Vüsalə RÜSTƏMOVA,

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri

Bakı, Azərbaycan

 E-mail: vusu82@gmail.com

ORCID: 0009-0003-0624-3468

 

Xülasə. Bu gün dünya ölkələrinin, beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifələrdən biri sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosferə atılan karbon (CO2) emissiyasının azaldılmasıdır. Bu istiqamətdə çağırışlar, hədəflər yenilənir, müxtəlif fəaliyyət planları qəbul edilir.

Nəticədə dizel və benzinlə işləyən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı ildən-ilə artır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2021-ci ildə elektrik mühərrikli avtomobil satışları 6,6 milyon ədəd olmaqla rekord həddə çatıb. İstehsal olunan bütün növ elektrik mühərrikli avtomobillərin (hibrid və elektromobil) ümumi sayı isə 16,5 milyona çatıb.

Son illər Azərbaycanda da elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsinin təşviqinə dair dövlət tərəfindən bəzi addımlar atılmağa başlanılıb. Azərbaycan hökuməti “yaşıl enerji”yə keçidi təmin etmək üçün bir sıra strateji sənədlərdə, milli prioritetlərdə və dövlət proqramlarında bu istiqamətdə müəyyən hədəflər müəyyənləşdirib.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kimi sənədlərdə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Hətta 2022-ci ilin dövlət büdcəsində təklif olunan yeni təşəbbüslərdə bütün növ elektrik mühərrikli avtomobillərlə bağlı vergi güzəştlərinin tətbiqi planlaşdırılır.

Məqalədə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri istifadəçilərinin məmnunluğu”na dair aparılan sosioloji sorğunun təhlili yer alıb. Tədqiqatda hökumət tərəfindən elektrik mühərrikli nəqliyyat vasitələrinə keçidi təşviq edən faktorlarla bağlı ictimai rəy təhlil edilib.

Açar sözlər: iqlim, hədəf, hibrid, elektrik mühərrikli, avtomobil, nəqliyyat vasitələri, güzəşt, sorğu, dövlət, təşviq

 

Giriş

 

Qlobal iqlim dəyişikliyi fonunda dünya ölkələrinin, beynəlxalq təşkilatların qarşısında duran əsas hədəflərdən biri sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosferə atılan karbon (CO2) emissiyasının azaldılmasıdır. Xüsusilə, müharibələr nəticəsində yaşanan enerji böhranı dünyanı “yaşıl enerji, o cümlədən elektriklə işləyən nəqliyyat vasitələrinin istehsalı ilə bağlı çağırışları daha da sürətləndirir.

Bu baxımdan dizel və benzinlə işləyən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı da ildən-ilə artır. Bu istiqamətdə bir çox ölkələr 2030-2050-ci illər arasında nəqliyyat parkının tamamillə elektrik mühərrikli nəqliyyat vasitələrinə keçidi üçün hədəflər müəyyənləşdiriblər.

2015-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasında da elektriklə çalışan bütün növ avtomobillərin istifadəsinin genişləndirilməsi ən mühüm məsələlərdən biri kimi qarşıya qoyulub [10]. Azərbaycan da həmin sazişə qoşulan 171 ölkədən biridir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, COVID-19 pandemiyasına baxmayaraq, elektrik mühərrikli avtomobil satışları 2021-ci ildə rekord həddə çatıb. 2020-ci illə müqayisədə satışlar təxminən iki dəfə artaraq 6,6 milyon (satış payı təxminən 9%) ədəd olub. İstehsal olunan elektrik mühərrikli avtomobillərin ümumi sayı 16,5 milyona çatıb. Elektrik mühərrikli avtomobillərin satış payı 2021-ci ildə 4% artıb. Agentliyin proqnozlarına görə, 2030-cu ildə yeni avtomobil satışlarının 60%-ni elektrik mühərrikli avtomobillər təşkil edəcək [6].

Qeyd edək ki, dünyada elektrik mühərrikli avtomobillərin (beynəlxalq abreviatura – EV) 3 növü var:

  1. Yalnız elektriklə işləyən avtomobillər ( beynəlxalq abreviatura – BEV)
  2. Həm enerji dolduran, həm benzin, həm də daxili yanacaq mühərrikindən alınan enerji ilə işləyən üçmühərrikli Hibrid-Plug (beynəlxalq abreviatura – PHEV).
  3. Benzin və ondan alınan elektriklə işləyən ikimühərrikli hibrid avtomobillər (beynəlxalq abreviatura – HEV).

 

  1. Dünya ölkələrinin hədəfləri

İngiltərə ildə 2,7 milyon nəqliyyat vasitəsinin satışını həyata keçirən dünyanın ən böyük avtomobil bazarıdır. London 2035-cı ilə kimi ekoloji tarazlığı bərpa etmək üçün benzin və dizellə işləyən nəqliyyat vasitələrini qadağan etməyi planlaşdırır. 2050-ci ilə qədər isə yollarda olan bütün nəqliyyat vasitələri sıfır emissiyalı olacaq.

Eyni zamanda, Almaniya və Kanada da 2035-ci ilə kimi elektrik mühərrikli nəqliyyat vasitələrinə keçməyi hədəfləyib.

Bundan başqa, Fransa və İspaniya da qlobal istiləşməyə qarşı mübarizə məqsədilə 2040-cı ilə kimi yanacaqla çalışan nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır. 2040-cı ildən sonra hər iki ölkə yalnız elektrik enerjisi ilə işləyən, hibrid və digər təmiz yanacaqla çalışan nəqliyyat vasitələrinin satışına icazə verəcək.

Skandinaviya ölkələrində də 2030-cu ilə qədər nəqliyyat parkı yalnız elektrik mühərriki ilə işləyən vasitələr olacaq.

Avropa ölkələri ilə yanaşı, Hindistan və Çin də qarşısına böyük hədəflər qoyub. Çin 2025-ci ilə qədər hər il 7 milyon “yeni enerjili avtomobil” satmağı hədəfləyir ki, bu da onun ümumi avtomobil bazarının təxminən 20 faizini təşkil edir [6]. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, elektrik mühərrikli avtomobillərin satışları artıq 18 faizə yaxınlaşdığı üçün bu məqsədə çatmaq olar. Bundan əlavə, 2020-ci ilin oktyabrında Çin 2035-ci ilə qədər satılan bütün yeni avtomobillərin “ekoloji cəhətdən təmiz” olacağı planını açıqlayıb [8].

ABŞ-da isə 2021-ci il noyabrın 15-də Prezident C.Bayden tərəfindən 1,2 trilyon dollarlıq “İnfrastruktur investisiyaları və iş haqında” Qanun (IIJA) imzalanıb [9]. Hüquqi akt çərçivəsində elektrik mühərrikli avtomobillərin təşviqi üçün ABŞ Nəqliyyat Departamenti tərəfindən EV enerjidoldurma infrastrukturunun qurulması və əlavə maliyyə ilə təmin edilməsi üçün 7,5 milyard dollarlıq qrant layihəsi nəzərdə tutulub. Qanun layihəsi çərçivəsində xüsusilə elektrik mühərrikli və sıfır emissiyalı orta və ağır yük daşıyan avtomobillərin maliyyələşdirilməsi hədəflənib.

Bayden Administrasiyası həmçinin 2021-ci il dekabrın 13-də elektrik mühərrikli avtomobillərin inkişafı üzrə Fəaliyyət Planını açıqlayıb. Plana əsasən, ABŞ-da 2030-cu ilə qədər EV-in satış payının 50%-ə çatdırılması proqnozlaşdırılır.

 

  1. Azərbaycanda vəziyyət və keçirilən sosioloji sorğuların nəticələri

 

Son illər Azərbaycanda da elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı sürətlə artır. Hələ ki, ölkəmizə idxal olunan EV-lər arasında hibrid və yalnız elektriklə işləyən avtomobillər (bundan sonra – elektromobil) üstünlük təşkil edir. Bu nəqliyyat vasitəsi daha çox taksı xidmətlərində istifadə edilir. Azərbaycan hökuməti “yaşıl enerji”yə keçidi təmin etmək üçün bir sıra strateji sənədlərdə, milli prioritetlərdə və dövlət proqramlarında bu istiqamətdə müəyyən hədəflər müəyyənləşdirib. Belə ki, 2016-cı ildə “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək elektrik mühərrikli avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturun qurulması ilə bağlı qarşıya məqsəd qoyulub.

Bundan əlavə, 2018-ci ildə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur [2]. Dövlət Proqramında digər hədəf ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin görülməsidir. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsində təklif olunan yeni təşəbbüslərdə bütün növ elektrik mühərrikli avtomobillərlə bağlı vergi güzəştləri tətbiq edilir. Həmin vergi güzəştləri aşağıdakılardır:

  • elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışının da ƏDV-dən azad edilməsi;
  • istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi;
  • elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi.

2021-ci ildə qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in istiqamətlərindən biri də “təmiz ətraf mühit və “yaşıl artım”dır. Burada ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi əsas hədəflərdən biri kimi qeyd olunub [1].

Dövlət tərəfindən qəbul edilən sənədlərdən də görünür ki, hökumət müəyyən təşəbbüslərə qoşulub. Doğrudur, bu təşəbbüslərin daha çevik reallaşması üçün hədəflərin konkretliyi zəifdir, sözügedən istiqamətdə infrasturkturun yaradılmasında gecikmələr özünü göstərir. Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən aparılan “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri istifadəçilərinin məmnunluğu üzrə sosioloji tədqiqat” zamanı hökumət tərəfindən elektrik mühərrikli nəqliyyat vasitələrinə keçidi təşviq edən faktorların yetərli olmadığı məlum olub.

Qeyd edək ki, 2022-ci ilin birinci yarısında respublika ərazisində 16 hibrid, 28 elektromobil markası istifadədə olub. Hibrid nəqliyyat vasitələri arasında ən çox istifadə olunan marka “Toyota”dır – 88,4%. Rəsmi statistikaya görə, ən çox istifadə olunan elektromobil markası 21,4%-lə “Tesla”dır. Ümumiyyətlə, 2020-ci ildən etibarən ölkəyə idxal olunan EV-lərin artımında sıçrayış müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, sözügedən dövr ərzində ölkəyə idxal olunan hibrid nəqliyyat vasitələrinin sayı 5080 ədəd olubsa, 2022-ci ilin sentyabr ayı üçün 9000 ədədə yüksəlib. Yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin sayı 2020-ci ildə 160 ədəd olubsa, 2022-ci ilin sentyabr ayı üçün 300 ədəddən çox olub [4].

Avtomobil sahibləri, sahibkarlar tərəfindən bu sahəyə marağın artması sevindirici haldır. STM tərəfindən həyata keçirilən, ümumilikdə, 488 respondenti əhatə edən sorğuda elektrik mühərrikli avtomobillərə üstünlük verilməsinin əsas səbəblərindən biri kimi yanacağa qənaət göstərilib. Respondentlərin 86,2%-i avtomobil seçimində daha çox yanacaq xərclərini nəzərə alıb. Sorğu iştirakçılarının 45,1%-i funksionallıq və komforta, 40,4%-i ekoloji amillərə, 36,5%-i isə istifadəyə davamlılığına görə hibrid və elektromobili seçiblər.

Bundan başqa, sosioloji sorğunun nəticələrindən aydın olur ki, hər iki qrup avtomobil istifadəçilərinin mütləq əksəriyyəti sözügedən nəqliyyat vasitələrindən məmnundur. Belə ki, elektromobil istifadəçiləri olan respondentlərin 97.2%-i, hibrid avtomobil istifadəçilərinin 97,9%-i məmnunluqlarını ifadə edib. Ümumiyyətlə, qlobal avtomobil bazarında müşahidə edilən tendensiyalara diqqət etdikdə sözügedən nəqliyyat vasitələri seqmentləri üzrə ciddi bir artımın şahidi ola bilərik. Belə ki, pandemiya dövründə dünya avtomobil ticarətinin həcmində satışlar 6% civarında aşağı düşdüyü halda, elektrik mühərrikli avtomobillərdə 41%-lik artım müşahidə edilib [7]. Digər tərəfdən, “Deloitte” şirkətinin 23 qlobal bazarda 24 min avtomobil istifadəçisinin iştirakı ilə keçirilən sorğu əsaslı “Qlobal avtomobil istehlakçı araşdırması- 2021” hesabatında [13] respondentlər arasında bir sonrakı avtomobil seçimi zamanı elektrik mühərrikli və hibrid avtomobilə üstünlüyün veriləcəyi qənaəti üstünlük təşkil edib. Sorğunun nəticələrinə görə, Yaponiyada respondentlərin 7%-i elektromobil, 45%-i hibrid, Türkiyədə 8%-i elektromobil, 34%-i hibrid, Çində 11%-i elektromobil, 29%-i hibrid, Almaniyada 7%-i elektromobil, 25%-i hibrid nəqliyyat vasitəsinə üstünlük verəcəyini qeyd edib. Bu seçimi şərtləndirən əsas faktorlar kimi yanacaq xərclərinin daha aşağı olması, iqlim dəyişikliyi və karbon emissiyalarına qarşı həssaslıq, dövri baxım xərclərinin aşağı olması, dövlət təşviqləri və s. ön plana çıxıb.

STM-in həyata keçirdiyi tədqiqiat çərçivəsində ölkədə bütün növ elektrik mühərrikli avtomobillərin ixtisaslaşmış servis məntəqələri, peşəkar ustalar və ehtiyat hissələrinə əlçatanlığı ilə bağlı da rəy öyrənilib. Sorğunun nəticələrinə əsasən demək olar, Azərbaycanda da bütün növ elektrik mühərrikli avtomobillərin dövri baxım xərcləri münasibdir. Dövri baxım xərcləri elektromobillərdə daha münasib görünür. Belə ki, sorğuda iştirak edən elektromobil istifadəçilərinin (Eİ) 75,7%-i, hibrid avtomobil istifadəçilərinin (HAİ) isə 69,4%-i sözügedən xərcləri aşağı hesab edib [3].

Azərbaycanda elektrik mühərrikli avtomobillərin istifadəsində əsas problemlərdən biri bazar imkanlarının geniş olmaması, yaxşı infrastrukturun yaradılmamasıdır.

Belə respondentlər arasında enerjidoldurma məntəqələrindən daha çox istifadə edən elektromobil istifadəçilərinin 81,4%-i, hibrid avtomobil istifadəçilərinin isə 47,4%-i ölkədə bu istiqamətdə yaxşı infrastrukturun yaradılmadığını qeyd edib [3].

Elektrik mühərrikli avtomobillərlə bağlı dövlət tərəfindən təşviqə dair sualda hibrid avtomobil istifadəçilərinin 55,5%-i, elektromobil istifadəçilərinin 68,6%-i dəstək mexanizminin olmadığını bildirib. Hibrid avtomobil istifadəçilərinin 17,5%-i, elektromobil istifadəçilərinin isə 15,7%-i dövlət tərəfindən təşviq mexanizmlərinin olduğunu qeyd edib [3].

Bu sahədə əsas məsələlərdən biri bazarda sözügedən avtomobillərin park yaşının çox köhnə olmasıdır. Xüsusilə, hibrid avtomobillər parkının yaşı elektromobillə müqayisədə daha köhnədir. Diaqram 2 və 3-də həm elektrik mühərrikli nəqliyyat vasitələri, həm də hibrid nəqliyyat vasitələri üzrə parkın yaş strukturu rəsmi dinamika ilə sorğuda iştirak etmiş respondentlərin sahib olduqları avtomobillərin göstəriciləri müqayisəli şəkildə öz əksini tapmışdır.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələri parkının yaş strukturu:

  • 5 ilədək olanlar (2022-ci il də daxil olmaqla) 68,9%
  • 6 ildən 10 ilədək olanlar 21,9%
  • 11 ildən 15 ilədək olanlar 8,9%.

Sorğuda iştirak edən elektromobil nəqliyyat vasitələrinin yaş strukturu:

  • 5 ilədək olanlar (2022-ci il də daxil olmaqla) 37,1%
  • 6 ildən 10 ilədək olanlar 34,3%
  • 11 ildən 15 ilədək olanlar 28,6 %.

Rəsmi statistikaya görə, Azərbaycanda hibrid nəqliyyat vasitələri parkının yaş strukturu:

  • 5 ilədək olanlar (2022-ci il də daxil olmaqla) 3,7%
  • 6 ildən 10 ilədək olanlar 5,8%
  • 11 ildən 15 ilədək olanlar 52,5%
  • 16 ildən yuxarı 38%.

Sorğuda iştirak edən hibrid avtomobil istifadəçilərinin nəqliyyat vasitələrinin yaş strukturu:

  • 5 ilədək olanlar (2022-ci il də daxil olmaqla) 9,3%
  • 6 ildən 10 ilədək olanlar 12,7%
  • 11 ildən 15 ilədək olanlar 59,3%
  • 16 ildən yuxarı 18,7%.

STM-in apardığı tədqiqatın nəticələri Azərbaycanda elektromobil və hibrid avtomobillərin istehsal ilinin köhnə olmasını ilkin bazarın imkanlarının geniş olmaması, güzəştli kredit şərtlərinin yaradılmaması və s. faktorlarla bağlı olduğunu göstərir. Bu mənada elektromobil istifadəçiləri həm yeni, həm də işlənmiş bazarın imkanlarını daha aşağı dəyərləndirirlər.

Diaqram 4-dən göründüyü kimi, sorğuda iştirak edən hibrid avtomobil istifadəçilərinin yalnız 40,7%-i, elektromobil istifadəçilərinin cəmi 25,1%-i ilkin avtomobil bazarında seçim imkanlarının geniş olduğunu bildirib.

Hibrid avtomobil istifadəçisi olan respondentlər təkrar bazarda seçim imkanlarını yeni bazarla müqayisədə daha yüksək dəyərləndiriblər. Respondentlərin 57,9%-i ikinci əl avtomobil bazarında imkanların geniş olduğunu bildirdiyi halda, 35,2%-i bunun əksini düşünür.

Elektromobil istifadəçiləri arasında həm ilkin, həm də təkrar bazarın imkanları barədə fikirlər dəyişməz olaraq qalır. Rəyi soruşulanların cəmi 25,7%-i ilkin bazarda, 27,1%-i isə ikinci əl avtomobil bazarında seçim imkanlarını geniş dəyərləndirib. Respondentlərin təqribən 70%-i elektromobil bazarının imkanlarını zəif qiymətləndirib.

Respondentlərin 70%-dən çoxu düşünür ki, ilkin bazarda imkanların aşağı olmasının başlıca səbəbləri qiymətlərin münasib olmamasıdır. İkinci faktor olan güzəştlərin mövcud olub-olmaması ilə bağlı rəyə gəlincə, bu istiqamətdə məlumatlılıq səviyyəsinin aşağı olduğu müşahidə edilir. Belə ki, təqribən hər 3-4 respondentdən biri güzəştlərlə bağlı məlumata malik olmadığını bildirib. (29,9% hibrid və 21,4% elektromobil).

Təkrar bazardakı qiymətlərdən məmnunluq səviyyəsi təqribən 50%-dir. Sorğuda iştirak edən hibrid avtomobil istifadəçilərinin 50%-i, elektromobil istifadəçilərinin isə 47,1%-iqiymətlərin münasib olduğunu qeyd edib. Respondentlərin müvafiq olaraq 41,4%-i və 45,7%-i qiymətləri münasib hesab etmir.

Əslində, hər iki bazardakı qiymətlərlə bağlı məmnunluq səviyyəsinin göstəriciləri aşağıdır. Lakin ikinci əl avtomobillərin nisbətən ucuz olması, təbii olaraq, təkrar bazarda tələbatı artırır. Maraqlıdır ki, ikinci əl avtomobillərin kreditlə alışı da yüksək deyil. 45-50% arasında respondent (sorğuda iştirak edən hibrid avtomobil istifadəçilərinin 44,7%-i, elektromobil istifadəçilərinin isə 50%-i) bu sahədə kredit şərtləri ilə bağlı məlumata malik deyil. Hibrid avtomobil istifadəçisi olan respondentlərin 10,8%-i, elektromobil istifadəçisi olan respondentlərin isə 14,3%-i kredit şərtlərini münasib sayır.

Sorğu nəticələrinin təhlili göstərir ki, hibrid avtomobillərin servis xidmətlərinə əlçatanlığı elektromobillərlə müqayisədə daha rahat və çevikdir. Hibrid avtomobil istifadəçisi olan respondentlərin 58,4%-i bildirib ki, ixtisaslaşmış servis məntəqələrinin sayı kifayət qədərdir. Elektromobil istifadəçisi olan respondentlər arasında isə bu göstərici cəmi 22,9% təşkil edib.

Peşəkar ustaların sayı baxımdan da hibrid nəqliyyat vasitələrində vəziyyət daha yaxşıdır. Onların 64,4%-i peşəkar ustaların sayının kifayət qədər olduğunu deyib. Lakin hibrid avtomobillərdən fərqli olaraq, elektromobil sahiblərinin cəmi 28,6%-i peşəkar ustaların sayının kifayət qədər olduğunu qeyd edib.

Respondentlərə görə, hibrid avtomobillərin ehtiyat hissələri elektromobil ilə müqayisədə daha tez tapılır. Hibrid avtomobil istifadəçilərinin 82,5%-i ehtiyat hissələrini tez tapa bildiyi halda, elektromobil istifadəçiləri arasında bu cəmi 35,7%-dir. Hökumətin qarşısında duran əsas məsələlədən biri elektromobillər üçün peşəkar ustaların, servis məntəqələrinin sayının artırılması, ehtiyat hissələrinə, enerjidoldurma məntəqələrinə daha sürətli və çevik əlçatanlıq istiqamətində təşviqatın artırılmasıdır.

 

 Nəticə

  • Respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, hibrid və elektrik mühərrikli avtomobillərin istifadəçiləri arasında məmnunluq səviyyəsi 97%-dir.
  • Son 4 ildə hibrid avtomobillərə və elektromobillərə maraq xüsusilə artıb. Bu artım daha çox fərdi təşəbbüslərin hesabına baş verib. Dövlət tərəfindən təşəbbüs proqramlarının genişləndirilməsinə ehtiyac var.
  • Enerjidoldurma aparatlarının quraşdırılmasında da daha çox özəl sektorun aktivliyi müşahidə edilir. Şirkət payı dövlətə məxsus olan SOCAR-ın törəmə şirkəti olan “SOCAR Petroleum” cəmi 2 aparat qoyubsa, “Azpetrol”da belə aparatların sayı 17-dir.
  • Təəssüf ki, Azərbaycanda hibrid nəqliyyat vasitələri parkının yaşı köhnədir. Rəsmi statistikaya əsasən, hibrid avtomobil parkında buraxılış ili 11 ili keçən avtomobillər 90 faiz təşkil edir.
  • Həm hibrid, həm də elektrik mühərrikli avtomobillərin parkında təkrar bazarın avtomobilləri üstünlük təşkil edir. Hibrid avtomobil istifadəçisi olan respondentlərinin 92,6%-nin, elektromobil istifadəçisi olan respondentlərin 74,3%-nin nəqliyyat vasitələri işlənmiş avtomobillərdir.
  • Sorğunun nəticələrinə görə, ilkin bazara əlçatanlıq və oradakı qiymətlər təkrar bazarla müqayisədə çox geridə qalır. Xüsusilə, elektromobilə sahib olmaq istəyənlər üçün yeni bazarın imkanları daha məhduddur. Respondentlərin 71,4%-i ilkin bazarda seçim imkanlarının geniş olmadığını qeyd edib. Hibrid avtomobil istifadəçilərinin isə 53,1%-i belə düşünür.
  • Aparılan təhlillərə əsasən demək olar ki, hibrid və elektrik mühərrikli avtomobillərin alınması üçün güzəştli şərtlər yetərli səviyyədə deyil. Bu istiqamətdə maliyyə əlçatanlığını təmin etmək üçün dövlət və qeyri-dövlət maliyyə təşkilatları avtomobil kreditlərində xüsusi kampaniyalar təşkil edə bilərlər.
  • Banklar tərəfindən təklif olunan avtomobil kreditləri ilə bağlı aparılan kampaniyalar məhdud olduğundan, kredit şərtlərinin münasibliyi ilə bağlı sualda respondentlərin böyük hissəsi məlumatsız görünür.
  • Ölkənin ictimai nəqliyyat sektorunda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayının artırılması üçün təşəbbüslər irəli sürülməlidir.
  • Hibrid və elektrik mühərrikli avtomobillərin paytaxtdan regionlara doğru təşviqinə ehtiyac var. Regionlarda mövcud sahədə infrastruktur yetərli səviyyədə qurulmayıb. İstər enerjidoldurma məntəqələri, istər servis məntəqələri, istərsə də peşəkar ustalarla təminolunma məsələləri ilə bağlı işlərin görülməsinə ciddi ehtiyac var.
  • Elektromobil istifadəçiləri əsasən paytaxtda yerləşir. Regionlar üzrə əhalinin gəlir vəziyyətini nəzərə aldıqda yalnız elektrik mühərrikli avtomobillərin alınmasında əlçatanlıq aşağı ola bilər. Bu səbəbdən dövlət tərəfindən Bakı ilə paralel olaraq bölgələrdə də ən azı ictimai nəqliyyat parkında elektrobusların, elektrik mühərrikli taksilərin payının artırılması üçün hədəflər müəyyənləşdirilməlidir.
  • Sorğuda iştirak edən respondentlərin cəmi 2,6 faizi qadındır. Onların hamısı hibrid avtomobildən istifadə edir, elektromobil istifadəçisi isə yoxdur. Avtomobil sahibi olan qadınlar arasında hibrid və elektrik mühərrikli avtomobillərə marağın az olması onların arasında maarifləndirmə işinə diqqətin artırılmasını zərur edir.

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər. /Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir/ – https://president.az/az/articles/view/50474
  2. Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı. / Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir/ – https://e-qanun.az/framework/41118
  3. “Elektrik mühərrikli və hibrdi nəqliyyat vasitəçiləri istifadəçilərinin məmnunluğu” sosioloji sorğu/ Sosial Tədqiqatlar Mərkəzi/, 2022
  4. Xarici ticarətin vəziyyəti haqqında arayış. / Dövlət Gömrük Komitəsi, 2020, 2021, 2022/ – https://customs.gov.az/az/faydali/gomruk-statistikasi/xarici-ticaretin-veziyyeti-haqqinda

İngilis dilində:

  1. Bellon, Tina and Paul. “Exclusive: Global carmakers now target $515 billion for EVs, batteries.” // Reuters, 21 Nov 2021. – https://www.reuters.com/business/autostransportation/exclusive-global-carmakers-now-target-515-billion-evs-batteries-2021-11-10
  2. “Electric Vehicles” Report. /International Energy Agency, September, 2022/ – https://www.iea.org/reports/electric-vehicles
  3. “Global EV Outlook 2021” / International Energy Agency, April 2021/. – https://www.iea.org/reports/global-ev-outlook-2021
  4. “Global EV Outlook 2022”. Securing supplies for an electric future. / International Energy Agency/ – https://iea.blob.core.windows.net/assets/ad8fb04c-4f75-42fc-973a-6e54c8a4449a/GlobalElectricVehicleOutlook2022.pdf
  5. Rachel MacIntosh, Sophie Tolomiczenko, & Grace Van Horn, “Electric Vehicle Market Update” /April, 2022/ – www.sustainability.com
  6. The Paris Agreement. /UNFCCC, 12 Dec. 2015/ – https://unfccc.int/process-and-meetings/the-paris-agreement/the-paris-agreement
  7. Walton, Robert. Zero-emission vehicles ‘are coming very fast now,’ says author of Congressionally-mandated report. // Utility Dive, 1 Apr. 2021,
  8. Zeroing in on Zero-Emission Trucks: The Advanced Technology Truck Index: A U.S. ZET Inventory Report /January 2022, A CALSTART Report By: Baha M. Al-Alawi, Owen MacDonnell, Ross McLane, and Kevin Walkowicz/ – https://calstart.org/wp-content/uploads/2022/02/ZIO-ZETs-Report_Updated-Final-II.pdf
  9. 2021 Küresel Otomotiv Tüketici Araştırması. /Deloitte, 2021/ -https://www2.deloitte.com/tr/tr/pages/manufacturing/articles/2021-global-automotive-consumer-study.html

 

Vusala Rustamova

THE CONDITION IN THE PROMOTION OF ELECTRIC AND HYBRID VEHICLES IN AZERBAIJAN AND THE USER SATISFACTION

 Abstract

Today, one of the main targets facing the countries of the world and international organizations is the reduction of carbon (CO2) emissions released into the atmosphere by industrial enterprises and transport wehicles. In this direction, challenges and targets are being accelerated, various action plans are adopted.

As a result, the number of countries that forbid diesel and gasoline vehicles is increasing every year. According to the International Energy Agency, electric vehicles sales in 2021 hit a record high of 6.6 million units. The total number of all types of electric vehicles (hybrid and electric cars) produced reached 16.5 million.

In recent years, some steps have been taken by the state on the encouragement of the use of electric vehicles in Azerbaijan. In order to ensure the transition to “green energy”, the government of Azerbaijan has defined certain targets in this direction within a number of strategic documents, national priorities and the state program.

Among them, on the documents such as “State Program for Road Traffic Safety in the Republic of Azerbaijan for 2019-2023”, and “Azerbaijan 2030: National Priorities for Socio-Economic Development”, it is envisaged to form a relevant normative legal framework with the aim to stimulate the usage of environmentally friendly, electric vehicles, by determining advantages and privileges for production, import, export, circulation and operation. Even according to the new initiatives proposed in the 2022 state budget the application oftax incentives for all types of electric vehicles is intented for realisation

This article presents an analysis of a sociological survey conducted by the Social Research Center on “Satisfaction of users of electric and hybrid vehicles”.

Regarding the factors promoting the transition to electric vehicles by the government, the public opinion was analyzed in the study.

Keywords: climate, target, hybrid, electric, car, vehicles, incentive, survey, state, promotion

 

Вусала Рустамова

СИТУАЦИЯ С ПРОДВИЖЕНИЕМ ЭЛЕКТРИЧЕСКИХ И ГИБРИДНЫХ АВТОМОБИЛЕЙ В АЗЕРБАЙДЖАНЕ И УДОВЛЕТВОРЕННОСТЬ

ИХ ПОЛЬЗОВАТЕЛЕЙ

 Резюме

На сегодняшний день одной из основных задач, стоящих перед странами мира и международными организациями, является сокращение выбросов углерода (СО2) в атмосферу, выбрасваемых промышленными предприятиями и транспортными средствами. В этом направлении ускоряются задачи и цели, принимаются различные планы действий.

В результате число стран,в которых ввели запрет на эксплуатацию дизельных и бензиновых автомобилей, увеличивается с каждым годом. По данным Международного Энергетического Агентства, продажи электродвигателей транспортных средств в 2021 году достигли рекордной отметки в 6,6 млн единиц. Общее количество произведенных электродвигателей транспортных средств всех типов (гибридов и электромобилей) достигло 16,5 млн. штук.

В последние годы государством были предприняты некоторые шаги по поощрению использования транспортных средств с электродвигателем в Азербайджане. Для обеспечения перехода на “зеленую энергетику” правительством Азербайджана были выделены определенные цели в этом направлении в рамках стратегических документов, национальных приоритетов и государственной программы.

Среди них такие документы, как “Государственная программа безопасности дорожного движения в Азербайджанской Республике на 2019-2023 годы”, “Азербайджан 2030: национальные приоритеты социально-экономического развития”. В целях стимулирования использования экологически чистых, электромобилей данными документами предусмотрено формирование соответствующей нормативно-правовой базы путем определения льгот и прерогатив на производство, ввоз, вывоз, обращение и эксплуатацию данных видов транспортных средств. Даже новые инициативы, предложенные в госбюджете на 2022 год, предусматривают введение налоговых льгот для всех видов электрических транспортных.

Статья содержит анализ социологического опроса, проведенного Центром Социальных Исследований на тему “Удовлетворенность пользователей электрических и гибридных автомобилей”. В исследовании проанализировано общественное мнение о факторах, способствующих к переходу правительства на электродвигатели транспортных средств.

 Ключевые слова: климат, цель, гибрид, электромобиль, автомобиль, транспортные средства, концессия, опрос, государство, поощрения

---------------