Şəhrizad İMANOVA
Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalının psixoloqu, Bakı Dövlət Universitetinin dissertantı
(Bakı, Azərbaycan)
E-mail: shehrizadimanova@gmail.com
Xülasə. Fərdlərin zəkasının sosial ölçüsünü ifadə edən emosional zəka ilə bağlı araşdırmalara baxdığımızda emosional zəka fərdlərin özünü tanımasına, məqsədlərinə çatmasına, duyğularından xəbərdar olmasına, həyatdan həzz almasına, motivasiyasına, empatiyasına, konstruktiv düşünməsinə, digər fərdlərlə münasibətlərini idarə etməsinə, sağlam və şüurlu qərarlar qəbul etməsinə kömək edir.
Hüquq-mühafizə orqanı işçilərinin fəaliyyətində emosional zəka problemlərin həllində və eləcə də şəxsiyyətlərarası münasibətlərdə təzahür edən bir zəka növü olaraq ortaya çıxır. Xidməti fəaliyyət zamanı əməkdaşların sabit koqnitiv məntiqi intellekt səviyyələri, yəni yüksək “IQ” səviyyələri həmin şəxslərin uğurlu olacağını söyləmək üçün kifayət deyil, onların şəxsi, emosional, sosial və həyatla əlaqəli ölçüləri əhatə edən intellekt səviyyələri bir sıra hallarda özünü sübut edir.
Bu məqalədə polis əməkdaşlarının emosional intellekt amili təhlil edilmiş, mövzuya dair ədəbiyyat nümunələri araşdırılmış, eləcə də D.Kolemanın müəllifi olduğu “Emosional intellektin qiymətləndirilməsi testi” və stress göstəricilərinin ölçülməsi üçün nümunə (“Percieved stress scale”) tərcümə edilərək sınaqdan keçirilmişdir. Test nəticələri SPSS proqramı vasitəsilə hesablanmış və sosiodemoqrafik faktorlar əsasında müqayisəli təhlil edilmişdir.
Tədqiqat iştirakçıları Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalında müayinə və müalicə üçün müraciət edən şəxslər arasında təsadüfi seçmə ilə müəyyən edilmişdir.
Məqalənin nəzəri və tədqiqat materialları əsasında bu xidmətdə çalışan əməkdaşlara, eləcə də tədqiqatçılara müvafiq tövsiyələr hazırlanmışdır.
Açar sözlər: polis əməkdaşları, ekstremal situasiyalar, psixi sağlamlıq, xidməti çətinliklər, emosional intellekt, stress amili
Giriş
Emosional intellekt duyğuları tənzimləyən bir sistemdir, fərdin öz duyğularını, sonra isə digər insanın emosiyalarını dərk etməsidir. Emosiya və hisslərimiz həyat haqqında bir çox məlumatların mənbəyidir və emosiyaların tərkibindəki ifadələri təhlil etmək bacarığı fərdə enerji verir, fərdləri aktivləşdirir və fərddə motivasiya yaradır. Duyğuların davranışa təsir etdiyini bilmək və sağlam davranışda olmaq üçün duyğulardan istifadə etmək mühüm bacarıqdır [8, s.8].
Bir insanın müsbət və mənfi davranışlar arasındakı fərqi dərk edərək həm özü, həm də digər fərdlə quracağı ünsiyyət üçün ifadələrini müsbət bir şəkildə təşkil edərək qarşılıqlı əlaqədə olması emosional zəkanın göstəricisidir.
Bu göstərici ilə öz emosiyalarından və başqalarının emosional vəziyyətlərindən xəbərdar olan fərdlər ünsiyyət prosesində öz duyğularını və bu duyğuları əks etdirən ifadələri lazımi yerlərdə istifadə edərək daha effektiv ünsiyyət quracaqlar.
Bu vəziyyət “İQ” və “EQ” anlayışlarının bir-birinə zidd olmadığını, əksinə bir-biri ilə dinamik qarşılıqlı əlaqədə olduğunu göstərir. Bu kontekstdə düşünmə, əsaslandırma, qərarvermə, qavrayış, problemi həlletmə və düşünmə kimi idrak proseslərinin effektivliyi emosional qabiliyyətlərin mövcudluğundan asılıdır. Bu o deməkdir ki, onların IQ-ləri eyni dərəcədə yüksəkdir. Emosional zəkanın olmaması fərdlərin şəxsi həyatından iş həyatına, cəmiyyətlə münasibətlərindən öz sağlamlıqlarına qədər bir çox sahədə pis nəticələrə səbəb ola bilər [10, s.12-14].
Emosiyalar ətraf aləmi dərk etmək, düşüncə və davranışlarımızı mənalandırmaqda mühüm rola malikdir. Emosiyalar haqqında müxtəlif tədqiqatların aparılmasına, onların öyrənilməsinə xüsusi önəm verilməsinə baxmayaraq emosional intellekt XX əsrin sonlarından etibarən xüsusi bir anlayış kimi öyrənilməyə başlanılmışdır.
1920-ci ildə Thordike tərəfindən intellektin mexaniki, mücərrəd və sosial olmaqla 3 forması müəyyənləşdirilmişdir. Emosional intellektin Thordikenin sosial intellekt olaraq adlandırdığı intellekt formasına çox bənzər olduğunu deyə bilərik. Bu isə emosional intellektin fərqli adlarla daha öncədən öyrənilməyə başlanıldığını göstərir.
1983-cü ildə Gardner irəli sürdüyü “Çoxtərəfli intellekt” nəzəriyyəsində emosional intellekt terminini işlətməsədə onun qeyd etdiyi şəxsiyyətə yönəlik (intrapersonel) və şəxsiyyətlərarası (interpersonel) intellekt emosional intellektin təməli rolunu oynayır. Şəxsiyyətə yönəlik intellekt fərdin öz hisslərini, şəxsiyyətlərarası intellekt isə digər insanların hiss və niyyətlərini anlama və qavrama bacarığıdır [6, s.62-64].
“Emosional intellekt” termini elmə ilk dəfə Salovey və Mayer (1990) tərəfindən gətirilmişdir. Emosional intellektin 3 hissədən ibarət olduğunu qeyd edirdilər:
- Fərdin özünün və başqalarının hisslərini dəyərləndirməsi;
- Emosiyaların müəyyənləşdirilməsi;
- Emosiyaların problemlərin həll edilməsində istifadə edilməsi (çevik planlama, yaradıcı düşünmə, motivasiya).
Goleman 1996-ci ildə “Emosional intellekt” kitabında intellektin 2 forması olduğunu qeyd etmişdir [7, s.34]:
- Rasional intellekt;
- Emosinal intellekt.
Bir-birindən tamamilə fərqli olan bu intellekt formaları həyat tərzimizin formalaşması və davranışımızın müəyyənləşdirilməsində qarşılıqlı əlaqədə iştirak edirlər. Rasional intellekt düşüncəyə əsaslanır və şüurludur, emosional intellekt isə spontan, güclü və bəzən məntiqsiz qavrama və dəyərləndirmə tərzidir.
Kuper və Savaf 1997-ci ildə “Executive EQ” adlı kitablarında emosional intellektin 4 cəhətdən ibarət olduğunu qeyd edib.
- Emosional savadlılıq: fərdin hissləri və onların necə təsirə malik olması haqqında məlumatlı olması
- Emosional uyğunluq: emosional olaraq çeviklik və sərtlik göstərməsini ifadə edir
- Emosional dərinlik: hisslərin yaranma və intensivlik səviyyəsini göstərir
- Emosional kimya: emosiyaların yaradıcılığı oyatması üçün istifadə edilməsi.
Mayer və Salovey 1997-ci ildə emosional intellekt haqqında nəzəriyyələrinə müəyyən dəyişiklik və əlavələr ediblər. Emosional intellekt hissləri dərk etmək, onları düşüncəyə yardımcı olacaq şəkildə yönləndirməkdir. Emosional savadlılıq hissləri emosional və rasional inkişaf etməyi dəstəkləyəcək şəkildə formalaşdırmaqdır.
Mayer, Salovey və Karusonun emosional intellekt modeli 4 hissədən ibarətdir [11, s.39-40]:
- Emosional dərk etmək və adlandırma;
- Düşüncənin emosional olaraq yüngülləşdirilməsi;
- Emosional anlayış və mühakimə;
- Emosional idarəetmə.
Ekman (1992), Epstein və Brodski (1993), həmçinin Kolemanın (1996) fikirlərinə əsasən emosional intellektin xüsusiyyətləri haqqında aşağıdakı nəticələrə gəlmək olar:
- Emosional vəziyyətlərdə emosional intellekt rasional intellektdən daha cəld işlək vəziyyətə gəlir və nə etdiyini düşünmədən hərəkətə keçir. Emosional intellekt təhlükəyə qarşı qoruyucu funksiya daşıyır. Ekstremal və ani vəziyyətlərdə necə edək, nə edək düşünmədən bizi hərəkətə keçirir. Məsələn, balkondan düşmək üzrə olan uşağını xilas edən ana kimi. Emosiyaya səbəb olan hadisə ilə emosiyaların yaranması arasındakı zaman çox sürətlidir. Bu səbəbdən qavranılanı düşünərək qərar verməyə vaxt olmur. Bəzən bu sürətlilik qavramada dəqiqliyi itirir. Misal üçün gec gəldiyi üçün evə pəncərədən gizlin daxil olmağa çalışan qızını oğru zənn edib öldürən ata kimi.
- Emosional intellektin məntiqi assosiativdir. Bir həqiqəti və ya onun hər hansi bir anını xatırladan məqamları həqiqətin bütünü kimi qəbul edir. Emosional intellektə görə əsas bir şeyin necə göründüyü və necə qavranıldığıdır. Onun bizə nəyi xatırlatması nə olmasından önəmlidir. Bir hadisənin hər hansı xüsusiyyəti keçmişdəki emosional bir hadisənin xatirəsinə uyğunluq göstərirsə, emosional intellekt keçmiş hadisə ilə bağlı hisslərlə yeni hadisəyə reaksiya verir.
- Emosional intellekt uşaq kimidir. Bu xüsusiyyəti emosiyalar artdıqca artır.
- Emosional intellekt situativdir. Həmin anda dominant olan hansı hisslərdirsə, onun əsasında yaranır [7, s.34-36].
Emosional intellektin əsas cəhətlərini 5 qrupda toplamaq olar.
- Emosiyalarının fərqində olmaq. Hər hansı bir vəziyyətdə və anda nə hiss etdiyinin fərqində olmaq emosional intellektin əsasını təşkil edir. İnsanın özünü anlaması və daxilini görə bilməsi üçün bu əsasdır. Emosiyalarının fərqində olan və nə yaşadığını dəyərləndirə bilən fərd psixi sağlamlığının fərqində olur, şəxsi məsələlərdə daha düzgün qərarlar verir, sərhədlərini müəyyənlşdirə bilir və s.
2.Emosiyaları idarə etmək. Hansı hisslər keçirdiyinin fərqində olmaq onları daha adekvat formada idarə etməyə və yönəltməyə imkan verir. Bu emosional intellektin digər əsas cəhətidir. Özünü sakitləşdirmək, ələ almaq, inciklik, gərginlik, bədbinlik kimi halların öhdəsindən gəlmək və s bu kimi hallar nəzərdə tutulur. Bu xüsusiyyəti yüksək olan insanlar qarşılaşdıqları uğursuz və çətin situasiyalarda daha tez özlərini ələ ala və vəziyyətdən çıxa bilirlər.
- Özünü motivasiya etmək. Bir insanın özünü motivasiya edə bilməsi üçün hisslərini bir məqsəd ətrafında toplaması əsas şərtdir. Bunun üçün onun ani duyğuların qarşısını ala bilməsi və anlıq həzzi ertələməyi bacarması əsas cəhətdir.
- Başqalarının hisslərinin fərqində olmaq. Empatiya qura bilmək, insanların nə yaşadığını anlamaq 4-cü əsas xüsusiyyətidir. Empatiya hissi olan insanlar başqalarının ehtiyaclarını, tələbatlarını, nə hiss etdiklərini və yaşadıqlarını göstərən siqnallara daha həssas olurlar və tez fərqinə varırlar.
- Münasibətləri davam etdirmək. İnsanlarla münasibətlər qurmaq, onları davam etdirmək və qoruya bilmək sonuncu əsas xüsusiyyətdir. Bu, bacarıq liderlik, insanlar arasında populyar olmaq və seçilən biri olmaq üçün əsas özəllikdir.
Emosional intellektin inkişaf etməsində yaş, ailə və cinsiyyət əsas faktorlar kimi qeyd edilir. Emosional intellekt körpəlikdən etibarən inkişaf etməyə başlayır. Bu inkişaf dövründə ailənin uşağa qarşı tutumu, tərbiyə üsulu və valideynlərin özləri arasındakı münasibət və hisslərini ifadə tərzləri əsas rol oynayır. Uşaqlara hisslərini ifadə tərzi böyüklər tərəfindən ötürülür [7]. Virginiya Satir (1994) “People making” adlı kitabında ailələri insan istehsal edən fabrikə bənzətmişdir. Alınan nəticə ailədəki böyüklərin emosional cəhətdən nə dərəcə dəstəkləyici olmalarından asılıdır. Yaxın əlaqələrdə özümüzü necə görəcəyimizi, başqalarının bizim hisslərimizə necə reaksiya verəcəyini, yaşadığımız hissləri necə dəyərləndirə biləcəyimizi, necə ifadə edəcəyimizi öyrənirik. Bəzi valideynlər yüksək bacarıqlı müəllimlər olduğu halda, bəziləri çox yetərsiz olurlar.
Cinsiyyət emosional intellektin inkişaf etməsində mühüm rol oynayır. Çünki cəmiyyətdə cinsimizə görə bizə rollar yüklənir, gözləntilər və tələblər qoyulur, yanaşma şəkli müəyyən edilir. Qız və oğlan övladlar fərqli emosional yanaşma ilər böyüdülür. Brodi və Hall qeyd edir ki, valideynlərin qız və oğlan övladlarını əzizləyərkən dedikləri sözlər və hətta səs tonları belə fərqli olur [2, s.396].
Emosional intellekt şəxsiyyətlərarası münasibətlərdə xüsusilə partnyor və peşəkar münasibətlərdə mühüm rol oynayır. Emosional intellektin yetərincə formalaşmaması insanlararası münasibətlərdə, xüsusilə qadın-kişi münasibətlərində problemlərin yaşanmasına səbəb olur [10, s.13].
Emosional öyrənmə müddətinə bağlı olaraq qadınlarda və kişilərdə fərqli bacarıqlar formalaşır. Qadınlar sözlü, sözsüz emosional siqnalları oxumaqda, hissləri ifadə etməkdə və göstərməkdə ustalaşarkən, kişilər incimək, günahkarlıq, qorxu və acı ilə bağlı hisslərini minimuma endirməkdə bacarıq sahibidirlər. Qarşılıqlı münasibətlərdə bu fərqliliyi nəzərə almamaq yaranan problemlərin əsasını təşkil edir.
Emosional intellekt peşəkar münasibətlərin düzgün qurulmasında mühüm rol oynayır. Empatiya bacarıqları yüksək olan insanlar bu münasibətləri daha düzgün qura və idarə edə bilirlər [1, 2].
Müəlliflər tərəfindən empatiya ilə sosiallaşma, sosial həssaslıq və cəmiyyətə adaptasiya arasında düz, aqressiv davranışlar arasında tərs mütənasib əlaqə olduğu göstərilmişdir [4, s.327].
Şübhəsiz, emosional intellektin yetərincə inkişaf etməməsi yalnız bu münasibətlərdə deyil, həyatın müxtəlif tərəflərində çətinliklər yaşamağımıza və bir sıra psixoloji problemlərə səbəb olur.
Metodlar
Tədqiqat 2024-cü ildə Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hərbi hospitalında müalicə alan polis əməkdaşları ilə fərdi şəkildə aparılmışdır. Təsadüfi seçmə ilə 20 nəfər polis işçisi ilə aparılan sorğularda ilk növbədə tədqiqata dair informasiya verilmiş, onlara sorğuları cavablandırmaqda könüllülük, informasiyaların konfidensial olması məqamlarına dair məlumat verilmişdir.
Tədqiqatda ilk növbədə sosiodemoqrafik məlumatları əks etdirən anket sualları təqdim edilmişdir. Suallarda iştirakçının cins, yaş, təhsil, ailə, maddi gəlir səviyyəsi, iş yeri, iş saatları, iş stajına dair məqamlar öz əksini tapmışdır.
Emosional intellektin ölçülməsi üçün D.Kolemanın “Emosional intellektin ölçülməsi testi” tətbiq edilmişdir. Ədəbiyyatlara istinadən qeyd etmək lazımdır ki, emosional zəkanın müxtəlif modellərini inkişaf etdirən müxtəlif nəzəriyyələr var. Onlar çox oxşardırlar, lakin onların quruluşunda bir neçə variasiya var. Daniel Kolemanın modeli ilk olaraq 1998-ci ildə beş domenlə hazırlanmış və 2002-ci ildə dörd domenlə yenidən işlənmişdir.
D.Koleman qeyd edir ki, “Emosional intellekt öz hisslərimizi tanımaq və idarə etmək, eyni zamanda başqalarının hisslərini tanımaq və onlara effektiv cavab vermək qabiliyyətinə aiddir”.
Test a) özünü dərk etmə; b)emosiyaları idare etmə; c) özünümotivasiya etmə; d) empatiya; e) sosial bacarıqları əks etdirən 50 bənddən ibarət olub şəxsin özü tərəfindən 1,3,5 cavablandırma meyarları ilə qiymətləndirilir.
Hər 5 komponent üzrə ümumi bal hesablanır və aşağıdakı kimi fərqləndirilir:
35-50 – yuxarı göstərici;
18-34 – orta göstərici;
10-17 – aşağı göstərici.
Toplanmış məlumatlar SPSS (27-ci versiya) proqramına yığılmış və müqayisəli təhlil aparılmışdır.
Əməkdaşların stress səviyyəsini ölçmək üçün “Qazanılan stress şkalası”ndan istifadə edilmişdir. Percieved stress scale (PSS) stress qavrayışını ölçmək üçün ən çox istifadə edilən psixoloji alətdir. Bu, insanın həyatındakı vəziyyətlərin nə dərəcədə stresli kimi qiymətləndirilməsinin ölçüsüdür.
Alət ilkin olaraq 1983-cü ildə hazırlanmış olsa da, müxtəlif vəziyyətlərin hisslərimizə və qəbul edilən stressimizə necə təsir etdiyini anlamağa kömək etmək üçün məşhur seçim olaraq qalır. Bu şkaladakı suallar şəxslərin son bir ayda hiss və düşüncələrini soruşur. Hər bir halda, onlardan nə qədər tez-tez hiss etdiklərini və ya müəyyən bir şəkildə düşündüklərini bildirmələri xahiş olunacaq. Bəzi suallar oxşar olsa da, onlar arasında fərqlər var və iştirakçılar hər birinə ayrıca sual kimi baxmalıdırlar. Suallarda ümumi xarakter daşıyır və buna görə də hər hansı alt qruplara xas məzmundan azaddır. PSS-dəki suallar son bir ay ərzində hisslər və düşüncələr haqqında soruşulur. Nəticələr hesablanarkən:
0-13 bal arası aşağı stress göstəricisi;
14- 26 bal arası orta göstərici;
27 baldan yuxarı isə stressin yüksək həddini fərqləndirir.
Nəticələrin işlənilməsi
İlk növbədə iştirakçıların sosiodemoqrafik məlumatları deskriptiv təhlil edilib. Onların yaşı 27-48 arası dəyişib, orta göstərici 36,5±5,9 təşkil edib (min.27; maks.48).
İştirakçıların təhsil səviyyəsi orta və orta-ixtisas səviyyəsi ali təhsillə müqayisədə üstünlük təşkil edir. Belə ki, orta təhsili 45%; orta-ixtisas təhsilli 20%; ali təhsilli 35% olub.
Ailə vəziyyəti üzrə təhlil etdikdə əsasən ailəli şəxslər üstünlük təşkil edib (75% evli, 25% subay). İştirakçıların ailə tərkibi 6 nəfərə qədər dəyişib, əsasən isə 3-4 nəfərlik ailələr qeydə alınıb. Maddi vəziyyət, gəlir səviyyəsi üzrə müqayisə etdikdə isə orta gəlir səviyyəsi 75% üstünlük təşkil edib, 20% iştirakçı isə öz vəziyyətini yüksək qiymətləndirib.
Sosiodemoqrafik amillər sırasında polis işçilərinin iş saatları, iş stajı və qulluq etdikləri xidmət sahələri fərqləndirilib. Sorğu iştirakçılarının 6 nəfəri mühafizə polisində, 2 nəfəri çevik polis xidmətində 12 nəfəri isə fərqli mövqelərdə (sahə polisi, əməliyyatçı, inspektor və s.) çalışdığı üçün onlar digər kateqoriyalara aid ediliblər. İştirakçıların iş stajını və iş saatını əks etdirən nəticələr aşağıdakı diaqramda qeyd edilib:
Diaqram 1-də əks olunduğu kimi, əməkdaşlar 12 və 24 saatlıq iş saatları ilə fəaliyyət göstərir. Psixi sağlamlıq problemləri, stress, yorğunluq, nevroloji problemlər səbəbindən hospitala müraciət etmiş bu şəxslərdən 5 ilədək qulluq müddəti olan əməkdaş qeydə alınmamışdır. Əsasən 10 ildən çox xidmət edən şəxslərin psixi sağlamlğında müəyyən problemlər izlənilməyə başlanılmışdır.
Daha sonra iştirakçıların eosional intellektin ölçülməsi test nəticələri təhlil edilib. 5 əsas bölmə üzrə nəticələrin paylanılması cədvəl 1-də öz əksini tapıb. Cədvələ nəzər yetirdikdə aydın olur ki, özünüdərketmə 38,45±6,4; emosiyaları idarə etmə 32,05±7,09; özünümotivə etmə 37,3±7,2; empatiya bacarıqları 38,5±7,9; sosial bacarıqlar 36,85±9,7 olaraq dəyərləndirilir.
Həmçinin göstəricilər aşağı, orta və yuxarı hədd üzrə qiymətləndirildikdə hər bir bölmə üzrə yüksək və orta göstəricilər qeyd edilib. Yalnız emosiyaları idarəetmə üzrə aşağı göstərici izlənilir.
Eyni zamanda emosional intellekt testinin nəticələri arasında korrelyasiya amili ölçülüb və bəndlər arasında statistik əhəmiyyətli müsbət korrelyasiya aşkar edilib. Bu, bir daha nəticələrin özünü doğrultduğunu və göstəricilərin bir-biri ilə əlaqədar olduğunu qeyd etməyə imkan verir (p<0,005; p<0,001). Nəticələr cədvəl 2-də verilib:
Xidmət fəaliyyət zamanı polis əməkdaşlarının qarşılaşdıqları stresli vəziyyətlər onların psixi sağlamlığında öz təsirini göstərir. Həmin stress hallarının şəxs tərəfindən necə qəbul edildiyi ölçülüb və nəticələrin təhlili zamanı stress göstəriciləri 2-36 bal arası dəyişib, orta göstərici 16,9±9,6 təşkil edib, bu isə stressin aşağı və orta həddinin üstünlük təşkil etdiyini göstərir. Həmçinin aşağı, orta və yüksək hədd üzrə paylanmalara baxdıqda aşağı və orta göstərici ümumilikdə 80% təşkil edib, lakin 20% əməkdaş stressin yuxarı həddindən əziyyət çəkdiyini qeyd edib. Nəticələrin faizlər üzrə paylanması aşağıdakı diaqramda təsvir edilib.
Toplanmış nəticələrin deskriptiv təhlilindən sonra sosiodemoqrafik göstəricilər üzrə nəticələrin paylanması müqayisəli təhlil edilib. İlk növbədə əməkdaşların yaş amili üzrə göstəricilər müqayisə edilib.
Əməkdaşları 35 yaşdan yuxarı və aşağı iki nisbi qrupa böldükdə yaşı 35-dən az olan əməkdaşların emosional intellekt göstəriciləri üzrə emosiyaları idarə etmək bacarıqları 32,5±5,6; 35 yaşdan yuxarı olanlarda isə nisbətən az – 31,7±7,9 qeydə alınıb (F=0,7; p=0,38; t=-0,2, df=18). Özünüdərketmə amili üzrə də qruplararası nisbi fərq müşahidə edilib. Belə ki, 35 yaşdan aşağı şəxslərdə 39,71±5,4; 35 yaşdan yuxarılarda isə 37,7±7,03 qeydə alınıb. Empatiya amili üzrə də nisbi fərq qeydə alınıb, 35 yaşdan aşağı şəxslərdə 39,8±5,3; 35 yaşdan yuxarı şəxslərdə isə 37,7±9,2 (F=4,9; p=0,03; t=-0,5, df=18).
Özünü motivasiya etmək və sosial bacarıqlar bölmələrində isə 35 yaşdan yuxarı əməkdaşların nəticələri nisbətən üstünlük təşkil edib. Özünümotivasiya üzrə 35 yaşdan yuxarı şəxslərdə 37,8±6,7; sosial bacarıqlar 37,69±10; digər qrupda isə 36,2±8,5 və 35,2±9,7 qeydə alınıb (F=0,001; p=0,98; t=0,51, df=18).
Artan yaş amili ilə emosional intellekt göstəriciləri arasında korrelyasiya təhlil edilib. Məyyən edilib ki, emosional özünüdərk, emosiyaların idare edilməsi və empatiya ilə yaş amili arasında mənfi korrelyasiya əlaqəsi (r=-0,23; r=-0,12; r= -0,16; p>0,05); sosial bacarıqlar və özünümotivasiya üçün isə müsbət korrelyasiya vardır (r=0,043; r=0,021). Lakin p amilinin 0,05-dən yüksək olması alınan nəticələrin yalnız bu qrup üzrə doğru olduğunu, geniş kütlə üçün statistik əhəmiyyətli olmadığını göstərir.
Sosiodemoqrafik amillər sırasında təhsil faktoru ilə emosional intellekt göstəricilərini müqayisə etdikdə orta və ali təhsillilər arasında ciddi fərq aşkar edilməmişdir. Nəticələr aşağıdakı cədvəldə verilib.
Daha sonra şəxslərin iş amili üzrə təhlillər aparılıb və ayıdn olur ki, iş saatının artması ilə Eİ göstəriciləri arasında mənfi statistik əhəmiyyətli korrelyasiya vardır (r= -0,22; r=-0,4; r=-0,393; r=-0,509; r=-0,303; p<0,05). Alınan nəticəyə əsasən, demək olar ki, artan iş saatları şəxslərin emosional intellektinə, emosiyaları idarə etməsinə və sosial bacarıqlarına neqativ təsir göstərir. İş stajı, qulluq illəri ilə Eİ arasındakı korrelyasiya ölçüldükdə isə bir daha mənfi korrelyasiya aşkar edilib, şəxslərin daha çox xidmət göstərməsi onların Eİ artmasında heç bir nəticə verməyib (r=-0,52; r=0,003; r=-0,075; r=-0,042; r=-0,14; p>0,05). Lakin p əmsalının 0,05-dən yüksək olması bu göstəricilərin yalnız iştirakçılar arasında etibarlı olması faktını göstərir. Şəxslərin iş yerlərinə əsasən Eİ göstəriciləri təhlil edildikdə aşağı göstərici mühafizə polisi əməkdaşlarında izlənilib, çevik polis, digər strukturlarda işləyən əməkdaşlar, əməliyyatçılar, inspektorlar daha yüksək Eİ göstəriciləri nümayiş etdiriblər (özünüdərketmək 35,8±7,1; empatiya 36,3±5,5; özünümotivasiya etmək 34,3±6,2; sosial bacarıqlar 36,1±9,8; emosiyaları idarə etmək 33,1±2,2).
Qeyd edildiyi kimi əməkdaşlarla stress amilinin ölçülməsi üçün test tətbiq edilib və nəticələr Eİ nəticələri ilə müqayisəli təhlil edilib. Aydın olub ki, artan stress göstəriciləri ilə Eİ arasında statistik əhəmiyyətli mənfi korrelyasiya var (r=-0,53*; r=-0,49*; r=-0,28*; r=-0,54*; r=-0,34*; p<0,05). Bu isə bir daha göstərir ki, şəxslərin iş şəraiti, yaşadıqları stress onların emosional intellektində əsaslı olaraq rol oynayır.
Əməkdaşların iş saatlarını nisbi 2 qrupa böldükdə (10 ildən çox və az xidmət edənlər) aydın olub ki, 10 ildən çox xidmət edənlərin stress göstəriciləri daha yüksəkdir (17,65±9,9; 12,6±7,7; F=0,451; p=0,05; t=0,8; df=18). Şəxslərin iş saatları və qulluq illəri ilə qeydə alınan stress göstəriciləri arasında korrelyasiya təhlil edildikdə müsbət statistik əhəmiyyətli qeydlər aşkar edilib (r=0,23; r=0,513; p<0.05).
Nəticə və tövsiyələr
Aparılan tədqiqata əsasən qeyd etmək lazımdır ki, polis işçilərinin emosional intellekt göstəriciləri onların psixi sağlamlığında xüsusi yerə malikdir. Eİ göstəriciləri arasında daxili korrelyasiya bu amilin vacibliyini və əhəmiyyətini statistik olaraq da sübuta yetirir. Sosiodemoqrafik faktorlar sırasında şəxsin iş saatları və qulluq illəri onun Eİ göstəriciləri ilə mənfi korrelyasiya təşkil edib. Həmçinin yaşanan stressli situasiyalarla onların Eİ bacarıqları arasında mənfi korrelyasiya əlaqəsi aşkar edilib.
Ədəbiyyat nümunələrinin təhlili və tədqiqat nəticələrinə əsasən, polis işçilərinin Eİ göstəricilərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq seminar və məşğələlərin təşkili, eləcə də sosial istiqamətli tədbirlərin həyata keçirilməsi, qulluq illəri artdıqca yaşanan problemlərin vaxtında aşkar edilərək aradan qaldırılması tövsiyə edilir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
İngilis dilində:
- Abraham, R. (2005). Emotional intelligence in the workplace: A review and synthesis. // Emotional intelligence: An international handbook, 255-270.
- Brody, L. R., & Hall, J. A. (2008). Gender and emotion in context. // Handbook of emotions, 3, 395-408.
- Cooper, R. K. (1997). Applying emotional intelligence in the workplace. // Training & development, 51(12), 31-39.
- Nikolaou, I., & Tsaousis, I. (2002). Emotional intelligence in the workplace: Exploring its effects on occupational stress and organizational commitment. // The international Journal of organizational analysis, 10(4), 327-342.
- Zeidner, M., Matthews, G., & Roberts, R. D. (2004). Emotional intelligence in the workplace: A critical review. // Applied psychology, 53(3), 371-399.
Türk dilində:
- Erdoğdu, M. Y. (2008). Duygusal zeka’nin bazi değişkenler açisindan incelenmesi. // Elektronik Sosyal Bilimler Dergisi, 7(23), 62-76.
- Goleman, D. (1998). Duygusal zeka. İstanbul: Varlık Yayınları, 34.
- Güllüce, A. Ç., & İşcan, Ö. F. (2010). Mesleki tükenmişlik ve duygusal zekâ arasındaki ilişki. // Eskişehir Osmangazi Üniversitesi İİBF Dergisi, 5(2), 7-29.
- İşmen, A. E. (2001). Duygusal zeka ve problem çözme. // Marmara Üniversitesi Atatürk Eğitim Fakültesi Eğitim Bilimleri Dergisi, 13(13), 111-124.
- Tuğrul, C. (1999). Duygusal zeka. Klinik Psikiyatri, 1, 12-20.
- Yelkikalan, N. (2007). 21. yüzyilda girişimcinin yeni özelliği: Duygusal zekâ. // Girişimcilik ve Kalkınma Dergisi, 1(2), 39-51.
Shahrizad Imanova
PSYCHOLOGICAL ANALYSIS OF EMOTIONAL INTELLIGENCE IN LAW ENFORCEMENT OFFICERS (CASE STUDY: POLICE OFFICERS)
Abstract
Emotional intelligence (EI) helps individuals understand themselves, achieve goals, recognize emotions, enjoy life, stay motivated, empathize, think constructively, manage interpersonal, and make conscious, healthy decisions.
In the work of law enforcement officers, emotional intelligence plays a critical role in problem-solving and interpersonal interactions. While stable cognitive intelligence (IQ) levels are essential during service activities, they are insufficient on their own to ensure success. Intelligence encompassing personal, emotional, social, and life-related dimensions often determines effectiveness in practice.
This article examines the role of emotional intelligence among police officers. It analyzes relevant literature and employs the emotional intelligence test developed by D. Goleman and the perceived stress scale (PSS-10) to measure stress indicators. These tools were translated and administered, with results processed using SPSS software and compared across sociodemographic factors.
Participants in the study were selected through random sampling from individuals seeking examination or treatment at the Republic Hospital of the Ministry of Internal Affairs named after Arif Heydarov. Based on the theoretical framework and research findings, the article provides tailored recommendations for law enforcement personnel and researchers studying this area.
Keywords: police officers, extreme situations, mental health, service difficulties, emotional intelligence, stress factors
Шахризад Иманова
ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ ЭМОЦИОНАЛЬНОГО ИНТЕЛЛЕКТА У СОТРУДНИКОВ ПРАВООХРАНИТЕЛЬНЫХ ОРГАНОВ
(НА ПРИМЕРЕ СОТРУДНИКОВ ПОЛИЦИИ)
Резюме
Исследования эмоционального интеллекта, относящиеся к социальному измерению человеческого интеллекта, показывают, что эмоциональный интеллект помогает людям познавать себя, достигать своих целей, осознавать свои эмоции, мотивировать себя, сопереживать, мыслить конструктивно, выстраивать отношениями с окружающими и принимать здоровые и осознанные решения.
В работе сотрудников правоохранительных органов эмоциональный интеллект является важным компонентом, играющим ключевую роль в межличностных отношениях и в решении проблем. Стабильный уровень когнитивно-логического интеллекта (например, высокий уровень IQ) сотрудников недостаточен для того, чтобы гарантировать успешность выполнения служебных задач. Уровень интеллекта, охватывающий личностные, эмоциональные, социальные и жизненные аспекты, имеет решающее значение в ряде ситуаций.
В статье был проанализирован фактор эмоционального интеллекта у сотрудников полиции, приведена актуальная литература по теме, а также использованы тест эмоционального интеллекта Гоулмана и шкала воспринимаемого стресса (Perceived Stress Scale, PSS-10). Результаты тестирования были обработаны с помощью SPSS (statistical package for the social sciences) и сопоставлены с учетом социально-демографических факторов.
Участники исследования были отобраны методом случайной выборки среди обратившихся за обследованием и лечением в Республиканский Госпиталь МВД имени Арифа Гейдарова.
На основе теоретических и эмпирических материалов статьи даны рекомендации для сотрудников службе правоохранительных органов, а также для научных сотрудников.
Ключевые слова: сотрудники полиции, экстремальные ситуации, психическое здоровье, трудности службы, эмоциональный интеллект, стрессовый фактор