Sübhan PADAROV
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi
Bakı, Azərbaycan
E-mail: subhanpadarov@gmail.com
ORCID: 0009-0005-8241-4446
Xülasə. Son iki onillikdə neoliberal cəmiyyətlərin sərt “xoşbəxtlik dönüşü”nə şahidlik edirik. Xoşbəxtlik sosial sferanın bütün qatlarında – əyləncə sənayesi, təhsil sistemləri, səhiyyə institutları, korporasiyalar, ictimai və özəl təşkilatlar, pop-ədəbiyyat, media, siyasət və s. mövcud olan, hər yerə nüfuz edən reallığa çevrilib. Bu anlayış artıq Qərb mənşəli, təhsilli, demokratik, zəngin və sənayeləşmiş xarakterə deyil, kultural keçmişi, iqtisadi statusu, sosial stratası, cinsi və təhsil səviyyəsindən asılı olmayaraq, bütün insani varlıqlara şamil edilən psixoloji haldır. Daha mühümü, xoşbəxtlik neoliberal cəmiyyətlərdə nəyin yaxşı, arzuolunan və doğru olduğunun normasını müəyyən edən bir diskursa transformasiya edilib. Pozitiv psixoloqlar və xoşbəxtlik iqtisadçıları ilə birgə xoşbəxtlik tədqiqatçıları bu diskursun möhkəmlənməsinə yardım edirlər. Məqalədə bu məsələlər ətraflı təhlil edilmişdir.
Açar sözlər: “xoşbəxtlik” anlayışı, xoşbəxtlik diskursu, neoliberalizm, pozitiv psixologiya, Qərb kultural strukturu
Giriş
Həyatımızda per diem və ad nauseam mövcud olmaqla “xoşbəxtlik” bizim kultural təxəyyülümüzü elə zəbt edib ki, nadir hallarda onu eşitmədən və ya oxumadan bir gün keçiririk. İnternet üzərindən kiçik bir axtarış etsək, “xoşbəxtlik” sözü ilə bağlı yüz minlərlə nəticə ilə qarşılaşa bilərik. Əsrin əvvəllərində “Amazon” şirkəti “xoşbəxtlik” sözünü ehtiva edən 300 kitabın siyahısını tərtib etmişdisə, bu gün bu rəqəm 2 mindən çoxdur. Eyni artım insanların gündəlik olaraq paylaşdığı İnstaqram və Feysbuk postları, eləcə də tvitlərdə müşahidə edilir. Bu fenomen “öz”ünü və dünyanı dərkimizin fundamental parçasına çevrilib.
Son onilliklərdə radikal şəkildə dəyişən sadəcə xoşbəxtliyin özünü göstərdiyi tezlik və nüfuzedicilik deyil. Bu anlayışı dərk etdiyimiz tərz də radikal transformasiyaya uğrayıb. Biz artıq xoşbəxtliyin insanın taleyi və içində olduğu yaşam şərtləri, həyatın bütövlüyünün dəyərləndirilməsi, psixoloji və fizioloji narahatlığın yoxluğu ilə bağlı olduğuna inanmırıq. Xoşbəxtlik indi iradə gücü vasitəsilə idarə oluna və düzənlənə bilən bir zehniyyət kimi görünür; autentik “özmənliyimiz” və daxili gücümüzü praktikaya tətbiqinin nəticəsi; həyatı dəyərli edən yeganə məqsəd, bioqrafiyalarımızın dəyərini ölçməli olduğumuz standart; uğurlar və uğursuzluqlarımızın ölçüsü; psixi və emosional inkişafımızın maqnitudası. Hər şeydən daha mühümü, xoşbəxtlik (post)modern vətəndaşın ideal obrazının epitomu və inkarnasiyası olaraq təqdim edilir.
Əsası 1998-ci ildə qoyulan və ABŞ fondları tərəfindən maliyyələşdirilən “xoşbəxtlik elmi” və “pozitiv psixologiya” sadəcə amerikalılar üçün deyil, bütün dünya üçün xoşbəxtlik axtarışının aksiomatik olmalı olduğunu izah etmək vəzifəsini üzərinə götürüb. Bu psixoloqlara görə, bütün fərdlər doğuluşdan gələn xoşbəxt olmaq impulsu ilə akt göstərdikləri üçün xoşbəxtlik axtarışı insani varlıqlar olaraq onların realizasiyasının sadəcə təbii deyil, ən ali ekspressiyası kimi dərk edilməlidir [9]. Bununla pozitiv psixologiya indiyədək heç kəsin nail ola bilmədiyini reallaşdırdı və “xoşbəxtliyi” akademik prioritetlərin, o cümlədən də əksər dövlətlərin sosial, siyasi və iqtisadi agendasının ən üst komponentinə çevirdi.
- “Xoşbəxtlik elmi”nin paradoksları
Həqiqətənmi həyatımızda uğrunda çalışmalı olduğumuz ən ali məqsəd xoşbəxtlikdir? Yəqin ki, bu, belədir. Lakin “xoşbəxtlik ekspertləri”nin diskursuna diqqət yetirdiyimiz zaman bu məsələyə tənqidi mövqedən yanaşmalı oluruq. Bu məqalə xoşbəxtliyə qarşı deyil, xoşbəxtlik sənayesinin moizə oxuduğu “doğru həyat”ın reduksiyonist baxışlarına qarşıdır. Xoşbəxtlik elminin təmsil etdiyi bu baxış ziddiyyətli iddialar, kəskin məhdudiyyətlər və patogenik nəticələr ilə zəngindir.
Mənim xoşbəxtlik haqqında düşüncələrim dörd başlıca tənqidi xüsus üzərində köklənir: epistemoloji, sosioloji, fenomenoloji və əxlaqi. Epistemoloji qayğının bir elm olaraq vəzifəsi “xoşbəxtlik elmi”nin legitimliyini, onun xoşbəxtlik konseptinin elmiliyi və obyektivliyini təhlil etməkdir. Qısa və dəqiq şəkildə söyləməliyik ki, “xoşbəxtlik elmi”, eləcə də bu hərəkatın təlqin etdiyi insani xoşbəxtliyin arxasında dayanan “rasionallıq” onun yalnız qüsurlu ola biləcəyini ortaya qoyur. Çarlz Pirs qeyd edir ki, xoşbəxtlik elmi əsassız fərziyyələrə, nəzəri uyğunsuzluqlara, metodoloji məhdudiyyətlərə, sübut edilməmiş nəticələrə və şişirdilmiş ümumiləşdirmələrə əsaslanır [18].
İkinci tənqidi xüsus isə sosiolojidir. Xoşbəxtlik elminin bir elm kimi pis və ya yaxşı olmasından asılı olmayaraq hansı sosial aktorların xoşbəxtlik anlayışını faydalı hesab etdikləri, bu fenomenin kimin maraqları və ideoloji fərziyyələrinə xidmət etdiyi, onun geniş sosial icraatının hansı iqtisadi-siyasi nəticələr doğurduğunu tədqiq etmək essensial əhəmiyyətə malikdir. Xoşbəxtlik və onun ətrafında meydana çıxan xoşbəxtlik sənayesi maddi rifah və yoxsulluğun, uğur və uğursuzluğun, sağlamlıq və xəstəliyin yalnız öz əlimizdə olduğu prezumpsiyasının legitimləşdirilməsinə səbəb olur. Bu yanaşma həm də heç bir struktural problemin olmadığı, yalnız psixoloji çatışmazlıqların mövcud olduğu inancına da legitimlik qazandırır. Qısacası, M.Tetçerin Fridrix Hayekdən ilham alaraq bildirdiyi kimi: “Cəmiyyət deyə bir şey yoxdur, var olan sadəcə fərdlərdir”. Xoşbəxtlik ekspertləri tərəfindən sosial olaraq formullaşdırılan xoşbəxtlik anlayışı neoliberal və Çikaqo məktəbinin iqtisadçıları tərəfindən formulyasiya edilən radikal dünya inqilabını doğuran fantazmal dəyərlərə əsaslanır. Onlar 1950-ci illərdən etibarən bildirirlər ki, xoşbəxtlik uğrunda fərdi axtarış “ümumi xeyir” axtarışının yeganə realist əvəzlənməsidir. “Sunday Times” qəzetinə 1981-ci ildə verdiyi müsahibəsində M.Tetçer qeyd edir ki, son 30 ildə siyasətin yön aldığı istiqamətdə məni ən çox qəzəbləndirən onun kollektivist cəmiyyətə doğru meyilidir. İnsanlar öz şəxsi cəmiyyətlərini unudublar. İqtisadiyyatların strukturunu dəyişdirmək bu yanaşmanı dəyişdirmək vasitəsidir. İqtisadiyyat sadəcə bir metoddur. Onun qayəsi insan ürəyi və ruhunu dəyişdirməkdir [21]. Bu perspektivdən, iddia edə bilərik ki xoşbəxtlik ekspertləri tərəfindən formullaşdırılan “xoşbəxtlik axtarışı” hamımızın uğrunda cəhd etməli olduğu ali xeyiri deyil, şəxsi, terapevtik, fərdiyyətçi və atomlaşmış cəmiyyətin kollektivist cəmiyyət üzərində zəfərini təmsil edir.
Üçüncü təndiqi xüsus fenomenoloji olaraq adlandırıla bilər. Fenomenoloji olaraq modern xoşbəxtlik elminin arzuolunmaz və paradoksal nəticələri ortaya çıxardığı inkaredilməz bir reallıqdır. Ona görə də, bu psevdo-elm özünün rifah və şəxsi təkmilləşmə prezumpsiyalarının aradan qaldırmağa söz verdiyi, lakin aradan qaldıra bilmədiyi qeyri-autentikliyin, yetərsizliyin və öz-özünü reallaşdıra bilməmənin terapevtik narrativlərinə əsaslanır. Aydın sonu olmayan, hüdudsuz bir mühərrik hədəf kimi yaradılan imperativ olmaqla xoşbəxtlik “xoşbəxtlik axtarışları”nın yeni variasiyalarını, eləcə də daxili “Mən”lərinə köklənən, daimi olaraq psixoloji qüsurlarını düzəltməyə çalışan, konstant şəkildə şəxsi transformasiyası üzərində qayğılanan “həppixondriakları” ortaya çıxarıb. Bu da xoşbəxtliyi mental və fiziki sağlamlığımız ilə obsessiyanı normallaşdırmağa çalışan bazarlar üçün mükəmməl bir əmtəəyə çevirir. Habelə, Fukonun “Seksuallığın tarixi” adlı kitabına müraciət edərək qeyd etməliyik ki, mental sağlamlıq metaforalarına daxil edilən “özmənlik qayğısı” paradoksal şəkildə davamlı korreksiya və transformasiyaya ehtiyac duyan mental olaraq xəstə özbaxışını formalaşdırdı [19].
Dördüncü tənqidi xüsus isə əxlaqi olmaqla xoşbəxtlik və qeyri-xoşbəxtlik arasındakı münasibəti özündə ehtiva edir. Xoşbəxtlik və pozitivliyi produktivlik, funksionallıq və hətta normallıq ilə identifikasiya etməklə (qeyri-xoşbəxtliyi isə bunun tam şəkildə əksi ilə) xoşbəxtlik elmi bizi əzab və maddi-mental rifah arasındakı seçimin kəsişmələrində yerləşdirir. Bu perspektivdən, bir-birinə zidd diametral qütblər olmaqla pozitivlik və neqativlik arasında seçim imkanına insan həmişə sahibdir. Dolayısilə, insan əzabı və ya qeyri-xoşbəxtliyi birdəfəlik həyatından çıxarmaq mümkünlüyünə sahibdir. Əlbəttə ki, faciələr qaçılmazdır. Lakin xoşbəxtlik elmi xoşbəxtlik və əzabın şəxsi seçim məsələsi olduğu üzərində təkid edir. Uğursuzluq və ya şanssızlığı şəxsi mükəmməlləşmə vasitəsinə çevirə bilməyənlər öz əzablarına layiq olmaqda təqsirləndirilir (spesifik şərtlər nə olursa-olsun).
Neqativlik, çatışmazlıq, qeyri-xoşbəxtlik, tətminsizlik əxlaqi qüsurlar və bundan daha pisi varlığımız, yaxud çılpaq həyatımızda bir deqradasiya olaraq dərk edilir. Bu, Alenka Zupançiçin “bioəxlaq” [17] adlandırdığı fenomenin spektakulyar yüksəlişi, hətta dominantlığıdır. Dolayısilə, misli görünməmiş bir tranformasiyaya məruz qalan “xoşbəxtlik” sadəcə bizim seçdiyimiz bir şeyə deyil, həyatımızın hər bir anında diqqət yetirməli olduğumuz əxlaqi imperativə çevrilib. Reklamlar və həyat tərzi dərgilərindən püskürən bu əmr amansız transmissiya ilə həyatımıza elə nüfuz edir ki, onun haradan qaynaqlandığını, yoxsa daxili dünyamızdanmı meydana çıxdığını bilmirik.
Xoşbəxtlik qlobal iqtisadi elitaların əsas maraq sferasına transfomasiya olub. Müxtəlif degenerat formalarında xoşbəxtlik gəlir əldəetmə biznesinə bir əlavə deyil. Ölçülə, görülə və sübut oluna bilən bir fenomen olmaqla xoşbəxtlik qlobal iqtisadi menecmentin daxili qalasına nüfuz edib. Uğurlu kapitalizmin gələcəyi modern insanın stress, iztirab və xəstəlik ilə mübarizə aparmaq qabiliyyətindən, relaksasiya, xoşbəxtlik və rifahı doğru dəyərləndirə bilməsindən asılıdır. Buna nail olmaq üçün əlçatan olan texnologiyalar, texnikalar və metodlar evlərə, iş yerlərinə və ən əsası insan bədəninə sürətlə nüfuz edə bilir. Bu agendanı dəstəkləyən xoşbəxtlik elmi sürətlə tərəqqi etməkdədir. Xoşbəxtlik və qeyri-xoşbəxtliyin fiziki olaraq beyinə necə həkk edildiyini bildirən nevroloqlar insanın mental xoşbəxtliyi üçün nevroloji əsaslandırmalar irəli sürməyə cəhd göstərirlər. Onlar beynin pozitiv və neqativ emosiyalar doğuran hissələrini aşkar etdiklərini iddia etməklə vurğulayırlar ki, fərdlər smartfon tətbiqatlar və gündəliklər vasitəsilə şəxsiləşmiş “əhval-ruhiyyə datası”nı formalaşdırırlar [16]. Bu sahədə statistiki sübutlar toplandıqca sürətlə böyüyən xoşbəxtlik iqtisadiyyatı bu yeni data vasitəsilə hansı həyat tərzlərinin, işləmə formalarının və istehlak növlərinin daha böyük mental rifaha səbəb olduğunu irəli sürürlər.
Modern insanın ümidləri strateji olaraq obyektiv, ölçülə bilən və administrativ anlamda xoşbəxtlik axtarışına yönləndirilir [3]. Subyektiv olaraq dəyərləndirilən əhval-ruhiyyə (mood) məsələlərinə artıq “obyektiv data”dan istifadə edilməklə cavab verilir. Xoşbəxtlik elmi eyni zamanda iqtisadi və tibbi ekspertiza ilə çulğalaşıb. İnterdisiplinar xarakter alan xoşbəxtlik elmi ağıl, beyin, bədən və iqtisadi fəaliyyəti eyni qəlibə daxil etməklə məsələnin fəlsəfi problemlərini tamamilə diqqətdən kənar saxlayır. Ümumi insani optimallaşmanın vahid indeksi formalaşdırılır.
Xoşbəxtliyə qarşı olmaq mümkündürmü? Aristotel xoşbəxtliyi etik və spiritual anlamda insanın yekun məqsədi olaraq dərk edirdi. F.Nitsşe isə bildirirdi ki, insan xoşbəxtlik üçün çalışmır, bunu edən sadəcə bir ingilisdir [10]. Pozitiv psixologiya və xoşbəxtlik meyarının 1990-cı illərdən bəri həyatımıza daxil olması ilə siyasətçilər və menecerlər tərəfindən bu anlayışların qəbul edildiyi tərz haqqında kəskin ziddiyyətlər özünü göstərməyə başladı. Öz iztirablarına görə fərdləri təqsirləndirən bu elm həmin iztirabı ortaya çıxaran kontekstə heç bir məhəl qoymur. Xoşbəxtlik şəxsi “seçimdir” mantrasını təkrar edən pozitiv psixologiya da modern insanın istehlakçılıq bataqlığına daha çox gömülməsinə səbəb verir.
- Neoliberalizm və xoşbəxtlik
1960-cı illərdən etibarən Qərb ölkələrinin iqtisadiyyatları fərdlərin psixoloji və emosional ruh halından kəskin şəkildə asılı olmağa başladı. Bununla da artıq fərdi kontekstdə nəzərə alınmayan depressiya və psixosomatik xəstəliklər iqtisadi idealların realizasiyasına köklənmiş siyasətçilər və menecerlərin problemlərinə transformasiya oldu.
Neoliberalizm siyasi-iqtisadi praktikaların sadəcə bir nəzəriyyəsindən daha geniş və fundamental bir şey olaraq görülməlidir. Neoliberalizm iqtisadi domenin bütün kultural strataya amansız ekspansiyası, siyasi və sosial qərarvermədə texno-elmi kriteriyaya artan tələbat, effektivlik, səmərəlilik və gəlir maksimizasiyasının faydalılıq (utilitarian) prinsiplərinə daha şiddətlə vurğu edilməsi, əmək qeyri-müəyyənliyinin eksponensial artımı, iqtisadi qeyri-stabillik, orqanizasional elastiklik və mərkəzsizləşdirmə, identikliklər, hisslər və həyat tərzlərinin əmtəələşdirilməsi, terapevtik etosun konsolidasiyası və fərdi öz-özünü reallaşdırma ilə xarakterizə olunan kapitalizmin yeni mərhələsi kimi dərk olunmalıdır. Qeyd edilən xarakteristikalardan daha üstün olanı odur ki, neoliberalizmin əsas diqqəti fərdi “özmənlik”dən ibarət olan, əsas antropoloji ideyasını isə “fərdləri cəmiyyət yaratma prosesində öz müqəddəratlarını müəyyən edən və bazar yerində görüşən muxtar, müstəqil aktorlar olaraq düşünməsidir. Buna görə də neoliberalizm sadəcə struktural cəhətləri kontekstində deyil, etik və əxlaqi maksimaları kontekstində dərk olunmalıdır. Bu maksimalara görə, fərdlər öz psixoloji hallarını idarə etməyə qadir olan azad, muxtar və məsuliyyətli varlıqlardır. Fərdiləşmənin və psixolojiləşmənin bu degenerativ kultural prosesi inkişaf etmiş kapitalist cəmiyyətlərində sosio-siyasi strukturları təməlindən transformasiyaya uğradır. Bu inqilab cəmiyyətlərin struktural defisitləri, ziddiyyətlər və paradokslarının psixoloji cəhətlər və fərdi məsuliyyətlilik şərtləri daxilində dərkinə gətirib çıxardı. Bununla da iş şəxsi layihələr, yaradıcılıq və təşəbbüskarlıq məsələsi, təhsil, fərdi bacarıqlar və istedadlar məsələsi, sağlamlıq vərdişlər və həyat tərzi məsələsi, sevgi şəxslərarası uyğunluq və bənzərlik məsələsi, identiklik seçim və şəxsiyyət məsələsi, sosial tərəqqi isə fərdi inkişaf məsələsi olaraq dərk edildi. Nəticə psixoloji reallıq lehinə misli görünməmiş kollapsı, siyasətin isə terapevtik siyasət ilə əvəzlənməsindən ibarət oldu. Habelə vətəndaşlığın neoliberal modelinin müəyyən edilməsində xoşbəxtlik diskursu fərdi diskursu proqressiv şəkildə əvəzlədi. Bu anlamda xoşbəxtlik zərərsiz, xoş niyyətlə formalaşdırılmış bir mücərrədlik olaraq və ya kultural, əxlaqi, yaxud antropoloji iddialarından məhrum boş bir konsept olaraq dərk edilməməlidir. Əks halda, ədalətin, həmrəyliyin və ya loyallığın deyil, məhz xoşbəxtliyin niyə tərəqqi etmiş kapitalist cəmiyyətlərində belə üstün rola malik olduğunu dərk etmək çətin olacaq.
Onu da ifadə edə bilərik ki, neoliberal cəmiyyətlərdə xoşbəxtliyin belə fundamental rol oynamasının səbəbi bu fenomenin fərdiyyətçi dəyərlər ilə zənginləşdirilməsi – fərdi “özmənliyi” nəhəng bir dəyər, qrupları və cəmiyyətləri isə separat və muxtar iradələrin aqqreqatı olaraq müəyyən etməsidir. Qeyd olunan cəmiyyətlərdə xoşbəxtlik fenomeninin dominant rol oynaması həm də onunla izah edilir ki, onun elmin neytral və avtoritar diskursu vasitəsilə qeyri-ideoloji şərtlərdə fərdiyyətçiliyi legitimləşdirmək, yenidən institusionallaşdırmaqda faydalı konsept olduğu sübuta yetirilib. Mişel Fuko və digərlərinin [6] bildirdiyi kimi, birbaşa olaraq əxlaq və siyasətə müraciət etmək əvəzinə insani varlıqların təbii xarakteristikalarına müraciət edən neytral diskursların inandırıcılıq gücü daha çox, institusionallaşdırılması isə daha asandır. Pozitiv elmin çətiri altında xoşbəxtlik ekspertləri “xoşbəxtlik” anlayışını güclü ideoloji bir silaha çevirməklə yanaşı, insanın öz taleyi üçün şəxsi məsuliyyətliliyinə vurğu edir, iqtisadi və ya psixoloji elm adı altında fərdiyyətçiliyi daha inferiyor şərtlərdə müəyyən edir. Fərdiyyətçilik və xoşbəxtlik arasındakı sıx münasibət Şarl Ginyon və Frank Riçardson kimi sosioloq və psixoloqlar tərəfindən sübuta yetirilib [11]. Digər bir ifadə ilə “xoşbəxtlik” anlayışı məhz təməl fərdiyyətçiliyinə görə belə misli görünməmiş uğur qazana bilib. Fərdiyyətçilik üzərində qeyri-siyasi, universallaşdırıcı və legitim təsirə malik olan xoşbəxtlik fenomeninin diskursu insan həyatını aid olduğu sosio-etno-kultural birlikdən separat şəkildə dərk edərək onun daxili “özmənliyini” bütün davranışlarının səbəbi və mənşəyi olaraq görür. Xoşbəxtlik iqtisadçıları və ekspertləri ilə birlikdə pozitiv psixoloqlar bu baxımdan açar rolunu oynayır.
- Pozitiv psixologiyanın apoteozisi: Bizim üçün ən yaxşısını ekspertlər bilir
“Xoşbəxtlik” və “individualizm” anlayışlarını bir-birinə sıx şəkildə bağlayan, bir-birindən asılı edən və bir-birilə əvəz oluna bilən konseptlərə transformasiya edən məhz pozitiv psixologiya oldu. Əlbəttə ki, fərdiyyətçi meyilliliklər və ehtimallar pozitiv psixologiya və onun “xoşbəxtlik” anlayışı üçün spesifik deyil. Onlar modern, “mainstream” psixologiyanın təməlini təşkil edən xarakteristik səciyyədir. Pozitiv psixologiyanın xoşbəxliyi əxlaqi və konseptual olaraq fərdiyyətçilik ilə əlaqələndirməsi inkarolunmaz reallıqdır. Pozitiv psixologiya əxlaq və ya əxlaqilik baxımından fərdin özündən başqa heç bir normativ istinad tanımır. Bu yeni “elm” deskriptiv və neytraldır. Dolayısilə, onun istənilən iddiasında heç bir əxlaqi mühakimə mümkün deyil. Lakin bu dərin paradoks yaradan bir haldır. Xoşbəxtliyin pozitiv psixoloji əsasını təşkil edən əxlaqi subyektivizm digər əsaslandırmalar qədər əxlaqidir.
Xoşbəxtlik dönüşünün mühüm səbəblərindən biri qeyd edilən neoliberal diskursun sadəcə fərdiyyətçiliyin neoliberal ideologiyası ilə birləşməsi deyil, həmçinin bu ideologiyanı elmi diskurs çərçivəsində, qeyri-ideoloji şərtlərdə legitimləşdirməsi və yenidən canlandırmasıdır. Pozitiv psixoloqlara görə, xoşbəxtliyin elmi tədqiqi göstərir ki, insan xoşbəxtliyinin 90 faizi fərdi psixoloji dəyişkənliklərdən asılıdır. Belə ki, sosio-siyasi və iqtisadi aspektlər tərəfindən oynanılan rol ya ikinci dərəcəlidir, ya da fərdlərin şəxsi rifahının itki-fayda analizində ümumiyyətlə əhəmiyyətsizdir. Onlara görə də insani inkişaf və xoşbəxtliyin elmi tədqiqi tarixi kultural və ya ideoloji təməlli deyil, nəticələri digər məkanlara, hətta bütün məkanlara və zamanlara ekspansiya edilə bilən ümumbəşəri antreprizdir. Təəccüblü deyil ki, xoşbəxtliyə bu kəskin dönüş Jill Lipovetskinin “ikinci fərdiyyətçi inqilab” adlandırdığı fenomenin konsolidasiyasından sonra meydana çıxdı [20]. Bek Gernşayma görə, psixolojiləşmə və fərdiləşmənin pervert kultural prosesi neoliberal cəmiyyətlərdə sosial və siyasi düzəni dərindən transformasiyaya uğradıb [2].
Martin Seliqman pozitiv psixologiyaya doğru yeni oriyentasiyanın “ali keşişi” hesab olunur. Psixologiyanın neqativ dimensiyasını Freydin həyatının depressiv günlərinin mənhus irsi adlandıran Seliqmana görə, bütün insanlığın xoşbəxtlik panaseyaları üçün yalnız pozitiv dimensiya üzərində fokuslanmaq sine qua non şərtdir. Bu, yeni oriyentasiya Bentamın “ən böyük sayın maksimum xoşbəxtliyi” şüarının sadələşdirilmiş versiyası olaraq da adlandırıla bilər.
Konseptualizasiya ilə bağlı olaraq, pozitiv psixoloqlar xoşbəxtlik və fərdiyyətçilik arasındakı güclü assosiasiyanı müdafiə edirlər. Bununla da bir tərəfdən fərdiyyətçilik xoşbəxtliyə nail olmada etik və kultural ön şərtə çevrilir, digər tərəfdən isə xoşbəxtlik individualizm üçün əxlaqi-legitim dəyərə malik “elmi əsaslandırma”nı təşkil edir. İki konsept arasındakı sıx münasibət tavtoloji prinsiplərin dəstəklənməsi ilə nəticələnir. Bu perspektivdən, pozitiv psixoloqlar vurğulayırlar ki, xoşbəxtlik bütün insani varlıqların təbii olaraq (doğuluşdan) axtarışında olduqları bir təbii məqsəd, individualizm və məqsədlərin müstəqil, muxtar axtarışı isə xoşbəxt həyat yaşamanın ən naturalist tərzidir. Pozitiv psixologiyanın irəli sürdüyü “empirik data və sübutlara” əsasən fərdiyyətçilik heç bir siyasi, iqtisadi və sosioloji faktorlara məhəl qoyulmadan konsistent və qüvvətli bir biçimdə xoşbəxtlik ilə əlaqələndirilir (yaxud əksinə). Pozitiv psixoloq Ed Diener vurğulayır ki, digər sosio-iqtisadi və siyasi faktorlara rəğmən fərdiyyətçilik xoşbəxtlik ilə birbaşa bağlıdır [4]. Diner öz fikrini onunla izah edir ki, fərdiyyətçi mədəniyyətlər qeyri-fərdiyyətçi və kollektivist kültürlərə nisbətən həyat standartlarının daha yüksək səviyyədə tətmin edildiyi vətəndaşlar formalaşdırmaq gücündədir. E.Diner və həmkarlarının irəli sürdüyü fikrə əsasən fərdiyyətçi mədəniyyətlərdə fərdlər öz həyat kursunu seçməkdə daha azad olmaqla məqsədlərinin reallaşmasında əldə etdikləri uğuru yalnız özlərinə aid edə bilirlər [5]. Holland sosioloqu və xoşbəxtlik üzərində elmi tədqiqatların pionerlərindən biri olan Ruut Veenhoven bu düşüncəni dəstəkləyərək əlavə edir ki, individualist və modern cəmiyyətlər vətəndaşlarını dəyişən dünyada özlərini reallaşdırmaları və fəaliyyətlərini aktuallaşdırmaları üçün zəruri şərtlər ilə təmin etməklə xoşbəxtliyin daha yüksək səviyyəsinə nail ola bilir [15]. Virciniya Universitetinin psixologiya üzrə professoru Şigehiro Oişi bildirir ki, müstəqillik, muxtarlıq və fərdi özdəyərə vurğu edən bir kultural fenomen olaraq fərdiyyətçilik maddi və mental rifah ilə assosiasiya edilən ən güclü xarakteristikadır [12]. Aaron Ahuvia isə qeyd edir ki, millətlərin iqtisadi inkişafı vətəndaşlarının alıcılıq qabiliyyətlərini və həyat şərtlərini yaxşılaşdırdığı üçün deyil, insanları şəxsi məqsədləri və uğurlarına kökləyən fərdiyyətçi kültürləri yaratdığı üçün yüksək xoşbəxtlik indeksinə nail ola bilir [1].
Xoşbəxtlik hər kəsi eyni terapevtik sxem daxilində yerləşdirə bilir: müəyyən bir problemin etirafı, özünənəzarət üçün sərt tədbirlərin qəbul edilməsi, ehtiyac duyulduğu zaman ekspert texnikalarına müraciət, daha pozitiv prizm vasitəsilə düşüncə və emosiyaları yenidən müəyyən etmək. Emosiyalar üçün pozitiv psixologiya tərəfindən irəli sürülən ümumi çərçivə reduksionistdir. Emosiyalar müxtəlif və bir-birilə əlaqəsi olmayan fenomenləri özündə ehtiva edən (hisslər – bədən və sensoral dəyişikliklər, persepsiyalar, fərqindəlik və subyektiv dəyərləndirmələr, performanslar – kommunikativ və ekspressiv modellər, tarixi və kultural dəyərlər, ümumi anlamlar və narrativlər, sosial strukturlar – oturuşmuş normalar, qanunlar və davranışın sosial qəlibləri) kompleks təcrübələrdir. Lakin emosiyalara naturalist yanaşmaya bağlı olan pozitiv psixologiya onları insanların ümumbəşəri hallarının fiksasiya edilmiş toplusu olaraq dərk edir. Bu asosial və qeyri-tarixi (ahistorikal) yanaşma tarixi, sosioloji və psixoloji yanaşmalarda qeyd edilən emosiyaların kompleksliliyi və çoxüzlü təbiətini inkar edir.
Pozitiv psixologiya emosiyaların fərdlərin olduğu kimi, qruplar, topluluqlar və cəmiyyətlərin səciyyələri olduğunun da dərkindən uzaqdır. Bu, sadəcə ona görə deyil ki, emosiyaların şəxslərarası funksionallığı (kommunikasiya, inandırma və identifikasiya) var, həm də ona görə ki, istənilən emosiya kultural və sosial mahiyyət kəsb edə, eləcə də sinfi, cinsi və irqi məsələlər ilə bağlı ola bilər. Pozitiv psixoloqların emosiyalara dair yanaşması fərdlərin emosional həyatının seçim və istehlakın dəyişən modelləri, habelə ictimai situasiyalar və iqtidar münasibətləri kimi sosial strukturlar ilə sıx şəkildə bağlı olduğunu nəzərdən qaçırır. Emosiyaların müəyyən əxlaqi düzən daxilində fərdin şəxsi baxışlar və sosial münasibətlərini müəyyənetmə tərzləri olduğu da unudulur.
“Xoşbəxtlik əxlaqı”na vurğu edən saysız tədqiqatlara rəğmən, pozitiv psixoloqlar dərin əxlaqi kontenti minimallaşdıran, neytrallaşdıran, hətta bəzən inkar edən təkamülçü və pozitiv perspektivlər ilə çıxış edirlər. Digər tərəfdən, pozitiv və neqativ emosiyalar arasında kəskin bölgü edilərkən emosiyalar perspektivindən pozitivlik və neqativliyin bir-birindən ayrılmasının mümkün olmadığına diqqət yetirilmir. Həyatımızda baş verən hadisələrin doğurduğu hisslər ambivalent xarakterlidir. Emosiyaları dəqiq müəyyən edilmiş konturlara malik, müəyyən hisslərin kombinasiyası olaraq dərk etmək yanlış olardı. Çünki fərdin yaşadığı hal bir deyil, bir neçə emosiyaların cəmini (qorxu, məyusluq, qəzəb, günahkarlıq və s.) özündə ehtiva edə bilər. Buna görə də birmənalı şəkildə “xoşbəxtlik” adlandıra biləcəyimiz, eyni zamanda yaxşı və pis, pozitiv və neqativ, funksional və disfunksional kimi spesifik hal, yaxud təcrübənin olmadığını söyləyə bilmərik.
Getdikcə əmtəələşdirilən xoşbəxtlik nə qədər tətminedici olub-olmamasından asılı olmayaraq hər kəsin ehtiyac duyduğu fenomen olaraq dərk edilir. Xoşbəxtlik sadəcə neqativin yoxluğu deyil, pozitivliyin daha da pozitivləşdirilməsi olaraq dərk edilir. Beləliklə, modern xoşbəxtlik bir kontinuum olaraq formalaşdırıldı. Dolayısilə o, insan həyatında hər hansı xüsusi və yekun mərhələni təmsil etməyən sonsuz şəxsi mükəmməlləşmə prosesidir. Əsrimizin “Zeitgeist”ına çevrilən “pozitivizm” və “öz-özünü müəkəmməlləşdirmə” (amerikalılarda müşahidə etdiyi qeyri-müəyyən “mükəmməllik” ideyası) haqqında Aleksis de Tokvil “Amerikada demokratiya” adlı kitabının ikinci cildində qeyd edir: “Vətəndaşlar rank, doğuluş və ya ixtisas ilə klassifikasiya olunduqda, hər kəs taleyin onların qarşısında açdığı həyat yolunu izlədikdə qarşılarındakı insan cəhdlərinin məhdudiyyətlərini görə bildiklərini düşünürlər. Aristokratik xalqlara məxsus bu xüsusiyyət insanın öz-özünü inkişaf etdirmə qabiliyyətini inkar etməsi deyil, bu, özünüinkişafın qeyri-məhdud olmadığını düşünməkdir. Onlar dəyişiklik deyil, ameliorasiya – yaxşılaşdırma perspektivindən düşünürlər. Lakin kastalar aradan qalxdıqda, vərdişlər, ənənələr və qanunlar dəyişdikdə, yeni faktlar və yeni “həqiqətlər” kəşf olunduqda, qədim konsepsiyalar yeniləri ilə əvəzləndikdə insan ağlı ideal, amma erratik – fərari mükəmməlliyin mümkünlüyünə inanır və insana qeyri-məhdud öz-özünü inkişaf etdirmə qabiliyyətinin bəxş olunduğu qənaətinə gəlir [14].
Lakin amerikalılardan fərqli olaraq, yaponlar üçün subyektiv rifah özünütənqidi baxış ilə bağlı olmaqla, neqativ səciyyələrə sahibliyi özündə ehtiva edir. Amerikalıların özünüinkişaf tendensiyası özünə qarşı yüksək dəyər ilə düz mütənasibdir. Amerikan fərdləri üçün “özmənliyin” pozitiv aspektlərini tapmaq və onların gücləndirilməsi, “özmənliyin” neqativ aspektlərinə məhəl qoyulmaması və onlara vurğu edilməməsi ilə birlikdə funksional aktor kimi “özmənlik” ideyasının təməlini təşkil edir. Lakin yapon fərdləri üçün özünütənqid və “özmənliyin” neqativ xarakteristikalarının aşkar edilməsi, eləcə də onun pozitiv aspektlərinə vurğu edilməməsi özünüinkişafın mühüm bir hissəsidir. Neqativ atributlar sosial olaraq ümumi perfeksiya standartlarına müvafiq olaraq korreksiya və ya eliminasiya edilir. Beləcə, funksional, qarşılıqlı olaraq asılı aktor kimi yapon “öz ideyası”nın təməlini özünütənqid tendensiyası təşkil edir. Şəxsi xoşbəxtlik amerikalılardan fərqli olaraq özünü yüksək qiymətləndirmədən asılı deyil. Subyektiv rifah yapon cəmiyyətinin ümumi kultural standartları daxilində çatışmazlıqlar və defisitlərə aktiv şəkildə cavab verən “özmənliyin” tənqidindən əhəmiyyətli dərəcədə asılıdır. Qarşılıqlı asılı fərdlər kimi yaponlar üçün ümumi xoşbəxtlik özünü yüksək dəyərləndirmədən radikal şəkildə separatdır [8].
Pozitivizmin “öz-özünü aktuallaşdırma” diktumu daxilində fərdlər özləri haqqında nə hiss etdiklərindən asılı olmayaraq xoşbəxtliyin daha ali səviyyələri üçün mübarizə aparmalıdırlar. Xoşbəxtlik axtarışı fərdləri öz-özünü yaratmanın sonsuz prosesinə daxil etməklə yanaşı, onlarda daimi olaraq natamamlıq hissini, hər zaman nə isə çatışmadığı düşüncəsini formalaşdırır. İdeal üfüqlər olaraq tam xoşbəxtliyə və tam şəxsi inkişafa çatmaq qeyri-mümkündür. Xoşbəxtliyin bu qeyri-birmənalı və ziddiyyətli narrativi qeyd olunan fenomenin bazar üçün ideal bir əmtəəyə çevrilməsinə səbəb olur. Xoşbəxtlik tətminsizliyini istehlak patomaniyası ilə birləşdirən məhz bazardır. Bütün bu aspektlər bir əmtəə kimi spesifik varlığını əldə edən xoşbəxtliyin niyə bu günün bazar məkanında essensial rol oynadığını aşkara çıxarır. Bu gün xoşbəxtlik sadəcə insanları boş vədlər və efemeral həzzlər ilə şirnikləndirmək üçün istifadə edilən bir əmtəə deyil. Əksinə, bir məhsula çevrilən xoşbəxtlik fərdlərə xoşbəxtliklərini daimi olaraq yüksəltməyi vəd edən iqtisadi dinamonun özəyini təmsil edir.
XXI əsrin kapitalizmi güclü nəhəng xoşbəxtlik iqtisadiyyatının doğuşuna səbəbiyyət verdi. Bu, bir fiqurativ ekspressiya deyil. Xoşbəxtlik getdikcə daha böyük sürətlə ekspansiya edən qlobal – multimilyardlıq xoşbəxtlik sənayesinin fetiş əmtəəsinə transformasiya edilib. Elmi texnikalar və psixoloji menecment xarakterində həm istehsal, həm də istehlak edilən xidmətlər, terapiyalar və əmtəələr (emoditi) şəxsi transformasiyanın reallaşmasında effektiv rol oynaya bilir. Xoşbəxtliyin ən dəyərli şəxsi investisiya olduğu inancının dominantlığının formalaşması ilə daha xoşbəxt fərdlərin daha sağlam, daha adaptiv və daha produktiv olmaları ilə yanaşı, özlərini daha yaxşı motivasiya edə bildikləri, habelə təməl olaraq daha yaxşı vətəndaşlar olduqları düşünülür.
Xoşbəxtlik fenomeninin bazara insersiyası böyük sosioloji əhəmiyyətə malikdir. Xoşbəxtliyi özünün mərkəzi əmtəələrindən birinə çevirən bazar bu fenomenin ekspansiyası və təsirinin son onillikdə sürətlə genişlənməsində ən güclü faktordur. Fərdin şəxsi, iqtisadi və siyasi dəyərinin müəyyən edilməsində mərkəzi konsept olmaqla xoşbəxtlik istehlakçı kapitalizmə əmtəələşdirmək üçün qiyməti olan, amma dəyəri olmayan, ölçülə bilən, legitim konsept bəxş edib. Bu günün istehlakçı kapitalizmində xoşbəxtliyin niyə belə essensial və effektiv əmtəəyə çevrilməsinin digər izahı ondan ibarətdir ki, hər şeydən əvvəl xoşbəxtlik emoditiləri xoşbəxtlik özlərini sadəcə qaçış, ümid, sevinc və inandırmanın keçici anlarını təklif etməklə məhdudlaşdırmırlar. Onlar xoşbəxtlik axtarışını bir həyat tərzinə, ağıl və ruhun vərdişinə, nəticədə isə neoliberal cəmiyyətlərin vətəndaşlarını “psitizen”lərə transformasiya edən fərdiyyətçilik (şəxsiyyət) modelinə çevirirlər.
Fərdiyyətçi və istehlakçı subyektivliyə malik olan “psitizen” anlayışı neoliberal cəmiyyətlərin vətəndaşlarına fərdi dəyərə sahib olma və funksionallığın psixoloji vasitələr ilə konstant şəkildə öz-özünü optimallaşdırmaya bağlı olduğu inancını təlqin edir. Şəxsiyyətin və fərdiyyətçiliyin bu modeli emosional öz-özünü idarəetmənin iqtisadi diktumları, autentiklik və kapitalist iqtisadiyyatın xarakteristikası olan davamlı şəkildə öz-özünü mükəmməlləşdirmə ilə uyğunluq təşkil edir. Bununla bərabər, bu növ fərdiyyətçilik psixoloji və emosional dil vasitəsilə öncül iqtisadi tələbatların şəxsiyyət formasında yeni formullaşdırılması və yenidən istehsalına legitimlik qazandırır.
Beləcə, biz xoşbəxtliyi bir emosiya olaraq deyil, emosional və psixoloji şərtlərdə müəyyən edilən, bazar tərəfindən qəlibləşdirilən şəxsiyyətin spesifik və normativ modeli olaraq dərk edə bilərik. Burada irəli sürülən arqument əslində terapevtik mədəniyyətin sosioloji əsaslarının kəskin tənqidi ilə assonans təşkil edir. Bu arqument eyni zamanda xoşbəxtlik və bazar arasındakı münasibətin öncəki tənqidi analizlərini də əks etdirir. Sem Blinki qeyd edir ki, xoşbəxtliyin çağdaş psixoloji diskursu iqtisadi siyasətin məntiqinin şəxsi, emosional və maddi-korporeal praktikanın məntiqinə transformasiyasını asanlaşdırdı. Xoşbəxtliyin daxilimizdə meydana çıxardığı pozitiv emosiya, canlılıq və optimizm neoliberal diskursda təqdis edilən “biznes”in refraksiyasından başqa bir şey deyil. Opportunist şəkildə xoşbəxt həyat axtarışı neoliberalizmin mənfəətçi və kompetitiv davranışlar əmrinin refleksiyasıdır.
İspaniyalı sosioloq Edqar Kabanyas “psitizen”i vətəndaşları xoşbəxtliyi axtarmaq, inkişaf etdirmək və istehlak etməyə sıx bağlı edən fərdlər kimi müştərilərə çevirən subyektivliyin neoliberal və konsyumerist növü adlandırır. Burada xoşbəxtlik insan fəaliyyətinin ümumbəşəri leytmotivi olaraq dərk edilir. “Psitizen”in mövcudiyyət şərtləri yüksək dərəcədə psixoloji və eyni zamanda paradoksaldır. Çünki o, fərdlərin daxili autentikliyi əsasında azad şəkildə seçmək və öz müqəddəratını təyin etmək üçün təbii muxtariyyətinə olan mütləq inancın onların psixoloji əmtəələr və texnikalardan mütləq asılılığının kombinasiyasıdır [18].
“Psitizen” anlayışı ilə vurğulanmaq odur ki, psixolojist meyil, subyektivliyin hiper-fərdiyyətçi forması və konsyumerist rasionallıq (raison d’etre) neoliberal xoşbəxtlik diskursunun təməlini təşkil edir. Pozitiv psixoloqlar və xoşbəxtlik ekonomistləri neoliberal fərdiyyətçiliyi daha da canlandırır və legitimləşdirir.
Pozitiv pxiologiyadan qaynaqlanan xoşbəxtliyin neoliberal diskursu və “psitizen”in üç təməl cəhətini qeyd etməliyik: 1. “Emosional rasionallıq” – öz problemlərinin öhdəsindən gəlmək, prioritetlərini iyerarxiyalaşdırmaq və məqsədlərini effektiv şəkildə reallaşdırmaq üçün fərdlərin öz hisslər, düşüncələr və motivasiyalarına hökm edə bilmək iqtidarı; 2. Autentiklik – fərdlərin yüksək dərəcədə plüral və heterogen bazar opsiyalarının korpusu arasında şəxsiyyət, zövqlər və tərcihlərinə uyğun şəkildə refleksiv, strateji seçim edə bilmək bacarığı; 3. Özünüinkişaf – fərdlərin subyektiv xoşbəxtliyini artırmağa xidmət edən yeni yollar axtarışında pozitiv emosiyalar və düşüncələr üzərində işləməsi.
Bununla da, “ekspert biliyi”, pozitiv psixoloji texnikalar və applikasiyalar formasında xoşbəxtlik əmətəələrinin tələb- təklifi ətrafında “xoşbəxtlik sənayesi” meydana çıxır. Bütün bu “psi xidmətlər” xoşbətliklərinin simvolik dəyərini “emosional və iqtisadi avuara çevirməyə yardım edəcək” başlığı altında satılır. Burada xoşbəxtlik inkişaf etmiş kapitalist cəmiyyətlərinə xas, psixoloqlar və fərdlərin tələb-təklif münasibətinə daxil olduğu yeni xidmət forması olaraq görülməlidir. Fərdlər psixoloqların təmin etdiyi repertuarlar və texnikalar vasitəsilə emosional həyatını kapitallaşdırır, eyni zamanda həm istehsal, həm də onu istehlak edir.
Xoşbəxtliyin neoliberal diskursu insan fəaliyyətini rasional və utilitarian özünənəzarət tələbi ilə hərəkətləndirən daxili dinamikaların toplusu olaraq “emosional”ın modern romantik idealını özündə ehtiva edir. Bir tərəfdən, bu coşğular və arzular kimi anlayışlar qeyri-determinat və anlaşıla bilməyən hallar olmaqdan çıxaraq rasionallaşdırıla, lokallaşdırıla və idarə edilə bilən emosiyalara çevrilir. Digər tərəfdən, rasionallıq fəzilət, düzən və aksioloji, etik prinsiplərə bağlılıq məsələsi olmaqdan çıxaraq təbii mental mexanizmlərdə yerləşən psixoloji qabiliyyətə çevrilir. Bu, özünüidarəetmənin klassik liberal və neoliberal etikası arasındakı əsas fərqliliklərdən birini aşkara çıxarır: klassik liberalizm fərdlərin necə davranmasını (təbii olaraq) necə davranmalı olduqlarından (etik anlamda) ayırarkən bu iki sfera arasındakı toqquşmanı qəbul edirdi. İnsan təbiətindən qaynaqlanan neoliberal etika isə fərdlərin təbii olaraq özünüidarəetmənin psixoloji mexanizmi ilə təmin olunduğu hipotezisindən çıxış edir. “Özünü yaradan insan”ın liberal idealının xarakteristikası kimi “özünüidarə tələbi” artıq etik, ideoloji və ya siyasi deyil, tamamilə psixoloji problem olaraq dərk edilə bilər.
Özünüidarəetmə sadəcə bir kultural nəzəriyyə deyil, həm də sosial mühəndislikdir. Pozitiv psixologiyadan da istifadə edilməklə, bu proyekt Qərb kultural strukturunun əsas nizamçarxları (liberal pedaqogikaya əsaslanan təhsil, produktiv və istehlakçı vətəndaşa əsaslanan iş, standartlaşdırılmış, homogenləşdirilmiş və nəzarət edilə bilən vətəndaşa hədəflənmiş sağlamlıq və təhlükəsizlik) inkişaf etdirilib. Heç şübhəsiz, Qərb ölkələri “özünüidarəetmə prinsipi”nə ən bağlı ölkələrdir. Bu ölkələrdə psixoloji tətbiqatların ən modern versiyalarının nailiyyətləri məhz bununla bağlıdır. Nikolas Rouz bildirir ki, tətbiqi psixologiya sadəcə ümumi bir sosial texnologiya deyil, o, “daxili öz”ün bir texnologiyasıdır [13]. Pozitiv psixologiya insan təcrübəsinin əsas fokusunun daxili instansiyada yerləşdirilməsi və bu prinsiplə də refleksiv və özünə nəzarət edən fərdiliyin konstruksiyası üçün istifadə edilməsidir. Fukonun dəsti-xətti ilə N.Rouz bu yeni psixo-siyasi fenomeni “governmentallıq” adlandırır və modern insanın bununla fərdiliyinin yeni psixoloji anlamlarını qazandığını, habelə xoşbəxtlik, muxtariyyət və azadlıq kimi kultural dəyərlərə yiyələnmək üçün bu “psixoloji anlam”lar ilə uyğunluq içində yaşayan, həm də fəaliyyət göstərən aktora çevrildiyini bildirir. Artıq özünü sosio-siyasi aktor olaraq xarakterizə edə bilən “aktiv vətəndaş” deyil, faydalı və itaətkar vətəndaş olaraq konstruksiya edilməyi gözlədən subyektlər – “passiv psitizen”lər dominantdır. Pozitiv psixoloqlar qeyri-tənqidi şəkildə bu konstruksiyada sosial mühəndis rolunu oynayırlar.
Bu perspektivdən, “emosional intellekt” artıq okzimoronik deyil, emosional rasionallıq üçün genişmiqyaslı sosial tələbdir. Bununla emosiyalar fərdi məsuliyyətlilik domeninə daxil olur. Emosiyalar neoliberal cəmiyyətlərin özünəqayğı terapevtik etosunun özəyini təşkil edir. Onlar sadəcə xoşbəxtlik, sağlamlıq və sosial adaptasiyanın deyil, habelə əzab və sosial uyğunsuzluğun öncül mənbələridir. Buna görə də emosional tənizmləmə və emosiyaların doğru menecmenti əsrimizin “top” sosial tələbidir. Mərakeş əsilli fransız sosioloqu Eva İyuz neoliberal kapitalist cəmiyyətlərində emosional özünənəzarət ilə istehlak məntiqi arasındakı sıx bağlılığın mövcud olduğunu göstərmək üçün “emosional kapitalizm” anlayışını irəli sürür [7].
Xoşbəxtlik əsaslı texnikaların məqsədi psixikanı dərindən və ya struktural olaraq dəyişdirmək deyil. Əksinə, bu texnikalar fərdlər tərəfindən asanlıqla idarə oluna, nəzarət edilə və başa düşülə, həm də dəyişdirilə bilən praktik və pozitiv aspektlər üzərində fokuslanan bir xidmət olaraq təklif edilir. Həqiqətən, bir tərəfdən xoşbəxtlik əsaslı texnikalar fərdləri “psixika” haqqında daha qeyri-texniki və demotik dil ilə təmin edərək onların “öz”lərini dərk etmələrini asanlaşdırır, lakin digər tərəfdən, bu texnikalar “özünənəzarəti” özünütənqid, yaxud mühakiməedici bir şeyə çevirmir. Əksinə, emosional və koqnitiv öz-özünü tənzimləmə fərdlərin nailiyyətlər, pozitiv hisslər və gözləntiləri üzərində fokuslanmalı olduqları bir mülayim proses olaraq təsvir edilir.
Hər zaman natamam olan “xoşbəxt öz”ə sahib fərddən hər bir məqsədində uğur üçün pozitiv emosiyalar, affektlər və intuitiv biliklərin davamlı, sürətli tətbiqi tələb olunur. Fərdlərin davamlı özünüinkişafı üçün “xoşbəxtlik sənayesi” istehlakçıları üçün maddi və qeyri-maddi əmtəələrin geniş şəbəkəsi ilə çıxış edir. Bura gözəllik, dəb, fitness, sağlam qidalanma, evlilik üzərində məsləhət xidmtələri və məhsullar, terapevtik tövsiyə, peşəkar konsultasiya, müxtəlif seminarlar, smartfon tətbiqlər daxildir.
Neoliberalizm və inkişaf etmiş kapitalizm dərin iqtisadi, siyasi və institusional transformasiyalar ilə yanaşı, Markuzenin qeyd etdiyi kimi, infrastruktural səviyyədə dərin dəyişmələrə səbəb oldu. “Hisslərin yeni strukturu” ilə bu ideologiya fərdlərdən müəyyən var olma, düşünmə və aktivlik tərzləri tələb etməklə digərlərini ya qadağan, ya da stiqmatizasiya edir. Bu var olma, düşünmə və akt formaları yüksək dərəcədə fərdiyyətçi və psixolijiləşmiş vətəndaşlıq anlayışlarına müvafiqdir.
Xoşbəxtlik axtarışına cəlb olunmaqla biz özümüzü və ya cəmiyyətimizi daha da yaxşılaşdırmaq üçün deyil, bir konsept, sənaye, biznes və istehlakçı həyat tərzi olaraq xoşbəxtliyin iqtidarı, nüfuzediciliyi və legitimliyi üçün çalışırıq. Bizə adaptasiya olan, hisslərimizin işıqlı və kölgəli rəsminə çevrilən, düşüncələrimizin qeyri-birmənalılığını, yaxud bütöv həyatımızın kompleks teksturasını öz-özlüyündə əks etdirən xoşbəxtlik deyil. Xoşbəxtliyin istehlakçı məntiqinə adaptasiya olmalı, onun tiranik və qapalı ideoloji tələbləri ilə uzlaşmalı, dar, reduksionist və psixolojisist ehkamlarını qəbul etməli olan bizik. Məhz beləcə “xoşbəxtlik elmi” ilə insan həyatı üzərində neoliberalizmin total nəzarəti təsis edilir.
Daxililik həyatımızı qura, təməl sosial dəyişikliyə nail ola biləcəyimiz yer deyil. İnsanın düşüncələri, hissləri və özünüinkişaf gözləntiləri ilə obsessiv şəkildə yaşaması kəskin aberrasiyadır. Neqativ hisslərin stiqmatizasiyası və pozitiv psixologiya tərəfindən insan həyatından çıxarılmağa çalışılması bütövlükdə insanda insaniliyin eliminasiyasına cəhddir. Həzverici bir makinanın real həyatımıza nəzarət etməsinə icazə verə bilərik mi? Cavabımız Robert Nozik üslubunda “xoşbəxtlik və həzz axtarışı reallıq, bilik (özü və ətrafı haqqında tənqidi düşüncə) axtarışını üstələyə bilməz” olmalıdır. Neoliberalizmin öz-özünü yaradan, öz-özünü idarə edən və öz-özünü müəyyən edən “ideal vətəndaş”ı antik yunan cəmiyyətində (Aristotelin vurğuladığı) vətəndaşlıq fəzilətlərinin – fronesis, dianoetika, harmoniya və eunoya – heç birini özündə ehtiva etməyən, sadəcə bir “həppixondriak” – “xoşbəxt monad”dır.
Nəticə
“Xoşbəxtlik” anlayışı da təbii, istehlak edilə bilən və elmi kriteriyaya əsaslı standart olaraq yenidən müəyyən edilir. Mediadan bədii məhsullar və pozitiv psixoterapevtik xidmətlərə qədər xoşbəxtliyin belə sürətli əmtəələşməsi qeyd edilən neoliberal ideoloji prezumpsiyalar ilə bağlıdır. “Xoşbəxtlik sənayesi”nin yüksəlişi fərdlərin bir modus vivendi olaraq xoşbxətliyi böyük ölçüdə internalizasiya etməsini izah edən faktordur. Neoliberal cəmiyyətlərin iqtisadi praktikalarından xoşbəxtlik mərkəzi rol oynayır, çünki əmtəələrin iqtisadi dəyəri onların emosional dəyərinə inteqral şəkildə bağlıdır. Bununla, xoşbəxtlik artıq emosiyadan daha çox, emosional, psixoloji şərtlər və praktiklarda müəyyən edilən, emosional rasionallıq, autentiklik və kontinual özünüinkişaf tələbi ilə xarakterizə olunan normativ subyektivlik olaraq başa düşülə bilər.
Xoşbəxtlik artıq uçucu, keçici, müvəqqəti bir hal kimi dəyərləndirilə bilməz. Çünki konstant pozitiv emosiyalar və hisslər yalnız xoşbəxtliyə səbəb ola bilər, lakin xoşbəxtliyin neoliberal diskursunda “öz-özünü yaradan insanlar” olaraq nəzərə alınan fərdlərin “öz”ləri heç vaxt tam deyil və həmişə daha tam, daha yaxşı ola bilər. Bek-Gernşaym vurğulayır ki, “öz”ün fundamental natamamlığı neoliberal kapitalizmin meydana çıxdığı modernizmin ikinci fazasının özəyində dayanır [2]. Bu, qeyri-məhdud özünüinkişaf idealını tətmin edilə bilməyən istehlak və produktivlik prinsipləri ilə birləşdirən qlobal bazar üçün faydalıdır.
“Xoşbəxtlik sənayesi” (və ya xoşbəxtlik elmi) istehlakçıları emosiyaları azad iradələrinin və şəxsiyyətlərinin konstitutivi olan suveren və muxtar varlıqlar olaraq deyil, müxtəlif simulakrumlar və səs effektləri tərəfindən daimi olaraq emosional şəkildə şirnikdirilə bilən “varlıqlar” kimi dərk edir.
Bu gün A.Hakslinin “Cəsur yeni dünya”sının ekvivalenti olan xoşbəxtlik sənayesinin məqsədi insan hissləri və emosiyaları üzərində total nəzarətdir. O, sadəcə olaraq mövcudiyyətimizi formalaşdıran şərtləri dərketmə qabiliyyətimizi aradan qaldırmır, həm də onları keçərsizləşdirir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
İngilis dilində:
- Ahuvia, Aaron C., ‘Individualism/Collectivism and Cultures of Happiness: A Theoretical Conjecture on the Relationship between Consumption Culture and Subjective Well-Being at the National Level’, Journal of Happiness Studies, 3.1 (2002), 23–36
- Beck, Ulrich., & Beck-Gernsheim, E. (2002). Individualization. Institutionalized Individualism and Its Social and Political Consequences. London, UK: SAGE Publications.
- Davies, William (2015). The Happiness Industry. How the Government and Big Business Sold Us Well-Being. London, UK and New York, NY: Verso.
- Diener, Ed. (2012). New findings and future directions for subjective well-being research. American Psychologist, 67(8), 590–597
- Diener, Ed., Diener, M., & Diener, C. (2009). Factor predicting the subjective well-being of nations. In E. Diener (Ed.), Culture and well-being. The collected works of Ed Diener (pp. 43–70). Dordrecht, The Netherlands; Heidelberg, Germany; London, UK; New York, NY: Springer
- Foucault, Michel. “The Birth of Biopolitics”, Lectures at the Collège de France, 1978-79, Palgrave Macmillan, 2008
- Illouz, E. (2007). Cold intimacies: The making of emotional capitalism. Cambridge, UK: Polity Press. Illouz, E. (2008). Saving the modern soul. Therapy, emotions, and the culture of self-help. London, UK: University of California Press
- Kitayama, S. and Matsumoto, H. “Individual and collective processes in the construction of the self: Self-enhancement in the United States and self-criticism in Japan”., Journal of Personality and Social Psychology, 72, 1245–1267
- Layard, Richard (2005). Happiness: Lessons from a new science, London, UK: Allen
- Nietzsche, Friedrich. Twilight of the Idols and The Anti-Christ, New York: Penguin, 1990, 33
- Richardson, Frank C. and Charles Guignon. “Positive psychology and Philosophy of Social Science”, Theory and Psychology, 18.5 (2008), 605-27
- Shigehiro, Oishi. Goals as cornestones of Subjective well-being, in Culture and Subjective Well-Being, American Psychological Association, APA 2000
- Tejerina, Jorge Castro. “Psytizens”: The Co-construction of the Professional Identity of Psychology Students in the Postmodern World”, Springer Science, 2014, 393-417
- Tocqueville, Alexis de. Democracy in America (Vol. 2). (G. Lawrence, Trans., J.P. Mayer, Ed.). New York: Harper & Row, Perennial Library. (Original work published 1840), 1988
- Veenhoven, Ruut. Quality of Life in Individualistic Society, Veenhoven, “Life if getting better”, p.120
- Wolf, Gary. ‘Measuring Mood: Current Research and New Ideas’, quantifiedself.com, 11 February 2009
- Zupancic, Alenka. “The Odd One In – On Comedy”, MIT Press, 2008, p.5
Fransız dilində:
- Cabanas, Edgar Illouz, E.., Happycratie: Comment l’industrie du bonheur a pris le contrôle de nos vies, Premier Parallèle, 2018, Kindle edition
- Foucault, Michel, , “Le Souci de Soi,” in “Histoire de la Sexualité: le souci de soi”, vol. 3, Paris: Gallimard, 1994
- Lipovetsky, Gilles. L’ère du vide. Essais sur l’individualisme contemporain. Paris, France: Gallimard, 1983
İnternet mənbələri:
- www.margaretthatcher.org/document/104475
Subhan Padarov
THE MODERN DISCOURSE OF HAPPINESS AND ITS TOTALITARIAN PRESUMPTIONS
Abstract
In the last two decades, we are witnessing the drastic shift to happiness in neoliberal societies. Happiness has become an omnipresent – existent in all the layers of social sphere – entertainment industry, educational systems, health institutions, public and private organisations, pop-literature, media, politics – and all pervading reality. That phenomenon does no longer express Western-originated, educated, democratic, rich and industrialized character, but is a psychological condition attributed to all human beings without depending on their cultural past, economic status, social strata, sex or level of education. Most importantly, happiness has been already transformed into a discourse which determines the norm of what is good, desirable and right. Together with happiness researchers, positive psychologists and happiness economists contribute to gaining strength of that discourse.
Keywords: concept of “happiness”, discourse of happiness, neoliberalism, positive psychology, Western cultural structure
Субхан Падаров
СОВРЕМЕННЫЙ ДИСКУРС СЧАСТЬЯ И ЕГО ТОТАЛИТАРНЫЕ ПРЕДПОСЫЛКИ
Pезюме
В последние два десятилетия мы являемся свидетелями резкого перехода к счастью в неолиберальных обществах. Счастье стало вездесущим – существует во всех слоях социальной сферы – индустрии развлечений, образовательных систем, медицинских учреждений, государственных и частных организаций, поп-литературы, СМИ, политики – и всей распространенной реальности. Это явление больше не отражает западное происхождение, образованность, демократичность, богатство и индустриализацию, а является психологическим состоянием, приписываемым всем людям без зависимости от их культурного прошлого, экономического статуса, социальных слоев, пола или уровня образования. Самое главное, что счастье уже превратилось в дискурс, который определяет норму того, что хорошо, желательно и правильно. Вместе с исследователями счастья, позитивными психологами и экономистами счастья способствуют укреплению этого дискурса.
Ключевые слова: концепт “счастье” дискурс счастья, неолиберализм, позитивная психология, западная культурная структура