Müəllif üçün tələblər

JURNAL HAQQINDA

 “Sosial tədqiqatlar” jurnalı (STJ) 2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təsis edilmişdir. 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.

Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.

Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.

Jurnalın nüsxələri kitabxanalara, beynəlxalq indeks təşkilatlarına, abunəçilərə və məqalə müəlliflərinə çap olunduqdan sonrakı bir ay ərzində göndərilir.

Azərbaycan, rus və ingilis dillərində məqalələr dərc edilir.

ÜMUMİ QAYDALAR

       I.   Məqalələrin məzmunu

Jurnalına göndəriləcək məqalə sosial elmlər sahəsinə öz töhfəsini verəcək və sosial elmlərə yenilik gətirəcək səviyyədə aktual və orijinal olmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir. Elmi məqalənin “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılmalı, “Mətn” hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli sürülməlidir.

      II.    Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi

Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və STJ-nin “Müəlliflər üçün qaydalar”ına tam cavab verməlidir.  Yazıların tərtib qaydaları

Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:

  • UOT indekslər və ya PACS tipli kodlar;
  • “Məqalənin adı” (10–12 sözdən çox ola bilməz), “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”, “Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”;
  • Giriş: Məzmunu müəllif tərəfindən müəyyən edilir.
  • Əsas mətn (yarımbaşlıqlara bölmək şərtilə): A4 formatında (29,7×21 sm), “MS Word” proqramında, “Times New Roman” – 12 şrift və 1 intervalla yazılmalıdır. Səhifə kənarlarından 2 sm məsafə buraxılmalı və səhifələr nömrələnməlidir. Mətndə yarımbaşlıqlar yeni sətirdən, ilk hərfi böyük olmaqla qalın hərflərlə verilməlidir.
  • Nəticə: Tədqiqatın əsas elmi nəticələri qısa və ümumiləşdirilmiş şəkildə verilməlidir.
  • Xülasə: 100 sözdən az, 200 sözdən çox olmamalıdır. Xülasədə tədqiqatın məqsədi, metodikası, başlıca nəticələri, məhdudiyyətləri, orijinallığı, elmi yeniliyi və praktiki əhəmiyyəti qısa şəkildə əks etdirilməlidir. Azərbaycan, türk və rus dillərində yazılan yazıların həmin dillərlə yanaşı, ingilis dilində yazılan yazıların isə ingilis dili ilə yanaşı, Azərbaycan dilində də xülasəsi olmalıdır.
  • Açar sözlər (Azərbaycan, ingilis və rus dillərində): Məqalənin məzmununa uyğun olmalı və onu əhatə etməlidir. 5-dən az, 8-dən çox ola bilməz.
  • Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
  • Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.

Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.

Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.

Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır.

  • Məqalələrin həcmi: yuxarıdakı şərtlər nəzərə alınmaqla 8 səhifədən az olmamalıdır.
  • Mənbə və istinadlar: Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı dillər üzrə əlifba ardıcıllığı ilə nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam, dəqiq və orjinalın dilində olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.

Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:

a) Kitablar:

Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: Elm, 2012, -476 s.

b) Jurnallar:

Şixəliyev E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil” jurnalı, №7(35), Bakı: Elm, 2013, s. 32-45.

c) Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):

“Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının materialları. Bakı: Şərq-Qərb, 2010, s. 314-316.

ç) Dissertasiyalar və avtoreferatlar:

Məmmədov H.B. Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: Elm, 2013, – 44 s.

d) Müəlliflik şəhadətnamələri və patentlər:

Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50

Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.

e) İnternet səhfələri (internet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır):

     http://www.stat.gov.az/# (15.11.2013) / 2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.

     Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

     Mətndə istifadə edilməyən mənbələr “İstifadə edilmiş ədəbiyyat” hissəsində göstərilməməlidir.

Məqalənin redaksiyaya təqdim edilmə qaydası

Məqalənin orijinalı 2 nüsxədə (həmçinin elektron formada) tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubu elmi şurasının müvafiq iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya (AZ 1005, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 62, Sosial Tədqiqatlar Mərkəzi) təqdim edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir.

Məqalələrin elektron qaydada təqdim edilməsi də mümkündür. Bunun üçün müəlliflər məqalələrini jurnalın elektron poçtuna (sosialtədqiqatlar@stm.az) göndərməlidirlər.

III. Məqalələrin qiymətləndirilməsi, resenziyalaşdırılması və dərci

STJ-yə göndərilən məqalələr əvvəlcə redaksiya tərəfindən jurnalın nəşr prinsipləri baxımından qiymətləndirilir. Nəşr prinsiplərinə uyğun olmayan yazılar düzəldilmək üçün müəllifə göndərilə və ya resenziyalaşdırmadan imtina edilə bilər.

Resenziyalaşdırma üçün qəbul edilən məqalələrin resenziya prosesində elmi obyektivlik və elmi keyfiyyət kriteriyalarına xüsusi diqqət yetirilir. Resenziyalaşdırma üçün qəbul edilən yazılar müvafiq sahəyə aid iki resenzentə göndərilir. Resenzentlərin adları məxfi saxlanılır və yazılara verilən rəylər beş il ərzində redaksiyada qorunur. Resenzentlərdən birinin rəyi müsbət, digəri mənfi olduğu təqdirdə yazı üçüncü resenzentə göndərilə bilər və ya redaksiya verilən rəyləri qiymətləndirdikdən sonra yekun qərar qəbul edə bilər. Müəlliflərin resenzentlərin və redaksiyanın tənqid, irad və təkliflərini nəzərə almaları zəruridir. Müəlliflər razılaşmadığı məqamlarla bağlı əsaslandırılmış şəkildə etiraz etmək hüququnu saxlayırlar. Nəşrə qəbul edilməyən yazılar müəlliflərinə qaytarılmır.

Redaksiyaya təqdim edilən məqalələr (əlyazmalar) mütəxəssislər (resenzentlər) tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Məqalələr resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc edilir.

IV. Kompilyasiya və ya plagiatlıq halları

Bütün məqalələr kompilyasiya və ya plagiat ola biləcəyi ehtimalına görə nəzərdən keçirilir. Plagiatlıq hallarına rast gəldikdə məqalə dərhal çap prosesindən kənarlaşdırılır və “Sosial tədqiqatlar” jurnalının bundan sonrakı saylarında müəllifin məqalə dərc etdirməsinə icazə verilmir.

V. Müəlliflik hüquqları

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları “Sosial tədqiqatlar” jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərti ilə yol verilir.

Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.

Simpoziumlarda, konfranslarda təqdim olunan və tam şəkildə yayımlanmayan materiallar məqalə formasında qiymətləndirilmə və resenziyalaşdırılma mərhələsinə təqdim edilə bilər.

Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.

Nəşrin müəlliflərə təqdim edilməsi

Dərc olunmuş məqaləyə görə müəllifə jurnalın bir nüsxəsi və qonorar verilir.

 Redaksiyanın ünvanı

AZ 1005, Bakı şəhəri, Ü. Hacıbəyov 62.

Sosial Tədqiqatlar  Mərkəzi.

 Ələqə telefonları

(012) 510-70-78 

“SOSİAL TƏDQİQATLAR”
jurnalının Redaksiya Şurası