BAŞ REDAKTOR
Zahid ORUC
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri,
Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri,
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
Azərbaycan Texniki Universitetini bitirmişdir. Universitetin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının Elmi Şurasının 5 il üzvü olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasında təhsil almış, Akademiyanın Fizika İnstitutunda elmi işçi kimi çalışmışdır.
1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınmışdır.
1992-ci ildə fəal siyasi həyatını davam etdirərək “Ana Vətən” Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilmişdir.
II, III, IV və V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
Almaniya Federativ Respublikası, Böyük Britaniya, Danimarka, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
15 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülmüşdür.
10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak etmişdir.
2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmişdir.
Dövri mətbuatda geosiyasətə, regional və beynəlxalq siyasətə dair, o cümlədən Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir.
Beynəlxalq Marşall Mərkəzində, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikatlar və digər mükafatlar almışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri təyin edilmişdir. Rəhbərlik etdiyi Mərkəz Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi ilə, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edir, sosial münasibətlərin dinamikasını təhlil edir, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirir və müxtəlif sosioloji, siyasi, iqtisadi və mədəni problemlərə dair araşdırmalar aparır. Mərkəz mütəmadi olaraq həyata keçirdiyi sorğuların nəticələrini dərc edir və müəyyən konfidensial tədqiqatları aidiyyəti dövlət orqanlarına təqdim edir.
BAŞ REDAKTORUN MÜAVİNİ
Tahirə ALLAHYAROVA
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü,
Daxili siyasətin təhlili departamentinin rəhbəri (2019-cu ilin aprel ayından),
fəlsəfə elmləri doktoru, professordur.
Bakı Dövlət Universitetini (BDU) bitirmişdir.
Elmi fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda başlamış, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır.
1993-cü ildə AMEA-da “Ekoloji mədəniyyət və ictimai tərəqqi” mövzusunda namizədlik, 2007-ci ildə isə BDU-də “Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, elmlər doktoru alimlik dərəcəsini almışdır.
Ali Attestasiya Komissiyasının qərarı ilə 2007-сi ildə “Sosial fəlsəfə” üzrə dosent, 2018-ci ildə isə, AR Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən təqdim edilməklə “Milli təhlükəsizlik və humanitar elmlər” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
2009-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.
2010-2019 cü illər arasında çap olunan “Strateji təhlil” rüblük elmi-analitik jurnalının baş redaktoru olmuşdur.
Professor T.Allahyarova pedaqoji fəaliyyətlə məşğul olmuş, BDU-da “İdarəetmənin sosiologiyası”(1999-2014) kurslarını, 2014-2019-cu illərdə AR Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Strateji idarəetmə” və “Dövlət idarəçiliyi” kurslarını tədris etmişdir. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında Dissertasiya Müdafiə Şurasının həmsədridir.
AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Elmin İnkişaf Fondunun eksperti, AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Koordinasiya Şurasının üzvü, Təhsil Nazirliyi yanında “Humanitar və sosial ixtisaslar” üzrə yeni kurrikulumla bağlı işçi qrupun üzvü kimi çalışır.
Dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak etmişdir. Sosial elmlərin yeni metodologiyası, Azərbaycanda siyasi sistemin transformasiyası, siyasi liderlik fenomeni, cəmiyyətdə ictimai-siyasi proseslərin tədqiqi məsələlərini əhatə edən, ölkədə və xaricdə çap edilmiş 200-dən çox elmi məqalənin, o cümlədən, 16 monoqrafik kitabın (T.Allahyarova, Nadine Schouwey and Simon Zurich. The Shared Values of Multiculturalism and Secularism in Azerbaijan and Switzerland. Editors: Lydia Amberg and Daniel Warner.-76 p. Geneva and Baku (2015.) “Azərbaycanda siyasi partiyalar”(2010); “Azərbaycanda siyasi transformasiyalar”(2015); “Dövlət idarəçiliynin strateji əsaslari (2016)”; “Ekoloji mədəniyyət və ictimai tərəqqi” (2004); “Azərbaycanda araşdırma və beyin mərkəzləri”(2013); “XXI əsrdə xarici siyasət və E-Diplomatiya Azərbaycan dövlətinin xidmətində”; Azərbaycanın diplomatiya tarixi. Dərslik (2016); “Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi metodoloji ideal kimi (metodoloji propedevtika)” (2004); “Sinergetika-I. Təbiətin vəhdətdə özünütəşkili. Sinergetik ontologiya”(2005); “Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” (2018); “Parlament seçkiləri-2015: mövqelər və rəylər” (həmmüəllif); “Muslim communities in Europe: The Case of France And Germany” (2015) və s.) müəllifidir.
“Sosial tədqiqatlar” beynəlxalq elmi-analitik jurnalın həmtəsisçisi və Beynəlxalq Redaksiya Heyətinin sədr müavinidir.
Elmi rəhbərliyi altında 4 fəlsəfə doktoru və 1 elmlər doktoru yetişdirilmişdir.
Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın ictimai və siyasi həyatında səmərəli fəaliyyətinə görə 2017-ci ildə “Tərəqqi” medalı və 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
MƏSUL KATİB
Aqşin MƏMMƏDOV
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, filologiya üzrə fəlsəfə doktorudur.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bakalavr, magistratura pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında təhsil almışdır.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Analitik informasiya şöbəsində aparıcı mütəxəssis (2001-2007), Elmi informasiya şöbəsində rəis müavini, “Elm” qəzetinin və “Azərbaycan və azərbaycanlılar” beynəlxalq elmi jurnalının baş redaktorunun müavini (2007-2013), AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçis, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi (2013-2019) vəzifələrində çalışmışdır. SAM-ın 2010-2019 cü illər arasında çap olunan “Strateji təhlil” elmi-analitik jurnalının redaktoru olmuşdur.
2019-cu ildən Sosial Tədqiqatlar Mərkəzində çalışır. “Sosial tədqiqatlar” beynəlxalq elmi-analitik jurnalının buraxılışa məsul katibidir.
2 kitabın, 40-dan çox elmi, 100-dan çox elmi-publisistik məqalənin müəllifi, 90-dan çox elmi nəşrin redaktorudur.