Eliza İSMAYILOVA,

Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının baş müəllimi,

fəlsəfə üzrə fəlsəfə doktoru

Bakı, Azərbaycan

 

E-mail: eliza_ismayilova@yahoo.com

UOT 316

 

Xülasə. Azərbaycanda qədim dövrdən günümüzədək ahıl, yaşlı insanlara qarşı xüsusi diqqət, qayğı və hörmət hissi olmuşdur. Bu, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində illərlə möhkəmlənmiş və nəsildən-nəslə ötürülmüşdür. Müstəqil Azərbaycan Respublikası xalqın mədəni və mənəvi irsini, insan hüquqlarının qorunmasını, insanmərkəzli humanist, mərhəmətli və ədalətli bir rifah dövləti yolunu seçməklə, əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa, onların daha layiqlı həyat tərzi ilə təmin olunmasına nail olmağa calışır. Əhalinin həssas təbəqəsinə daxil olan yaşlıların əmək qabiliyyətinin azalması və sosial münasibətlərin zəifləməsi səbəbindən bir çox icbari məsələlər meydana çıxır ki, bunların da həll olunması üçün sosial xidmət subyektlərinin fəaliyyətinin genişləndirilməsinə, yeni yanaşmalara ehtiyac vardır.

Ahılların sosial müdafiəsinin təşkil olunması onların ömrünün uzanması, sosial müdafiə ehtiyaclarının artırılması və digər “sosial sərmayə”lərinin təhlilinə, eləcə də təminatların ödənilməsinə xüsusi qayğını, diqqəti və xidməti zəruri edir. Müasir sosial xidmət sahəsində “sosial sərmayə” cəmiyyətdə yaşlıların sosial münasibətlər sisteminə daxil olan bütün mənbələrinin – ailə quruluşu, qohumluq əlaqələri, qonşuluq və dostluq münasibətləri, sosial şəbəkələr, yaşlıların üzərinə düşən öhdəliklər və gözləntilərinin olması anlamına gəlir. Bununla yanaşı, ahıl şəxslərin dərnək və könüllülük proqramlarında iştirakçılıq səviyyəsi, ictimai-siyasi qərar qəbuletmə mexanizmində yeri və rolu haqqında məlumat bazasının olması ahılların aktiv həyat tərzi ilə yanaşı onların sosial rifahının yaxşılaşması istiqamətində görülən iş və xidmətlərin göstəricisi kimi də dəyərləndirilə bilər.

Əhalinin sosial-demoqrafik strukturunda “demoqrafik yaşlanma” prosesinin sürətlənməsi və vəziyyətə hazırlıqlı olmayan cəmiyyətlərdə bu anlayışın gerçəkləşdirdiyi bir çox məsələlər mövcuddur. Bu məsələlərlə bağlı bir çox tədqiqatların dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına da ehtiyac vardır. Bu baxımdan inkişaf etmiş ölkələrdə əhalinin həssas təbəqəsi olan yaşlılarla bağlı sosial xidmət növlərinin forma və istiqamətləri artıq onların təkcə maddi ehtiyaclarının ödənilməsi ilə deyil, həm də mədəni və mənəvi ehtiyaclarının yüksəldilməsinə yönələn xidmətin səviyyəsi ilə müəyyənləşir.

 Açar sözlər: insan, rifah, sosial xidmət, ləyaqətli həyat, sosial sərmayə, yaşlılıq, yalnızlıq və ahıllıq

 

Giriş

 

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, vətəndaşlara bərabər imkanların yaradılması, onların sosial problemlərinin aradan qaldırılması dövlətin sosial siyasətinin prioritet vəzifələri sırasındadır. Bu da cəmiyyətin sosial rifahının yüksəldilməsinə xidmət edir. Əhalinin həssas qrupu kateqoriyasına aid olan yaşlıların həyat tərzinin müxtəlif sahələrini əhatə edən bir çox sosial xidmət və fəaliyyət növü vardır. Bunlardan biri də humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələridir ki, bu da sosial sferada daha çox həssas əhali kateqoriyasına şamil olunur.

Tədqiqatın məqsədi. Məqalədə ahıl şəxslərin yaşlılıq dövründə tənha və köməksiz qalmağa məhkum olunduğunu nəzəra alan və onların sosial müdafəsinin təmin olunmasına, eləcə də ahıl yaşına uyğun olan layiqli həyat tərzinin dəstəklənməsinə, onların sosial təhlükəsizliyinin təmin olunmasına və dövlətin bununla bağlı apardığı işlərə nəzər yetirilir və müqayisəli təhlilinə yer verilir.

Tətbiq edilən metodlar. Məqalədə sistemli yanaşma, statistik məlumatlar və müqayisəli təhlil metodundan istifadə edilmişdir.

Xeyriyyəçilik sosial işin tarixi nümünəsi kimi. Dünyada sosial xidmət, sosiallaşmaq, paylaşmaq, əl tutmaq kimi xeyriyyəçilik tarixin bütün dövrlərində müxtəlif formalarda mövcud olmuşdur. Azərbaycan xalqının zəngin mədəni xüsusiyyətlərindən biri də məhz onun yoxsul insanlara əl tutmaq, çətin şəraitdə, xeyirdə-şərdə bir-birinə dəstək olmaq, dayaq durmaq olub. Humanizm tarixən insanlığın ən ali, bəşəri keyfiyyəti kimi səciyyələnib. Bəs, xeyriyyəçilik sosial işin tarixi nümünəsi kimi necə izah oluna bilər?

Xeyriyyəçilik (filantropiya) sosial bir əməl olub, imkansızlara, çətin həyat şəraitində yaşayan yoxsul insanlara imkanlı, nəcib və bacarıqlı şəxslər tərəfindən təmənnasız və ictimai mənafelərin üstün tutulması naminə göstərilən humanist bir yardım formasıdır. Əhalinin sosial baxımdan zəif təbəqələrini təmsil edən insanlara – fiziki və əqli çatışmazlığı olan şəxslərə, valideyn himayəsindən məhrum uşaqlara, qocalara və bu qəbildən olan insanlara bu və ya digər şəkildə kömək göstərilməsini özündə təzahür etdirən bir əməldir. İnsanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək istəyinin göstəricisi kimi başa düşülür. Xeyriyyəçiliyə cəmiyyətin sosial siyasətində hansısa bir əlavə yardımlaşma fəaliyyəti və yalnız dövlətin sosial yüklərinin, qayğılarının azaldılması kimi baxmaq olmaz. O, mənəviyyatın ən ali qanunlarından sayılan, daha çox ehtiyacı olan fərdlərin, sosial qrupların və ailələrin xeyrinə sosial ədalətin bərqərar olunmasını, mənəvi-əxlaqi motivlərin və ümumbəşəri dəyərin göstəricisi kimi qiymətləndirilmişdir.

Milli burjuaziyanın sosial fəaliyyətinin mənəvi dəyərlər sistemində yeri və rolu. Qədim dövrdən günümüzə kimi Azərbaycanda filantropiyanın bir növü olan messenatlıq geniş vüsət almış, xeyriyyəçi sahibkarlar kimi tanınmış insanlar cəmiyyətin rifahı naminə əhalinin sosial müdafiəsinə, maarif və təhsilinin, mədəniyyət və incəsənətinin inkişafına külli miqdarda vəsait sərf etmişlər. Azərbaycanda öz dövrünün sosial xidmət sahəsini əhatə edən xeyriyyəçiliyin bünövrəsini qoyan əsilzadə milyonçu Hacı Hacıağa və Şıxalı Dadaşov qardaşları olmuşdur. Hacı Hacıağa 1870-ci ildə Çar Rusiyası Dumasında olduqca təsirli çıxışı ilə Bakıda kimsəsiz və sahibsiz qocalar üçün “Ahıllar evi”nin tikilməsinə icazə istəyir. O, çıxışında deyir: “Məmləkətin imkanlı şəxsləri razı olmamalıdır ki, onun qoca, kimsəsiz ahıl adamları küçələrdə qalsın. Mən bütün xərcləri öz üzərimə götürərək qocalar evinin açılmasını təklif edirəm”.

Hacı Hacıağa özünün 10 hektardan çox torpaq sahəsində yerləşən mülkünü “Ahıllar evi” kimi kimsəsizlərin ixtiyarına verir. Daha sonra orada qocalar üçün ikimərtəbəli pansionat tikdirir və bütün xərclərini öz üzərinə götürür. Hal-hazırda isə həmin müəssisədə müasir dövrün tələblərinə uyğun olaraq ahıl şəxslərin sosial rifahının yaxşılaşdırılması məqdəsilə beşmərtəbəli 170 yerlik ikinci korpus inşa edilmişdir.

Göründüyü kimi, ömrünün ahıl çağını yaşayan insanlara diqqət, qayğı, hörmət xalqımızım milli mənəvi dəyərləri kimi tarixin demək olar ki, bütün dövrlərində müxtəlif formalarda göstərilmişdir. Konstitusiymızda da yaşlılara qayğı, hörmət və himayədarlıq qanunla təsbit olunmuşdur. Belə ki, yetkinlik yaşına çatmış hər bir övladın yaşlı valideynlərinin qayğısına qalma öhdəliyi vardır. Müasir Azərbaycanda ahıllarla bağlı, yaşlılıqdan dolayı meydana gələn problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi artıq təkcə mərhəmət hissi, humanist prinsiplər əsasında deyil, əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanan, sosial rifah dövləti xətti tutmuş dövlətin sosial siyasətinin tərkib hissəsi kimi tez-tez təkmilləşən, beynəlxalq standartlarla şərtlənən yeni islahatların qəbul olunması ilə tənzimlənir.

 

Əsas mətn

“Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər sırasında bu gün inkişaf etmiş ölkələrdə yaşlı cəmiyyətlər üçün diqqətə alınan, ahılların sosial həyat tərzində zəruri hesab olunan “sosial sərmayə” və ya “sosial imkanlar” nəzərdə tutulmuşdur. “Sosial sərmayə” və ya başqa ifadə tərzində “sosial imkanlar” kimi başa düşülən bu sosial xidmət forması yaşlı insanları əhatə edən gündəlik ictimai-siyası, sosial-məişət həyat tərzi və müasir informasiya texnologiyalarını da nəzərə alsaq, virtual yaşam imkanlarını özündə ehtiva edən aktiv fəaliyyət forması kimi dərk oluna bilər. Sosioloqlar tərəfindən “sosial sərmayə” anlayışı müxtəlif formalarda izah edilmir. Belə ki, ingilis sosioloqu Vermon Kolmənə (Vermon Coleman) görə, “sosial sərmayə” cəmiyyətdə yaşlıların sosial münasibətlər sistemınə daxil olan bütün mənbələrini – ailə qurluşu, qohumluq əlaqələri, sosial şəbəkələr, qonsuluq və dostluq münasibətləri, yaşlıların üzərlərinə düşən öhdəliklər və gözləntilərinin olması anlamına gəlir [7]. Burada biz hər bir cəmiyyətin adət-ənənsindən, milli düşüncə tərzindən irəli gələn bəzi xüsusiyyətləri də nəzərə almaqla ona xas olan xarakterik halları diqqətə almalıyıq.

Mövzunun işlənmə dərəcəsi. Məqalədə qeyd olunan ədəbiyyat siyahısında adı çəkilən müəlliflər müxtəlif vaxtlarda, öznəməxsus şəkildə bu məsələləri tədqiq ediblər. Əhalinin sosial rifahının yaxşılaşdırılması, eləcə də cəmiyyətlərin davamlı dinamik inkişafı sosial sferada yeni yanaşmaları və xidmət sahələrində yeni forma və modelleri formalaşdırır. Azərbaycan cəmiyyəti üçün yaşlıların ailədə və qohumluq münasibətlərində diqqətə alınan əsas məqamlar onların ailə insitutlarının möhkəmliyi ilə müəyyən olundugundan, qonşular və digər ictimai işlərə münasibət isə sosial əlaqələr kimi dəyərləndirilir. Digər tərəfdən V.Kolmən yaşlıların həyat tərzində “sosial sərmayə” anlayışını rasional seçim üzərinə uygunlaşdırmışdır. Belə olan halda yaşlıların bir başqasi ilə hər hansı bir iş birliyini qurmaq seçimi, onların öz mənafeləri üçün üzərlərinə düşən öhdəliyin yerinə yetirilməsinə hesablanmışdır. Demək, yaşlılar həyat tərzində və seçimlərində rasionaldırlar. Təbii ki, bu rasionallıq bizim cəmiyyətimizdə bütün yaşlılar kateqoriyasına aid olan ahıllara şamil oluna bilməz. Bu, daha cox intellektual səviyyəsi daha yuxarı olan və yaşam tərzində daha cox müstəqilliyi və maddi imkanı olan yaşlılar üçün nəzərə alınmalıdır.

Ahılların həyat tərzinə və sosial sərmaya anlayışına daxil olan, sosial əlaqələri zəif olan tənhalıq və yalnızlıq kimi problem də vardır. Amsterdam Universitetinin professoru Cenni Gervald (Jenni De Jong Gierveld) tənhalığı sosial əlaqələrin zəif olması ilə izah edərkən, digərləri tənhalıq və yalnızlığı şəxsin digərlərinə qarşı inamsızlığı və dostluq qura bilməməsi ilə əlaqələndirirlər. Bu mövzuda bir cox türk tədqiqatçılarının da maraqlı fikirləri vardır. Hacettepe Universitetinin sosial elmlər bölümünun əməkdaşı Edip Aygülərin “Tək yaşayan yaşlıların yaşlanma qavrayışları: həyat təcrübələri və ehtiyacları” adlı tədqiqatında yaşlıların tənhalıq və yoxsulluq vəziyyətinə görə sosial xidmətin göstərilməsi məsələsi yer almışdır [4]. Araşdırmanın əsas məqsədi ahılların yoxsulluq və tənhalıq problemini ortaya çıxarmaq və bu problemlərin aradan qaldırılması yollarını göstərməkdir.

Aylin Görgün Baran “Sosial sərmayə, güvən və tənhalıq baxımından yaşlıların yaşam tərzinə bir baxış” (2020) adlı araşdırmasında sosial sərmayə münasibətləri nöqteyi-nəzərindən yaşlıların kimlərlə daha cox münasibətdə olmaqdan xoşlandıqlarını, kimlərlə daha çox vaxt keçirmək istədiklərini öyrənməyə çalışmışdır [5]. Göründüyü kimi, “sosial sərmayə” ifadəsi bizim mühit üçün sosial münasibətlər sisteminə daxil olan yeni bir anlayış kimi ahılların, yaşlıların və əmək qabiliyyəti zəif olan şəxslərin sosiallaşma prosesində yeni məna və çalarlar verən və onun parametlərini müəyyən edən ölçü kimi başa düşülür.

Cəmiyyətin sosial-demoqrafik strukturunda “demoqrafik yaşlanma”, yəni umumi əhali sayında yaşlı əhali qrupunun artması qlobal və ya dunyəvi bir prosess olub, dünya dövlətlərində hər bir cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq dəyişir. İnkişaf etmiş ölkələrdə demoqrafik yaşlanma 100 illik zaman üzrə hesablanarkən, inkişaf etməkdə olan ölkələr üzrə bu müddət 15-20 il müddətinə azalmaqdadır. Bu baxımdan “demoqrafik yaşlanma” anlayışına hazırlıqlı olmayan cəmiyyətlərdə bu anlayışın gercəkləşdirdiyi bir çox məsələlər var. Onlarla bağlı bir çox tədqiqatların dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına ehtiyac duyulur [6].

Ahıl və yaşlı şəxslərin sosial müdafiəsinin təşkilində dövlətin rolu. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2022-ci ilin əvvəlinə ölkə əhalisin umumi sayı 10119.1 min nəfər olmuşdur. Ondan 65-69 yaş qrupunda olanların sayı 318.7 min nəfər, 70 və daha yuxarı yaş qrupunda olan şəxsləri sayı isə 437.7 min nəfərdir. Bu isə Azərbaycanda əhalinin sosial-demoqrafik strukturunda əhalinin say nisbətinə görə “demoqrafik yaşlanma” prosesinin sürətlə artdığını göstərir. BMT-nin Əhali Fondu tərəfindən açıqlanan məlumatda əhalinin umumi sayının 7%-i 65 və daha yuxarı yaş qrupu ilə əhatə olunduqda yaşlı cəmiyyət, 10%-dən cox olduqda isə çox yaşlı cəmiyyət kimi qəbul olunmuşdur. Bununla yanaşı, 70 və daha yuxarı yaş qrupunda olan şəxslərin say göstəricisi 65-69 yaş qruna görə çoxluq təşkil etdiyinə görə “demoqrafik yaşlanma” prosesinin öz içərisində də yaşlanmanın oldugunu göstərir. 2022-ci ilin əvvəlinə Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, yaşa görə müavinət alanların 396.9 min nəfərini də bura daxil etsək, ölkə əhalisinin 10%-ni yaşlı, ahıl insanların təşkil etdiyini görərik. Bu da o deməkdir ki, ahıl yaşda olanların sayı sürətlə artmaqdadır [8].

Mövcud vəziyyət əhalinin ahıl yaş kateqoriyasi üzrə dövlətin sosial xidmət sahəsinə daxil olan digər sosial, iqtisadi və mədəni münasibətlərin tənzimlənmə prosesinə yeni baxış zərurətini meydana çıxarır. Statistik göstəricilərə əsasən əhalinin yaşadığı məkan üzrə bölgüdə şəhərdə yaşayanlar umumi əhalinin 53%-ni, kənd yerlərində yaşayanlar isə 47%-ni təşkil etməsinə baxmayaraq, yaşlı əhalı qruplarına daxil olan insanların çoxu bölgələrdə və kənd yerlərində məskunlaşıblar [8]. Bölgələrdə sosial-iqtisadi vəziyyətin təhlili onu göstərir ki, bu yaş qrupunda olan insanların sosial, iqtisadi və mədəni imkanlarının hərtərəfli araşdırılmasına, xüsusilə tənha və hərəkət imkanları məhdud olan insanlara yönəlik sosial tədbirlərin genişləndirilməsinə ehtiyac vardır.

Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” Qanununa əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl şəxs hesab olunur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra 1991-ci ilin dekabrın 16-da ahıl şəxslərə münasibətdə nəzərdə tutulan prinsiplərə, eləcə də 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul olunan Qətnamənin prinsiplərinə əsasən hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Ahıllara, yaşlılara göstərilən sosial xidmətlər hər bir dövlətin sosial-iqtisadi siyasətinə əsaslanan və cəmiyyətin həyat tərzinə uyğun olaraq müəyyənləşən prinsiplər üzərində qurulur [11].

Azərbaycanda ahillarla bağlı yuxarıda qeyd olunan istər humanist prinsiplər, istərsə də qanunvericilik bazasına əsaslanan çoxsaylı sosial xidmətlər nəzərdə tutulmuşdur. Ahıl şəxslərin yaşlılıq dövründə tənha və köməksiz qalmağa məhkum olunduğunun nəzərə alınması və onların sosial müdafəsinin təmin olunması, eləcə də ahıl yaşına uyğun olan layiqli həyat tərzinin dəstəklənməsi, onların sosial təhlükəsizliyinin təmin olunması dövlət tərəfindən kompleks şəkildə yerinə yetirilir. BMT Baş Assambleyasının əhalinin qocalma problemləri üzrə Beynəlxalq Fəaliyyət Planında (Madrid, 2002) nəzərdə tutulmuş proqrama əsasən, hər bir ölkənin iqtisadi, sosial və demoqrafik proseslərinin inkişaf xüsusiyyətlərinə uygun olaraq ahıl, yaşlı insanların sosial müdafiəsi və təhlükəsizliyinın təmin olunması nəzərdə tutulmuşdur. Ahıl şəxslərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2004-cü ildə “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, 2006-cı ilin aprelin 17-də isə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir [10]. Bu Dövlət Proqramına əsaslanan bir çox tədbirlərin həyata keçırılməsi nəzərdə tutulmuşdur. Onlardan bəzilərini tədqiqat çərçivəsində nəzərdən keçirək:

Tənha və başqalarının köməyinə ehtiyacı olan ahıllar üzrə ərazi informasiya bazasının yaradılması. Yaşlı əhali qrupunun sosial rifahının yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan bu informasiya bazasının yaradılması barədə heç bir mənbəyə rast gəlmədik. Bu informasiya bazasının yaradılması Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə verilən səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahılların və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsini, sosial məişət xidmətinə götürülməsini, onların sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsini və onlar barədə məlumatın vahid informasiya bazasına yerləşdirilməsini nəzərdə tutur. Tənha ahılların üzərində himayəçi və qəyyumların təyin olunması və onların sosial xidmət üzrə fəaliyyətlərinin monitorinqinin aparılması bu gün sosial xidmət sahəsinin ən aktual problemi olaraq qalmaqdadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ahıllarla bağlı verdiyi son məlumatdan görunur ki, Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən tənha ahıllara və əmək qabiliyyəti olmayan (əlillərə) 10.448 nəfərə evlərində sosial xidmət göstərilmişdir ki, bunun da 80%-ni, yəni 8358 nəfərini ahıl, yaşlı insanlar təşkil etmişdir. 2022-ci ilin əvvəlinə umumi əhalinin sayına görə yaşlı və ahıl şəxslərin say göstəricisi 756.4 min nəfər təşkil etdiyi təqdirdə bu xidmətin nə qədər aşağı göstərici olduğunu aydın görmək olur [9].

Deməli, Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən göstərilən xidmət yalnız onlara olunan müraciətlər əsasında baş tutmuşdur. Müraciət imkanları məhdud olan, eləcə də bu xidmətlərin göstərilməsi haqqında məlumatı olmayan digər ahıl və yaşlı insanların sosial rifahı naminə dövlət tərəfindən göstərilən xidmətlərin əlçatanlığı və ehtiyacı olan insanların bu xidmətlərdən yararlanmasının təmin olunması sosial işlərin aparılmasını zəruri edir.

2022-ci ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı 1,229 min nəfər olub ki, bunun da 13,0%-ni işləyən pensiyaçılar, yerdə qalan 77,0%-ni isə işləməyən və ya əmək qabiliyyəti daha zəif olanlar təşkil edib. 2022-ci ilin əvvəlinə əhaliyə ödənilən pensiyaların orta aylıq məbləğinin 302,2 manat olduğunu nəzərə alsaq, bu qrupa daxil olan şəxslərin sosial-iqtisadi vəziyyəti əhalinin orta aylıq nominal əmək haqqının yarısını, yəni 42,7%-ni təşkil edib. Bu isə o deməkdir ki, əhalinin əmək qabiliyyəti zəif olan təbəqəsinin – pensiyaçıların iqtisadi vəziyyətinə uyğun olaraq, onlara göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi və vahid informasiya bazasının yaradılması diqqət mərkəzində saxlanılmalıdır [8].

Ahıl vətəndaşlara evlərində, həmçinin ictimai yerlərdə qayğı və xidmət göstərilməsi işinin təşkili. Ahıl vətəndaşlara evlərində həmçinin ictimai yerlərdə qayğı və xidmət göstərilməsi işinin təşkili qanunvericilikdə nəzərdə tutulan səlahiyyət əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu və son zamanlar yaradıan Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Eyni zamanda qeyri-hökumət təşkilatları və yerli icra strukturları, bələdiyyələr və imkanlı şəxslər tərəfindən də ahıl şəxslərin evlərində (səyyar) sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir. Lakin yuxarıda qeyd olunduğu kimi, ahıllara və yaşlı insanlara dövlət tərəfindən göstərilən xidmətin say göstəricisinin aşağı olmasını nəzərə alaraq, bu işin təşkilinə fərqli yanaşmanın vacib olduğunu görürük.

Belə ki, ahıl və yaşlı şəxslərə göstərilən sosial xidmət təkcə onların gündəlik məişət həyatlarının təmin olunması ilə deyil, həmçinin sosial rifanının yaxşılaşdırılmasına təsir edən mədəni-mənəvi münasibətlərin qurulması ilə də müəyyənləşir. Belə ki, “Avropa Aktiv Yaşlanma İndeksi”nın izahına görə, “sosial sərmayə” ahıl şəxsin, fərdin cəmiyyətə qatilma parametrləri ilə səciyyələndirilir [1]. Bu, onunla bağlıdır ki, ahıl şəxsin cəmiyyətə qatılma payı və onu genişləndirmə imkanları dörd əsas elementlə şərtləndirilir:

  • yaşlıların uşaq və nəvələrinin qayğısına qalması;
  • yaşlıların böyük şəxslərə baxması;
  • yaşlıların könüllülük fəaliyyətlərinə qoşulması;
  • yaşlıların ictimai-siyasi qərar qəbul etmə mexanizmində yeri və rolu.

Yaşlıların cəmiyyətdə sosial həyat tərzinin yaxşılaşdırılmasına təsir edən bu dörd elementin hər birinin ayrı-ayrılıqda təhlili cəmiyyətimizdə yaşlıların uşaq və nəvələrin qayğısına qalma göstəriciləri iqtisadi vəziyyətindən asılı olmayaraq əksər göstəriciləri üstələyir. Bu da ahıl şəxsin əhval-ruhiyyəsində ailəyə faydalı olduğu anlamında nəvə-övlad sevinc hissi ilə onun mənəvi ehtiyaclarının təbii ödənilməsini təmin etmiş olur.

Ahıllar üçün “sosial sərmayə” adlandırdığımız aşağıda qeyd edəcəyimiz amillərin hər biri ailədə və cəmiyyətdə onların vəziyyətinin xüsusi çəkisinə təsir edir:

– Ailə və qohumlarla əlaqələri necədir?

– Dostluq və qonşuluq münasibətləri, eləcə də bu bağların etibarlılıq səviyyəsi necədir?

– Dərnək və könüllülük proqramlarında iştirakçılığın səviyyəsi necədir?

– Sosial-mədəni fəaliyyətlərdə iştirakın səviyyəsi necədir?

– Ahil şəxslərin böyüklərə, uşaqlara və nəvələrə qayğıları hansı səviyyədədir?

– Hansı sosial müdafiə dəstəkləri vardır?

– Hansı gəlir qaynaqları vardır?

– Güzaranlarını necə keçirirlər?

– Hobbiləri nədir?

– Hansi ixtisas sahibidirlər?

Ahılların sosial həyat tərzinin və fəaliyyət imkanlarının öyrənilməsinə dair qoyulan bu sualların cavabından asılı olaraq, alınan nəticələrin dəyərləndirilməsi müasir sosial xidmət formalarının tətbiqi ilə yanaşı həm də ahılların sosial aktivliyini və yaşam səviyyəsini müəyyən etmək məqsədi daşıyır. Bundan əlavə, ahılların iqtisadi, mədəni və sosial vəziyyətlərinin göstəriciləri, onların hansı sahədə daha çox ehtiyaclarının olduğunu müəyyən edərək sosial xidmətin səmərəliliyini artırmaq olar.

 

Nəticə

Tədqiqatda verilən nümunələr üzərində aparılan təhlildən belə nəticəyə gəlmək olar ki, ölkə ərazisində əhalinin demoqrafik yaşlılıqla bağlı və yeni yaranmış yaşlı cəmiyyət statusunun yaratdığı bir cox problemlər vardır ki, bunlardan biri də pensiya təminatında yaş həddinin 65 yaş müəyyən olunmasından yaranmışdır. Regionlarda geniş əhali kütləsinin natamam məşğulluğunu nəzərə alsaq, bu problemlərin həlli istiqamətində görülən işlər aztəminatlı və yoxsul ailələrdə olan yaşlı və ahıl şəxslərin ictimai, sosial və mədəni həyatına yeni yanaşmaları zəruri edir. Belə ki, ahıl, tənha və yoxsul insanların sosial rifahının yaxşılaşdırılması, onların ahıl yaşlarında daha layiqlı yaşam tərzinin təmin olunmasına görə müvafiq səlahiyyətli qurumların sosial xidmət növü və formalarının genişləndirilməsinə ehtiyac vardır. Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə verilən səlahiyyətlər çərçivəsində tənha yaşayan qocalardan ibarət birnəfərlik ailə təsərrüfatlarının müəyyən edilməsi, xüsusi qayğıya ehtiyacı olan ahıllar üçün məlumat bazası və ya proqram təminatının hazırlanması tövsiyə olunur. Səlahiyyətli qurumlar tərəfindən istifadə ediləcək bu məlumat bazası vasitəsilə tənha yaşayan yaşlılara və ahıllara sosial xidmət mərkəzləri, eləcə də digər xeyriyyə təşkilatları fəaliyyətlərini daha səmərəli təşkil edəcəklər. Ahılların yaşadığı ərazidən asılı olmayaraq onların sosial müdafiəsinə və təhlükəsizliyinin təminatına, xidmətlərin əlçatanlığına və ədalətli sosial təminatına şərait yaranacaqdır. Ölkəmizdə yaradılmış innovativ sosial xidmət mərkəzi olan DOST agentliyinin yaşlılara cavabdeh olan əməkdaşları və könüllüləri vasitəsilə tənha yaşayan ahıllara ildə dörd dəfədən az olmayaraq baş çəkmək və sosial ehtiyaclarına dəstək olmaqla onların qarşılaşa biləcəkləri risklərə qarşı özlərini daha təhlükəsiz hiss etmələrini təmin etmiş olar. Bununla da yoxsul, tənha yaşlıların ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardım və xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə nail olmaq olar. Bu isə əhalinin həssas təbəqəsi sayılan ahıllara göstərilən sosial xidmətlərin daha effektiv və ədalətli olmasını, onların sosial müdafiəsinin gücləndirilməsini və ahıl yaşlarında daha layiqli səviyyədə həyat yaşamalarını təmin edəcəkdir. Xüsusilə regionların inkişaf hədəflərində əhalinin davamlı sosial rifahı, həyat keyfiyyəti göstəricilərınin yaxşılaşdırılması, yaşlı, tənha və yoxsul ahılların qayğısına qalmaq bizim cəmiyyət üçün həmişə aktual olmuş, onlara qarşı diqqət və qayğı vacib sayılmışdır.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Türk dilində:

  1. Büyükilikmen, A.Y. (2015). Sosyal sermaye ve ölçülmesi. // Selçuk Üniversitesi Sosyal ve Teknik Araştırmalar Dergisi (10), 45-52.
  2. Danış, M.Z. (2009). Türkiye’de yaşlı nüfusun yalnızlık ve yoksulluk durumları ve sosyal hizmet uygulamaları açısından bazı çıkarımlar. // Toplum ve Sosyal Hizmet, 20(1), 67-84
  3. Erkuran, H. (2020). Yaşlanma korkusu. // Sağlık ve Toplum, 20(1), 26-29.
  4. Edip Aygüler. Yalnız Yaşayan Yaşlıların Yaşlılık Algıları, Yaşam Deneyimleri ve Gereksinimleri. – https://www.google.com/url?esrc=s&q=&rct=j&sa=U&url=http://www.openaccess.hacettepe.edu.tr:8080/xmlui/bitstream/handle/11655/26350/Edip%2520Ayg%25C3%25BCler%2520Tez%252020220615.pdf%3Fsequence%3D1&ved=2ahUKEwjcjvWaq_X-AhXiR_EDHZqJAxAQFnoECAYQAg&usg=AOvVaw27dGYHkGviYHeBRH1mWLPY
  5. Görgun Baran. A, Erdem M.T. (2018). Feminist Gerontoloji və Yaşlı Ayrımçılığı. // İzmir Dokuz Eylül Unversitesi Mulltidisipiliner İİ Kadın Kongresi, e-book Özet Kitabı İzmir.
  6. Gerşil, G. ve Keskin, R. (2018). Sosyal sermayenin güven unsurunun değerlendirilmesi: Manisa Celal Bayar Üniversitesi İktisadi Ve İdari Bilimler Fakültesi öğrencilerine yönelik bir uygulama. // Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi(42), 155-178.

 

İnglis dilində:

  1. Vernon Coleman. Old man in a chair. İndependently Published. /6 oct. 2020, -359 p.

 İnternet resursları:

  1. https://www.stat.gov.az/source/healthcare/
  2. https://www.sosial.gov.az/post_531157
  3. https://stm.az/storage/common/1659363494.Qaygi.pdf
  4. https://e-qanun.az/framework/23195

 

Eliza Ismayilova

REVIEW OF THE NEEDS TO USE SOCIAL SERVICES OF THE ELDER

POPULATION GROUP IN AZERBAIJAN

 Abstract

There has been a special attention, care and respect for the elderly people in Azerbaijan since ancient times. This has strengthened for years in the rich national and moral values system of our nation and has been intergenerationally transferred. The independent Republic of Azerbaijan endeavors to improve the cultural and spiritual heritage of the nation, human rights and its protection, gracious and fair welfare statehood, to improve the social status of population, and to provide them with more decent lifestyle. Due to the decrease of able-bodied of the elderly in the sensitive layer of the population, and the weakening of social relations, which is needed to expand the activities of social service subjects to resolve them, many compulsory issues and new approaches are formed. The organization of social protection of the elderly is necessary for their life by increasing their life capacity and social protection needs, also, other “social investments” and the payment of providence are necessary. In the field of modern social services, the “Social Investment” means all the sources in the social relations system of elderly people – family setup, kinship, neighborhood and friendly relations, social networks, commitments and expectations.

At the same time, the level of participation in the association and volunteering programs, along with having data base relating the place and role of the elderly in the socio-political decision-making mechanism, as well as an active lifestyle might be valued as an indicator of the work and services in order to improve their social well-being. It can be also clearly identified by the quality of life standards for the elderly group of the population as one of the forms of social protection, and their hobbies as one of the forms of modern social service. There are many issues arising out of the realization of this phenomenon in the societies that is unprepared in which “demographic aging” process accelerates and the socio-demographic structure of the population has many issues related to this situation and there is a need for its clarification. In this regard, the types of social services related to the elderly population in developed countries, its forms and directions are already determined by the level of service aimed at not only by increasing the financial needs of the elderly, but also to improve their cultural and moral needs.

 Keywords: human, welfare, social serves, dignified life, social investments, alone people, elderly peopleand

 

Элиза Исмаилова

ОБЗОР ПОТРЕБНОСТИ ПОЖИЛОГО НАСЕЛЕНИЯ В ПОЛУЧЕНИИ

СОЦИАЛЬНЫХ УСЛУГ В АЗЕРБАЙДЖАНЕ

 Резюме

 В Азербайджане с незапамятных времен и до наших дней к пожилым людям относились с особым вниманием, заботой и уважением. Выбирая путь гуманистического, милосердного и справедливого государства всеобщего благосостояния, независимая Азербайджанская Республика стремится улучшить социальное положение населения, обеспечить его более достойным образом жизни. В связи со снижением трудоспособности и ослаблением социальных отношений пожилых людей, входящих в уязвимые слои населения, возникает множество обязательных вопросов, для решения которых необходимо расширение деятельности субъектов социального обслуживания, новые подходы. Организация социальной защиты пожилых людей требует особой заботы, внимания и обслуживания для продления их жизни, увеличения потребностей в социальной защите и анализа других “социальных инвестиций”, а также выплаты пособий. В современной сфере социального обслуживания под” социальным инвестированием ” понимается наличие в обществе всех ресурсов пожилых людей, входящих в систему социальных отношений – семейных, родственных, добрососедских и дружеских отношений, социальных сетей, обязательств и ожиданий пожилых людей. При этом уровень участия пожилых людей в ассоциативных и волонтерских программах, наличие базы данных о месте и роли пожилых людей в механизме принятия социально-политических решений могут оцениваться как показатель работы и услуг, выполняемых в направлении улучшения их социального благополучия наряду с активным образом жизни пожилых людей. Также определение того, какие виды социальной защиты оказывают пожилые люди, источники доходов и льготы, увлечения, может дать четкое определение качественного показателя уровня жизни по старшей группе населения как одной из современных форм социального обслуживания. В условиях ускорения процесса “демографического старения” населения в социально-демографической структуре и неподготовленности к ситуации в обществах существует множество проблем, реализуемых этим понятием, в связи с чем существует также необходимость уточнения и уточнения многих исследований. В связи с этим в развитых странах формы и направления видов социального обслуживания пожилых людей, являющихся уязвимыми слоями населения, уже определяются уровнем обслуживания, направленного не только на удовлетворение их материальных потребностей, но и на повышение их культурных и духовных потребностей.

Ключевые слова: человек, благополучие, социальная служба, достойная жизнь, социальные инвестиции, старость, одиночество и престарелость

 

---------------