Humay AXUNDZADƏ
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçi
Bakı, Azərbaycan

E-mail: humay_akhundzade@stm.az

Xülasə. Məqalədə Azərbaycanda ailə qayğısı rejimi müasir qayğı konsepsiyalarını tətbiq etməklə makro- və mikrosəviyyələrdə ilk dəfə olaraq təhlil edilir. C.Lyuisin sosial qayğı konsepsiyası qayğı rejimlərinin ümumi bölgüsünə istinad kimi verilir. A.Hohşildin qayğı idealı və modelləri, J.Çernovanın qayğı rejimlərinin elementləri sözügedən anlayışın formalaşmasında dəyərlər sisteminin rolunu göstərir. B.Pfau-Effingerin “rifah mədəniyyəti” konsepsiyası, S.Leytnerin familizm konsepsiyası və Q.Espinq-Andersenin rifah dövlətlərinin təsnifatı, M. Kremerin yanaşması qayğı rejiminin formalaşmasında mədəni və institusional amilləri aydınlaşdırmaq üçün araşdırılır. Qayğı rejiminin mikrosəviyyədə tədqiqi üçün əhəmiyyətli olan daha iki konsepsiyaya – E.Svidlerin mədəniyyət, eləcə də L.Berqson və U. Robertsin ailə həmrəyliyi konsepsiyalarına aydınlıq gətirilir. Bunun nəticəsində müəllif belə qənaətə gəlir ki, Azərbaycan kontekstinə uyğun konseptual bazanın işlənilməsi yerli cəhətlərin – sosial siyasət tarixi, mövcud qanunvericilik bazası və mədəni xüsusiyyətlərin nəzərə alınmasını tələb edir.

Açar sözlər: qayğı, qayğı rejimi, qayğı idealı, qayğı modelləri, rifah dövləti, rifah mədəniyyəti, fəaliyyət strategiyası, nəsillərarası həmrəylik

GİRİŞ

Qayğı rejiminin tədqiqi müasir sosial elmlərdə ciddi ənənələrə malikdir. Azərbaycanda sosial siyasət sahəsində aparılan islahatlar bu istiqamətdə təd qiqatların həyata keçirilməsi zərurətini yaradır. Qayğı rejimi cəmiyyətdə qayğıya ehtiyacı olan bütün kateqoriyaların (uşaqlar, yaşlılar, əlillər) həyatına təsir edir. Çıxış nöqtəsini qayğı rejimlərinin ailəmərkəzli və ailədənkənar növlərinə ayıran C.Lyuisin yanaşmasından götürəriksə [19], aydındır ki, Azərbaycan cəmiyyətinin ailə ənənələri və sosial siyasət strategiyası bizim kontekstdə birinci növün aktuallığını labüd edir. Bu səbəbdən Azərbaycanda qayğı rejiminin tədqiqini ailə qayğısı rejiminin (və ya familist qayğı rejimi) tədqiqindən başlamağı məqsədəuyğun hesab edirik.

Məqalədə Azərbaycan cəmiyyətinin kontekstində ilk dəfə olaraq familist qayğı rejimi makro və mikrosəviyyələrdə nəzərdən keçirilir. Bu bölgü C.Lyuisin sosial qayğı konsepsiyasına əsaslanır. Makrosəviyyə mikrosəviyyədəki ailə qayğısının reallaşdığı konteksti təşkil edir. Qayğı rejiminin makrosəviyyəsinin təhlili A.Hohşildin qayğı idealı və modelləri kateqoriyasına, J.Çernovanın qayğı rejimlərinin elementlərinə, B.Pfau-Effingerin “rifah mədəniyyəti” konsepsiyasına, S.Leytnerin familizm konsepsiyasına və Q.Espinq-Andersenin rifah dövlətlərinin təsnifatına əsaslanır. Mikrosəviyyədə isə rejim E.Svidlerin təcrübə və strategiyalar repertuarı adlanan mədəniyyət konsepsiyası vasitəsilə nəzərdən keçirilir. Həmçinin L.Berqson və U. Roberts tərəfindən təklif olunan ailə həmrəyliyi anlayışından istifadə olunur. Məqalədə həmçinin Azərbaycan kontekstində qayğı rejiminə institusional və mədəni yanaşmalar arasındakı diskussiyalara münasibətdə mövqeyimizi müəyyənləşdirmək üçün M.Kremerdən də istinadlar vardır. Qayğı sosiologiyası sahəsində olan nəzəriyyə və konsepsiyaların ümumi cəhəti onların əksəriyyətinin Qərb cəmiyyətlərinin nümunələrinə əsaslanaraq formalaşdırılmasıdır. Bu, onların birbaşa olaraq digər kontekstlərə tətbiqini çətinləşdirir, lakin müəyyən əlavə və tənqidi təhlillərlə bərabər onlardan yararlanmanı mümkün hesab edirik.

  1. “Qayğı” konsepsiyası və onun makro- və mikrosəviyyələri

Qayğı sosial siyasətə dair müasir tədqiqatlarda, gündəlik praktikalara həsr olunan mikrososioloji işlərdə ən çox istifadə olunan anlayışlardandır [1, s.84). Gender tədqiqatlarında qayğı üç istiqamətdə nəzərdən keçirilir. Birincisi, özünəməxsus qadın təcrübəsi kimi [12; 22]; ikincisi, peşə aləmi və haqqı ödənilən əmək sahəsindəki qayğı təhlil olunur [9; 10; 12; 13]; üçüncüsü, qayğı kateqoriyası sosial siyasətin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir [8; 16; 17; 19].

Təyini və yanaşmaların rəngarəngliyinə baxmayaraq müəlliflərin razılaşdığı ümumi fikir ondan ibarətdir ki, qayğı ona cəlb olunan insanların qarşılıqlı asılılıq manasibətlərini nəzərdə tutan emosional tərkibə malikdir [21, s.283]. Bettio və Plantenqa qayğını öz qayğısına qalmağa qadir olmayan insanlara qulluq üzrə fəaliyyət kimi müəyyən edirlər [6; 21 s.283]. Göstərildiyi kimi, sosial qayğı bu tədqiqatda makro və mikrosəviyyələrdə nəzərdən keçirilir. Mikrosəviyyədə bu insana gündəlik sosial, psixoloji, emosional və fiziki diqqətin təmin olunması praktikalarıdır [17, s.28]. Makrosəviyyədə isə ümumilikdə cəmiyyət miqyasında sosial qayğının təşkilidir, hansı ki, gündəlik praktikaların kontekstidir.

Makrosəviyyədə qayğının tədqiqinin iki əsas istiqaməti vardır: institusional və mədəni. İnstitusional yanaşmanın Q.Espinq-Andersen və C.Lyuis və b. kimi tərəfdarları bu və ya digər rejimin mövcudluğunun səbəbi kimi dövlət siyasətini nəzərdən keçirirlər [8]. Onların fikrincə, dövlət siyasəti institutlar səviyyəsində qayğı praktikalarını həyata keçirən aktorlara təsir göstərən institusional şərtləri müəyyənləşdirir. Mədəni yanaşmanın tərəfdarları isə, əksinə, mədəni konteksti nəzərə almağın vacibliyini vurğulayırlar. Mikrosəviyyə isə ailə daxilində və ya icmada qayğı praktikalarının iştirakçılarını, qayğının onlar arasında bölüşdürülməsini ehtiva edir [17].

Qayğı rejiminin təhlili üçün əhəmiyyətli konsepsiyaların təhlilindən belə qənaətə gəlmək olar ki, hansısa bir konsepsiyanın digərlərindən üstün qəbul edilməsi optimal mövqe deyil. Çünki qeyd etdiyimiz kimi, bu konsepsiyaların heç biri nəinki Azərbaycan, ümumiyyətlə, postsovet cəmiyyətlərinin nümunələri üzərində formalaşdırılmayıb. Konkret lokal kontekstdə qayğı rejiminin təhlilinə həsr olunmuş tədqiqatların massivi mövcud deyildir. Bu səbəbdən onların ümumiləşmiş təhlili və uyğun olmayan tərəflərinin üzə çıxarılması ilə adekvat yanaşmanı təmin etmək olar. Bu baxımdan qayğının makrosəviyyəsinə iki yanaşmanın Azərbaycan kontekstinə ayrı-ayrılıqda deyil, “mədəni yanaşmaya meyilli qarışıq yanaşma” kimi müəyyən etməyi münasib hesab edirik.

  1. Cəmiyyətdə qayğı rejimini formalaşdıran mühüm sosial amillər

Qayğı rejimi qayğının müxtəlif aktorlar və institutlar arasında bölüşdürülməsinin sabit təkrarlanan patternləri kimi müəyyən olunur [2, s.563]. Hər bir konkret halda qayğı rejimi qulluq praktikalarının həyata keçirilməsinin müxtəlif qaydalarının toplusu ola, qayğının obyektindən (uşaqlar, yaşlılar) asılı olaraq qurula və qeyri-ardıcıl ola bilər [4, s.299]. Rusiya sosioloqu J.Çernova qayğı rejimini tədqiq edərkən onun üç elementini ayırır: (1) qayğı idealı, yəni yaxşı qulluğun və tərbiyənin nədən ibarət olması, kimin “səriştəli” qayğı subyekti olması haqqında diskursiv təsəvvürlər; (2) asılı vətəndaşlara qulluq və qayğı ilə bağlı praktikaların lokallaşması (dövlət institutları, bazar xidmətləri, ailə, üçüncü sektor); (3) konkret cəmiyyətdə sosial qayğının statusu [4, s.312]. Zənnimizcə, tədqim olunan elementlər qayğının obyektindən asılı olmayaraq, həm uşaqlara qayğı, həm yaşlı, həm də əlillərə qayğı münasibətləri üçün münasibdir. Göstərilən elementlər arasında qayğı idealı anlayışı xüsusi əhəmiyyət daşıyır. Belə ki, o nə üçün müəyyən kontekstdə bu və ya digər qayğı rejiminin üstünlük təşkil etdiyini anlamağa yardım edir.

Qayğı idealı anlayışı insanların öz ailə üzvlərinə gündəlik qayğını necə təşkil etmələrini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. O, A.Hohşild tərəfindən 1990-cı illərdə işlənilmişdir. Qayğı idealı – kimin qayğı praktikalarını yerinə yetirməli olması, bunun nədən ibarət olması və qəbul olunmuş normalara əsasən hansı qayğı tipinin nə qədərinin “yetərli” olması haqqında cəmiyyətdə sabit kök salmış təsəvvürlərdir [14; 15]. Qayğının müasir tədqiqatçısı, Amsterdam Universitetinin professoru Monik Kremer də qayğı rejiminin müəyyən edilməsində qayğı ideallarının əhəmiyyətini göstərir. Onun fikrincə, idealın tədqiqi qayğının harada və kim tərəfindən təmin olunmasını aydınlaşdırmağa imkan verir [17, s.60]. Uyğun olaraq qayğı idealları spesifik normativ legitimliyi və konkret kontekstdə qayğı praktikalarının uyğunluğunun məntiqini nəzərdə tutur [20]. Məhz legitimləşdirmə əsasında fərdlər hər hansı bir təşkil formasını münasib olan kimi seçir, digərlərini isə onların sosial cəhətdən arzuolunmazlığı – qeyri-legitimliyi baxımından heç nəzərdən keçirməyə bilərlər. Məsələn, Azərbaycan cəmiyyətində yaşlı ailə üzvünə qayğının məhz ailədə, yetkin övladlar tərəfindən həyata keçirilməsi arzuolunan və legitimdir. Lakin onlara institusional qayğı – qocalar evində yaşamaq alternativi qeyri-legitim və arzuolunmazdır. Aydındır ki, bu halda əksər insanlar valideynlərini qocalar evinə təhvil verməyi heç ağıllarına belə gətirmirlər. Mövcud qayğı idealları rigid əxlaqi imperativlər deyil. Onlar kontekstualdır, ailə daxilindəki danışıqların, həmçinin ailə siyasətinin digər aktorları ilə danışıqların nəticəsidir, bu və ya digər dövlətdə “qayğı rejimi”ni təşkil edirlər [4, s.301].

Qayğı idealı həm də qayğının artan çatışmazlığı şəraitində cəmiyyətdə hansı modelin üstünlük təşkil etməsində əks olunur. Müxtəlif ideallara istinad edərək A.Hohşild dörd qayğı modelini ayırır: ənənəvi (traditional), postmüasir (postmodern), müasir “soyuq” qayğı modeli (cold-modern) və müasir “isti” qayğı modeli (warm-modern). Hər bir model göstərilən kontekstdə kimin qayğının subyekti olmasını, qayğının hansı tipinin və həcminin “yetərincə yaxşı” olmasını nəzərdə tutur [14, s.333]. Təd qiqatçı qayğının artan defisitini qeyd edir və buna təsir edən iki sosial prosesi ayırır – bu, müasir və postmüasir cəmiyyətlərdə ailə münasibətlərinin strukturundakı və məşğulluğun strukturundakı dəyişiklikdir [14, s.334]. Bu hissəni bir qədər açıqlamağı lazım bilirik. Məlumdur ki, son bir əsr ərzində ailə strukturu ciddi dəyişikliyə məruz qalıb, genişlənmiş ailə təsərrüfatı öz yerini əsasən nuklear ailələrə verib. Ailənin funksiyasında da ciddi dəyişikliklər baş verib. Ailənin iqtisadi funksiyası əvvəllər sahib olduğu müstəsna rolunu bir qədər itirərək, yerini emosional-psixoloji tələbatların ödənilməsi funksiyasına verməkdədir. Məşğulluğun strukturundakı dəyişiklik isə əsasən qadınların haqqı ödənilən əmək sahələrinə kütləvi şəkildə cəlb olunması ilə bağlıdır. Bu iki amil ona gətirib çıxarıb ki, müasir ailədə asılı və qayğıya ehtiyacı olanlara birbaşa qayğını həyata keçirən potensial ailə üzvlərinin sayı azalmağa doğru gedir. A.Hohşildin irəli sürərək, konseptuallaşdırdığı hər bir model müasir cəmiyyətdə yaranmaqda olan qayğı defisitinə bir növ cavabdır. Onlar (dörd qayğı modeli) həm özəl, həm də ictimai diskurslarda üstünlük qazanmaq üçün bir-birilə rəqabət aparırlar [14, s.338].

Ənənəvi qayğı modelində qayğı qadın məsuliyyəti hesab olunur, ənənəvi qadın rollarına qayıdış qayğı böhranından ən yaxşı çıxış yolu hesab olunur. Müasir qayğının “soyuq” modeli peşəkarlar tərəfindən ictimai müəssisələrdə həyata keçirilən institusional qayğının inkişaf etdirilməsini nəzərdə tutur, bu modeldə şəxsiləşdirilmiş qayğının dəyəri aşağı düşür. A.Hohşildin fikrincə, ən münasib olan müasir “isti” qayğı modelidir. Belə qayğı modeli qadın və kişilərin bərabər iştirakı, haqqı ödənilən və ev qayğılarının balanslaşdırılması, qayğının cəmiyyətdə dəyərinin tanınması sayəsində ola bilər. Bu konsepsiyanı aşağıdakı səbəblərdən nəzərdən keçiririk: Azərbaycan cəmiyyəti həm sovet, həm də postsovet dövründə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Cəmiyyət modernləşir, lakin modernləşmə prosesi qeyri-bərabər və natamam baş verirdi. Ailə institutunda, məşğulluqda, cəmiyyətin gender sistemində struktur dəyişiklikləri baş verirdi. Bütün bunlar qayğı modelinin də müxtəlif dövrlərdə fərqli təsirlərə məruz qalmasını şərtləndirmişdi. Məsələn, sovet quruculuğu dövrü qayğı funksiyalarının ailə və dövlət müəssisələri arasında bölüşdürülməsini təşviq etsə də, müstəqillik dövrünün ilk onilliklərində qadınların ailə mühitinə “qayıdışı”, mürəkkəbləşən əmək bazarı şəraitində əsasən ailə rollarına meyil etməsini şərtləndirmişdi. Bütün bu amillər hazırkı dövrdə Azərbaycanda qayğı rejiminin mürəkkəb mənzərəsinin fomalaşmasına gətirib çıxarmışdır.

  1. Qayğı rejiminin formalaşmasında ailə-dövlət münasibətləri

Cəmiyyətdə üstün olan qayğı rejimi nəinki qayğının ideal modeli, həm də rifah dövlətinin tipi ilə əlaqəlidir. Rifah dövlətlərinin klassik tipologiyasında Q.Espinq-Andersen İƏİT ölkələrini nəzərdən keçirmiş və üç modeli göstərmişdir: liberal, konservativ və sosial-demokratik. Liberal model ailələrə dövlət tərəfindən ən az yardımı nəzərdə tutur, dövlət “ailə işlərinə” məhdud dərəcədə müdaxilə edir, onlar vətəndaşların özəl problemləri hesab olunur. Belə olan halda qayğının böyük bir hissəsi bazar xidmətləri sayəsində həyata keçirilir. Yəniqayğının kommodifikasiyası (əmtəəyə çevrilməsi) baş verir. Konservativ model ailənin sosial dövlət tərəfindən yetərincə dəstəklənməsini nəzərdə tutur (onu liberal modellə müqayisədə daha çox ailəyə yönümlü hesab etmək olar). Lakin bu halda sosial siyasət tədbirləri ailənin gender nizamına uyğun işlənilir, yəni kişilərin evin “çörəkgətirəni” (ingiliscə “breadwinner”), qadınların evdar olması haqqında təsəvvürlərə əsaslanır. Sosial-demokratik model ailə qayğısının əhəmiyyətli dərəcədə dövlət tərəfindən dəstəklənməsinə yönəlmişdir, lakin konservativ modeldən fərqli olaraq qadınların və kişilərin ailə və peşə rollarının balansı üçün böyük imkanlar yaradır. Göstərilən tipologiyanın sonrakı tənqidinə baxmayaraq o, konkret cəmiyyət kontekstində dövlətin iştirakı, vətəndaşlara qayğı praktikalarında ailəyə dəstək kimi cəhətlərə diqqət yetirməyə imkan verir.

İtisadi cəhətdən inkişaf etmiş cəmiyyətlərdə bütün vətəndaşlara qayğı ailə, rifah dövləti, bazar strukturları və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq (sosial tərəfdaşlıq) kimi təşkil olunmuşdur [7, s.538]. Ailənin əsas qayğı aktoru olduğu rejimlər familist rejim hesab olunur və yuxarıda qeyd olunduğu kimi, Azərbaycan da familist qayğı rejiminin aparıcı olduğu cəmiyyətlərə aiddir. Yəni nəzərdən keçirdiyimiz Azərbaycan cəmiyyətinin kontekstual xüsusiyyətləri onu asılı vətəndaşlara (uşaqlar, yaşlılar, məhdud fiziki imkanlı şəxslər) qayğının əsas aktoru kimi ailənin çıxış etdiyi familist qayğı rejiminin olmasını göstərir. Vətəndaşlara münasibətdə sosial qayğı rejimi daha geniş olan rifah rejimi anlayışının sistem elementidir. Beləliklə, cəmiyyətdə qayğı praktikaları dövlət və sosial institutların mürəkkəb, çoxsəviyyəli qarşılıqlı təsir prosesləri kontekstində gerçəkləşir.

Rifah rejimi ilə familizmin əlaqəsi ilk olaraq Q. Espinq-Andersen tərəfindən öz konsepsiyasını yenidən nəzərdən keçirməsi zamanı qeyd olunmuşdur. Onun kapitalist rifah cəmiyyətlərinin üç növü haqqında təsnifatı bir sıra cəhətlərinə, o cümlədən gender həssaslığının olmamasına görə tənqidə məruz qalmışdır. Ailə institutunun sosial-siyasi funksiyasını təhlil edərkən tədqiqatçı familist və de-familist rifah rejimlərini ayırır. Familist sistemlərdə ictimai siyasət və ideologiya ailə təsərrüfatına öz üzvlərinin rifahına görə əsas məsuliyyəti həvalə edir. Defamilizasiyaya məruz qalan rejimlər ev təsərrüfatlarının yükünün və fərdlərin rifahının ailə əlaqələrindən asılılığının azaldılması ilə səciyyələnir [18, s.51]. Defamilizasiya mexanizmləri kimi dövlət tərəfindən dəstəklənən sosial xidmətlər və ya bazar vasitəsilə qayğının təmin olunması çıxış edə bilər. Son illər Azərbaycanda artmaqda olan qayğı xidmətlərinə baxmayaraq, yenə də vətəndaşlara qayğı rejiminin struktur xüsusiyyətlərini təsvir etmək üçün familizm anlayışı daha relevant görünür. Bununla yanaşı, hər bir konkret familist rejim mədəni spesifikliyə malikdir.

Qayğı rejiminin mədəni özünəməxsusluğu məsələsi Gettingen Universitetinin sosial siyasət üzrə tədqiqatçısı C.Leytner tərəfindən fundamental şəkildə işlənilmişdir. Avropada sosial qayğı rejimlərini müqayisə edərək, gender təhlili prinsiplərini rəhbər tutaraq Leyt ner ailəyə yönümlü qayğı rejimlərinin dörd ideal tipini ayırır: açıq (explicit) familizm, qapalı (implicit) familizm, seçici (optional) familizm və defamilizasiya [18, s.354]. Eksplisit familizm rejimində dövlət siyasəti ailəni asılı ailə üzvlərinin qayğısı məsələlərində birbaşa dəstəkləyir, lakin ailə qayğısına institusional alternativlərlə o qədər də təmin etmir. Seçici familizmdə dövlət qayğının ailə formatını dəstəkləyir, lakin bundan əlavə öhdəlikləri qismən ötürmək üçün institusional imkanlar təklif edir [18, s.359]. İmplisit familizm şəraitində ailə əsas qayğı institutu hesab olunur, lakin dövlət onu əhəmiyyətli dəstəklə təmin etmir, alternativ qayğı formaları inkişaf etmir, ideoloji dəstək görmür. Nəhayət, defamilizasiya rejimi ailənin funksiyasının zəifləməsi, qayğının dövlət və bazar institutlarına ötürülməsi ilə xarakterizə olunur [18, s.359]. Beləliklə, ailə qismən qayğıdan azad olur, lakin tam azadlıq ümumiyyətlə nəzərdən keçirilmir.

Kontekstin (ilkin və ikincili mənbələrin) təhlili bizi belə bir qənaətə (daha çox fərziyyəyə) gəlməyə imkan verir ki, Azərbaycanda qayğı rejiminə qayğının obyektindən çıxış edərək təsnifat nöqteyi-nəzərindən baxmaq lazımdır. Azərbaycanda vətəndaşlara gündəlik qayğının əsas lokallığı və resursu ailədir. Bu model həm sosial siyasət, həm də cəmiyyətdə geniş yayılmış mədəni ideallarla dəstəklənir. Bununla yanaşı, dövlət ailənin maddi dəstəklənməsi sahəsində (təqaüdlər, müavinətlər və s.) ardıcıl, sistematik tədbirlər həyata keçirir.

  1. Qayğı rejimi və rifah mədəniyyəti

 Qayğı rejimini şərtləndirən rifah rejimi və mədəniyyətin qarşılıqlı əlaqəsinin təhlilinə baş vuran M.Kremer yazır: “Rifah dövləti mədəni olaraq müəyyənləşmiş əxlaqi ismarıclar verir. Dövlət yalnız vətəndaşlar arasında, vətəndaş və dövlət arasında müqavilə bağlayan hüquqşünas deyil, tələb və təklifi əlaqələndirən iqtisadçı deyil, həm də insanlara dünyanın şərhini və özünəməxsus kontekstdə daha arzuolunan davranışları ötürməyə çalışan din xadimidir” [17, s.242]. Mədəniyyət və dövlətin münasibətləri dəyişikliklərə məruz qalır. Bu baxımdan ailə qayğısı rejiminin hərtərəfli öyrənilməsi üçün “rifah mədəniyyəti” anlayışı əhəmiyyət kəsb edir. “Rifah mədəniyyəti” müvafiq sosial aktorlar, institutlar və konkret siyasi tədbirlərin istinad etdiyi bilik, dəyər və idealların cəmini əhatə edir. Rifah mədəniyyətində  dominantlıq edən mədəni dəyər və ideallar mümkün siyasi tədbirlər spektrini məhdudlaşdırır [23, s.4]. Başqa sözlə, mövcud ailə institutu və gender nizamı dominantlıq edən mədəni patternləri ilə birgə sosial siyasətin konkret tədbirlərinin reallaşdığı konteksti əmələ gətirirlər. Aydındır ki, rifah mədəniyyəti anlayışı mədəni idealların sosial siyasətə, qəbul olunan qanunvericilik tədbirlərinə təsirini göstərir. Bu anlayışın işlənilməsinə B.Pfau-Effinger əhəmiyyətli dərəcədə töhfəsini vermişdir. O, rifah mədəniyyətinin əsas səviyyələrini ayırır. Birinci səviyyə qanunvericiliyin tənzimlənməsi, onun çərçivəsində mədəni dəyərlər və modellər öz legitimliyini tapır. İkinci səviyyə ictimai təsəvvürlərdə dominantlıq edən mədəni dəyər və modellərdir. Üçüncü səviyyə mədəni dəyər və idealları reprezentasiya edən ictimai diskurslardır. İctimai diskurslar bir-birilə münaqişədə ola bilən ictimai təsəvvürlərlə dövlət müəssisələri arasında mediator kimi çıxış edir [23, s.10]. Rifah dövlətinin siyasəti sosial aktorların ideya və maraqlar ətrafında münaqişələri, danışıqları və kompromisləri nəticəsində formalaşır [23, s.11]. Pfau-Effinger hesab edir ki, rifah mədəniyyətinin öyrənilməsi cəmiyyətin normaları və dövlətin sosial siyasəti arasındakı mürəkkəb çoxsəviyyəli münasibətləri daha dərindən anlamağa imkan verir [23, s.16].

İctimai diskurslar, təsəvvürlər və siyasi qərarlar arasında potensial ziddiyyətlər haqqında tezis məqalənin təhlil obyekti üçün əhəmiyyət daşıyır, çünki Azərbaycan cəmiyyətini son onilliklərdə sürətli dəyişikliklər, dövlət quruluşunun və iqtisadi sistemin dəyişilməsi, müxtəlif mədəni və siyasi təsirlər meydanı olması ilə xarakterizə etmək olar. B.Pfau-Effinger tərəfindən ayrılan “rifah mədəniyyətinin” səviyyələri isə ailə qayğısı makrokontekstinin təhlilində müstəsna əhəmiyyətə malikdir.

Ancaq rifah rejiminin öyrənilməsinə həsr olunmuş tədqiqatların çoxunun Qərbi Avropa cəmiyyətlərinin öyrənilməsinə əsaslanması mövcud tipologiyaların Azərbaycan kontekstinə birbaşa tətbiqini qeyri-mümkün edir. “Digər” ölkələrdə (yəni qeyri-Qərbi Avropa dövlətlərində) rifah dövlətlərini təhlil edən müəlliflər, məsələn, İ.Qou və Q.Terborn  Qlobal Cənub ölkələrini öyrənərkən rifah rejimlərinin əvvəlki paradiqmalarının radikal olaraq yenidən konseptuallaşdırılmasının zəruriliyini vurğulayırlar [11, s.742]. Onlar müasir rifah dövlətlərini beş struktur hərəkətverici qüvvələrinin (driver) təsirinin nəticəsi kimi nəzərdən keçirirlər: sənayeləşmə, maraqlar, institutlar, ideologiyalar, beynəlxalq təsirlər [11, s.742]. Şübhəsiz ki, hər bir cəmiyyətdə bu struktur şərtlərin müxtəlif cəhətləri və onların bir-birilə birləşməsi təzahür edir, birlikdə isə onlar gündəlik qayğının gerçəkləşdiyi makrokonteksti təşkil edir. Sənayeləşmənin tarixi çərçivələri, sosial institutların modernləşməsi, beynəlxalq təsirlər birlikdə unikal birgəlik yaradır, bu isə rifah dövlətlərinin klassik təhlil konsepsiyalarının birbaşa tətbiqini çətinləşdirir.

Azərbaycan kontekstinin xüsusiyyətlərinə gəldikdə isə qeyd edək ki, inkişaf etməkdə olan bir sıra müasir cəmiyyətlərə xas müəyyən cəhətlər ölkəmiz üçün də xarakterikdir. A.Minges qeyd edir ki, bu ölkələrin çoxu Qərb ölkələrindən fərqli olaraq, iqtisadi qloballaşma sayəsində daha sürətli dəyişikliklərə məruz qalmışlar, eyni zamanda onlar norma, institut və cəmiyyətin strukturuna işləmiş ənənəvi mədəniyyətin dəyişməsinə müqavimət göstərirlər [21, s.276]. Fikrimizcə, Mingesin mövqeyi Azərbaycan kontekstini də olduqca yaxşı əks etdirir. Doğrudan da, Azərbaycanı sütərli inkişaf və modernləşmənin baş verdiyi ölkələr sırasında nəzərdən keçirmək daha düzgün olardı. Lakin bu transformasiyalar, həmçinin müxtəlif kənar təsirlərə müqavimət öz milli xüsusiyyətlərini qorumaq məqsədilə yanaşı baş verir. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətindəki sosial proseslər özündə sovet modernləşməsinin, milli dövlət quruculuğunun və müasir dövrün qlobal proseslərinin “izini” daşıyır.

  1. Qayğı rejiminin mikrosəviyyəsi – “davranış strategiyası”

Mədəni amillərin qayğı rejiminin konkret mikrosəviyyələrdə təzahürünə təsirini araşdırmazdan əvvəl nəzərə almalıyıq ki, mədəniyyət anlayışının təyini öz-özlüyündə olduqca geniş və çoxaspektlidir. Qayğı rejiminin reallaşmasına təsiri baxımından ən münasib hesab etdiyimiz E.Svidlerin yanaşmasıdır. Onun fikrincə, mədəniyyəti praktikaların yönəldiyi mücərrəd dəyərlər toplusu kimi deyil, adət və vərdişlərin repertuar və ya “alətlər toplusu” (“tool kit”) kimi dərk etmək lazımdır. Bu alətlər toplusu vasitəsilə fərdlər “fəaliyyət strategiyasını” formalaşdırır (“strategies of action”) [24, s.273]. Müəllifin mədəniyyətə dair alternativ konsepsiyası üç əsas cəhəti özündə ehtiva edir. Birincisi, o, mədəniyyətə simvol, tarixçə, ritual və dünyagörüş mühakimələrindən ibarət “alətlər toplusu” kimi baxmağı təklif edir, onlar müxtəlif tip problemləri həll etmək üçün fərdlər tərəfindən fərqli birləşmələrlə istifadə olunur. İkincisi, mədəniyyətin səbəbiyyət effektlərini təhlil edərkən o, diqqəti “fəaliyyətin strategiyasına”, yəni fəaliyyətin zaman baxımından sabit olan nizamlanmasına yönəldir. Üçüncüsü, mədəniyyəti praktikaların determinantı kimi deyil, hərəkət strategiyasında istifadə olunan, tarixən formalaşmış praktika komponentlərinin toplusu kimi nəzərdən keçirir [24, s.273]. Başqa sözlə, mədəniyyət dəqiq məqsəd və son nəticələri təklif etmir, birmənalı davranış nümunəsi deyil, o, əsasında fərdlərin davranış strategiyalarını və gündəlik praktikalarını qura biləcəkləri mümkün vasitələr mənbəyidir. E.Svidler göstərir ki, mədəniyyət cəmiyyətin mövcudluğunun müxtəlif dövrlərində fərqli şəkildə anlaşılır. Cəmiyyətin sakit (settled) dövrlərində cəmiyyət üzvləri necə davranacaqlarını bilirlər [24, s.280].  Yəni müxtəlif həyat problemlərinin həlli strategiyaları və qəbul olunan gündəlik praktikalar problemləşdirilmir. Əksinə, narahat və sürətli dəyişikliklərin baş verdiyi dövrlərdə (unsettled) mədəni mənalar müzakirə obyekti olur və eksplisitləşir, çünki onlar davranış patternlərini formalaşdırır. Bu patternlər “təbii olaraq” yaranmır [24, s.284].

Şübhəsiz ki, qayğı rejiminin konkret praktikalar qismində reallaşması da E.Svidlerin haqqında yazdığı praktikalar repertuarı, “alətlər toplusu” sayəsində mümkündür. Yəni ailədə asılı şəxsə qulluq və qayğını təşkil etmək üçün insanlar fərd və ailə olaraq hansı strategiyanı seçə bilər, hansı resurslara güvənə və müəyyən gözləntilər formalaşdıra bilər – bütün bunlar mədəniyyətlə şərtlənən “fəaliyyət strategiyası”nın tərkib hissələridir. Qeyd etmək lazımdır ki, B.Pfau-Effinger və E.Svidlerin “mədəniyyət” anlayışları tərəfimizdən eyniləşdirilmir. Birincisi, daha geniş makrokontekstin, ikincisi isə praktikaların mikrosəviyyəsinin öyrənilməsi üçün əhəmiyyətlidir.

  1. Ailə qayğısı rejimi və nəsillərarası həmrəylik

Ailə qayğısı rejimi kontekstində qayğının həyata keçirilməsi nəsillərarası həmrəyliyin bu və ya digər səviyyəsini nəzərdə tutur. Odur ki, asılı və yaşlı ailə üzvlərinə qayğını konseptuallaşdırarkən nəsillərarası ailə həmrəyliyi anlayışını nəzərə almaq zəruridir. L.Berqson və U.Roberts ailə həmrəyliyinin altı səviyyəsini fərqləndirirlər. Birinci səviyyə həmrəyi və birliyi təşkil edən ailə sisteminin üzvləri arasında əlaqə və kontaktlardır. Ailədaxili, nəsillərarası münasibətlərin ikinci səviyyəsi isə müxtəlif nəsillərə aid olan ailə üzvləri arasında emosional bağlılığı nəzərdə tutur. Həmrəyliyin üçüncü səviyyəsi ailə sisteminin mövcudluğunun vacib məsələləri üzrə konsensusun ifadəsini və razılaşmaya nail olmanı nəzərdə tutur. Dördüncü səviyyə ailə üzvlərinin bir-birinə maddi dəstəyi ilə bağlıdır. Həmrəyliyin beşinci səviyyəsi ailə normalarının, yəni qohumluq vəzifələrinin bölüşdürülməsinə dair təsəvvürlərin təsirini nəzərdə tutur. Altıncı səviyyə ailədə qarşılıqlı münasibətlərin “imkanlar strukturunu” ifadə edir. Ailə üzvlərinin qarşılıqlı münasibətlər üçün əlçatan olması müxtəlif amillərin təsiri altında formalaşır, onlara məşğulluğun strukturu, məskunlaşma sistemi, ailə üzvlərinin yaşayış yeri, sağlamlıq vəziyyəti və s. aiddir [5, s.856]. Müəlliflər göstərir ki, onların işləyib irəli sürdükləri həmrəylik modeli bir sıra nəzəri ənənələri özündə ehtiva edir, bura klassik sosial həmrəylik nəzəriyyələri, sosial-psixoloji anlayış olan qrup dinamikası, ailə sosiologiyası perspektivi daxildir. Nəsillərarası ailə həmrəyliyi anlayışı müxtəlif etnik və milli kontekstlərdə vətəndaşlara qayğı praktikalarının təhlili, həmçinin müqayisəli tədqiqatların aparılması üçün analitik alət ola bilər 5, s.858].

Nəsillərarası həmrəyliyin qayğı rejiminin istənilən sosioloji tədqiqində nəzərə alınması o səbəbdən önəmlidir ki, ailəyə yonümlü, vətəndaşlara qayğının gücləndirilməsinə istiqamətlənən istənilən dövlət siyasəti, eyni zamanda mədəni amillər ailədaxili münasibətlərin keyfiyyəti və xarakteri ilə əlaqələnərək reallaşır. Bu baxımdan, L.Berqson və U.Robertsin təklif etdikləri – ailə üzvləri arasında əlaqələrdən tutmuş, qohumluq vəzifələrinin bölüşdürülməsinə dair təsəvvürlərədək ailə həmrəyliyinin bütün səviyyələri ailə qayğısı rejiminin tədqiqində istifadə oluna bilər.

NƏTİCƏ

Məqalədə Azərbaycanda ailə qayğısı rejiminin tədqiqinin nəzəri əsaslarının təhlili bir sıra vacib məsələlərə aydınlıq gətirməyə imkan verdi. Cəmiyyətin strukturundakı sürətli transformasiyalar, dövlətin sosial siyasətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi mütləq şəkildə cəmiyyət üzvlərinin hər birinin həyatına ciddi təsir göstərən qayğı rejiminin elmi-nəzəri əsaslı təhlilini zəruri edir. Bu elmi tədqiqat istiqaməti ötən əsrin son onilliklərindən etibarən əsasən Qərb ölkələrində inkişaf etdiyindən nəzəri konsepsiyalar da həmin ölkələrin nümunəsində formalaşmışdır. Belə vəziyyət Azərbaycan kontekstinə uyğun konseptual bazanın işlənilməsini – sosial siyasət tarixi, mövcud qanunvericilik bazası və mədəni xüsusiyyətlərin nəzərə alınmasını tələb edir.

Qayğı rejiminin makro- və mikrosəviyyələrinin təhlili – A.Hohşildin qayğı idealı və modelləri, J.Çernovanın qayğı rejimlərinin elementləri, B.Pfau-Effingerin “rifah mədəniyyəti”, S.Leytnerin familizm konsepsiyası və Q.Espinq-Andersenin rifah dövlətlərinin təsnifatı, M.Kremerin yanaşması, E.Svidlerin mədəniyyət konsepsiyası, habelə L.Berqson və U. Robertsin ailə həmrəyliyi konsepsiyalarının nəzərdən keçirilməsi nəticəsində belə qənaətə gəlmək olar ki, Azərbaycan kontekstində qayğı rejiminin tədqiqində digər ölkələr əsasında işlənilmiş konsepsiyaların kompleks tətbiqi daha effektlidir. Onların əsasında gələcəkdə tətbiqi tədqiqatların həyata keçirilməsi, daha sonra isə ümumiləşdirmələr sayəsində yeni konseptual bazanın işlənilməsi mümkündür.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Rus dilində:

  1. Бороздина Е. А. Забота и социальное гражданство. // Социологические исследования, 2015, 10(10), с. 84-93.
  2. Здравомыслова Е. А., Тёмкина, А. А. 12 лекций по гендерной социологии. Учебное пособие. СПб.: Издательство Европейского университета в Санкт-Петербурге, 2015, 767 с.
  3. Ткач О. Уборщица или помощница? Вариации гендерного контракта в условиях коммерциализации быта. /Новый быт в современной России: гендерные исследования повседневности, 2009, с. 137-188.
  4. Чернова Ж. В. Кто, о ком и на каких условиях должен заботиться? Гендерный анализ режимов заботы и семейной политики. // Журнал исследований социальной политики, 2011, 9(3), c.295-318.

İngilis dilində:

  1. Bengtson V. L., & Roberts R. E.. Intergenerational solidarity in aging families: An example of formal theory construction. // Journal of Marriage and the Family, 1991, pp. 856-870.
  2. Bettio, F., & Plantenga, J. Care regimes and the European employment rate. In Institutions for Social Well-Being. Palgrave Macmillan, London. 2008, pp. 152-175.
  3. Daatland S. O., & Herlofson K. ‘Lost solidarity’or ‘changed solidarity’: a comparative European view of normative family solidarity. Ageing and Society, 2003, 23(05), pp. 537-560.
  4. Daly M., & Lewis J. The concept of social care and the analysis of contemporary welfare states. // The British journal of sociology, 2000, 51(2), pp. 281-298.
  5. England P. Emerging Theories of Care as Work. // Annual Review of Sociology, 2005, 31, pp. 381-399.
  6. England P., Budig M., Folbre N. Wages of Virtue: The Relative Pay of Care Work. Social Problems, 2002, 49(4), pp. 455-473.
  7. Gough I., & Therborn G. The global future of welfare states, Oxford University Press. 2010, Vol.1, pp. 703-876.
  8. Graham H. Social Division in Caring. Women’s Studies Int. Forum. 1993. 16(5). pp.461-470
  9. Herd P., Harrington Meyer M. Care Work: Invisible Civic Engagement. //Gender and Society, 2002, 16. pp: 665-688.
  10. Hochschild A. R. The culture of politics: Traditional, postmodern, cold-modern, and warm-modern ideals of care. // Social Politics: International Studies in Gender, State & Society, 1995, 2(3), 331-346.
  11. Hochschild A. R. The commercialization of intimate life: Notes from home and work. – University of California Press, 2003.
  12. Knijn T., Kremer M. Gender and the Caring Dimension of Welfare States: Towards Inclusive Citizenship. // Social Politics. 1993, (3), pp: 328-361.
  13. Kremer M. How welfare states care: Culture, gender and parenting in Europe (p. 300). Amsterdam University Press. 2007.
  14. Leitner S. Varieties of familialism: The caring function of the family in comparative perspective. // European societies, 2003, 5(4), pp:353-375.
  15. Lewis J. Gender and Welfare Regimes: Further Thoughts. Social Politics. 1997, 4(2): 160-177
  16. March, J. G., & Olsen, J. P. The organizational basis of politics. Free. 1989
  17. Mínguez A. M. Gender, family and care provision in developing countries: Towards gender equality. // Progress in Development Studies, 2012, 12(4), 275-300.
  18. Oakley A. The Ann Oakley Reader: Gender, Women and Social Science. Bristol: The Policy Press, 2005, pp: 63-116.
  19. Pfau-Effinger B. Culture and welfare state policies: reflections on a complex interrelation. Journal of Social Policy, 2005, 34(01), pp: 3-20.
  20. Swidler A. Culture in action: Symbols and strategies.// American sociological review, 1986, pp: 273-286
  21. Thomas C. De-constructing Concepts of Care. // Sociology, 1993. 27(4), pp: 649-669.

Humay Akhundzade
Theoretical basis of studying family care regime in Azerbaijan

 Abstract

The paper is dedicated to macro and micro levels of family care regime in Azerbaijan by applying contemporary concepts of care. The concept of J. Louis is applied for the initial definition of the analyzed the context of care. Ideals and models of care (A.Hohchild), elements of care regime (J.Chernova) show the role of value system of society in formation of care regime. The concept of “welfare culture” (B.Pfau-Effinger), famialism (S.Leitner), classification of welfare regimes (G.Esping-Andersen), cultural approach of M.Kremer are being analyzed for revealing institutional and cultural factors which determine care regime. In addition, A. Swidler’s approach to culture and concept of family solidarity of L.Bergson and U. Roberts are being analyzed for their relevance in research of micro level of care regime. By considering abovementioned, theoretical concepts the author comes to conclusion that conceptual approach to care regime in Azerbaijan should take into account the history of social politics, current legal system and cultural features of society.

Key words: care, care regime, ideals of care, care models, welfare state, welfare culture, strategy of action, intergenerational solidarity

 Умай Ахундзаде
Теоретические основы исследования режима семейной заботы в Азербайджане

 Резюме

В статье анализируются макро- и микроуровни режима семейной заботы в Азербайджане с точки зрения рассмотрения современных концепций заботы. Концепция Дж.Льюиса является исходной при общем классифицировании режимов заботы. Идеалы и модели заботы А. Хохшильд, элементы режима заботы Ж.Черновой указывают на роль системы ценностей в формировании режима заботы. Концепция «культуры благосостояния» Б.Пфау-Эффингер, фамилизм С.Лейтнер, классификация государств благосостояния Г.Эспинг-Андерсена, культурный подход М.Кремер анализируются для выявления институциональных и культурных факторов, влияющих на режим заботы. Также рассматриваются подход к концептуализации культуры Э.Свидлер, и концепция семейной солидарности Л.Бергсона и У.Робертса с точки зрения их релевантности в изучении микроуровня семейной заботы. В результате рассмотрения всех вышеуказанных теоретических концепций автор приходит к выводу о том, что разработка концептуальной базы исследований режима заботы в Азербайджане должна учитывать историю социальной политики, существующее законодательство и культурные особенности общества.

Ключевые слова: забота, режим заботы, идеал заботы, модель заботы, модели заботы, государство благосостояния, культура благосостояния, стратегия действий, межпоколенческая солидарность

---------------