Maşallah SƏFƏROV

Bakı Dövlət Universitetinin doktorantı

(Bakı, Azərbaycan)

 

E-mail: masallah.safarov.roman@bsu.edu.az

ORCID: 0000-0001-5718-9754

UOT/UDC: 33

 

Xülasə. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair” Milli Prioritetlərdə qeyd olunmuş 5 əsas məsələdən biri də işğaldan azad edilmiş regionlara qayıdışın stimullaşdırılması, həmin ərazilərdə milli iqtisadiyyatın sahəvi inkişaf potensialının reallaşdırılmasından ibarətdir. Qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasından dərhal sonra Qarabağ regionunda bərpa və quruculuq işləri başlanmışdır. Perspektiv köçün təmin edilməsi və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə yol-infrastruktur layihələri reallaşdırılmış, telekommunikasiya xətlərinin bərpasına yer verilmişdir.

Məqalədə müştərək biznesin mahiyyəti açıqlanmaqla işğaldan azad edilən ərazilərdə müştərək biznesin inkişaf prioritetləri, hansı təsərrüfat sahələrinin müştərək biznesə cəlb edilə bilməsi məsələləri, eyni zamanda alternativ və innovativ maliyyə mənbələrinin həmin ərazilərdə müştərək biznesə cəlb edilməsi yolları araşdırılmış, müştərək sahibkarlıq fəaliyyətinin həmin ərazilərdə inkişafının PESTLE analizi aparılmışdır.

Açar sözlər: sahibkarlıq fəaliyyəti, müştərək, milli iqtisadiyyat, işğaldan azad edilmiş ərazilər, alternativ maliyyələşmə

 

 

Giriş

 

İşğaldan azad olunmuş Qarabağ regionuna vətəndaşların köçürülməsi hələ 2018-ci ilin may ayından etibarən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə olan köçlə start götürmüşdür. 2016-cı il Aprel döyüşlərinin məntiqi davamı olan 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi üçün Azərbaycan dövləti böyükmiqyaslı bərpa-tikinti işlərinə start vermişdir. Heç bir xarici maliyyə vəsaitlərini cəlb etmədən və beynəlxalq maliyyə institutlarından borc almadan reallaşdırılmaqda olan yenidənqurma layihələri üçün dövlət büdcəsindən təkcə 2021-ci ildə 2,2 mld. manat vəsait ayrılmışdır. 2022-ci ildə bu vəsait 2,7 mld. manat, 2023-cü ildə isə 4,8 mld. manat olmuşdur [2, 3, 4]. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik hesabatına əsasən, 2021-ci ildə dövlət büdcəsindən ayrılmış vəsaitin 99 %-ə qədəri (2,178 mld. manat) aidiyyəti üzrə icra edilmişdir. Belə ki, postkonflikt dövründə 1,6 mld. manat vəsait avtomobil yollarının layihələndirilməsi, tikintisi, bərpası, 261,1 mln. manat vəsait isə dəmir yolu xətlərinin bərpası və tikintisi üçün xərclənmişdir [7, s.37].

İşğaldan azad edilmiş regionların sosial-iqtisadi cəhətdən dirçəldilməsi və oraya yeni nəfəsin gətirilməsi üçün dövlətimizin qarşısında duran aktual məsələlərdən biri həmin ərazilərin minalardan təmizlənməsi olmuşdur. Məhz bununla əlaqədar olaraq 2021-ci ildə dövlət büdcəsindən ayrılmış 97,6 mln. manat vəsait ilkin xərc kateqoriyası kimi həmin ərazilərin minalardan təmizlənməsi üçün aidiyyəti üzrə istifadə edilmişdir. Habelə kadastr xidməti və məhsuldar torpaqların qiymətləndirilməsi üçün 67,2 mln. manat vəsait xərclənmişdir [7, s.37]. 2021-ci ilin sadalanan xərcləri ilə müqayisədə 2023-cü ilin müvafiq transfertləri təqribən iki dəfə artırılmışdır ki, bunun da əsasını yol-infrastruktur layihələrinin icrası, şəhərsalma və abadlaşdırma işlərinin sürətləndirilməsi, alternativ avtomobil yollarının salınması, “Ağıllı kənd” layihələrinin genişləndirilməsi və məşğulluğun təmin edilməsi, demoqrafik balansın yaradılması istiqamətində biznes subyektlərinin çoxaldılması üçün stimullaşdırma təbdirlərinə yönləndirilmişdir [7, s.37].

Qeyd olunduğu kimi, işğaldan azad edilmiş regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial-iqtisadi həyatın dirçəldilməsi fonunda özəl sahibkarlıq faəliyyətinin əvəzsiz rolu olacaqdır. Tədqiqat işinin predmetinə müvafiq olaraq işğaldan azad edilmiş regionlarda sahibkarlıq mühitinin formalaşması ilə müştərək (ortaqlı) biznesin inkişafına da əlaverişli şərait yaranacaqdır. Yuxarıda qeyd edilmiş statistik göstəricilər və eyni zamanda proqnozlaşdırılmış fəaliyyətlər məşğulluğun artırılması, işsizliyin azaldılması və həmin ərazilərdə müştərək biznes subyektlərinin perspektivlərinin yüksəldilməsi çərçivəsində aparılmış tədqiqat işinin aktuallığını göstərir.

 

Müştərək biznes strukturları

 

Müştərək biznesdən danışılarkən ilk növbədə “müştərək müəssisə” anlayışına diqqət yetirmək lazımdır. Ölkəmizdə və Qərb ədəbiyyatlarında bu tip müəssisələrin (joint ventures) xarakteristikası müxtəlif meyarlar üzrə müəyyənləşdirilmişdir. Belə ki, müştərək müəssisə dedikdə, beynəlxalq biznes əlaqələrinin çoxtərəfli istiqamətlərə daxil olan, təsərrüfatın təşkilinin spesifik hüquqi forması başa düşülür və o, aşağıdakı xüsusiyyətlərə malikdir [7, s.101]:

  1. Müştərək müəssisələr iki və daha çox təsərrüfat subyektinin aktivlərinin müəyyən qədər bölüşdürülməsi yolu ilə və ya müəssisədə payçı olan hər kəsin kapital qoyuluşu etməsi ilə yaradılır;
  2. Bu tip müəssisələr istehsal, məhsul (iş, xidmət) satışı, maliyyə, elmi-tədqiqat işlərinin aparılması sahəsində fəaliyyət göstərə bilər;
  3. Tərəfdaşlar səlahiyyətə malik olmaqla həm də müəssisənin idarə edilməsində əhəmiyyətli dərəcədə məsuliyyət daşıyırlar;
  4. Nizamnamə kapitalının qoyuluşu uzunmüddətli dövr üçün nəzərdə tutulur;
  5. Müştərək sahibkarlıq fəaliyyəti tərəfdaşların məsuliyyətlərinin və səlahiyyətlərinin bölüşdürülməsi ilə birgə hər bir iştirakçının fəaliyyətinin yalnız bir hissəsini özündə ehtiva edir;
  6. Müəssisənin mənfəətində və zərərində tərəfdaşların payı müəssisədə iştirak payına mütənasib şəkildə bölüşdürülür [7, s.101].

Müştərək müəssisələrin yaranması və formalaşması tarixi çox qədim keçmişə malik olsa da, onların tərifi və mənalandırılması ilə bağlı yekdil fikir mövcud deyildir. Ümumiyyətlə, “müştərək müəssisə” anlayışı ilk dəfə XIX əsrdə Qərb iqtisadçıları tərəfindən elmə gətirilmişdir, XX əsrdən başlayaraq elmi əsərlərdə geniş şəkildə istifadə edilməyə başlanmışdır [1, s.2]. Bununla belə, müştərək müəssisələrin aşağıdakı əsas təriflərini qeyd edərək onların məzmununu daha da aça bilərik.

– Müştərək müəssisə investisiya yatırımında iştirak edən yerli və xarici biznes subyektləri arasında bağlanmış saziş əsasında aparılan ticarət, görülən iş və göstərilən xidmətlərin məcmusunu əhatə edir ki, bu da milli iqtisadiyyatın inkişafına zəmin yaradır;

– Müştərək müəssisələr nizamnamə kapitalları yerli və beynəlxalq kapitalın iştirakı ilə yaranan və ya formalaşan təsərrüfat subyektləridir;

– Müştərək müəssisələr idarəetmə forması ortaqlığa əsaslanan, birgə maliyyələşmə mexanizmi əsasında fəaliyyət göstərən, mənfəət və zərərin iştirakçılar arasında bölüşdürülməsini nəzərdə tutan təsərrüfat subyektidir [7, s.103].

– Dar mənada (funksional olaraq) müştərək müəssisə dedikdə, iki və daha artıq ölkənin tərəfdaş şirkətlərinin yatırdıqları investisiyaya və sazişlərə müvafiq olaraq planlaşdırılan, təşkil edilən, yaradılan və nəzarət edilən hüquqi müstəqil təsərrüfat subyekti başa düşülür.

Onu da qeyd etməliyik ki, müştərək müəssisələr birzavodlu (fabrikli) və ya çoxzavodlu ola bilər [7, s.103]. Birzavodlu müəssisələr qrupuna kiçik, orta və iri sahibkarlıq subyektlərini daxil ediriksə, çoxzavodlu müştərək müəssisələr qrupuna isə trestlər, konsernlər, konqlomeratlar və s.-ni aid edə bilərik. Müştərək müəssisələrin sosial-iqtisadi məzmununu ifadə edərkən tərəfdaşların texnoloji və emosional əməkdaşlığı məsələlərini də vurğulamaq yerinə düşərdi. Çünki müştərək müəssisədə pay ortaqlığı iştirakçılarının yumşaq və sərt bacarıqları bazar iqtisadiyyatında rəqabətqabiliyyətliliyin və “sağ qalmağın” vacib şərtlərindən biridir və müştərək müəssisələrdə tərəfdaşlıq əlaqələrinin bu istiqamətləri düzgün icra edilməlidir.

Xarici investisiyaların milli iqtisadiyyata cəlb edilməsini, eyni zamanda ölkədə müştərək (ortaqlı) biznes mühitinin stimullaşdırılmasını şərtləndirən amilləri amerikalı iqtisadçı S.Kuznets aşağıdakı şəkildə təsbit etmişdir:

  1. Maliyyə vəsaitlərinə qənaətin həcminin az olması milli iqtisadiyyata əlavə xarici investisiyaların cəlb edilməsini şərtləndirir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə qənaətə meyil o qədər aşağı səviyyədədir ki, iqtisadi inkişaf və iqtisadi artıma təkan verə biləcək fondların yaradılması prosesi ləngiyir;
  2. İnkişaf etməkdə olan ölkələrdə istehlak məhsulları istehsalına sərf edilən resurslar (istehsal amilləri) cəmiyyətin məhsuldar istehsalına sərf edilən resurslardan qat-qat azdır. Başqa sözlə, istehsal amillərinə real qənaətə meyillilik cəmiyyətin nümayəndələri arasında aşağı səviyyədədir. Bu baxımdan da məhsuldar istehsala (iqtisadiyyatın real sektoru üçün) yatırılan investisiyanın böyük hissəsi xarici maliyyə vəsaitləri hesabına təmin edilir;
  3. Bəzi inkişaf etməkdə olan dövlətlərdə xarici resursların cəlb edilməsi üçün xarici valyuta ehtiyatlarının azlığı müşahidə edilir. Bu baxımdan həmin aktivlərin əldə edilməsi üçün xarici portfel investisiyalara önəm duyulur [7, s.106].

Yuxarıda sadalanan faktorların fonunda belə nəticəyə gəlmək olar ki, ölkədə xarici investisiyaların payının artması, bununla da müştərək biznesin formalaşmasının əsas səbəblərini qısa şəkildə istehlaka meyillilik, iqtisadiyyatın real sektoruna yerli yatırımın az olması (ÜDM-in azlığı) və xarici dönərli valyutaya ehtiyac kimi qiymətləndirə bilərik.

İşğaldan azad edilmiş regionlarda müştərək biznesin formalaşdırılmasının zəruri şərtlərindən biri həmin ərazilərə xarici investisiyaların cəlb edilməsidir. İngilis iqtisadçısı K.Leyton öz əsərlərində vurğulayır ki, bazar iqtisadiyyatına yenicə daxil olmuş və ya keçid iqtisadi sistemində fəaliyyət göstərən inkişaf etməkdə olan ölkələr beynəlxalq əmək bölgüsündə iştirak etmək istəyirlərsə, xarici iqtisadi əlaqələrdə onların geniş surətdə iştirakı vacibdir [7, s.105]. Azərbaycan dövlətinin müstəqillik qazandıqdan sonra beynəlxalq maliyyə institutları ilə birgə əməkdaşlığı nəticəsində icra etdiyi müxtəlif irihəcmli layihələrin əsasında da bu tip əlaqələr durur. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının böyük həcmdə yaşıl enerji resursları mövcuddur. Belə ki, hesablamalara görə, işğaldan azad edilmiş regionlarda alternativ enerji resurslarının həcmi 4500 meqavatdan çoxdur. Bununla əlaqədar olaraq müxtəlif transmilli korporasiyalar, o cümlədən İngiltərənin BP şirkəti Cəbrayıl-Zəngilan ərazisində günəş enerjisindən istifadə ilə bağlı layihə təklifi formasını aidiyyəti qurumlara təqdim etmişdir və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP arasında bu mövzuda müzakirələr müsbət istiqamətdə davam etməkdədir [9, s.4].

Qarabağda investisiya layihələrinin reallaşdırılması prosesinda yaxından iştirak edən ölkələrdən biri kimi qardaş Türkiyənin “Ziraat Bank” şirkəti artıq Şuşa şəhərində filial açılışı ilə əlaqədar ölkəmizin bank sektoru nümayəndələri ilə razılığa gəlmişdir [9, s.11]. O cümlədən TÜMKİAD-ın (Tüm Kalkınma ve Girişimci İş İnsanları Derneği) İdarə Heyətinin sədri regionda tekstil sahəsinin inkişaf etdirilməsi çərçivəsində 50 milyon dollar investisiya yatırmağı planlaşdırdığını da açıqlamışdır [9, s.11].

Qarabağ regionunda müştərək biznesin inkişaf prioritetlərindən biri də sənaye sahələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, ənənəvi sahələrin iqtisadi həyata geri qaytarılmasıdır. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair” Milli Prioritetlərdə işğaldan azad edilmiş regionlarda sənaye parklarının, iri müəssisələrin yaradılması da iqtisadi canlanmanın mühüm təkanverici elementi sayıla bilər. Digər tərəfdən, ölkəmizdə qeyri-neft sektorunun potensialının 50%-ə çatdırılması üçün sənaye sahələrinin inkişafında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əlverişli relyefi, zəngin faydalı qazıntı yataqları mövcuddur [9, s.5]. Bu yataqların istismarı, hasilat və emal sənayesinin fəaliyyətinin bərpası regionda iqtisadi canlanmaya və eyni zamanda müştərək müəssisələrin də yaradılmasına səbəb olacaqdır. 1988-ci ilin rəsmi statistik məlumatlarına əsasən, Azərbaycan SSR-in sənaye məhsulları istehsalının 4,8 %-i məhz Mərkəzi Qarabağ (həmin dövr üçün) iqtisadi rayonunun payına düşmüşdür. Belə ki, I Qarabağ müharibəsinə qədər adambaşına düşən sənaye məhsuluna görə Bakı-Sumqayıt və Gəncə-Qazax iqtisadi rayonlarından sonra 3-cü yerdə qərarlaşan Mərkəzi Qarabağ iqtisadi rayonunda aparıcı sənaye sahələri, əsasən, elektrotexnika, ipəkçilik, üzümçülük və ağac emalı sahələri olmuşdur [14]. Hətta işğal dövrünə qədər iqtisadi rayonun əsas mərkəzi olan Xənkəndidə (45%-ə qədər) kəlağayı ipəyinin toxunma zavodları mövcud idi. Eyni zamanda regionun yerli əhəmiyyətli istehsal sahələri, o cümlədən maşınqayırma və tikinti materialları hasilatı və emalı da mühüm yer tutmuşdur. Postkonflikt dövründə həmin ərazilərin təbii iqlim şəraiti və relyefini, təbii ehtiyatlarını nəzərə alaraq yuxarıda sadalanmış sahələrin yenidən canlanmasına nail olmaq mümkündür.

Bununla bağlı olaraq 2021-ci ildə tərkibində bir neçə MMC-ni, o cümlədən AMEA-nın (indi Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən) İdarəetmə Sistemləri İnstitutunu birləşdirən müştərək müəssisə olan “Böyük Qayıdış” konsorsiumu həmin ərazilərdə kənd təsərrüfatının mövcud vəziyyətinin təhlilinin aparılması və görüləcək işlərin strateji baxımdan qiymətləndirilməsi istiqamətində mühüm addımlar atmışdır [10]. “Böyük Qayıdış” konsorsiumu eyni zamanda Füzuli rayonunun Horadiz qəsəbəsində salınacaq “Ağıllı kənd” layihəsinin icrasını da üzərinə götürmüşdür. Sənaye parklarının yaradılması, elmi-texniki yeniliklərin tətbiqini nəzərdə tutan layihədə həm də ölkə üzrə demoqrafik disbalansın aradan qaldırılması üçün böyük zəmin yaranmışdır.

Qarabağ regionunda turizmin inkişafı üçün də böyük şərait mövcuddur. Kiçik Qafqaz sıra dağlarının mövcudluğu, əlverişli iqlimi və əsrarəngiz təbiəti ilə göz oxşayan regionun turizm potensialı maksimum dərəcədə istifadə edilməlidir. Qeyd olunan ərazilərin dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə olması, mülayim-soyuq iqlimin, dağətəyi ərazilərdə isə nisbətən isti iqlimin mövcudluğu, mövsümi yağıntıların 500-900 mm-ə qədər olması bu regionu dağ və ekoturizmin inkişafı baxımından digər iqtisadi rayonlardan fərqləndirir [8, s.4]. Bundan əlavə, kurort-sağlamlıq turizminin inkişafı da istisna edilmir.

Ekoturizmin inkişaf etdirilməsinin əsas meyarlarından biri kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii göllərin mövcudluğudur. Həmin ərazilərdə yerləşən 7 gölün (Böyük Alagöl, Kiçik Alagöl, Qaragöl, Zalxagöl, İşıqlı Qaragöl, Canlı göl, Tərtər çayının qolu sayılan Torağaçayda Qaragöl) susuz qalmış yaşıllıqların yenidən dirçəldilməsində istifadə edilməsi, şirin su ehtiyatlarının qarşılanması baxımından önəmi danılmazdır [6, s.15]. 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarının tutumunun 560 mln. kub metr olmasını və 90-cı illərə qədər 79 min ha-dan çox ərazini su ilə təmin etməsini nəzərə alaraq işğal dövründən sonrakı dağıntıların bərpası da dövlətimizin kənd təsərrüfatı və turizm sektorlarının yenidən şəkilləndirilməsi baxımından əsas prioritet məsələlərindən biri sayılır [8, s.3]

COVID-19 pandemiyasının ölkəmizdə təsərrüfatın bütün sahələri kimi turizm sektoruna da mənfi təsir etməsi bu sahəyə yatırılan investisiyaların azalmasına səbəb olmuşdur. Məsələn, qəbul edilmiş və göndərilmiş turistlər üzrə 2019-cu illə müqayisədə 2020-ci ildə 58,9 %-ə qədər azalma olmuşdur ki, bu da turizm və ümumilikdə ictimai iaşə obyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində 821 milyon manat yatırım deməkdir [14]. Postpandemiya və postkonflikt dövründə işğaldan azad edilmiş regionlarda turizmin inkişafı üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair” Milli Prioritetlərdə də qeyd olunmuş reinteqrasiya və davamlı məskunlaşma məsələlərinin ön plana çıxması həmin ərazilərə yaxın və uzaq perspektivdə böyük yatırımların olacağından xəbər verir.

Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsində, orada sahibkarlıq mühitinin formalaşmasında, reinteqrasiya prosesinin yenidən şəkilləndirilməsində vergi, sosial ödəniş güzəştlərinin və azadolmalarının tətbiqi də əsas motiv kimi qeyd edilə bilər. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) həmin ərazilər üzrə strateji planına müvafiq olaraq Agentlik rəsmi şəkildə fərdi sahibkarlara və hüquqi şəxslərə birgə fəaliyyət üzrə əməkdaşlıq təklif etmişdir. Təklifin əhatə etdiyi biznes predmetləri hotel, ictimai iaşə, aptek, avtomobil servis mərkəzləri, avtoyuma mərkəzləri, çamaşırxana və quru təmizləmə, təmizlik və yükdaşıma xidmətləri, inşaat malları mağazası və s. yönündə olmuşdur [12].

Yuxarıda qeyd etdiyimiz azadolma və güzəştlərin işğaldan azad edilmiş regionlarda müştərək biznesi stimullaşdırmaqla xarici investorların, TMK-lərin fəal şəkildə təsərrüfat prosesinə cəlb edilmələrinə imkan verəcəyi istisna edilmir. Belə ki, postkonflikt dövründə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər fonunda “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutma xüsusiyyətləri” başlıqlı XIX fəsildə azadolmanın şamil olunduğu fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Həmin fəslin 227-ci maddəsində vergiyə cəlb edilməyən gəlirlərin, renta və dividentlərin hansı müddətə bu güzəştlərə daxil edilməsi də qeyd edilmişdir:

– İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

– ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentlər siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddırlar.

– İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır [12].

Beləliklə, işğaldan azad edilmiş regionlarda təsərrüfatın müxtəlif sahələrinin inkişafı üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin görülməsi də investisiyaların artımına, həmin ərazilərdə şərikli biznesin yaradılması və inkişafına öz töhfəsini verəcəkdir. Eyni zamanda ölkəmizdə maliyyə bazarlarının inklüziv inkişafı və innovativ məhsulların inteqrasiyası üçün 31 yanvar 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş “Xüsusi tənzimləmə rejiminin tətbiq edilməsi Qaydası” ölkədə hələlik pilot layihə kimi alternativ maliyyələşmə mənbələrinə çıxışın təmin edilməsində aparıcı rola malik olacaqdır. Belə ki, həmin Qayda Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” əsasında iştirakçıların Mərkəzi Banka innovativ məhsullar təqdim etməsinə, onu reallaşdırmasına və maliyyə institutlarının şəffaf şəkildə fəaliyyətinə təkan verəcəkdir. Bununla da ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş regionlarda alternativ maliyyə məhsullarının tətbiqi investisiya layihələrinə əlçatanlığı təmin edəcəkdir.

Strategiyada ərizəçilər tərəfindən təqdim edilə biləcək innovativ maliyyə məhsullarından biri də İslam maliyyə aləti sayılan sukuk (İslam qiymətli kağızı) öz əksini tapmışdır [13]. Sukuk alətinin əsasını şərikli maliyyə prinsipləri ilə qiymətli kağızın emissiyası, alınıb-satılması təşkil edir. Sukuk fərdi, yaxud ümumi kapitalda iştiraka dair pay sənədidir [15]. Sukuk ilə əldə edilən pay gəlirləri digər ənənəvi qiymətli kağızlardan (məsələn, istiqraz, səhm) fərqli olaraq yalnız İslam hüququ ilə təsbitini tapmış məhsullar (real sektor) üzərindən əldə edilə bilər. Həmçinin sukuk innovativ məhsul olmaqla iştirakçılıq baxımından səhmə, gəlirgətirmə baxımından isə istiqraza bənzəyir. İşğaldan azad edilmiş regionlarda bu tip innovativ maliyyə alətlərinin tətbiqi gələcəkdə alternativ bazara çıxış imkanları üçün böyük rol oynayacaqdır.

Tədqiqat işimizlə əlaqədar olaraq “İşğaldan azad edilmiş regionlarda müştərək müəssisələrin fəaliyyət perspektivləri” adı altında sorğu keçirilmiş, sorğuya 70 nəfər tədqiqatçı, tələbə və müəllim cəlb edilmişdir. Onlayn şəkildə icra edilən sorğuda nisbətən kişi respondentlərin sayı çox olmaqla, ortalama yaş 30 olaraq müəyyən edilmişdir.

Sorğuda 2 əsas məsələ – müştərək müəssisələr barədə iştirakçıların məlumatlılığı və təsəvvürü, müştərək müəssisələrin və müştərək biznesin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hansı təsərrüfat sahələri üçün əlverişli ola bilməsi məsələləri diqqətə alınmışdır. Sorğuda iştirak edənlərin əksəriyyəti (73,2 %) müştərək biznesi “iki və daha artıq şəxsin bilik və bacarıqlarını, maliyyə imkanlarını bir araya gətirərək qurduqları biznes” kimi qiymətləndirmişlər. Qarabağ regionunda müştərək biznesin əsasən hansı sahədə formalaşa və inkişaf etdirilə bilməsi ilə bağlı sualımıza sorğu iştirakçılarının böyük hissəsi “kənd təsərrüfatı”nı və “turizmi” qeyd etmişlər. Qeyd edildiyi kimi, ölkəmizin dağlıq və dağətəyi regionlarında, xüsusilə işğaldan azad edilmiş regionlarda adıçəkilən sahələrin inkişaf perspektivləri daha yüksəkdir:

 

 

Tədqiqat işimizdə qeyd edildiyi ki, Qarabağda biznes mühitinin yenidən şəkilləndirilməsi və reinteqrasiyanın sürətləndirilməsi üçün vacib şərtlərdən biri də dövlətin daraldıcı fiskal siyasət yeridərək azadolma və güzəştlər tətbiq etməsidir. Sorğu iştirakçılarından 47 nəfərin fikrincə, Qarabağ regionunda iqtisadiyyatın çiçəklənməsi üçün dövlət qurumlarının, agentliklərin fəal iştirakı, yeni qanun layihələrinin, pilot layihələrin icrası önəmlidir. Aşağıdakı qrafikdən də göründüyü kimi, regionda müştərək biznes mühitinin formalaşdırılması üçün bankların güzəştli, faizsiz kreditlərinin də prioritet ola biləcəyini düşünən şəxslər çoxluq təşkil edir.

Sorğu iştirakçılarına ünvanlanan suallardan biri də regionda kənd təsərrüfatı sahələrindən hansıların inkişaf etdirilə bilməsi ilə bağlıdır. Respondentlərin 42 nəfəri meyvə-tərəvəzçilik təsərrüfatının və 52 nəfəri isə heyvandarlıq təsərrüfatının kənd təsərrüfatında önəmli yerə malik olduğunu qeyd etmişlər. Bundan əlavə, texniki bitkiçilik və meşə təsərrüfatı sahələri də sorğu iştirakçılarının rəyləri sırasında üst sıralarda yer tutur:

 

 Metodologiya

 

İşğaldan azad edilmiş regionlarda müştərək biznes fəaliyyəti ilə məşğul olacaq şəxslərin, investorların qarşılaşa biləcəkləri mənfi və müsbət amillərin nəzərə alınması üçün tərəfimizdən PESTLE (Political, Economic, Social, Technical, Legal, Ecological) analizi aparılmışdır. Analizin nəticəsinin ətraflı izahına tədqiqat işimizin “Nəticə” bölməsində yer ayrılmışdır.

 

Cədvəl 1. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərəcək birgə müəssisələrin qarşılaşa biləcəyi mənfi və müsbət amillər:

Mənbə: Müəllif tərəfindən tərtib edilmişdir

 

PESTLE analizindən göründüyü kimi, digər bütün faktorlar, əsasən, iqtisadi, siyasi və hüquqi məsələlərin həllini şərtləndirir. Bu baxımdan investisiya layihələrinin reallaşdırılmasında diqqətə alınacaq əsas amillər iqtisadi, siyasi və hüquqi amillərdir. Yəni bu 3 amilin müsbət tərəfləri ön plana çıxarmaqla mənfi tərəflərin həlli istiqamətində mühüm nəticələr əldə olunmalıdır.

 

Nəticə

 

30 illik işğaldan sonra ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası onu deməyə əsas verir ki, ölkəmizin siyasi iradəsi, dövlət başçısının uğurlu strateji gedişləri, xalq olaraq dövlətlə bütünləşməyimiz və milli şüurun oyanması iqtisadi artımın kəmiyyət və keyfiyyət göstəricilərinə də öz töhfəsini vermişdir. İşğaldan azad edilmiş regionlara yeni alternativ yolların çəkilməsi, köhnə magistral və dəmir yollarının bərpası, sürətləndirilmiş yenidənqurma işləri, Füzuli, Ağdam rayonlarında hava limanlarının tikintisi ondan xəbər verir ki, yaxın gələcəkdə dövlət institutlarının fəaliyyətinin təmin edilməsi ilə birgə özəl sektorun iştirakçıları da iqtisadiyyatın dirçəlməsində mühüm pay sahibi olacaqlar.

Məqaləmizin əsas hissəsindən də göründüyü kimi, bu iştirakın əsas motivləri biznes şüuruna malik əhalinin olması, dövlət-özəl sahibkar tərəfdaşlığının (DÖST) çoxşaxəli inkişafı, beynəlxalq təcrübənin regiona inteqrasiya edilməsindən ibarətdir. Eyni zamanda tədqiqatımız çərçivəsində sorğuya cəlb edilmiş respondentlərin böyük əksəriyyətinin həmin ərazilərdə kənd təsərrüfatı, turizm və dağ-mədən sənayesi kimi sahələrin inkişafını qeyd etmələri intellektual kütlə tərəfindən orada ənənəvi istehsalın davam etdirilməsinə üstünlüyün verilməsi deməkdir.

Qeyd olunan regionlarda həmçinin yeni maliyyə alətlərinin, o cümlədən Mərkəzi Bankın təsbit etdiyi sukuk (İslami bondlar) alətindən istifadənin, törəmə qiymətli kağızlarla investorların cəlb edilməsinin də regionun çiçəklənməsinə öz töhfəsini verəcəyini güman edirik.

PESTLE analizinin şərhinə gəlincə, Qarabağda yerli və xarici investorlar yatırım edərkən aşağıdakı üstünlükləri dəyərləndirməlidirlər:

– Biznes subyektlərinin gəlirlərinin (mənfəətlərinin) 01 yanvar 2023-cü il tarixindən 10 il müddətinə mənfəət vergisindən, o cümlədən torpaq vergisi və sadələşdirilmiş vergidən azad olması;

– Müştərək biznesin yaradılmasında turizm, tikinti, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrinin prioritet qəbul edilməsi, bununla əlaqəli olaraq beynəlxalq şirkətlərin (Türkiyə, İtaliya, İspaniya, Pakistan, BB və s.) birgə biznesə dəstək vermələri;

– Ölkəmizdə yeni və alternativ maliyyələşmə mənbəyi olaraq İslam maliyyə mənbələrindən istifadəni stimullaşdıran qanun layihələrinin icrası (Mərkəzi Bankın qərara aldığı “Xüsusi tənzimləmə rejiminin tətbiq edilməsi Qaydası”, Sahibkarlığın İnkişafı Fondunun və KOBİA-nın İslam İnkişaf Bankı ilə əməkdaşlığı və s.);

– Ağıllı şəhərlərin yaradılması istiqamətində beynəlxalq tərəfdaşlığın dövlət tərəfindən dəstəklənməsi;

– Region sakinlərinin köçürülməsi prosesi ilə paralel olaraq dövlət məşğulluq orqanlarının işsizliyin qarşısının alınması və məşğulluq dərəcəsinin artırılması istiqamətində fəaliyyətləri;

PESTLE təhlilinin mənfi tərəfləri nəzərə alınmaqla aşağıdakı məsələlər həll edilməlidir:

– Ölkəmizin vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə Ermənistanın müvafiq qurumları əlaqələndirilərək kompromisə gəlinməli, region əhalisinin nümayəndələri arasında sülhün bərqərar olunması üçün müəyyən təkliflər paketi hazırlanmalıdır;

– İnvestisiya layihələrinin predmeti sayıla biləcək təbii sərvətlərin nomenklaturaları yenidən təhlil edilməli, nəticə isə ölçüləbilən olmalıdır;

– Qarabağda yaşayan etnik ermənilər arasında “Azərbaycançılıq” təfəkkürünün formalaşması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməlidir;

– Qarabağda turizmin inkişaf etdirilməsi üçün tarixi memarlıq abidələrinin, qədim mağaraların bərpa olunması vacib şərtlərdən biridir. Belə ki, əsrarəngiz təbiəti ilə fərqlənən bu bölgəyə xarici turistlərin axını həm də orada yeni hotel və digər ictimai iaşə obyektlərinin tikintisini, investisiya yatırılmasını sürətləndirəcəkdir;

– Regionda demoqrafik disbalansın aradan qaldırılması və iqtisadi fəal əhalinin sayının artırılması üçün görülməli olan mühüm işlərdən biri də sənaye parklarının, sənaye subyektlərinin sayının artırılması, o cümlədən istehsalat-təcrübə müəssisələrinin tikintisidir. Beləliklə, gələcəkdə Qarabağda orta ixtisas və ali məktəblərdə oxuyan tələbələrin real vaxt şəraitində istehsalat təcrübələrinə cəlb edilməsi regionun təsərrüfat həyatında ciddi müsbət dəyişikliklərə gətirib çıxaracaqdır.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

Azərbaycan dilində:

  1. Abbasov S. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi. // “Azərbaycanın vergi xəbərləri, Bakı, 2011, s. 75-88
  2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. – https://e-qanun.az/framework/46590
  3. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. – https://e-qanun.az/framework/48723
  4. “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. – https://president.az/az/articles/view/58483
  5. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat, AR Maliyyə Nazirliyi, Bakı, 2022
  6. Qubadlı Ç. Qubadlının təbiəti erməni işğalından əvvəl və sonra. Bakı, 2007, -48 s.
  7. Quliyev T.Ə., Əliyev T.N., Atakişiyev M.C., Şahbazov K.A. Biznesin təşkili və idarə edilməsi, dərslik, UNEC, Bakı, 2011, -464 səh.
  8. Musayev A. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizmin perspektivli investisiya imkanları. // “Elm və innovativ texnologiyalar” jurnalı, Bakı, 2022, s. 58-77
  9. Səfərli E., Hüseynov Q. İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişaf məqsədli investisiya ehtiyaclarının analizi. // IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının materilları, Bakı, 2022, s.10-23
  10. İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi üçün investisiya imkanları müzakirə olunub. /30.08.2021/ – https://science.gov.az/az/news/open/17837
  11. Qarabağda biznes qurmaq istəyənlərə müraciət edildi. /26.12.2023/ – https://report.az/biznes-xeberleri/qarabagda-biznes-qurmaq-isteyenlere-muraciet-edildi/
  12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. – https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
  13. 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası. /Azərbaycan Respublikasının Mərkəzi Bankı, 26 yanvar 2024/ – https://www.cbar.az/pages/strategy?language=az&fbclid=IwZXh0bgNhZW0CMTAAAR3U7LZaanOtRJkQD2eI4E0ard7Hm0BsVThkaQ7bIN5VQbRRtlCnXIfpNLU_aem_AUIRhcCZEBtVMAY35hwITPsCnRcmKl-TI5CjkebjYpca2Fia8Bn83r1vq7sCriEz6J4oqaYmL3kKEvxdIUoD_DIx
  14. https://www.stat.gov.az/source/industry/ //Dövlət Statistika Komitəsinin sənaye sahələrinin iqtisadi rayonlar üzrə inkişafı statistikası /14.04.2024/

İngilis dilində:

  1. Mabid Ali Al-Jarhi, Munawar Iqbal. Islamic Banking: answers to some frequently asked questions // Islamic Development Bank, Jeddah, 2001, – 83 p.

 

 

Mashallah Safarov

DEVELOPMENT PERSPECTİVES OF JOİNT BUSİNESS İN REGİONS LİBERATED FROM ARMENİAN OCCUPATİON

 Abstract

 

One of the five main issues outlined in the “Azerbaijan 2030: National Priorities for Socio-economic Development,” approved by the President of the Republic of Azerbaijan Ilham Aliyev on February 2, 2021, is the promotion of resettlement in the regions liberated from occupation and the realization of their sectoral development potential within the national economy. It is important to note that restoration and construction efforts began in the Karabakh region immediately after the victorious conclusion of the 44-day Patriotic War (Second Karabakh War). Road infrastructure projects have been implemented to support migration and entrepreneurship, while telecommunication lines have been restored.

This article explores the concept of joint business, outlines the development priorities for joint business ventures in the liberated territories, and identifies which economic sectors can be involved in joint business. Additionally, it examines ways to attract alternative sources of financing for joint business in these regions and presents a PESTEL analysis of the development of joint entrepreneurial activities in these areas.

 Keywords: entrepreneurship, joint ventures, national economy, liberated territories, alternative financing

 

Машаллах Сафаров

ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ СОВМЕСТНЫХ ПРЕДПРИЯТИЙ В РЕГИОНАХ, ОСВОБОЖДЕННЫХ ОТ АРМЯНСКОЙ ОККУПАЦИИ

 Резюме

 

Одним из пяти основных вопросов, обозначенных в «Национальных приоритетах социально-экономического развития: Азербайджан 2030», утвержденных распоряжением Президента Азербайджанской Республики Ильхамом Алиевым от 2 февраля 2021 года, является стимулирование возвращения переселенцев в регионы, освобожденные от Армянской оккупации, и реализация отраслевого потенциала развития национальной экономики в этих областях.

Важно отметить, что восстановительные работы в Карабахском регионе начались сразу после победоносной 44-дневной Отечественной войны. Для обеспечения перспективной миграции и развития предпринимательства были реализованы проекты по улучшению дорожной инфраструктуры, восстановлены линии связи. В статье рассмотрены перспективы создания совместных предприятий (СП), приоритеты его развития на территориях, освобожденных от оккупации, определены экономические секторы, которые могут быть вовлечены в совместный бизнес, а также пути привлечения альтернативных источников финансирования и исследованы способы его реализации. Также проведен PESTEL-анализ развития совместной предпринимательской деятельности в этих регионах.

 Ключевые слова: предпринимательство, совместное предприятие (СП), народное хозяйство, освобожденные территории, альтернативное финансирование

---------------