Natəvan NƏCƏFOVA
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müəllimi
Bakı, Azərbaycan
E-mail: natavannadjafova@rambler.ru
UOT 376.5
Xülasə. Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial problemlərinin uğurlu həlli cəmiyyətdə həmrəylik və sosial təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətlidir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu kateqoriyadan olan şəxslərlə bağlı tədbirlər dövlətin sosial siyasətinin əsas hədəflərindən sayılır.
Məqalədə valideyn himayəsindən məhrum olmuş uşaqların sosial problemləri təhlil edilir. Uşaq evlərinin məzunlarının bu müəssisələri tərk etdikdən sonra üzləşdikləri problemlər araşdırılır. Bu uşaqlar haqqında cəmiyyətdə formalaşmış ümumi rəy sosioloji tədqiqatla öyrənilir. Əldə olunan məlumatlar valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı bir çox kompleks məsələləri təhlil etməyə imkan verir. Belə bir qənaətə gəlinir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsinin dövlət və yerli idarəetmə orqanları, uşaq müəssisələri ilə yanaşı ölkəmizdə bu sahədə fəaliyyət göstərən bir sıra təşkilatlar, ictimai birliklər tərəfindən də diqqətdə saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: ailə, uşaq müəssisələri, sosial siyasət, dövlət proqramları, övladlığa götürmə
Giriş
Uşaqlıq illəri insan həyatının ən rəngarəng, yaddaqalan və xoşbəxt dövrüdür. Məhz bu illərdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir [1]. Dövlətimiz gələcəyimiz olan uşaqların ailə mühitində böyüməsi və tərbiyə almasına xüsusi önəm verir.
Lakin təəssüflə qeyd etməliyik ki, bəzən uşaqlar ailəsindən ayrı yaşamaq məcburiyyətində qalırlar. Bu uşaqların ailə mühitindən ayrılaraq uşaq müəssisələrinə düşmə səbəbləri müxtəlifdir. Buna gətirib çıxaran səbəblər sırasında uğursuz ailələr, valideynlərin boşanması, valideynlik hüququndan məhrum olunması, pis vərdişlərinin olması, imkansızlıq və s. amilləri qeyd etmək olar [9, s. 307].
Əsas mətn
Valideyn himayəsindən məhrum olmuş uşaqların uşaq müəssisələrinə düşmələri, orada uzun müddət qalmaları bir problemdirsə, yetkinlik yaşına çatıb uşaq müəssisələrini tərk etdikdən sonrakı yaşantılar, harada qalmaları, hansı işlərlə məşğul olmaları daha böyük problemdir. Belə ki, cəmiyyətdə bu kateqoriyalı insanlara birmənalı yanaşılmır: bir qrup insan onları özlərindən kənarlaşdırır, digərləri isə onları “artıq” adam hesab edir. Düzdür, əksinə fikirləşənlərin, onlara doğmaları kimi qayğı göstərənlərin sayı da xeyli çoxdur. Bu məqamda cəmiyyətdə uşaq müəssisələrinin məzunları haqqında formalaşan rəyin mahiyyətli cəhətlərini düşünməyə dəyər. Problemi araşdırmaq məqsədilə tərəfimizdən sosioloji sorğu keçirilmişdir. Sorğunun əsas aspektlərinə uşaqların uşaq evinə düşməsi səbəbləri və uşaqlarından imtina edən valideynlərə münasibət; uşaq evlərinin kimsəsiz uşaqların bir şəxsiyyət kimi formalaşmasında rolu; uşaq evlərinin məzunlarına dövlətin hansı yardımları göstərməsinin zəruriliyi; valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji durumları; uşaq evlərinin məzunlarının gələcək həyatları; onlar haqqında cəmiyyətdə formalaşmış ümumi rəy və sosiodemoqrafik göstəricilər daxil edilmişdir. Bu indikatorlar vasitəsilə valideyn himayəsindən məhrum olmuş uşaqların real vəziyyəti və cəmiyyətdə onlara olan münasibət tədqiq edilmişdir. Əldə olunan məlumatlar interpretasiya olunaraq valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı bir çox kompleks məsələləri təhlil etməyə imkan vermişdir.
Sorğuda 400 respondent iştirak etmişdir. Sorğunun ünvanlandığı respondentlər Bakı və ətraf qəsəbələrin sakinlərindən ibarət olmuşdur. Anket sorğusunda iştirak edən respondentlərin 47 faizini kişilər, 53 faizini isə qadınlar təşkil etmişdir.
Sorğuda iştirak edən respondentlərin yaş nisbəti 18-60 yaş aralığı olub. Respondentlərin yarıdan çoxunu (55%) məşğul əhali, 20%-ni işsiz respondentlər, 13%-ni tələbə gənclər, 11%-ni təqaüdçülər təşkil edib. Sorğuda həmçinin respondentlərin təhsil səviyyəsinə görə nisbəti də əks olunub. Respondentlərin təxminən yarısı ali (40%) və natamam ali təhsilli (8%), 24 və 12%-i müvafiq olaraq tam orta və natamam orta təhsilli, nəhayət, 16%-i orta ixtisas təhsilli olub. Rəy soruşulanlardan yarıdan çoxunu evli (58%), müvafiq qaydada 19 və 18%-ni subay və boşanmış, 5%-ni isə dul respondentlər təşkil edib. Belə bölgü bizə problemə dair daha dolğun cavablar almağa yardım edib.
Respondentlərin uşaqların uşaq evlərinə düşməsi səbəbləri haqqında cavablarını nəzərdən keçirək. Rəyi soruşulanların təxminən 1/3-i (28%-i) bunu “valideynlərin öz övladlarından imtina etməsi”, 22%-i isə “valideynlərin hər ikisinin vəfatı və uşağa baxanın olmaması” ilə izah edir. Üçüncü yerdə gələn səbəb isə “valideynlərin sosial vəziyyətinin aşağı səviyyədə olması”dır (15%). Göstərilən hər üç səbəb, zənnimizcə, daha çox yoxsulluq, maddi imkansızlıq problemi ilə izah edilə bilər. Digər səbəblər arasında daha çox sosial-psixoloji problemlər öndə gəlir: məsələn, valideynlərdən birinin sonradan yenidən ailə həyatı qurması (7%), valideynlik hüququndan məhrum edilməsi (5%), ümumiyyətlə boşanması (3%) və s.
Qeyd etdiyimiz kimi, bir sıra valideynlər sosial vəziyyətlərinin aşağı səviyyədə olması səbəbindən uşaqlarını uşaq müəssisələrinə yerləşdirir, özləri ilə bərabər övladlarının da pis yaşamasını istəmirlər. Lakin cəmiyyətdə bu cür valideynlərə münasibət heç də yaxşı deyil. Belə ki, rəyi soruşulanların böyük əksəriyyəti (80%) üçün bu cür valideynlər pis nümunədir. Yalnız 20% respondent bunun “normal” (15%) və yaxşı hal olduğunu bildirib.
Əvvəl qeyd etdiyimiz kimi, uşaqların uşaq evlərinə düşmələrinin digər bir səbəbi də valideynlərin könüllü olaraq uşaqlarından imtina etməsidir. Bu suala respondentlərin cavabı birmənalı olaraq neqativdir (95%). İstənilən halda dünyaya gəlmiş körpə valideynləri sağ ikən onların himayəsində qalmalıdır. Cavablardan belə nəticəyə gəlmək olar ki, bu cür valideynlərə respondentlər heç cür bəraət qazandırmır, onları qınayırlar. Bəs, görəsən, respondentlər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş uşaq evlərinin uşaqların bir şəxsiyyət kimi formalaşmasında roluna dair nə fikirdədirlər? Gözlədiyimizin əksinə olaraq, respondentlərin çoxu onların rolunu “olduqca əhəmiyyətli” (75%) və “müəyyən qədər əhəmiyyətli” (5%) hesab edirlər. Sorğuda iştirak edənlərin 1/5-nin fikrincə isə onlar bu işdə “heç bir rol oynamırlar”.
Bizi respondentlərin uşaq evlərində böyüyən valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji durumuna rəyi də maraqlandırmışdır. Məsələ burasındadır ki, bu uşaqlar deprivasiya vəziyyətində olduğundan bir çox hallarda psixoloji problemlər yaşayırlar. Rəyi soruşulanların cavabları bunu təsdiqləyir: respondentlərin 56%-nə görə, “onlar əsəbi, çılğın, ətrafdakılar ilə tez-tez dalaşan olurlar”, 33%-nin fikrincə, “onlar çox vaxt sakit olurlar, ətrafdakılar ilə az ünsiyyətə girirlər” və nəhayət, 11% respondent “uşaq müəssisələrində hər cür uşağa rast gəlməyin mümkünlüyünü” vurğulayır .
Cədvəl 1-dən göründüyü kimi, respondentlərin uşaq evini tərk etdikdən sonra valideyn himayəsindən məhrum olmuş uşaqların həyat şəraitlərinə dair cavabları bir qədər ziddiyyətlidir. Belə ki, əgər onlardan 36%-i həmin uşaqların çox pis vəziyyətdə olduğunu düşünürsə (“Küçədə dilənçi vəziyyətində yaşayırlar”), təxminən bir o qədəri də (32%) uşaqların cəmiyyətdə özlərinə layiqli yer tuta biləcəyini zənn edirlər. Respondentlərin 18%-i burada hər bir şeyin mümkünlüyünü qəbul edir və hər şeyi onların öz ixtiyarına buraxaraq, vəziyyəti şəraitlə əlaqələndirir. Yalnız 13% respondent onların həbsxanaya düşə biləcəyini zənn edir. Beləliklə, respondentlərin yarıdan çoxu onlar haqqında pozitiv düşünmür, 1/3-i isə bunu mümkün hesab edir.
Buradan belə bir sual yaranır: Görəsən, uşaq evlərində böyüyən valideyn himayəsindən məhrum olmuş uşaqlar gələcəkdə cəmiyyət üçün faydalı insan ola biləcəklərmi? Bu haqda respondentlər nə düşünür? Respondentlərin 82%-i bunu yalnız uşağın öz fərasəti ilə bağlayır. Onların fikrincə, bu məsələdə uşağın “uşaq evində və ya ailə mühitində böyüməsinin əsaslı fərqi yoxdur”. Rəyi soruşulanların 11%-i onların cəmiyyət üçün faydalı ola biləcəyinə inanır və hətta bu şəxslərin valideynləri ilə yaşayan uşaqların bir çoxundan artıq cəmiyyətə fayda verəcəyini bildirir. Sorğuda iştirak edənlərin 7%-i isə buna inanmır və səbəb kimi də uşaq evini göstərir, çünki “onlara uşaq evində bunu aşılaya bilmirlər” .
Müasir dünyada təhsil çox vacib bir sosial institutdur və yaxşı təhsil onu verən müəssisənin yüksək tələblərə cavab verən müəllimlərə, avadanlığa və ümumiyyətlə uşaqları inkişaf etdirmək üçün digər imkanlara malik olması ilə şərtlənir. Təhsil həm də bu sahəyə kapital qoyulmasını, onun əlçatan olmasını tələb edir. Yəqin ki, elə bu düşüncələri əsas tutaraq, respondentlər valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüyən uşaqlardan təhsil səviyyəsinə görə zəif olması cavabını veriblər (53%). Rəyi soruşulanların 43%-i bu uşaqlar arasında əhəmiyyətli fərqin olmadığını, yalnız 7%-i isə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüyən uşaqlardan təhsil səviyyəsinə görə yüksək olduğunu qeyd edib. Zənnimizcə, burada respondentlər daha çox potensial imkanları nəzərə alaraq belə cavablar veriblər. Amma əslində təhsil üçün lazım olan elmentlərin çoxu indiki şəraitdə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün, təəssüf ki, əlçatan deyil [5, s.179].
Respondentlərin uşaq evlərinin məzunlarının gələcək həyatları barədə düşüncələri demək olar ki, yarı-yarıya nisbətdə bölünür. Belə ki, onların 54%-i həmin şəxsləri gələcəkdə çox problemlərin gözlədiyini bildirir, 25%-i onların “normal” və 21%-i “yaxşı” bir həyat keçirəcəklərinə inanır (Cədvəl 2).
Rəyi soruşulanların mühüm bir hissəsi (68%) uşaq evlərinin məzunlarının işlə təminatını vacib məsələ sayır. Onların 1/5-nin rəyinə görə (20%) məzunlar yaşayış yeri ilə təmin edilməlidirlər. Digər vacib şərtlər arasında maliyyə yardımı (14%) və maddi yardımlar (12%) göstərilib. 16% respondent sadalanan bütün yardımların vacibliyini vurğulayır. Respondentlərin yalnız 2%-i dövlətin bu işə qarışmamasını istəyir.
Uşaq evlərinin məzunlarına nə cür münasibət bəsləməsinə dair suala respondentlərin cavabları belə olmuşdur: təqribən 2/3-nin “onlara yazığı gəlir, hallarına acıyır” (56%) və “onlara kömək üçün əlindən gələn hər şeyi etməyə hazırdır” (20%). Rəyi soruşulanların 15%-i dövlətin həmin şəxslərin qayğısına qaldığına görə “hallarına yanmır” və bir o qədər sayda respondent onlara “yaxşı münasibət bəsləmir”. Zənnimizcə, belə bir cavabın verilməsinin səbəbləri növbəti sorğularda araşdırılmalı və bu istiqamətdə müəyyən işlər görülməlidir. İstənilən halda antipatiya, qayğısızlıq, diqqətsizlik cəmiyyətdə harmonik münasibətlərin yaranmasına birbaşa maneədir.
Cədvəl 4-dən göründüyü kimi, respondentlərin 66%-i uşaq müəssisələrində böyüyən uşaqla ailə mühitində böyüyən uşaq arasında hər hansı bir fərqi görmür, qalan 34% üçün isə bu fərqlərin olması faktdır.
İstənilən cəmiyyətdə indifferent şəxslərin olması istisna deyil və buna fövqəladə hal kimi baxmaq düzgün olmazdı.
Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmamış, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə ölkəmizdə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atılmışdır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə Azərbaycan hökuməti həssas qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Dövlətimiz tərəfindən xüsusi qayğı göstərilən qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Azərbaycan Respublikasında 22 iyun 1999-cu il tarixində qəbul edilmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunla bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsinin təmin edilməsi nəzərdə tutulur [8]. Bu uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri “De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi olmuşdur. Proqram Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiqlənmişdir [2, s.121; 6; 9]
Valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi və saxlanılması tədbiri kimi onların övladlığa, qəyyumluğa, himayəçiliyə və digər ailəyə verilməsinin üstünlüyü təsbit edilmişdir. Qeyd etmək lazımdır ki, uşaqların tərbiyə, təhsil, sosial təminat, müvafiq müəssisələrdə saxlanılması (yerləşdirilməsi) və s. məsələlər o halda tətbiq olunur ki, həmin uşaqların müdafiə və tərbiyə edilməsinin başqa formalarının (qəyyumluğa, himayəyə, övladlığa vermə və s.) tətbiqi mümkün olmasın [11, s.46].
Uşaqların hüquqlarının qorunması sahəsində övladlığa götürmə institutu diqqət edilməsi vacib olan əsas sahələrdən biridir. Bu institut həm övladlığa verən, həm övladlığa götürən, həm tərbiyə müəssisələri, həm də dövlət qurumlarının qarşısında müxtəlif hüquq və vəzifələr qoyur, uşaqların mənafelərini üstün tutaraq onlar üçün vacib institut olduğunu sübut etmək istiqamətində səylərini optimallaşdırmağa çalışır [7].
Övladlığa götürmə heç də sadə, yəni valideynlər arasında baş tutmuş razılıqla və ya müvafiq müəssisələrin razılığı ilə uşağın övladlığa götürülməsindən ibarət deyil. Uşaq hüquqlarının həyata keçirilməsi, onların düzgün tərbiyə olunması, yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi tələblər əsasında təhsil alması, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir [5, s.89; 6, s.185].
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2020-ci ildə 234 uşaq övladlığa götürülmüşdür. Onlardan 111-i qız, 123-ü oğlan uşaqlarıdır. Bu uşaqların əksəriyyətinin yaşı əsasən 1-5 yaş arasında dəyişir [3].
Bəzən cəmiyyətdə bu tərbiyə və himayə formalarının qarşı-qarşıya qoyulması hallarına, bəzən internatların lazımsızlığı, bəzən isə ailəyə uşaq verilməsinin təhlükəli olması kimi fikirlərə rast gəlinir. Hesab edirik ki, bu yanaşma qüsurludur. Çünki bu tərbiyə və himayə formaları uzun illər ərzində beynəlxalq təcrübələrin sınağından çıxaraq bu gün mövcud olmaq haqqına sahib ola bilmişdir. Ola bilər ki, bir uşaq övladlığa, qəyyumluğa və himayəyə verilib, bu uşaq üçün çox uğurlu, səmərəli olmuşdur. Ola bilər ki, bir internat tipli müəssisədə çox keyfiyyətli təhsil, tərbiyə verilmiş və həmin internatın məzunu gələcəkdə uğurlu həyat yaşamışdır. Eynilə himayədar ailədə uşaq üçün əlverişli ola bilər, onun uğurunu təmin edər. Yaxud əksinə, mümkündür ki, hansısa bir uşağın övladlığa, qəyyumluğa verilidiyi ailə, tərbiyə aldığı müəssisə onun üçün uğursuz olsun; uşaq yaxşı təhsil ala bilməsin, sağlamlığına ciddi təhlükə yaransın. Qeyd olunanlar bir daha gostərir ki, hər bir tərbiyə və himayə formasının üstünlüyü və mövcud olmaq reallığı vardır. Lakin burada ən vacib cəhət həmin tərbiyə və himayə formalarına ciddi dövlət nəzarətinin olması və bu sahədəki fəaliyyətin, eləcə də dövlət, valideyn himayəsindən məhrum olmuş uşaq və müəssisə (himayədar ailə, qəyyum, himayəçi və s.) arasındakı münasibətlərin hüquqi cəhətdən dəqiq, mükəmməl tənzimlənməsidir. Azərbaycan Respublikasında dövlət uşaq siyasəti valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsinə yönəlmişdir. Lakin hazırkı tədqiqat işinin hazırlanması zamanı aparılan ekspert sorğusuna əsasən gəldiyimiz qənaət belədir ki, bunun icrası yaxın illərdə mümkün deyil. Həm valideyn himayəsindən məhrum olmuş uşaqların sayı, həm uşağı tərbiyə üçün götürməyin ölkədə ənənəvi olmaması və s. məsələlər, yəqin ki, hələ uzun illər uşaq internat müəssisələrinin mövcud olmasını şərtləndirəcəkdir.
Nəticə
Apardığımız tədqiqatdan aşağıdakı nəticələrə gəlmək olar:
- Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan uşaq evləri və internat məktəblərində uşaqların sayının artmasının başlıca səbəbi yoxsulluqdur. Apardığımız sorğuda respondentlərin əksəriyyəti uşaqların uşaq evlərinə və internat məktəblərinə düşməsinin digər əsas səbəblərindən biri kimi valideynlərin öz uşaqlarından imtina etməsini və valideynlərin vəfat etməsini göstərirlər. İnsanlarda bu fikirlərin yaranması təsadüfi deyil. Çünki uşaq evləri yaradılarkən əsas məqsəd valideynləri vəfat etmiş uşaqlara sığınacaq, qida, geyim, təhsil vermək olmuşdur.
İnsanlarda belə bir fikir formalaşıb ki, yalnız uşağın valideynləri vəfat etdikdən sonra və onlara baxan olmadığından uşağı uşaq evinə və ya internat məktəbinə vermək olar. Amma həm bizim apardığımız tədqiqatdan, həm də müvafiq orqanların verdiyi məlumatlardan məlum olur ki, uşaq müəssisələrində “sosial yetimlər”in, yəni valideynləri sağ olan, lakin müxtəlif səbəblərə görə (yoxsulluq, boşanma, həbsxanada olma) uşaq müəssisələrində yerləşdirilən uşaqların sayı “bioloji yetimlər”dən kifayət qədər çoxdur.
Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan uşaq müəssisələrində uşaqların psixoloji vəziyyəti çox zaman ürəkaçan olmur. Bu müəssisələrdə müxtəlif cür uşaqlara rast gəlmək mümkündür. Onlar arasında istər sakit, ətrafdakılarla az ünsiyyət quranlar, istərsə də aqressiv, ünsiyyətcil olanlar da var. Nisbətən böyük yaş qrupunda olan uşaqlar arasında bu cür hallara daha çox rast gəlinir. Eyni zamanda onlardan bəziləri uşaq müəssisələrindən kənara çıxmaq istəmirlər. Səbəbini isə ətrafdakılarla ünsiyyətdə olmaq istəməmələri ilə izah edirlər. Onların fikrincə, onlar üçün ən yaxşı məkan uşaq evləridir.
Böyük yaş qrupunda olan uşaqlardan fərqli olaraq müşahidə etdiyimiz kiçik yaşlı uşaqlar sakit, utancaq və bir qədər də nədənsə ehtiyatlanan, qorxan vəziyyətdədirlər. Sorğuda iştirak edən respondentlərin əksəriyyətinin fikrincə, uşaq müəssisələrində böyüyən uşaqlar sakit, özlərinəqapalı, ünsiyyəti sevməyən olurlar.
- Uşaq müəssisələrində yaşayan uşaqlarla aparılan sosial iş zamanı müəyyən olundu ki, uşaqların əksəriyyətində psixoloji zədələr var. Bu zədələr ailə mühitindən gəlsə də, uşaq müəssisələrində onların üzərində lazımi iş aparılmadığı üçün daha da dərinləşib.
- Eyni zamanda uşaq müəssisələrində olan uşaqların təhsil səviyyəsinin ailə mühitində böyüyən uşaqların təhsil səviyyəsindən aşağı olduğu müəyyən edilib.
- Uşaq müəssisələrinin məzunlarının həyatları uşaq müəssisələrində keçirdikləri həyatdan aşağı vəziyyətdə olur. Düzdür, onlar arasında öz həyatlarını nisbətən yaxşı qurmağı bacaranlar da var, ancaq bu göstərici çoxluq təşkil etmir. Rəyi soruşulanların əksəriyyətinin fikrincə, uşaq müəssisələrinin məzunları bir sıra hallarda küçədə dilənçi vəziyyətində yaşayırlar və ya müəyyən bir işdə çalışsalar da, məvacibləri çox zaman minimum əmək səbətindən aşağı olur.
Tədqiqatımızın nəticələrinə əsaslanaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətdə vəziyyətini yaxşılaşdırmaq məqsədilə onların foster ailələrdə, bioloji ailələri olduğu halda isə öz ailələrində yerləşdirilməsini məqsədəuyğun hesab edirik. Valideynlərin sosial vəziyyətinin aşağı səviyyədə olduğu və bunun uşaq(lar)a baxmaqda problemə çevrildiyi hallarda bu tip ailələrə dövlət yardımının artırılması vacibdir. Fikrimizcə, hazırkı şəraitdə dövlət uşaq müəssisələrinin məzunları iş və yaşayış şəraiti ilə təmin edilməlidir ki, onlar cəmiyyət üçün faydalı insan ola bilsinlər. Müvafiq dövlət orqanları, QHT-lər, hüquqi, psixoloji və sosial iş mərkəzləri valideyn himayəsindən məhrum olmuş uşaqlarla mütləq uzunmüddətli psixo-sosial reabilitasiya işləri aparmalı, onların yüksək səviyyədə təhsil almaları üçün QHT-lər, müxtəlif aidiyyəti qurumlar, mərkəzlər, ictimaiyyət nümayəndələri və başqaları dəstək göstərməlidirlər. Uşaqlar ailələrdə yerləşdirilən zaman ailə və uşaqla ayrı-ayrılıqda sosial işçilər məşğul olmalıdır. Burada məqsəd əvvəlcədən ailə ilə uşağın bir-birinə uyğun olub-olmadığını aşkar etmək, hər iki tərəfə yeni mühitə uyğunlaşmaqda kömək göstərməkdən ibarətdir.
Bütün bunların yerinə yetirilməsi, fikrimizcə, cəmiyyətdə valideyn himayəsindən məhrum olmuş uşaqlara qarşı neqativ yanaşmanı xeyli dərəcədə aradan qaldırmış olar.
Beləliklə, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsində dövlət və yerli idarəetmə orqanları, uşaq müəssisələri ilə yanaşı vətəndaş cəmiyyətinin əsas elementlərindən olan qeyri-hökumət təşkilatlarının (istər beynəlxalq, istərsə də yerli), ictimai birliklərin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
Azərbaycan dilində:
- “Azərbaycan müəllimi” qəzeti, 27 dekabr 2013-cü il, № 30
- “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı dövlət proqramı (2006-2015-ci illər). /Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir/ – https://e-qanun.az/framework/11537
- Dövlət Statistika Komitəsinin elektron portalı. 2010-2020 https://www.stat.gov.az
- Həsənov, R. Sosial siyasət. – Bakı: “Avropa” nəşriyyatı, 2016, – 310 s.
- Nəcəfova, N.X. Valideyn himayəsindən məhrum olmuş uşaqlar problemi sosial iş kontekstində. // Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, Bakı, 2015, №1, s. 118-125.
- Rəcəbli, H. Azərbaycan Respublikasının sosial müdafiə sistemi. /Ali məktəblər üçün dərs vəsaiti. Bakı: MBM, 2012, – 408 s.
- Uşaqların yerli vətəndaşlara övladlığa verilməsinin tərəfdarıyıq. – www.hafta.az
- “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. /Bakı, 22 iyun 1999-cu il/ – https://e-qanun.az/framework/3859
Türk dilində:
- Aliyeva, Y.N. Sahipsiz şocuklar: Azerbaycan örneği / Y.N.Aliyeva, S.N.Aliyeva. İstanbul: SAMER, Bağcılar Baskısı, 2014, №3, s.306-313.
Rus dilində:
- Ахинов, Г.А. Социальная политика. Теория и практика /Г.А.Ахинов, С.В.Калашников. – Москва: ЗАО Издательство Экономика, 2008, -312 c.
- Бессчетнова, О.В. Приемная семья: социально-демографический анализ. – Саратов: Научная книга, 2008, -288 с.
- Cимерницкая, Э.Г. Нейропсихологическая диагностика и коррекция школьной неуспеваемости. // Психодиагностика и коррекция детей с нарушениями и отклонениями развития / Сост. В.М.Астапов, Ю.В.Микадзе. – Санкт-Петербург: Питер, 2001, с.177-185 (Хрестоматия по психологии).
Natavan Najafova
EMPIRICAL STUDY OF SOCIAL POLICY REGARDING GRADUATES OF ORPHANAGES
Abstract
The successful solution of the social problems of children left without parental care is important for ensuring solidarity and social security in society. As in many countries, in Azerbaijan, measures concerning persons from this category are considered one of the main goals of state social policy. This article analyzes the social problems of children left without parental care. The problems faced by graduates of orphanages after leaving these institutions are investigated. With the help of sociological research, the general opinion that has developed in society about these children was studied. The data obtained made it possible to analyze many complex issues related to children left without parental care. It is concluded that caring for children left without parental care is of great importance on the part of state authorities and local governments, children’s institutions, as well as a number of organizations and public associations operating in this area in our country.
Keywords: family, children’s institutions, social policy, government programs, guardianship
Натаван Наджафова
ЭМПИРИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ СОЦИАЛЬНОЙ ПОЛИТИКИ В ОТНОШЕНИИ ВЫПУСКНИКОВ ДЕТСКИХ ДОМОВ
Резюме
Успешное решение социальных проблем детей, оставшихся без родительской помощи, важно для обеспечения солидарности и социального обеспечения в обществе. Как и во многих странах, в Азербайджане меры, касающиеся лиц из этой категории, считаются одной из основных целей государственной социальной политики. В этой статье анализируются социальные проблемы детей, оставшихся без родительской помощи. Проблемы, с которыми сталкиваются выпускники детских домов после выхода из этих учреждений, исследуются. С помощью социологических исследований было изучено общее мнение, которое развивалось в обществе об этих детях. Полученные данные позволили анализировать многие сложные проблемы, связанные с детьми, оставшимися без родительской помощи. Сделан вывод, что уход за детьми, оставленными без родительской помощи, имеет большое значение со стороны государственных властей и местных органов власти, детских учреждений, а также для ряда организаций и общественных ассоциаций, действующих в этой области в нашей стране.
Ключевые слова: семья, детские учреждения, социальная политика, государственные программы, опека