Seyran QULİYEV
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin baş məsləhətçisi,
BDU-nun doktorantı
Bakı, Azərbaycan

 E-mail: seyran_quliyev@mail.ru
ORCID: 0000-0002-6703-2037

 

 Xülasə. Azərbaycanın mədəni irs nümunələri ilə zəngin olan bölgələrindən biri də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur ərazisidir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında yerləşən “Azıx mağarası”  Daş dövrü insanlarının yaşayış yeri kimi bütün dünyada tanınır. Eyni zamanda “Tağlar mağara düşərgəsi” (Xocavənd rayonu, Paleolit dövrü), “Çalağantəpə yaşayış yeri” və “Leylantəpə yaşayış yeri” (Ağdam rayonu, Enolit dövrü), “Üzərliktəpə yaşayış yeri” (Ağdam şəhəri, Tunc dövrü), “Xocalı kurqanları” (Xocalı rayonu, Tunc-İlk dəmir dövrü), Niftalı kurqanları (Cəbrayıl rayonu, Tunc dövrü) və s. arxeoloji abidələri də dünya əhəmiyyətli irs nümunələridir və həmin ərazilərin qorunması müstəsna əhəmiyyət kəsb edir.

Qarabağ və Şərqi Zəngəzur ərazisi müxtəlif dövrlərə aid memarlıq tikililəri ilə də zəngindir.  Biz burada dünya əhəmiyyətli “Xudavəng” (XIII—XVII əsrlər) və “Gəncəsər” (1238-ci il) monastırları, “Qulu Musa oğlu türbəsi” (1314-cü il), 11 və 15 tağlı Xudafərin körpüləri (XI, XIII əsrlər), “Şuşa Tarix-Memarlıq Qoruğu” (XVIII—XIX əsrlər) və s. abidələrin adlarını qeyd edə bilərik.

Sözsüz ki, işğaldan azad edilən ərazilərdə yerləşən abidələr yuxarıda qeyd olunanlarla yekunlaşmır. Respublika ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısında (2001-ci ildə təsdiqənmiş) vaxtilə işğal altında saxlanılan ərazilərdə 706 abidə dövlət qeydiyyatında olmuşdur [1]. Bu say sovet hakimiyyəti illərində aparılmış tədqiqatların nəticələrinə əsaslanır və işğala qədər olan göstəricilərdir.

Postmünaqişə dövründə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd və s. rayon və kəndlərdə aparılmış monitorinqlər nəticəsində dövlət qeydiyyatında olmayan 200-ə qədər tarix və mədəniyyət əhəmiyyətli obyekt müəyyən edilmişdir ki, bu sayın daha da artacağına əminik.

Bu məqalədə postmünaqişə dövründə işğaldan azad edilən ərazilərdə daşınmaz mədəni irsin qorunması işinin təşkilati, əməli və hüquqi baxımdan necə təşkil olunmasından geniş bəhs edilmişdir. Həmçinin qeyd olunan mülahizələr fotofaktlarla gücləndirilərək işğalın və vandalizmin acı nəticələri vizual formada da çatdırılmağa çalışılmışdır. Bununla yanaşı, məqalədə postmünaqişə dövründə tarix və mədəniyyət abidələrinin qorunması sahəsində problemlər təhlil edilmiş, reallıqlar nəzərə alınaraq müvaifq təkliflərlə çıxış edilmişdir.

Açar sözlər: postmünaqişə, Qarabağ və Şərqi Zəngəzur, mədəni irs, tarix və mədəniyyət abidələri, abidələrin-mədəni irsin qorunması və bərpası

 

 Giriş

Mədəni irs nümunələrinin qorunması onların zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədilə həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur [2].

Mədəni irs nümunələri daşınmaz və daşınar olmaqla iki yerə bölünür. Daşınar mədəni irsə  tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu aid edilir.  Daşınmaz mədəni irs nümunələri deyilərkən isə arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar başa düşülür [5].

 Biz araşdırmamızı məhz daşınmaz mədəni irsin qorunması ilə bağlı məsələlərə yönəltmişik.

 

  1. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində daşınmaz mədəni irsin cari vəziyyəti

27 sentyabr 2020-ci il tarixində başlamış 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütovlüyü təmin olunmaqla yanaşı, xalqımızın əsrlər boyu yaratdığı tarixi-mədəni irs nümunələri də öz azadlığına qovuşmuşdur. Bununla da uzun müddətdir bölgədə nəzarətsiz qalan zəngin mədəni irsimizin tədqiq olunması, onların ilkin vəziyyətinin qeydə alınması və görülən işlərin sənədləşdirilməsi üçün imkan yaranmışdır.

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, hələ müharibə getdiyi dönəmdə işğaldan azad edilən ərazilərdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı mühüm addımlar atmışdır.

2020-ci ilin noyabr ayının 3-dən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilməyə başlanılan ilkin monitorinqlər (inventarlaşma) nəticəsində işğaldan azad edilmiş ərazilərdə xeyli tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyekt müəyyən edilmiş və onların vəziyyəti qeydə alınmışdır.

Monitorinqlər zamanı əksər abidələrin qəsdən dağıdıldığı, yandırıldığı, mənimsənildiyi və digər vandalizm aktlarına məruz qaldığı, eyni zamanda qəbiristanlıq, məscid və türbə kimi dini və mənəvi baxımdan mühüm dəyər kəsb edən yerlərdə vandalizm aktları ilə yanaşı təhqiramiz hərəkətlərə yol verildiyi, eyni zamanda Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir sıra tarix və mədəniyyət abidələrinin orijinal memarlıq xüsusiyyətlərinin qəsdən və məqsədyönlü şəkildə dəyişdirildiyi və abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkar edilmişdir.

də yerləşən “Sərdabə” (Başıkəsik künbəz) abidəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan abidənin giriş hissəsi və içərisi dağıdılmış, abidənin yerləşdiyi ərazidə Ermənistan ordusuna aid hərbi mövqe qurulmuş (şəkildə qırmızı dairə ilə işarələnib) və bununla da “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəaları kobud şəkildə pozulmuşdur.

9 noyabr 2021-ci il tarixində abidənin ətrafının minalandığı fotofaktlarla sübüt edilmişdir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından sonra burada yerləşən 67 məsciddən 65-nin dağıdılması həyata keçirilən işlərin qəsdən və sistemli şəkildə icra edildiyini gözlər önünə sərir.

Ermənilər Ağdam rayonunun Qiyaslı kəndində yerləşən tarixi məscidi dağıdıb, heyvan saxlamaqla buranı tamamilə yararsız hala salmışlar. Məscidin ətrafına, daxilinə yığılan ot bağlamaları tarixi ibadət evindən tövlə kimi istifadə olunduğunu göstərir. İşğalçılar rayonu tərk etməmişdən əvvəl Qiyaslı kəndindəki məscidi yandırmışlar.

Qeyd olunmalıdır ki, Azərbaycan mədəni irsinin məhv edilməsinə yönəlmiş addımlar uzun müddət davam etmiş və bu prosesə tarixi yurd yerlərimizin işğal edildikdən dərhal sonra başlanıldığı fotokaktarla sübut edilmişdir.

Ağdam rayonu Ermənistan ordusu tərəfindən işğal edildikdən sonra burada yerləşən Cümə məscidinin yandırıldığı, üzərində təhqiramiz rəsmlər çəkilməklə müəyyən ifadələr yazıldığı, işğal dövründə mal-heyvan saxlanıldığı fotofaktlarla sübut edilmişdir. Bütün bunlar Ermənistan hərbi-siyasi rəhbərliyinin gözü qarşısında baş vermişdir.

İşğal edildikdən sonra tarix və mədəniyyət abidələrinin ciddi şəkildə dağıntıya məruz qaldığı, xüsusən  yandırıldığı digər bir şəhər Şuşa olmuş və bu fakt Ermənistan ordusu mənsubları tərəfindən lentə alınmış kadrlarla sübut edilmişdir.

Bir daha vurğulayırıq ki, bütün bu vandalizm aktları Ermənistanın hərbi-siyası rəhbərliyinin gözü qarşısında və birbaşa iştirakı ilə baş vermişdir. Erməni təcavüzkarlarının  bu cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni və arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992), həmçinin mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972) prinsiplərinə ziddir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində daşınmaz mədəni irsin ilkin vəziyyətinin müəyyən edilməsi və mühafizəsinin təmin edilməsi məqsədilə həyata keçirilən monitorinqlər və tədqiqatlar nəticəsində toplanan materiallar mütəmadi olaraq beynəlxalq qurumların və alimlərin, eyni zamanda xarici siyasətçilərin diqqətinə çatdırılır.

24 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan mədəniyyətinin işğaldan azad edilmiş ərazilərə yenidən qaytarılması, xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinin bərpası kimi aktual məsələlərin müzakirəsi məqsədilə “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin davamıdır. Beynəlxalq tədbirdə natiq qismində Türkiyə və Özbəkistanın mədəniyyət nazirləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,  Azərbaycan Respublikasının xarici işlər, energetika, gənclər və idman, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Azərbaycan Memarlar İttifaqının sədri, ABŞ-nin ölkəmizdəki səfiri, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorları iştirak etmişlər. Eləcə də konfransa Türkiyə, Pakistan, İsrail, Gürcüstan, Braziliya, Ukrayna, Qazaxıstan, Macarıstan, İsveçrə, Litva, Monteneqro, Serbiya, Polşa, Malayziya, Kolumbiya, Meksika, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər, Fələstin, İran və Fransanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri, habelə ölkəmizin elm dairələrinin, bir sıra dövlət orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılmışlar [ 3 ].

Daha bir beynəlxalq konfrans 2022-ci ilin aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda keçirilmişdir. Bu konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya və Qazaxıstandan gəlmiş alimlər də iştirak etmişlər [7].

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad edilən ərazilərdə həyata keçirilən inventarlaşma işləri və müvafiq arxiv sənədlərinin araşdırılması nəticəsində əldə olunan materialların nəşr olunaraq yayımlanmasına da artıq start verilmişdir. İlk belə nəşr “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlanır kı, 2022-ci  ilin aprelin 20-də Milli İncəsənət Muzeyində təqdimatı keçirilmişdir.

Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidələrinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, tarix-mədəniyyət abidələrinin hazırkı vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunmaqla kataloqda Şuşa şəhərində işğalın nəticələrinin əks etdirilməsinə çalışılmışdır [9].

Azərbaycan ərazilərinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılması nəticəsində bu ərazilərdə yüzlərlə abidələrin, o cümlədən məscidlərin, ziyarətgahların talan edilib vandalizmə və təhqirlərə məruz qalması və ya tamamilə dağıdılması bir sıra dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən pislənilmiş və tənqid olunmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatlığını bildirərək dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır [11].

ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında bu məsələlərə toxunmuş, Füzuli rayonundakı XIX əsrə aid olan Hacı Ələkbər məscidinin ermənilər tərəfindən dağıdılmasını, Ağdamdakı Cümə məscidinin üzərində erməni dilində yazıların yazılmasını və mehrabının güllələnməsini, Ağdam rayonundakı qəbiristanlıqların, o cümlədən şəhərin Şəhidlər xiyabanının və İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs və tarixi məqbərələrin təhqir, talan edilib və ya dağıdılmasını xüsusi vurğulamışdır [12].

İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 22-23 mart 2022-ci il tarixlərində keçirilən 48-ci sessiyasında Pakistan İslam Respublikası baş vermiş böyük miqyaslı vandalizm aktlarını, o cümlədən Azərbaycanın mədəni və dini abidələrinin təhqirə məruz qalmasını kəskin şəkildə tənqid etmiş və Ermənistanın öhdəliklərini pozduğuna görə məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycanın cəhdlərini dəstəkləmişdir.

Şuranın qəbul etdiyi “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının dini, mədəni, tarixi abidələrinin dağıdılması və təhqirə məruz qalması” adlı qətnamədə Ermənistan islam tarixinin və mədəni irsin məhv edilməsi məqsədilə ölkəmizin ərazisində törətdiyi barbarlığa görə şiddətlə qınanılmışdır. Bununla yanaşı, üzvlər işğaldan azad edilmiş ərazilərdə yerləşən məscidlərin tövlə kimi istifadə edilməklə Ermənistan tərəfindən törədilən alçaltma və təhqiri kəskin qınadıqlarını ifadə etmiş və Azərbaycanın mədəni və dini irsini özününkü kimi təqdim etmək cəhdlərini dərhal dayandırmağı Ermənistandan tələb etmişlər [13].

Yeri gəlmişkən qeyd edilməlidir ki, Ermənistan dövlətinin mədəni irsimizə vurduğu zərər və vandalizm aktları işğaldan azad edilmiş ərazilərimizlə yekunlaşmır. Hətta indiki Ermənistan Respublikası ərazisində yerləşmiş yüzlərlə maddi-mədəni irsimiz məhv edilmiş və tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilmişdir. Məqsədli şəkildə və mərhələli formada həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran  edilmişdir [22].

Ümidvarıq ki, beynəlxalq təşkilatlar ikili standartlardan yox, ədalət prinsipindən çıxış edərək qeyd olunan məsələlərlə bağlı faktlara adekvat qiymət verəcəkdir.

  1. İşğaldan azad edilən ərazilərdə mədəni irsin qorunmasına yönəlmiş hüquqi, təşkilati və əməli addımlar. Abidələrin inventarlaşdırılması

Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 1170 nömrəli Fərmanının 7.8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin noyabr ayının 3-dən başlayaraq işğaldan azad olunmuş rayonlarda yerləşən mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı zəruri işlər görülməkdədir.

 Cari dövrə qədər (18.07.2022-ci il tarixinə olan məlumat) dövlət qeydiyyatına götürülmüş 706 abidədən 403 tarix-mədəniyyət abidəsinə və 200-ə qədər tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektə inventarlaşma işləri çərçivəsində baxış keçirilmişdir. Baxış keçirilən hər bir abidənin ilkin vəziyyəti fotofiksasiya edilmiş, yerləşdiyi ərazinin dəqiq koordinatları müəyyənləşdirilmiş, vizual baxış nəticəsində  digər məlumatlar (vandalizm aktları və s.) toplanılmışdır.

Postmünaqişə dövründə dərhal qəbul edilən mühüm qərarlardan biri Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Əlaqələndirmə Qərargahı”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixi 2303 nömrəli Sərəncamıdır.  Əlaqələndirmə Qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin də təmsil olunması aidiyyəti məsələlər üzrə işlərin operativ həllinə, eyni zamanda mədəni irsimizin qorunmasına önəmli töhfə vermişdir.

Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” 12 avqust 2021-ci il tarixli 1422 nömrəli Fərmanına əsasən, aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə tikililərin müvəqqəti reyestri yaradılmışdır. Bu Fərmana əsasən hər hansı bir obyektin sökülməsinə rəyi tələb olunan orqanlar içərisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də yer alması dövlətin mədəni irsin qorunmasına verdiyi önəmin bir daha bariz nümunəsidir.

 Qeyd edək ki, Mədəniyyət Nazirliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi monitorinqlər zamanı toplanılmış məlumatlar əsasında daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı qeydlər də müvafiq təsnifata uyğun olaraq artıq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilmişdir. Həmin sistem vasitəsilə elektron xəritə üzərində hər bir abidəni aidiyyəti qurumlar görmə imkanına malikdirlər.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı səlahiyyətlər, o cümlədən tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Komitə tərəfindən hər hansı ərazidə tikinti-inşaat fəaliyyəti həyata keçirilməmişdən və ya müəyyən məqsədlər üçün torpaq sahəsi ayrılmamışdan əvvəl aidiyyəti orqanlardan müvafiq rəylər alınır. Müvafiq ərazi ilə bağlı rəylərin hazırlanmasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin mobil qrupları fəal iştirak edir.

İnfrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən üzərində abidələr göstərilməklə elektron xəritələr tərtib edilərək aidiyyəti orqanlara təqdim edilmişdir. Eyni zamanda  müvafiq orqanların istifadəsi üçün normativ hüquqi aktlardan çıxarış əsasında “Şəhərsalma və infrastruktur fəaliyyəti zamanı daşınmaz mədəni irs nümunələrinin qorunmasına dair” Tövsiyə sənədi tərtib olunmuşdur.

Həyata keçirilən genişmiqyaslı işlər zamanı tarix və mədəniyyət abidələrinin qorunmasına xüsusi diqqət göstərilir və hər bir yeni inşaat işi zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti üzrə rəylərin verilməsi təmin edilir.

Göründüyü kimi, Azərbaycanın zəngin tarixi və mədəni irsinə, o cümlədən Şuşa şəhərinin tarixi simasının qorunmasına həssas münasibət və qayğı dövlət siyasətinin tərkib hissəsidir. Ümummilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Təsadüfi deyil ki, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilmiş və həmin ilin iyunun 22-də 1375 nömrəli Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli  Fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa Şəhəri Dövlət Qoruğunun idarə edilməsini həyata keçirən, habelə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi yaradılmışdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və xüsusi nümayəndəliklərlə abidələrin qorunması sahəsində sıx əməkdaşlıq edir. Buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə inşa edilən avtomobil yollarının – Füzuli-Hadrut, I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Şükürbəyli-Cəbrayıl-Hadrut, Xanlıq-Qubadlı-Laçın, Bərdə-Ağdam, Toğana-Kəlbəcər-İstisu tikintisi ilə əlaqədar müvafiq ərazilərə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən baxış nəticəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən geniş hesabatın hazırlanmasını və bunun aidiyyəti orqanlara təqdim edilməsini göstərə bilərik. Həyata keçirilən zəruri işlər çərçivəsində Laçın rayonu, Güləbird kəndi ərazisində inşa olunan yeni yol yatağının təxminən 10 m kənarında yerləşən Sarı Aşığın (yaşadığı dövr XVI əsrin sonu – XVII əsrin əvvəli) sevgilisi Yaxşı adlı xanımın məzarı Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqu Arif Məmmədovun iştirakı ilə Sarı Aşığın məqbərə kompleksinə köçürülmüş, Xocavənd rayonunda Tağlar magara düşərgəsinin yanından keçməli olan yeni yol xətti abidəyə təhlükə yaratmayan dərəcədə kənara sürüşdürülmüş, yol xətti və dəmiryolu xətlərinin keçdiyi ərazilərdə arxeoloji və memarlıq abidələrinin qorunması təmin edilmişdir və s.

Təəssüf hissi ilə qeyd edirik ki, vaxtilə Güləbird kəndində yaradılmış Sarı Aşığın məqbərə kompleksi işğal dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılaraq viran hala salınmışdır.

İşğaldan azad edilmiş ərazilərdə abidələrin sənədləşdirilməsi işləri çərçivəsində onların  pasportlaşdırılması da xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Hələ işğal dövründə mövcud arxiv materialları əsasında 15 abidənin pasportlaşdırılması həyata keçirilmiş, torpaqlarımız erməni silahlı qüvvələrindən təmizləndikdən sonra burada pasportlaşdırılan abidələrin sayı artmışdır. Belə ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 42 abidənin pasportlaşdırılması həyata keçirilmişdir ki, bu pasportlardan 30-u Şuşa şəhərində yerləşən abidələrə aid olmuşdur.

Abidələrin cari vəziyyətinin tədqiq olunması, arxiv sənədlərinin araşdırılması, planlarının, kəsimlərinin, fasadlarının bütün detal və elementlərinin dəqiqliklə işlənilməsi ilə tərtib olunan pasportları onların sonradan doğru-düzgün bərpa-konservasiyası üçün müstəsna əhəmiyyətli sənəd kimi çıxış edir.

Abidələrin pasportlaşdırılması ilə yanaşı onların mühafizə zonalarının da müəyyən edilməsinə diqqət edilmişdir. 2021-ci ildə Qarabağ və Şərqi Zəngəruz ərazilərində abidələrin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı 9 layihə hazırlanmışdır ki, həmin layihələr qeyd olunan xüsusi nümayəndəliklərlə  razılaşdırılmışdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin qanunvericiliyə uyğun təşkili üçün bir sıra normativ sənədləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir. Eyni zamanda Şuşa şəhərində aparılan monitorinq çərçivəsində Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən 45 abidənin üzərinə onun adı, tarixi və inventar nömrələrini əks etdirən mühafizə məqsədilə məlumat lövhələri quraşdırılmışdır. Hazırda Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müvafiq işlər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən davam etdirilir.

Yuxarıda tarix və mədəniyyət abidələrininin qorunması ilə bağlı qeyd olunan faktlar monitorinqlərin həyata keçirilməsi mümkün olan ərazilərdə həyata keçirilən işlərin nəticələrinə əsaslanır. Müəyyən ərazilərdə erməni silahlı dəstələrinin qalıqlarının hələ də qalması və Ermənistan ordusu tərəfindən ərazilərin minalanması səbəbindən bəzi yerlərdə mədəni irs nümunələrimizin ilkin vəziyyətinin inventarlaşdırılması işlərini həyata keçirmək mümkün olmamışdır. Buna baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri, müəyyən infrastruktur layihələrinin icra olunması, ərazilərin baş planlarının hazırlanması və s. amilləri nəzərə alaraq Laçın rayonunda yerləşən abidələrin yerinin və vəziyyətinin müəyyən edilməsinə tərəfimizdən cəhd göstərilmiş və bu məqsədlə uzun müddət mövcud materiallar, o cümlədən də erməni mənbələri (saytlar, kitablar, məqalələr) araşdırılmış və nəticədə burada yerləşən abidələrin vəziyyəti barədə müəyyən məlumatlar əldə olunmuşdur.

 Mövcud resurslar, məlumatlı şəxslər, sosial şəbəkələr və digər onlayn mənbələr hesabına toplanılmış məlumatlar elektron cədvələ yığılmış, dövlət qeydiyyatında olan və olmayan abidələrin elektron xəritə (Google earth) üzərində yerləşmə nöqtələri – koordinatları göstərilmişdir. Bu məlumatların Laçın rayonunda yerləşən abidələrin qorunması işinə töhfə verə biləcəyini düşündüyümüzdən aidiyyəti üzrə təqdim olunmuşdur. Təbii ki, həmin məlumatların imkan yaranan kimi yerində dəqiqliyinin yoxlanılması təmin olunmalıdır.

  1. İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası – konservasiyası

 İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən monitorinqlər nəticəsində müəyyən olunmuşdur ki, burada yerləşən mədəni irs nümunələrimizin əksəriyyəti vandalizmə məruz qalaraq dağıdılmışdır. Bu abidələrimizin bərpası uzunmüddətli xarakter daşıyır və prosesə sistemli yanaşılmalıdır.

Hazırda bir sıra abidələrimizdə təxirəsalınmaz bərpa-konservasiya işlərinin aparılması üçün zəruri addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra Şuşaya ilk səfəri (2021-ci ilin yanvarın 14-də) zamanı verdiyi tapşırığa əsasən Vaqifin məqbərəsi qısa müddətdə bərpa edilmişdir. 26 aprel 2021-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanin Zəngilan şəhərinə səfəri zamanı burada yerləşən tarixi məscidin bərpa-yenidənqurma işlərinə başlanılmışdır [6]. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya 2021-ci ilin avqustunda səfəri zamanı dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Molla Pənah Vaqifin büstünün, Bülbülün ev-muzeyinin və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışında iştirak etmişdir.

Ermənilər tərəfindən gülləbaran edilmiş və satmaq məqsədilə vaxtilə Şuşadan çıxarılmış Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri artıq aid olduğu yerdə – Şuşadadır. Qeyd edək ki, həmin büstlər keçən əsrin 90-cı illərində Azərbaycan hökumətinin vəsaiti hesabına alınaraq məhv olunmaqdan xilas edilmişdi. Mərhum sənətkar Bülbülün evinin bərpadan sonra açılışı olmuşdur.

Şuşada üç məsciddə – Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidində təmir-bərpa işləri aparılır. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi (məscid, kiçik və böyük yaşayış evləri) daxil olmaqla qeyd olunan məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Əlavə olaraq Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin, Şirin su hamamının  və Şuşa Realnı Məktəbinin bərpası ilə bağlı zəruri addımlar atılmışdır.

Onu da xüsusi vurğulayaq ki, işğaldan azad edilmiş ərazilərimizdə xristian irsimizin qorunması da diqqət mərkəzindədir. Şuşa şəhərində Qazançı kilsəsinin bərpasının nəzərdə tutulması buna əyani misaldır. Azərbaycan bütün dünyada tolerant və  multikulturalizmin tarixən yüksək olduğu ölkələrdəndir. Bunu ölkəmizdə mövcud olan tarixi, dini və mədəni abidələrimiz bir daha sübüt edir. Qeyd olunan Qazançı kilsəsi ötən əsrin 80-ci illərində Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sifarişi ilə bərpa olunmuş və pasportlaşdırılmışdır. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi Qazançı kilsəsi də müvafiq metodologiya əsasında tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa ediləcəkdir.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Hələ 1977-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdikdən sonra şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli mübarizəsi və şücaəti ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, Şuşa şəhərinin və burada yerləşən zəngin tarixi irsimizin zədələnməməsi üçün Azərbaycan Ordusu burada hərbi əməliyyatları ağır silahlardan istifadə etməməklə həyata keçirmişdir.

Şəhər öz azadlığına qovuşduqdan sonra mənfur qonşularımız tərəfindən onun tarixi-mədəni irsinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparılmış və bərpa işlərinə başlanılmışdır. Hazırda Şuşa şəhərinin tarixi simasının özünə qaytarılması yönündə işlər uğurla davam etdirilir. İnanırıq ki, başdan-başa memarlıq incisi olan Şuşamız layiq olduğu Ümumdünya irsi obyektlərinin siyahısında da yer alacaqdır.

Bir maraqlı faktı da vurğulamaq istərdik: 1977-ci ildə dahi və uzaqgörən siyasətçi, mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin qədim hissəsi (İçərişəhər) ilə yanaşı, Şuşa şəhərinin və Ordubadın tarixi hissəsinin də tarix-memarlıq qoruğu elan edilməsi haqqında qərar qəbul edimişdi. Məlumdur ki, artıq İçərişəhərin ərazisi UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir. Orubdad və Şuşa şəhərləri isə UNESCO-nun müvəqqəti siyahısında (hər ikisi 2001-ci ildən) yer almaqdadır. Yaxın gələcəkdə bu iki unikal tarixi şəhərlərin də qeyd olunan irs siyahısında öz yerini alacağına şübhəmiz yoxdur.

Nəticə və təkliflər

İşğaldan azad edilmiş ərazilərdə 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülmüşdür. Bu say məhz sovet hakimiyyəti illərində həyata keçirilmiş monitorinqlər və tədqiqatların nəticəsidir. Dövət müstəqilliyinin bərpasından sonra torpaqlarımızın 20%-nin işğal edilməsi bu ərazilərdə mədəni irsin  monitorinqinin keçirilməsini mümkünsüz etmişdi.

İşğaldan azad edilmiş ərazilərdə daşınmaz mədəni irsin mühafizəsinə yönəlmiş monitorinqlərin və ya ilkin inventarlaşma işlərinin həyata keçirilməsi nəticəsində burada yerləşən əksər abidələrin dağıdıldığı, mənimsənildiyi və digərlərinin vandalizm aktına məruz qaldığı, eyni zamanda qəbiristanlıq, məscid və türbə kimi dini baxımdan mühüm dəyər kəsb edən yerlərdə vandalizm aktları ilə yanaşı təhqiramiz hərəkətlərə yol verildiyi aşkar edilmişdir.

 İlkin təhlillərə əsasən, göstərilən ərazilərdə xeyli sayda tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyekt müəyyən edilmişdir. Hazırda yeri müəyyən edilən bütün mədəni irs nümunələrinə və yaxud tarix və mədəniyyət əhəmiyyətli obyektlərə mina təhlükəsi səbəbindən yerində baxış keçirilməsi mümkün deyildir. Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olmuş, 165 nəfər isə yaralanmışdır [15].

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi özlüyündə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində postmünaqişə dövründə çox ciddi problemlərin qaldığının əyani göstərisidir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmi yayımladığı statistik məlumatda 10.11.2020 – 30.04.2022-ci il tarixləri aralığında (əlavə olunur) zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatın sayı təhlükənin miqyasını bir daha gözlər önünə sərir.

igər bir mühüm problem Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində bərpa-konservasiya işlərinə ehtiyac duyulan abidələrinin sayının həddən artıq çox olmasıdır. Bu abidələrdə qısa müddət ərzində müvafiq işlərin aparılması həm zaman, həm vəsait, həm də kadr imkanları baxımından qeyri-mümkündür. Bu səbəblərdən birinci növbədə texniki və ya vizual müşahidə aparılmaqla abidələrin ilkin vəziyyətləri təhlil edilməli, növbəti mərhələdə bərpa-konservasiya işlərinə ehtiyac səviyyəsi müəyyənləşdirilərək qruplandırma aparılmalı (məsələn, təcili bərpa-konservasiya işlərinə ehtiyac duyulan, gücləndirmə işlərinə ehtiyac olan, elmi-tədqiqat və konservasiya işlərinə ehtiyac olan və s.) və müvafiq işlərin həyata keçirilməsi prioritetləşdirilməlidir.

Daşınmaz mədəni irsin bərpa-konservasiyası bahalı iş olduğundan planlaşdırılacaq işlərə külli miqdarda maliyyə vəsaitinin tələb olunacağını indidən proqnozlaşdırmaq mümkündür.

 Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və çoxşaxəli bərpa-quruculuq və yenidənqurma işləri həyata keçirildiyindən, dağıdılan və yararsız hala salınan bütün mədəni irsin qısa müddət ərzində dövlət büdcəsi hesabına bərpa olunmasında müəyyən çətinlik yarana bilər. Bu səbəbdən əlavə maliyyə imkanlarının (özəl sektor, daxili və xarici fondlar, beynəlxalq təşkilatlar) tapılması yönümündə də iş aparılmalıdır. Ölkəmizdə abidələrin bərpası-konservasiyası sahəsində ixtisaslaşmış şirkətlərin sayı az olduğundan xarici ölkələrin mütəxəssislərinin də prosesə cəlb edilməsi nəzərdən keçirilməlidir. Xarici mütəxəssislərə həvalə edilən bərpa-konservasiya işlərinin bərpa layihəsinin yerli mütəxəssislərlə müzakirəsi (elmi şuralar təşkil etməklə) təmin olunmalı və qanunvericiliyə uyğun olaraq aidiyyəti orqanlar tərəfindən bərpa layihəsinin təsdiqlənməsindən sonra müvafiq işlərə (nəzarət altında) başlanılmalıdır.

Həyata keçiriləcək işlərin elmi-tədqiqat əsaslı təşkil olunması ilə yanaşı aşağıda qeyd olunan məntiqi ardıcıllıq üzrə icra olunması tövsiyə edilir:

Həyata keçiriləcək genişmiqyaslı bərpa-quruculuq işləri zamanı sahə üzrə qabaqcıl ölkələrin təcrübəsi öyrənilməli və müasir texnoloji avadanlıqların imkanlarından geniş istifadə olunmalıdır. Bu sahədə ölkəmizdə ən böyük çatışmazlıq bərpa laboratoriyasının olmamasıdır. Araşdırmalarımıza əsasən deyə bilərik ki, ilkin mərhələdə belə bir laboratoriyanının ölkəmizdə qurulmasına təxminən 1-1.5 milyon manat vəsait (az hallarda istifadə olunan avadanıqlar istisna olmaqla 2022-ci ilin may ayına olan bazar qiymətləri nəzərə alınmaqla) tələb olunur. İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı tədqiq olunmasına zərurət olduğunu, bu ərazilərdə yerləşən əksər mədəni irs nümunələrimizin bərpa-konservasiyaya ehtiyac olduğunu nəzərə alaraq, həm daşınar mədəni irs nümunələrinin, həm də daşınmaz abidələrin qorunmasına və ya bərpa-konservasiyasına xidmət edəcək ilk laboratoriyaların məhz işğaldan azad olunmuş rayonlardan birində yaradılması məqsədəuyğun hesab olunur.

Həyata keçiriləcək işlər elmi-tədqiqat əsaslı olacağından daşınar mədəni irs nümunələrinin aşkaredilmə ehtimalı yüksəkdir. Daşınar mədəni irs nümunələrinin qorunmasının təmin olunması məqsədilə bərpa laboratoriyasının nəzdində muzey mərkəzləri yaradılmalı, həm daşınar, həm də daşınmaz mədəni irsin qorunması bir mərkəzdən idarə olunmalıdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı. – https://www.e-qanun.az/framework/2847
  2. “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli Qərarı. – https://e-qanun.az/framework/30401
  3. “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirildi. – https://irs.gov.az/news/2021/boeyuek-qayd-mdniyytin-dirclii-moevzusunda-beynlxalq-konfrans-kecirildi
  4. İlham Əliyev Zəngilan və Cəbrayıl rayonlarında olub. – https://president.az/az/articles/view/51295
  5. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 21 dekabr 2012-ci il № 506-IVQ. (Maddə 1. Əsas anlayışlar, 1.0.13-cü yarımbənd) – https://e-qanun.az/framework/25303
  6. Qarabağ irsimizin əbədi yaddaşı. Bakı, 2008, 397s.
  7. “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. – https://edu.gov.az/az/news-and-updates/18084-1
  8. Protection of Cultural Property – Military Manual. Tərcümə: UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası. Bakı, 2019, s 98.
  9. “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqunun təqdimatı keçirilib. – https://azertag.az/xeber/Susa___Azerbaycanin_medeniyyet_paytaxti_kataloqunun_teqdimati_kechirilib-2102702)

İngilis dilində:

  1. The series of “The true facts about Garabagh” WAR AGAINST AZERBAIJAN TARGETING CULTURAL HERITAGE. Baku 2007, p 317.
  2. OIC Expresses Concern over Destruction of Islamic Historical Shrines in Occupied Territories of Azerbaijan. /11/11/2020/ – https://www.oicoci.org/topic/?t_id=24928&t_ref=15226&lan=en
  3. 2021 Report on International Religious Freedom: Armenia.- https://www.state.gov/reports/2021-report-on-international-religious-freedom/armenia/
  4. Letter dated 26 May 2022 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General. – https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N22/366/15/pdf/N2236615.pdf? OpenElement

 İnternet resurslar:

  1. http://heritage.gov.az/az
  2. https://ikisahil.az/post/283750-vuqar-rehimzade-brusselde-tesbit-olunmush-ugurlu-sulh-gundeliyinin-davam-etdirilmesi-azerbaycanin-novbeti-diplomatik-ugurudur
  3. https://president.az/az/articles/view/54037
  4. https://www.realtv.az/news/az/61053/ermenilerin-muselman-alemine-tehqiri-video
  5. https://oxu.az/war/544829
  6. https://report.az/xarici-siyaset/azerbaycanin-daimi-numayendesi-bmt-bas-katibine-ermenilerin-cinayetlerini-ifsa-eden-mektub-gonderib
  7. https://www.facebook.com/anama.gov.az/photos/?ref=page_internal

21.https://azvision.az/news/290969/–tehlukeden-temizlenen-xacincay-%E2%80%93–fotolar—.html

  1. https://realmap.az/web/map/west-azerbaijan

Seyran Guliev

PRESERVATION OF CULTURAL HERITAGE IN KARABAKH AND EASTERN ZANGAZUR IN THE POST-CONFLICT PERIOD: PROBLEMS AND PROPOSALS

 Abstract

 One of the regions of Azerbaijan rich in examples of cultural heritage is the territory of Karabakh and Eastern Zangezur liberated from occupation. “Azykh Cave”, located between the villages of Azikh and Salaketin of the Khojavend region of Karabakh, is known throughout the world as a place of residence of people of the Stone Age. At the same time, “Taglar cave camp” (Khojavend region, Paleolithic period), “Chalagantepe settlement” and “Leylantepe settlement” (Aghdam region, enolithic period), “Uzerliktepe settlement” (Agdam city, Bronze Age), “Khojaly burial mounds”.  (Khojaly region, Bronze-Early Iron Age), Niftali mounds (Jabrail region, Bronze Age) and other archaeological sites are also examples of world heritage and the protection of these territories is of exceptional importance.

The territory of Karabakh and Eastern Zangezur is also rich in world-famous architectural structures of different periods, such as “Khudaveng” (XIII-XVII centuries) and “Ganjasar Monastery” (1238), “Tomb of Gulu Musa oglu” (1314), Khudafarinsky bridges with 11 and 15 arches (XI, XIII centuries), “Shusha Historical and Architectural Reserve” (XVIII-XIX centuries).

It goes without saying that the monuments located in the territories liberated from occupation do not end there. In the latest list of immovable monuments of history and culture, taken under state protection on the territory of the republic (approved in 2001), in the liberated territories, 706 monuments are registered. This figure is based on the results of studies conducted during the years of Soviet rule and is the figure before the occupation.

 In the post-conflict period, Agdam, Fuzuli, Jabrayil, Zangilan, Gubadli, Shusha, Khojavand, etc. as a result of the monitoring carried out in the districts and villages, up to 200 historical and culturally significant objects that are not in the state register have been identified, and we are sure that this number will increase even more.

In this article, it has been extensively discussed how to organize the protection of immovable cultural heritage in the territories freed from occupation during the post-conflict period from an organizational, practical and legal point of view. Also, these conclusions of the author’s considerations were supported by photographic facts, and the bitter consequences of occupation and vandalism are presented in a visual form.In addition, the article analyzed the problems in the field of protection of historical and cultural monuments in the post-conflict period, and made appropriate suggestions taking into account the realities.

Keywords: post-conflict, Karabakh and Eastern Zangezur, cultural heritage, historical and cultural monuments, preservation and restoration of monuments-cultural heritage

Сейран Kулиев

СОХРАНЕНИЕ КУЛЬТУРНОГО НАСЛЕДИЯ В КАРАБАХЕ И ВОСТОЧНОМ ЗАНГАЗУРЕ В ПОСТКОНФЛИКТНЫЙ ПЕРИОД: ПРОБЛЕМЫ И ПРЕДЛОЖЕНИЯ

 Резюме

 Одним из регионов Азербайджана, богатых примерами культурного наследия, является освобожденная от оккупации территория Карабаха и Восточного Зангезура. «Азыхская пещера», расположенная между селами Азых и Салакетин Ходжавендского района Карабаха, известна во всем мире как место проживания людей каменного века. В то же время «пещерный лагерь Таглар» (Ходжавендский район, период палеолита), «городище Чалагантепе» и «городище Лейлантепе» (Агдамский район, период энолита), «городище Узерликтепе» (город Агдам, эпоха бронзы), «курганы Ходжалы» (Ходжалинский район, бронзовый-раннежелезный век), Нифтали курганы (Джебраильский район, бронзовый век) и др. археологические памятники также являются образцами всемирного наследия и защита этих территорий имеет исключительное значение.

Территория Карабаха и Восточного Зангезура также богата всемирно известными архитектурными сооружениями разных периодов, таких как, «Худавенг» (XIII-XVII вв.) и «Гянджасарский монастырь» (1238 г.), «Гробница Гулу Муса оглу» (1314-год), Худафаринских мостов с 11 и 15 арками (XI, XIII вв.), «Шушинский историко-архитектурный заповедник» (XVIII-XIX вв.).

Само собой разумеется, что памятники, расположенные на освобожденных от оккупации территориях, этим не заканчиваются. В последнем перечне недвижимых памятников истории и культуры, взятых под государственную охрану на территории республики (утвержденном в 2001 г.), на освобожденных территориях, зарегистрировано 706 памятников. Эта цифра основана на результатах исследований, проведенных в годы советской власти и является показателями до оккупации.

В постконфликтный период Агдам, Физули, Джебраил, Зангилан, Губадлин, Шуша, Ходжавенд и др. в результате мониторинга, проведенного в районах и селах, выявлено до 200 объектов историко-культурного значения, не состоящих на государственном учете, и мы уверены, что это число еще больше возрастет.

В данной статье подробно рассмотрено, как организовать охрану недвижимого культурного наследия на территориях, освобожденных от оккупации в постконфликтный период, с организационной, практической и правовой точек зрения. Также указанные выводы автора подкреплялись фотофактами, а горькие последствия оккупации и вандализма   представлен в наглядной форме. Кроме того, в статье проанализированы проблемы в сфере охраны памятников истории и культуры в постконфликтный период и сделаны соответствующие предложения с учетом реалий.

Ключевые слова: постконфликтный период, Карабах и Восточный Зангезур, культурное наследие, памятники истории и культуры, сохранение и реставрация памятников-культурного наследия

 

---------------