Hörmətli oxucular!
“Sosial tədqiqatlar” jurnalı Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən təsis və nəşr edilir.
Jurnalın missiyası çoxşaxəlidir. “Sosial tədqiqatlar” ilk növbədə akademik-elmi təyinatlı, analitik elmi-tədqiqat jurnalıdır. Azərbaycandan və başqa ölkələrdən olan tədqiqatçılara öz elmi baxış, mövqe və təhlillərinin nəticələrinin dərc edilməsi üçün beynəlxalq bir platformanın formalaşdırılmasını nəzərdə tutur.
Jurnal bu baxımdan yerli alim, ekspert və mütəxəssislərin sosial tədqiqatlarını beynəlxalq elm məkanına, eləcə də xarici müəlliflərin ən yeni təhlillərinin Azərbaycanın sosial tədqiqatlar kontekstinə inteqrasiya etməsini diqqət mərkəzində saxlayır.
Jurnalda ictimai və humanitar elm sahələrində ümumi problemlərin birgə araşdırılmasına imkan verən, elmlərarası-interdissiplinar problemlərin tədqiqinə, yeni sintez metodların işıqlandırılmasına önəm verilir.
STM yarandığı qısa müddətdə bir çox beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu baxımdan jurnalda tərəfdaşlarımızın da təmsil olunduğu, yerli və beynəlxalq alimlərdən ibarət beynəlxalq redaksiya heyəti formalaşıb.
Jurnalda dərc ediləcək materialların mövzuları ictimai və humanitar elmlərin geniş spektrini əhatə edəcək. Əsas başlıq-rubrikalar STM-in Nizamnaməsində müəyyən edilən social tədqiqatların nəzəriyyəsinə, metodlarına və metodologiyasına, dövlətlə cəmiyyətin qarşılıqlı əlaqəsi məsələlərinə, sosial diaqnostikaya həsr olunur.
Jurnalda müasir cəmiyyətin inkişafının aktual sosial proseslərinin – dövlət-vətəndaş münasibətlərinin, sosial islahatlar strategiyasının, ictimai-siyasi, hüquqi, sosial-iqtisadi problemlərin, hərbi, mədəni, milli maraqlarla bağlı olan qlobal və regional proseslərin, habelə ölkədə sosial iş, elm və təhsil sahəsində gedən proseslərin, etnosiyasi, dini münasibətlərin, demoqrafik və ekoloji siyasət, gənclər siyasəti, kadr və dövlət idarəçiliyinin social aspektlərinin araşdırılması, sosial və siyasi psixologiya elminin, sosioloji sorğular əsasında ictimai rəyin, cəmiyyətdə aparıcı trendlərin öyrənilməsi ilə bağlı təhlillər dərc ediləcək əsas mövzular sırasındadır.
Nisbətən yeni sayılan elmi istiqamətlər – sosial şəbəkələrin və müasir informasiya texnologiyalarının təhlili, elm və texnologiyanın tədqiqi, (elm və texnologiya araşdırmaları (STS – Science And Technology Studies), müqayisəli (komparativ) sosiologiya kimi sahələr daxil olmaqla sosial-humanitar tədqiqatların ən dinamik inkişaf edən sahələri də önəm verilən prioritetlər sırasındadır.
Dəyərli oxucular!
Jurnalımızın hədəf auditoriyası kimi lokal və qlobal miqyas daxil olmaqla müasir cəmiyyətin ictimai-humanitar problemlərini nəzəri və empiric səviyyədə araşdıran tədqiqatçı, alim, ekspert və mütəxəssislərin əhatə olunması nəzərdə tutulub. Bununla bərabər, “Sosial tədqiqatlar” jurnalının təhlilləri dövlət və ictimai təşkilatların, kommersiya strukturlarının sosioloji və informasiya-analitik xidmətlərdə çalışan auditoriyasına da eyni dərəcədə ünvanlanır. Həmçinin, jurnal social və humanitar profilli doktorant və aspirantlara, cəmiyyətin inkişafı və fəaliyyətinin sosial problemlərinin geniş spektri ilə maraqlanan, faydalanmaq istəyən hər kəsə yönəldilmişdir.
Jurnal həm də sosial tədqiqatlar sahəsində yeni fikirlərin, yanaşmaların, məlumatların müzakirəsi üçün açıq bir platforma olmaq imkanıdır. Redaksiya Heyəti “Müzakirə-Polemika”, “Sosial publisistika “, “Özəl baxış”, “Sosial kommunikasiya” və s. başlıqlarla Azərbaycanda müasir tədqiqatçı və sosioloqların yetişdirilməsinin aktual, dünya ilə müqayisəli məsələlərini prioritet məsələ hesab edir.
“Sosial tədqiqatlar” jurnalı bu sahə ilə bağlı istənilən innovativ fikir və təkliflər üçün açıqdır.
Ümid edirik ki, “Sosial tədqiqatlar” jurnalı ictimai və humanitar elm sahələrində elmi tədqiqatların canlanması və keyfiyyətli məzmun kəsb etməsində, ekspertlər və geniş oxucu kütləsi arasında əməli vasitəçi statusunu qazana biləcək. Tədqiqatçı dostları jurnalın Redaksiya Heyəti adından əməkdaşlığa və jurnalda elmi müəllif məqalələri ilə çıxış etməyə dəvət edirik.
Zahid ORUC
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri,
“Sosial tədqiqatlar” jurnalı Beynəlxalq Redaksiya Heyətinin sədri