Yaqut ƏLİYEVA
Bakı Dövlət Universiteti  Sosial elmlər və psixologiya fakültəsinin
Sosiologiya kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru
Bakı, Azərbaycan

 E-mail: yagut.aliyeva@gmail.com
ORCID: 0000-0003-2051-8416

 

  Xülasə. Məqalədə nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, sahibsiz, yurdsuz) uşaqların sosial problemi sosioloji müstəvidə təhlil edilir. Nəzarətdənkənar uşaqlar problemi bütün bəşəriyyətin ən önəmli problemlərindən biridir. Qeyd edək ki, uşaq nəzarətsizliyi sosial fenomen olaraq, əsasən uşaqların yetimliyinə səbəb olan sosial-iqtisadi səbəblərdən qaynaqlanır. Uşaq nəzarətsizliyinin artmasına iqtisadi böhranlar, işsizlik, yoxsulluq və uşaqların istismarı, ailələrdəki münaqişəli vəziyyətlər, valideynlərin asosial davranışı, uşaqlara qarşı zorakılıq və s. səbəb olur. Burada tibbi və psixoloji səbəblər də var (bəzi azyaşlıların asosial davranışa meyli və s.). Uşaq nəzarətsizliyinin vəziyyətini təhlil edərkən apardığımız çoxpilləli konkret sosioloji tədqiqatın nəticələrindən (2012-2022-ci illərdə) belə qənaətə gəlmək olar ki, uşaq nəzarətsizliyi problemi Azərbaycan üçün aktualdır, çünki nəzarətdənkənar uşaqların gələcəyi çətindir, problemlərlə üzləşərkən, onların öhdəsindən gəlmək bu uşaqlara asan olmayacaq və bu gün biz onların qeydinə qalmasaq, onları gələcəkdə çətin sınaqlar gözləyir.

Açar sözlər: nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, sahibsiz, kimsəsiz) uşaqlar, küçə uşaqları, sosial problemlər, yetimlik, sosial yetimlik, ailədaxili problemlər, sosial-psixoloji problemlər, asosial davranış, uşaq istismarı, uşaqlara qarşı şiddət

 

Giriş

Nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, sahibsiz, kimsəsiz) uşaqlar problemi bəşəriyyətin ən önəmli problemlərindən biridir. Bu gün nəzarətsiz uşaqlar gündəlik həyatın ayrılmaz hissəsi və neqativ simvoluna çevrilmişlər. Qeyd edək ki, müharibələr, təbii fəlakətlər, münaqişələr, inqilablar və digər sosial sarsıntılar kimi sosial-iqtisadi xarakterli səbəblər nəzarətsizlik törədir. Hər il dünyada nəzarətsizlərin (ailə/valideyn himayəsindən məhrum olmuş, sahibsiz, kimsəsiz, yurdsuz, yetim uşaqlar) sayı artır. Sahibsizliyin artmasına həm də iqtisadi böhranlar, işsizlik, ehtiyac, uşaq istismarı, ailələrdəki münaqişəli mühit, valideynlərin asosial davranışı, uşaqlarla qəddar münasibətləri, tibbi-psixoloji səbəblər və s. səbəb olur. Göründüyü kimi, uşaq kimsəsizliyinin səbəbləri müxtəlif ola bilər, nəticə isə eynidir – uşaqlar normal qidalanmadan, təhsil almadan aylarla, illərlə vağzallarda, zirzəmilərdə və s. yerlərdə yaşamağa məcburdurlar. Əksər hallarda onlar cinayətkar mühitə düşürlər və bu mühitin qanunları ilə yaşayır və tərbiyələnirlər. Beləliklə, nəticədə cəmiyyətin gələcəyi, mənəviyyatı da risk altına düşə bilər və bu problemin həlli dövlətin də marağında olmalıdır.

Əsas hissə

Azərbaycanda nəzarətsiz uşaqlar problemi kifayət qədər kəskin qoyulmuşdur. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda, adətən, nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, sahibsiz, yurdsuz və s.) uşaqları “küçə uşaqları” adlandırırlar. Çünki küçə belə uşaqlar uçün işlədiyi, qidalandığı, ünsiyyətdə olduğu, oynadığı, oxuduğu, yuyunduğu və bəzən də yatdığı yerdir. Uşaqların gündəlik fəaliyyətləri həyatda qalmaq ehtiyaclarının ödəməsi ilə əlaqədardır.

Nəzarətdənkənar uşaqlar müxtəlif yaşlarda olurlar. Azərbaycanda onların orta yaşı 14,4-dür.

“Uşaq nəzarətsizliyi” termininin daha dəqiq anlaşılması üçün uşaqları müəyyən kateqoriyalara ayırmaq olar:

  • bir aydan artıq küçədə yaşayanlar (müxtəlif səbəblərdən daim küçədə yaşayanlar);
  • dövri olaraq, bir neçə gündən bir neçə həftəyə qədər küçədə yaşayanlar. Belə uşaqlar alkoqola mübtəla olmuş valideynləri ilə münaqişələr və s. həll olunana qədər küçədə qalırlar;
  • evdə gecələmələrinə baxmayaraq, əsas ehtiyaclarını (tələbatlarını) küçədə ödəyənlər. Belə uşaqlar, adətən, çoxdan məktəbdən ayrılmışlar, polisin və ya həddi-bülluğa çatmamışların işləri üzrə yoxlamanın (komissiyanın) qeydiyyatında olanlardır [23].

Bəzən valideynlər öz uşaqlarını müxtəlif səbəblərdən tərk edirlər. Adamların öz uşaqlarından imtina etmələrinin səbəblərindən biri yoxsulluqdur. Yoxsulluq yalnız pul çatışmazlığı ilə deyil, eyni zamanda müxtəlif dərəcədə aclıq, xəstəlik, savadsızlıq və müdafiəsizliklə səciyyələnir. Ölkəmizdə müəyyən sayda valideynlər uşaqlarını məhz qidalandıra bilmədiklərinə görə onlardan imtina edirlər. Yeri gəlmişkən qeyd edək ki, bir sıra hallarda buna az qala “üzrlü” səbəb kimi yanaşırlar.

2012-2013-cü illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun və “SİQMA” Beynəlxalq Əməkdaşlıq və İnkişaf Problemləri Tədqiqat Mərkəzinin köməkliyi ilə respublikanın 11 şəhər və rayonunda “Nəzarətsiz (kimsəsiz, sahibsiz və s.) uşaqların vəziyyətlərinin təhlili” layihəsini həyata keçirmişdir. Bu tədqiqatın nəticəsi olaraq Azərbaycanda 438 sahibsiz uşaq olduğu müəyyənləşdirilmişdir [23]. Qeyd edək ki, bu rəqəm apardığımız tədqiqata (müşahidələrimizə) görə bir qədər artmışdır.

 Kimsəsiz uşaqlar problemini tədqiq edərkən məlum olur ki, onların əksəriyyəti valideynləri sağ olanlardır. Bəzən valideynlər uşaqlarından nəinki imtina edir, hətta onları küçəyə atırlar. Beləliklə, onların sonrakı həyatında ciddi problemlər yaranır. Qeyd edək ki, şikəst və sağalması çətin və ya mümkün olmayan uşaqlardan bəzi valideynlərin imtina etməsinə də rast gəlinir. Bundan başqa, həddi-bülluğa çatmayan analar da çox vaxt öz körpələrindən imtina edirlər və hesab edirlər ki, təhsil almaqda, layiqli iş tapmaqda uşaqlar onlar üçün artıq yük olacaqdır. Bir çox uşaqlar alkoqola aludə olmuş ailələrdə yaşadıqlarına və döyülməyə məruz qaldıqlarına görə evdən getməyə məcbur olurlar. Beləliklə, nəzarətdənkənar uşaqların böyük hissəsi ailələrindən, internatdan və ya onları övladlığa götürmüş ailələrdən qaçmış şəxslərdir. Belə uşaqlar zorakılıq, döyülmə, həmçinin insan alveri və traffikinq qurbanları olurlar. Onlar çox zaman alkoqol və narkotik asılılığa məruz qalırlar [1; 2; 3; 4; 8; 9; 10; 11; 23].

Küçələrdə yaşayan uşaqların vəziyyətlərinin təhlili onlardan çoxunun son həddə olduğunu təsdiqləyir. Bütün dünyada küçə uşaqlarının əksəriyyətinin fahişəliyə cəlb olunması çox ciddi fəsadlar törədir: yeniyetmə hamiləliyi, cinsi yollarla keçən xəstəliklərə yoluxma (İİV infeksiyası və QİÇS daxil olmaqla), həmçinin sosial nüfuzun itirilməsi və s. bu qəbildəndir. Bunlar bütövlükdə uşaqda öz şəxsiyyətinə qarşı neqativ münasibəti dərinləşdirə bilər.

Uşaq nəzarətsizliyi uşaqların daimi yaşayış yerlərini itirməklə ailələrindən ayrılması ilə nəticələnən sosial fenomendir. Ailə, valideynlər və qohumlarla əlaqələrin tamamilə kəsilməsi, insan üçün nəzərdə tutulmamış yerlərdə yaşamaq, cəmiyyətdə qəbul olunmayan yollarla (məsələn, dilənçilik, oğurluq) yaşamaq, qeyri-formal qanunlara tabe olmaq nəzarətsizliyin əlamətləridir. Nəzarətsizliyin təhlükəsi ondadır ki, belə şəxslər cəmiyyətə xas olan dəyər, norma və davranış qaydalarının əsasında normal ictimai həyata uyğunlaşa bilmir, bir sıra hallarda cinayət törədir və bunu özlərinin gələcək həyatları üçün norma kimi qəbul edirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspertlərinin apardığı tədqiqatın nəticələrinə əsasən, 403 nəzarətsiz uşaq Bakıda, 10 nəfər Lənkəranda, 5 nəfər Xaçmazda, 5 nəfər Sumqayıtda, 2 nəfər Gəncədə, 10 nəfər Yevlaxda və 3 nəfər Şirvan rayonunda aşkar edilmişdir. Nəzarətdən kənar uşaqlar və yeniyetmələr arasında keçirilmiş sorğu göstərir ki, onlardan 33,6%-i tam ailələrdən, 50,9%-i natamam ailələrdən olan uşaqlardır, 10%-i valideynsiz, 4,8%-i isə qohumları və yaxınları olmayan tamamilə tənha uşaqlardır. Sorğu nəticəsində müəyyənləşdirilmişdir ki, nəzarətsiz uşaqların ailə başçılarının 23,6%-i fəhlələr, 21,9%-i dilənçilər, 18,2%-i xadimələr, 12,2%-i pərakəndə ticarətlə məşğul olanlardır. Respondentlərin 11%-i cinsi zorakılığa məruz qaldıqlarını etiraf etmişdir [2; 8; 23].

Təəssüflə etiraf etmək lazımdır ki, Azərbaycanda nəzarətsiz uşaqlar haqqında hazırda dəqiq, etibarlı statistik məlumatlar yoxdur və buna görə də onların dəqiq sayını, yaşını, cinsini, milli və regional tərkibini göstərmək olmur. Eyni zamanda qeyd etmək lazımdır ki, nəzarətsiz uşaqlar haqqında statistikanın yoxluğu, yaxud yetərsizliyi problemi yalnız Azərbaycanda deyil, digər ölkələrdə də mövcuddur və bu sahədə müəyyən çətinliklər vardır. Sahibsiz uşaqlar hakimiyyət və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə qarşılaşmaqdan yayınmağa meyillidirlər. Buna görə onlar statistik təhlildən kənarda qalırlar. Birbaşa uşaqlarla işləyən təşkilatlar, o cümlədən də qeyri-hökumət təşkilatları bu sahədə əhəmiyyətli dərəcədə fəaliyyət göstərirlər (qeyd edək ki, sahibsiz uşaqlar dövlət strukturlarının nümayəndələrinə nisbətən onlarla daha səmimi olurlar).

Apardığımız sosioloji tədqiqat göstərdi ki, nəzarətsiz uşaqlar cəmiyyətin “sosial dibi”nə aiddirlər. Nəzarətdənkənar uşaqların valideynlərinin əksəriyyəti kənd sakinləridir və bu adamlar sosial-iqtisadi dəyişikliklər dövründə daha çox zərər çəkənlərdir (kənd təsərrüfatı dağılmışdır və az gəlirlidir). Bu uşaqların ailələri iş axtarmaq üçün kiçik kəndlərdən böyük şəhərlərə köçərək dəfələrlə yaşayış yerlərini dəyişirlər. İqtisadi çətinliklər bir çox ailənin dağılmasına səbəb olmuşdur (kişilər qazanc üçün Rusiyaya və digər MDB ölkələrinə və s. xarici ölkələrə gedirlər). “Küçə uşaqları”nın az təhsilli və ixtisassız valideynləri çətinliklə özlərinə iş tapa bilirlər. Belə ailədə hər bir uşaq özünü və ailəsini saxlamaq üçün işləyir. Bir çox uşaq Azərbaycanın müxtəlif şəhər və rayonlarında olan ailələrinin yaşayışına kömək etmək üçün qazanc dalınca Bakıya gəlirlər, çünki burada qazanc rayonlara nisbətən bir az çoxdur.

 Hər il dünyada 14-20 yaşında 15 milyona yaxın qız hamilə qalır, uşaq dünyaya gətirir. Çox vaxt bu körpələrin qayğısını valideynlər və daha böyük yaşda olan qohumlar öz üzərinə götürürlər [21]. Doğulmuşların bir qismi anaları tərəfindən tərk edilir, atılır və onların bəziləri uşaq müəssisələrinə düşürlər. Uşaq evlərində və küçələrdə yaşayan uşaqların hissiyyatı normal məcrada formalaşmır, onların sanki ağlamağı, gülməyi, sevinməyi və kədərlənməyi də qəribələşir. Qeyd edək ki, Azərbaycanda hazırda 17 min nəfər uşaq evlərində yaşayır. Belə həyat oları bir sıra hallarda hətta həddi-büluğa çatmamış yetimxananı tərk etməyə məcbur edir. Bu isə öz növbəsində nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, sahibsiz, yurdsuz) uşaqların sayının artmasına gətirib çıxarır [2; 4; 10; 11].

Nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, kimsəsiz və s.) uşaqlar problemi kompleks sosial problemdir. Bu və ya digər səbəblərdən küçəyə düşən uşaqlar müxtəlif formada yardımlara ehtiyac duyurlar. Nəzarətsizlik probleminin həlli üçün dövlətin effektiv tədbirlər görməsi lazımdır. Azərbaycanda sayı iki minə çatan dövlət uşaq evlərində 67 min uşaq yerləşdirilmişdir. Bundan başqa, 27 min uşaq 150 internat məktəbində yaşayır. Ancaq bu uşaqlardan çoxunun həyatı normal tələblərə cavab vermir. Uşaq evlərinin və internat məktəblərinin 10%-i normal sanitar şəraitə malik deyildir, 48%-nin əsaslı təmirə ehtiyacı var, 5%-i qəza vəziyyətindədir. Uşaq müəssisələrinin müəyyən hissəsi hətta nəzərdə tutulmuş büdcə maliyyəsini də ala bilmir. Uşaq evlərinin müdiriyyətinin büdcə vəsaitlərini düzgün istifadə etməməsi hallarına da təsadüf olunur [6; 7; 8; 12; 17; 19; 20; 21].

Dövlət uşaq evlərində tərbiyələndirilən uşaqlar bir sıra hallarda paltar, məktəb ləvazimatları və qida catışmazlığına məruz qalırlar. Bəzi bölgələrdə 2-3 yaşlı uşaqlar tibbi yoxlamadan da keçə bilmirlər. Buna görə də uşaq evlərində zəifləmiş və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqların sayı çox olur. Qeyd edək ki, uşaq evlərində müxtəlif növ şikəstliyi olan uşaqlar da vardır. Uşaqlar çox vaxt bəzi tərbiyəçilərin kobud rəftarına və münasibətinə məruz qalırlar. Yeniyetmələr uşaq evlərindən, adətən, həyata hazır olmamış vəziyyətdə çıxırlar, onlara gələcək həyatları üçün yetərli praktiki və psixoloji köməklik göstərilmir. Nəticədə dəhşətli statistika meydana çıxır: uşaq evlərinin və internat məktəblərinin məzunlarının 40%-i alkoqol və ya narkotik maddə düşkünü olurlar, 40%-i cinayət aləminə düşür, 10%-i isə həyatlarına intiharla son qoyur və ancaq 10%-i həyatını müxtəlif dərəcədə qura bilir [5; 13; 22; 23; 24].

Müxtəlif ictimai təşkilatlar nəzarətdənkənar uşaqlara kömək üçün müəyyən cəhdlər göstərirlər. Onlar uşaqlara küçələrdə və yeməkxanalarda yemək verir, tibbi və psixoloji yardım edir, öz uşaq evlərini təşkil edirlər. Belə fəaliyyət yaxşı nəticələr verir, ancaq təəssüf ki, kimsəsiz uşaqların az hissəsini əhatə edir [14;18].

Nəzarətsiz (ailə/valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, sahibsiz və s.) uşaqlar cəmiyyətin tərkib hissəsidir. Buna görə də bütün insanlar bu uşaqların, xüsusilə də küçədə yaşayanların həyatının yaxşılaşdırılmasında bilavasitə iştirak etməlidirlər. Məhz bununla əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında Konvensiya işləyib hazırlamışdır. Konvensiyada uşaqların yaşayış və inkişaf tələbatlarına aid olan məsələlər əhatə edilir [15; 16]:

  • Normal (düzgün) həyat səviyyəsi hüququ.
  • İqtisadi istismardan müdafiə hüququ.
  • Təhsil almaq hüququ.
  • Sağlamlıq və tibbi xidmət almaq hüququ (maddə 24).
  • Zorakılıqdan, sui-istifadədən və təhqirdən müdafiə hüququ (maddə 19).
  • Cinsi istismardan müdafiə hüququ (maddə 34).

Əgər cəmiyyət bu Konvensiyanın tələblərinə riayət edərsə, onda nəzarətdənkənar uşaqların həyatı müəyyən səviyyədə yaxşılaşa bilər. Daha yaxşı olardı ki, uşaqları küçə həyatından qorumaq üçün mümkün olan bütün tədbirlər görülsün. Bu, bir həqiqətdir ki, bəzən həmin uşaqlar nə ilə məşğul olduqlarını başa düşə bilmirlər, onlar üçün ancaq yemək və özlərinə qalmaq yeri (bir gecəliyinə də olsa) tapmaq həqiqəti mövcuddur.

Uşaqların beynəlxalq hüquq müdafiə normalarını iki növ sənədlərdə tapmaq olar. Birinci növ sənədlərə 1949-cu ilin dörd Cenevrə Konvensiyasının və 1977-ci ildə onlara olan iki Əlavə protokolun beynəlxalq humanitar hüquq üzrə sənədlərini aid etmək lazımdır. Bu sənədlərdə (25-dən az olmayan xüsusi nizamnamələrdə) həm mülki əhalinin hissəsi kimi uşaqların ümumi müdafiəsi, həm də beynəlxalq münaqişələr zamanı daha zəif şəxslər kimi uşaqların xüsusi müdafiəsi nəzərdə tutulur. İkinciyə 1989-cu ilin Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları üzrə Konvensiyasının sənədlərini aid etmək olar. Bu Konvensiyada silahlı münaqişə zamanı uşaqların hüquqlarına aid xüsusi müddəalar öz əksini tapmışdır [15; 16; 21].

Nəticə

2012-2022-ci illərdə apardığımız sosioloji tədqiqatda nəzarətdənkənar (ailə/valideyn himayəsindən məhrum olmuş, sahibsiz, kimsəsiz) uşaqların vəziyyətlərini təhlil edərək belə nəticəyə gəldik ki, nəzarətsizlik problemi Azərbaycanda aktualdır, çünki nəzarətdənkənar uşaqların gələcəyi çətindir. Onları ağır sınaqlar gözləyir və sınaqlardan çıxmaq bu uşaqlara asan olmayacaqdır.

Apardığımız tədqiqatlar əsasında aşağıdakı tövsiyələrimizi təklif edirik:

  1. İlk növbədə cəmiyyətin sosial-iqtisadi problemlərini həll etmək lazımdır. Əgər əhalinin həyat səviyyəsi yüksələrsə, nəzarətdənkənar uşaqların sayı azalar. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə də nəzarətdənkənar uşaqlar vardır, ancaq onlar əsasən qeyri-normatik və marginal qrupdan olan uşaqlardır.
  2. Bakıya əhalinin axınının qarşısını almaq üçün lazımi tədbirləri görmək (insanların öz yaşayış yerlərini tərk etməməsi üçün kəndlərdə iş yerləri açmaq, oraya kapital yönəltmək) lazımdır. Qeyd edildiyi kimi, sosial mühit dəyişən zaman davranışların qeyri-normativliyi artır, arzu olunmayan davranışlar daha çox müşahidə olunur, çünki kiçik şəhərlərin sosiumu (harada ki, hamı haqqında her şey bilirlər) şəxsiyyət üzərində nəzarət funksiyasını həyata keçirir.
  3. Hazırda dövlət səviyyəsində problemin həll edilməsinin real olmadığını nəzərə alaraq (problemin kökləri keçid dövrünün sosial-iqtisadi şəraiti ilə əlaqədardır), bu problemi lokal səviyyədə həll etmək üçün nəzarətdənkənar uşaqlarla məşğul olan qeyri-hökumət təşkilatlarının şəbəkəsini genişləndirmək və maliyyələşdirmək lazımdır.
  4. Dövlət orqanları tərəfindən məktəblərin fəaliyyətinə nəzarəti gücləndirmək, davamiyyətə ciddi nəzarət etmək və azgəlirli, yoxsul ailələrin uşaqlarına yardım etmək lazımdır. Pulsuz orta təhsil çoxdan “pullu” təhsilə çevrilmişdir: valideynlər dərslik və məktəb ləvazimatları, geyimə çəkdikləri xərclərdən başqa, məktəbin müəllimləri və müdiriyyəti tərəfindən müxtəlif xərclərə məruz qalırlar.
  5. Dövlət və kommersiya təşkilatları tərəfindən məktəblər üzərində hamiliyi bərpa etmək lazımdır. Belə fəaliyyəti təşviq etmək üçün vergi qanunvericiliyində dəyişikliklər etmək və ya başqa təkliflər vermək məqsədəuyğundur.
  6. Nəzarətdənkənar uşaqların çoxunun təhsildən uzaqlaşdığını, bəzilərinin isə heç təhsil ala bilmədiyini nəzərə alaraq, onlar üçün savadsızlığın ləğvi mərkəzlərini açmaq lazımdır. Bunun üçün uşaqların yaş və əqli xüsusiyyətləri nəzərə alınmaqla yeni metodologiya və metodlar işlənib hazırlanmalıdır. Belə mərkəzlərin təşkili üçün axşam məktəblərinin təhsilvermə təcrübəsindən, o cümlədən inkişaf etməkdə olan ölkələrin yaşlı əhali arasında savadsızlığı ləğvetmə təcrübəsindən istifadə etmək olar.
  7. 12 yaşından başlayaraq yaradıcı fəaliyyət sahələrində (toxuma, yaradıcılıq, qurma, düzəltmə və s.) uşaq əməyindən istifadəyə qanunvericiliklə icazə vermək məqsədəuyğundur. Ancaq yaradıcı əmək bu yaşda şəxsiyyətin inkişafına kömək edə bilər. Belə iş yerlərini məktəb emalatxanalarında açmaq olar.
  8. Ailə planlaşdırılması və doğum problemləri məsələsini qaldırmaq arzu olunandır: bu sahədə maarifləndirmə işləri aparmaq, mühazirələr oxumaq, bu məqsədlə KİV-dən, tibbi və digər ictimai təşkilatlardan fəal istifadə etmək məqsədəuyğundur.
  9. Uşaq evlərini, internatları, xüsusi məktəbləri yenidən təşkil etmək lazımdır: küçə həyatından sonra bu müəssisələr uşaqlar üçün informasiya baxımından çox “kasıb” görünürlər. Nəzarətdənkənar uşaqların anadangəlmə və qazanılmış əqli səviyyəsinin aşağı olmasını nəzərə alaraq, onların təhsilləndirilməsi və təlimləndirilməsi sistemini və metodlarını əsaslı surətdə təkrar gözdən keçirmək lazımdır: təhsildə və təlimdə daha çox əyaniliyə və təcrübəyə yer vermək zəruridir.
  10. Küçə həyatını yaşamış uşaqların psixoloji reabilitasiyası proqramını işləyib hazırlamaq vacibdir.
  11. Uşaqların qəbul və bölgü prosedurunu Təhsil Nazirliyinin tabeliyinə vermək lazımdır. Uşaqlarla polislər deyil, pedaqoqlar və psixoloqlar məşğul olmalıdırlar.
  12. Bu problemlə məşğul olacaq rəhbər işçiləri seçmək və attestasiya etmək məqsədəuyğundur. Bu problemin həlli üçün rəhbər işçilərin aktivliyini artırmaq və onların şəxsi keyfiyyətlərini qaldırmaq məqsədilə psixoloji proqram hazırlamaq və həyata keçirmək vacibdir.
  13. Nəzarətdənkənar uşaqlarla işləyən polis kadrlarını seçmək və attestasiya etmək lazımdır. Onlar üçün uşaqlarla iş üzrə xüsusi kurslar təşkil etmək vacibdir (psixoloji-pedaqoji hazırlığı gücləndirmək, ümumi mədəniyyət səviyyəsini yüksəltmək, başqa ölkələrin təcrübəsi ilə tanış etmək).
  14. Uşaqlarla işləyən polislərin maliyyə problemlərini beynəlxalq ictimai təşkilatların hesabına həll etmək, digər maliyyə mənbələri və ya onların fəaliyyətinin mükafatlandırılma formalarını tapmaq zəruridir (məsələn, Türkiyədə uşaq polisi UNİCEF-lə birgə əməkdaşlıq edir).
  15. Kütləvi informasiya vasitələrini bu problemin müntəzəm işıqlandırılmasına yönəltmək lazımdır.

Beləliklə, statistik materialların və sosioloji tədqiqatların nəticələrinin kompleks təhlili sübut edir ki, əsaslı təkliflər və konkert istiqamətlər üzrə fəaliyyət nəzarətdənkənar (valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, sahibsiz) uşaqların problemləri ilə məşğul olan qurumların işi üçün faydalı ola bilər.

Sonda qeyd etmək lazımdır ki, bu problemi həll etməyə başlamaq üçün daha yaxşı həyat şəraiti gözləmək olmaz. Bu işdə zaman bizim əleyhimizə işləyir. Küçədə böyüyən uşaqların sayı artmaqdadır və beləliklə, küçə şəraitində yeni bir nəsil böyüyür. Əgər biz bu uşaqların talelərinə biganə qalmasaq, hamımız bu bəxtsiz uşaqlar üçün nəsə edə bilərik və beləliklə, öz gələcək taleyimizə də biganə olmayacağıq.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:  

Türk dilində:

  1. Aliyeva Y., Aliyeva S. Sahipsiz şocuklar: Gerçekler ve problemler (Azerbaycan üzere araştırma belgelerine dayanarak. / “Çocuk ve Şiddet: Toplumsal Şiddetin Şenderesinde Şocuklar” adlı 5.Uluslararası Risk Altında ve Korunması Gereken Çocuklar Sempozyumu.1-3 kasım, 2013, Bildiri Özet Kitabı. Polis Akademisi SAMER, Antalya. S.174.
  2. Aliyeva Y., Aliyeva S. Sahipsiz şocuklar: Azerbaycan örneği. / Çocuk ve Şiddet: Toplumsal Şiddetin Şenderesinde Şocuklar. 5.Uluslararası Risk Altında ve Korunması Gereken Çocuklar Sempozyumu Seçilmiş Bildirileri. İstanbul, Polis Akademisi SAMER-2013. Bağcılar Baskısı, Cild 3, 2014, s.306-313.
  3. Aliyeva Y., Aliyeva S., Ağalar E., Sağıroğlu R. Çocuk ve Ergen Suçlarının Sosyolojik, Sosyo-psikolojik ve Hukuki Açılardan incelenmesi (Azerbaycan Araştırma Belgelerine Dayanarak). / İnternational Human and Civilization Congres from Past to Future. İNES-2019. 17-21 aprel, 2019. Alanya, Turkey.
  4. Çocuk ve Şiddet: Toplumsal Şiddetin Şenderesinde Şocuklar. 5.Uluslararası Risk Altında ve Korunması Gereken Çocuklar Sempozyumu Seçilmiş Bildirileri. İstanbul, Polis Akademisi SAMER-2013. Bağcılar Baskısı, Cild: 1-3, 2014.
  5. Tezcan Mahmut. Çocuk sosyolojisi. Ankara, Anı Yayıncılık, 2 Baskı, 2012. 166 s.

Rus dilində:

  1. Алиева Я.Н. Тенденции изменения социальной структуры азербайджанского общества и их отражение на семейных отношениях. Дис…канд.соц.наук. Баку, 2007.
  2. Алиева Я.Н. Проблемы детского воспитания в современный период // Вестник Гуманитарного института ТГУ. 2012. №2. C.13-15.
  3. Алиева Я.Н. О некоторых проблемах исследования беспризорных детей в азербайджанском обществе. // Вектор науки Тольяттинского Государственного Университета. Серия: Педагогика, психология. 2012, №4 (11). С.20-22.
  4. Алиева Я.Н. Особенности исследования беспризорных детей в современном обществе. // «Самарский научный вестник», Самара. 2013, №2(3). C.7-9;
  5. Алиева Я.Н., Алиева С.Н. О некоторых социологических, социально-психологических и правовых аспектах изучения подростковой преступности. / IV.Международная научно-практическая конференция на тему: «Человек виртуальный: новые горизонты». Канада, Монреаль: CPM “ASF”. 2017, C.155-159. (часть 1).
  6. Алиева Я., Алиева С., Агалар Э. Cоциологические, социально-психологические и правовые аспекты изучения подростковой преступности (на материалах исследования по Азербайджану). /Научный журнал «VIRTUS» / VİRTUS» Scientific Journal. Канада, Монреаль: 2017. C.35-45.
  7. Арефьев А.Л. Беспризорные дети // Социологические исследования. № 9, 2003, С. 61-71.
  8. Байков, Н.М. Детская беспризорность и безнадзорность: состояние и проблемы: Учебное пособие/ Н.М. Байков, Л.В. Каширина – Хабаровск.: ДВАГС, 2003.- 256 с.
  9. Бреева Е.Б. Дети в современном обществе. М., Эдиториал УРСС, 1999, 216 с.
  10. Конвенция ООН по правам ребенка 1989 года. https://base.garant.ru/2540422/ Дата обращения: 20.05.2012; 15.05.2022.
  11. Шелютто М.Л. Конвенция оон о правах ребенка и конституционный уровень защиты прав детей. file:///C:/Users/user/Downloads/konventsiya-oon-o-pravah-rebenka-i-konstitutsionnyy-uroven-zaschity-prav-detey.pdf 25.05.2022.
  12. Меджидова С. Уличные дети. Баку, Изд-во ” Ziya – Nurlan “, 2003 г, 144 с.
  13. Нечаева А. М. Детская беспризорность — опасное социальное явление // Государство и право, 2001. № 6. С. 59.

İnternet resursları:

  1. http://psychology.az, “Психологический Центр”. Дата обращения: 05.03.2012.
  2. http://www.trend.az….html Дата обращения: 06.03.2012.
  3. http://www.straybab.2.php Дата обращения: 15.05.2012.
  4. http://criminalazerbaijan.com/?p=8999 Дата обращения: 25.05.2012.
  5. www.zerkalo.az/2012-04-27 Дата обращения: 15.05.2012.
  6. www.Vesti.Az Дата обращения: 25.07.2012.

Yagut ALİYEVA

SOCIAL PROBLEMS OF UNCONTROLLED CHILDREN: SOCIOLOGICAL ANALYSIS

(Based on multi-level research materials on Azerbaijan)

 Abstract

The article analyzes the social problems of children out of family control from a sociological point of view. The problem of street children is one of the main problems of mankind. We should notice that the street children – a social phenomenon, which is caused by reasons of socio-economic factors, that entails the abandonment of children. The growth of the economic crises of homelessness, unemployment, poverty and child exploitation, conflict situation in the family, parental antisocial behavior, child abuse. We have picked out a number as medical and psychological causes that urge children to antisocial behavior. After analyzing the state of child homelessness, from a multi-stage concrete sociological study conducted by us (2012-2022), we can conclude that the problem of homelessness is relevant for Azerbaijan, because the future of homeless children is difficult, they will face a difficult test that will not be easy for them to cope with.

Keywords: children out of control (deprived of family / parental care, homeless, orphaned), street children, social problems, orphanhood, social orphanhood, family problems, socio-psychological problems, antisocial behavior, child exploitation, violence against children

 Ягут Алиева

СОЦИАЛЬНЫЕ ПРОБЛЕМЫ БЕСПРИЗОРНЫХ ДЕТЕЙ: СОЦИОЛОГИЧЕСКИЙ АНАЛИЗ

(По материалам многоступенчатого исследования по Азербайджану)

 Резюме

В статье с социологической позиции анализируются социальные проблемы беспризорных детей. Проблема беспризорных детей является одной из самых важнейших проблем человечества. Отметим, что детская беспризорность — социальное явление, которое вызывается, в основном, причинами социально-экономического характера, влекущее за собой сиротство детей. Росту беспризорности способствуют экономические кризисы, безработица, нужда и детская эксплуатация, конфликтная обстановка в семьях, асоциальное поведение родителей, жестокое обращение с детьми. Выделяются также медико-психологические причины (склонность некоторых несовершеннолетних к асоциальному поведению). Проанализировав состояние детской беспризорности, из многоступенчатого конкретно-социологического исследования проведенного нами (2012-2022 гг.) можно сделать вывод, что проблема детской беспризорности является актуальной и для Азербайджана, ибо если мы будем безразличны по отношеию к ним, будущее у беспризорных детей будет сложное, и их ждет тяжелое испытание, с которыми им будет нелегко справляться.

Ключевые слова: беспризорные (лишенные семейной/родительской опеки, беспризорники, осиротевшие) дети, уличные дети, социальные проблемы, сиротство, социальное сиротство, семейные проблемы, социально-психологические проблемы, асоциальное поведение, детская эксплуатация, насилие в отношении детей

---------------