Lalə ƏKBƏROVA

ABŞ-ın Lindenvud Universitetinin məzunu, Hüquqi Ekspertiza

və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin doktorantı,

Milli Məclisin İnsan Hüquqları Komitəsinin eksperti

 E-mail: l.akbarova88@gmail.com

ORCID: 0009-0003-0400-958X

 

Xülasə. Məqalədə yeni nəsil generativ süni intellekt (Sİ) texnologiyaları və insan hüquqları mövzusu, bu sahədə tənzimlənmə ilə bağlı mövcud ilkin təcrübələr tədqiq edilir. Qeyd edilir ki, texnologiyaların sürətli inkişafı həm qlobal, beynəlxalq, həm də milli-hüquqi çərçivələrdə hüquqi tənzimlənmələri olduqca aktual məsələyə çevirib. Müəllif yeni nəsil Sİ-nin ən son nümunələrinin insan hüquqları sahəsində müsbət təsirlərinə və perspektivlərinə nəzər salır.

Daha sonra Sİ tətbiqlərinin insan hüquqları üçün yaratdığı mümkün təhlükələr baş verən real presedentlərlə izah edilir. Müəllifə görə, insan hüquqları sahəsində Sİ-nin tətbiq əhatəsi nə qədər genişlənirsə, onun yaratdığı problemlərin dairəsi də o qədər çoxalır.

Məqalədə Sİ-nin hüquqi tənzimlənməsi ilə bağlı səylərin əsasən ABŞ və Avropada (xüsusilə Böyük Britaniyada) gündəmdə olduğu qeyd edilir. Avropa Birliyinin qanunvericilərinin Sİ ilə bağlı qəbul etdiyi, dünyada ilk sayılacaq mühüm tənzimlənmə – Avropa Birliyinin Süni İntellekt Aktı (AB Sİ Aktı) təhlil edilir. Avropa Birliyinin Süni İntellekt Aktında Sİ-nin tətbiqlərini 3 risk kateqoriyasına ayırması vurğulanır.

Tədqiqatda həmçinin ABŞ Konqresinin Sİ və insan haqları yönündə fəaliyyəti də araşdırılır. Senatın İnsan Hüquqları Alt Komitəsinin Sİ-nin insan hüquqlarına təsirlərini araşdırmaq üçün keçirdiyi ikitərəfli dinləmələr, onun nəticəsində alınan qərarlar və təkliflərə münasibət bildirilir.

“Nəticə” hissəsində müəllif yeni nəsil Sİ və insan hüquqları yönündə müzakirə və qərarların hələlik yalnız Qərb ölkələrində aparıldığını vurğulayır.

Açar sözlər: Yeni nəsil generativ süni intellekt (Sİ), insan hüquqları, süni intellekt əsaslı kibercinayətkarlıq, süni intellektin potensial təhdidləri, ChatGPT, Avropa Birliyinin Sİ Aktı, ABŞ, Böyük Britaniya, Sİ əsaslı səs klonlaması, hüquqi tənzimlənmə, Sİ qanunvericiliyi, yeni nəsil çatbotlar, Sİ və hüquqi aktlar, Sİ hüququ üzrə mütəxəssislər

 

 

Giriş

 

Müxtəlif zamanlarda baş verən elmi kəşflər müvafiq olaraq bütün sahələrdə, o cümlədən hüquqi-qanunvericilik istiqamətində dəyişikliklərə səbəb olub. İnformasiya və rəqəmsallaşma dövrünü yaşayan hazırkı vaxtda yeni nəsil süni intellekt texnologiyalarının sürətli inkişafı həm qlobal, beynəlxalq, həm də lokal, milli-hüquqi çərçivələrdə hüquqi tənzimlənmələri olduqca aktual məsələyə çevirib.

“Süni intellekt” (Sİ) və “Maşın öyrənməsi” (Machine learning) adlanan, ötən bir neçə onillikdə yaradılan və inkişaf edən texnologiyalar çoxsaylı elmlər tərəfindən öyrənilir. Son bir ilə yaxın müddətdə ortaya çıxan, Generativ Süni İntellekt ChatGPT (Generative Pre-trained Transformer – Generativ Əvvəlcədən Öyrədilmiş Transformer (çevirici)) adlanan yeni nəsil Sİ qeyri-adi xüsusiyyətləri və imkanları ilə dünyada böyük əks-səda doğurub. Geniş mənada tərifə görə, “Ümumi olaraq GPT kimi tanınan generativ – Generativ Əvvəlcədən Öyrədilmiş Transformerlər (çeviricilər) – transformer arxitekturasından istifadə edən neyron şəbəkə modellər ailəsinə aid olub, ChatGPT generativ tətbiqlərini dəstəkləyən yeni nəsil Sİ kimi böyük sıçrayış hesab edilir. GPT modelləri proqramlar insan kimi mətnlər, məzmun, şəkillər, musiqi və s. yaratmağa, suallara danışıq tərzində cavab verməyə imkan verir. Hazırda bütün sahələrdə qurumlar sual-cavab botları, dataların analizi, mətnlərin hazırlanması, məzmun yaradılması və axtarış əməliyyatları üçün GPT modellərindən və generativ süni intellektdən istifadə edir” [16].

Bununla yanaşı, indiki mərhələdə Sİ-nin ümumi qəbul edilmiş vahid elmi tərifi yoxdur. Qısa mənada tərifə görə, yeni nəsil Sİ dedikdə olduqca geniş əhatədə maşınların və intellektual sistemlərin (yəni kompüterlərin) insan intellektinə bənzər hərəkətləri yerinə yetirmək qabiliyyətini daha da təkmilləşdirməyə imkan verən müxtəlif texnologiyaların məcmusu başa düşülür. Sİ və ya maşın öyrənməsinin mahiyyəti ondan ibarətdir ki, bu texnologiyalar daim öz fəaliyyət dairəsini genişləndirir, bu prosesdə əvvəllər yalnız insana xas olan, onun imtiyazı kimi görünən fəaliyyət növlərinə yiyələnirlər. Söhbət həm də müxtəlif cür təsnif edilə bilən mürəkkəb problemlərin həllindən gedir. Məsələn, düşüncə qabiliyyətini tələb edən, həmçinin kəmiyyət təhlili və proqnozlaşdırma xarakterli məsələləri həll edə bilən sistemlər son dövrdə olduqca sürətli inkişaf edir. Sİ texnologiyaları təxminən belə işləyir:

– Sİ sistemləri nəhəng həcmdə məlumat toplayır, bu məlumatlar sanki Sİ-nin “içərisində dövr etdiyi data-kosmos”u təşkil edir. Sİ məhz və yalnız həmin nəhəng data-kosmos sisteminə əsaslanaraq tapşırıqları icra edə bilir.

– Sİ-nin iş mexanizmi insanların beyinlərindəki neyron şəbəkələrinə bənzəyir, baş verənlərə dair şüur və anlayışların formalaşmasına bənzər proseslər gedir. Bu mənada Sİ-nin işi insan zəkasına çox yaxınlaşmaqdadır.

– Bu gün üçün Sİ məqalələr, xəbərlər və ya şeirlər yazmaqdan tutmuş videolar, podkastlar, şəkillərin redaktə edilməsi, üztanıma əməliyatlarına qədər saysız-hesabsız fəaliyyətlər icra edir. Son bir ildə həmin fəaliyyətlərin dairəsi təsəvvürəgəlməz dərəcədə artmaqdadır.

– Bütün sahələri optimallaşdırmağa imkan verən Sİ-nin tətbiq dairəsi çox genişdir. İlk növbədə, bu Sİ-nin əvvəllər yalnız bir insana tabe olan bir işi ondan daha sürətli, hətta daha dəqiq yerinə yetirə bilməsi ilə əlaqədardır. Başlayan rəqəmsal əsrdə cəmiyyətdə Sİ-nin tətbiq edildiyi sahələrin sayı durmadan artacaq.

Bu baxımdan, tədqiqatçılara görə, hazırda Sİ-nin nəinki tətbiq edildiyi, əksinə hələlik istifadə olunmadığı sahələri sadalamaq daha asan olar.

 

  1. Yeni nəsil süni intellektin insan hüquqları sahəsində müsbət təzahürləri və perspektivləri

Qeyd edildiyi kimi, Sİ-nin sürətli inkişafı yeni nəsil texnologiyaların yaranmasına təkan verib. Son illərdə ortaya çıxan ən son 10 Sİ texnologiyaları aşağıdakılardır [14]:

 

Yeni nəsil çatbotlar “cəsarətli yeni dünya” da adlandırılır. Sİ ilə təchiz edilmiş yeni chatbotlar texnologiyanın internetin iqtisadiyyatını yüksəldə, bugünkü güc mərkəzlərini arxada qoya biləcəyini və sənayenin növbəti nəhənglərini yarada biləcəyini müəyyən etmək üçün əsl savaşa təkan verib. Həmin çatbotlar əsasən aşağıdakılardır:

ChatGPT – yuxarıda qeyd edildiyi kimi, “OpenAI” tədqiqat laboratoriyasının Sİ dili modeli ChatGPT mürəkkəb suallara cavab vermək, şeir, reseptlər yazmaq, kodlaşdırmaq, tətil planlaşdırmaq, dilləri tərcümə etmək qabiliyyətinə görə dəyişməz xəbər başlıqlarına çevrilib. Mart ayının ortalarında təqdim edilən ən son versiya olan GPT-4 hətta şəkillərə cavab verə, “Uniform Bar” imtahanını da keçə bilər.

Bing – ChatGPT-nin debütündən iki ay sonra, “OpenAI”-un əsas investoru və tərəfdaşı olan “Microsoft” “Bing” internet axtarış sisteminə faktiki olaraq istənilən mövzuda açıq mətnli söhbətlər apara bilən oxşar chatbot əlavə etdi. Lakin buraxıldıqdan sonra botun hərdən qeyri-dəqiq, aldadıcı və qəribə cavabları da diqqəti cəlb etdi.

Bard – Google-un “Bard” adlı chatbotu mart ayında ABŞ və Britaniyada məhdud sayda istifadəçi üçün istifadəyə verilib. Əvvəlcə e-məktublar və şeirlər hazırlamaq üçün nəzərdə tutulmuş yaradıcı bir vasitə kimi düşünülmüş, ideyalar yarada, bloq yazıları yaza, suallara konkret faktlar və ya rəylərlə cavab verə bilər.

Ernie – axtarış nəhəngi BAİdu mart ayında Çinin ChatGPT-yə ilk böyük rəqibini təqdim etdi. Ernienin bilik inteqrasiyası vasitəsilə təkmilləşdirilmiş və qısaldılmış debütü, botun vəd edilmiş “canlı” nümayişinin qeydə alınması aşkar edildikdən sonra uğursuz sayıldı [17].

Qeyd edilən bu və digər yeni texnologiyalar cəmiyyət həyatının əksər sahələrinə tətbiq edilə bilməsi ilə fərqlənir. Bu baxımdan onların həm müsbət-mütərəqqi, həm də mənfi mahiyyətli nəticələrə səbəb olması, daha dəqiq deyilsə, tətbiq edənlərin məqsədlərindən asılı olaraq fərqli təsirlərə malik olması reallıqdır.

Tədqiqatımızın mövzusu insan hüquqları olduğu üçün, əvvəlcə yeni nəsil generativ Sİ-nin bu sahəyə müsbət təsirləri ilə bağlı bir neçə məqamı qeyd edək.

Yeni nəsil Sİ-nin insan hüquqları müdafiəçilərinin fəaliyyətinə bir çox formada kömək edə biləcəyi məlum olub. Məsələn, Generativ Sİ hüquq müdafiəçilərinə prosessual sənədlər yazmağa, tərtib etməyə yardım edə bilər. Son bir ildə məşhurlaşan “OpenAI” şirkətinin məhsulu olan ilk çoxfunksiyalı ChatGPT söhbət çatbotu istənilən belə sənədin sözün əsl mənasında ilk nümunəsini – “skeletini” yaratmağa imkan verir. ChatGPT əvvəllər, məsələn, referentlərin gördüyü bütün işləri görə bilir. Bir tərəfdən bu, işçilərin ixtisar edilməsinə, bir sıra peşələrin yox olmasına səbəb olsa da, Sİ hüquq müdafiəçilərinin də fəaliyyətinə yarayır.

Məlumdur ki, insan haqları təşkilatları öz hesabatlarında əksər hallarda təsvirlərdən/fotoşəkillərdən istifadə edirlər. Generativ Sİ sistemi diqqəti cəlb edən qeyri-adi şəkillər yaratmağa (generasiya etməyə) qadirdir. O, həmçinin hüquqların müdafiəsi ilə bağlı ictimai kampaniyalar təşkil etmək üçün təbliğat və təşviqat materiallarının yaradılmasına və digər mənbələrdən məlumatların toplanmasına ciddi kömək edir.

Hüquqların müdafiəsində sənədlərin tərcüməsi məsələsi də getdikcə genişlənən sahədir. Məsələn, bir çox ölkələrdə hüquqşünaslar və jurnalistlərin əl ilə sürətli və keyfiyyətli tərcüməyə sahib olması üçün çox vaxt lazım olur. Bu işin asanlaşdırılması üçün “DeepL” (DeepL Translator) sistemi ortaya çıxıb. Bu texnologiya da “Google Translate” kimi süni intellektdən istifadə edir, sadəcə bu yeni sistem təkmilləşmiş Sİ ilə sənədləri daha yaxşı tərcümə edir.

“Sİ texnologiyalara yaxın” (“technologies close to AI”) adlanan yeni sahə də var. Bu sahədə kəmiyyət təhlili, sentiment təhlili, OSINT (Open-source intelligence) və s. ilə əlaqəli bütün fəaliyyətlərdə Sİ tətbiq edillir. Üztanıma sistemlərindən istifadə etməklə, müxtəlif şəkil versiyalarına uyğun data-verilənlər bazası əsasında cinayət törətmiş bəzi şəxslərin tapılması və tanınmasında Sİ-dən istifadə də müsbət təsirlərə aiddir.

Hüquq sahəsində, cinayət axtarış sistemində, polisin fəaliyyətində yeni nəsil Sİ tətbiqləri artıq tam sürətlə genişlənməkdədir. Məsələn, ABŞ-da Nyu-York şəhərinin hüquq-mühafizə orqanları Sİ sistemi vasitəsilə narkotik alverçisini yaxalayıblar. Buna insanların sürücülük üslublarını analiz edən süni zəka sistemi vasitəsilə nail olunub. Məlumatda qeyd edilib ki, Devid Zayas adlı şəxs Nyu-York ştatının şimalında yerləşən Skarsdeyl adlı kiçik şəhərdə avtomobili idarə edən zaman polislər tərəfindən saxlanılıb. Avtomobilin yoxlanılması zamanı onun daxilində narkotik vasitələr, odlu silah və 34.000 ABŞ dolları nağd pul aşkar edilib. Daha sonra Devid Zayas narkotik alverçiliyi üzrə günahını boynuna alıb [13].

Hüquq-mühafizə orqanlarının əməkdaşlıq etdiyi, regionda yol hərəkətinin intellektual idarəsi platforması olan “Rekor” adlı şirkətin monitorinqləri çərçivəsində şirkətin süni zəka əsaslı alqoritmi Devid Zayası şübhəli şəxs kimi müəyyən edib. Şirkətin süni zəka əsaslı sistemi Zayasın günlərlə hərəkət etdiyi marşrutları analiz edərkən, onun narkotik alverçilərinin mütəmadi şəkildə istifadə etdikləri marşrutlarla eyni olduğunu təsdiqləyib və nəticədə sistem onu narkotik alverçisi kimi təyin edib. Yeni nəsil Sİ tətbiq edən şirkətlər ABŞ-ın polis departamentləri və digər dövlət müəssisələri ilə əməkdaşlıq edir.

Son Sİ texnologiyalarının hüquq sahəsində tətbiqinin müsbət nəticələri ilə bağlı ən maraqlı, həm də paradoksal məqam diqqəti cəlb edir. Bu, Sİ-nin yeni qanunvericiliklərin hazırlanmasında kömək etməsidir [1]. Bu cür hazırlanan qanun layihələrində onların Sİ tərəfindən tərtib edilməsi, mütəxəssislərin isə sonda sənədin doğruluğunu yoxlayıb təsdiqləməsi qeyd edilir.

Sİ-nin yaranmasından bəri onun insan hüquqlarına təsiri ilə bağlı tədqiqatlar xaricdə və ölkəmizdə az sayda olsa da mövcud olub [5]. Bununla yanaşı, əsas fərq odur ki, yeni nəsil generativ Sİ-nin insan hüquqlarına təsiri ilə bağlı araşdırmalar hələlik yoxdur. Səbəb həm bu texnologiyaların olduqca sürətli inkişafı və hüquq-qanunvericilik sistemlərinin onunla ayaqlaşa bilməməsi, həm də yeni nəsil texnologiyaların tətbiqinin olduqca nəhəng sahələri əhatə etməsidir. Digər mühüm səbəb dünya ölkələrinin bu sahədə hələlik milli qanunvericiliklər hazırlamaqla bağlı təklifləri səslənsə də, beynəlxalq/universal qanunvericiliyin hazırlanmasının “sıfır” vəziyyətdə olmasıdır. Bu vəziyyət olduqca böyük təhdidlərə səbəb ola bilər. Yeni nəsil Sİ texnologiyalarının insan hüquqları sahəsində pozuntuları cəzasız qala, ümumilikdə cəzasızlıq mühiti formalaşa bilər.

İnsan hüquqları sahəsində Sİ-nin inkişafı perspektivlərinə gəldikdə, məsələn, yaxın gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kimi böyük strukturlarda qərarların verilməsi üçün avtomatlaşdırılmış sistemlər inkişaf etdirilə bilər. Məlumdur ki, burada görüləsi işlər və bürokratik prosedurlar olduqca çoxdur, növbələr illərlə uzanır. AİHM-də bir çox hüquqi prosedurların illərlə yaxşı sənədləşdirilməsi mövcuddur ki, bu da ümumiyyətlə bu sahədə Sİ-dən istifadə üçün ilkin şərtlər yaradır.

Digər mümkün perspektivli istiqamət Sİ-nin insan haqlarına mənfi təsirləri ilə mübarizə üçün elə Sİ-nin özünün istifadə edilməsi məsələsidir. Yəni burada bəzi alqoritmik əks təsir vasitələri, məsələn, sifətin və siqnalın tanınması, botlarla mübarizə və s. nəzərdə tutulur.

Daha bir istiqamət artıq baş verənlər, məsələn, bütün qanunvericiliyi araşdırmaq üçün getdikcə aktuallaşan məlumatların təhlilindən istifadə etmək imkanlarıdır. Misal üçün, Sİ sahəsinə də aid olan maşın öyrənməsindən istifadə edən “Light Alqoritmi” 500.000 məhkəmə qərarını təhlil edib. Bu, heç bir insanın/tədqiqatçının belə qısa müddətdə və ümumiyyətlə, öz həyatında edə bilmədiyi bir işdir. Çox güman ki, sadəcə analitik məlumatlarla işləyən hüquq müdafiəçiləri bu üsullardan mütləq istifadə edəcək. Onlar getdikcə daha çox bu kimi ofis alətlərindən istifadə edəcək, yüzlərlə məktublara cavab yazacaq. Ümumiyyətlə, insan hüquqlarına aid bütün sahələr gələcəkdə sadəcə olaraq yeni nəsil texnologiyalarla davamlı təkmilləşdirmənin aparılacağı tətbiq sahələridir.

 

  1. Süni intellekt və hüquq sahəsi: əvvəlki və indiki texnologiyaların mahiyyət fərqləri

 

Ümumilikdə əvvəlki Sİ texnologiyaları ilə yeni yaradılan generativ Sİ-nin insan hüquqları ilə əlaqəsi mövzusunda nəzərə alınacaq daha bir vacib məqam mövcuddur. 30 il bundan əvvəl Sİ-nin tətbiqi üçün kompüter savadlılığına malik olmaq insan həyatının bir hissəsinə çevrildi. Əvvəllər daxil edilən məlumatlarla işləmək, sürətli yaza bilmək, saytlar açmaq, axtarışdan istifadə etmək, elektron məktublar yazmaq zəruri idi.

Hazırkı yeni nəsil generativ Sİ ilə işləmək üçün hüquq sahəsində çalışanlara lazım olan təkcə kompüter savadlılığı kifayət deyil. Ən vacib bacarıq interaktiv dialoq interfeysləri ilə işləyə bilməkdir. Eyni zamanda, bu yeni bacarığın necə işlədiyini, hansı məhdudiyyətlərə malik olduğunu, bizə nə verə biləcəyini və harada təhdid yarada biləyəcəyini başa düşmək əsas şərtlərdən biridir. Bir məsələ aydındır ki, özlərinə məxsus dəstək və hüquqi məsləhət sistemi olan hüquq müdafiəçiləri üçün bu cür sistemləri mənimsəmək mütləq şərtdir. Çünki belə şəraitdə hüquqi məsləhət almaq istəyənlərin sayı təsəvvürəgəlməz dərəcədə artmış olur.

Beləliklə, 2023-cü ildən başlayaraq, hüquq sistemi Sİ ilə işləmək üçün sadəcə kompüter savadlılığı deyil, interaktiv dialoq interfeysləri ilə işləmək bacarıqları istənilən formada məsləhət istəyən insanlar üçün günün tələbinə çevrilir. Məlumdur ki, insan hüquqları sahəsində bütün işlər mütləq olaraq məhkəmələrə çatmır və çoxsaylı məsələlər hələ sual-cavab rejimində həll oluna bilir, bu isə generativ Sİ-nin bacardığı istənilən dəstək sisteminə olduqca çox bənzəyir. Dialoq interfeysləri hüquqşünasların işlərini xeyli sürətləndirir, səmərəliliyini dəfələrlə artırır.

 

  1. Son nəsil Sİ texnologiyaları və insan hüquqları üçün təhlükələr, mövcud presedentlər

 

Sİ verilənlər bazasına əsaslanan, əsasən həmin bazaya daxil edilmiş alqoritmlərin gücləndirilməsi ilə işlədiyindən ciddi yan təsirlərə də malik ola bilir. Belə ki, Sİ artıq mövcud olan dil modellərindən istifadə etdiyi üçün ədalətli məhkəmə qərarlarının çıxarılması zamanı insan nitqinə xas olan qərəz, qeyri-obyektivlik, ayrı-seçkilik və bərabərsizliyi dəfələrlə gücləndirə bilər. Artıq bununla bağlı konkret hallar məlumdur. Sİ-yə qərəzliliyin mümkünlüyü haqqında söhbət demək olar ki, texnologiyanın yaradılmasının əvvəlindən gedir. 2016-cı ildə ABŞ-ın bəzi ştatlarında məhkəmə hakimləri tərəfindən istifadə edilən COMPAS (Correctional Offender Management Profiling for Alternative Sanctions – “Alternativ sanksiyalar üçün müttəhimlərin profilinin tənzimlənməsi”) adlı proqramın yaratdığı qalmaqaldan sonra bu, xüsusilə diqqəti cəlb etdi [2]. Belə ki, proqramın alqoritmlərinin irqçi, ayrı-seçkiliyə malik qərarlar çıxarması ortaya çıxdı. COMPAS maşın öyrənməsindən və tarixi məlumatların arxivindən istifadə edərək, bir dəfə zorakılıq cinayəti törətmiş cinayətkarların onu yenidən törədə bilməsi (residivist olması) ehtimalını proqnozlaşdırıb. Hesab edib ki, qara və ya dəri rəngi tünd olan insanlar ağdərili insanlardan daha çox təkrar cinayətlər törədirlər. Xüsusilə vurğulayaq ki, Sİ-nin bu təcrübələri ilk növbədə Qərb cəmiyyətində, daha sonra isə dünyanın digər hissələrində mövcud olan sivilizasion, etnik-milli aspektli ənənə və struktur problemlərini üzə çıxartdı. Tədqiqatçılar bunu “alqoritmik diskriminasiya” adlandırdılar [2].

Digər misallar da maraqlı olmaqla yanaşı, Sİ-nin insan hüquqları üçün yaratdığı təhlükələrlə bağlı təsəvvür yaradır. Məsələn, “Amazon” iş axtaranların tərcümeyi-hallarını təhlil etmək üçün Sİ tətbiq edib. Məlum olub ki, Sİ alqoritmi qadınların CV-lərini rədd edib və əvəzində lazımi bacarıqları olmasa belə xarakterik kişi nitqinə malik faylların olduğu CV-ləri seçərək, işə götürməyi təklif edib, gender ayrı-seçkiliyini nümayiş etdirib. Bu və ya digər hallar texnologiyanı yaradanları belə qərəz və təhriflər etməmək üçün metodoloji səviyyədə işlər aparmağa sövq edir. Məlumatların necə və hansı əsaslarla toplandığını, nəyə görə belə qərarlar alındığını anlamağa çalışırlar. Səbəbləri aradan qaldırmaq, bu cür məlumatların ümumiyyətlə görünməsinə səbəb olan qeyri-bərabərliyə əsas verən struktur sistemlərin yenilənməsi üçün səylər göstərilir.

 

  1. İnsan hüquqları sahəsində Sİ-nin tətbiq əhatəsi nə qədər genişlənirsə, onun yaratdığı problemlərin dairəsi bir o qədər çoxalır

 

Hazırda ən böyük problemlər sözügedən üztanıma texnologiyalarının, alqoritmlərin qeyri-obyektiv məlumatlarla istifadəsi, həmçinin Sİ sistemlərinin enerji sərfiyyatı, ən başlıcası, onların inkişafı ilə bağlı sahələrin tamamilə qeyri-şəffaflığıdır. Yeni texnologiyaların insanlara total nəzarət və izləmə alətinə çevrilməsi, biznes hüququnu da məsuliyyət dairəsinə daxil edir.

Alqoritmlərin istənilən halda cəmiyyətdə mövcud olan ziddiyyətləri, insan nitqinə xas olan qərəzliliyi gücləndirmək ehtimalı yüksəkdir. Bu problemləri isə ən azı alqoritmlərin şəffaflığını tələb etməklə həll etmək olar. Əks təqdirdə, alqoritmlər yalnız total nəzarət və izləməni monopoliyaya ala bilər ki, bu da geniş geosiyasi kontekstdə milli təhlükəsizliyə təhdidlər yarada, Sİ sahəsində liderlik edən ölkələr üçün onu çox güclü silaha çevirə bilər.

Digər daha qlobal bir problem bu alqoritmlərin qeyri-şəffaflığı fonunda onları yoxlamaq imkanının olmamasıdır. Yəni bu modellər nə qədər nəhəngdirsə, bir o qədər mürəkkəbdir və buna görə də insan anlayışından kənara çıxır, yoxlanılması qeyri-mümkün olur. Hədsiz enerji sərfiyyatı isə qlobal iqlim problemi kontekstində olduqca böyük məsələdir. Bu sistemlər fantastik dərəcədə çox enerji tələb etdiyi halda, heç də bütün şirkətlər karbon-CO2 neytrallığına investisiya qoymağı düşünmür, yaxud da bunu ən axırıncı məsələ hesab edir.

 

  1. Generativ süni intellekt texnologiyaları və insan hüquqları: tənzimlənmə mümkündürmü?

 

İlk olaraq ortaya çıxan suallar belədir: Qanun Sİ-yə qadağa qoya bilərmi, yaxud onu necə tənzimləmək olar? Mahiyyətcə transmilli xarakter daşıyan bir fenomenlə bağlı milli, regional və qlobal səviyyəli qanunvericilik sistemləri necə uzlaşdırıla bilər? Bu sahədə beynəlxalq əməkdaşlıqla bağlı səylər niyə olduqca ləngiyir?

İlkin əsas kimi Avropada mövcud olan qanunvericilikdə “Ümumi məlumatların mühafizəsi qaydası”nın (GDPR – General Data Protection Regulation) olması məlumdur. Bu qayda Avropa Birliyi tərəfindən hazırlanıb, üzv dövlətlər və təşkilatlar tərəfindən fərdi məlumatların emalı və onların şəffaflığının təmin edilməsi prosedurunu müəyyən edir. Eləcə də son illərdə Avropa Şurası “Şəbəkə və informasiya təhlükəsizliyi direktivi”ni (NIS2 — Network and Information Security) qəbul edib. Direktiv AB-yə üzv dövlətlərdə kibertəhlükəsizlik tədbirlərinin uyğunlaşdırılmasına, tənzimləyici baza və müvafiq orqanlar arasında əməkdaşlıq mexanizmlərinə tələblərin müəyyən edilməsinə çağırır [11].

Ümumilikdə xüsusi vurğulayaq ki, bu günə qədər Sİ-nin tənzimlənməsinin əsas yolları onun tətbiqinin etik əsaslarının yayılmasına yönəlib. Bunlar Sİ-li maşın və robotların insanlara zərər və ya fayda vermək üçün necə istifadə oluna biləcəyinə dair mənəvi məsələləri nəzərdə tutur. Qəfil səhvlər və onlar üçün məsuliyyət daşınması, yuxarıda təsvir edilən qərəzlilik və nəticələrin şərh edilməsi, dipfeyk (deepfakes) və generativ modelləri tənzimləmək yollarının tapılması, əqli mülkiyyət qanunları (əsərin müəllifinin kimə məxsus olması) və s. halların tənzimlənməsi kimi etik prinsiplər buna misal ola bilər.

Sİ-nin hüquqi tənzimlənməsi ilə bağlı səylərin əsasən ABŞ və Avropada (xüsusilə Böyük Britaniyada) gündəmdə olduğunu qeyd etmək lazımdır.

 

  1. Avropa Birliyinin Süni İntellekt Aktı

 

Avropa Birliyinin qanunvericiləri Sİ ilə bağlı dünyada ilk sayılacaq mühüm tənzimləməni qəbul edib. “Avropa Birliyinin Süni İntellekt Aktı” (EU Aİ ACT) Sİ sənayesi üçün ilk əhatəli tənzimləmə toplusudur. Qanun ChatGPT kimi generativ Sİ sistemlərinin kommersiya istifadəsi üçün buraxılmamışdan əvvəl nəzərdən keçirilməsini tələb etməyi təklif edir. O, həmçinin real vaxt rejimində üz tanınmasını qadağan etməyi nəzərdə tutur [6].

AB Sİ Aktı qlobal miqyasda ölkələrin texnologiyanı idarə etmək, fəaliyyət təhlükəsizliyi və siyasi dürüstlük (toxunulmazlıq) də daxil olmaqla, cəmiyyət üçün bir çox riskləri məhdudlaşdırmaq üçün yarışdığı bir vaxtda qəbul edilib. Generativ Sİ-nin inkişafı üçün maliyyələşmənin azalması və bahalaşmadan əziyyət çəkən Avropa texnologiya bazarında bu Aktla parlaq nümunə hesab edilib. Bütövlükdə, Avropa Parlamenti bu Aktla Sİ üçün mühüm qaydalarını təsdiqləyərək, Qərb məkanında Sİ-nin ilk rəsmi tənzimlənməsinin qanuna çevrilməsi üçün əsas maneələri aradan qaldırıb.

Qaydalar qlobal texnoloji savaşın əsas döyüş meydanına çevrilən, data əsasında yeni məzmun yarada bilən, lakin eyni zamanda həm də iş yerlərinin ixtisarı, saxta xəbərlər, dezinformasiya və qərəzliliklə bağlı narahatlıqlara səbəb olan generativ Sİ-ni tənzimləyən ilk hərtərəfli sənəddir.

2023-cü ilin iyunun 14-də keçirilən kritik səsvermədə Avropa Parlamenti 499 lehinə, 28 əleyhinə və 93 bitərəf səslə Süni İntellekt Aktını qəbul etdi. Tənzimləmə qanun adlandırılmaqdan uzaqdır, lakin bu, qlobal miqyasda texnologiya üçün ilk rəsmi qaydalardan biri kimi dəyərlidir.

Avropa Parlamentinin üzvləri ChatGPT kimi generativ Sİ vasitələrini daha böyük məhdudiyyətlər altında gətirməyə razılaşıblar. Generativ Sİ-ni yaradanlardan onu tətbiq etməmişdən əvvəl şəffaf təqdimat və müzakirələr tələb edilir. Parlament həmçinin real vaxt rejimində biometrik identifikasiya sistemlərinə, eləcə də mübahisəli total nəzarət tətbiq edən “sosial qiymətləndirmə” (sosial kredit, məsələn, Çində) sistemlərinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib.

Qanunvericilər bütün ictimai yerlərdə biometrik nəzarəti qadağan etməklə bağlı razılığa gəliblər. Qanunların “Microsoft” tərəfindən dəstəklənən OpenAI və onun məhsulu olan ChatGPT, həmçinin Google-un “Bard” kimi generativ Sİ modellərini istehsal edən şirkətlər üçün böyük təsiri var.

Avropanın yeni qanun layihəsinin son versiyasına əsasən, generativ Sİ yeni və sərt şəffaflıq tələbləri ilə üzləşəcək. Buraya sistemin öyrədilməsi üçün istifadə edilən müəllif hüquqları, əqli mülkiyyət qanunu ilə qorunan materialın xülasələrinin dərci daxildir. Bu təklif nəşriyyat sənayesi tərəfindən dəstəklənir, lakin texniki cəhətdən mümkünsüz olduğu üçün texnoloji tərtibatçılar ona qarşı çıxır. Generativ Sİ sistemləri həmçinin onların qeyri-qanuni məzmun yaratmasının qarşısını almaq üçün mühafizə tədbirləri həyata keçirməli olacaqlar [6].

Londonda eyni Sİ qanunları üzrə təkliflər üzərində işləyən “Ada Lovelace İnstitutu”nun direktoru vəzifəsini icra edən Fransin Bennett bildirib ki, Avropa Birliyinin Sİ haqqında yeni qanun layihəsi “əlamətdar hadisə hesab edilir”. Sürətli hərəkət edən və sürətlə istifadə edilə bilən texnologiyanı tənzimləmək, əlbəttə ki, çətindir. Belə ki, texnologiyanı yaradan şirkətlər belə hadisələrin necə nəticələnəcəyi barədə tam aydın fikrə sahib deyillər. Ancaq heç bir adekvat tənzimləmə olmadan fəaliyyətimizi davam etdirmək bizim hamımız üçün daha pis olardı” [15].

Avropa qanun layihəsi Sİ-ni tənzimləmək üçün “risk əsaslı” bir yanaşma tətbiq edir, diqqəti insan zərəri üçün ən böyük potensiala malik tətbiqlərə yönəldir. Buraya Sİ sistemlərinin su və ya enerji kimi kritik infrastrukturu idarə etmək üçün hüquq sisteminə, ictimai xidmətlərə və hökumət imtiyazlarına çıxışı yönündə tətbiqlər nəzərdə tutulur. Texnologiya istehsalçıları Sİ ilə düzəldilən yeni dərmanların təsdiqləmə prosesinə bənzər texnologiyanı gündəlik istifadəyə verməmişdən əvvəl risk qiymətləndirmələri aparmalı olacaqlar.

Təbii olaraq, AB-nin Sİ profilli şirkətləri bu qanundan tamamilə razı qala bilməzdi. “Texnologiya Sənayesi Qrupu, Kompüter və Rabitə Sənayesi Assosiasiyası” Avropa Birliyinin innovasiyaya mane olan həddən artıq geniş və sərt qaydalardan qaçmalı olduğunu bildirib: “Avropa Birliyi süni intellektin tənzimlənməsində lider olmağa hazırlaşır, lakin Sİ innovasiyasına öncül ola biləcəkmi? Bu sualın cavabı zamanla bəlli olacaq”, – bunu qrupun Avropa siyasəti üzrə meneceri Bonifasi de Şampri qeyd edib. “Avropanın yeni Sİ qaydaları aydın şəkildə müəyyən edilmiş riskləri effektiv şəkildə həll etməlidir, eyni zamanda developerlərə (tərtibçilərə) avroplalılara yararlana biləcəkləri, faydalı Sİ tətbiqləri təqdim etmək üçün kifayət qədər əlverişli şəraitlər və güzəştlər də yaradılmalıdır, çünki tətbiqlər bütün avropalıların xeyrinədir və onların liderlərdən asılılığını aradan qaldırmaq üçündür” [17].

Əsas müzakirə mövzularından biri üztanıma texnologiyası ilə bağlıdır. Avropa Parlamenti canlı üztanımadan istifadənin qadağan edilməsinə səs verib, lakin milli təhlükəsizlik və digər hüquq-mühafizə məqsədləri üçün istisnalara icazə verilib-verilməməsi ilə bağlı suallar açıq qalmaqdadır.

Başqa bir maddə ilə databazalar yaratmaq üçün sosial mediadan biometrik dataların silinməsi şirkətlərə qadağan edilir. Bu, üztanıma şirkəti olan “Klirvyu”nun (Clearview) Sİ-dən istifadə etdikdən sonra diqqəti cəlb edən bir təcrübəsi ilə bağlı idi.

Texnologiyanın inkişafında maraqlı olan liderlər, qeyd edildiyi kimi, Sİ sahəsindəki bu debatlara təsir göstərməyə çalışıb. ChatGPT-un yaradıcısı olan OpenAI-un baş icraçı direktoru Sem Altman Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də daxil olmaqla Cənubi Amerika, Avropa, Afrika və Asiyada ən azı 100 amerikalı qanunverici və s. qlobal siyasətçi ilə Avropaya səfər edib. S.Altman Sİ-nin tənzimlənməsini məqbul hesab edir, eyni zamanda Avropa Birliyinin Aktına əməl etməyin olduqca çətin ola biləcəyini söyləyib. Parlamentdə keçirilən sonuncu səsvermədən sonra qanunun yekun variantı Avropa Birliyinin üç qolunun – Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri tərəfindən müzakirə olunacaq. Rəsmilər ilin sonuna qədər yekun razılığa gəlməyə ümid edir [12].

Avropa Birliyinin Süni İntellekt Aktı (qanun layihəsi) – Sİ-nin tətbiqlərini 3 risk kateqoriyasına ayırır. Birincisi, qəbuledilməz risk yaradan tətbiqlər və sistemlər, məsələn, Çində istifadə edilən növdə hökumət tərəfindən idarə olunan sosial kredit (total nəzarət) qadağandır. İkincisi, yüksək riskli proqramlar, məsələn, işə müraciət edənləri seçən CV-lərin skan edilməsi texnologiyası xüsusi qanuni tələblərə tabe olmalıdır. Nəhayət, açıq şəkildə qadağan olunmayan və ya yüksək riskli kimi qeyd olunmayan proqramlar əsasən yenə də tənzimlənməmiş qalır.

Yeri gəlmişkən, 2021-ci il sentyabrın sonlarında Braziliya Konqresi Sİ üçün hüquqi baza yaradan qanun layihəsini qəbul etsə də, hələ də ölkənin Senatı tərəfindən təsdiqlənməyib. Bu Sİ-nin inkişafında maraqlı olan tərəflərin lobbiçiliyinin güclü olmasına işarə edir.

Mütəxəssislərin fikrinə görə, sözügedən Sİ Aktında bir sıra boşluqlar və istisnalar var. Bu çatışmazlıqlar qanunun Sİ-nin həyatınızda yaxşı bir qüvvə olaraq qalmasını təmin etmək imkanlarını məhdudlaşdırır. Bundan əlavə, qanun çevik (flexible) deyil. Əgər zaman gedişatı ilə daha yeni bir tətbiq və gözlənilməz bir sektorda təhlükəli Sİ tətbiqi istifadə olunarsa, qanun onu “yüksək riskli” adlandırmaq üçün hər hansı mexanizm təmin etmir. Sadə dildə deyilsə, bu Akta əsasən Sİ yaradan OpenAI yeni qaydalara görə Avropanı tərk etməlidir. Bu mənada müxtəlif rəylərdə “Parlamentin Sİ ilə bağlı insan hüquqlarının qorunmasını təmin etməklə yanaşı, sənaye lobbiçiliyinə, dövlətin həddən artıq geniş tətbiqinə qarşı xətt tutmalı və qalan boşluqları bağlamağa çalışmalı olduğu” tövsiyə edilir. Eləcə də texnologiyaların çoxu ABŞ-dakı məlumat mərkəzlərində yerləşdiyi üçün tənzimləmələrdə modifikasiya məsələsinin vacibliyi vurğulanır.

 

  1. Generativ Sİ əsaslı kibercinayətlər insan hüquqlarının pozulmasında yeni istiqaməti kimi

 

Generativ Sİ səs fırıldaqlarına inanmağı asanlaşdırır. Yeni Sİ modeli ilə kibercinayətkarlar yeni saxta Sİ səs klonlama alətlərini mənimsədilər və yeni bir fırıldaq növü yaratdılar. Kiçik bir audio nümunəsi ilə onlar demək olar ki, hər kəsin səsini klonlaya və səsli poçt və ya səsli mesajlaşma mətnləri ilə saxta mesajlar göndərə bilərlər.

Sİ səs klonlama hücumlarının artması: Bu yaxınlarda aparılan qlobal araşdırma göstərdi ki, “sorğuda iştirak edən 7000 nəfərdən hər dörddə biri Sİ ilə səs klonlaşdırma fırıldaqçılığı ilə qarşılaşdıqlarını və ya belə bir fırıldaqçıya sahib olan birini tanıdıqlarını söyləyib. İnsan səsinin kiçik bir nümunəsi və kibercinayətkar tərəfindən hazırlanmış ssenari ilə bu səs klon mesajları inandırıcı səslənir, dünya miqyasında aparılan sorğuda insanların 70%-i klonlanmış səslə real səs arasındakı fərqi ayırd edə biləcəklərinə əmin olmadıqlarını söyləyiblər. Əlavə olaraq sorğu onu göstərib ki, insanlar artıq bununla bağlı hadisələrdən əhəmiyyətli maliyyə itirirlər. McAfee Texnoloji Laboratoriyasının tədqiqat qrupu kibercinayətkarların bu fırıldaqları nə qədər asanlıqla ələ keçirə biləcəyini aşkarlayıb. Bu yaxınlarda keçirdiyi sorğuda süni intellektlə işləyən fırıldaqçı zənglərin qurbanlarının 77%-i pul itirdiklərini bildirib, onların üçdə birindən çoxu 1000 dollardan çox pul itirib” [7].

Fırıldaq telefon zəngləri, adətən, özünü tibb işçisi, Daxili Gəlir Xidməti və ya kiminsə avtomobil zəmanətini uzatmaq istəyən şirkət kimi görünən kütləvi robot zəngləri formasını alır. Generativ Sİ artıq kiminsə səsini klonlaşdırmaq və ondan öz sxemlərində istifadə etmək istəyən kibercinayətkarlar üçün işləri çox asanlaşdırıb. Ancaq indi generativ Sİ-dən istifadə edərək fırıldaqçılar zəngləri ən yaxın və doğmalardan – uşağınızdan və ya başqa qohumdan gələn kimi göstərə bilərlər. Qanuni alətlər fırıldaqçıya səs klonlama proqramlarında cümlələr yazarkən qurbanlarına real vaxt rejimində cavab verməyə imkan verir. Bəzi fırıldaqçılar zəngi daha inandırıcı etmək üçün qurbanın qohumu haqqında şəxsi məlumatları araşdırmağa qədər gedirlər.

Mütəxəssislər insanların qanuni olduğundan əmin olmaq üçün fövqəladə hallarda zənglər zamanı yaxınları ilə istifadə etmək üçün kod sözləri qəbul etməyi təklif edir. Xəttin o biri ucunda olan şəxsin kimliyini təsdiq etməyin başqa asan yolu telefon danışığını dayandırıb dərhal ona zəng etməkdir və bu da problemlər yaradır.

 

  1. Amerika Birləşmiş Ştatlarında Sİ və insan haqları yönündə fəaliyyət

 

Son dövrdə ABŞ Konqresi Sİ və insan haqları ilə bağlı silsilə dinləmələr, müzakirələr keçirib. Qeyd edilib ki, Sİ insan hüquqlarına “ekzistensial təhlükədir. Sİ onu yaradanların belə proqnozlaşdıra bilmədiyi inkişaf sürəti ilə artıq bütün cəmiyyət həyatını dəyişir, insan hüquqlarına nüfuz edir. Artıq amerikalı ailələr indi Sİ ilə işləyən fırıldaqçılarla təhdid olunur, bu texnologiya vasitəsilə ənənəvi spam e-poçt və ya saxta telefon zəngləri daha da təkmilləşib. Sİ-nin vətəndaş hüquqları, cinayət mühakiməsi sistemi, demokratik və konstitusiya prosesləri, eləcə də məxfiliyimiz üçün də dərin təsiri var. Belə bir məqamda Konqres bu texnologiyanın inkişafı, tətbiqi, istifadə edilməsi və tənzimlənməsini təmin etmək üçün bütün risk və potensialları başa düşməlidir, milli maraqlarımıza uyğun, cinayət və mülki insan hüquqlarına adekvat qanunlar qəbul etməlidir.

Məlum olduğu kimi, yeni texnologiyaların inkişafı sahəsində Çinlə rəqabət ABŞ-ın strateji vəzifələrindən biri hesab edilir [3]. Bu baxımdan son dövrdə Sİ və onun hüquqi tənzimlənməsi ilə bağlı müzakirələrin bir istiqaməti Çinin getdikcə artan Sİ texnologiyalarına qarşı tədbirlər sisteminin hazırlanması, digər istiqamət isə yeni nəsil Sİ ilə bağlı qanunverici sənədlərin hazırlanmasıdır.

Sözügedən məsələlər fonunda ABŞ Senatının Məhkəmə Komitəsinin İnsan hüquqları və hüquq üzrə Alt Komitəyə ünvanladığı müraciət diqqəti cəlb edir. Əsas xətti: “Demokratiyanın avanqardı olan Amerika Çinin Sİ totalitarizminə qarşı durmalıdır” kimi olan müraciət iki təklifdən ibarət olub:

  1. Çinin yeni Sİ texnologiyalarından istifadə edərək dünyanın ən mürəkkəb və dəhşətli total nəzarət dövlətini necə yaratdığını və Amerika biznes elitasının bunun baş verməsinə necə kömək etdiyini təhlil etmək;
  2. ABŞ-ın demokratiya və insan haqları baxımından Sİ-dən istifadəni tənzimləyə biləcəyi yolları təklif etmək, Çin Kommunist Partiyasının (ÇKP) Sİ alətləri ilə dəhşətli qlobal gündəmi işğal etməsinə maneə yaratmaq. [4]

Fakt olaraq, müraciətdə ABŞ-ın “Thermo Fisher” şirkəti elmi korporasiyasının DNT toplama avadanlığını birbaşa Sincan polis orqanlarına satarkən tutulması qeyd edilib. Pekində yerləşən Microsoft Research Asia laboratoriyası vasitəsilə Çinin Sİ elitası “Laboratoriya Sensetime, Megvii və iFlyTech” kimi hüquqlardan sui-istifadə edən firmaların icraçı rəhbərliyini tapmağa və ya onlara qoşulmağa cəhd edən bir çox Sİ rəhbərlərinə və tərtibatçılarına təlim keçib. 2019-cu ildən başlayaraq ABŞ hökuməti bu şəxslərə və onların şirkətlərinə sanksiya tətbiq edib. İndiyə qədər Amerika texnologiya nəhəngləri Çinin “nəzarət dövlətində iştiraklarına görə heç bir cəza ilə üzləşməyiblər. Bu alt komitə dövlət korporasiyalarının Çindəki fəaliyyətləri və orada insan hüquqları ilə bağlı qarşılaşdıqları risklər barədə lazımi araşdırma hesabatlarını dərc etmələrini tələb edən qanun layihəsinin hazırlanmasını nəzərdən keçirə bilər. Alt komitə həmçinin Çində birbaşa və ya dolayı yolla insan hüquqlarının pozulmasını dəstəkləyəcək xüsusi Amerika biznes fəaliyyətini cinayət hesab edən qanun layihəsinin hazırlanmasını nəzərdən keçirə bilər. Çin Kommunist Partiyası bu texnologiyadan insan hüquqlarına və demokratik dəyərlərə zülm etmək üçün istifadə edərsə, bura Çin təşkilatı ilə ortaq şəkildə Sİ-nin hər hansı formasını inkişaf etdirməyə kömək edən amerikalı biznes rəhbərləri üçün həbs müddəti daxildir [8].

ABŞ Senatı Qərbi Çindəki müsəlman uyğurlar da daxil olmaqla etirazçıları və etnik azlıqları hədəf almaq üçün Çin hökumətinin Sİ-dən geniş istifadə etdiyini qeyd edib. Bildirilib ki, Çinin hər hansı bir yerində kimin pankart açdığını və ya xarici jurnalistlərin ölkə daxilində nə vaxt və hara səyahət etdiyini anidən aşkar etmək üçün Sİ-dən istifadə edilir. Çinə inanmaq olmaz. O, generativ Sİ-ni qlobal təzyiq üçün dövlət alətinə çevirəcək. Konqres amerikalı texnoloqların Çinin Sİ imkanlarını inkişaf etdirməsinə kömək etməsini həbs cəzası tətbiq etməklə qanunla dayandırmağı təklif edib.

ABŞ-da digər istiqamət, qeyd edildiyi kimi, Sİ və insan haqlarının tənzimlənməsi ilə bağlıdır. 2023-cü ilin iyun ayında Senatın İnsan Hüquqları Alt Komitəsi Sİ-nin insan hüquqlarına təsirlərini araşdırmaq üçün ikitərəfli dinləmələr keçirib. Alt komitəyə bildiriblər ki, Konqres ABŞ daxilində cinayətkar fırıldaqçıların qarşısını almaq və Çinin dissidentləri sıxışdırmaq üçün Sİ-dən istifadəsini cilovlamaq üçün sürətlə inkişaf edən Sİ texnologiyalarına maneələr qoymalıdır. Maraqlı misal, Arizonadan olan senator C. de Stefanonun qızına edilən saxta telefon zənginin acı təcrübəsini – qızının evdə təhlükəsiz olduğunu zənn etdiyi halda Sİ əsaslı dipfeyk (deepfake) zəngi ilə qaçırıldığını bildirməsi olub. Sitat: “Mən qızımın bu səsini və ümidsiz yardım fəryadını heç vaxt ağlımdan silə bilməyəcəyəm. Sİ-nin gətirə biləcəyi şər əməllərə heç bir məhdudiyyət yoxdur. Nəzarətsiz və nizamsız qalsa, nəyin real, nəyin gerçək olmadığı anlayışını unudacağıq”. De Stefanonun işində polis təqibi alınmayıb, çünki mövcud qanunvericiliyə görə cinayət törədilməyib [9].

ABŞ Senatı Sİ təhdidləri sırasında Sİ texnologiyasının sürətlə artmasını bir çox cəbhədə “ekzistensial təhlükə” kimi, amerikalıların məxfiliyini zəbt etmək, insanlar tərəfindən görülən işləri əvəz etməklə əmək bazarlarına xaos gətirmək, müharibələrin gələcəyinə təsir etmək, siyasi sabitsizliyi yaymaq, ölkənin kibertəhlükəsizliyini təhdid etmək üçün istifadə edilməyi sıralayıb.

ABŞ-ın Demokratiya və Texnologiya Mərkəzi tərəfindən bildirilib ki, Sİ texnologiyası artıq ölkədə də insan hüquqlarını pozmaq üçün istifadə olunur. Belə ki, Florida və Merilend ştatlarında etirazçıları müəyyən etmək üçün bundan istifadə edilib, Corciya ştatında isə bir nəfər Sİ-yə görə saxta əsasla günlərlə yerli həbsxanada saxlanılıb. Konqres Sİ şirkətlərindən təhlükəsizlik standartlarını inkişaf etdirməyi və dərin saxtakarlığı aşkar edəcək texnologiyanın inkişafı üçün səyləri maliyyələşdirməyi tələb edir.

Sİ-dən istifadəni tənzimləyən potensial qanunvericiliyin hazırlanması ilə bağlı 6 may 2023-cü il tarixində ABŞ Senatında keçirilən dinləmələr diqqəti cəlb edir. Həmin tarixdə Senatın Ədliyyə Komitəsinin Məxfilik, texnologiya və hüquq üzrə Alt Komitəsi “Sİ-yə nəzarət: süni intellekt qaydaları” adlı dinləmələr keçirib [9].

Dinləmələr etik problemlərin həlli, konstitusiya hüquqlarının qorunması və dezinformasiyanın yayılmasının qarşısının alınması üçün şəffaflıq və hesabatlılığın zəruriliyini etiraf edib. Senatorlar və şahidlər Sİ-nin Amerikada potensial riskləri nəzərə alaraq ehtiyatla qəbul edilməli nəticələrini dəqqətə çəkib.

Dinləmə xüsusi agentlik və ya komissiya, həmçinin lisenziyalaşdırma sxeminin yaradılması kimi potensial yeni qaydalar, mövcud qanunvericilik çərçivələrinin Sİ-yə tətbiq olunma dərəcəsi, əqli mülkiyyət və məxfilik hüquqlarının pozulması, iş yerinin dəyişdirilməsi, qərəzlilik və seçkiyə müdaxilə kimi məsələləri özündə ehtiva edirdi. Sİ haqqında dinləmələrdə diqqəti cəlb edən xüsusi məqamlar:

Komitə sədri Blumental dinləməni senatorun öz səsini təqlid edən/klonlayan Sİ tərəfindən yazılan bəyanatı səsləndirməklə açıb. O, bununla texnologiyanın mövcud imkanlarını və mümkün riskləri vurğulayıb. Potensial zərərlər sırasında “dezinformasiya, irqi ayrı-seçkilik, qadınların təqibi, saxtakarlıq, səs klonlaması, əqli mülkiyyətin mənimsənilməsi, ziyana görə məsuliyyət və cəza, seçkiyə müdaxilə, qərəzlilik, rəqabət və bazar dinamikası məsələsi, habelə potensial işçi qüvvəsinin itirilməsi, internetdəki ziyanlı məzmunların uşaqları istismar edərək onlar üçün təhlükə yaratması və s. vurğulanıb. Əsas təklif edilən məsələlərə aşağıdakılar daxildir: 1. potensial Sİ federal agentliyi və lisenziyalaşdırma sxeminin təşkili, 2. məsuliyyət və cəzalandırma üçün mövcud çərçivələrin tətbiqi və 3. iddia edilən ziyanlar və hüquqların pozulmasının qarşısının alınması” [10].

Sİ texnologiyasını tənzimləmək üçün mütləq olaraq ayrıca federal agentliyin və ya komissiyanın, yaxud da “çevik monitorinq agentliyinin” yaradılması təklif edilib. Daha bir təklifdə Sİ tədqiqatlarını, bu sahənin etik və dürüst inkişafına yönəlmiş Süni İntellekt Konstitusiyasını hazırlamaq, tətbiqləri qiymətləndirmək üçün kənardan müstəqil alimləri fəal şəkildə cəlb etmək tövsiyə edilib.

İddia edilən ziyanlar və insan hüquqlarının pozulmasına gəldikdə isə senatorlar dinləmə zamanı diqqəti beş əsas sahəyə yönəldib: (i) seçkilər, (ii) əqli mülkiyyət, (iii) məxfilik, (iv) əmək bazarları və (v) rəqabət [8].

Sİ, seçkilər və insan hüquqları. Bəzi senatorlar Sİ-nin seçkilərə təsir etmək üçün potensial olaraq istifadə oluna biləcəyi ilə bağlı böyük narahatlıqlarını bölüşüb. İddia edilən təsir aşkar və ya görünməz ola bilər. Seçkilərə açıq və ya birbaşa təsir etmək üçün seçiciləri yanlış seçki məntəqələrinə yönəldən Sİ vasitələrinin mümkünlüyü ilə bağlı nə edilməli olduğu sorğulanıb.

Qeyd edilib ki, Sİ datalarla seçimlərə və alqoritmik metodlar əsasında fərdi davranışa görünməz təsir göstərə bilər. Problem burasındadır ki, bu məlumat seçimləri və alqoritmik metodlar nə ictimaiyyət üçün şəffafdır, nə də mövcud sistemlər altında müstəqil tədqiqatçılar üçün əlçatandır. Digər maraqlı məqam, Sİ-nin ictimai rəy sorğularını dəqiq proqnozlaşdırmaq qabiliyyəti ilə bağlıdır. Hesab edilir ki, sorğu şirkətləri “müəyyən (arzu olunan) suallar və cavablar, müəyyən davranış reaksiyaları əldə etmək üçün strategiyaları dəqiq tənzimləyə” və tərəddüdlü seçicilərə təsir etmək üçün səylər göstərə bilər. Buna görə də seçkilər şəffaf Sİ – strateji məsələ adlandırılıb. Xüsusilə, seçki kontekstində istifadə olunan hər hansı bir alqoritmin, məlumatların, modelin performansı və s. – hər şeyin xətlər boyunca şəffaf olması tələb edilib. Qeyd edilib ki, ABŞ-da 2024-cü il seçkilərində real insanlar deyil, virtual Sİ sistemləri əsas nəzarət sahəsi olacaq.

Dinləmələrdə həmçinin dezinformasiya riskləri, yaxud onunla mübarizə adı altında izləmələr və senzura üçün Sİ-dən istifadə edilməsindən narahatlıqlar da yer alıb: “Sİ-ni tənzimləyərkən “yuxarıdan aşağı idarə olunan sosial nəzarətin Çin modelini” təqlid etmək “özünüidarəetmə ənənəmizin və Amerika həyat tərzimizin sonu demək olardı”.

Demək olar ki, Sİ tətbiqlərinin Qərb cəmiyyətində üzə çıxardığı irqi ayrı-seçkilik, diskriminasiya bir növ ifşa xarakterli sayıla bilər. Belə ki, yeni alqoritmlər qərəz və ayrı-seçkilik əsaslı vergi cinayətlərinə yol aça bilər. Məsələn, yuxarıda qeyd edilən Sİ alqoritmindəki aşkar qüsurlar – qaradərili vergi ödəyicilərinin digər irqlərdən beş dəfə yüksək səviyyədə yoxlanılması, onlara ipoteka və kredit verilməsi ilə bağlı datanın bu prosesi ağdərili olmayan amerikalılar üçün dəfələrlə çətinləşdirən Sİ nümunələri müzakirə edilib.

Daha betəri, əlillik müavinətlərinə uyğunluğu müəyyən etmək üçün dövlət səviyyəsində Sİ ilə idarə olunan sistemlərdən istifadə edilərkən, nəticədə minlərlə əlil vətəndaşın yardımdan haqsız olaraq məhrum edilməsi aşkara çıxıb. Sİ-yə əsaslanan sistemdəki qüsura görə Aydaho ştatının “Medicaid” proqramı tərəfindən əlillik vəsaiti verilməsindən imtina edilmiş inkişaf və əqli qüsurları olan şəxslərin yer alması böyük qalmaqal yaradıb. Senatorlar qeyd edib ki, şəffaflıq olmadığı üçün əlillik müavinətindən məhrum edilmiş insanlar qərarlara etiraz edə bilməyib, çünki onların uyğunluğunu müəyyən etmək üçün istifadə edilən Sİ mülkiyyət sisteminə çıxışı yoxdur.

Məlumat məxfiliyi və kibertəhlükəsizlik Sİ-nin insan hüqularına təsiri aspektində ən önəmli məsələyə çevrilir. Telefon dinləmələri, Sİ tətbiqləri tərəfindən məlumatların toplanılması, istifadəsi və qorunması ilə bağlı narahatlıqları və mövcud məxfilik qanunlarındakı boşluqları üzə çıxarıb. Eləcə də, əksinə, Sİ vasitələrinin məlumatların pozulmasını həssas məsələyə çevirməsi, cinayətkarlar tərəfindən dövlət qurumlarına nüfuz etmək üçün istifadə edilə biləcəyi qeyd edilib. Buradan qarşıya çıxan daha bir böyük problem odur ki, hesablamalara görə, ABŞ-da Sİ-nin yaratdığı kibertəhlükəsizlik problemlərini həll etmək üçün dövlət sektoru təxminən 40.000 İT işçisi tapmalı, işə götürməlidir.

 

 Nəticə

Yeni nəsil generativ Sİ texnologiyaları və insan hüquqları sahəsində tənzimlənmələrlə bağlı dünyada rast gəlinən ilkin təcrübələrin araşdırılması bu istiqamətdə hazırlanan bəzi çıxış yollarını qeyd etməyə əsas verir. Hələlik yalnız Qərb ölkələrində, ABŞ və Avropada yeni nəsil generativ Sİ-dən istifadənin yaratdığı riskləri azaltmaq istiqamətində müəyyən addımlar atılıb. Sİ texnologiyalarının tətbiqinin insan hüquqlarına təsirini və nəticələrini, məsuliyyətli və etik prinsiplərə əməl edilməsi ilə istifadəsini təmin etmək üçün Avropa Birliyi Sİ Aktı qanun layihəsi qəbul edilib.

Həmçinin ABŞ Konqresində keçirilən dinləmələrdə bu sahədə geniş məsələlərlə bağlı tövsiyələr hazırlanıb. Qeyd edilən siyasət və təlimatların, tənzimləmə qaydalarının hazırlanması artıq yeni nəsil Sİ hüquqlarının yaradılmasının əsası hesab edilə bilər. Yaxud 5-6-cı nəsil virtual insan hüquqlarının yaradılması barədə danışmaq olar. ABŞ-da federal qurumların Sİ işlərinin dizaynı, inkişafı, satın alınması, istifadəsi və idarə edilməsi zamanı Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) Sİ Risk İdarəetmə Çərçivəsindən (RMF) istifadə etmələrini tələb edib. Həmçinin rəhbər prinsip kimi Ağ Evin Elm və Texnologiya Ofisinin “Sİ hüquqları Bill” üçün plan-strategiya hazırlaması tövsiyə edilib.

Şübhəsiz ki, diqqəti cəlb edən ən mühüm məsələlərdən biri də Sİ və insan haqları ilə bağlı “Təlimə, tədqiqata və inkişafa investisiya” qoyuluşunun dəstəklənməsidir. ABŞ nümunəsində cəmiyyətin bütün sahələrində işçilərin təliminə, Sİ sistemlərinin tədqiqat və inkişafının aparılmasına investisiya qoyuluşunun dəfələrlə artırılmasının zəruriliyi vurğulanıb. İlk addım olaraq federal dövlət sektoru və idarəetmə sistemində məmurlar üçün Sİ təlim proqramı yaradılacaq.

“Sİ Liderlik Təlimi Aktı” maariflənmə aspektində mövcud liderlik və təcrübə boşluğunu aradan qaldırmaq üçün imkanlar yaradacaq. Hökumətin inzibati məlumatlara təhlükəsiz girişi təmin etmək üçün rəqəmsal infrastruktura, o cümlədən “Milli Sİ Araşdırma Resursuna (NAIRR)” sərmayəsi artırılmalıdır. Bu qurum Sİ tədqiqatçılarına, elm sahələri və fənlər üzrə tələbələrə hesablama resurslarına və yüksək keyfiyyətli məlumatlara çıxışı, müvafiq təhsil alətləri və istifadəçi dəstəyi ilə təmin edəcək ortaq məlumat infrastrukturu kimi nəzərdə tutulur. Sİ-nin inkişafı və tətbiqi üçün dövlət-özəl tərəfdaşlığına gəldikdə isə biznes-mülkiyyət maraqlarının dövlət sistemlərinə təsirinin qarşısını almaq üçün mənzillərdə Sİ sistemlərini quran agentliklərin dövlətə məxsus olması fikri müdafiə edilir. Bununla yanaşı, özəl sektorun akademik araşdırmalara dəstək verməsi tövsiyə edilir [9].

Senatorlar federal hökumətin Sİ-nin inkişaf prosesi və istifadəsinə nəzarət yaratmaq üçün bir sıra tədbirlər sistemi təklif edib. Bu tədbirlərdə Sİ texnoloji şirkətlərinin işində şəffaflığı artırmaq səyləri müdafiə edilir. Belə ki, əgər dövlət qurumu və ya dövlət tərəfindən maliyyələşdirilən agentlik Sİ texnologiyasından istifadə edirsə, mülkiyyət sistemi ilə bağlı şəffaflıq olmalıdır ki, amerikalılar sistemin yaratdığı hökumət qərarlarına etiraz etməli olub-olmadıqlarını qiymətləndirə bilsinlər.

Maraqlı qənaətlərdən biri də ABŞ-da hazırda Sİ mövzularında liderlik və prioritetlərin olmamasından əziyyət çəkildiyi, bu sahədə geriliyin aradan qaldırılması üçün həll yolu kimi hər bir federal agentlikdə istifadə və tətbiqə nəzarət etmək üçün “Sİ üzrə baş məmur”ların təyin edilməsi müzakirə edilir. Həmçinin federal hökumət daxilində Sİ-nin qəbulunu koordinasiya etmək üçün cavabdeh olan idarələrarası “Baş Sİ Məmurları Şurası”nın yaradılması gündəliyə daxil edilib.

Tədqiqatın nəticəsi olaraq ən mühüm qənaətlərdən biri, şübhəsiz ki, Sİ və insan hüquqlarının təminatı sahəsində hüquqi tənzimləmələr istiqamətində beynəlxalq əməkdaşlığın təşviqi ilk sırada durur.

Sİ və onun tətbiqlərinin standartlarının hazırlanmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin alternativi yoxdur. ABŞ dinləmələrində bu sahədə “Qlobal Sİ Tədqiqat İnstitutu”nun yaradılması təklif edilib. Dünya üzrə Sİ standartlarını təqdim edən ölkə olmaq yönündə Çinin iddialarının və açıq planlarının olması Qərb ölkələrini narahat edən əsas amillərdən sayıla bilər. Sİ-də lider olan ölkənin bütün sahələrdə, o cümlədən də insan hüquqları ilə bağlı Sİ-nin tətbiqi standartlarında liderlik ehtimalı realdır və özündə böyük risklər daşıyır.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

 

  1. A.I. Wrote a Housing Bill. Critics Say It’s Not Intelligent. // https://www.nytimes.com/2023/07/14/nyregion/ai-ny-housing-bill.html
  2. Algorithmic Discrimination in the U.S. Justice System: A Quantitative Assessment of Racial and Gender Bias Encoded in the Data Analytics Model of the Correctional Offender Management Profiling for Alternative Sanctions (COMPAS). // https://jscholarship.library.jhu.edu/handle/1774.2/61818
  3. Artificial Intelligence in Government: Hearing Before the Senate Committee on Homeland Security and Governmental Affairs, 118th Cong. (2023). – https://www.hsgac.senate.gov/hearings/artificial-intelligence-in-government/
  4. Artificial Intelligence: Risks and Opportunities: Hearing Before the Homeland Security and Governmental Affairs Committee, 118th Cong. (2023). – https://www.hsgac.senate.gov/hearings/artificial-intelligence-risks-and-opportunities/.
  5. G.Rzayeva, A. İbrahimova. Süni intellekt, insan hüquqları və fərdi məlumatların təhlükəsizliyi. Dərs vəsaiti. Bakı: “Nurlar” nəşriyyatı, 2021, 200 s.
  6. https://artificialintelligenceact.eu/

7.https://www.axios.com/2023/06/13/generative-ai-voice-scams-easier-identity-fraud?utm_source=newsletter&utm_medium=email&utm_campaign=newsletter_axioswhatsnext&stream=science

8.https://www.fcc.gov/consumers/guides/beware-auto-warranty-scams?utm_source=newsletter&utm_medium=email&utm_campaign=newsletter_axioswhatsnext&stream=science

  1. Oversight of A.I.: Rules for Artificial Intelligence: Hearing Before the Subcomm. on Privacy, Tech., and the Law of the S. Comm. on the Judiciary, 118th Cong. (2023).- https://www.judiciary.senate.gov/committee-activity/hearings/oversight-of-ai-rules-for-artificial-intelligence
  2. Press Release, Senator Richard Blumenthal, Blumenthal & Hawley to Hold Hearing on the Future of Tech’s Legal Immunities Following Argument in Gonzalez v. Google (Mar. 1, 2021).S. 1564 – the AI Leadership Training Act. – https://www.congress.gov/bill/118th-congress/senate-bill/1564 .
  3. See Twitter, Inc. v. Taamneh, 143 S. Ct. 1206, 1231 (2023)
  4. See AI in Government Act of 2020, H.R. 2575, 116th Cong. (Sept. 15, 2020); Exec. Order No. 13,960, 85 Fed. Reg. 78939 (Dec. 3, 2020).
  5. This AI Watches Millions of Cars Daily and Tells Cops If You’re Driving Like A Criminal. // https://www.forbes.com /sites/thomasbrewster/2023/07/17/license-plate-reader-ai-criminal/?sh=5a3a1ced3ccc
  6. Top 10 Artificial Intelligence Technologies. // https://mindmajix.com/artificial-intelligence-technologies
  7. Twitter, Inc. v. Taamneh, 143 S. Ct. 1206 (2023); Gonzalez v. Google LLC, 143 S. Ct. 1191 (2023).
  8. What is GPT?//https://aws.amazon.com/what-is/gpt/

17.www.nytimes.com/2023/06/14/technology/europe-ai-regulation.html#:~:text=rapidly%20developing%20technology.-,The%20European%20Parliament%2C%20a%20main%20legislative%20branch%20of%20the%20European,while%20requiring%20makers%20of%20A.I

 

Lala Akbarova

NEW GENERATIVE ARTIFICIAL INTELLIGENCE TECHNOLOGIES (ChatGPT) AND HUMAN RIGHTS REGULATORY ATTEMPTS

 Abstract

The article discusses a new generation of generative artificial intelligence technologies and the subject of human rights, the existing initial experience related to regulation in this area, it is noted that the rapid development of technology has made legal regulation a very relevant issue both in the global, international and national legal framework. The author considers the positive effects and prospects of the latest examples of next-generation artificial intelligence in the field of human rights.

It then explains the possible threats posed by AI applications to human rights with real-world precedents. According to the author, the wider the scope of application of the ND in the field of human rights, the greater the range of problems it causes.

The article notes that efforts related to the legal regulation of the ND are mainly on the agenda in the US, Europe and the UK.

The European Union AI Act (EU AI Act), the world’s first important regulation adopted by European Union legislators regarding artificial intelligence, is analyzed. The European Union AI Act emphasizes that AI applications are divided into 3 risk categories.

The study also examines the actions of the US Congress regarding ISIS and human rights. Reported on bilateral hearings held by the Senate Subcommittee on Human Rights to investigate the impact of artificial intelligence on human rights, as well as the decisions and proposals made as a result.

In the final part, the author emphasizes that discussions and decisions in the direction of next-generation AI and human rights are currently taking place only in Western countries.

Keywords: New Generation Generative Artificial Intelligence (Aİ), human rights, Aİ based Cybercrime, potential threats of Aİ, ChatGPT, European Union Aİ Act, USA, Great Britain, AI-based voice cloning, legal regulation, AI legislation, new next generation chatbots, AI and legal acts, experts in AI law

 

 

Лала Акбарова

ТЕХНОЛОГИИ ГЕНЕРАТИВНОГО ИСКУССТВЕННОГО ИНТЕЛЛЕКТА НОВОГО ПОКОЛЕНИЯ (ChatGPT) И ПРАВА ЧЕЛОВЕКА:

ПОПЫТКИ РЕГУЛИРОВАНИЯ

 Резюме

В статье рассматривается новое поколение технологий генеративного искусственного интеллекта и предмет прав человека, существующий первоначальный опыт, связанный с регулированием в этой сфере, отмечается, что бурное развитие технологий сделало правовое регулирование весьма актуальным вопросом как в глобальном, международные и национальные правовые рамки. Автор рассматривает положительные эффекты и перспективы последних примеров искусственного интеллекта следующего поколения в области прав человека.

Затем объясняются возможные угрозы, исходящие от приложений ИИ для прав человека, реальными прецедентами. По мнению автора, чем шире сфера применения СИ в сфере прав человека, тем больше увеличивается спектр вызываемых ею проблем.

В статье отмечается, что усилия, связанные с правовым регулированием СИ, в основном стоят на повестке дня в США, Европе и Великобритании.

Анализируется Закон Европейского Союза об искусственном интеллекте (EU AI Act), первый в мире важный регламент, принятый законодателями Европейского Союза в отношении искусственного интеллекта. В Законе об искусственном интеллекте Европейского союза подчеркивается, что приложения ИИ делятся на 3 категории риска.

В исследовании также рассматриваются действия Конгресса США в отношении ИГ и прав человека. Сообщается о двусторонних слушаниях, проведенных подкомитетом Сената по правам человека для расследования влияния искусственного интеллекта на права человека, а также о решениях и предложениях, сделанных в результате.

В заключительной части автор подчеркивает, что дискуссии и решения в направлении ИИ нового поколения и прав человека в настоящее время ведутся только в западных странах.

Ключевые слова: Генеративный Искусственный Интеллект (ИИ) нового поколения, права человека, киберпреступность на основе ИИ, потенциальные угрозы ИИ, ЧатGPT, Закон Европейского Союза об ИИ, США, Великобритания, клонирование голоса на основе ИИ, правовое регулирование, ИИ законодательство, чат-боты нового поколения, правовые акты об ИИ, эксперты в области права ИИ

 

 

---------------