Yaqut ƏLİYEVA

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin

Sosiologiya kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru

Bakı, Azərbaycan

E-mail: yagut.aliyeva@gmail.com

orcId: 0000-0003-2051-8416

 

Xülasə. Tədqiqat işində müasir dövrdə Azərbaycanda uşaq/yeniyetmə cinayətkarlığının vəziyyəti, səbəbləri və onların hüquqazidd davranışlarının sosioloji, sosial-psixoloji və hüquqi aspektləri təhlil edilir. Cəmiyyətin transformasiyası şəraitində, sosial və təbii bərabərsizlik, qloballaşma prosesində yaranan yeni norma və dəyərlər, müasir mədəniyyət, fərqli submədəniyyətlər bəzi yetkinlik yaşına çatmayan uşaqlar arasında asosial və hüquqazidd davranışın yaranmasına gətirib çıxarır. Həmçinin, yetkinlik yaşına çatmayan nəzarətdənkənar uşaqların problemləri, onların sosiallaşması, cinayətkar qruplara meyilliliyi və bunun səbəbləri, həmin uşaqlara qarşı kobud və sərt davranışlar, törədilən cinayətlər və s. kimi məsələlərin müqayisəli-sistemli təhlili aparılır.

Açar sözlər: uşaq/yeniyetmə cinayətkarlığı, cəmiyyət, ailə, təhsil, KİV, nəzarətdənkənar (baxımsız, sahibsiz) uşaqlar, sosial və təbii bərabərsizlik, sosial yetimlik

 

Giriş

 

Uşaqlar hər bir millətin gələcəyi olaraq cəmiyyətin inkişaf perspektivlərini özündə əks etdirir. Bəşəriyyətin gələcəyi müəyyən dərəcədə onlardan asılıdır. Belə ki, bugünkü uşaqlar gələcəkdə cəmiyyəti maraqlandıran yeni ixtiralara imza atmalı və sosial mühitin proqressiv dəyişikliklərinə təkan verməlidirlər. Uşaqlara, yeniyetmələrə, gənclərə erkən yaşdan qayğı göstərmək, xüsusilə tərbiyə və təhsil sistemində optimal şəraitin yaradılmasına, həmçinin, cinayətkar davranışın profilaktikasına diqqət yetirmək lazımdır [12, 20-22; 13, 13-15; 5, 174; 17, 61-71].

Xalq hikmətində deyilir: “Uşaqlar həyatın çicəkləridir”. Çiçəyə ətraf mühit necə təsir edirsə, uşaqlara da cəmiyyətdə baş verən sosial dəyişikliklər və proseslər o dərəcədə öz təsirini göstərir. Uşaqlar demək olar ki, cəmiyyətin vəziyyətinin ölçü vahididir. Bu baxımdan hər bir ölkənin sosial-iqtisadi vəziyyətini müəyyən dərəcədə uşaq və yeniyetmə cinayətkarlığının göstəriciləri ilə də qiymətləndirmək olar.

Azərbaycan Respublikasında gənclərin 14-18 yaş dövrü yeniyetməlik dövrü hesab olunur. Həmin yaş dövrü fərdin bir sıra fizioloji, psixoloji və sosial xüsusiyyətləri ilə xarakterizə olunur ki, bu da onların sonrakı həyatına bu və ya digər dərəcədə öz təsirini göstərir. Yeniyetməlik dövründə insan onu əhatə edən sosial mühitin və cəmiyyətdə baş verən müxtəlif proseslərin təsirinə daha çox həssas olur. Məhz buna görə də yeniyetmənin sosiallaşması üçün optimal şəraitin təmin edilməsi zəruridir. Yeniyetmlərin bəziləri bu yaş dövründə cəmiyyətin mövcud norma və dəyərlərini təhrif edərək qeyri-münbit şəraitə cəlb edilərək hüquqazidd hərəkətlər edirlər.

Bir çox tədqiqatçılar yeniyetmələr arasında cinayətkar davranışın təzahürünü uşaqlıqdan yeniyetməliyə keçid dövrü ilə əlaqələndirirlər. Jan-Jak-Russo keçid yaş dövrünü “ikinci doğuluş” adlandırırdı. Uşaqlar bu keçid yaş dövründə daha kəskin qıcıqlanma, əsəbilik, narazılıq və s. hisslər keçirirlər. Bütün bu hisslər yeniyetmənin davranışında onu əhatə edən gerçəkliklərə qarşı özünəməxsus şəkildə büruzə verir. Keçid yaş dövründə uşaqlara xeyirxah münasibət göstərilməsi zəruridir. Yeniyetmə inadkarlıq etdiyi zaman ona qarşı bəzən sərt, bəzən laqeyd və s. münasibət göstərilməsi onun davranışında neqativ şəkildə öz əksni tapır. Cinayətkar davranışın əsasında emosiyalar və hisslər əsas yer tutur: onlar ya həyacanlanmalar, ya da psixi pozulmalar formasında təzahür edir. Hər halda cinayətin motivasiya elementləri şəxsiyyətin daxili xüsusiyyətləri ilə səciyyələnir və cəmiyyət üçün təhlükə doğurur [11, 19].

Tədqiqatın metod və metodologiyası, nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın müxtəlif mərhələlərində elmi idrakın əsas metodlarından, o cümlədən induksiya, deduksiya, sistemli-müqayisəli təhlil və sintez metodlarından istifadə edilmişdir. Tədqiqat işi Azərbaycanda müəllif tərəfindən 2012-2015, 2016-2017, 2018-2022-ci illərdə aparılan və aparılması daha sonra da nəzərdə tutulan çoxpilləli tədqiqatın nəticələrinin təhlilinə əsaslanır. Tədqiqatın gedişində müxtəlif problemləri araşdırmaq məqsədilə sosioloji metodlardan – erkspert sorğusu, anket sorğusu, müsahibə, müşahidə, sənədlərin təhlili və s. istifadə edilmişdir.

Mövzu ilə bağlı ədəbiyyat, statistik materialların və sosioloji tədqiqatların nəticələrinin sistemli təhlili, əsaslı təkliflər konkret istiqamətlər üzrə fəaliyyət göstərən, uşaq/yeniyetmə cinayətkarlığı problemi ilə məşğul olan qurumların işi üçün faydalı ola bilər.

 

Əsas hissə

Müasir cəmiyyətin qüsurları arasında uşaq/yeniyetmə cinayətkarlığı problemi xüsusi yer tutur. Müasir sosioloji elmin əsas vəzifəsi bu sosial problemi yaradan sosial determinantları və faktorlar kompleksini müəyyən etməkdir. Bununla yanaşı, psixologiyada olduğu kimi, kriminologiyada da uşaqların və yeniyetmələrin problemlərinə maraq xeyli artmışdır. Belə ki, alimlər asosial davranışın əsas səbəblərini mikromühitin qüsurları və çatışmazlığı ilə yanaşı, obyektiv və subyektiv amillər və s. ilə əlaqələndirirlər. Kriminoloji mənbələrdə çox vaxt “bilavasitə” və “vasitəli” səbəblər; “birinci”, “ikinci” və hətta “üçüncü” qəbildən olan səbəblər haqqında müddəalara rast gəlmək olar. Qeyd etmək lazımdır ki, səbəblər öz nəticələrilə, yəni cinayətkarlıqla ikihalqalı “səbəbiyyət zənciri” təşkil edir. Əgər onun üstü ilə tərs (geri) istiqamətdə hərəkət edilsə, o zaman cinayətkarlıq öz növbəsində onu yaradan (şəraitin köməyi ilə) sosial hadisələrin nəticəsi kimi qiymətləndirilir. Kriminoloqların nöqteyi-nəzərinə görə, yalnız ən yaxın (bilavasitə) nəticənin səbəbi imkan verir ki, onu cinayətkarlığın “səbəbi” adlandırsınlar. Məhz belə cinayətin bilavasitə səbəbini subyektiv amil – fərdlərin, sosial icmaların psixologiyasındakı qüsurlar təşkil edir. Qalan “keçmiş səbəblər”in hazırkı səbəbləri vasitəlidir və bu, cinayətkarlığın səbəbi yox, onun səbəblərinin şəraiti kimi çıxış edir. Bir sıra kriminoloji-psixoloji tədqiqatların nəticələri belə bir faktı təsdiq edir ki, hüquqazidd davranışın yaranması və bilavasitə səbəbləri həmişə cinayət etmiş insanın şəxsiyyətindən asılı olur. Başqa sözlə, heç bir xarici səbəblər, əgər onlar insan fəaliyyətinin daxili determinantlarına çevrilməyiblərsə, hüquqazidd davranışın müəyyənedici səbəbləri ola bilməzlər [10; 11,17; 20, 67-77].

Nəzərə alsaq ki, hüquqazidd davranışın ən pik nöqtəsi yeniyetməlik dövrünə təsadüf edirsə, o zaman ən kriminogen qrupa 15-17 yaşlı yeniyetmələr aiddir. Yetkinlik yaşına çatmayanların cinayətkarlığı gənclərin ən kriminogen qrupu kimi təkcə Azərbaycanda deyil, bütün dünyada ictimai narahatlıq doğurur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, gənclərin 30%-i hüquq zidd davranır, lakin 5%-i ciddi hüquq pozuntusuna yol verir. Statistik məlumatlar göstərir ki, qrup halında zorakılıq törədən həddi-bülluğa çatmayan gənclərin, həmçinin xüsusi amansızlıqla çinayət törədənlərin xüsusi çəkisi artır. Hazırda dünyada yetkinlik yaşına çatmayanların hər beşinci cinayəti zorakılıq xarakteri daşıyır, üstəlik onların yarısı qruplar halında törədilir [27; 31].

Azərbaycanda yeniyetmə cinayətkarlığı problemi Rusiya, Qərb və digər ölkələrdəki kimi o qədər də kəskin şəkildə müşahidə edilmir. Qeyd edək ki, Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin rəsmi göstəricilərinə görə, hər 9-cu cinayət yeniyetmələr tərəfindən, yaxud onların iştirakı ilə törədilir. Belə ictimai xəstəliyi “müalicə” etmək zəruridir və elə müalicə etmək lazımdır ki, residiv (təkrar etmə) ehtimalı istisna edilsin [31].

Ekspertlərin fikrincə, Azərbaycanda 2016-cı ilin son 9 ayında 272 cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi faktı aşkar edilib (2009-cu ilin analoji dövründə – 251 fakt), yəni əvvəlki illərə nisbətən baş verən cinayətlərdə cüzi artım müşahidə olunur. Bununla belə, bu cinayətlərin 60%-ni oğurluq və s. təşkil edir. Qalanları şəxsə qarşı (xuliqanlıq və bədənə xəsarət yetirmək) olan cinayətlərə aid edilir. 2016-cı ildə 20 cinayətin qızlar tərəfindən törədilməsi faktı aşkar edilib (2009-cu ildə – 24 cinayət faktı). Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin həddi-bülluğa çatmayanlar arasında profilaktikanın təşkili şöbəsinin məlumatına əsasən, Azərbaycanda uşaq/yeniyetmə cinayətlərinin səviyyəsi aşağıdır və ümumilikdə götürdükdə törədilmiş cinayətlərin 2,6%-ni təşkil edir [34].

Müxtəlif ölkələrin, həmçinin Azərbaycanın statistik göstəricilərinə görə, yetkinlik yaşına çatmayanlar arasında ən çox yayılmış cinayət növü oğurluqdur. Başqasının əmlakına sahib olmaq istəyi sosial bərabərsizlik problemi prizmasından izah edilə bilər. Həddi-bülluğa çatmayanlar özlərini cəmiyyətin sosial strukturunun iyerarxiyasının aşağı pilləsində olmasını daha həssas və ağır keçirir ki, bu da bəzən maddi rifahın daha asan yolla əldə edilməsi məqsədilə hüquqazidd hərəkətlərin törədilməsinə təkan verir.

Yetkinlik yaşına çatmayanların hüquqpozma motivasiyası və cinayətləri böyüklərdən fərqli olaraq daha özünəməxsusdur. Bu, müəyyən dərəcədə gənclərin psixikasının daha həssas və inadkar olması ilə səciyyələnir. Ona görə də, təsadüfi deyil ki, yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərin strukturunda oğurluq və bu kimi hallar çoxluq təşkil edir.

Bəzi hallarda cinayət əməllərinə hazırlaşarkən konkret olaraq yeniyetmənin psixofizioloji və psixoemosional xüsusiyyətlərinin və fiziki hazırlığının da rolu olur. Yaxşı fiziki hazırlıq yeniyetmələrdə özünəinamı artırır, başqasının üzərində öz gücünü yoxlamaq arzusunu yaradır. Beləcə də yalnız zorakılıqdan istifadə etməklə onlar öz məqsədinə çatmağa can atırlar. Bununla yanaşı, insan gənc yaşlarında kənar müdaxilələrə daha həssas olur və bəzən televiziyada, bədii filmlərdə və digər kütləvi informasiya vasitələrində gördüyü adamlara bənzəməyə can atır. Gənclər nə qədər tez-tez kütləvi mədəniyyət məhsullarını qəbul edirsə, onlarda personajların xüsusiyyətlərini mənimsəmə riski də bir o qədər güclü olur. Qərb mədəniyyəti də yeniyetmə cinayətkarlığının artmasına öz təsirini göstərir. Kütləvi mədəniyyət məhsulları içərisində eyni zamanda zorakılıq, kriminal və əxlaq qaydalarına zidd davranış səhnələrini də görmək olar.

Mətbuat, televiziya, kino kimi sosial institutlar faktiki olaraq əxlaq qaydalarına zidd və cinayətkar davranışı reklam edərək, cinayətin törədilməsi qaydalarını nümayiş etdirir və beləliklə, elə bir fikri təlqin edirlər ki, guya cinayətkarlıq özünütəsdiqin və münaqişələrin həllinin adi üsuludur.

Eləcə də videooyunlar sənayesi cinayətkarlığın təlqin edilməsində xüsusi yer tutur. Bu vidooyunlarda əksər halda insan, heyvan və s. üzərində virtual zorakılığın törədilməsi üçün şərait (və yaxud zərurət) var. Bununla belə, bəzi videooyunlarda zorakılıq prosesi ən xırda təfərrüatı ilə təsvir edilir və müvafiq səslə müşayiət olunur. Bir çox hallarda bu prosesin gedişi qətl törətmədən mümkün olmur.

Nəzərə alsaq ki, bu gün Azərbaycanda yetkinlik yaşına çatmayanların internetə daxil olmaq imkanı 80%-ə yaxındır, bu halda onların internet təhlükəsizliyini təmin etmək zəruridir. Azərbaycanda uşaq və yeniyetmələrin internet təhlükəsizliyini təmin etmək üçün artıq indidən internetə girişə dair internet-klublarda, məktəblərdə və evdə tövsiyə xarakterli addımlar atmaq çox vacibdir. Heç kimə sirr deyildir ki, informasiya texnologiyalarının inkişafının internet istifadəçilərinə müsbət təsirilə yanaşı, mənfi təsirləri də vardır. Tədqiqatlar göstrir ki, dünyada internet istifadəçilərinin 50%-i 8-15 yaşında olan uşaq və yeniyetmələrdir. Bununla belə, onların beşdə biri (1/5) cinayətkarların qurbanına çevrilir və ona görə də bu sahədə aparılan maarifləndirmə işlərini gücləndirmək olduqca zəruridir [34].

Bununla yanaşı, uşaqların internet asılılığı vətənpərvərlik, mənəviyyat, reallıq, canlı ünsiyyət və s. kimi məfhumları arxa plana keçirərək, onların ailədə və məktəbdə sosiallaşması, sosiuma adaptasiyası proseslərində problemlər yaradır. Ona görə də bu sahədəki ən mühüm vəzifələrdən biri maarifləndirmə işlərinin həm evdə, həm məktəbdə, həm də KİV vasitəsilə aparılmasıdır.

Eyni zamanda, uşaqlar və yeniyetmələr yeni nəsil mobil telefonlara xüsusi maraq göstərirlər. Uşaqlar internetdə daha çox məşhur insanların şəxsi həyatı ilə əlaqəli informasiyanı izləyir və kompüterlə olduğu kimi telefonu da tanışlıq, virtual ünsiyyət, videooyunlar, bir-birinə pornoqrafik materiallar və kompüter oyunlarının ötürülməsi və s. üçün istifadə edirlər. Ona görə də uşaqların və yeniyetmələrin evdə, məktəbdə, internet-klublarda və digər ictimai yerlərdə internetə girişini məhdudlaşdırmaq məqsədilə telefon və kompüterlər üçün filtr-proqramların yaradılması zəruridir.

Beləliklə, mətbuat və elektron KİV-lər, kinematoqrafiya, musiqi əksər hallarda yeniyetmələrin deviant və cinayətkar davranışının formalaşmasına kifayət qədər ciddi təsir göstərərə bilər. Profilaktika ölçülərini müəyyən etmək üçün yeniyetmənin cəmiyyətin kriminogen mühitə qoşulmasına meyilliliyini və səbəbini başa düşmək zəruridir. Potensial cinayətkarın əmələ gəlməsinə təsir edən hadisələrin üzə çıxarılması və təhlil edilməsi vacibdir, çünki bu halda hüquqazidd davranışın sosial aspektlərini açıqlamaq mümkün olar.

Qeyri-qanuni davranış fərdlərin və ya qrupların şüur və ya iradəsi, həmçinin şəxsi maraq, nifrət, aqressivlik motivləri ilə idarə olunan, cəmiyyətdə mövcud hüquq normalarını pozan və hüquqi nəticələrə səbəb olan ictimai təhlükəli davranışdır [4].

Hüquqazidd davranış – fərdlər və qrupların şüuraltısı, yaxud iradəsi, eləcə də şəxsi maraq, nifrət, aqressivlik motivləri ilə idarə olunan, cəmiyyətdə mövcud hüquq normalarını pozan və hüquqi nəticələrə gətirib çıxaran sosial təhlükəli davranışdır [8]. Göründüyü kimi, cinayətkarlar sosial normaları təhrif edirlər ki, bu da sonradan cəmiyyət üçün təhlükəli əməllərə cevrilir. Sosial norma müəyyən bir cəmiyyətdə tarixən inkişaf etmiş insanların, sosial qrupların, sosial təşkilatların fəaliyyətinin icazə verilən (və yaxud məcburi) davranışının sərhədini, ölçüsünü, intervalını müəyyən edir. Fiziki və bioloji proseslərin təbii normalarından fərqli olaraq, sosial normalar cəmiyyətin fəaliyyətinin obyektiv qanunlarının insanların şüurunda və hərəkətlərində adekvat və ya təhrif olunmuş şəkildə əks olunması nəticəsində formalaşır. Buna görə də onlar ya “təbii” olmaqla cəmiyyətin inkişaf qanunlarına uyğun gəlir, ya onlara kifayət qədər adekvatdır, ya da obyektiv qanunların təhrif olunmuş, məhdud, dini əks etdirməsi səbəbindən konflikt təşkil edir. Bu zaman “norma” anormal olur, normadan kənaraçıxmalar isə “normal” [33].

Yetkinlik yaşına çatmayanların cinayətkarlığının səviyyəsi cəmiyyət həyatının ciddi göstəricisidir və sosial institutların fəaliyyətinin səmərəsizliyindən xəbər verir. Bunun nəticəsində yeni problemlər yaranır və sosial mühitin mövcud problemləri daha da kəskinləşir.

Ailə sosial institut kimi cəmiyyət üçün ağrılı nəticələrlə səciyyələnən çoxsaylı uğursuzluqlara da malikdir. Məsələn, sosial yetimlik, sahibsizlik, baxımsızlıq, nəzarətsizlik, alkoqolizm, narkomaniya nəticədə deviant və delinkvent davranışlara gətirib çıxarır [12, 20-22; 13,13-15].

Hal-hazırda cəmiyyətdə deviant davranış probleminə yüksək maraq müşahidə olunur. Deviant davranış problemi deviant davranışın bütün növləri üçün birləşdirici konsepsiya kimi cəmiyyətin problemidir, onun həlli cəmiyyətin və dövlətin uğurlu mənəvi və əxlaqi inkişafına kömək edir. Deviant davranış növlərindən biri kimi yeniyetmələrin bilavasitə cinayətkar davranışı problemlərinin müzakirəsinin sosial əhəmiyyəti indi xüsusilə aydın görünür: cinayətkar davranışın təzahür formalarında dəyişiklik baş verir, bu yaş qrupu arasında cinayətkarlıq artır, gənclər tərəfindən cinayət törətmə yaşı azalır, onlar tərəfindən törədilən ağır cinayətlərin sayı artır.

Gənc nəsil arasında delinkvent* davranışın yayılmasına şərait yaradan səbəblərin öyrənilməsi və aradan qaldırılması, riskli davranışın qarşısının alınması üçün yeni, zamana uyğun sosial texnologiyaların tətbiqi hazırda aktual zərurətə çevrilir. Delinkvent davranış uşaq və yeniyetmələrin hüquq normalarını pozan, lakin məhdud təhlükəyə görə cinayət məsuliyyətinə cəlb edilməyən və ya cinayət məsuliyyəti yaşına çatmadığına görə müəyyən bir stereotipə çevrilən qeyri-adi davranışıdır. Yetkinlik yaşına çatdıqda delinkvent avtomatik olaraq cinayətkar şəxsiyyətə çevrilir. Belə ki, A.İ.Dolgova belə qənaətə gəlib ki, yetkinlik yaşına çatmamış cinayət törədənlərin yalnız 10%-ə yaxını gələcəkdə özünü qanuni aparır [21, 9]. A.A.Taybakovun tədqiqat materiallarına görə, peşəkar cinayətkarların yarıdan çoxu (53%) ilk cinayətini 14-16 yaşlarında, 39%-i 17-18 yaşlarında törətmişdir [29, 86].

Hal-hazırda yeniyetmələrin delinkvent davranışının əsas təzahür formalarına cinayətkarlıgı, səfilliyi, avaralıgı, alkoqolizmi, dilənçiliyi və s. aid etmək olar. Delinkvent davranışın bu, müxtəlif formaları, bir qayda olaraq, qarşılıqlı əlaqədədirlər. Sərxoşluq, narkotik istifadəsi, təcavüzkarlıq və hüquqazidd davranış vahid blok yaradır. Belə ki, yeniyetmələrdən hər hansı birinin delinkvent davranışdan birinə cəlb edilməsi digərlərinin də cəlb edilməsi ehtimalını artırır [30]. Sosioloqlar, psixoloqlar, hüquqşünaslar və təbiət elmlərinin nümayəndələri tərəfindən delinkventliyin bütün təzahür formaları arasında ən çox öyrəniləni cinayətkarlıqdır. Yeniyetmələrin delinkventliyinin əsasən sırf sosial səbəbləri vardır. Bu səbəblərdən ən başlıcası təhsildəki çatışmazlıqlar hesab olunur. Bəzi müəlliflərin fikrincə, cinayət törədən yeniyetmələrin 30-dan 85%-ə qədəri natamam ailədə, yəni atasız və ya deformasiyaya uğramış ailədə (sonradan ortaya çıxan ögey ata ilə və ya daha nadir hallarda ögey ana ilə) böyüyür. Bütün bunlar cəmiyyətdəki ağır iqtisadi vəziyyətlə birləşərək gəncləri külli miqdarda xırda oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə əvvəlkindən daha çox sövq edir [7, 208; 8].

Bu kateqoriyadan olan yetkinlik yaşına çatmayan uşaqlara nəzarətdənkənar (baxımsız) uşaqların müəyyən hissəsini aid etmək olar. Ailələrdən gedən və qeyri-yaşayış yerlərində məskunlaşan uşaqlar nəzarətdən kənar qalan uşaqlardır (baxımsızlardır). Onlar qeyri-formal qanunlarla yaşayır və oğurluqla, yalançılıqla, dilənçiliklə məşğul olaraq oz yaşayışlarını təmin edirlər. Hal-hazırda uşaq nəzarətsizliyi ildən-ilə artan sosial problemdir. Onun yaranma səbəbləri valideyinlərin uşaqlara qarşı əxlaqa zidd davranışları, ailələrdə olan daimi münaqişələr, iqtisadiyyatdakı böhran, işsizlik və həmçinin tibbi-psixoloji xarakter daşıyan səbəblər və s.-dir [2, 27-36; 9; 14, 7-9; 15, 35-45; 16, 155-159; 17, 61-71].

Uşaqların qeyri-qanuni fəaliyyətə cəlb edilməsi, cəmiyyətdə kriminogen vəziyyətin yüksəlməsi, narkotik ticarəti, fahişəlik, təbii fəlakətlər, uşaqların silahlı münaqişələr vəziyyətində olan ölkələrə aparılması (pulsuz hərbi güc kimi istifadə etmək məqsədi ilə) və s. səbəblər uşaq nəzarətsizliyinin artmasına gətirib çıxarır. Baxımsızlığın (uşaq nəzarətsizliyinin) əsas səbəbi sosial-iqtisadi xarakter daşıyır [19].

Təəssüflə etiraf etmək lazımdır ki, Azərbaycanda nəzarətdənkənar uşaqlar haqqında hazırda dəqiq, etibarlı statistik məlumatlar yoxdur və buna görə də onların dəqiq sayını, yaşını, cinsini, milli və regional tərkibini göstərmək olmur. Eyni zamanda qeyd etmək lazımdır ki, kimsəsiz/nəzarətdənkənar uşaqlar haqqında statistik göstəricilərin olmaması, yaxud yetərsizliyi problemi yalnız Azərbaycanda deyil, digər ölkələrdə də mövcuddur və bu sahədə müəyyən çətinliklər vardır. Nəzarətdənkənar uşaq və yeniyetmələr hakimiyyət və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə qarşılaşmaqdan yayınmağa meyillidirlər. Buna görə də onlar statistik təhlildən kənarda qalırlar. Birbaşa uşaqlarla işləyən təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları bu sahədə əhəmiyyətli dərəcədə fəaliyyət göstərə bilərlər. Qeyd etmək olar ki, nəzarətdənkənar uşaqlar dövlət strukturlarının nümayəndələrinə nisbətən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə daha səmimi olurlar.

Cəmiyyətdə kimsəsiz uçaqlarin sayının çoxalması yeniyetmələr arasında cinayətkarlığın artmasını, narkomaniya, toksikomaniya, alkoqolizm, uşaq fahişəliyi, vərəm, hepatit, siflis, həmçinin zöhrəvi xəstəliklərin yayılmasını sürətləndirir. Ekspertlərin fikrincə, dörd ildə (2012-2016) təşkilatlar* 950-dən çox müraciət edən və yardım istəyən əksəriyyəti oğlan olan küçə uşağını qeydə alıblar [6, 306-313; 19; 25, 59; 34].

Ancaq müşahidələrimiz göstərir ki, son zamanlar nəzarətsiz uşaqlar arasında 13-16 yaşadək qız uşaqlarının sayı artmaqdadır və onlar da dilənçiliklə məşğul olur. Problem ondadır ki, bu uşaqlar Azərbaycan Respublikasının vətəndaşları olduğu halda, onların əksəriyyətinin kimliklərini təsdiq edən sənədləri yoxdur. Ən pis hal da odur ki, nəzarətsiz uşaqların 70%-i hər iki valideyndən məhrumdur və yaxud valideynlərindən biri yoxdur.

Uşaqların nəzarətdən kənar qalmalarının səbəblərindən biri də onların daimi yaşayış yerlərini itirməsilə əlaqədar olaraq ailələrindən ayrı düşmələridir. Ailə ilə, valideyinlərlə, qohumlarla əlaqələrin tamamilə kəsilməsi, insan üçün nəzərdə tutulmamış yerlərdə yaşama, cəmiyyətdə qəbul olunmayan yollarla (məsələn, dilənçilik, oğurluq) yaşamaq, qeyri-formal qanunlara tabe olmaq kimsəsizliyin əlamətləridir. Kimsəsiz qalmağın təhlükəsi ondadır ki, belə şəxslər cəmiyyətə xas olan dəyər, norma və davranış qaydalarının əsasında normal ictimai həyata uyğunlaşa bilmir, bir sıra hallarda cinayət törədir və bunu özlərinin gələcək həyatı üçün norma kimi qəbul edirlər.

Azərbaycanda kimsəsiz (nəzarətdənkənar) uşaqlar problemi kifayət qədər kəskin qoyulmuşdur. Nəzarətdənkənar uşaqlar problemini tədqiq edərkən məlum olur ki, onların əksəriyyətinin valideynləri sağdır. Onların böyük əksəriyyəti öz ailələrindən, internatdan və ya onları övladlığa götürmüş ailələrdən qaçmış uşaqlardır. Belə uşaqlar zorakılıq, döyülmə, həmçinin insan alveri və traffikinq qurbanları olurlar. Onlar çox zaman alkoqol və narkotik asılılığa məruz qalırlar [6, 306-313; 8; 24; 36].

Polis tərəfindən dilənçilik və avara həyat sürənlərə qarşı mübarizə aparılır və bu sahədə bir çox tədbirlər görülür. Ancaq bunun üçün yalnız bir strukturun iş aparması praktik olaraq qeyri-mümkündür. Azərbaycanda bu sahədə movcud olan bütün müvafiq qurumların – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və digər qurumların birgə profilaktik iş aparmaları zəruridir. Nə dövlət orqanları, nə də cəmiyyət tərəfindən uşaqlara qarşı biganəlik göstərilməsi yolverilməzdir. İstər ailədə, istərsə də uşaq evlərində uşaqlara qarşı hər hansı şiddət göstərilməsi halları müvafiq strukturların diqqətindən kənarda qalmamalıdır. Uşaqların problemləri erkən mərhələdə aşkar edilməli və adekvat tədbirlər görülməlidir.

Övladlarına qarşı məsuliyyət hiss etməyən valideynlərin sayının artdığını nəzərə alaraq, dövlət strukturlarının ən azı heç olmasa müəyyən dərəcədə uşaqlara qayğı göstərməsi zəruridir. Belə ki, Azərbaycanda sosial işçi institutu yenicə formalaşır. Qeyd etmək lazımdır ki, Qərb ölkələrinin bu sahədəki nümunəsindən istifadə etmək olar. Bununla belə, ekspertlər keçən illərə nisbətən hazırda cinsi yolla keçən xəstəliklərin azalması ilə əlaqəli pozitiv bir məqamı da qeyd edirlər. Küçədə yaşayan uşaqlar arasında müntəzəm olaraq erkən yaşda cinsi əlaqənin mənfi nəticələri haqqında maarifçilik işlərinin aparılması da buna öz təsirini göstərmişdir. Heç kimə sirr deyil ki, çox zaman küçə uşaqları pedofillərin qurbanına çevrilirlər. Bəzi hallarda yaşca böyük kimsəsiz uşaqlar kiçiklərə qarşı seksual hərəkətlər edir və onları cinsi yaxınlığa məcbur edirlər. Uşaqlar əksər halda bu günün dəhşətli olaylarını dərk etmir, lakin bu hal uşaq psixikasında silinməz iz qoyur ki, bunlar da sonralar onun davranışına təsir edir. Bununla belə, ekspertlər kimsəsiz uşaqlar içərisində vərəm xəstəliklərinin artması faktını da etiraf edir və bildirirlər ki, son illərdə 12-18 yaşda vərəm xəstəliyinə tutulan küçədə yaşayan uşaqlar üzə çıxarılmış və onlar vərəm dispanserinə yerləşdirilmişlər. Ekspertlər belə bir məqama diqqət yetirirlər ki, vərəmə meyilli olan uşaqlar toksikomanlardır (yapışqan maddələri iyləyənlər).

Küçədə yaşayan uşaqlar təkcə öz sağlamlıqlarını deyil, həm də həyatlarını risk altına atırlar. Elə hallar var ki, uşaqlar iz qoymadan yoxa çıxırlar. Bu uşaqlar zorlanır, döyülür, öldürülür və çox vaxt onlar yol-nəqliyyat hadisələrinin qurbanları olurlar. Onlardan həmçinin uşaq alverçiləri tərəfindən orqanlarının çıxarılması, uşaq əməyindən istifadə, “seks-biznes” və başqa məqsədlərlə də istifadə edirlər.

Küçədəki ağır həyat uşaqların psixikasında iz buraxdığından, onlar başqalarına qarşı qəddar olurlar. Üstəlik, qəddar uşaqlar daha sonra bütün dünyaya qəzəblənən qəddar böyüklərə çevrilirlər. Gələcəkdə öz ailələrinə və övladlarına qarşı qəddar valideyn olurlar. Kimsəsiz uşaqlar arasında onların ağır həyatda qarşılaşdıqları problem və riskləri müəyyən etmək məqsədilə apardığımız araşdırmalar göstərir ki, valideynlərin uşaqları döyməsi, işgəncə verməsi, işləməyə məcbur etməsi, nəticədə sonuncuların intihar etməsi heç də az rast gəlinən hal deyil. Təəssüf ki, hal-hazırda uşaqlar arasında intihar halları çoxalıb. Bu həm də məktəblə ailə arasında əlaqənin itməsi, sosial iş institutunun formalaşmaması və s. nəticəsində baş verir.

Azərbaycanda küçədə yaşayan uşaqlar üçün sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı ekspertlər qeyd ediblər ki, hələ 2005-ci ilin avqustunda “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının qarşısının alınması haqqında” Qanun qəbul edilib və burada bir sıra məsələlər öz əksini tapıb. Bununla belə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ekspertlərinin fikrincə, sığınacaq və mərkəzlərin yaradılması həvalə edilmiş Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ də bu sahədə heç bir fəaliyyət göstərmirlər və ya fəaliyyətləri kifayət qədər gözədəyən deyil. Bu münasibətlə Daxili İşlər Nazirliyi dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, nəticəsiz qalıb. Daxili İşlər Nazirliyinin ekspertləri də qeyd edirlər ki, onlarda küçə uşaqları ilə işləyə biləcək bir qurum yoxdur [1, 198-205; 34].

 

Nəticə

 

Son zamanlar cəmiyyətimizdə tez-tez azyaşlı uşaqlar tərəfindən törədilmiş cinayət faktları ilə rastlaşırıq və belə hallarda daha çox öz-özümüzə sual veririk: “Nə üçün insanlar belə qəddarlaşıb və niyə uşaqlar zülm çəkir?” Əgər hətta yalnız bir bədbəxt uşaq varsa, demək ki, cəmiyyətdə problem mövcuddur və əgər problem mövcuddursa, demək ki, onu həll etmək lazımdır! Əbəs yerə deyilməyib: “Bütün dünya uşağın bir damla göz yaşına dəyməz!”

Belə ki, hər bir uşağın yaşayış yerinə, ailəyə, təhsil almağa, şiddət və zorakılıqdan, seksual zorakılıq daxil olmaqla müdafiə haqqı var və hər bir valideyn bunu bilir. Ancaq, təəsüflər olsun ki, bütün valideynlər uşaqlarına görə məsuliyyət daşımır. Bunun üçün cəmiyyət və dövlət küçədə yaşayan kimsəsiz uşaqlara kömək etməlidir ki, onlar normal həyata qayıtsınlar. Bu problemin həlli yolu böyük imkanları olan Azərbaycanda bu sahədə xüsusi bir mərkəzin yaradılmasıdır. Bu mərkəzdə işlə təmin olunan sosial işçilər, pedaqoqlar, psixoloqlar, hüquq sahəsinin mütəxəssisləri və başqaları nəinki sadəcə “travmalı” uşağa qulluq edər, həm də asudə vaxtında onunla məşğul olar, onun “şəxsiyyət” kimi formalaşmasına kömək edər. Bununla belə, ekspertlər* bildirirlər ki, umumi götürdükdə respublikada yeniyetmələr arasında cinayətkarlığın azalması meyli müşahidə olunur [22; 23; 26; 34].

Eyni zamanda, ekspertlər* qeyd edirlər ki, Azərbaycanda cinayət məsuliyyəti daşıması yaşının 14 yaşdan 12 yaşa endirməyə zərurət yoxdur. Üstəlik, uşaq cəzaçəkmə müəssisələrində yeniyetmə məhbusların sayı azdır. Bizdə, Rusiya və digər ölkələrdə olduğu kimi, yeniyetmələrdən ibarət qətlər törədən və soyğunçuluqla məşğul olan quldur dəstələri yoxdur. Burada yeniyetmə baxımsızlığı problemi var və həqiqət bundan ibarətdir. Məsələn, keçmiş SSRİ-nin mövcudluğu zamanı bu məsələyə ciddi diqqət yetirilirdi. Uşaqları hər hansı bir məşğuliyyətə cəlb etməyə çalışırdılar. Yaradıcılıq dərnəkləri, yay düşərgələri mövcud idi və orada məktəbli yaşında olan bütün uşaqları əhatə etməyə çalışırdılar. Sovetlər dövründə bütün uşaqlar dövlətin himayəsində idi, məktəbə getməyən uşaqlar məktəbə getməyə məcbur edilirdi, ümumi məcburi ibtidai təhsil qüvvədə idi. Hazırkı şəraitdə, sovetlər dövrü ilə müqayisədə dövlət uşaq problemlərinə diqqətini azaltmışdır. Ancaq qeyd etmək lazımdır ki, son zamanlar sosial problemlər, ünvanlı sosial yardım və müavinətlərin artırılması və s. kimi məsələlər tədricən həll olunur. “Problemli” uşaqlarla bağlı bəzi tədbirlər, proqramlar həyata keçirilsə də, uşaqların asudə vaxtına az diqqət yetirilir [35].

Belə ki, Azərbaycanda uşaqların müdafiəsi sahəsində ən vacib vəsifələr kimsəsiz uşaqların reabilitasiyası, valideyn himayəsindən məhrum olan uşaqlara alternativ xidmətlər göstərilməsi, fiziki imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiya edilməsi, erkən nikahların qarşısının alınması və qız uşaqlarının yarımçıq qalmış orta məktəb təhsilini davam etməklə əlaqəli problemlərin həll edilməsidir. Uşaq haqları ilə bağlı müdafiə sisteminin möhkəmləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən bütün qurumların kordinasiyalı iş görməsi zəruridir [2, 27-36; 3, 176-217; 3, 325-331; 32].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Uşaq hüquqlarının həyata keçirilməsi üzərində dövlət nəzarəti qaydası haqqında” sərəncam bu sahədə işlərin istiqamətini müəyyən etdi. Bu sərəncamın həyata keçirilməsi üçün bir sıra tədbirlər, həmçinin uşaq hüquqları üzrə məlumatların elektron bankının yaradılması qaydaları işlənib hazırlanır [4; 28; 32].

Ən vacib məsələlərdən biri yuvenal (uşaq problemləri ilə əlaqəli) ədliyyə sahəsində edilən dəyişikliklərdir. Bununla əlaqəli “Yuvenal ədliyyə haqqında” Qanun layihəsi işlənib hazırlanmış və ictimai müzakirəyə təqdim edilmişdir. Bundan başqa, hüquq-mühafizə orqanları işçilərinin uşaqlarla işləmək bacarıqlarının təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayanların cəzalandırılmasının alternativ üsullarından istifadə edilməsi, cinayətin qurbanı və ya şahidi olmuş yeniyetmələrin müdafiəsi üçün xüsusi tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Ümumilikdə, son illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində yeniyetmələr arasında cinayətkarlığın azalması müşahidə edilir [34].

Bununla belə, uşaqlara qarşı seksual və digər zorakılıq xarakterli cinayətlərə görə nə qədər adamın ittiham edilməsi barədə məlumat almaq üçün ekspertlərə* müraciət etdikdə, onlar cavab verməkdə çətinlik çəkdilər və bildirdilər ki, bu barədə statistika aparılmır. Ekspertlərin verdiyi məlumatlara görə, 2014-cü ilin 9 ayında yetkinlik yaşına catmayanlara qarşı törədilmiş 461 (2009-cu ildə isə analoji dövrdə – 695) cinayət faktı qeydə alınıb Onlardan qız uşaqlarına qarşı 202 cinayət qeydə alınıb (2009-cu ildə – 373). Hesabat dövründə cinsi toxunulmazlıq və azadlıq əleyhinə cinayətlər 118 fakt (2009-cu ildə – 219), ailə-məişət zəminində törədilmiş cinnayətlər isə 21 fakt təşkil edib [34].

Göründüyü kimi, sosial institut kimi ailədaxili əsas qüsurlar – əxlaqa zidd həyat tərzinin (alkoqolizm, narkomaniya, cinayətkarlıq və s. deviant davranışlar) təbliği və nümayiş edilməsi, evdə zorakılıqdan istifadə etməklə avtoritar rejimin yaradılması, daima münaqişələr və yüksək tonda danışıq tərzi (məişət zorakılığı), tərbiyədə uğursuzluqla səciyyələnən valideynlərin pedaqoji bacarıqsızlığıdır. Belə göstəricilər olduğu halda ailənin tərbiyəedici funksiyası itir, uşaqlar evdən qaçır və s. Bu hallar sonralar yeniyetmələrin tərbiyəsi, yaşamağı və böyüməsi üçün qeyri-münbit şərait yaradır. Sosial institutların fəaliyyətində baş verən pozuntular cəmiyyətdən də yan keçmir və nəticədə, müxtəlif sosial problemlərin yaranması və onların inkişafı qaçılmaz olur. Ona görə də ehtimal etmək olar ki, cəmiyyətin sosial sferalarının yaxşılaşdırılması istiqamətində konstruktiv, əsaslı və gərgin iş həyata keçirilərsə, bu, bir çox aktual məsələlərin, o cümlədən yeniyetmələrin delinkvent davranışı probleminin həlli üçün ən mühüm şərt olacaqdır.

Müqayisəli təhlil göstərir ki, Rusiya aparılan tədqiqatlara görə, yeniyetmələrin təxminən 90%-i yetkinlik yaşına çatmayan cinayətlərə görə məsuliyyətin ailənin üzərinə düşdüyünü bildirir. Yeniyetmələrin təxminən 40%-i, böyüklərin isə 70%-i yaxın ətraf mühiti ikinci qeyd ediblər. Üçüncü yeri gənclərin asudə vaxtını təmin etmək üçün nəzərdə tutulmuş yerli hakimiyyət orqanları tutub (böyüklərin 70%-i, yeniyetmələrin 30%-i bu variantı seçib). Hüquq-mühafizə orqanlarını bu məsələdə şəxsi təcrübəsi olan və sorğuda iştirak edən böyüklərin təxminən yarısı (46%-i) və “kənar baxışı” təmsil edən respondentlərin 38%-i günahlandırır [20]. Qeyd edək ki, bizim tərəfimizdən ölkəmizdə sosioloji araşdırmalar apararkən demək olar ki, oxşar nəticələr əldə etmişik* [2].

Cinayətkarlığın vacib göstəricilərindən biri onun vəziyyəti, yəni kəmiyyət-keyfiyyət xarakteristikasıdır. Cinayətkarlığın vəziyyətini aşağıda qeyd olunan meyarlarla müəyyən etmək olar:

  • qeydə alınmış cinayətlərin və cinayət məsuliyyətinə cəlb edilmiş (törədilən cinayətlərə görə məhkum edilmiş) cinayətkarların sayı;
  • cinayətin strukturunun xarakteri (cinayətkar təcavüzün obyekti, cinayətkarın motivi, qrup cinayətləri, kişi, qadın, uşaq/ yeniyetmə cinayəti);
  • cinayətin latentlik səviyyəsi.

Yalnız sadalanan meyarların məcmusuna əsasən ölkədə və ayrı-ayrı ərazidə cünayətkarlığın vəziyyəti barədə düzgün təsəvvür yaratmaq olar. Bu göstəricilər əsasında ümumilikdə cinayətkarlığın, ayrılıqda yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin qarşısının alınmasının profilaktik təhlilini aparmaq olar [18].

Bu və yaxud digər icmanın adaptasiyasında problemlərlə xarakterizə olunan sosiallaşmada çətinliklər də gənc cinayətkarın formalaşmasına səbəb ola bilər. Ailədə, kollektivdə özgələşən yeniyetmələr təhqirə, alçaldılmaya və fiziki zorakılığa məruz qalırlar. Bu hadisələr yüksək təhlükə doğurur, çünki yeniyetmə yaşında insanda hələ daxili qiymətləndirmə meyarları yaranmayıb və birinci dərəcəli rolu ətraf rəyə əsaslanan xarici qiymətləndirmə oynayır. Başqa sözlə desək, istehza obyektinə çevrilmiş özgələşmiş yeniyetmələr daxili təcavüzkarlığının formalaşması və bir sıra psixoloji komplekslərinə əsasən risk qrupunu təşkil edərək, sonralar asosial davranışının üzə çıxmasında öz rolunu oynaya bilər.

Böyüklər tərəfindən başa düşülməyən yeniyetmələr qruplarda birləşir və öz dəyərləri, normaları, maraqları, dili (jarqon), simvolları ilə yeniyetmə submədəniyyətini yaradırlar. Bu qruplar hər zaman qanuna tabe olmamaları ilə fərqlənirlər. Məktəbdə və ailədə təcrid olunmasını ağır keçirən yeniyetmə özünü ifadə etmək, təsdiq etmək və təhlükəsizlik hissi əldə etmək üçün aktiv yeni mühit axtarışına başlayır. Bir çox hallarda o, özü üçün həyət və küçə kampaniyasını tapır və bu, onu müxtəlif asosial davranışlara, yaxud kontrmədəniyyət yönümlü gənclər qruplarına daxil olmağa sövq edir. Bu qrupların bəziləri, xüsusilə də müxtəlif ekstremist qruplaşmalar və qeyri-ənənəvi dini icmalar da yeniyetmənin dəyərlər sisteminin formalaşmasına əlverişsiz təsir göstərir [18, 2].

Bunlar sonralar öz yazılmamış qanunları, say çoxluğu, əmlakı və kriminal mühitdə nüfuzu ilə mükəmməl mütəşəkkil cinayətkar dəstələrinə çevrilə bilərlər.

Məlumdur ki, hər bir dövlətdə cinayətkarlıqla mübarizənin ən effektiv forması onun qarşısının alınmasıdır (profilaktkası). Məhz buna görə də elmə əsaslanan profilaktik işin aparılması və cinayətin, hüquq pozuntularının qarşısının alınması sisteminin yaradılması zəruridir.

Beləliklə, yetkinlik yaşına çatmayanların cinayətkarlığınının mövcud vəziyyəti, onların sağlamlıq vəziyyəti, sosial müdafiəsi dövlətdən, hüquq-mühafizə orqanlarından, elm adamlarından, ictimai təşkilatlardan təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir ki, bütün bunlar kağız üzərində qalmamalı, reallaşdırılmalıdır.

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. Azərbaycan Qanunvericiliyində uşaq hüquqları / Məhsul redaktor S.Mirzəyev. Bakı: “Azərbaycan” nəşriyyatı, 2009.
  2. Əliyeva, Y.N. (2022). Nəzarətdənkənar uşaqların sosial problemləri: sosioloji təhlil (Azərbacan üzrə çoxpilləli tədqiqat materialları əsasında). // “Sosial tədqiqatlar” elmi- analitik jurnalı, cild 2, №1, s.27-36. – https://stm.az/storage/common/1663319209.JURNAL%20STM%202022.pdf
  3. Rəcəbli, H. (2012). Azərbaycan Respublikasının sosial müdafiə sistemi. Bakı, “MBM” nəşriyyatı.
  4. Sosial işin əsasları (müntəxəbat). / I hissə. (2006). Bakı, BDU-nun “Bakı Universiteti” nəşriyyatı.

 

Türk dilində:

  1. Aliyeva Y., Aliyeva, S. (2013). Sahipsiz çocuklar: Gerçekler ve problemler (Azerbaycan üzere araştırma belgelerine dayanarak. / “Çocuk ve Şiddet: Toplumsal Şiddetin Çenderesinde Çocuklar” adlı 5.Uluslararası Risk Altında ve Korunması Gereken Çocuklar Sempozyumu. /1-3 kasım, 2013/, Bildiri Özet Kitabı. Polis Akademisi SAMER, Türkiye, Antalya, s.174.
  2. Aliyeva, Y., Aliyeva, S. (2014). Sahipsiz çocuklar: Azerbaycan örneği. / Çocuk ve Şiddet: Toplumsal Şiddetin Çenderesinde Çocuklar. 5.Uluslararası Risk Altında ve Korunması Gereken Çocuklar Sempozyumu Seçilmiş Bildirileri. İstanbul, Polis Akademisi SAMER-2013. Bağcılar Baskısı, Cild 3, s.306-313.
  3. Aliyeva, Y., Aliyeva, S., Ağalar, E., Sağıroğlu, R. (2019). Çocuk ve Ergen Suçlarının Sosyolojik, Sosyo-psikolojik ve Hukuki Açılardan incelenmesi (Azerbaycan Araştırma Belgelerine Dayanarak). / İnternational Human and Civilization Congres from Past to Future. İNES-2019. 17-21 aprel, 2019. Alanya, Turkey, s.208.
  4. Çocuk ve Şiddet: Toplumsal Şiddetin Çenderesinde Çocuklar (2014). / 5.Uluslararası Risk Altında ve Korunması Gereken Çocuklar Sempozyumu Seçilmiş Bildirileri. İstanbul, Polis Akademisi SAMER-2013. Bağcılar Baskısı, Cild: 1-3.
  5. Tezcan, M.(2012). Çocuk sosyolojisi. Ankara, Anı Yayıncılık, 2 Baskı.

 

Rus dilində:

  1. Алемаскин, М.А. (1968). Психологическая характеристика личности несовершеннолетних правонарушителей. Автореф.канд.диссерт. Москва.
  2. Алиев, Б.Г., Мамедова, С.И. (1996). Социально-психологические проблемы личности несовершеннолетних правонарушителей. Баку, Изд-во “Бакинского Университета”.
  3. Алиева, Я.Н. (2012). О некоторых проблемах исследования беспризорных детей в азербайджанском обществе // Вектор науки Тольяттинского Государственного Университета. Серия: Педагогика, психология. №4 (11), c.20-22.
  4. Алиева, Я.Н. (2012). Проблемы детского воспитания в современный период // Вестник Гуманитарного института ТГУ. №2, с.13-15.
  5. Алиева, Я.Н. (2013). Особенности исследования беспризорных детей в современном обществе. // “Самарский научный вестник”, Самара. №2(3), с.7-9.
  6. Алиева, Я.Н., Алиева, С.Н., Агалар, Э.А. (2017). Cоциологические, социально-психологические и правовые аспекты изучения подростковой преступности (на материалах исследования по Азербайджану). /Научный журнал “VIRTUS” Scientific Journal. Канада, Монреаль, с.35-45.
  7. Алиева, Я.Н., Алиева, С.Н. (2017). О некоторых социологических, социально-психологических и правовых аспектах изучения подростковой преступности. / IV.Международная научно-практическая конференция на тему: “Человек виртуальный: новые горизонты”. Канада, Монреаль: CPM “ASF”, с.155-159. (часть 1).
  8. Арефьев, А.Л. (2003). Беспризорные дети // Социологические исследования. № 9, с.61-71.
  9. Бабаев, М.М., Крутер, М.С. (2006). Молодежная преступность. Москва, Изд-во “Юристъ”.
  10. Байков, Н.М. (2003). Детская беспризорность и безнадзорность: состояние и проблемы: Учебное пособие/ Н.М. Байков, Л.В. Каширина – Хабаровск.: ДВАГС.
  11. Игошева, К.Е. (1967). Опыт социально-психологического анализа личности несовершеннолетних правонарушителей. Москва, с.67-77.
  12. Изменения преступности и проблемы охраны правопорядка / под ред. А.И Долговой. (1994). Москва.
  13. Конвенции ООН о правах ребенка 16 января – 3 февраля 2012 года. https://base.garant.ru/2540422/ (Дата обращения: 15.05.2022).
  14. Конвенции ООН о правах ребенка (Принята резолюцией 44/25 Генеральной Ассамблеи от 20 ноября 1989 г.) https://www.un.org/ru/documents/decl_conv/conventions/childcon. shtml (Дата обращения: 06.04.2023).
  15. Меджидова, С. (2003). Уличные дети. Баку, Изд-во “Ziya-Nurlan”.
  16. Нечаева, А. М. (2001). Детская беспризорность — опасное социальное явление // Государство и право, № 6, с.59.
  17. “Преступление и наказание” несовершеннолетних правонарушителей: Мнения населения и экспертов (По материалам конкретного социологического исследования подростковой преступности)”. (2004). СПб: Центр независимых социологических исследований.
  18. Противоправное поведение // Мир словарей. URL: http://mirslovarei.com/content_soc/protivopravnoe-povedenie-6806.html (Дата обращения: 23.06.12).
  19. Распоряжение “О порядке государственного контроля за осуществлением прав ребенка”, подписанное Президентом Азербайджана Ильхамом Алиевым.
  20. Тайбаков, А.А. (1993). Профессиональный преступник // Социологические исследования, №8.
  21. Чайка, В.Г. (2005). Психологические особенности формирования личности и криминального поведения молодежи // Право и образование, № 2.
  22. Число преступлений, совершенных отдельными категориями лиц // Росстат. URL: http://www.gks.ru/bgd/regl/b10_13/IssWWW.exe/Stg/d3/10-03.htm (Дата обращения: 22.06.12).
  23. Шелютто М.Л. Конвенция ООН о правах ребенка и Конституционный уровень защиты прав детей. file:///C:/Users/user/Downloads/konventsiya-oon-o-pravah-rebenka-i-konstitutsionnyy-uroven-zaschity-prav-detey.pdf (Дата обращения: 25.05.2022).
  24. Яровенко В.В., Яровенко Е.В. (2008). Девиантное поведение несовершеннолетних – социальные явления современной России // Вестник Челябинского государственного университета, №10.

İnternet resursları:

  1. www.zerkalo.az/2012-04-27
  2. www.vesti.az
  3. http://news.day.az/society/512953.html “Эхо”

 

Yagut Aliyeva

THE IMPACT AND ROLE OF THE “SOCIETY-FAMILY-EDUCATION-MEDIA” SYSTEM ON CHILD/ADOLESCENT CRIMINALITY

 Abstract

The research work analyzes the sociological, socio-psychological and legal aspects of child/adolescent criminality in modern Azerbaijan, its causes and their unlawful behavior. In the conditions of transformation of society, social and natural inequality, new norms and values created in the process of globalization, modern culture, different subcultures lead to the emergence of antisocial and illegal behavior among some minors. Also, the problems of out-of-control minors, their socialization, tendencies and reasons for criminal groups, rude and harsh behavior towards those children, committed crimes, etc. a comparative-systematic analysis of such issues is conducted.

 Keywords: child/adolescent delinquency, society, family, education, mass media, unaccompanied children, social and natural inequality, social orphanhood

 

 

Ягут Алиева

ВЛИЯНИЕ И РОЛЬ СИСТЕМЫ “ОБЩЕСТВО-СЕМЬЯ-ОБРАЗОВАНИЕ-СМИ” НА ДЕТСКУЮ/ПОДРОСТКОВУЮ ПРЕСТУПНОСТЬ

 Резюме

В данном исследовании анализируется ситуация, относительно детской/подростковой преступности в Азербайджане, мотивы совершения ими преступлений и причины их противоправного поведения с социологической, социально-психологической и правовой аспектов. В условиях трансформации общества, в результате социального и естественного неравенства, формирования новых норм и ценностей, современной культуры, различных субкультур, возвышающихся в процессе глобализации, толкают некоторых детей и подростков к антисоциальному и противоправному поведению. Также, проводится сравнительно-системный анализ, относительно проблем беспризорных детей/подростков, изучаются вопросы социализации, склонность и причины их вступления в преступные группировки, жестокое, грубое отношение и преступления против этих детей и т.д.

Ключевые слова: детская/подростковая преступность, общество, семья, образование, СМИ, беспризорные дети, социальное и естественное неравенство, социальное сиротство

 

---------------