Elnarə QƏRİBOVA
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi
Bakı, Azərbaycan
E-mail: elnara.garibova@gmail.com
Xülasə. Miqrasiya bəşər tarixində baş verən, olduqca vacib sosial nəticə və dəyişiklikləri şərtləndirən proseslərdəndir. İnsanlar müxtəlif səbəblərdən yaşadıqları yerlərdən köç etmək məcburiyyətində qalırlar. Xüsusilədə son iki əsrdə elmi-texniki inqilab və qloballaşma proseslərinin sürətli inkişafı miqrasiyanın tempinə və səviyyəsinə birbaşa və ya dolayı yolla böyük təsir göstərmişdir. Miqrasiya mürəkkəb mahiyyətli bir hadisədir. Böyük şəhərlərin formalaşması, urbanizasiya nəticəsində meqapolislərin yaranması bu prosesi daha da mürəkkəbləşdirir. Miqrasiya çoxşaxəli sosial-iqtisadi, ekoloji, geosiyasi və etnosiyasi aspektlərdə yeni problemlərin ortaya çıxmasını şərtləndirir. Bir çox hallarda şəhərlərə istiqamətlənən, kütləvi axın şəklini alan köç/miqrasiya prosesləri şəhərin ətraf mühitini, təbii landşaftını kökündən dəyişdirir, ənənəvi ahəngi pozur. Müasir qloballaşan dünyada Azərbaycanda miqrasiyanın yaranma meyillərinin tədqiqinə, respublikada iqtisadi və qeyri-bərabər miqrasiyanın qarşılıqlı əlaqələrinin müəyyən edilməsinə, onun ölkənin sosial-iqtisadi inkişafına və demoqrafik vəziyyətinə təsirinin qiymətləndirilməsinə çox ciddi tələbat yaranmışdır.
Məqalədə qeyd olunan bütün bu məsələlər ətraflı şəkildə araşdırılır.
Açar sözlər: Azərbaycan, miqrasiya, sosial, urbanizasiya, aqlomerasiya, demoqrafik
GİRİŞ
1980-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində baş verən geosiyasi münaqişələr nəticəsində yaranan, humanitar fəlakət həddinə çatan qlobal miqrasiya axınları həm regionda, həm də Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni və s. kimi istiqamətlərdə köklü dəyişikliklərə təkan verdi.
Həmin dövrdə Azərbaycanda Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində tarixi torpaqlarımızdan qovulan bir milyon əhalinin qaçqın və məcburi köçkün düşməsi ölkədaxili zorakı miqrasiya proseslərinin başlanğıcı oldu. Yenidən müstəqilliyinə qovuşan Azərbaycanda o vaxta qədər heç bir struktura və təsisatlara malik olmayan miqrasiya xidmətinin yoxluğu vəziyyətində miqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində qaçqın və köçkün axınlarının müvəqqəti yerləşdirilməsinə nail olundu.
Miqrasiya prosesi əhalinin yalnız bir rayondan başqa rayona, şəhərə və ya ölkəyə hərəkəti kimi qiymətləndirilə bilməz. Sözügedən proses təsərrüfatın, ictimai həyatın, coğrafi şəraitin və bununla əlaqədar yaşayış məntəqələrinin funksional inkişafı, eləcə də əhalinin məskunlaşması kimi çoxşaxəli problemlərlə bağlıdır. Ölkə daxilində əhalinin doğulduğu yer ilə son yaşayış yerləri arasındakı fərq bu əhalinin regional daxili miqrasiyasını göstərir. Daxili miqrasiyada əhali kəndlərdən daha iri yaşayış məntəqələrinə doğru köç edir.
Ümumi olaraq, sosial sistemlərdə təbii uyğunlaşma prosesi kimi könüllü miqrasiyanın müsbət cəhətləri qeyd edilməlidir. Bu hallarda istehsalın məhsuldarlığı daha da artır və əmək qabiliyyətinin məkanlar üzrə paylanması yenidən təşkil edilir. Bununla da sosial struktur və qurumlar arasında nisbi balans təmin edilir. Ancaq bu proses bütün ölkələr və şəhərlər üçün mütləq olaraq eyni müsbət nəticəni vermir. Keyfiyyətli bir şəhər həyatının mövcud olması üçün urbanizasiya prosesi təbii/könüllü, obyektiv əsaslı olmalıdır, bu çərçivədə şəhərləşmə və şəhər inteqrasiyası nəzərə alınmalıdır.
İqtisadi inkişafla miqrasiya arasında sıx bağlılıq var. Dünyada sənayeləşmə geniş vüsət aldıqca daxili miqrasiya və şəhərləşmə (urbanizasiya) prosesini də sürətləndirmişdir. UNESCO-nun 2019-cu ildə hazırladığı “Miqrasiya, yerdəyişmə və təhsil” adlı tədqiqatında 61 ölkənin müqayisəli göstəricilərinə əsasən, dünya əhalisinin 20%-nin 5 il yaşadığı əvvəlki yeri dəyişdiyi qeyd edilmişdir. Hesabata görə, kəndlərdən şəhərə doğru daxili miqrasiyanın ən yüksək tempi aşağı və ortagəlirli ölkələrdə baş verir. 53 ölkənin göstəricilərinin təhlilinə görə, insanlar arasında yaşadıqları yeri tərk edib başqa yerə köçərkən ən çox müşahidə edilən orta yaş həddi 23-dür [11].
- Azərbaycanda daxili miqrasiya prosesinin xarakteri və motivləri
Azərbaycanda miqrasiya prosesinin sosial aspektlərini, miqrasiyaya təkan verən amilləri aşağıdakı bir neçə istiqamətdə qruplaşdırmaq olar:
- Rayon və kənd yerlərində sosial-siyasi amillər: Buraya məşğulluq və sahibkarlıq imkanlarının differensial olmaması, cəmiyyətin təzyiqi və təsiri, davamlı təhsil və ixtisaslaşma imkanlarının zəif olması, siyasi müzakirələrin zəif inkişafı, əkin sahələrinin çatışmazlığı və ya məhsuldarlığın aşağı olması, hərbi əməliyyatlar, təbii fəlakətlər və s. amillər daxildir.
- Şəhərin cəlbedici amilləri: Buraya əvvəl köçmüş qohumlara qovuşma və ya zəncirvari miqrasiya, kənd və şəhərin gəlirləri, təhsil və səhiyyə xidmətləri arasındakı fərq, böyük şəhərin/meqapolisin cəlbediciliyi, nəqliyyat və kommunikasiya vasitələrinin rahatlığı, məşğulluq imkanları, evlilik, daha yüksək həyat səviyyəsi, şəhərlərdəki sosial və mədəni imkanlar və s. məsələlər daxildir.
Hazırda əhalinin daxili miqrasiyası ölkənin inkişafında əhəmiyyətli rol oynamaqla, bütövlükdə demoqrafik proseslərə ciddi təsir göstərir. İnsan resurslarının dövlətin sosial-iqtisadi inkişafında əsas həlledici mənbə olması miqrasiya proseslərinin öyrənilməsi zəruriliyini artırır.
Qeyd etmək lazımdır ki, miqrasiya prosesinin, xüsusilə daxili miqrasiyanın tədqiq edilməsinə dair ümumi qəbul edilmiş vahid metodoloji üsul yoxdur. Burada müxtəlif metodlardan – beynəlxalq təcrübədə metodologiyanın hazırlanmasında insanların hərəkətliliyi, ev təsərrüfatları, kommunal xidmətlərə dair göstəricilər (işıq, qaz, su abonentləri və s.), nəqliyyat vasitələrində istifadə olunan talonlar və s.-dən istifadə olunur. Böyük Britaniyanın Milli Statistika İdarəsi daxili miqrasiyanın təhlilində Ali Təhsilə dair Statistika Agentliyinin (Higher Education Statistics Agency) və Milli Səhiyyə Xidmətinin Mərkəzi Qeydiyyatının (National Health Service Central Register) göstəricilərindən istifadə edir. İnsanlar tibbi sığortaya görə hər il yaşadıqları yerdə qeydiyyatdan keçdiklərinə görə bu mərkəzlərdə davamlı olaraq böyük məlumat bazası toplanır [22].
Ümumiyyətlə, miqrasiya prosesləri mürəkkəb olmaqla, növlərinə görə bir-birindən fərqlənir. Bu fərqlərə uyğun statistik bazanı toplamaq və təhlil etmək üçün vahid metodlardan istifadə etmək çətindir. Bu baxımdan hər bir ölkə və ya təşkilat – istər lokal olsun, istərsə də regional – miqrasiya motivlərini müəyyənləşdirdikdən sonra ona uyğun metodologiyanı hazırlayır. Azərbaycanda daxili miqrasiyanın dərin təhlili yönündə əhatəli tədqiqatlar olmadığı üçün istifadə edilə biləcək mənbələr, yaxud məlumat bazası ilə bağlı çətinliklər mövcuddur. Mövzunun tədqiqi zamanı qarşıya çıxan əsas problemlər – insanların doğum yeri, yaşadığı yer, mülkiyyətçi kimi daşınmaz əmlakı, faktiki yaşadığı ünvanlar, köç etdiyi müddət barədə məlumatların tam və səhih olmaması və s. məsələlər təhlilin aparılmasında müəyyən çətinliklər yaradır.
Daxili miqrasiya prosesi dedikdə, insanların eyni ölkənin hüdudları daxilində bir ərazidən digər əraziyə köçməsi başa düşülür. Bu miqrasiyanın kənd (kənd-şəhər), şəhər (şəhər-kənd), şəhərlərarası (şəhər-şəhər) və kəndlərarası (kənd-kənd) istiqamətlərini fərqləndirirlər. Miqrasiya prosesi sosial-iqtisadi həyatın əsas xüsusiyyətlərini özündə əks etdirir. Dünyada elmi-texniki tərəqqi, təsərrüfat sisteminin inkişafı miqrasiya prosesinin xarakterinin dəyişilməsinə təsir edən amillərin artmasına gətirib çıxarır. Məhz bu baxımdan müasir qloballaşan dünyada sosial-iqtisadi proseslərin əsas dinamikasını müəyyən edən amillər kimi əhalinin “miqrasiyası və mobilliyi” hər zaman aktual məsələ olmuşdur. K.Marks işçilərin hərəkətliliyini, yerdəyişmə kimi prosesləri əhali mobilliyi kimi qeyd edir. Ümumiyyətlə, əhalinin mobilliyi çox geniş və əhatəli xüsusiyyətlərə malik olub, əhalinin hərəkətliliyi, köçürülməsi və yerləşdirilməsi kimi prosesləri əhatə edir [15, s.10-17; 16, s.524].
Ötən əsrin 70-ci illərində “əhali mobilliyi” termini “yerdəyişmə” sözünün sinonimi kimi qəbul olunurdu. Əhalinin miqrasiyası kadrların yerdəyişməsinin obyektiv prosesidir. O, istehsal qüvvələrinin və münasibətlərinin inkişafı ilə ayrılmaz surətdə bağlıdır. Əhalinin miqrasiyası ölkə ərazisində əmək ehtiyatlarının optimal şəkildə yerbəyer edilməsinə, regionların iqtisadi inkişaf səviyyələrinin bərabərləşməsinə, şəhər və kənd arasındakı sosial-iqtisadi və mədəni-məişət fərqlərinin aradan qaldırılmasına və s. gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, yüksək ixtisaslı, uğurlu karyera qurmaq istəyən miqrantlar mədəni mərkəzlərin yaxınlığına, öz maddi rifahını artırmağı arzulayanlar isə işçi qüvvəsini daha çox qiymətləndirən və pul qazanmaq imkanı olan regionlara gedirlər [13, s. 24-35].
Daxili miqrasiyanı dövrilik parametrlərinə görə təsnifləşdirdikdə aşağıdakı kimi qruplaşdırmaq olar:
- Daimi miqrasiya (geri dönməyi nəzərdə tutulmayan);
- Müvəqqəti miqrasiya (qayıdışı nəzərdə tutan, mövsümi, köçərilik və ziyarət məqsədli);
- Uzunmüddətli miqrasiya (6 aydan çox müddətdə davam edən);
- Mütərəddid (daimi gediş-qayıdış olan) miqrasiya; Buna “rəqqasvari” miqrasiya da deyilir.
Daxili miqrasiya səbəblərinə görə də fərqlidir. Beynəlxalq tendensiyada miqrasiyanın səbəbləri sosial-iqtisadi, siyasi və hərbi olmaqla qruplaşdırılır. Sosial-iqtisadi səbəblərə iş, təhsil, səhiyyə, məişət məsələləri aid edilir. Siyasi səbəblərdən baş verən miqrasiya prosesində ideoloji rejimdən qaçma və uzaqlaşma, irqi, dini və digər səbəblər aiddir. Hərbi səbəblərdən baş verən miqrasiya proseslərinə evakuasiya, deportasiya və s. aid edilir. Bundan əlavə, daxili miqrasiyada özünü göstərən digər bir səbəb təbii şərait, coğrafiya və təbii landşaft amilidir. Yəni aran yerlərində kommunikasiyaya əlçatanlıq dağlıq ərazilərlə müqayisədə daha çevik və rahatdır. Ona görə də sərt iqlim və çətin coğrafi relyefdə yaşayan insanlar infrastrukturu əlçatan olan ərazilərə köç edirlər [17, s.72-101].
- Miqrasiya əsaslı urbanizasiya, aqlomerasiya və Azərbaycan
Miqrasiya axınlarının tipoloji təsnifatında “urbanizasiya” anlayışı da iştirak edir. Urbanizasiya fransiz dilində “urbanisation”, latın dilində isə “urbs” – şəhər sözlərindən olub, cəmiyyət həyatında şəhərlərin rolunun artmasını, əhalinin həyat tərzi, mədəniyyəti və demoqrafik tərkib hissəsinə çox böyük təsir göstərməsini bildirən prosesdir. Başqa sözlə, urbanizasiya cəmiyyətin inkişafında şəhərlərin rolunun artması, məskunlaşma şəbəkəsində funksiyaların mürəkkəbləşməsi, fəaliyyət növlərinin inteqrasiyası, əhalinin şəhərlərdə cəmləşməsi və məhsuldar qüvvələrin sənaye əsasında təmərküzləşməsi prosesidir [6, s. 294-295; 21].
Urbanizasiya prosesi kənd yerlərinin silinməsi mənasına gəlməməlidir. Əksinə, proqramlı şəkildə həyata keçirilərsə, kənd təsərrüfatı sektorunun modernləşməsi və məhsuldarlığın artırılması sürətlənər, bu, rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxara bilər. Kənd təsərrüfatı sahəsində qənaət edilən əmək resursları isə urbanizasiya prosesi çərçivəsində şəhərə transfer edir. Bu gün dünyada sürətlə genişlənən “rəqəmsal nəsil” Azərbaycanda da formalaşır və əmək bazarında keyfiyyət və kəmiyyət etibarilə yeni tendensiya yaranır.
Urbanizasiyalaşmış region mühüm yaşayış arealı olub, sosial məkan bütövlüyü yaradaraq, nüvə şəhər kimi aqlomerasiya əhalisinin sosial və mədəni xidmətlərə olan ehtiyacın böyük hissəsini ödəyir. Bir çox insanlar üçün şəhərlər yeni imkanlar dünyasını təmsil edir, iş yerləri, texnologiyalar şəhərlərdə cəmləşib, fəal iqtisadi inkişaf orada müşahidə olunur. Ona dörə də urbanizasiya səviyyəsi sürətlə artır.
Dünya Bankının məlumatına görə, 1900-cü ildə şəhər əhalisi dünya əhalisinin 5%-ni təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 55%-ə çatmışdır. Bu gün bəşəriyyətin yarısı – 4,2 milyard insan şəhərlərdə yaşayır. BMT-nin Əhali Fondunun proqnozuna görə, 2030-cu ilə qədər şəhərlərdə yaşayan dünya əhalisinin sayı təxminən 60%-ə çatacaq [26]. Qarşıdakı onilliklərdə qlobal urbanizasiyanın 95%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Şəhər sakinlərinin sayının sürətlə artması ilə əlaqədar, xüsusən sənayeləşmə sahəsində yeni imkanlar yaranır, lakin bununla bərabər, şəhərlərdə əhalinin həddən artıq sıxlaşması, qeyri-bərabərliyin artması və ətraf mühitin deqradasiyaya məruz qalması labüd olur [20].
Şəhərlərin ümumi sahəsi Yer kürəsinin quru ərazisinin yalnız 3%-ni təşkil etsə də, enerji istehlakının 60-80%-i və karbon emissiyasının 75%-i onların payına düşür. Sürətli urbanizasiya şirin su ehtiyatlarını, kanalizasiya sistemini, nəqliyyat infrastrukturunu, yaşayış mühitini, sosal həyatı, mənzillərə əlçatanlığı, kriminogen vəziyyəti və ictimai səhiyyəni təzyiq altında saxlayır. Başqa sözlə desək, miqrasiyanın sürətlə kəndlərdən, kiçik yaşayış məntəqələrindən iri şəhərələrə doğru axını şəhərləri böhran mərkəzinə çevirir. Ona görə də BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa 2019-cu ildə qurumun Nyu-Yorkdakı qərargahında keçirilmiş iclasında müxtəlif qitələrdə yerləşən bir sıra şəhərlərin merlərinə müraciət edərək bildirib ki, sürətli urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir [25; 26].
BMT Baş Assambleyasının 2016-cı ilin oktyabr ayında Kito şəhərində qəbul edilmiş “Şəhərlərin İnkişafı Proqramı” da məhz yaranan böhranın aradan qaldırılmasına hesablanmış bir sənəddir. Sənəddə şəhərlərin ekoloji tarazlığı və inkişafı strategiyası öz əksini tapıb [25; 26].
Azərbaycanda urbanizasiya prosesi 1860-cı illərdə “neft bumu” dövrünə təsadüf edir. Məhz o dövrdən başlayaraq “şəhərləşmə” prosesi böyük vüsət almış, şəhərlərin sayı və əhalisi artmışdır. Bu prosesin nəticəsi olaraq Azərbaycanda yeni tipli şəhər məskənləri – qəsəbələr əmələ gəlməyə başlamışdır. Bu qəbildən olan yaşayış məntəqələri öz tarixi inkişaf mərhələlərində müxtəlif sənaye müəsissələri yaxınlığında, kurort və turizm mərkəzlərinin, dəmir yolu stansiyalarının ətrafında yaranmışdır. Nəhayət, inkişaf dövrlərini keçən bu yaşayış məntəqələri növbəti mərhələyə qədəm qoymuşdur. Belə ki, əhalisi sürətlə artan, təsərrüfat sahələrinin böyük potensialı olan qəsəbələr şəhər statusu alır, öz daşıdıqları funksiyaları genişləndirən yaşayış məntəqələri qəsəbəyə çevrilir, perspektivi olmayan yaşayış məntəqələri isə tənəzzülə məruz qalaraq ləğv olunurlar.
Ölkənin ərazi quruluşu inzibati ərazi dairəsinə görə rayon və şəhərə, inzibati ərazi vahidinə görə isə kənd, şəhər və qəsəbəyə bölünür [9]. Qanuna görə, o ərazi dairəsi şəhər sayılır ki, əhalisi 15 min nəfərdən çox olsun. Eyni zamanda ayrı-ayrı hallarda əhalisinin sayı 15 min nəfərdən az, lakin 12 min nəfərdən yuxarı olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura malik olan, ərazisində ümumdövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, habelə gələcək inkişaf və əhalisinin sayının artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və mədəni mərkəzlər də şəhər kateqoriyasına aid edilə bilər [9].
Ölkəmizdə hazırda mövcud olan inzibati ərazi quruluşları Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı əsasında yaranmışdır. İlk bölgüdən sonra ərazilərində müəyyən dəyişikliklər edilib, Mingəçevir və Sumqayıt kimi iri sənaye şəhərləri salınmışdır. Bununla şəhər əhalisinin sayı kənd əhalisinə nisbətən dəyişməyə başlamışdır. Çar Rusiyasi və 1918-1920-ci illərdə Azərbayan Xalq Cümhuriyyəti dövründə Azərbaycan əhalisnin böyük hissəsi kənd yerlərində yaşayırdı. O zaman şəhər statusunda olan Bakı, Şamaxı və Yelizavetpol (Gəncə) quberniyaları var idi və şəhər əhalisi müvafiq olaraq 16-20 % arasında olmuşdur [23].
Şəhər əhalisinin sayına görə Bakı, Gəncə və Sumqayıt şəhərləri öndə gəlir. Qeyd edək ki, XIX əsrin 50-ci illərinə qədər Bakı əhalisinin sayına görə Şamaxı, Şəki, Gəncə və Şuşadan sonra 5-ci yerdə olub. XIX əsrin 50-ci illərində “neft bumu” başlayandan sonra qısa zamanda – 1859-cu ildə Bakı artıq əhalisinin sayına görə ikinci pilləyə yüksəlir. Bu artımın əsas özəyini miqrasiya təşkil edirdi. Belə ki, Bakıya kütləvi köçün kökündə bir tərəfdən Şamaxıda baş verən zəlzələ dururdusa, digər tərəfdən İrandan azərbaycanlıların (o illərdə “həmşəri” adlanırdı), Çar Rusiyasından qeyri-müsəlman xalqların neft buruqlarında işləmək üçün gəlmələri dururdu. Həmin dövrdə Bakının etnik tərkibi miqrantlar hesabına sürətlə dəyişmişdir [10].
1833-1843-cü illər ərzində intensiv olaraq Rusiyanın mərkəzi quberniyalarından və Ukraynadan “duxobor”, “molokan” və s. adlanan rusların konfessional qrupları Azərbaycana köçürülmüşdür [10].
Bu dövrdə Azərbaycanda 20-yə yaxın rus kəndi salındı. “Neft bumu” nəticəsində qeyri-müsəlman xalqların Azərbaycana köçürülmə prosesi bir qədər də sürətləndi. 1908-1910-cu illər ərzində Rusiyadan Azərbaycana 3 min kəndli ailəsi köçürülmüşdü. Bunların nəticəsində Azərbaycanın miqrasiya saldosu 1,6 dəfədən çox artaraq 1886-1897-ci illərdəki 133,4 min nəfərdən 1897-1913-cü illərdə 219,8 min nəfərə çatmışdır. Köçənlərin əksər hissəsi Bakıya gəlirdi [10].
Qeyd etmək lazımdır ki, Bakıya miqrasiya edənlərin böyük əksəriyyətini kişilər təşkil edirdi. Belə ki, ailəsi ilə birlikdə iş axtarmaq çətin olduğundan miqrantların çoxu öz ailələrini evdə qoyub gəlirdilər. Tarixi mənbələrə əsasən, Bakının neft sənayesi müəssisələrində işləyən rus mütəxəssisləri, fəhlə və qulluqçuları əksər hallarda öz ailələri ilə birlikdə, ermənilərin çoxu subay və təklikdə, müsəlmanların isə hamısı öz ailələrini evdə qoyub gəlir və təklikdə yaşayırdılar. 1897-ci il əhalinin siyahıya alınmasına dair məlumatlarına görə, Bakı neftçıxarma müəssisələrində çalışan fəhlələrin 82,5%-i subay və yaxud öz ailələrindən kənarda yaşayanlardan ibarət idi. Miqrantların 75%-nin kişilər təşkil etməsi bütövlükdə əhalinin doğum əmsalının təbii artım templərinin xeyli aşağı düşməsinə, ölüm əmsalının yüksəlməsinə təsir göstərmişdir. Orta illik artım 1,53% təşkil etmişdir ki, bu da həmin dövrdə Rusiya imperiyası üzrə analoji göstəricidən azca aşağı idi. Ancaq Rusiyada bu artım demək olar ki, yalnız təbii artım hesabına olurdusa, Azərbaycanda əhali artımının 45%-ə yaxını miqrasiyanın payına düşürdü [10]. Burada əhalinin miqrasiya hesabına belə yüksək templə artımı o dövrdə Çar Rusiyasının yeritdiyi köçürmə siyasəti və Azərbaycanın neft mədənlərinin intensiv surətdə istismar edilməsi ilə bağlı idi [23].
Bakının sürətlə böyüyüb Çar Rusiyasında və SSRİ-nin ilk illərində 5 ən böyük şəhərlər sırasına düşməsi şəhərin inkişafı ilə bərabər sosial problemləri də ortaya gətirdi. Şəhərin içməli su təminatı, kanalizasiya təchizatı və səhiyyə sistemində çətinliklər yaranır, tez-tez epidemiyalar yayılırdı. Yeni sosial infrastrukturun qurulması böyük sərmayələr tələb edirdi.
1918-1922-ci illərdə Azərbaycan ərazisində baş verən münaqişələr, kütləvi qırğınlar Şamaxı və Şuşanın əhalisinin sayını minimuma saldı. Bu dövrdə Azərbaycan əhalisinin sayı 20,8%-dən çox azaldı. Başqa sözlə, Azərbaycan bu 4 illik dövr ərzində əhalinin beşdə biri qədər itkiyə məruz qaldı. Əsas itkilərin məhz şəhər statusunda olan inzibati ərazilərdə baş verməsi şəhər əhalisinin sayının dinamikasına təsir göstərdi. Əvəzində şəhərin azalan yerli əhalisinin yerini sonrakı illərdə yəhudi, erməni və slavyan əsilli millətlər tutdu [12].
Azərbaycanda şəhər əhalisinin sayının miqrantlar deyil, təbii artım hesabına yüksəlməsi yalnız 50-ci illərdən etibarən başlamışdır. Bu dövrdə Azərbaycanda köklü sosial-iqtisadi dəyişikliklər baş verir, əhali kütləvi şəkildə təhsilə və səhiyyə sisteminə cəlb edilir, neft sənayesi və onunla bağlı sahələr sıçrayışla inkişaf etdirilirdi. Sumqayıt və Mingəçevir kimi yeni sənaye şəhərlərinin yaradılması, ali və orta ixtisas məktəblərinin açılması kəndlərdə yaşayan gənc nəslin şəhərlərə doğru axınına təkan verirdi [12].
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana postsovet ölkələrindən, xüsusilə Ermənistan, Gürcüstan, Rusiya və Ukraynadan xeyli sayda miqrant gəldi, ölkənin demoqrafik tablosu dəyişdi. Müstəqillik ərəfəsində Azərbaycan yeni miqrasiya dönəminə qədəm qoydu. Xüsusilə, son illər əhalinin şəhər mərkəzlərinə yaxın ərazilərə axın etməsi Azərbaycan hökumətini kiçik və orta şəhərlərə periferiya cəlb etməklə coğrafi genişlənmə həyata keçirilməsi haqqında qanun layihələri hazırlamağa vadar etdi. Qanun layihələrinə görə, Qəbələ, Gəncə, Daşkəsən, Goranboy, Göygöl, Samux, Massallı, Abşeron və digər şəhər və rayonların sərhədlərində qismən genişlənmə aparıldı. Bir sıra kəndlər genişlənərək qəsəbə statusu aldı. [2.]
Onu da qeyd edək ki, urbanizasiya ilə iqtisadi böyümə arasında sıx əlaqə var. Dünya miqyasında şəhər və qəsəbələr ümumi daxili məhsulun 80 %-dən çoxunu təşkil edir. Dünyada şəhər yoxsulluğu artsa da, bu, bir çox insanın, o cümlədən kasıbların şəhər ərazilərinə köçmələri ilə əlaqədardır.
Cəmiyyətin dayanıqlılığını təmin edən orta təbəqənin formalaşmasında da şəhərlərin rolu mühümdür. Məsələn, Azərbaycanda orta təbəqənin əsas hissəsi şəhərlərdə yaşayır. Aparılan tədqiqatın nəticələri sübüt edir ki, şəhərlər əhalinin təhsil səviyyəsinin artmasına daha çox təsir göstərir. Belə ki, ali təhsilli orta təbəqənin böyük bir qismi yerli şəhərlərdə formalaşır. Urbanizasiya Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması, habelə onun dünyagörüşünün və həyat tərzinin qlobal çağırışlarla uzlaşdırılması məqsədlərinə xidmət etməlidir. Təəssüf ki, Azərbaycanda iqtisadi inkişafin yükünü öz üzərinə götürən daha çox paytaxt Bakıdır.
Dünya Bankının dünya ölkələrinin urbanizasiyasına dair hesabatından məlum olur ki, Azərbaycanda şəhərləşmə SSRİ-nin 40-50-ci illərdəki siyasətini əhatə edən dövrdən sonra çox da sürətlə inkişaf etməyib. Bunun da başlıca səbəbi müstəqllik dövründə Bakıdan başqa digər şəhərlərdə iqtisadi böyümənin zəif getməsi olub [24].
Qrafikdən görünüyü kimi, 1960-cı illərdə Azərbaycanda şəhər əhalisinin sayı 52.7% olmaqla, Rusiya ilə eyni səviyyədə – ən yüksək pillədə olub. 2018-ci ildə bu göstərici 55,7% olmaqla, postsovet ölkələri arasında ən aşağı artım tempinə malik olub. Azərbaycanda urbanizasiyanın belə zəif tempdə getməsinin əsas səbəblərindən biri sovet dövründə Bakıya güclü axının qarşısını almaq üçün inzibati qaydaların tətbiqi idi [24].
NƏTİCƏ
Qeyd etmək lazımdır ki, Azərbaycanda daxili miqrasiyanın tənzimlənməsi strateji əhəmiyətli sosial məsələdir. Azərbaycanda ölkədaxili miqrasiyanın müxtəlif – siyasi, sosial-iqtisadi, demoqrafik, hüquqi, mədəni-mənəvi, geosiyasi aspektlərinin araşdırılması yönündə elmi tədqiqatlar nəinki nisbətən azdır, hətta bütövlükdə yox dərəcəsindədir.
Azərbaycanda ölkədaxili miqrasiya mobilliyinin izlənilməsi və bölgələrdən paytaxta axınların qeydiyyatının aparılmasının dövlət tənzimlənməsinə yönəlmiş sistemli fəaliyyət təşkil edilməyib, yaxud onun olub-olmaması məlum deyil. Region əhalisinin daxili miqrasiya etməsinin sosial aspektləri çoxşaxəli olduğu üçün onun qarşısının alınması da kompleks tədbirlərin görülməsini tələb edir.
Daxili miqrasiya və urbanizasiya paytaxt şəhərlərdə sosial, ictimai sabitliyin təminatına birbaşa təsir edən amillərdəndir. Azərbaycanda köç edən vətəndaşların böyük bir qisminin faktiki yaşadığı ərazi üzrə qeydiyyatda olmaması cinayət faktlarının açılmasında problemlər yaşadır. Xüsusilə, Bakıya yönələn miqrasiya paytaxtın kriminogen vəziyyətini gərginləşdirir. Məsələn, 2019-cu ilin 11 ayı ərzində paytaxtda törədilən cinayətlərin 37%-i respublikanın digər şəhər və rayonlarının sakinləri tərəfindən edilib. Həmçinin həddən artıq əhali sıxlığı nəinki ənənəvi “şəhər-kənd” münasibətlərindən yaranan sosial diskomfort hadisəsinə səbəb olur, həmçinin müəyyən qüvvələrin həddən artıq əhali sıxlığından yaranan obyektiv sosial problemlərin siyasiləşdirilməsi üçün əlverişli şərait yaradır. Belə ki, bölgələrdə mövcud olan bəzi obyektiv sosial problemlərin kənar qüvvələr tərəfindən siyasiləşdirilərək sabitliyin pozulması üçün sui-istifadə edilməsi faktları məlumdur və nəzərə alınmalıdır. Bu baxımdan daxili miqrasiyanın tənzimlənməsi sahəsində müəyyən qurumun təsis edilməsi, yaxud mövcud strukturlar daxilində bu funksiyanın hər hansı bir quruma həvalə edilməsi məqsədəuyğun olardı.
Kəndlərdən şəhərə axının olması aqrar ölkəsi olan Azərbaycanda kənd təsərrüfatı sektorunda kadr ehtiyatları baxımından yaxın gələcəkdə mühüm sosial-iqtisadi təhdidlər yarada bilər. Hər il dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün subsidiyalar ayrılır, güzəştlər tətbiq edilir. Uzun illər əmək vərdişləri kənd təsərrüfatında formalaşmış insanların, ixtisaslı mütəxəssislərin, xüsusilə gənclərin şəhərə axını regionlarda ixtisaslı kadr çatışmazlığı problemini yaradır. Sovet dövründə əhalinin respublikanın əraziləri üzrə bərabər paylanılması üçün regionlarda ali təhsil məktəbləri tikilsə də, müstəqillikdən sonra bu siyasət bir qədər arxa planda qaldı. Müstəqillikdən sonra açılan bütün dövlət və özəl ali təhsil müəssisələrinin əksəriyyəti Bakıda yerləşdi. Gənc kadrların ölkədə bərabər paylanmasının təşkili üçün Bakıdan başqa digər iri şəhərlərdə də özəl və dövlət universitetlərinin açılması təşviq olunmur. Halbuki, regional ali təhsil müəssisələrinin inkişafı miqrasiya axınlarının tənzimlənməsində əhəmiyyətli rola malikdir.
Bölgələrdə sahibkarlığın inkişafı və təşviqi zəif təşkil olunub, maliyyə əlçatanlığı aşağı səviyyədədir. Sahibkarların kredit əldə etmək imkanları məhduddur, kənd təsərrüfatına yönələn kreditlərin faiz dərəcələri yüksəkdir. İstehsal müəssisələri xammal və kadr çatışmazlığı tam gücü ilə işləyə bilmir. Bu səbəbdən bölgələrdən paytaxta əhali axınlarının rasional tənzimlənməsi məqsədilə burada prioritet sahələrin inkişafı üçün sahibkarlara dövlət tərəfindən əlverişli maddi yardım, vergi güzəştləri, eləcə də mənəvi dəstək verilməli, bürokratik əngəllər aradan qaldırılmalıdır.
XXI əsrdə qlobal problemə çevrilən daxili miqrasiyanın artıq geosiyasi aspektləri dərindən təhlil edilir. Vaxtilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün paytaxt və regionlarda yerləşdirilməsi daxili miqrasiya proseslərinin tənzimlənməsinə ən böyük əngəllərdən biridir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
- Azərbaycanın demoqrafik göstəriciləri. Dövlət Statistika Komitəsi, Bakı, 2019.
- Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı. Bakı, 27 fevral 2006-cı il, №1338.
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) // Vətəndaşlıq və miqrasiya haqqında normativ-hüquqi sənədlər toplusu. Bakı: Qanun, 2007.
- Azərbaycanın demoqrafik göstəriciləri 2016 (Statistik məcmuə). Bakı, 2016, 480 s.
- Azərbaycanın statistik göstəriciləri 2016, Bakı: Səda, 2016, 824 s.
- Atakişiyev B. İnzibati hüquq və terminlər. Bakı, 2008, 295 s.
- Bakı aqlomerasiyasına aid şəhər və qəsəbələrin təsnifatı. Mənbə: Azərbaycan demoqrafik göstəriciləri, 1991.
- Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı. Bakı: ARDSK, 2006.
- “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. – http://e-qanun.gov.az/alpidata/ framework/ data/0/c_f_524.htm
- Muradov Ş., Baxış Ç. Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar. Bakı, 2013, 248 s.
İngilis dilində:
- UNESCO “Migration, displacement and education: Building Bridges, Not Wall”, 2019.
Rus dilində:
- «Азербайджанская ССР», Институт Географии Академии Наук Азербайджанская ССР, Москва, 1957.
- Гончаренко А.Б., Староверов О.В. Мобильность населения и качество жизни // Экономика и мат. методы, 2002, т.38, № 1, c.19-33.
- Демографический энциклопедический словарь. М.: Советская энциклопедия, 1985.
- Дохунаева Т.Н. Миграция населения // Трудовое право. М., 2006, № 7, c. 14-27.
- Кибанов, А.Я. Мотивация и стимулирование трудовой деятельности: Учебник Текст. / А.Я. Кибанов, И.А. Баткаева, Т.А. Митрофанова, М.В. Ловчева. Под ред. А.Я. Кибанова. М.: инфра-м, 2011, 424 с.
- Раков А.А., Емельянова А.А. Вынужденная миграция в рамках постсоветского пространства // Народонаселение, М., 2005, №1, c.71-98.
İnternet resursları:
- Административно-территориальном делении, 2018, http://files.preslib.az/projects/azer baijan /gl2.pdf
- “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 4 sentyabr 2000-ci il, № 159. – http://e-qanun.gov.az/alpidata/framework/data/0/c_ f_ 480.htm
- Marian Jakub, European countries by percentage of population living in the capital metropolitan area, 2016. – https://jakubmarian.com/european-countries-by-percentage-of-population-living-near-the-capital/
- Migration Data Portal. – https://migrationdataportal.org/data?t+=2019&cm49=31
- Office for Notional Statistics. – file:///C:/Users/ASUS/Downloads/internalmigrationmethodo logy2016.pdf
- Первая всеобщая перепись населения Российской империи. Наставление городским счетчикам: [5 июня 1895 года], http://elib.shpl.ru/ru/nodes/23817-pervaya-vseobschaya-perepis-naseleniya-rossiyskoy-imperii-nastavlenie-gorodskim-schetchikam-5-iyunya-1895-goda-spb-1896
- World Bank. Urban population (% of total population) – Azerbaijan 1960-2019, United Nations Population Division. World Urbanization Prospects: 2018 Revision. https://data.worldbank.org/ indicator/SP. URB.TOTL.IN.ZS?locations=AZ
- UN, New Urban Agenda 2017. – http://habitat3.org/wp-content/uploads/NUA-English.pdf
- UN, Transforming our world: the 2030 Agenda for Sustainable Development. – https:// sustainabledevelopment.un.org/post2015/transformingourworld
Elnara Garibova
The socio-demographic panorama of intersection of urbanization and internal migration process in Azerbaijan
Abstract
Migration is one of the most essential social outcomes and alterations in human history. People are forced to emigrate for various reasons. Mostly in the last two centuries, the scientific and technological revolution and rapid development of globalization have had a direct or indirect impact on the pace and level of migration. Migration is a complex phenomenon. The formation of large cities, the emergence of megacities as a result of urbanization further complicates this process. Migration causes some new problems in multifaceted socio-economic, environmental, geopolitical, and ethno-political aspects. In many cases, migration processes, which take the form of mass flows to cities, change the city’s environment, natural landscape, disrupt traditional harmony. In the modern world, there is a very serious need to study the trends of migration in Azerbaijan, to determine the relationship between economic and unequal migration, to assess its effects on socio-economic development and demographic situation in the country.
Key words: Azerbaijan, migration, social, urbanization, agglomeration, demography
Эльнара Гарибова
Социально-демографическая картина пересечения урбанизации и внутренней миграции в Азербайджане
Резюме
Миграция – один из важнейших социальных результатов и изменений в истории человечества. Люди вынуждены эмигрировать по разным причинам. В основном за последние два столетия научно-техническая революция и быстрое развитие глобализации прямо или косвенно повлияли на темпы и уровень миграции. Миграция – сложное явление.
Формирование крупных городов, появление мегаполисов в результате урбанизации еще больше усложняет этот процесс. Миграция порождает новые проблемы в многогранных социально-экономических, экологических, геополитических и этнополитических аспектах. Во многих случаях миграционные процессы, которые принимают форму массовых потоков в города, изменяют городскую среду, природный ландшафт, нарушают традиционную гармонию. В современном мире существует очень серьезная необходимость изучить тенденции миграции в Азербайджане, определить взаимосвязь между экономической и неравноправной миграцией, оценить ее влияние на социально-экономическое развитие и демографическую ситуацию в стране.
Ключевые слова: Азербайджан, миграция, социальная, урбанизация, агломерация, демография