Əvəz RƏHİMOV

Xəzər Universitetinin magistrantı

Bakı, Azərbaycan

 

E-mail: avazrmoff98@gmail.com

ORCID: 0009-0008-1291-6717

UOT: 327

 

Xülasə. 44 günlük Vətən müharibəsi təkcə Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılması ilə nəticələnmədi, həm də Ermənistan xarici siyasətini önəmli dərəcədə dəyişdi. Digər tərəfdən erməni diasporunun əsl potensialı ortaya çıxdı. Müharibədən sonra diaspor və Ermənistan hakimiyyəti xarici siyasət istiqamətlərini müəyyənləşdirməklə bağlı ciddi problemlər yaşayır. Rusiya ilə münasibətlərdə ortaya çıxan ziddiyyətlər bu ölkədəki diaspor nümayəndələri ilə münasibətlərə də əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Əvəzində isə Fransa və ABŞ-dakı yenilikçi diaspor üzvləri Ermənistan hakimiyyəti üzərində təsirlərini daha da möhkəmləndirməkdədir. Digər tərəfdən Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma cəhdləri radikal və ənənəvi diaspor təşkilatları tərəfindən müsbət qarşılanmamışdır. Beləliklə, Paşinyan administrasiyasının ayrı-ayrı yenilikçi diaspor qrupları ilə əlaqələri genişlənsə də, ənənəvi və köklü diaspor təşkilatları ilə münasibətlər düşmənçilik həddinə çatmışdır. Xüsusən 2022-ci il mitinqləri hökumətə qarşı daşnaklar başda olmaqla radikal diaspor və müxalifətin geniş işbirliyini ortaya qoydu. Lakin istənilən halda bu münasibətlər Ermənistan hakimiyyətinin sülh prosesində qətiyyətsiz iştirakına rəvac verdi. Gələcəkdə xüsusilə Ermənistan xarici siyasətinin hansı istiqamətə doğru yönələcəyinə diaspor-daxili qüvvələr balansının da təsiri olacaqdır.

Açar sözlər: diaspor, xarici siyasət, Ermənistan hökuməti, Qarabağ müharibəsi, ziddiyyət, prioritet

 

Giriş

2020-ci ildə Qarabağda münaqişəli vəziyyət daha da dərinləşdi. Buna Ermənistan tərəfinin törətdiyi təxribatlar səbəb oldu. Belə ki, 2020-ci il iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətindən hücuma keçməyə cəhd edən Ermənistan ordusunun qarşısı Azərbaycan silahlı qüvvələri tərəfindən uğurla alındı. Tovuzun münaqişə zonasından kənarda yerləşməsi isə Ermənistanın münaqişənin həllindən çox onun miqyasının genişlənməsində maraqlı olduğuna işarət edirdi. Nəhayət, ermənilərin növbəti 2020-ci ilin 27 sentyabr təxribatından sonra Azərbaycan ordusu əks hücuma keçdi. Nəticədə artan gərginlik “İkinci Qarabağ müharibəsi” adlanan və 44 gün davam edən yeni bir müharibəyə səbəb oldu. Müharibə davam etdikcə Azərbaycan ordusu irəliləyərək torpaqlarını işğaldan azad etməyə başladı. Bir-birinin ardınca işğal etdiyi torpaqları əldən verən, ciddi əsgər və digər maddi itkiləri olan Ermənistan 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Nəticədə, Azərbaycan qalib dövlət kimi öz ərazi bütövlüyünü hərbi yolla bərpa etdi.

Məhz İkinci Qarabağ müharibəsinin nəticələri və ardınca baş verən proseslər regionda siyasi və hərbi qüvvələr balansında, Ermənistanın xarici siyasətində, eləcə də Ermənistan hakimiyyəti ilə erməni diasporu arasında münasibətlərdə ciddi dəyişikliklərə səbəb oldu.

Beləliklə, Ermənistanın xarici siyasət istiqamətlərinin formalaşmasında diasporun aktiv rolunu nəzərə aldıqda, Ermənistan hakimiyyəti – diaspor münasibətlərində dönüş nöqtəsi olan İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı proseslər, eləcə də erməni diasporunun bu proseslərə münasibəti araşdırmanın aktuallığını şərtləndirir.

 

  1. İkinci Qarabağ müharibəsi dövründə erməni diasporunun fəaliyyəti

Erməni diasporu II Qarabağ müharibəsi dövründə aktiv fəaliyyət göstərmişdir. Diasporun fəaliyyətinin bir hissəsi iqtisadi və maliyyə yardımları, habelə hərbi vasitələrlə Ermənistanı təmin etmək, eyni zamanda digər dövlətləri də bu fəaliyyətə təşviq etmək idi. Ümumilikdə müharibə dövründə fəaliyyət göstərən fondlarda Ermənistan üçün sadəcə 150 milyon dollar ianə toplanmışdı. Bu isə sayı təxminən 10 milyona yaxın olan dünya erməniləri üçün olduqca kiçik bir rəqəmdir. Üstəlik, bu məbləğə onlarla milyarder və milyoner erməni oliqarxların köçürdüyü vəsait də daxildir. Bu məbləğin 45%-i ABŞ-da yaşayan ermənilər və onlarla əlaqəli şəxslər tərəfindən köçürülmüşdür. Rusiyadakı erməni diasporu isə yardım prosesində xeyli passiv iştirak etmişdir (10%-dən bir qədər çox) [3]. ABŞ-da yaşayan ermənilərin əksəriyyətinin orta təbəqəyə daxil olduğunu və daha yüksək təşkilatlandığını nəzərə alsaq, bu fərq başadüşüləndir. Lakin istənilən halda nüfuzuna və gücünə nisbətdə diaspor ermənilərinin Ermənistana edilən köməyi heç də mütənasib deyil. Erməni ekspertləri də bu faktı təsdiq edirlər ki, dünyadakı ermənilərin yardımları heç də onların Ermənistanın yanında olduğunu söyləməyə əsas vermir.

Bundan əlavə, hakimiyyətin toplanan vəsaitləri necə xərcləyəcəyi də diaspor tərəfindən şübhə doğurur. Sirr deyil ki, Ermənistanda korrupsiyanın səviyyəsi yüksəkdir. Bu halda ianələrin təyinatı üzrə şəffaf və məqsədli xərclənəcəyinə inanmaq çətindir. Daxil olan yardımlar əsasən “Ermənistan” fonduna köçürülmüşdür. Bu fond isə çirkli pulların yuyulması və mənimsənilməsi ilə tanınır [4].

Diaspor xarici ölkələrdə olan erməni militanların, habelə digər millətlərdən olan muzdlu döyüşçülərin Qarabağa – döyüş zonasına göndərilməsinə də yardım etmişdir. Müharibənin lap əvvəlindən Azərbaycan və Türkiyə rəsmiləri Ermənistan tərəfindən Suriyadan gələn muzdluların iştirak etdiyini bəyan etmişdir. Onların bir çoxu keçmiş ASALA-nın üzvləri və ya Suriya vətəndaş müharibəsində iştirak edən terrorist qüvvələr idi [17]. Ümumilikdə isə Fransadan, Yunanıstandan, Livandan, Suriyadan, Latın Amerikası ölkələrindən və s. xeyli sayda erməni könüllü diaspor fəaliyyəti ilə müharibəyə cəlb edilmişdi.

Erməni diasporunun İkinci Qarabağ müharibəsi dövründə fəaliyyətinin digər bir istiqaməti Azərbaycanı və guya müharibə dövründə ona yardım edən Türkiyəni təcavüzkar ölkə kimi tanıtmaq, digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən bu iki dövlətə qarşı sanksiyaların tətbiq olunmasına, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanıdılmasına nail olmaq, ən azından bu yolla aparıcı dövlətlərin və beynəlxalq qurumların müharibənin gedişatına müdaxilə etməsinə və onlara sərf edən qərarların alınmasına nail olmaq idi. Üçtərəfli bəyanatın imzalanmasından sonra erməni lobbisinin təzyiqi və ermənipərəst deputatların yaxından iştirakı ilə Fransa, Niderland və Belçika parlamentlərində tövsiyə xarakterli bir sıra qərəzli qətnamələr qəbul edildi. Bu qətnamələrdə guya Qarabağda yaşayan erməni əhalisinin həyatının təhlükədə olduğu və buna görə də beynəlxalq müdaxilənin zəruriliyi iddia edilir, o cümlədən Azərbaycan və hətta Türkiyə işğalçı ölkələr kimi qələmə verilir, onlara qarşı sanksiyaların tətbiq edilməsi təklif edilirdi [2]. Xüsusilə Fransa İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistanın ən yaxın dəstəkçilərindən biri idi. Müharibə dövründə Fransa hökuməti Ermənistana dəfələrlə “humanitar yardım” göndərmişdi.

Lakin erməni diasporunun 44 günlük Vətən müharibəsi dövründə bütün cəhdlərinə baxmayaraq, heç bir dövlət Ermənistan üçün rəsmi hərəkətə keçmədi. Çünki dünya birliyi tərəfindən Qarabağ yekdilliklə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edilmişdir.

 

  1. Erməni diasporunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı mövqeyi

 

Erməni diasporunun üçtərəfli bəyanata dair mövqeyinə gəlincə burada ciddi haçalanma meydana gəldi. Yeganə olaraq erməni diasporunun ən nüfuzlu və radikal təşkilatı olan Erməni İnqilab Şurası və ya “Daşnaksütyun” ilk gündən bəyanata etiraz etdi. Digər diaspor təşkilatları isə yalnız etirazlar dalğası genişlənəndən sonra Ermənistan hakimiyyətinə və bəyanata etiraz etməyə başladı. “Daşnaksütyun” və 50-yə yaxın diaspor təşkilatı bəyanatın imzalanmasından sonra Ermənistan baş nazirinə müraciət edərək Nikol Paşinyanın dərhal istefa verməsini və bəyanatın icrasının dayandırılmasını tələb etdilər [5]. Bu çağırışa Rusiya erməniləri birliyi də qoşulmuşdu. Xaricdə yaşayan ermənilər Ermənistanda baş verən etirazlara dəstək məqsədilə mitinqlər keçirdilər. Ermənistanda etiraz aksiyaları 2021-ci ilin yanvarın 11-də İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın Moskvada keçiriləcək görüşü ərəfəsində daha da kəskinləşdi. Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyan Ermənistan baş nazirinə məktub yazaraq Moskva görüşünə gəlməməsini, xalqın maraqlarına uyğun olmayan bəyanatı imzaladığı üçün dərhal istefa verməsini tələb etdi. Rusiya erməniləri 2021-ci il yanvarın 11-də Rusiyadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirərək “vətən xaini” Nikol Paşinyanın istefasını, bəyanatın icrasının tamamilə dayandırılmasını tələb etdilər. Lakin o da aydın idi ki, Abramyanın etirazları milli duyğularından deyil, siyasi məqsədlərindən irəli gəlirdi. Belə ki, 2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə qatılan Abrahamyan belə bir siyasi kampaniya ilə dəstək qazanmağa çalışırdı. Lakin sonda o, Tiqran Urixanyanla koalisiyada cəmi 0,95% səs toplaya bilmişdi [20].

2022-ci ilin aprelindən isə Ermənistanda müxalifətin (keçmiş prezident, ruspərəst Robert Köçəryan və keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi) və diasporun təşkil etdiyi yeni antihökumət mitinqləri dalğası başladı. Etirazçılar Paşinyan hökumətinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinə çıxır və erməni milli maraqlarına xəyanət etdiyi üçün baş nazirin istefasını tələb edirdilər. “Daşnaksütyun”, həmçinin Fransadakı bir çox diaspor qrupları, Rusiya Erməniləri Birliyi də bu etirazlara qoşulmuş, ABŞ-da, Rusiyada, Fransada və s. geniş dəstək mitinqləri təşkil etmişdilər. Diasporla iş üzrə ali komissar Zareh Sinanyanın daşnak liderlərinin Paşinyan hökumətinə qarşı sərt münasibətini “vətənə xəyanət” adlandırması Daşnaksütyun – hökumət münaqişəsini daha da qızışdırmışdı. Sinanyan Los-Ancelesə səfəri zamanı daşnakların sərt müqaviməti ilə üzləşmişdi [13].

Rusiyada daşnakların etirazı səbəbindən erməni baş nazir Moskvaya səfəri zamanı bəzi diaspor üzvləri ilə görüşünü təxirə salmalı olmuşdu. Bundan əlavə, Paşinyan hökumətinin diasporun bəzi nüfuzlu üzvlərini “persona non grata” elan edərək ölkəyə girişinə qadağa qoyması Ermənistan hakimiyyətinin də heç də kompromis axtarmadığını ortaya qoyurdu [9; 12].

Lakin bütün bunlara baxmayaraq bəzi diaspor təşkilatları hakimiyyəti müdafiə edirdilər. Məsələn, Sosial Demokrat Hnçak Partiyası dərc etdiyi bəyanatda müxalifəti və bu etirazlarda iştirak edən diaspor qruplarını tənqid etmiş, diasporun belə siyasi intiriqalarda iştirak etməsinin düzgün olmadığını vurğulamışdır. Hnçak Partiyası təşkilatın, eləcə də erməni əhalisinin əksəriyyətinin bu etirazları dəstəkləmədiyini diqqətə çatdırmışdır [18]. 2022-ci ilin yayında sosial bazasının məhdudluğu səbəbindən müxalifət mitinqləri dayandırmalı olmuşdu.

 

  1. 2020-ci il müharibəsinin Ermənistan hökuməti-diaspor  münasibətlərinə təsiri

 

İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti-diaspor münasibətləri bir qrup milyarderin və Ermənistan siyasi elitasının maraqları əsasında inkişaf etməkdədir. Müharibə də göstərdi ki, bu varlı şəxslərin heç də Ermənistan əhalisinin problemlərinə şərik olmaq kimi niyyətləri yoxdur. Onların əsas maraqları Ermənistanda və ya erməni adı ilə sahib olduqları biznes imkanlarının genişləndirilməsidir. Yardımların əksəriyyəti də bu məqsədə xidmət etmək üçün ayrılmışdır.

“Diaspor-Ermənistan vəhdəti”nin iç üzü İkinci Qarabağ müharibəsi dövründə açıldı. Müharibənin əsas “ağırlığı” Qarabağda yaşayan ermənilərin, qismən də Ermənistan ermənilərinin üzərinə düşdü. Müharibədən minlərlə kilometr uzaqlıqda yaşayan diaspor erməniləri üçün isə müharibə dəhşətlərini dərk etmək mümkünsüz idi. Diasporu heç də Ermənistanda yaşayan ermənilərin rifahı deyil, öz iqtisadi və biznes maraqları maraqlandırırdı.

Müharibənin Ermənistanı diaspordan narazı salan məsələlərin dərinləşməsində də rolu olmuşdur. Belə ki, erməni diasporunun müharibə ərzində və ondan sonrakı dövrdə bütün fəaliyyəti boyu heç bir dövlət açıq-aşkar Ermənistanı dəstəkləyən bəyanat qəbul etmədi. Qəbul edilən bəzi sənədlər isə tövsiyə xarakteri daşıyırdı. Ona görə də Ermənistan artıq yəqin etməkdədir ki, diaspor heç də onların düşündüyü qədər güclü təsir imkanlarına malik deyil. Beləcə 44 günlük müharibə diasporun gücünün sınanmasına və əsl potensialının üzə çıxmasına da töhfə vermiş oldu.

Eləcə də diasporun öz daxilində də həmrəyliyin o qədər də güclü olmadığı müharibədən sonrakı dövrdə bir daha aydın oldu. Erməni diasporunun Ermənistan hakimiyyətinə olan münasibəti tam fərqli iki istiqamətə haçalanmışdır. Doğrudur, bir tərəfdən əksər diaspor qrupları Ermənistandakı hadisələrə dəstək verərək baş nazirin və hökumətin istefasını tələb edirlər. Onların fikrincə, Ermənistanın bugünkü ağır siyasi və iqtisadi böhrana düçar olmasının səbəbi Nikol Paşinyan və onun populist xarici siyasəti olmuşdur. Lakin digər tərəfdən hakimiyyəti dəstəkləyən qüvvələr də az deyil. Onlar isə belə düşünür ki, Ermənistandakı ağır durumun səbəbi Nikol Paşinyandan əvvəl hakimiyyətdə olan qüvvələrdir. Məhz onlar tərəfindən əsası qoyulan və davam etdirilən münaqişə həmişə Ermənistanın aktiv xarici siyasət aparmasını əngəlləmişdir.

 

  1. Paşinyanın qərbyönümlü xarici siyasəti və diaspor faktoru

 

Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra xarici siyasət kursunda 3 əsas tendensiyanı müşahidə etmək mümkündür. Birincisi, Rusiya ilə münasibətlərdə yaranan durğunluq və bəzi ziddiyyətlər, bunun qarşılığında Qərb dövlətləri (ilk növbədə Fransa) ilə inkişaf edən əlaqələr; ikincisi, 2020-ci ildəki məğlubiyyətdən sonra Qarabağın yenidən Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar bu məsələ ətrafında danışıqlarla bağlı “haqqlarını” itirməsi və bu səbəbdən artıq iddialarını Qarabağ regionu yerinə Qarabağda yaşayan ermənilərə qədər daraltması; və nəhayət, Türkiyə və Azərbaycanla münasibətlərdə ortaya çıxan yaxınlaşma ümidləri.

Ermənistan hakimiyyətinin müharibəyə qədərki ənənəvi Rusiya mərkəzli xarici siyasəti müharibədən sonra nisbətən balanslı və hətta Rusiyanı bəzən tənqid etməyə qadir ritorika ilə əvəz olunmuşdur. Ermənistan hakimiyyətinin Rusiyaya qarşı belə mövqeyinin yaranmasını iki amillə əsaslandırmaq olar: Birincisi, İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətindən sonra Ermənistanın və qondarma separatçı rejimin təhlükəsizliyində Rusiyanın guya zamin rolu oynaması artıq erməni rəsmiləri və politoloqları tərəfindən şübhə altına alındı. İkincisi, Ukraynaya qarşı 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibənin Rusiyanın yumşaq gücünə ciddi təsir göstərməsi, onu regional məsələlərdən qismən kənarda saxlaması və vasitəçilik mövqeyini sarsıtmasıdır. İkinci amil Ermənistanı son dövrlərdə daha sərbəst hərəkət etməyə sövq etmişdir.

Buna baxmayaraq, erməni xalqının Paşinyanın Rusiya ilə münasibətləri “soyutmasını” dəstəklədiyini söyləmək olmaz. Rusiyadan dərin iqtisadi və hərbi-siyasi asılılıqdan əlavə, bu ölkəyə qarşı davam edən rəğbətin kökündə bir vacib amil dayanır. Bu, Rusiyada yaşayan çoxsaylı erməni diasporudur (təxminən 2,5 milyon nəfər). Üstəlik, bu diasporun böyük bir hissəsi ABŞ-dakı, Fransadakı və s. fərqli olaraq müstəqillik əldə etdikdən sonra Ermənistandan, bir hissəsi isə SSRİ dövründə mühacirət edənlərdir. Ona görə də onların əksəriyyətinin Ermənistanla hələ də əlaqələri var. Bir çoxunun ailə üzvləri Ermənistanda yaşayır. Rusiya isə miqrant və əcnəbi əhalidən məharətlə mənsub olduğu ölkəyə təsir vasitəsi kimi istifadə edə bilir [19]. Bu səbəbdən də Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi hələ də Rusiya ilə müttəfiqliyin davam etdirilməsinin tərəfdarıdır. Avropayönlü siyasət əksər Qərb diaspor təşkilatlarının marağındadır. Xüsusilə Fransadakı güclü diaspor qurumları Paşinyanın qərbyönümlü xarici siyasətini formalaşdıran mühüm qüvvələrdən biridir. Nəticədə bu “islahatçı” təşkilatlar “demokratikləşmə” və “Avropaya inteqrasiya” adı altında Ermənistana təsirlərini gücləndirirlər. Lakin Rusiyanın hərtərəfli əhəmiyyətinə görə Paşinyan administrasiyası anti-Rusiya ritorikasında çox uzağa gedə bilmir və bu, tənqiddən daha çox küsməyə bənzəyir. Digər tərəfdən, istər Qərbdə, istərsə də postsovet məkanında diaspor qrupları yaxşı başa düşürlər ki, hər şeyə baxmayaraq, Rusiyanın Ermənistana çoxşaxəli təsir rıçaqları hələ də çox böyükdür və onu dəyişmək asan məsələ deyil. Digər tərəfdən taxıl idxalında 70%, enerji sahəsində isə 80% Rusiyadan asılı olan Ermənistan artıq Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaların əks təsirlərini hiss edir [11]. Ona görə də bu məsələ digər iki xarici siyasət məsələsi kimi mübahisəli deyil.

 

  1. Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətinə diasporun münasibəti

 

Ermənistan hökumətinin xarici siyasət strategiyasında son dövrlərdə aşkar hiss edilən dəyişikliklərdən biri də Qarabağ məsələsinə yanaşmasıdır. Müstəqillik əldə etdikdən bu günə kimi Qarabağ problemi Ermənistanın ən önəmli siyasi prioriteti olmuşdur. Bu prioritet dəyişməsə də, məqsəd və gözləntilər İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra ciddi dəyişikliyə uğrayıb. Bunu sadəcə Paşinyanın ritorikasından da anlamaq olar. 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” və ya “Biz bacararıq” kimi reallığı əks etdirməyən ifadələrdən [7] “Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır” və ya “BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrini gözardı etməklə heç də rasional addım atmamışıq” kimi etiraflara keçid dediklərimizi sübut edir [15].

Bu gün Ermənistan hər nə qədər məğlub olduğunu qəbul etsə də, təxribatçı fəaliyyətlər Qarabağda hələ də davam etməkdədir. Paşinyan administrasiyasının Qarabağla bağlı hər hansı bir iddia irəli sürmək hüququ olmasa da, Azərbaycan hələ də sülh naminə qanunsuz erməni dəstələrinin Qarabağdakı fəaliyyətinə dözüm nümayiş etdirir. Ermənistan sülh danışıqlarında nə isə əldə edəcəyi ümidi ilə Qarabağ məsələsi ətrafında mümkün qədər suveren hərəkət etməyə çalışır. Hətta qondarma ”dqr”in qondarma rəhbərlərindən verdikləri bəyanat və açıqlamalarında ehtiyatlı olmağı, təzada yol verməməyi ciddi şəkildə tələb edir [6].

Paşinyan hökuməti ABŞ-dansa (daha mürəkkəb və təsir imkanları məhdud olduğu üçün) daha çox Fransa üzərində təsir imkanlarını artırmağa çalışır. Fransada erməni lobbi qrupları və diaspor qurumları aktiv çalışaraq Makron hökumətinin qərəzli siyasətinin formalaşmasına təsir göstərirlər. Lakin, təbii ki, Fransanın bu şəkildə vasitəçi rol oynaması Azərbaycan üçün qəbuledilməzdir. Bu səbəbdən 2022-ci il Praqa Sammitindən sonra Prezident İlham Əliyev Fransanın mediator rolu ilə münasibətlərin nizamlanması məsələlərində Azərbaycanın iştirak etməyəcəyini bəyan etmişdir [1]. Ona görə də Fransa yalnız qalmaqallı bəyanatlar verməklə kifayətlənməli olur. Rusiyanın bölgədə təsirinin zəifləməsi (müharibə ilə əlaqədar) və Fransanın birtərəfli ermənipərəst mövqeyi səbəbindən vasitəçilik məsələsində ABŞ-ın təşəbbüsləri güclənməkdədir.

Aydındır ki, nə diaspor, nə də Fransa kimi ölkələr əgər sülhü təşviq etmək fikrində olmasalar, Qarabağ məsələsində Ermənistana heç bir yardım edə bilməzlər. Diasporun birbaşa Qarabağ məsələsi ilə bağlı təsir mexanizmləri məhduddur. Paşinyan hökuməti hər nə qədər Qarabağ məsələsinə Ermənistanın yanaşması ilə bağlı diasporun tənqidlərinə çox da əhəmiyyət verməməyə çalşsa da, hesab edir ki, diasporun imkanlarından Azərbaycanla bəzi məsələlərin tənzimlənməsində istifadə etmək mümkündür və istifadə də edilir. Misal üçün, Azərbaycanın cənub-qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yaradılması nəzərdə tutulan Zəngəzur dəhlizinin reallaşmaması istiqamətində bu imkanlardan istifadə edilir. Ermənistan üçtərəfli bəyanatda nəzərdə tutulan dəhlizin açılmasını ləngitməyə və bəlkə, bununla Azərbaycandan kompromis əldə etməyə çalışır. Bu səbəbdən azərbaycanlı ekoaktivistlərin 2022-ci ilin dekabrın 12-dən başlayan və 2023-cü ilin aprelin 28-dək davam edən Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində keçirdikləri aksiyanı blokada kimi qələmə verməyə, diaspor da Ermənistanın bu yalanını dünyaya yaymağa çalışırdı. Lakin aydın məsələdir ki, aksiya keçirildiyi müddətdə ərazidən humanitar məqsədlərdən istifadə davam etdirilirdi və Şərqi Zəngəzurda yaşayan erməni əhalinin həyati təhlükəsizliyinin pozulmasından söhbət gedə bilməzdi. Sadəcə Azərbaycanla danışıqlarda müəyyən mövqe qazanmaq üçün Ermənistan tərəfindən belə dezinformasiyalar yayılırdı.

Diasporun mövqeyinə gəlincə, ilk növbədə demək lazımdır ki, Ermənistan Qarabağın itirilməsi və Azərbaycanla sülh prosesi ilə bağlı diasporun ittihamlarını qəbul etmir. Xüsusən “Daşnaksütyun” antihökumət çıxışlarında ən öndə gələn diaspor qurumudur. Daşnaklar Ermənistan parlamentində də təmsil olunurlar. 2022-ci ildə keçirilən Ermənistan daxilindəki “Müqavimət Hərəkatı” mitinqlərində daşnaklar da aktiv iştirak etmiş, eləcə də Fransa və ABŞ-da, habelə Rusiyada etiraz yürüşləri təşkil etmişdilər [20]. Hakimiyyət erməni birliyini pozmaqda, “Daşnaksütyun” isə milli maraqlara xəyanət etdiyi üçün bir-birini satqın adlandırırdılar [7]. Bu səbəbdən “Daşnaksütyun” ilə Ermənistan hakimiyyəti arasında münasibətləri son dərəcə gərgin hesab etmək olar. Paşinyan daşnaklar üçün ən qəbuledilməz lider hesab oluna bilər. Ancaq xalq üçün daha uyğun namizəd olmadığındandır ki, Paşinyan hələ də hakimiyyətdə qalır. Radikal diaspor qanadı isə Paşinyanın Qarabağla bağlı siyasətinə etiraz etsə də, bu, əslində onun Qarabağın itirilməsindən çox qonşuları Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdlərindən qaynaqlanır. Lakin digər tərəfdən Paşinyana qarşı etirazlar Levon Ter-Petrosyan dövründəkindən daha güclü deyil. Çünki hazırda Paşinyan hakimiyyətinin Ermənistan üçün mümkün ən demokratik inkişaf yolu olduğunu düşünən diaspor qrupları da var. Beləliklə, Paşinyan Qarabağın itirilməsi və sülh prosesi ilə bağlı radikal diaspor ilə münaqişədə olsa da, digər tərəfdən islahatlara meyilli siyasəti ilə Qərbdəki bir çox yenilikçi diaspor üzvlərinin dəstəyini qazanmaqdadır.

 

  1. Türkiyə ilə gündəmdə olan barışıq prosesinə diasporun təsiri

 

Xarici siyasət prioritetlərində 3-cü bir dəyişiklik isə Türkiyə ilə münasibətlərin normallaşmasına olan ümidlərdir. Bu məsələ İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə regional münasibətlərin önəmli məsələlərindən biridir. Tərəflər 2021-ci ilin dekabrında münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin etdikdən sonra bir neçə dəfə görüşsələr də, hələ də diplomatik münasibətlər qurulmayıb. İkitərəfli münasibətlərdə “buzların əriməsi” heç də maneəsiz həyata keçirilmir və uğurla nəticələnəcəyi də sual altındadır. Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün həmişə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllini və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ilkin şərt kimi önə sürüb. Bu gün münaqişənin həllində müəyyən uğur əldə olunsa da, sülh müqaviləsi hələ də imzalanmayıb. Bu səbəbdən Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması Cənubi Qafqazda sülh bərqərar olana qədər mümkün deyil. Ermənistandakı hakim qüvvə ümid edirdi ki, 14 may 2023-cü ildə Türkiyədə keçirilən prezident və parlament seçkilərində müxalifət qalib gələrsə, Türkiyə ilə münasibətlərin normallaşma ilə bağlı irəli sürülən ilkin şərt aradan qalxa bilər [10]. Lakin seçkinin nəticələri Ermənistan hakimiyyətinin bu ümidlərini də puça çıxardı.

Türkiyə ilə münasibətlərin normallaşmasına ciddi təsir edəcək daha bir məsələ isə erməni diasporunun iradəsidir. Qeyd edək ki, Ermənistan daxilində də Türkiyə ilə yaxınlaşma və münasibətlərin normallaşması o qədər rəğbətlə qarşılanmır. Belə ki, 2022-ci ildə Ermənistanda keçirilmiş ictimai rəy sorğusuna əsasən, respondentlərin 59%-i Türkiyə ilə münasibətlərin normallaşdırılmasına mənfi yanaşmış və yalnız 34%-i Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasının iqtisadiyyatın yaxşılığa doğru inkişafına təsir edəcəyini düşünmüşdü [16]. Təbii ki, uzun illər ərzində diaspor qruplarının da təsiri ilə həyata keçirilən antitürk təbliğatı bu nəticələrin ortaya çıxmasını labüd etmişdir.

Diasporun bu məsələdə mövqeyi daha kəskindir. Ölkə xaricində yaşayan erməni əsilli sıravi şəxslər üçün bu, elə də narazılıq doğurmur. Lakin Ermənistan üzərində ciddi təsiri olan bəzi diaspor təşkilatlarının bu məsələyə münasibəti əvvəlki kimidir. Yəni ənənəvi diaspor qrupları əvvəllər olduğu kimi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir. Xüsusilə, “Daşnaksütyun” başda olmaqla Yaxın Şərq, Fransa və ABŞ-dakı diaspor qrupları normallaşma prosesinə mənfi mövqe nümayiş etdirirlər. Onlar ilk növbədə qondarma soyqırımın tanınmasını şərt kimi irəli sürürlər. Daşnaklar demək olar ki, bütün diaspor təşkilatları üzərində təsirə malik olduğu üçün, ümumən diasporun mövqeyi də daşnaklardan o qədər fərqlənmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da diasporun bu hərəkətlərinin danışıqlar prosesini baltaladığını qeyd etmişdir. Onun fikrincə, diasporu bu əməllərdən ancaq Ermənistan hökuməti çəkindirə bilər [8].

Bəzi hallarda erməni diasporunun Ermənistan üçün mənfi rol oynadığını da qeyd edə bilərik. Türkiyə-Ermənistan münasibətləri nümunəsi erməni diasporunun Ermənistan xarici siyasətinə mənfi yöndə təsir etdiyini göstərən tutarlı faktlardandır. Hər nə qədər 2009-cu ildə Sarkisyan buna nail olmuş kimi görünsə də, daşnaklar başda olmaqla narazı diaspor nümayəndələri daima münasibətlərin normallaşmasına mane olublar. Türkiyəyə qarşı ideoloji mübarizə, qondarma erməni soyqırımının tanınması diasporun varlığının və birliyinin çox önəmli bir ünsürüdür. Lakin Türkiyə ilə münasibətlər normallaşarsa, bunun Ermənistan üçün çox ciddi faydaları ola bilər. Belə ki, Ermənistan daha yaxşı nəqliyyat dəhlizlərinə çıxış əldə edə, eləcə də Avropa ölkələri ilə əlaqələrdə daha qısa marşrut yarana, bu da ixracı daha da şaxələndirə bilər. Eyni zamanda Türkiyə məhsulları yerli bazarda Rusiyadan asılılığı və rəqabət şəraitində qiymətləri xeyli dərəcədə azalda bilər. Beləliklə, Türkiyə ilə sərhədlərin açılması ilə diasporun həll edə bilmədiyi bir çox məsələləri çox asanlıqla həll etmək olar.

 

Nəticə

 

Beləliklə, Ermənistan hakimiyyətinin müharibə dövründə xalqı yanlış məlumatlandırması və daha sonra Qarabağın işğalına son qoyan 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat diasporun narazılığına səbəb olub. Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasına və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyasına edilən cəhdləri xüsusilə tarixi düşmənçiliyi ön plana çəkən ənənəvi və radikal diaspor təşkilatlarının ittihamlarını xeyli artırmışdır.

Rusiyanın Ukraynada “başının qarışmasından” istifadə edən Ermənistan hakimiyyəti mümkün qədər qərbyönümlü xarici siyasət yürütməyə çalışsa da, görünən odur ki, son vaxtlar belə bir xarici siyasət kursunun ölkənin daha çox zərərinə işlədiyi qənaətinə gəlib. Bu səbəbdən Paşinyan hökuməti yenə də özünün ənənəvi erməni xarici siyasətinə sadiqlik nümayiş etdirməyə çalışır. Məsələn, martın 14-də keçirilən mətbuat konfransında Paşinyan, görünür, ilk brifinqdəki fikirlərini geri götürərək Ermənistanla Rusiya arasında ciddi gərginliyin olmadığını və Ermənistanın KTMT-də qalacağını bəyan etmişdir [14].

Rusiyanın regionda təsirinin zəifləməsi və Fransanın birtərəfli ermənipərəst mövqeyi səbəbindən ABŞ-ın vasitəçilik təşəbbüsləri güclənir. Paşinyan Qarabağ məsələsində hər hansı təsir rıçaqları əldə etmək üçün özündən əvvəl hakimiyyətdə olan qüvvələrin siyasətinə sadiq olsa da, hazırda Qarabağla bağlı sələflərindən xeyli az resurs və səlahiyyətə malikdir. Bununla belə, Paşinyan hökuməti sülh prosesində fəal rol oynamaq ümidi ilə diasporu və hətta Rusiyanı oyundan kənarlaşdırmağa hazırdır (E.Vardanyanın qondarma hakimiyyətdən uzaqlaşdırılmasını nəzərə alaraq). Radikal diaspor qanadı Paşinyanın Qarabağda yayaşan ermənilərlə bağlı siyasətinə etiraz etsə də, bu, əslində onun Qarabağı itirməkdən daha çox qonşuları – Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdlərindən irəli gəlir.

Hadisələrin gələcək inkişafı mürəkkəb görünür. Məsələ burasındadır ki, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması və Qarabağ məsələsindəki məğlub mövqeyinə görə Paşinyan diaspor təşkilatları tərəfindən ciddi tənqid olunsa da, hal-hazırda Ermənistan üçün ən rasional yol qonşuları ilə münasibətləri normallaşdırmaqdır. Çünki Ukrayna ilə apardığı müharibədə xeyli zəifləyən Rusiya hər nə qədər Ermənistan üçün regional hakim güc olmağa davam etsə də, Ermənistanın gələcəyi üçün heç nə vəd etmədiyi dəqiqdir. Üstəlik, Avropaya inteqrasiya etməyə çalışan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sülh önəmlidir. Yalnız bununla Ermənistan regional layihələrdə iştirak edə və Avropa ilə də əlaqələrini genişləndirə bilər. Diaspora gəlincə, o, ilk növbədə antitürk mövqeyindən imtina etməlidir. Zaman keçdikcə sərhədlərin açılması sayəsində əldə ediləcək mənfəət təzadlı fikirləri azaldacaq və diaspor da antitürk siyasətini davam etdirməyin lüzumsuz olduğunu qəbul edəcək.

Digər yol isə daha məntiqsiz görünən diaspor ilə həmrəylik roludur. Əslində Paşinyanın bu gün tam dəqiq hansı istiqamətdə irəlilədiyini söyləmək çətindir. Azərbaycanla danışıqlarda tez-tez təzadlar və problemlər yaratması, güman ki, Paşinyan hakimiyyətinə diasporun təsirindən qaynaqlanır. Türkiyəni mümkün qədər neytrallaşdırmaqla Qarabağ məsələsinin Türkiyə-Ermənistan münasibətlərinə təsirini ortadan qaldırmaq istəyir. Lakin aydındır ki, Türkiyə buna getməz. Təbii ki, bu, danışıqların ruhuna xələl gətirir. Diasporu dinləyərək tarixi düşmənçiliyi davam etdirməyin region və Ermənistan üçün heç bir faydası yoxdur.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. Azərbaycan Prezidenti: “Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır”. /25.11.2022/ – https://az.trend.az/azerbaijan/politics/3673493.html
  2. Erməni diasporunun üçtərəfli bəyanata reaksiyasına dair. /Təhlil, Fevral 2021/ – https://aircenter.az/uploads/files/diaspora%20tehlil.pdf
  3. Ermənistan və erməni diasporası: qarşılıqlı küskünlük. /12.11.2020/ – https://stm.az/en/news/418

 

Rus dilində:

  1. Что не так с всеармянским фондом “Айастан”? /21.03.2022/ – https://vestikavkaza.ru/analytics/cto-ne-tak-s-vsearmanskim-fondom-ajastan.html

 

İngilis dilində:

  1. ARF: More than 50 diaspora organizations demand Armenia PM Pashinyan’s resignation, /03.12.2020/ – https://news.am/eng/news/616878.html
  2. Armenia’s Pashinyan to Artsakh authorities: Political statements that worsen situation should be avoided. /12.01.2023/ – https://news.am/eng/news/739153.html
  3. Armenia diaspora faces waning influence on Turkey, Azerbaijan negotiations. /22 June 2022/ – https://eurasianet.org/armenia-diaspora-faces-waning-influence-on-turkey-azerbaijan-negotiations
  4. Armenian diaspora in France, US disrupt normalization: Erdoğan. /10 November, 2022/- https://www.dailysabah.com/politics/diplomacy/armenian-diaspora-in-france-us-disrupt-normalization-erdogan
  5. Armenian government continues anti-ARF policies toward ARF Youth. /29.01.2023/ -https://armenianweekly.com/2023/01/29/armenian-government-continues-anti-arf-policies-toward-arf-youth/
  6. Can football help normalise relations between Armenia and Turkey? /24/03/2023/ – https://www.euronews.com/2023/03/24/can-football-help-normalise-relations-between-armenia-and-turkey
  7. Explainer | The South Caucasus braces for Russia’s hard landing. /16 March 2022/ – https://eurasianet.org/explainer-the-south-caucasus-braces-for-russias-hard-landing
  8. Government Breaks Silence on Barring Entry of French-Armenian Leader. /22. 07.2022/ – https://asbarez.com/government-breaks-silence-on-barring-entry-of-french-armenian-leader/
  9. Los Angeles Armenian Community Rejects Zareh Sinanyan. /June 08, 2022/ – https://horizonweekly.ca/en/los-angeles-armenian-community-rejects-zareh-sinanyan/
  10. Nikol Pashinyan press conference. /15.03. 2022/ – https://jam-news.net/nikol-pashinyan-press-conference/
  11. Pashinyan press conference. /10.01.2023/ – https://jam-news.net/pashinyan-press-conference/
  12. Public Opinion Survey: Residents of Armenia. /June 2022/ – https://www.iri.org/wp-content/uploads/2022/09/IRIpoll2022Presentation_CRRC-Armenia_Public-Slides_CISR-Approved.pdf
  13. Report: On The Use Of Foreign Terrorist Fighters By The Republic Of Armenia In Its Recent Aggression Against The Republic Of Azerbaijan. /November 2020/ – https://spcommreports.ohchr.org/TMResultsBase/DownLoadFile?gId=35751
  14. Statement Regarding the Events Taking Place in Armenia. /21 May 2022/ – https://massispost.com/2022/05/statement-regarding-the-events-taking-place-in-armenia/
  15. Terzyan Aram: “Russian policy, Russian Armenians and Armenia: ethnic minority or political leverage?” /2019/ – https://www.researchgate.net/publication/334720768
  16. The Armenian diaspora in Russia: The second Karabakh war and its outcomes, /Baku 2022/ – https://aircenter.az/uploads/3gu2hVzye_RU.pdf

 

 Avaz Rahimov

THE FOREIGN POLICY COURSE OF THE ARMENIAN GOVERNMENT AND DIASPORA-ARMENIAN RELATIONS AFTER
THE SECOND KARABAKH WAR

 Abstract

The Second Karabakh War not only resulted in the re-joining of Karabakh to Azerbaijan, but also changed Armenia’s foreign policy to an important extent. On the other hand, it revealed the true potential of its popular diaspora. After the war, the diaspora and Armenia are experiencing serious problems in determining the direction of foreign policy. The conflicts that have arisen in relations with Russia have significantly disrupted relations with the diaspora here. Instead, reformist members of the diaspora in France and the United States are strengthening their influence on the Armenian authorities. On the other hand, Armenia’s claims of normalization of relations with its neighbors worsened the attitude of radical and traditional diaspora organizations towards the government. Thus, although the Pashinyan administration’s relations with individual modernist diaspora groups have increased, the relations with traditional and fundamental diaspora bodies have reached the level of hostility. In particular, the 2022 rallies revealed the broad cooperation of the radical diaspora with the opposition, led by the Dashnaks. But in any case, this fear prompted Armenia’s indecisive participation in the peace process. The direction of Armenia in the future will be influenced by the internal balance of diaspora forces.

Keywords: diaspora, foreign policy, Armenian government, Karabakh war, contradiction, priority

 

 

Аваз Рахимов

ВНЕШНЕПОЛИТИЧЕСКИЙ КУРС ПРАВИТЕЛЬСТВА АРМЕНИИ И ДИАСПОРО-АРМЯНСКИХ ОТНОШЕНИЙ ПОСЛЕ
ВТОРОЙ КАРАБАХСКОЙ ВОЙНЫ

 Резюме

Вторая Карабахская война привела не только к воссоединению Карабаха с Азербайджаном, но и в значительной степени изменила внешнюю политику Армении. С другой стороны, это раскрыло истинный потенциал народной армянской диаспоры. После войны диаспора и Армения испытывают серьезные проблемы в определении направления внешней политики. Возникшие конфликты в отношениях с Россией существенно нарушили здесь отношения с диаспорой. Вместо этого новаторские представители диаспоры во Франции и США усиливают свое влияние на власти Армении. С другой стороны, заявления Армении о нормализации отношений с соседями ухудшили отношение радикальных и традиционных диаспорских организаций к правительству. Таким образом, хотя отношения администрации Пашиняна с отдельными модернистскими диаспорскими группами усилились, отношения с традиционными и устоявшимися диаспоральными структурами достигли уровня враждебности. В частности, митинги 2022 года против власти выявили широкое сотрудничество радикальной диаспоры во главе с дашнаками с оппозицией. Однако боязнь потерять власть в любом случае поощряла нерешительный подход правительства Армении к мирному процессу. На направление Армении в будущем будет влиять баланс внутренних сил в диаспоре.

 Ключевые слова: диаспора, внешняя политика, правительство Армении, карабахская война, конфликт, приоритет

 

---------------