Ramil HƏSƏNOV

Azərbaycan Texnologiya Universitetinin doktorantı

E-mail: r.hasanov@uteca.edu.az

ORCID: 0000-0003-4267-7039

UOT: 338.2, 338.3, 332.1.

 

Xülasə. Alüminium istehsalının formalaşması dünyadakı böyük inqilabi yeniliklərdən idi. XIX əsr Avropa saraylarında qızıldan daha dəyərli əmtəə kimi xüsusi qonaqlara təqdim edilən alüminium bir anda hər kəsin əldə edə biləcəyi metala çevrildi. Səbəb isə onun kütləvi istehsalının kəşf edilməsi idi.

Alüminium sənayesinin qlobal əhəmiyyəti ilə yanaşı Azərbaycan üçün də xüsusi önəmi vardır. Dünyada hər ölkə təməldən alüminium istehsal edəcək sənaye potensialına malik olmur. Bunun üçün böyük miqdarda enerji təminatı və gərəkli resurslar lazımdır.

Alüminium sənayesi Azərbaycan iqtisadiyyatı üçün mühüm strateji əhəmiyyətə malikdir. Məqalədə dünya ilə yanaşı Azərbaycanda alüminium sənayesinin formalaşması və inkişafının mühüm mərhələləri qeyd edilmişdir. Tədqiqat işinin məqsədi qeyri-neft sektorunda əsas paya sahib bu sənaye sahəsinə elmi-informatik baxış həyata keçirməkdir. Alüminium sənayesi üzrə Azərbaycanda aparılan tədqiqatların hədəfi mövcud strateji sahəyə diqqət formalaşdırmaqla yanaşı sosial tədqiqatlar sferasına da töhfə verməkdir. Məqalədə alüminium sənayesinin dünya və Azərbaycan üzrə təşəkkül tarixi, texnoloji proses və modern iqtisadi layihələr olmaqla bir sıra önəmli məsələlər ətraflı araşdırılmışdır.

Açar sözlər: alüminium sənayesi, istehsal, iqtisadiyyat, iqtisadi tarix, Azərbaycan sənayesi, yaşıl enerji

 

Giriş

 

Sivilizasiya tarixində bəşəriyyət bir çox önəmli mərhələlər keçmişdir. Əcdadlarımız olan ilk ağıllı insanların (homo sapienslərin) daş alətlərlə tanışlığı və onlardan geniş istifadəsi təkamülün ilkin mərhələlərini formalaşdırmışdır. Min illər keçdikcə insanlar təkmilləşmiş və daş alətləri metal ləvazimatlar əvəz etmişdir. Beləliklə, əmək alətlərindən geniş istifadəyə görə ibtidai icma quruluşu 3 böyük mərhələyə bölünmüşdür: Daş, Tunc və Dəmir dövrləri.

Sərt və möhkəm metal olan dəmirin kəşfi ilə insanların iqtisadi fəaliyyətləri genişlənmiş, təminat-təchizat sistemində yeniliklər artmışdır. Dəmirin əvəzedilməz metal kimi hegemonluğu müasir dövrümüzədək davam edir. Ona yeganə rəqabəti yeni dövrümüzün unikal metalı olan alüminium formalaşdırmışdır. Sənayedə istifadə olunmağa başlandığı gündən etibarən alüminium dəmirin əhatə çevrəsini daraltmaqdadır. Bunun da başlıca səbəbləri içərisində alüminiumun həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəli olmasındadır.

 

  1. Dünyada alüminium istehsalının formalaşması

1.1. Alüminiumun kimyəvi xassələri

Alüminiumun kimyəvi xüsusiyyətlərinin öyrənilməsi onun sənayedə istifadə olunmasının ilkin dövrlərinə yol açmışdır. Alüminium Mendeleyevin dövri sistemində 13-cü element olan metaldır. Atom nömrəsi 13, beynəlxalq simvolu Al-dır. Alüminium atomunun nüvəsi 13 proton və 14 neytrondan ibarətdir. Nüvə ətrafında dövr edən elektronların sayı isə 13-dür. Atomik kütləsi 26.9815384 q/mol, sıxlığı 2,702 q/sm3-dır. Alüminiumun ərimə temperaturu 660 °C, qaynama temperaturu isə 2,467 °C təşkil edir [11]. Alüminium gümüşü-ağ rəngdə, yüngül və yumşaq metaldır. Korroziyaya qarşı müqaviməti ilə tanınır. Həm alüminiumun spesifik rənginin, həm də müqavimət gücünün əsası səthində yaranmış oksid təbəqədir. Alüminium adi şəraitdə birləşmələrində üçvalentlidir, lakin yüksək temperaturda birvalentli halda da ola bilir. Alüminium oksigenlə çox tez birləşərək alüminium oksid əmələ gətirir. Oksidləşdikdə səthində nazik və möhkəm oksid pərdəsi yaranır və onu sonrakı oksidləşmədən qoruyur. Alüminium Yer kürəsində ən çox yayılmış metaldır və planetimizin nüvə kütləsinin 8%-dən çoxu alüminiumdan ibarətdir. Eyni zamanda, oksigen və silikondan sonra Yer kürəsində ən çox yayılmış 3-cü elementdir. Bütün bu cəhətlərə baxmayaraq kimyəvi xassələrinə uyğun olaraq alüminium asanlıqla digər elementlərlə birləşir. Məsələn, alüminium təbiətdə qaya parçalarının, daşların, torpağın, hətta canlıların belə tərkibinə kimyəvi olaraq birləşmişdir. Məhz bu səbəbdəndir ki, alüminiumla insanlıq yeni tarixdə tanış olub, onun sənaye istehsalına yaxın dövrlərdə başlanılıb.

 

1.2. Sənaye üsulu ilə alüminiumun alınması

Alüminium fransız dilində “alumine” sözündən formalaşıb və latınca “alum” sözündən gəlmədir. “Alum” qədim dövrlərdən istifadə olunmuş alüminium tərkibli mineraldır. Termin kimi ilk dəfə Heredot tərəfindən istifadə edilib. Latın dilində “alumen” adlı maddə hələ eramızdan əvvəl parça boyamaq üçün istifadə edilirdi. Metal kimi alüminium ilk dəfə XIX əsrdə əldə edilib. 1808-ci ildə ingilis fiziki və kimyaçısı Hemfri Devi elektroliz üsulu ilə bor, kalium, natrium, barium, kalsium və maqnezium kimi elementlərin alınmasını aşkar etdi. Devi həmin təcrübələrdə dünya elmi və sənayesi üçün inqilabi yenilik olacaq yeni bir element üçün yol açdı. Təcrübələrdə müəyyən edildi ki, elektroliz üsulu ilə alüminium oksiddən (gil-torpaq) alüminium əldə etmək olar. 1821-ci ildə gələcəkdə alüminium üçün əsas xammal olacaq boksit kimyəvi maddəsi Fransada kəşf edildi [8]. Qırmızı rəngdə olan boksiti Pyer Bertye adlı fransız geoloq ixtira etdi. Boksit adı isə onun tapıldığı yer olan Fransanın cənubundakı Les Bauks adlı ərazidən götürülüb. Boksit filizi alüminium istehsalının və təchizat zəncirinin ilkin mərhələsində əsas mineral-xammaldır.

Rəsmi olaraq alüminium ilk dəfə 1824-cü ildə danimarkalı fizik və kimyaçı Hans Ersted tərəfindən əldə edilmişdir. O, hidratsız alüminium xloridini kalium amalqama ilə reaksiyaya verərək fərqli bir maddə aldığını elan etmişdi. 1827-ci ildə alman kimyaçısı Fridrix Völer Erstedin təcrübələrindən yola çıxaraq alüminiumun tozunu kəşf etdi.

İlk dəfə əldə olunan alüminium tozu 30 qram çəkidə idi. Bundan sonra 1845-ci ildə Völer artıq kiçik parça alüminium metalları əldə edə bildi. Bu səbəbdən tarixdə alüminium metalının ixtiraçısı kimi dah çox Fridrix Völer qəbul edilsə də, onun kəşf etdiyi üsullarla alüminium çox çətin və az miqdarda əldə olunurdu. Hətta qızıldan daha baha başa gəlirdi.

Sənaye üsulu ilə alüminium ilk dəfə 1856-cı ildə fransız kimyaçı Anri Etyen Sent-Kler Devilin rəhbərlik etdiyi qrup tərəfindən əldə edilir. Devil aşkar edir ki, alüminium trixloridi natriumla azaltmaq olar. Devil 1858-ci ildə həyata keçirdiyi təcrübələri və əldə etdiyi elmi məlumatları toplayaraq ilk dəfə tarixdə “Alüminium” adında kitab yazır. 1855-1890-cı illər aralığında 200 ton alüminium metalı istehsal edilir. Bu üsul Völerin istifadə etdiyi kalium metodundan daha rahat və ucuz olsa da, alüminiumu istənilən keyfiyyətdə istehsal etmək mümkün deyildi. 1867-ci ildə Parisdə ilk dəfə alüminium qatqılarından ibarət alüminium-bürünc birləşməli metal sərgisi təşkil edildi. 1884-cü ildə ABŞ-da cəmi 60 kq alüminium əldə edilmişdi və onun da bazar qiyməti təxminən gümüş dəyərində idi. Alüminiumun sənayedə geniş istehsalı ilk dəfə 1886-cı ildə fransız mühəndiz Pol Eru və amerikan mühəndis Çarlz Martin Hol tərəfindən həyata keçirildi. İnqilabi yenilik olan Hol-Eru texnoloji prosesi ilə alüminium oksid (alumina) metala çevrildi. Həmin dövrlərdən bu günədək alüminium istehsalında elektroliz üsulundan istifadə etməklə bu texnologiya tətbiq olunur. Bu üsul böyük həcmdə maye alüminium istehsal edilməsi ilə yanaşı, qiymətin də dəfələrlə aşağı düşməsinə səbəb oldu. 1888-ci ildə ABŞ-ın Kensinqton ərazisində elektroliz üsulu ilə ilk alüminium ərintisi emalı zavodu yaradıldı. İlk günlər istehsal gündəlik 22 kq təşkil edirdi. 2 il sonra gündəlik istehsal həcmi 240 kq-a çatdı [9].

Növbəti böyük inqilabi kəşf isə 1889-cu ildə avstriyalı kimyaçı Karl Yozef Bayer tərəfindən həyata keçirildi [12]. “Bayer prosesi” adlanan üsulla boksitdən alüminium oksid əldə edildi. Bu gün dünyadakı alüminium oksidin böyük əksəriyyəti məhz bu texnologiya ilə əldə edilir.

 

1.3. Yaşıl enerji layihələrinin hazırlanması ilə kütləvi alüminium istehsalına keçid

 

Elektroliz üsulu ilə alüminium istehsalının kəşfi ilə yüksək enerji tələbatının ödənilməsi üzrə axtarışlar başlandı. Ən rasional metod kimi yaşıl enerji vasitəsi olan su elektrik stansiyaları (SES) əsas götürüldü. XIX əsrin sonlarından etibarən ABŞ-da SES-lərin tikintisinə başlanıldı [14]. Bu istiqamət alüminium zavodlarının tikintisi üçün də diqqətdə saxlanıldı. Eyni proses Avropada da davam etdirildi.

Robert Viktor Neher ilk dəfə davamlı yayma prosesi ilə alüminium istehsalı texnologiyasını ixtira etdi [13]. Həmin texnologiya üzrə 1910-cu ildə dünyada ilk dəfə nazik rulonlara qədər yayma zavodu İsveçrədə tikildi. 1909-cu ildə alman metallurq Alfred Vilm ilk dəfə alüminium ərintilərini kəşf etdi. Yeni ixtiralarla müəyyən edildi ki, alüminiuma digər metallar əlavə edildikdə o, daha da güclənir. Beləliklə, ilk dəfə duralumin, alüminium-mis, alüminium-manqan, alüminium-maqnezium ərintiləri alındı. 1920-ci ildə Rusiyada ölkənin elektrikləşdirilməsi üzrə dövlət komissiyasının (QOELRO) proqramı çərçivəsində kütləvi alüminium istehsalı zavodlarının yaradılması üçün yeni SES layihələri önə sürüldü və bütün SSRİ-də yaşıl enerji mənbələrinin tikintisinə başlanıldı [10]. 1932-ci ildə SSRİ-də elekroliz üsullu ilk alüminium zavodu tikildi. Dünyada alüminium istehsalının həcmi və onun paralelində SES-lərin tikintisi çoxaldı.

1972-ci ildə Beynəlxalq Alüminium İnstitutu (International Aluminium Institute) yaradıldı. Dünya üzrə alüminium istehsalının, boksitdən gil-torpağa bütün növ alüminium istehsalçılarının vahid institutu formalaşdırıldı. Məqsəd qlobal alüminium sənayesi və onun inkişaf perspektivləri üçün birgə elmi və texnoloji tədqiqatları təşkil etmək idi. Eyni zamanda institutun son dövrlərdəki əsas fəaliyyəti və strategiyası qlobal tendensiyaya uyğun olaraq alüminium sənayesi üzrə yaşıl prinsiplərin həyata keçirilməsi, yaşıl enerji və təchizat sistemlərinin qurulması istiqamətindədir.

 

  1. Azərbaycanda alüminium sənayesinin yaranması və inkişafı

 2.1. Yerli eko-iqtisadi və texnoloji baza ehtiyatının formalaşdırılması

 

Alüminium istehsalının əsasını elektrik enerjisi təmin etdiyindən istənilən irihəcmli sənaye müəssisəsi üçün əvvəlcədən bu təminat qarşılanmalıdır. İlk analitik təhlillərdən sonra bütün dünya üzrə dərk edilmişdi ki, alternativ enerji resursları olmadan alüminium sənayesi komplekslərini inşa etmək həm çox baha, həm də ekoloji zərərli olacaqdır. Sırf yüksək enerji istehlakı baxımından alüminium sənayesinin təməlində yaşıl enerji dayanmalıdır. Yaşıl iqtisadiyyatın təməl meyarı kimi bu amil həm ekoloji, həm də iqtisadi olaraq mənfəətli hesab olunur. Bu baxımdan rahatlıqla söyləmək mümkündür ki, Azərbaycanda alüminium istehsalının bünövrəsi sırf yaşıl enerji təminatı üzərində qurulmuşdur.

Alüminium metalının strateji önəmi dərk edildikcə pillə-pillə onun istehsalı dünyada genişlənir və böyük dövlətlərin əsas iqtisadi inkişaf proqramlarına daxil edilir. Qlobal müstəvidə alüminiuma artan maraq Azərbaycandan da yan keçmir və bu sənayenin yaradılması üçün ilkin elmi-praktiki tədqiqatlar həyata keçirilir. Azərbaycanda ilk alüminium istehsalına SSRİ dövründə başlanılmışdır. Qlobal siyasi güc olmağı hədəfləyən SSRİ bunun möhkəm iqtisadiyyatsız olmayacağını anlamışdı. Avropa və ABŞ-da ilk addımlarını atmış alüminium sənayesi həmin coğrafiyalarda artıq yüksəlməkdə idi və qlobal rəqabətdə Sovet İttifaqı bu sahəni arxa plana ata bilməzdi. Bu prinsiplər əsas götürülməklə İttifaqın mümkün ərazilərində geoloji baxışlar və zəruri ön tədbirlər həyata keçirildi. Azərbaycan da bu prosesin tərkibində yer aldı.

ABŞ-da olduğu kimi SSRİ-də də ilk başlıca istiqamət su elektrik stansiyalarının tikintisi oldu. 1920-ci illərdə başlanan və bütün keçmiş SSRİ-ni əhatə edən layihələrin icrasında əsas məqsəd bir sıra spesifik sahələr üzrə İttifaqın ümumi elektrikləşdirilməsi idi. Bu minvalla mümkün enerji təminatı hesabına mövcud resurslara uyğun sənaye komplekslərinin tikilməsi hədəflənirdi. Mövcud gedişat daxilində Azərbaycan ərazisində Kür çayı üzərində su elektrik stansiyalarının yaradılması planlaşdırıldı. Bunlardan ən böyük və strateji alternativ enerji layihələrindən olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) tikintisinə başlanıldı. Sadəcə alüminium sənayesi üçün deyil, ümumən ölkənin enerji təminatında bu SES önəmli rol oynayacaqdı.

Alüminium istehsalı üçün gərəkli olan ən mühüm cəhətlərdən biri də mümkün qədər uyğun və sərfəli ilkin xammalı tapmaqdır. Dünyanın əksər ölkələrində tətbiq edilən texnoloji metodlardan fərqli olaraq Azərbaycan təcrübəsində daxili xammal resursu olaraq boksit yox alünit müəyyən edilmişdi. Geoloji tədqiqatlar nəticəsində Gəncə yaxınlığında yerləşən Daşkəsən rayonunda alunit yataqları aşkarlandı və yerli resurs əsasında xüsusi texnologiyaya malik alüminium zavodunun layihəsi hazırlandı.

1930-1931-ci illər arasında Gəncə şəhərində illik 500 ton istehsal gücünə malik olan təcrübi alüminium oksid (gil-torpaq) zavodunun layihəsinin hazırlanması prosesi həyata keçirildi [1].

1931-ci ilin sonunda layihə Alüminium Birliyi tərəfindən təsdiq edildi və 1932-ci ildən Gəncə (keçmiş Kirovabad) şəhərində təcrübi alüminium oksid zavodu tikilib istismara verildi. Baza olaraq burada zəylik alünit yatağının işlənilməsi texnologiyası yarımsənaye miqyasında hazırlanmışdır.

 

2.2. Gəncə alüminium zavodu (Gil-torpaq kombinatı)

 

1955-ci ildə keçmiş SSRİ-nin 50 illiyi şərəfinə Gəncə alüminium zavodunun (ovaxtkı KirAZ – Kirovabad alüminium zavodu) tikintisinə başlanıldı. Ölkənin ən böyük zavodlarından biri olacaq bu müəssisənin tikintisi 11 ilə tamamlandı. Beləliklə,1966-cı ildə Gəncə alüminium zavodu (GAZ) istifadəyə verildi [3]. Gəncə şəhəri bölgənin əsas alüminium oksid (gil-torpaq) istehsal edən sənaye mərkəzinə çevrildi. Bununla da alüminium sənayesinin təməl qatında zəruri olan 2 əsas komponentin bünövrəsi atılmış oldu və son nəticə etibarilə isə Azərbaycanda ilk ən böyük alüminium zavodu tikildi. GAZ keçmiş SSRİ mərkəzi sənaye planlaması üzrə şəbəkə sisteminə qoşuldu. Yəni SSRİ-dəki mövcud planlama prinsipinə əsasən sənaye kompleksləri İttifaq boyu bir-birini xammal və zəruri istehsalla təmin etməli idi. Bu baxımdan GAZ-da istehsal edilən alüminium oksid xammalı Azərbaycandan xaricə və ölkə daxilində isə Sumqayıt alüminium zavoduna göndərildi. Gəncədən Sumqayıta göndərilən alüminium oksiddən elektroliz üsulu ilə maye alüminium alındı. Yəni klassik GAZ alüminiumun özünü deyil, onun əsas xammalını sıfırdan emal edən kimyəvi zavod idi. Yaradılan təməl sənaye zənciri ilə Azərbaycanda ilk dəfə alüminium istehsalı şəbəkəsi formalaşdı. Bununla yanaşı, təchizat zənciri sistemi də təşəkkül tapdı.

GAZ kimyəvi istehsal proseslərinə əsaslanan texnoloji layihə əsasında tikilmişdi. Gil-torpaq kombinatı kimi qeyd edilən bu zavod alunitdən 3 fərqli maddə istehsalına malik oldu:

  1. Alüminium oksid
  2. Sulfat turşusu
  3. Kalium gübrəsi.

Alüminium istehsalı üçün gərəkli olan alüminium oksiddən başqa əldə edilən digər kimyəvi istehsallar da ölkə daxilində və onun xaricindəki tələbat üzrə müxtəlif sahələrə göndərildi.

1966-1997-ci illər arasında GAZ-da Daşkəsən zəylik yataqlarından əldə olunan alunitdən alüminium oksidin istehsalı həyata keçirilirdi. Göstərilən müddət ərzində 18,4 mln. ton alunit filizinin emalı nəticəsində 2,1 milyon ton alüminium oksid, 4.5 milyon ton sulfat turşusu və 0,8 milyon ton gübrə istehsal edilmişdir [2]. Alunitdən alınan alüminium oksid istehsalının müsbət cəhəti sıfırdan yerli resurslar hesabına istehsalın baş verməsi idi. Ancaq bir önəmli nüans da alunitdən alüminium oksidinin alınma faizinin təxminən 10-15% arasında olmasıdır. Klassik texnologiyada bu üsulun həm rentabellik potensialı aşağı, həm də ekoloji olaraq problemləri mövcud idi. Dünyada ən çox alüminium xammalı kimi istifadə olunan boksitlə müqayisədə alunitdən alınan alüminium oksid 3-4 dəfə azlıq təşkil edirdi. Bu səbəbdən GAZ-da istehsalın yeni fazası olan boksitlə emal sektoru istifadəyə verildi.

GAZ Bayer prosesinə uyğun olaraq boksitlə emal texnologiyasını istehsal strategiyasına daxil etdi. Müxtəlif dövrlərdə GAZ-da aylıq 30.000 ton aluminium oksid istehsal edilmişdir. Zavodun rekord göstəricisi aylıq 40.000 ton təşkil etmişdir. GAZ praktiki təcrübəsinə əsasən yerli texnologiyamızda ən faydalı boksit növü Afrikanın Syerra-Leone bölgəsindən çıxarılandır. Bu boksitdən sonda 40% xalis alüminium oksid almağı Azərbaycan istehsalçıları bacarmışdır. Digər bir çox boksit növlərində ya fiziki-kimyəvi emal şərtləri qəliz, ya da son alıcılıq faizi aşağı olmuşdur.

GAZ-ın yaranması həm Azərbaycan, həm də onun ən böyük ikinci şəhəri olan Gəncə üçün önəmli hadisə idi. Bu sənaye müəssisəsinin meydana gəlməsindən sonra Gəncədə alüminiumun kimyəvi xammal istehsalının məktəbi formalaşdı. Minlərlə insan bu istehsal prosesində iştirak etdi, zehni və fiziki əmək sərf etdilər. Müəssisə çoxlu sayda insan resursları formalaşdırdı. GAZ-ın layihəsi olaraq böyük bir Alüminiumçular qəsəbəsi salındı. Sənaye ilə elm arasında əlaqəni möhkəmləndirmək üçün bir sıra zəruri addımlar atıldı. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialı fəaliyyətə başladı. Daha sonralar isə keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq olaraq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarları ilə məhz həmin Alüminiumçular qəsəbəsinin ərazisində Azərbaycan Texnologiya İnstitutu (UTECA) yaradıldı [5]. Əsas məqsəd yaradılan sənaye müəssisələri və ümumilkdə Azərbaycan iqtisadiyyatı üçün kadrlar yetişdirmək idi. UTECA yarandığı vaxtdan bu günədək alüminium istehsal müəssisələri ilə əməkdaşlığını davam etdirməkdədir. Gəncə alüminium kompleksinin təsisatlarında, mövcud yeni texnologiyaların yaradılması istiqamətində yeni layihələr və modernləşmə üzrə tədqiqat işləri aparılır.

 

2.3. Sumqayıt alüminium zavodu

Azərbaycanda saf alüminium metalı istehsal edən ilk zavod Sumqayıt alüminium zavodu (SAZ) olmuşdur. Əsas tikintisinə 1949-cu ildən, elektroliz sexinin tikintisinə isə 1952-ci ildən başlanılan SAZ-da 1955-ci ilin martın 8-də ilk alüminium külçə istehsalı həyata keçirilmişdir. 1960-cı illərdə növbəti korpuslar yaradıldı. 1964-cü ildə elektroliz sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün buxarlandırıcı istehsal edən sex, 1974-cü ildə alüminium və latundan qab-qacaq istehsal edən sex tikilmişdir [4]. SAZ-da külçə formasında müxtəlif markalı ilkin alüminium, məftillər, silindrik formada geniş çeşiddə alüminium ərintiləri, məişətdə istifadə edilən istehlak malları istehsal edilmişdir. SAZ-ın istehsal texnologiyası GAZ-dan gətirilən alüminium oksid xammalı hesabına qurulur. Azərbaycanda sıfırdan alüminium istehsalı bu iki müəssisənin fəaliyyəti nəticəsində baş vermişdir. Gəncə və Sumqayıt alüminium zavodları Azərbaycanda alüminium sənayesinin əsasını, onun əsas bazasını, iqtisadiyyatını, elmi platformasını, nəzəri-praktik əsaslarını, insan resurslarının yaranması prosesinin nüvəsini təşkil etmişdir.

2.4. Azərbaycanda müasir alüminium sənayesinin qurulması

 

İlkin özəyi Gəncədə yaradılmış alüminium sənaye zəncirinin inkişaf etdirilməsi Azərbaycan dövlətinin daima marağında olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Gəncədə yeni alüminium kompleksinin təməli qoyuldu. Sürətlə davam edən quruculuq işlərindən sonra ümumilikdə 74 hektar əraziyə malik kompleksin ilkin mərhələsi olaraq ildə 50 min ton alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırıldı [7]. Geniş istehsal şəbəkəsinə malik kompleksdə alüminium külçə və rulonların qlobal bazarlara satışı həyata keçirilir. 2014-cü ildə kompleksdə Təzyiqlə emal və boyama zavodunun yaradılması ilə alüminiumun yarımfabrikat məhsullarının istehsalına başlanıldı.

Azəralüminium şirkəti istehsal etdiyi məhsullarının 98%-ni xaricə ixrac edir. Gəncə Alüminium Kompleksində istehsal edilən yerli brend məhsulların əsas alıcıları ABŞ, Türkiyə, Rusiya və Avropa ölkələridir. Son zamanlar ən böyük ixracın ABŞ bazarlarına yönləndirilməsi Azərbaycanın önəmli iqtisadi uğurlarındandır.

Azərbaycanda alüminium sənayesinin inkişaf etdirilməsi dövlətin əsas strategiyalarından biridir. Qeyri-neft sektoru üzrə əsas paya sahib alüminium sənayesinin istehsal potensialının artırılması ilə bağlı işlər davam etdirilir. İlk fazanın tikintisi dünya alüminium istehsalında ən böyük çəkiyə malik Çin şirkətləri ilə yerli insan resurslarımızın birgə fəaliyyəti nəticəsində ərsəyə gətirilmişdir. Sənayenin ikinci fazasına keçid texnologiya nəhəngi olan Almaniya ilə birlikdə hədəflənir. 2022-ci ildə Azərbaycan Sənaye Korporasiyası, Azəralüminium və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında imzalanmış yeni müqaviləyə əsasən, illik potensialı 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir [6]. Yeni layihənin həyata keçirilməsi ilə Azərbaycan alüminium sənayesi daha da genişlənəcək, regionda iqtisadi münasibətlər və əmək bazarı canlanacaq. İstehsalın artması ilə “Azəralüminium” şirkəti üzrə işçi sayının 2 mini keçməsi gözlənilir.

 

Nəticə

Məqalədə alüminium sənayesinin dünya və Azərbaycan timsalında iqtisadi-texnoloji tarixinin geniş icmalı tədqiq edilmişdir. Alüminiumun bir metal kimi ilk istehsalının əsas mərhələləri və qlobal səviyyədə alüminium sənayesinin inkişaf prosesləri ətraflı şəkildə təsvir edilmişdir. Eyni zamanda alüminium sənayesinin fundamental təşəkkülü üzrə müasir dünya elminin əsas çağırışlarına uyğun olaraq yaşıl enerji sistemlərinin qurulmasının əhəmiyyəti vurğulanmışdır.

Tədqiqat işində Azərbaycan alüminium sənayesinin əsas prinsipləri araşdırılmış və ölkənin iqtisadiyyatı üçün strateji önəmi vurğulanmışdır. Problemin xüsusi əhəmiyyəti iqtisadi-sosial prinsiplər üzrə gündəmə gətirilməsinin zəruriliyidir. Məqalədə gəlinən əsas qənaət və təklif bu yöndədir ki, Azərbaycan alüminium sənayesi üçün regional episentr rolunu oynayır və bu sahənin inkişaf etdirilməsi ölkənin qeyri-neft sektoruna ciddi təsir göstərəcəkdir. Məqalənin digər əsas məqsədi dayanıqlı gələcək üçün geniş vektorlara malik bu strateji sənayenin tədqiq edilməsinin elmi mühitlə yanaşı ictimai sferaya faydalı qatqı bəxş etməsinə çalışmaqdır.

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. Azeraluminium (2023a). Gəncə Gil Torpaq İstehsalat Sahəsi. https://azeraluminium.com/az/f%C9%99aliyy%C9%99timiz/istehsalat/g%C9%99nc%C9%99-gil-torpaq-istehsalat-sah%C9%99si/
  2. Azeraluminium (2023b). Gəncə Gil Torpaq İstehsalat Sahəsi. https://azeraluminium.com/az/gil-torpaq-zavodunun-modernizasiyasi-v%C9%99-yenid%C9%99n-qurulmasi/
  3. Azərbaycan Sovet Ensiklopediyası (1976). Kirovabad Alüminium Zavodu. 5-ci hissə, səh 400-401.
  4. Azərbaycan Sovet Ensiklopediyası (1976). Sumqayıt Alüminium Zavodu. 9-cu hissə, səh 76-77.
  5. Azərbaycan Texnologiya Universiteti (2023). Universitetin tarixi. https://uteca.edu.az/module_4.php?id=1
  6. Economy.az (2022). Alüminium məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair müqavilə imzalanıb. https://economy.gov.az/az/post/731/aluminium-mehsullari-istehsali-muessisesinin-yaradilmasina-dair-muqavile-imzalanib
  7. President.az (2012). İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir. https://president.az/az/articles/view/4118

İngilis diində:

  1. Aluminium Leader (2015a). The History of Aluminium, Bauxite Discovery. https://www.aluminiumleader.com/history/timeline/#1821
  2. Aluminium Leader (2015b). The History of Aluminium. Hall`s smelter. https://www.aluminiumleader.com/history/timeline/#1888
  3. Aluminium Leader (2015c). The History of Aluminium. GOELRO. https://www.aluminiumleader.com/history/timeline/#1920
  4. Britannica (2022). Aluminium, Chemical Element. https://www.britannica.com/science/neon- chemical-element
  5. Dana Askenazi (2019). How aluminum changed the world: A metallurgical revolution through technological and cultural perspectives. Technological Forecasting and Social Change, Volume 143, Pages 101-113. https://doi.org/10.1016/j.techfore.2019.03.011
  6. Hernandez, F.C.R. et al. (2017). Applications in the Automotive and Aerospace Industries. Al-Si Alloys pp 163–171. https://doi.org/10.1007/978-3-319-58380-8_7
  7. Sanya Carley (2011). Historical analysis of U.S. electricity markets: Reassessing carbon lock-in. Energy Policy. Energy Policy, Volume 39, Issue 2, Pages 720-732. https://doi.org/10.1016/j.enpol.2010.10.045

 

 

Ramil Hasanaov

THE FORMATION OF THE ALUMINUM INDUSTRY: ON THE EXAMPLE OF THE WORLD AND AZERBAIJAN

 Abstract

 One of the world’s great revolutionary innovations was the establishment of aluminum production. Aluminum, a commodity more valuable than gold in 19th-century European palaces, suddenly became a metal available to everyone. The reason was the discovery of mass production.

Along with its global significance, the aluminum industry is of particular importance to Azerbaijan. Not every country on the planet has the industrial capacity to manufacture aluminum from scratch. This necessitates a large amount of energy and other resources.

The aluminum industry is strategically important to Azerbaijan’s economy. The article discusses the key stages in the formation and development of the aluminum industry in Azerbaijan and around the world. The study’s goal is to conduct a scientific-informatics review of this industry, which has the largest share of the non-oil sector. Such research on the aluminum industry conducted in Azerbaijan will have a positive impact on the field of social research while also focusing on the existing strategic field.

 Keywords: aluminum industry, production, economy, economic history, Azerbaijan industry, green energy

 

 

Рамиль Гасанов

СТАНОВЛЕНИЕ АЛЮМИНИЕВОЙ ПРОМЫШЛЕННОСТИ: НА ПРИМЕРЕ МИРА И АЗЕРБАЙДЖАНА

 Резюме

 Одним из величайших мировых революционных нововведений стало создание алюминиевого производства. Алюминий, более ценный, чем золото в европейских дворцах XIX века, внезапно стал металлом, доступным каждому. Причиной стало открытие массового производства.

Наряду с мировым значением, алюминиевая промышленность имеет особое значение для Азербайджана. Не каждая страна на планете имеет промышленные мощности для производства алюминия с нуля. Это требует большого количества энергии и других ресурсов.

Алюминиевая промышленность имеет стратегическое значение для экономики Азербайджана. В статье рассматриваются ключевые этапы становления и развития алюминиевой промышленности Азербайджана и мира. Целью исследования является проведение научно-информационного обзора этой отрасли, на долю которой приходится наибольшая доля ненефтяного сектора. Такое исследование алюминиевой промышленности, проводимое в Азербайджане, окажет положительное влияние на область социальных исследований, а также сосредоточит внимание на существующей стратегической области.

 Ключевые слова: алюминиевая промышленность, производство, экономика, экономическая история, промышленность Азербайджана, зеленая энергетика

---------------