Lalə ƏKBƏROVA
AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı,
Milli Məclisin İnsan hüquqları komitəsinin eksperti
Bakı, Azərbaycan

E-mail: l.akbarova88@gmail.com

Xülasə. Məqalədə “nifrət nitqi”nin hüquqi, siyasi, mədəni aspektləri və onun tənzimlənməsində dünya təcrübəsi təhlil edilir. Qeyd olunur ki, son illərdə qanuni və siyasi leksikona daxil olan nifrət nitqi və nifrət cinayətləri insan haqlarını, insan ləyaqətini və bərabərliyini təhdid edir, sosial qruplar arasındakı gərginliyi artırır, ictimai asayişi pozur və dinc yanaşı yaşamağı təhlükə altına alır. Müxtəlif ölkələrdə bu sahədə müvafiq profilaktik və cavab tədbirlərinin olmaması ümumbəşəri dəyərlərə xələl gətirir.

Son illər nifrət nitqi ilə bağlı tədqiqatlar nisbətən geniş yayılıb və bir çox elm sahələri, o cümlədən hüquq, politologiya, dilçilik, mədəniyyətşünaslıq, mediologiya və s. problemin radikal tərəflərini öyrənir. Lakin buna baxmayaraq, nifrət nitqinin elmi termin kimi dolğun tərifi formalaşdırılmamışdır.

Məqalədə sosial mediada və COVID-19 pandemiyası dövründə nifrət nitqinin artması təhlil edilmişdir.

Dünyadakı “nifrət hüququ” təcrübəsi nəzərdən keçirildiyi zaman ifadə azadlığı ilə nifrət nitqindəki məhdudiyyətlər arasındakı paradoks və ziddiyyətlərin bu sahədə müsbət nəticələrin əldə olunmasına mane olduğu qeyd olunur.

Tədqiqatda  Avropa Birliyi ölkələri, ABŞ, Yaponiya və digər ölkələrdə mövcud olan təcrübələrin müqayisəsi əsasında nifrət nitqinə və nifrət cinayətlərinə qarşı konkret tətbiq oluna bilən qanunvericilik nümunələri təhlil edilir. Azərbaycanda bu praktikanın tətbiqinin mümkün nəticələri ilə bağlı müəllifin qənaətləri təqdim edilir.

Sonda nifrət nitqinin ümumi qəbulunu yaxşılaşdırmaq, nifrət nitqi ilə mübarizə üçün mövcud standartları təkmilləşdirmək və nifrət cinayətlərinə qarşı tədbir görmək üçün qanuni müddəalara ehtiyac olduğu vurğulanır.

Açar sözlər: nifrət nitqi, hüquqi, siyasi, mədəni aspektlər, sosial şəbəkələr, nifrət cinayətləri və onların tənzimlənməsi, dünya təcrübəsi, Avropa Birliyi, ABŞ, Yaponiya, Azərbaycan

Giriş

 Şiddət-aqressivlik və ekstremizm yaranandan bəri cəmiyyət və insan həyatının ayrılmaz hissəsi olmuşdur. Şiddətin səbəbi, mahiyyəti, təzahürü və aradan qaldırılmasının araşdırılması üzərində müxtəlif elm sahələrində – psixologya, pedaqogika, sosiologiya, politologiya və s. istiqamətlərdə tədqiqatlar aparılıb. Bununla yanaşı, XXI yüzillikdə şiddət və nifrət təzahürləri nə cəmiyyətdə insanlar arasında, nə də ki dünyada dövlətlər arasında nəinki aradan qaldırılıb, hətta daha da artıb.

Müasir dünyada dini, irqi, etnik və milli amillər, dözümsüzlüyün müxtəlif formalarının təzahürü, fanatizm, dini zəmində silahlı toqquşmalar bəzi bölgələrdəki ictimai-siyasi vəziyyəti  və inkişaf meyillərini böyük ölçüdə müəyyənləşdirir.

Terrorizmin müxtəlif növlərinə qarşı mübarizə, millətlərarası və konfessiyalararası münaqişələrin davam etməsi, ölkənin təhlükəsizliyinə birbaşa təhdid olan milli və dini ekstremizmin artması ilə əlaqəli məsələlər Azərbaycan kimi polietnik və çoxkonfessiyalı bir çox dövlətlər üçün xüsusi aktuallıq kəsb edir. Müasir dövrdə xarici mənbələrdən yönəldilən separatçılıq, ksenofobiya, fanatizm və fundamentalizm kimi ziyanlı təlimlərin yayılmasına dəstək verilməsi açıq şəkildə özünü göstərir.

Terrorun miqyası, dövlətlərarası xarakteri ona qarşı mübarizə sistemini inkişaf etdirməyi, müxtəlif dövlətlərin səylərini uzunmüddətli perspektivdə əlaqələndirməyi zəruri edir.

 Aparılan sosioloji tədqiqatlar, ictimai rəy sorğuları nəticəsində əldə edilən məlumatlar göstərir ki, prinsip etibarilə insanların əksəriyyəti şiddət və dözümsüz davranışı təqdir etməsə də, bir çox hallarda emosional-psixoloji səbəbləri əsas gətirərək belə davranışları müdafiə edirlər.

Bir çox ölkələrdə insanlar (yüzdə 33-42 %-ə qədər) həyatında tez-tez aqressiv hərəkətlər etdiyini, ictimai norma və qaydaları, ziddiyyətləri aydın başa düşsələr də, eyni zamanda sözügedən hərəkətə məcbur olduqlarını və yaxud bunu müəyyən hərəkətlərə cavab kimi etmək hüquqlarına sahib olduqlarını bildiriblər [34; 35].

 Şiddət-aqressiya və nifrət, motivasiyasız təcavüz hallarının səviyyəsi tarixən başqa millətlərin-özgələrin nümayəndələrinə münasibətdə daha yüksək olub. Təsadüfi deyil ki, məhz bu səbəbdən də tarixən etno-siyasi münaqişələr, siyasi ekstremizm və ksenofobiya, millətçilik, şovinizm, antisemitizm, nifrətin ən ağır formalarından olan soyqırım, etnik təmizləmə, terrorçuluq siyasətinin tərəfdarları həmişə sui-istifadə edirlər. Sadəcə qarşıdurmalar deyil, şiddətin təşkilatlanmış təbliği, müxtəlif ölkələrdə onlarla hərbiləşdirilmiş ekstremist, terrorçu və s. təşkilatlar fəaliyyət göstərir, etnik, dini və sosial çəkişmələrin təbliğ olunduğu yüzlərlə çap məhsulu – qəzet, kitab, broşura nəşr olunur, abidələr ucaldılır. Bir çox Qərb ölkələrində islam dininin müqəddəs kitabı – Quranın yandırılması halları vaxtaşırı baş verib [31]. Yaxud Fransada “Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi ilə bağlı baş verən proseslər də məlumdur [3]. ABŞ-da qaradərili C.Floydun ölümü ilə başlayan etiraz aksiyaları, yaxud pandemiya dövründə bir çox ölkələrdə çinli və asiyalılara qarşı nifrət əsaslı davranışlar da misal olaraq göstərilə bilər [4].

Hazırkı informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi şəraitdə internetdə insanların aqressiv davranışlarının daha da artması müşahidə edilir.

Məqsədyönlü zorakılığın tətbiq edilməsinə haqq qazandırmaq, qanuni seçilmiş hökumətləri devirmək və s. üçün pozucu fəaliyyətlər, psixoloji təlimlər həm onlayn, həm də oflayn virtual məkanda aparılır.

Sosioloqların fikrincə, getdikcə milli şovinizm ideologiyası təkcə əhalinin bir hissəsi deyil, həm də dövlət aparatı işçiləri, hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dəstək tapır.

  1. Nifrət nitqi, nifrət dili: anlayışların məzmunu və mənası

 Nifrət dili/nitqi nədir? Nifrət nitqi emosional-duyğusal yüklü bir anlayışdır. Beynəlxalq insan haqları hüququnda bunun üçün qəbul edilmiş tərif yoxdur. Bir çoxları hesab edir ki, yalnız insan nifrət nitqi ilə qarşılaşdığı zaman onunla bağlı fikir yürütməyin mümkünlüyünü söyləyir, amma bunun meyarları çox vaxt qeyri-müəyyən və ya ziddiyyətlidir [41].

Kembric lüğətində bununla bağlı qeyd olunur: “Nifrət nitqi – irqi, dini, cinsi və ya cinsi oriyentasiya amilləri əsasında insana və ya insan qruplarına nifrət ifadə edən və ya şiddəti təşviq edən kütləvi nitqlər, çıxışlardır” [13].

Digər qisim tədqiqatçılara görə, “nifrətə təhrik etmə” – ümumiyyətlə hər hansı bir şəxsə və şəxslər qrupuna qarşı irq, milli mənşə, cins, fiziki qüsur, din və ya cinsi oriyentasiya kimi qrupa xas olan xüsusiyyətlərinə görə düşmənçiliyi və ya nifrəti ifadə edir” [1, s.1277-1279].

Dünya humanitar elmlərində nifrət nitqinin tədqiqi XX əsrin ortalarında elmin müxtəlif sahələrində eyni vaxtda başladı. Belə ki, 1954-cü ildə özünün inqilabi “Qərəzin təbiəti” kitabında amerikan psixoloqu Q.Olport tərəfindən verbal özünüifadə kimi təqdim olunan “zərərsizləşdirmə” – müasir dövrdə “nifrət nitqi” adlandırdığımız ifadəni ilk dəfə dilə gətirərək diskriminasiya edən qrupun fiziki şiddət göstərməsinə səbəb olacaq ilk addım kimi qiymətləndirilmişdir [2, s.14-15].

Elmi tədqiqatlarda “Hate speech” fenomeni nisbətən geniş əhatə dairəsinə son iki onillikdə çatmışdır: hazırda nifrət dilinə politoloqlar, hüquq müdafiəçiləri, linqvistlər və dünyanın hər bir tərəfindən digər humanitar elm nümayəndələri müraciət edirlər. Aydındır ki, onun yaranmasındakı çətinlik fenomenin kompleks, dissiplinlərarası yanaşma fonunda araşdırılmasını tələb edir.

Misal üçün macar linqvist D.Boromiş-Habaşinin tədqiqatlarında “nifrət dili” mədəni yanaşma kontekstində araşdırılır [5, s.44]. Lakin amerikan hüquqşünası K.U.Sandersin əsərində ədəbsizlik və nifrət nitqi arasındakı əlaqə izlənilir: müəllif ədəbsiz xarakterin təsviri ilə başlayıb nifrət nitqinə gətirib çıxaran deqradasiyanın hüquqi trayektoriyasını tərtib edir [39, s.91].

Dünyadakı alimlərin araşdırmalarında nifrət nitqindən istifadə etməyin zərərli nəticələrinə diqqət çəkilir. Müxtəlif demokratik ölkələrdə nifrət nitqini tənzimləmək üçün qanunvericilik tədbirləri Avropa və Amerika tədqiqatçılarının əsərlərində yer alır [32, s.201].

Nifrət nitqinin nitq hərəkətləri nəzəriyyəsi ilə əlaqəsi bir çox linqvistik və hüquqi əsərlərdə vurğulanmışdır [10].

Bəzi tədqiqatçılar nifrət nitqinin bir sosial fenomen kimi araşdırılmasını önəmli sayır,  KİV-lərdəki nifrət manifestasiyasını etnik, dini və digər sosial mənsubluğa görə təsnifləşdirirlər. Hesab edilir ki, nifrət əhalinin müəyyən etnik qruplara qarşı düşmənçiliyinin verbal hala gətirilməsidir. Həmçinin, KİV-lərdə media və jurnalistlərin fəaliyyətinin təhlili tədqiqatçıların diqqət mərkəzindədir. Məsələn, media mətnlərində düşmənçiliyin nitqdə təzahürü ilə bağlı əsas strategiya və taktikalar təsvir edirlır. Jurnalistlərin sosial məsuliyyətinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vacib hesab edilir.

Bütövlükdə, hazırda nifrət nitqi hüquq, linqvistika, media və s. sahələr çərçivəsini aşaraq, siyasət, dövlət idarəçiliyi və cəmiyyətdə qarşılıqlı münasibətlər kimi sosial sistemin ən mühüm məsələsinə çevrilib.

Hər hansı digər sosial fenomen kimi “nifrət nitqi” də bir tərəfdən meydana çıxması və fəaliyyət göstərməsi üçün müəyyən şərtlərə malikdir, digər tərəfdən də cəmiyyətin inkişafını əvvəlcədən müəyyənləşdirir. Məsələn, “1990-cı illərdə Amerikadakı bir sıra təhsil müəssisələrində nifrət nitqinin tənzimlənməsinə başlanılması cəmiyyətdəki müəyyən hüquqi, siyasi və sosial proseslərin müzakirəsini canlandırıb. S.Qoş yazır ki, Cənubi Asiyada son iyirmi ildə fərdi dini və ya etnik toplumlara vəhşicəsinə zülm edən sağçı hərəkatların ortaya çıxması ilə nifrət nitqinin qanuni tənzimlənməsi ilə bağlı mübahisələr meydana çıxıb.

J.Ualdron nifrət nitqindən istifadənin yalnız ayrı-seçkiliyə və şiddətə yol açdığını deyil, eyni zamanda cəmiyyətdə real kabuslar yaratdığını qeyd edir. O, nifrət nitqini sosial mühitə ekoloji təhdid yaradan, tədricən təsir edən bir zəhər kimi təsvir edərək nəticədə hətta cəmiyyətin xoşməramlı üzvlərini belə cəmiyyətin rifahına dəstək olmaqda maneə törədəcək bir element kimi qələmə verir [44, s. 4].

Ümumi qənaətə görə, nifrət nitqinin sosial baxımdan təhlükəli bir fenomen kimi öyrənilməsinə böyük ehtiyac var. Belə ki, bu aspektlər yalnız hüquq elminin maraq dairəsi ilə yekunlaşmır. Qanunvericiliklə insan nitqi və onun fəaliyyəti, dünyagörüşü, baxışları, mədəniyyəti, əxlaqı və s. arasındakı əlaqə, ilk növbədə, nitq fenomeninin nisbi müstəqilliklə yanaşı, bir çox xüsusiyyətlərin vəhdətini ifadə etməsi ilə bağlıdır. Nifrət nitqinin sosial bir fenomen olması onun nəticələrinin ikiqat zərər verməsi ilə aşkara çıxır. Bu zərər, birincisi, şəxslərə və qruplara qarşı yönəldilib, psixoloji və mənəvi ziyan vurur. İkincisi, bütövlükdə dövlətə, onun sosial və mənəvi quruluşuna qarşı yönəlməklə sabitliyin, birgəyaşamın əsaslarını sarsıda bilir [37, s.200].

  1. Nifrət dili/nitqi necə müəyyənedilir? İfadə hüququ və nifrət nitqi  arasındakı kövrək sərhədlər

BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi Devid Key nifrət nitqi və ifadə azadlığı arasındakı nisbətlə bağlı yazır: “Beynəlxalq insan hüquqları sahəsində qanunları diqqətlə təhlil etsək, ilk baxışda bir-birinə əks, paradoksal görünən dəyərləri əks etdiyini görərik: Qanunlar bir tərəfdən ifadə azadlığı hüququnu təmin edir və bu hüquq ciddi qorunur. Eyni zamanda, digər tərəfdən ayrı-seçkilikdən və şiddətdən azad olmaq, ictimai həyatda iştirak etmək hüququ mövcuddur. Bəzən ifadə azadlığı hüququnun digər hüquqlara zidd olduğunu görürük. Beləliklə, dilemma ortaya çıxır. Problemin həlli beynəlxalq hüququn müddəalarında mövcuddur. Beynəlxalq hüquq şiddətə, ayrı-seçkiliyə və düşmənçiliyə təhrik edən milli, irqi və ya dini nifrətin təbliğinin qanunla qadağan olduğunu bildirir.” Bu cür hadisələr cinayət təqibinə məruz qalmasa da, aşkar şəkildə onların qanunsuzluqlarına dəlalət edir. Nifrət nitqinin qanuni bir tərifi hələlik müəyyən edilməyib. Bu, bir konsepsiya kimi gündəlik həyata daxil olub. Aydın olan odur ki, nifrət nitqi məhdud olmalıdır və bunun üçün meyarlar var. Bu cür ifadələr digərləri kimi tənzimlənməlidir, yəni hökumət tətbiq olunan məhdudiyyətlərin zəruri, qanuni olduğunu, yəni açıq şəkildə formalaşdırıldığını və hökumətin tətbiq etməsinə icazə verməməsini, onun təqdirini və istifadəsinin haqlı olduğunu sübut etməlidir [28].

Avropa Şurası Nazirlər Kabinetinin R (97) 20 saylı tövsiyəsinə görə, nifrət nitqi – kesonofobiya, antisemitizm, təhrik etmə, stimullaşdırma, yaxud nifrətin digər təzahürlərinin yayılması kimi özünüifadə formalarının bütün növləri, eyni zamanda aqqressiv milliyyətçilik, etnosentrizm, azlıqlara, miqrantlara və emiqrantlara qarşı diskriminasiya kimi izah edilir. Dzyaloşinskinin qeyd etdiyi kimi, “nifrət nitqi” ifadəsi “nitq təcavüzü” konsepsiyasının məcazi bir ekvivalentidir və danışanın təcavüzkar vəziyyətindən irəli gələn spesifik nitq davranışı formasını bildirir [46, s.63].

“АRТİCLE 19” təşkilatı dünyada ifadə azadlığının və bərabərliyin qorunması istiqamətində fəaliyyət göstərir [17]. Təşkilat nifrət nitqi sahəsində də vaxtaşırı təlimatlar hazırlayır. Bu cür təlimatların birində “ARTİCLE 19” təşkilatı “nifrət nitqi/nifrət dili” ifadəsinin definisiyası, mənası və belə hallara qarşı hüquqi qanunverici əsaslarla səmərəli mübarizə aparılmasının bəzi məqamları ilə bağlı təlimat təqdim edib.

Hazırkı dövr üçün bu sahədə ortaya çıxan suallar belə təsnifləşdirilir:

  1. Məhdudlaşdırılması zəruri olan “nifrət dili”ni necə müəyyənləşdirmək, onu necə ayırd etmək olar?
  2. Nifrət nitqinə qarşı müxtəlif dövlətlər tərəfindən nə kimi tədbirlər görülür?
  3. Nifrət nitqi hansı kateqoriyalar və hansı şərtlərlə dövlət tərəfindən qadağan edilməlidir?

Əvvəla, qeyd edilməlidir ki, beynəlxalq hüquqda nifrət nitqinin ümumən qəbul edilmiş vahid tərifi yoxdur. Daha doğrusu, hələlik geniş ifadələri əhatə edən ümumi bir anlayışdır.

  1. Bununla belə, insan hüquqları sahəsində dövlətlərin beynəlxalq hüquqi öhdəliklərini rəhbər tutaraq, şiddət dərəcələrindən asılı olaraq nifrət nitqinin müxtəlif formalarını tanımaq və ayırmaq üçün bir tipologiya təklif edir. O cümlədən, dövlətin beynəlxalq hüquqa uyğun olaraq qadağanı tətbiq etmək məcburiyyətində olduğu nifrət nitqinin ən aşkar formaları və müstəsna halların bir qismi barədə mənbələr mövcuddur.

 Həmçinin, beynəlxalq qanunlara görə, hər bir dövlətin beynəlxalq öhdəliyinə əsasən nifrət nitqini məhdudlaşdıra biləcəyi hallar var. Buraya bu cür qadağalardan sui-istifadə hallarının qarşısını almaq və sanksiyalar tətbiq olunarsa, onların ağlabatan və mütənasib olmasını təmin etməklə yanaşı “nifrət dili” qurbanlarına dəstək və təzminat təmin etmək barədə təlimatlar daxildir.

Nifrət nitqinin nə olduğunu ayırd etmək üçün ilk növbədə bir-biri ilə qarşılıqlı bağlı olan iki hüququn vacibliyini başa düşmək lazımdır:

– ifadə azadlığı;

– bərabərlik hüququ [18].

 İfadə azadlığı hüququ Ümumdünya İnsan Haqları Bəyannaməsinin (ÜİHB) 19-cu maddəsi ilə təmin edilmiş və insan hüquqları üzrə bütün əsas və regional müqavilələr tərəfindən qanuni olaraq qəbul edilmiş əsas insan hüququdur. Doğrudur, ÜİHB dövlətlər üçün məcburi qanuni sənəd deyil. Bununla yanaşı, onun bir çox müddəalarının qəbul edildiyi vaxtdan bəri adi beynəlxalq hüquq statusu aldığı güman edilir.

Beynəlxalq hüquq hamı üçün bərabərlik hüququnu və ayrı-seçkiliyin qadağasını müəyyən edib. İnsanın şərəf və ləyaqətinin ayrı-seçkilik qoyulmadan qorunması məhz nifrət dilinin müəyyən edilməsində açar rolunu oynaya bilər.

 Nifrət nitqi və nifrət cinayətləri fərdi hüquqlarını, insan ləyaqətini və bərabərliyini təhdid edərək, sosial qruplar arasındakı gərginliyi gücləndirərək, ictimai barışı və ictimai asayişi pozaraq və dinc yanaşı yaşamağı təhlükə altına alaraq cəmiyyətləri zəhərləyir. Sosial birliyi, həmrəyliyi və cəmiyyət üzvləri arasındakı inamı azaldır. Nifrət nitqi heç bir demokratiyanın mövcud ola bilməyəcəyi rasional ictimai müzakirələrə maneə törədir, bu qanunun aliliyinə təhlükə yaradan hüquqların sui-istifadəsinə səbəb olur. Nifrət və nifrət cinayətləri son on ildə durmadan artmaqdadır.

Ən arzuolunmaz hal odur ki, Avropa Birliyinə üzv bəzi ölkələrdə nifrət nitqinin siyasətə çevrilməsi dövlət idarəçiliyinin ən yüksək səviyyəsində ortaya çıxmağa başlayıb.

Heç bir cəmiyyət nifrət təzahürlərinə qarşı immunitetə malik deyil. Bununla yanaşı, nifrətin dərinləşməsi sosial mühit və görülə biləcək tədbirlərdən asılıdır. İstər nitqlə, istər hərəkətlə, istərsə də hərəkətsizliklə dövlətin reaksiyası müəyyən sosial normalar yaradır və mövcud standartlar barədə cəmiyyəti məlumatlandırır.

Son akademik ədəbiyyata görə, nifrət nitqinə qarşı əks-nitq (counter speech) irqçilik və digər dözümsüzlüklə mübarizə çox vacibdir. Əks nitq-çıxış dəstəklənməlidir, təhsil, məlumatlandırma və iqtisadi bərabərsizlikləri aradan qaldırmaq üçün sosial proqramların reallaşması, nifrət cinayətləri ilə mübarizə üçün institusional sistemin gücləndirilməsi zəruri hesab edilir.

3.Nifrət dili beynəlxalq hüquq, normativ aktlar və sənədlərdə

Hər il iyulun 22-də “Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” qeyd edilir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 2008-ci ildə “Nifrət Cinayət Qanunları/Praktiki Rəhbər prinsiplər”adlı sənəd hazırlayıb. Sənədlə bağlı müzakirələrdə Azərbaycandan Baş Prokurorluq təmsilçiləri iştirak edib. Sənəddə problem kimi cavab axtarılan əsas suallardan biri budur: Nifrət cinayətləri: yeni cinayət növü, yoxsa mövcud cəzaların daha da sərtləşdirilməsidir? Ümumilikdə, DTİHB nifrət qanunvericiliyinin işlək olması və cəzanın ədalətli və adekvatlığı probleminin həllinə nail olmaq üçün əsas suallara cavab verilməsini vacib hesab edir. Belə ki, zorakılığa çağırış olmayan nifrət nitqlərinin qadağan olunması ifadə azadlığı hüququ ilə “toqquşa” bilər. Rəhbər prinsiplərdə nifrət qaninvericiliyində həlledici olan aşağıdakı 5 strateji sual irəli sürülür:

Strateji sual 1: Qanunda yeni  cinayət növü müəyyən edilməlidir, yoxsa mövcud cinayət növlərinə görə daha sərt cəzaların verilməsi kifayətdir?

Strateji sual 2: Qanuna hansı qorunmalı olan xüsusiyyətlər daxil edilməlidir?

Strateji sual 3: Qanunda cinayətin motivi necə müəyyənləşdirilməlidir?

Strateji sualı 4: Qurbanın kimliyi ilə bağlı mənsubiyyət, aidiyyət və yanlış anlama məsələləri necə həll edilməlidir?

Strateji sual 5: Hansı motivlərin sübutu tələb olunur və zəruri motivasiya dərəcəsi nə qədərdir? [47].

Nifrət cinayətləri müəyyən bir sosial qrupa qarşı dözümsüzlükdən qaynaqlanan cinayət növüdir. Bu cür cinayətlər konkret bir şəxsə qarşı deyil, bütün sosial qrupa qarşı yönəldilməsi ilə xarakterizə olunur. Qərb ölkələrində sağçı və solçu populizm və ekstremizmin artmasının trendə çevrilməsi fonunda nifrət cinayətləri ilə bağlı qanunlar, bir çox ölkədə irqçi və ya digər qərəzli motivlərlə törədilən cinayətləri daha sərt tənzimləyən qanunlar haqqında uzun illərdir müzakirələr aparılır.

Son illər qanunun aliliyi, demokratiya və təməl hüquqlardan ibarət üçlükdə dünya səviyyəsindəki tənəzzül prosesləri baş verir. Paralel olaraq dövlətlər cəmiyyətdəki nifrəti aradan qaldırmaqda hələlik nəinki uğursuz görünür, həmçinin buna təhrik edən mühiti də formalaşdırır. BMT-nin Xüsusi məruzəçisinin qeyd etdiyi kimi, müasir irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, siyasi ritorika, xüsusən millətçi populist ideologiyalar ayrı-seçkilik və dözümsüzlüyü artıraraq bərabərliklərə təhdid yaradır.

2019-cu ilin mayında Avropa Parlamentinə (AP) seçkilərdən əvvəl AP-nin üzvləri Avropadakı neofaşist zorakılığa dair bir qərar qəbul edilməsinə ehtiyac duydular. Məhkəmə “siyasətçilər və dövlət məmurları tərəfindən cəmiyyətdə nifrət və şiddəti birbaşa normallaşdırdıqları və gücləndirdikləri üçün nifrət nitqlərini qınadı.

İnsan hüquqları, cinayət və ədalət arasındakı hüdudlarda yerləşən nifrət cinayətləri məsələsini həll etmək üçün çoxşaxəli tənzimləmə və ortaq bir məsuliyyətin formalaşması önəmlidir.

Beynəlxalq hüquq nifrətin sosial fenomen olaraq qarşısının alınması və aradan qaldırılması üçün təlimatlar verir. Bununla yanaşı, nifrət nitqi və nifrət cinayətləri ilə səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi dövlətlərin öz əllərindədir. Milli dövlət səviyyəsində bu məqsədə çatmaq üçün güc strukturları – polis, prokurorluq, məhkəmə, zərərçəkmişlər, vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığına ehtiyac yaranır.

Müəyyən bir sosial qrupun nümayəndələrinə qarşı verbalizasiya və ya digər düşmənçiliyin təzahürü ilə bağlı beynəlxalq birliyin mövqeyi nifrət nitqinin istifadəsini məhdudlaşdırmağa yönəlmiş beynəlxalq müqavilələrin qəbul edilməsi ilə təsdiqlənir.

Milli “nifrət qanunvericiliyinin”, aktları və normalarının tətbiqinin məqsədi ümumi qənaətə görə, nifrət cinayətlərindən zərər çəkənlərin minimum və şərti nisbi xarakterli qorunmasının təmin edilməsidir.

Tədqiqatçıların bu sahədə araşdırmaları cəmiyyətdə ciddi qarşıdurma problemlərinin həllində cinayət qanunvericiliyinin müsbət təsirini vurğulayır [40].

Məsələyə ümumi baxış, həm də belə bir məqamı üzə çəxarır ki, nifrət cinayətləri qanunlarının və ya müddəalarının işləməsi üçün dövlətlərin demokratiya və qanunun aliliyi baxımından müəyyən bir yetkinlik səviyyəsinə çatması lazım gəlir. Bütün hallarda ilk vacib məsələ qanun yaradıcılığının faydasının dərk edilməsidir. Sosial gərginliyi həll etmək üçün cinayətkarlıqla bağlı qanunvericilikdə Cinayət Məcəlləsinin dəyişdirilməsi sosioloji, iqtisadi və tarixi amilləri aradan qaldırmaq üçün təsirli addımlar atmaqdan daha ucuz, daha sadə və daha sürətli başa gəlir. Bununla yanaşı, nifrət cinayətlərinin təsnifləşdirilməsi çətinliklər yaradır. Azlıqlar adlanan kateqoriyaları qorumaq üçün qanunvericilik tələb olunur. Bu da hakimiyyət qollarının mükəmməl qanunlar hazırlaya biləcəyini şübhə altına alır. Onlar xalq dəstəyini itirmək qorxusundan problemi azalda bilər, güc mənasında əksəriyyətin və azlığın qorunmasının bərabərləşdirilməsində israr edə və ya eyni səbəblərdən qorunan qrupların açıq bir siyahısını hazırlaya bilərlər. Məhkəmə işlərinin tədqiqi onu göstərir ki, yetkinləşmiş demokratiyanın formalaşmadığı cəmiyyətlərdə qanunverici orqanlar populyar olmayan sosial qrupların qorunmasını tənzimləmək üçün ağlabatan həll yolları hazırlamağa həvəsli deyil.

Burada digər məsələ məhkəmə sisteminin məsuliyyətinin ortaya çıxmasıdır. Belə ki, bir çox vəziyyətlərdə, istənilən məhkəmə qərarları günahkarların cəzasız qalması ilə nəticələnə bilər.

Ədalət sistemi daxilində nifrət cinayətləri sənədlərini heç olmasa minimum dərəcədə qəbul etməyən ölkələrdə məhkəmə sistemi hüquqşünasın səhvlərini aradan qaldırmaq kimi korrektləşdirici funksiyasından istifadə edə bilmir.

Radikallaşma, irqçilik, ksenofobiya, antisemitizm, çoxşaxəli fobiyaların baş verdiyi cəmyyətlərdə nifrət cinayətləri ilə bağlı qanunlar ya istifadə edilməmiş qala, ya da əks nəticə verə bilər.

Birinci ssenarinin əks effekti odur ki, tarixən qeyri-populyar sayılan məzlum və həssas qruplara simvolik himayədarlıq etmək əvəzinə, dövlət irqçiliyin gündəlik mövcudluğunu etiraf etmir, antisemitizm, ksenofobiya, dini dözümsüzlük və homofobiya qurbanların təcrübələrini  əhəmiyyətsiz hesab edir, yaxud da görməzdən gəlir. Buna misal olaraq, faktiki nifrət cinayətlərinin yalnız kiçik bir hissəsini əks etdirən, sosial fenomen kimi nifrət dilinin mövcudluğunu təhrif edən  statistikaya nəzər salmaq kifayətdir. İkinci ssenari daha arzuolunmazdır. Belə ki, bu halda məhz məhkəmələr ilk növbədə qorumalı olduğu qruplara qarşı qanunun aliliyi, bərabərlik və insan ləyaqəti kimi əsas dəyərləri inkar edən qrupların lehinə hökm çıxarır. Hüquqlardan sui-istifadə ilə nəticələnə bilən məhkəmə qərarları ilə məhkəmələr təməl dəyərlərə hücum edənlərə rəğbətlə yanaşaşır (İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 17-ci bəndi).

Bütövlükdə, aidiyyəti qurumlar, səmərəli prosedurlar və insan haqlarına uyğun sosial mühit nifrət cinayətlərinə qarşı effektiv mübarizənin reallaşdırılması üçün son dərəcə vacibdir. Bu isə yalnız nifrət dili ilə bağlı yuxarıdakı tövsiyələr yerinə yetirildikdə əldə edilə bilər. Nifrət cinayətləri müddəalarının tətbiqi və cəzanın artırılması kimi “keçmiş, postfaktum” cavablar müxtəliflik, tolerantlıq və şəffaflığın təşviqi ilə birlikdə olmalıdır.

İfadə azadlığı hüququ Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsində təsbit edilmişdir: “Hər kəsin fikir və ifadə azadlığı vardır; bu hüquqa heç bir maneə olmadan inancını davam etdirmə azadlığı və dövlət sərhədlərindən asılı olmayaraq hər hansı bir vasitə ilə məlumat və fikir axtarma, əldə etmə və yayma azadlığı daxildir”. 1966-cı ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın 19-cu maddəsində qeyd olunur.

Məlum olduğu kimi, Azərbaycan da daxil olmaqla, müxtəlif milli dövlətlərin  konstitusiyalarında müvafiq maddələrə uyğun olaraq, beynəlxalq hüququn ümumi tanınmış prinsipləri, normaları və beynəlxalq müqavilələr milli hüquq sisteminin ayrılmaz hissəsi kimi təsbit edilir.

BMT Baş Assambleyasının 21 dekabr 1965-ci il tarixli 2106 (XX) saylı qərarı ilə təsdiq edilmiş “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Beynəlxalq Konvensiya”nın 4-cü maddəsində qeyd olunur: “Üzv dövlətlər irqi üstünlüyü təbliğ edən və ya nifrətə əsaslanan fikirləri yaymaq, irqi ayrı-seçkiliyi təhrik etmək kimi istənilən fəaliyyətin yayılmasını qanunla cinayət hesab edir, eyni zamanda istənilən irqə və ya etnik müxtəlifliyə malik insanlar qrupuna qarşı təcavüz və irqçi fəaliyyətləri və onların maliyyələşdirilməsini cinayət adlandırır”.

Bununla yanaşı, daha ümumi xarakterli bir çox beynəlxalq akt, məsələn, 16 dekabr 1966-cı il tarixli “Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt”, 4 noyabr 1950-ci il tarixli “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyası” media azadlığını elan edərək, bu hüququn həyata keçirilməsi üçün müvafiq məhdudiyyətlər müəyyən edir.

Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt

Maddə 19.2. Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququ vardır; bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq şifahi, yazılı və ya bədii ifadə yolu ilə və ya seçdikləri digər üsullarla hər cür məlumat və fikir axtarmaq, yaymaq və yaymaq azadlığı daxildir.

  1. Bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə xüsusi vəzifə və məsuliyyət daşıyır. Buna görə də, qanunla müəyyən edilmiş və zəruri olan müəyyən məhdudiyyətlərə məruz qala bilər: a) başqalarının hüquqlarına və nüfuzuna hörmət etmək üçün, b) dövlət təhlükəsizliyinin, ictimai qaydanın, sağlamlığın və ya əhalinin mənəviyyatının qorunması üçün.

Maddə 20.1. Müharibə ilə bağlı hər cür təbliğat qanunla qadağan edilməlidir. 2. Ayrı-seçkiliyə, düşmənçiliyə və ya şiddətə təhrik edən milli, irqi və ya dini nifrət lehinə hər hansı bir çıxış qanunla qadağan edilməlidir.

Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi  üzrə Konvensiya

Maddə 10. İfadə azadlığı. 1. Hər kəsin fikirlərini sərbəst ifadə etmək hüququ vardır. Bu hüquqa fikir sərbəstliyi, dövlət orqanlarının və dövlət sərhədlərindən asılı olmayaraq heç bir müdaxilə etmədən məlumat və fikir almaq və yaymaq azadlığı daxildir. <…>.

  1. Vəzifə və məsuliyyət daşıyan bu azadlıqların həyata keçirilməsi nizamsızlığın və cinayətlərin qarşısını almaq, sağlamlığı və əxlaqı qorumaq, başqalarının nüfuzunu və ya hüquqlarını qorumaq, gizliliklə alınan məlumatların açıqlanmasının qarşısını almaq və ya məhkəmə hakimiyyətinin səlahiyyət və qərəzsizliyini təmin etmək üçün qanunla müəyyən edilmiş və demokratik bir cəmiyyətdə milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş baxımından zəruri olan bəzi rəsmiyyətlərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Avropa Birliyi də öz növbəsində nifrət nitqi ilə bağlı addımlar atıb. 1997-ci ildə Avropa Şurası Nazirlər Komitəsi, irqçilik, ksenofobiya və antisemitizmin yenidən canlandığını qeyd edərək, eyni zamanda ifadə azadlığının vacibliyini qəbul edərək, üzv dövlətlərin hökumətlərinə nifrət nitqi ilə mübarizə tədbirləri görmələrini tövsiyə edib (Tövsiyə, 1997). Hüquq professoru A.Cesisin fikrincə, indiki mərhələdə ayrı-seçkilik xarakterli bəyanatların ictimaiyyət arasında yayılmasını qadağan edən cinayət qanunlarının tətbiqi dünya demokratiyalarında ümumi bir tendensiyadır.

1948-ci ildə Ümumdünya İnsan Haqları Bəyannaməsinin (UHHR) qəbul edilməsi ilə BMT-yə üzv dövlətlər bütün insanların irqinə, etnik mənşəyinə, rənginə, dini mənsubiyyətinə, şəxsiyyətinə, cinsi oriyentasiyasına və s. fərq qoymadan azad doğulduqlarını, ləyaqət və hüquqlarına görə bərabər olduqlarını qəbul ediblər.

1948-ci ildə BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”nın 3-cü maddəsinə görə, soyqırım törətməyə birbaşa və kütləvi çağırış beynəlxalq qanunlara əsasən cinayət kimi cəzalandırılır. Dövlətlər bu cür cinayətlərin qarşısını almağı və cəzalandırmağı öz öhdələrinə götürürlər. Konvensiyada soyqırım dar mənada: milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən əməl kimi təsvir olunur (Maddə II).

Genosid konvensiyası qismən Beynəlxalq Hərbi (Nyunberq) Tribunalı əsasında qurulmuşdu [24].

Yuqoslaviya Beynəlxalq Tribunalı da eyni zamanda 3-cü maddəni müzakirə etmiş, lakin  “serb olmayan əhalinin qovulması və müharibəyə çağırış” ifadələri arasındakı səbəb və nəticə əlaqələrini qura bilməmişdi.

Elmi ədəbiyyat genosidi “sistematik və dövlətin əmrinə əsaslanan” hərəkət kimi fərqləndirsə də, ictimai qruplara qarşı ən çirkin təzahür də adlandırıla bilər. Genosid Konvensiyası ilə qorunan milli, etnik, irqi və dini qruplar bir çox cinayət məcəllələrində nifrət cinayətlərinə dair xüsusi statusa sahibdir.

1965-ci ildə qəbul edilmiş “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya”nın (ICERD) 4-cü və 6-cə maddələri bütün genişmiqyaslı ayrı-seçici nitq və fəaliyyətləri qadağan edir. Konvensiya həmçinin dövlətlərdən istənilən irqi, dini, etnik qrupa mənsubiyyəti ilə bağlı nifrət nitqinin dövlətlər tərəfindən cəzalandırılmasını tələb edir. Bundan əlavə, Konvensiya dövlətlərin irqi diskriminasiyaya qarşı cinayətlərin qarşısını almaq üçün möhkəm institusional və leqal bazaların yaratmalı olduqlarını vurğulayır.

1966-cı ildə qəbul edilmiş “Mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakt” (ICCPR)” (1976-cı ildə qüvvəyə minib), xüsusilə onun 19-cu maddəsi ilə birgə təfsir edilmiş 20-ci maddəsini “nifrət nitqinə” dair ən münasib beynəlxalq təminat hesab etmək olar. Baxmayaraq ki, onun tərifi kifayət qədər dar şəkildə (milli, irqi və ya dini nifrət) müəyyən edilmişdir. Nifrətin qəsdən və kütləvi şəkildə təbliği müdafiə olunan “nifrət”in ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa, yəni qanunsuz maddi hərəkətlərə təhrik etməməsi nəzərdə tutulur. Paktın 6-cı və 7-ci maddələri 26-cı maddə ilə yanaşı yaşamaq hüququnu əsas götürərək qəddarlıq, işgəncə, insanlığa sığmayan hərəkətləri qadağan edir və hakimiyyətlərə zərərçəkmişin hansı qrupa mənsub olmasından asılı olmayaraq substantiv hüquqlarını təmin etmək məsələsini öhdəlik kimi qoyur.

“Əlil Hüquqları Konvensiyasının” (CRPD) (2006-cı ildə qəbul edilmişdir) 16-cı maddəsində üzv dövlətlərdən əlilləri gender faktorundan asılı olmayaraq hər cür istismar, şiddət və sui-istifadə hallarından qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirmək öhdəliyini tələb edir.

Yuxarıda göstərilən beynəlxalq müqavilələrdən başqa, BMT çərçivəsində nifrət nitqinə qarşı həyata keçirilən müxtəlif debatlar və proqramlar da qeyd edilməlidir. XXI əsrdə baş verən böyük fikir ayrılıqlarından biri dini kimliklə bağlı ifadə azadlığı, küfr və nifrət nitqinin fərqləndirilməsi ilə bağlı idi. BMT-nin 16/18 saylı qətnaməsi bu ziddiyyəti həll etmək məqsədini daşıyırdı və “Rabat Fəaliyyət Planı” onun həyata keçirilməsinə rəhbərlik edəcək bir vasitə kimi hazırlanmışdı.

Rabat Fəaliyyət Planı etiraz, təhqiramiz, lakin cəzalandırılmayan ifadələr və qanunsuz olan nifrət ifadələri arasındakı hüdudların müəyyənləşdirilməsinə imkan verən, altı hissədən ibarət bir “test” mexanizmi təyin edir.

Altı amil bunlardır: 1. kontekst, 2.danışanın kimliyi, 3.niyyət, 4.məzmun və forma, 5.nitqin çatma dərəcəsi, 6.miqyası və zərər vurma ehtimalı. Rabat Fəaliyyət Planının xüsusi əhəmiyyəti,  onlayn danışığı nitqdən ayırmağı bacaran, daha yüksək sosial təsir göstərə bilən fərq amillərini qabartmasıdır.

2018-ci ildə BMT-nin baş katibi “BMT-nin nifrət nitqinə dair Strateji Fəaliyyət Planı”na start verdi. Təşəbbüs qlobal nifrət nitqinin yüksələn trendə çevrilməsinə və ölkələrdə mövcud olan demokratik dəyərləri təhdid etməyə başlamasına cavab idi. Strateji Fəaliyyət Planı heç bir qanuni nitq məhdudiyyətlərindən bəhs etmədən dözümsüzlüyə qarşı mübarizədə kompleks sosial və siyasi strategiyanı təmsil edən 13 əsas öhdəliyi müəyyənləşdirdi. Strateji plan tədqiqat və məlumat təhlili yolu ilə səbəbləri axtarmağa, məlumat yaymaq və strateji ünsiyyət, habelə təbliğat şəklində əks nitq tətbiq etməyə əsaslanır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) nifrət cinayətlərinə xüsusi diqqət ayırır. ATƏT DTİHB nifrət cinayətləri ilə mübarizə üzrə milli dayaqları, sivil toplum təşkilatları və beynəlxalq təşkilatlarla birlikdə iştirakçı dövlətlərə nifrət cinayətlərinə təsirli şəkildə baxan qanun layihələri və ədalət sistemlərinin hazırlanmasında kömək edir. Dövlət məmurları, QHT və beynəlxalq təşkilatlar arasında nifrət cinayətləri barədə məlumatlılığı artırır və nifrət cinayətlərinin izlənilməsində və bildirilməsində vətəndaş cəmiyyətini dəstəkləyir.

Avropa İnsan Haqları Məhkəməsi  (AİHM) və nifrət nitqi

İfadə azadlığı, xüsusilə siyasi ifadə azadlığı demokratiyanın təməl daşıdır. Lakin onun da məhdudiyyətləri var. Məhdudiyyətlər barədə qərar vermək hər bir halda risk altındakı hüquqların diqqətlə tarazlaşdırılmasına ehtiyac yaradır. AİHM-də nitq məhdudiyyətlərinin müxtəlif formaları ilə bağlı aydın və fərqli bir məhkəmə qaydaları mövcuddur, lakin nifrət nitqi üçün bunların rəhbər prinsiplərini aydınlaşdırmaq sahəsində hələ də boşluqlar var.

Avropa Şurası (AŞ) nifrət dili haqqında

Avropa qitəsi üçün ən vacib insan hüquqları sənədi olan 1950-ci ilin Avropa İnsan Hüquqları Konvensiyasından əlavə ətraflı araşdırmadan sonra AŞ ölkələri xüsusi qorunan əsaslarla bir sıra digər konvensiyalar qəbul etdilər. 1994-cü ildə “Milli azlıqların qorunması üzrə Çərçivə Konvensiyasının (FCNM)” 4-cü maddəsində ayrı-seçkilik qadağan edilir. Tərəflər milli azlıqlara mənsub şəxslərə qanun qarşısında bərabərlik və qanunun bərabər qorunması hüququnu təmin etməyi öhdəsinə götürürlər. 6-cı maddəyə uyğun olaraq, Tərəflər mədəniyyətlərarası dialoqu təşviq edir və etnik, mədəni, dil və ya dini kimliklərinə görə təhdid və ya ayrı-seçkilik, düşmənçilik və ya şiddətə məruz qalan şəxsləri qorumaq üçün müvafiq tədbirlər görürlər. 9-cu maddədə ayrıca ifadə və çıxış etmək azadlığı elan edilir. FCNM qərəzli motivasiya edilmiş davranışlara qarşı mübarizə yollarını axtaran deyil, mediada nifrət nitqinin qarşısının alınmasına da diqqət yetirən vasitələrdən biridir.

1989-cu ildə qəbul edilmiş “Avropa Sərhədsiz Televiziya Konvensiyası”nın 7 (1) b bəndində insan ləyaqətinə hörmət və nifrət təhrikinin qadağan edilməsinin zəruriliyindən bəhs olunur.

2003-cü ildə qəbul edilmiş “Kibercinayətlərə dair Konvensiyanın Əlavə Protokolu” irqçi və ksenofobik materialların yayılması, irqçi və ksenofobik motivasiya ilə təhdid, eyni şəkildə təhqir və inkar, kobud bir şəkildə irqçi və ksenofob təbiətdə törədilən cinayətlərin cinayət məsuliyyətini uyğunlaşdırmağı, soyqırımın və insanlığa qarşı cinayətlərin (Maddə 3, 4, 5, 6) minimuma endirilməsi, təsdiqi və ya əsaslandırılmasını hədəfləyir. Lakin 9 üzv dövlət protokolu şərtlərlə, 3-ü isə mətnin şərhini daraldan bəyannamələrlə imzalayıb [20].

Avropa Şurası (AŞ) nifrət nitqinin rəsmi tərifini qəbul edən ilk və yeganə beynəlxalq hökumətlərarası təşkilat olduğunu, beynəlxalq insan hüquqları sənədlərində rəsmi olaraq razılaşdırılmış bir tərif olmadığını iddia edir. AŞ Nazirlər Komitəsinə görə, nifrət nitqi, irqçiliyi, ksenofobiyanı, antisemitizmi və ya dözümsüzlüyə əsaslanan digər nifrəti yayan, təhrik edən, təşviq edən və ya əsaslandıran bütün ifadələri, o cümlədən təcavüzkar millətçilik və etnosentrizm, ayrı-seçkilik, azlıqlara, miqrantlara və immiqrant mənşəli insanlara qarşı düşmənçiliyi özündə ehtiva edir [16].

AŞ Nazirlər Komitəsi əvvəlcə nifrət nitqinə dair R (97) 20 nömrəli Tövsiyəsində, media və tolerantlıq mədəniyyətinin təbliği ilə əlaqədar R (97) 21 saylı Tövsiyəsində dəfələrlə nifrət nitqinə müraciət etmişdir. R (97) 20 saylı Tövsiyənin 1-ci Prinsipi “üzv dövlətlərin, dövlət orqanlarının, milli, regional və yerli səviyyələrdə dövlət qurumlarının, habelə vəzifəli şəxslərin, məqbul bir şəkildə nifrət nitqi kimi başa düşülə bilən mediaya bu cür ifadələr meydana çıxdıqda […] açıq şəkildə inkar edilməlidir” dedi. Bu həm də nifrət nitqinə qarşı tətbiq edilməli olan hüquqi vasitələrin müxtəlifliyinə də aiddir (mülki, cinayət və inzibati hüquq müddəaları, Prinsip 2). 3-cü prinsipə əsasən ifadə azadlığının hər hansı bir məhdudlaşdırılması və ya müdaxiləsi müstəqil məhkəmə nəzarətinə tabe olmalıdır”, hansı ki bu daha çox sosial medianın tənzimlənməsi ilə əlaqəlidir.

R (97) 21 saylı Tövsiyə media sənayesi aktorları üçün yaxşı təcrübələr təklif etmək, mediada nifrət nitqini aradan qaldırmaq və qarşısını almaq üçün təklif edilmişdi. İlk növbədə nifrət nitqinin qarşısının alınmasına yönəlmişdi və praktik olaraq əks-cavab nitqindən bəhs etməmişdi [30].

Beynəlxalq standartlar

Nifrət təhrikinin cinayət qanunları ilə qadağan edilməsinə ehtiyac olduğu barədə qlobal miqyasda yekdil fikir birliyi var. İrqi Ayrı-seçkiliyin Ləğvi Komitəsi (ECRI) qadağan edilməli olduğu məsləhət görülən nifrət nitqi hallarının geniş spektrinə malikdir. Baxmayaraq ki, onun əsas məqsədi diksriminativ fəaliyyətlərə qarşı yönəlib. ECRI nifrət nitqinin spesifik aspektləri və bununla necə mübarizə aparılması barədə bir sıra faydalı tövsiyələr verib. Təşkilatın digər beynəlxalq qurumlar tərəfindən həyata keçirilən son fəaliyyətləri və yumşaq hüquqi mexanizmləri siyasi məkanda nifrət nitqinin artması ilə bağlı narahatlığı ifadə edir [7].

“Bir çox parlamentlərdə nümayəndələr və eyni zamanda siyasətçilər tərəfindən qaba, senzuradankənar dilin işlədilməsinin getdikcə təhqiredici və dözümsüz bir ictimai müzakirələrə yol açdığı aşkar edilmişdir. Bəzi yüksək səviyyəli siyasətçilərin bəyanatlarında nifrət nitqindən istifadə edilməsinə mane olmadığı üçün bu cür danışıqlar daha da artmışdır” [7].

AİHM nifrət nitqinə dair mühakimələrində “sözçü-natiq” (spiker) amilinə və nitqin kontekstinə xüsusi diqqət yetirir. Bir futbolçu, müəllim və ya siyasətçinin – cəmiyyətdə nümunə olan şəxslərin irqi ayrı-seçkiliyi istifadə etməsinin və ya müdafiə etməkdən çəkinməsinin əsas vəzifə borcları olduğu dəfələrlə elan edilib.

Hüquq fəlsəfəsində nifrət nitqi işığında ifadə azadlığının sərhədləri barədə diskussiya aparılır. Alternativ bir fikir budur ki, nifrət nitqinin potensial effekti araşdırılmadan hüquqi addımların tətbiqi mümkün olmalıdır. Çünki hədəfə alınan şəxslərin ləyaqəti mücərrəd şəkildə zədələnir və cəmiyyətdəki sosial bərabərliyi və qarşılıqlı inamı pozulur [44].

Digər mövqelər bundan ibarətdir ki, uzunmüddətli sabitlik və demokratiya nifrət nitqinə qarşı real sosial hərəkatlarla mübarizə aparmalıdır. Çünki bununla bağlı kifayət qədər “hüquqi, institusional, təhsil və maddi mənbələr mövcuddur və eyni zamanda həssas insanları, şiddət və ya ayrı-seçkiliyə məruz qalan qrupları qorumaq üçün lazımi səviyyədə təchiz olunur.”

Bununla yanaşı, tədqiqatın nəticələri AB-yə üzv dövlətlərin hamısının bu ölkələr qrupuna aid olacağı ehtimalını dəstəkləmir. Belə ki, nifrət məzmunlu çıxışları səsləndirənlərin mühüm siyasi, iqtisadi və media gücünə sahib olduqları məlumdur. Siyasətçilər, ictimai xadimlər, digər nüfuzlu şəxslər, şou-biznes ulduzları və rol modelləri tərəfindən ifadə edilən nifrət nitqinin təsir etmək şansının, cəmiyyətin adi üzvləri ilə müqayisədə daha yüksək olduğu artıq qəbul edilmişdir. Liberal siyasi hərəkatlar, azadlıq, bərabərlik və qanunun aliliyi duyğusal, emosional narrativlər -hekayələr vasitəsilə də təbliğ oluna bilər. Nifrət əleyhinə formalaşdırılan narrativlər sosial birliyi möhkəmləndirmək üçün bir vasitə kimi dəyərləndirilməlidir. Saxta inancları, nifrət arxasındakı qorxu və narahatlıqları formalaşdıran “nifrət narrativlərini” aradan qaldırmaqda xoşməramlı, dözümlülüyü təşviq edən narrativlərin önəmli rolu var.

Polşa və Macarıstanda milli və dini çoxluqların açıq şəkildə qorunması vurğulanır, dövlət məmurlarına problemə həssaslıqla yanaşılması ilə bağlı tələblər irəli sürülmür. Almaniya, İtaliya və Maltada dövlət məmurları həddindən artıq siyasi fəaliyyətdən və irqçilikdən çəkinmək üçün, ya “dövlət məmurları, ya statuslarını tənzimləyən qanunun bir hissəsi olaraq” (Almaniya), ya “ayrı bir cinayət olaraq” (Malta) və ya “nifrəti təhrik edən ağırlaşdırıcı hal kimi” (İtaliya) daha yüksək vəzifə həddinə sahibdirlər. Bundan əlavə, Malta məhkəmələri nitqin potensial təsirini artıran bir amil kimi “natiq” amilinin təsirini qəbul edir.

Polşada irqi, dini təhqir və prezidentin təhqir olunması cinayət sayılır. Almaniyada irqi motivlə təhqirə qarşı ümumi təhqir müddəasının tətbiq oluna biləcəyi istisna olmaqla, irqi təhqir cinayət hesab olunmur. Üzv dövlətlər nifrətə təhrik etmə cinayətini qurmaq üçün ya bir niyyət və ya təsir tələb edirlər. Bütün əyalətlərdəki məhkəmələr azad nitqin qorunmasını dərk edir və nifrət nitqi müddəalarını dar mənada şərh edirlər.

Almaniya (və Fransa) xaricində sosial media tənzimləməyə tabe deyil. Müxtəlif subyektlər və məhkəmələr mövcud tənzimləmə qaydalarına etibar edir. Sözügedən sahədə məlumatların az olması araşdırılan ölkələrdə ümumi problemdir. Müvafiq sahədə hesabatlılıqdan əlavə, müxtəlif maneələr cinayət prosesinin bütün mərhələlərində prosedurların uğurla başa çatmasına mane olur. Onlayn nifrət nitqi üçün qeyri-kafi rəqəmsal savadlılıq da öz təsirini göstərir. Məhkəmə hüququnun uyğunsuzluğu, yanlış şərhetmələr, irqi qərəz və ya hətta institusional ayrı-seçkilik daha çox problem olaraq xatırlanır.

İctimai sahədə mediada bəzi məqamlarda nifrət nitqinin yayılmasını araşdırarkən belə bir nəticəyə gəlmək olar ki, nifrət nitqi ümumilikdə mətbuatda olduğundan daha çox siyasi sferada yayılmışdır.

Cinayət məzmunlu nifrət nitqi sosial mediada və onlayn şərhlərdə, əsasən siyasətçilərin nitqlərində müşahidə edilir. Ayrı-seçkilik ifadə edən siyasi ritorika ən çox miqrantlara və cinsi azlıqlara, qismən də etnik azlıqlara münasibətdə tətbiq edilir.

Nifrət cinayəti prosedurlarının effektivlik dərəcəsini araşdırarkən, vətəndaş cəmiyyətinə də etibar edilməli olduğu qənaətinə gəlmək lazımdır.

Əks-arqumentin (counter-speech) QHT-lər sayəsində ilk növbədə üçüncü sektorda təbliği nəticə verə bilər. Almaniya və İtaliyada bu fəaliyyət hökumətin rəsmi siyasəti tərəfindən dəstəklənir. Bundan fərqli olaraq, Polşa və Macarıstanda QHT-lərə maneə törədilir və ya onlar hətta təzyiqə məruz qalırlar.

Almaniyada, İsveçdə vətəndaş cəmiyyətinin təşəbbüsü ilə yaradılan və inkişaf etdirilən müsbət təcrübələr var. Məsələn, əvvəlcə İsveçdə yaradılan “İchbinhier” – “Mən buradayam” layihəsi  hal-hazırda Almaniyada sosial mediada irqçiliyə qarşı mübarizə aparmaq üçün sayı 30.000 olan könüllü vətəndaşı cəlb edib.

Vətəndaş fəallarının, məsələn, “whistle blowers” – “xəbərçilər” adlanan şəxslərin tez-tez mövqelərinə görə şifahi və ya hətta fiziki təzyiqlərə məruz qalması halları baş verir. Bu cür hücumlar ya hüquq-mühafizə orqanları tərəfindən, ya da onları görməzdən gələn, hətta təsdiqləyən / əsaslandıran siyasi ritorika ilə nəticəsiz qaldıqda, “sükut-qorxu spiralı” (Elizabet Noel-Noyman) vəziyyəti formalaşır. Bu vəziyyət isə ictimai iştirakçılığa mənfi təsir göstərir və zorakı/nifrət nitqləri getdikcə daha çox nəzərə çarpır.

ECRI-nin yuxarıda adı çəkilən araşdırmasında üzv dövlətlər üçün bir sıra Tövsiyələr də nəzərdə tutulub. Tövsiyələrdə qeyd olunur ki, Avropa Birliyi insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi və insan haqlarına hörmət, azlıqlara mənsub şəxslərin hüquqları da daxil olmaqla hörmət dəyərlərinə əsaslanan bir toplum olaraq (Maddə 2 TEU) nifrət sözü əleyhinə çıxmalı və nifrət cinayətlərinə qarşı hərəkət etməlidir

Qərəzli motivli hərəkətlərə qarşı mübarizə müvafiq olaraq iki kateqoriyada qruplaşdırıla bilər: əks nitq (counter-speech) və əks-tədbir (counteraction). Hər ikisi də nifrət nitqi və nifrət cinayətinin ictimai fenomen olduğunu, qanuni tənzimləmə və qanunun tətbiq edilməsinin yalnız aysberqin bir tərəfi olduğunu nəzərə alır.

Uzunmüddətli və möhkəm inkişaf üçün əsas tənzimlənməli olan amillər:

  • sosial etibarsızlıq, bərabərsizlik və yoxsulluq;
  • risk üzərində qurulmuş cəmiyyətimizdəki müxtəlif qorxular;
  • qeyri-bərabər təhsil;
  • hüquq-mühafizə sisteminin zəifliyi;
  • populist siyasi ritorika.
  1. Qlobal pandemiya (COVID-19) dövründə nifrət nitqinin daha da yayılması

2020-ci ilin yazında COVID-19-un yayılması zamanı aparılan araşdırmalara əsasən dövlətlər konstitusiyalarında əksini tapan hüquq və azadlıqlardan uzaqlaşaraq vətəndaşlarının, sakinlərinin və əcnəbilərin hüquq və azadlıqlarını məhdudlaşdırdılar.

Qanunun aliliyi baxımından təhlükəli olan, demokratiyanın təbiətinə yad olan pandemiya mühitində karantin tədbirləri ilə insan hüquqlarının da pozulması labüd prosesə çevrildi.

Bəşər tarixində pandemiyalar mütəmadi olaraq dövlət və cəmiyyətlərdə insan haqlarının üzləşdiyi vəziyyətləri ortaya çıxarıb, mövcud problemlərin və sosial gərginliyin daha da artmasını aydın göstərib. Tarix boyu epidemiyalar zamanı “günah keçiləri” axtarılıb, cəmiyyətin gərginlik və qəzəbi onlara yönəldilib. Orta əsrlərdə və yeni dövrdə həkimlər və tibb bacıları vəba xəstəliyinin qarşısının alınmasında aciz qaldıqları üçün günahlandırılırdılar. 1500-cü illərdə Avropada və Asiya qitəsində ksenofobiya və irqi təəssübkeşlik dalğasının artması yoluxucu xəstəliklərin baş verməsi ilə əlaqələndirilirdi. Həmin dövrdə xəstəliyin bürüdüyü ölkələr baş verənlərin səbəbkarı kimi qonşu ölkələri və ya düşmənlərini günahlandırırdı.

COVID-19 pandemiyası da istisna olmadı. O yalnız milyonlarla insan həyatının itirilməsinə səbəb olmadı, həm də mövcud problemləri bütün dərinliyi ilə aşkara çıxardı, gücləndirdi, eləcə də həssas və imkansız təbəqələrə olduğu kimi, zəif ölkələrə də daha çox zərbə vurdu.

Reallıqda mənşəyi dəqiq izlənilməyən və elm adamlarının çarə tapa bilmədikləri kifayət qədər xəstəlik var. Bir-birinə zidd olan, qeyri-müəyyən elmi dəlillər postmodern dünyanın bir xüsusiyyətidir, lakin onlardan irəli gələn etibarsızlıq, dövlətlər tərəfindən təsnif edilən və ya gizlədilən məlumatlarla bir araya gələrək günahkarlığa əlverişli zəmin təklif edir. Xüsusilə də konspiroloji nəzəriyyələrin olduqca sürətlə yayılması son pandemiya dövründə görünməmiş miqyas aldı.

COVID-19 dünya miqyasında yayılan nifrəti artırdı, yəhudi, çinli və ya amerikan elitasının məsuliyyəti ilə bağlı fantastik konspiroliji (sui-qəsd) nəzəriyyələrinə səbəb oldu. Yaşlılar və ya xəstələr kimi yeni günahkar axtarışlarını formalaşdırdı. Ənənəvi olaraq qorunan qruplar arasında ilk növbədə yəhudi icmasının adı çəkilməlidir. Orta əsr taunu dövründə xəstəliyin yəhudilər tərəfindən qəsdən quyudan zəhərlənmə yolu ilə yayıldığı sui-qəsd nəzəriyyəsinə əsaslanaraq talanlar təşkil edildi. Orta əsrlərin absurd iddialarını əks etdirərək, 2020-ci ildə sui-qəsd nəzəriyyələri yəhudilərin maddi maraqlar üçün virusu necə icad etdikləri və ya yaydıqları barədə şayiələr sürətlə yayılmağa başladı. Əsas məqsədi guya hökumətin pandemiyaya nəzarəti ələ keçirməsinə qarşı etiraz məqsədi daşıyan nümayişlər alman radikalları tərəfindən antisemitizm nümayiş etdirmək və ya neo-nasist ideologiyasını dəstəkləmək üçün sui-istifadə edildi. Virusun Çinin Uhan şəhərindən dünyaya yayılması səbəbindən onun Asiya mənşəli olduğu üçün asiyalılar pandemiyanın baş verməsində və virusun yayılmasında günahlandırıldı [23].

COVID-19 sayəsində yeni ksenofobiya təzahürləri – etnik nifrət halları da yüksəldi. Məsələn, Avstriyanın Styria Ayrı-seçkiliklə Mübarizə İdarəsinin təhlilində nifrət nitqi əleyhinə olan “Ban Hate” texnoloji tətbiqinə əsasən, virusun yayılmasında qaçqınları günahlandıran postlarda artım olduğu bildirildi.

Pandemiya dövründə qaraçılara (roman etnik azlıqlara) hücum edildiyi, üzərlərinə zibil atıldığı və s. məlumatlar ksenofobiyanın təsirini, irqçi təhqirlərin səslənməsini aydın göstərdi.

BMT-nin azlıq məsələləri üzrə xüsusi məruzəçisi Fernand de Varennes qaraçılara qarşı nifrət nitqinin artdığını və iddia edilən qoruma tədbirlərinə hörmət etmədikləri üçün günahlandırıldıqlarını bildirdi.

Yalnız sağlamlıq, təhlükəsizlik, humanitar, sosial, təhsil və iqtisadi tədbirlər, dezinformasiyaya qarşı səmərəli mübarizə ilə yanaşı nifrət nitqinə qarşı razı salma və bunun nəticəsində nifrət cinayətləri ilə əlaqədar cəza tədbirlərinin icrası da nifrət nitqi ilə mübarizə prosesinə lazımi dəyişiklikləri gətirə bilər. COVID-19 haqqında məlumat verən jurnalistlər də nifrət nitqi hallarını müşahidə etdiklərini bildiriblər. Onlar xəbərləri hazırlayarkən yalnız həbs və ya ittiham, məlumat əldə etmə məhdudiyyəti və senzuraya məruz qalmayıb, həm də pandemiya haqqında mediaya məlumat verərkən şifahi və fiziki hücumlara məruz qaldıqlarını açıqlayıblar.

COVID-19 dövründə ənənəvi olaraq adi hallarda qərəzli cinayətlərə daha az məruz qalan digər həssas əhali qrupları da sağlamlıq böhranı üzündən hədəfə gəlib. Məsələn, Latviya İnsan Haqları Mərkəzi xaricdən repatriasiya edən latviyalılara qarşı nifrət nitqinin artdığını bildirib.

Digər bir gərginlik Macarıstanın paytaxtı Budapeştdə və başqa bölgələrində əhali ilə bağlı müşahidə edilib. Paytaxt Budapeştdə yaşayanların intizamsız olduqlarını və həftə sonu evlərinə – əsasən Balaton gölündəki evlərinə getməsi nəticəsində başqalarını yoluxdurduğunu iddia edən əhalinin bir qismi “qaydalara əməl etməyən qonşularına” hücum və təzyiqlər ediblər: “Macarıstanda karantində olan şəxslər başqalarının (rəsmi şəxslər istisna olmaqla) evə daxil olmasını qadağan etmək məqsədilə qapılarından qırmızı lövhə asmalı idilər. Buna əməl etməyən şəxslər qonşularının hücum və təzyiqlərinə məruz qalırdı. Evin və ya məcburi karantin müddətinin təhlükəsizliyini təmin etmək üçün polis müdaxiləsi qaçınılmaz idi” [15].

Digər bir misal, Fransada başladılan və Avropanın hər tərəfinə yayıldığı bildirilən, “#JeNeSuisPasUnVirus (Mən virus deyiləm)” həştəg hərəkatı, qərəz, nifrət və qərəzli cinayətlərin çoxalmasının qurbanı olan azlıq vətəndaşlarının artan məyusluğunu özündə əks etdirdi. Hərəkat qanunun nifrət elementli bu hadisələrə qarşı durmalı olduğunu, humanist və rasional dövlət siyasəti əsasında qisasçılıq, dözümsüzlük, qəddarlıq və məlumatsızlıq-maarifsizlik nəticəsində təcavüzün qarşısını almağa qadir olmasını təbliğ edib. Həmçinin hərəkat, digər tərəfdən, pandemiya ilə mübarizə istiqamətində “məlumatlandırma sahəsində şəffaflığın təmin edilməsini, məmurların  aydın, əlçatan, ardıcıl, düzgün və davamlı xəbərlərin verilməsini vacib hesab edib. Virusla bağlı saxta məlumatlrın (fake xəbərlərin) yayılması ilə mübarizə aparmaq, hüquqi mexanizmləri və hökumətin fəaliyyətinin şəffaflığını təmin etmək vahid yanaşmanı təşkil etməlidir. Aşkarlıq və davamlı mütəxəssis tövsiyələrinə əsaslanan güclü fərdi sosial məsuliyyətin formalaşdırılması ilə   hökumətin fəaliyyətində şəffaflıq son nəticədə ən müsbət nəticələrə gətirib çıxara bilər”. İlkin şərt olaraq, dövlət dözümsüzlüyə imkan verməməlidir [21].

Hazırda nifrət dilini məhdudlaşdıran qanunvericiliyin tətbiqi demokratiyanın yeni tendensiyasına çevrilib. Qanun qəbul edən ölkələr Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Kipr, Danimarka, İngiltərə, Fransa, Almaniya, Hindistan, İsrail, İtaliya, İsveç, İsveçrə və s.-dir. Bu dövlətlər tərəfindən qəbul edilmiş qanunlara görə, “içində zorakılığa çağırış olmayan nifrət nitqlərinin qadağan olunması ifadə azadlığına toxuna bilər.”

  1. Sosial mediada nifrət nitqi: qlobal müqayisələr

BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi Devid Key qeyd edir ki, “internetdə yer alan nifrət nitqi zərərsiz sayıla bilməz. Hökumətlər və özəl sektor internetdə nifrət nitqi ilə mübarizə aparmaq üçün təsirli tədbirlər görmürlər. Bu səbəbdən də nifrət nitqi tədricən müasir dövrün ən böyük problemi olan “saxta (feyk) xəbər”dən daha qorxulu bir fenomen halına gələ bilər. Onlayn nifrət nitqi sadəcə internetdə olduğu üçün zərərsiz hesab edilə bilməz. Əksinə, virtual məkanda nifrət nitqi böyük bir sürətlə yayılır və bu, reallıqda ciddi nəticələrə səbəb ola bilər. Demək olar ki, nifrət nitqindən həmişə istifadə etməkdə məqsəd başqalarını susdurmaqdır. Məsələ bu fenomenlə mübarizə aparıb-aparmamaqda deyil. Məsələ ondadır ki, insan haqlarını pozmadan bunu necə edə bilərik. Hüquq müdafiəçisi bu gün nifrət nitqi ilə bağlı hesabatını təqdim etdi. O, ölkələri ayrı-seçkiliyə, düşmənçiliyə və şiddətə təhrik edilməsinin qarşısını almaq üçün Rabat Fəaliyyət Planı da daxil olmaqla əsas beynəlxalq insan haqları sənədlərinə müraciət etməyə çağırıb [48].

Onu da əlavə edək ki, BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi müxtəlif ölkələrin dəvəti ilə səfərlər edir və nifrət nitqi ilə bağlı məruzələr hazırlayır. Səfərlər ancaq rəsmi dəvət əsasında reallaşır. Sonuncu dəfə Devid Key Tacikistana dəvət edilib və məruzə hazırlayıb.

Qeyd edildiyi kimi, onlayn internet məkanında, sosial şəbəkələrdə nifrət nitqi məzmunlu şiddət dünyada getdikcə artmaqdadır. Bu, qlobal trendə çevrilən proseslərlə qarşılaşan cəmiyyətlərin geniş istifadə olunan texnoloji platformalarda söz və senzuraya dair məsələlərlə ciddi məşğul olmasını gündəmə gətirib.

Miqrantlara və digər azlıqlara qarşı çoxsaylı hücumlar, ksenofob, islamofob və s. qrupların internetdə nifrət nitqi əsaslı kontenti və zorakı hərəkətlər arasındakı əlaqələr yeni narahatlıqlar yaradır. Analitiklər dünyadakı nifrət cinayətləri meyillərinin siyasi mühitdəki dəyişiklikləri əks etdirdiyini və sosial medianın nifaqı daha da artırdığını müşahidə edirlər. “Saxta xəbərlər” (“fake news”) adlanan sosial şəbəkə fenomeni ən ifrat dərəcədə, virtual məkanda şayiələr, böhtan və s. məzmunlar informasiya müharibəsindən, ayrı-ayrı şəxsləri linç etməkdən tutmuş etnik təmizləməyə qədər təzahürlərə yol aça biləcək şiddət hallarına səbəb oldu.

Xüsusilə vurğulanmalıdır ki, internetdə senzuranın nə üçün və necə ediləcəyinə qərar vermək vəzifəsi, dünya əhalisinin mütləq əksəriyyətinin üzərində ünsiyyət qurduğu platformaları idarə edən bir neçə şirkətin əlinə keçməsi vəziyyəti mürəkkəbləşdirib. Bu şirkətlər öz daxili qanunları ilə məhdudlaşır. Liberal demokratiyalarda bu qanunlar ayrı-seçkiliyi aradan qaldırmağa və azlıqlara qarşı zorakılığın qarşısını almağa xidmət edə bilər. Eyni zamanda, bu cür qanunlar azlıqları və müxalif qrupları ört-basdır etmək üçün də istifadə edilə bilər.

Hazırda dünyada insanların əksəriyyəti sosial şəbəkələr üzərindən əlaqə qurur, planet əhalisinin təxminən üçdə biri yalnız Facebookda aktivdir. Mütəxəssislər getdikcə daha çox insanın internetdən istifadə etməsindən sonra irqçiliyə, fobiyalara və s. dözümsüzlük hallarına daha çox rast gəlindiyini qeyd edirlər. Sosial media platformaları da zorakı aktorlara hərəkətlərini tanıtmaq imkanını təqdim edir.

Zaxari Laub “Sosial mediada nifrət nitqi” adlı araşdırmasında qeyd edir: “Pyu” Araşdırmalar Mərkəzinin (Pew Research Center) 2019-cu ildə keçirdiyi sorğuya görə, “insanlar açıq şəkildə azlıq qruplarına qarşı təhqiramiz açıqlamalar verə bilərlər” fikrinə müsbət yanaşanların sayı hələ də çoxdur. Burada ifadə azadlığı və nifrət dilinin məhdudlaşdırılması arasında mövcud olan kövrək sərhəd özünü göstərir. Qeyd edilən fikirlə razı olanların ən yüksək faizini (67%) ABŞ əhalisi təşkil edir [34].

Həmçinin “Pyu” Araşdırmalar Mərkəzinin 2015-ci ildə apardığı digər araşdırmaya görə, “millenialların” 40%-i əksinə ifadələrin məhdudlaşdırılmalı olduğunu dəstəkləyir. Milleniallar (Millennials-Generation Y), yaxud Y nəsli 1985-2004-cü il təvəllüdlü insanlardır. Millenniallara  görə, insanları birləşdirən əsas amil yaş deyil, dəyərlərdir [34].

Sosial tədqiqatlarda onlayn şəbəkədəki kontent və digər danışıqların şiddət hərəkətlərinə necə təhrik edəcəyi araşdırılıb, aşağıdakı təzahürlər qeyd edilib:

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” Partiyası tərəfindən qaçqınlara qarşı Facebook paylaşımları ilə qaçqınlara edilən hücumlar arasında bir əlaqə aşkar edilib. Törədilən yanğın və basqın kimi hücumlardakı qarmaqarışıqlıq nifrət məzmunlu sosial şəbəkə postlarında öz əksini tapıb.

Almaniya qanunverici orqanı onlayn nifrət nitqi və nifrət cinayətləri ilə mübarizə məqsədi daşıyan prosesi başa çatdırıb. 2020-ci ildə hazırlanan qanun layihəsi bir ay əvvəl Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya zidd elan edilmiş qanuna bənzər müddəaları ehtiva etdiyi üçün Federal Prezident tərəfindən imzalanmamışdı. 2021-ci ilin əvvəlində qanuna lazımi dəyişikliklər edildi, mart ayında yekunlaşdırıldı. Qanun 3 aprel 2021-ci ildə qüvvəyə mindi [14].

Almaniyada qəbul edilən yeni qanunvericilik aktı son illərdə siyasətçilərə qarşı baş verən nirfət əsaslı şifahi və fiziki hücumlardan qaynaqlanmışdı. 1 iyun 2019-cu il tarixində Kassel bölgəsinin rəhbəri Yoalter Lübcke evinin eyvanında vuruldu. Lübcke qaçqınlarla əlaqəli tolerant fikirləri ilə tanınırdı və sosial mediada şifahi hücumlara və təhdidlərə məruz qalmışdı. Onun ölümü müasir Almaniyada ilk siyasi motivli qətl kimi qəbul edildi. lakin Lübcke qaçqın siyasətinə görə şiddətə məruz qalan ilk alman siyasətçi deyildi. Bələdiyyə sədrləri Andreas Hollstein və Henriette Reker 2015-ci və 2017 illərdə bıçaqlı hücumlardan xilas ola bilmişdilər. Hər iki halda cinayətlərin siyasi motivli, cinayətkarların isə ksenofob sağ ekstremistlər olması sübuta yetirildi.

Amerika Birləşmiş Ştatlarında son zamanlarda ağ irqçilik (whitw suprematist) hücumlarını həyata keçirənlər irqçi icmalar arasında onlayn olaraq yayıldı. Onlar özlərini tanıtmaq üçün sosial mediaya axın ediblər. Prokurorlar 2015-ci ilin iyun ayında doqquz qaradərili din xadimini və ibadət edənləri öldürən Çarleston kilsə qətliamının, ağ irqçilik üzərində hədəfin şiddətli hərəkət tələb etdiyinə inandığına görə internetdə “özünütəbliğ”lə məşğul olduğunu söylədi.

2018-ci ildə baş verən Pitsburq sinaqoqunun qatili qeyri-ciddi qaydaları olan və bununla böyük platformalardan çıxarılmış ekstremistləri özünə cəlb edən “Gab” adlı sosial media şəbəkəsinin iştirakçısı idi. Qatil qaçqın yönümlü Şabbat xidmətində 11 ibadətçini qətlə yetirməmişdən əvvəl burada yəhudilərin miqrantları ABŞ-a gətirməsi, onun “ağ” əhalisinin sayını azaltmaq istəməsi kimi konspirasiya nəzəriyyələrini irəli sürmüşdü. Həmin “böyük əvəzetmə” metaforası bir il öncə Virciniya ştatının Şarlottesvill şəhərində keçirilən yürüşdə ilk dəfə eşidilmişdi, fransız ifrat sağçıların ideyalarına əsaslanaraq ağ olmayan əhali barədə demoqrafik narahatlıqları və doğum səviyyəsinin aşağı enməsi haqqında fikirləri təmsil edir.

“Böyük əvəzetmə” ideyası qırx doqquz müsəlmanı namaz qılarkən qətlə yetirən və hücumu YouTube-da yayımlamağa çalışan 2019-cu ildə Yeni Zelandiya məscidində cinayət törədən şəxs tərəfindən də dəstəklənmişdi.

Myanmarda hərbi liderlər və buddist millətçilər etnik təmizləmə kampaniyası öncəsi və bu müddət ərzində Rohingya müsəlman azlığını ləkələmək və demonizasiya (iblisləşdirmək) üçün sosial mediadan istifadə etdilər. Rohingya əhalinin, bəlkə, yüzdə 2-sini təşkil etsə də, etnik millətçilər Rohingyanın buddist əksəriyyəti tezliklə əvəz edəcəyini iddia edirdilər.

BMT-nin araşdırma missiyası qeyd etdi ki, “Əksər istifadəçilər üçün Facebook İnternet məkanında  nifrət yaymaq istəyənlər üçün faydalı bir vasitəyə çevrilib” [26].

Hindistanda bir çox hallarda WhatsApp qruplarındakı şayiələrdən qaynaqlanan linç dəstələri və digər ictimai şiddət növləri, 2014-cü ildə Hindu-millətçi Bharatiya Janata Partiyası (BJP) hakimiyyətə gəldikdən sonra artmaqdadır.

Şri-Lanka da eyni şəkildə Tamil müsəlman azlığını hədəf alan, internetdə yayılan şayiələrdən ilhamlanan hərəkat fəaliyyət göstərir. 2018-ci ilin mart ayında baş verən şiddət hadisələri zamanı hökumət Facebook və WhatsApp-a, habelə Viberə girişi bir həftə müddətində qadağan etdi. Səbəb olaraq Facebookun fövqəladə vəziyyət zamanı yetərincə reaksiya göstərmədiyi bildirildi.

Sosial media nifrət cinayətlərini körükləyir. Sosial media demokratiya fəallarını motivasiya etməsinə imkan verən eyni texnologiya, təşkilat və işə cəlb etmək istəyən nifrət qrupları tərəfindən istifadə edilə bilər. Bu həm də konspirasiya nəzəriyələri də daxil olmaqla innovativ saytların əsas oxucu auditoriyasından daha geniş auditoriyaya çatmasına imkan verir. Məlumdur ki, onlayn platformaların iş modelləri oxu və baxış vaxtlarını maksimuma çatdırmaqdan asılıdır. Facebook və bənzər platformalar reklamverənlərə tamaşaçıları hədəf almağa imkan verərək pul qazandıqları üçün insanların ən çox vaxt sərf edəcəkləri icmaları tapmaqda maraqlıdır [25].

İstifadəçilərin onlayn təcrübələri çox vaxt istəmədən həddindən artıq məzmunu təşviq edən hədəflərini artırmaq üçün hazırlanmış alqoritmlər vasitəsilə həyata keçirilir. Bəzi veb nəzarətçi qrupları bir videonun sonunda oyunçunun əlaqəli bir video hazırladığı YouTube-un avtomatik oynatma funksiyasının xüsusilə zərərli ola biləcəyini söyləyirlər. Alqoritm insanları sui-qəsd nəzəriyyələrini təbliğ edən və ya başqa şəkildə “bölücü, yanıldıcı və ya yalan” videolara yönəldir. Sosioloq Zeynep Tufekçinin yazdığına görə, “YouTube sosial şəbəkəsi XXI əsrin ən güclü radikallaşdırıcı alətlərindən biri ola bilər” [34].

YouTube 2019-cu ilin iyun ayında yanvar ayında edilən tövsiyə alqoritmindəki dəyişikliklərin dezinformasiya yaymaq üçün “sərhədyanı məzmun” hesab edilən videolara baxışların iki dəfə azaldığını bildirdi. O zaman şirkət, neo-nasist və ağ irqçilik məzmunlu videoları saytından çıxaracağını da elan etmişdi. Yenə də platforma nifrət nitqini cilovlamaq səylərinin kifayət qədər uzağa getmədiyinə dair tənqidlərlə üzləşdi. Məsələn, tənqidçilər qeyd edirlər ki, bir jurnalistin homofobik təcavüzünə səbəb olan videoları silmək əvəzinə, YouTube qanun pozuntusu olan istifadəçinin reklam gəlirlərində paylaşımını dayandırıb.

Platformalarda qaydaların necə tətbiq edilməsi də ayrıca problemdir. Sosial media platformaları, süni intellekt, istifadəçi hesabatı və məzmun moderatorları kimi tanınan işçilər uyğun məzmuna dair qaydalarını tətbiq etmək üçün bir araya gəlir. Bununla yanaşı, moderatorlar məzmunun böyük həcmi və narahat postları silməklə bağlı həddən artıq iş yükü ilə yüklənirlər və sosial media şirkətləri xidmət etdikləri bir çox bazarda bərabər miqdarda vəsait sərf etmirlər.

“ProPublica” platformasının araşdırmasına görə, Facebook qaydalarının istifadəçilərə qeyri-şəffaf olduğunu və məzmunun idarə edilməsində uyğunsuz şəkildə tətbiq olunduğunu təsbit edib [27].  Fələstin əraziləri, Kəşmir və Krım kimi bir çox mübahisəli ərazilərdə aktivistlər və jurnalistlər senzuraya məruz qoyulub, çünki Facebook milli bazarlara çıxışı qorumağa və ya özünü təcrid etməyə çalışır. Şirkət qanuni məsuliyyət və nifrət nitqi qaydalarına, elitalara və hökumətlərə, yerli aktivistlərə və irqi azlıqlara üstünlük verir.

Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalarda  mediamaqnat və Facebookun rəhbəri Mark Zukkerberqdən əsas məzmun, seçki bütövlüyü, məxfilik və məlumat standartlarının qurulması üçün qlobal qaydaların müəyyən edilməsi tələb edilib.

Platformaların süni intellektinin yerli dillərə zəif uyğunlaşdırılması və şirkətlərin bu dildə səlis işləyən kadrlara az sərmayə yatırması nəticəsində də problemlər yaranır. Reuters-in verdiyi məlumata görə, 2015-ci ilin əvvəlindən etibarən Burma dilində danışan Myanmada vəziyyət çox ağır olub. Halbuki, 2012-ci ildə kütləvi antiislam dalğası başladıqdan sonra ekspertlər uzun illər davam edən avtoritar sistemdən sonra Facebookda yenicə qoşulmuş auditoriyaya nifrət nitqini yayan ultramillətçi buddist monarxların mühiti barədə xəbərdarlıq etmişdi.

Nəticədə, Facebook 700 yüz min rohingyalının Banqladeşə sürgün edilməsindən sonra passiv fəaliyyət göstərdiyini etiraf etdi. BMT-nin insan haqları paneli Myanmarın təhlükəsizlik qüvvələrinin soyqırımı məqsədilə araşdırılmalı olduğunu bildirən bir hesabatda şirkətin adını xüsusi vurğuladı. Şirkət 2018-ci ilin avqust ayında hərbi məmurların platformadan çıxmasını qadağan etdi və yerli dildə səlis danışan moderator sayını artıracağına söz verdi.

Ölkələr onlayn nifrət nitqini necə tənzimləyir?

Sürətlə dəyişən kommunikasiya texnologiyaları təhrik və təhlükəli dezinformasiyaya nəzarət və cavablandırma ilə bağlı texniki problemlər yaratdığından, müasir demokratiyalar bir çox suallarla üzləşib. ABŞ-da sosial media platformalarının hər biri fəaliyyət, məzmun və tətbiqetmə metodları üçün öz standartlarını müəyyənləşdirir. Onların əsasları “Rabitə qaydaları haqqında” Qanundan irəli gəlir. 1996-cı il qanunu texnoloji platformaları istifadəçiləri tərəfindən tətbiq edilə bilən danışıqlara görə məsuliyyətdən azad edir. Məsələn, jurnallar və televiziya şəbəkələri yalan olduğunu bildikləri böhtan xarakterli məlumatları yaydıqlarına görə məhkəməyə verilə bilər, lakin sosial media platformaları səlahiyyətlərində olan məzmuna görə eyni dərəcədə məsuliyyət daşımır.

  1. Müxtəlif ölkələrdə nifrət nitqi ilə bağlı hüquqi mexanizmlər – nifrət nitqi qanunvericiliyi (hate speech law)

Nifrət nitqi ilə mübarizə problemləri bir çox dövlətlərin qanunvericiliyində mühüm yer tutur. Qeyd edilməlidir ki, ayrıca “Nifrət dili haqqında qanun”lar adlanan hüquqi sənədlər olduqca azdır. Nifrət cinayətlərinin müxtəlif aspektləri ölkələrin cinayət məcəllələrində – həmçinin etnik və dini nifrət oyatmasının yolverilməzliyini, ayrı-ayrı şəxslərə və ya qruplara qarşı irqi, etnik, milliyyət, dəri rənginə və ya dininə görə ayrı-seçkiliyin  qarşısının alınmasını, irqçi nitq, etnik həqarətin təbliği, nifrət və ya hörmətsizliyin qadağan olunmasını təmin edən qanunlar, hüquqi aktlar, mətbuat kodeksləri, profilaktik, əməliyyat-axtarış, siyasi, iqtisadi və digər normativ sənədlərdə əksini tapan müddəalarla əhatə olunur.

II Dünya müharibəsindən sonra bir çox dövlətlər irqi və dini nifrətin qızışdırılmasının qarşısını almaq üçün qanunlar qəbul etdilər. Bu qanunlar Holokosta səbəb olan antisemit təəssübkeşlik təzahürlərindən qorunmaq üçün yaradıldı. Ümumiyyətlə, nifrət nitqi insanlara irq, din, etnik mənşə və cinsi oriyentasiya əsasında hücum edən və təhqir edən nitqdir. İnternet məkanında saxta xəbərlərin (fake news) təhlükəli həddə çatması və onların təsirinin qorxunc nəticələri nifrət nitqi ilə bağlı qanunverici  əsasları yenidən nəzərdən keçirməyin vacibliyini gündəmə gətirib.

Tədqiqatçıların qənaətinə görə, sosial şəbəkələr konkret olaraq “nifrət nitqinin istehlakçıları”na çevrilməkdədir. Nifrət nitqi fiziki təzyiqlərdən fərqli olaraq, daha “yumşaq” olmaqla yanaşı, eyni dərəcədə daha zərərli təsir göstərir, dözümlülüyü azaldır, ayrı-seçkiliyi təbliğ edir, universal dəyərlərə zərbə vurur.

Hazırda nifrət dilini məhdudlaşdıran hüquqi mexanizmlərin tətbiqi demokratiyanın yeni tendensiyasına çevrilib. Dünyanın 37 ölkəsində analoji qanunların qəbul edilməsi ilə bağlı məlumat mövcuddur. Qanun qəbul edən ölkələr sırasında Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, Hindistan, İndoneziya, İrlandiya, Yaponiya, İordaniya, Keniya, Malta, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq yer alır [42, s. 27].

Qeyd etdiyimiz kimi, ATƏT DTİHB-in 2008-ci ildə hazırladığı “Nifrət Cinayət Qanunları / Praktiki Rəhbər prinsiplər” adlı sənəddə  əsas suallardan biri belə səslənir: “Nifrət cinayətləri yeni cinayət növü, yoxsa mövcud cəzaların daha da sərtləşdirilməsidir?”

Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin qanunvericiliyinin nəzərdən keçirilməsi belə bir qənaətə gəlməyə imkan verir ki, nifrət cinayətləri yeni cinayət növü olmaqdan daha çox mövcud cəzaların daha da sərtləşdirilməsi kimi özünü büruzə verir. Ayrıca nifrət haqqında qanunların qəbul edilməməsi də bununla izah edilə bilər.

Digər ən mühüm məsələ odur ki, nifrət cinayəti ilə bağlı işlərə baxarkən nifrətin motivinin aydın şəkildə müəyyənləşdirilməsi və məhz buna görə cəzalandırılması təmin edilməlidir. Bəzən nifrət cinayətlərinin mühakimə olunmasında cinayətkarın qurban seçmə motivasiyasından (məsələn, irq, milliyyət və ya etnik mənşəyə əsaslanaraq) ümumiyyətlə bəhs edilmir. Bu vəziyyətdə cinayətkarın cəzasının başqaları üçün çəkindirici təsir göstərməsini təmin etmək imkanı əldən verilir. Təhlükə ondadır ki, həm qurban, həm də cinayətkar dövlətin cinayətə səbəb olan nifrət motivini ciddi qəbul etməməsini başa düşür, bundan sui-istifadə edir, yaxud cəza qeyri-adekvat olur.

Bəzi ölkələrin (Kanada və s.) cinayət qanunvericiliyində törədilən cinayət əməlində nifaq yaratmaq niyyətinin (nifrətin motivasiyasının – L.Ə.), ya da sabitliyinin pozulma ehtimalı olması zəruri hesab edilirsə, digər ölkələrdə (Fransa, Almaniya, Danimarka, Niderland və s.), bu niyyət və onun sabitliyi pozan nəticələri nəzərə alınmadan, yalnız nifrət nitqinin məzmununa görə  bunu törədən şəxs məhkum edilə bilər.

Fransada vəzifəsi irqçiliyə qarşı mübarizə olan QHT-lərin irqçilik faktlarına görə təkcə mülki deyil, cinayət işləri də açmaq hüququ var. Ümumilikdə,əksər iddialar hüquq orqanları tərəfindən deyil, anti-irqçi QHT-lər tərəfindən başlanılır. Dövlət ittihamçısı nümayəndəsi ilə birlikdə onların istəyi ilə başlayan işdə iştirak etmək hüququna malikdir və müvəffəq olarsa, məhkəmə işinə sərf etdikləri xərclərini öz xeyirlərinə (cəzalara əlavə) bərpa edə bilər. Yaxud Niderland Ali Məhkəməsi, bir qrup insanın irqi və ya dini əsaslı ifadələrlə təhqir edilməsini, bunu dərc edən şəxsin niyyəti ilə deyil, ifadənin özü ilə müəyyən etdiyini bildirib.

Kanadada əksinə bu cinayət ümumi bir qanun pozuntusudur və dini duyğuları təhqir etdiyinə görə məsuliyyətə cəlb olunmaq üçün ictimai barışı təhdid etdiyinə dair sübutlar təqdim edilməlidir. Bəzi ölkələrdə (Norveç, İsveç) media rəhbərləri, redaktorlar irqçi ifadələri öz mətbu orqanlarında yayımlamağa görə cavabdehlik daşıyırlar.

Almaniyada keçən əsrin 80-ci illərinin ortalarından Konstitusiyada ekstremist təşkilatların istənilən fəaliyyətini qadağan edən xüsusi düzəlişlər mövcuddur. Almaniya Federativ Respublikasının (AFR) əsas qanununda qeyd edilir ki, şəxsi inancından, dini və ya siyasi baxışlarından asılı olmayaraq heç kimə zərər yetirilə bilməz; şəxsi inanc, dünyagörüşü və dini görüşlər toxunulmazdır; dövlət dini ayinlərin maneəsiz yerinə yetirilməsinə zəmanət verir; məqsədləri və fəaliyyəti cinayət qanunlarına zidd olan və ya konstitusiya quruluşuna və ya xalqlar arasında qarşılıqlı anlaşma fikirlərinə qarşı yönəlmiş birliklər qadağandır; mülki və siyasi hüquqlardan istifadə, dövlət qulluğuna daxil olmaq, habelə dövlət qulluğunda əldə edilmiş hüquqlar dini görüşlərdən asılı deyildir (3,4,9,33-cü maddələr).

AFR-in Cinayət Məcəlləsində dini icma və vətəndaşların təhqir olunmasına, dini ayinlərin icrasına mane olmağa, habelə bu cür hərəkətlər ictimai qaydanın pozulmasına səbəb olarsa, dini ayinlərin, kultların həyata keçirilməsinə mane olmağa görə 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur (130,160-cı maddələr).

 ABŞ

ABŞ-da “nifrət” cinayəti ilə bağlı qanunların, ABŞ Konstitusiyasına Birinci Düzəlişdə (First Ammendment) yer alan söz azadlığının təminatı ilə bağlı və s. hüquqi əsaslar olduğu üçün nifrət nitqi ilə bağlı ayrıca qanunlar yoxdur. Bu aspektdə, Amerikada ayrıca nifrət cinayətləri deyil, cəzaların sərtləşdirilməsi məqsədilə qanunlara edilən əlavələrdən danışmaq olar. Ziyanlı ifadələrin, pis, kobud, qeyri-vətənpərvər çıxışların, yaxud insanların qınaya biləcəyi başqa növ danışıqların hüquqi tərifi olmadığı kimi, ABŞ qanunlarına görə, nifrət nitqinin də qanuni tərifi yoxdur. Bununla yanaşı, tədqiqatlarda, ümumiyyətlə, nifrət nitqi, natiqlərin irq, din, cins kimliyi və ayrı-seçkiliyi, etnik mənsubiyyət, milli mənşə, əlilliyə görə bir qrupa və ya qruplara qarşı böhtan atmaq, alçaltmaq və ya nifrət oyatmaq istədikləri hər hansı bir ifadə forması olduğu fikri qəbul edilir. [33, s.71].

ABŞ-da nifrət nitqi Konstitusiyaya Birinci Düzəlişlə (First Ammendment) qorunur. Məhkəmələr bu müdafiəni Birinci Düzəlişdən, hökumətdən ictimai mübahisəli mövzularda başqalarının kədərlənməsinə, hirslənməsinə və ya qorxusuna səbəb olan xoşagəlməz, təhqiramiz və ya nifrət dolu bir danışıq halına gəlsə belə ciddi şəkildə qorumağı tələb edir. Mövcud Birinci Düzəliş hüquqşünaslığına əsasən, nifrət nitqi yalnız qaçılmaz cinayət fəaliyyətini təhrik etdikdə və ya bir şəxsə qarşı yönəlmiş xüsusi zorakılıq təhdidlərindən ibarət olduqda cinayət hesab edilə bilər.

ABŞ Federal Təhqiqat Bürosu statistik məlumatların toplanılması məqsədilə nifrət əməlini “cinayətin irqi, dini, əlilliyi, cinsi oriyentasiyası, dəri rəngi və milli mənşəyi daxil olmaqla etnik mənsubiyyəti və ya digər ölkələrə qarşı bütöv və ya qismən motivasiya olunan bir şəxsə və ya əmlaka qarşı cinayət əməli” olaraq təyin etmişdir. Nifrət cinayətləri şəxslərə və ya mülkiyyətə qarşı şiddət, mülki hüquqların pozulması və ya məhrum edilməsi, bəzi “həqiqi təhdidlər” və ya bu cinayətləri törətmək üçün hədə-qorxu və ya qəsd əməllərini əhatə edən açıq hərəkətlərdir. Ali Məhkəmə müttəhimin irqi, etnik mənsubiyyəti, şəxsiyyəti və ya inancına görə qurbanın hədəf alındığını sübuta yetirərsə, bu hərəkətləri cinayət hesab edən və ya daha sərt bir cəza tətbiq edən qanunları qüvvədə saxlayır. Nifrət cinayəti təhqiramiz nitq və ya davranışdan daha çox vandalizm və od vurma-yandırma kimi əmlak cinayətlərindən tutmuş, hədə-qorxu, hücum və qətl hadisələrinə qədər təsnif edilən xüsusi cinayət davranışıdır. Nifrət cinayətlərinin qurbanları arasında dini təşkilatlar və dövlət qurumları ilə yanaşı fərdlər də ola bilər.

“Time” qəzetinin keçmiş redaktoru, “Məlumat müharibələri”nin müəllifi və 2013-2016-cı illərdə Dövlət Departamentinin ictimai diplomatiya və ictimai işlər üzrə müşaviri olan Riçard Stengelin 2019-cu ildə “Vaşinqton Post”da dərc olunan “Niyə Amerikanın nifrət dili qanununa ehtiyacı var” adlı məqaləsində qeyd edilir: “Jurnalist olduğum zaman hakim Oliver Vendell Holmesin (amerikalı hüquqşünas) Konstitusiya və Birinci Düzəlişin yalnız “bizimlə razılaşanlar üçün azad düşüncəni, nifrət etdiyimiz düşüncə üçün azadlığı” qorumaq olduğunu iddia etməsini çox sevirdim. Lakin dünyadakı azad söz fəzilətlərini müdafiə edən bir dövlət məmuru olaraq Birinci Düzəliş standartımızın necə üstün olduğunu görməyə başladım. Birinci Düzəlişin kiməsə Quranı yandırmasına nə üçün icazə verdiyini başa düşmədiyim ən inkişaf etmiş ərəb diplomatları da məndən soruşdular ki, axı niyə bunu qorumaq istərdiniz? Bu, ədalətli bir sualdır. Bəli, Birinci Düzəliş “nifrət etdiyimiz düşüncəni” qoruyur, lakin bir qrupun digərinə qarşı şiddətə səbəb ola biləcəyi nifrət dolu nitqi qorumamalıdır… Unutmamalıyıq ki, Birinci Düzəliş (First Ammendment) yalnız yaxşıları qorumur; ən böyük azadlığımızı, cəmiyyətimizi zəiflətmək üçün arxasında gizlənən hər hansı bir pis aktoru qoruyur” [29].

ABŞ-ın Brukinqs İnstitutunun əməkdaşı Ceyms Kirçik Avropa və ABŞ-da nifrət nitqi ilə bağlı qanunverici əsasları müqayisəli təhlil edib. Onun fikrinə görə, bəzi müəlliflər İkinci Dünya müharibəsindən sonrakı dövrdə Avropanın nifrət nitq qanunlarını ABŞ-ın təqlid etməsi lazım olan müsbət nümunələr olaraq təqdim edir. Bununla yanaşı, çağdaş Avropanın bolluqla öyündüyü davranış qaydalarında siyasi şiddəti və ekstremizmi azaltmaq üçün fəaliyyətə dair bir dəlil yoxdur. Əksinə, nifrət nitqi qanunlarının müəyyən fikir və ifadələri cinayət baxımından tabu-qadağa edərək, yalnız mübarizə aparmaq üçün qurduqları fenomenləri təşviq edib. Ceyms Kirçik qeyd edir ki, “2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Kremlin sponsorluğu ilə Hillari Klintona qarşı yayımlanan dezinformasiya kampaniyasını dayandırmaq üçün Amerikanın “Birinci Düzəliş”in intellektual dayaqlarının keçmişdə daha sadə bir dövr üçün hazırlandığı bildirildi. Nifrət nitqinin də istifadə edildiyi dezinformasiya ilə mübarizə aparmaq üçün Birinci Düzəlişi qəbul etməyimizə ehtiyac yoxdur. Reallıqda ondan daha çox və daha ağıllı istifadə etməliyik. Müzakirələrdən göründüyü kimi, dezinformasiya və nifrət dolu danışıqların ziyanlı təsirlərini azaltmaq üçün ən yaxşı strategiya daha məlumatlı, savadlı cəmiyyətin formalaşdırılmasıdır. Həmçinin, şübhəsiz ki, problemi aradan qaldırmağın digər daha təsirli yolu “saxta (feyk) xəbərləri” qadağan etmək deyil, media savadlılığına və vətəndaş maarifləndirilməsinə investisiya qoymaqdır” [10].

Yaponiyanın nifrət nitqi təcrübəsi

Yaponiyada qeyd edilən sahə ilə bağlı 2016-cı ildə “Nifrət Nitqi Aktı” (Hate Speech Act of 2016 (Japan)” qəbul edilib. Həmçinin, “Ölkə xaricindən gəlmiş şəxslərə qarşı ədalətsiz ayrı-seçkilik nitqinin və davranışının aradan qaldırılması üçün cəhdlərin təbliği haqqında” Qanun da mövcuddur. Yaponiyanın qanunverici orqanının ilk dəfə nifrət əleyhinə nitq qanununu qəbul etməsi irqi ayrı-seçkiliyin dayandırılması üçün əhəmiyyətli addım oldu. Aşağıda göstərildiyi kimi, beynəlxalq insan haqları qurumlarının tövsiyələri bu hərəkatı əhəmiyyətli dərəcədə təşviq etmişdir.

Hələ 2014-cü ildə BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsi (CERD) Yaponiya hökumətinə nifrət nitqinin qanunvericiliklə tənzimləməsini tövsiyə etmişdi. Komitə Koreya sakinlərini hədəf alan Shin Okubo, Tokio, Tsuruhaşi, Osaka şəhərlərindəki irqçi ayrı-seçkilik nümayişlərinin artmasından narahat idi.

Komitə əcnəbi nümayişlər və mitinqlər təşkil edən sağçı hərəkatlar və ya qruplar tərəfindən, xüsusən koreyalılara qarşı dövlətdə yaxın zamanda zorakılığa təşviq edilməsi daxil olmaqla, nifrət nitqinin yayılması barədə xəbərlərdən, həmçinin dövlət məmurları və siyasətçilər tərəfindən  nifrət təhrikinə dair hesabatlardan, nifrət nitqinin təbliği, mitinqlər zamanı və internet daxil olmaqla mediada irqçi şiddətin təşviq edilməsindən, bundan əlavə, bu cür hərəkətlərin hər zaman iştirakçı dövlət tərəfindən lazımınca araşdırılmaması və mühakimə olunmamasından narahatlığını bilirib (Maddə 4).

Bununla yanaşı, Komitə iştirakçı dövlətə irqçi nifrət və nifrət cinayətlərindən qorunmağa ehtiyacı olan həssas qrupların hüquqlarının qorunmasının vacibliyini xatırladıb. Buna görə iştirakçı dövlətə aşağıdakılar üçün lazımi tədbirlərin görülməsini tövsiyə edib:

  1. Nifrət və irqçiliyin təzahürlərini, eləcə də mitinqlər zamanı irqçi şiddət və nifrəti təhrik etməklə qətiyyətlə mübarizə aparmaq;
  2. İnternet daxil olmaqla mediada nifrət nitqi ilə mübarizə aparmaq üçün müvafiq addımlar atmaq;
  3. Şəxsləri, habelə bu cür hərəkətlərdən məsul olan təşkilatları araşdırmaq və lazım olduqda məhkəməyə vermək;
  4. Nifrət nitqi və nifrət təhriki yayan dövlət məmurlarına və siyasətçilərə qarşı müvafiq sanksiyalar tətbiq etmək;
  5. Həm irqi ayrı-seçkiliyə səbəb olan qərəzli fikirlərə qarşı mübarizə, həm də millətlər arasında irqi və etnik qruplar.

Bundan əlavə, BMT-nin İnsan Hüquqları Komitəsi də oxşar tövsiyələr verib. Ölkənin insan haqları vəziyyəti ilə bağlı icmalında Yaponiya hökumətinə Koreya sakinlərinə qarşı “Nifrət çıxışı” adlı irqçi küçə kampaniyasının fəaliyyəti ilə əlaqədar narahatlığını bildirib və ayrı-seçkilik edən bütün reklam fəaliyyətlərinin qadağan edilməsini tövsiyə edib.

“Yekun müşahidələr”də Komitə nifrət nitqi və “yalnız yapon” nümayişi kimi xaricilərə qarşı ayrı-seçkilik hərəkətlərinin genişlənməsindən narahatlığını ifadə edib. Komitə “Yaponiyanın cinayət və mülki qanunvericiliyi onları lazımi dərəcədə qorumur” qənaətini bölüşüb.

Bu cür müşahidələrə əsaslanaraq Komitə ayrı-seçkilik və zorakılığa dəvət edən irqi üstünlüyü və ya nifrəti təbliğ edən bütün vasitələrin qadağan edilməsini tövsiyə edib. Yaponiya hökumətini cinayətkarları cəzalandırmaq üçün qaydalar hazırlamağa çağırıb.

Komitə koreyalılar, çinlilər və ya burakumin kimi azlıq qruplarının üzvlərinə qarşı nifrəti və ayrı-seçkiliyi təhrik edən geniş yayılmış irqçi nitqlərdən, Cinayət və Mülki məcəllələrdəki bu hərəkətlərə qarşı yetərincə qorunma olmadığından narahatlığını bildirib. Komitə ayrıca icazə verilən çox sayda ekstremist nümayişdən, azlıqlara, o cümlədən xarici tələbələrə qarşı edilən təzyiq və zorakılıqdan və “yalnız yaponca oxuyanlar” kimi əlamətlərin özəl müəssisələrdə açıq şəkildə göstərilməsindən narahatlığını ifadə edib (Maddə 2, 19, 20 və 27).

Tövsiyələrə görə, dövlət ayrı-seçkiliyi, düşmənçiliyi və ya şiddəti təhrik edən irqi üstünlüyü və ya nifrəti müdafiə edən bütün təbliğatı və bu təbliğatı yaymaq məqsədi daşıyan nümayişləri qadağan etməlidir. İştirakçı dövlət irqçiliyə qarşı maarifləndirmə kampaniyaları üçün kifayət qədər resurs ayırmalı və hakimlərin, prokurorların, polis məmurlarının nifrət və irqi motivli cinayətləri aşkar etmək üçün təlim alması üçün səylərini artırmalıdır. İştirakçı dövlət irqçi hücumların qarşısını almaq və iddia edilən cinayətkarların hərtərəfli araşdırılmasını, mühakimə olunmasını və təqsirləndirildiyi təqdirdə müvafiq sanksiyalarla cəzalandırılmasını təmin etmək üçün bütün lazımi addımları atmalıdır.

2012-ci ildə Malta Cinayət Məcəlləsinə dəyişikliklər edildi. 82A, 82C və 83B maddələrinə gender kimliyi və cinsi oriyentasiya cəhətlərini təfərrüatlı əhatə etmək üçün nifrət cinayəti və nifrət nitqi ilə bağlı müddəalar genişləndirildi. Digər tərəfdən, dəyişiklik qərəzli cinayətə görə cəzanın artırılmasını və cinayətin ağırlığını müəyyənləşdirdi. Həmçinin, nifrət nitqini tənzimləyən “Mətbuat haqqında” Qanunun 6-cı maddəsini də əhatə etdi. 2018-ci ildə bu cür hadisələrlə bağlı məlumatlandırmaq, nifrət cinayətinə görə saxlanmaq və hesabatlılığı asanlaşdırmaq üçün Milli Polis Sistemində dəyişiklik edildi [11].

Malta Cinayət Məcəlləsi 82A-82D maddələri ilə nifrət nitqini aşağıdakı kimi hərtərəfli qadağan edir:

82A. (1) Hər hansı bir təhdid, təhqir və ya təhqiramiz sözlərdən və ya davranışdan istifadə edən, yazılı və ya çap olunmuş material vasitəsi ilə zorakılıq və ya irqi və ya dini təhrik etmək məqsədi güdən, yaxud özünü bu şəkildə aparan, gender, cinsi oriyentasiya, irq, rəng, dil, etnik mənşə, din və ya inanc, siyasi və ya başqa fikirlərə görə digər bir şəxsə və ya qrupa qarşı nifrət və ya bu cür şiddəti ehtimal etməyi nəzərdə tutan bütün hallar altı aydan on səkkiz ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

82B. Soyqırımı, insanlığa qarşı cinayətləri, bir qrup şəxsə və ya belə bir qrupun üzvünə qarşı yönəldilmiş müharibə cinayətlərini ictimai şəkildə rədd və inkar edən və ya kobud şəkildə şərh edən, davranışında irq, rəng, din, vətəndaşlıq, milli və ya etnik mənşəyə istinad edərək aşağıdakı hallara yol verən:

(a) hər hansı qrupa və ya qrup üzvünə qarşı zorakılıq və ya nifrət hissini təhrik etmə ehtimalı;

(b) ictimai asayişi hədə-qorxu gəlməklə, təhqiramiz davranışla təhdid etmək ehtimalı səkkiz aydan iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddələrin məzmunu – “soyqırım”, “insanlığa qarşı cinayətlər” və “müharibə cinayətləri” 54A maddəsində (Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu Malta Qanununa çevirən müddəalar) onlara verilmiş eyni mənanı daşımalıdır.

(a) belə bir şəxsə və ya qrupa qarşı zorakılıq və ya nifrət hissini təhrik etmə ehtimalı; və ya

(b) ictimai qaydanı pozma ehtimalı olan və ya hədə-qorxu gələn, təhqiramiz və ya təhqir edən şəxs məhkum edildikdə səkkiz aydan iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

(2) Bu maddənin məqsədləri üçün barışa qarşı cinayət aşağıdakılardan ibarət davranış deməkdir:

(a) təcavüz müharibəsinin və ya beynəlxalq müqavilələrin, razılaşmaların və ya təminatların pozulması ilə müharibənin planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması;

(b) (a) bəndində göstərilən hərəkətlərdən hər hansı birinin yerinə yetirilməsinə dair ümumi bir planda iştirak etmək və ya sui-qəsd.

82D. Hər ikisi daxil olmaqla 82A-dan 82C-dək maddələrə əsasən hər hansı bir cinayətə kömək edən, dəstəkləyən və ya təhrik edən hər kəs günahkardır və cinayətə kömək və ya təhrik üçün verilən cəzaya məhkum edilməklə məsuliyyət daşıyır.

Rusiya təcrübəsi

Rusiya Federasiyasında (RF) “nifrət nitqi” problemi çoxmillətli və çoxkonfessiyalı bir dövlət üçün xüsusilə aktual hesab edilir. Bu problem Rusiyada baş verən son hadisələr, həmçinin Ukrayna ilə müharibə kontekstində kəskinləşib. RF Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsi sosial, irqi, milli və ya dini kin və düşmənçiliyi təhrik edən təbliğat və ya təşviqatı, sosial, irqi, milli, dini və ya dil üstünlüyünün təbliğ edilməsini qadağan edir.

Sosial mediada şiddət kontentinin artması fonunda, Rusiyada media fəaliyyətinin hüquqi tənzimlənməsinin iki kriteriyanı təmin etməsi vacib sayılır: bir tərəfdən ifadə azadlığını təmin etmək və digər tərəfdən nifrət nitqinin təzahürü üçün elə qanuni məhdudiyyətlər yaratmaq ki, media azadlığına xələl gətirilməsin.

Rusiyada mediada nifrət nitqinə qarşı qanuni mexanizmləri olan daxili aktlar arasında ilk növbədə “Rusiya federasiyasının kütləvi informasiya vasitələri haqqında” Qanun və “Ekstremist faliyyətə qarşı mübarizə haqqında” Federal Qanun, həmçinin Cinayət Məcəlləsi qeyd edilir. 2002-ci ilə qədər “Kütləvi informasiya vasitələri haqqında” Qanun medianın milli, sinfi, sosial, dini dözümsüzlüyü və ya nifrəti təhrik etmək və müharibəni təbliğ etmək üçün istifadə etməsini media azadlığından sui-istifadə forması kimi qəbul edib. Beləliklə, mediada nifrət nitqi ilə mübarizə üçün demək olar ki, bütün hüquqi potensiallar hazırkı “Ekstremist fəaliyyətlərə qarşı mübarizə” Qanununda cəmlənib. Bu qanunun 1-ci maddəsində nifrət nitqinin müxtəlif təzahürlərini tam əhatə edən ekstremist fəaliyyətin tərifi yer alır (məsələn, KİV-in vətəndaşların dinə, sosial, irqi, milli, dini və ya dil mənsubiyyətinə münasibətlərinə görə müstəsnalığını, üstünlüyünü və ya aşağılanmasını təbliğ etməyə yönəlmiş tədbirlərin planlaşdırılması, təşkili, hazırlanması və həyata keçirilməsindəki fəaliyyətləri ekstremist fəaliyyət kimi tanınır). Qanun medianın yalnız müstəqil şəkildə ekstremist fəaliyyətlə məşğul ola bilməyəcəyini, eyni zamanda ekstremist fəaliyyətə çağıran və ya bu cür fəaliyyətin zəruriliyini əsaslandıran, yaxud əsaslandırmağa çağıran “başqalarının” ekstremist materiallarını yaya biləcəyini də nəzərdə tutur. Qanunun 8-ci maddəsi media fəaliyyətinin dayandırılması üçün eyni anda bir neçə əsas nəzərdə tutur: Hər hansı media qurumunun fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmək səbəbi kimi qeydiyyata alan qurumu və ya səlahiyyətli icra hakimiyyəti orqanı, yaxud müvafiq prokuror tərəfindən verilən xəbərdarlıqdan məhkəməyə şikayət edilməməsi və ya məhkəmə tərəfindən mübahisəli xəbərdarlığın qanuna uyğun olaraq tanınması kimi vəziyyətlər misal göstərilə bilər: yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlərin görülməməsi; xəbərdarlıq tarixindən etibarən on iki ay ərzində media təşkilatının fəaliyyətində ekstremizm əlamətlərinin olduğunu göstərən yeni faktların təkrarlanması.

 Beləliklə, bu cür vəziyyətdə məhkəmə araşdırması üçün şərait yaranır. Belə bir sual da meydana çıxır: KİV-lərin fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət etmək səlahiyyəti olan qurumların lazımi fəaliyyət göstərmədiyi hallarda nə ediləcək? Görünür, bu hüququ bir sıra digər subyektlərə, məsələn, ictimai birliklərə, qeyri-kommersiya təşkilatlarına və s. vermək məsləhətdir.

Bir sıra hallarda nifrət nitqindən istifadə etməkdə günahlandırılan media qurumunun fəaliyyətinə Ekstremizm Qanunu əsasında deyil, 16-cı maddədə nəzərdə tutulmuş “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla – qeydiyyatdan keçən orqanın tələbi ilə məhkəmə tərəfindən, yaxud il ərzində 4-cü maddənin tələblərinin redaktəsi ilə təkrar pozuntular baş verdiyi halda səlahiyyətli icra orqanı tərəfindən xitam verilə bilər. Onu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsi yalnız medianın redaksiya heyətinin tətbiq olunmadığı şəxslər üçün məsuliyyət müəyyənləşdirir.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 59-cu maddəsinə görə, media azadlığından sui-istifadə mövcud qanunvericiliyə uyğun olaraq cinayət, inzibati və intizam məsuliyyətinə səbəb olur. Aydındır ki, yuxarıdakı bütün məsuliyyət növlərindən yalnız inzibati məsuliyyət media təşkilatına tətbiq edilə bilər.

Məlumdur ki, nifrət nitqinin aradan qaldırılmasında jurnalist ictimaiyyətinin qurumları, özünütənzimləmə sistemi əhəmiyyətli rol oynayır. Rusiyada jurnalistin peşə etikası qaydaları belə müəyyənləşdirilib: “Jurnalist fəaliyyətinin səbəb ola biləcəyi məhdudiyyətlərin, təqiblərin və zorakılığın təhlükəsini tam bilir. Jurnalist peşə vəzifələrini yerinə yetirərkən cins, irq, dil, din, siyasi və ya digər baxışlar, habelə sosial və milli mənşə əlamətləri daxil olmaqla ekstremizmə və vətəndaş hüquqlarının məhdudlaşdırılmasına qarşı mübarizə aparır. Jurnalist peşə diqqətinin obyektinə çevrilən insanların şərəf və ləyaqətinə hörmət edir. İrqi, milliyyəti, rəngi, dini, sosial mənşəyi və ya cinsi ilə əlaqəli və ya bir insanın əlilliyi və ya xəstəliyi ilə bağlı hər hansı bir aşağılayıcı xəbərdən və ya şərhlərdən çəkinir.”

Rusiya Federasiyasının Prezidenti yanında Məlumat Mübahisələri üzrə Məhkəmə Palatasının nifrət nitqi təzahürlərinin qarşısını almaq üçün tövsiyələri aşağıdakı kimidir:

  1. Silahlı qarşıdurmanın mahiyyətini millətlərarası düşmənçilik müstəvisinə çevirməmək, bütün etnik qruplarla əlaqəli sabit mənfi stereotipin formalaşmasına imkan verməmək;
  2. Bir etnik qrupun digərlərindən üstünlüyünü məqsədyönlü şəkildə formalaşdırmamaq;
  3. Seçki kampaniyası zamanı milli təəssübkeşlərə müraciət etməmək;
  4. Bir maraqlı tərəfi müstəqil şərhçi kimi cəlb etməmək;
  5. Cinayətlər haqqında nəşrlərdə cinayətkarların və ya onların qurbanlarının milliyyətinə diqqət yetirməmək;
  6. Dövlət və ya ictimai xadimlərin siyahısını etnik müxtəliflik prinsipinə görə qruplaşdıraraq dərc etməmək;
  7. Münaqişələri işıqlandırarkən məlumat bərabərliyini təmin etmək.

Səudiyyə Ərəbistanı

Qlobal pandemiya dövründə Səudiyyə Ərəbistanında bütün ölkə miqyasında tədris proqramında kurrikulum və dərsliklərlə bağlı dərin islahatlar aparılıb. “Məktəb dərsliklərinin modernləşdirilməsi” adlanan tədbirlər həyata keçirilib [38].

Kral Salmanın göstərişi ilə məktəb dərsliklərində yəhudilərin mənfi stereotiplərinin, başqalarına nifrət ifadə edən mətnlərin çıxarılmasına başlanılıb. Məktəb dərsliklərindəki mənfi İsrail stereotiplərinin aradan qaldırılması islahatının bir hissəsidir. Başqa sözlə, əvvəllki düşmənlər artıq “şeytanın övladı” adlandırılmır. Krallığın son dövrdə çap olunan dərslik kitablarında ilk dəfə olaraq dindar olmayanların ölüm cəzasına layiq olması, qiyamət müharibəsi proqnozları ilə bağlı olan bölmələr çıxarılıb.

Qeyd edilən “Məktəb dərsliklərinin modernləşdirilməsi” prosesi Vəliəhd Məhəmməd bin Salmanın “2030-Baxış” (Vision-2030) strateji planına uyğun olaraq baş verib. Rəsmi dərsliklərdəki dəyişikliklərin reallaşdırılması yeni nəsil müəllim və tələbə nəslinin yetişdirilməsi ilə paralel olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl beynəlxalq qurumların hazırladığı 62 səhifəlik “Onlar bizim qardaşlarımız deyil: Səudiyyə rəsmilərinin nifrət nitqi” adlı sənəddə Səudiyyə Ərəbistanının hökuməti tərəfindən təyin olunmuş din alimlərinə və din xadimlərinə dini azlıqlara aşağılayıcı ifadələrlə müraciət edilməsinə və ya rəsmi sənədlərdə onları “iblisləşdirməsinə” (demonizasiya) icazə verən sənədlər və hökumətin qərar verməsinə təsir edən dini qərarlar təhlil və təqdim edilib. Son illərdə hökumət ruhaniləri və başqaları internetdən və sosial mediadan şiə müsəlmanlarına və onların fikirlərinə uyğun olmayan digərlərinə qarşı nifrət yönləndirmək üçün istifadə edib.

“Human Rights Watch” təşkilatı bu ölkədə nifrət nitqi ilə bağlı hesabatlar hazırlayıb. Hesabatların biri “Səudiyyə Ərəbistanı: rəsmi nifrət nitqi azlıqları hədəf alır. Təhrikçilik şiələrə və digər qruplara qarşı ayrı-seçkiliyə səbəb olur” adlanır. Burada qeyd edilir ki, sudiyyəli bəzi dövlət ruhaniləri və qurumları, ölkənin şiə müsəlman azlığı da daxil olmaqla dini azlıqlara qarşı nifrət və ayrı-seçkiliyi təbliğ edir. Təşklat ölkənin dini tədris proqramında yəhudilik, xristianlıq və təsəvvüf islamı da daxil olmaqla digər dini mənsubiyyətlərə aşağılayıcı istinadları sənədləşdirib.

Hamısı sünni çoxluq olan hökumət ruhaniləri digər dini məzhəbi damğalayır, ölkənin ən yüksək dini qurumu olan Yüksək Dini Alimlər Şurasının bir üzvü şiə müsəlmanları ilə əlaqəli suala “onlar bizim qardaşlarımız deyil…” deyərək cavab verib. Keçmiş baş müfti, 1999-cu ildə vəfat edən Əbdüləziz bin Bazın çoxsaylı dini hökmlərində şiələri qınayan fətva və yazıları İslami Tədqiqatlar və Fətvalar Verən Daimi Komitənin saytında ictimaiyyətə indi də açıq olaraq qalıb. Bəzi din xadimləri şiələrin dövlətə qarşı sui-qəsdin bir hissəsi, İran üçün yerli “beşinci kolon” və təbiətinə görə vəfasızlıq etdiyini söyləyən nifrət nitqindən istifadə edirlər. 2015-ci ildə Səudiyyə məhkəməsi bir şiə vətəndaşını atasının evində xüsusi şiə qrup namazlarına ev sahibliyi etdiyi üçün iki ay həbs və 60 şallaq cəzasına məhkum edib. 2014-cü ildə Səudiyyə Ərəbistanı məhkəməsi bir sünnini “şiə ilə bir yerdə oturmaqda” günahlandırıb.

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Səudiyyə Ərəbistanını dəfələrlə “xüsusi narahatlıq doğuran ölkə” kimi təsnif edib. Bu, dini azadlığı pozan ölkələr üçün ən sərt dəyərləndirmədir. Qeyd edilən “Məktəb dərsliklərinin modernləşdirilməsi” adlanan islahatlar da bu dəyərləndirmələrin nəticəsi hesab oluna bilər.

  1. Azərbaycanda nifrət nitqi mövzusu ilə bağlı müzakirələr 

Azərbaycanda ayrıca nifrət qanunvericiliyi, yaxud “nifrət cinayətləri” anlayışının konkret tərifi verilməsə də, qeyd edilən bir çox ölkələrdəki mənada nifrət cinayətlərinə aid əməllərə qarşı cəzaların daha da sərtləşdirildiyi təcrübə mövcuddur və tətbiq edilir. Ölkəmizdə milli-dini-irqi ayrı-seçkilik və nifaq salmağa görə ən ciddi qanunverici əsaslar mövcuddur. “Nifrət, düşmənçilik” məzmunlu ifadələr oxşar cinayət əməllərinin tərkib hissəsi kimi qanunvericiliklə tənzimlənir. Beynəlxalq hesabatlarda da dəfələrlə vurğulandığı kimi, Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsi məqsədinə ximət edən, nifaq və ya etnik düşmənçilik hallarının qızışdırılmasını qadağan edən Cinayət Məcəlləsi var. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu mövzu ilə bağlı aşağıdakı müddəalar əksini tapıb: “Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması; 283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə, səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” [12].

Azərbaycan Avropa Şurasının üzvüdür və üzv qismində ölkədə ifadə azadlığının müdafiəsini gücləndirmək üçün müxtəlif öhdəliklər götürmüşdür. 2002-ci ildə İnsan Hüquqları üzrə Avropa Konvensiyasını (İHAK) ratifikasiya etmişdir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasındadır, İHAK-ın şərhi və tətbiqi məhz AİHM-in səlahiyyətinə aiddir.

Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqlərdə ilk sıralarda yer tutur.  “İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” (European Commission against Racism and Intolerance; ECRI) Azərbaycanla bağlı dövri hesabatlar təqdim edir. Hesabatlarda heç zaman irqi-milli, dini əsaslı cinayətlər əksini tapmayıb. Hətta otuz illik işğalçı müharibə dövründə ermənilərə qarşı münasibətlə bağlı İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) hesabatında yazılıb: “EGRI-nin ikinci hesabatından sonra müvafiq cinayət hüququ müddəalarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb. İrqçilik motivi ilə törədilən əməllərdən çox az sayda şikayətin edilməsi faktı Azərbaycanda hökm sürən əhəmiyyətli tolerantlıq kimi qeyd oluna bilər. Səlahiyyətli qurumların bildirdiyinə görə, erməni əsilli insanlarla Ermənistan Respublikasının törətdiyi əməllər arasında fərqi ayırd etmək bütövlükdə Azərbaycan əhalisi üçün çətin deyil. Səlahiyyətli qurumlar eyni zamanda bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra erməni əsilli olan heç bir şəxs əhalinin digər üzvləri tərəfindən düşmənçilik təhlükəsinə məruz qalmayacaq”.

ECRI hesabatında bildirir ki, münaqişə illərində Azərbaycan KİV-lərinin Ermənistan Respublikası ilə bağlı mənfi məzmunlu məlumatların ölkədə yaşayan ermənilərə təsir göstərdiyinə dair fakt yoxdur. Çünki buradakı erməni əhali Ermənistan Respublikasına və onun rəhbərliyinə qarşı mənfi münasibətdədir və bu münasibət olduğu üçün onlar ölkəni tərk edib Ermənistana getməyiblər. Ölkəni tərk etməmələrinin digər səbəbi isə burada onlara qarşı göstərilən normal sivil münasibətdir [28].

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİBH) üzv ökələrdə nifrət cinayətləri ilə bağlı mütəmadi hesabatlar təqdim edir. DTİHB dövlət rəsmilərinə nifrət cinayətləri ilə bağlı monitorinq mexanizmlərinin və məlumatların toplanılmasında və inkişaf etdirilməsində dəstək verir. “Nifrət cinayətləri ilə bağlı hesabatlılığa Ümumi Çağırışlar” adlı təhlillər aparır.

Təşkilatın müvafiq səhifəsində Azərbaycanla bağlı qeyd edilib: “Azərbaycan son dəfə “Nifrət Cinayətləri Hesabatı” üçün ATƏT DTİHB-ə 2011-ci ildə bu sahədə cinayətlərlə bağlı məlumat verib. Azərbaycanda nifrət cinayətləri ümumi qanunlarda və Cinayət Məcəlləsində əksini tapmış müddəalarda əksini tapıb. Nifrət cinayətləri barədə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən hazırlanır”.

   2018-ci ildə Demokratik Təşəbbüslər İnstitutu (IDI) nifrət nitqi ilə bağlı araşdırma sənədi hazırlayıb. Gənc hüquq müdafiəçiləri ifadə azadlığı kontekstində siyasətçilərin çıxışlarında nifrət nitqinin monitorinqini aparıb. Sənəd bir neçə bölmədən ibarətdir: “Nifrət nitqi” anlayışı; Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində nifrət nitqinin analoji izahı; Nifrət nitqinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət; Azərbaycanda media mühitinin vəziyyəti; Aparılmış monitorinqin analizi; Nəticə və tövsiyələr.

Bəzi ekspertlərin fikrincə, Azərbaycan torpaqlarının uzun müddət Ermənistan tərəfindən işğalı, müharibənin başlaması ilə bağlı cəmiyyət daxilində deyil, faktiki işğalçılara qarşı milli zəmində nifrət nitqinin yayılması başlanğıcını götürüb. Belə ki, gerçək işğalçı düşmən obrazı ictimai rəydə emosional nifrət hisslərini yarada bilər. Ümumilikdə siyasi motivli nifrət nitqi, onun təzahürləri və nəticələri, mediada nifrət əsaslı çıxışlar və s. məsələlər vaxtaşırı dilə gətirilib.

Avropa Şurasının “Azərbaycanda Kiber bulling (zorakılıq), nifrət nitqi və nifrət cinayətləri üçün milli hesabat prosedurları” adlı sənədində müvafiq sahə dəyərləndirilib.

Aşağıdakı məlumatlar Avropa Şurasının “Nifrət Nitqinə Yox” hərəkatına qatılan ölkələrdə milli hesabat mexanizmlərinin xəritələşdirmə tədqiqatından götürülüb. Məqsəd aşağıdakıları təmin etməkdir:

  1. Kiberzorakılıq, nifrət nitqi və nifrət cinayətləri mövcud olduğu təqdirdə milli hesabat mexanizmlərinin əlaqə məlumatları;
  2. Mövcud olduqları təqdirdə kiberzorakılıq, nifrət nitqi və nifrət cinayətləri ilə davranmağın qanuni əsasları barədə məlumat və hesabat mexanizmləri, nifrət cinayətləri barədə məlumatlar polis və qaynar xətt telefonu vasitəsilə təqdim edilə bilər. Hazırda nifrət nitqi və kiberzorakılıq barədə məlumat vermək, hesabatlılıq üçün hər hansı mexanizm yoxdur.

Azərbaycanda nifrət qanunvericiliyi haqqında: “2. Ümumi məlumat. Nifrət cinayətləri ilə bağlı konkret təriflər olmasa da, Cinayət Məcəlləsində nifrət cinayətləri ilə bağlı müəyyən edilmiş maddələr mövcuddur:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Maddə 61) görə, milli, irqi, dini nifrət və ya fanatizm səbəbilə cinayət törətmək, digər şəxslərin qanuni hərəkətlərindən qisas almaq məqsədilə və ya daha aşağı dərəcədə intiqam almaq təhrikçilik, cəzanı ağırlaşdıran hallar arasındadır.

Nifrət cinayətlərinin cəzalandırılmasını qanuni şəkildə tənzimləyən başqa bir maddə 111-ci maddədir: İrqi ayrı-seçkilik (aparteid). 111.0. Bir irqi qrupun digər irqi qrupu məhv etmək üçün üstünlüyünün təşkili və qorunması məqsədilə həyata keçirilən hərəkətlər:

111.0.1. irqi qrupun və ya qrupların üzvlərinə həyat və azadlıq hüququnu inkar etmək, yəni irqi qrup və ya qrup üzvlərinin öldürülməsi, sağlamlığına ağır və ya əqli qabiliyyətlərinə ciddi ziyan vurulması, onlara işgəncə verilməsi və ya ağır, amansızca istinad edilməsi və ya alçaldıcı üstünlük və cəzalar, habelə hər hansı bir həbs və ya qanunsuz həbs;

111.0.2. irqi qrup və ya qruplar üçün tam və ya qismən fiziki məhv olmaq üçün hazırlanmış yaşayış şəraitinin yaradılması.

Qəsdən adam öldürməyə görə cinayətin cəzalandırılması barədə 120-ci maddəyə görə, milli, irqi, dini nifrət və ya düşmənçilik səbəbi ilə qəsdən adam öldürmə cəzanı daha da ağırlaşdırır.

Həmçinin, “Reklam haqqında” Qanunun 12-ci maddəsində nifrət nitqindən bəhs olunur: Maddə 12.1. Yetkinlik yaşına çatmayanların əqli və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq üçün reklamda aşağıdakılar qadağandır:

12.1.2. Başqa bir insana qarşı kobudluq, nifrət, təcavüz, pis vərdişlər aşılamaq.

Eləcə də, “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 10-cu maddəsində qeyd olunur: “Kütləvi məlumat azadlığından sui-istifadənin yolverilməzliyi… nifrət cinayətləri ilə bağlı cəzanı ağırlaşdırmağı nəzərdə tutur”.

Avropa Şurasının qeyd edilən fəaliyyəti çərçivəsində Azərbaycanda Facebook sosial şəbəkəsində “Nifrət Nitqinə Yox” hərəkatı adl səhifə yaradılıb. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsi olub [22]. Layihə bərabərliyi, ləyaqəti, insan hüquqlarını və müxtəlifliyi müdafiə edir və dəstəkləyir. Bu, nifrət nitqi, irqçilik və ayrı-seçkilik hallarının onlayn ifadəsinə qarşı yönəlib. Kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır. Kampaniyanın fəaliyyəti çərçivəsində Bakı şəhərində yerləşən bir sıra Gənclər evlərində insan hüquqlarının Azərbaycan gəncləri üçün mühüm aspektləri haqqında təlim sessiyaları həyata keçirilib. Təlim modulu “KOMPASS” – İnsan Hüquqları Tədrisi Kitabçasına uyğun olaraq hazırlanıb. Təlimçi qismində 27 iyun-3 iyul 2017-ci il tarixlərində Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən təşkil olunan “KOMPASS”-İnsan hüquqları üzrə uzunmüddətli tədris proqramının iştirakçıları cəlb olunub.

Hərəkat onlayn nifrət nitqinin bütün formalarına, o cümlədən gənclərə ən çox təsir edən təhdidin və təhqirin təzahürlərinə qarşı yönələn kampaniya kimi təsvir edilir. Onun məqsədi onlayn nifrət nitqi, onun demokratiya və fərdi gənclər üçün riskləri haqqında məlumatlılığı artırmaq, media və internet savadlılığını təşviq etmək; onlayn və oflayn rejimdə insan haqlarının müdafiəsi üçün çalışan gəncləri dəstəkləmək; onlayn nifrət nitqinə qarşı dözümlülük səviyyəsini azaltmaq; onlayn gənc fəalları insan haqlarının müdafiəsi üçün səfərbər etmək, hazırlamaq və şəbəkə qurmaq; onlayn nifrət nitqinin yayılma xəritəsini tərtib etmək və konstruktiv reaksiya alətlərini təşviq etmək; onlayn nifrət nitqinin hədəfə aldığı insanlara və qruplara dəstək və həmrəylik nümayiş etdirmək; nifrət nitqi ilə mübarizədə Avropanın siyasət alətləri üzrə inkişaf və konsensus üçün təşviqat aparmaq; gənclərin iştirak formalarını və onlayn vətəndaşlığı inkişaf etdirməkdır.

Səhifədə qeyd edilir ki, “nifrət nitqi Avropa Şurası tərəfindən müəyyən olunduğu kimi, dözümsüzlük, o cümlədən aqressiv milliyyətçilik və etnosentrizmlə, azlıqlara, emiqrantlara və immiqrant mənşəli insanlara qarşı ayrı-seçkilik və düşmən münasibətlə ifadə olunan dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik edən, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarını əhatə edir”.

10 dekabr 2017-ci il tarixində “Nifrət Nitqinə Yox” hərəkatı kampaniyasının son rəsmi fəaliyyət günü olub. Həmin vaxtdan səhifə aktiv deyil.

Nifrət qanunvericiliyi ilə bağlı müzakirələrlə yanaşı, Azərbaycanda diffamasiya haqqında qanun da son illər diqqət mərkəzində olub. Səbəb odur ki, nifrət nitqi və ifadə azadlığının hüdudlarının müəyyənləşdirilməsi bu sahədə görüləcək mühüm məsələlərdən biridir. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürsə də, bununla bağlı qanun layihəsi indiyə qədər parlamentdə müzakirəyə çıxarılmayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Z.Oruc bildirib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərdəki problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələlər komitənin gündəliyində əsas yer tutur.

“ARTİCLE 17” təşkilatı tərəfindən ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin sifarişi ilə “Diffamasiya haqqında Azərbaycan Respublikası Qanununa dair Memorandum” (2006-cı il) tərtib edilib. Memorandumda qeyd edilir ki, təşkilat “Diffamasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun layihəsinin) hazırlanmasını alqışlayır, həmin Qanun layihəsi ölkədə diffamasiyanı dekriminallaşdırmaq (cinayət əməli saymamaq) və mülki diffamasiyaya dair aydın və mütərəqqi normalar müəyyən etmək məqsədini daşıyır. Qanun layihəsində ifadə azadlığına hörmət edilməsini, eyni zamanda nüfuzun qorunmasını təmin etmək məqsədi daşıyan bir çox müddəalar yer almışdır. Diffamasiyaya dair cinayət normalarını ləğv etməklə yanaşı, Qanun layihəsi dövlət qurumları tərəfindən diffamasiya işlərinin qaldırılmasını qadağan edir, diffamasiyanın hüdudlarını xeyli dərəcədə məhdudlaşdıraraq buraya yalnız faktlara dair yalan ifadələri aid edir, diffamasiyaya dair iddiaya qarşı güclü müdafiəni təmin edir və diffamasiya xarakterli ifadələrə qarşı müdafiə vasitələrinin mütərəqqi rejimini müəyyən edir. Eyni zamanda, bəzi müddəaların beynəlxalq normalara daha çox uyğun olması üçün onlara düzəlişlər edilə bilər. Əlavə müdafiə vasitələri nəzərdə tutulmalı, qanunun tətbiq dairəsi daha da daraldılmalı və qərəzli iddiaçılar problemini həll etmək üçün normalar nəzərdə tutulmalıdır” [6].

Məlum olduğu kimi, nifrət nitqi və ifadə azadlığının hüdudlarının müəyyənləşdirilməsi ən vacib məsələlərdən biridir. Bu baxımdan, Memorandumun “2.2. İfadə azadlığına qoyulan məhdudiyyətlər” bölməsi diqqəti cəlb edir. İHAK-ın 10-cu maddəsinin 2-ci bəndində ifadə azadlığının məhdudlaşdırılmasına yol verilən azsaylı hallar qeyd edilir: Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Bu bənddə üç hissədən ibarət meyar nəzərdə tutulur, bu meyara görə ifadə azadlığına qoyulan məhdudiyyətlərin qanuni olması üçün həmin məhdudiyyətlər: a) qanunla nəzərdə tutulmalı; b) qanuni məqsəd daşımalı; və c) “demokratik cəmiyyətdə zəruri” olmalıdır.”

Həmçinin, AİHM qeyd etmişdir ki, “norma vətəndaşın öz davranışını tənzimləyə bilməsi üçün kifayət qədər dəqiq ifadə edilməmişdirsə, o, “qanun” sayıla bilməz: vətəndaş müvafiq hərəkətin törədə biləcəyi nəticələri şəraitə görə ağlabatan dərəcədə qabaqcadan görmək imkanına malik olmalıdır (ehtiyac olduqda müvafiq məsləhət almaqla)”. Deyilənlər baxımından Memorandumda belə nəticəyə gəlinir ki, diffamasiya haqqında qanun layihəsində: “Hakimiyyət orqanlarına ifadə azadlığını məhdudlaşdırmaqda həddən artıq geniş səlahiyyətlər verən qanunlar da məhdudiyyətlərin “qanunla nəzərdə tutulmuş” olması tələbinə cavab vermir”. Həmçinin, Qanun layihəsinin tətbiq dairəsinin təkcə kütləvi informasiya vasitələri ilə məhdudlaşmamasını nəzərə almaqla, layihənin 1-ci maddəsindən “kütləvi informasiya vasitələri” sözlərinin çıxarılması tövsiyə edilib.

2014-cü ildə “Deutsche Welle” Akademiyasının dəstəyi ilə “Cənubi Qafqaz mediasında “nifrət nitqi”. Azərbaycan, Ermənistan və Gürcüstan mediasının monitorinqi əsasında Hesabat” adlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, regionda nifrət nitqinin nisbətən ən az mühahidə edildiyi Azərbaycan mediası olub [49].

Digər sənəd kimi, Avropa Şurası tərəfindən “İfadə azadlığı haqqında Azərbaycan qanunvericiliyinin təhlili” adlı araşdırmanı göstərmək olar (Analysis Of Azerbaijani Legislation On Freedom Of Expression. Council of Europe, 2017) [20].

Araşdırmanın əsas məqsədi ifadə azadlığına dair Azərbaycan Respublikasının qanunvericilik və tənzimləyici bazasının müasir icmalını vermək və Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) tələblərinə uyğunluğunu qiymətləndirməkdir. Sənəd şiddətə təhrikçilik, böhtan, nifrət nitqi, gizli və məxfi məlumatlar, dini ifadə və digərləri daxil olmaqla ifadə azadlığı və tənzimləmə ilə əlaqəli ümumi qaydaların izahı ilə başlayır. Həmçinin mediaya aid qanun və qaydaların, daha sonra, xüsusən medianın və internetin icmalı verilib. Hər fəsildən sonra mövcud qanunvericilik bazasının Konvensiyanın tələblərinə uyğun şəkildə islah olunmasına dair tövsiyələr verilir. Hesabatda aşağıdakı tövsiyələr təklif edilmişdir:

l Nifrət nitqinə və zorakı hərəkətlərə təhriklərin, qanunla qadağan edilmiş çağırışların məzmununun daha spesifik tərifləri ilə yanaşı, qadağan olunmuş ifadələr və bunların vurduğu zərər ehtimalı ilə əlaqədar təlimatlardan faydalanmaq məqsədəuyğundur;

l Cinayət hüququ kontekstində diffamasiya ilə bağlı müddəalar “faktlar” və “fikirlər” arasında  fərq qoymalı, həqiqətin müdafiəsi təmin edilməlidir;

l İnternetdə böhtanla bağlı müddəalarda zərər çəkmiş şəxsin şikayətini tələb etməklə qorunması vurğulanmalıdır.

Bakı Mətbuat Klubunun rəhbəri, jurnalist Arif Əliyevin sözlərinə görə, “Diffamasiya haqqında” Qanun 4 variantda müxtəlif təşkilatlar tərəfindən parlamentə təqdim olunub. Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda bu qanun layihəsinin qəbul olunması bir tapşırıq kimi ortaya qoyulsa da, Azərbaycan postsovet məkanında diffamasiyanı qəbul etməyən bir-iki ölkə sırasında qalıb. Gürcüstan və Ermənistan bu qanunu çoxdan qəbul edib. Hazırda “feyk-saxta xəbərlərin” (fake news) artması, texnoloji cəhətdən onunla mübarizə aparılmasının mürəkkəbləşməsi bir çox ölkələri bu məsələlərə qayıtmağa məcbur edib. Bu qanunvericiliyin çoxdan vaxtı çatmış məsələ olması bəllidir. Belə ki, diffamasiyaya aid olan bir sıra anlayışların dəqiq izahı hələ də müəyyən edilməyib. Bu səbəbdən məhkəmələrdə bəzən çox absurd qərarlar çıxarılır. Azərbaycanda illər əvvəl qəbul olunmuş dövlət sənədində diffamasiya məsələsi əksini tapmışdır. Orada qeyd edilmişdi ki, il ərzində qanun qəbul olunsun. Lakin o tapşırıq hələ də yerinə yetirilməyib. Halbuki bu, media azadlığına aid olan məsələdir.”

İrqçilik və Ayrı-seçkiliyə qarşı Avropa Komissiyasının (ECRI) 2016-cı il hesabatında qeyd edilib ki,  ECRI-ın mandatına daxil olan səbəblərə görə edilən təhqir Azərbaycan qanunvericiliyi ilə açıq şəkildə qadağan edilməyib (7 saylı ÜST-ün 15-ci bəndi)”. Təşkilatın digər tövsiyələri aşağıdakılardır:

l ECRI Azərbaycan dövlət orqanlarının ayrı-seçkilikdən zərər görən şəxslərin qorunması haqqında mülki və inzibati hüquq müddəalarını həyatın başlıca sahələrində irqçiliklə və ayrı-seçkiliklə mübarizə aparmaq üçün müfəssəl qanunu qəbul edərək möhkəmləndirmələrini bir daha tövsiyə edir. Bununla əlaqədar olaraq o, 7 saylı Ümumi Siyasət Tövsiyəsinin 4-dən 17-ci bəndlərinə istinad edir.

l ECRI dövlət orqanlarının 2 saylı Ümumi Siyasət Tövsiyəsinə uyğun şəkildə həm özəl, həm də ictimai sektorda irqçilik və ayrı-seçkiliklə mübarizə aparmaq üçün xüsusi qurum yaratmalarını təkidlə tövsiyə edir. Bu qurum xüsusən ayrı-seçkilikdən zərər çəkənlərə məhkəmə işlərində təmsil edilmə də daxil olmaqla ümumi məsləhət və hüquqi dəstək vermək səlahiyyətinə malik olmalıdır.

l ECRI Azərbaycan dövlət orqanlarının və ictimai qurumların bütün səviyyələrdə ermənilərə qarşı nifrət nitqindən uzaq durmasını təmin etmələrilə bağlı tövsiyəsini bir daha təkrar edir.

l ECRI dövlət orqanlarının həssas qruplarla mütəmadi dialoq aparmasını və onların statistik məlumatlarında bütün irqçi, fobiya cinayətləri ilə bağlı hallarının göstərilməsini təmin etmələrini tövsiyə edir.

l ECRI dövlət orqanlarının, məsələn, prokurorların və cinayət işləri üzrə hakimlərin intensiv təlimi vasitəsilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin milli, irqi və ya dini düşmənçiliyin salınması barədə 283-cü maddəsini tətbiq edərkən söz, din və birləşmək azadlıqlarına lazımi diqqət ayrılmasını təmin etmələrini təkidlə tövsiyə edir.

NƏTİCƏ

Hazırda ölkə daxilində olmasa da, ölkə xaricindən Azərbaycanda konkret bir şəxsə və ya şəxslər qrupuna qarşı nifrət dilini, böhtan və qarayaxmanı tirajlayan sosial şəbəkə profilləri mövcuddur. Bu baxımdan, cəmiyyət olaraq mediada, ünsiyyət və ritorikada, sosial şəbəkələrdə nifrət nitqi ilə bağlı təzahürlər müzakirə mövzusudur. Həmin sosial şəbəkə kontentləri necə, hansı qanunvericilik əsasında təhlil edilməlidir, necə cəzalandırılmalıdır, cəzanın adekvatlığı və ədalətli qərar necə verilməlidir kimi suallara cavabların daha da konkretləşdirilməsinə ehtiyac vardır. Yalnız bu sualların cavablandırılması, sosial şəbəkələrdə ölkəmizə, ayrı-ayrı şəxslərə qarşı nifrət nitqinin tənzimlənməsi ilə bağlı növbəti addımların atılması mümkün ola bilər.

Hüquqşünasların fikrinə görə, içində zorakılığa çağırış olmayan nifrət nitqlərinin qadağan olunması ifadə azadlığına toxuna bilər. Bu baxımdan ölkədə birbaşa konstitusion quruluşun devrilməsinə, ictimai qaydanı qoruyan polisə qarşı nifrət və şiddətə, açıq zorakılığa çağırışlar edən sosial şəbəkə istifadəçiləri qanuna riayətə dəvət edilməlidir. Yaxud AİHM-in bir çox qərarlarında olduğu kimi, nifrət nitqinə görə onlara cərimə kimi qeyri-həbs metodları tətbiq edilməlidir.

Vətən müharibəsindən başlayaraq, indinin özündə də Ermənistan və qondarma Qarabağ ombudsmanları Azərbaycanda sosial şəbəkələri izləməklə, ermənilərə qarşı etnik-milli, dini əsaslı  nifrət misallarını tirajlayaraq, çoxsaylı hesabatlar hazırlayıb və Avropanın müvafiq qurumlarına göndərib. Bu saxta hesabatlar hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” strategiyasının reallaşdırılması və birgəyaşayış aspektində, ermənilərin azərbaycanlılarla birgə yaşayışının qeyri-mümkünlüyü, qondarma “artsaxın müstəqilliyini” əsaslandırmaq üçün uydurulan “ekzistensial təhdid” miflərinə inandırmağa xidmət edir.

Bu baxımdan ermənilərə tarixən xas olan nifrət şüurunun sübutları, erməni rəhbərliyinin törətdiyi insanlıq əleyhinə cinayətlər də daxil olmaqla bunları əks etdirən hesabatların hazırlanması gündəmdə durur. Əsas kimi EGRI təşkilatının son onilliklərdə bütün hesabatlarında ölkəmizdə nifrət cinayətlərinin təzahürlərinin olmaması ilə bağlı sənədlər mövcuddur. Təşkilatın son tövsiyələrindən birində qeyd edilir: “Ermənistan Respublikası ilə bağlı daimi mənfi rəsmi və media açıqlamaları ayrı-seçkiliyə məruz qalan erməni əsilli insanlara qarşı mənfi əhval-ruhiyyənin mövcudluğuna rəvac verir. ECRI dövlət orqanlarını Azərbaycanın yurisdiksiyasına daxil olan ermənilərlə bağlı rəyin yaxşılaşdırılması üçün aktiv fəaliyyət göstərməyə qətiyyətlə çağırır. ECRI Azərbaycanın səlahiyyətli orqanlarını Azərbaycan yurisdiksiyası çərçivəsində yaşayan ermənilərlə bağlı rəy mühitini yaxşılaşdırmaq istiqamətində fəal işləməyə çağırır. Eyni zamanda bütün siyasi partiyaların irqçilik, ayrı-seçkilik və ksenefobiyanın bütün formalarına qarşı sərt mövqe tutması, müxtəliflik və plüralizm lehinə açıq siyasi mesajlar verməsinin zəruriliyi vurğulanır; həmçinin onlara ermənilərlə bağlı məsələlərə mənfi tərəfdən yanaşmaqdan çəkinməyi tövsiyə edir”.

BMT çərçivəsində nifrət nitqi, dini kimlik, ifadə azadlığı, küfr və nifrət nitqinin fərqləndirilməsi ilə bağlı qəbul edilən “Rabat Fəaliyyət Planı” bu sahədə ən nüfuzlu sənəd hesab edilir. Sənəddə təhqiramiz, lakin cəzalandırılmayan ifadələr və qanunsuz sayılan nifrət ifadələri arasındakı hüdudları müəyyənləşdirməyə imkan verən, altı hissədən ibarət  xüsusi “test” mexanizmi Azərbaycanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsində istifadə edilə bilər. Həmin 6 amil bunlardır: 1. kontekst, 2.danışanın kimliyi, 3.niyyət, 4.məzmun və forma, 5.nitqin çatma dərəcəsi,  6.miqyası və zərər vurma ehtimalı. Rabat Fəaliyyət Planının xüsusi əhəmiyyəti onlayn danışığı nitqdən ayırmağı bacaran, daha yüksək sosial təsir göstərə bilən fərq amillərini qabartmasıdır.

Həmçinin, nifrət cinayətlərinin qeydə alnmadığı Azərbaycanda BMT-nin ifadə azadlığı və nifrət cinayətləri sahəsində ekspertlərindən sayılan Devid Key ölkəmizə dəvət edilə və məruzə hazırlaya bilər (yuxarıda qeyd edildiyi kimi, o, bir çox ölkələrin onu dəvət etməməsi ilə bağlı gileylərini bildirib).

Qeyd edilən bu və digər məsələlərə əsaslanaraq, nifrət cinayətlərinin tarixən de-fakto heç zaman müşahidə edilmədiyi Azərbaycanda onun de-yure olaraq təsbit edilməsinin müzakirə edilməsini gündəmə salmağın faydalı olacağını deyə bilərik.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. “Hate Speech” in Encyclopedia of the American Constitution, ed. Leonard W. Levy and Kenneth L. Karst, vol. 3. (2nd ed.), Detroit: Macmillan Reference US, pp. 1277–79.
  2. Allport, G. W. (1962) Prejudice: Is it societal or personal? Journal of Social Issues, 18, 120–134.
  3. Anne-Marie Slaughter. Charlie Hebdo’s Rights and Wrongs// https://www.project-syndicate.org/commentary/charlie-hebdo-rights-wrongs-by-anne-marie-slaughter-2015-01?utm_source=facebook&utm_medium=organic-social& utm_ campaign= reactive& utm_post-type=link&utm_format=16%3A9&utm_creative=link-image&utm_post-date=2020-09-01&fbclid=IwAR3xcQROtLerDfPRW Yzo6W6M3Yl5jJN186w0Uw GBlYRLaq_Q9qbSrY2AGds& barrier=accesspaylogAPRIL 24, 2021
  4. Attacks on Asian Americans during pandemic renew criticism that U.S. undercounts hate crimes//https://www. washingtonpost.com/national-security/asian-american-hate-crimes/2021/02/21/c28a8e04-72d9-11eb-b8a9-b9467510f0fe_story.html
  5. Boromisza-Habashi D. Speaking Hatefully: Culture, Communication, and Political Action in Hungary. Pennsylvania, 2013.160 p.
  6. “Diffamasiya haqqında” Azərbaycan Respublikası Qanununa dair Memorandum // https://www.osce.org/files/f/documents/b/4/23942.pdf
  7. ECRI General Policy Recommendation No. 15 on Combating Hate Speech (2015). ECRI Declaration on the use of racist, antisemitic and xenophobic elements in political discourse (2005), the Rabat Plan of Action on the prohibition of advocacy of national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence and case law of the ECtHR (Feret v. Belgium, Seurot v. France
  8. ECtHR, Perinçek v. Switzerland, Application no. 27510/08, 17 December 2013
  9. Germany: New law against right-wing extremism and hate crime – Judit Bayer
  10. Haiman F.S. «Speech acts» and the First Amendment. Carbondale, 1993. Lakoff R.T. The Language War. Berkeley [etc.], 2000. Mazid B.-E.M. HateSpeak in Contemporary Arabic Discourse. Newcastle upon Tyne, 2012 ; ВасиленкоЕ.Н. «Язык вражды»: к определению термина// Романовские чтения –13. Могилев, 2019.
  11. Hate Crime and Hate Speech// https://humanrights.gov.mt/en/ Pages/LGBTIQ % 20 Equality/ Legal% 20Provisions / Hate-Crime-and-Hate-Speech.aspx
  12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. – http://e-qanun.az/framework/46947
  13. https://dictionary.cambridge.org/us/dictionary/english/hate-speech
  14. Germany: New law against right-wing extremism and hate crime – Judit Bayer. / April 24, 2021/ – https://inforrm.org/2021/04/24/germany-new-law-against-right-wing-extremism-and-hate-crime-judit-bayer/
  15. https://infostart.hu/belfold/2020/03/25/szekszardon-elszabadultak-az-indulatok-egy-hazi-karanten-miatt
  16. Of the Committee of Ministers to Member States on “Hate Speech” / Recommendation No. R (97) 20/. https://rm.coe.int/1680505d5b
  17. https://www.article19.org/
  18. Разъясняя «язык вражды»: Практическое пособие. – https://www.article19.org/wp-content/uploads/2015/12/A19_Hate-Speech-Report-2018_Russian.pdf
  19. Zuckerberg’s Calls for Regulation Are Seen Missing the Mark. / April 1, 2019/- https://www.bloomberg.com/news/articles/2019-04-01/zuckerberg-s-calls-for-regulation-are-seen-missing-the-mark
  20. Complete list of the Council of Europe’s treaties. -https://www.coe.int/en/web/conventions/full-list/-/conventions/treaty/ 189/declarations? p_auth =PYNtF7OL
  21. Coronavirus: France faces ‘epidemic’ of anti-Asian racism. -https://www.euronews.com/2020/02/03/coronavirus-france-faces-epidemic-of-anti-asian-racism
  22. https://www.facebook.com/NoHateSpeechMovementAzerbaijan/
  23. https://www.hrw.org/news/2020/05/19/germany-anti-semitism-creeps-covid-19-protests;https://www.enar-eu.org/ COVID-19-impact-on-racialised-communities-interactive-EU-wide-map;https://www.enar-eu.org/IMG/pdf/key _findings _of_the_map.pdf
  24. Trial of the Major War Criminals Before the International Military Tribunal. Nuremberg, 14 November 1945 – 1 October 1946. -https://www.loc.gov/rr/frd/Military_Law/pdf/NT_Vol-I.pdf
  25. Lanchester, John. You Are the Product. – https://www.lrb.co.uk/the-paper/v39/n16/john-lanchester/you-are-the-product
  26. https://www.ohchr.org/Documents/HRBodies/HRCouncil/FFM-Myanmar/A_HRC _39_64.pdf
  27. Facebook’s Secret Censorship Rules Protect White Men From Hate Speech But Not Black Children. – https://www.propublica.org/article/facebook-hate-speech-censorship-internal-documents-algorithms
  28. https://www.refworld.org/cgi-bin/texis/vtx /rwmain/ opendocpdf.pdf ?reldoc= y& docid=51beb9b34
  29. Opinion: Why America needs a hate speech law. – https://www.washingtonpost.com/opinions/2019/10/29/why-america-needs-hate-speech-law/
  30. Defining “Counter-Speech” and Fighting Hate Speech | Nadine Strossen. – https://www.youtube.com/watch?v=GsC6rLGSRm8
  31. İsveçdə Quranın yandırılması iğtişaşlara səbəb oldu. 29-08-2020// https://qafqazinfo.az/news/detail/isvecde-quranin-yandirilmasi-igtisaslara-sebeb-oldu-296829
  32. Janssen E.H. Faith in Public Debate: on Freedom of Expression, Hate Speech and Religion in France and the Netherlands.Cambridge, 2015. 637 p.
  33. Kenneth Ward, Free Speech and the Development of Liberal Virtues: An Examination of the Controversies Involving Flag-Burning and Hate Speech, 52 U. Miami L. Rev. 733 (1998).263 p.
  34. Laub Z. Hate Speech on Social Media: Global Comparisons //https://www.cfr.org/backgrounder/hate-speech-social-media-global-comparisons
  35. Millennials OK with limiting speech offensive to minorities //https://www.pewresearch.org/fact-tank/2015/11/20/40-of-millennials-ok-with-limiting-speech-offensive-to-minorities/
  36. Moschel, M. Race in mainland European legal analysis: Towards a European Critical Race Theory, Ethnic and Racial Studies, volume 34, number 10, 2011, 2017. pp. 1648–1664.
  37. Ramdev R., Nambiar S.D., Bhattacharya D. Sentimental Sovereignties: Hurt and the Political Unconscious // Sentiment, politics, censorship: the state of hurt. New Delhi 2016.324 p.
  38. Saudi Arabia Is Scrubbing Hate Speech from School Books. Why That’s a Win for the Trump Administration//https://time.com/5921721/saudi-arabia-extremism-trump-administration/?fbclid=IwAR06CpM0d Q3j4xHhG2AMEU vfmGrzNKF5Mw65 doouOo6OW0V4hi3D7jLMtU
  39. Saunders K.W. Degradation: What the History of Obscenity Tells Us about Hate Speech. New York; London, 2011,266 p.
  40. Schabas, W. ‘International criminal law and tribunals and human rights’, in: Sheeran, S., Sir Rodley, N. (eds.), Routledge Handbook of International Human Rights Law, Routledge, Abingdon, 2013, pp. 215–230; Tonry, M.H., Farrington, D. P. (eds.), Building a Safer Society – Strategic Approaches to Crime Prevention, Chicago University Press, Chicago, 1995)
  41. Tanya Hernandez. Hate Speech and the Language of Racism in Latin America, 32 U. Pa. J. Int’l L. 805; 2010-2011.
  42. Tsesis A. Dignity and Speech:the Regulation of Hate Speech in a Democracy//Wake Forest law review. 2009. Vol. 44,194 p.
  43. Universal Declaration of Human Rights, 1948, Articles 1 and 2.
  44. Waldron, J., ‘Protecting Dignity or Protection from Offense?’, In The Harm in Hate Speech, Harvard University Press, Cambridge, Massachusetts; London, England, 2012, pp. 105-143. Retrieved June 17, 2020, available at www.jstor.org/stable/j.ctt2jbrjd.7
  45. Whitten, S. ‘Recognition, Authority Relations, and Rejecting Hate Speech’, Ethic Theory Moral Prac 22, 2019, pp. 555–571
  46. Дзялошинский И.М. Российские СМИ: как создается образ врага : монография / Чебоксары: ИД «Среда», 2019,316 с.
  47. Законодательство против преступлений на почве ненависти/ Практическое руководство/ /https://www.osce.org/files/f/documents/a/1/36427.pdf
  48. Эксперт ООН: язык ненависти в интернете нельзя считать безвредным/ https://news.un.org/ru/ story/ 2019/10/1365391
  49. Отчет “язык вражды” в средствах массовой информации Южного Кавказа// https://ypc.am/upload/Hate_Speech_October_2014_rus.pdf

  Lala Akbarova
Hate speech – Legal, Political, Cultural aspects.İnternational Experience in Legal Regulation

 Abstract

The article analyzes the topic of “hate speech”, its legal, political, cultural aspects, as well as the world experience of its regulation. It is noted that hate speech and hate crimes, which have entered the legal and political vocabulary in recent years, threaten human rights, human dignity and equality, increase tensions between social groups, violate public order and threaten peaceful coexistence. The lack of appropriate preventive and responsive measures in this field undermines universal values in different countries.

Studies of hate speech have become widespread in recent years, and many fields, including law, political science, linguistics, cultural studies, mediology, etc. study the radical aspects of the problem. At the same time, an exhaustive definition as a scientific term has not yet been formed.

The article analyzes the growth of hate speech on social media and during the COVID-19 period.

Considering the existing experience of “hate speech law”, it is emphasized that paradoxes and contradictions between freedom of expression and restrictions on hate speech impede the achievement of positive results in this area.

The conclusion notes that legal provisions are needed to improve the general perception of hate speech, improve existing standards for combating hate speech and take action against hate crimes.

Key words: hate speech, Language of Hate, legal, political, cultural aspects, social networks, hate crimes, regulation, world experience, European Union, USA, Japan, Azerbaijan.

Лала Акбарова
Язык вражды-правовые, политические, культурные аспекты. Мировой опыт правового регулирования

Резюме

В статье анализируется тема «языка вражды», его правовые, политические, культурные аспекты, а также мировой опыт его регулирования. Отмечается, что язык вражды и преступления на почве ненависти, вошедшие в юридический и политический лексикон в последние годы, угрожают правам человека, человеческому достоинству и равенству, усиливают напряженность между социальными группами, нарушают общественный порядок и угрожают мирному сосуществованию. Отсутствие соответствующих превентивных и ответных мер в этой области в разных странах подрывает универсальные ценности.

Отмечается, что исследования языка вражды стали относительно широко распространенными в последние годы, и многие науки включая-право, политологию, лингвистику, культурологию, медиалогию и т.д. изучают ралдичные аспекты проблемы. Вместе с тем, еще не сформировано исчерпывающее определение как научного термина.

В статье анализируется рост языка вражды в социальных сетях и в период COVID-19.

Рассмотривая опыт «законодательства о ненависти» в мире,подчеркивается, что парадоксы и противоречия между свободой выражения мнения и ограничениями на язык вражды препятствуют достижению положительных результатов в этой области.

В исследовании представлен сравнительный анализ практики регулирования языка вражды в странах мира. Представлены выводы о возможном применении этой практики в Азербайджане.

В заключении отмечается что, необходимы правовые нормы для улучшения общего восприятия языка ненависти, совершенствования существующих стандартов борьбы с языком ненависти и принятия мер против преступлений на почве ненависти.

Ключевые слова: язык вражды, язык ненависти, правовые, политические, культурные аспекты, социальные сети, преступления на почве ненависти, регулирование, мировой опыт, Европейский Союз, США, Япония, Азербайджан

---------------