ekosistemləri sülh və sabitlik şəraitində qorumaqdır” [19].

 

  1. “Su müharibələri” və “su münaqişələri”: tipləri və növləri

 

“Su diplomatiyası”, “su münaqişələri”, “su müharibələri” problemindən bəhs edərkən bu anlayışları birləşdirən “fəlakət diplomatiyası” termininə də nəzər salaq. Belə ki, “fəlakət diplomatiyası” – quraqlıq diplomatiyası və s. mənaları birləşdirir. Bu aspektdən də “quraqlıq diplomatiyası” nədir? Buna misal olaraq qeyd edək: “Dünyanın ən böyük duzsuzlaşdırıcı ölkələrindən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su, əvəzində isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O dövrdə İordaniya öz tarixində ən ağır quraqlıq dövrünü yaşayırdı” [5].

Bu mənada “su çatışmazlığı”, yaxud “quraqlıq” təkcə ayrı-ayrı şəxslər deyil, millətlər və ölkələr tərəfindən də hiss olunur. Azərbaycan da aşağı axın ölkəsi olaraq bu kimi problemlərlə üzləşir. Bu məsələdə önəmli yol: birincisi, ölkələr arasında strateji anlaşmaya, əməkdaşlığa dair plan olmalıdır; ikincisi, su diplomatiyası bu istiqamətdə vacib sahədir; üçüncüsü, burada yerli icmalar və ya hökumətlərarası əlaqələr də yaradılmalıdır; dördüncüsü, ekspert və müvafiq mütəxəssislərin iştirakı ilə problemlə bağlı layihələr hazırlanıb geniş ictimaiyyətə təqdim edilməlidir; beşincisi, qərarlar, hətta müqavilələr qəbul olunmalıdır və s.

Beynəlxalq ictimaiyyət su təhlükəsizliyi və bundan meydana çıxan geosiyasi münaqişə, gərginlik, hətta belə desək, “soyuq müharibə” şəraitində yeni bir əsrə – “hidrodiplomatiya” mühitinə daxil olmuşdur [15]. Dünyada həm təbii fəlakətlər, həm də insan tərəfindən yaranan gərginliklər su təminatı ilə əlaqədar sosio-iqtisadi problemlər həm lokal, həm regional, həm də beynəlxalq müstəvidə ziddiyyətlərə, ixtilaflara zəmin yarada bilər. 2005-206-cı illərdə BMT Baş Məclisinin prezidenti, 2012-2016-cı illərdə BMT Baş katibinin müavini olmuş Yan Eliasson xəbərdarlıq edib ki: “Su çatışmazlığı şəxsi faciələrə səbəb olur, lakin həm də tədricən beynəlxalq sülh və təhlükəsizlik üçün təhdidə çevrilir. Bu gün hidrodiplomatiyaya tələbat yaranıb: su çatışmazlığı münaqişə mənbəyi əvəzinə, əməkdaşlıq üçün stimul olmalıdır”. BMT-nin məlumatına görə, 2030-cu ildə qlobal miqyasda içməli su çatışmazlığı planet əhalisinin üçdə ikisini əhatə edəcək [6].

Bu kontekstdə “hidrologiya” anlayışına da diqqət yetirək. Hidrologiya – təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənən elmdir. Hidrologiya su obyektlərinin öyrənmə metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar “okeanologiya” (okean və dəniz hidrologiyası) və qurunun hidrologiyası (qurunun səth suları), “potamologiya” (çayların hidrologiyası), “limnologiya” (gölşünaslıq) və “qlyasiologiya” (bataqlıqşünaslıq) sahələrini tədqiq edən sahəvi elmlərdir [13].

Su diplomatiyasından bəhs edərkən bir məsələyə də diqqət yönəldək: Akvakultura nədir? Akvakultura (latınca – su, kultus – yetişdirmək, becərmək), yəni su mühitində faydalı orqanizmlərin – yosun, xərçəng, molyuska, balıq və s. yetişdirilməsidir [8; 15].

XXI əsrdə qlobal problemlərin geosiyasətə, geoiqtisadiyyata, beynəlxalq münasibətlərə, geomədəniyyətə təsiri daha da güclənməkdədir. Bu mənada dövlətlərarası münasibətlərdə təbiətin, daha çox da suyun ekoloji çirklənməsi, insan təsiri nəticəsində iqlim dəyişiklikləri, kosmik fəzadan istifadə və s. bu kimi faktorları göstərmək olar. Bu amillər dövlətlərin hətta birinin digərinə təzyiq vasitəsi kimi də əsas geosiyasi alətinə çevrilib.

Bu baxımdan içməli su problemi də dünyanın geosiyasi münasibətlərində çox vacib yeri olan məsələdir. Su çox qiymətli sərvətdir. İnsan bədənində su oksigendən sonra ikinci yeri tutur. Qanın 92 faizini su təşkil edir. Beynin 75, sümüklərin 22 faizi sudur [14]. Yeməksiz 2 ayadək, susuz cəmi bir neçə gün yaşamaq mümkündür.

Beynəlxalq müstəvidə su resurslarından geosiyasi vasitə kimi istifadə “su geodiplomatiyası”, “su müharibəsi, “su münaqişəsi” kimi anlayışları meydana çıxarmışdır. Hətta belə bir aforizm də var: “Dünyadakı ən güclü su qadınların göz yaşlarıdır”. Təbii ki, bu barış, sülhə ünvanlanan “sevinc göz yaşı” mənasında deyilir. Belə ki, 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın təbii su ehtiyatının – Suqovuşanın azad edilməsi “su müharibəsi” idi. Xəzər suları uğrunda da Xəzəryanı dövlətlər arasında daima “soyuq münaqişə” gedir.

XXI əsrdə əhali artımı, qlobal istilik və su siyasəti getdikcə aktuallaşır. Artıq dünyada “su miqrasiyası” da başlayıb. Dünyada artıq elə dövlətlər var ki, ərazisi quraqlıqdır, su ehtiyatları tükənib və ya tükənmək üzrədir. Tədqiqatlara görə, 2030-cu ildə artıq dünyada 500 milyon insan “su qaçqını” olacaqdır.

Qlobal dünyada “su hasarı” məsələsi diplomatik mövzularda əsas yer tutur. Suyun bərabər paylanması məsələsi də XXI əsrdə çox aktualdır. Həmçinin, XXI əsrdə virtual su məsələsi də meydana çıxıb. Bu konsepsiya XX əsrin 90-cı illərində Con Entoni Allan tərəfindən yaradılmışdır. Belə ki, suyun əsas hissəsi istehsal resursları tərəfindən sərf edilir. Artıq su da iqtisadi-ticari diplomatiya vasitəsi olub. Virtual su – təmiz su eksportudur.

Su geosiyasi diplomatiyasında bir amil də kvazimüstəmləkəçilikdir Yəni su hətta icarəyə də verilir.

Ölkələr arasında su münaqişələrinin yaranmasında beynəlxalq hüquqda vahid yanaşma və universal normalar yoxdur. Bu da “su müharibəsi”nin yaranmasında müəyyən rol oynayır.

Bir sıra hadisələrin böhrana çevrilməsi ilə bağlı hətta proqnozlar da göstərirlər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı “2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar” adlı təhlildə göstərilir ki, 2030-cu ilədək su resursları uğrunda dövlətlərarası qarşılıqlı münasibətlərdə toqquşmaların baş verməsi qaçılmazdır [6].

XX əsrin sonunda artıq dünyada çoxsaylı qaynar nöqtələr meydana çıxmışdır. Bəzən su kontekstində baş verən münaqişələr böyük konfliktə səbəb yaradır. Geosiyasi, dini müxtəliflik, etnik fərqliliklərdən yaranan mühitdə su resursları belə proseslərdə toqquşmaların əsas arqumenti ola bilər. XX əsrdə neftin dünyada oynadığı aparıcı rolu XXI əsrdə su resursu daşıyır. BMT-nin keçmiş Baş katibi Butros Qali hələ 1989-cu ildə ABŞ Konqresində məruzəsində Yaxın Şərqdəki bir növbəti “soyuq müharibə”nin neft uğrunda yox, su üçün aparılacağını qeyd etmişdi. XXI əsrdə “informasiya müharibəsi”ndən danışanda unutmayaq ki, “su müharibəsi” ondan daha çox təhlükəli, həyat dağıdıcıdır.

“Su bəlkə də müharibələr üçün səbəb olmaya bilər, ancaq məqsəd müharibə törətmək olduqda “su vuruşması” bəhanə olmaq üçün kifayətdir. Ehtimal etmək olar ki, qlobal güclərin maraqlarının toqquşduğu XXI əsrdə su toqquşmaları nəinki diplomatik vasitə, hətta geodiplomatik yeni silah hesab ediləcəkdir. Buna görə də dünyada münaqişə yaratmaq istəyən bütün güclərin “su müharibələri”, yəni “yeni soyuq müharibə modeli”nin strategiyaları yaranacaqdır. Məhz bu ölçüdən yanaşdıqda XXI əsrin tarixə “su müharibələri əsri” adı altında düşməsi də yaxın gələcəkdə bir reallıqdır.

BMT Baş Assambleyasının 22 dekabr 1992-ci il tarixində qəbul etdiyi 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixi “Ümumdünya su resursları günü” elan edilmişdir [14].

 

  1. Azərbaycanda su məsələsinə siyasi-hüquqi baxış

 

Bəs Azərbaycanda bu problem hüquqi-siyasi anlamda necədir? Azərbaycan Respublikası Konstitusiyasının “Ərazi” adlanan 11-ci maddəsinin II bəndində yazılıb: “Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir” [1; 7]. “Sağlam ətraf mühitdə yaşamaq hüququ” adlanan 39-cu maddənin III bəndində isə bu ifadələr əksini tapıb: “Hər kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz” [1; 16]. Eləcə də “Ətraf mühitin qorunması” adlanan 78-ci maddədə qeyd edilir: “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur” [1; 27].

Azərbaycan Respublikasının Su Məcəlləsində deyilir: “Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir” [2]. Azərbaycanın transsərhəd çayları qonşu təcavüzkar Ermənistan tərəfindən 30 illik işğal dövründə zəhərli maddələrlə daim çirkləndirilirdi. Bu nöqteyi-nəzərdən aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara müvafiq arayışlar göndərilsə də, Ermənistanın bu hərəkətinə heç bir reaksiya göstərilmir. Ermənistanın Azərbaycana yönəlik hərəkəti “su münaqişəsi”dir.

Azərbaycanda su ehtiyatlarının inteqrasiyalı idarəsi üzrə Milli Siyasət Dialoqları su ehtiyatlarının idarə edilməsində Avropa İttifaqının Su Çərçivə Direktivinin və BMT Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axımlarının”, “Beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyanın, “Su və Sağlamlıq” protokolunun, eləcə də BMT və Aİ-nin digər prinsiplərinə əsaslanan dövlət strategiyasının hazırlanmasına yönəlmişdir. Konvensiyanın iştirakçısı kimi Azərbaycan konvensiya tələblərinin icrasına nail olmaq üçün fəal əməkdaşlıq nümayiş etdirir [2].

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Biomüxtəliflik haqqında Konvensiya” 14 mart 2000-ci il tarixində ratifikasiya edilmiş [8], 2000-ci ilin yanvarında isə Monrealda Bioloji Müxtəliflik Haqqında Konvensiyaya əlavə Protokol qəbul edilmişdir [22]. Bu, BMT-nin Biomüxtəlifliyin qorunması üzrə əsas qurumudur. Azərbaycan 1999-cu ildə bu konvensiyaya qoşulmuşdur. Bu, ətraf mühit hüquqları ilə insan hüquqlarını birləşdirən müqavilədir və xüsusilə də maarifləndirici xarakterlidir. Azərbaycan bu konvensiyalara qoşulduqdan sonra 2001-ci ildə Bioloji Müxtəlifliyin Genetik ehtiyatlar üzrə Dövlət Komissiyası yaradıldı və 2002-ci ildə müvafiq Strategiya və Fəaliyyət Planı hazırlandı. 7 dekabr 2009-cu il tarixində BMT Danimarkanın Kopenhagen şəhərində Biomüxtəlifliyin mühafizəsi və qlobal istiləşmə ilə bağlı İqlim Sammiti keçirdi. Sammitdə 2010-cu il “Beynəlxalq biomüxtəliflik ili” elan edildi. Hər il mayın 22-si “Biomüxtəliflik Günü” kimi Azərbaycanda da qeyd olunur [4].

Yuxarıda qeyd edilən konvensiyaların imzalanması Ulu öndər Heydər Əliyev siyasətinin reallıqları, Prezident İlham Əliyevin davamlı inkişaf strategiyasının əsas xəttidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində bu siyasətdən irəli gələrək 2019-cu ildə “Nəsimi ili” çərçivəsində ölkədə 650 min ağacın əkilməsi bir nümunədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə İDEA təşkilatının “Hərəyə bir ağac!” və “Heyvanları qoruyaq!” kampaniyaları da bu sıradandır. Həmçinin, BƏƏ-nin Dubay şəhərində 2023-cü il dekabrın 4-də keçirilən COP-28 tədbirində “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclasda Heydər Əliyev Fondunun Prezidenti Leyla Əliyeva iştirak etmişdir. Tədbirdə davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin təşviqi müzakirə edilmişdir” [11].

 

 Nəticə

 

Beləliklə, XXI əsrin geosiyasətində “su diplomatiyası” özünəməxsusluğu ilə yeni soyuq “silahdır”. Dünyanın əksər ölkələrində məhəlli xarakterli “su çatışmazlığı” zaman-zaman özünü büruzə verəcəkdir. Azərbaycan da yaxın qonşu dövlətlərlə “su savaşı” ilə üzləşir.

Dövlətlərarası münasibətlərdə olduğu kimi, Azərbaycanda da rayon-kənd-qəsəbələrarası su çatışmazlığı halları müşahidə edilir və hətta “su davası” da yaranır. Yaxşı olardı ki: a) bələdiyyələrdə “Su əlaqələndirici Şurası” yaradılsın; b) TV-lərdə “Su və həyat” adlı mütəmadi verilişlər hazırlansın; c) Küçə və yollarda “Suyu qoruyaq!” şüarları olan banerlər asılsın və s.

Prezident İlham Əliyev 2024-cü il oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiq edib [17].

COP-29 Bakı Sammitində “İqlim fəaliyyəti üçün təqdimat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda tədbirin əsas xətti “İqlim dəyişikliyinin və paradiqma dəyişikliklərinin transsərhəd su idarəçiliyinə təsiri” olmuşdur [12].

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası, B., 2016, 72 s.
  2. Azərbaycan Respublikasının Su Məcəlləsi. – www.e.qanun.az/frameworl/46940
  3. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. /10 oktyabr 2024-cü il/ – president.az/az/articles/view/67069
  4. Bəşəriyyət “hidrodiplomatiyanı” inkişaf etdirməlidir. – azertag.az/xeber/842. /31.03.2015/
  5. Müdrik sözlər aləmində. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1984, 132 s.
  6. İqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri. /AzərTac, 4 oktyabr 2024
  7. Mustafayev Q. və Məmmədov A. Ekoloji lüğət. Bakı: MBM nəşriyyatı, 2007, 348 s.
  8. Fəlsəfə ensiklopedik lüğəti. Bakı: Elm, 1997, 520 s.
  9. Babaxanov N., Paşayeva N. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Bakı 2004.
  10. anl.az/down/xalqqazeti/2012/iyun/108/htm/Xalqqezeti/2012.24 iyun
  11. Mirzəzadə R. Heydər Əliyevin təbiətin qorunması siyasəti xanım Mehriban Əliyevanın “yaşıl mədəniyyət” çağırışlarında. // “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” elmi-praktiki konfransın materialları. Bakı, 2024
  12. Суздалева А., Горюнова С. Мировой кризис водопотребления. Монография. М., 2018. 172 с.
  13. Джамалов Р. Современная водная дипломатия. М.: Природа. 2011, № 9. с. 44-51
  14. BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının təsdiqi haqqında Azərbaycan Respublikasının Qanunu. /14.03.2000/ – e-qanun.az/framуwork/646.
  15. Atakişiyev B. Beynəlxalq münasibətlər lüğəti. B., 2009, 138 s.
  16. Ümumdünya Su Günü.- https://az.wikipedia.org/wiki/Ümumdünya_su_günü
  17. Biomüxtəliflik nə deməkdir? Avropa İttifaqının dəstəyi ilə Maxofeet cap evi. Bakı, 2019, s. 8. (24)
  18. Торо Г. Жизнь в лесу. М., 2023.
  19. Məmmədov O., Xəlilov M. Ekoloqların məlumat kitabı. Bakı: Elm, 2003, 516 s.
  20. Azərbaycanda bioloji müxtəliflik. /22.05.2021. AzərTac/
  21. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dubayda COP28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib. /AzərTac. 04 oktyabr 2023/ – https://azertag.az/xeber/heyder_eliyev_fondunun_vitse_prezidenti_leyla_eliyeva_dubayda_cop28_cherchivesinde_iqlim_deyisiklikleri_uzre_muzakirelerde_istirak_edib-2840583
  22. Emerson R. Təbiət. M., 1986.

 

Rena Mirzezadeh

THE GEOPOLITICS OF WATER, GLOBAL WATER CRISIS

AND HYDRODIPLOMACY AS A NEW SCIENTIFIC-POLITICAL AND LEGAL PARADIGM

 Abstract

 

This article explores the issues of water diplomacy in the global context, examining the concepts of water wars and conflicts, historical perspectives on the problem in public and scientific discourse, and the challenges of water scarcity and water-related laws. It analyzes legislation addressing water issues in modern Azerbaijan, highlighting various perspectives within the Republic and examining these issues from geopolitical and legal standpoints. The study incorporates relevant scientific literature, and official documents. Finally, the article provides recommendations on addressing water-related challenges.

Key words: water diplomacy, water conflict, biodiversity, aqua-biosecurity

 

 

Рена Мирзезаде

ГЕОПОЛИТИКА ВОДЫ, ГЛОБАЛЬНЫЙ ВОДНЫЙ КРИЗИС И ГИДРОДИПЛОМАТИЯ КАК НОВАЯ НАУЧНO-ПОЛИТИЧЕСКАЯ

И ПРАВОВАЯ ПАРАДИГМА

 Резюме

 

В представленной статье рассматриваются вопросы водной дипломатии в глобальном контексте, дефицита водных ресурсов и законодательства, связанного с их использованием. Исследуются различные виды водных конфликтов. Также в статье анализируется общественно-научное отношение к проблеме.

В исследовании рассматриваются законодательные акты, касающиеся водных ресурсов в современном Азербайджане, а также отношение к этой проблеме в республике и связанные с ней вопросы с геополитической и правовой точек зрения. В статье использованы актуальные научные источники, и официальные документы. В заключении предложены рекомендации по решению данной проблемы.

Ключевые слова: водная дипломатия, водные конфликты, аква-и биобезопасность, биоразнообразие

---------------