Günay RÜSTƏMLİ,

ADA universitetinin magistrantı, Təhsil fakültəsi

ID nömrəsi: P000017080

E-mail: rustemligunay91@gmail.com

 

Zəhra ZEYNALOVA

ADA universitetinin magistrantı, Təhsil fakültəsi

ID nömrəsi: P000016932

E-mail: goygol_lisey@mail.ru

 

Neymət RÜSTƏMLİ

ADA universitetinin magistrantı, Təhsil fakültəsi

ID nömrəsi: P000016534

E-mail: turksoylu@mail.ru

Elmi rəhbər: Dr. Qoşqar Məhərrəmov

 

Xülasə: Bu layihə Ağdam rayonunun keçmiş cəbhə xəttində yerləşən məktəblərində müharibə nəticəsində travma alan və müharibədən əziyyət çəkmiş IX, X və XI siniflərdə təhsil alan şagirdlərin rifahının artırılmasında məktəbin əhəmiyyəti və rolu ilə bağlı tədqiqatı ətraflı şəkildə təhlil edir. Şagirdlərlə aparılmış bir sorğu əsasında “şagird emosiyaları” və “məktəb mühiti” başlıqları altında təqdim olunan suallar vasitəsilə şagirdlərin sosial, emosional və psixoloji vəziyyəti araşdırılıb. Araşdırmanın nəticələri məktəblər tərəfindən tədris olunan dərslər və digər dərsdənkənar məşğələrlə şagirdlərin mənəvi və intellektual rifahını yüksəldə biləcəyini vurğulayır. Bu dərs və məşğələlər şagirdlərin emosional və sosial inkişafına müsbət təsir edəcək, onların müharibə zamanı yaşadığı stress, qorxu və travmanı unutmasına köməklik göstərəcək. Nəticə və təkliflər köhnə cəbhə xəttində yerləşən bu məktəblərin müharibədən sonrakı dövrdə şagirdlərin rifahını artırmaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq, müxtəlif istiqamətlərdə islahatlar aparılacağını və məktəbin şagirdlər üçün doğma bir məkana çevriləcəyini göstərir.

 

Açar sözlər: silahlı münaqişə, müharibə travmaları, şagird rifahı, məktəbin rolu, Ağdam rayonu

 

 

Giriş

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının [4] müvafiq bəndlərinə əsasən, hər bir uşağın sağlam böyümək, yaşamaq və təhsil almaq hüququ yaşadığı dövlətin əsas öhdəliyidir. Lakin dünyanın bir çox yerlərində təhsilə təsir göstərən silahlı münaqişələr baş verir. Münaqişə bölgəsində təhsil davam etdirilsə də, bu, birbaşa təhsilin keyfiyyətinə mənfi təsir edir. Müharibələr zamanı ya məktəblər dağıdılıb, ya şagirdlər öldürülüb, ya da şagirdlər müharibə səbəbindən yaşadığı ərazini tərk edib, təhsil hüququndan məhrum olunublar [27]. Hər il təxminən 250 milyon uşaq silahlı münaqişələrdən əziyyət çəkir. 75 milyon uşaq isə müharibə və münaqişələr səbəbindən təhsildən uzaq düşür [31]. Münaqişə davam edir və münaqişə sona çatır, nəticədə isə ərazilərə atılan partlayıcılar və silahlar, minalar və bombalar hər il dünyada minlərlə uşağın ölümünə və ya əlilliyə səbəb ola bilir [27]. 30 ildir ki, Azərbaycan və Ermənistan arasında baş verən silahlı münaqişə zamanı sərhədboyu və cəbhəyanı ərazilərdə yüzlərlə məktəbdə minlərlə şagird təhsil alıb. Bu məsələyə təkcə Ağdam regionu aspektindən baxdıqda görünür ki, işğaldan əvvəl Ağdam rayonunda (1993-cü ilə qədər) 99 məktəb, 2966 müəllim, 29478 şagird fəaliyyət göstərib [5]. Lakin rayon ərazisinin 70%-i işğal olunandan sonra, Ağdam rayonunun 20 kəndi 1993-cü ildən cəbhə xəttinə, bu kəndlərdəki məktəblər isə cəbhə xəttindəki təhsil ocağına çevrilib. Məktəblər müharibə zamanı hərbi hissə kimi istifadə olunub. Atəşkəs dövründə isə dəfələrlə atəşkəsin pozulması nəticəsində müəssisələr zərər görüb. 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində Ağdam rayonunun cəbhə xəttində yerləşən Sarıcalı, Qaradağlı, Mahrızlı, Gül Baharlı kəndlərində və Baharlı qəsəbəsində yerləşən məktəblər artilleriya zərbəsi ilə dağıdılıb. Atəşkəs rejiminin pozulması zamanı 34 məktəbli erməni terrorunun və minaların qurbanı olub, onlardan 14-ü həlak olub, 20-si yaralanıb [5].

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi cəbhə bölgəsinə çevrilən Ağdam rayonunda yuxarıda ifadə edildiyi kimi təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinə mənfi təsir göstərib. Bu təsiri sadəcə fiziki və ya maddi olaraq qəbul etmək doğru olmaz. Belə ki, mənəvi və psixoloji təsirləri uzun müddət qalıcı olmuşdur və olmaqdadır.

Problem: Qarabağ münaqişəsi zamanı şagirdlərin təhsildən uzaq qalması, məktəblərin silahlı hücuma məruz qalması onların emosional və psixoloji rifahına mənfi təsir edib. Bu təsirlər nəticəsində şagirdlərin akademik nəticələri zəifləyib, məktəblərdə mənfi davranış göstərənlərin kəmiyyəti artıb. Məktəb isə bu problemlərə həll tapmaqda çətinlik çəkib [29].

Tədqiqatın məqsədi: Bu layihənin məqsədi Ağdam rayonunda-köhnə cəbhə xəttində yerləşən kəndlərdə şagirdlərin rifah səviyyəsini öyrənmək, onların rifahında məktəbin rolunu müəyyən etmək və mövcud vəziyyətə uyğun təkliflər verməkdir. Məktəblərdə şagirdlərin rifahının öyrənilməsi üçün bir çox ölkələrdə müxtəlif vaxtlarda tədqiqatlar aparılıb. Təbii ki, coğrafi məkan, zaman, sosial, siyasi və iqtisadi vəziyyət baxımından fərqli nəticələr əldə olunub [12]. Ancaq Azərbaycanda şagirdlərin rifahının öyrənilməsi ilə bağlı əhatəli və data əsaslı tədqiqat işi mövcud deyil. Bu layihə həm müharibədən əziyyət çəkən şagirdlərin rifahını öyrənmək, həm də rifahın yüksəldilməsi üçün təhsilin tərəflərinin nələr edə biləcəyini müəyyən etmək və şagirdlərin müharibə travması səbəbi ilə yaranan problemlərin qarşısının alınması üçün təkliflər irəli sürməkdir.

Tədqiqat sualı: Tədqiqat zamanı problemləri müəyyən etmək və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı təqiqat suallarından istifadə olunub:

Müharibədən əziyyət çəkmiş şagirdlərin rifah səviyyəsi necədir?

Məktəbdəki hansı amillər şagird rifahına təsir edir?

Ədəbiyyat icmalı: Bu bölmədə təqiqat layihəsinin mövusu ilə bağlı əldə olunmuş ədəbiyyatlar təhlil edilib. Belə ki, müxtəlif mənbələrdən – məqalə, kitab, jurnal və hesabatlardan əldə edilmiş məlumatları aşağıdakı başlıqlar şəklində təqdim etmək daha məqsədəuyğun hesab olunub.

  1. Silahlı münaqişə və təhsil: Müharibələr və silahlı münaqişələr dünyanın müxtəlif bölgələrində insanların yaşamaq və təhsil almaq hüququnu əlindən alır [23]. Bu münaqişələr təhsilə mənfi təsir göstərir, şagird və müəllimlərin ölümü və yaralanması, məktəblərin dağıdılması kimi nəticələrə səbəb olur. UNICEF-in hesabatına görə, Cənubi Sudanda müharibə məktəblərin dağıdılması və talan edilməsi, müəllim və şagirdlərin zorakılığa məruz qalması ilə nəticələnib [19]. Yaxın Şərqdə, Suriyadakı müharibə nəticəsində məktəbyaşlı suriyalı qaçqınların sayı artıb və Türkiyədə təhsil al(a)mayan suriyalı uşaqların 41%-i məktəbdən kənarda qalıb [16]. İraqda isə silahlı qarşıdurmalar təhsildə ciddi problemlərə səbəb olub, bir çox şagird təhsildən yayınıb [19]. Yəməndə müharibə nəticəsində minlərlə məktəb bağlanıb və təhsil infrastrukturu ciddi zərər görüb. Türkiyədə də PKK və digər terror təşkilatlarının fəaliyyəti təhsilə mənfi təsir göstərib [24]. Müharibə və münaqişələr uşaqların təhsil hüquqlarını pozur və humanitar yardım agentlikləri bu sahədə kifayət qədər iş görə bilmir [31]. Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı da bir çox məktəb dağıdılıb və təhsil infrastrukturu zədələnib [10].
  2. Müharibə travmaları: Müharibələrin dağıdıcı nəticələri uzun illərdir müşahidə olunan kütləvi travma olaraq qalmaqdadır. Müharibələr yalnız iştirak edən ölkələrə deyil, coğrafi və mədəni əlaqəsi olmayan digər ölkələrə də mənfi təsir göstərə bilir [29]. Ən çox təsirlənənlər isə uşaqlar və yeniyetmələrdir, onlar zorakılığa məruz qalır və yardıma möhtac vəziyyətə düşürlər. Qaçqın uşaqların təhsil səviyyəsi dünya ortalamasından aşağıdır, ibtidai və orta məktəbə davamiyyətləri isə daha da azdır [30]. Cənubi Sudanda vətəndaş müharibəsi zamanı məktəblərə və təhsil işçilərinə ciddi ziyan dəyib, şagirdlər girov götürülüb və zorla döyüşlərə cəlb olunub, məktəbyaşlı qızlar isə cinsi zorakılığa məruz qalıb [23]. Azərbaycanda 44 günlük müharibədən zərər çəkmiş şagirdlərə dəstək üçün müəllimlərə təlimlər keçirilib [1]. Münaqişə bölgələrində uşaqlar təhlükə ilə üz-üzədir və zorakılıq həyat tərzinə çevrilir. Müharibələr emosional və psixoloji problemlərə səbəb olur və uşaqların inkişafına mənfi təsir göstərir [24]. Köçkün uşaqların motivasiyası azalır və uyğunlaşma prosesi çətinləşir [27]. Müharibə zamanı və müharibədən sonra uşaqların və yeniyetmələrin cəmiyyətə qarşı aqressiv davranışları artmaqdadır [29]. Məcburi köçlərin ən çox zərər çəkənləri qadınlar və uşaqlardır. Onlar sosial mühitlərini, ailələrini itirir və psixoloji problemlər yaşayırlar [25]. Müharibədən qaynaqlanan travma və travma sonrası stress pozğunluğu uşaqların akademik və koqnitiv inkişafına mənfi təsir edir. Müharibə kontekstində uşaqların depressiya, narahatlıq və digər psixoloji problemlərlə üzləşməsi geniş müşahidə edilir [25]. Uşaqların sağlamlığı kompleks təsirə məruz qaldıqda, təhsilə çıxışın olmaması onların müdafiəsi və rifahı üçün riskləri artırır. Məktəb davamiyyəti psixoloji və sosial normallıq hissini bərpa etməyə kömək edir və sosial dəstəyi təmin edir [2].
  3. Şagird rifahında məktəbin rolu: Bayramlı [3] qeyd edir ki, sağlam xarakterə malik şəxsiyyətin formalaşdırılması ailə, məktəb və cəmiyyətin əsas məqsədlərindən biridir. Bu prosesdə məktəbin rolu xüsusilə əhəmiyyətlidir, çünki məktəblər həm baza təhsili təmin edir, həm də sosiallaşma məkanıdır. Məktəblərdə uşaqlar cəmiyyətin dəyərlərini və mədəni xüsusiyyətlərini öyrənir, sosial bacarıqlarını inkişaf etdirir və gələcəkdə sağlam fərd kimi cəmiyyətə inteqrasiya olunurlar. Məktəblərin şagird rifahını təmin etməsi vacibdir, çünki bu, onların akademik və sosial-emosional inkişafına müsbət təsir göstərir. Aulia (2018) qeyd edir ki, məktəblər təhsil məqsədlərinə xidmət etməlidir, çünki təhsil cəmiyyətlərin iqtisadi, sosial və siyasi inkişafında mühüm rol oynayır [8]. Müasir məktəblər şagirdlərin rifahını artırmaq üçün müəllim və valideyn əməkdaşlığına önəm verir. Ersoy və Kocaman [26] bildirir ki, şagirdlərin rifahı məktəbdə müxtəlif peşəkarlar tərəfindən təmin edilir. Müxtəlif peşə sahiblərinin, xüsusən də sosial işçilərin məktəbdə rolu vacibdir, çünki onlar şagirdlərin rifahını artırmaq üçün müxtəlif dəstək proqramları həyata keçirirlər. Müəllimlərin sosial və emosional bilikləri şagirdlərin psixososial vəziyyətinə müsbət təsir göstərir və onların rifahını yaxşılaşdırır [19]. Məktəblər münaqişə zonalarında və fövqəladə hallarda da şagirdlərin rifahını qorumaq üçün xüsusi proqramlar həyata keçirir [9]. Azərbaycanda cəbhəyanı bölgələrdən olan valideynlər üçün psixi sağlamlıq və psixososial rifah üzrə vebinarlar təşkil olunmuşdur [1]. Bu tədbirlər şagirdlərin psixoloji və emosional sağlamlığının inkişafına yönəlmişdir.

Metodologiya: Bu araşdırma Ağdam rayonunun köhnə cəbhə xəttində yerləşən məktəblərində müharibədən təsirlənən şagirdlərin rifahını tədqiq edir. Tədqiqat zamanı  müharibə zonasında – köhnə cəbhə xəttində yerləşən 10 məktəbdə təhsil alan 782 nəfər IX, X və XI sinif şagirdlərinin rifah səviyyəsini müəyyən etmək üçün kəmiyyət metodundan istifadə edilib. Tədqiqat kəmiyyət yanaşmasının təsviri tədqiqat alt üsuluna aiddir. Bu üsul bir fenomenin populyasiyadakı durumu haqqında fikirlər verir, vəziyyəti təsvir edir [6]. Kəmiyyət metodunda tədqiqatçı rəqəmlər və ədədlərlə işləyir [6]. Kəmiyyət yanaşmasını icra edərkən tədqiqatda şagirdlərin rifah səviyyələrini qiymətləndirmək üçün şagirdlər arasında sorğu aparılıb.

Tapıntılar: Bu araşdırmanın məqsədi müharibədən əziyyət çəkmiş şagirdlərin rifanının öyrənilməsi idi. Bunun üçün Ağdamın keçmiş cəbhəyanı ərazisində yerləşən, atəşkəs və müharibə zamanı hücuma məruz qalmış 10 kənd məktəbinin IX, X və XI sinfində təhsil alan 782 şagird hədəf qrupu olaraq seçilib. Bu araşdırma layihəsində kəmiyyət metodundan istifadə edildiyi üçün şagirdlər 34 sualdan ibarət anket sorğusunu cavablandırıblar. Şagirdlərdən 716 nəfəri sorğuda iştirak edib. Suallar hədəf qrupuna iki başlıq altında (Şagird emosiyaları; Məktəb mühiti) təqdim edilib.

 

1.Şagird emosiyaları

Bu bölmədə şagirdlərə təqdim olunmuş 18 sual onların hisslərini, emosiyalarını, özlərini necə hiss etmələrini, xoşbəxtlik və həyatdan məmnunluq dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulub. Bununla əlaqədar Beynəlxalq Qiymətləndirməyə (PİSA, 2022) nəzər saldıqda görürük ki, sorğuda iştirak edən azərbaycanlı şagirdlərin 75 faizi məktəbdə özünə asanlıqla dost tapa bildiyini deyib. Eyni sayda şagird isə özünü məktəbinə aid hiss edir. Bu göstəricilər OECD ölkələri üzrə də eyni səviyyədədir. Ancaq azərbaycanlı şagirdlər arasında məktəbdə özünü yalnız (tək) hiss edənlərin göstəricisi 25%-dir. Bu da OECD ölkələri ilə müqayisədə 16% daha yüksəkdir. Bu sorğunun ancaq Bakı məktəbləri arasında keçirildiyini nəzərə alaraq, Ağdam rayonunda müharibədən əziyyət çəkmiş şagirdlərin rifahını öyrənmək üçün bu sorğunun nəticəsində məktəblərə təqdim edilmiş “Müharibədən əziyyət çəkmiş şagirdlərin rifahının yüksəldilməsində istifadə olunan təcrübələr” adlı broşürun faydalı olacağı ehtimal olunur.

Qrafik 1-ə baxdıqda görürük ki, hədəf seçilmiş 10 məktəbdə təhsil alan 782 nəfər IX, X və XI sinif şagirdindən 716 nəfəri sorğuda iştirak edib. Sorğuda iştirak edən şagirdlərin 40 % -i IX sinif, 30% -i X sinif, 30% -i isə XI sinifdə təhsil alır.

Qrafik 3-də birinci suala cavab verən şagirdlərin 42%-i həyəcanlı olmadığını, 16%-i bu suala cavab verməkdə qərarsız qaldığını, 42%-i isə özünü həyəcanlı hiss etdiyini bildirib. İkinci sualı cavablandıran şagirdlərin 39 %-i özünü xoşbəxt hiss etmədiyini, 16%-i bu suala cavab verməkdə qərarsız qaldığını, 45%-i isə özünü xoşbəxt hiss etdiyini vurğulayıb. Üçüncü suala cavab verən şagirdlərin 38%-i özünü əzizlənən və qayğı görən hiss etmədiyini, 17%-i bu suala cavab verməkdə qərarsız olduğunu, 45%-i isə özünü əzizlənən və qayğı görən hiss etdiyini bildirib.

 

4-cü qrafikdə suallar üzrə cavablar aşağıdakı kimi əks olumuşdur. Dördüncü suala cavab verən şagirdlərin 35%-i özünü təhlükəsizlikdə hiss etmədiyini, 15%-i bu suala cavab verməkdə qərarsız qaldığını, 50%-i isə özünü təhlükəsizlikdə hiss etdyini vurğulayıb. Beşinci suala cavab verən şagirdlərin 32%-i özlərini ümidsiz hiss etdiyini, 17%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 51%-i isə özünü ümidli hiss etdyini bildirib. Altıncı suala cavab verənlərin 34 %-i özünü qəzəbli hiss etmədiyini, 14%-i bu suala cavab verməkdə tərəddüd etdiyini, 52%-i isə özünü qəzəbli hiss etdiyini bildiribdir.

5-ci qrafikdə yeddinci sualı cavablandırarkən şagirdlərin 37%-i özünü yalnız hiss etmədiyini, 16%-i bu suala cavab verməkdə qərarsız olduğunu, 47%-i isə özünü yalnız hiss etdiyini təsdiq etmişdir. Səkkinizinci sualı cavablayan şagirdlərin 38 %-i özünü kədərli hiss etmədiyini, 15%-i isə bu sualı cavablandırmaqda qərarsız olduğunu, 47%-i isə özünü kədərli hiss etdiyini qeyd edib. Doqquzuncu suala cavab verənlərin 34%-i özünü narahat hiss etmədiyini, 15%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 51%-i isə özünü narahat hiss etdiyini vurğulayıb.

6-cı qrafikdə onuncu sualı cavablandıran şagirdlərin 41%-i özünü məyus hiss etmədiyini, 17%-i bu suala cavab verməkdə tərəddüd etdiyini, 42 %-i isə özünü məyus hiss etdiyini bildirib. On birinci sualı cavablandıran şagirdlərin 41%-i xoşagəlməz hadisə olanda özünü ələ almağı bacarmadığını, 15%-i bu sualı cavablandırmaqda çətinlik çəkdiyini, 44%-i isə özünü ələ almağı bacadığını vurğulayıb. On ikinci sualı cavablandıran şagirdlərin 42%-i qorxduğu zaman özünü sakitləşdirməyi bacarmadığını, 12%- i bu sualı cavablandırmaqda tərəddüd etdiyini, 46%-i isə qorxduğu zaman özünü sakitləşdirməyi bacardığını qeyd edib.

7-ci qrafikdən on üçüncü sualı cavablandıran şagirdlərin 48%-i hirsləndiyi zaman özünü ələ almağı bacarmadığını, 14%-i bu suala cavab verməkdə qərarsız qaldığını, 38%-i isə hirslədiyi zaman özünü sakitləşdirməyi bacardığını vurğulayıb. On dördüncü suala cavab verənlərin 36%-i hisslərini idarə etməyi bacarmadığını, 15%-i bu sualı cavablandırmada çətinlik çəkdiyini, 49%-i isə hisslərini idarə etməyi bacardığını qeyd edibdir. On beşinci sualı cavablandıran şagirdlərin 41%-i özünü yaxşı hiss etmədikdə özü ilə motivasiyaedici söhbət apara bilmədiyini, 13% şagird bu suala cavab verməkdə qərarsız olduğunu, 46% şagird isə özünü yaxşı hiss etmədikdən özü ilə motivasiyaedici söhbət aparmağı bacardığını vurğulayıb.

8-ci qrafikdə on altıncı sualı cavablandıran şagirdlərin 42%-i qeyd edib ki, özümü yaxşı hiss etmədikdə dostum və ya rəfiqəmlə söhbət etməyi bacarmıram. 9% şagird bu suala cavab verməkdə qərarsız qaldığını, 49% şagird isə özüünü yaxşı hiss etmədikdə dostu və ya rəfiqəsi ilə söhbət etdiyini bildirib. On yeddinci sualı cavablandıran respondentlərin 37%-i xoşagəlməz fikirlərin qarşısını almağı bacarmadığını vurğulayıb. 19% şagird bu suala cavab verməkdə çətinlik çəkdiyini, 44%-i isə xoşagəlməz fikirlər zamanı bunun qarşısını almağı bacardığını qeyd edib. On səkkizinci sualı cavablandıranların 39%-i baş vermiş hadisə barəsində narahatlığının öhdəsindən gəlməyi bacarmadığını, 19 %-i bu sualı cavablandırmaqda qərarsız olduğunu, 42%-i isə hadisə baş verdikdə narahatlığının öhdəsindən gəlməyi bacardığını vurğulayıb.

  1. Məktəb mühiti

 

Məktəbdə və məktəbdənkənar mühitdə şagirdlərin bir-biri ilə əməkdaşlığı, müəllimlər və digər üzvlərlə münasibətlər, məktəbin şagirdlər üçün sevilən, təhlükəsiz bir yer olub-olmadığını 19-34-cü suallar vasitəsilə öyrənmək mümkün olub. Belə ki, sorğunun nəticələri Azərbaycanda keçirilmiş Beynəlxalq Qiymətləndirmənin (PİSA,2022) nəticələri ilə üst-üstə düşür. PİSA sorğusunda iştirak edən azərbaycanlı şagirdlərin 23 %-i bildirib ki, onlar məktəbə gedərkən və məktəbdə özlərini təhlükəsiz hiss etmirlər. Müqayisə üçün bildirək ki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri üzrə eyni göstərici cəmi 8%-dir. Yəni Azərbaycanda qeydə alınan göstərici OECD ölkələri ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.

Azərbaycanla bağlı diqqət çəkən məqamlardan biri də şagirdlərin hətta sinif otağında belə özlərini təhlükəsiz hiss etməmə göstəricisinin yüksək olması ilə bağlıdır. Azərbaycandan sorğuda iştirak edən şagirdlərin 20%-i sinif otaqlarında özlərini təhlükəsiz hiss etmədiyini bildirib. Bu göstərici üzrə sorğuda iştirak ölkələr arasında ən yüksək nəticə Azərbaycanda qeydə alınıb. Sinifdə özünü təhlükəsiz hiss etməyənlərin göstəricisi OECD ölkələri üzrə ortalama 7 %-dir.

Əksər dünya ölkələrində olduğu kimi, bizdə də məktəblər şagirdlərin istək və arzularına deyil, şagirdlər məktəblərin standartlarına uyğunlaşdırılıb [13]. Nəticədə şagirdlərin əksəriyyəti məktəbdə xoşbəxt deyillər, özlərini təhlükəsiz mühitdə hiss etmirlər və ən əsası, dərsə həvəssiz gəlirlər (PİSA, 2022).

9-cu qrafikdə on doqquzuncu sualı cavablandıran şagirdlərin 33%-i məktəbdə ona kömək edə biləcək müəlliminin və ya hansısa birinin olmadığını, 9%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 58%-i isə məktəbdə ona kömək edə biləcək şəxslərin olduğunu düşünür. İyirminci suala cavab verən şagirdlərin 34%-i məktəbdə inandığı bir yoldaşının olmadığını, 9%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 57%- isə inandığı bir məktəb yoldaşının olduğunu vurğulayıb. İyirmi birinci suala cavab verən şagirdlərin 35%-i məktəbdə özünü yanında arxayın və güvənli hiss edəcəyi bir şəxsin olmadığını, 13%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 52%-i isə məktəbdə özünü yanında arxayın və güvəndə hiss edəcəyi bir şəxsin olduğunu düşünür.

10-cu qrafikdə iyirmi ikinci suala cavab verən şagirdlərin 31%-i onun məktəbdə dinləyib ciddi qəbul edən müəllimlərinin olmadığını, 14%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 55%-i isə müəllimlərinin onu dinləyib ciddi qəbul etdiyini bildirib. İyirmi üçüncü sualı cavablandıran şagirdlərin 30%-i müəllimlərinin onu olduğu kimi qəbul etmədiyini, 14%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 56%-i isə müəllimlərinin onu olduğu kimi qəbul etdiyini qeyd edib. İyirmi dördüncü sualı cavablandıran şagirdlərin 37%-i müəllimlərinə etibar edə bilmədiyini, 17%-i bu suala cavab verməkdə qərarsız olduğunu,46 %-i isə müəllimlərinə etibar etdiyini vurğulayıb.

11-ci qrafikdə iyirmi beşinci sualı cavablandıran şagirdlərin 29 %-i müəllimləri ilə münasibətinin yaxşı olmadığını, 13%-i bu suala cavab verməkdə tərəddüd etdiyini, 58%- i isə müəllimləri ilə münasibətinin yaxşı olduğunu bildirib. İyirmi altıncı sualı cavablandıran şagirdlərin 34%-i müəllimlərin onun qayğısına qalmadığını, 16%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 50%-i isə müəllimlərinin onun qayğısına qaldığını qeyd edib. İyirmi yeddinci suala cavab verən şagirdlərin 37%-i müəllimlərinin onun güclü tərəflərini bilmədiyini, 19%-i bu suala cavab verməkdə qərarsız olduğunu, 44%-i isə müəllimlərinin onun güclü tərəfini bildiyini vurğulayıb.

12-ci qrafikdə iyirmi səkkizinci sualı cavablandıran şagirdlərin 35%-i müəllimlərin onun bacarıqlarını qiymətləndirmədiyini, 16%-i bu suala cavab verməkdə qərarsız qaldığını, 49%-i isə müəllimlərinin onun bacarıqlarını qiymətləndirdiyini bildirib. İyirmi doqquzuncu suala cavab verən şagirdlərin 33%-i müəllimlərinin onun bacarıqlarını nümayiş etdirməsinə imkan vermədiyini, 16%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 51%-i isə müəllimlərinin ona bacarıqlarını nümayiş etdirməyə imkan yaratdığını qeyd edib. Otuzuncu suala cavab verən şagirdlərin 34%-i məktəbdə özünü təhlükəsizlikdə hiss etmədiyini, 16 %-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 50%-i isə məktəbdə özünü təhlükəsizlikdə hiss etdiyini bildirib.

13-cü qrafikdə otuz birinci suala cavab verənlərin 31%-i özünü məktəbdə xoşbəxt hiss etmədiyini, 17%-i bu suala cavab verməkdə qərarsız qaldığını, 52%-i isə məktəbdə özünü xoşbəxt hiss etdiyini vurğulayıb. Otuz ikinci sualı cavablandıran şagirdlərin 35%-i məktəbdə fikirlərini rahat şəkildə ifadə edə bilmədiyini, 15%-i bu suala cavab verməkdə qərarsız olduğunu, 50%-i isə məktəbdə fikirlərini rahat şəkildə ifadə edə bildiyini qeyd edib. Otuz üçüncü sualı cavablandıran şagirdlərin 30%-i məktəbdə sinif yoldaşları ilə əməkdaşlıq etmədiyini, 16%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini, 54%-i isə sinif yoldaşları ilə əməkdaşlıq etdiyini bildiribdir. Otuz dördüncü suala cavab verən şagirdlərin 41%-i dərs olmayanda məktəb üçün darıxmadığını, 14%-i bu suala cavab verməkdə qərarsız olduğunu, 45 %-i isə dərs olmayanda məktəb üçün darıxdığını qeyd edib.

 

TƏKLİFLƏR

 

Təhsil cəmiyyətlərin gələcəyinin planlaşdırılması, hazırlanması və ictimai həyatın yenidən qurulmasıdır [23]. Bu günün məktəbi sabahın cəmiyyəti, bu günün məktəblisi isə sabah cəmiyyətin bir fərdidir. İnsanın sosial varlıq olaraq yaşadığı cəmiyyətə, özünə və başqalarına qarşı müəyyən öhdəlikləri var [16]. Bu vəzifələrini dərk etmək, doğmaları ilə yanaşı, başqalarının da qayğısına qalmaq, əvvəlcə ailədə sonra isə məktəbdə aldığı tərbiyə və gördüyü münasibətlə mümkündür [21]. Buna əsasən deyə bilərik ki, müharibədən əziyyət çəkmiş şagirdlərin rifahının yüksəldilməsində ailə ilə bərabər, ən mühüm rolu məktəb oynaya bilər [22]. Ancaq sorğunun nəticəsi onu göstərir ki, istər “şagird emosiyaları”, istərsə də “məktəb mühiti” ilə bağlı sualları cavablandıran şagirdlərin ən azı 50%-i hələ də müharibənin yaratdığı travmaları, pisxoloji və emosianal problemləri yaşamaqdadır. Ən pisi də odur ki, həmin şagirdlər bu problemlərdən xilas olmaq üçün məktəbdə müəllimlərindən, psixoloqdan və məktəb yoldaşlarından lazımi dəstəyi ala bilmir. Aşağıdakı strategiyaları təcrübə zamanı istifadə etmək və sinifdə məhsuldar atmosferin olması üçün innovativ metod və yanaşmaları tətbiq etmək lazımdır [32].

1.Məktəbdə dəstəkləyici mühitin yaradılması: Hər şagirdin fərqli gücü, ehtiyacları və tələbləri var. Bu fərqlilikləri qəbul edib, buna uyğun fərqli öyrənmə üsullarına müraciət edilməlidir. Buna görə də məktəb rəhbərliyi, müəllimlər, sinif rəhbərləri və pisxoloqları şagirdlərin özlərini rahat və təhlükəsiz hiss etmələri üçün səmimi və dəstəkləyici bir sinif mühiti yaratmağa çalışmalıdırlar. Buraya sosial, emosional, psixoloji və akademik dəstəyi inkişaf etdirmək, hər bir şagirdin uğurunu təqdir etmək və fərdi yanaşmaq daxildir [1].

2.Tədris prosesinə valideynlərin cəlb edilməsi: Məktəb şagirdlərə dəstək olmaq və onlara travma, psixoloji gərginliklərin öhdəsindən gəlməkdə kömək etmək üçün şagirdlərin valideynləri ilə birlikdə çalışmalıdır. Sinifdə nizamlı və səmərəli dərs prosesinin gedişatı üçün müəllimin bəzən qaydaları yumşaltması lazım gəlir [12].

3.Məktəbdə fiziki və emosianal fəaliyyət: Məktəbdə fiziki və emosional fəaliyyətlər şagirdlərin rifahının yüksəldilməsi üçün əhəmiyyətli rol oynayır [14]. Müntəzəm fiziki fəaliyyətlə məşğul olan şagirdlər, adətən, stressin öhdəsindən daha yaxşı gələ bilirlər. Müəllimlər tərəfindən şagirdlər məktəb saatlarında və ya dərsdən sonra məktəbdaxili, rayon və regional idman yarışlarına, intelektual, sosial müsabiqələrə, debatlara və ya digər fiziki fəaliyyətlərə cəlb edilə bilər [27].

4.Məktəb şagirdlərin əyləncə və sosiallaşma məkanı kimi: Məlumdir ki, müharibədən əziyyət çəkən şagirdlərin yaşadığı Agdam rayonunun kəndlərində məktəbdən başqa, şagirdlərin bir-biri ilə ünsiyyət quracağı bir yer, əyləncə mərkəzi, oyun salonu, istirahət parkı və digər sosial infastrukturlar yoxdur. Məktəb tərəfindən teatr, konsert, sərgi və s. kimi mədəni və sosial tədbirlər təşkil edilməli, bu tədbirlər şagirdlərin mədəniyyət və incəsənətə maraq göstərməsinə, yeni insanlarla tanış olmalarına və sosial bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcəkdir. Buna əsasən deyə bilərik ki, məktəbdə şagirdlərə əyləncə və sosiallaşma məkanı yaratmaq onların ruh sağlamlığını və sosial bacarıqlarını inkişaf etdirmək üçün çox əhəmiyyətlidir [18].

5.Şagirdlərə stressin idarə edilməsi bacarıqlarının öyrədilməsi: Şagirdlərə stressi idarə etmək üçün bacarıqların öyrədilməsi onların rifahının və öyrənmə vərdişlərinin inkişafı üçün əhəmiyyətli bir addımdır [32]. Dünyada baş verən təbii fəlakət, pandemiya və müharibələr insanlar arasında psixoloji gərginliyə səbəb olur. Bu gərginlik şəxsiyyətlərarası münasibətlərin pozulmasına, ailədaxili münaqişələrin artmasına, uşaq və yeniyetmələrdə stressin, qorxunun dərinləşməsinə gətirib çıxarır. Sadalanan problemlərin aradan qaldırılması üçün ehtiyaca uyğun psixo-sosial dəstəyin göstərilməsi araşdırmalara görə uğurlu çıxış yoludur [32].

6.Məktəb əməkdaşlığın təməlidir: Məktəb əməkdaşlığı rəhbərlik, müəllim və şagirdlər arasında tərəfdaşlığa, gözəl anlaşmağa və birlikdə işləmə qabiliyyətinə əsaslanır. Bunun üçün müəllimlər şagirdlərin təcrübələrini, problemlərini və streslərini bölüşmək üçün qrup müzakirələri təşkil edə bilərlər [14].

7.Qərarların qəbulunda şagirdlərin iştirakı: Müəllimlər dərsin hansı metod və üsulla təşklini, layihələrin seçilməsini, tədqiqat mövzularının müəyyən edilməsini və ya qiymətləndirmə metodlarının seçilməsi kimi qərarların qəbuluna şagirdləri cəlb edə bilər və şagirdləri növbəti layihənin mövzusuna səs verməyə dəvət edə və ya yekun işin təqdim edilməsi üçün bir neçə format təklif edə bilərlər [14].

8.Şagirdlərdə özünəinam və güclü tərəflərin dərk edilməsi: Müəllimlər şagirdlərə öz güclü tərəflərini tapmaqda kömək etmək üçün mütləq müxtəlif vasitələrdən istifadə etməlidir. Özünəinam öz dəyərini və potensialını dərk etmək deməkdir. Bu, şagirdlərin öz bacarıqları, maraqları və məqsədləri haqqında biliklərini artırmağa kömək edir. Bu zaman müvəffəqiyyətə çatmaq və hədəflərə nail olmaq asanlaşır [20].

9.Məktəbdə seminar və master-klassların keçirilməsi: Məktəb rəhbərləri uğurlu rol modelləri və rifah sahəsində mütəxəssisləri seminarlar və master-klasslar keçirmək üçün dəvət edə bilərlər [2]. Seminarlar və master-klassların keçirilməsi müəllimlərin şagirdlərin psixoloji sağlamlığını dəstəkləmək, akademik nailiyyətlərini artırmaq, uğurlu rol modelləri ilə təmas qurmaq və rifah sahəsində mütəxəssislərdən dərslər almaq üçün effektiv bir yoldur [1].

10.İmtahan stressinə qarşı mübarizə strategiyası: Pozitiv düşüncələr və özəl sözlərlə dəstəklənmək, ailə üzvlərindən və müəllimlərindən dəstək almaq imtahan stressinə qarşı mübarizədə əhəmiyyətli rol oynayır [13]. Müəllimlər və valideynlər yaxşı bilir ki, bölgədə yaşayan şagirdlərin müharibə ilə bağlı ciddi travmaları var. Bunun üzərinə ali məktəbə hazırlığın, buraxılış və qəbul imtahanlarının stressi gəldikdə həmin şagirdlərin hansı vəziyyətdə olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Hər bir müəllim şagirdlərə hazırlıq, vaxtın idarə edilməsi, istirahət və həmyaşıdlarına dəstək də daxil olmaqla, imtahan stressinin öhdəsindən gəlmək strategiyalarını inkişaf etdirməyə kömək edə bilər [14].

11.Məktəb idarəçilərinin və müəllimlərin təlimlərə cəlb olunması: Məktəb idarəçiləri və müəllimləri şagirdlərdə yaranmış müharibə travması, stressləri və diqqət problemləri ilə mübarizə aparmaq üçün təlimlərə cəlb edilməlidir. Bu təlimlər məktəb rəhbərliyinə və müəllimlərə şagirdlərə dəstək olmaq, mənəvi və psixoloji yardım etmək üçün necə kömək edə biləcəyi barədə fərdi və kollektiv təcrübələr təqdim edəcəkdir. Bu, şagirdlərin yaxşı təhsil almaları və psixoloji olaraq sağlam olmaları, məktəbdə özlərini təhlükəsiz mühitdə hiss etmələri və güvən yaratmaq üçün əhəmiyyətli bir addımdır [1].

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

Azərbaycan dilində:

  1. Azərbaycan Respublikasının Təhsil İnstitutu. (2021, aprel-may). Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi. -https://www.arti.edu.az/nodupload/editor/files/Hesabat%20(Aprel-may%202021).pdf
  2. Babayeva, Ü., Ömərova, N. (2022). Azərbaycanda məktəbəsaslı psixososial dəstək proqramı. – https://www.muallim.edu.az/news.php?id=21432
  3. Bayramlı, R. (2023). Şəxsiyyətin formalaşmasında məktəbin rolu. // “Füyuzat” dərgisi. -https://fuyuzat.az/sexsiyyetin-formalasmasinda-mektebin-rolu
  4. BMT. (1990). Uşaq Hüquqları Konvensiyası. – https://www.coe.int/az/web/compass/convention-on-the-rights-of-the-child
  5. İbrahimova, L. (2022, oktyabr 25-26). Kiçik ürəklərin böyük dərdləri. – https://525.az/news/204130-kicik-ureklerin-boyuk-derdleri
  6. Şahbazov, İ. (2019). Tədqiqat metdoları: Sosial elmlər və biznes araşdırmaları. Bakı: TEAS Press Nəşriyyat evi.
  7. Şükürbəyli, İ., Faiqoğlu, N. (2016). Qətl edilmiş uşaqlar. Bakı: Aspoliqraf nəşriyyatı.

 

İngilis dilində:

  1. Aulia, F. (2018). Improving student well-being in school. Proceeding of Conference of Mental Health, Neuroscience, and Cyberpsychology, October 14-15, Padang, Indonesia. – https://doi.org/10.32698/25275
  2. Baker, J. A., Kamphaus, R. W., Horne, A., & Winsor, A. P. (2006). Evidence for population-based perspectives on children’s behavioral adjustment and needs for service delivery in schools. School Psychology Review, 35, 31-46.
  3. GCPEA. (2022). Education under attack. – https://protectingeducation.org/wp-content/uploads/eua_2022_azerbaijan.pdf
  4. ICRC. (2021). Nagorno-Karabakh conflict: Building mental health. – https://www.icrc.org/en/document/nagorno-karabakh-conflict-mental-health-resilience-communities
  5. Jordans, M., Broek, M., Brown, F., Coetzee, A., Ellermeijer, R., Hartog, K., Steen, F., & Kenneth, E. (2018). Children affected by war: Towards an evidence based care system. In Mental Health of Refugee and Conflict-Affected Populations (pp. 261-281). – https://doi.org/10.1007/978-3-319-97046-2_13
  6. Kinley, S., Wangmo, S., & Dorji, D. (2020). Impact of classroom wellbeing on student learning: Bhutanese students’ perceptions. Journal of the International Society for Teacher Education, 24(2).
  7. Liu, W., Mei, J., Tian, L., & Huebner, E. S. (2016). Age and gender differences in the relation between school-related social support and well-being in school among students. Social Indicator Research. – https://doi.org/10.1007/s11205-015-0873-1
  8. Moulton, S., & Gehlbach, H. (2021, March 1). Panoram well-being survey. New York, USA.
  9. Muthanna, A., Almahfali, M., & Haider, A. (2022). The interaction of war impacts on education: Experiences of school teachers and leaders. Journal of Educational Sciences, 12 (10), 1-15. -https://doi.org/10.3390/educsci12100719
  10. Programme for International Student Assessment (PISA). (2022). Baku (Azerbaijan) student performance. – https://www.oecd.org/publication/pisa-2022-results/country-notes/baku-azerbaijan-20c688c8/
  11. Tian, L., Du, M., & Huebner, E. S. (2014). Effects of gratitude on elementary school students’ subjective well-being in schools: The mediating role of prosocial behavior. Social Indicator Research, 122 (3), 887-904. https://doi.org/10.1007/s11205-014-0712-9
  12. UNICEF. (2015). Syria Education Sector Analysis: The effects of the crisis on education in areas controlled by the government of Syria, 2010–2015.
  13. Vranda, M. N. (2015). Promotion of mental health and well-being of adolescents in schools: A NIMHANS model. J Psychiatry, 18, 303.

 

Türk dilində:

  1. Alemin, E., & Bekce, F. Ö. Ç. (2021). Suriyeli göçmen çocukların eğitim gereksinimleri ve okula uyum süreçlerinde karşılaştıkları güçlükler. Disiplinlerarası Çocuk Hakları Araştırmaları Dergisi, (2), 55-72.
  2. Aydoğan, O. B., & Uyğur, U. E. (2017). II Dünya savaşı sonrası İngiltere’de toplumsal hayat, sınıf sistemi ve yabancılaşma. AÜDTCF, Antropoloji Dergisi, 33, 109-121. https://doi.org/10.1501/antro_0000000343
  3. Baran, M. A. (2021). Güney Sudan Cumhuriyeti’nde iç savaşın eğitime etkileri. Uluslararası Liderlik Çalışmaları Dergisi: Kuram ve Uygulama, 4 (1), 51-61.
  4. Bilgin, R. (2014). Çatışma ve şiddet ortamında böyüyən çocukların sorunu. Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, 24 (1), 135-151. https://doi.org/10.18069/fusbed.51605
  5. Eroğlu, M. (2020). Etnik kimlik, savaş ve göç olgularının çocuklar və ergenler üzərindəki psixolojik etkileri. Uluslararası Sosyal Bilgilerde Yeni Yaklaşımlar Dergisi, 4 (1), 94-105. https://doi.org/10.38015/sbyy.721964
  6. Ersoy, A. F., & Kocaman, F. (2021). Öğrenci refahına yönelik çalışmalarda okul sosyal hizmet uzmanları ve öğretmenlerin yetki sınırları. Uluslararası Türk Kültür Coğrafyasında Sosyal Bilimler Dergisi, 6 (1), 79-92.
  7. Gencer, T. E. (2017). Göç ve eğitim ilişkisi üzərinə bir değerlendirme: Suriyeli çocukların eğitim gereksinimi ve okullaşma süreçlerinde karşılaştıkları güçlükler. Uluslararası Sosyal Araştırmalar Dergisi, 10, 839-851. http://dx.doi.org/10.17719/jisr.20175434652
  8. İncekar, M. Ç., & Yıldız, S. (2022). Savaştan etkilenen çocukların sağlık sorunları: Sistematik derleme. Yüksek İhtisas Üniversitesi Sağlık Bilimleri Dergisi, 3, 62-68. https://doi.org/10.51261/yiu.2022.00049
  9. Karakoç, S. (2022). Savaşın çocuklar üzerinde etkisi. Klinik Psikiyatri Dergisi, 25, 3-4. http://doi.org/10.5505/kpd.2022.03323
  10. Kılıç, G., & Özkor, D. (2019). Sureyli çocukların eğitimi araştırma raporu. Mavi Kalem Sosyal Yardımlaşma ve Dayanışma Derneği, 5, 1-65.
  11. Maya Vakfı. (2019). Travmaya duyarlı okul programı. https://www.mayavakfi.org/wp-content/uploads/2020/09/FINAL_Maya-Vakfi_Travmaya-Duyarli-Okul-Programi_RAPOR.pdf
  12. Sezgin, F., & Tınmaz, A. (2017). Okulun sosyal sorumluluk rolü hakkında okul müdürü, sınıf ve sosyal bilgiler öğretmenlerinin görüşleri. TÜBAV Bilim Dergisi, 10 (2), 77-92.

 

 

Gunay Rustamli, Zahra Zeynalova, Neymat Rustamli

SCHOOLS’ ROLE IN ENHANCING WELL-BEING OF WAR-AFFECTED STUDENTS

 Abstract

 

This capstone project thoroughly examines the role of secondary schools in improving the well-being of high school students who have experienced trauma and hardship due to war, particularly in schools located in the former frontline areas of the Aghdam region. Based on a survey conducted with students, the social, emotional, and psychological well-being of students is explored under the topics of “student emotions” and “school environment.”

The research findings emphasize that both academic and extracurricular activities offered by schools can significantly enhance students’ emotional and intellectual well-being. These activities play a crucial role in supporting students’ emotional and social development, helping them cope with the stress, fear, and trauma experienced during the war. The results and recommendations suggest that, drawing on international experience, various improvements can be made to further support the well-being of students in these schools, transforming them into nurturing environments.

Keywords: armed conflict, war trauma, student well-being, role of school, Aghdam region

 

Гюнай Рустамли, Захра Зейналова, Неймата Рустамли

РОЛЬ ОБРАЗОВАТЕЛЬНЫХ УЧРЕЖДЕНИЙ В УЛУЧШЕНИИ БЛАГОПОЛУЧИЯ УЧАЩИХСЯ, ПОСТРАДАВШИХ ОТ ВОЙНЫ

 Резюме

 

Данный исследовательский проект детально анализирует важность и роль средних школ в улучшении благополучия учащихся IX, X и XI классов, которые пережили травмы в результате войны, в учебных заведениях, расположенных на бывшей линии фронта в Агдамском районе. На основе опроса, проведенного среди школьников, изучаются их социальное, эмоциональное и психологическое состояние в рамках тем «эмоции учащихся» и «школьная среда».

Результаты исследования подчеркивают, что занятия и внеклассные мероприятия, предлагаемые школами, могут существенно улучшить духовное и интеллектуальное благополучие учащихся. Эти мероприятия оказывают положительное влияние на эмоциональное и социальное развитие школьников, помогая им преодолеть стресс, страх и травмы, полученные во время войны. В исследовании представлены предложения по внедрению улучшений на основе международного опыта, направленных на повышение благополучия учащихся в школах на бывшей линии фронта, чтобы создать благоприятную среду для их развития.

 

Ключевые слова: вооруженный конфликт, военная травма, благополучие учащихся, роль школы, Агдамский регион

---------------