Tahirə ALLAHYAROVA

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü,

departament müdiri, professor

E-mail: tahirallahyarova@gmail.com

ORCID: 0000-0001-6491-0757

 

Xülasə. Məqalədə süni intellekt texnologiyalarının, onun ən son formalarından biri olan generativ süni intellektin və yeni nəsil çatbotların tətbiqinin sosial effektləri və nəticələrindən bəhs edilir.

Müəllif süni intellekti 4-cü sənaye inqilabının, qlobal texnoloji inqilabın və bəşəriyyətə qarşı yeni çağırışın mühərriki kimi xarakterizə edir. Qeyd olunur ki, süni intellektin nəticələri qlobal əmək bölgüsünün, texnoloji zəncirlərin köklü şəkildə yenidən qurulmasına və nəticədə dünya iqtisadi və siyasi gücünün yenidən formalaşmasına təsir göstərəcək.

Dünyanın bütün regionlarında yeni nəsil İT texnologiyalarından və onların imkanlarından müxtəlif məqsədlər üçün istifadə edilməsi çox ciddi sosial nəticələrə, siyasi və beynəlxalq sabitliyin pozulmasına, yeni miqrasiya dalğalarının yaranmasına, ekstremist ideologiyaların yayılmasına, beynəlxalq terrorizmin və mütəşəkkil cinayətkarlığın artmasına səbəb ola bilər.

Məqalədə həmçinin süni intellektin sosial nəticələri ilə bağlı araşdırmalara nəzər salınır. Siyasi, iqtisadi, media və jurnalistika, təhsil, səhiyyə və sosial elmlərdə süni intellektdən istifadənin nəticələri təhlil edilir. O da vurğulanır ki, sosial şəbəkələr əvvəlcə demokratiyanı gücləndirən yenilik kimi təqdim edilsə də, sonradan dezinformasiya və xaos yarada bilən siyasi texnologiyalara çevrilib.

Yekun hissədə müəllif proseslərin ictimai-siyasi nəticələri, onlardan informasiya qarşıdurmasında istifadə, seçki texnologiyaları, ictimai rəyin manipulyasiyası, təhdidlər və rejimdəyişdirici siyasi məqsədlərlə mümkün istifadəsinin qarşısının alınmasının yolları və mexanizmləri ilə bağlı qənaətlərini təqdim edir.

Açar sözlər: süni intellekt (Sİ), generativ süni intellekt, sosial təsir və nəticələr, ChatGPT, yeni nəsil çatbotlar, cəmiyyət, Sİ və sosial elmlər, Sİ və iqtisadi proseslər, Sİ hüququ, Sİ idarəçiliyi

 

Giriş

 

Yaratmaq, yazmaq tarix boyu insan ağlına xas olan keyfiyyət olub. Minillik tarix boyu insan təfəkkürü yazılı mətnlər, mədəniyyət, sənət, institutlar, sosial münasibətlər, cəmiyyətlər yaratmaq bacarığı ilə unikal varlıq kimi tək olub. 2022-ci ilin noyabr ayından artıq insanın – təbii intellektin rəqibi ortaya çıxıb. İnsan ağılı tarix boyu olduğu kimi, gündəlik fəaliyyətində müxtəlif işləri icra edərkən süni intellekt (Sİ) proqramları mediada xəbərlər, mətnlər yazır, sualları şərh edir, portretlər çəkir, elektron poçt yazışmalarına cavab verir, vergi bəyannamələrini hazırlayır, şeir və mahnılar yazır, bakalavr və magistr dərəcələrini alır, kodlaşdırma aparır, memarlıq planlarını çəkir, yüz cür layihələri cızır, sağlamlıqla bağlı məsləhətlər, dərman reseptləri verir, cərrahiyyə əməliyyatı aparır, dietik menyular hazırlayır və s. və i.a. Süni intellekt artıq həyatımıza daxil olub. Generativ adlanan yeni xassəli süni intellekt, yeni nəsil çatbotlar cəmiyyət həyatını köklü surətdə dəyişikliyə məruz qoyur.

2022-ci ilin noyabr ayından etibarən ABŞ-ın aparıcı qlobal media agentliklərində, çap və onlayn qəzet və jurnallarda məqalələrin süni intellekt (bundan sonra mətndə – Sİ), “Generativ Süni İntellekt”- ChatGPT çatbotu tərəfindən yazılması xəbəri gündəmə “informasiya bombası” kimi düşdü. Son illər Sİ sahəsində böyük kəşflər olsa da, nədənsə ChatGPT nümunəsi və onun məqalə, xəbər, esse yazması, mövzular sifariş etməklə təsviri, “analitik” icmallar təqdim etməsi tədqiqatçıların bu yeniliyə marağını dəfələrlə artırdı. Alarmist-həyəcan siqnalı kimi ifadə edilə biləcək mövqelərdən tutmuş, biganəliyə qədər müxtəlif proqnozlar təqdim edildi, proses indi də davam edir.

Yeni Sİ fenomeni sosial elmlər qarşısında da bir çox suallara cavab verməyi imperativə çevirdi. Onlardan bəziləri: Sİ texnologiyalarının sosial həyata fəal tətbiqi cəmiyyət üçün nə kimi yeni çağırışlar yaradıb? Bu çağırışlar daha çox müsbət, yoxsa mənfi məzmunludur? Müasir sosial/dövlət idarəçiliyində Sİ formalaşan yeni mühitin elementlərindən biri, yoxsa təməl “kərpic”-onurğa sütunu olacaq? Sİ cəmiyyətdə iqtisadi münasibətləri nə dərəcədə dəyişir? Yeni texnologiyalar rəqəmsal əsrdə insanların ünsiyyət/kommunikativ statusuna nə kimi təsir göstərir? Sİ ictimai-siyasi proses və sistemlərin fəaliyyət ənənəsini hansı istiqamətdə dəyişəcək: resurs, yoxsa lənətə çevriləcək? Təbii və süni intellekt savaşının perspektivləri ilə bağlı proqnozlarda realist, bədbin və nikbin proqnozların müqayisəsi nəyi göstərir? və s.

Tarix boyu elmi-texniki inkişaf və inqilabın nəticələri sosiumda mütləq olaraq cavab reaksiyası yaradıb. Hələ XIX əsrdə İngiltərədə “Ludditlər hərəkatı” – istehsalatda texnikadan (toxuculuq maşınlarından) istifadə olunmasına qarşı fəhlələrin “maşınları dağıdan” radikal fraksiya yaratması ilə bağlı hərəkat məlumdur. Zaman keçdikcə bu termin sənayeləşməyə, avtomatlaşdırmaya, kompüterləşdirməyə və ya ümumiyyətlə, yeni texnologiyalara qarşı çıxanları ifadə etmək üçün istifadə edilib [22]

Son onilliklərdə texnoloji inkişafın informasiya inqilabına transformasiyası, cəmiyyətlərin total rəqəmsallaşması, elektron idarəçilik və s. proseslər yüksələn xətt üzrə davam edir. İnsanlar yeni texnoloji innovasiyalara alışana qədər müəyyən vaxt lazım olur və müvafiq olaraq bu zaman müəyyən diskomfort hissləri ilə müşayiət olunur. Üstəlik də informasiya-kommunikasiya inqilabının sürəti və intensivliyi fonunda, mövcud şəraitdə sosium, insanlar qeyri-müəyyənlik vəziyyətində olur, onların ənənəvi həyat tərzi, vərdiş və bacarıqları, malik olduqları təcrübələr sosial proseslərin virtuallaşmasının ciddi təzyiqi altında qalır.

Cəmiyyətdə rəqəmsallaşma prosesləri vətəndaşların bir-biri və dövlət qurumları ilə ünsiyyət formalarını, iştirak modellərini dəyişikliyə uğradır. Bir tərəfdən rəqəmsal texnologiyaların tətbiqi vaxt və əmək itkisini minimuma endirir, sosial idarəetmə proseslərinin demokratikləşdirilməsi və texnokratlaşdırılması, şəffaflıq və məmnunluq səviyyəsini yaxşılaşdırır. Digər tərəfdən isə rəqəmsallaşmanın neqativ təsirləri də üzə çıxır, məsələn, insanlara total nəzarətin texnoloji imkanları yaranır və s.

Sİ texnologiyalarının son bir ildə “qəfil partlayışa” bənzər inkişafı fonunda dünya miqyasında ilk növbədə bu texnologiyaları hazırlayanların, qlobal şirkət sahiblərinin özlərinin narahatlığı dilə gətirməsi indiyə qədər demək olar ki, ilk dəfə baş verib. Sİ texnologiyaları sahəsində tədqiqatların səngidilməsi, yavaşıdılması, hətta müəyyən müddətə moratorium qoyulması təklifləri geniş müzakirə edilir.

2023-cü ilin iyul ayında BMT Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyə və stabilliyə ola biləcək potensial süni zəka riskləri ilə bağlı ilk dəfə iclas keçirib. BMT-nin baş katibi Antonio Quterreş bu yeni texnologiyanın idarə edilməsinə istiqamətlənmiş qlobal nəzarət orqanının formalaşdırılmasına çağırış edib. O bildirib ki, süni zəka sistemləri təsəvvür edilməsi mümkün olmayan miqyaslarda ölümləri, dərin psixoloji zərbələri, genişmiqyaslı travmaları reallaşdırmağa hədəflənmiş terrorçulara, cinayətkarlara və digər subyektlərə yardımçı ola bilərlər.

Quterreşin fikrincə, süni zəka üzərində qlobal nəzarət orqanına rəhbər rolunda BMT-nin Müşahidə Şurası çıxış etməlidir. Bu şura süni zəka sahəsindəki normalara riayət edilməsini idarə edə bilər. Bu cür nəzarət orqanına süni zəka sahəsində fəaliyyət göstərən mütəxəssislər daxil ola bilərlər. Onlar öz təcrübələrini süni zəka tərəfindən ola biləcək risklərlə mübarizə məsələsində lazımi səviyyədə texniki biliklərə sahib olmayan hökumətlərlə bölüşə biləcəklər. Bu cür orqanın yaradılması üçün nəzərdə tutulmuş qətnamənin qəbul edilməsi perspektivi hələ uzaq olsa da, diplomatların əksəriyyəti bu ideyanı dəstəkləyib.

Bundan əvvəl Almaniyada Sİ sahəsində tədqiqat aparan 84 alim bu ölkənin siyasi rəhbərliyinə müraciət edib. Sİ ilə yaradılan avtonom kütləvi qırğın silahlarının xüsusilə dəhşətli ola biləcəyi, hətta atom bombasından nəzarətin mümkünsüzlüyü, günahkarın tapılmaması və s. səbəblərdən daha müdhiş nəticələrin doğuracağı ilə bağlı məktubda qeyd olunub. Müraciət bu sözlərlə bitir: “Bu “Pandora qutusu” açıldıqdan sonra onu bağlamaq bəşəriyyət üçün çox çətin olacaq” [1].

Sİ tədqiqatlarının tempinin yavaşıdılması ilə bağlı əsas gətirilən başlıca arqument kimi onların ümumilikdə sosial, o cümlədən hüquqi, siyasi, iqtisadi, hərbi, mənəvi-mədəni, media, humanitar və s. nəticələri ilə bağlı qanunverici tənzimlənmənin demək olar ki, yox dərəcəsində olması qeyd edilir. Bu hüquqi tənzimlənmənin olmaması, Sİ texnologiyalarının inkişafının yavaşıdılması tərəfdarlarının fikrinə görə, böyük qlobal miqyaslı, ən vacibi “cəzasız cinayətlərə” yol aça, məsuliyyətsizlik mühiti yarada bilər.

İnsan-Təbii İntellekti və Süni İntellekt qarşı-qarşıya gəldiyi hazırkı vaxtdan milli, kontinental və qlobal miqyasda yeni reallıq yaranmaqdadır. Bu reallığın dərk edilməsi, onun üçün rəhbər etik prinsiplərin işlənib hazırlanması cəmiyyətin bir çox sosial qruplarından, ilk növbədə alimlərdən və strateqlərdən, dövlət xadimlərindən və filosoflardan, mənəvi-mədəni fəaliyyət sahələrindən, texnokrat təbəqədən adekvat reaksiya, töhfə və çeviklik tələb edir. Bu çağırış nəinki cəmiyyət daxilində, həm də ən vacibi dünya dövlətlərinin ortaq səylərini, tərəfdaşlığını, nə qədər qəribə görünsə də, yaranmaqda olan yeni reallığı müəyyənləşdirmək üçün elə Sİ-nin də imkan və töhfələrini səfərbər etməyi imperativə çevirir.

Sİ insan qrossmeysterlərinin heç vaxt təsəvvür etmədiyi hərəkətləri tapmaqla şahmatın sərhədlərini genişləndirib. Başqa bir cəhdlə Sİ insan alimlərinin anlamadığı molekulyar xüsusiyyətləri analiz edərək yeni antibiotik kəşf edib. Bu gün artıq Sİ ilə işləyən reaktivlər simulyasiya edilmiş hava savaşlarında peşəkar mütəxəssis pilotları məğlub edir.

İlkin qənaətə görə, Sİ-nin hazırkı inkişaf tempi qarşısıalınmaz olsa da, onun cəmiyyət və bəşəriyyət üçün hədəfləri və nəticələri insanlardan, xüsusilə bununla bağlı geniş maarifləndirmə apara bilən tədqiqatçılardan asılı ola bilər.

 

  1. Süni intellekt – 4-cü sənaye inqilabının mühərriki, qlobal texnoloji çevriliş və insanlığa yeni çağırış

 

“Süni intellekt” (Artificial Intelligence (AI) dedikdə, kompüter proqramı, yəni bir insan ağlının həll etdiyi problemləri həll edə bilən alqoritm başa düşülür. Anlayış kimi 1955-cı ildə ABŞ alimi Con Makkarti tərəfindən bu sahənin N.Vinerin “kibernetika” adlandırdığı elmdən fərqini vurğulamaq üçün elmi dövriyyəyə gətirilib. Sinonimi kimi “maşın zəkası” (computational intelligence) da istifadə edilir. 1950-ci ildə riyazi məntiq sahəsində məşhur ingilis alimi Alan Tyurinq “Mind” jurnalında “Maşın düşünə bilərmi?” adlı məqaləsində “Turing testi” təklif edib. Mənası belə idi ki, məntiqi baxımdan maşın düşünə bilər. Məsələn, bir insan və bir kompüter həmsöhbətlərinin görmədiyi şəkildə yerləşdirilir. Həmsöhbət insan yazılı şəkildə suallar verir və yazılı (səssiz və ya ekranda) cavablar alır. Tərəfmüqabillərin birinin maşın olduğunu bilmir. A.Tyurinqə görə, deməli, maşın düşünə bilər, ona hiss etməyi və yaratmağı öyrədəndə süni intellekt yaranacaq [21, s.441].

1997-ci ildə IBM şirkətinin “Deep Blue” adlı superkompüteri şahmat üzrə dünya çempionu H.Kasparovu oyunda məğlub etdi və 400 min dollar mükafata sahib oldu.

Sİ texnologiyalarının ən son sahəsi olan yeni nəsil çatbotlar, xüsusilə “Generativ Süni İntellekt” sistemləri (ChatGPT) hazırda ən sürətlə inkişaf edən texnologiya istiqamətidir. “Generativ” ifadəsi orijinal məzmun yaratmağa qadir Sİ mənasını verir. Generativ Sİ texnologiyalar müxtəlif növ kontentləri tərtib etməyi bacaran Sİ sistemlərini əhatə edir. ChatGPT “OpenAI” şirkəti tərəfindən 2022-ci ilin noyabrında istifadəyə verilmiş modeldir. Onun 2007-ci ildə ayfonun (iPhone) debütündən üzü bəri texnologiya dünyasının görünməmiş şəkildə xəyalları məşğul etdiyi qeyd edilir. ChatGPT “OpenAI” tərəfindən hazırlanmış və 8 milyondan çox veb səhifədən ibarət verilənlər bazasında təlim keçmiş ən müasir dil modelidir. O, müxtəlif təbii dil emal proqramlarını gücləndirmək üçün istifadə edilə bilən insanabənzər mətn yaratmaq üçün nəzərdə tutulmuşdur.

ChatGPT bizim gündəlik həyatımızda və iş axınlarımızda təbii dil emalından istifadə üsulumuzda inqilab etmək gücünə malikdir. Onun geniş dil anlayışı ona geniş mövzular üzrə müvafiq və məlumatlandırıcı mətn yaratmağa imkan verir. “OpenAI” adlı şirkət tərəfindən hazırlanmış ChatGPT həm giriş, həm də çıxış kimi mətndən istifadə edir. Digər sistemlər, o cümlədən “Dall E” adlı başqa “OpenAI” məhsulu mətn sorğusundan şəkillər yarada bilər. “Google” və “Meta” şirkətləri oxşar texnologiyalar üzərində işləyir.

ChatGPT-nin qısa zaman ərzində böyük uğur qazanması bütün dünyada onun analoqlarının istifadəyə verilməsinə səbəb olub. Cəmi 3-4 ay ərzində bu model 1.5 milyard istifadəçi tərəfindən tətbiq edilib. “Microsoft” şirkəti onu axtarış sisteminə daxil edib, 2023-cü ilin mayında “Bing” şirkəti onu hamı üçün əlçatan edib.

ChatGPT çatbotu ən müxtəlif məzmun və profilli sənədlər yazmaq, riyazi hesablama, marketinq funksiyalı problemlərini həll etmək kimi çoxşaxəli işləri görə bilən Sİ köməkçisidir. Onun yeni datalarla ayaqlaşması üçün model mütəmadi olaraq yenilənməlidir.

Sİ-nin hazırda bəşər həyatının bütün sahələrinə nüfuz etməsi müəyyən mənada ötən əsrdə elektrik enerjisinin kəşfi ilə müqayisə edilir. Eyni zamanda, təsirinin ondan dəfələrlə dərin olacağı qeyd edilir. Sİ cəmiyyət həyatının bütün sahələrinə – siyasi, iqtisadi, hərbi, geosiyasi, hüquqi, sosial, mədəni, mənəvi və s. nüfuz edir. Sİ yarışı geosiyasətdə mövcud olan ənənəvi “güc” anlayışının mahiyyətini dəyişir. Sİ dövrü “zəiflərin, yaxud da ağıllıların zamanı” kimi də adlanır. Bu o deməkdir ki, “qlobal güc və ya kiçik dövlət” anlayışları artıq arxa plana keçir. Sİ texnologiyaları sahəsində kim güclüdürsə, o da “böyükdür”, artıq ənənəvi başa düşülən maddi anlamlı hərbi/iqtisadi güc dövrü tarixdə qalıb.

Sİ-nin güclü təkanvericisi olduğu 4-cü sənaye inqilabı əksər dövlətlərin sosial-iqtisadi quruluşunu dərin dəyişikliklərə məruz qoyacaq. Onun tətbiqi ilə sənayenin səmərəliliyinin 30-40 faiz artırılması mümkündür. Bütün sahələrdə çarpaz təsir və nəticələrə malik olan Sİ texnologiyaları bir çox sektorlarda, məsələn, qərarların qəbulu və təhlükəsizlik, təbabət (diaqnoz qoyulması və yeni dərmanların hazırlanması), təhsil, fərdi məlumatların, asayişin qorunması, logistika, hərbi sahədə (avtonom killer robotlar), pilotsuz nəqliyyat vasitələri, kriptovalyutalar, saxta (fake) xəbərlərin yayılma “texnologiyaları”, maliyyə bazarları və s. sahələrə dərin nüfuzedici təsirini göstərir. “Kembric Analitika” ilə bağlı hadisələr göstərdi ki, fərdi məlumatlar, məsələn, səhiyyədə, yaxud cinayətkarlıqla mübarizədə əhəmiyyətli töhfə verə, digər tərəfdən, siyasi/seçki mübarizəsində qeyri-qanuni istifadə oluna bilər.

Sİ-nin nəticələri qlobal əmək bölgüsünün köklü rekonfiqurasiyasına, texnoloji zəncirlərin yenidən qurulmasına və nəticədə dünya iqtisadi gücünün yenidən paylanmasına təsir göstərəcək. İnformasiya inqilabı müasir iqtisadi artımın əmək məhsuldarlığının artmasına təkan verən ən vacib drayveri olmaqla yanaşı, Sİ həm yeni imkanların, eyni zamanda həm də yeni çağırışların mənbəyidir. Belə ki, müxtəlif ölkələrdə yeni texnoloji ukladın tətbiqi dinamikasında və templərindəki fərqlər, qlobal rəqəmsal inkişafda disproporsiyalar qlobal bərabərsizliyin uçuruma qədər böyüməsinə səbəb ola bilər. Bu da dünyanın bütün bölgələrində Sİ-nin verdiyi imkanların geosiyasi məqsədlərlə istifadəsinə, siyasi və beynəlxalq sabitliyin pozulmasına, yeni miqrasiya dalğalarının baş qaldırmasına, ekstremist ideologiyaların yayılmasına, beynəlxalq terrorizmin və mütəşəkkil cinayətkarlığın artmasına təkan verə bilər. Beləliklə, bu gün Sİ bütün dünyanın gələcəyini təmin edəcək texnoloji inkişaf və texnoloji sıçrayışın drayveri, “düyməsidir”. Elə bir sahə yoxdur ki, Sİ-nin toxunuşu ilə sanki sehirli şəkildə kökündən dəyişməsin. Sİ dövlət idarəçiliyində nəhəng məlumatların (Big Data) keyfiyyət təhlili əsasında real vaxt rejimində düzgün və çevik qərarların qəbuluna imkan verir. Dünyada nəinki texnoloji, eləcə də geosiyasi liderlik uğrunda mübarizə ilk növbədə Sİ müstəvisinə keçib və bu sahədə görünməmiş qlobal rəqabət gedir. Artıq məlumdur ki, Sİ sahəsində üstünlüyünü təmin edən dünyada da üstün mövqelərdə olacaq.

Dünya Sİ sahəsində yarışa, daha dəqiq deyilsə, amansız rəqabətə şahidlik edir və hələlik ABŞ və Çin bu sahədə liderlik edir. Bununla yanaşı, Çin həm də dünyanın “Süni intellekt influenseri” statusunu qazanıb. 2018-ci ildə məlum olub ki, qlobal Sİ bazarı 2,5 milyard dollar təşkil edir və 2024-cü ilə qədər 137,2 milyard dollara çatacaq.

Sözügedən proseslər fonunda son bir neçə ildə, demək olar ki, eyni vaxtlarda dünyanın 40-dan artıq ölkəsində Milli Süni İntellekt strategiyalarının qəbul edilməsinə başlanılıb. 2017-ci ildə artıq beş ölkə Sİ ilə bağlı Milli Strategiya qəbul edib. 2018-ci il Sİ sahəsində milli strategiyaların qəbul edilməsində qlobal çevriliş ili olub, 30 ölkə (kətta Keniya da) analoji strategiya qəbul edib. 2018-2019-cu illər ərzində isə milli strategiya qəbul edən ölkələrin sayı 40-ı aşıb [3].

Bəzi ölkələrdə (ABŞ, Rusiya) Sİ strategiyalarının hazırlanması vacibliyi hərbi sahədə, yaxud bu sahə rəsmilərinin tövsiyəsi ilə başlayıb. ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mattis Prezident D.Trampa Sİ texnologiyalarının inkişafı üçün milli strategiya yaratmaqla bağlı müraciət etmişdi. Müraciətə çevik cavab verildi və 2018-ci ilin iyulunda ABŞ-da dövlətin 3 milli texnoloji hədəfi (kvant informatikası, superkompyutinq) arasında Sİ birinci yerı çıxarıldı.

Strategiyalarda ümumilik təşkil edən cəhətlər: 1. hədəflərin səviyyəsi; 2.ayrılan resursların həcmi; 3. strategiyanın keyfiyyəti və dəqiqliyi; 4. həyata keçirilməsinə nəzarət etmək imkanlarıdır. Məzmunca fərqli olmaqla, strategiyalarda Sİ siyasətinin müxtəlif aspektlərinin – elmi tədqiqat və inkişaf (R&D), istedadların aşkarlanması, qabiliyyət yönümlü təhsil sistemi, rəqəmsal infrastrukturun problemləri, dövlət-özəl qarşılıqlı münasibətləri, cəmiyyətə Sİ texnologiyalarının sosial nəticələri ilə bağlı maarifləndirmə və s. – inkişafına diqqət verilir. Ümumi cəhətlərə həmçinin onların xronoloji əhatəsini – 2030-cu ilə qədər hədəflənməsini aid etmək olar. Daha bir ümumi cəhəti “Sİ millətçiliyi”nin (AI nationalism) yaranmasıdır. Yəni hər bir ölkənin başqalarından bəhrələnməklə öz milli sənayesini yaratmağı hədəfləyir.

Bütövlükdə, dünyanın 40-dan artıq ölkəsi Sİ sahəsində milli strategiyalar, yaxud analoji rəhbər sənədlər, milli proqramlar, fəaliyyət planı formatlı sənədlər qəbul edib. Qabaqcıl ölkələrlə yanaşı, Şərqi Avropa dövlərləri, hətta Afrikada Keniya və s. ölkələr qlobal Sİ rəqabətinə qoşulmuşdur. Millli dövlətlər bütün resurslarını bu rəqabətdə səfərbər edib, yüksək texnologiyalar sahəsində mühüm addımlar atıb.

MDB məkannda Rusiya, Belorus, Ukrayna, Ermənistan, Gürcüstan və Qazaxıstan uğurlu başlanğıca malikdir. Azərbaycan Sİ ilə bağlı milli strategiya qəbul edən və reytinqlərdə yer alan ölkələr sırasında yoxdur.

 

  1. Süni intellektin sosial nəticələri ilə bağlı araşdırmalara nəzər

 

Artıq indiki vaxtda Sİ-nin cəmiyyət həyatında nüfuz etmədiyi sahə demək olar ki, qalmayıb və bu təsir nəinki günbəgün, hətta hər yeni saat artmaqdadır. Bu baxımdan onun sosial nəticələrinin araşdırılmasına nisbətən yeni başlanılıb. Diqqəti cəlb edən isə dünyanın siyasi, elmi və texnoloji problemlərinin təhlili sahəsində tanınımış şəxslərin bu istiqamətdə axtarışlara qoşulmasıdır. Buna misal kimi beynəlxalq diplomatik-siyasi ictimaiyyətin məşhur simalarından yüz yaşlı ABŞ diplomatı Henri Kissincerin, “Google” qlobal texnoloji şirkətinə on illərlə rəhbərlik edən Erik Şmidtin və digərlərinin bu sahədə ilk tədqiqatlardan birinin müəllifi olmasıdır. Onların 2021-ci ildə işıq üzü görən, sonra dəfələrlə nəşr edilən “Süni intellekt əsri və bizim bəşəri gələcəyimiz” (The Age of AI: And Our Human Future) adlı kitabında Sİ-nin bəşəriyyətin keçmiş, indiki və gələcək tendensiyaları fonunda yaxın perspektivləri, sosial nəticələri əsaslı şəkildə təhlil edilir [10].

Müəlliflər formalaşan yeni Sİ əsrində insanları qlobal idarəetmənin texnoloji, etik və mənəvi problemləri haqqında düşünməyə dəvət edir. Ümumi ifadə edilsə, kitabda qarşıya qoyulan bir çox suallar belədir: Big Datanın güclü şəbəkə effektləri milli sərhədləri aşaraq şəxsi təhlükəsizlik, hərbi və müdafiə strategiyaları üçün hansı böyük problemlər yaradır? Daima genişlənən Sİ əsrində bizim sıravi insanlar olaraq rolumuz nədən ibarət olacaq?

“Bu gün biz hiss etmədən insanlar, qurumlar və millətlər üçün əhəmiyyətli təsir göstərəcək yeni münasibətlər: Sİ və insanlar arasında, Sİ və ictimai-siyasi proseslər, yeni texnologiyanı yaradanlar, xidmət operatorları və istifadəçilər, hökumətlər və s. arasında tamamilə yeni münasibətlər formalaşır.

Formalaşan Sİ əsrində rəqəmsal dünya nizamının əsas paradoksu belə ifadə edilə bilər: ən yeni texnologiyalar və müvafiq olaraq cəmiyyətin rəqəmsal həyat tərzi nə qədər sürətlə genişlənirsə, onun təhlükəsizliyi də bir o qədər çox kövrək olur, təmin edilməsi ilə bağlı dərin problemlər ortaya çıxır. İnsan düşüncəsi, proseslərin dərki və Sİ əsaslı rəqəmsallaşma arasında olduqca həssas bir balans yaranır. Düşünən, yaradan kimdir, bəs nəzarət edən kimdir, burada əminliklə deyilə biləcək proqnozlar mövcuddurmu? sualı ortaya çıxır. Bütün sahə və infrastrukturların Sİ sistemlərinin tətbiqini davam etdirdikcə, onların müxtəlif forma və məqsədlərlə həyata keçirilən kiberhücumlara qarşı həssaslığı da artır. Bu paradoks rəqabətli təhlükəsizlik imkanlarını təmin etmək üçün şəxsiyyət-cəmiyyət-dövlət-müvafiq rəqəmsal infrastruktur arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasını tələb edir.

Kitabda əldə edilən əsas qənaətlərə görə, Sİ bəşər reallığının yeni konsepsiyasıdır. Onun sosial sistemin bütün hərbi, siyasi, iqtisadi, mədəni-mənəvi, səhiyyə, təhsil və s. sahələrdə fundamental nəticələri cəmiyyətdə radikal dəyişiklilklərə səbəb olacaq. Yalnız bu nəticələri düzgün dərk etməklə konstruktiv məqsədlərə nail olmaq olar. Cəmiyyətin fəaliyyət ənənəsi nə dərəcədə dəyişəcək, insanlar necə düşünəcək, rəyləri necə formalaşacaq, onlar məlumatları necə, hansı mənbələrdən alacaq, bu mənbələrin düzgünlüyü necə müəyyən ediləcək, dövlət-cəmiyyət münasibətləri bu fonda necə dəyişəcək, e-dövlətdən Sİ dövlətinə keçid necə baş verəcək? və s.

Bu suallara cavabların verilməsi üçün ilk növbədə onların hər bir cəmiyyətdə gündəmə gətirilməsi, müzakirəsi, doğru qərarların alınması, ictimai rəyin bizi gözləyən nəticələrlə bağlı məlumatlılığının artırılması, ortaq doğru qərarların alınmasına töhfə verməsi zəruridir. Sİ-nin formalaşdıracağı fərqli reallığın cəmiyyətə xidmət etməsi, fayda gətirməsi üçün onun uğurlu tətbiqini formalaşdırmağın yolları müəyyən edilməlidir.

Sİ texnologiyalarının qeyd edilən heyrətamiz inkişaf sürətinin özü ilə paralel – cavabı olmayan bir çox suallar doğurması BMT-nin insanabənzər robotların iştirak etdiyi Sİ sammitində də etiraf edilib. 2023-cü il iyunun 6-da BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyi (The International Telecommunication Union (ITU)) texnoloji agentliyi tərəfindən Cenevrədə keçirilən “Tərəqqi üçün süni intellekt qlobal zirvəsi” ( “AI for Good Global Summit”) mövzusunda sammit təşkil edilib. Sammitdə qlobal texnoloji şirkətlərdən, eləcə də universitetlərdən və beynəlxalq təşkilatlardan 3000-ə yaxın mütəxəssis Sİ-dən bəşəriyyətin tərəqqisi yönündə istifadə olunmasını təmin etmək üçün ortaq baxışlar yaratmağa çalışıb. Sammit iştirakçıları tədbirdə onların ardınca maraqla boylanan insanabənzər robotlardan heyrətə gəlib. Qeyd edilib ki, cəmi bir neçə ay əvvəl generativ Sİ dünyanı lərzəyə salıb və sonrakı müddətdə onun sürətli inkişafına bənzər heç nə görünməyib. Yeni zəka formasının bizdən daha ağıllı ola bilməsi ehtimalı düşündüyümüzdən çox yaxındır” [6].

Hazırda çoxşaxəli istiqamətlərdə – tədqiqatçılar, jurnalistlər, özəl şirkətlər, ictimai qurumlar və vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla getdikcə artan aktorlar Sİ-nin inkişafının və istifadəsinin nəticələrinin, məsələn, milli təhlükəsizliyin, fundamental insan hüquqlarının pozulması və s. mənfi təsirlərə səbəb ola biləcək təhdid və risklərin xəritəsini yaratmağa səy göstərirlər [23].

Bundan əlavə, bütün dünyada tənzimləyicilər mövcud qanunların bu zərərlərə qarşı nə dərəcədə müqavimət göstərə biləcəyini və ya onlardan müdafiəni təmin etmək üçün yeni tənzimləyici tədbirlərə ehtiyac olub-olmadığını qiymətləndirməyə başlayır [7].

Məsələn, Avropa Komissiyası hazırda Aİ-nin hüquqi nizamı ilə bağlı belə bir qiymətləndirmə aparır. Aparılan tədqiqatlarda Sİ və sosium münasibətlərinin, Sİ-nin sosial nəticələrinin müsbət və mənfi tərəflərinin konseptual mənzərəsi, sistemləşdirilməsi və təsnifatı barədə danışmaq hələlik tezdir [9].

Xüsusən də sosial nəticə texnokratik sistemləri deyil, insan amilinin həlledici/mərkəzi olduğu sistemlər nəzərə alınarsa, olduqca geniş miqyasları əhatə edir:

Bəzi tədqiqatçılar Sİ-nin mənfi sosial nəticələrini 3 istiqamətdə fərqləndirməyi təklif edir:

  1. Sİ-nin fərd/şəxsiyyət səviyyəsində mənfi nəticələri;
  2. Sİ-nin təşkilati/kollektiv səviyyəsində mənfi nəticələri
  3. Sİ-nin sosium-cəmiyyət səviyyəsində mənfi ziyanları/nəticələri [15].

Əgər diqqət edilsə, 1-ci və 2-ci səviyyələrdən fərqli olaraq, sosial miqyaslı: cəmiyyət səviyyəsində mənfi nəticələr hələlik diqqətdən kənarda qalır. Halbuki, əvvəlki iki səviyyə ilə müqayisədə onun əhəmiyyəti nəinki azaldıla bilməz, birmənalı olaraq, əksinə diqqət mərkəzində olmalıdır. Üstəlik, sosial sistemlər nəzəriyyəsini yada salsaq, Sİ-nin inkişafı və tətbiqinin fərdlərə/şəxsiyyətlərə və kollektivlərə/institutlara təsirinin aradan qaldırılmasının mexanizmləri heç də həmişə sosium səviyyəsində adekvat sayıla bilməz. Nəticə etibarilə, Sİ-nin tənzimlənməsi ilə bağlı mövcud olan, yaxud hazırlanan qanunvericilik bazası cəmiyyət müstəvisində işlək ola bilmir, natamamlıq riskini daşıyır. Yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi də bu boşluqları aradan qaldırmaq üçün uğurlu həll sayılmaz, ya da Sİ-nin mənfi təsirinə məruz qalan ictimai maraqları adekvat şəkildə qoruya bilməz.

Hazırda həyata keçirilən hüquqi qiymətləndirmələr və bununla bağlı risk təhlili, ilk növbədə, Sİ-nin əsasən şəxslərə/fərdlərə, nisbətən daha az dərəcədə müəyyən qruplara və ya institutlara/kollektivlərə mənfi təsirinə diqqət yetirir. Bununla yanaşı, Sİ sistemlərinin tətbiqi və istifadəsi şəxsi və kollektiv ziyanlardan fərqli olan, bu çərçivələri aşan cəmiyyət miqyaslı ictimai təhdidlərə də səbəb ola bilər. Məsələn, Sİ sistemlərindən ictimai-siyasi proseslərə ziyan vurmaq, qanunun aliliyini pozmaq və ya etnik-milli münasibətlərə nifaq salmaq və s. risklərin olması – bu fakt şəxs çərçivəsindən artıq kənara çıxır, bütövlükdə cəmiyyətə təsir edir [5, s.291].

Ayrılıqda şəxsi: bir və ya bir neçə şəxsin maraq və hüquqlarının pozulması halında baş verir. Məsələn, üztanıma sistemindən qanunsuz-qərəzlə istifadə (istər hüquq-mühafizə kontekstində, istərsə də digər işlərdə) qanunsuzluğa səbəb olur. Təbii ki, bu cür halda belə, Sİ-nin təsirinin nəticələri sırf fərdi xarakter daşımır, cəmiyyətin də maraqlarına toxunur. Eynilə müəyyən kollektiv, təşkilat, yaxud institusional çərçivədə Sİ-nin qərəzli tətbiqi riskləri olarsa, burada çərçivə yenə də nisbətən məhdud olur. Məhdudluq əsasən dəyən ziyanın miqyasını nəzərdə tutur.

Sİ-nin tətbiqinin arzuolunmaz sosial-sosietal nəticələri ictimai ziyan və təhlükənin bir və ya bir neçə yöndə ictimai maraqları qanunazidd olaraq haqsız pozulduğu zaman baş verir. Əvvəlki misallardan fərqli olaraq, ictimai ziyan nə bir şəxsin, nə də bir qrup insanın deyil, ümumi sosiumun maraqlarına, dolayısilə dövlətçilik mənafeyinə zidd olur. Məsələn, Sİ əsaslı seçici manipulyasiyası, ümumilikdə ictimai maraqlara toxunan qanunun aliliyi, bərabər hüquqlar, sosial təhlükəsizlik və s. hallarda söhbət bütövlükdə milli maraq və təhlükəsizliyə xələl gətirməkdən gedir ki, bu da fərdi maraqların məcmusundan kənara çıxır. Vətəndaşların maraq, mənafe və hüquqları qanunla qorunur. Bu sahədə vurulan ziyanlar sadəcə statik məzmunlu deyil. Ziyan, təhdid anlayışları bir cəmiyyətin normativ çərçivəsi ilə birlikdə zaman gedişində dəyişir. Maraqlar çoxşaxəli, məsələn, ictimai, siyasi, hüquqi, mənəvi-mədəni, psixoloji, maddi-maliyyə və s. xarakter daşıya bilər.

Beləliklə, bu gün üçün Sİ-nin sosial nəticələrinin 1.fərd/şəxsiyyət, 2.kollektiv/institusional və 3.sosium/sosial sistem səviyyələrində konseptuallaşdırılması prosesi davam edir. Bu istiqamətdə aparılan fəaliyyətin qeyd edilən reallıq səviyyələrini nəzərə alması, fərqləndirilməsi faydalıdır.

 

  1. Süni intellektin tətbiqinin siyasi nəticələri: “2008-ci ildən başlayaraq seçkilər sosial şəbəkə işi olub, 2024-cü ildə isə süni intellekt

seçkiləri olacaq”

 

Amerikalı araşdırmaçıların fikrinə görə, ABŞ-da 2024-cü il seçkilərində ChatGPT-generativ Sİ botlarının aparıcı olduğu texnologiyaların siyasi texnologiya vasitəsi qismində formalaşma ili kimi həlledici olacaq. Məlum olduğu kimi, 2008-ci ildən başlayaraq, seçkilərdə “sosial media” faktoru önəmli rola malik olub və siyasi texnologiya vasitəsinə çevrilib. 2016-cı ildə ABŞ-da prezident seçklərində bu ölkənin özündə, həm də H.Klintonun özünün əleyhinə tətbiq edildi. 2016-cı ildən qlobal siyasiləşmə proseslərinin ikinci mərhələsi başlanğıcını götürüb. Növbəti hadisə İngiltərədə keçirilən Brexit referendumunun da sosial şəbəkə istifadəçilərinin siyasi mübarizəyə cəlb edilməsi oldu.

“Cambridge Analytica” şirkəti ilə əlaqədar qalmaqal iki milyard istifadəçinin şəxsi məlumatından ibarət nəhəng bazanın Feysbuk tərəfindən sui-istifadəsi ilə bağlı dərin narahatlıq yaratdı. Sosial psixologiyada mövcud olan “homofiliya nəzəriyyəsi”nə görə, eyni siyasi-ideoloji baxışlara və zövqlərə malik olan insanlar bir-biri ilə ünsiyyətə meyillidirlər. Bu da onları hədəf qrupları qismində asanlıqla yönləndirməyə, arzu edilən siyasi seçimə sövq etməyə imkan verir [16].

Bir çox tədqiqatlarda aparıcı Sİ texnoloqları dezinformasiya və saxta məlumatların ağlagəlməz yayılma sürətinin asanlıqla tirajlanmasının baş verdiyi 2024-cü seçki ili “dəhşətlərinin” mənzərəsini təsvir edir. Bu mənzərə ən qısası belə təsvir edilə bilər: “Gördüyünüz və ya eşitdiyiniz heç bir şeyə inana, etibar edə bilməyəcəksiniz”. “Google” şirkətinin sabiq rəhbəri Erik Şmidt bildirib ki, bundan sonra seçki kampaniyaları “hər kəsin yarada biləcəyi saxta məlumatlarla dolu olacaq”. Sİ indi mediada heç bir şeyə etibar etməməli olduğumuzu təsdiqləyən böyük bir faktora çevrilir. Artıq ilk gördüyünüz heç bir kadra, heç bir videoya və heç bir səsə də etibar etməməlisiniz” [19]. Artıq ABŞ prezidenti Co Baydenin sabiq aparat rəhbəri Ron Kleyn müsahibəsində Sİ əsaslı hücumlara qarşı mübarizə aparmaq üçün gələcək seçki kampaniyasının dəyişdirilməsinin vacib olduğunu bildirib: “Bayden ancaq seçki kampaniyasında olan insanlarla birbaşa əlaqə saxlamalı və “kənardan təsadüfi insanları gətirmək” əvəzinə, kampaniya gedişində yerli, ən etibarlı messencerləri işə götürməlidir”.

 

  1. Süni intellekt tətbiqlərinin mediaya təsirinin sosial nəticələri: ChatGPT müəllifli media və Sİ əsaslı dipfeyklə mübarizə problemi

 

Təsəvvür etmək çətin deyil ki, sata/fale məlumatların ən son və ən təhlükəli formalarından olan “dipfeyk” (deepfake) Sİ-nin ən yeni texnoloji imkanları ilə hansı səviyyəyə qalxa bilər. Sİ əsaslı “deepfake” “dərin saxtakarlıq” mənasını verir və demək olar “həqiqətdən fərqlənməyən saxta xəbərlər” erasının başlanğıcı deməkdir [8]. Bu metod Sİ (neyro şəbəkələr) vasitəsilə hər hansı insanın orijinala tam bənzəyən saxta video-foto görüntüsünün yaradılaraq gerçək kimi qələmə verilməsini mümkün edir. “Dipfeyk” fenomeni istənilən adamın, siyasi və ictimai rəy liderlərinin, prezidentlərin və digər məşhur şəxslərin orijinaldan fərqlənməyən, reallıqdakı mimika və jestlərini yaratmaq üçün siyasi şantaj, saxta “rüsvayçı” videolar və s. yollarla qeyri-sabitliyə rəvac vermək üçün istifadə edilə bilər. Hollivud ulduzlarının dipfeyk metodu ilə “rüsvayçı” videoları bütün internet məkanını bürüyəndən sonra onun tətbiqi “Reddit”də qadağan edilib. İlk dəfə 2017-cı ildə tətbiq edilən yeni texnologiya son illərin ən qorxulu kəşfi kimi bəyan edilib. ABŞ Konqresində senatorlar onu milli təhlükəsizliyə təhdid kimi dəyərləndirib.

Sİ tərəfindən yaradılan fotoşəkillər, görüntü və dipfeyk videolar xəbər lentlərini doldurduqca, medianın, informasiya agentliklərinin və istifadəçilərin də onların həqiqiliyini yoxlamaq üçün hansı alətlərə malik olduğu ilk və mühüm sualdır. Medianın Sİ sahəsində yeni çağırışlara hazır olmaları ayrıca fundamental sualdır. “Demokratiya Sİ-nin yaratdığı dezinformasiya çəyirtkəsi tərəfindən tamamilə məhv edilə bilər” [11].

 

  1. İctimai səhiyyə və təbabət sahəsində süni intellektin tətbiqi 

 

Görünməmiş müsbət yeniliklərə yol açan Sİ-nin təbabətdə tam bir innovasiya “partlayışı” yaratdığı qeyd edilir. Sİ-nin bu sahədə də təhdid yarada biləcək sosial nəticələri olmamış deyil. Hazırda olduqca geniş yayılmış robot cərrahiyyəsi, xəstəxanalarda qeydiyyat və diaqnoz robotları və s. çoxsaylı tətbiqlərin müvafiq olaraq qeyri-müəyyən tərəfləri də mövcuddur. İş o səviyyəyə çatıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin mayında robot cərrahiyyə sahəsinə məsul şəxsləri, xəstələrə və istehlakçılara xidmətlər təklif edilməmişdən əvvəl sübuta əsaslanmayan faydaların nümayiş etdirilməsi ilə bağlı fəaliyyətləri barədə xəbərdarlıq etməyə məcbur olub. Məsələni bu proseslərin müvafiq qanunverici əsaslarının hələlik hazırlanmaması daha da qəlizləşdirir. Məsələn, bir istehsalçı cərrahi robot cihazını xəstəxanaya satır, həkimlərə cihazla əməliyyat aparmaq üçün etibarnamə verir. Burada istehsalçının həmin cihazla bağlı satın alan xəstəxananı xəbərdar etmək öhdəliyinin olub-olmaması qanunla qeyri-müəyyəndir. İstehsalçı hesab edir ki, robot cərrahiyyə əməliyyatını həyata keçirən həkimə xəbərdarlıq etdiyi üçün başqa tərəfi – xəstəni xəbərdar etmək kimi vəzifəsi yoxdur. Reallıqda baş vermiş bu hadisə nəticəsində yaranan şikayətlə ABŞ Ali Məhkəməsi razılaşmayıb. Çünki həkim əsasən məhsulun alıcısı olmayıb. Məhkəmə müəyyən edib ki, səhiyyə sektoru robot cərrahiyyə vasitələrinin istehsalçılarını, alıcıları tibbi cihazların mümkün təhlükələri barədə xəbərdar etməyi tələb edib. Xəstəxanalarda əməliyyat edən həkimlərə xəbərdarlıq etməklə bağlı ehtiyac var. Məhkəmə istehsalçının cihazı satın alan xəstəxananı xəbərdar etmək öhdəliyi barədə qərar çıxarmayıb. Nəticədə, alınan qərarlar tərəflər üçün hər hansı ciddi nəticə verməyib. Beləliklə, Sİ əsaslı təbabət hadisəsi kimi ilk məhkəmə şikayəti “Taylor intuitiv cərrahiyyəyə qarşı” işində Vaşinqton ştatının Ali Məhkəməsi qərara gəlib ki, təhlükəli tibbi məhsulların istehsalçıları, konkret deyilsə, Sİ ilə işləyən robot cərrahiyyə cihaz hansı xəstələrin cərrahiyyə əməliyyatı üçün riskli namizəd ola biləcəyi ilə bağlı təhlükələr barədə xəstəxanaları xəbərdar etməyə borcludur” [18].

Həmçinin, geniş yayılmış generativ Sİ laboratoriya təhsili olmayan insanlara son illərdə bəşəriyyətə pandemiya təhlükəsini yaşadan viruslara bənzər cisimləri müəyyən etməyə, hətta DNT skrininq üsulu ilə əldə etməyə, istehsalına və sui-istifadəsinə imkan verə bilər.

Daha dəhşətlisi, məsələn, kimya üzrə Sİ ilə məşğul olan şirkətlərin fəaliyyətidir. Misal üçün, 96 milyon kimyəvi birləşmədən ibarət data baza götürülür. Bu birləşmələr müxtəlif məlum xüsusiyyətlərə malikdir. Bu naməlum birləşmələrin xassələrini proqnozlaşdırmaq üçün data bazanın təhlili Sİ-yə öyrədilir. Beləliklə, Sİ yeni dərmanlar da, yeni zəhərlər də, yeni müdhiş vuruslar da yarada bilər [24].

Sİ əsaslı təbabət innovasiyalarını saymaqla bitməz. İnsanları depressiyadan, tənhalıqdan xilas edən çatbotlar və s. sahələrdə Sİ-nin mütləq səmərəliliyini müəyyən etmək hələlik çətindir. Çünki bu insan həyatının ən vacib sahəsi olan sağlamlıqla bağlı olduğu üçün burada baş verən səhv addımlar insanlara həyatları bahasına başa gələ bilər.

  

  1. Süni intellektin sosial elmlərdə tətbiqləri

 

“Generativ süni intellekt” sistemləri, yeni nəsil çatbotlar sosial elmlərdə insanlararası münasibətləri və davranış modellərini öyrənmək üçün diqqət mərkəzinə gəlib.

Sosioloqlar ChatGPT və digər məzmun/mətn və təsvir yaratma vasitələrini idarə edən Sİ sistemlərinin insan davranışlarını, inancları və dəyərlərini daha yaxşı başa düşmək üçün istifadə oluna biləcəyi yönündə tədqiqatlar aparırlar [2].

Məlumdur ki, geniş dil modelləri (GDM; Large Language Models (LLM)), generativ Sİ alətləri istifadəçilərin suallarına Sİ sistemlərinə veb-saytlardan, kitablardan və digər məlumatlardan, mətnlər üzərindən cavab verməyə imkan verən sözlər arasındakı əlaqə və nümunələri tapır, müəyyən edir.

Sosial elmlərdə də tədqiqatçılar müxtəlif əhali qrupları arasında insan davranışının və sosial qarşılıqlı əlaqələrin ümumi modelini axtarmaq üçün sorğular, anket sualları, müşahidələr, davranış testləri və digər vasitələrdən istifadə edirlər. Tədqiqatlar daha böyük bir qrupu təmsil etmək üçün nəzərdə tutulmuş insanların alt qrupu üzərində (respondentlərlə) aparılır.

Bu baxımdan, çatbotlar insan hərəkətlərini təqlid etmək üçün müşayiət məktublarından tutmuş marketinq mətnlərinə və kompüter kodlarına qədər geniş istifadə olunur. Bəzi sosioloqlar hətta Sİ-nin insan davranışındakı əsas məsələlərə yeni yanaşmalar təklif edə, bununla da eksperimentlərin vaxtını və xərclərini azaltmağa kömək edə biləcəklərini araşdırırlar. Həmçinin, sosioloqlar insan qərarlarının qəbulu, əxlaqı və insan olmağın nə demək olduğunu göstərən bir sıra digər mürəkkəb atributlarla bağlı məsələləri həll etmək üçün geniş dil modellərindən (GDM; LLM) necə istifadə edə biləcəyi üzərində çalışır. Burada əsas metod tədqiq edilən insan iştirakçılar əvəzinə Sİ əsaslı geniş dil modellərindən istifadə edilməsidir. Mətn, dil, nitq və s. insanın təməl sosial-psixoloji keyfiyyətləri olduğu üşün generativ Sİ-nin əsasını təşkil edən geniş dil modellərinin müəyyən dərəcədə insanları nümunə olaraq əvəz edə biləcəyi nəzərə alınır [17].

Xüsusilə də ictimai rəyin öyrənilməsi proseslərində geniş dil modellərinin təlim alətləri ilə daha məhdud sayda anket-sorğu vərəqələri və s. ənənəvi sosial elm metodları ilə toplanan məlumatlardan daha çox insanın perspektivlərini əks etdirən cavablar yarada biləcəyinə ümid edirlər. Artıq bu sahədə alimlər gender və ya irqi əsaslı qərəzli münasibət, ayrı-seçkilik kimi rəylərin, eləcə də zaman gedişində mədəniyyətdə individualizmin – fərdiyyətçiliyin və kollektivizmin necə dəyişdiyini aşkara çıxarmaq üçün mətnlərdəki söz birləşmələrini – assosiasiyaları təhlil etməyə nail olublar. Nəticədə, tədqiqatçılar ChatGPT-nin mühakimələrinin nə qədər insan mühakimələrinə olduqca bənzər olmasını aşkara çıxarıb. Faktiki olaraq istənilən sorğuya ardıcıl (lakin həmişə dəqiq deyil) cavab verən ChatGPT və istənilən obrazı təsəvvür etməyə imkan verən Dall-E kimi proqramlar sayəsində generativ Sİ alətləri son aylarda heyrətə gəlmiş humanitar və sosial elmi ictimaiyyət tərəfindən də maraqla öyrənilir, tətbiq edilir.

ABŞ-ın Şimali Karolina Universitetinin psixologiya və nevrologiya üzrə professoru, sosial elmlərdə ictimai rəy və ChatGPT ilə bağlı tədqiqatın həmmüəllifi Kurt Qrey qeyd edir: “Əvvəlcə təcrübələrin məhdudiyyətsiz olacağını düşünürdüm. Lakin ChatGPT API sisteminə 16 mənəvi-əxlaqi, dəyər ssenarilərini daxil edib, sonra onun cavablarını 464 digər ssenari üzrə qiymətləndirərkən, Sİ sisteminin cavablarının 95% insan cavabları ilə korrelyasiya olunduğunu müəyyən etdim. Yekun olaraq, tədqiqatçı öz həmkarlarına ritorik olmayan belə bir maraqlı sual ünvanlayır: “Əgər siz GPT-yə istədiyiniz sualları verə bilirsinizsə və sonucda insanların sizə verdiyini ala bilirsinizsə, o zaman bu sualları insanlara da vermək lazımdırmı, buna ehtiyac varmı? Siz cəmiyyəti təmsil edən hər bir insan kimi mürəkkəb modellərin miqyasını genişləndirə və ondan istifadə edə bilərsiniz”. Göründüyü kimi, ictimai rəyin öyrənilməsi, cəmiyyətdə davranış və münasibətlər aspektində Sİ sistemlərinin təhlil edlməli olduqca çox ssenari və variantlar təqdim edə bilir. Yeni araşdırmaların müəllifləri hesab edirlər ki, bu, ən azı simulyasiya edilmiş iştirakçılardan istifadə edən tədqiqatlarda hipoteza-fərziyyə irəli sürmək üçün istifadə edilə, daha sonra ictimai birlik və insan qruplarında təkrar tətbiq edilə/təsdiqlənə bilər”.

Sİ və onun sosial elmlərdə tətbiqi ilə bağlı gəlinən əsas qənaətlər bundan ibarətdir:

  1. Geniş dil modelləri (GDM-LLM) potensial olaraq məlumatların toplanılması üçün respondentləri – insan iştirakçılarını əvəz edə bilər, çünki onlar istehlakçı davranışı kimi sahələrdə real sorğu cavabları yaratmaq qabiliyyətini artıq nümayiş etdirib.
  2. Sosial elmlərdə Sİ-nin tətbiqi sosial qruplarla bağlı sonradan təsdiq oluna bilən fərziyyələr yaratmaq üçün yeni yollar açır.
  3. GDM-lər böyük potensial təklif etsə də, çox vaxt sosial qruplarda mövcud olan stereotipləri istisna edir və onları öyrənən tədqiqatçılar üçün əhəmiyyətli problem yaradır.

 

  1. Süni intellektin cəmiyyətdə iqtisadi proseslərə təsiri

 

Şübhəsiz ki, Sİ texnologiyalarının tətbiqinin sosial nəticələri dedikdə ağıla gələn ilk sahə iqtisadi münasibətlərdir. Sİ-nin bizim işimizi əlimizdən alacağı ilə bağlı onlarla məqalə var. Sİ-nin asanlıqla 4 günlük iş həftəsinə gətirib çıxaracağını proqnozlaşdıran iqtisadçıların Sİ-nin üstünlük təşkil etdiyi iqtisadiyyatın mənzərəsi ilə bağlı maraqlı baxışları var.

Xəbər başlıqlarında ən çox yer alan da “Sİ iş yerlərinizi əlinizdən alacaq, məşğulluğa, əmək bazarına mənfi təsir edəcək, onlarla peşə ləğv olunacaq, ilk növbədə qadınların çalışdığı peşələr Sİ-nin təsirinə məruz qalacaq və s.” məlumatlardır desək, yanılmarıq. Gerçəklikdə isə Sİ-nin geniş mənada əmək bazarına necə təsir edəcəyi barədə həqiqət çox mürəkkəbdir. Məsələn, Sİ-nin iqtisadi sahədə sosial nəticələrinin nə dərəcədə güclü və potensial dağıdıcı ola biləcəyi ilə bağlı real postulatların müəyyən edilməsidir [14].

Hələlik, dünyanın ən qabaqcıl texnoloji, iqtisadi və s. profilli şirkətlərində Sİ ilə bağlı “alqı-satqı bumu”nun baş verməsinə şahidlik edilir. Sİ-də liderlik yarışı yeni korporativ satınalmalar və investisiyalar dalğasına təkan verir, çünki texnoloji şirkətlər müştərilərə qızğın texnologiyalara münasibətlə ayıq-sayıq olduqlarını göstərməyə çalışırlar. Hər bir qurum Sİ strategiyasına malik olduğunu sübut etmək üçün bu sahənin startaplarına milyardlarla vəsait xərcləyir.

“Silikon vadisi”ndə intensiv Sİ ilə “silahlanma yarışına” təkan verilib. Bir neçə həftə ərzində “Microsoft” və “Alphabet”ə məxsus “Google” iqtisadiyyatın yeni infrastruktur mühərriki olacağına inandıqları Sİ-yə nəzarəti ələ keçirmək üçün bütün korporativ strategiyalarını dəyişdilər. “Microsoft” ChatGPT və Dall-E-nin yaradıcısı “OpenAI”-a 10 milyard dollar sərmayə qoyub və generativ Sİ-nin Office proqram təminatı və axtarış sistemi “Bing”-ə inteqrasiya etmək planlarını açıqlayıb. “Google” ChatGPT-nin uğuruna cavab olaraq qurumda “qırmızı kod” korporativ fövqəladə vəziyyət elan etdi və axtarış yönümlü “Bard” adlı chat-botunu bazara çıxardı. 2023-cü il fevralın 7-də “Microsoft”un baş direktoru Satya Nadella “Google”a meydan oxuyaraq, “Bu gündən yarış başlayır. Hərəkət edəcəyik və sürətlə hərəkət edəcəyik!” deyə açıqlama verib [4].

Məşhur “Thomson Reuters” şirkəti özünün hüquq üzrə Sİ köməkçisi “Casetext” startapına 650 milyon dollar ödəyib. Salesforce Ventures generativ Sİ fondunun həcmini iki dəfə – 500 milyon dollar artırdığını bildirib. “Google”, “Microsoft” və digər şirkətlərin vençur bölmələri Sİ ilə startaplara fəal şəkildə sərmayə qoyur. Maraqlı olan konsaltinq və texnologiyadankənar şirkətlər də Sİ-yə investisiyalarını artırırlar. Enerji, kimya, metallar, mədənçıxarma və əczaçılıq sənayelərində Sİ xidmətləri təklif etmək fəaliyyəti görünməmiş miqyasa çatıb. Ölkəmizdə də yaxşı tanınan PwC şirkəti növbəti üç il ərzində Sİ layihələrinə və 65.000 nəfərlik işçi qüvvəsinin ixtisasının artırılmasına 1 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. PwC-nin proqnozçuları Sİ-nin 2030-cu ilə qədər qlobal iqtisadiyyatı 15 trilyon dollardan çox artıra biləcəyini proqnozlaşdırırlar. Tədqiqatçılar hesab edirlər ki, bu, yalnız başlanğıcdır: generativ Sİ bütün iş dünyasını şəkilləndirəcək, yaradıcılığa və elmi kəşflərə yol açacaq, bəşəriyyətə əvvəllər olmayan ağılasığmaz nailiyyətlər, iqtisadi fayda əldə etməyə imkan verəcək.

Hazırda mütəxəssislərin fikrincə, Sİ-nin potensial hesablama gücü hər altı aydan bir-iki dəfə artır. Bu şəraitdə Sİ-nin hətta gələn il nə edə biləcəyini dəqiq proqnozlaşdırmaq çətinləşir. Artıq “OpenAI” şirkətinin ChatGPT sistemi tarixdə ən sürətlə böyüyən istehlakçı proqramı kimi salnaməyə düşüb. İşə salındıqdan cəmi iki ay sonra 100 milyon aktiv istifadəçiyə çatması ilə ümumilikdə Sİ-nin dünya iqtisadiyyatını görünməmiş şəkildə yenidən formalaşdıracağı, transformasiyaya uğradacağı labüddür. “Goldman Sachs” analitik şirkətinin hesabatına görə, Sİ-nin avtomatlaşdırılması qlobal miqyasda 300 milyon iş yerinə təsir göstərə və qlobal ÜDM-i ildə 7% və ya 7 trilyon dollar artıra bilər. MkKinsey hesabatında qeyd edilib ki, “hazırkı generativ süni intellekt və digər texnologiyalar bu gün işçilərin vaxtının 60-70%-ni əhatə edən iş fəaliyyətlərini avtomatlaşdırmaq potensialına malikdir” [13].

PwC-nin hesabatında Çində iş yerlərinin 26%-ni, Böyük Britaniyada isə 20%-ni yaxın iyirmi il ərzində Sİ-nin əvəzləyəcəyi bildirilir. Müstəqil maliyyə analitiklərinə görə, Sİ yaxın zamanda iş yerlərinin təxminən 80%-ni köhnəldə, sıradan çıxara bilər [12].

MkKinsey şirkətinin əhatəli hesabatına görə, Sİ-dən əldə olunan gəlirin 75%-i dörd sənaye sahəsindən – müştəri əməliyyatları, marketinq və satış, proqram təminatının inkişafı və elmi tədqiqatdan gələcək. Şirkət neyron şəbəkələrdən istifadənin 63 variantını nəzərdən keçirib. Onların arasında Sİ-nin müştərilərlə qarşılıqlı əlaqəni saxlamaq, satış məzmunu yaratmaq və istifadəçilərin istəyi ilə proqramlar yazmaq qabiliyyəti var. Həmçinin, generativ Sİ iqtisadiyyatın bütün sektorlarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Məsələn, bank işində Sİ-nin gücündən tam istifadə olunarsa, texnologiya ildə 200-340 milyard dollar arasında gəlir gətirə bilər. Pərakəndə satışda Sİ hər il əlavə 400-660 milyard dollar qazana bilir. Neyroşəbəkələr həmçinin işçilərin iş vaxtının 70%-ni ala bilən rutin tapşırıqları avtomatlaşdıraraq onları azad edir. MkKinsey hesab edir ki, texnologiya inkişaf etdikcə və təkmilləşdikcə neyron şəbəkələr vasitəsilə iş axınının transformasiyası sürətlənəcək. Bunun hesabına 2040-cı ilə qədər əmək məhsuldarlığının ümumi artımı ildə 0,1-0,6% artacaqdır. Digər avtomatlaşdırma texnologiyaları ilə birlikdə işçilərin səmərəliliyi növbəti iki onillikdə 0,2-3,3% arta bilər [20].

 

NƏTİCƏ

Təbii və süni zəka: əməkdaşlıq, yoxsa qarşılıqlı özünüməhvə aparan yolun seçimi sosial elmlərin ortaq səylərindən çox asılıdır

Generativ Sİ və yeni nəsil çatbotların (ChatGPT və s.) kəşfi bütün dünyada sensasiyaya çevrildi. Bu güclü texnologiyaların onların necə tətbiq olunacağına qərar verilməsi ictimai müzakirələr keçirilmədən cəmiyyətin bütün sahələrində tətbiq edilməsi təhlükəli bir tendensiyadır.

2022-ci ilin noyabr ayından “OpenAI” tərəfindən ChatGPT botunun buraxılması ilə ilk növbədə ali məktəblərdə tələbələrin yazdığı akademik yazıların ənənə olaraq tarixə qovuşması qeyd edildi. Bot şifahi dildə suallara cavab verə, kompüter kodlarının yazılması, rəsm çəkilməsi, dietik menyuların tərtib edilməsi və s. təsəvvürəgəlməz digər tapşırıqları yerinə yetirə bilməsini sübut etdi. Hazırladığı cavabların çox ardıcıl və inandırıcı olmasına baxmayaraq, bəzən səhvlərə yol verməsi, saxta faktlar yaratması kimi halları Sİ tədqiqatçıları “hallüsinasiya” fenomeni adlandırdı. Saxta bağlantılarla bağlı narahatlıqlar son vaxtlar bir sıra elmi jurnalların akademik məqalələrdə ChatGPT və oxşar vasitələrin istifadəsini qadağan və ya ciddi şəkildə məhdudlaşdırmasına səbəb oldu.

Getdikcə yeni texnologiyanın real və virtual dünyada sonsuz cinayətlərə yol aça biləcəyi, onlayn fırıldaqçılıqdan tutmuş zərərli proqramların yazılmasına qədər müxtəlif qeyri-qanuni sxemlər üçün tətbiq ediləcəyi ilə bağlı narahatlıqlar müzakirəyə çıxarıldı. Bu, təsadüfi sayıla bilməz. Çünki cəmi bir neçə on il əvvəl sosial şəbəkələr də əvvəlcə demokratiyanı gücləndirəcək bir yenilik kimi təqdim olunmuşdu, lakin onlar dezinformasiya yayaraq onu xaos yarada biləcək siyasi texnologiyalara transformasiya etdi. Şəbəkə – Feysbuk, Tvitter inqilabları baş verdi. Sİ-nin oxşar şəkildə istifadə ediləcəyini güman etmək reallıqdır.

Yeni texnologiyalar şəxsi məlumatların sui-istifadəsi, ümumilikdə məxfiliyin məhv edilməsi yönündə əlavə risklər yaradır. ABŞ-ın sabiq dövlət katibi Henri A.Kissincerin fikrincə, Sİ texnologiyaları insan yaradıcılığını, təfəkkürünü sarsıtmaq potensialına malik olmaqla, həm də dərin psixoloji effektə malikdir. Çünki informasiya rasional ağılı, təbii müdrikliyi “repressiyaya uğradır”.

Bəzi təhlillərdə Sİ-nin bəşəriyyətin yox olmasına səbəb olacağı ilə bağlı qorxular aydın şəkildə əsaslandırılıb. Reallıq bundan ibarətdir ki, bu qədər yüksək stavkaların ortaya qoyulduğu texnologiyanın gələcəyini sadəcə Sİ üzrə mütəxəssislərin, hətta texnoloji şirkət rəhbərlərinin də öhdəsinə buraxmaq olmaz. Onun başgicəlləndirici inkişaf templərinə adekvat olaraq, təcili hüquqi tənzimləmə yollarının müəyyən edilməsi, mövcud “məsuliyyət daşıyan yoxdur” kimi vakuumun aradan qaldırılması vacibdir. Bu proses heç bir sahə ilə müqayisə oluna bilməyən qlobal iştirak tələb edir.

Sİ-yə qlobal iş dünyasının qeyri-adi marağı, birbaşa investisiyaların düşünmədən yatırılması onun ziyanlı sosial nəticələrini də gücləndirə bilər. Artıq indidən Sİ startap şirkətləri satın almaqla, özəlləşdirməklə, işçi qüvvəsini kütləvi ixtisar etməklə, yeni sahəyə yüksək dividendlər ödəməklə fantastik məbləğdə sərvətlər əldə etmək olar. Digər tərəfdən, ChatGPT və digər Sİ texnologiyaları cəmiyyətdə və iş yerində total nəzarəti, daha sərt iş şəraitini, çevik iş saatlarını və s. təşkil etməklə insanlara sosial təzyiqi maksimum dərəcədə artırmağı daha da asanlaşdıracaq.

Sual oluna bilər ki, texnologiyalar tarix boyu həmişə olub. Yeni tətbiqlər texnoloji sıçrayışlar və əsasən müsbət nəticələr verib. XXI əsrin iqtisadi mühiti tamamilə fərqlidir. Sİ texnologiyaları bazara yeni gələnlər üçün əhəmiyyətli bir “giriş maneəsi” yaradır və bazarın konsentrasiyasına meyillidir. Bu potensial inhisarlaşma (sui-istifadə təhlükəsi ilə birlikdə) o deməkdir ki, dünya ölkələri, elmi ictimaiyyət təcili olaraq bu texnoloji sıçrayışın mümkün nəticələri barədə düşünməlidir. Texnokrat-milyarder iş adamı Elon Mask “Google” və “Deep Mind” şirkətlərinin bu sahədə monopoliya yaratması ilə bağlı təhlükələri gördükdən sonra Sİ ilə bağlı tədqiqat aparan şirkət yaratmaq qərarına gəlib.

Sİ savaşına qoşulan, milyardlarla sərmayə qoyan və bu prosesə qoşulmayan ölkələr var. Potensial inhisarlaşma – imkanlardan sui-istifadə təhlükəsi ilə birlikdə bu o deməkdir ki, xüsusilə prosesə qoşulmayan ölkələr bu texnoloji sıçrayışın mümkün nəticələri barədə təcili düşünməlidir.

Təbii intellekti, insanları əvəz etmək üçün istifadə oluna biləcək istənilən texnologiya təkcə iş yerləri üçün deyil, həm istehlakçılar, həm investorlar, bütövlükdə bəşəriyyət üçün total risk və təhdidlər yaradır.

Bu məqalə çərçivəsində Sİ tərəfindən yaradılan risklərin və rəqabətin sosial nəticələrinin kiçik bir qisminə toxunuldu. Proseslərin hərbi-siyasi, aşkar geosiyasi təsirləri, informasiya müharibəsində, seçki texnologiyalarında tətbiqləri, ictimai rəyin manipulyasiyası, rejimdəyişdirici siyasi texnologiyalarda tətbiqləri və s. hər bir ölkəni potensial hədəfə çevirə bilər.

Tədqiqatın yekunu olaraq bəzi qənaətlərə gəldikdə:

v Dünya elmi ictimaiyyəti Sİ texnologiyalarının inkişafında insan mərkəzli, insana xidmət edən prinsipləri rəhbər tutulmasını təmin etmək üçün indiki vaxtda hərəkətə keçməsə, sonra çox gec ola bilər.

v İlk olaraq, çıxış yolu qismində bəşəriyyətin maraqlarının maddi-texnoloji maraqlardan önə keçməsi, müxtəlif məqsədli tətbiqlərin ziyanlı sosial nəticələrinin aradan qaldırılması, hüquqi tənzimlənməsi üçün ortaq qlobal qurumlar təsis edilə bilər. Həmin qurumların lokal təmsilçilikləri yaradıla, birgə fəaliyyət əlaqələndirilə bilər.

v Xüsusilə ictimai maraqların qorunması istiqamətində Sİ-nin sosial nəticələrinin müəyyən edilməsi üçün qanunvericilik sahəsində nəzərə alınmalı olan üç “ictimai” mexanizm qeyd edilə bilər. Bunlar:

  1. Sİ-nin sosial nəticələri ilə bağlı hesabatlılığın artırılması üçün ictimai nəzarət mexanizmləri, o cümlədən ictimai rəylə əks əlaqəni təmin etmək yolu ilə davamlı qiymətləndirmələr;
  2. Sİ-nin cəmiyyətə təsiri ilə bağlı elmi tədqiqat əsaslı (evidence-based) araşdırmaların aparılması, məlumatın toplanılması və yayılmasını təmin etmək üçün ictimai monitorinq mexanizmləri;
  3. şəxsiyyət, institutlar və cəmiyyət səviyyəsində təsirlərlə bağlı məlumatların əldə edlilməsi, şəffaflıqla bağlı ictimai qərarların qəbulu.

Qeyd edilən məqamlar hazırda Sİ-nin sosial nəticələrinin tənzimlənməsi ilə bağlı həyata keçirilən yeni qanunvericiliklərdə Sİ hüququ və Sİ idarəçiliyi kimi yeni sahələrin adekvat inkişaf etdirilməsi ilə sıx bağlıdır.

 

 

 İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

 

İngilis dilində:

  1. AI researchers call upon new German government to back autonomous weapons treaty. November 1, 2021. // https://autonomousweapons.org/ai-researchers-call-upon-new-german-government-to-back-autonomous-weapons-treaty/?utm_source=ActiveCampaign&utm_medium=email&utm_content=FLI+ November+ 2021+Newsletter &utm_campaign=FLI+November+2021+Newsletter
  2. AI Revolution: Simulating Human Behavior for Groundbreaking Social Science. // https://neurosciencenews.com/ai-social-science-research-23488/
  3. An Overview of National AI Strategies. // https://medium.com/politics-ai/an-overview-of-national-ai-strategies-2a70ec6edfd
  4. Artificial Intelligence May Be Coming For Your Job. // https://www.forbes.com/sites/jackkelly/2023/05/24/artificial-intelligence-may-be-coming-for-your-job/?sh=3a7c1b9878b6
  5. Bayamlıoğlu, E., & Leenes, R. (2018). The ‘rule of law’ implications of data-driven decision-making: A techno-regulatory perspective. Law, Innovation and Technology, 10(2), 295-313. – https://doi.org/10.1080/17579961.2018.1527475
  6. ChatGPT probably beat you at the philosophy baccalaureate… and he wasn’t even all the way. // https://www.gearrice.com/update/chatgpt-probably-beat-you-at-the-philosophy-baccalaureate-and-he-wasnt-even-all-the-way/
  7. Council Europe. (2019). Terms of reference for the Ad hoc Committee on Artificial Intelligence (CAHAI). // https://www.coe.int/en/web/artificial-intelligence/cahai
  8. Deepfake AI (deep fake). // https://www.techtarget.com/whatis/definition/deepfake
  9. European Commission (2020c). White Paper on Artificial Intelligence—A European approach to excellence and trust (White Paper COM(2020) 65 final).
  10. Henry A. Kissinger, Eric Schmidt, and Daniel Huttenlocher, The Age of AI: And Our Human Future, Little, Brown and Company, 2021, 272 p.
  11. https://www.aspenideas.org/?utm_source=newsletter&utm_medium=email&utm_campaign=newsletter_axiosam&stream=top
  12. https://www.businesstoday.in/technology/news/story/ai-could-probably-make-80-of-jobs-obsolete-ai-guru-ben-goertzels-revelation-380911-2023-05-11
  13. Is AI coming for your job? These are the workers who will be replaced first, according to experts. // https://www.thestar.com/business/is-ai-coming-for-your-job-these-are-the-workers-who-will-be-replaced-first/article_240fe68b-854e-53b7-b0f9-9c1ca2319b0c.html?
  14. Is AI Coming for Your Job? // https://hbswk.hbs.edu/item/is-ai-coming-for-your-job//
  15. Smuha, N. A. (2021). Beyond the individual: governing AI’s societal harm. Internet Policy Review, 10(3). – https://doi.org/10.14763/2021.3.1574
  16. Social media and everyday politics, re-examined. // http://culturedigitally.org/2017/04/social-media-and-everyday-politics-re-examined/
  17. Social scientists look to AI models to study human behavior. // https://www.axios.com/2023/06/24/social-scientists-look-to-ai-models-to-study-human-behavior?utm_source=newsletter&utm_medium=email&utm_campaign=news letter_axioslogin&stream=top
  18. Taylor V. Intuitive Surgical Inc. (Majority and Dissent). // https://law.justia.com/cases/washington/supreme-court/2017/92210-1.html?utm_source=newsletter&utm_medium=email&utm_campaign=newsletter_axioslogin
  19. The 2024 presidential race is the AI election. // https://www.axios.com/2023/06/27/artificial-intelligence-ai-2024-election-biden?utm_source=newsletter&utm_medium=email&utm_campaign=newsletter_axiosam&stream=top
  20. The economic potential of generative AI: The next productivity frontier. June 14, 2023 | Report. // https://www.mckinsey.com/capabilities/mckinsey-digital/our-insights/the-economic-potential-of-generative-AI-the-next-productivity-frontier#industry-impacts
  21. Turing, Alan.”Computing Machinery and Intelligence”. Mind, 1950, pp. 433-460.
  22. Who were the Luddites? // https://www.history.com/news/who-were-the-luddites
  23. Zuiderveen Borgesius, F. J. Discrimination, artificial intelligence, and algorithmic decision-making [Study.2018]. Council of Europe, Directorate General of Democracy. // https://rm.coe.int/discrimination-artificial-intelligence-and-algorithmic-decision making/1680925d73

 

Rus dilində:

  1. Искусственный интеллект: спасет или уничтожит человечество. // https://radiokp.ru/podcast/dialogi/679569

 

Tahira Allahyarova

 SOCIAL IMPLICATIONS OF THE DEVELOPMENT AND APPLICATION OF ARTIFICIAL INTELLIGENCE TECHNOLOGIES

 Abstract

The article discusses the social effects and consequences of the implications of artificial intelligence technologies, Generative Artificial Intelligence, as one of its latest forms and a new generation of chat bots.

The author characterizes Artificial Intelligence as the engine of the 4th industrial revolution, the global technological revolution and a new challenge to humanity. It is noted that the results of the AI will affect the radical reconfiguration of the global division of labor, the restructuring of technological chains and, as a result, the reshaping of world economic and political power.

The use of new generation Aİ technologies in all regions of the world and the use of their capabilities for various purposes can lead to very serious social consequences, disruption of political and international stability, the emergence of new migration waves, the spread of extremist ideologies, the growth of international terrorism and organized crime.

The article deals with the study of the social consequences of artificial intelligence. The results of the use of Artificial Intelligence in political, economic, media and journalism, education, health and social sciences are analyzed. It is also emphasized that social networks were initially presented as an innovation that strengthens democracy, but later transformed into political technologies capable of creating disinformation and chaos.

In the final part, the author presents his conclusions regarding the socio-political consequences of the processes, their use in the information conflict, electoral technologies, manipulation of public opinion, threats and ways and mechanisms to prevent their possible use for political purposes.

Keywords: Artificial intelligence (AI), Generative Artificial Intelligence, Society, Social Impact and Consequences, ChatGPT, New Generation of Chat Bots, AI and social sciences, AI and economic processes, AI law, AI governance

 

Тахира Аллахьярова

 СОЦИАЛЬНЫЕ ПОСЛЕДСТВИЯ РАЗРАБОТКИ И ПРИМЕНЕНИЯ ТЕХНОЛОГИЙ ИСКУССТВЕННОГО ИНТЕЛЛЕКТА

 Резюме

В статье рассматриваются социальные эффекты и последствия внедрения технологий искусственного интеллекта, генеративного искусственного интеллекта, одной из его новейших форм и нового поколения чат-ботов.

Автор характеризует искусственный интеллект как двигатель 4-й промышленной революции, глобальной технологической революции и нового вызова человечеству. Отмечается, что результаты СИ повлияют на коренную перенастройку глобального разделения труда, перестройку технологических цепочек и, как следствие, на переформирование мировой экономической и политической власти.

Применение ИТ-технологий нового поколения во всех регионах мира и использование их возможностей в различных целях может привести к весьма серьезным социальным последствиям, нарушению политической и международной стабильности, возникновению новых миграционных волн, распространению экстремистских идеологий, росту международного терроризма и организованной преступности.

В статье рассматривается исследование социальных последствий искусственного интеллекта. Анализируются результаты применения искусственного интеллекта в политической, экономической, медиа- и журналистике, образовании, медико-санитарных и социальных науках. Также подчеркивается, что социальные сети изначально преподносились как нововведение, укрепляющее демократию, но позже трансформировались в политические технологии, способные создавать дезинформацию и хаос.

В заключительной части автор представляет свои выводы относительно социально-политических последствий процессов, их использования в информационном конфликте, избирательных технологий, манипулирования общественным мнением, угроз и способов и механизмов предотвращения их возможного использования в политических целях.

Ключевые слова: искусственный интеллект (ИИ), генеративный искусственный интеллект, социальное воздействие и последствия, ChatGPT, чат-боты нового поколения, общество, ИИ и социальные науки, ИИ и экономические процессы, право ИИ, управление ИИ

---------------