Südabə HAŞIMOVA 

Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin

Sosiologiya kafedrasının müəllimi

Bakı, Azərbaycan

 

E-mail: hashimova.sudaba@bk.ru

ORCID: 0009-0003-9354-0152

UOT- 316.42

Xülasə. Hal-hazırda şəxsiyyətin formalaşması prosesinin və onun sosial mühitlə qarşılıqlı təsirinin öyrənilməsi məsələlərində alimlərin fərdin peşə sosiallaşmasına marağı kifayət qədər artmışdır ki, bu da cəmiyyətdəki və mədəniyyətdəki dəyişikliklərlə şərtlənir. Şəxsiyyətin sosiallaşması, formalaşması və inkişafı bir-biri ilə əlaqəli: ümumi sosiallaşma, peşə-rol sosiallaşması, peşəkarlaşma proseslərindən ibarətdir. “Peşə sosiallaşması” prosesi vasitəsilə insan müəyyən peşə dəyərlərinə qoşulur, peşə şüurunu və mədəniyyətini formalaşdırır, peşə fəaliyyətinə hazırlaşır. Peşə sosiallaşması insanın bütün həyatı boyu davam edir. Peşə sosiallaşmasının sosial aspekti sosial-peşə normalarının mənimsənilməsindən və şəxsiyyətin peşə fəaliyyətinin subyekti kimi formalaşmasından ibarətdir.

Məqalənin yazılmasında məqsəd peşə sosiallaşmasının əsas xüsusiyyətlərinin və problemlərinin sosioloji tədqiqi və müasir şəraitdə refleksiyasının öyrənilməsindən ibarətdir. Araşdırmanın aparıcı prinsiplərini struktur funksionalizm, sistemli təhlil, nəzəri ümumiləşdirmə, induksiya, deduksiya, müqayisə metodları təşkil edir.

Məqalənin elmi yeniliyi peşə sosiallaşmasının sosial-peşə normalarının mənimsənilməsi və şəxsiyyətin peşə fəaliyyətinin subyekti kimi formalaşması proseslərinin kompleks şəkildə tədqiq edilməsidir.

Tədqiqatın əsas müddəaları və nəticələri orta ümumtəhsil məktəblərində, ali məktəblərdə, məşğulluq xidmətlərində peşəyönümü işinin effektivliyinin yüksəldilməsi üzrə proqramların işlənib hazırlanmasında istifadə edilə bilər.

Açar sözlər: peşə sosiallaşması, peşəkarlaşma, sosial-peşə mühiti, peşə özünütərbiyəsi, peşə münasibətləri, peşə fəaliyyəti, peşə seçimi

 

 

Giriş

 

Sosiallaşma problemi sosiologiyada əhəmiyyətli məsələlərdən biridir. Belə ki, o, cəmiyyətin özünüyeniləməsini təmin edir. Bu prosesin uğurundan yeni nəsillərin əvvəlki nəsillərin təcrübəsini, bacarıqlarını, dəyərlərini təhvil ala, ictimai münasibətlər sistemində onların yerini tuta bilmələri asılıdır. Uğurlu sosiallaşma insanın effektli sosial adaptasiyası, həmçinin onun şəxsi inkişafına, özünüreallaşdırmasına, özünütəsdiqləməsinə mane olan cəmiyyətə, həyat situasiyalarına müəyyən dərəcədə qarşı durmaq bacarığıdır.

Müasir dünyada özündə ən yüksək dinamizmi və universal xarakteri birləşdirən əhəmiyyətli dəyişikliklər baş verir. Reallıq göstərir ki, şəxsiyyətin sosial təşəkkülü və inkişafı qanunauyğunluqlarının və ziddiyyətlərinin yalnız məqsədyönlü kompleks öyrənilməsi sosiallaşma və peşəkarlaşma proseslərinin tənzimlənməsi və bu proseslərin idarə edilməsi üzrə tədbirlərin həyata keçirilməsi üçün elmi əsas yaradır. Müasir sosiomədəni şəraitin təhlili peşə sosiallaşması və peşəkarlaşma ilə bağlı miqyasına görə müxtəlif meyilləri fərqlənədirməyə imkan verir. Hal-hazırda şəxsiyyətin formalaşması prosesinin və onun sosial mühitlə qarşılıqlı təsirinin öyrənilməsində alimlərin fərdin peşə sosiallaşmasına marağı kifayət qədər artmışdır ki, bu da cəmiyyətdəki və mədəniyyətdəki dəyişikliklərlə şərtlənir. Sürətlə dəyişən sosial-peşə mühiti şəraitində sosiallaşma sxeminin dəyişilməsi baş verir: ənənəvi köklü formalara oriyentasiya və peşə sosiallaşması üsulları daha az effektli olur və cəmiyyətin təkrar istehsalı prosesini tam təmin edə bilmir. Bununla əlaqədar bu proseslərin konseptual, metodoloji, nəzəri təminatının gələcək inkişafı zərurəti yaranır [12, s.145].

 

Əsas mətn

Sosiallaşma proseslərinin uğurunun ən mühüm göstəricisi sosiallaşma subyektinin öz fəallığıdır. Sosiallaşmış insan informasiyanı, dəyərləri, vərdişləri passiv qəbul etmir, onu fəal tətbiq edir və dəyişdirir. Belə ki, əgər cəmiyyət peşə sferasında sosiallaşma prosesində insanı peşəkar kimi yaradırsa, burada sosiallaşan fərd mövcud struktur və münasibətlərin inkişafına yaradıcı təsir edir, cəmiyyətin özünü yeniləyir. Fərd yalnız peşə mədəniyyətini mənimsəmir və qəbul etmir, həm də əmək bazarında baş verən dəyişikliklərlə, xüsusən də yeni peşələrin yaranması ilə əlaqədar olaraq peşə mədəniyyətinin özünün modelinə dəyişikliklər edir. Bu, bir çox tədqiqatlarla təsdiqlənir [9; 10; 12].

Şəxsiyyətin sosiallaşması, formalaşması və inkişafına bir-biri ilə əlaqəli üç proses daxildir, bunlar: ümumi sosiallaşma, peşə-rol sosiallaşması (insanın peşə-rol funksiyalarına, normalarına, münasibətlərinə yiyələnməsi), peşəkarlaşmadır (peşə fəaliyyətinə, ixtisasa, peşə ustalığına yiyələnmənin müəyyən dərəcəsi) [7, s.97-101].

Bəzi tədqiqatçılar ümumi sosiallaşmanı fərdin uşaqlıqda məruz qaldığı ilkin sosiallaşmaya aid edirlər. İkinci sosiallaşma ondan ibarətdir ki, artıq sosiallaşmış fərd obyektiv aləmin yeni sahələrinə qoşulur, bununla əlaqəli olaraq ikinci sosiallaşma “rolların birbaşa və ya dolayısilə əmək bölgüsü ilə əlaqəli olduğu zaman spesifik rol biliyinin qazanılması” kimi çıxış edir [13, s.15].

Bu baxımdan insanın cəmiyyətdəki öz yeri haqqındakı məsələnin həllində gənclərin peşə seçiminə və onun əldə edilməsinə dəyər münasibəti müstəsna olaraq mühüm əhəmiyyət kəsb edir. Çünki şəxsiyyət cəmiyyətin yenidən qurulmasında öz yerini və rolunu yalnız bu və ya digər ixtisasla bağlı olan öz əməyi vasitəsilə müəyyən və təsdiq edə bilər. Peşəkarlıq – peşə-rol sosiallaşmasının davamı olan sosiallaşmanın pilləsidir. O, təcrübi fəaliyyətdə müəyyən bacarıqlara və peşəkarlığa yiyələnmənin nəticəsini ifadə edir. Konkret insan üçün peşə – cəmiyyət tərəfindən sosial sabitləşdirilmiş onun mümkün əmək fəaliyyətinin sahəsi, dolanışıq mənbəyi və şəxsi özünüreallaşdırma vasitəsidir. Peşə-rol sosiallaşması bu mərhələlərdən ibarətdir [7, s.97-101]:

– peşə oriyentasiyası;

– peşə niyyətlərinin formalaşması;

– peşə seçimi;

– peşə seçiminin möhkəmləndirilməsi;

– peşəyə aktiv və şüurlu yiyələnmə;

– əldə edilmiş peşə üzrə məhsuldar yaradıcı əmək fəaliyyəti;

– əlavə təhsilin əldə edilməsi yolu ilə öz peşə diapazonunun genişləndirilməsi cəhdi;

– peşə ustalığının yüksək səviyyəsinin əldə edilməsinə ustanovka;

– xidməti irəliləməyə can atma;

– qarışıq peşənin mənimsənilməsinə hazırlıq;

– yeni peşənin fəal mənimsənilməsi;

– peşə təcrübəsinin həmkarlara və gənclərə ötürülməsi.

Qeyd etmək lazımdır ki, peşə sosiallaşmasının yuxarıda göstərilən mərhələlərindən hər biri ümumi məqsədlə birləşmiş, bir-biri ilə əlaqəli ünsürlərdən ibarət olduqca mürəkkəb bir sistemdir.

Peşə sosiallaşması prosesi və peşəkarlaşma prosesi mənasına görə yaxın hesab edilir. Peşə sosiallaşması prosesində fərd müəyyən peşə roluna qoşulur və bu rolla bağlı olan sosial statusun daşıyıcısı olur. Peşə sosiallaşması insanın peşədəki şəxsi mənanı, peşə stratifikasiyasında öz yerini tapmağı, peşə düşüncəsinin, peşə identikliyinin formalaşmasını nəzərdə tutur [3, s.345-356]. Peşə sosiallaşması prosesi daha əhatəlidir və müəyyən bilik və bacarıqların əldə edilməsi ilə məhdudlaşmır. O, insanın bütün həyatı boyu davam edir. Peşə sosiallaşmasının sosial aspekti sosial-peşə normalarının mənimsənilməsindən və şəxsiyyətin peşə fəaliyyətinin subyekti kimi formalaşmasından ibarətdir. Peşə sosiallaşmasının uğuru insanın peşə birliyinə və bunun vasitəsilə – bütövlükdə cəmiyyətə inteqrasiyasında özünü göstərir [14] .

Peşəkarlaşma şəxsiyyətin sosiallaşması prosesinin ayrılmaz hissəsidir; bu, prosesin ikinci mərhələsinə – ikinci sosiallaşmaya aiddir. Peşəkarlaşma prosesi nə zaman, nə də təşkilati çərçivələrlə məhdudlaşır. Bu mərhələdə peşəkarlaşmanın əsas forması peşə özünütərbiyəsi (özünütəhsil) olur, yəni ikinci sosiallaşmanın agenti ailə, məktəb, ali təhsil müəssisəsi deyil, peşə fəaliyyətinin subyekti özü olur. Şəxsiyyətin inkişafının bu mərhələsində peşə özünüdərkin formalaşması, fərdin daxili şəxsiyyət strukturlarının inkişafı baş verir. İkinci sosiallaşmanın agentləri kimi həmçinin insanın işlədiyi təşkilatların əmək kollektivləri çıxış edir. Subyektin peşə fəaliyyəti birbaşa təşkilatın daxilində həyata keçirilir, peşə mühitinin təsiri altında subyektin peşə axlaqının formalaşması baş verir.

İstənilən sosial proses kimi peşəkarlaşma cəmiyyətin, bu və ya digər norma və dəyərlərin, sosial-iqtisadi hadisələrin və dəyişikliklərin təsiri olmadan baş verə bilməz. Cəmiyyət müəyyən dəyərləri formalaşdıraraq, təsdiq edərək və möhkəmləndirərək insanların həyat fəaliyyətinin ümumi istiqamətini müəyyən edir.

Peşə sosiallaşmasının mahiyyəti ondan ibarətdir ki, bu prosesdə fərd müəyyən peşə roluna qoşulur və bu rolla əlaqəli sosial statusun daşıyıcısı olur. Peşə sosiallaşması insanın peşədəki şəxsi mənanı, peşə stratifikasiyasında öz yerini tapmasını, peşə düşüncəsinin, peşə identikliyinin formalaşmasını nəzərdə tutur [3, s.345-356]. Peşə sosiallaşmasının uğuru insanın peşə birliyinə və bunun vasitəsilə bütövlükdə cəmiyyətə inteqrasiyasında özünü göstərir. Peşə təhsilinin sosiallaşdırıcı nəticəsi insanın ətraf aləmə, mənimsədiyi peşəyə, öz özünə sosial dəyər münasibətlərinin sabit sistemi kimi çıxış edir.

Peşə sosiallaşması – müəyyən bilikləri, dəyərləri, ustanovkaları və psixoloji xüsusiyyətləri olan, artıq formalaşmış şəxslərin keçdiyi sosiallaşmanın mərhələsidir. Peşəyə daxil olma mərhələsi həmişə çox çətindir. Yetkin insan şəxsi dəyərlər sistemini təşkilatın, istehsal kollektivinin korporativ mədəniyyətinin əsasını təşkil edən korporativ dəyərlərlə uyğunlaşdırma zərurəti ilə qarşılaşır. Korporativ mədəniyyət təşkilat kollektivinin üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilən və paylaşılan davranış modelləri və nümunələrinin məcmusu kimi müəyyən edilir. Korporativ mədəniyyətin əsasında mənəvi norma və qaydalardan ibarət olan müəyyən kodeks, təşkilatın məqsədlərini, vəzifələrini və inkişaf perspektivlərini müəyyən edən ideologiya dayanır. İdealda təşkilatda işə qəbul edilən şəxs komandaya aid olduğunu və kollektivdə öz mövqeyini hiss etməli, qurulmuş liderlik və kommunikasiya sistemini, peşə davranışı stereotiplərini, mərasimlər və qadağalar sistemini qəbul etməlidir. Müəyyən psixoloji xüsusiyyətləri olan yetkin insanlarda korporativ mədəniyyətin əsaslarının və yeni peşə vəzifələrinin mənimsənilməsi prosesi çətin ola bilər. Yetkin şəxsin psixoloji statusunu xarakterizə edən müstəqillik və tənqidilik ona təşkilat tərəfindən təklif edilən dəyərlərə zidd ola bilər [8, s.109-113]. Menecment nəzəriyyəsinin və təşkilati psixologiya elminin yaradıcısı, amerika alimi Edqar Şeyn fərdin sənaye sosiallaşmasına reaksiyasının üç mümkün tipini fərqləndirir:

etiraz – bütün dəyər və normalardan imtina edilməsi;

yaradıcı fərdiyyətçilik – yalnız əsas dəyər və normaların qəbul edilməsi;

konformizm – yaradıcı potensialı əzən bütün dəyər və normaların qeyd – şərtsiz qəbul edilməsi [18, s.200].

Digər tərəfdən, mütəxəssisin, peşəkarın formalaşması prosesinə korporativ mədəniyyətin müsbət təsirini qeyd etmək olar. O, yeni işə başlayan mütəxəssisə kollektivə tez uyğunlaşmağa imkan verir, ona müsbət imic yaratmağa kömək edir, qarşıya qoyulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsinə həvəsləndirir [8, s.111].

Beləliklə, peşə sosiallaşması – peşə münasibətləri və peşə fəaliyyəti ilə əlaqəli sosial qarşılıqlı təsirlərin daxil olduğu çoxşaxəli sosial hadisədir. O, peşəkar şəxsiyyətin və onun peşə mədəniyyətinin inkişafına yönəlmişdir. Peşə sosiallaşması institusional, qrup və şəxsiyyət səviyyəsində baş verir.

Peşə sosiallaşmasının uğuru əsasən fərdin mənsub olduğu sosial təbəqə ilə müəyyən edilir. Peşə seçimində azadlıq dərəcəsi bundan asılıdır. Bu prosesin uğuru üçün başqa bir meyar kimi şəxsiyyət və cəmiyyət arasında qarşılıqlı təsirin fərdi-dəyər mexanizmi çıxış edə bilər. Müasir cəmiyyətin fərqləndirici xüsusiyyəti gənclərin öz peşə müqəddəratını təyin edə bilməməsidir ki, bu da şəxsiyyətin və onun sosial inkişafının təməlini təşkil edir. Fərdi-şəxsi xüsusiyyətlər, müəyyən bir sosial qrupa mənsubiyyət, eləcə də gender fərqləri öz peşə müqəddəratını müəyyənləşdirmənin müddətinə təsir göstərən amillərdir. Hər bir fərdin sosial böyümə müddəti fərqli olduğundan, müxtəlif şəxslərin peşə müqəddəratını müəyyənləşdirməsi müxtəlif yaşlarda baş verə bilər. Peşə müqəddəratını müəyyən etmədə fərq eyni zamanda müxtəlif sosial təbəqələrdən çıxmış insanlar və ya onların cinsi mənsubiyyətindən asılı olaraq yarana bilər [11, s. 51-53]. Bu gün Azərbaycanın sosial-əmək reallığında gənclərin aldıqları ixtisasa uyğun olaraq əmək bazarında peşə müqəddəratını müəyyənləşdirməsinin dəqiq sisteminin olmaması ən aktual problemlərdən biri olaraq qalmaqdadır. Nəticədə ölkədə gənclərin böyük əksəriyyəti peşə cəhətdən müəyyənləşərək öz əmək tələbatlarını ali məktəbdə aldıqları ixtisas üzrə deyil, əsasən mütəxəssislərin əməyinin az və ya çox dərəcədə adekvat ödənildiyi dövlət sektorunda təmin edir. Aşağı əməkhaqqı, lazımi təcrübə və iş bacarıqlarının olmaması və əmək bazarında təklifin defisitliyi – gənclərin ixtisas üzrə işdən imtina etməsinin əsas səbəblərindən biridir ki, bunlar da gənclərimizdə işə düzəlmək üçün alternativ variantların tərbiyə edilməsinə səbəb olur. Lakin bu variant ali məktəbdə əldə olunmuş nəzəri və praktiki biliklərin tələb olunmaması, peşə bacarıqlarının itirilməsi, gənc mütəxəssislərdə seçdikləri peşə çərçivəsində peşə müqəddəratını müəyyənləşdirilməsi prosesinin qırılması kimi problemlərlə müşayiət olunur.

Sosial qrup kimi bu gün gənclərin qarşısında təhsildən peşə fəaliyyətinə keçid məsələsi var. Gənclər sosial-əmək münasibətlərinin tənzimlənməsinin yeni mexanizmini nəzərə almalıdırlar. Bu mexanizmə görə, muzdlu işçi işəgötürənlə birlikdə yalnız sosial-əmək münasibətlərinin obyekti deyil, fəal subyekti olmalıdır. Bu baxımdan, gənc mütəxəssislərin təhsil səviyyəsi ilə ixtisasları arasında uyğunsuzluq problemi var.

Sosial-iqtisadi münasibətlər sferasında subyektivliyin formalaşması amili kimi gənclərin özünüreallaşdırması prosesi mülkiyyət foması, həyat situasiyası ilə müəyyən edilir. Hal-hazırda hər bir ikinci, xüsusilə qeyri-dövlət sahəsində işləyənlər üçün təhsilin faktiki işə uyğunsuzluğu problemi aktualdır. Əksər sahələr və peşə qrupları üçün xarakterik vəziyyət hələ də davam edir, bu zaman əməyin mükafatlandırılması yerinə yetirilən peşə funksiyalarının mürəkkəbliyinə uyğun gəlmir. Gənclər üçün bu uyğunsuzluq həm də gənc işçilərin yaş diskriminasiyasına əsaslanır. Yaş fərdlərin əmək fəaliyyətinin bütün dövrlərini (sosial-əmək münasibətlərinə başlayandan sonrakı peşə sosiallaşması, əmək karyerası və nəhayət, təqaüdə çıxanadək) öncədən müəyyən etdiyindən o, peşə davranışının xüsusiyyətlərini şərtləndirir ki, bu da müxtəlif yaş qruplarının müxtəlif tələbatlara, sosial-əmək və dəyərlər istiqamətinə malik olmasında özünü göstərir. Yaş sağlamlıq vəziyyətində, asudə vaxtın keçirilməsində fərqləri müəyyənləşdirir. O, həmçinin cəmiyyətdə fərdlərin yaş qruplarında ixtisas, hakimiyyət-vəzifə, gəlir və digər resursların müxtəlif həcmindən irəli gələn sosial çəkisini müəyyənləşdirir. Müxtəlif yaş qrupları ilə çox vaxt müxtəlif sosial sferalarda, xüsusən əmək bazarında meydana çıxan bərabərsizlik sistemi assosiasiya olunur [16, s. 87].

Qeyd edək ki, gənclərin sosial qrup kimi peşəkarlaşması prosesinin ümumi xarakterini nəzərə alaraq onlara fərdi yanaşmaq lazımdır. Belə ki, məsələn, infantizm və sosial yetkinsizlik hadisələri insanda onun əmək həyatının sonuna qədər davam edə bilər. Belə bir şəraitdə gənc mütəxəssislərə işçi və əmək kollektivinin üzvü kimi yeni rola uyğunlaşmağa imkan verən müəssisənin kadr siyasəti çərçivəsində xüsusi proqramların işlənib hazırlanması problemi zəruridir. Digər tərəfdən isə gənclər peşə seçimini əmək bazarında real vəziyyətin təhlili nəticəsində deyil, gələcək arzu edilən iş haqqında ideal təsəvvürlər əsasında həyata keçirirlər. Gənclərin maddi razılığı seçdikləri peşə sahəsinin onların mənəvi inkişafına dəstək olması ilə tamamlanır, peşəni seçərkən daha çox özünüifadə, özünütəsdiq, sosial və digər səbəblər prioritet təşkil edir, lakin bu sahədə qalıb işlədikdən sonra maddiyyət, uyğunsuzluq və perspektivsizlik peşə dəyişməsinin əsas səbəbləri arasında ön plana çıxır. Deməli, peşə seçimində dəyişikliklər daha çox şəxsi motivlərlə izah olunur və bu zaman peşənin aktuallığı, gəlirliliyi, gərəkliliyi və s. elə də rol oynamır. Bu isə belə fikrə gəlməyə əsas verir ki, ölkədə əmək birjasının işi hələ ki, lazımi səviyyədə qurulmamışdır və bu istiqamətdə fəaliyyət daha da yaxşılaşdırılmalıdır.

Beləliklə, gənclərin peşə seçimi peşəkarlaşma işində problemlər üzündən çox vaxt ali məktəbdə təhsil vaxtı əldə olunan peşə oriyentasiyası və bacarıqlarının reallaşdırılması prosesi kimi peşə müqəddəratını müəyyənləşdirmənin praktiki tərəfindən kənarda qalır. Aydındır ki, əldə olunmuş peşəyə uyğun olaraq, əmək və peşə planında özünüreallaşdırma istəyinə baxmayaraq, ixtisas üzrə işədüzəlmə zəmanətinin olmaması, həyati cəhətdən mühüm amil kimi peşə müqəddəratını müəyyənləşdirmənin əhəmiyyətinin itirilməsinə gətirib çıxarır və ona situativ xarakter verir, yəni peşə müqəddəratını müəyyənləşdirmə strateji deyil, şəxsiyyətin həyat yolunu müəyyənləşdirən taktiki xarakter daşımağa başlayır.

Peşə yetkinliyinin mühüm meyarı sosial-peşə mobilliyidir. Bu, bir tərəfdən xarici şəraitlə şərtlənən mövqe dəyişikliklərində özünü göstərir (regionda iş yerlərinin olmaması, aşağı əməkhaqqı, məişət pozğunluğu və s.). Bu halda mobillik real həyat vəziyyətlərinə uyğunlaşma ehtiyacı ilə diktə olunur. Digər tərəfdən, sosial-peşə mobilliyi sabit dəyərlərə və fərdin özünü inkişaf etdirməsi tələbatlarına əsaslanan şəxsiyyətin daxili özünü təkmilləşdirməsi kimi başa düşülür. Bu cür tələbat möhkəm idraki əsas: təhsil və peşə səriştəsini, özünütanımağı, özünütənqidi, özünüdərki, özünütəhsili, özünüinkişafı bacaran sosial-peşəkar yetkin şəxsiyyət kimi özünə münasibəti tələb edir [4, s.109-114 ].

Deməli, sosiallaşmanın əvəzsiz şərti şəxsiyyətin mədəni özünü reallaşdırması, özünün sosial təkmilləşdirməsi üzrə onun fəal işidir. Sosiallaşmanın şərtləri nə qədər əlverişli olursa-olsun, onun nəticələri daha çox şəxsiyyətin özünün fəallığından asılıdır.

Beləliklə, uğurlu peşə sosiallaşması şəxsiyyətin fəallığı ilə müəyyən edilir, çünki cəmiyyətdə qarşılıqlı təsir, sosial əlaqələr və münasibətlər sisteminə təsir konkret qərarların qəbul edilməsini və məqsədin təyin edilməsi, fəaliyyət subyektinin səfərbər edilməsi, fəaliyyət strategiyasının qurulması və s. vasitəsilə reallaşdırılmasını tələb edir. Sonuncu, öz növbəsində, peşə haqqında biliklərin, fikirlərin təkmilləşdirilməsini, iddialar, motivasiya səviyyəsinin dəyişdirilməsini zəruri edir. Buna əsaslanaraq əminliklə demək olar ki, formalaşmış “Mən” konsepsiyası (“mənlik” anlayışı) və inkişaf etmiş motivasiya – koqnitiv xarakteristikalı şəxsiyyət peşə sosiallaşmasını müvəffəqiyyətlə mənimsəyə biləcək. Deyə bilərik ki, hər bir ayrıca insanın sosiallaşma ölçüsü fərdidir, onun sosial fəallığı, yaradıcılığa və öz qabiliyyətlərinin inkişafına tələbat nə qədər yüksəkdirsə, bu hədd bir o qədər yüksəkdir [12, s.150].

Sosial və peşə səriştəliliyi həyati əhəmiyyətli proseslərdə daha uğurlu istiqamətlənməyə, rəqabətqabiliyyətli olmağa, müasir əmək bazarında uğur qazanmaq üçün zəruri hazırlığa malik olmağa, sosial mühitin təsirinə adekvat reaksiya göstərməyə və bununla da onun aqressiv və digər neqativ təsirlərindən qorunmağa imkan verən peşə biliklərinin, sosial və peşə əhəmiyyətli keyfiyyətlərin inkişafının, qabiliyyət və bacarıqların artırılmasının və dərinləşməsinin vacibliyini göstərir.

Fikrimizcə, konkret tarixi kontekstə malik olan uğurlu peşə sosiallaşması son dərəcə mürəkkəb və çoxistiqamətli sosial-iqtisadi və sosial-mədəni proses kimi şəxsiyyətin sosial-peşə yetkinliyinin formalaşmasını nəzərdə tutur və bunlarla xarkterizə olunur:

– peşə normalarının, dəyərlərinin mənimsənilməsi; onların öz şəxsi oriyentasiya və ustanovkalarına çevrilməsi;

– peşə sferasında müəyyən rolların həyata keçirilməsi ustanovkalarının formalaşması;

– sosial-peşə mobilliyi, rəqabətqabiliyyəti və peşə səriştəsi kimi keyfiyyətlərin formalaşması;

– özünütəhsil və özünütəkmilləşdirmə arzusu;

– sosiallaşma prosesində fəal iştirak;

– cəmiyyət üzvlərinin peşə mədəniyyətinə qoşulması [12, s. 145-155].

Nəzərə alsaq ki, fərdin sosial və peşə yetkinliyi daimi nizamlı hərəkətdədir (inkişafdadır), onda fərdin sosial və peşə sosiallaşması səviyyələrinin də müntəzəm yaş və şəxsiyyət xarakterli bəzi dəyişikliklərə məruz qaldığını güman etmək olar.

Peşə sosiallaşması səviyyələrinin müəyyən edilməsi özünü inkişaf etdirmə ilə sıx bağlıdır və sosiallaşmanın “miqyası və dərinliyini” göstərən təsirlərdən biridir (sosiallaşmanın effektlərindən biridir) [2, s.145-167].

Sosiallaşma prosesinin, o cümlədən peşə sosiallaşmasının effektivliyini göstərmək üçün uğurlu sosiallaşma, sosial yetkinlik kimi terminlərdən istifadə edilir. Əslində, bütün bu terminlər eynidir və fərdin müəyyən ideal modelini ifadə edir [12].

 

Nəticə

Beləliklə, sosiallaşma prosesinin xüsusi təzahürlərindən biri kimi peşə sosiallaşması problemi haqqında müxtəlif fikirlərin təhlili bu qənaətə gəlməyə əsas verir ki, problemin öyrənilməsinə vahid yanaşma olmasa da, sosiallaşma səviyyələri və onun peşə forması ilə bağlı araşdırmalarda çoxlu ümumi cəhətlər vardır. Xarici və yerli alimlərin araşdırmalarında peşə sosiallaşması – ən intensiv inkişafı gənc yaşlarda baş verən, fasiləsiz proses kimi nəzərdən keçirilir. Gənc nəslin peşə sosiallaşmasını nəzərdən keçirərkən ən vacib dövr öz peşə müqəddədratını təyinetmə və əmək fəaliyyətinə peşə hazırlığıdır. Peşə sosiallaşması peşə münasibətləri və peşə fəaliyyəti ilə bağlı sosial qarşılıqlı əlaqələri özündə cəmləşdirən çoxşaxəli sosial hadisə olub, peşəkar şəxsiyyətin və onun peşə mədəniyyətinin inkişafına yönəlmişdir.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

  1. Ананченкова, П.И., Фокина, П.В. Социально-педагогические условия обеспечения комплексной социализации студентов высших учебных заведений.- Бишкек, 2007, c. 41.
  2. Ананьев, Б.Г. О психологических эффектах социализации. // Человек и общество. – Вып. IX. – Л., 1971, c. 145-167.
  3. Зеер, Э.Ф. Понятийно-терминологическое обеспечение компетентностного подхода в профессиональном образовании // Понятийный аппарат педагогики и образования. – М.: ВЛАДОС, 2007, c. 345-356.
  4. Ковалева, А.И. Концепция социализации молодежи: нормы, отклонения, со-циализационная траектория. // Социологические исследования, 2003, № 1, c. 109-114.
  5. Ковалева, А.И., Перинская, Н.А. Профессиональная социализация личности в процессе вузовского образования. // Вестник Университета Российской академии образования, 2010, № 2, с.77-80.
  6. Климов, Е.А. Введение в психологию труда: Учебник для вузов. -М.: Культура и спорт, ЮНИТИ, 1998, – 350 с.
  7. Кустов, Ю.А., Стацук, С.В. Профессиональная социализация молодежи как педагогическая проблема. // Вестник Волжского Университета им. В.Т.Татищева, 2013, №1 (12), – с. 97-101.
  8. Королева, Е.Г. Профессиональная социализация в условиях продуктивного обучения. // Человек и образование. Санкт-Петербург, 2018, №1 (54), – с.109-113.
  9. Кон, И.С. Ребенок и общество. Учебное пособие для студентов высших заведений. – М.: Академия, – 2003. – 336 с.
  10. Краснокутская, С.Н. Социальная компетентность как качественная характеристика процесса социализации студентов. // Сб. науч. тр. СевКавГТУ. Серия “Гуманитарные науки”, 2005, №1 (13), – с.77-79.
  11. Кутугина, В.И. Факторы профессионального самоопределения личности в современных условиях // – Москва: Современные проблемы науки и образования, 2007, № 1, – с. 51-53.
  12. Макарова, С.Н. Успешная профессиональная социализация: основные подходы к исследованию. // Вестник Челябинского Государственного Университета. Челябинский Государственный Университет (Челябинск), 2007, №17, – с.145-155.
  13. Мудрик, А.В. Социальная педагогика: учеб. для студ. пед. вузов / под ред. В.А. Сластенина. – М.: Академия, 1999, – 184 с.
  14. Леонтьев, А.Н. Деятельность. Сознание. Личность. (Текст) 2-е изд. – М.: Политиздат, 1977, – 304 с.
  15. Сластенин, В.А. Педагогика: учеб. пособие для студентов высш. пед. учеб. за-ведений / В. А. Сластенин, И. Ф. Исаев, Е. Н. Шиянов; под ред. В. А. Сластенина. – М.: Издат. центр “Академия”, 2002. – 576 с.
  16. Симончук, Е.В. Профессиональная структура современной Украины. // Социология: теория, методы, маркетинг, – Киев, 2009, № 3, – с. 62-99.
  17. Теория и практика воспитательных систем: в 2 кн. / под ред. Л.И.Новиковой и др. – Кн. 2. – М.: Изд-во ИТП и МИО РАО, 1993, – с. 153,157.
  18. Шейн, Э.X. Организационная культура и лидерство: пер. с англ. / под ред. В. А.Спивака. – СПб.: Питер, 2002, – 330 с.

 

 

Sudaba Hashimova

FEATURES AND PROBLEMS OF PROFESSIONAL SOCIALIZATION IN MODERN CONDITIONS

 Abstract

At present, in studies of the process of personality formation and its interaction with the social environment, the attention of scientists to the professional socialization of the individual has noticeably increased, driven by changes in society and culture. Socialization, formation and development of the personality includes three interrelated processes: general socialization, professional – role socialization, professionalization. Through “professional socialization” a person joins certain professional values, forms a professional consciousness and culture, and prepares for professional activities. The main purpose of writing the article consists of a sociological study of the main features and problems of professional socialization and the study of reflection in modern conditions. The leading principles of the research are structural functionalism, system analysis, theoretical generalization, induction, deduction, methods of comparison. The scientific novelty of the article lies in a comprehensive study of the processes of assimilation by social and professional norms of professional socialization and the formation of a personality as a subject of professional activity. The main provisions and results of the study can be used in the development of programs to improve the efficiency of professional activities in schools, universities, and employment services.

 Keywords: professional socialization, professionalization, social and professional environment, professional self-education, professional relationship, professional activity, choice of profession

 

Судаба Гашимова

ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ ПРОФЕССИОНАЛЬНОЙ СОЦИАЛИЗАЦИИ В СОВРЕМЕННЫХ УСЛОВИЯХ

 Резюме

В настоящее время в исследованиях процесса формирования личности и ее взаимодействия с социальной средой заметно возросло внимание ученых к профессиональной социализации индивида, что обусловлено изменениями в обществе и культуре. Социализация, становление и развитие личности включает три взаимосвязанных процесса: общую социализацию, профессионально-ролевую социализацию, профессионализацию. Посредством “профессиональной социализации” человек приобщается к определенным профессиональным ценностям, формирует профессиональное сознание и культуру, готовится к профессиональной деятельности. Социальный аспект профессиональной социализации заключается в усвоении социально-профессиональных норм и становления личности как субъекта профессиональной деятельности. Основная цель написания статьи состоит из социологического исследования основных особенностей и проблем профессиональной социализации и изучения рефлексии в современных условиях. Ведущими принципами исследования являются структурный функционализм, системный анализ, теоретическое обобщение, индукция, дедукция, методы сравнения. Научная новизна статьи заключается во всестороннем изучении процессов усвоения социально-профессиональными нормами профессиональной социализации и формирования личности как субъекта профессиональной деятельности. Основные положения и результаты исследования могут быть использованы при разработке программ повышения эффективности профессиональной деятельности в школах, вузах, службах занятости.

 Ключевые слова: профессиональная социализация, профессионализация, социально-профессиональная среда, профессиональное самообразование, профессиональные отношения, профессиональная деятельность, выбор профессии

 

---------------